Press "Enter" to skip to content

8-ci sinif Azərbaycan tarixi

Əlincə yüzillərlə Azərbaycanın və Yaxın Şərqin müxtəlif hakim sülalələrinə qulluq göstərsə də tarixdə daha çox Azərbaycan Atabəylərinin iqamət və xəzinə yeri kimi tanınmış, çağının ən güclü hərbi qüvvələrini məğlubyyətə uğradan böyük cahangir Əmir Teymuru belə möhkəmliyi ilə heyrətləndirmişdir.

Tarixi abidələr

Bakının Bayıl qəsəbəsi yaxınlığına yerləşən və hazırda dəniz sularının altında qalmış tarixi memarlıq abidəsi. Şirvan-Abşeron memarlıq məktəbinin ən gözəl əsərlərindən biri olan və XIII əsrdə inşa edilmiş Bayıl qalası Xəzər dənizinin suyunun qalxıb-enməsi ilə zamanla gah dənizin üzünə çıxır, gah da sulara qərq olaraq görünməz olur. Qala mənbələrdə müxtəlif adlarla (“Sualtı şəhər” , “Bayıl daşları”, “Səbayıl qalası”, “Karvansara”, “Xanəgah”, “Kömrükxana” və s.) anılsa da, elmi ədəbiyyatda daha çox “Bayıl qəsri” adı ilə tanınır.

Bayıl qəsrinin adanın biçiminə uyğun uzunsov planı var. Qalanın uzunluğu 180 m, orta eni isə 35 m-dir. Qala divarları şərqdə altı, qərbdə isə beş yarımdairəvi (Bakı qalasındakı kimi) bürclə möhkəmləndirilmişdir.

Bayıl qəsrinin tikintisi siyasi-hərbi baxımdan çox qarşıq bir çağda – monqol yürüşləri bütün Yaxın Şərqi lərzəyə gətirdiyi vaxtda (1234-1235 – ci illərdə) başa çatmışdı. Ancaq sahilə yaxın adada tikilən bu möhtəşəm qəsrin ömrü çox qısa olmuşdur. Alimlərin fikrincə, o, 1306 – cı ildə baş vrən güclü zəlzələ nəticəsində dənizə batmışdır.

Qız qalası

Bakının, eləcə də Abşeronun ən möhtəşəm və sirli memarlıq abidəsidir. Qala qədim qala divarlarının (İçərişəhərin) cənub-şərq hissəsində, dənizkənarı parkın (bulvar) yaxınlığında yerləşən tarixi abidədir. Uca qüllə şəkilli bu nadir abidənin açılmamış tarixi-memarlıq problemləri çoxdur.

Hündürlüyü 28 m, diamеtri birinci mərtəbədə 16,5 m-dir. Birinci mərtəbədə divarın qalınlığı 5 m-ə çatır. Qalanın daхili hissəsi 8 mərtəbəyə bölünür. Hər mərtəbə yоnma daşlarla tikilmiş, günbəz fоrmalı tavanla örtülmüşdür. Qala 1964-cü ildən muzey kimi fəaliyyət göstərməyə başlamış, 2000-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına salınmışdır.

Azərbaycanın emblemlərindən biri olan Qız qalası Azərbaycan pul əskinaslarının üstündə də dəfələrlə təsvir edilmişdir.

Şirvanşahlar sarayı

XV əsrdə Şirvanşah İbrahim Xəlilullahın dövründə tikilmiş saray kompleksi. Bakının mərkəzində, İçərişəhərdə yerləşən saray kompleksi Yaxın Şərqin ən görkəmli memarlıq abidələrindən biridir. Kompleksə Şirvanşahlar sarayı, Divanxana, Kеyqubаd məscidi, Şirvanşahlar türbəsi (1435-1436), Şah məscidi (1441), Seyid Yəhya Bakuvi türbəsi, Murad darvazası (1585), Saray hamamı və Ovdan daxildir. 1964-cü ildən muzey-qoruq kimi fəaliyyət göstərir və dövlət tərəfindən mühafizə olunur.

2000-ci ildə YUNESKO tərəfindən İçəri şəhər və Qız qalası ilə birlikdə Ümumdünya mədəni irsi siyahısına daxil edilmişdir.

Atəşgah

Od məbədi olan “Atəşgah” Bakının 30 kilometrliyində, Abşeron yarımadasının Suraxanı qəsəbəsinin cənub-şərq hissəsində yerləşir. “Atəşgah” XVII-XVIII əsrlərdə təbii qazın çıxdığı əbədi sönməz alovların yerində inşa edilmiş od məbədidir. Məbədin ən erkən tikilişi olan tövlə eramızın 1713-cü ilinə aiddir, mərkəzi məbəd-səcdəgahı isə 1810-cu ildə tacir Kançanaqaranın vəsaiti ilə tikilmişdir.

Suraxanı “Atəşgah”ı məbədin özündən, hind guşənişinlərinin hücrələrindən və zəvvarlar üçün otaqlardan ibarət idi. Atəşgahı bu abidəni sifariş vermiş hindlilərin planı üzrə yerli ustalar tikmişlər.

Ümumiyyətlə, Atəşgah plan quruluşuna görə şəhər karvansaraylarına oxşayır. Abidə memarlıq üslubuna görə hələ Midiya dövründən Azərbaycanda yayılmış od səcdəgahlarının tikinti ənənələrini əks etdirir. Lakin o, özündə bəzi hind məbədlərinin əlamətlərini saxlayıb.

Ramana qalası

Bakının Ramana kəndində XVI əsrə aid qaladır. Qalanın hüdürlüyü 15 metrdir. Ağ daşdan tikilən qalanın dəqiq tikilmə vaxtı bəlli deyil. Güman ki, müdafiə məqsədi ilə tikilib və Şirvanşahlar dövləti döründə qəsr kimi istifadə olunub.

Tarixçilər Ramana qalasından Qız qalasına vaxtilə yeraltı yolun olduğunu qeyd ediblər.
Mərdəkan qalası

Bakının Mərdəkan qəsəbəsində qədim tarixə malik qaladır. Qala dörd künc formada XIV əsrin ortalarında Şirvanşah Mənuçöhrün oğlu Şirvanşah Axsitan tərəfindən tikilmişdir. Mərdəkan qalası Axsitanın düşmən üzərindəki parlaq qələbəsi şərəfinə ucaldılmışdır. Qaladan feodalların sığınacağı və gözətçi məntəqəsi kimi istifadə edilmişdir.

Qalanın hündürlüyü 22 metr, qalınlığı aşağıdan 2,10 metr, yuxarıdan isə 1,60 metrdir. Daxili həyəti-28×25-dir. İçəridən qala 5 yarusa bölünür.

Şıx qalası

Mərdəkanda 16 metr hündürlüyündə inşa edilmiş qala sırf keşikçi məntəqəsi missiyasını daşıyıb. Qalaya mərdəkanlılar İşıq qalası deyirlər. Tarixi mənbələrdə isə göstərilir ki, qalanın yerləşdiyi ərazi Səid Əbdüxxeyir şeyxə məxsus pay torpağıdır. Ona görə tikilinin adı əvvəlcə Şeyx, Şıx qalası, zaman keçdikcə yerli əhalinin dilində təhrif olunaraq İşıq qala kimi formalaşıb. Tarixi 1232-ci ilə aid edilən qalanın daş kitabəsində onun Məsud oğlu Əbdülməcid tərəfindən inşa edildiyi göstərilib.

Qobustan

Qaradağ rayonunun Qobustan qəsəbəsində, paytaxt Bakidan 56 km. aralıda yerləşir. Sahəsi təxminən 3-4 km-dir.

Azərbaycanın ən qədim və zəngin tarixi abidələrindən biri də dünyada qayaüstü təsvirlərlə tanınmış Qobustandır. Qobustanda Böyükdaş, Kiçikdaş, Cingirdağ, Sonqardağ və Şıxqaya dağlarında daş dövrünün və Azərbaycan xalqının ulu keçmişinin şahidləri olan çoxlu qayaüstü təsvir, düşərgə, yaşayış məskəni, qəbir abidələri və s. vardır. Böyükdaş ərazisində mezolitdən orta əsrlərə qədər bütün dövrlərin abidələrinə rast gəlmək olar.

Azərbaycan daş plastikası – qədim tarixi abidələr

Azərbaycanda daşdan düzəldilmiş və üstü bəzədilmiş daş abidələrin tarixi uzaq keçmişlərə təsadüf edir. Oyma, yonma, cızma üsulu ilə daş üzərində həkk olunmuş təsvirlərin ən qədim nümunələrinə alimlərimiz hələlik Ordubad (Gəmi qaya), Abşeron (Mərdəkan, Şüvəlan kəndlərində) və Bakı şəhərindən 60 kilometr cənubda Xəzər dənizindən bir qədər aralı Qobustan qayaları üzərində rast gəlmişlər.

«Ağoğlan» qəsr kompleksi

Bu tarixi abidə Kosalar kəndində yerləşir və IV-IX əsrə aid olan Qafqaz Albaniyası dövrünə məxsusdur. Qəsr kompleksi dağın ətəyində yerləşir. Bu dağın zirvəsində antik «müşahidə qalası» var. Qaladan «Ağoğlan» qəsrinə yeraltı keçidlərin olması barədə ilk dəfə 1985-ci ildə məlumat əldə edilib. Lakin bu yeraltı keçidlərin qəsrin içərisində mövcud olmuş izləri erməni işğalına qədər olan dövrdə aşkar edilməyib. Amma erməni arxeoloqları 2009-cu ildə kompleksin içərisindən bu keçidə enmək üçün üç quyu aşkar ediblər.

