HƏR ŞEY VƏTƏN ÜÇÜN
Yeni təlim texnologiyalarından məqsədyönlü istifadə, fəal/interaktiv metodların düzgün seçilməsi və tətbiqi kurikulum üzrə dərslərdə mühüm tələb kimi qarşıya qoyulur. Fəal/interaktiv təlim şagirdlərin biliyi hazır şəkildə deyil, müstəqil, yaradıcı, tədqiqatçılıq fəaliyyəti nəticəsində əldə etməsinə əsaslanır. Bu təlim şagirdlərin fəal idrak fəaliyyəti zəminində və təhsil prosesinin digər iştirakçıları ilə əməkdaşlıq şəraitində həyata keçirilir. Fəal/interaktiv təlimə məxsus metodların seçilməsi fənnin mahiyyətinin, özünəməxsusluğunun nəzərə alınması zəminində reallaşdırılır. Metodların tətbiqi o vaxt uğurlu olur ki, təlim materialının xüsusiyyətləri (həcmi, mürəkkəbliyi, çətinlik səviyyəsi), şagirdlərin onlarla tanışlığı və s. nəzərə alınmış olsun. Deməli, bu gün pedaqoji araşdırmalarda adı çəkilən metodların hamısından ədəbiyyat dərslərində istifadə etməyin mümkün olduğunu düşünənlər səhv edirlər.
Səadət kamalla yetişir başa
V sinif Ədəbiyyat . Müəllim üçün metodik vəsait haqqında
BAŞLIQLAR
Fənn kurikulumu tələblərinin “Ədəbiyyat” dərslik komplektində reallaşdırılması mexanizmlərinin şərhi 5
Ədəbiyyat dərslərində yeni təlim texnologiyalarının tətbiqi . 13
Layihələr üzrə işin təşkili . 22
V sinifdə ədəbiyyat dərslərinin illik planlaşdırılması . 24
Mövzular üzrə məzmun standartlarının reallaşdırılması, təlim məqsədləri və
fənlərarası inteqrasiya . 27
Fəndaxili inteqrasiya . 35
Ədəbiyyat fənni üzrə şagird nailiyyətlərinin qiymətləndirilməsi . 38
Gündəlik planlaşdırmaya aid nümunələr . 48
1. Ana maral (əfsanə) . 52
2. Yetim İbrahimin nağılı . 59
3. Əhməd Cavad. Azərbaycan! Azərbaycan! . 67
4. Süleyman Rəhimov. Qara torpaq və sarı qızıl . 76
Mövzular üzrə təlim materialları ilə iş texnologiyasının şərhi . 82
Bədii ədəbiyyat söz sənətidir . 82
1. Şifahi xalq ədəbiyyatı inciləri
Ana maral (əfsanə) . 85
İnşa yazmağı öyrənirik . 91
Xalq öz vətənini necə tapdı (Şimali Amerika əfsanəsi) . 97
Yetim İbrahimin nağılı . 101
Üç qardaş (özbək nağılı) . 107
Kiçik summativ qiymətləndirmə vasitələri . 111
2. Yurd sevgisi, ana məhəbbəti
Əhməd Cavad. Azərbaycan! Azərbaycan! . 116
Əli Tudə. Yaşayanlar görəcəkdir . 121
Hüseyn Arif. Analar . 127
Kiçik summativ qiymətləndirmə vasitələri . 131
3. Mənəvi dəyərlər, həmişəyaşar hikmətlər
Ənvər Əlibəyli. İlan və Qurbağa . 135
Cek London. Kiş haqqında hekayət . 142
Kiçik summativ qiymətləndirmə vasitələri . 147
4. Müharibə və insan haqqı
Xəlil Rza Ulutürk. Oğul həsrəti . 150
Elçin Hüseynbəyli. Firuzə qaşlı xəncər . 154
Kiçik summativ qiymətləndirmə vasitələri . 158
5. Uşaq dünyası, uşaq taleyi
Əhməd Cəmil. Can nənə, bir nağıl de! . 159
Mark Tven. Fərasətli oğlan . 164
Kiçik summativ qiymətləndirmə vasitələri . 169
6. Əməyə məhəbbət, zəhmətə çağırış
Nizami Gəncəvi. Kərpickəsən kişinin dastanı . 173
Süleyman Rəhimov. Qara torpaq və sarı qızıl . 177
Kiçik summativ qiymətləndirmə vasitələri . 181
7. Təbiətin gözəlliyi, təbiətə qayği
Abdulla Şaiq. Köç . 186
Fikrət Qoca. Şuşa . 190
Kiçik summativ qiymətləndirmə vasitələri . 194
Layihələr . 198
Mənbələr . 207
FƏNN KURIKULUMU
TƏLƏBLƏRININ
“ƏDƏBİYYAT” DƏRSLİK
KOMPLEKTİNDƏ REALLAŞDIRILMASI MEXANİZMLƏRİNİN
Hörmətli müəllimlər!
Bu ildən etibarən V siniflərdə ədəbiyyat ümumi təhsilin kurikulumuna müvafiq olaraq müstəqil fənn kimi tədris olunmağa başlayır. Bu fənn üzrə dərslik komplektinə iki kitab daxildir:
1. “Ədəbiyyat” dərsliyi.
2. Müəllim üçün metodik vəsait.
Dərslik komplektində qarşıya qoyulan başlıca məqsəd V sinfin ədəbiyyat kurikulumundakı məzmun standartlarının reallaşdırılmasını və təlim nəticələrinə nail olunmasını təmin etməkdir.
Dərslik komplekti, başlıca olaraq, aşağıdakı vəzifələrin yerinə yetirilməsinə xidmət edir:
– ədəbiyyat dərslərində müəllim-şagird fəaliyyətinin tam təsəvvür olunması və üzvi şəkildə əlaqələndirilməsi;
– müəllimin planlaşdırmadan qiymətləndirməyədək bütün fəaliyyətinin istiqamətləndirilməsi;
– təlim prosesində şagirdlərdə fəallıq və müstəqilliyin, həyati bacarıqların formalaşdırılması.
