Press "Enter" to skip to content

1 Azərbaycan xanlıqlarının yaranması. Şəki xanlığı

Quba xanlığının banisi Hüseynəli xan (1726-1758) hələ 1726-cı ildə rus hakimiyyət orqanları tərəfindən bu vəzifəyə təqdim olunmuş, rus çarı onu Quba xanı təyin etmişdi. Onun dövründə Salyan və Rudbar Quba xanlığına tabe edildi. Quba xanlığının yüksəlişi Fətəli xanın hakimiyyətə gəlməsi ilə bağlıdır. Fətəli xan 1757-ci ildə Salyan, 1759-cu ildə Dərbənd, 1766-cı ildə Bakı, 1768-ci ildə Şamaxı və Cavad xanlıqlarını Quba xanlığına birləşdirməyə nail oldu. XVIII əsrin 60-cı illərində Quba xanlığı iqtisadi, hərbi-siyasi baxımdan Azərbaycanın bir çox xanlıqlarından üstün idi və ölkənin siyasi həyatında mühüm rol oynayırdı.

Azərbaycanın dünyadakı ilkləri

Dünyada baş verən ”İlklər” daim insanların maraq dairəsində olmuşdur… “İlk dəfə telefon nə vaxt və hansı ölkədə ixtira olunub?”, “İlk dəfə maşın nə vaxt və hansı ölkədə ixtira olunub?”. İlk yazı, əsər, mahnı, kino, teatr, muzey, şair, aktyor, elmi kəşf, imtahan sistemi, hətta ilk insanın nə vaxt, harda yaranması və kim olması daim beyinlərdə müəyyən suallar və maraqlar yaratmışdır. Bu və bu kimi digər “İlklər” tarixin müəyyən dövründə, fərqli ölkə və insanlar tərəfindən meydana gəlmişdir. Dünyanın müxtəlif ölkəsində bizi maraqlandıran “İlklərin” kəşfini tapa bilərik. Məsələn, telefonun nə vaxt kəşf olunması ilə əlaqədar bir çox mübahisələr mövcuddur.

1876-cı il fevralın 14-də ABŞ-ın Boston Universitetinin professoru Aleksandr Qraham Bell ilk telefon aparatının ixtirasını patentləşdirdi və 1877-ci ildə özünün “Bell Telephone Company” adlı şirkətini qurdu. Bu tarixdən etibarən telefon insanlar arasında sürətlə yayılmağa başladı. Bir il sonra – 1878-ci ildə Amerikada, 1881-ci ildə isə Almaniyada ilk telefon qovşağı quruldu. Daha sonra mobil telefonlar ixtira olundu və bu günki günümüzü onlarsız təsəvvür etmək mümkün deyil.

Avtomobilin tarixi 19-cu əsrdə enerji mənbəsi olaraq buxarın istifadə edilməsi ilə başlayır və daxili yanma mühərriklərində neftin istifadə edilməsi ilə davam edir. Avtomobil tək bir şəxs tərəfindən ixtira edilməmişdir, təqribən yüzillik boyunca dünyanın hər tərəfində ortaya çıxan ixtiraların bir yerə toplanması ilə ortaya çıxmışdır

1592-ci ildə ilk dəfə cisimləri 30 dəfəyə qədər böyüdə bilən teleskop yaradılıb

Dünya təhsil sisteminə imtahanları ilk dəfə 1792-ci ildə William Farish gətirib.

Dünyada ilk kibrit 1826-cı il ingilis kimyaçı və əczaçı Con Uoker tərəfindən hazırlanıb.

Dünyada ilk avtobus 1829-cu ildə istehsal olunub.

Göstərdiyim nümunələrdən əlavə daha çoxunu misal göstərmək olar. Dünayaya öz “İlkləri” ilə töhfə verən ölkələrdən biri də Vətənimiz – Azərbaycandır. Ən qədim məskənlərdən biri olan ölkəmiz bir sıra dəyərlərinə görə, Avropa, Qərb ölkələrinə nümunədir. Ölkəmiz də siyasi, iqtisadi, elm və təhsil, incəsənət və mədəniyyət olmaqla müxtəlif sahələrdə dünyada və Şərqdə “İlklərə” imza atmışdır. İndi isə İlklərimiz ilə tanış olaq.

Şərqdə ilk diplomat qadın Qaraqoyunlar dövlətinin banisi Uzun Həsənin anası Sara Xatundur. O, Osmanlı sultan və Qərb diplomatları ilə çoxsaylı görüşlər keçirərək, ölkəsinin maraqlarını müdafiə edib.

