20 yanvara aid melumat
1 ay əvvəl 10719
20 yanvara aid tədbir
Sosial şəbəkə hesabınızla daxil olun:
ILK.AZ hesabınızla daxil olun:
ILK.AZ hesabı yaratmaq üçün qeydiyyatdan keçin:
20 yanvar faciəsini unutmadıq! Ehtiramla anırıq!
1 il əvvəl 27006
20 Yanvar – Ümumxalq hüzn günüdür
1 il əvvəl 9136
Şəhidlərimizin anısına, Əsgərlərimizə dəstək olmaq üçün – Whatsapp statusda paylaşmaq üçün şəkillər
4 ay əvvəl 108836
Nostalji hisslər yaradan şəkillər
1 il əvvəl 13927
20 Yanvar faciəsi haqqında videolar 2023
1 ay əvvəl 10719
Söz soxucu sözlər, Ən sərt atmacalı sözlər, Şəkilli soxucu sözlər
1 il əvvəl 318961
74 yaşlı qadın 57 illik həsrətdən sonra əkiz dünyaya gətirdi
3 il əvvəl 5549
Yeni ilə aid şəkillər – 2022
1 il əvvəl 35735
İnternet fenomeninə çevrilmiş – Gülərüz kirpi
3 il əvvəl 7976
Qarabağı unutmayaq! İşğal altında olan rayonlarımız və qısa tarixçələri
3 il əvvəl 7021
31 Mart Azərbaycanlıların soyqırımı gününə aid şəkillər və statuslar
11 ay əvvəl 12044
Xocalı Soyqırımı – Unutmayaq! Unutdurmayaq! Xocalı faciəsi haqqında statuslar
16 gün əvvəl 25894
Sevgiyə aid yazılı şəkillər
10 ay əvvəl 24685
200-dən çox seçilmiş kitab sadəcə 2 manata
3 il əvvəl 5906
Bürclərin bilinməyən tərəfləri
1 il əvvəl 3270
20 yanvar haqqında nə qədər məlumatlısan?
1 il əvvəl 3692
Yanvar ayında sevgi tapa biləcəksənmi?
1 il əvvəl 4135
Dost haqqında whatsapp status üçün yazılı şəkillər və hikmətli sözlər
1 il əvvəl 69827
Azərbaycan ən çox hansı ölkələrə mal satır?
3 il əvvəl 5823
Sevgililər günü təbrik mesajları və şəkillər
1 il əvvəl 22182
30 iyun – Milli Sevgililər Günü təbrik mesajları və təbrik yazılı şəkillər
8 ay əvvəl 9377
2020-ci ildən məktəb və uşaq bağçalarının yaxınlığında enerji içkilərinin satışına qadağa qoyulacaq!
3 il əvvəl 5773
Su çərşənbəsi təbrik mesajları və çərşənbəyə aid şəkillər
1 il əvvəl 34022
Çin həkimləri koronavirusa yoluxmuş xəstənin ağciyərlərinin görüntülərini yaydılar
3 il əvvəl 5924
Od çərşənbəsi təbrik mesajları və yazılı şəkillər
11 gün əvvəl 41587
Cüməniz mübarək yazılı şəkillər (yeniləndi)
1 il əvvəl 54086
8 Mart təbrik mesajları və yazılı şəkillər
22 gün əvvəl 210476
Məhərrəm ayına aid status mesajları, yazılı şəkillər və hədislər
1 il əvvəl 21430
Balıq bürcünün nümayəndələrini 2022-ci ildə nə gözləyir?
1 il əvvəl 4955
Kurtlar Vadisi dizisindən qısa videolar və hikmətli sözlər
2 il əvvəl 14291
Bəlkə belə axtaraq?
Saytımızda çərəzləri (cookie) istifadəçi rahatlığını artırmaq üçün istifadə edirik. Daha detallı məlumat üçün klikləyin. Oxudum
20 yanvara aid melumat
20 Yanvara aid melumat toplayaraq daim qan yaddaşını diri tutmaq hər bir azərbaycanlının vəzifə borcudur. 20 Yanvara aid melumat çox saydadır. Qara Yanvar adlanan bu faciənin məhz azərbaycanlıların başına gətirilməsi əbəs yerə olmamışdır. Çünki SSSR-nin dağılmasının təməlini məhz azərbaycanlılar qoymuş, ilk imtinanı da məhz bizlər etmişdik. Bu isə qonşu hesab etdiyimiz rus hökümətinin heç xoşuna gəlməmiş, nəticə etibari ilə Bakıda belə bir vəhşi şəkildə faciənin törədilməsi üçün öz ordularını səfərbər etmişdilər. Bəs nəticə əldə edə bildilərmi? Əsla. Çünki Azərbaycan xalqı mərd, qorxmaz olduğu üçün tankın, topun, güllənin qabağına yalın əlləri ilə çıxaraq etiraz səslərini yüksəltməyi bacarmışdır.
Təəssüflər olsun ki, bizim millətin başına gətirilən bu qədər müsibətlərə dünya ölkələri hər zaman biganə yanaşmışdır. Bunun nəticəsidir ki, üzərindən 32 il keçməsinə baxmayaraq, BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Fakt və digər beynəlxalq hüquqi sənədlərin kobud şəkildə pozulduğu, öz mahiyyətinə və miqyasına görə XX əsrdə törədilmiş ən dəhşətli cinayətlərdən biri olan 1990-cı ilin 20 Yanvar hadisələrinə beynəlxalq siyasi-hüquqi qiymət verilməmişdir. Bu cinayətə görə keçmiş sovet rəhbərliyi bilavasitə məsuliyyət daşısa da, dünya ölkələri bu məsələyə çox laqeyd şəkildə yanaşmşdır. Əslində qəbul edilməsi lazım olan qanun, görülməsi vacib olan tədbir isə beynəlxalq hüquqa əsasən 20 Yanvar hadisəsi insanlıq əleyhinə cinayət kimi tövsif edilməli, onun sifarişçiləri və icraçıları cəzalandırılmalı idi.
QANLI YANVAR
Bir zamanlar insanların gülüb-əyləndiyi, uşaqların, böyüklərin gülüş səslərinin eşidildiyi bir park vardı. Dağüstü Park. Bakı əhlinin istirahət məqsədilə üz tutduğu, ailə üzvləri, dost-tanış ilə getdiyi o parkın yerində indi şəhidlərimiz uyuyur. 20 Yanvar Şəhidləri. Bakının qana boyandığı gecə olduğu üçün 20 Yanvar həm də “Qanlı Yanvar” olaraq adlandırılır.