“Ədəbiyyat” dərsliyini səciyyələndirən başlıca cəhətlər:
– şagirdlərin bədii ədəbiyyata, mütaliəyə marağını gücləndirir, onlara milli və ümumbəşəri mənəvi dəyərlərin aşılanmasını təmin edir;
– məktəbliləri axtarışa, tədqiqatçılıq fəaliyyətinə, fərqli mənbələrdən biliklər əldə etməyə sövq edir;
– məntiqi, tənqidi, yaradıcı (bədii) təfəkkürü inkişaf etdirir;
– həyati bacarıqların formalaşmasını təmin edir;
– fəndaxili və fənlərarası inteqrasiya imkanlarını reallaşdırmağa zəmin yaradır;
– fəal/interaktiv təlim şəraitinin yaradılmasını təmin edir;
– şagirdlərin fərqli idraki imkanlarının nəzərə alınmasına imkan yaradır.
Dərsliyə aşağıdakı materiallar daxil edilmişdir:
– dərslikdən istifadə qaydalarına aid tövsiyələr;
– Azərbaycan və xarici ölkələrin şifahi və yazılı ədəbiyyat nümunələri;
– əsərin məzmununun mənimsənilməsi və təhlili üzrə sual və tapşırıqlar;
– şifahi və yazılı nitqin inkişafı üçün sual və tapşırıqlar;
– araşdırmaya, yaradıcı işlərin təşkilinə istiqamətləndirən sual və tapşırıqlar;
– ədəbiyyat nəzəriyyəsinə aid bəzi materiallar;
– elektron resurslardan istifadə üçün tapşırıqlar;
– sinifdənxaric oxu materialları əsasında qrup və fərdi layihə nümunələri;
– özünüqiymətləndirmə, formativ və summativ qiymətləndirmə materialları;
– yaradıcı tətbiqetmə, müxtəlif mənbələrdən istifadə ilə bağlı sual və tapşırıqlar;
– bədii mətnlərdə şagirdlərə tanış olmayan sözlərin izahlı lüğəti;
– qısa ədəbiyyatşünaslıq terminləri lüğəti (dərslikdə istifadə olunan bəzi terminlərin izahı).
Dərsliyə daxil edilmiş bədii əsərlər aşağıdakı meyarlar əsasında seçilmişdir:
– yüksək ideya-bədii dəyərə malik olması;
– mövzu, janr müxtəlifliyi, aktual mənəvi-estetik problemləri əks etdirməsi;
– dünya ədəbiyyatının dəyərli nümunələri;
– humanist istiqaməti, şagird şəxsiyyətinə müsbət təsiri;
– şagirdlərin əqli və mənəvi inkişafı məqsədlərinə, maraq dairəsinə, yaş və qavrama səviyyələrinə uyğun olması.
Bədii əsərlər seçilərkən tarixi-mədəni ənənələrimiz, ədəbi təhsil sisteminin zəngin təcrübəsi nəzərə alınmışdır. Seçilmiş bədii nümunələr vasitəsilə milli və ümumbəşəri mənəvi dəyərlər, vətənpərvərlik, soykökünə bağlılıq, təbiətə qayğıkeş münasibət, insan hüquq və azadlıqlarına hörmət hissi aşılanması imkanları diqqət mərkəzində saxlanılmışdır.
Məktəblərimizdə uzun illər tədris olunmuş uğurlu əsərləri hər nəsil özü üçün “kəşf edir”, əvəzlənən nəsillər üçün həmin əsərlər həmişə qiymətlidir. Bu, bütün dünyada belədir: M.Ridin, C.Londonun, A.Puşkinin, M.Lermontovun və digər görkəmli sənətkarların əsərləri uzun illərdir ki, məktəb proqramında öz yerini qoruyub saxlayır. Bizdə də N.Gəncəvinin, M.Füzulinin, C.Məmmədquluzadənin, A.Şaiqin, Mir Cəlalın, S.Vurğunun, M.Hüseynin və bir sıra digər klassiklərimizin əsərləri ədəbiyyat təlimində layiqli yerini tutmuşdur. Bu baxımdan bədii əsərlər şəxsiyyətin formalaşmasında bir vasitədir və əslində, təlimdə yenilik texnologiyaların, yanaşmanın mahiyyətində, kurikulumun tələblərindədir.
Xalqımızın taleyində, vətənimizin son dövrlərdəki tarixində özünü göstərmiş mühüm hadisələri əks etdirən əsərlərin dərsliyə daxil edilməsi isə vacibdir və bu, diqqət mərkəzində saxlanılmışdır.
Ədəbiyyat nəzəriyyəsi üzrə biliklərin (nağıl, təmsil, hekayə, epitet, bənzətmə və s. haqqında) bədii əsərlərin öyrənilməsi prosesində tətbiqi məqsədilə sual və tapşırıqlar sistemi işlənilmişdir.
“Ədəbiyyat” dərsliyi aşağıdakı pedaqoji prinsiplər əsasında tərtib edilmişdir:
– düzgünlük (ədəbiyyat fənni üzrə təlim standartlarına uyğunluq, faktların dəqiqliyi, mübahisəli elmi məsələlərin olmaması, orfoqrafiya, durğu işarələri və qrammatik qaydaların gözlənilməsi);
– əyanilik (öyrənilən bədii mətnlərlə bağlı rəsm, sxem və illüstrasiyaların olması);
– müasirlik (ədəbi nailiyyətlərin şagirdlərin yaş səviyyəsinə uyğun əks olunması, təlim materiallarının müasir dünyagörüşünün formalaşdırılmasına istiqamətlənməsi);
– tamlıq (ədəbi-nəzəri, praktik, təsviri, qiymətləndirmə materiallarının olması, onların üzvi şəkildə əlaqələndirilməsi);
– ardıcıllıq (psixoloji, məzmun və məntiqi baxımdan). Psixoloji baxımdan ardıcıllıq təlim materiallarının maraqlılıq səviyyəsinə görə düzülməsində öz əksini tapır. Bu, hafizə, təfəkkür və təxəyyülün formalaşmasında başlıca şərtlərdən biridir. Məzmun baxımından ardıcıllıq təlim materiallarının sadədən mürəkkəbə doğru sıralanmasını tələb edir. Məntiqi baxımdan ardıcıllıq əvvəlki təlim materialları vasitəsilə növbəti materialların mənimsənilməsinə zəmin yaradılmasını tələb edir;
– yaş səviyyəsinə uyğunluq (“Ədəbiyyat” dərsliyinin poliqrafiya, dizayn cəhətdən şagirdlərin estetik tələbatına cavab verməsi, təlim materiallarının məzmun və həcm baxımından onların ehtiyaclarına uyğun müəyyənləşdirilməsi);
– təlim vaxtına uyğunluq (təlim materiallarının həcmi müəyyən edilərkən tədrisə ayrılan vaxtın dəqiq nəzərə alınması);
– oxunaqlılıq (bədii materialların, şərhlərin, izahların, nəzəri məlumatların və s.) maraqlı və yığcam olması, onların aydın üslubda, sadə dildə ifadə edilməsi);
– inklüzivlik (potensial imkanlarından, qavrama səviyyəsindən asılı olmayaraq, bütün şagirdlərə diferensial yanaşmanın təmin edilməsi və onların təlim maraqlarının təmin olunması);
– inteqrativlik (inteqrativlik ədəbi təhsilin məzmun komponentlərinin bir-biri ilə və digər fənlərlə sistemli şəkildə üzvi əlaqələndirilməsidir). İnteqrasiya konkret bir mövzu, problem, anlayış haqqında şagirdlərdə daha geniş təsəvvürlər yaradılmasına, onların mahiyyətinin dərindən dərk edilməsinə və möhkəmləndirilməsinə, bilik və bacarıqların sistemli mənimsədilməsinə geniş imkanlar açır, şagirdlərdə müqayisələr aparmaqla ümumiləşdirmə bacarıqlarının formalaşmasına, tədqiqatçılıq meyillərinin güclənməsinə müsbət təsir göstərir.
