31 mart – tarixi yaddaşımızdan silinməyən soyqırımı
Prezident İlham Əliyevin 2018-ci il yanvarın 28-də imzaladığı Sərəncama əsasən, 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi təkcə Azərbaycanda deyil, dünyanın bir çox guşələrində yaşayan həmvətənlərimiz, diaspor təşkilatları, xaricdəki səfirliklərimiz tərəfindən geniş qeyd olunub. Erməni-bolşevik silahlı dəstələrinin 102 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə KİV-lərdə məqalələr dərc edilir.
31 mart – Azərbaycanlıların Soyqırımı Günüdür
31 mart – Azərbaycanlıların Soyqırımı Günüdür. Bu tarixdə 1918-ci ilin martında ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş qanlı qırğın qurbanlarının xatirəsi anılır.
Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilib. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır.
Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırım da tarixin açılmamış səhifələrindən biridir.
1813 və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoydu. Azərbaycan xalqının bu milli faciəsinin davamı kimi onun torpaqlarının zəbti başlandı. Qısa bir müddətdə bu siyasət gerçəkləşdirilərək ermənilərin Azərbaycan torpaqlarına kütləvi surətdə köçürülməsi həyata keçirildi. Soyqırım Azərbaycan torpaqlarının işğalının ayrılmaz bir hissəsinə çevrildi.
İrəvan, Naxçıvan və Qarabağ xanlıqları ərazilərində məskunlaşdırılan ermənilərin orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq, öz havadarlarının himayəsi altında “erməni vilayəti” adlandırılan inzibati bölgünün yaradılmasına nail oldular. Belə süni ərazi bölgüsü ilə əslində azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin bünövrəsi qoyuldu. “Böyük Ermənistan” ideyaları təbliğ olunmağa başlandı. Bu uydurma dövlətin Azərbaycan torpaqlarında yaradılmasına bəraət qazandırmaq məqsədilə erməni xalqının tarixinin saxtalaşdırılmasına yönəlmiş genişmiqyaslı proqramlar reallaşdırıldı. Azərbaycanın və ümumən Qafqaz tarixinin təhrif olunması həmin proqramların mühüm tərkib hissəsini təşkil edirdi.
“Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarlar 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki qədim Azərbaycan torpaqlarını əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə-yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün siyasi-hüquqi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin avantürist torpaq iddialarını pərdələmişdilər.
Birinci Dünya müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular. 1918-ci ilin mart ayından etibarən əks-inqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olundu. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edildi. Ermənilər evlərə od vurub insanları diri-diri yandırdılar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıdıb Bakının böyük bir hissəsini xarabalığa çevirdilər.
Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirildi. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirildi, kəndlər yandırıldı, milli mədəniyyət abidələri dağıdılıb məhv edildi.
1918-ci ilin mart qırğınları millətçi ermənilər tərəfindən azərbaycanlılara qarşı irqi ayrı-seçkilik və etnik təmizləmə siyasəti əsasında əvvəlcədən hazırlanmış və qəddarcasına həyata keçirilən siyasət idi.
1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda xüsusi qəddarlıqla törədilən kütləvi qırğınlarda Bakı Sovetinin 6000 və Daşnaksütyun partiyasının 4000 silahlı əsgəri iştirak edib.
Azərbaycanlılara qarşı törədilən soyqırım Bakı ilə yanaşı, Şamaxı, Quba, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan və Qars bölgələrini də əhatə etdi. 1918-ci ilin ilk beş ayı ərzində təkcə Qubada xüsusi vəhşiliklə 16 mindən artıq insan öldürüldü. Ermənilər, həmçinin Qubada yaşayan yerli yəhudi və ləzgilərə qarşı qətliam törətdilər. Quba rayonu ərazisində 2007-ci ildə aşkar olunmuş kütləvi məzarlıq ermənilərin törətdiyi qeyri-insani əməllərin əyani sübutunu təşkil edir.
Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət ayrıldı. Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədilə Fövqəladə istintaq komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. Fövqəladə istintaq komissiyası sübutlar əsasında dinc əhaliyə qarşı müxtəlif cinayətlərə görə təqsirləndirilən 194 nəfər barəsində cinayət işi açdı və törətdikləri cinayətlərə görə Bakıda 24 və Şamaxıda təxminən 100 nəfər həbs olundu.
1919 və 1920-ci il martın 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Ümummilli Matəm Günü kimi qeyd edildi. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırım və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi.
Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra torpaqlarını Ermənistan SSR-in ərazisi elan etdilər. Sonrakı dövrdə bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl atdılar. Bunun üçün onlar SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” xüsusi qərarına və 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail oldular.
Erməni millətçilər öz havadarlarının köməyi ilə 1950-ci illərdən etibarən Azərbaycan xalqına qarşı kəskin mənəvi təcavüz kampaniyasına başladılar. Keçmiş sovet məkanında müntəzəm şəkildə yayılan kitab, jurnal və qəzetlərdə milli mədəniyyətimizin, klassik irsimizin, memarlıq abidələrimizin ən nəfis nümunələrinin erməni xalqına mənsub olduğunu sübut etməyə çalışırdılar. Eyni zamanda, onlar tərəfindən bütün dünyada azərbaycanlıların mənfi obrazını formalaşdırmaq cəhdləri də güclənirdi. “Yazıq, məzlum erməni xalqı”nın surətini yaradaraq əsrin əvvəlində regionda baş verən hadisələr şüurlu surətdə təhrif olunur, azərbaycanlılara qarşı soyqırım törədənlər soyqırım qurbanları kimi qələmə verilirdi.
XX əsrin əvvəllərindən etibarən əhalisinin əksəriyyəti azərbaycanlı olan İrəvan şəhərindən və Ermənistan SSR-nin digər bölgələrindən soydaşlarımız təqiblərə məruz qalaraq kütləvi surətdə qovulurdu. Azərbaycanlıların hüquqları ermənilər tərəfindən kobudcasına pozulur, ana dilində təhsil almasına əngəllər törədilir, onlara qarşı repressiyalar həyata keçirilirdi. Azərbaycan kəndlərinin tarixi adları dəyişdirilir, toponimika tarixində misli görünməmiş qədim toponimlərin müasir adlarla əvəzolunma prosesi baş verirdi.
Saxtalaşdırılmış erməni tarixi gənc ermənilərin şovinist ruhda böyüməsinə zəmin yaratmaq üçün dövlət siyasəti səviyyəsinə qaldırılırdı. Böyük humanist ideallara xidmət edən Azərbaycan ədəbiyyatı və mədəniyyəti ruhunda tərbiyə olunmuş yeni nəslimiz ekstremist erməni ideologiyasının təqiblərinə məruz qalırdı.
Azərbaycan xalqının mənəviyyatına, milli qüruruna və mənliyinə yönəlmiş böhtanlar siyasi və hərbi təcavüz üçün ideoloji zəmin yaradırdı. Xalqımıza qarşı aparılan soyqırım siyasəti özünün siyasi-hüquqi qiymətini tapmadığı üçün tarixi faktlar sovet mətbuatında ermənilər tərəfindən təhrif olunur və ictimai fikir çaşdırılırdı. Ermənilərin sovet rejimindən bəhrələnərək həyata keçirdikləri və 1980-ci illərin ortalarında daha da güclənən anti-Azərbaycan təbliğatına Azərbaycan Respublikasının rəhbərliyi vaxtında lazımi qiyməti vermədi.
1988-ci ildən ortaya atılan Dağlıq Qarabağ münaqişəsinin ilkin mərhələsində yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından qovulmasına da respublikada düzgün siyasi qiymət verilmədi. Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-nin tərkibinə daxil edilməsi haqqında ermənilərin qeyri-konstitusion qərarını və Moskvanın əslində bu vilayəti Xüsusi idarəetmə komitəsi vasitəsilə Azərbaycanın tabeliyindən çıxarmasını xalqımız ciddi narazılıqla qarşıladı və mühüm siyasi aksiyalara əl atmaq məcburiyyəti qarşısında qaldı. Respublikada keçirilən mitinqlər zamanı torpaqlarımızın işğalı siyasəti qətiyyətlə pislənsə də, Azərbaycan rəhbərliyi öz passiv mövqeyindən əl çəkmədi. Məhz elə bunun nəticəsi olaraq 1990-cı ilin yanvar ayında getdikcə güclənən xalq hərəkatını boğmaq məqsədilə Bakıya qoşunlar yeridildi, yüzlərlə azərbaycanlı məhv və şikəst edildi, yaralandı, digər fiziki təzyiqlərə məruz qaldı.
1992-ci ilin fevral ayında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməmiş divan tutdu. Tariximizə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə-yeksan edilməsi ilə qurtardı.