Azərbaycanın başı ta qədimdən bu yana bəlalı olmuşdur. Təəssüf olsun ki, qonşu baxımından da heç bəxtimiz gətirmədi. Qonşu dövlətlərin daim bizim milli sərvətlərimizdə, qızıldan olan torpaqlarımızda gözü oldu. Daim bir biclik, bir vəhşilik edərək bu sərvətlərə, torpaqlara sahiblənməyə çalışdır. Ruslar, farslar, gürcülər və əzəl-əbədi düşməniz olan ermənilər. Şəhidsiz bir günü belə keçməyən Azərbaycan hələ də müharibə şəraitində yaşayır. Lakin bütün müsibətlərə baxmayaraq bizim mərd xalqımız heç bir zaman müharibədən, döyüşdən qaçmamışdır. Damarlarımızda əsl türk qanı axtadığı üçün hər zaman qələbə çalmaq uğrunda mübarizədəyik. Keçən il baş verən II Qarabağ müharibəsi isə bunun ən bariz nümunəsidir.
20 Yanvar deyildikdə ilk olaraq ağlımızda Larisa, İlham və Fərizə daxil olmaqla 147 şəhidimizin adları gözümüzdə canlanır. Günahsız insanların, dinc əhalinin vəhşicəsinə qətlə yetirildiyi Qanlı Yanvar faicəsindən artıq 32 il ötür.
Yolunuzu Dağüstü Parkın Bakı buxtasına açılan yüksəkliyindən salsanız, ilk gördüyünüz şey uzun məzarlar cərgəsi olacaqdır. Müxtəlif millətlərə mənsub olan qadınların, kişilərin, uşaqların məzarlarını görəcəksiniz. Hamısının şəkli açıq rəngli mərmərlərə döyülüb. Bir də ölüm tarixləri eynidir – 20.01.1990.
20 yanvar 1990-cı ildə Bakıya rus qoşunu yeridilib. SSRİ tarixində ilk dəfə sovet ordusu bir sovet şəhərinə hücum edərək, həm də sülh dövründə əhaliyə divan tutmuşdu.
Rəsmi versiyaya görə isə məqsəd Bakı ermənilərinə qarşı zorakılığın qarşısını almaq olub. Lakin bu proses artıq bitmişdi və rəsmi Moskva sonradan etiraf edəcəkdi. Əslində olan isə şəhərə qoşun yeridilməsinin əsl səbəbi hakimiyyətin Azərbaycan Xalq Cəbhəsi (AXC) tərəfindən ələ keçirilməsinə mane olmaq üçün idi.
20 YANVAR FACİƏSİ NECƏ BAŞ VERDİ
Yanvarın 19-dan 20-nə keçən gecə Bakının üzərini qara buludlar aldı. Bakı heç vaxt görmədiyi dəhşəti yaşayacaqdı. Azərbaycanda yeni bir qəhrəmanlıq səhifəsi yazılacaqdı, lakin xalq bundan xəbərdar deyildi.
20 Yanvar hadisələrindən bir neçə gün öncə isə Dağlıq Qarabağda yaşayan ermənilər ərazinin Azərbaycandan ayrılıb Ermənistana qoşulmasını tələb edikləri üçün Bakıda etnik zorakılıq halları qeydə alınmışdı. Eyni zamanda bir çox azərbaycanlının Ermənistan dəstəkçisi kimi qəbul etdiyi Moskva rejimindən ayrılmaq istəyi artmışdı. Bütün bunlar faciənin baş tutmasının əsl səbəbi oldu.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin göstərişi ilə Azərbaycanda kommunist rejimini saxlamaq və milli azadlıq hərəkatını boğmaq məqsədilə Bakıya 35 minlik ordu yeridilmişdi. Bəzi məlumatlara görə, qoşun sayı 60 min nəfərə çatırdı. SSRİ Müdafiə Nazirliyi, DİN və DTK-nın hazırlayıb həyata keçirdiyi “Udar” adlı əməliyyatda əsas rolu xüsusi təyinatlı “ALFA” və SSRİ DTK-nın “A” təxribat qrupları “oynayırdı.
Qoşunun yeridilməsinin açıqlaması olaraq guya hərbi qulluqçuların ailələrini qorumaq, “millətçi ekstremistlər” tərəfindən hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq görülən tədbir olmasını göstərmişdilər. Əslində isə bu açıq riyakarlıq və ağ yalan idi. Çünki sovet rəhbərliyinin gözü qan bürümüş vəhşiləri hətta həqiqətə yaxın olsaydı belə, Bakıya təpədən-dırnağadək silahlandırılmış qoşun göndərməyə ehtiyac və ixtiyarları yox idi. Ona görə ki, həmin vaxt burada Daxili Qoşunların 11,5 min əsgəri, Müdafiə Nazirliyinə tabe olan Bakı qarnizonunun çoxsaylı hərbi hissələri, Hava Hücumundan Müdafiə qüvvələri var idi ki, bu qədər hərbi qüvvə bu bəhanəni yox saya bilərdi. Həmçinin 4-cü Ordunun komandanlığı da Bakıda yerləşirdi. Bütün bunlara baxmayaraq, 1990-cı il yanvarın 19-da Mixail Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini və eləcə də “Vətəndaş və Siyasi Hüquqlar” barədə Beynəlxalq müqavilənin I maddəsinə görə, Azərbaycan Respublikasının suveren hüquqlarını kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzalamasına baxmayaraq, SSRİ DTK-nın “Alfa” qrupu yanvarın 19-da saat 19.27-də Azərbaycan televiziyasının enerji blokunu partlatdı, respublikada televiziya verilişləri dayandırıldı. Bu artıq əhalidə çaxnaşma yaratsa da, məsələnin bu qədər ciddi ola biləcəyi xalqın ağlına belə gəlmədi. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və əhaliyə divan tutmağa başladı. M.Qorbaçovun fərmanı qüvvəyə minənədək – yanvarın 20-də saat 00-dək artıq 9 nəfər öldürülmüşdü.
Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 07:00-da respublika radiosu vasitəsilə çatdırııla bildi. Ancaq həmin vaxt öldürülənlərin sayı 100 nəfərə çatmışdı. Halbuki, Qorbaçovun Azərbaycana ezam etdiyi yüksək vəzifəli emissarlar həyasızcasına bəyan edirdilər ki, Bakıda fövqəladə vəziyyət elan olunmayacaqdır.
Həmin gecə tanklar və BTR-lər Bakı küçələrində qarşılarına çıxan hər şeyi əzir, hərbçilər hər yanı, hər kəsi amansızca atəşə tuturdular. İnsanlar nəinki küçələrdə, hətta avtobusda gedərkən, öz mənzillərində oturduqları yerdə güllələrə tuş gəlirdilər. Yaralıları aparmağa gələn “təcili yardım” maşınlarını və tibb işçilərini də atəşə tuturdular ki, qanunla onlar toxunulmaz hesab olunurlar. Lakin rus hökümətinin əsl siması budur və bu onların necə vəhşi olduğunu sübut edir. Bir neçə gün ərzində 137 insan öldürülmüş (onlardan 117-si azərbaycanlı, 6-sı rus, 3-ü yəhudi, 3-ü tatar idi); 744 adam ağır xəsarət almış; 4 şəxs itkin düşmüş; 400 nəfər isə həbs edilmişdi. Yanvarın 20-də fövqəladə vəziyyət elan ediləndən sonra əlavə 21 nəfər də qətlə yetirilmişdi. Fövqəladə vəziyyət elan edilməmiş rayonlarda isə (Neftçala, Lənkəran) 25-26 nəfər öldürülmüşdü.
