Press "Enter" to skip to content

2019-cu ildə layihədə nəzərdə tutulan vergi borcunu necə ödəyə bilərəm

Bir məsələni nəzərə almaq lazımdır ki, fiziki şəxs vergi münasibətlərində əsasən, üç statusda çıxış edir – sahibkarlıq fəaliyyəti ilə bağlı fərdi sahibkar (sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs) kimi, qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı olaraq qeyri-sahibkar fiziki şəxs kimi və muzdlu işçi kimi.

2019-cu ildə bizi hansı vergi dəyişiklikləri gözləyir?

2019-cu ilin başlaması ilə Azərbaycanda bir sıra qanun və qaydalarda dəyişikliklər qüvvəyə minib.

Milli.Az teleqraf.com-a istinadən bu dəyişiklərin bəziləri ilə tanış edir.

1. Vergi Məcəlləsinə edilən dəyişikliyə görə, 2019-cu il yanvarın 1-dən etibarən, qeyri neft-qaz və dövlət sahəsində işləyənlər 8000 manata kimi əmək haqqından gəlir vergisi ödəməyəcəklər.

8 min manatdan yuxarı əmək haqqı alanlar isə 8 mindən artıq hissəsindən 14 faiz gəlir vergisi ödəyəcəklər.

Eyni zamanda dövlət və neft sektoru da daxil olmaqla bütün sahələrdə muzdla işləyən fiziki şəxslər üzrə gəlir vergisinə cəlb edilməyən məbləğ 173 manatdan 200 manatadək artırılır.

Hazırda 2500 manata kimi olan əmək haqqından 14 faiz, 2500 manatdan yüksək olan əmək haqqından 25 faiz gəlir vergisi tutulur.

Gələn il yanvarın 1-dən tətbiq ediləcək dəyişiklik isə 7 illik bir dövrü nəzərdə tutur və bu təklifin tərəfdarları hesab edirlər ki, belə bir vergi mühiti əmək haqlarının “ağardılması”na, qeyri-leqal məşğulluğun leqallaşdırılmasına, əmək müqavilələrinin geniş tətbiqinə, “kölgə iqtisadiyyatı”nın payının azalmasına səbəb olacaq.

2. Bu il Azərbaycanda ehtiyac meyarı 143 manat, yaşayış minimumu isə ölkə üzrə 180 manat olacaq.

Yeni ildən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2019-cu il üçün ehtiyac meyarının həddi 143 manat məbləğində təsdiq olunub. 2019-cu il üçün yaşayış minimumu isə ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat məbləğində müəyyən edilib.

3. 2019-cu ildən Azərbaycana gətirilən minik avtomobillərinə mühərrikindən asılı olaraq tətbiq edilən aksiz dərəcələri artırılır.

Vergilər Məcəlləsinə edilmiş və 2019-cu il yanvarın 1-dən qüvvəyə minmiş dəyişikliklərə əsasən, bu ildən ölkəyə idxal olunan avtomobillərin mühərrik həcmindən asıl olaraq, hər kubsantimetr üçün aksiz vergisi artırılıb.

Mühərrikinin həcmi 2 litrə kimi olan qənaətcil avtomobillərdə hər kubsantimetrə görə artım 20 qəpikdən 30 qəpiyə, mühərrikinin həcmi 5 litr və ondan artıq olanlar üçün hər kubsantimetrə görə aksiz vergisi 40 manatdan 70 manata artırılıb.

4. Sadələşdirilmiş vergi ödəyiciləri artıq 2019-cu ildən 2 faizlə vergi ödəyəcəklər.

2018-ci ilə kimi bu vergi Bakı şəhəri üzrə 4, digər rayonlar və Naxçıvan MR-da 2 faiz olub.

Amma yeni qayda bütün sadələşdirilmiş vergi ödəyicilərinə aid deyil.

Vergilər Məcəlləsinin 218.1.2 və 218.4 maddəsinin şamil olunduğu sadələşdirilmiş vergi ödəyiciləri 2 faizlik vahid vergi tarifinin dairəsinə salınmayıb.