Şərqdə ilk Demokratik Respublika Azərbaycan Xalq Cümhuriyyətidir. Müstəqil Azərbaycan Respublikasının sələfi 1918-1920-ci illərdə olub. Fəaliyyət göstərdiyi 23 ay ərzində bir sıra dünya miqyaslı ilklərə imza atıb. Azərbaycan Demokratik Cümhuriyyətimizin yaradılmasında və ona rəhbərlik edilməsində Məmməd Əmin Rəsulzadənin, Fətəli Xan Xoyskinin, Nəsib bəy Yusifbəylinin, Əlimərdan bəy Topçubaşovun böyük rolu olmuşdur. İtirilmiş dövlətçiliyimizin bərpası olan cümhuriyyətin yaradılması Azərbaycan üçün çox mühüm sayılan ilklərdən biri idi. Belə ki,məhz ilk dəfə cumhuriyyəti bütün dünya ölkələri bir dövlət kimi tanıyaraq onun suverenliyinə, müstəqilliyinə hörmətlə yanaşmışlar. 23 ay yaşasa da bu dövlət Azərbaycanın müstəqil dövlət idarəçiliyinin onurğa sütunun hesab edilən parlament, nazirlər kabineti, hüquq-mühafizə orqanları, səhiyyə, təhsil və ordu quruculuğu ilə bağlı çoxsaylı işlər görmüşlər. Məhz hazırki Azərbaycan dövləti Azərbaycan Xalq Cumhuriyyətinin qoyub getdiyi təməllər üzərində qurulmuş və onun hüquqi varisidir.

İlk dəfə olaraq Demokratik quruluşlu ölkələr arasında bayraqda 8 guşəli ulduz məhz Azərbaycan Xalq Cumhuriyyəti dövründə dövlət bayrağında istifadə edilmişdir. Hətta Türkiyə Cumhuriyyətinin hazırda istifadə etdiyi 5 guşəli bayrağın məhz Azərbaycanın bayrağının ilkin formasından ilham alınaraq hazırlandığı ilə bağlı çoxsaylı fikirlər və iddialar da mövcuddur. Çünki, Türkiyə Cumhuriyyəti Azərbaycan Xalq Cumhuriyyətindən 5 il sonra yaranıb.

Şərqdə qadınlara seçki hüququnun verilməsi də Azərbaycanın sahibləndiyi ilklərdən biridir.

O dövr üçün bu hadisə müsəlman aləmində qadınların söz demək azadlığının olduğunu bildirən əsas sübutdur. Hansı həmin vaxt hələ Avropa ölkələrinin bir çoxunda qadınlara seçki hüququ tam verilməmişdi.

Dünyanın ən hündür bayraq dirəyi 2010-cu ilin sentyabrın 1-də Azərbaycanın paytaxtında istifadəyə verilib. 20 min kvadratmetr ərazisi olan meydanda ucaldılan dayağın hündürlüyü 162 metr, bünövrəsinin diameteri 3,2 bünövrənin üst hissəsinin diametri 1,9 metrdir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, kütləsi isə 350 kiloqramdır. Ginnes dünya rekordlar təşkilatı 2009-cu ilin mayın 9-da Azərbaycan Dövlət Bayrağı dirəyinin dünyanın ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.

Zəngin neft ehtiyatları ilə tanınan ölkəmiz bu sahədə də öz sözünü tarixən demişdir.

Dünya tarixində ilk dərin neft quyusu 1844-cü ildə Semyanovun səyi, qazma üsulu ilə Bakı mədənlərində qazılıb. Bu hadisə əllə qazmanın sonu olubş

Dünya neft tarixində ilk dəfə buruq üsulu 1884-cü ildə istifadə olunub. Bu hadisə sonralar dünya neft elmində Bakı üsulu adı ilə məşhurlaşıb.

Dünyada ilk dəfə açıq dənizdə neft platforması Xəzər dənizinin Azərbaycan sektorunda salınan neft daşları platformasıdır. Bünövrəsi 1947-ci ildə qoyulan, Abşeron yarımadasının 42 kilometriliyində, cənub Şərqdə yerləşən bu qəsəbə dənizin dibinə bərkidilən metal dirəklərin üstündəki estakada dəniz səthindən bir neçə metr hündürlükdə tikilib. Neft daşları dünyada “8-ci möcuzə” və ya “Möcuzələr adası” adı ilə məşhurdur.

Azərbaycanın dünyaya bəxş etdiyi ən böyük şəxsiyyətlərdən biri isə qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfizadədir. 1921-ci ildə Bakının Novxanı kəndində anadan olan Lütfizadə daha sonra İrana, ordan isə Amerikaya köçüb və Kaliforniya Berkley Universitetinin ömürlük professoru adını alıb. Lütfizadə hazırda rəqəmsəl texnologiyaların istehsalı və tətbiqində işlədilən qeyri-səlis məntiq nəzəriyyəsinin banisi kimi tarixə düşüb. Ölümünə qədər bir çox elmi təşkilatlar, rəqəmsal texnologiya şirkətləri Lütfizadənin onlarla əməkdaşlıq etməsini özləri üçün fəxr hesab ediblər.

