Press "Enter" to skip to content

Müstəqilliyin bərpası və Azərbaycanı tanıyan ilk 5 DÖVLƏT

1969-1982-ci illər müstəqil dövlətçiliyimiz üçün həyati

14 iyul 1969-cu il: Tərəqqi yolunun başlanğıcı, müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu gün

Ölkəmizin çoxəsrlik dövlətçilik tarixində Heydər Əliyev epoxasının müstəsna yeri vardır. Bu mənada, Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü xalqımızın tarixi taleyində oynadığı misilsiz rolu ilə daim xatırlanır. Bu tarix Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış tarixidir. Dünya şöhrətli siyasi xadim öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaradıb. Buna görə də Ümummilli Liderimizin xalqa xidmətdə keçmiş parlaq və mənalı ömrünün hər anı siyasi təqvimimizdə özünəməxsus yerə malikdir.

Milli özünüdərkin, soykökə qayıdışın başlanğıc dövrü

Türk dünyasının böyük oğlunun dövlət xadimi kimi formalaşmasında ötən əsrin 50-60-cı illəri həlledici rol oynayıb. Məhz bu illərdə vəzifə pillələrində yüksəlişi Ona imkan verirdi ki, sovet dövlətçiliyinin mahiyyətinə dərindən bələd olsun. Həmin illərdə milli kadrlar heç nəyi həll edə bilmirdi, dövlət təhlükəsizliyi orqanlarında isə vəziyyət, sadəcə olaraq, milli mənafelər baxımından faciəli idi. Dahi şəxsiyyət Heydər Əliyev müəyyən taktiki addımlarla mənsub olduğu xalq üçün strateji planları həyata keçirməyə çalışırdı. Bunlardan birincisi isə xalqı özünə tanıtdırmaq, onun etnokulturoloji həyatını bərpa etmək idi. Böyük şəxsiyyət həmin dövrdə bütün ideoloji-siyasi maneələrə sinə gərərək Azərbaycan xalqının milli inkişaf konsepsiyasını irəli sürüb, ictimai şüurdakı qorxunu aradan qaldırıb, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi və iqtisadi yüksəlişlərə ruhlandırıb. Hər bir Azərbaycan vətəndaşına belə bir inam aşılanıb ki, bu xalq nə vaxtsa öz azadlığına qovuşacaq. Ulu Öndərimiz Azərbaycan xalqının şüurunda məhz bu inqilabi dəyişikliyi yaradıb. Bu baxımdan inamla demək olar ki, görkəmli dövlət xadiminin ölkəmizə rəhbərliyinin birinci dövrü, eyni zamanda milli özünüdərkin oyanmasının, soykökə qayıdışın başlanğıc dövrüdür. Onun bütün fəaliyyəti xalqın milli dirçəlişi, milli qürur hisslərinin oyanması ideyasına əsaslanırdı.

Aqrar əyalətdən inkişaf etmiş sənaye ölkəsinə doğru

Müstəqilliyi əldə etmək üçün isə möhkəm təməl, iqtisadi inkişaf lazım idi. Buna görə də 1969-cu ildən başlayaraq Azərbaycan iqtisadiyyatının gücləndirilməsi Ulu Öndərimizin siyasi xəttinin əsasını təşkil edirdi. Həmin illərdə isə iqtisadi vəziyyət acınacaqlı idi. Belə ki, ötən əsrin 60-cı illərində ölkəmiz iqtisadi vəziyyətinə görə keçmiş SSRİ-də ən geridə qalmış respublikalardan biri idi. Sənaye və kənd təsərrüfatı sahələrinin günün tələblərinə cavab verməməsi əhalinin güzəranının getdikcə pisləşməsi ilə nəticələnmişdi. 1969-cu ildə Sovetlər Birliyində ümumi məhsulun həcmi 1965-ci ilə nisbətən 43 faiz çoxaldığı halda, Azərbaycanda bu artım cəmi 29 faiz olmuşdu. Baxmayaraq ki, ölkəmizin imkanları yetərincə idi, ancaq təbii sərvətlərimiz digər müttəfiq respublikaların inkişafına yönəldilir, Azərbaycan isə məhvə sürüklənirdi. Nəticədə, ötən əsrin 50-ci illərindən sonra SSRİ-də başlanan sənayeləşmə Azərbaycandan yan keçir, ölkədə işsizlərin sayı artır, gənc əhalinin bir qismi iş dalınca ittifaqın müxtəlif şəhərlərinə üz tuturdu.

Ulu Öndərimizin həyata keçirdiyi məqsədyönlü iqtisadi siyasət nəticəsində 1969-cu ilə qədər SSRİ-nin aqrar əyaləti kimi tanınan Azərbaycan həmin tarixdən sonra inkişaf etmiş sənaye ölkəsinə, elmi-texniki tərəqqinin geniş şəkildə tətbiq olunduğu respublikaya, yüksək mədəniyyəti ilə bütün dünyada tanınan diyara çevrilib. Müstəqilliyə qovuşmaq məqsədilə reallaşdırılan həmin tədbirlər nəticəsində 1969-1985-ci illərdə Azərbaycanda 213 yeni iri sənaye müəssisəsi istismara verilib, dünyanın 65 ölkəsinə 350 adda məhsul ixrac olunub. Həmin illər ərzində Azərbaycanın milli gəlirinin ümumi həcmi 2,5 dəfə artıb. Moskvanın, eləcə də keçmiş SSRİ-nin digər şəhərlərinin 170 aparıcı elm və təhsil ocağına 10 mindən çox azərbaycanlı oğlan və qız təhsil almağa göndərilib. Bu, Heydər Əliyev siyasi müdrikliyinin və uzaqgörənliyinin göstəricisi idi.

Azərbaycanda gedən prosesləri analiz edən istənilən siyasi ekspert qeyd edir ki, həmin illərdə ölkə birmənalı şəkildə bütün istiqamətləri üzrə müstəqilliyə hazırlanırdı. Sonralar həmin dövrdə həyata keçirdiyi tədbirlərdən danışan ulu öndər Heydər Əliyev demişdir: “Bəli, mən istəyirdim ki, Azərbaycan müstəqil olsun. Hər şeydən əvvəl, iqtisadi cəhətdən. Çünki istənilən müstəqilliyin əsasında ¬iqtisadiyyat durur”.

Faktdır ki, 1969-cu ilədək bir çox mühüm infrastruktur layihələri bilərəkdən Azərbaycanda yaradılmırdı. 1970-ci ildə mütəxəssislər qeyd edirdilər ki, son 100 ildə bir milyard ton neft istehsal etmiş, İkinci Dünya müharibəsi illərində SSRİ-nin neftə olan ehtiyacının 75 faizini vermiş Azərbaycanın neft¬ayırma zavodları hələ çar dövründə inşa edildiyinə görə müasir tələblərlə ayaqlaşmır. Bu məqamdan məharətlə istifadə edən Ulu Öndər SSRİ Nazirlər Soveti qarşısında məsələ qaldırıb və Bakıdakı bütün neft-ayırma müəssisələrinin tamamilə yenidən qurulmasına, çox sayda yenisinin tikilməsinə nail olub. Bununla yanaşı, 70-ci illərdə Bakıda, Naxçıvanda, Gəncədə, Mingəçevirdə, Lənkəranda, Xankəndidə bir-birinin ardınca elektronika, elektrotexnika, radiotexnika, cihazqayırma, dəzgahqayırma zavod və müəssisələri tikilib istifadəyə verilib. 1970-1982-ci illərdə Azərbaycanda tikilib istifadəyə verilmiş fabrik, zavod və digər sənaye-istehsal müəssisələrinin sayı əvvəlki 50 ildə tikilən müəssisələrin sayından qat-qat çox idi. Həmin illərdə görkəmli dövlət xadimi Heydər Əliyevin bilavasitə göstərişi və rəhbərliyi ilə Azərbaycanda 52 memarlıq abidəsində bərpa işləri aparılıb, 650-dən çox tarix və mədəniyyət abidəsinin pasportu hazırlanıb.