Dərsliyin hazırlanması zamanı tələb olunan standartlar gözlənilmiş, fəal/interaktiv təlim üçün əlverişli şəraitin yaradılmasına xüsusi diqqət yetirilmişdir.
Müəllim üçün metodik vəsaitə aşağıdakılar daxildir:
– dərslərin müasir tələblər əsasında keçilməsinə dair metodik tövsiyələr;
– dərsliyin tərtibi prinsipləri;
– dərslikdə verilmiş təlim materiallarının illik və gündəlik planlaşdırma nümunələri;
– mövzular üzrə məzmun standartlarının reallaşdırılması, təlim məqsədləri və
fənlərarası inteqrasiya cədvəli;
– fəndaxili inteqrasiya imkanları;
– dərslərin fəal/interaktiv metodların tətbiqi ilə təşkili texnologiyası;
– formativ, summativ və özünüqiymətləndirmə materialları;
– təlimin təşkilində çoxvariantlılığın təmin edilməsi məqsədilə əlavə məlumat, sual və tapşırıqlar;
– sinifdənxaric oxu materialları əsasında layihə üzrə işin təşkilinə dair tövsiyələr;
– şagird üçün əlavə oxu mənbələri və materialları;
– istifadə olunmuş materialların (resursların) siyahısı.
Metodik vəsaitdə kurikulum üzrə dərslərin səmərəli təşkili ilə əlaqədar müəllimin fəaliyyətinin başlıca istiqamətləri, onun yaradıcılıq və təşəbbüskarlığına imkan yaradan vasitələr öz əksini tapmışdır. Vəsaitdə təqdim olunmuş yeni tipli dərs nümunələrində fəal/interaktiv təlimin imkanlarının, şagird-şagird, şagird-müəllim əməkdaşlığının reallaşdırılması diqqət mərkəzində saxlanılmışdır. Bu və ya digər mövzunun tədrisi üçün daha əhəmiyyətli olan fəal/interaktiv təlim metodlarına geniş yer verilib. Dərs nümunələrində təlim metodlarının və tapşırıqların çoxvariantlılığı təmin edilib, konkret şəraitə uyğun olaraq müəllim üçün seçim imkanı yaradılıb.
Şübhəsiz, müəllim dərs nümunələrinə ehkam kimi yanaşmamalı, metodik tövsiyələrdən yaradıcılıqla bəhrələnməlidir. Metodik tövsiyələr işlənərkən belə bir cəhət əsas götürülmüşdür ki, hər bir müəllim təqdim olunmuş yeni tipli dərsin məzmunundan və quruluşundan çıxış edərək orijinal dərs qura bilsin. Bu, dərslikdəki materiallara fərqli yanaşmanı da nəzərdə tutur. Məsələn, dərslikdə təklif olunmuş tapşırıqlara müəllimin əlavələr etməsi, yaxud onlarda ixtisarlar aparması təbiidir. Həmin tapşırıqların bir çoxunun sinifdə, yaxud evdə yerinə yetirilməsini qarşıya qoyduğu məqsəddən asılı olaraq müəllim təyin edir.
Fənn üzrə iş dəftəri olmasa da, dərslikdəki sual və tapşırıqlar hər bir mövzu üzrə əhatəli, sistemli işin aparılmasına imkan verir. Onların səmərəli icrası üçün, bir sıra hallarda qabaqlayıcı tapşırıqların verilməsi faydalıdır. Məsələn, “Araşdırma, müzakirə, yaradıcı iş” başlığı altında verilmiş işləri sinifdə icra etdirməyi planlaşdıran müəllimin qabaqlayıcı tapşırıqdan istifadə etməsi məqsədəuyğundur. Belə olanda şagirdlər müxtəlif mənbələrdən məlumat toplamaq üçün vaxt baxımından daha geniş imkan qazanmış olurlar.
Bir sıra hallarda dərslikdəki müəyyən tapşırıq digərinin tələblərini öz üzərinə götürə bilər. Deməli, hər iki tapşırığın tətbiqinə ehtiyac qalmır. Məsələn, əsərin bütövlükdə oxusundan sonra məzmunla bağlı qazanılmış təsəvvürün tamlığına nail olmaq məqsədi ilə dərslikdəki suallardan da istifadə etməklə müsahibənin aparılması tövsiyə olunur. Müsahibədə əsərin məzmununun əhatəli qavranıldığı aşkara çıxarsa, şifahi nitqlə bağlı tapşırığa sinifdə müraciət olunmaya bilər.