O ərəfədə baş vermiş hadisə ilə bağlı bir çox xarici təşkilatlar hesabatlar hazırlayır və öz obyektiv mövqelərini ortaya qoyurdu. Bu təşkilatlardan biri olan “Şit” təşkilatı ekspertlərinin hesabatında qeyd edilir:
1. Adamları xüsusi qəddarlıqla və yaxın məsafədən güllələmişlər. Məsələn, Y.Meyeroviçə 21, D.Xanməmmədova 10-dan çox, R.Rüstəmova 23 güllə vurulmuşdur;
2. xəstəxanalar, “təcili yardım” maşınları atəşə tutulmuş, həkimlər öldürülmüşdür;
3. adamlar süngü-bıçaqla qətlə yetirilmişdir. Onların arasında hər iki gözü tutulmuş B.Yefimtsev də var;
4. “Kalaşnikov” avtomatının ağırlıq mərkəzi dəyişən 5,45 çaplı güllələrindən istifadə edilmişdir.
Həlak olanlar arasında yetkinlik yaşına çatmayanlar, qadınlar, qocalar, şikəstlər də var idi. Qorbaçovun və ətrafındakıların “millətçi ekstremistlər” adlandırdıqları bunlar idimi? Öz ölkəsinin xalqına qarşı bu cür amansızlığa inanmaq çox çətindir.
FACİƏDƏN SONRA AZƏRBAYCANDA VƏZİYYƏT
20 yanvardan sonra Azərbaycan rəhbərliyinin atdığı addımlar cəsarətsizlik və siyasi təslimçilik nümayişi idi. O vaxt Azərbaycan xalqı adından Bakıdan verilən yeganə etiraz bəyanatı Şeyxülislam Allahşükür Paşazadə tərəfindən verilmişdi. SSRİ rəhbərliyinə, habelə BMT-yə, dünya dövlətlərinə ünvanlanan və kəskinliyi ilə seçilən bu bəyanatda 20 Yanvar faciəsinin törədilməsinə görə günahın bilavasitə Kremlin və M.Qorbaçovun üzərinə düşdüyü vurğulanırdı. Həmin günlər Azərbaycan xalqı adından ən ciddi bəyanatı isə Moskvada yaşayan Heydər Əliyev verdi. Bilavasitə imperiyanın mərkəzində, dünyanın onlarla KİV təmsilçisinin qarşısında verilən bu bəyanat böyük rezonans doğurdu.
Faciəvi hadisələrdən dərhal sonra ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində mətbuat konfransı keçirərək, bu vəhşiliyi kəskin şəkildə pislədi, xalqımıza qarşı törədilmiş qırğına siyasi qiymət verilməsini və günahkarların cəzalandırılmasını tələb etdi. Milli Məclisin 1994-cü ilin fevralında keçirilən xüsusi sessiyasında 1990-cı il yanvarın 20-də günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirildi və müzakirələrin yekunu olaraq həmin ilin martında “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edildi.
20 Yanvar hadisəsindən sonra Azərbaycan çox çətinliklə üzləşdi. Ölkədə 40 günlük matəm elan olundu. O gündən etibarən məhz qərənfillər ilə bəzədildi şəhər. Artıq 20 Yanvarda hər kəsin əlində qərənfillər görməyimiz də bu səbəbdəndir. İnsan işə çıxmaqdan imtina edir, tətillər başladılırdı. Bu isə ciddi mənada böhrana səbəb olurdu. Qıtlıq başlamışdı. Bir çox imkanlı şəxsin birləşməsi nəticəsində ölkədəki qıtlıq həll edilməyə çalışılırdı. Necə deyərlər artıq Azərbaycan üçün yeni bir tarix başlamışdı.
Təəssüflər olsun ki, Vətənimizin bu ağır günləri tək 20 Yanvar Facəsi ilə yekunlaşmadı. I-ci Qarabağ müharibəsinin başlanması üçün ilk təkanlardan oldu. Bugünə qədər də ermənilər öz torpağımız olan Qarabağdan əl çəkmək istəmir, müxtəlif cür yalanlar yayaraq öz qədimi torpaqları olduqlarını sübut etməyə çalışaraq hələ də ərazimizi zəbt etməyə çalışırlar. Günü bu gün də ölkədəki şəhid xəbərlərinin ardı-arası kəsilmir. Başı bəlalı Azərbaycanın dirçəlişini qonşu dövlətlər qəbul edə bilmir, ya da etmək istəmir.
20 YANVAR ŞƏHİDLƏRİ
1. Abbasov Sabir Rzaqulu oğlu
2. Abbasov Zöhrab Heydərəli oğlu
3. Abbasova Fəridə Nəriman qızı
4. Abdullayev Eyyub Mahmud oğlu
5. Abdullayev Tariyel Hacıbala oğlu
6. Abdullayev Zahid Abdulla oğlu
7. Abduyev Tariyel Oruc oğlu
8. Ağahuseynov Ağahəsən Yarı oğlu
9. Ağahüseynov Nurəddin Aslan oğlu
10. Ağaverdiyev Aslan Əlikram oğlu
11. Alimov Ramis Xarisoviç
12. Allahverdiyev İlham Əjdər oğlu
13. Allahverdiyev Nəriman Əmir oğlu
14. Allahverdiyev Ruslan Kamal oğlu
15. Allahverdiyeva Fərizə Çoban qızı
16. Alməmmədov Teymur Yəhya oğlu
17. Atakişiyev Bəhruz Tofiq oğlu
18. Atakişiyev Şakir Xandadaş oğlu
19. Babayev Əlövsət Hidayət oğlu
20. Babayev Fuad Yavər oğlu
21. Babayev Rəhim Vaqif oğlu
22. Babayeva Sürəyyə Lətif qızı
23. Bağırov Baloğlan Həbib oğlu
24. Bağırov Telman Malik oğlu
25. Baxşəliyev Elçin Mirzə oğlu
26. Baxşıyev Salman Babaxan oğlu
27. Bayramov İsabala Əli oğlu
28. Bessantina Vera Lvovna
29. Bədəlov Rövşən Seyfulla oğlu
30. Boqdanov Valeriy Zakiroviç
31. Bünyadzadə Ülvi Yusif oğlu
32. Cabbarov Firuz Vəli oğlu
33. Cavanşirov İlkin Zülqədər oğlu
34. Cəfərov Əbülfəz Böyükağa oğlu
35. Durdıyev Anagəldi
36. Eminov Vəfadar Osman oğlu
37. Əbilhəsənov İlqar Yusif oğlu
38. Əbülfətov Mircamal Mirsaleh oğlu
39. Əhmədov İlqar Hamlet oğlu
40. Ələkbərov Azər Nəsib oğlu