Ümummilli Liderimiz 2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciətində bu barədə deyirdi: “Azərbaycanın müasir tarixində 1969-cu ildə dönüş mərhələsinin təməli qoyuldu. Respublikanın dinamik inkişafı üçün kompleks proqramların işlənib hazırlanmasında yorulmaz fəaliyyət, misilsiz təşəbbüskarlıq və nəhəng enerji bütün 70-ci illərin bariz əlamətinə çevrildi. 1970-1985-ci illər Azərbaycanın quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil olmuşdur. Bu gün tam əminliklə söyləmək olar ki, Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, sistemli şəkildə artan xarici iqtisadi əlaqələri, dünya iqtisadiyyatına get-gedə daha dərindən inteqrasiya olunması hələ 1970-1985-ci illərdə təməli qoyulmuş xalq təsərrüfatı potensialına əsaslanır. SSRİ dövlətinin dağılması ərəfəsində bir çox mütəxəssislər hansı müttəfiq respublikaların iqtisadiyyatının müstəqillik şəraitində özünü təmin etməyə qadir olduğunu müəyyən etməyə cəhd göstərdilər. Aparılan təhlillər göstərirdi ki, keçmiş SSRİ-də cəmi 2 respublika tam müstəqil olaraq öz iqtisadiyyatını idarə edə bilər. Bu respublikalardan biri məhz Azərbaycan idi”.

1969-1982-ci illər müstəqil dövlətçiliyimiz üçün həyati

əhəmiyyət kəsb edən milli kadr hazırlığı ön planda olub

Azərbaycan xalqının böyük oğlu 1969-1982-ci illər müstəqil dövlətçiliyimiz üçün həyati əhəmiyyət kəsb edən milli kadrların hazırlanması istiqamətində mühüm baza rolunu oynayan elmin, təhsilin inkişafına da xüsusi diqqət yetirib. Təsadüfi deyil ki, həmin illər həm də Azərbaycanda elm və təhsilin inkişaf dövrü kimi xatırlanır. Əgər 1969-cu ildə Azərbaycanda 765 orta məktəbdə ildə 73 min şagird təhsil alırdısa, 1981-ci ildə 335 min şagirdi əhatə edən 2625 məktəb və günüuzadılmış qrup fəaliyyət göstərirdi. Ümummilli Liderimizin hakimiyyətinin birinci dövründə ali məktəblərdə 100-dən artıq ixtisas açılıb, 6 yeni ali məktəb, 12 orta ixtisas məktəbi yaradılıb. Həmin dövrdə keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox ən nüfuzlu ali məktəblərində respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətinin 80-dən artıq sahəsini əhatə edən və ən zəruri ehtiyac duyulan 250 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gənc ali təhsil alıb. Onların əksəriyyəti bu gün müstəqil Azərbaycanın iqtisadiyyatının, elminin, təhsilinin inkişafında, dövlətçiliyinin möhkəmləndirilməsində fəal iştirak edirlər. Buradan da göründüyü kimi, XX əsrin 70-80-ci illərində Ulu Öndərimizin rəhbərliyi altında təhsil müəssisələrinin zəngin şəbəkəsinin yaradılması və onların maddi-texniki bazasının formalaşdırılması, respublika hüdudlarından kənarda yüksəkixtisaslı mütəxəssislərin, o cümlədən hərbi kadrların yetişdirilməsi gələcək dövlət müstəqilliyimiz üçün zəruri intellektual potensial yaradıb.

Ulu Öndər ölkəyə birinci dəfə rəhbərlik etdiyi dövrdə respublika gənclərinin bilavasitə Bakıda hərbi təhsil alması üçün o zamanlar mümkün olan bütün addımları atıb, imperiya rəhbərlərinin etirazına baxmayaraq, Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin açılmasına nail olub. Həmin dövrdə bu məktəbin yaradılması Azərbaycanda milli hərbçi kadrların yetişdirilməsinə çox böyük töhfə idi. O dövrdə yüzlərlə azərbaycanlı gəncin keçmiş Sovetlər Birliyində mövcud olan qabaqcıl ali hərbi məktəblərə və hərbi akademiyalara təhsil almağa göndərilməsi müstəqil dövlət quruculuğu istiqamətində atılan mühüm addımlardan biri idi. 1976-1982-ci illərdə yüzlərlə azərbaycanlı gənc Sovetlər Birliyinin müxtəlif respublikalarında yerləşən 54 ən qabaqcıl ali hərbi məktəblərə və akademiyalara hərbi təhsil almağa göndərilib, milli kadrların hazırlanması problemi öz uğurlu həllini tapıb. Ümummilli Liderimizin 70-ci illərdə başladığı hərbi quruculuq prosesi ikinci dəfə müstəqillik qazanan Azərbaycan Silahlı Qüvvələrinin zabit heyətinin formalaşmasında müstəsna rol oynayıb.

Ulu öndərimiz Heydər Əliyevin həmin dövrdə Azərbaycan naminə həyata keçirdiyi müdrik siyasətə diqqət çəkən ölkə Prezidenti İlham Əliyev demişdir: “SSRİ dönəmində Azərbaycanın iqtisadiyyatının, elm və mədəniyyətinin inkişafına, milli kadrların yetişdirilməsinə böyük səylər qoyan Heydər Əliyev nə vaxtsa ölkəmizin müstəqil olacağına inanırdı. Təbii ki, o zamanlar bütün bu işlər görülməsəydi, müstəqil dövlət quruculuğu vəzifəsinin həyata keçirilməsi çox ciddi çətinliklərlə qarşılaşardı”.

Misligörünməmiş cəsarət nümunəsi

Ümummilli lider Heydər Əliyev milli kimliyimizi yaşadan ana dilimizin inkişafını da xüsusi diqqət mərkəzində saxlayıb, Azərbaycana fikir plüralizmi, demokratik və azad düşüncə tərzi, güclü sosial ədalət haqqı və milli özünüdərk gətirib. Xüsusilə qeyd etmək lazımdır ki, Ulu Öndər 1969-cu ildə Azərbaycanda hakimiyyətə gələndə bütün SSRİ məkanında rus dili hakim və rəsmi dil idi. Xalqımızın böyük oğlu tarixdə misligörünməmiş cəsarət, siyasi müdriklik nümayiş etdirib, Azərbaycan Dövlət Universitetinin 50 illiyinə həsr olunan təntənəli toplantıda Azərbaycan dilində çıxış edərək ana dilimizə, milli dəyərlərimizə sahib çıxacağını nümayiş etdirib.

