5-ci sinif dərsliyində 80 minlik Jaguar – FOTO
Tərcümələrdə də yanlışlığa yol verilib. Məsələn, “miz” sözü “stol” kimi deyil, “stul” kimi göstərilib. “Təəccüblü” sözünün yazılışı və tərcüməsi isə ümumiyyətlə yanlış verilib.
Ədəbiyyat dərsliyi. 8-ci sinif
Bu kitab həmçinin kitabxanalarında mövcuddur. Eyni anda bir neçə kitabxanada qeydiyyatdan keçin və kitabları daha sürətli əldə edin.
- Müddət: 5 s. 24 dəq. 51 san.
- Janar:d igər dərsliklərRedaktə etmək
399 AZN qarşılığında bu va daha 2 kitab
Abunə olmaqla siz hər ay kataloqdan AZN-ə qədər bir kitab və şəxsi seçimdən iki kitab götürə bilərsiniz. Ətraflı
Abunəlik üçün ödəniş etməklə, təklifdə göstərilən ödəniş şərtlərini və onun avtomatik yenilənməsini qəbul edirəm
Ödəmək Ləğv etmək
Kitabın təsviri
Tarixən qədim olan ədəbiyyatımızın müxtəlif dövrlərinə aid bədii nümunələrlə aşağı siniflərdə tanış olmuş, onların oxusu, məzmununun öyrənilməsi, təhlili ilə bağlı bacarıqlara yiyələnmisiniz. Səkkizinci sinifdə isə ədəbiyyatımızın qədim dövrlərdən başlayaraq inkişaf yolunu izləyəcəksiniz. Bu, xalqımızın müxtəlif dönəmlərdə həyatı, yaşayış tərzi, düşüncəsi, qarşılaşdığı problemlər barədə aydın təsəvvür qazanmağınıza imkan verəcəkdir. Bu sinifdə, həmçinin yeni ədəbi növ və janrlarla tanış olacaq, məzmun və forma xüsusiyyətlərinin aydınlaşdırılması, qiymətləndirilməsi ilə bağlı bacarıqlar qazanacaqsınız.
5-ci sinif dərsliyində 80 minlik “Jaguar” – FOTO
“İlk dərs günündə 5-ci sinif üçün “Ədəbiyyat” dərsliyi ilə tanışlıq məqsədilə kitabdan bir-iki şer, hekayə oxumağa başladım. İnsansevərlik bölümündən “Həyat dərsi” hekayəsini də oxudum. Uşaqlar öz “Yaguar” maşını ilə bir əlilə yardım edən iş adamının müzakirəsinə başladılar.
Mən 20 ilin müəllimi kimi uşaqların beyninə bu cür bayağı hekayələrin yeridilməsindən narahatam. Bahalı maşınlardan da, iş adamlarından da yazmaq olar. Amma bu hekayədə yanaşma tərzi yanlışdır. “
Bunu orta məktəb dərsliklərdən narazılıq edən ədəbiyyat müəllimi Natəvan Məmmədova deyir.
. Söhbət 5-ci sinfin “Ədəbiyyat” dərsliyindən gedir. Kitabda nöqsanlar çoxdur. Amma “ibrətamiz” hekayələrdəki hadisələr daha çox diqqət çəkir. Məsələn, dərsliyin 49-cu səhifəsində belə bir “ibrətamiz” hekayə verilib.
“Gənc iş adamı yeni “Yaguar”ı ilə küçədən keçir. Birdən maşının önünə nəyinsə dəydiyini hiss etdi. O, maşını saxladı. Bu, balaca daş idi. Daşın atıldığı tərəfə baxdı. Qarşısında 12-13 yaşında çəlimsiz qız dayanmışdı.
Gənc qışqırmağa başladı:
– Bu zəhrimar daşı niyə atdın? Bilirsən, bu daş mənə neçəyə başa gələcək?”