Eyni zamanda, sadələşdirilmiş vergini tətbiq edə bilən şəxslərin dairəsi məhdudlaşdırılıb. Bunlar işçi sayı 5 nəfərdən çox olan istehsalçılar, topdansatış ticarət fəaliyyəti, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının, xəz-dəri məmulatlarının satışını həyata keçirən şəxslər və sairədir.

Sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ məhdudlaşdırılan şəxslər növbəti ildən mənfəət, yaxud gəlir vergisinin ödəyicisi kimi fəaliyyət göstərəcəklər.

5. Pərakəndə satış nöqtələrində, market və dükanlarda alış-veriş zamanı kassa qəbzi alan müştərilər ödədikləri Əlavə Dəyər Vergisini (ƏDV) geri qaytaracaqlar.

Alış-veriş zamanı kassa qəbzi alanlar borcunu nağd ödədikdə ƏDV-nin 10 faizi, nağdsız ödədikdə 15 faizini geri alacaq.

Vergilər Nazirliyindən bildirilib ki, müştərilər alış-veriş zamanı onlara verilən barkodla (alınan malların əks olunduğu kağız) yanaşı kassa qəbzini də tələb etməlidirlər ki, sonradan ödədikləri ƏDV-ni geri qaytara bilsinlər.

Ancaq Vergilər Nazirliyi bu məbləğin müştəriyə sonradan necə qaytarılacağı prosedurunu hələ açıqlamayıb. Verigilər Nazirliyindən bildirilib ki, bu dəyişiklik üçün hazırlanacaq qaydalar 2019-cu il müddətində təqdim olunacaq.

6. Kiçik sahibkarlıq üçün yeni dəyişiklik olunan Vergilər Məcəlləsində bir sıra güzəştlər nəzərdə tutulub.

Kiçik və orta biznes (KOB) təbəqəsinə daxil olan şirkətlər KOB reyestrində qeydiyyata alındıqları andan 7 il müddətinə mənfəət, torpaq və əlavə dəyər vergisindən azad edilirlər.

Üstəlik, KOB klasterinə daxil olan şirkətlər tərəfindən istehsal və emal məqsədilə texnika, texnoloji avadanlıq və qurğuların idxalı 7 il müddətinə ƏDV-dən azad edilir.

Bundan başqa, kiçik və orta biznes klasterinin iştirakçısı olan sahibkarlar tərəfindən göstərilmiş xidmətlərdən əldə edilən gəlirlərin əsaslı xərclərə yönəldilmiş hissəsi 7 il müddətinə gəlir vergisindən azad edilir.

Kiçik subyektlər üçün nəzərdə tutulan güzəştlərə sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir və mənfəətin 75 faizinin vergidən azad edilməsi də daxildir.

Onlar həm də əmlak vergisindən azad edilirlər.

Dəyişikliyə görə, kiçik sahibkarlıq fəaliyyətilə məşğul olan startaperlər startap fəaliyyəti üçün şəhadətnamə aldıqları andan etibarən 3 il müddətinə gəlir və mənfəət vergisi ödənişindən azad edilir.

7. Alkoqollu içkilərə və tütün məmulatlarına aksiz vergilər artırılır.

Aksiz vergisi tətbiq olunan malların siyahısı genişləndirilib.

Azərbaycanda istehsal olunan alkoqollu, alkoqolsuz energetik içkilər, siqarlar, elektron siqaretlər aksiz vergisinə cəlb edilir.

O cümlədən, tütün məmulatlarının da aksiz dərəcələri artırılır.

Milli.Az

VERGİLƏR

Vergi Məcəlləsinin 16.1.11-6-cı maddəsinə əsasən, vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı elektron qaimə-faktura göndərmək sahibkarlıq fəaliyyəti həyata keçirən vergi ödəyicisinin, o cümlədən də bu fəaliyyətlə məşğul olan fiziki şəxsin vəzifələrinə aiddir. Malların təqdim edilməsi və alışı ilə bağlı əməliyyatların rəsmiləşdirilməsi məsələlərini EKVİTA şirkətinin vergi məsələləri üzrə meneceri Fariz Yadigarov şərh edir.