Dünyada ilk dəfə anelgeziyanın kəşf edən alim Mustafa Topçubaşovdur. 1937-ci ildə Dünya Anesteziologiya elm tarixində ilk dəfə olaraq orginal keyitmə üsulunu inyeksion efir yağ narkozunu “Analgezin”i kəşf edib. Bu metod sadəliyinə, hazırlanma və tətbiq texnikasının asablığına görə, geniş tətbiq edilməyə başlanıb.

Yüksək oktanlı benzin və məhvedici kokteylin ixtirası

Akademik Yusif Məmmədəliyev benzolu propilenlə alkilləşdirmək yolu ilə izopropilbenzolun sintezi üsulunu hazırlayıb ki, bu da II Dünya müharibəsi illərində aviasiyamızın yüksək oktanlı yanacaqla təmin edilməsinə kömək edib. Faşist ordularına qarşı Sovet İttifaqının qələbəsində tank əleyhinə qarışığın kəşfinin də çox böyük əhəmiyyəti olub. Onun tərkibi Yusif Məmmədəliyev tərəfindən toluolun – partlayıcı maddələr üçün xammalın – əldə edilməsi əsasında işlənərək hazırlanıb. Lakin o vaxt, müharibə dövründə, lap elə müharibədən sonra da çox az adam bilirdi ki, düşmən üçün həmin məhvedici “kokteylin” müəllifi Yusif Məmmədəliyevdir. Deyilənə görə, Azərbaycan KPMK-nin o vaxtki I katibi Mir Cəfər Bağırov, nümunənin yüksək effektivliyinə şübhə ilə yanaşaraq, mayedən bir qədər buxarıya sıçradıb. Nəticədə hündür alov qalxmış, buxarının odadavamlı kərpici ərimiş, metal borular dağılmışdı. Hətta bu ixtiralarına görə 1957-ci ildə Sovet İttifaqının Kommunist Partiyasının Mərkəzi Komitəsində Yusif Məmmədəliyevin ixtiralarına görə onun Nobel mükafatına layiq görülməsi üçün namizəd seçilməsi də müzakirə olunub. Ancaq ermənilərin müdaxiləsi nəticəsində bu proses yarımçıq qalmışdı.

SSRİ-nin Kosmik proqramlarının qurucusu Kərim Kərimov

Raketlər və kosmik sahədə bir çox ixtiralar və təkmilləşdirmələrlə SSRİ-də bütün digər elm adamlarını ötüb keçən Kərim Kərimov 1966-cı ildə SSRİ-nin Kosmik Gəmilər üzrə dövlət komissiyasının sədri seçilərək 25 il bu vəzifədə çalışmışdır. O dövrdə sovet kosmonavtikasının fəxri sayılan, alim-mühəndis zehninin qələbəsi kimi qəbul edilən kosmik aparatlar onun fəal iştirakı və birbaşa rəhbərliyi ilə yaradılmışdır. Onların sırasında yeni nəsil “Soyuz” kosmik gəmiləri, “Salyut” orbital stansiyası, sonradan isə çoxmodullu “Mir” stansiyasının adlarını çəkmək olar. Kosmik araşdırmalar və elmi sahədə etdiyi ixtiralar sayəsində kosmik qoşunların general-leytenant rütbəsinə qədər yüksələn Kərim Kərimov 2003-cü ildə Moskvada vəfat etmiş orda da dəfn olunmuşdur.

Müsəlman dünyasında ilk dünyəvi qızlar məktəbi Azərbaycanda açılıb. III Aleksandr bu məktəbin açılmasına icazə vermədikdə Hacı Zeynalabdin Tağıyev II Nokalay taxtda olduqda yenidən icazə almağa cəhd edir. Nikolayın həyat yoldaşı Aleksandra tacqoyma mərasimində ərizə verir. Bütün xərcləri ödəyəcəyini bildirmək şərtilə Banka yüksək vəsait qoymaqla 1896-cı ildə Bakının mərkəzi küçələrindən birində, 1896-1901-ci illərdə inşaatı başa çatmaqla Şərqdə və Cənubda ilk dünyəvi qızlar məktəbinin açılmasına icazə alır.

Ölkəmiz tarixən incəsənət, memarlıq kimi sahələrdə də zəngin mədəniyyət və irsə sahib olmuşdur. Bunun nümunəsidir ki. Qədim Şərqin ilk və ən mükəmməl rəsədxanası Cənubi Azərbaycanın Marağa şəhərində yerləşir . Bu Rəsədxananın banisi böyük Azərbaycan alimi, mütəffəkkiri Nəsrəddin Tusidir. Türk elminin bu şah əsəri 1259-cu ildə yaradılıb.Eyni zamanda digər faktları göstərmək olar.

Müsəlman Şərqində opera sənətinin əsası 1908-ci il yanvarın 12-də Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında göstərilən “Leyli və Məcnun” operası ilə qoyulub. Operanın müəllifi dahi bəstəkar Üzeyir Hacıbəyov idi. O, operanın liberottosunu Füzulinin eyni adlı poeması əsasında yazıb.