41. Ələsgərov Zaur Rasim oğlu
42. Əliyev Aruz Əhmədəli oğlu
43. Əliyev Bayram Mədət oğlu
44. Əliyev Çingiz Mirzəhüseyn oğlu
45. Əliyev Xalqan Yusif oğlu
46. Əliyev Namiq Kamil oğlu
47. Əliyev Rüstəm Şahvələd oğlu
48. Əliyev Zabulla Xeyrulla oğlu
49. Əliyev Zahid Bayram oğlu
50. Əlizadə Faiq Əbdülhüseyn oğlu
51. Əsədullayev Asif Kamil oğlu
52. Əsgərov Novruz Faiq oğlu
53. Əşrəfov Rəhman İsmixan oğlu
54. Əzizov Habil Komunar oğlu
55. Hacıyev Mübariz Məhəmməd oğlu
56. Həmidov İzzət Atakişi oğlu
57. Həmzəyev Balahüseyn Mirqəzəb oğlu
58. Həsənov Əli Xudaverdi oğlu
59. Həsənov Fuad Əvəz oğlu
60. Həsənov Mehman İbrahim oğlu
61. Həsənov Müzəffər Qəzənfər oğlu
62. Həsənov Sahib Nəsib oğlu
63. Həşimov İsrafil Ağababa oğlu
64. Hüseynov Bəxtiyar Məmməd oğlu
65. Hüseynov Əlimərdan Əbil oğlu
66. Hüseynov Nəriman Vəli oğlu
67. Hüseynov Nizami Polad oğlu
68. Hüseynov Rahib Məmməd oğlu
69. Xammədov Baba Məhəmməd oğlu
70. Xanməmmədov Cəbrayıl Hüseynxan oğlu
71. Xaritonov Vladimir Aleksandroviç
72. İbadzadə Ağamehdi Seyfulla oğlu
73. İbrahimov İbrahim İsmayıl oğlu
74. İbrahimov İlqar Rəşid oğlu
75. İmanov Elçin Beydulla oğlu
76. İsayev Fəxrəddin Xudu oğlu
77. İsayev Müşviq Ağaəli oğlu
78. İsayev Rauf Sultanməcid oğlu
79. İsmayılov Cavad Yunus oğlu
80. İsmayılov Məmmədəli Novruz oğlu
81. İsmayılov Rəşid İslam oğlu
82. İsmayılov Tofiq Babaxan oğlu
83. İsrayılov Ağanəzər Araz oğlu
84. Kazımov Əflatun Həşim oğlu
85. Kərimov Aleksandr Ramazan oğlu
86. Kərimov İlqar İsa oğlu
87. Kərimov Oqtay Eyvaz oğlu
88. Marxevka Aleksandr Vitalyeviç
89. Meyeroviç Yan Maksimoviç
90. Məmmədov Eldar Zeynal oğlu
91. Məmmədov İbiş Behbud oğlu
92. Məmmədov İlham İslam oğlu
93. Məmmədov Kamal Seyidqurban oğlu
94. Məmmədov Mehman Sahibəli oğlu
95. Məmmədov Məmməd Yarməmməd oğlu
96. Məmmədov Rahim Vəliağa oğlu
97. Məmmədov Səxavət Heydər oğlu
98. Məmmədov Şahin Zahid oğlu
99. Məmmədov Vaqif Məmməd oğlu
100. Məmmədov Vidadi Üzeyir oğlu
101. Məmmədova Larisa Fərman qızı
102. Məmmədova Svetlana Həmid qızı
103. Mirzəyev Azad Əliheydər oğlu
104. Mirzəyev Elçin Hüseynqulu oğlu
105. Mirzəyev Vaqif Səməd oğlu
106. Mövlüdov Fuad Fərhad oğlu
107. Muxtarov Rasim Mustafa oğlu
108. Muradov Mehman Əsəd oğlu
109. Mursaqulov İsmayıl Həsən oğlu
110. Musayev Tofiq Ayvaz oğlu
111. Mustafayev Mahir Vaqif oğlu
112. Nəsibov Allahyar İsgəndər oğlu
113. Nəsirov Yanvar Şirəli oğlu
114. Nikolayenko Alla Alekseyevna
115. Nişşenko Andrey Aleksandroviç
116. Novruzbəyli Ağabəy Oqtay oğlu
117. Novruzov Tofiq Heydər oğlu
118. Nuriyev Zahir Zəbi oğlu
119. Orucov Rafiq Ümid oğlu
120. Orucov Rəfael Ümid oğlu
121. Orucov Şəmsəddin Əbilhəsən oğlu
122. Poladi Saleh Əliqulu oğlu
123. Qaibov Ələskər Yusif oğlu
124. Qarayev İlqar Əli oğlu
125. Qasımov Abbas Şamməd oğlu
126. Qasımov Yusif İbrahim oğlu
127. Qeybullayev Elçin Suyəddin oğlu
128. Qəniyev Mirzə Rzabala oğlu
129. Qocamanov Əliyusif Bilal oğlu
130. Quliyev Səxavət Balay oğlu
131. Rəhimov Rəhim İsmayıl oğlu
132. Rəhmanov İslam Oqtay oğlu
133. Rüstəmov Rövşən Məmməd oğlu
134. Rzayev Azad Allahverdi oğlu
135. Sadıqov Yusif Allahverdi oğlu
136. Salahov Şərafəddin Müzəffər oğlu
137. Salayeva Sevda Məmmədağa qızı
138. Semyonov Aleksandr Vladimiroviç
139. Səfərov Vəfadar Ağamirzə oğlu
140. Şərifov Mürvət Rəhim oğlu
141. Tokarev Vladimir İvanoviç
142. Tuxtamışov Fərqat Şərifullayeviç
143. Turabov Tengiz Məmməd oğlu
144. Yaqubov Nüsrət İsmayıl oğlu
145. Yefimiçev Boris Vasilyeviç
146. Yusupov Oleq Kərimoviç
147. Zülalov İsfəndiyar Adil oğlu
20 Yanvar – tariximizin qanlı və şanlı səhifəsi
Azərbaycan xalqının milli yaddaşına “Qara Yanvar”, “Qanlı Yanvar” və ya sadəcə “20 Yanvar” faciəsi kimi həkk olunan o müdhiş yanvar gecəsindən bizi tam 30 il ayırır. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23.30 radələrində keçmiş Sovet İttifaqının müxtəlif təyinatlı qoşun hissələri fövqəladə vəziyyət elan etmədən qəflətən Bakı şəhərinə yeridilərək, küçə və meydanlarda toplaşan dinc əhaliyə amansızcasina divan tutmağa başladı. Nəticədə yüzlərlə dinc və əliyalın insan qətlə yetirildi, yaralandı və yaxud itkin düşdü. Fövqəladə vəziyyətin tətbiqi haqqında məlumat əhaliyə elan olunanadək hərbçilər gecə ərzində Bakıda 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə – yanvarın 20-də və sonrakı günlər şəhərdə daha 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyət tətbiq olunmayan rayonlarda da – yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda 8 nəfər dinc sakin qətlə yetirilmişdir.