Xudafərin körpüləri

Tarixən Azərbaycanın quzeyi ilə güneyini birləşdirən, hazırda ermənilər tərəfindən işğal edilən Cəbrayıl rayonu ərazisində yerləşir. Xudafərin Azərbaycan memarlıq sənəti tarixinin bəzəyi sayılan möhtəşəm tarixi abidələrindəndir. Araz çayı üzərində salınan iki Xudafərin körpüsü məlumdur. Onlardan birincisi “Baş Xudafərin körpüsü” adlanır, uzunluğu 130, eni 6, hündürlüyü isə 12 metrdir. İkinci körpü isə 15 aşırımlı olmaqla uzunluğu 200, eni 4,5 metr, hündürlüyü 10 metrdir. Baş Xudafərin körpüsünün daha qədim olması ehtimal edilir. Belə ki, bu körpünün Əhəməni imperiyası zamanında ağacdan tikilməsi və Eldəgizlər dövləti zamanında isə daş və kərpiclə üzləndiyi güman edilir. H. Qəzvini yazır ki, Xudafərin körpüsü Məhəmməd peyğəmbərin yaxın adamı olan Bəkir ibn Abdulla tərəfindən miladi tarixlə 736-cı ildə inşa etdirilib. Xudafərin körpüsünün Makedoniyalı İsgəndər, ya da Roma sərkərdəsi Pompey tərəfindən tikilməsi barədə də fərziyyələr irəli sürənlər var.

Bu körpünün Hindistandan başlayaraq Yaxın və Orta Şərq ölkələri, Rusiya və Qərbi Avropa ölkələri arasında Azərbaycanın iqtisadi və mədəni əlaqələrinin inkişafında böyük əhəmiyyəti olub.

Əlincə Qalası

Azərbaycan Respublikası ərazisində olan tarixi memarlıq abidəsi, Naxçıvan-Marağa memarlıq məktəbinin ən gözəl nümunələrindən biri.

Yazılı qaynaqlarda adı X yüzildən başlayaraq “Alıncaq”, “Alancıq” , “Əlincək” və “Əlincə” şəklində çəkilən qala Naxçıvan-Culfa yolunun kənarında, Əlincəçayın sağ sahilində yalçın dağ üstündə yerləşir.

Əlincəqalanın tikilmə tarixi haqqında müxtəlif fikirlər mövcuddur. Tarixi qaynaqlara əsaslanan bəzi tədqiqatçılar qalanı təqribən 2 min il bundan əvvələ aid edirlər. “Kitabi-Dədə Qorqud” dastanında Əlincəqala möhkəm istehkam kimi təsvir olunur. Orta əsr qaynaqlarında Əlincə adı qala, dağ, çay kimi nəzərdə tutulmuşdur.

Əlincə yüzillərlə Azərbaycanın və Yaxın Şərqin müxtəlif hakim sülalələrinə qulluq göstərsə də tarixdə daha çox Azərbaycan Atabəylərinin iqamət və xəzinə yeri kimi tanınmış, çağının ən güclü hərbi qüvvələrini məğlubyyətə uğradan böyük cahangir Əmir Teymuru belə möhkəmliyi ilə heyrətləndirmişdir.

İspan diplomatı, Kastiliya kralı III Enrikonun 1403 – 1406 -cı illərdə Teymurilər dövlətindəki səfiri Rüi Qonsales Klavixo Əlincə qalanı belə təsvir etmişdir: “Əlincəqala yüksək və sıldırım bir dağ üzərində qərar tutaraq divar və bürclərlə əhatə olunmuşdur. Divarların daxilində, dağ yamaclarının aşağı tərəflərində üzümlüklər, bağlar, zəmilər, otlaqlar, bulaqlar və hovuzlar vardır. Qəsr və ya qala dağın zirvəsində yerləşir.

Səfəvilərdən sonra ciddi dağıntılara uğrasa da qala XIX əsrdə də öz funksiyasını yerinə yetirmişdir.
Möminə Xatun Türbəsi

Möminə xatun türbəsi — Məşhur Azərbaycan memarı Əcəmi Naxçıvaninin şah əsəri və Naxçıvan-Marağa memarlıq məktəbinin ən dəyərli abidələrindən biri. Naxçıvan şəhərinin tarixi mərkəzində — Atabəylər Memarlıq Kompleksinin tərkibində yerləşir. Möminə xatun türbəsi həmin kompleksdən dövrümüzə çatmış yeganə abidədir.

Türbənin uca gövdəsini yuxarıda qapayan yazıda – abidənin baş kitabəsində yazılmışdır: “. bu türbəni dünyanın elmli, adil məliki, böyük qalib Şəmsəddin Nüsrət əl islam və əl müslimin Cahan Pəhləvan atabəy Əbu Cəfər Məhəmməd ibn Atabəy Eldəgiz . dünyanın və dinin cəlalı, islamın və müsəlmanların namusu Möminə xatunun xatirəsinə tikməyi əmr etdi. “

Bəzz qalası

Bəzz qalası Güney Azərbaycanın Qaradağ mahalının Kəleybər qəsəbəsindən 3 km cənub-qərbdə yerləşir. Xürrəmilər hərəkatının rəhbəri Babəkin əsas sığınacaqlarından biri olduğu üçün xalq arasında daha çox Babək qalası kimi tanınır.

Bəzz qalası ərazisində aparılan arxeoloji qazıntılar zamanı Bizans və Azərbaycan Atabəy Eldəgəzlər dövlətlərinə aid sikkələr tapılıb. Hazırda hər il Babəkin doğum günündə Güney Azərbaycan Milli Oyanış Hərəkatı təşkilatının rəhbərliyi ilə güneyli azərbaycanlılar qalaya yürüş keçirərək xalq qəhrəmanını yad edirlər.

Ərk qalası

Təbriz şəhərində yerləşir. XIII əsrdə Hülakülər (Elxanilər) zamanında vəzir Əlişah tərəfindən tikdirilib.

“Mədain sarayı”na bərabər tutulan Təbriz Əlişah qəsri (Ərk qalası) öz dövründə dünyanın ən böyük müsəlman tikilisi olmuşdur. Abidə bir-neçə dəfə bərpa edilsə də hazırda məhv olmaq təhlükəsi ilə üz-üzədir. Səbəb qalanın qabağında tikilən böyük bir məsciddir. Yeni tikilən azman məscid “Ərk”i demək olar ki, görünməz edib. Təxminən 3 tərəfdən baxanda Ərk görünməz olur, yalnız dördüncü tərəfdən baxdıqda bu məşhur qala – Təbrizin simvolu görünür.

Şamaxı qalası

Şamaxı qalası – Orta əsrlər Şamaxı şəhərini müdafiə etmək üçün inşa edilmiş qaladır. XI – XII yüzillərdə Şirvan şəhərlərinin bir çoxu böyüyüb inkişaf etmiş, bəzilərinin müdafiə tikililəri yenidən qurulmuşdu. 1045 – ci ildə Şirvanşah Qubad (1043-1049) Şirvanın baş şəhəri Şamaxıya yonulmuş ağ daşdan yeni möhkəm qala divarı çəkdirmiş, dəmir qapılar qoydurmuşdur.

Arxeoloqların SSRİ dövründə Şamaxıda qazıntılar zamanı aşkar etdikləri divar qalığı Şirvanşah Qubadın tikdirdiyi Şamaxı İçqalasının (Bala qala) qalığı sayılır. Bu çağda Bala qalada Şirvanşahların yeni saray kompleksi inşa edilmişdir. Şamaxının ikinci iç qalası olan Gülüstan qalası da XII əsrdə yenidən qurularaq möhkəmləndirilmişdir. Belə geniş quruculuq işlərindən sonra bitkin paytaxt şəhərinə çevrilən Şamaxını o çağın yazarları dəmir qapılı, daş divarlı alınmaz qala, cah-cəlallı gözəl şəhər kimi təsvir edirlər.

Koroğlu qalası

Gədəbəy rayonunun Qala kəndi ərazisində yerləşir. Yerli daşlardan kobud şəkildə, lakin möhtəşəm möhkəmlikdə tikilib. Qala yüksək dağlıq ərazidə yerləşir. Qalanın Koroğlunun Azərbaycandakı əsas sığınacaqlarından olduğu güman olunur.

Əsgəran qalası

Əsgəran qalası Şuşanın təxminən 24, Xocalının 5 km -liyində və Ağdam şəhərinin 12 km cənubunda Qarqarçayın sağ və sol sahillərində dağ döşündə yerləşir. Burada dağlar eni təqribən 500 m-ə çatan çayın vadisinə və qalanın divarları ilə əhatələnən böyük olmayan dərəyə yaxınlaşır.

Əsgəran qalasının tikilmə tarixi və onu tikdirənin adı müxtəlif mənbələrdə müxtəlif cür yazılmışdır. Bir qisim tarixçi qalanın tikilməsini Mehrəli xan Qarabağlının, digər qisim isə İbrahimxəlil xanın adı ilə bağlayır. Eyni zamanda tikilmə tarixi də müxtəlif cür verilir. Əslində Əsgəran qalaları 1783-1784-cü illərdə tikilmişdir.

Cavanşir qalası

İsmayıllı rayonu ərazisində yerləşir. Qafqaz Albaniyasında Mehranilər sülaləsinin hakimiyyəti dövründə hökmdar Cavanşir tərəfindən tikdirilən qala onun adını daşıyır. Qalanın inzibati mərkəz kimi istifadə olunduğu güman edilir. Qala İsmayıllı rayonunun Talıstan kəndindən 4 km şimalda, Ağcaçayın sağ sahilində yerləşir. Əsas hissə və “içqala”dan ibarətdir. Əsas hissənin cənub divarlarının qalınlığı 2 m, hündürlüyü isə 10 m-dən çoxdur. Düzgün olmayan çoxbucaqlıyla “içqala” dağın ən hündür yerində tikilmişdir. Qalanın şimal qurtaracağında eni 2 m, uzunluğu isə 50 m olan divar çıxıntı var. Divar silindirvari bürclə tamamlanır. Müdafiə istehkamıdır. Qaladan təqribən 7 km məsafədə yerləşən “Qız qalası”na (İsmayıllı rayonu Xanəgah kəndində) yeraltı yolun olması güman edilir. Qalanın həyətində heç yanda tapılmayan nadir güllər və bəzək ağacları bitir. Qalanın qərb divarları sürüşmə nəticəsində uçub dağılmışdır. Sahəsi təqribən 2 ha-dır. Qalada diametri 8 m-ə çatan 6 bürc var. Qalaya getmək üçün Talıstan kəndinə qədər avtomobillə, kənddən qalaya qədər olan 4 km məsafəni isə piyada və ya atla qət etmək lazımdır.