Şərqdə ilk opera yazan qadın bəstəkar, mərhum xalq artisti, dünya şöhrətli musiqiçi, bəstəkar Şəfiqə Axundovadır. O, 1971-ci ildə “Gəlin qayası” operasını yazmaqla ümumşərq tarixində uğura imza atıb.

Müsəlman Şərqində ilk opera yazan kişi bəstəkar da məhz azərbaycanlıdır. Üzeyir Hacıbəyov “Leyli və Məcnun” operasına görə həm də bu uğuruna imza atıb.

Dünya ədəbiyyatında ilk “Xəmsə” şəkilli bədii yaradıcılıq nümunəsini dahi Azərbaycan şairi Nizami Gəncəvi yaradıb. “Xəmsə” beşlik deməkdir. Bura daxil olan əsərlər 5 böyük poema şəklində olur. Nizamidən sonra hind şairi Dəhləvi, özbək şairi Əlişir Nəvai və başqları bu usual müraciət etməyə başlayır.

Cənubi Avropa, Yaxın Şərq və Qafqazda ilk qadın pilot Leyla Məmmədbəyovadır. O, Bakı Aviasiya Klubunda peşəkar təyyarəçi olaraq yetişdirilib və ilk uçuşunu 1931-ci ildə edib.

Dünyada ilk duz mumya Azərbaycanda tapılıb. Tapılan duz mumya insan hazırda Cənubi Azərbaycanın Zəncan şəhərindəki Mahmudxan Zülfuqari Tarix Etnoqrafiya Muzeyində saxlanılır. İlk duz-mumya insanın tədqiqi, onun tarixinin müəyyən olunması üçün Oxford Universitetinin mütəxəssisləri cəlb edilib. Elmi araşdırmalar nəticəsində məlum olub ki, mumya 2350 il əvvəl yaşayan 16-18 yaşlı gənc oğlana aiddir. O çiynində duz daşıyarkən uçqun altında qalıb. Gənc oğlanın üzərində kətan parçadan olan paltar, bıçaq, ayaqlarında olan ayaqqabılara və dərsdən olan duz kisə oz orginallığını itirmədən qorunub və xarab olmayıb. Bu, dünyada ən qədim tarixə malik olan duz-mumyadır.

Dünya tarixində ilk dəfə Azərbaycanın Lerik rayonunda “Uzunömürlülər muzeyi” fəaliyyətə başlayıb

Muzey 1991-ci ildə tikilmişdir. Bu Muzeyin dünyanın heç bir ölkəsində anoloqu yoxdur, belə bir eksponatların nümayiş olunduğu ölkə məhz Azərbaycandadır. Muzeydə Azərbaycanda ən uzum ömür sürmüş insanlar haqqında foto guşələr və onlara məxsus əşyaların saxlandığı bölmələr var.

“Qoltuq Ağacı” muzeyi də ilk dəfə olaraq Azərbaycanda yaradılıb.

Bu muzeyin eksponatları atılmış qoltuq ağaclarıdır. İlk belə eksponatlar sərgisi olan bu muzey Naftalan şəhərində yerləşir. Muzey ötən əsrin 80-ci illərinin əvvəllərindən fəaliyyətə başlayıb.

Dünyada ilk Miniatür Kitab Muzeyi də Azərbaycanda fəaliyyətə başlayıb.

Muzeyin açılışı 2002-ci il 23 aprel-də olub. Muzey Zərifə Salahova tərəfindən 20 ildən artıq müddətində toplanmış nadir kolleksiyası əsasında yaradılıb. 3500-dən çox eksponatın yer aldığı bu muzey Bakı şəhərində yerləşir.

İlk və yeganə Beynəlxalq Muğam Mərkəzi də Bakı şəhərində yerləşir.

Bu mərkəz 2009-cu ildə fəaliyyətə başlayıb. Bu layihənin memarları Vahid Tansu, Xauiddin Yayk və Etime Ahmeddir.

Dünyada ilk dəfə olaraq ipəkdən Quran-i Kərim kitabını həmyerlimiz Tünzalə Məmmədzadə hazırlayıb.

3 il müddətində hazırlanan Quran-i Kərim kitabında surələr qara şəffaf ipək üzərində qızılı və gümüşü boyalarla yazılıb. Ölçüsü 29 x 33 sm–dir. Kitabın hazırlanmasında 50 metr parça 1500 ml boyadan, üz qabığında dəri materialından istifadə olunub.