Həmin hadisələrdən bizi cəmi 30 illik qısa bir tarix ayırır. Bu qısa tarix çərçivəsində ölkəmiz müstəqillik qazanmış, xalqımız özünün müstəqil dövlətini qurmuş və böyük inkişaf yolu keçərək dünya ölkələri sırasında özünəməxsus şərəfli yer tutmuşdur. Bu müddətdə amansız qətliam nəticəsində dünyasını dəyişən oğul və qızlarımızın xatirəsi daim xalqımız və dövlətimiz tərəfindən əziz tutulmuş, hər il insanlar kütləvi şəkildə Şəhidlər xiyabanına axın edərək azadlıq və müstəqillik yolunda canını fəda etmiş qəhrəman şəhidlərimizi ehtiramla yad etmişdir. Azərbaycan xalqının 20 Yanvar şəhidlərinə göstərdiyi belə diqqət və ehtiram, şübhəsiz, onun mübariz və qəhrəman ruhunun, milli heysiyyətinin təzahürüdür, ancaq onu da etiraf etmək lazımdır ki, bu məsələdə dövlətimizin apardığı ədalətli və düzgün siyasətin rolu da danılmazdır. Azərbaycan dövləti 1993-cü ildən başlayaraq 20 Yanvar hadisəsinə, onun tarixi və ictimai-siyasi mahiyyətinə daim xüsusi önəm vermiş, Yanvar şəhidlərinin xatirəsini uca tutmaqla onların xüsusi statusunu diqqətdə saxlamış, şəhidlərin ailələrinə və yaxınlarına həmişə qayğı göstərmişdir.
Otuz il tarixdə az müddət deyil. 1990-cı ildə və ondan sonra dünyaya göz açmış insanlar bu gün artıq ölkəmizin ictimai-siyasi, mədəni həyatında fəal iştirak edir, bilavasitə şahidlik etmədikləri “Qanlı Yanvar” hadisələri haqqında dərsliklərdən, kitablardan məlumat alır, bu barədə xronikalara və filmlərə baxmaqla milli yaddaşlarını formalaşdırırlar. Ancaq eyni zamanda, otuz ili çox böyük bir zaman kəsimi hesab etmək də olmaz, çünki o hadisələri öz gözləri ilə görən, onlara canlı şahid olan, həmin vaxt cərəyan edən ictimai-siyasi proseslərdə fəallıq göstərən bir çox insanlar hələ də həyatdadırlar və hər şeyi yaxşı xatırlayırlar. Ancaq bunun fərqi yoxdur: həqiqəti gözlə də görmək olar, ağızlardan eşitmək də, kitablardan oxumaq da. Eyni zamanda, həqiqətə qarşı kor və kar davranmaq da.
20 Yanvar hadisələrinin sonrakı təhlili göstərdi ki, 1988-ci ildən Azərbaycan cəmiyyətində SSRİ rəhbərliyinin, xüsusən də M.Qorbaçovun Dağlıq Qarabağda başlanan erməni separatizmini dəstəkləməsinə və yürütdüyü ermənipərəst siyasətə qarşı ciddi narazılıq yetişməkdə idi. Bu narazılıq fonunda, elə meydanlarda – mitinqlərin gedişi zamanı Azərbaycan Xalq Cəbhəsi (AXC) adlı hərəkat yaranmış, sonrakı illərdə tədricən formalaşdırılaraq vahid bir quruma çevrilmişdi. AXC sonrakı mərhələdə getdikcə genişlənən xalq hərəkatına rəhbərliyi öz əlinə almış və onu idarə etməyə çalışmışdır. Xalq hərəkatı ilk dövrdə daha çox narazı əhalinin mərkəzi və yerli hakimiyyət strukturlarının qərarlarına qarşı pərakəndə etiraz çıxışları formasında ifadə olunurdu. Hərəkat iştirakçıları SSRİ rəhbərliyindən Dağlıq Qarabağla bağlı ədalətli və obyektiv mövqe tutmasını, Azərbaycanın suveren hüquqlarının qorunmasını və s. tələb edirdilər. AXC həmin dövrdə kütlələr arasında müəyyən populyarlıq qazansa da, əhalinin bir çox təbəqələri, xüsusilə də ziyalılar, texnokratlar və təsərrüfat fəalları ona sona qədər etibar etmirdilər. Ona görə ki, bu qurumun əsasən radikal dünyagörüşlü insanlardan təşkil olunmuş rəhbərliyi də ölkə ziyalılarını, xalqın intellektual kəsimini öz sıralarına o qədər də həvəslə buraxmırdı. Nəticədə, AXC o dövrdə getdikcə güclənən xalq hərəkatını səmərəli şəkildə idarə edərək, onun gələcək fəaliyyət istiqamətləri ilə bağlı aydın strategiya və çevik taktika ortaya qoya bilmədi. Elə bu səbəbdən də Sovet İttifaqı rəhbərliyi Azərbaycanda artmaqda olan narazılığın qarşısını almaq, xüsusən mərkəzdənqaçma meyillərini söndürmək və kütləvi cəza vasitəsilə xalqı qorxutmaq üçün 1990-cı il yanvarın 20-də Bakıda bəhs olunan qanlı faciəni törətdi, özü də bu zaman AXC-dən, onun bəzi rəhbərlərinin radikal addımlarından, çağırışlarından “vasitə” kimi istifadə etdi. Lakin 20 yanvarın effekti heç də SSRİ rəhbərliyinin gözlədiyi kimi olmadı, əksinə həmin günlərdə sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciədən sonra Azərbaycan xalqının həm SSRİ, həm də respublika rəhbərliyinə qarşı narazılığı və nifrəti daha da gücləndi. O vaxta qədər ölkə və respublika rəhbərliyindən əsasən haqqın və ədalətin, qanunvericiliyin qorunmasını tələb edən narazı kütlə yavaş-yavaş genişlənən yeni mübarizə dalğasının – milli azadlıq hərəkatının hərəkətverici qüvvəsinə çevrildi.
20 Yanvarda qanla boğulmuş və qismən əzilmiş xalq hərəkatının yenidən dirçəlişi və milli azadlıq mübarizəsi mərhələsinə keçməsi o zaman M.Qorbaçov və ermənipərəst ətrafının səyi ilə SSRİ rəhbərliyindən istefaya göndərilən və xüsusi təzyiq altında Moskvada yaşayan Heydər Əliyevin bu prosesə fəal qoşulmasından sonra xüsusi vüsət aldı. Onun 1990-cı il yanvarın 21-də Moskvada Azərbaycanın Daimi Nümayəndəliyinə gələrək, bu hadisədə əli olanların əleyhinə kəskin bəyanat səsləndirməsi, kütləvi qırğınının səbəbkarı kimi SSRİ və Azərbaycanın yerli rəhbərlərini qətiyyətlə ittiham etməsi xalq hərəkatına yeni nəfəs və istiqamət verdi. Bu aksiyanın ardınca, Heydər Əliyevin heç bir hədə-qorxu və təxribatlardan qorxmayaraq, 1990-cı il iyulun 20-də Vətənə qayıtması Azərbaycanda müstəqillik uğrunda xalq hərəkatının, başqa sözlə, sistemli milli azadlıq hərəkatının başlanmasına ciddi təkan oldu.