Hekayənin məğzi gənc iş adamının əlil arabasından yıxılan oğlana kömək etməsi əhvalatından ibarətdir. Gənc iş adamı o qədər humanist olur ki, qiyməti 80000 manat olan maşına dəymiş ziyanı da qızdan istəmir.
Bu mətni müşayiət edən şəkildə “Yaguar XF” markalı avtomobil təsvir olunub. Təsəvvür edirsinizmi? 5-ci sinif şagirdləri üçün!
Qeyd edək ki, dərsliklərin keyfiyyəti artıq neçə ildir tənqid obyektinə çevrilsə də vəziyyət düzəlmir. Hətta Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) monitorinqləri də işə yaramır. Xüsusilə də “Azərbaycan dili və ədəbiyyatı”, “Tarix” dərsliklərində kobud səhvlərə yol verilir.
Virtualaz.org saytı TQDK-ya bununla bağlı orta məktəb müəllimləri və mütəxəssislər tərəfindən ünvanlanan narazılıqların bir neçəsini diqqətə çatdırır.
Göyçay şəhər 6 saylı orta məktəbin müəllimi Şərəbanı Hacıyeva həmin iradları sadalayır:
“Səhifə 14-də “Ana maral” əfsanəsi 6-cı sinif dərsliyində də var. Bu, ciddi qüsurdur.
Səhifə 20-də səhvən belə bir cümlə gedib: “Qoca Salavi yenidən camaatı toplayıb dedi”.
Əslində isə bu adam camaata hələ birinci dəfə müraciət edirdi. Müəlliflər mətndə qısaltma aparıblar, bu səhv də məhz buna görə yaranıb.
Səhifə 23-ə baxın, müəlliflər “yüngül çanta-yüngül xasiyyət” sözünü epitet kimi veriblər.
Səhifə 42-də “Pəri bulağı” əfsanəsindəki əhvalatlar heç inandırıcı səslənmir. Xəstə qız təkbaşına, xəstə halda yola necə çıxır? Xəstənin yorğunluğu xəstə qızdan necə çıxır? O, xəstə ola-ola yoluna yenidən necə davam edə bilərdi? 5-ci sinif şagirdinə qüsurlu əfsanə verilməməlidir. Əsər çox zəif təsir bağışlayır.
Səhifə 87-də azərbaycanlı uşaq erməniyə yalvararaq “Əmi, qurbanın olum” deyir.
Elə yenə həmin hekayədə belə bir cümlə də var: “Arvad-uşağın ah-naləsi, yalvarışları göyə qalxdı”.
Mən bu cümlələrin 5-ci sinif dərsliyində belə verilməsini qəbul edə bilmirəm. 5-ci sinfin şagirdinə bu fikirlər hansı vətənpərvərlik hisslərini aşılaya bilər?
Yenə həmin hekayədə növbəti bir səhv: ermənilər tərəfindən söyüş nöqtələrlə gizlədildiyi halda Zeynəbin söyüşü, yəni Azərbaycan qızının ağzından çıxan söyüş, təəssüf ki, ötürülməyib.
162-ci səhifədə “Ağıllı uşaq” nağılı 6-cı sinifdə də gedib. Bu, artıq ikinci təkrardır.
8-ci sinfin “Ədəbiyyat” dərsliyi də nöqsanlarla boldur:
“Kitabi-Dədə Qorqud” dastanında səhifə 14-də yazılıb ki, “donu qaş-daşla bəzənmiş üç yüz igidi seçdi. “
Həm də bu cümlə Qazan xanın igidləri barədə işlədilir. Dastanın qədim dilimizdən tərcümə edilməsi heç kimə sirr deyil. “Don” sözü niyə tərcümə edilmədən VIII sinif dərsliyinə ötürülüb? Donu igid geyinir, ya qadın-qız? Belə kobud səhvi necə bağışlamaq olar? Əlbəttə, qədim dilimizdə bu sözün paltar mənasında olduğunu bilməmiş də deyilik. Amma donu nə vaxt kişi geyinər – onu da kiçikdən-böyüyə hamı bilir.