Gülüstan qalası

Goranboy rayonu ərazisindədir. Tam şəkildə dövrümüzə çatmasa da, müəyyən bürcləri qorunmuşdur. Qalanın tikilmə tarixi tədqiqatçılar tərəfindən Qafqaz Albaniyası dövrünə aid edilir. Yerli daşlardan tikilən qala möhkəm müdafiə qurğusu olub. Tarixi Gülüstan müqaviləsi də bu qalada imzalanıb.

Qalanın içərisində bina qalıqları, ovdan vardır. Orada habelə çaya aparan gizli yol qeydə alınmışdır.

Çıraqqala

Şabran rayonunun təqribən 20-25 kilometrliyində, Çanaqqaya adlanan sıldırım qayanın zirvəsindədir. Alimlərin dediyinə görə, Çıraqqala əsasən istehkam qarovulxana məqsədi ilə Sasani hökmdarları tərəfindən IV-VI əsrlərdə tikilmişdir. Gilgilçay səddinin baş qarovulxanası olub. Bura həm də qala rolunu oynayırmış və təqribən Xəzər dənizindən Baba dağın ətəklərinə qədər uzanan səddin üç böyük qalasından biri imiş. q üçü salamat qalıb.

Azıx mağarası

Azərbaycanın cənub-qərbindəki Kiçik Qafqaz sıra dağlarinin cənub-şərq yamacında Quruçay çayının sol sahilində yerləşir.

Mağara Azərbaycanın Xocavənd rayonu ərazisindədir. Təəssüflə qeyd etmək lazımdır ki, vaxtilə dünyanın ən qədim insanlarının yaşadığı bu mağaranın yerləşdiyi Azərbaycan torpağı 1993-cü ildən etibarən erməni işğalı altındadır və mağaranın işğaldan sonraki vəziyyəti haqqında heç bir məlumat yoxdur.

Azıx mağarasının sahəsi 800 kv km-dir. Burada uzunluğu 600 metrə qədər uzanan 8 dəhliz vardır. Dəhlizlərin bəzilərinin hündürlüyü 20-25 metrə qədərdir. Azıx mağarası Qafqazda indiyə qədər aşkar edilmiş mağaralardan ən böyüyü kimi də diqqəti cəlb edir.

Azıx mağarası haqqında dünya çox az məlumata malikdir. Çünki keçmiş SSRİ dövründə bu mağarada axtarış aparan, onun tarixi barəsində danışan alimlərin xarici ölkələrdə yaşayan həmkarları ilə əlaqə yaratmasına imkan verilməmişdir. Bunun nəticəsidir ki, dünyanın ən qədim insanlarından birinin Azərbaycan ərazisində yaşadığı haqqında dünya hələ də çox az şey bilir.

1960-cı ildə Azərbaycan arxeoloqu Məmmədəli Hüseynovun rəhbərlik etdiyi ekspedisiya Azıx mağarasını kəşf etdi və üzərindəki pərdəni götürməyə başladı. Aydın oldu ki, mağara dünyanın ən qədim sakinlərinin (onları Azıxantrop adlandırırlar) yaşayış məskəni olub. 1968-ci ildə M.Hüseynovun uzun zamandan bəri Azıx mağarasında apardığı qazıntıların nəticəsi olaraq Neandertal tipə məxsus olan bir insanın alt çənə sümüyü aşkar edildi. Tapıntı üzərində aparılan tədqiqatlardan sonra məlum oldu ki, onun ən azı 350-400 min illik bir tarixi vardır.

Diribaba türbəsi

Şamaxı rayonunun Mərəzə kəndində, dağın döşündə tikilmiş ikimərtəbəli türbə. Diribaba türbəsi həm də xatirə məscidi vəzifəsini daşıyır.

Memarlıq obrazının orijinallığı, tikinti kompozisiyasının təkraredilməzliyi və təbiət ilə sıx əlaqəsinin olmasına görə bu abidə Azərbaycan memarlığı tarixində xüsusi yer tutur. Binanın mərtəbələrini bir-birindən ayıran dekorativ yazı kəmərində abidənin tarixi hicri 805 (miladi 1402)-ci il kimi göstərilmişdir.

Gəmiqaya rəsmləri

Kiçik Qafqazın Ordubad dağlarında, Qapıcıq dağının cənub və şərq yamaclarındakı Nəbi yurdunda, Qaranquş yaylaqlarında qayaüstü təsvirlər.

Arxeoloqlar Qaranquş yaylağında qayaüstü rəsmlərin həkk olunduğu ərazidə Azərbaycan türklərinin ulu babalarına aid yurd yerlərinin qalıqlarını aşkara çıxarmış, müəyyənləşdirmişlər ki, Alp çəmənlikləri ilə zəngin olan Gəmiqaya-Qaranquş yaylağı Naxçıvanın qədim sakinlərinin əsas ov məskənlərindən biri olmuşdur. Gəmiqaya təsvirlərinin və oradakı qədim yurd yerlərinin azı 5–6 min il yaşı var. Tədqiqatlar nəticəsində orada yaşamış əhalinin həyat tərzini və mədəni inkişaf yollarını izləmək mümkündür. Gəmiqaya rəsmləri 1968-ci ildən öyrənilir.

Gəncəsər məbədi

Ağdərə rayonunun Vəngli kəndində, Xaçınçayının sol sahilində yerləşən XIII əsr xristian alban monastırı. Orta əsrlərdə monastır Alban Həvvari Kilsəsinin mərkəzi iqamətgahı olmuşdur. 1991-1994-cü illər I Qarabağ müharibəsinin nəticəsində bu tarixi abidənin yerləşdiyi ərazi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

Məbədin divarında daş üzərindəki epiqrafik yazıdan məlum olur ki, bu abidə “yüksək və büyük Arsax ölkəsinin hökmdarı, Alban geniş vilayətin çarı, Böyük Həsənin nəvəsi, Vaxtanqın oğlu, Həsən Cəlal Dövlə və anası Xorişə Xatun tərəfindən 1216-1238-ci illərdə inşa edilmişdir”. VIII əsrin əvvəllərindən etibarən Albaniya katalikosluğunun yerləşdiyi ərazi – Qarabağın dağlıq hissəsi knyazlıq, hökmranlıq mənasında “Arşax” və ya “Arsax” adlanmışdır. Bu isə təsadüfi deyil, çünki Albaniyada I əsrin ortalarında hakimiyyətə gəlmiş çar I Vaçaqanın nəslindən olan Arşakilər sülaləsinin hökmdarları “arşax”, VI əsrdən VIII əsrin əvvəlinədək hakimiyyətdə olmuş Mehranilər sülaləsinin hökmdarları isə “aranşax” adlanmışdır.

Kilsənin daxilindəki tağların yuxarı hissələri müqəddəs hesab olunan öküz və qoyun başlarının barelyefləri ilə bəzədilmişdir. Məbəd kompleksinin memarlıq planlaşdırma və kompozisiya həlli, heykəltaraşlıq nümunələri və diofizit xarakterli elementlər bu abidəni çoxəsrlik ənənələri olan Qafqaz Albaniyası memarlığına aid olduğunu təsdiq edir.

Kiş məbədi
Azərbaycanın Şəki rayonunun Kiş kəndi ərazisində yerləşən alban məbədi.

Rəvayətə görə İsa peyğəmbərin din qardaşı müqəddəs Yakov xristianlığı təbliğ etmək üçün müqəddəs Yeliseyi Albaniyaya göndərir. Çola vilayətində missionerlik etdikdən sonra ölkənin Uti vilayətinin Kiş kəndinə gələn müqəddəs Yelisey orada kilsə tikdirir. Yalnız Qafqaz Albaniyası ərazisində deyil, ümumiyyətlə, Zaqafqaziyada tikilmiş ilk xristian kilsəsi olan məşhur Kiş məbədi hazırda Şəki rayonunun Kiş kəndində yerləşir.

Vaxtilə məbədin üzərində onun müqəddəs apostol Yelisey kilsəsi olduğunu və 1244 – cü ildə alban kilsəsinin arxiadiakonu Serafim tərəfindən yenidən qurulduğunu bildirən kitabə olmuşdur. XIX əsrin 30-cu illərində Alban kilsəsi Sinodun qərarı ilə rəsmən ləğv edildikdən sonra bir çox digər alban məbədləri kimi bu məbədin də kitabəsi təmiz pozulmuşdur.

Bu məbəd əsrlər boyu Qafqaz Albaniyası kilsəsinin dini maarif mərkəzi olmuşdur. Maraqlıdır ki, məbədin yerləşdiyi kənd “din, etiqad, pərəstiş” mənasında 2000 ildən artıqdır ki, “Kiş” adlanır.

Yuхarı Gövhərağa məscidi
Şuşa mərkəzi meydanının memarlıq ansamblında hakim mövqedə duran binalardan biri.

Yuxarı Gövhərağa məscidini 1883-84-cü illərdə, yəni Aşağı Gövhərağa məscidindən təхminən səkkiz il sonra Gövhər ağanın vəsaiti hesabına memar Kərbəlayı Səfixan Qarabaği tikmişdir.

Araşdırmalar göstərir ki, indiki məscidin yerində hələ Pənah хanın dövründə qarğı və qamışdan bir məscid tikilmişdir. Pənah хanın tikdirdiyi bu məscid 1768-ci ildə İbrahim хan tərəfindən daşla əvəz etdirilmişdir. Həmin məscid də minarəsiz kasıb görünüşə malik olmuşdur. Görünür ki, elə məscidin bu görünüşü onun qızı Gövhər ağanı qane etməmiş və buna görə həmin məscidi (XIX yüzil) tamamilə sökdürüb, yerində qoşa minarəsi olan yeni bir məscid tikdirmişdir. Lakin məlum olduğu kimi, bu məscid də Gövhər ağanın göstərişi ilə sökülmüş və yerində müasir dövrümüzə qədər gəlib çatmış Yuхarı Gövhərağa məscidi kimi tanınan həmin bina inşa edilmişdir.

Şəmkir Minarəsi

Şəmkir minarəsi Azərbaycan memarlığının şah əsərlərindəndir. Əski şəhər yerində XIX yüzilin ikinci yarısınacan səyyahları, mütəxəssisləri heyrətləndirən bu minarə dağılıb yox olmuş və indi yalnız yazılı təsvirlərdən və rəsmlərdən öyrənilən nadir Azərbaycan abidəsidir.