Ölkəmiz daim müxtəlif sahələrdə öz sözünü deməyi bacarmışdır. Bəlkə də hər sahədə ilk ola bilməmişdir ,amma daim inkişaf edən dünyada ölkəmiz də hər zaman bu yöndə çıxış etmiş, inkişafa və gələcəyə doğru uğurlu addımlar atmışdır. Buna misal olaraq , Azərbaycanın “Eurovision” mahnı müsabiqəsində qalibiyyəti və bu müsabiqəyə ev sahibliyi etməsi, “Baku 2015 Olimpiya” yarışlarının ölkəmizdə keçirilməsi, “İslam Oyunları”, “Formula1” yarışları və.s. keçirliməsi ölkəmizi dünya miqyasında daha çox tanınmasına və xarici ölkə vətəndaşlarının diqqətini cəlb etmişdir ki, bu da özünü ölkəmizin iqtisadi və mədəni sahədə inkişafına səbəb olmuşdur. Bu və bunlar kimi istər iqtisadi, istər siyasi, istər elmi, mədəni bütün sahələrdə uğur və nailiyyətlər bu gün kimi gələcək günlərdə də daim dünya miqyasında özünü göstərəcək və ölkəmizin adı öz müstəqil siyasəti, mədəni,elmi .sosial-iqtisadi uğurları ilə daim öz imzası ilə tanınacaqdır. Bizim vəzifələrimizdən biri də məhz müstəqillik və dəyərlərimizi qoruyub onlara sahib çıxmaq və onları tanıtmaqdır.

Müəllif: Bəsti İbadova

  • AÇAR SÖZLƏR
  • Azerbaycan
  • azerbaycan haqqinda
  • Azerbaycan Respublikasi
  • dunyadaki ilkler
  • ilk defe
  • maraqli faktlar

1 Azərbaycan xanlıqlarının yaranması. Şəki xanlığı

Tarix sualları-cavabları
1 ulduzlu suallar və cavablar
1) Azərbaycan xanlıqlarının yaranması. Şəki xanlığı
Nadir şahın ölümündən sonra Azərbaycanın şimal xanlıqları arasında Şəki xanlığı
xüsusilə fərqlənirdi. Xanlığın banisi Hacı Çələbi öz hakimiyyətini bütün
Azərbaycan torpaqlarına yaymağa çalışırdı. Lakin onun 1748-ci ildə Təbrizə və
Qarabağa yürüşü uğursuzluqla nəticələndi. O bu uğursuzluqların əvəzini Ərəş və
Qəbələ sultanlıqlarını xanlığa birləşdirməklə çıxdı. Hacı Çələbinin güclənməsi
həm qonşu Azərbaycan xanlıqlarını, həm də KartliKaxetiya çarlığını ciddi
narahat edirdi. Gürcü çarı Teymuraz və onun oğlu II İrakli Azərbaycan xanlıqları
arasında ziddiyyətləri daha da dərinləşdimək və bu yolla Gəncə, Qarabağ
xanlıqlarını və Car-Balakən camaatlığını ələ keçirmək istəyirdilər. 1751-ci ildə
gürcü qoşunları Car torpağına hücum etdilər, lakin ağır məğlubiyyətə uğrayıb
geri çəkilməyə məcbur oldular. Gürcü çarları bunun əvəzini Gəncəni tutmaqla
çıxmağa çalışırdılar. Onlar bu dəfə Azərbaycan xanları arasında ziddiyyətlərdən
faydalanmaq qərarına gəldilər. II İrakli Hacı Çələbiyə qarşı Gəncə, Qaradağ,
İrəvan, Qarabağ və Naxçıvan xanlıqlarından ibarət ittifaq yaratmağa nail oldu.
1752-ci il martın 21-də danışıqlar bəhanəsiylə müttəfiqləri Gəncə yaxınlığına
toplayan II İrakli qəflətən onların hamısını əsir götürdü
2) Urmiya xanlığı
Ərazisi: Xoy və Marağa xanlıqları, Osmanlı imperiyası ilə hüdudlanırdı.
Mərkəzi: Urmiya
Xanlığın əsasını Nadir şah Əfşar’ın əmisi oğlu, Əfşar tayfasından olan Fətəli xan
Əfşar qoymuşdu. O, hətta Nadir şahın sərkərdəsi olan Azad xan’ı da öz tərəfinə
çəkə bilmişdi. Bundan sonra, o, mərkəzləşdirmə siyasətini həyata keçirməyə
başladı. İlk olaraq Təbrizə hücum etdi,Təbriz asılı hala salındı və Təbrizi paytaxt
etdi. Daha sonra Xoy xanı Şahbaz xan da Fətəli xanla ittifaq bağlamağa məcbur
oldu. Bundan sonra isə Qaradağ, Marağa və Sərab xanlıqları Urmiya xanlığından
asılı vəziyyətə salındı. O,1751-ci ildə Azad xanı onunla ittifaqdan imtina edən
İrəvan xanlığı üzərinə göndərdi. İrəvan xanı Mir Mehdi Kartli çarı II İraklidən
kömək istədi. II İrakli Qazax və Borçalı azərbaycanlılarından topladığı ordunu
Mir Mehdi xana köməyə göndərdi.Azad xan geri oturduldu. Beləliklə, Fətəli xan

Əfşar Maku və Ərdəbil xanlıqları istisna olmaqla, bütün Cənubi Azərbaycan
xanlıqlarına öz hakimiyyətini yaya bilmişdi.