Səhifə 58-də “Padişahi-mülk” şeirinin lüğətində ciddi bir səhv var. “Dərviş” sözünün mənası səhvən “yoxsul, fağır” kimi təqdim olunub.
Səhifə 60-da “Padişahi-mülk” şeirinin təhlilində birinci cümlədə müəlliflərin şeri düzgün təhlil edə bilmədikləri dərhal bilinir. Müəllim yazır ki, şeirdə dövrün ən fəlakətli hadisələrindən biri – ardıcıl baş verən qanlı feodal müharibələri tənqid edilir. Əslində şairin ən ümdə, ən vacib olan ideyası özü ilə hökmdarları müqayisə edərək güclü şairin hətta ən qüdrətli hökmdarlardan üstün olmasını bütün dünyaya bəyan etməsidir.
Səhifə 80-də “qaravaş” sözü səhvən “qarabaş” kimi verilib. Həm də bu söz hər yerdə belə səhv gedib.
Səhifə 95-də Molla Pənah Vaqifin həyatı haqqında məlumatda kobud səhvə yol verilib. “Hər yetən gözəl” ifadəsi səhvən Vaqiflə əlaqələndirilib. Bu ifadə isə Aşıq Ələsgərə aiddir.
Səhifə 104-də Qasım bəy Zakirin “Durnalar” şeirində “Nəsib ola bir dəm görəm üzünü” əvəzinə “Həsib ola bir də görəm üzünü” şəklində gedib.
10-cu sinif “Ədəbiyyat” dərsliyindəki iradlar isə o qədər çoxdur ki, yazmaqla bitmir. Yalnız birini təqdim edək
Səhifə 47-də “Xosrov və Şirin” əsərində müəllif yazır: “Hökmdarın ondan məhəbbət mövzusunda əsər – “Həvəsnamə” istəməsindən o qədər də razı qalmayan Nizami çıxış yolunu onda görür ki, özünə qədər bu janrda poema yaratmış müəlliflərdən fərqli olaraq yüngül məhəbbət macəralarının təsvirini verən bir əsər yox, məhəbbətin ecazkar təsiri altında insanın mənəvi-əxlaqi təkamülünü göstərən ölməz poema yaratsın”.
Buna etiraz edilməlidir. Bu yazıya görə dərslik müəllifi üzr istəməlidir. “
Bunlar yalnız bir müəllimin bir fənn üzrə dərsliklərdə gördüyü qüsurlardır. Digər dərsliklərdə də belə nöqsanlar var. Belə ki, Azərbaycan tarixi, riyaziyyat, cəbr, həndəsə və coğrafiya fənlərinin hər bir sinif üzrə dərsliklərində də ciddi yanlışlıqlara yol verilib.
Rusdilli məktəblərdə dərsliklər isə daha bərbad vəziyyətdədir.
Bunu ədəbiyyat müəllimi Nəsibə Quliyeva virtualaz.org saytına müsahibəsində təsdiqləyib: “Konkret olaraq “Ədəbiyyat” dərsliyindən danışım. Kitab tərtib edərkən müəlliflər özlərinə əziyyət verməyiblər. Rusiya məktəblərində tədris olunan kitabların bir abzas burasından, bir abzas o biri səhifəsindən götürüb guya milliləşdiriblər. Tərcümələr bərbad gündədir. İvanı Məmmədlə əvəzləyəndə mətnin Azərbaycan variantı yaratdıqlarını zənn edirlər. Buna görə də az qala hər səhifədə biabırçı səhvlər tapırıq. Bu səhvlərə görə də dərs dediyimiz uşaqlardan utanırıq”.