Millətçi-separatçı ermənilərin Dağlıq Qarabağda başladığı avantürist hərəkatın nəticəsi olaraq, bir milyondan artıq soydaşımız erməni qəsbkarlar tərəfindən öz doğma yurd-yuvalarından didərgin salınıb çadırlarda yaşamağa məhkum edilmişdi. Ərazimizin 20 faizinin erməni silahlı qüvvələri tərəfindən işğalı zamanı minlərlə vətəndaşımız şəhid oldu, xəsarət aldı.
Artıq bütün şəhidlərimizin ruhu şaddır. Çünki onların uğrunda canlarından keçdiyi Azərbaycan 44 günlük Vətən müharibəsindən qalib çıxaraq öz ərazi bütövlüyünü bərpa etdi.
Milli.Az
31 mart – tarixi yaddaşımızdan silinməyən soyqırımı
Son iki yüz ildə Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımları, müsibətlərlə dolu səhifələr də yazılıb. Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında yaşanmışdı. Sovet hakimiyyəti dövründə təxminən 70 il xalqın qan yaddaşını silməyə aramsız cəhdlər göstərilsə də, bu, mümkün olmadı və nəhayət, həqiqət anı yetişdi.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı yarandı. İndi uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər bir-bir açılır. Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi.
1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Əllərinə düşən fürsətdən istifadə edən ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirdilər, diri-diri yandırdılar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtdılar. Bakının böyük bir hissəsini xarabalığa çevirdilər. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirildi. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirildi, şəhər və kəndlər yandırıldı, milli mədəniyyət abidələri dağıdılıb məhv edildi.
Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiya mart soyqırımını – ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. Martın 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü elan olundu. Bununla da azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət verməyə cəhd göstərildi. Lakin Cümhuriyyətin süqutu bu sahədə başlanmış işi yarımçıq qoydu.
Ermənilərin azərbaycanlılara qarşı soyqırımları XX əsrin sonlarında bir daha təkrarlandı. 1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutdu. Bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə-yeksan edilməsi ilə nəticələndi. Millətçi-separatçı ermənilərin Dağlıq Qarabağda başladığı avantürist hərəkətin nəticəsi olaraq bu gün bir milyondan artıq soydaşımız öz doğma yurd-yuvalarından didərgin salınıb. Ərazimizin 20 faizinin erməni silahlı qüvvələri tərəfindən işğalı zamanı minlərlə vətəndaşımız şəhid olub. Ulu öndər Heydər Əliyev həmin tarixi Fərmanında ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələləri diqqətə çatdırılır. Qeyd olunur ki, Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir.
Tarixin səhifələri vərəqləndikcə yeni-yeni faktlar, erməni vəhşiliyinin tükürpədən səhnələri üzə çıxır. Son vaxtlar məlumatların dəqiqləşdirilməsi istiqamətində axtarışlar genişləndirilir. Təkzibolunmaz arxiv sənədləri, soyqırımlarını təsdiqləyən çoxsaylı dəlil-sübutlar aşkarlanır.
Məsələn, Şamaxıda 1918-ci ilin mart-aprel aylarında öldürülənlərin sayına gəlincə, bəzi məlumatlarda bu rəqəmin 7 min, bəzilərində 8-12 min, hətta 40 min olduğu göstərilir. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən yaradılan Fövqəladə İstintaq Komissiyasının sənədlərində 1918-ci ilin mart-aprel aylarında Şamaxı qəzasında azərbaycanlılar yaşayan 58 kəndə ermənilərin hücumu zamanı 3632 kişinin, 1771 qadının, 956 uşağın vəhşicəsinə öldürüldüyü qeyd olunurdu. Lakin ekspertlərin digər arxiv sənədləri əsasında apardıqları hesablamalara görə, Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlı qətlə yetirilib. Onlardan 4190 nəfəri kişi, 2560 nəfəri qadın, 1277 nəfəri uşaq olub. Digər bir mənbədə isə Şamaxının 72 kəndində ermənilərin 7 min nəfəri, o cümlədən 1653 qadın və 965 uşağı öldürdüyü bildirilir. Fövqəladə İstintaq Komissiyası tərəfindən həmin dövrdə Şamaxı qəzasındakı 120 kəndin 86-sının erməni təcavüzünə məruz qaldığı təsdiqlənib. Komissiya öz işini dayandırdığından digər 34 kənd haqqında məlumat toplamaq mümkün olmayıb.