Əlbəttə, o zaman Azərbaycana rəhbərlik edənlər – Azərbaycan KP MK-nın birinci katibi Ə.Vəzirov, ikinci katib V.Polyaniçko və digərləri, dövrün siyasi müxalifəti sayılan və proseslərdə birbaşa iştirak edən AXC İdarə Heyəti 20 Yanvar faciəsində bu və ya digər formada siyasi və mənəvi məsuliyyət daşıyırdılar, ancaq bu qanlı əməliyyat birbaşa Kreml, Qorbaçov və onun xaricdən qısqırdılan erməni əlaltıları tərəfindən planlaşdırılmış, imperiya mərkəzinin göndərdiyi emissarlar tərəfindən zəmin hazırlanmış və SSRİ müdafiə və daxili işlər nazirləri Yazov və Bakatinin komandanlıqları altında həyata keçirilmişdi. İstər ittifaq, istər respublika rəhbərliyinin, istərsə də AXC İdarə Heyətinin 20 Yanvar faciəsindəki əsas məsuliyyəti və günahı isə bu qətliamın qarşısını almamaları, buna ciddi səy göstərməmələri, siyasi müdriklik nümayiş etdirə bilməmələri, hadisədən əvvəl və hadisə zamanı xalqı meydanlarda başsız qoyub qaçmaları, həlledici məqamda xalqın içində olmamaları, silahsız və günahsız insanları dişinə qədər silahlanmış və aqressiv təlimat almış ordu hissələri ilə üz-üzə qoymalarında idi.
Ə.Vəzirovun qətliamdan bir neçə saat əvvəl xüsusi təyyarə ilə Moskvaya qaçmasını, Xalq Cəbhəsi rəhbərlərindən isə o gecə kimsənin küçədə, xalqın yanında olmamasını xalqımız haqlı olaraq o zaman dərhal qınadı. Xalqı azadlıq, müstəqillik, böyük ideallar, milli-mənəvi dəyərlər uğrunda mübarizəyə səsləyən “liderlər” həlledici məqamda onun yanında olmadılar, yalnız səhər açıldıqdan və ara sakitləşdikdən sonra ortaya çıxaraq, imperiyanı “lənətləməyə” başladılar. Əslində isə onlar sovet ordusunun öz vətəndaşlarına qarşı bu cür vəhşilik, qəddarlıq edəcəyini görməli və proqnozlaşdırmalı idilər. Çünki 20 Yanvara qədər 1989-cu ilin aprelində SSRİ DİN və Sovet ordusu Tiflisdə 21 nəfərin ölümü, 290 nəfərin də yaralanması ilə nəticələnən qanlı əməliyyat keçirmişdi. Siyasətlə məşğul olan insanlar bu hadisədən mütləq ibrət dərsi götürməli, xalqı kütləvi qırğından qorumalı, ən azından onun yanında olmalı idilər.
O ki qaldı, həmin dövrdə Azərbaycanın kommunist rəhbərlərinin günahına, 20 Yanvar qırğını SSRİ Ali Sovetində müzakirə olunarkən Azərbaycandan heç bir vəzifəli şəxs, deputat orada iştirak etmədi. Müzakirəyə şairlər, yazıçılar, dövlət işində, vəzifədə olmayan deputatlar gəldilər. Vəzifəli şəxslərdən, dövlət adamlarından biri də gəlib səsini xalqın səsinə qatmadı. Azərbaycan xalqı onlardan Sovet ordusunun, SSRİ rəhbərliyinin, Kommunist Partiyasının sərt tənqid atəşinə tutulmasını gözləyirdi. Amma əksinə oldu. Azərbaycan rəhbərliyi və Xalq Cəbhəsi həmin günlər və sonrakı dövrdə bu hadisəni yaddan çıxarıb hakimiyyət uğrunda mübarizəyə girişdilər. 20 Yanvardan sonra şəhidlərin meyitləri üzərindən addımlayaraq hakimiyyətə gələn və bu faciəni unutdurmağa çalışan Ayaz Mütəllibov komandası da, ondan sonra iqtidara gələn AXC komissarları da bu hadisəyə hüquqi-siyasi qiymət verməyə həvəs göstərmədilər. Çünki bunda maraqlı deyildilər. Birincilər bu cinayətdə bilavasitə iştirak etdikləri, ikincilər isə bu faciəyə görə mənəvi-siyasi məsuliyyət daşıdıqları üçün bunu etmədilər. Daxildə yaşananlar, beynəlxalq aləmdə də təkrar olundu. Həmin dövrdə 20 Yanvar barədə həqiqətlərin vaxtında, isti-isti dünya ictimaiyyətinə çatdırılmasında sönüklük və astagəllik nümayiş etdirildi.
Bütün bunlara baxmayaraq, 1990-cı ilin 20 yanvarından sonra Azərbaycanda xalq hərəkatının mahiyyəti kəskin şəkildə dəyişməyə başladı. Azərbaycan ziyalılarının kommunist ideologiyasından kütləvi şəkildə üz döndərməsi, partiya biletlərinin atılması və s. proseslər müstəqillik ideyasını tədricən aktuallaşdırırdı. Bu tendensiyanın güclənməsində təkrar qeyd edirəm ki, ulu öndər Heydər Əliyevin 20 Yanvardan sonra Moskvadakı məlum çıxışı, azərbaycanlıların qanını tökmüş imperiya yetkililərini ciddi ifşa etməsi müstəsna rol oynadı. Həmin çıxış o vaxtadək gözləmə mövqeyində olan Azərbaycan ziyalılarını da hərəkətə gətirdi və müstəqillik çağırışları Azərbaycanda getdikcə daha geniş kütlə arasında səslənməyə başladı. Beləliklə, 20 yanvardan sonra Xalq hərəkatı Milli-azadlıq, İstiqlal hərəkatına çevrildi.