N.Quliyevanın sözlərinə görə, Rusiya, Türkiyə və digər ölkələrin dərsliklərində də nöqsanlar olur: “Məsələn, Türkiyədə ibtidai sinif dərsliklərini ibtidai sinif müəllimləri hazırlayırlar. Bizdə dərslikləri yazanlar isə ya professorlar, dosentlər olur, ya Təhsil Nazirliyinin əməkdaşları, ya da kimlərinsə adamları. Dərslik yazmaq üçün səviyyəli mütəxəssis olmalısan. Rus dilini mükəmməl bilənlərin sayı ildən-ilə azalır. Dərslik müəllifinə kifayət qədər yaxşı pul verirlər. Onlar da tənbəllik etmədən bir-iki manata tərcüməçi tutub oradan-buradan köçürməklə kitab ərsəyə gətirirlər”.
Qeyd edək ki, TQDK 2012-ci ildə təlim rus dilində olan ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün “Azərbaycan dili” dərsliyinin monitorinqini aparıb. Həmmüəllifləri Həvva Abdullayeva, İradə Əfəndiyeva və Məlahət Ələsgərova olan kitabda ciddi nöqsanlar aşkarlanıb.
Monitorinqin nəticələrinə görə, dərslikdə isim, sifət, say və əvəzliklə bağlı təqdim olunan nəzəri məlumatlar standartlara uyğun deyil.
Həmin dərsliyin 6-cı səhifəsində 4-cü tapşırıq anlaşılmır. Tapşırığın şərti 5-ci siniflərə uyğun deyil. Bir dərs üçün 13 tapşırıq verilir ki, bu da bir dərs üçün çoxdur.
Tərcümələrdə də yanlışlığa yol verilib. Məsələn, “miz” sözü “stol” kimi deyil, “stul” kimi göstərilib. “Təəccüblü” sözünün yazılışı və tərcüməsi isə ümumiyyətlə yanlış verilib.
Yanlışlıqlardan biri də dərslikdə adı keçən şair və yazıçıların uşaqlıq həyatı, yaradıcılığı haqqında düzgün məlumat verilməməsidir. Dərslikdəki şəkillər yazıya uyğun seçilməyib, kitabda rənglər solğun və keyfiyyətsizdir və s.
Maraqlıdır ki, TQDK dərsliyin ön səhifəsində verilmiş Azərbaycanın dövlət himninin mətnində də yanlışlıqların olduğunu bildirib. Belə ki, himnin adı ixtisar olunub, himnin bəstəkarı Üzeyir Hacıbəyovun soyadı yanlış verilib. Dövlət gerbinin rəngli təsviri isə “Azərbaycan Respublikasının “Dövlət gerbi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 1993-cü il, 23 fevral tarixli qanununun tələblərinə uyğun çap olunmayıb.
Dərsliklərdəki qüsur və yanlışlıqlar bununla da bitmir. Lakin bir məsələni də qeyd edək ki, TQDK-nın iradları sabiq təhsil naziri Misir Mərdanova yönəlmiş tənqid və iki qurum arasında mübahisənin təzahürü kimi qəbul olunurdu. Mikayıl Cabbarov nazir təyin ediləndən sonra dərsliklər haqqında mənfi fikir söyləməklə TQDK sədri Məleykə Abbaszadənin rəhbərlik etdiyi quruma haqq qazandırmış oldu.
Amma yeni nazirin dövründə də dərsliklərdəki problemlər çözülməmiş qalır. Bu isə onu göstərir ki, illərdir təhsilin üzərinə kabus kimi çökmüş bu ənənəni aradan qaldırmaq üçün hələ uzun illər çalışmaq lazımdır. Yəni ən azı 2-3 nəsil bu cür dərsliklərlə yola verilməlidir.
Qeyd edək ki, dərsliklərə Təhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsi nəzarət edir. Bundan əlavə, nazirliyin tabeliyində Dərslikləri Qiymətləndirmə Şurası (DQŞ) da fəaliyyət göstərir.
Ekspertlərin fikrincə, bu qüsurlara görə ilk məsuliyyət yükü DQŞ-nin üzərinə düşür. Onlar deyir ki, dərsliklərdəki ağrılı problemləri aradan qaldırmaq üçün müəlliflərə də nəzər salmaq lazımdır.