Dostları ilə paylaş:

Azərbaycan xanlıqları

Azərbaycanın XVIII əsrin ikinci yarısındakı tarixi əslində müstəqil və yarımasılı dövlət qurumlarının-xanlıqların tarixindən ibarətdir. Azərbaycan ərazisində ilk müstəqil xanlıqların yaranması XVIII əsrin 40-cı illərinə aiddir. Onların bəziləri Nadir şah dövlətinin süqutundan sonra meydana gəlmişdisə, digərləri hələ Nadir şahın hökmranlığı dövründə İran əleyhinə mübarizə nəticəsində formalaşmışdı.

Şəki xanlığı

Şəki xanlığının əsasını Hacı Çələbi xan qoymuşdu (1743-1755). XVIII əsrin 40-cı illərinin sonlarına doğru güclü siyasi qüvvəyə çevrildi. Qəbələ və Qutqaşın sultanları Şəki xanının hakimiyyətini tanımağa məcbur oldular. 1751-ci ildə Şəki xanı müəyyən müddətə Qazax və Borçalı mahallarını da özünə tabe etdi. 1768-ci ildə bir-birilə ittifaq bağlayan Şəki və Quba xanları Şamaxı xanlığına hücum edib, onu öz aralarında bölüşdürdülər. Şəki şəhəri xanlığın mədəni mərkəzi idi.

Qarabağ xanlığı

Qarabağ xanlığının əsasını Cavanşirlər tayfasından olan Pənahəli xan (1748-1763) qoymuşdur. Xanlıq İran hökmranlığı ilə mübarizədə yaranmış və möhkəmlənmişdir. Nadir şahın varisləri arasındakı çəkişmələrdən istifadə edən Pənahəli xan öz hakimiyyət və nüfuzunu Ərdəbilə qədər yaya bildi. Gəncənin də işlərinə müdaxilə edən Pənahəli xan burada hakimiyyətə öz adamını-Ziyadoğlu nəslinin nümayəndələrindən birini gətirə bilmişdi. Pənahəli xan öz mülklərini genişləndirərək Tatev, Sisian, Qafan, Meğri mahallarını özünə tabe etdi. Pənahəli xan uca sıldırımlı qayanın kənarında möhtəşəm Pənahabad qalasını inşa etdirdi və 1755-1756-cı illərdə paytaxtını bura köçürdü. Qala sonralar yaxınlıqdakı Şuşakəndin adı ilə Şuşa adını aldı. Pənahəli xandan sonra hakimiyyətə gəlmiş oğlu İbrahimxəlil xan Azərbaycan torpaqlarını birləşdirməyə çalışırdı. İbrahimxəlil xan müəyyən dövrlərdə öz nüfuzunu Naxçıvan, Gəncə və Təbriz xanlıqlarına yaya bilmişdi.

Quba xanlığı

Quba xanlığının banisi Hüseynəli xan (1726-1758) hələ 1726-cı ildə rus hakimiyyət orqanları tərəfindən bu vəzifəyə təqdim olunmuş, rus çarı onu Quba xanı təyin etmişdi. Onun dövründə Salyan və Rudbar Quba xanlığına tabe edildi. Quba xanlığının yüksəlişi Fətəli xanın hakimiyyətə gəlməsi ilə bağlıdır. Fətəli xan 1757-ci ildə Salyan, 1759-cu ildə Dərbənd, 1766-cı ildə Bakı, 1768-ci ildə Şamaxı və Cavad xanlıqlarını Quba xanlığına birləşdirməyə nail oldu. XVIII əsrin 60-cı illərində Quba xanlığı iqtisadi, hərbi-siyasi baxımdan Azərbaycanın bir çox xanlıqlarından üstün idi və ölkənin siyasi həyatında mühüm rol oynayırdı.

Lənkəran (Talış) xanlığı

Müstəqilliyi yerli iri feodallardan biri olan Seyid Abbas bəy tərəfindən elan edilmiş bu xanlığın siyasi və iqtisadi mərkəzi qala divarları ilə əhatələnmiş Lənkəran şəhəri idi. Seyid Abbas xanın ölümündən sonra tarixdə talışlı Qara xan kimi tanınan Cəmaləddin Mirzə bəy taxta çıxdı. Onun dövründə xanlığın siyasi sabitliyinə və iqtisadi inkişafına yönəldilmiş xətt aydın hiss olunurdu.