Dahi rəhbər yüksək səviyyəli digər yığıncaqlarda, konfranslarda, dövlət səviyyəsində aparılan tədbirlərdə ana dilində parlaq çıxışlar edərək özünə böyük hörmət və məhəbbət qazanmışdı. 1978-ci il aprel ayının 2-də doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş yeddinci sessiyasında məruzə ilə çıxış edən Azərbaycan rəhbərinin təklifi ilə Konstitusiyanın 73-cü maddəsini aşağıdakı redaksiyada vermək təklif olunub: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. Həmin dövrdə belə bir maddənin əlavə edilməsi çox böyük risk idi. Hər an Ulu Öndərə millətçi damğası vurmaq təhlükəsi yaranmışdı. Ancaq müdrik şəxsiyyət bütün bunlardan qorxmamış, Onun ana dilinə olan məhəbbəti, milli təəssübkeşliyi hər şeyi üstələmişdi.

Həmin illərdə Naxçıvan Muxtar Respublikası

sürətlə inkişaf edib

Naxçıvan Muxtar Respublikası da ötən əsrin 70-ci illərində görülən məqsədyönlü işlər nəticəsində sürətlə inkişaf etməyə başlayıb. Belə ki, 1970-ci illərə qədər Naxçıvan Azərbaycanın digər bölgələrinə nisbətən xeyli geridə qalırdı və sənaye məhsulunun artım sürətinə görə keçmiş SSRİ-nin muxtar respublikaları arasında axırıncı yerlərdə qərar tuturdu. Bu geriliyin aradan qaldırılmasında və Naxçıvanın inkişaf yoluna çıxmasında Ulu Öndərin birbaşa göstərişi və rəhbərliyi ilə hazırlanmış Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Sovetinin “Naxçıvan MSSR-in xalq təsərrüfatının daha da inkişaf etdirilməsi tədbirləri haqqında” 1974-cü il 8 yanvar tarixli Qərarının mühüm rolu olub. Sənəddə muxtar respublikanın sosial-iqtisadi, mədəni inkişafının təmin edilməsi üçün müvafiq orqanlar qarşısında konkret vəzifələr qoyulub, onların icra müddəti müəyyənləşdirilib. Qərarda nəzərdə tutulmuş bütün vəzifələr vaxtında yerinə yetirilib. Aparılan kompleks tədbirlər sayəsində 1970-1982-ci illərdə muxtar respublikanın sənaye potensialı, təxminən, üç dəfə artıb.

Həmin illərdə Araz çayı üzərində iri su anbarı və elektrik stansiyası, habelə 16 iri sənaye müəssisəsi tikilib istifadəyə verilib. Bütün bu genişmiqyaslı quruculuq fəaliyyəti nəticəsində Naxçıvan Muxtar Respublikasında sənaye məhsulunun ümumi həcmi 1985-ci ildə 1970-ci ilə nisbətən 4,6 dəfə artıb. Ulu Öndərin o vaxt Naxçıvanın elektrik enerjisinə olan tələbatının ödənilməsi üçün atdığı addımlar muxtar respublikanın gələcək taleyində mühüm rol oynayıb. 1990-cı illərin əvvəllərində Naxçıvan Ermənistan tərəfindən blokadaya alınarkən muxtar respublika əhalisi məhz həmin enerji mənbələri hesabına həyat ritmini qoruyub saxlaya bilib.

Ümummilli Liderimizin rəhbər vəzifədən

uzaqlaşdırılmasından sonra Azərbaycanın çətin günləri başladı

1982-1987-ci illərdə SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsindəki siyasi fəaliyyəti ulu öndər Heydər Əliyev şəxsiyyətinin Sovetlər Birliyi miqyasında bir daha təsdiq olunduğu, Azərbaycanın dünya səviyyəsində tanıdıldığı dövrdür. Azərbaycanı həmin illərdə də diqqətdən kənarda qoymayan Ümummilli Liderimiz bütün imkan və bacarığını respublikamızın tərəqqisi və inkişafına yönəldib. Nəticədə, görkəmli dövlət xadimi Heydər Əliyevə görə keçmiş Sovetlər Birliyində ittifaq dövlətləri Azərbaycanla hesablaşır, ölkəmizdəki inkişafın qarşısını almağa, torpaq iddiası irəli sürməyə heç kim cəsarət etmirdi. Təsadüfi deyil ki, Azərbaycanı parçalamaq istəyənlər yeganə çıxış yolunu ulu öndəri siyasi fəaliyyətdən kənarlaşdırmaqda görürdülər. Nəhayət, 1987-ci ildə bu məkrli plan həyata keçirildi, Ümummilli Liderimiz rəhbər vəzifədən uzaqlaşdırıldı. Elə Azərbaycanın dəhşətli, faciəli günləri də bundan sonra başlandı. Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal edildi, 20 Yanvar faciəsi, Xocalı soyqırımı törədildi. Lakin yenə də Ulu Öndər xalqının səsinə səs verdi, siyasi təqiblərə baxmayaraq, Azərbaycan uğrunda mübarizəyə qayıtdı, 1990-cı ilin Qanlı Yanvar faciəsini törətdiyinə görə ozamankı sovet rəhbərliyini və faciənin digər təşkilatçılarını cəsarətlə ittiham etdi, xalqımızın başına gətirilən bu müsibəti bütün dünyaya çatdırdı.

Lider-xalq birliyinin Naxçıvan nümunəsi

1990-cı il iyulun 20-də Ümummilli Liderimiz Bakıya gəldi. İki gün sonra – iyulun 22-də isə doğma Naxçıvana qayıtdı, bu qədim diyardan Azərbaycanın qurtuluş mübarizəsinə rəhbərlik etdi. Ulu Öndər 1990-1993-cü illərdə blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının erməni təcavüzündən xilası və böhranlı vəziyyətdən çıxarılması üçün ardıcıl tədbirlər gördü. Dahi şəxsiyyətin Naxçıvandan başladığı müstəqillik yolu Azərbaycanın qurtuluş mübarizəsinə çevrildi. Üçrəngli bayrağımız ilk dəfə olaraq 1990-cı il noyabrın 17-də Ulu Öndərin sədrliyi ilə keçirilən Naxçıvan parlamentində qaldırıldı, Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarıldı, SSRİ-nin qorunub saxlanması ilə bağlı keçirilən referendumda Naxçıvan Muxtar Respublikası iştirak etmədi.

1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fövqəladə sessiyası çox böyük uzaqgörənliklə yekdillik nümunəsi göstərərək görkəmli dövlət xadimi Heydər Əliyevi Ali Məclisin Sədri seçdi. Naxçıvanlıların bu müdrik seçimi muxtar respublikanı real işğaldan və qaçqın həyatı yaşamaq təhlükəsindən xilas etdi, Azərbaycanda ilk milli ordu quruculuğuna Naxçıvandan başlandı, bir sözlə, müstəqil dövlətçilik yolunda mühüm və əhəmiyyətli addımlar atıldı. Ümummilli Liderimizin siyasi fəaliyyətinin Naxçıvan dövrü dövlətçilik təcrübəsində xalq-lider birliyinin nələrə qadir olduğunu bir daha təsdiq etdi.