Minarənin quruluş və ölçülərini daha dolğun təsəvvür etmək üçün N. Florovski 1899 – cu ildə Peterburqda çap etdirdiyi kitabdakı yazılı təsviri də dəyərlidir. Bu abidə bütün göstəriciləri ilə Böyük Səlcuq İmperiyasının müxtəlif şəhərlərində cümə məscidləri yanında ucaldılan və ayrıca dayanan minarə tipinin – mil minarənin bitkin örnəklərindən biridir.

8-ci sinif Azərbaycan tarixi

Orta ümumtəhsil məktəblərinin 8-ci siniflərində istifadə olunan “Azərbaycan tarixi” (“Təhsil” nəşriyyatı, Bakı-2015), dərsliyi barədə ümumiləşmiş qeydlər Bakı ş., 72 saylı məktəb-liseyın tarix müəllimi
Aydın Allahverdiyev

İllik tədris yükü 68 saat nəzərdə tutulan dərslik formal olaraq 29, faktiki isə 39 paraqrafdan ibarətdir. Bunun səbəbi 12,13 və 18-ci paraqrafların dünya təcrübəsində tətbiq olunan, lakin Azərbaycan üçün ənənəvi olmayan I, II, III və s. kimi hissələrə ayrılmasıdır. Ancaq müəlliflərin bu bölgünü hansı prinsipə əsaslanaraq və nə üçün (təlimə verdiyi fayda baxımdan) apardıqları aydın deyil.
Dərsliyin bütün paraqrafları fənərciklərə ayrılmış, müxtəlif tipli sual və tapşırıqlarla təchiz olunmuşdur. Lakin təəssüf ki, sual və tapşırıqların tərtibi zamanı çoxlu üslub qüsurlarına yol verilmiş, bir sıra hallarda pedaqoji normalar pozulmuş və MMV-də tövsiyə olunan alt standartların tələbləri nəzərə alınmamışdır. Əksər paraqraflarda mövzuya motivasiya xarakterli girişlə başlanmış, ancaq bu pozitiv üslub bütün paraqraflarda gözlənilməmişdir.
Ümumən 200 səhifədən ibarət olan dərsliyin hər paraqrafı 5-6 səhifədən ibarətdir. Bu, şagird üzərinə düşən informasiya yükünün bərabər paylanması baxımından çox əhəmiyyətlidir. Eyni zamanda, əvvəlki tarix dərslikləri ilə müqayisədə, burada faktoloji məlumatlar nisbətən azdır. Lakin təəssüf ki, bu dərslikdə də tarixi hadisə və proseslərin səbəb-nəticə əlaqələrinin, sinxronluğunun, qanun və qanunauyğunluqlarının şərhinə deyil, ənənəyə uyğun olaraq, müxtəlif tarixi fakt və hadisələrin konstatasiyasına üstünlük verilmişdir. Tarixi faktların paraqraflar üzrə paylanmasında da disproporsiyalar mövcuddur. Məsələn: §1 və 3-də əsr, il, ay və gün formasında 23 (!), §2 və 4-də isə 6-7 xronoloji fakt verilmişdir. Nəticədə, dərslikləri qiymətləndirmə meyarlarında verilmiş 1.4. Tədris vahidlərinin və materiallarının sadədən mürəkkəbə doğru ardıcıllığının təmin olunması tələbi pozulmuşdur.
Dərslik mündəricat, ön söz, 111 şəkil və illüstrasiya, 20 xəritə, mətni mənimsəməyə yardım etmək məqsədilə tərtib olunmuş 9 sxem, 34 tarixi mənbə və “Bunu bilmək maraqlıdır” başlıqlı məlumat bazasına malikdir. Paraqraflarda istifadə olunmuş şərti işarələrin izahı və mündəricat dərsliyin əvvəlində verilmişdir. Bu da təlim zamanı kitabla işləməyi xeyli asanlaşdırır. Paraqrafların adı nisbətən yığcam tərtib edilmişdir. Bu, mövzunu jurnala qeyd edərkən daha az vaxt itkisinə səbəb olduğundan, təqdirəlayiqdir. Bəzi paraqrafların adı motivasiya baxımından uğurlu seçilmişdir. Lakin təəssüf ki, bu əksər paraqraflar üçün səciyyəvi deyildir.
Yeni təlim standartaları əsasında tərtib olunmuş digər dərsliklərindən, həmçinin orta ümumtəhsil məktəblərinin 8-ci siniflərində istifadə edilən “Ümumi tarix” dərsliyindən fərqli olaraq, bu dərslikdə mövzulara aid açar sözlər verilməmişdir.
Dərslikdə fənn kurikulumundakı bütün məzmun standartlarının reallaşdırılmasına cəhd edilmişdir. Lakin tədris vahidlərində həm əsas, həm də alt standartların tətbiqi nisbəti kəskin şəkildə pozulmuşdur.
Göründüyü kimi müəlliflər standartları reallaşdırarkən mədəniyyət və məkanla bağlı məsələlərə daha az diqqət yetirmişlər. Ən çox diqqət yetirilən Zaman standartındakı 1.1.1. alt standartına isə cəmi bir dəfə müraciət olunmuşdur. Ümumiyyətlə, 15 alt standartdan 7-sinə digərləri ilə müqayisədə xeyli az (1-3 dəfə) diqqət ayrılmışdır. Standartların reallaşdırılması səviyyəsindəki bu cür kəskin nisbət pozuntularının olması, şagird qabiliyyətlərinin hərtərəfli inkişafına mənfi təsir göstərdiyindən, yolverilməzdir.
Dərslikdə təlim materiallarının müasirliyi, elmiliyi, dəqiqliyi və mötəbərliyi prinsipi əsasən gözlənilmisdir. Lakin bəzi mövzularda tarixi fakt və hadisələrin ifadəsi zamanı yol verilən texniki və üslub qüsurları, həmçinin rast gəlinən fikir ziddiyyətləri qeyd olunan prinsipin müəyyən mənada həm də, pozulmasına səbəb olmuşdur. Məsələn: §2, səh.19-da Hörmüzün liman və boğaz olması ilə bağlı mətnin müxtəlif hissələrində fərqli fikirlərin verilməsi, yaxud §3, səh.20-də giriş mətnində artıq köhnəlmiş “Ön Qafqaz” ifadəsindən istifadə olunması, yenə orada, Hörmüzün geri alınması ilə bağlı səh.22-də xəritədə verilmiş məlumatla, səh.24-dəki məlumatın bir-birini təkzib etməsi, yaxud §5, səh.32-də 3-cü abzasda Rusiyanın Volqa çayı sahillərini və Xəzər dənizi hövzəsini guya XVII əsrdə işğal etməsi ilə bağlı verilmiş fikir və s. bu kimi faktlar dediklərimizi təsdiq edən nümunələrdəndir.
Təqdim olunan mövzularda dərsliyə verilən didaktik tələblər qismən ödənilmişdir. Burada Azərbaycan tarixində iz qoymuş müxtəlif tarixi şəxsiyyətlərin və hadisələrin nümunəsində şagird şəxsiyyətinin formalaşdırılması istiqamətində müəyyən addımlar atılmış, milli dəyərlərimizi əks etdirən bəzi faktlar verilmişdir. Lakin təəssüf ki, sosial təcrübə baxımdan gənc nəsil üçün örnək ola biləcək, onları düşündürəcək situasiyalara dərslikdə demək olar ki rast gəlinmir. Bu dərslik də sovet dövründə olduğu kimi avtoritar üslubda yazılmış, bütün yardımçı materiallar, o cümlədən sual və tapşırıqlar da yalnız müəllif fikrinin təsdiqinə və möhkəmləndirilməsinə istiqamətlənmişdir. Alternativliyə yol verilməməsi, mövcud dərsiliyin informativ xarakterli olub, daha çox hafizə yönümlü təlimə xidmət etməsini şərtləndirmişdir. Bunu isbat etmək üçün istənilən paraqrafa, xüsusən də tarixi qaynaqların verildiyi mövzulara nəzər salmaq kifayətdir.
Təqdim olunan mövzularda fəndaxili inteqrasiya müəyyən qədər gözlənilsə də, fənlərarası inteqrasiyaya çox az diqqət yetirilmişdir. Yalnız 20-ci paraqraf bu mənada müəyyən istisna təşkil edir. Qeyd etdiklərimiz MMV-də verilən tematik planlaşdırma sxemində və mövzular üzrə tövsiyələrdə də (5-6-cı mövzular istisna olamqla) öz təsdiqini tapır. Dərslikdə davamlı inkişaf konsepsiyasına uyğun dəyərlərin (ətraf mühitə qayğıkeş münasibət, təbii sərvətlərdən səmərəli istifadə və s.) təbliğinə də az diqqət yetirilmışdir. Təəssüf ki, bu yeni və son dərəcə aktual olan düşüncə tərzinin yetişməkdə olan gənc nəslə aşılanması üçün dərslikdə yadda qalan hər hansı bir örnək verilməmişdir.