Şamaxıda 1918-ci ilin mart-aprel aylarında öldürülənlərin sayının dəqiqləşdirilməsi ilə bağlı ötən əsrin 90-cı illərindən etibarən yerli tədqiqatçılar da bir sıra araşdırmalar aparıblar. Onların tədqiqatı nəticəsində (yüz nəfərə yaxın şahiddən toplanan xatirə və məlumatlar) müəyyən edilib ki, erməni cinayətkarları – S.Şaumyan, S.Lalayev, Z.Arestisyan, T.Əmirov və A.Əmiryan qardaşlarının rəhbərliyi ilə Şamaxı şəhərində təqribən 14-16 min, onun 40 kənd və obasında 6-8 min nəfər qətlə yetirilib. Şamaxı qəzasından didərgin düşənlərin sayı isə 18 min nəfərdən çox olub.
N.Nərimanov Şamaxı qırğını haqqında belə yazırdı: “T.Əmirovun və S.Lalayevin əvvəllər Bakıda olan silahlı dəstələri yaşına və cinsinə məhəl qoymadan bütün azərbaycanlıları öldürdülər. Onlar hələ dünyada görünməmiş bir cinayət törətdilər, uşaqları süngü və qılıncdan keçirir, adamları məscidə toplayıb kerosin töküb yandırırdılar. Mənim üçün aydın oldu ki, Bakıda sovet hakimiyyəti daşnaklardan asılıdır. Bu da aydındır ki, erməni bandaları tərəfindən azərbaycanlı əhaliyə edilən bu qədər zülmdən sonra Azərbaycan proletariatının sovet hakimiyyətindən üz döndərməyə, öz burjuaziyasının hamiliyi altına keçərək, ondan və Türkiyədən kömək gözləməyə haqqı var idi”.
Həmin dəhşətli günlərin şahidi olmuş alman A.Y.Kluqe qeyd edirdi ki, ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdı. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər.
M.Ə.Rəsulzadə A.Y.Kluqeyə istinadla yazırdı: “Kluqenin, digər əcnəbilərin o günlərin xatirəsi olmaq üzrə almış olduqları və bu gün əllərdə mövcud olan fotolar çox faciəli mənzərələri əks etdirir. Bir yığın qızlı-erkəkli cocuq ölüləri üzərində qocaman çoban köpəkləri bu məsum yavruları gəmirir. Çılpaq bir qadın yerə sərilmiş, ölmüş. bu ölü vücudun qurumuş məməsini canlı bir yavru əmməkdədir. ”.
Bakıda təkcə bir həftə ərzində 12 mindən çox insan, əksəriyyətini dinc sakinlər təşkil edən və əsas etibarilə müsəlman əhali vəhşicəsinə qətlə yetirilmişdi. Bolşevik-daşnak dəstələri hətta azərbaycanlılara həlak olmuş yaxınlarını dəfn etməyə icazə vermirdi. Onlar cəsədləri yanan binalara atır, quyulara, dənizə tökürdülər. Bakıda Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin tam hakimiyyətinin bərqərar olması qurbanların dəqiq sayının hesablanmasına imkan vermədi. Lakin İranın Bakıdakı konsulu Məhəmməd Səid-ol Vesarə Marağeyinin yazdığına görə, təkcə onun yaratdığı xüsusi komissiya tərəfindən Bakının küçə və həyətlərindən 5000-dən çox müsəlmanın meyiti toplanmış və dəfn olunmuşdu. Menşeviklərin “Naş qolos” qəzeti həmin günləri belə təsvir edirdi: “Hər tərəf meyitlərlə doludur – yanıb kül olmuş, doğranmış, eybəcər hala salınmış meyitlər…”.
Britaniya briqada generalı R.Qortonun Londona göndərdiyi 1918-ci il 8 dekabr tarixli sənəddə 20 min, Fövqəladə İstintaq Komissiyasının sənədlərində 30 min, Azərbaycan Respublikası Milli Məclisinin nəşr etdiyi kitabda isə 50 mindən çox müsəlmanın soyqırımına məruz qaldığı göstərilir. Yəqin ki, bu da son rəqəmlər deyil.