Bu məsələdə ən mühüm olan budur ki, müəllim konkret mövzu (dərs) üçün müəyyənləşdirdiyi məqsədlərdən asılı olaraq bu və digər tapşırığın icrasını təşkil edir. Yəni hər bir mövzu ilə əlaqədar verilmiş tapşırıqların hamısının icra etdirilməsi zəruri deyil. Deməli, müəllim dərsdə reallaşdıracağı məzmun standartlarına (və ondan irəli gələn təlim məqsədlərinə) xidmət edən tapşırıqların üzərində dayanmalıdır. Məsələn, şagirdlərdə süjetli bədii əsəri hissələrə ayırmaq, plan tərtib etmək bacarığını formalaşdıran müəllimin bu işi hər dərsdə icra etdirməsi vacib deyil. Yaxud dərslikdəki “Araşdırma, müzakirə, yaradıcı iş” başlıqlı tapşırıqların böyük bir qismi şagirdlərin müstəqil fəaliyyətinə istiqamət vermək məqsədini güdür. Deməli, bu qəbildən olan tapşırıqların icrasına hər dərsdə vaxt ayrılmasına ehtiyac yoxdur. Şagirdlərin gəldikləri nəticələri isə yığcam müsahibə, yaxud təqdimatlar, çıxışlar vasitəsilə müzakirə etmək mümkündür.
Məzmun standartlarının reallaşdırılması baxımından təlim məqsədlərinin düzgün müəyyənləşdirilməsi zəruridir. Bu baxımdan bütün mövzularda müvafiq alt standartlara uyğun təlim məqsədlərinin müəyyənləşdirilməsi diqqət mərkəzində saxlanılmışdır. Təlim məqsədlərinin yerinə yetirilməsi məzmun standartlarının addım-addım reallaşdırılmasını, ilin sonunda isə gözlənilən təlim nəticələrinin əldə olunmasını təmin edir.
Təlim prosesində inklüzivliyin təmin olunması üçün müxtəlif tip – bərpaedici və yaradıcı, qapalı, açıq, yarımaçıq suallardan istifadə olunmuş, bunlardan konkret təlim şəraitinə uyğun istifadə ilə bağlı tövsiyələr verilmişdir.
Gündəlik planlaşdırmaya dair dərs nümunələri tədris materiallarının illik planlaşdırılmasına uyğun olaraq işlənilib. Bu zaman metodik ənənələrlə yanaşı, metodika elminin son nailiyyətləri, kurikulum sənədlərinin tələbləri əsas götürülmüşdür. Dərs nümunələrinin məktəb təcrübəsində uğurlu tətbiqini təmin etmək üçün respublikamızın qabaqcıl müəllimlərinin, o cümlədən son bir neçə ildə “İlin müəllimi” müsabiqəsinin iştirakçıları və qaliblərinin iş təcrübəsi diqqətlə öyrənilmiş, Bakı şəhərindəki bir sıra məktəblərdə sınaq dərsləri keçirilmişdir. Eyni zamanda ibtidai təhsil pilləsində (I–IV siniflər) Azərbaycan dili fənni üzrə kurikulumun tətbiqi təcrübəsi də öyrənilmiş, nəticələr çıxarılmışdır.
Məlumdur ki, ədəbiyyat təliminin əsasında bədii əsərlərin oxusu və təhlili dayanır. Bədii əsərlərin ədəbiyyat dərslərində müzakirəsi şagirdlərdə oxuya maraq və oxucu üçün vacib olan bacarıqlar formalaşdırmalı, bu, nəticə etibarilə yüksək ideya-bədii dəyərə malik söz sənəti nümunələrinin müstəqil mütaliəsinə gətirib çıxarmalıdır. Şagirdlərin müstəqil oxusunu istiqamətləndirmək məqsədilə oxunması məsləhət görülən əsərlərin siyahısı dərsliyə daxil edilmişdir. Bu oxuya nəzarət və nəticələrin yoxlanılmasını sinifdənxaric oxu əsasında layihələr üzrə işlər vasitəsilə reallaşdırmaq məqsədəuyğundur. Ədəbiyyat müəllimi şagirdlərin mütaliə marağını nəzərə alaraq tövsiyə edilən əsərləri dəyişə bilər.
Dərs tipləri ədəbiyyat fənninin səciyyəsinə uyğun olaraq müəyyənləşdirilmişdir: induktiv (yeni biliyin mənimsənilməsi), deduktiv (təkrar və ümumiləşdirmə), bədii əsərin öyrənilməsi, nitq inkişafı (inşa yazı). Bununla yanaşı, nəzərə almaq lazımdır ki, müasir ədəbiyyat dərsləri çox vaxt müxtəlif dərs tiplərinin qovuşuğunda yaranır. Kurikulum üzrə hər bir ədəbiyyat dərsində, əslində, yeni bilik müvafiq mövzu üzrə əvvəl qazanılmış bilik və bacarıqlara istinad etməklə mənimsədilir, təkrar və ümumiləşdirmə aparılır. Hər bir ədəbiyyat dərsində fənnin təbiətinə uyğun olaraq şagirdlərin nitq inkişafı üzrə ardıcıl və sistemli iş aparılır və s.
İllik planlaşdırmada inşa yazı dərslərinə I yarımildə 3 saat, II yarımildə isə 4 saat olmaqla cəmi 7 saat nəzərdə tutulmuşdur. Şagirdlər bədii əsərlərin öyrənilməsinə həsr olunan dərslərdə də yazılı nitqin inkişafı üzrə tapşırıqlar (inşa, esse və s.) icra edirlər. Bütün dərs nümunələrində elektron resurslardan, əyani vasitələrdən (şəkillər, illüstrasiyalar və s.) istifadəni nəzərdə tutan sual və tapşırıqlar işlənilmiş, metodik tövsiyələr verilmişdir.
“Kitabxanadan və İnternetdən bəhrələnin” başlıqlı tapşırıqlar məktəb kitabxanası ilə yanaşı, internetdən istifadə etmək imkanı və arzusu olan şagirdlərin könüllü olaraq yerinə yetirməsi üçün nəzərdə tutulmuşdur. Bu tapşırıqların nəticəsi şagird portfoliosuna qoyula bilər.
Kurikulum üzrə dərslərdə qazanılmış bilik və bacarıqların yaradıcı tətbiqinin mühüm yollarından biri olan ev tapşırıqları yeni yanaşma tələb edir. Ənənəvi dərslərdən fərqli olaraq fəal/interaktiv dərsdə ev tapşırıqlarının yoxlanılmasını məqsədə çevirmək doğru deyildir. Müəllim vaxt itkisinə yol verməmək üçün tapşırıqların icra (mənimsənilmə) səviyyəsini seçmə yolla, qısa vaxt ərzində müsahibə, təqdimat, müzakirə və s. istifadə etməklə aşkara çıxara bilər. O, ev tapşırığının hansı məzmunda və formada verilməsini təlim məqsədlərindən çıxış edərək müstəqil də müəyyənləşdirə bilər. Bəzi yaradıcı tapşırıqların nəticələrinin şagird portfoliosuna toplanması məqsədəuyğundur.