Mövzularda gender bərabərliyi gözlənilməmiş, etnik mənsubiyyət və dini inanclarla bağlı məsələlərdə həssas yanaşma təmin olunmamışdır. Dərslikdə cəmi iki qadının- Tuti Bikə və II Yekaterinanın adının çəkilmiş, yalnız bir qadının (Tuti Bikənin) və bir qızın (yönləndirici sual işarəsi) şəkli verilmişdir. Ölkəmizə hücum edən yadellilərdən bəhs edərkən, onların sərvət hərisliyindən daha çox, dini mənsubiyyətləri qabardılmış, birgə yaşadığımız qardaş xalqların etnik mənsubiyyəti məsələsində mübahisəli və həssas məqamlara yanaşmada korrektlik pozulmuşdur.
Dərslikdə müəllim və şagirdlərə 433 sayda müxtəlif tipli sual və çalışmalar təqdim olunmuşdur. Onların bir qismi sərbəst sütunda, bir qismi mətnin içərisində, digərləri isə paraqrafın sonundakı “Sual və tapşırıqlar” bölməsində verilmişdir. Qeyd olunan pərakəndəlik təlim zamanı müəyyən çətinliklər yaradır. Qabaqcıl dünya təcrübəsində olduğu kimi onların tipinə və xarakterinə görə qruplaşdırılıb bir yerdə verilməsi, zənnimcə daha yaxşı olardı. Təqdim olunan sual və tapşırıqların çoxu şagirdlərin yaş səviyyəsinə uyğundur. Onların bir qismi həm də yaradıcı xarakter daşıyır. Ancaq buna baxmayaraq, verilən çalışmaların əksəriyyəti qapalı tiplidir və şagirdi yalnız idrak taksonomiyasının I (Bilmək) səviyyəsində yoxlamağa imkan verir. Təəssüf ki, bəzi sual və tapşırıqların tərtibi zamanı üslub qüsurlarına yol verilmiş, bəzilərində isə pedaqoji normalar pozulmuş və ya MMV-də tövsiyə olunan alt standartların tələbləri nəzərə alınmamışdır. Məsələn: §3, səh.24-də yuxarıda verilmiş sualda çap xətasından qaynaqlanan elmi səhv var. Şah I Abbas “XVIII əsrin 20-ci illərində” deyil, XVII əsrin 20-ci illərində osmanlılara qarşı növbəti əməliyyatlara başlamışdır, yaxud §4, səh.30-da verilmiş sual və tapşırıqların heç biri MMV-də tövsiyə olunan alt standartları reallaşdırmağa istiqamətlənməmişdir və s. Pedaqoji normaların pozulmasına isə ən çox tədqiqat və motivasiya suallarında rast gəlinir. Məsələn: §5, səh.20, 2-ci sual: Avropa ölkələri öz məqsədlərinə çatdılarmı? (hansı?), §9, səh.52, 2-ci sual: Osmanlı dövləti Rusiyanın planlarına (hansı?) necə mane oldu?, yaxud §9, səh.52, 2-ci sual: Osmanlıların siyasəti ruslardan nə ilə fərqlənirdi? (nə vaxt? harada?) və yaxud §11, səh.64, 1-2-ci suallar: Bu məsul vəzifəni kim öz üzərinə götürdü? Səfəvi dövlətinin ərazilərini azad etmək üçün o nə etdi? və s.
Dərslikdə cəmiyyətin humanistləşməsi baxımdan son dərəcə əhəmiyyətli olan inklüzivliyin təmin olunması üçün materiallar (bir neçə sual və tapşırıq istisna olmaqla) demək olar ki, yoxdur. Halbuki biz bu gün siniflərdə sağlamlıq imkanları məhdud olan uşaqlarla da işləyirik. Differensial təlim üçün materiallar isə təəssüf ki, sual və tapşırıqlar səviyyəsindən kənara çıxmır.
Dərslikdə tarixi inkişafın qanun və qanunauyğunluqları, tarixi hadisə və proseslərin səbəb-nəticə əlaqələri, onların əhəmiyyətinin müəyyən edilməsi ilə bağlı məsələlər zəif işıqlandırılmışdır. Bu, həm də fənn kurikulumundakı əsas məzmun standartlarında “Tarixi nəziriyyə” standartının nəzərdə tutulmaması ilə bağlıdır.
Müəlliflər tərtib etdikləri mətni dil və üslub cəhətdən mümkün qədər sadələşdirməyə çalışmış, yeni söz və anlayışları xüsusi şriftlə fərqləndirərək, izahını vermişlər. Lakin təəssüf ki, fikirlərin təkrarlanması, onlar arasında rabitəsizlik, yaxud ziddiyyətlərin olması dərsliyin ən çox rast gəlinən qüsurlarındandır. Dərsliyin digər qüsurlardan biri də dil qaydaları ilə bağlıdır. Bəzi mətnlərdə dil qaydaları pozulmuş, bəzən durğu işarələri unudulmuş, bir sıra hallarda isə sadə və anlaşıqlı ifadə olunması mümkün olan cümlələr mürəkkəb və dolaşıq yazılmışdır. Məsələn, §1, səh.12, 2-ci abzasın sonuncu cümləsi dil qaydalarına görə: “1585-ci ildə, Sufiyan döyüşündə qüvvələri az olan qızılbaşlar geri çəkildilər”- kimi yazılmalı, §3-də giriş mətninin 4-cü cümləsindəki “. təhrik edərək. ” ifadəsindən sonra vergül işarəsi qoyulmalıdır. §7, səh.43, 2-ci abzasda yazılmış: “Bu dövrdə Şirvanın böyük bir hissəsində həm şah, həm də yerli feodalların zülmünə qarşı qalxan silahlı üsyan dalğaları geniş vüsət almaqda idi.”(121 işarə)- cümləsini daha sadə və anlaşıqlı formada belə ifadə etmək olardı: “ Bu dövrdə Şirvanda şahın və yerli feodalların zülmünə qarşı üsyanlar genişlənməkdə idi.” (75 işarə)
Dərslikdə şagirdin söz ehtiyatının artırılması üçün müəyyən iş görülmüş, mətn daxilində və xüsusi ayrılmış yerlərdə ümumən 27 yeni anlayışın izahı verilmişdir. Onlardan 6-sı məkanla, 1-i çəki sistemi ilə bağlıdır.Yeni anlayışların əksəriyyəti (səh.146-da verilənlər istisna olmaqla) xüsusi işarə və şriftlə fərqləndirilmişdir. Lakin bir illik təlim dövrü üçün nəzərdə tutulan, 39 mətn və 200 səhifədən ibarət bir dərslikdə cəmi 27 yeni anlayışın verilməsi, zənnimcə şagirdlərin söz ehtiyatının sürətli inkişafı üçün yetərli deyildir .
Şagirdlərin təlim materiallarını daha yaxşı mənimsəməsinə yardım etmək məqsədi ilə dərslikdə 111 illüstrasiya verilmişdir. Onların çox az bir qismi orijinaldır. Yəni xüsusi olaraq bu dərslik üçün hazırlanmış və bu vaxtadək heç yerdə istifadə olunmamışdır. Təəssüf ki, bəzi əvvəlki dərsliklərdə olduğu kimi, burada da şəkil, xəritə və sxemlərin heç biri (səh 27-dəki şəkillər istisna olmaqla) nörələnməmişdir. İllüstrasiyaların bir qismində şəkilaltı informasiya çatışmır. Məsələn: səh.32-də 1-ci şəkil, səh.50-dəki şəkil, səh.105-də, sağda aşağıdakı (?) şəkil və s. Səh.172-dəki şəkil isə təsvir olunan hadisənin qışda (fevralda) baş verdiyini yadda saxlamağa yardım etmir. Bəzi illüstrasiyaların solğun və qarışıq (səh.176-177) çəkilməsi, bir qisminin isə yerində olmaması mətnin səmərəli mənimsənil-məsinə mənfi təsir göstərir. (səh.43-dəki şəkillər, səh.172-dəki şəkil və s.) Bəzi görkəmli tarixi şəxsiyyətlərin təsvirləri ifadəlik və cəlbedicilik baxımdan uğurlu seçilməmişdir. (səh.15, 41 və s.)
Dərslikdə mövzuların mənimsənilməsinə yardım edən 20 müxtəlif xəritədən istifadə edilmişdir. Onların əksəriyyəti şərti işarələrlə təchiz olunmuşdur. Verilmiş coğrafi obyektlərin adı aydın oxunur. İstifadə olunmuş rənglər yorucu deyil. Lakin təəssüf ki, müəyyən çatışmazlıqlar burada da mövcuddur. Məsələn: səh.13-də döyüş yerlərini və paytaxt şəhərlərini bildirən şərti işarələr verilməmişdir; səh.22-də həm döyüş yerlərini və paytaxt şəhərlərini bildirən şərti işarələr verilməmiş, həm də Portuqaliyadan geri alınmış ərazi səhvən 1620-ci il (1622-ci il olmalıdır) göstərilmişdir; səh.111,114 və s. xəritələrdə isə ümumiyyətlə şərti işarələr verilməmişdir.
§13-II, III, IV və V mövzular cüzi istisna təşkil etməklə dərsliyin tərtibatında vahid dizayn üslubu əsasən gözlənilmiş, dərsliyin üz qabığı onun məzmununa uyğun tərtib olunmuşdur.
Dərsliyin bütün müsbət və mənfi cəhətlərinin təhlili, sonda bizi iki əsas suala cavab vermək zərurəti qarşısında qoyur. 1) Dərslik müstəqil təlimə imkan verirmi? 2) Dərslik interaktiv təlimə zəmin yaradırmı? Zənnimcə 1-ci sualın cavabı “Yox!”, 2-ci sualın cavabı isə “Cüzi”dir.