Qaimə-faktura mexanizmi əməliyyat tərəflərinin maliyyə-təsərrüfat fəaliyyətinə nəzarət aləti olmaqla bərabər, alışlar üzrə məsrəfərin gəlirdən çıxılan xərc kimi tanınmasına da əsas verir. Deməli, sahibkarlıq fəaliyyəti çərçivəsində məsrəflərin gəlirdən çıxılan xərc kimi tanınması üçün həmin alış əməliyyatlarını təsdiq edən sənədlərin alınması mütləq şərtdir. Vergi qanunvericiliyi həmin sənədləri aşağıdakı kimi müəyyən edir:

  • vergi uçotunda olan şəxslərdən alınmış mallar üzrə elektron qaimə-faktura;
  • vergi uçotunda olmayan (olması nəzərdə tutulmayan) şəxslərdən alınmış mallar üzrə malların alış aktı.

Bu sənədlərin tətbiqi ilə bağlı reqlamentlər Vergi Məcəlləsinin müvafiq olaraq 71-1 və 71-2-ci maddələri ilə tənzimlənir. Lakin təcrübədə bu normaların tətbiqi ilə əlaqədar bir sıra suallar yaranır.

Mövzuya aydınlıq gətirməzdən əvvəl, qısa bir təhlil aparmaqda, habelə fiziki şəxslərin vergi münasibətlərində iştirakı ilə bağlı bəzi təməl bilgiləri xatırlamaq yerinə düşər. Burada əsas üç faktın müəyyənləşdirilməsinə əsaslanmaq vacibdir:

  • fiziki şəxsin vergi uçotunda olub-olmaması;
  • fiziki şəxsin statusu;
  • fiziki şəxs tərəfindən təqdimetmə ilə bağlı əməliyyatların rəsmiləşdirilməsi.

Bir məsələni nəzərə almaq lazımdır ki, fiziki şəxs vergi münasibətlərində əsasən, üç statusda çıxış edir – sahibkarlıq fəaliyyəti ilə bağlı fərdi sahibkar (sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs) kimi, qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı olaraq qeyri-sahibkar fiziki şəxs kimi və muzdlu işçi kimi.

Qanunvericilik fiziki şəxsin vergi statuslarını əsasən onun əldə etdiyi (və ya edəcəyi) gəlirin xarakterinə və bəzi hallarda fəaliyyət növünə görə müəyyən edir ki, bu məsələlər Vergi Məcəlləsinin fiziki şəxslərin gəlir vergisi ilə əlaqədar müddəalar təsbit olunmuş VIII fəsli ilə tənzimlənir. Vergi Məcəlləsinin 97-99-cu maddələrində gəlir anlayışı və gəlirlərin ümumi və detallı təsnifatı konkret olaraq müəyyən edilmişdir.

Vergi Məcəlləsinin 98-ci maddəsi ilə tənzimlənən muzdlu işlə əlaqədar fəaliyyət digərlərinə münasibətdə spesifik fəaliyyət kimi fərqləndirildiyindən, təhlil olunan mövzunun məqsədləri üçün yalnız Vergi Məcəlləsinin 99-cu maddəsi ilə tənzimlənən sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı gəlirlər üzrə fiziki şəxsin vergi mükəlləfiyyətinin xüsusiyyətlərini nəzərdən keçirək.

Fərdi sahibkar statusunda çıxış etdiyi zaman qanunvericilik fiziki şəxsdən mütləq qaydada vergi uçotuna alınmasını tələb edir. İkinci statusda isə bəzi hallar istisana olunmaqla vergi uçotuna alınmaq tələb olunmur. Həmin müstəsna hallara misal olaraq fiziki şəxsin əldə etdiyi gəlirlərin ödəmə mənbəyində vergiyə cəlb olunmasının mümkünsüzlüyünü – ödənişi edən şəxsin də vergi uçotunda olmadığını (vergi uçotuna alınmasının məcburi olmadığını), xüsusi notarius və vəkillik fəaliyyəti ilə məşğul olduğunu göstərə bilərik.