Bakı xanlığı

1747-c ildə Nadir şah Əfşarın ölümündən sonra yerli feodallardan Mirzə Məhəmməd ağa şahın Bakıdakı əlaltısı Səlimi qovdu və özünü müstəqil xan elan etdi (1747-1786). Digər xanlıqlarla müqayisədə Bakı xanlığı hərbi-siyasi cəhətdən fərqlənmirdi. Onun ərazisi kişik olub, eni 60, uzunluğu 90 verst idi. Bütün Abşeron yarımadası ilə birlikdə Bakı şəhəri və 39 kənd onun tərkibinə daxil idi. Mirzə Məhəmməd xanın varisləri dövründə Bakı xanlığı qubalı Fətəli xandan vassal asılılığına düşdü. Fətəli xan 1766-cı ildə öz bacısı Xədicə Bikəni bakılı Məlik Məhəmməd xana ərə verdi və bununla Bakı xanlığının Quba xanlığından asılılığını təmin etdi.

Gəncə xanlığı

Gəncə bəylərbəyliyi əsasında yaranmışdı. Bu bəylərbəyilik irsi olaraq kiçik fasilələrlə XVII əsrdən 1804-cü ilə qədər Qacarlar tayfasının Ziyadlı oymağına məxsus Ziyadoğlular nəsli tərəfindən idarə olunmuşdur. Xanlığın banisi Şahverdi xan Ziyadoğlu idi. Gəncə həm hərbi-siyasi, həm də iqtisadi-təsərrüfat baxımından mühüm əhəmiyyət kəsb edirdi. Yarandığı vaxtdan bu xanlıq qonşu feodal hakimlərin hücum obyektinə çevrilmişdi. Gəncə xanları düşmənlə mübarizədə gah bu, gah da digər güclü düşmən arasında hiylə işlətməli olurdular.

Dərbənd xanlığı

Dərbənd xanlığının banisi Məhəmmədhüseyn xan özünün amansız daxili siyasəti ilə istər zəhmətkeş kütlələrin, istərsə də feodal təbəqənin bir çox nümayəndələrinin nifrətini qazanmışdı. 1759-cu ildə dərbəndlilərin xahişi ilə qubalı Fətəli xan Dərbəndə hərbi yürüş etdi. Dərbəndlilərin köməyi ilə şəhər Fətəli xanın əlinə keçdi. Bu hadisədən sonra, demək olar ki, Azərbaycanın şimal xanlıqlarının Rusiyaya birləşdirilməsinədək Dərbənd və Quba xanlıqları vahid bir dövlət oldular.

Şamaxı xanlığı

Şamaxı xanlığı yerli feodalların və şəhər əyanlarının xarici və ölkə daxilindəki düşmənlərə qarşı apardıqları inadlı mübarizənin gedişində yarandı. Bir neçə əsr Şirvanşahlar dövlətinin paytaxtı, sonralar isə Şirvan bəylərbəyliyinin mərkəzi olmuş Şamaxı şəhəri, XVIII əsrin sonlarınadək həm iqtisadi, həm də ticarət baxımından öz üstünlüyünü saxlamışdı. Nadir şah dövlətinin süqutundan sonra Şamaxının siyasi həyatında köklü dəyişikliklər baş verdi. Nisbətən kiçik ərazidə iki xanlıq yarandı: mərkəzi Ağsu olmaqla, Yeni Şamaxı və mərkəzi Şamaxı olmaqla, köhnə Şamaxı. Şamaxıda mövcud olan ikihakimiyyətlilik uzun müddət davam edə bilməzdi. 1763-cü ildə Köhnə Şamaxıda möhkəmlənən Məhəmməd Səid xan Yeni Şamaxını alıb, Köhnə Şamaxıya birləşdirdi. Köhnə Şamaxı isə yeni xanlığın mərkəzi oldu. Lakin hadisələrin gedişi göstərdi ki, Şamaxı qonşu feodalların hücumu üçün açıqdır. Tez-tez baş verən basqınlar onun iqtisadi inkişafına ziyan vurdu və 1768-ci ildə qubalı Fətəli xan tərəfindən işğal edildi.

Naxçıvan xanlığı

Naxçıvan xanlığının əsasını Kəngərli boyunun başçısı Heydərqulu xan qoymuşdur. Xanlığı gücləndirmək və təcavüzlərdən qorumaq məqsədilə Heydərqulu xan (1747-1763/64) hakimiyyətinin ilk dövrlərində daha güclü olan Qarabağ xanlığına arxalanırdı. Heydərqulu xanın ölümündən sonar 1787-ci ilə qədər hakimiyyət uğrunda mübarizə nəticəsində Naxçıvan xanlığı zəifləyir, Xoy, Qarabağ, İrəvan xanlıqları, Kartli-Kaxeti çarlığı və İran arasında ardı-arası kəsilməyən mübarizənin obyektinə çevrilir.

İrəvan xanlığı

Çuxursəd bəylərbəyliyi əsasında təşəkkül tapmışdı. Nadir şah qətlə yetirildikdən sonra, İrəvanda İran ağalığına qarşı üsyana başçılıq edən yerli feodal Mir Mehdi xan özünü xan elan edərək, müstəqil İrəvan xanlığının əsasını qoydu. Lakin İrəvan xanlığı keçmiş bəylərbəyiliyin bütün ərazilərini əhatə edə bilmədi. Onun bir hissəsi Naxçıvan və digər xanlıqların tərkibinə daxil edildi. Xanlığın mərkəzi İrəvan şəhəri idi.