Yükləmək ücün qeydiyyatdan keçin!

Azərbaycan 18-ci əsrdə. Azərbaycan xanlıqları

XVIII əsrin I yarısında Azərbaycan ərazisində ölkənin sonrakı taleyinə çox ciddi və həm də mənfi təsir göstərmiş bir sıra ictimai-siyasi xarakterli hadisələr baş verdi. Azərbaycanda gedən tarixi proseslər Cənubi Qafqazda, İran, Türkiyə və Rusiyada cərəyan edən hadisələrlə sıx bağlı idi. Bu dövrdə Səfəvilər dövlətinin tam tənəzzülü ilə əlaqədar Cənubi Qafqaz ərazilərinə yiyələnmək uğrunda İran-Türkiyə qarşıdurması yenidən gücləndi. Tarixi hadisələrin gedişinə təsir edən mühüm amillərdən biri də Rusiyanın bu regiondakı siyasi və iqtisadi marağının artması idi. Rusiya özünün inkişaf etməkdə olan iqtisadiyyatını xammalla təmin etmək, Volqa-Xəzər ticarət yolunu inkişaf etdirib genişləndirmək məqsədilə Xəzəryanı vilayətlərə yiyələnməyə can atırdı və digər dövlətlərin, ilk növbədə Türkiyənin həmin ərazilərdəki nüfuzunun artmasına hər vasitə ilə mane olmağa çalışırdı. Azərbaycan faktiki olaraq 3 dövlətin — İran, Türkiyə və Rusiyanın mənafelərinin toqquşduğu məkana çevrilmişdi. Ölkə ərazisi mütəmadi olaraq bu dövlətlərin arasında nüfuz dairələrinə parçalanırdı və təbii ki, belə bir vəziyyət Azərbaycanın tarixi-siyasi coğrafiyasına əsaslı təsir edirdi.
Hələ 1722-ci ildə I Pyotrun yürüşü nəticəsində Xəzərin bütün qərb və cənub-qərb sahilləri rus qoşunları tərəfindən zəbt olunmuşdu. 1723-cü ildə isə türk qoşunları Cənubi Qafqaza daxil oldu. Nəticədə, 1724-cü ildə Rusiya ilə Türkiyə arasında bağlanan müqaviləyə görə, Cənubi Qafqaz ərazisi iki dövlətin arasında nüfuz dairəsinə bölündü. Əsrin 30-cu illərində Azərbaycan ərazisi Türkiyə və İran arasında gedən yeni mübarizələrin obyektinə çevrildi. 1732-ci ildə Rəşt şəhərində bağlanmış Rusiya-İran müqaviləsinə əsasən Rusiya, Osmanlı imperiyası ilə müharibə təhlükəsi meydana çıxdığından, 1723-cü ildə öz tərkibinə aldığı Gilan, Mazandaran və Astarabad əyalətlərini İrana qaytardı. 1735-ci il Gəncə müqaviləsinin — traktatının şərtlərinə görə Türkiyə ilə müharibəyə hazırlaşan Rusiya Kür çayından şimalda yerləşən Azərbaycan torpaqlarından da İranın xeyrinə əl çəkdi. Bu müqavilələr Azərbaycan ərazisinin müxtəlif hissələrə bölünməsinə zəmin yaradırdı.
Nadirin hakimiyyətə gəlməsi və fəaliyyəti Azərbaycan torpaqlarının parçalanması prosesinə ikitərəfli və əsaslı təsir göstərdi. Düzdür, o, Qarabağın məlikliklərini — Vərənd, Çilaberd,Gülüstan, Dizaq və Xaçın ərazilərini Gəncə bəylərbəyliyinə tabe etdi və sonra isə səfəvilərin inzibati bölgüsünə əsasən mövcud olan Qarabağ, Şirvan, Çuxur-Səəd və Təbriz bəylərbəyliklərini ləğv edərək, əslindən Azərbaycan adı altında vahid inzibati bölgü yaratdı. Vahid Azərbaycanın mərkəzi Təbriz, hakimi isə Nadirin qardaşı İbrahim oldu. Həmin tədbirlər ölkənin tarixi-siyasi coğrafiyası baxımından müsbət qiymətləndirilməlidir. Lakin onun dövründə baş vermiş sonrakı hadisələr Azərbaycanın parçalanmasına gətirib çıxardı. Nadirin hakimiyyətinin ortalarında Azərbaycanın müəyyən hissəsi Gürcüstana verildi. Kaxetiya hakimi Teymuraz 1743-cü ildə Şirvanda yalançı Sam-Mirzənin başçılığı ilə Nadirə qarşı qalxmış üsyanı yatırdığından, Nadir bunun əvəzi olaraq Teymurazı Kaxetiya çarı təyin etdi və üstəlik ona Kartli ərazisindən Araqv mahalını və əvvəllər Gəncə bəylərbəyliyinin tərkibində olan Borçalı və Qazax mahallarını verdi. Bilindiyi kimi, XVIII əsrin II yarısında Qazaxda azərbaycanlıların sultanlığı yaranır, Borçalı isə indiyə kimi Kaxetiyanın tərkibində qalmaqda davam edir. Digər tərəfdən, Nadirin öldürül-məsindən sonra (1747) onun dövləti süquta uğradı və bundan əlavə, ayrı-ayrı vilayətlərdə, o cümlədən, Azərbaycanda ciddi parçlanma baş verdi.
Ümumiyyətlə götürüldükdə, XVIII əsrin I yarısında Azərbaycanın siyasi həyatı çox rəngarəng olmuş və bu dövr tarixi-siyasi coğrafiya baxımından aşağıdakı səciyyəvi cəhətlərə ma-likdir:
1. Səfəvilərin hakimiyyətinin sonuna (1736) kimi Azərbaycan ərazisi bəylərbəyliklərə (4 bəylərbəyliyə) bölünmüşdü;
2. Şirvan (Xəzəryanı sahələr istisna olmaqla) 1721-1735-ci illərdə İran əsarətindən azad olub müstəqilliyə nail olsa da, osmanlı Türkiyəsinin nominal asılılığında qalırdı.
3. Azərbaycanın Xəzəryanı əraziləri çar Rusiyasının tərkibinə daxil olmuşdu (1722-1735);
4. İstanbul müqaviləsinə əsasən (1724) Azərbaycan ərazisi Türkiyə ilə Rusiya arasında bölünmüşdü;
5. Rəşt (1732) və Gəncə (1735) müqavilələrinə görə, Xəzəryanı ərazilər Rusiyanın nüfuz dairəsindən İranın nüfuz dairəsinə keçmişdi;
6. 1736-cı ildə səfəvilər dövründəki bəylərbəylik sistemi ləğv edilmiş və 4 bəylərbəylik birləşdirilərək vahid Azərbaycan vilayəti yaradılmışdı;
7. Qarabağ məliklikləri Gəncə ərazisinə tabe edilmişdi;
8. Azərbaycanın Borçalı və Qazax əraziləri Nadir şah tərəfindən Kaxetiya çarı Teymuraza verilmişdir;
9. Nadirin ölümündən sonra ölkədə parçalanma prosesi şiddətlənmiş və Azərbaycan 30 hissəyə ayrılmışdır.
XVIII əsrin II yarısı da Azərbaycanın tarixi-siyasi coğrafiyası baxımından xüsusi dövrdür. Bir tərəfdən Azərbaycan öz müstəqilliyinə nail olur, qonşu dövlətlərin, imperiyaların nüfuzundan çıxa bilir, digər tərəfdən onun heç də geniş olmayan ərazisində çoxsaylı müstəqil feodal dövlətləri — xanlıqlar və başqa dövlət qurumları təşəkkül tapır; Azərbaycan öz daxili birliyini, vahidliyini itirir, feodal çəkişmələrinin, ara müharibələrinin meydanına çevrilir. Son nəticə isə çox acınacaqlı olur: daxili feodal çəkişmələrindən istifadə edən İran və Rusiya Azərbaycanı iki hissəyə parçalamağa nail olurlar və hərəsi bir hissəyə sahib duraraq hökmranlığa başlayır.
Azərbaycanın XVIII əsrin II yarısındakı ərazisi səfəvilər dövründəki ərazisindən çox da fərqlənmir. Yeganə fərq şimali-qərb istiqamətdə Borçalı ərazisinin itirilməsi idi. Ölkənin sahəsi təxmini hesablamalara görə 380.000 kv.km. idi. Bilindiyi kimi, səfəvilər dövrü Azərbaycanı daha çox ərazini (təx. 400.00 kv. km) əhatə etmişdir. Xanlıqlar dövrü kimi tanınan həmin dövrdə, daha doğrusu XVIII əsrin 40-cı illəri — XIX əsrin I rübündə Azərbaycan ərazisində 20 xanlıq, 5 sultanlıq və 5 məliklik fəaliyyət göstərmişdir. Onların çox az bir qismi əvvəllər mövcud idisə, əksəriyyəti əsrin ortalarında təşəkkül tapmış, bəzisi uzun müddət (hətta 1922-ci ilədək), bəzisi isə qısa müddətdə (30 ildən artıq) fəaliyyət göstərmişdir. Sonralar tarixi ədəbiyatda Azərbaycanın Cənub və Şimal xanlıqları kimi tanınan həmin feodal dövlətləri barədə qısa məlumatın şərhi onların ərazisini, hüdudlarını, inzibati-ərazi bölgüsünü müəyyənləşdirməyə imkan verir. Bununla bərabər tarixi ədəbiyyatda Azərbaycan xanlıqlarının ərazisi barədə müxtəlif, həm də bir-birindən fərqli məlumatlar mövcuddur. Çoxcildlik «Azərbaycan tarixi»ndəki (III cild) məlumatın və xəritənin daha elmi olduğunu nəzərə alaraq xanlıqların ərazisinin və hüdudlarının həmin məlumata uyğun müəyyənləşdirilməsi məqsədəuyğun hesab olunmuşdur.

