2019-cu ildə bizi hansı vergi dəyişiklikləri gözləyir
Sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ məhdudlaşdırılan şəxslər növbəti ildən mənfəət, yaxud gəlir vergisinin ödəyicisi kimi fəaliyyət göstərəcəklər.
VERGİLƏR
Vergi Məcəlləsinin 177.5-ci maddəsinə əsasən, qeydiyyat Vergi Məcəlləsinin 157.3.3-cü maddəsinə uyğun olaraq keçmiş tarixlə aparıldıqda vergi ödəyicisi qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən vergiyə cəlb edilən əməliyyatlar üzrə əlavə dəyər vergisi (ƏDV) ödəməlidir və vergi ödəyiciləri üçün müəyyən edilmiş qaydada vergi məbləğlərini əvəzləşdirmək hüququna malikdir. Müvafiq əməliyyatlar vergi ödəyicisi tərəfindən verilən birinci bəyannamədə əks etdirilməlidir. Bu əməliyyatlar bəyannamənin verildiyi ay ərzində baş vermiş əməliyyatlar sayılır. Bu halda vergi ödəyicisi bəyannamədə əks etdirilmiş əməliyyatlar üçün ƏDV üzrə elektron vergi hesab-fakturaları təqdim etmək hüququna malikdir. Mövzunu iqtisadçı ekspert İsmayıl Bağırov şərh edir.
Vergi Məcəlləsinin bu maddəsinin tətbiqinin əsas məqsədi vergi ödəyicilərinin keçmiş tarixə ƏDV qeydiyyatına düşdükdə ƏDV məqsədləri üçün vergi tutulan əməliyyatların hansı tarixdən hesablanacağını müəyyən etməkdən ibarətdir. Vergi Məcəlləsinin 177.5-ci maddəsinə əsasən, qeydiyyat keçmiş tarixə aparıldıqda vergi ödəyicisi qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən vergiyə cəlb edilən əməliyyatlarını verilən birinci ƏDV bəyyənnaməsinə əlavə etməli və həmin dövriyyəyə uyğun ƏDV ödəməlidir. Həmçinin vergi ödəyicisi həmin dövrdə aldığı mallara görə ödədiyi ƏDV-ni də məcəllədə müəyyən edilmiş qaydada əvəzləşdirmək hüququna malikdir.
Yuxarıda qeyd etdiklərimizin mahiyyəti ondan ibarətdir ki, vergi ödəyicisinin ƏDV qeydiyyatı tarixi əvvəlki aylarda qüvvəyə minmişdirsə, həmin aylara aid olan dövriyyələr hesabatın verildiyi birinci ayın ƏDV bəyannaməsində əks etdirilməlidir. Həmçinin həmin aylarda aldığı mallara görə ödədiyi ƏDV-ni də əvəzləşdirə bilər.
Misal 1. Tutaq ki, sadələşdirilmiş vergi ödəyicisi olan A müəssisəsi 2019-cu ilin ikinci rübündə sadələşdirilmiş vergi bəyannaməsini təqdim edib və həmin bəyannamədə A müəssisəsinin dövriyyəsi 2019-cu il aprel ayında 5.000 manat, may ayında 10.000 manat, iyun ayında isə 20.000 manat olub. Müəssisə 2019-cu ilin 24 iyul tarixində könüllü olaraq 1 may 2019-cu il tarixdən ƏDV qeydiyyatında durmaq üçün ərizə təqdim edib.
Bu zaman vergi orqanları A müəssisəsini 1 may 2019-cu il tarixindən ƏDV ödəyicisi kimi uçota alacaq. Buna görə də 1 may 2019-cu il tarixindən sonra baş verən bütün əməliyyatlar ƏDV-yə cəlb edilməli olduğu üçün A müəssisəsi 2019-cu ilin ikinci rübü üçün sadələşdirilmiş vergi bəyannaməsini dəqiqləşdirib təqdim etməli, may və iyun aylarının cəmi olan 30.000 manat dövriyyəni azaltmalıdır. Çünki həmin 30.000 manat dövriyyə ƏDV-yə cəlb olunacaq. A müəssisəsi 24 iyul 2019-cu il tarixində ərizə verdiyi üçün ƏDV üzrə birinci bəyannamənin tarixi iyul 2019-cu il olacaq və 30.000 manatı iyul 2019-cu ilin ƏDV bəyannaməsində dövriyyə kimi əks etdirərək dövlət büdcəsinə 5.400 manat (30.000 x 18% = 5.400) əlavə dəyər vergisi hesablayacaqdır.