Ədəbiyyat dərslərində yeni təlim texnologiyalarının tətbiqi
Yeni təlim texnologiyalarından məqsədyönlü istifadə, fəal/interaktiv metodların düzgün seçilməsi və tətbiqi kurikulum üzrə dərslərdə mühüm tələb kimi qarşıya qoyulur. Fəal/interaktiv təlim şagirdlərin biliyi hazır şəkildə deyil, müstəqil, yaradıcı, tədqiqatçılıq fəaliyyəti nəticəsində əldə etməsinə əsaslanır. Bu təlim şagirdlərin fəal idrak fəaliyyəti zəminində və təhsil prosesinin digər iştirakçıları ilə əməkdaşlıq şəraitində həyata keçirilir. Fəal/interaktiv təlimə məxsus metodların seçilməsi fənnin mahiyyətinin, özünəməxsusluğunun nəzərə alınması zəminində reallaşdırılır. Metodların tətbiqi o vaxt uğurlu olur ki, təlim materialının xüsusiyyətləri (həcmi, mürəkkəbliyi, çətinlik səviyyəsi), şagirdlərin onlarla tanışlığı və s. nəzərə alınmış olsun. Deməli, bu gün pedaqoji araşdırmalarda adı çəkilən metodların hamısından ədəbiyyat dərslərində istifadə etməyin mümkün olduğunu düşünənlər səhv edirlər.
Fəal/interaktiv təlimdə şagirdlərin idrak fəallığının təmin edilməsi diqqət mərkəzində saxlanılır. Bu məsələdə iki cəhətə önəm verilir. Birincisi, idrak fəallığının yaradılması, ikincisi onun davamlılığına nail olunmasıdır. Şagirddə idrak fəallığının yaradılması hələ işin bir tərəfidir. Yaradılmış fəallığın şagirdin təlimi fəaliyyətinin (və dərsin) bütün mərhələlərində, məqamlarında saxlanması, davamlı olması da zəruridir. Buna nail olmaq üçün aşağıdakı tələblərin (onlara “mexanizmlər” də deyilir) gözlənilməsi vacibdir.
Problemli vəziyyətin yaradılması
Fəal/interaktiv təlim şagirdlərdə idraki maraq, problemin həlli üçün daxili tələbat yaradır. Bunun üçün problemli vəziyyətin (motivasiyanın) yaradılması, öz həllini gözləyən problemin qoyuluşu, tədqiqat sualının müəyyənləşdirilməsi zəruri olur. Birmənalı cavabı olmayan, müxtəlif fərziyyələr, fikirlər yaradan, şagirdi bir növ yolayrıcında qoyan düşündürücü suallardan istifadə edilir. Tədqiqat sualı şagirdlər üçün həll edilən səviyyədə olmalı, araşdırma aparmağa, bilik və bacarıqları yeni situasiyada tətbiq etməyə imkan verməlidir.
Dialoq və əməkdaşlığın zəruriliyi
Fəal/interaktiv təlimi bəzən “problem-dialoji” də adlandırırlar. Bu, həmin təlimdə dialoqa, əməkdaşlığa üstünlük verildiyini təsdiq edir. Məsələ burasındadır ki, fəal dərsin bütün mərhələlərində dialoq və müxtəlifyönümlü (“müəllim-şagird”, “şagird-şagird”. ) əməkdaşlıq özünü qabarıq göstərir. Dərsdə araşdırılan problemin səmərəli həlli ilk növbədə şagirdlərin özlərinin dialoqu, əməkdaşlığı şəraitində mümkündür. Bu isə fəallığın təmin edilməsində əhəmiyyətli rol oynayır.
Şagird-tədqiqatçı, müəllim-bələdçi
Fəal/interaktiv dərsdə şagird təlim prosesinin obyektinə yox, subyektinə, bərabərhüquqlu iştirakçısına çevrilir, bilikləri kəşf edən tədqiqatçı kimi çıxış edir. Onun yeni bilik və bacarıqlara yiyələnməsi tədqiqatın aparılması qanunlarına əsaslanmaqla reallaşır. Bu dərslərdə şagirdlərin tədqiqatçılıq, müzakirə olunan məsələdə əsas və ikinci dərəcəli cəhətləri fərqləndirmək, başlıca fikri müəyyənləşdirmək, təhlil aparmaq, qruplaşdırmaq, müqayisə etmək, nəticə çıxarmaq, təqdim etmək bacarıqları inkişaf etdirilir. Məktəblilər yeni bilik və bacarıqlarını irəlicədən qazanılmış bilik və bacarıqlarla əlaqələndirir və təcrübədə tətbiq edirlər.
Müəllimin mövqeyi də ənənəvi təlimdəkindən fərqlənir. O, indi “bələdçi, istiqamət verən” mövqeyində olur. Müəllimin dərsdəki, ümumən təlimdəki işi, fəaliyyəti fərqli məzmun qazanır. O, dərsin bütün mərhələlərində şagirdlərlə əməkdaşlıq edir, onlara biliklərin əldə edilməsi, mənimsənilməsi yollarını öyrədir.
Psixoloji dəstək: hörmət və etibar
Şagirdin idrak fəallığının təmin edilməsi dərsdəki mühitdən, qarşılıqlı münasibətdən – inam, etibar, hörmət, dəstəkdən çox asılıdır. Şagirdlərin bəziləri çevik, digərləri ləng olur. Biri sürətlə düşünür, digərinin fikirləşməsində lənglik müşahidə edilir. Müəllim isə onların hər birinə xeyirxah, hörmətcil münasibət bəsləməlidir. Heç birindən nəvazişini əsirgəməməlidir. Şagirdin çalışmaq cəhdi, göstərdiyi (dərəcəsindən asılı olmayaraq) hər bir səy müəllim tərəfindən hörmətlə qarşılanmalı və dəyərləndirilməlidir. Müəllimdən bu cür isti münasibəti, mehribanlığı, diqqəti hiss edən şagirddə həm özünə inam, həm də müəllimə etibar hissi möhkəmlənir. Beləliklə, etimad hissi formalaşır, uğursuzluq qorxusu şagirdin canından çıxır. Bütün bunlar şagirdin idrak fəallığının yaranmasında və davamlılığında əhəmiyyətli rol oynayır.