Təhsil eksperti Fəxrəddin Yusifov dərsliklərdəki mətnlərin müəyyən standartlar çərçivəsində hazırlanmasının vacibliyini önə çəkir: “Məqsədlərdən biri şəxsiyyətin yetişdirilməsidir. Amma dərsliklər dövlət standartlarına uyğun yazılmır. 5-6-cı siniflər üçün nəzərdə tutulan dərsliklərdə xəstə təxəyyülün məhsulu olan materiallar var. Sizin dediyiniz ibrətamiz hekayədə də yanaşma tərzi yanlışdır. 5-ci sinif “Ədəbiyyat” dərsliyinin müəllifi Təhsil Nazirliyinin əməkdaşıdır. Belə bayağı və savadsız mətnlər uşaqlara heç nəyi aşılamır”.
TQDK-nın keçmiş sədri, təhsil üzrə ekspert Vurğun Əyyub da dərsliklərdən narazıdır: “Dərsliklər qüsurludur. Çünki dərsliklərin yazılması üzrə tenderlər saxta və formal şəkildə həyata keçirilir. Azərbaycan ədəbiyyatında gözəl nümunələr var. Lakin orta məktəb dərsliklərinə elə bədii parçalar, elə adamların adı salınır ki, onları heç oxumaq da istəmirsən”.
“XXI əsr” Təhsil Mərkəzinin rəhbəri, tanınmış təhsil eksperti, fəlsəfə doktoru Etibar Əliyevin fikrincə, DQŞ dərsliklərlə bağlı ictimaiyyəti mütəmadi olaraq məlumatlandırmalı, nöqsanların aradan qaldırılıb-qaldırılmadığının hesabatını verməlidir: “Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 20-yə yaxın dərsliyi yararsız hesab etmişdi. Təhsil Nazirliyinin Dərsliklərin Qiymətləndirilməsi Şurasına tövsiyələr verilmişdi. Nöqsanları aşkarlanan dərsliklərin müəllifi növbəti dəfə müəllif ola bilməz. Yəni mən bu müəlliflərin kənarlaşdırılmasının tərəfdarıyam”.
Ekspertin sözlərinə görə, müəllif seçimi zamanı yanlışlıqlara yol verilib: “Riyaziyyat fənnindən 14 dərsliyin müəllifi Misir Mərdanov olub. Həmin dərsliklərdən hələ də istifadə edilir. Bu dərsliklərdə ciddi nöqsanlar aşkarlanmışdı. Misir Mərdanov müəllif olduğundan digər müəlliflər riyaziyyat dərsliklərinin yazılmasında iştirak etmirdilər.
“Ədəbiyyat” dərsliyinin müəlliflərindən biri deputat Nizami Cəfərovdur. Nizami Cəfərov güclü alimdir, amma o, dilçidir, ədəbiyyatçı deyil. Eləcə də “İnsan və cəmiyyət” dərsliyində ciddi nöqsanlar var. Həmin dərsliyin müəllifi isə deputat Bəxtiyar Əliyevdir”.
E.Əliyev ciddi nöqsanlar aşkarlanmış dərsliklərin yenidən hazırlanmasını vacib sayır: “Məsələn, sizin dediyiniz bayağı “ibrətamiz” hekayələr və ona bənzər tədris materialları dərsliklərdən mütləq çıxarılmalıdır. Belə müəlliflər dərsliklərin hazırlanması prosesinə yaxın buraxılmamalıdır. Dərsliklərin hazırlanması üçün keçirilən tenderlərə də ciddi nəzarət edilməlidir”.