Fiziki şəxin vergi uçotu ilə əlaqədar bir məqamı xüsusi vurğulamaq lazımdır ki, sahibkarlıq fəaliyyəti məqsədləri üçün uçota alınmış fiziki şəxsə “Fiziki şəxsin sahibkarlıq uçotu haqqında Şəhadətnamə”, qeyri-sahibkarlıq gəlirlərinin əldə edilməsi, habelə xüsusi notarius və vəkillik fəaliyyəti məqsədləri üçün uçota alınmış fiziki şəxsə “Fiziki şəxsin vergi uçotu haqqında Şəhadətnamə” verilir. Bu sənədlərin forması eyni olsa da, məhz adları fiziki şəxsin statusunu fərqləndirməyə şərait yaradır. Başqa sözlə, şəxsin “Fiziki şəxsin vergi uçotu haqqında Şəhadətnamə” əldə etməsi onun sahibkar olması demək deyildir.

Qeyd etmək lazımdır ki, xüsusi notarius və vəkillik fəaliyyəti öz iqtisadi mahiyyətinə görə sahibkarlıq fəaliyyəti olsa da, qanunvericilik bu fəaliyyətdən əldə olunan gəlirləri qeyri-sahibkarlıq gəlirlərinə aid etdiyi üçün həmin fəaliyyət də qeyri-sahibkarlıq fəaliyyəti kimi qəbul olunur. Bu fakt bizə fiziki şəxsin vergi statusunu və habelə mükəlləfiyyətini məhz onun gəlirlərinin xarakterinə görə müəyyənləşdirməyə əsas verir.

Xüsusi notarius və vəkillik fəaliyyəti istisna olmaqla qalan digər hallarda fiziki şəxs tərəfindən işlərin görülməsi və xidmətlərin göstərilməsi sahibkarlıq fəaliyyəti hesab olunduğu üçün yalnız malların təqdim edilməsi əməliyyatlarına diqqət yetirəcəyik.

Beləliklə, əvvəlcə sahibkarlıq fəaliyyəti ilə əlaqədar fiziki şəxsin əsas öhdəliklərini qeyd edək. Həmin şəxslərin vergi uçotu ilə bağlı bütün prosedurlar Vergi Məcəlləsinin 33-34-cü maddələri ilə tənzimlənir. Məcəllənin 33.4-cü maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs, yəni fərdi sahibkar, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına vergi uçotuna alınmaq üçün ərizə ilə müraciət etməlidir. Burada vacib bir məqam diqqətə alınmalıdır: əgər fiziki şəxs tərəfindən həyata keçirilən hər hansı əməliyyatda sahibkarlıq fəaliyyəti əlamətləri vardırsa, vergi uçotuna alınıb-alınmamasından asılı olmayaraq, həmin şəxsə fərdi sahibkar kimi baxılır və qanunvericiliklə müəyyən olunmuş bütün mükəlləfiyyətlər ona da şamil olunur.

Növbəti məsələ fiziki şəxsin fərdi sahibkar olaraq vergi öhdəliyidir. Bu, əsasən həmin şəxsin hansı fəaliyyət növü ilə məşğul olması, dövriyyəsinin həcmi, mülkiyyətində və ya istifadəsində torpağının olması, əmlak sahibi olması və s. kimi göstəricilərdən asılı olaraq müəyyən olunur.

Fiziki şəxsin fərdi sahibkar kimi vergi uçotunda olan şəxslər üzrə malların təqdim edilməsi əməliyyatlarının necə rəsmiləşdirilməsi barədə qanunvericiliyin tələbləri isə artıq yuxarıda qeyd olunub.