Fəal/interaktiv təlimin iş formaları
Fəal təlimin iş formaları aşağıdakılardır:
– fərdi iş;
– kiçik qruplarda iş;
– cütlük şəklində iş;
– bütün siniflə birgə iş.
Təcrübə göstərir ki, interaktiv təlim şəraitində müxtəlif iş formalarının – fərdi iş, cütlük şəklində iş, kiçik qruplarda iş, bütün siniflə birgə işin uzlaşdırılması daha səmərəlidir.
Fərdi iş verilən tapşırığın bir şagird tərəfindən yerinə yetirilməsidir. Fərdi iş zamanı şagird müstəqil işləyir, əldə etdiyi nəticəni tələb olunan məqamda digərləri ilə müzakirə edir.
Cütlük şəklində iş zamanı məktəblilər tapşırıqlar üzərində cütlərə ayrılaraq (adətən, öz parta yoldaşı ilə və ya yerini dəyişərək digər şagirdlə birlikdə) işləyirlər. Bu zaman məktəblilər qarşıya qoyulan suala cavab tapmaq üçün bir-birinə kömək edir, öz işlərinin nəticəsi barədə fikir mübadiləsi aparır, bir-birinin cavabını qiymətləndirir.
Kiçik qruplarda iş şagirdlərin 3–6 nəfərdən ibarət qrupda qarşıya qoyulmuş problemi həll etmək üçün birgə, uzlaşdırılmış fəaliyyətidir. Aparıcı (nümayəndə) qrupun işini təşkil edir, bütün üzvlərin müzakirə prosesində fəal iştirakına çalışır, mövzudan yayınmağa yol vermir, bütün əhəmiyyətli fikirlərin qeydə alınmasına nəzarət edir. Qrup daxilində vəzifə bölgüsünün aparılması faydalıdır.
Qruplara bölmənin üsulları:
– rəqəmləri saymaqla (3–6-ya qədər sayma);
– meyvə adları saymaqla (alma, armud, nar, banan və s.);
– həndəsi fiqurları paylamaqla (düzbucaqlı, kvadrat, kub, çevrə, romb və s.);
– rəngli fiqurları paylamaqla (qırmızı, sarı, göy, ağ və s.).
Kiçik qrup üzrə tapşırığın yerinə yetirilməsinə vaxt ayrılır və elan edilir. Qrupun üzvləri əlbir fəaliyyət zamanı bir-birinin işinə nəzarət edir, yardım göstərir. Müəllim bütün qruplara eyni münasibət bəsləməli, zərurət yaranarsa, məsləhətlər verməlidir. Qruplara eyni və ya müxtəlif tapşırıqlar verilir.
Bütün siniflə birgə iş (buna “böyük qrupda iş” də deyilir) formasından da geniş istifadə edilir. Bu iş formasında sinfin bütün şagirdlərinin sual və tapşırıqlar üzrə işə cəlb edilməsi, cavabların, söylənilən fikirlərin geniş müzakirəsi nəzərdə tutulur. Beyin həmləsi, diskussiya, debat metodlarının tətbiqində daha çox bu iş formasına müraciət olunur.
Fəal/interaktiv təlimin metodları
Pedaqoji ədəbiyyatda fəal/interaktiv təlimə məxsus metodlarla bağlı mübahisələr bu gün də davam edir. Onları “texnikalar”, (“priyom” anlamında), “iş üsulları”, “şagirdlərin müstəqil işinin növləri” və s. adlandıranlar da var. Təəssüf ki, bu metodların hələ mükəmməl təsnifatı da işlənməmişdir. Bu istiqamətdə tədqiqatlar davam edir. Məktəblərimizdə onlardan yaradıcılıqla istifadə edilir. Bu, həmin metodların təkmilləşdirilməsi baxımından faydalıdır.
Ədəbiyyat təlimi üçün daha səciyyəvi və tətbiq imkanları geniş olan metodlar aşağıdakılardır.
Fasilələrlə oxu
Əsərin mətni əvvəlcədən hissələrə bölünür. Bir hissə oxunduqdan sonra fasilə edilir və müəllim oxunmuş hissənin məzmununa dair suallar verir. Cavablar dinlənilir və növbəti hissə oxunmağa başlanır. Üçüncü, dördüncü hissələr də bu şəkildə oxunur və fasilələrdə məzmun üzrə müsahibə aparılır.
Sonuncu hissənin oxusundan sonrakı fasilədə şagirdlərə aşağıdakı məzmunda da suallar verilə bilər:
– Hadisələrin belə bitəcəyini düşünürdünüzmü?
– Qəhrəmanın hərəkətləri, başına gələn hadisə sizə necə təsir etdi?
– Sizcə, qəhrəmanı nə gözləyir?
Proqnozlaşdırılmış oxu
Bədii əsərlərin məzmununun öyrənilməsinə həsr olunan dərsdə əsərdən bir hissə oxunduqdan sonra fasilə edilir. Şagirdlər hadisələrin sonrakı inkişafı barədə ehtimallarını söyləyir və cədvəldə qeyd edirlər. Cədvəldə, həmçinin ehtimallarında nəyə əsaslandıqlarını da qeyd edirlər. Yeni parça oxunduqdan sonra əvvəlki ehtimallarının üzərinə qayıdır, baş verən hadisələrlə nə dərəcədə səsləşdiyini aydınlaşdırırlar. Bu qayda sona kimi davam edir.
Əsərin hissələri
Sizcə, nə baş verəcək?
Nə üçün belə düşünürsünüz?
Nə baş verdi? Hadisələr necə davam etdi?
İkihissəli gündəlik
Bunun pedaqoji ədəbiyyatda bəzən “sitat” və onun “şərhi” (yəni mətndən sitat seçilir və nə üçün seçilməsinin səbəbi şərh olunur) kimi qələmə verilməsi doğru sayıla bilməz. Bu, onun imkanlarının məhdudlaşdırılması deməkdir. Şagirdlər bu gündəlikdə (“şərh” bölməsində), yeri gəldikcə, müstəqil aydınlaşdıra bilmədikləri sualları da yazırlar. Eləcə də mətndən seçilərək yazılan qeydlər şagirdlərdə hansı hiss və düşüncə oyadıbsa, həyat təcrübəsi ilə səsləşibsə, yadına müəyyən əhvalat salıbsa və s. gündəliyin şərh bölməsində yazıla bilər. Məhz buna görə də “sitat” və “şərh” sözləri gündəliyin məzmununa uyğun gəlmir.