Azərbaycanın cənub xanlıqları

  • Təbriz xanlığı(XVIII əsrin ortaları — 1780) Xoy, Ərdəbil, Qaradağ, Sarab və Marağa xanlıqları və Urmiya gölü ilə həmsərhəd idi. Təbriz, Güney və Mərənd mahallarına bölünmüşdü. Mərkəzi Təbriz şəhəri idi. İlk vaxtlarda Xalxal və Ərdəbil əyalətləri də Təbriz xanlığına tabe olmuşdur. Təbriz xanlığı digərlərinə nisbətən zəif idi. 1780-ci ildə xanlığın fəaliyyətinə son qoyuldu və onun ərazisi Xoy xanlığının tərkibinə qatıldı.
  • Ərdəbil xanlığı(1747-1820) Talış, Qaradağ, Təbriz, Marağa xanlıqları və Gilan vilayəti ilə hüdudlanırdı. Mərkəzi Ərdəbil şəhəri olan bu xanlığın ərazisinə inzibati baxımdan Ərdəbil, Aşağı Mişkin, Yuxarı Mişkin, Arşaq (Ərşə), bəzi vaxtlarda isə Vilgic, Astara və Ucarrud (Ucarlu) mahalları daxil idi. Əsası şahsevən tayfa başçısı Bədir xan tərəfindən qoyulmuşdur. Xanlıq bir müddət Quba xanlığının, sonra Qarabağ xanlığının vassalına çevrilir. Əsrin əvvəllərində şahsevənlər 4 qola ayrılırlar və Ərdəbil, Mişkin, Talış və Qaradağda ayrı-ayrılıqda fəaliyyət göstərməyə başlayırlar. Xanlığın fəaliyyətinə 1820-ci ildə son qoyulmuşdur.
  • Marağa xanlığı(1747-1826) cənubda Saqqız mahalı, şimalda Təbriz, qərbdən Urmiya, şərqdə Ərdəbil xanlıqları ilə sərhədlənirdi. Mərkəzi Marağa şəhəri olan bu xanlığın tərkibinə Marağa, Təkab, Sayınqala, Əcəbşir, Qaraağac, Binab və Miyandab mahalları daxil idi. Xanlığı Qarabağın Cavanşir elinin bir qolu olan Müqəddəm tayfasının nümayəndələri idarə edirdi. 1826-cı ildə İran qoşunu hücum edərək xanlığın fəaliyyətinə son qoydu və ərazisini öz tərkibinə qatdı.
  • Maku xanlığı(1747-1922) Xoy, Naxçıvan, İrəvan xanlıqları, qərbdə isə Osmanlı imperiyası ilə həmsərhəd idi. Mərkəzi Maku şəhəri olan bu xanlıq 30 kəndi birləşdirirdi. Əsası Əhməd sultan (1747-1778) tərəfindən qoyulmuşdur. Maku əyaləti Çuxur-Səəd bəylərbəyliyinə tabe olan yarımmüstəqil sultanlıqlardan ibarət idi və bayat tayfasından olan hakimlər tərəfindən idarə olunurdu. Maku xanlığı ən uzun fəaliyyət göstərmiş xanlıqdır. Onun fəaliyyətinə 1922-ci ildə İran qoşunu tərəfindən son qoyuldu.
  • Qaradağ xanlığı(1748-1813) Kazım xan tərəfindən təsis edilmişdir. Ərazisi Lənkəran, Ərdəbil, Təbriz, Xoy, Naxçıvan, Qarabağ və Cavad xanlıqları ilə hüdudlanırdı. Mərkəzi Əhər şə-həri olmuşdur. Tərkibinə 18 mahal daxil idi (Unqut, Kərmədüz, Çələbiyan, Keyvan, Arazbar, Dizmar, Üzüm-dil, Həsənob, Kələybər, Hüseyneyli, Yaft, Qara curru, Do-dangə, Çardangə, Diklə, Bədbostan, Horat). Qaradağ xanlığı bir müddət Qarabağ xanlığının təsirinə düşür, sonra Kərim xan Zəndə (1761) və Ağa Məhəmmədşah Qacara (1791) tabe olur. 1813-cü il müqaviləsinə görə İranın tərkibinə qatılır və xanlığın fəaliyyətinə son qoyulur.
  • Sarab xanlığı(1747-1828) Ərdəbil və Təbriz xanlıqları ilə həmsərhəd idi. Ərazisi Həştəri, Gərməli və Sarab mahallarına bölünmüşdü. Mərkəzi Sarab şəhəri idi. Əsası şəqaqi tayfasının başçısı Əli xan tərəfindən qoyulmuşdu. Xanlığın ərazisi əvvəlcə Qacarlar dövlətinin tərkibinə qatıldı və 1828-ci ildə xanlıq ləvğ olundu.
  • Xoy xanlığı(1747-1828) Maku, Naxçıvan, Qaradağ, Təbriz, Urmiya xanlıqları və Türkiyə ilə sərhədlənmişdi. Tərkibində Xoy, Salmas, Avacıq, Qotur, Ələnd, Çaldıran, Çors, Qaraqoyunlu, Sökmənabad, Dərgah mahallarını birləşdirirdi. Mərkəzi Xoy şəhəri idi. Əsasını dümbülü tayfa başçıları qoymuşlar. Xoy xanlığı Türkmənçay müqaviləsinə (1828) görə İranın tərkibində qaldı və fəaliyyətinə qacarlar son qoydular.
  • Urmiya xanlığı(1747- 1797) şimalda Xoy xanlığı, şərqdə Urmiya gölü və Marağa xanlığı, cənubda və qərbdə Kürdüstan və Osmanlı imperiyası ilə həmsərhəd olmuşdur. Mərkəzi Urmiya şəhəri idi. İnzibati baxımdan Mərgəvər, Tərkəvər, Bərdəsur, Bəradost, Sumay, Ənzəl, Dəşt, Uşnu, Sulduz, Döl, Nazlı, Bəykişili, Rözə və Urmiya mahallarına bölünmüşdü. Əsası Urmiyanın irsi hakimi olan əfşar tayfa başçısı Fətəli xan Əfşar tərəfindən qoyulmuşdu. 1797-ci ildə xanlıq İran taxtına çıxan Fətəli şahın tabeliyinə düşmüş və onun fəaliyyətinə son qoyulmuşdur.