Qaradağ xanlığı

Azərbaycanın cənubunda yerləşən zəif xanlıqlardan biri idi. Onun əsasını qoyan köçəri tayfalardan birinin müdrik başçısı olan Kazım xan (1748-1752) qonşu feodal hakimlərə münasibətdə ehtiyatlı siyasət yeridir, ölkənin daxili işlərini qaydaya salaraq, abadlıq işləri ilə məşğul olur, xanlığın mərkəzi olan Əhərdə müxtəlif ictimai binalar tikdirirdi. Qaradağ xanlığı 1782-ci ildə Xoy və Qarabağ xanlıqlarının birləşmiş qüvvələri tərəfindən işğal edildi. Bundan sonra Qaradağ xanlığı, demək olar ki, öz müstəqilliyini itirdi.

Təbriz xanlığı

Banisi Dünbüli tayfasının görkəmli nümayəndəsi Nəcəfqulu xan (1745-1780) olmuşdur. O, Təbrizdə urmiyalı Fətəli xan Əfşarın fəal yardımı ilə möhkəmlənmişdi. Buna görə də müəyyən vaxt ərzində Təbriz xanlığı Urmiya xanlığından asılı vəziyyətdə olmuşdu. 1763-cü ildə Fətəli xan Əfşar Kərim xan Zənd tərəfindən məğlub edildikdən sonra Təbriz xanlığı tam müstəqillik qazandı.

Marağa xanlığı

Marağa xanlığının əsasını Əliqulu xan Müqəddəm (1747-1750) qoymuşdur. Elə bir əhəmiyyət kəsb etməyən bu xanlıq Ağa Məhəmməd şah Qacar hakimiyyətə gələnə qədər müstəqil idi.

Ərdəbil xanlığı

Ərdəbil xanlığının banisi Şahsevən tayfasının başçısı Nəzərəli xan (1747-1783) olmuşdur. Onun hakimiyyəti dövründə xanlıq inkişaf etmişdi. Nəzərəli xan nikah diplomatiyası vasitəsi ilə qarabağlı İbrahim xanla dostluq əlaqələri yaratmışdı və Lənkəran xanlığı ilə mehriban qonşuluq münasibətində idi.

Urmiya xanlığı

Urmiya xanlığının başçısı Əfşarlar tayfasından olan Fətəli xan Əfşar (1747-1763) idi. Öz sərhədlərini genişləndirmək məqsədi güdən Fətəli xan müəyyən vaxt ərzində Cənubi Azərbaycanda xeyli ərazi tuta bilmişdi. 1763-cü ildə Kərim xan Zənd tərəfindən məğlub edildikdən sonra, Urmiya xanlığı özünün əvvəlki əhəmiyyətini itirdi.

Xoy xanlığı

Xoy xanlığının ilk hakimi Şahbaz xan (1747-1763) olmuşdur. O, Nadir şah dövründə Xoy vilayətinin hakimi təyin edilmişdi. Nadir şahın ölümündən sonra isə özünü Xoy xanlığının müstəqil hakimi elan etmişdi. Mülayim siyasət yeridən Şahbaz xan Fətəli xan Əfşarla dostluq münasibətləri saxlayırdı.

Maku xanlığı

Maku xanlığının banisi Bayat tayfasının başçısı, Nadir şahın sərkərdələrindən biri Əhməd Sultan (1747-1778) idi. Şahın ölümündən sonra vətənə qayıdan Əhməd Sultan Makunu müstəqil xanlıq, özünü isə xanlığın hakimi elan etmişdi. Xanlığın paytaxtı iki tərəfdən dağlarla əhatə olunmuş Maku şəhəri idi. Maku xanlığı öz ətrafında 30 kəndi birləşdirirdi.

Sərab xanlığı

Sərab xanlığının əsasını Şəqaqi tayfasının başçısı Əli xan (1747-1786) qoymuşdur. Nadir şahın ölümündən sonrakı qarışıqlıqdan istifadə edərək Əli xan özünü həmtayfaları arasında xan elan etmişdi. Adları çəkilən xanlıqlardan başqa, Kür ilə Araz çaylarının qovuşuğunda Cavad xanlığı və Kür çayının mənsəbində daha bir kiçik xanlıq-Salyan xanlığı mövcud idi. Rusiya və İran arasında bağlanmış Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinə uyğun olaraq Azərbaycan iki imperiya arasında bölündü: Azərbaycanın şimal hissəsi Rusiyanın, cənub hissəsi isə İranın tərkibinə daxil edildi.

«Tarixi Azərbaycan Dövlətləri»,

Bakı, 2012, s.136-141

Comments are closed, but trackbacks and pingbacks are open.