Orta məktəbin tarix müəllimi Səmayə Nəbiyeva da bu fikirdədir: “Dərsliklər bizim yaralı yerimizdir. Vaxtilə bütün dərsliklər Rusiyada hazırlanıb Azərbaycana gətirilirdi. Amma Azərbaycan dili, ədəbiyyatı və tarixi fənni üzrə dərsliklər Azərbaycanda hazırlanırdı. İndi bəyənmədikləri sovetlər dönəmində dərslik yazmaq təcrübəsi vardı, hər yoldan keçən adam dərslik yaza bilməzdi. Dərslik yazmaq üçün fənni mükəmməl bilmək də kifayət deyil. Bunun üçün həm pedaqoq, həm də psixoloq olmalı idin. Dərsliklərə nəzarət edən xüsusi inistitutlar vardı, orada nöqsanlar müzakirə edilirdi, nöqsanlara görə cəzalandırma ənənəsi və mexanizmi də mövcud idi”.
S.Nəbiyevanın fikrincə, Təhsil Nazirliyi və ya TQDK-nın arqumentləri nə müəllimlər, nə də şagirdlər üçün maraqlı deyil: “Biri deyir dərsliyin hazırlanma prosesi ağırdır, biri deyir kitab yazmağa müəllif tapmırıq, o biri də səhvləri nəşriyyatların, korrektorların üstünə atır. Axı bu səbəblər lap real olsa belə uşaqları maraqlandırmır. Zaman bizi gözləmir ki, tərəflər bir-birini ittiham edib sakitləşəcək, dərslik keyfiyyətli yazılacaq. Şagirdə maraqlı olan əlindəki vəsaitdir”.
Müəllim və ekspertlərin tənqidi fikir söylədiyi 5-ci sinif “Ədəbiyyat” dərsliyinin müəlliflərindən biri, Təhsil Nazirliyinin işçisi (!-red.) Afət Süleymanova virtualaz.org saytına açıqlamasında “Yaguar” əhvalatının yer aldığı dərslikdəki “ibrətamiz” hekayələrlə bağlı iradlara münasibət bildirib: “Bu hekayələr real hadisələrdən götürülərək yazılıb. Biz iş adamının əlilə köməyi haqdakı hekayəni internetdən götürmüşük. Həmin hekayənin tədrisi Əlillər gününə təsadüf edəcək”.
A.Süleymanova daha bir qəribə arqument gətirdi. O, dərslik hazırlanarkən yalnız Azərbaycan Yazıçılar Birliyinin üzvü olan ədiblərin yazılarından istifadə edildiyini dedi: “Yazıçı Yazıçılar Birliyinin üzvü deyilsə, onun hekayələrini vermirik. Biz bu hekayə ilə deyirik ki, kim olursan ol, amma insana yardım et. Bu hekayələr həyatı öyrədən parçalardır. Bəzən əlilləri ələ salırlar, onlara düzgün münasibət göstərmirlər, bu isə vaxtında tərbiyə almamağın nümunəsidir. Kim olursa olsun, əlilə kömək etməlidir”.
Necə deyərlər, şərhsiz.
Qeyd edək ki, ötən il TQDK ümumilikdə 12 adda dərsliyi təhsilə yararsız hesab etmişdi. Təhsil Nazirliyi isə bu il 271 adda 7,8 milyon ədəd dərslik çap etdirib. Bu kitablar bəzi siniflər üçün tam yeni, qalanları üçünsə təkrar nəşr olub. Beləliklə, bu il kitab çapına 15 milyon manatdan çox vəsait xərclənib.
. Biz yalnız dərsliklərdəki nöqsanlardan danışdıq. Hələ texniki-poliqrafik qüsurlardan – kitabların tez bir zamanda cırılıb korlanmasından, səhifələrin keyfiyyətsiz yapışdırıcı ilə yapışdırılmasından, solğun rənglərdən danışmırıq. Çünki nazirlik “bəy verən atın dişinə baxmazlar” deyir.
P.S. Biz hələ pulsuz dərsliklərin mağazalara necə yol tapdığını, 5-8 manata satıldığını xatırlatmaq istəmədik.
Milli.Az
Böyütmək üçün şəklə klikləyin.
Comments are closed, but trackbacks and pingbacks are open.