Azərbaycanın şimal xanlıqları

  • Qarabağ xanlığı(1748-1822) Kür və Araz çayları arasında mövcud olmuşdur. Şəki, Gəncə, İrəvan, Naxçıvan, Qaradağ, Cavad və Şamaxı xanlıqları ilə hüdudlanırdı. Mərkəzi Şuşa şəhəri idi. İnzibati baxımdan 21 mahala bölünmüşdü (Çalbayır, Kəbirli, Cavanşir, Zəngəzur, Mehri, Bərgüşad, Qafan, Qaraçarlı və s.). Pənahəli xan Cavanşir tərəfindən təsis olunmuşdur. Onun dövründə Bayat, Şahbulaq qalaları tikilmiş, Əsgəran qalası möhkəmləndirilmiş,Şuşa (Pənahabad) şəhərinin əsası qoyulmuşdur. Xanlıq 1805-ci ildə Rusiyanın himayəsinə keçmiş və 1822-ci ildə çar fərmanı ilə ləğv edilmişdir. Qarabağ xanlığı Azərbaycan xanlıqlarının ən qüdrətlilərindən olmuşdur.
  • Şəki xanlığı(1743-1819) Azərbaycanın şimal-qərbində yerləşirdi. Gürcüstan, Dağıstan, İlisu sultanlığı, Quba, Qarabağ, Gəncə və Şamaxı xanlıqları ilə həmsərhəd olmuşdur. Mərkəzi Şəki idi. Təsisçisi Hacı Çələbi xan olmuşdur. Şəki xanlığı Azərbaycanın ən iri xanlıqlarından olmuş və onun ərazisi 8 mahala — Şəki, Ərəş, Ağdaş, Alpaut, Padar, Qutqaşen, Xaçmaz və Bum mahallarına bölünmüşdür. Qəbələ və Ərəş sultanlıqları da Şəki xanlığından asılı idilər. Şəki xanlığı 1805-ci ildə Kürəkçay müqaviləsinə görə rəsmən Rusiyaya birləşdirilmişdi və 1819-ildə çar fərmanına əsasən ləğv olunaraq ərazisi Rusiyanın əyalətinə çevrildi.
  • Quba xanlığı(1726-1806) Azərbaycanın şimali-şərqində mövcud olmuşdur. Hələ 1724-cü ildə Quba əyaləti Rusiyanın tərkibinə daxil edilmişdi və Hüseynəli xan onun hakimi təyin olunmuşdu. Əyalətin paytaxtı əvvəl Xudat, 1735-ci ildən isə Quba şəhəri olmuşur. Hüseynəli xan əsrin ortalarında Quba əyalətini müstəqil xanlıq elan etdi. Xanlıq şərqdə Xəzər dənizi, şimalda Dərbənd xanlığı və Tabasaran əraziləri, qərbdə Şəki xanlığı, cənubi-qərbdə Şamaxı, cənubda Bakı xanlığı ilə həmsərhəd idi. Tərkibində Quba, Rustov, Buduq, Xınalıq, Bərmək və s. mahallar vardı. Gülhan, Altıpara, Doqquzpara, Şabran və s. torpaqlar Quba xanlığının mülkləri idi. Quba xanlığı öz qüdrəti ilə seçildiyindən bəzən Dərbənddən Salyana (əsrin 60-cı illərində) kimi ərazilər onun nüfuz dairəsində olmuşdur. Quba xanlığı 1806-cı ildə Rusiyaya ilhaq olundu və Quba əyalətinə çevrildi.
  • Bakı xanlığı(1747-1806) Abşeron yarımadasında mövcud idi və onun tərkibinə 39 kənd daxil idi. Ərazisi çox kiçik (eni 30-40, uzunluğu 75 verst) olmuşdur. Şamaxı və Quba xanlıqları ilə sərhədə malik idi. Paytaxtı Bakı şəhəri olmuşdur. Onun əsasını 1 Mirzə Məhəmməd qoymuşdur. 1806-cı ilin oktyabrın 3-də Rusiyaya birləşdirilmiş və sonra ləğv edilmişdir.
  • Dərbənd xanlığı(XVIII əsrin ortaları — 1806) Azərbaycanın şimali-şərqində fəaliyyət göstərmişdir. Qaraqaytaq usmiliyi, Tabasaran, Qazıqumuq və Quba xanlığı ilə sərhədlənirdi. Paytaxtı Dərbənd şəhəri olmuşdur. Xanlığın əsasını Məhəmməd Hüseyn xan qoymuşdur. Xanlığın ərazisi, xüsusilə Dərbənd şəhəri əlverişli coğrafi-strateji mövqedə yerləşirdi. Xanlıq 40 il Quba xanlığından asılı olmuşdur. Onun fəaliyyətinə 1806-cı ildə son qoyulmuş və Rusiyanın əyalətinə çevrilmişdir.
  • Gəncə xanlığı(XVIII əsrin ortaları — 3.01.1804) Murovdağ silsiləsindən Kür çayına kimi olan əraziləri əhatə edirdi. Şəki, Qarabağ, İrəvan xanlıqları, Qazax və Şəmşəddil sultanlıqları və Gürcüstanla həmsərhəd idi. Paytaxtı Gəncə şəhəri olmuşdur. İnzibati baxımdan Gəncə, Samux, Kürəkbasan, Şəmkür və Ayrım mahallarına bölünmüşdü. Banisi ziyadoğlular nəslindən II Şahverdi xan idi. Görkəmli xanlarından olan Cavad xan 1804-cü il yanvarın 3-də Sisianovla döyüşdə öldürüldükdən sonra xanlığın ərazisi Rusiyaya ilhaq olundu.
  • Irəvan xanlığı(XVIII əsrin ortaları — 1828) Ararat düzənliyini, Göycə gölünün cənub və şərq tərəflərini, Araz çayının qərbini əhatə edirdi. Gəncə, Qarabağ, Naxçıvan, Maku xanlıqları, Qazax sultanlığı, Osmanlı imperiyası və Gürcüstanla həmsərhəd olmuşdur. Mərkəzi İrəvan şəhəri idi. İnzibati baxımdan 15 mahala bölünmüşdü: Qırxbulaq, Zəngibasar, Qarnibasar, Vedibasar, Şərur, Suran, Dərək, Saatlı, Tala, Seyidli-Axaclı, Sərdarabad, Gərni, Abaran, Dərəçiçək və Göycə. Təsisçisi Həsənəli xan olmuşdur. Bir müddət Kartli-Kaxeti çarlığının təsirinə düşmüş, sonra Qacarın, Gülüstan müqaviləsinə görə İranın, Türkmənçay müqaviləsinə əsasən Rusiyanın tərkibinə qatılır və onun əyalətinə çevrilir.
  • Lənkəran (Talış) xanlığı(XVIII əsrin ortaları — 1826) Ərdəbil, Qaradağ, Cavad, Salyan xanlıqları, Xəzər dənizi və Gilan vilayəti ilə hüdudlanmışdı. Mərkəzi əvvəl Astara, sonra Lən-kəran şəhərləri olmuşdur. Tərkibində 11 mahal — Asalim, Gərqənrud, Astara, Vilgic, Zuvand, Çayiçi Lənkəran, Driğ, Uluf, Dəştvənd (Ərkivan), Ucarud və Səfidəşt mahalları vardı. Lənkəran, Astara, Qızılağac kimi ticarət mərkəzlərinə malik idi. Xanlığın əsasını səfəvi nəslindən olan ərdəbilli Seyid Abbas qoymuşdur. Xanlıq 1800-cü ildə Rusiyanın nüfuz dairəsinə düşmüş və 1826-cı ildə çar fərmanı ilə ləğv edilmişdir.
  • Naxçıvan xanlığı(1747-1828) Zəngəzur sıra dağlarından Araz çayına kimi olan əraziləri əhatə edirdi. Mərkəzi Naxçıvan şəhəri olan bu xanlıq Qarabağ, Qaradağ, Xoy, Maku və İrəvan xanlıqları ilə həmsərhəd olmuşdur. Tərkibində Naxçıvan, Əlincəçay, Mavazıxatın, Dərələyər və s. mahallar vardı. Xanlıq Kəngərli tayfasının başçısı Heydərqulu xan tərəfindən təsis edilmişdir.Xanlığın ərazisi Gülüstan müqaviləsinə görə (1813) İranın tərkibində qalsa da, Türkmənçay müqaviləsinə (1828) əsasən Rusiyaya birləşdirildi və onun əyalətinə çevrildi.
  • Salyan xanlığıson vaxtlara qədər «Salyan sultanlığı» kimi tanınırdı və qonşu xanlıqların tərkibində göstərilirdi. Lakin son tarixi ədəbiyyatda onun Kür çayının mənsəbində kiçik xanlıq olduğu bildirilir. Xanlıq şərq tərəfdən Xəzər dənizi, şimaldan Şamaxı xanlığı, qərbdə Cavad xanlığı və cənubda Talış xanlığı ilə sərhədlənirdi.
  • Cavad xanlığı(XVIII əsrin ortaları — 1813) Kür ilə Arazın qovuşduğu yerdə mövcud olmuşdur. Şamaxı, Qarabağ, Qaradağ, Lənkəran və Salyan xanlıqları ilə hüdudlanırdı. Mərkəzi Cavad şəhəri (iki çayın birləşdiyi yerdə) olmuşdur. Xanlığın əsasını şahsevən tayfasından Həsən xan qoymuşdur. Quba xanlığından asılı olmuş (1768) və onun tərkibində Rusiyaya birləşdirilmişdir.
  • Şamaxı xanlığı(1748-1820) Bakı, Quba, Şəki, Qarabağ,Cavad və Salyan xanlıqları ilə həmsərhəd idi. Paytaxtı bir müddət Ağsu (Yeni Şamaxı) və sonra Şamaxı şəhəri olmuşdur. Əsasını Hacı Məhəmməd xan qoymuşdur. Xanlıq 1805-ci ildə Rusiyanın nüfuzuna düşmüş və 1820-ci ildə çar fərmanına əsasən ləğv edilmişdir. Şamaxı xanlığı həm də Şirvan xanlığı kimi tanınır. Bir müddət Şamaxı xanlığı ərazisində 2 xanlıq — mərkəzi Ağsu olan Yeni Şamaxı və mərkəzi Şamaxı olan Köhnə Şamaxı fəaliyyət göstərmişdir.
  • Qazax sultanlığıAzərbaycanın şimal-qərbində mövcud olmuş və səfəvilər dövründə Qarabağ (Gəncə) bəylərbəyliyinin tərkibində idi. Qazax sultanlığında qazax (qazaxlar) tayfası yaşayırdı. Onlar bu ərazidə irsi hakimiyyətə malik idilər. Qazax sultanlığı Nadir şah tərəfindən Kartli çarı Teymuraza verilmiş, sonralar bir müddət Şəki xanlığının tərkibində olsa da (1752) əsrin sonlarında gürcü çarı II İraklinin vassallığına keçdi və 1801-ci ildə Gürcüstanın tərkibində Rusiyaya birləşdirildi. Sultanlıq 1819-cu ildə ləğv edildi və ərazisində Qazax məntəqəsi yaradıldı.
  • Şəmşəddil sultanlığıZəyəm mahalı və ondan qərbdəki ərazilərdə — sonralar Şəmşəddil mahalı adlanan ərazidə mövcud olmuşdur. Həmin ərazi I Şah İsmayılın dövründən Zülqədər tayfasının bir qolu olan Şəmşəddil (Şəmsəddin) tayfasının irsi vilayəti hesab olunurdu. 1743-cü ildə sultanlıq Qazax və Borçalı əraziləri ilə birlikdə Qarabağ bəylərbəyliyindən alınıb Kartli çarı Teymuraza verildi. Sonralar onun ərazisi Qazax ilə birləşdirildi və Qazax-Şəmşəddil sultanlığı adlandı və bu tərkibdə Rusiyaya ilhaq edildi (1801, Gürcüstanın tərkibində). 1819-cu ildə ləğv olundu və Şəmşəddil məntəqəsinə çevrildi.
  • Ərəş sultanlığıtəqribən indiki Yevlax və Ağdaş rayonlarının bir hissəsini, Mingəçevir şəhərinin ərazisini əhatə edirdi. XVIII əsrin 50-ci illərində Şəki xanlığının vassalına çevrilmiş və 1795-ci ildə Ərəş sultanlığı ləğv edilərək mahal kimi Şəki xanlığına qatılmışdır.
  • Qəbələ sultanlığıAzərbaycanın şimalında mövcud olmuş, onun ərazisi şimaldan Böyük Qafqazın cənub yamacı, şərqdə Göyçay, qərbdə Əlican çayı ilə əhatə olunurdu. Şəki xanlığına daxil idi. XVIII əsrin sonlarından Qəbələ mahalı adlanırdı və mahal Şəki xanlığının naibləri tərəfindən idarə olunmuşdur.
  • Ilisu sultanlığıXVI əsrin II yarısından — XIX əsrin ortalarına kimi (təx. 300 il) fəaliyyət göstərmişdir. Mərkəzi İlisu (Qax rayonunda) idi. Sultanlıq şimaldan və şərqdən Qafqaz dağları, qərbdən Qanıq çayı, cənubi-şərqdən Şəki xanlığı ilə həmsərhəd idi. Əhalisi azərbaycanlılar, saxurlar, avarlar, muğallar, yengiloylar və s. ibarət idi. 1807-ci ildə Rusiyaya birləşdirildi və 1830-cu ildə Car-Balakən inzibati dairəsinə qatıldı. Daha sonralar (1840-cı illərdə) İlisu sultanlığının ərazisi Gürcüstan-İmeretiya quberniyasına daxil edildi və nəhayət, 1844-cü ildə sultanlıq ləğv olundu.
  • Car-Balakən camaatlığı —Azərbaycanın şimali-qərbində ata xətti ilə qohum nəsillərdən -toxumlardan olanların ittifaqından ibarət idi. Tərkibinə Car, Balakən, Katex, Tala, Muxax və Cənik camaatlıqlarında birləşən kəndlər daxil idi. Camaatlıq 1803-cü ildə Rusiyaya birləşdirildi və ərazisində Car-Balakən vilayəti təşkil olundu.
  1. Dizaq məlikliyiorta əsrlərdə Qarabağın dağlıq hissəsində kiçik feodal hakimliyi olmuşdur. Səfəvilər dövründə Qarabağ bəylərbəyliyinin, XVIII əsrin ortalarından Qarabağ xanlığının vassalı idi. 1813-cü ildə Qarabağın tərkibində Rusiyanın nüfuzuna keçirilmişdir.
  2. Vərəndə məlikliyiorta əsrlərdə Qarabağın dağlıq hissəsində yaranmışdı və səfəvilər dövründə Qarabağ bəylərbəyliyinə daxil idi. XVIII əsrin ortalarında Qarabağ xanlığının vassalına çevrilir.
  3. Xaçın məlikliyihələ XII əsrdə Qarabağın dağlıq hissəsində yaranmışdı və yerli alban hakimləri tərəfindən idarə olunurdu. Səfəvilər dövründə Qarabağ (Gəncə) bəylərbəyliyinə daxil olan Xaçın məlikliyi XVIII əsrin ortalarında Qarabağ xanlığının vassalına çevrilir və 1813-cü ildə həmin xanlığın tərkibində Rusiyaya birləşdirilir.
  4. Gülüstan məlikliyiXVIII-XIX əsrlərdə Qarabağın dağlıq ərazisində yerləşirdi. Mərkəzi əvvəllər İncəçayın yuxarı hövzəsindəki Talış kəndi, sonralar isə Gülüstan qalası olmuşdur. Sə-fəvilər dövründə Qarabağ bəylərbəyliyinin, sonra isə Qarabağ xanlığının tərkibində olmuşdur. 1813-cü ildə Qarabağ xanlığının tərkibində Rusiyaya ilhaq olundu.
  5. Crabert (Carabert, Cerabert, Çilləbürt) məlikliyiorta əsrlərdə Qarabağın dağlıq hissəsində yaranmış kiçik feodal hakimliyi idi. Mərkəzi Crabert qalası olmuşdur. Səfəvilər dövründə Qarabağ bəylərbəyliyinin, XVIII əsrin II yarısında Qarabağ xanlığının vassalına çevrilmişdir və sonuncunun tərkibində Rusiyaya ilhaq edilmişdir (1813).

Comments are closed, but trackbacks and pingbacks are open.