Misal 2. Tutaq ki, sadələşdirilmiş vergi ödəyicisi olan B müəssisəsi 2019-cu ilin birinci rübünun sadələşdirilmiş vergi bəyannaməsini təqdim edib və həmin bəyannamədə B müəssisəsinin dövriyyəsi 2019-cu il yanvar ayında 50.000 manat, fevral ayında 30.000 manat, mart ayında isə 20.000 manat olub. Həmçinin müəssisə 2019-cu ilin yanvar və fevral aylarında mallar idxal edib, gömrükdə 15.000 manat ƏDV ödəyib. Lakin müəssisə ƏDV ödəyicisi olmadığından, əvəzləşdirmə apara bilməyib. B müəssisəsi 2019-cu ilin 25 aprel tarixində könüllü olaraq 1 yanvar 2019-cu il tarixdən ƏDV qeydiyyatında durmaq üçün ərizə təqdim edib.
Bu zaman vergi orqanları B müəssisəsini 1 yanvar 2019-cu il tarixindən ƏDV ödəyicisi kimi uçota alacaq. Buna görə də 2019-cu il yanvarın 1-dən sonra bütün əməliyyatlar ƏDV-yə cəlb edilməli olduğu üçün A müəssisəsi 2019-cu ilin birinci rübü üçün sadələşdirilmiş vergi bəyannaməsini dəqiqləşdirib təqdim etməli və dövriyyəni 100.000 manat azaltmalıdır. Çünki yanvar, fevral, mart aylarında olan həmin 100.000 manat dövriyyə ƏDV-yə cəlb olunacaq və idxal zamanı əvəzləşdirə bilmədiyi 15.000 manat ƏDV-ni də artıq əvəzləşdirə biləcək. A müəssisəsi isə 24 aprel 2019-cu il tarixində ərizə verdiyi üçün ƏDV üzrə birinci bəyannamənin tarixi aprel 2019-cu il olacaq. Müəssisə aprel 2019-cu ilin ƏDV bəyannaməsində 100.000 manatı dövriyyə kimi, yanvar-fevral aylarında malları idxal edərkən gömrükdə ödədiyi 15.000 manat ƏDV-ni isə əvəzləşdirmə kimi qeyd edərək, dövlət büdcəsinə 3 min manat ((100.000 x 18% = 18.000) – 15.000) ƏDV hesablayacaqdır.
Hazırladı:
Fəxriyyə İKRAMQIZI
2019-cu ildə bizi hansı vergi dəyişiklikləri gözləyir?
2019-cu ilin başlaması ilə Azərbaycanda bir sıra qanun və qaydalarda dəyişikliklər qüvvəyə minib.
Milli.Az teleqraf.com-a istinadən bu dəyişiklərin bəziləri ilə tanış edir.
1. Vergi Məcəlləsinə edilən dəyişikliyə görə, 2019-cu il yanvarın 1-dən etibarən, qeyri neft-qaz və dövlət sahəsində işləyənlər 8000 manata kimi əmək haqqından gəlir vergisi ödəməyəcəklər.
8 min manatdan yuxarı əmək haqqı alanlar isə 8 mindən artıq hissəsindən 14 faiz gəlir vergisi ödəyəcəklər.
Eyni zamanda dövlət və neft sektoru da daxil olmaqla bütün sahələrdə muzdla işləyən fiziki şəxslər üzrə gəlir vergisinə cəlb edilməyən məbləğ 173 manatdan 200 manatadək artırılır.
Hazırda 2500 manata kimi olan əmək haqqından 14 faiz, 2500 manatdan yüksək olan əmək haqqından 25 faiz gəlir vergisi tutulur.
Gələn il yanvarın 1-dən tətbiq ediləcək dəyişiklik isə 7 illik bir dövrü nəzərdə tutur və bu təklifin tərəfdarları hesab edirlər ki, belə bir vergi mühiti əmək haqlarının “ağardılması”na, qeyri-leqal məşğulluğun leqallaşdırılmasına, əmək müqavilələrinin geniş tətbiqinə, “kölgə iqtisadiyyatı”nın payının azalmasına səbəb olacaq.
2. Bu il Azərbaycanda ehtiyac meyarı 143 manat, yaşayış minimumu isə ölkə üzrə 180 manat olacaq.
Yeni ildən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2019-cu il üçün ehtiyac meyarının həddi 143 manat məbləğində təsdiq olunub. 2019-cu il üçün yaşayış minimumu isə ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat məbləğində müəyyən edilib.
3. 2019-cu ildən Azərbaycana gətirilən minik avtomobillərinə mühərrikindən asılı olaraq tətbiq edilən aksiz dərəcələri artırılır.
Vergilər Məcəlləsinə edilmiş və 2019-cu il yanvarın 1-dən qüvvəyə minmiş dəyişikliklərə əsasən, bu ildən ölkəyə idxal olunan avtomobillərin mühərrik həcmindən asıl olaraq, hər kubsantimetr üçün aksiz vergisi artırılıb.