Paris Sülh konfransında Azərbaycan nümayəndə heyətinin rəhbəri Ə.Topçubaşov ABŞ Prezidenti V.Vilsona 1919-cu il 28 may tarixli müraciətində ona digər sənədlərlə yanaşı, Fövqəladə İstintaq Komissiyasının materiallarını da təqdim etmişdi. Bundan sonra obyektiv informasiya toplamaq üçün Cənubi Qafqaza ABŞ nümayəndə heyətinin göndərilməsi məqsədəuyğun sayılmışdı. Həmin ilin yayında Bakıya göndərilən general Harbord hadisələr barədə obyektiv məlumat toplamaq üçün müxtəlif şəxslərlə görüşmüşdü. Ümumiyyətlə, Bakıda fəaliyyət göstərən rus və erməni təşkilatları Fövqəladə İstintaq Komissiyasının normal işinə maneələr törədir, təzyiq kampaniyaları təşkil edirdilər. Lakin bütün çətinliklərə baxmayaraq, komissiya qısa müddətdə çox böyük işlər görə bildi.
Tarix 74 il sonra yenidən təkrarlandı. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində ermənilərin zaman-zaman törətdikləri qanlı qırğınların davamı olan daha bir dəhşətli soyqırımı baş verdi. Hücum zamanı şəhərdəki 3 min nəfərdən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürüldü, 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralandı, 1275 nəfər girov götürüldü və insanı alçaldan işgəncələrə məruz qaldı.
Xocalı haqqında həqiqətlərin dünyaya çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır. Bu sahədə məqsədyönlü fəaliyyət ümummilli lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra başlanıb. Ulu Öndərin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib, fevralın 26-sı Xocalı Soyqırımı Günü elan edilib. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə təbliğat işində xüsusi mərhələ təşkil edir. Faciə ilə əlaqədar dəhşətli faktlar bu kampaniya çərçivəsində geniş beynəlxalq ictimaiyyətə çatdırılır, planetin bütün guşələrində milyonlarla insan erməni millətçilərinin əsl simasına bələd olur, Xocalı faciəsini soyqırımı kimi tanıyan dövlətlərin, beynəlxalq təşkilatların sayı getdikcə artır. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, ABŞ-ın iyirmidən çox ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər.
Ulu öndər Heydər Əliyevin tarixi Fərmanından ötən illər ərzində aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb, Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirir.
Prezident İlham Əliyevin 2018-ci il yanvarın 28-də imzaladığı Sərəncama əsasən, 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi təkcə Azərbaycanda deyil, dünyanın bir çox guşələrində yaşayan həmvətənlərimiz, diaspor təşkilatları, xaricdəki səfirliklərimiz tərəfindən geniş qeyd olunub. Erməni-bolşevik silahlı dəstələrinin 102 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə KİV-lərdə məqalələr dərc edilir.
31 mart – azərbaycanlıların soyqırımı: tariximizin qanlı salnaməsi
1918-ci ilin mart ayında yaranmış mürəkkəb şəraitdə Azərbaycanın müxtəlif yerlərində erməni-daşnak və bolşevik dəstələri azərbaycanlı əhaliyə qarşı kütləvi qırğınlar törətdilər. Anadoluda soyqırımları törətdiklərinə görə cəzasız qalmayacaqlarından təşvişə düşən erməni-daşnak dəstələri rus Qafqaz cəbhəsi dağıldıqdan sonra ordu hissələri ilə birlikdə Cənubi Qafqaza gəldilər. Həmin vaxt regionda anarxiya hökm sürürdü. Qafqaz cəbhəsindən qayıdaraq Bakıdan keçib Rusiyaya getməli olan rus əsgərləri yolboyu Azərbaycan kəndlərini talan edir, aclıq və səfalət içərisində olduqlarından Bakı Sovetinin xidmətində qalmağı vətənə dönməkdən üstün tuturdular. Ordu silah və sursatını ermənilərə və Bakı bolşeviklərinə vermişdi. Onlar 1917-ci ilin payızından etibarən Cənubi Qafqazda – tarixi Azərbaycan torpağı olan İrəvan quberniyasında (indiki Ermənistanda), Cənubi Azərbaycanda, Borçalıda və indiki Azərbaycan Respublikası ərazisində qırğınlar törətdilər. Erməni silahlı qüvvələrinin dinc azərbaycanlı əhaliyə qarşı törədikləri kütləvi qırğınların zirvə nöqtəsi 1918-ci ilin martında oldu. Martın 30-da axşamüstü S.Şaumyan başda olmaqla Bakı Soveti və erməni-daşnak dəstələri tərəfindən dinc türk və müsəlman əhaliyə qarşı kütləvi soyqırımına başlandı.
AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Murtəza Həsənovun 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı yazısını təqdim edir.