Qeyri-sahibkarlıq fəaliyyəti çərçivəsində malların təqdim edilməsi bəzi istisnalar (Vergi məcəlləsinin 102.1.7-ci maddəsinə əsasən qiymətli daşlar və metallar, qiymətli daşlar və metalların məmulatları, incəsənət əsərləri, əntiq əşyalar və vergi ödəyicisinin sahibkarlıq fəaliyyətində istifadə edilən və ya istifadə edilmiş əmlak; Vergi məcəlləsinin 218.4.3-cü maddəsinə əsasən, fiziki şəxsin mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələri, 218.4.5-ci maddəsinə əsasən isə mülkiyyətində olan torpaq sahələri) nəzərə alınmaqla vergiyə cəlb olunmadığı üçün bu məqsədlə vergi uçotuna alınmaq və nəticə etibarilə vergitutma məqsədləri üçün hər hansı rəsmiləşdirmə tələb olunmur.

Lakin təcrübədə sahibkarlıq məqsədləri üçün mallar heç də yalnız sahibkarlıq subyekti olan vergi ödəyicilərindən alınmır. Bəzən vergi uçotunda olmayan şəxslərdən də mal alınmasına ehtiyac yaranır. Buna qanunvericilikdə hər hansı qadağa qoyulmamışdır. Problem yalnız həmin mallar üçün çəkilmiş məsrəflərin xərc kimi tanınmasındadır. Bu problemin həlli üçün 2019-cu ildə Vergi Məcəlləsinə edilmiş dəyişiklilərlə əvvəllər daha məhdud əməliyyatlarda tətbiq olunan alış aktının tətbiq sahəsi genişləndirəlmişdir.

Əslində, sənədləşmə ilə bağlı problem, demək olar ki, tam həll edilmişdir. Amma təcrübə göstərir ki, bu məsələ ilə bağlı sahibkarların bəzi çətinləlikləri qalmaqdadır. Xüsusilə aşağıdakı suallarla tez-tez müraciətlər olunur:

1. Fərdi sahibkar kimi vergi uçotuna alınmış fiziki şəxsdən alınmış mallara görə alış aktı tərtib oluna bilərmi?

Əgər fərdi sahibkardan onun sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan mal alınırsa, alış aktı tərtib olunmalıdır. Çünki bu əməliyyat onun fərdi sahibkar statusu ilə yox, qeyri-sahibkar fiziki şəxs statusu ilə bağlı olduğundan və həmin əməliyyat üçün vergi uçotuna alınmaq tələb olunmadığından elektron qaimə-faktura yox, alıcı vergi ödəyicisi tərəfindən alış aktı ilə rəsmiləşdirilməlidir.

2. Hansı halda fiziki şəxsdən alınmış mallara görə alış aktı tərtib olunmalıdır?

Bu sualın cavabı birinci sualın cavabında da göstərilib. Yəni sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan malların təqdim edilməsi zamanı alıcı vergi ödəyicisi tərəfindən alış aktı tərtib olunur.

3. Vergi uçotunda olmayan şəxsdən alınan mallara görə elektron qaimə-faktura tələb oluna bilərmi?

Nə qədər qəribə səslənsə də, vergi uçotuna alınmamış, heç bir vergi mükəlləfiyyəti olmayan şəxsdən alınan mallara görə elektron qaimə-faktura tələb oluna bilər. Bu o halda mümkündür ki, fiziki şəxsin həmin təqdimetmə əməliyyatı sahibkarlıq fəaliyyəti xarakteri daşısın. Bu halda, qanunvericiliyin tələbi tamamilə qətidir. Yəni həmin fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək (baxdığımız misalda həmin malları satdığı günədək) vergi mükəlləfiyyətini rəsmiləşdirilməli və bundan sonra qanunvericiliklə müəyyən edilmiş qaydada əməliyyatlarını həyata keçirməlidir.

Təqdimetmə əməliyyatının sahibkarlıq fəaliyyəti kimi qiymətləndirilməsi isə yuxarıda da qeyd etdiyimiz kimi, vergi nəzarəti tədbirləri zamanı vergi orqanının müvafiq yanaşmasına əsaslanır. Bir daha vurğulamaq lazımdır ki, burada əsas amil əməliyyatın mütəmadiliyidir.