Azərbaycan yenidən əsası 1969-cu ildən

başlanan inkişaf yoluna qayıtdı

Naxçıvanda dövlət quruculuğu prosesinin getdiyi həmin dövrdə ölkəmiz hakimiyyətsizlik, vətəndaş qarşıdurması, dövlət müstəqilliyini itirmək, işğal və parçalanmaq təhlükəsi ilə üz-üzə idi. Azərbaycana “rəhbərlik edənlər” ölkənin və xalqın gələcəyini deyil, öz şəxsi mənafelərini güdürdülər. Belə bir dövrdə xalqımız ümid yeri kimi Naxçıvana – ümummilli liderimiz Heydər Əliyevə üz tutdu, onu təkidlə siyasi hakimiyyətə dəvət etdi. 1993-cü il iyunun 15-də Ulu Öndərin ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışı Milli Qurtuluş tariximizin əsasını qoydu, ölkəmiz təlatümlər burulğanından xilas oldu, müstəqilliyimiz qorunub saxlandı, vətəndaş müharibəsinin qarşısı alındı, möhkəm ictimai-siyasi sabitlik yaradıldı, Azərbaycan yenidən əsası 1969-cu ildən başlanan inkişaf yoluna qayıtdı.

Ulu öndərimiz Heydər Əliyev Azərbaycanın yeni dövr üçün demokratik inkişaf modelini müdrikliklə irəli sürüb, eyni zamanda bu mütərəqqi dəyişikliklərin ictimai şüurda tədricən qəbul olunması zərurətini önə çəkib. Onun dövlətçilik konsepsiyası Azərbaycanın tarixi ənənələrini və müasir Avropa dəyərlərini özündə birləşdirən yeni inkişaf modeli olub. Dahi şəxsiyyət o zaman qarşıya qoyduğu vəzifələri belə bəyan edib: “Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir”.

Görkəmli dövlət xadiminin uzaqgörən siyasəti nəticəsində ölkəmizin təbii sərvətlərindən səmərəli istifadə edilməsi, “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin inkişafına, yerli və xarici investisiyalar, müasir texnologiyalar, idarəetmə təcrübəsi cəlb etməklə rəqabətqabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılmasına, infrastrukturun yeniləşməsinə, yeni iş yerlərinin açılmasına imkan verib. 1993-cü ildən sonra ölkəmizdə aparılan dövlət quruculuğu prosesi hərtərəfli inkişaf edən, müasir, demokratik ölkəyə çevrilən qüdrətli Azərbaycan Respublikasının yaradılmasına səbəb olub.

Dahi rəhbərin Vətən və xalq qarşısında göstərdiyi böyük xidmətlərdən biri də milli dövlətçiliyimizin möhkəmləndirilməsi baxımından çox əhəmiyyətli olan Azərbaycançılıq ideyasını irəli sürməsi, milli birlik meyillərinin daha da dərinləşdirilməsidir. 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi milli həmrəyliyə nail olmaq amalının Azərbaycanın dövlət siyasətinin tərkib hissəsinə çevrildiyini nümayiş etdirmişdir.

Bu gün ölkəmiz Heydər Əliyev siyasətini uğurla davam etdirən

Prezident İlham Əliyevin rəhbərliyi altında yeni nailiyyətlər qazanır

Ulu Öndərimizin nəsillərə nümunə olan həyat yolu xalqa təmənnasız xidmətdə keçib. O, nəinki müstəqil Azərbaycan dövlətçiliyinin əbədiliyini təmin edib, həm də müstəqil, milli dövlətçiliyin əsasını qoyub, yeni idarəçilik məktəbi formalaşdırıb. Dahi şəxsiyyət özünün qurub-yaratdığı, şah əsəri olan müstəqil Azərbaycanın taleyini bu məktəbin layiqli davamçısı olan cənab İlham Əliyevə əmanət edib. Bu gün ölkəmiz Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında yeni nailiyyətlər qazanır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun dediyi kimi: “Bu gün ölkəmizin və muxtar respublikamızın sosial-iqtisadi, elmi və mədəni həyatında gedən proseslərin kökündə fəal yaradıcı gücə malik olan Heydər Əliyev milli dövlətçilik konsepsiyası, inkişafın Heydər Əliyev modeli dayanır. Gecəli-gündüzlü fədakar əməyi ilə müstəqil Azərbaycan dövlətini yaradan, Azərbaycanı öz həyatının mənası bilən Ulu Öndərimizin xalqımız qarşısında xidmətləri unudulmazdır. Özündən sonra qüdrətli Azərbaycan adlı möhtəşəm abidə qoyub gedən Ümummilli Liderimizin adı, siyasi və dövlətçilik fəaliyyəti müstəqil Azərbaycanla birgə yaşayır və yaşayacaqdır!”

1969-cu ilin 14 iyulu tarixə Azərbaycanın özünə qayıdışının, dirçəliş və inkişaf yolunun başlanğıcı kimi düşüb. Çünki məhz həmin tarixdən etibarən Azərbaycana rəhbərlik edən ulu öndər Heydər Əliyev qüdrətli dövlət xadimi, mahir siyasətçi kimi Azərbaycanı nəinki keçmiş SSRİ-də və dünyada tanıdıb, həm də milli varlığımızı qoruyub saxlayıb. O illərin rəşadəti və şöhrəti XX əsr tariximizə qızıl hərflərlə yazılıb. Buna görə də 14 iyul tarixi xalqımızın qəlbində həm də milliliyin, Azərbaycançılığın, tarix səhifəsində milli dövlətçiliyimizin əbədi mövcudiyyət günü kimi qəbul edilir.

Rauf Kəngərli

AZƏRTAC-ın Naxçıvan bürosunun rəhbəri

Müstəqilliyin bərpası və Azərbaycanı tanıyan ilk 5 DÖVLƏT

XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa edib. Azərbaycanın dövlət müstəqilliyinin bərpasından bəhs edərkən, heç şübhəsiz, tarixə “İstiqlalçı deputatlar” adı ilə düşən 43 nəfəri də yada salmaq lazımdır.

1991-ci ilin martında keçmiş SSRİ-nin bütün respublikalarında Sovet İttifaqının saxlanılması ilə bağlı referendum keçirilib, o cümlədən də Azərbaycanda. Məqsəd bu idi: SSRİ qalsın və yaxud qalmasın? Bu referendumun bir variantı bu idi ki, sovet hökuməti qalsın, Azərbaycan da onun tərkibində yaşasın. İkinci variant o idi ki, sovet hökuməti dağılsın, Azərbaycan müstəqil olsun.

Həmin il martın 7-də, səsvermə günündə Azərbaycanın keçmiş Ali Sovetinin üzvü olan 350 deputatdan yalnız 43 nəfəri SSRİ-nin qalmasının əleyhinə, Azərbaycanın müstəqliyininin lehinə səs verib. Və onlar tarixə “İstiqlalçı deputatlar” adı ilə düşüblər. Yerdə qalan 300-dək deputat biz “SSRİ-ni istəyirik” fikrini səsləndiriblər.