Soyqırımı – etnik, irqi, dini və ya milli qrupun düşünülmüş və sistematik şəkildə tam və ya qismən məhv edilməsidir. Bu, soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın ikinci maddəsində “milli, etnik, irqi və ya dini qrupu tamamilə və ya qismən məhv etmək niyyətilə törədilmiş aşağıdakı hərəkətlərdən – qrup üzvlərini öldürmək, qrup üzvlərinə ciddi fiziki və ya mənəvi ziyan vurmaq, qrupun tam və ya qismən fiziki məhvi məqsədilə qrupda həyat şərtlərini düşünülmüş şəkildə aşağı salmaq, qrupda olacaq doğumların qarşısını almaq üçün tədbirlər görmək və uşaqları bir qrupdan zorla digər qrupa köçürmək” kimi nəzərdə tutulub.
Konvensiyanın preambulasında soyqırımı yalnız beynəlxalq hüquq üzrə, BMT-nin mahiyyətinə və məqsədlərinə zidd, sivil dünya tərəfindən cinayət hesab edilmir, həmçinin bütün tarixi dövrlərdə soyqırımı bəşəriyyətin amansız böyük itkisi sayılır.
Beynəlxalq hüquq normalarına görə, soyqırımı törətmiş şəxslərin cinayət mühakiməsi və cəzalandırılması labüddür. Beynəlxalq hüquq soyqırımı cinayətinin anlayışını müəyyən etməklə yanaşı, həmin cinayəti törətmiş şəxslərin məsuliyyətini də müəyyənləşdirir. Belə ki, Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın 5-ci maddəsinə əsasən, iştirakçı dövlətlər soyqırımı cinayətini törətməkdə təqsirli olan şəxslərin cəzalandırılması üçün təsirli tədbir görməlidirlər. Konvensiyanın 6-cı maddəsinə görə, həmin şəxslər dövlətin ərazisində səlahiyyətli məhkəmələrdə mühakimə olunmayıbsa, beynəlxalq məhkəmə tərəfindən mühakimə edilməlidir. Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gücləndirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən, min illər boyu yaşadıqları tarixi torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalıb, xalqımıza məxsus minlərlə tarixi mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilib.
Hələ XIX əsrin əvvəllərindən başlayaraq Qafqazda kütləvi şəkildə məskunlaşdırılan ermənilər az müddət sonra bölgəni, sözün əsl mənasında, “qan çanağı”na çevirdilər. Ermənilərin “böyük Ermənistan” yaratmaq kimi qondarma ideyanın gerçəkləşməsi yolunda atdıqları addımlar azərbaycanlılara qarşı kütləvi qətllərin və soyqırımı aktlarının reallaşması ilə nəticələndi.
XX əsrin əvvəllərində ermənilər təkcə bu gün Ermənistan adlanan ərazi deyil, Bakı quberniyasının Bakı, Şamaxı, Quba şəhəri, Göyçay qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda da vaxtaşırı xalqımıza qarşı qırğınlar, talanlar, yanğınlar, terror və digər zorakılıq aktları həyata keçiriblər. Erməni daşnakları bu ərazilərdə on minlərlə dinc azərbaycanlı əhalini – qadını, uşağı, qocanı yalnız milli mənsubiyyətlərinə – azərbaycanlı olduqlarına görə vəhşicəsinə qətlə yetirib, yaşayış yerlərini talan edərək yandırıb viran qoymuş, xalqımızın milli mədəniyyət abidələrini, məscidləri dağıtmışlar.
Mart soyqırımı və ya mart hadisələri – 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğındır.