20 Yanvar hadisələrinə düzgün və obyektiv hüquqi-siyasi qiymət verilməsi də məhz ulu öndər Heydər Əliyevin xidmətidir. Hələ hadisənin ertəsi günü həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn ümummilli lider Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında qəzəblə qınadı, ifşaedici və cəsarətli bəyanat verdi. Bunun ardınca 1990-cı ildə o, öz doğma Vətəninə – Azərbaycana qayıtdı. Ayaz Mütəllibov hökuməti ona Bakıda yaşamaq imkanı vermədiyi üçün 1990-cı il iyulun 22-də, yəni Moskvadan qayıtdıqdan iki gün sonra paytaxtı tərk edərək doğulduğu Naxçıvana üz tutmağa məcbur oldu. Az sonra – 1990-cı ilin avqust ayında qədirbilən Naxçıvan əhalisinin kütləvi dəstəyi ilə Heydər Əliyev həm Azərbaycan SSR Ali Sovetinə, həm də Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Ali Sovetinə deputat seçildi. Naxçıvan MSSR Ali Sovetinin 1990-cı il noyabrın 17-də keçirilən birinci sessiyasına deputatlar sədrliyi Heydər Əliyevə həvalə etdilər. İclasda onun təşəbbüsü ilə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “sovet” və “sosialist” sözləri çıxarıldı. Naxçıvan MSSR Ali Sovetinin adı dəyişdirilərək Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırıldı. Ali Məclisin birinci sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli, ay-ulduzlu bayrağının Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul olundu və Azərbaycanın ali hakimiyyət orqanı qarşısında məsələ qaldırıldı ki, Azərbaycan Respublikasının dövlət rəmzləri haqqında analoji qərarlar qəbul etsin. Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilən bu tarixi qərarlar və müstəqillik istiqamətində həyata keçirilən sonrakı proseslər, o cümlədən 1991-ci il sentyabrın 3-də onun Naxçıvan Ali Məclisinin sədri seçilməsi belə deməyə əsas verir ki, həmin dövrdə Heydər Əliyevin Naxçıvana gəlişi ilə milli azadlıq hərəkatının mərkəzi Bakıdan Naxçıvana keçdi və bu hərəkatın lideri məhz Heydər Əliyev oldu. Heydər Əliyevin deputat kimi ardıcıl nümayiş etdirdiyi əsl mübariz vətəndaşlıq mövqeyi, Azərbaycanın müstəqilliyi uğrunda ölkə parlamentinin tribunasından etdiyi qətiyyətli çıxışlar, ümummilli problemlərin həllinə xidmət edən səmərəli təklifləri onu tezliklə milli azadlıq hərəkatının gerçək liderinə çevirdi.
Daha sonra ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiyməti verdi. Naxçıvan MR Ali Məclisi 21 noyabr 1990-cı il tarixli qərarı qəbul etdi. Ümummilli lider Heydər Əliyev Azərbaycan SSR Ali Sovetinin 7 mart 1991-ci il tarixli sessiyasındakı çıxışı zamanı bəyan etdi ki, İttifaq dövləti 1990-cı il yanvarın 20-də Azərbaycan xalqına qarşı hərbi təcavüz etmişdir. Milli azadlıq hərəkatının mərkəzinin Bakıdan Naxçıvana keçməsi və hərəkatın başında Heydər Əliyev kimi təcrübəli liderin, görkəmli siyasət və dövlət adamının dayanması Azərbaycan cəmiyyətində qısa zaman kəsiyində milli qurtuluş ideyası ətrafında böyük təmərküzləşməyə səbəb oldu. Əhalinin bütün təbəqələri, xüsusilə də mütərəqqi dünyagörüşlü ziyalılar, hətta ciddi təqibə məruz qalmış AXC fəalları Heydər Əliyevin ətrafında cəm oldular. Bu reallıq xalq hərəkatına ciddi mütəşəkkillik və ardıcıllıq gətirdi, Azərbaycan xalqı milli müstəqilliyin əleyhinə məqsədyönlü fəaliyyət göstərən kommunist rejiminə qarşı vahid cəbhədən çıxış etməyə başladı. Heydər Əliyev Azərbaycan Ali Sovetindəki “demblok” nümayəndələrini də öz ətrafında, milli azadlıq hərəkatı ideyası çətiri altında birləşdirərək, yerli kommunist hökumətinin iradəsini qırdı, oktyabrın 18-də müstəqillik haqqında Konstitusiya Aktının qəbul edilməsinə və müstəqillik məsələsinə dair yeni referendumun təyin edilməsinə nail oldu.
1991-ci il 18 oktyabra gedən yol gərgin ictimai-siyasi proseslər və ozamankı hakimiyyətin yaratdığı süni maneələrlə müşayiət olunurdu. O dövrdə Azərbaycana rəhbərlik edən kommunist partiyası hökumətinin üzvləri və Ali Sovetin kommunist korpusu Azərbaycanın müstəqil dövlət statusunu təsəvvür belə etmir, milli-demokratik qüvvələrin müstəqillik uğrunda gündən-günə güclənən mübarizəsinə öz hakimiyyətlərinin sonu kimi baxır və ciddi müqavimət göstərirdilər. Azərbaycanın kommunist rəhbərliyi xalqın yüksələn müstəqillik əzmini hər vəchlə qırmağa çalışır, respublika həyatında bu istiqamətdə müşahidə olunan bütün ictimai fəaliyyət və hərəkətlərə mane olur, xüsusən parlament tribunasından milli müstəqillik uğrunda həqiqi mübarizə aparan Heydər Əliyevin, digər müstəqil düşüncəli deputatların Ali Sovetdəki çıxışlarını pozur, hətta Heydər Əliyevə qarşı qeyri-etik hücumlar təşkil edərək, ölkədə onun siyasi fəaliyyətinə qadağa qoymağa cəhd göstərirdilər. Elə bunun nəticəsi kimi, Azərbaycan Kommunist Partiyasının ovaxtkı rəhbərliyi 1991-ci il martın 17-də respublikada SSRİ-nin saxlanması ilə bağlı saxta referendum təşkil edərək, guya əhalinin 75 faizinin müstəqilliyin əleyhinə səs verdiyini elan etmişdi. O zaman yalnız Heydər Əliyev başda olmaqla Naxçıvan Muxtar Respublikasının Ali Məclisi bu saxta və antimilli referendumun Naxçıvan Muxtar Respublikasında keçirilməsindən imtina etmiş və qarşısını almışdı. Heydər Əliyev SSRİ-nin saxlanması ilə bağlı yeni ittifaq müqaviləsinə də hamıdan qabaq – 1991-ci il martın 7-də Azərbaycan Ali Sovetinin sessiyasındakı çıxışında ciddi etiraz etmiş və Mütəllibov hakimiyyətinin Azərbaycanı yeni ittifaqın tərkibinə daxil etməsinin, bunun üçün respublikada xüsusi referendum keçirilməsinin qəti əleyhinə olduğunu birmənalı şəkildə bəyan etmişdi.