1991-ci il oktyabrın 8-də Azərbaycanın keçmiş Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası dörd gün müzakirələr aparıb. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd – Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib.

Həmin vaxt aktın lehinə Ali Sovetin 360 deputatından 258-i səs verib, yerdə qalanlar ya sessiyaya qatılmayıb, ya da onun əleyhinə səs veriblər.

Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin hüquqi varisidir. Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir.

1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılıb və əhalinin 95%-i səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verib.

Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra dövlət bayrağı, himni və gerbi haqqında da qanunlar qəbul edilib.

Modern.az-ın məlumatına görə, 1992-2006-cı illərdə 18 oktyabr tarixi Azərbaycanda rəsmi bayram kimi qeyri-iş günü olub.

Amma 2006-cı ilin dekabrında Milli Məclidə Əmək Məcəlləsinə edilən əlavə və dəyişikliklərdən sonra 18 oktyabr – Dövlət Müstəqilliyi Günü, 12 noyabr – Konstitusiya Günü və 17 noyabr – Milli Dirçəliş Günü münasibətilə verilən istirahət ləğv edilib. O zamandan rəsmi bayram statusunu itirən həmin tarixlər iş günü sayılır.

18 oktyabrın iş günü elan edilməsi ölkədə birmənalı qarşılanmayıb. Bəzi tarixçilər Milli Məclisin Azərbaycan üçün çox önəmli bir tarixi dövlət səviyyəli bayramlar siyahısından çıxararaq, onu peşə bayramı səviyyəsinə endirməsini mənfi hal kimi qiymətləndirir.

Onu da qeyd edək ki, 1991-ci ildə Dövlət Müstəqilliyi Aktının əleyhinə çıxan Ali Sovetin bəzi keçmiş deputatları hazırda müstəqil Azərbaycan Respublikasında rəhbər vəzifələr tuturlar.

Azərbaycan Respublikasının müstəqilliyini ilk olaraq 1991-ci il noyabrın 9-da Türkiyə Cümhuriyyəti tanıyıb. Daha sonra Rumıniya (11 dekabr 1991), Pakistan (13 dekabr 1991), İsveçrə (23 dekabr 1991), İran (25 dekabr 1991), ABŞ (23 yanvar 1992), Rusiya (10 aprel 1992) ölkəmizi müstəqil dövlət kimi qəbul ediblər.

2 mart 1992 ci-ildə isə Azərbaycan BMT-yə üzv qəbul olunub.

Milli.Az

Mədəniyyət

Bolşevik Rusiyası qırmızı imperiyanın cənub sərhədlərində, İran və Türkiyə kimi müsəlman ölkələrinin bilavasitə qonşuluğunda müstəqil Azərbaycan dövlətinin tarix səhnəsinə çıxmağına biganə qala bilməzdi. Bu səbəbdən də işğalçı XI qırmızı ordunun zərbələrinə davam gətirə bilməyən Azərbaycanın ilk demokratik hökuməti süqut etdi. Ölkədə sovet hakimiyyəti quruldu. Heç şübhəsiz, “proletar diktaturası” və “kommunizm cənnəti” pərdəsi arxasındakı əsil həqiqəti C.Məmmədquluzadə və Hüseyn Cavid vaxtında görmüş, onun mürtəce antiazərbaycan mahiyyətini başa düşmüşdülər.

30-cu illərin repressiyası öz başlanğıcını sovet hakimiyyətinin qurulduğu ilk aylardan götürmüşdü. Onun ilk ziyalı qurbanı erməni daşnaklarının Gəncə həbsxanasında güllələdikləri Qazax Müəllimlər Seminariyasının direktoru, görkəmli alim və ədəbiyyat tənqidçisi, ilk çoxcildlik Azərbaycan ədəbiyyatı tarixinin müəllifi, böyük maarifpərvər Firidun bəy Köçərli (1863-1920) olmuşdur. Ümumiyyətlə repressiya Azərbaycan ədəbiyyatının sovet dövrü tarixinin qan qarışıq qara səhifələrini təşkil edir. Bu zaman əsassız təqiblərə məruz qalanlar arasında günahsız fəhlə və kəndlilər də çox idi. Lakin bolşevik-daşnak təqiblərindən ən çox zərər çəkən ziyalılar olmuşdur. Bunun da səbəbi aydın idi. Stalinçilər Azərbaycan xalqının ziyalı övladlarını qırmaq, yaxud məhbəslərdə və sürgünlərdə çürütməklə millətin özünüdərk prosesinə mane olmaq, onu öz mənəvi köklərindən ayırmaq, kommunist ehkamlarının kor-koranə icraçısına çevirmək istəyirdilər. Xalqın tarixini, fəlsəfəsini, dilini, əlifbasını, mədəniyyətini, psixologiyasını, mentalitetini yaxşı bilən, bunları tədqiq edib soydaşları arasında təbliğ edən alimlər, öz doğma dilində və xalq ruhuna yaxın olan formalarda yazılmış bədii əsərləri ilə milli təfəkkürün öləziməsinə mane olan yazıçı, şair və dramaturqlar, bütünlükdə yaradıcı ziyalılar “yuxarı”dan verilmiş sərt və amansız “xüsusi” tapşırıqları yerinə yetirənlərin ən çox qorxduqları, buna görə də ən amansız rəftar etdikləri həmvətənlərimiz idilər.

O dəhşətli illərdə repressiyaya məruz qalmış sənətkarlar arasında Azərbaycan ədəbiyyatı və incəsənətinin, ədəbiyyatşünaslıq və dilçilik elmlərinin çox görkəmli nümayəndələri olmuşlar: böyük dramaturq H.Cavid, parlaq istedadlı şair M.Müşfiq, görkəmli nasir və ədəbiyyat tənqidçisi S.Hüseyn, Azərbaycan Respublikasının ilk (və son) himninin müəllifi məşhur şair Ə.Cavad, məhsuldar ədib və alim Y.V.Çəmənzəminli, filologiya professoru, poliqlot alim B.Çobanzadə, Bakı Dövlət Universitetinin rektoru, yazıçı T.Ş.Simürğ, Bakıda ilk Şərq konservatoriyasını açmış Xədicə xanım Qayıbova, görkəmli teoloq-alim, Bakı qazisi Mir Məhəmməd Kazım ağa, folklorçu-alim H.Zeynallı, faciəvi rolların səhnəmizdə ən görkəmli ifaçıları A.M.Şərifzadə, Ü.Rəcəb və onlarca başqaları. Sürgündə və məhbəsdə həlak olmuş Y.V.Çəmənzəminlidən və H.Caviddən başqa bu yaradıcı ziyalıların hamısı güllələnmişdi. Qatillər öz qurbanlarının yaşına fərq qoymadan onları tələm-tələsik mühakimə və edam edirdilər. Qurani-Kərimin Azərbaycan dilinə ilk tərcüməçilərindən olan Bakı qazisi Mir Məhəmməd Kazım ağanı 83 yaşında, M.Müşfiqi isə 29 yaşında güllələmişdilər. Mikayıl Müşfiq (1908-1937) mürəkkəb və ziddiyyətli ictimai quruluş şəraitində milli poeziyanı “Oxu, tar!” qəbilindən olan ölməz əsərlərlə zənginləşdirmişdir. Şairə dünya poeziyası təcrübəsində ən qısa bir vaxt ərzində (cəmi 10 il) yazıb-yaratmaq nəsib olmuşdur. Lakin bu qısa müddətdə nəşr etdirdiyi əsərlər ədəbiyyatda silinməz izlər buraxmışdır. Çoşğun hiss və duyğular, zəmanəsinə meydan oxuyan romantik ovqat, rəvan və oynaq dil Müşfiq sənətinin bədii dəyərini, uzunömürlülüyünü təmin edən yaradıcılıq xüsusiyyətləridir.