Təcrübə göstərir ki, cədvəlin birinci tərəfində “əsərdə diqqətimi daha çox cəlb edənlər”, ikinci tərəfdə “bunun səbəbi” yazılması məqsədəuyğundur. “İkihissəli gündəlik” müxtəlif formalarda tətbiq oluna bilər. Şagirdlər mətni oxuya-oxuya gündəlikdə müvafiq qeydlər aparırlar. Əsərin oxusu, qeydlərin aparılması başa çatdıqdan sonra şagirdlər yenidən mətnə müraciət edir, qeydlərini zənginləşdirirlər.
Məsələn, F.Qocanın “Şuşa” şeirinin tədrisində “İkihissəli gündəlik”dən aşağıdakı şəkildə istifadə etmək mümkündür:
HƏR ŞEY VƏTƏN ÜÇÜN .
HƏR ŞEY VƏTƏN ÜÇÜN ! Bloqu GÇH Rəhbərlərinə kömək məqsədilə yaradılmışdır.
Ehtiyyatda olan zabit Vasif RAMAZANOVUN FƏNN KURİKULUMU VƏ VƏTƏNPƏRVƏRLİK BLOGUNA XOŞ GƏLMİSİNİZ!
Dərslik və müəllim üçün metodik vəsaitlərin layihələrinə dair ictimai rəyin öyrənilməsi
2017-2018-ci tədris ilinə ölkənin ümumi təhsil məktəblərinin 10-cu siniflərinin istifadəsi üçün nəzərdə tutulan, ilk dəfə olaraq yeni təhsil proqramları (kurikulumları) əsasında tərtib edilmiş dərsliklərə və həmin dərsliklər üzrə müəllimlərin işləməsi üçün hazırlanmış metodik vəsaitlərə dair ictimai rəyin öyrənilməsi prosesinə başlanılıb.
Bu məqsədlə həmin dərslik və metodik vəsaitlərin layihələri www.trims.edu.az saytının “İctimai müzakirə” bölməsində yerləşdirilir və yaxın müddətdə bütün layihələrin saytda yerləşdirilməsi başa çatacaqdır.
Sayta daxil olaraq “İctimai müzakirə” bölməsində yerləşdirilmiş istənilən dərslik və metodik vəsaitin PDF variantı ilə tanış olmaq, eyni zamanda xüsusi ayrılmış sahədə irad və təklifləri yazmaq mümkündür.
İrad və təkliflər derslik@edu.gov.az elektron poçtuna göndərilməklə də bildirilə bilər.
Təhsil Nazirliyi geniş ictimaiyyəti – sahə mütəxəssislərini, müəllimləri, valideynləri, bir sözlə, bütün vətəndaşları dərslik layihələrinin təkmilləşdirilməsində, rəy, təklif və iradların göndərilməsində fəal olmağa dəvət edir.
10 cu sinif riyaziyyat metodik vəsait pdf
3.1.2. Uzunl uğu məlum olan parçanı, dərəcə ölçüsü verilən bucağı, iki tərəfi və onlar arasında qalan bucağa görə üçbucağı, tərəflərinə görə üçbucağı qurur.
3.1.5. Üçbucaqların tərəflərinə və bucaqlarına görə təsnifatını aparır.
Məqsəd:
1. Üçbucağı tərəflərinə və bucağına görə növlərə ayırır.
2. Üçbucağın daxili bucaqlarını ölçür.
3. İki tərəf və onlar arasındakı bucağa görə üçbucaq qurur.
Mövzu: Üçbucağın qurulması.
İş forması: Cütlərlə iş, kollektiv iş.
İş üsulu: Beyin həmləsi.
İnteqrasiya: Texnologiya, təsviri incəsənət.
Resurs: Kompüter, proyektor, promethean interaktiv löhvəsi, dərslik, metodik vəsait.
İstifadə olunan saytlar: learningapps.org; prometheanplanet.com; bloggif.com
İstifadə olunan proqramlar: Activinspire; Camtasia Studio.
Dərsin gedişi:
Öncə onu qeyd edim ki, bu elektron-resurs Activinspire proqramında hazırlanıb və elektron lövhə üçün nəzərdə tutulub.
Salamlaşma və sinfin təşkilindən sonra dərsin motivasiya mərhələsinə keçid alınır.
Motivasiya (8 dəq):
Üçbucaq haqqında biliklər qısa xatırlanır. Üçbucağın bucaqlarına və tərəflərinə görə növləri müəyyən edilərək cavablar düzbucaqlı çərçivəyə yerləşdirilir.
Bu tapşırığın hazırlanmasında Activinspire proqramının funksiyalarından biri olan konteynerdən istifadə edilib. Belə ki, şagird səhv cavab verdiyi halda çərçivə cavabı qəbul etmir. Bununla da şagird tapşırığı düz və ya səhv yerinə yetirdiyini özü təyin edir (bax: slayd 1).
Növbəti flipçartda hər buludun arxasında bir sual yerləşdirilib. Hər suala uyğun şəkli çəkmək lazımdır.
1. İtibucaqlı üçbucaq çək.
2. Korbucaqlı üçbucaq çək.
3. Düzbucaqlı üçbucaq çək.
Bunun üçün əvvəlcə uyğun çərçivədə ABC işarəsinin üzərinə vurub, sonra təpə nöqtələri lazım olan tərəfə hərəkət etdirilir. Bu flipçartda şagird üçbucağın təxmini çəkilmə qaydasını və növlərini ayırmaq yollarını daha yaxşı mənimsəyir (bax: slayd 2).
Növbəti 2 tapşırıq ikili rejimdə tez bir zaman ərzində həll edilir.
Ulduz üzərinə vurmaqla sual ekrana gəlir:
“Yerdə olan üçbucaqlar içərisində korbucaqlı üçbucaqları tapın”.
Verilən zaman içərisində 2 şagird tərəfindən doğru üçbucaqlar təyin edilir. Nəticədə şagirdlər fiqurları fərqləndirməyi və ətraf mühitlə əlaqələndirməyi bacarırlar (bax: slayd 3).
Üçbucaq üzərində verilmiş kiçik üçbucaqlar uyğun xanalara yerləşdirilir.
1. Üçbucağı tərəflərinə görə ayıraq.
2. Üçbucağı bucaqlarına görə ayıraq.