Hazırladı: Fəxriyyə
İKRAMQIZI

2019-cu ildə vergiləriniz necə hesablanacaq? EKSPERT RƏYİ-ÖZƏL

Bu gün ölkəmizdə sosial-iqtisadi siyasətin tərkib hissəsi olan vergi siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın bugünkü tələblərinə uyğun olaraq təkmilləşdirilir. Bunun bariz nümunəsi vergi qanunvericiliyinə edilən çox mühüm dəyişikliklər layihəsidir ki, sözügedən layihə 2018-ci ildə hazırlanaraq Milli Məclis tərəfindən qəbul edilib. Ölkəmizdə sahibkarlığın inkişafı, biznes mühitinin daha da yaxşılaşdırılması məqsədilə 5 əsas istiqaməti özündə cəmləşdirən dəyişikliklərin əsasını “kölgə iqtisadiyyatı”nın miqyasının azaltmaq təşkil edir.Nəzərə alaq ki, dəyişikliklər 2019-cu ilin yanvarın 1-dən qüvvəyə minib. Yeniliklərin cari ildə sosial iqtisadi sahəyə təsiri və xüsusilə də ölkəmizdə sahibkarlığın inkişafına verəcəyi töhfələr haqqında iqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, vergi qanunvericiliyinə edilən dəyişikliklər 2019-cu ildə sahibkarlar üçün yeni imkanlar açır.