Mühərrikinin həcmi 2 litrə kimi olan qənaətcil avtomobillərdə hər kubsantimetrə görə artım 20 qəpikdən 30 qəpiyə, mühərrikinin həcmi 5 litr və ondan artıq olanlar üçün hər kubsantimetrə görə aksiz vergisi 40 manatdan 70 manata artırılıb.
4. Sadələşdirilmiş vergi ödəyiciləri artıq 2019-cu ildən 2 faizlə vergi ödəyəcəklər.
2018-ci ilə kimi bu vergi Bakı şəhəri üzrə 4, digər rayonlar və Naxçıvan MR-da 2 faiz olub.
Amma yeni qayda bütün sadələşdirilmiş vergi ödəyicilərinə aid deyil.
Vergilər Məcəlləsinin 218.1.2 və 218.4 maddəsinin şamil olunduğu sadələşdirilmiş vergi ödəyiciləri 2 faizlik vahid vergi tarifinin dairəsinə salınmayıb.
Eyni zamanda, sadələşdirilmiş vergini tətbiq edə bilən şəxslərin dairəsi məhdudlaşdırılıb. Bunlar işçi sayı 5 nəfərdən çox olan istehsalçılar, topdansatış ticarət fəaliyyəti, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının, xəz-dəri məmulatlarının satışını həyata keçirən şəxslər və sairədir.
Sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ məhdudlaşdırılan şəxslər növbəti ildən mənfəət, yaxud gəlir vergisinin ödəyicisi kimi fəaliyyət göstərəcəklər.
5. Pərakəndə satış nöqtələrində, market və dükanlarda alış-veriş zamanı kassa qəbzi alan müştərilər ödədikləri Əlavə Dəyər Vergisini (ƏDV) geri qaytaracaqlar.
Alış-veriş zamanı kassa qəbzi alanlar borcunu nağd ödədikdə ƏDV-nin 10 faizi, nağdsız ödədikdə 15 faizini geri alacaq.
Vergilər Nazirliyindən bildirilib ki, müştərilər alış-veriş zamanı onlara verilən barkodla (alınan malların əks olunduğu kağız) yanaşı kassa qəbzini də tələb etməlidirlər ki, sonradan ödədikləri ƏDV-ni geri qaytara bilsinlər.
Ancaq Vergilər Nazirliyi bu məbləğin müştəriyə sonradan necə qaytarılacağı prosedurunu hələ açıqlamayıb. Verigilər Nazirliyindən bildirilib ki, bu dəyişiklik üçün hazırlanacaq qaydalar 2019-cu il müddətində təqdim olunacaq.
6. Kiçik sahibkarlıq üçün yeni dəyişiklik olunan Vergilər Məcəlləsində bir sıra güzəştlər nəzərdə tutulub.
Kiçik və orta biznes (KOB) təbəqəsinə daxil olan şirkətlər KOB reyestrində qeydiyyata alındıqları andan 7 il müddətinə mənfəət, torpaq və əlavə dəyər vergisindən azad edilirlər.
Üstəlik, KOB klasterinə daxil olan şirkətlər tərəfindən istehsal və emal məqsədilə texnika, texnoloji avadanlıq və qurğuların idxalı 7 il müddətinə ƏDV-dən azad edilir.
Bundan başqa, kiçik və orta biznes klasterinin iştirakçısı olan sahibkarlar tərəfindən göstərilmiş xidmətlərdən əldə edilən gəlirlərin əsaslı xərclərə yönəldilmiş hissəsi 7 il müddətinə gəlir vergisindən azad edilir.
Kiçik subyektlər üçün nəzərdə tutulan güzəştlərə sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir və mənfəətin 75 faizinin vergidən azad edilməsi də daxildir.
Onlar həm də əmlak vergisindən azad edilirlər.
Dəyişikliyə görə, kiçik sahibkarlıq fəaliyyətilə məşğul olan startaperlər startap fəaliyyəti üçün şəhadətnamə aldıqları andan etibarən 3 il müddətinə gəlir və mənfəət vergisi ödənişindən azad edilir.
7. Alkoqollu içkilərə və tütün məmulatlarına aksiz vergilər artırılır.
Aksiz vergisi tətbiq olunan malların siyahısı genişləndirilib.
Azərbaycanda istehsal olunan alkoqollu, alkoqolsuz energetik içkilər, siqarlar, elektron siqaretlər aksiz vergisinə cəlb edilir.
O cümlədən, tütün məmulatlarının da aksiz dərəcələri artırılır.
Milli.Az
Comments are closed, but trackbacks and pingbacks are open.