1917-ci il oktyabr çevrilişi və hakimiyyətə kommunistlərin gəlməsi zamanı yaranmış vəziyyətdən istifadə edən erməni millətçiləri və onların cəmləşdiyi Daşnaksütyun partiyası Bakıda və digər yerlərdə azərbaycanlılara qarşı mitinqlər keçirməyə başladılar. 1918-ci ildə Rusiyada yaranmış vəziyyətdən istifadə edən ermənilər öz istədiklərinə bolşevizm bayrağı altında nail olmağa cəhd göstəriblər. Bakı kommunası 1918-ci ilin martında cinayətkar planı həyata keçirməyə başlayır. Təxminən 7 min erməni əsgəri müxtəlif cəbhələrdən Bakıya gətirilir. Bundan başqa “Qırmızı Qvardiya” adı altında yaradılan 10-12 minlik ordunun da 70 faizi ermənilərdən ibarət idi. 1918-ci il mart ayının 30-da erməni kilsəsi yanında toplaşan daşnak dəstəsi müsəlmanlara ilk atəş açdı. Martın 31-də səhər tezdən bolşevik-daşnak dəstələri azərbaycanlılar yaşayan “Kərpicxana”, “Məmmədli” və başqa məhəllələrə hücum etdilər. Həmin məhəllələri havadan təyyarələr, dənizdən isə hərbi gəmilər bombalamağa başladılar. Ermənilər rusları inandırmışdılar ki, guya İçərişəhərdə azərbaycanlılar rusları qırıblar. Matroslar bunun yalan olduğunu biləndən sonra atəşi dayandırsalar da artıq gec idi, alova bürünmüş məhəllələrdə ölənlərin sayı-hesabı yox idi. Erməni millətçiləri heç kimə rəhm etmirdilər, qarşılarına çıxan hər kəsi türk deyə dərhal qətlə yetirirdilər. Ümumiyyətlə, XX əsrin birinci yarısında Zaqafqaziyada baş vermiş iki qırğın zamanı (1905-1907-ci illər, 1918-1920-ci illər) 2 milyona yaxın azərbaycanlı, ermənilər tərəfindən qətlə yetirilmiş, öz ev-eşiyindən zorla qovulub.
Mart qırğını zamanı Bakı şəhərinin təkcə bir yerində qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış 57 azərbaycanlı qadınının cəsədi tapılıb. Gənc qadınların diri-diri divara mıxlanması, ermənilərin hücumundan sığınmağa çalışan iki min nəfərin yerləşdiyi şəhər xəstəxanasının yandırıldığı da bu dəhşətli faktlar sırasındadır.
Azərbaycanın ayrı-ayrı bölgələrində olduğu kimi, Bakıda da həmin illərdə azərbaycanlıların soyqırımı həyata keçirilib və şəhər erməni silahlı dəstələri tərəfindən dağıdılıb. 1918-ci ilin mart ayının sonunda təkcə Bakıda otuz mindən çox əhalini ermənilər xüsusi amansızlıqla qətlə yetiriblər. Mart soyqırımı zamanı Bakının şəhər camaatından o dövrün pulu ilə 400 milyon manatlıq daş-qaş və əmlak ələ keçirilmişdi. Müstəqil tədqiqatçı Kulqe mart qırğınları haqqında yazır: “Ermənilər müsəlman əhalisini işgəncələrlə öldürür, şəmşirlərlə parçalayır, süngü ilə dəlik-deşik edir, körpə uşaqları süngüyə keçirir, cəsədlərin burun, qulaq və başlarını kəsir, evlərə od vurub sakinlər qarışıq yandırır, qadınları soyundurur və saçlarını bir-birinə bağlayaraq tüfəngin qundağı ilə ölüncəyə qədər döyürdülər”. Kulqe ermənilər tərəfindən üzü divara çevrilərək itlərə parçaladılan azərbaycanlıların şəkillərini də çəkib. Bu faktlar erməni daşnaklarının azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərin kiçik bir hissəsidir və yalnız 1918-ci ilin mart ayının son üç günündə törədilən Bakı qırğınını əks etdirir. Ermənilər dinc əhaliyə qarşı vəhşiliklər, görünməmiş amansızlıqlar etdikləri kimi, mədəniyyət və tarixi abidələri də vəhşicəsinə dağıdır, məscidləri yandırır, memarlıq incisi sayılan binaları yerlə-yeksan edirdilər. Mart qırğını haqqında mənbələrdə göstərilir ki, ermənilər bir çox qədim binaları, o cümlədən Cümə məscidini, İsmailiyyə binasını top atəşinə tutaraq dağıdıblar. Həmin dövrü əhatə edən, 1918-ci ildə Bakının dağıdılmasını əks etdirən tarixi fotoşəkillər də tarixçilərin yazdıqlarını əyani şəkildə təsdiqləyir. Üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar edib, əhalini uşaqdan böyüyədək qətlə yetirib. Həmin dəhşətli günlərin şahidi olmuş bir alman, 1925-ci ildə Bakı hadisələri barədə bunları yazır: “Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdır. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər”. Gənc qadınların diri-diri divara mıxlanması, ermənilərin hücumundan sığınmağa çalışan iki min nəfərin yerləşdiyi şəhər xəstəxanasının yandırıldığı da bu dəhşətli faktlar sırasındadır.