XX əsrin ilk onilliklərindəki qlobal hadisələr və regiondakı ictimai sarsıntılarla əlaqədar olaraq, xüsusən də ADR-in devrilməsindən sonra, habelə 30-cu illərin repressiyaları zamanı Azərbaycanın yaradıcı ziyalıları dəfələrlə siyasi təqiblərə məruz qalmış, xilas olmaq və ədəbi fəaliyyətlərini davam etdirmək məqsədilə son çıxış yolu kimi mühacirətə üz tutmuşdular. Alman faşizminə qarşı müharibədə əsir alınması ucbatından vətən torpağına qədəm basması yasaq edildiyi üçün davadan sonra xaricdə sığınacaq tapanlar, şahlıq rejiminin təqibindən tərkivətən olanlar, yaxud onların övladları bu gün ölkəmizdən uzaqlarda — Asiya, Afrika, Avropa, Amerika, hətta Avstraliya qitələrində yaşayırlar.

Mühacir ziyalılarımızı bir cəhət həmişə birləşdirmişdir: onlar məskun olduqları ölkələrdə Azərbaycan milli ədəbi, mədəni mentalitetini, azərbaycançılıq ideallarını yorulmaq bilmədən qorumuş, ləyaqətlə təmsil və təbliğ etmiş, sovet imperiyası məngənəsində sıxılan Azərbaycanın dərdini-odunu həmişə hakim dairələrin və ictimaiyyətin diqqət mərkəzində saxlamaq üçün səylə çalışmışlar. Bir qismi öz yaradıcılıq fəaliyyətini bu gün də davam etdirən Azərbaycan mühacirlərinin çox geniş, sanballı ədəbi, elmi-filoloji, publisist irsi mövcuddur. Bu müəlliflərin arasında Əlibəy Hüseynzadə, Əhmədbəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə, Mirzə Bala Məhəmmədzadə, Əlimərdanbəy Topçubaşov, Ceyhun Hacıbəyli, Səməd Ağaoğlu, Əhməd Cəfəroğlu, Əbdülvahab Yurdsevər, Almas İldırım, Bənin (Ümmülbanu), Nağı Şeyxzamanlı, Məmməd Sadıq Aran, Hüseyn Camal Yanar, Teymur Atəşli, Musa Zəyəm, İbrahim Arslan, Əli Azərtəkin və onlarla başqaları vardır. Azərbaycan öz dövlət müstəqilliyini əldə etdikdən sonra Ümmülbanunun “Qafqaz günləri” romanı, A.İldırımın “Qara dastan” şeirlər toplusu, Ə.Hüseynzadənin “Siyasəti-fürusət”, M.Ə.Rəsulzadənin “Azərbaycan şairi Nizami” monoqrafiyaları, C.Hacıbəylinin hekayələri, M.B.Məhəmmədzadənin publisistikası müəlliflərinə hörmət və ehtiramla Bakıda ayrıca kitablar şəklində nəşr edilmişdir.

Ədəbiyyatın sərt direktivlərdən asılı vəziyyətdə qalması, söz azadlığının dönə-dönə pozulması, ədəbiyyatın dövlət siyasətinə tabe edilməsi və s. neqativ hallar uzun illər boyu ədəbi-mədəni həyatda müəyyən məyusluğa, ruh düşkünlüyünə, durğunluğa səbəb oldu.

Amma bu dövrdə C.Cabbarlı, M.Müşfiq, S.Vurğun, O.Sarıvəlli, R.Rza kimi yüksək istedadlı və çox zaman ezop dili ilə ideoloji çərçivələrə təsir göstərən sənətkarlar da meydana çıxırdı ki, bunun özü də bütövlükdə ədəbiyyatın ictimai-siyasi şəraitdən mütləq asılılığı haqqında ifrat nəzəriyyələrin əleyhinə işləyən bir fakt idi. Vaxtilə “Qızıl qələmlər” birliyinin ideologiyası altında komsomol şairi kimi fəaliyyətə başlamış Süleyman Rüstəmin (1906-1989) əsil vətənpərvərlik ruhunda yazılmış “cənub şeirləri” silsiləsi, “Ana və poçtalyon” şeiri, saf məhəbbət duyğularının tərənnümünə həsr edilmiş qəzəlləri də bu qənaəti bir daha təsdiq etməkdədir. Qəzəlin rəsmi dairələrdə vaxtı keçmiş, məhdud janr hesab edildiyi o illərdə görkəmli şair Əliağa Vahidin (1895-1965) dərin mənalarla zəngin olan zərif qəzəllərini də məhz xalqın məhəbbəti yaşatmışdı.

Bu dövrdə Azərbaycan ədəbiyyatının roman, xüsusən tarixi roman janrını inkişaf etdirən tanınmış sənətkarlardan biri M.S.Ordubadi (1872-1950) olmuşdur. Onun Azərbaycan Atabəylər dövləti və həmin dövrdə yaşamış ən böyük sənətkarımız Nizami Gəncəvi haqqında yazdığı “Qılınc və qələm”, eləcə də cənubdakı azadlıq hərəkatına həsr edilmiş “Dumanlı Təbriz” romanları bu gün də öz tarixi-estetik əhəmiyyətini itirməmişdir. Təxminən eyni dövrün nəsrində “İki od arasında” (“Qan içində”), “Qızlar bulağı” kimi romanların müəllifi Y.V.Çəmənzəminlinin, “Şamo” epopeyası və “Saçlı” romanının müəllifi Süleyman Rəhimovun (1900-1983), “Açıq kitab” romanı və lakonik hekayələr yazarı Mir Cəlalın (1908-1978), “Dostluq qalası” epopeyası və “Yoxuşlar” romanlarının müəllifi Əbülhəsən Ələkbərzadənin (1904-1986), “Gələcək gün” və “Pərvanə” romanlarının müəllifi Mirzə İbrahimovun (1911-1993) da xüsusi xidmətləri qeyd olunmalıdır.