“İlk hədəf sahibkarlığın inkişafının möhkəmlənməsidir”
Onun sözlərinə görə, bu il ilk hədəf sahibkarlığın inkişafının möhkəmlənməsidir.Nazirlər Kabinetinin tətbiq etdiyi təsnifata əsasən, müəssisələrin ölçülərinə mikro müəssisələrin də əlavə olunduğunu deyən V.Bayramov söyləyib ki, bundan sonra onlar da vergi güzəştlərindən istifadə etmək hüququ qazanmış olurlar: “Mikro müəssisələr sadələşdirilmiş vergi subyekti olaraq bu hüquqdan yararlanacaqlar. Sadələşdirilmiş vergi dərəcəsinin ölkə üzrə vahid vergi dərəcəsi kimi tətbiq olunacağını deyən ekspert söyləyib ki, əvvəllər Bakıda sadələşdirilmiş vergi dərəcəsi 4 faiz idisə, bu rəqəm 2 faizlə əvəz olunacaq: “Bu da o deməkdir ki, mikro müəssisələr, o cümlədən Bakıda fəaliyyət göstərən müəssisələr 2 faizli sadələşdirilmiş vergi dərəcəsindən istifadə etmək hüququ qazanacaqlar”.
“Kiçik müəssisələr üçün mənfəət və gəlirlər də güzəştlər tətbiq edilib”
V. Bayramov deyib ki, qanunvericiliyə edilən dəyişikliklər əsasında kiçik müəssisələr üçün mənfəət və gəlirlər də güzəştlər tətbiq edilib ki, bunun nəticəsində kiçik müəssisələr əldə etdikləri gəlirlərin 75 faizindən azad olunacaqlar: “Digər 25 faizi ilə bağlı xərcləri təqdim etməklə vergini azaltmaq imkanı qazanacaqlar. Yeni qanunvericiliyə əsasən, innovativ fəaliyyətdən əldə olunan gəlirlər startuplar üçün növbəti 3 ildə mənfəət vergisindən azad olunacaq. Bu da təbii ki, startup fəaliyyətinin dəstəklənməsi məqsədi daşıyır”.
“İkinci istiqamət qeyri-rəsmi məşğulluğa qarşı mübarizədir”
Ekspert vurğulayıb ki, qanunvericiliyə edilən dəyişikliklərdən irəli gələn ikinci istiqamət qeyri-rəsmi məşğulluğa qarşı mübarizənin gücləndirilməsi və xüsusən də məşğulluq sahəsində “kölgə iqtisadiyyatının” səviyyəsinin aşağı salınmasından ibarətdir: “2018-ci ildə keçirilən müşavirədə Prezident İlham Əliyev kölgə iqtisadiyyatına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tapşırıqlar verdi və bu prosesdə vergi sisteminin təkmilləşdirilməsinin vacibliyini bildirmişdi. Faktiki olaraq edilən dəyişikliklər də ölkə başçısının tapşırığına uyğun olaraq qeyri-rəsmi məşğulluğun səviyyəsinin azaltmaq məqsədi daşıyır”.
“Gəliri 8000 manata qədər olan vətəndaşlar 7 il müddətində vergidən azad olunur”
V.Bayramov deyib ki, dəyişikliyə əsasən, aylıq əməkhaqqı 8000 manata qədər olan vətəndaşlar üçün 7 il müddətində gəlir vergisi sıfırlanacaq. 8000-dən yuxarı olan məbləğdə muzdlu işlə əlaqədar gəlir əldə edən fiziki şəxslər üzrə isə, gəlir vergisi 14 faiz həcmində müəyyənləşdirilib ki, bu da dövlətin sözügedən məsələdə çox böyük fiskal güzəştə getməsi deməkdir. Sosial vergi işəgötürən arasında bölüşdürüləcək. Əgər indiyədək 22 faiz və 2+1 faiz sosial vergi var idisə, hazırda işəgötürən 15 faiz vergi ödəyəcək. Bu da əlbəttə ki, işə götürəni işçi ilə müqavilə bağlamaqda maraqlı edəcək”.
“Vergidən yayınma halı təsdiqini tapmayana qədər hesabınızdan pul silinməyəcək”
Üçüncü istiqamətin vergi inzibatçılığının təkmilləşdirilməsi və gücləndirilməsi olduğunu dilə gətirən iqtisadçının sözlərinə görə, dəyişikliklərə əsasən artıq sahibkarlıq subyektlərində aparılan yoxlamalar zamanı hər hansı vergidən yayınma halı aşkarlanarsa, o zaman hesabdan pul avtomatik olaraq silinməyəcək: “Əgər sahibkar yuxarı vergi orqanına müraciət edərsə və yuxarı vergi orqanından cavab çıxana qədər vəsaitdən pulun silinməsi həyata keçirilməyəcək. Yalnız tam araşdırma aparıldıqdan sonra həmin sahibkarın vergidən yayınıb, yayınmaması ilə bağlı qərar veriləcək”.
“Məmur-sahibkar ünsiyyəti minimuma enir”
V.Bayramov vurğulayıb ki, yeniliklər vergi ilə bağlı elektron xidmətlərin dairələrinin genişləndirilməsinə də xidmət göstərəcək: “Məmur-sahibkar ünsiyyətinin minimum aşağı salınması vergi sektorunda şəffaflığın genişləndirilməsi və inzibatçılığın təkmilləşdirilməsinə imkan verəcək”.
“İnnovativ fəaliyyətdən daha çox investisiyanın yönəldilməsi proqnozlaşdırılır”
“Bu kontekstdən vergi məcəlləsinə edilən dəyişikliklər 2019-cu ildə sahibkarlığın inkişafına pozitiv təsir göstərəcək. Qeyri-rəsmi məşğulluğun sayında azalmalar müşahidə olunacaq. Sahibkarların vergi yükü azaldığına həm işəgötürənlər, həm də işçilər müqavilə bağlamaqda maraqlı olacaqlar. Vergi sahəsində yeni xidmətlərin təklif edilməsi, şəffaflığın gücləndirilməsi gözlənilir. İnnovativ fəaliyyətdən daha çox investisiyanın yönəldilməsi proqnozlaşdırılır ki, bu da innovativ fəaliyyətin bir başa vergidən azad olunması ilə bağlıdır”.

Comments are closed, but trackbacks and pingbacks are open.