1992-ci ilin mayında AXC-Müsavat dairələri xarici qüvvələrin təhriki və silahlı yolla o zaman üçün tam nüfuzdan düşmüş Mütəllibov hökumətini devirərək siyasi hakimiyyəti ələ keçirdilər. Əslində bu həm milli azadlıq hərəkatına, həm respublikada yenicə yaranmaqda olan demokratik prosesə, həm də şəxsən Heydər Əliyev kimi təcrübəli bir liderin demokratiya və milli azadlıq mübarizəsi yolunda göstərdiyi xidmətlərinə qarşı ədalətsiz bir gediş idi. 1992-ci il mayın 18-də Ali Sovetə sədr seçkisində AXC rəhbərliyi deputatların böyük hissəsinin və ölkə ictimaiyyətinin tələbinə baxmayaraq, Heydər Əliyevin namizədliyinin irəli sürülməsinə, hətta parlamentdən onunla əlaqə yaradılmasına mane oldular. Onlar öz namizədlərinin sədr “seçilməsinin” hansısa doqquz xarici dövlətlə razılaşdırılması barədə cəfəng antidemokratik fikirlər səsləndirməkdən belə çəkinmədilər. Hakimiyyətə tam yiyələndikdən sonra Heydər Əliyevi özlərinə ciddi rəqib sayan bu adamlar bütün vacib işlərini bir kənara qoyub, onunla qeyri-qanuni və antikonstitusion mübarizəyə girişdilər, dəfələrlə Naxçıvanda dövlət çevrilişinə, Ali Məclis sədrinin fiziki varlığına son qoymağa cəhd göstərdilər. Bu cür qeyri-demokratik və antimilli vasitələrlə fəaliyyət göstərən AXC-Müsavat cütlüyünün birillik hakimiyyəti dövründə Azərbaycanın müstəqilliyinə, dövlətçiliyinə böyük zərbə vuruldu, ölkə vətəndaş müharibəsi astanasına gətirildi.
Cəbhə-müsavat dairələrinin yarıtmaz hakimiyyətinin nəticəsi olaraq gündən-günə kəskinləşən vətəndaş qarşıdurmasını aydın görərək, yaxınlaşan milli fəlakəti hiss edən bir qrup vətənpərvər Azərbaycan ziyalısı 1992-ci il oktyabrın 16-da Heydər Əliyevə müraciət etdi. Müraciətdə ziyalılar Azərbaycanı düçar olduğu fəlakətli böhrandan çıxarmaq məqsədilə ölkədə bütün vətəndaşları, sağlam düşüncəli qüvvələri öz ətrafında birləşdirə bilən yeni bir siyasi partiyanın yaradılması və ona rəhbərlik etmək məsələsinə münasibət bildirməsini Heydər Əliyevdən xahiş edirdilər. Respublikada gündən-günə kəskinləşən və getdikcə daha da fəlakətli vəziyyət alan daxili ictimai-siyasi və milli vətəndaş qarşıdurması fonunda Azərbaycanı canı qədər sevən Heydər Əliyev, əlbəttə ki, çoxsaylı ölkə ziyalılarının, geniş xalq kütlələrinin tələblərini bir lider kimi cavabsız qoya bilməzdi. Belə də oldu, cəmi bir həftə sonra – oktyabrın 24-də o, “Səs” qəzeti vasitəsilə ölkə ziyalılarına cavab verdi. Bu əslində adi bir cavab deyildi, Azərbaycanın mövcud fəlakətli vəziyyətinin hərtərəfli təhlili və ondan çıxış yollarını göstərən dəqiq milli fəaliyyət proqramı idi. Sonrakı prosesləri, hörmətli oxucular yaxşı bilir. Bakıda qurultay keçirməsinə imkan verilmədiyi üçün ziyalılar və partiya qurucuları soyuq və şaxtalı Naxçıvana axışdılar və noyabrın 21-də Yeni Azərbaycan Partiyası (YAP) adlanan siyasi təşkilat yaratdılar. Cəmi 7 ay sonra, 1993-cü ilin iyununda YAP-ın sədri, Azərbaycan xalqının görkəmli lideri Heydər Əliyev xalqın tələbi ilə siyasi hakimiyyətə qayıtdı. Onun qayıdışı ilə ölkənin bütün sağlam qüvvələri, ictimai-siyasi və mənəvi potensialı hakimiyyətin ətrafında səfərbər olaraq Azərbaycanı sonrakı labüd iflasdan xilas etdilər.
Ümummilli lider Heydər Əliyev xalqın arzusu və tələbi ilə Azərbaycana ikinci dəfə rəhbərlik etməyə qayıtdıqdan cəmi bir neçə ay sonra, 1994-cü il yanvar ayının 5-də 20 Yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi ilə bağlı Fərman imzaladı. Fərmanda Milli Məclisə faciəyə tam siyasi-hüquqi qiymət verməsi tövsiyə olunurdu. Bunun ardınca isə 1994-cü il yanvarın 12-də dövlət komissiyasının geniş iclasında çıxış edən Ulu Öndər Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 1992-ci il 19 yanvar tarixli qərarını xatırladaraq, bu qərarda 20 Yanvar hadisələrinin əsl səbəblərinin açıqlanmadığını, həqiqi günahkarların aşkar edilmədiyini, iki il ərzində həmin qərarın özünü doğrultmadığını diqqətə çatdırdı. 1994-cü il yanvar ayının 5-də ulu öndər Heydər Əliyevin müvafiq Fərmanı ilə Milli Məclisin müzakirəsinə təqdim olunan 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilməsi haqqında sənəd həmin ilin mart ayında Prezidentin özü tərəfindən təsdiqlənərək, Azərbaycan xalqının öz haqqını tələb edə bildiyini, ona qarşı cinayət törətmiş caniləri mühakimə etməyi bacardığını bir daha sübut etmiş oldu. 1994-cü il mart ayının 29-da ümummilli lider Heydər Əliyevin gərgin əməyinin nəticəsi olaraq “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” adlı xüsusi qərar qəbul edildi. Bununla da Azərbaycan xalqının məruz qaldığı dəhşətli faciəyə – 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilmiş oldu.
Bu il xalqımız Prezident İlham Əliyevin rəhbərliyi altında 20 Yanvar faciəsinin 30-cu ildönümünü geniş şəkildə qeyd etməyə, Sovet ordusunun azərbaycanlılara qarşı törətdiyi bu qırğınla bağlı respublikada və ölkədən kənarda geniş tədbirlər, müxtəlif aksiyalar keçirməyə başlayıb. Respublikanın şəhər və rayonlarında, o cümlədən idarə və təşkilatlarda 20 Yanvar hadisələri ilə bağlı konfrans, toplantı və mühazirələr təşkil olunur, mədəniyyət ocaqlarında faciəyə həsr olunmuş tamaşalar göstərilir, bədii və sənədli filmlər nümayiş olunur, bu tədbirlərin kütləvi informasiya vasitələrində geniş işıqlandırılması, dünya ictimaiyyətinin diqqətini faciəyə yönəltmək məqsədilə Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri və icmaları vasitəsilə müvafiq tədbirlər keçirilir, dünyanın aparıcı kütləvi informasiya vasitələrində, eləcə də televiziya kanallarında və internet şəbəkələrində 20 Yanvar faciəsi barədə materiallar dərc olunur.
Müdrik bir məsəl var: “Tarixini bilməyənlər onu yenidən yaşamağa məhkumdurlar.” Azərbaycan tarixinin qanlı və şanlı səhifəsi olan 20 Yanvar faciəsi ilə bağlı həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılması tarixi reallıqları dərk etmək və onlardan doğru nəticə çıxarılmaq baxımından böyük önəm kəsb edir.
Əli Həsənov
Tarix elmləri doktoru, professor
Comments are closed, but trackbacks and pingbacks are open.