Sovet dövrü dramaturgiyası Hüseyn Cavid, Süleyman Sani Axundov, Cəfər Cabbarlı, Mirzə İbrahimov, Səməd Vurğun, Sabit Rəhman, Ənvər Məmmədxanlı, İlyas Əfəndiyev, Şıxəli Qurbanov və b. adı ilə sıx bağlıdır. Hüseyn Cavid (1882-1941) 30 il davam etmiş yaradıcılığı ilə Azərbaycan ədəbiyyatını həm janr, həm də məzmunca zənginləşdirmiş qüdrətli dramaturq və şairdir. Onun əsərləri ilə ədəbiyyatımızn mövzular aləmi xeyli vüsətlənmiş, dramaturgiyamıza bəşəri konfliktlər və dərin düşüncəli, həssas ürəkli, böyük ehtiraslı parlaq xarakterlər gəlmişdir. “Ana”, “Şeyx Sənan” və “İblis” əsərləri ilə dramaturq ədəbiyyatımızda mənzum faciə janrının əsasını qoymuşqdur. Sovet dövründə ədibin dramaturji yaradıcılığı “Peyğəmbər” (1922), “Topal Teymur” (1925), “Knyaz” (1929), “Səyavuş” (1933), “Xəyyam” (1935), “İblisin intiqamı” (1936) pyesləri, “Azər” (1923-1932) poeması ilə daha da zənginləşdi.

Cəfər Cabbarlı (1899-1934) M.F.Axundzadə ilə təməli qoyulan milli dramaturgiyanın sadəcə varisi, davamçısı olmamış, eyni zamanda onu “Oqtay Eloğlu”, “Od gəlini”, “Sevil”, “Almas” əsərlərindəki problem və qəhrəmanlarla zənginləşdirmişdir.

Səməd Vurğun (1906-1956) sovet dövründə yetişmiş ən görkəmli şair-dramaturqlardan biridir. Azərbaycan təbiətinin ecazkar gözəlliklərini, xalqımızın qəhrəmanlıq tarixini, humanist dəyərlərimizi fəlsəfi dərinliklə qavrayıb romantik vüsətlə mənalandırmaq onun şeir və poemalarının əsas xüsusiyyətləridir. Keçən əsrin Azərbaycan poeziyası öz dilinin xəlqiliyi, ahəngdarlığı, obrazlılığı ilə ilk öncə S.Vurğunun yaradıcılığına, xüsusilə də onun “Azərbaycan” şeirinə, “Aygün”, “Muğan” kimi epik poemalarına, “Vaqif”, “İnsan” mənzum dramlarına borcludur. Sovet rejiminin hər cür təzyiqlərinə baxmayaraq Azərbaycan xalqının milli özünüdərki prosesində “Vaqif”in oynadığı rolu ancaq dahi Üzeyir Hacıbəyovun “Koroğlu” operasının bu sahədəki böyük rolu ilə müqayisə etmək olar.

Sovet dövründə Azərbaycan poetik fikrinin inkişafında Rəsul Rzanın (1910-1981) əsasən sərbəst vəzndə qələmə aldığı şeir və poemaların böyük rolu olmuşdur. Novator şair olan R.Rzanın poeziyası fəlsəfi lirizmi, fikir və emosiyaların canlılığı, orijinal poetik obrazları ilə seçilir. Onun “Rənglər” silsiləsindən fələsfi şeirləri, “Füzuli”, “Qızılgül olmayaydı” və b. lirik poemaları Azərbaycan poeziyasının ən yaxşı örnəklərindəndir.

Sovet dövrü Azərbaycan ədəbiyyatının başlıca xüsusiyyətlərindən biri də müntəzəm olaraq ideoloji orqanlar tərəfindən idarə edilməsi, ədəbi fəaliyyətə direktivlərlə istiqamət verilməsi olmuşdur. Bunlardan ən başlıcaları kimi RK(b)P MK-nın “Partiyanın bədii ədəbiyyat sahəsindəki siyasəti haqqında” (1925) qətnaməsini, “Ədəbi-bədii təşkilatların yenidən qurulması haqqında” (1932) ÜİK(b)P MK-nın qərarını, “Zvezda” və “Leninqrad” jurnalları haqqında” (1948) qərarını Azərbaycan KP MK-nın “Azərbaycan sovet ədəbiyyatının vəziyyəti və onu yaxşılaşdırmaq tədbirləri haqqında” (1948) qərarını Sov.İKP MK-nın “Ədəbi-bədii tənqid haqqında” (1972) qərarını və bir sıra başqa siyasi direktivləri göstərmək olar. Xüsusən 1934-cü ildə keçirilən sovet yazıçılarının Birinci Ümumittifaq qurultayı tərəfindən müəyyən edilmiş sosialist realizmi bədii metodu yaradıcı sənətkarların əl-qolunu bağlayır, onları müəyyən qəliblər çərçivəsində yazmağa məcbur edirdi. “Zvezda” və “Leninqrad” jurnallarında sovet həyat tərzinin guya təhrif edilməsinin, ictimai həyatdakı nöqsanların qabardılmasının tənqidindən sonra isə, başqa SSRİ xalqları ədəbiyyatı ilə yanaşı, Azərbaycan ədəbiyyatında da “konfliktsizlik” üzərində qurulmuş bədii örnəklər yaranmağa başladı.

Azərbaycan nəsrinin canlı, təravətli, bədii surətlər və əlvan təsvir vasitələri ilə zənginləşməsində, dramaturgiyamızda lirik-psixoloji üslubun inkişafında İlyas Əfəndiyevin (1914-1996) böyük yaradıcılıq xidmətləri olmuşdur. Yarım əsr ərzində onun səhnəmizə bəxş etdiyi 15 pyesi (“Sən həmişə mənimləsən”, “Məhv olmuş gündəliklər”, “Mahnı dağlarda qaldı”, “Büllur sarayda”, “Xurşidbanu Natəvan” və s.) əsasında hazırlanmış tamaşalarda aktyor və rejissor kadrların bütöv bir nəsli yetişib püxtələşmiş, “İlyas Əfəndiyev teatrı” bərqərar olmuşdur. Azərbaycan nəsrinin yeni mövzu və qəhrəmanlarla zənginləşməsində Əli Vəliyev, Hüseyn İbrahimov, Hüseyn Abbaszadə, Bayram Bayramov, Cəmil Əlibəyov, Vidadi Babanlı, Ələviyyə Babayeva, Süleyman Vəliyev, Əzizə Əhmədova, Əfqan Əsgərov, Gülhüseyn Hüseynoğlu, Əlibala Hacızadə və başqalarının da xidmətləri vardır.