Lövhəyə 2 şagird çıxarılır. Verilən zaman ərzində şagirdlərdən biri soldakı, digəri sağdakı tapşırığı yerinə yetirir (bax: slayd 4).
Daha sonra Learningapp.org saytında hazırlanmış resurs (puzzle) şagirdlərə təqdim olunur.
Puzzle 12 hissədən ibarətdir. Hər hissədə 1 tapşırıq var, şagirdlər tapşırığı həll etməklə verilən üçbucağın 4 növdən – tərəflərinə görə növləri, bucaqlarına görə növləri, korbucaqlı üçbucaq və düzbucaqlı üçbucaq növlərindən hansına aid olduğunu təyin etməlidir.
Doğru seçim etdikcə tapşırığın arxasında olan şəklin uyğun hissələri açılır. İnteraktiv tapşırıq yerinə yetirildikdən sonra açılan şəkil əsasında tədqiqat sualı qoyulur (bax: slayd 5).
Tədqiqat sualı (7 dəq):
1. Ekranda açılan təsvirin bugünkü dərslə nə əlaqəsi var? (bax: slayd 6).
Cavablar dinlənilir və əlaqə tapıldıqdan sonra aşağıdakı tapşırıqlar şagirdlər tərəfindən həll edilir. Tapşırıqlarda həm üçbucaqlar, həm də ölçülər verilib. Şagirdlər şərtə uyğun üçbucaqları təyin etməlidirlər:
1. İki tərəfinin uzunluğu 7 sm, 8 sm və arasındakı bucaq 100 dərəcə olan üçbucağı tap.
2. İki tərəfinin uzunluğu 4 sm, 4 sm və arasındakı bucaq 80 dərəcə olan üçbucağı tap.
3. İki tərəfinin uzunluğu 5 sm, 7 sm və arasındakı bucaq 60 dərəcə olan üçbucağı tap.
4. İki tərəfinin uzunluğu 6 sm, 6 sm və arasındakı bucaq 80 dərəcə olan üçbucağı tap.
“Ölç və tap!” üzərindən tutmaqla ekranın mərkəzinə səhifəni sürüşdürüb ölçmələr yerinə yetirilir. Şərtlərə uyğun üçbucaqlar təyin edilir. Bucaq və ya tərəfin uzunluğunu ölçmək üçün lazım olacaq transportir və xətkeş səhifənin aşağı sağ küncündə yerləşdirilib.
Ölçmək üçün üzərinə vurmaqla ekrana gətirib istifadə bitdikdən sonra bağlaya bilərsiniz. Düzgün variantlar təyin edildikdən sonra üçbucaqlar olan səhifə kənara çəkilir və verilmiş tapşırıqların qarşısındakı mavi oxları sağa sürüşdürməklə cavabı yoxlamaq olar.
1. Hər tapşırığa 1 dəqiqə vaxt verilir (bax: slayd 7).
Bu tapşırıqlar yerinə yetirildikdən sonra şagirdlərə belə bir sual verilir:
İki tərəf və arasındakı bucaq məlum olduğu halda (üçbucaq məlum deyil) üçbucağı necə qurmaq olar?
Fikirlər dinlənilir. Sonra bu dərsdə qeyd edilən şərtlər daxilində üçbucağın qurulma qaydasının öyrəniləcəyi və qaydaya uyğun qurmalar yerinə yetiriləcəyi şagirdlərin diqqətinə çatdırılır. Üçbucağın iki tərəfinin uzunluğu və onlar arasında qalan bucaq məlum olduğu halda qurulması qaydasını əks etdirən kiçik videofraqment izlənilir.
Tədqiqatın aparılması (8 dəq):
Şagirdlər cütlərə bölünür. Növbəti flipçartdakı tapşırıqlar müəyyən edilmiş zaman ərzində ikili rejimdə yerinə yetirilir. Tapşırıqlar belədir:
I cütlük:
1. Tərəfləri 3 sm, 5 sm və arasında qalan bucaq 70 dərəcə olan ABC üçbucağını qurun.
2. Tərəfləri 3 sm, 4 sm və arasında qalan bucaq 90 dərəcə olan ABC üçbucağını qurun.
II cütlük:
1. Tərəfləri 5 sm, 7 sm və arasında qalan bucaq 80 dərəcə olan ABC üçbucağını qurun.
2. Tərəfləri 3 sm, 6 sm və arasında qalan bucaq 100 dərəcə olan ABC üçbucağını qurun (bax: slayd 8).
İnformasiya mübadiləsi və müzakirə (4 dəq): Bu mərhələdə şagirdlər tədqiqatın gedişində əldə etdikləri informasiyaların mübadiləsini aparırlar.
Ümumiləşdirmə və nəticə (14 dəq): Təqdimatlar müzakirə olunur və ümumiləşdirilərək nəticə çıxarılır.
Sinif iki komandaya ayrılır və yarış keçirilir. Yarış iki mərhələdən ibarətdir:
1-ci mərhələdə hər komanda 3 sualı cavablandırır. Cavablara uyğun olaraq xal qazanır.
I mərhələdə daha çox bal qazanmış komanda II mərhələyə keçir. Bu mərhələdə komanda nömrələnmiş tapşırıqları ardıcıl yerinə yetirməklə pillə-pillə yüksəlir. Əgər tapşırıqlar düzgün yerinə yetirilərsə, sonda komanda qalib elan edilir və mükafatlandırılır. Mükafatlandırma simvolik olaraq aparılır. Əgər sonuncu pillədə sual düzgün qiymətləndirilərsə, pillələri qalxan komandaya kubok verilir.
Bu yarış şagirdlərin dərsə marağını və fəallığını artırmaq məqsədilə təşkil edilir.
Qiymətləndirmə (3 dəq): Şagirdlər təqdimata, standarta əsasən çıxarılmış qiymətləndirmə meyarlarına, cütlərlə işlərində göstərdiyi fəallığa uyğun olaraq qiymətləndirilir.
Yaradıcı tətbiqetmə (1 dəq): Bunun üçün şagirdlərə aşağıdakı tapşırıq verilir: Dəftərdə ixtiyari üçbucaq çəkin və onun iki tərəfinin uzunluğundan 2 sm, arasında qalan bucağın dərəcə ölçüsündən 10 dərəcə böyük olan üçbucağı qurun.
Comments are closed, but trackbacks and pingbacks are open.