İrəvan quberniyası, Şərur-Dərələyəz, Sürməli, Qars və digər ərazilərdə azərbaycanlıların qırğınının fəal iştirakçılarından biri olmuş erməni zabiti Ovanes Apresyanın xatirələri əsasında amerikalı aqronom Leonard Ramsden Hartvill “İnsanlar belə imişlər” adlı kitab yazıb. Ovanes Apresyan kitabın müəllifi ilə söhbəti zamanı ermənilərin, ingilislərin və rusların yardımı ilə öz məqsədlərinə çatdıqlarını qeyd edərək, təkcə Bakıda mart qırğını zamanı iyirmi beş min azərbaycanlının qətlə yetirildiyini bildirib.
Nəriman Nərimanov erməni vəhşilərinin törətdikləri qətliamlar haqqında belə bəhs edir: “Bolşevik olan bir müsəlmana belə aman verilmədi. Müsəlmanlara hər cür cinayəti etdilər. Nəinki kişilər, hətta hamilə qadınlar da daşnaklardan canlarını qurtara bilmədilər”.
Bu hadisələrin dəhşətini göz önünə gətirmək üçün 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Respublikası hökumətinin, Fövqəladə İstintaq Komissiyasının materiallarından bəzi çıxarışları nəzərinizə təqdim edirik:
1918-ci ilin mart-aprel aylarında Şamaxıda 8 minə qədər dinc sakin qətlə yetirilib. Şamaxı Cümə məscidi də daxil olmaqla əksər mədəniyyət abidələri yandırılıb və uçurulub.
Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə yandırılıb, əhalisi məhv edilib.
1918-ci il aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq son nəfərinədək məhv edilib.
Erməni silahlı dəstələri Zəngəzur qəzasında 115 azərbaycanlı kəndini məhv edib, 3257 kişi, 2276 qadın və 2196 uşağı öldürüblər. Bütövlükdə bu qəza üzrə 10068 azərbaycanlı öldürülüb və ya şikəst edilib, 50000 azərbaycanlı qaçqın düşüb.
İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı məhv edilib, kəndlər isə yerlə-yeksan olunub. Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş edib, 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kənd dağıdılıb, əhalisi məhv edilib.
Bu qanlı tarix qısa fasilələrlə bütün XX əsr boyu dönə-dönə təkrarlandı. İndi o qanlı tarixdən 100 il ötür. 1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində ermənilərin törətdikləri qırğınlardan bu qədər vaxt ötməsinə baxmayaraq, bu vəhşiliklər xalqın qan yaddaşında əbədi iz buraxıb. Ötən əsrin əvvəllərindən başlayaraq ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri aramsız soyqırımı və deportasiya siyasəti 1918-1920-ci illərdə xüsusən genişlənib. Həmin illərdə ermənilərin Azərbaycanda törətdikləri etnik qırğın haqqında bizə çatan tarixi sənədlərdəki faktlar Bakıda, Şamaxıda, Qubada, Muğanda, Zəngəzur qəzasında, Qarabağda, İrəvan quberniyasında və ölkənin digər ərazilərində azərbaycanlıların amansızlıqla qətlə yetirildiyini, şəhər və kəndlərin talan edilərək dağıdıldığını sübut edir.
Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli “31 mart azərbaycanlıların soyqırımı haqqında” Fərmanı ilə 31 mart tarixi azərbaycanlıların soyqırımı günü elan edilib.
Xalqımıza qarşı 1918-ci ildə törədilmiş mart soyqırımı kimi faciəli tariximizin sovet tarixşünaslığında saxtalaşdırılması və ört-basdır edilməsini təkcə tarixi bir anın unudulması kimi qəbul etmək olmaz. Mart hadisələrinin saxtalaşdırılması xalqımıza qarşı tarixən düşmən münasibət bəsləyən erməni xislətinin gizlədilməsi oldu. Bu isə özlüyündə XX əsr tariximizdə yeni-yeni canlı səhifələrin açılmasına gətirib çıxarıb.
1998-ci ildən bəri respublikamızda 31 mart hər il Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd edilir. Bu hadisələri, onların dərslərini unutmağa haqqımız yoxdur.
Tarix heç zaman unudulmur, həm də yazılır. Erməni vəhşilikləri Azərbaycan tarixinin qanla yazılmış səhifəsi olsa da, güclü Azərbaycan yerləşdiyi bölgədə söz və nüfuz sahibi olmaqla bütün problemlərin öhdəsindən hər zaman uğurla gəlmək iqtidarındadır.
Comments are closed, but trackbacks and pingbacks are open.