60-cı illərdən başlayaraq, qlobal ictimai-siyasi atmosferin bir qədər ilıqlaşması, SSRİ-də ideoloji buxovların zəiflədilməsi nəticəsində bədii yaradıcılıq sahəsinə gələn gənc istedadlar mövcud siyasi quruluşun tənqidini verən əsərlər ərsəyə gətirməyə başladılar. Bunların arasında İsa Hüseynov, Məmməd Araz, Sabir Əhmədov, Anar, Əkrəm Əylisli, Elçin, Sabir Rüstəmxanlı, Ələkbər Salahzadə, Fərman Kərimzadə kimi nasir və şairlər vardır. Bədii yaradıcılığa bir qədər öncə qədəm qoymuş İsmayıl Şıxlını (1919-1994) və onun “Dəli Kür” romanını xüsusi qeyd etmək lazımdır. Əlbəttə, bu sənətkarlar da sələfləri kimi bir çox hallarda simvollardan, ezop dilindən istifadə edirdilər. Ancaq bu prosesin özü artıq dönməz bir istiqamət almışdı və “sonun başlanğıcı” kimi qiymətləndirilə bilərdi. 60-cı illərə keçid hələ 40-50-ci illərdə və ondan da əvvəl ədəbiyyata gələn nəslin iştirakı ilə başlamış və davam etdirilmişdi. Bu baxımdan novator sənətkar Rəsul Rzanın (1910-1981) bir çox əsərləri, xüsusən də “Qızılgül olmayaydı” və “Rənglər” ümumi başlığı altında məşhur olan şeirlər silsiləsi, “Sarı dana”, “Kefli İskəndər”, “Mən torpağam” qəbilindən olan əsərləri ilk örnəklərdən sayılmalıdır. Görkəmli nasir, dramaturq və tənqidçi kimi məşhur olan Mehdi Hüseynin (1909-1965) “Yeraltı çaylar dənizə axır” romanı da eyni ovqatın həyati bədii obrazların taleləri əsasında inandırıcı təsvirinə söykənir. Bununla belə, 60-90-cı illərin ən mühüm ədəbi hadisəsi “60-cıların” yaradıcılıq aləminə gəlişi oldu. Məhz bu gəlişdən sonra ədəbiyyat öz ruhu, mahiyyəti ilə total hərbi rejimə qarşı gerçək bir mənəvi müxalifətə çevrildi və bu günün milli istiqlal və demokratiya hərəkatının fikri mənəvi cəhətdən hazırlanmasında fəal iştirak etdi.

Hər şeydən öncə, “60-cıların” insana, onun mənəvi aləminə baxışının dərinləşdiyi qeyd olunmalıdır. İnsan hər zaman ədəbiyyatın əsasını təşkil etmişdir və təsadüfi deyil ki, ədəbiyyat yüksək mənada “insanşünaslıq” adlandırılmışdır. Ancaq diqqəti çəkən ən vacib məqam “60-cıların” “insan” mövzusunu o dövrün ədəbiyyatına yeni mövzu, təzə problem olaraq əsaslı şəkildə yenidən daxil etmələridir. Onların əsərlərində bədii maraq şəxsiyyətə, fərdə, ən sadə, sıravi cəmiyyət üzvlərinin mənəvi-psixoloji aləminə, dərinliyə, içə yönəldilmişdi. Xüsusən onların povest və hekayələrində dövr, mənəvi gerçəklik “ictimai sistem və quruluş” kimi deyil, ondan daha öncə vicdani, etik səltənət kimi, bir əxlaq və mənəviyyat meyarı kimi qavranır və bədii təhlilin predmetinə çevrilirdi. Bu əsərlərdəki qəhrəman tipinin düşüncə və təsəvvürləri ədəbiyyatdakı “sovet adamı” anlayışı və ehkamı ilə heç cür uyğun gəlmirdi. Qəribəlikləri bəzən çılğınlıq kimi qəbul edilən saf ürəkli həqiqət divanələri, həyatda yerini tapmayan, bunun üçün də bəzən avara gəzən, buna baxmayaraq əsil insan və bəşəri hisslər qarşısında heyrətə gələn qeyri-adi adamlar “60-cılar” ədəbiyyatının ən populyar qəhrəmanları idi. Tarixi mövzuda yazılmış roman və povestlərdə sosialist məngənəsində öz milli köklərindən, dövlətçilik ənənələrindən uzaqlaşmağa məhkum edilmiş xalqın dövlətçilik tarixinə, qəhrəmanlıqla zəngin keçmişinə sıx-sıx müraciət olunur, azadlıq və sərbəstlik haqqında nisgil və arzuları öz əksini tapırdı.

Söz və fikir azadlığı, siyasi düşüncə sərbəstliyi, plüralizm, milli istiqlal, ictimai ədalət uğrunda ədəbiyyatda başlamış bu hərəkat 70-90-cı illərdə davam etdirilərək, ən nəhayət, Azərbaycanın siyasi suverenlik, dövlət müstəqilliyi əldə etməsi ilə öz perspektiv məqsədlərini həyata keçirmiş oldu.

Bu deyilənlərlə həmahəng olaraq Bəxtiyar Vahabzadə (1925-2009), Nəbi Xəzri (1924-2007), Nəriman Həsənzadə (1931) kimi sənətkarların poeziya və dramaturgiyasında da daha çox xalq tarixinin ibrətamiz səhifələri, bu fonda lirik-psixoloji yaşantılar üstünlük təşkil edir. Bu şairlərin, eləcə də Qabilin (1926-2007) həmişə aktuallığı ilə seçilən şerləri, “Nəsimi” poeması, Adil Babayev, İslam Səfərli, Hüseyn Arif, Qasım Qasımzadə, Əliağa Kürçaylının bir çox əsərləri ədəbiyyatımızın qiymətli nümunələrindəndir.

Azərbaycan ədəbiyyatının yeni mərhələsi üçün bədii zəmin hazırlayanlar və özləri də bu prosesdə fəal iştirak edənlər arasında Əli Kərim (1931-1969), Xəlil Rza (1932-1994), Cabir Novruz (1933-2002), Məmməd Araz (1933-2004), Fikrət Qoca (1935), Fikrət Sadıq (1930), Ələkbər Salahzadə (1941-2013), İsa İsmayılzadə (1941-1997), Sabir Rüstəmxanlı (1946), Famil Mehdi (1934-2002), Tofiq Bayram (1934-1991), Arif Abdullazadə (1940-2002), Hüseyn Kürdoğlu (1934-2003), İlyas Tapdıq (1934-2016), Musa Yaqub (1937), Çingiz Əlioğlu (1944), Nüsrət Kəsəmənli (1946-2001), Zəlimxan Yaqub (1950-2016), Ramiz Rövşən (1946) və b. şairlər seçilirlər.

Yeni Azərbaycan nəsrinin istedadlı nümayəndələrindən biri də Anardır (1938). Anar nəsrinin ilk orijinal və uğurlu örnəklərindən biri “Ağ liman” (1967) povestidir. Anar həm də görkəmli dramaturq və kino ssenariçi kimi tanınır. Tarixi mövzuda “Dədə Qorqud”, “Uzun ömrün akkordları” kimi ssenariləri, “Şəhərin yay günləri”, “Təhminə və Zaur” dramları Azərbaycan ədəbiyyatını zənginləşdirən bədii örnəklərdir.

Çoxşaxəli yaradıcılığı ilə seçilən Elçin (1943) də eyni ədəbi nəsilə mənsubdur. “Dolça”, “Baladadaşın ilk məhəbbəti”, “Şuşaya duman gəlir” povestləri, bir sıra hekayələri, “Mahmud və Məryəm”, “Ağ dəvə”, “Ölüm hökmü” kimi romanları, “Mənim ərim dəlidir”, “Mənim sevimli dəlim” kimi pyesləri Elçini müasir ədəbiyyatımızın ən görkəmli nümayəndələri sırasına qoymuşdur. Eyni zamanda məhsuldar ədəbiyyatşünas və tənqidçi olan Elçin “Tənqid və ədəbiyyatımızın problemləri”, “Klassiklər və müasirlər”, “Cazibə sahəsi” kimi qiymətli elmi monoqrafiyaların müəllifidir.

Comments are closed, but trackbacks and pingbacks are open.