Press "Enter" to skip to content

Atalar və oğullar – İlqar FƏHMİ – İlqar FƏHMİ

– Əslində, dramaturgiya teatrın məhək daşıdır. Yaxşı bir əsər yazıb, onu kinoya çevirmək istəyirdim. Universitetə daxil olmazdan əvvəl düşünürdüm ki, orada hər tərəf kameradır və sən istədiyin ssenariyə uyğun film çəkə biləcəksən. Ancaq universitetə daxil olanda bunların yalnız xəyaldan ibarət olduğunu gördüm. Buna baxmayaraq, içimdə bir sevgi var. Tələbəlik illərimdə getdikcə teatra öyrəşdim, dramaturgiya ilə məşğul oldum və teatr məni özünə daha çox çəkdi. O illərdə bir neçə qısa filmlər çəkdim və tamaşalar hazırladım. Qısametrajlı filmim “Ailə” film festivalında yet tutdu.

Həmyerlimiz, rejissor Yaşar və onun yaratdığı OSCAR FİLM PRODUCTİON şirkəti

Ötən il 40 yaşını qeyd edən Yaşar Əhmədov orta və yaşlı nəslin nümayəndələri olan insanların yaxşı tanıdığı, həmişə gülərüzli, dəyərli insan olduğunu çoxlarının etiraf etdiyi tanınış inşşatçı, həyatdan vaxtsız köçmüş Güloğlan Əhmədovun oğludur. Masallının Banbaşı kəndində anadan olub. Orta təhsilini Masallı şəhər 3 saylı orta məktəbində alıb. “Odlar yurdu” universitetində iqtasidayyat üzrə təhsil alsa da, əsas uğurlarını kino sahəsində qazanıb.

Yaşarın kino aləmi

Hələ orta məktəb vaxtlarından foto və video sənətinə sevgisi olan Yaşar Əhmədov, məktəbin müxtəlif tədbirlərində maraqlı çəkilişlər edirdi. Tələbəlik illərində də sənətini daha da inkişaf etdirərək, 1999 cu ildə (19 yaşında) özünə məxsus “OSCAR” video studiyasını qurdu. Bir müddət şirkət olaraq klip və reklam çarxlarının istehsalı ilə məşğul olub. 2006 cı ildən etibarən isə şirkət rəsmi dövlət qeydiyyatına alınaraq “OSCAR FİLM PRODUCTİON” adı ilə daha da peşəkar şəkildə ölkə üzrə ilk dəfə həftəlik serial və film istehsalına başlayaraq fəaliyyətini davam etdirdi.

Təhsil aldığı ünvanlar

2013-2014 cü illərdə İstanbulda “NEW YORK FILM ACADEMY ” də Fİlm təhsili alıb.

2014-2018 ci illərdə isə “ ATATÜRK UNİVERSİTETİ” Halkla ilişkilər və tanıtım fakultəsində təhsilini davam etdirib.

Hal hazırda “İSTANBUL UNİVERSİTETİ ” SİNEMA və TELEVİZYON idarəetməsi fakultəsində magistr təhsili alır.

Yaşar Əhmədovun rejissoru və baş prodüseri olduğu filmlər aşağıdakılardır:

Ssenari müəllifi: Yaşar Əhmədov,Rəşad Nuri.

Baş prodüser:Yaşar Əhmədov.

Yayım:ANS TV. 2007-ci ildə

OSCAR FİLM PRODUCTİON-şirkətinin kollektivi, BAKI FİLM şirkətinin qurulmasında böyük əməkləri olub və elə həmin ildə BAKI FİLM şirkətində

Ssenari müəllifi:İlqar Fəhmi, Rejissor:Yaşar Əhmədov,.

2008-ci ilin mart ayında “OSCAR FİLM PRODUCTİON” Azərbaycan tarixində ilk dəfə həftəlik bədii film istehsalina başladı.

XƏZƏR TV-ilə bağlanmış müqaviləyə əsasən.”YAŞANANLAR” Bədii filmlər silsiləsi olan layihəsinin istehsalına başlandı.

Layihə çərçivəsində 5 Bədii Film istehsal olundu. İstehsal olunan filmlər:

“TAMAHKAR” Rejissor:Natiq Axund,Baş prodüser:Yaşar Əhmədov,

“BÖHTAN” Rejissor,Baş Prodüser:Yaşar Əhmədov.

“NƏFS”Rejissor , Baş Prodüser:Yaşar Əhmədov.

“KOR HƏQİQƏT” Rejissor:Anar Əliyev,Baş Prodüser:Yaşar Əhmədov

.”26 Nömrəli ev” Baş Prodüser:Yaşar Əhmədov.

Filmlər XƏZƏR TV və LİDER tv də yayımlanıb.

ÖLÜMSÜZLƏR və sonra VƏTƏN SAĞ OLSUN

2008-ci ilin Oktyabrından etibarən “OSCAR FİLM PRODUCTİON” daha bir ilkə imza atdı . Şirkətin VƏTƏNSEVƏR kollektivi, torpaqlarımız uğrunda canından keçmiş şəhidlərimiz haqqında sənədli-bədii filmlərin istehsalına başladı. Layihə ÖLÜMSÜZLƏR və sonra VƏTƏN SAĞ OLSUN adı altında XƏZƏR TV də yayıma başladı. Layihə çərçivəsində 23 Şəhidimiz haqqında sənədli-bədii filmlər istehsal olunub yayımlandı.

“QAFQAZ İSLAM ORDUSU” və ordunun komandanı NURİ PAŞA haqıında sənədli-bədii film

2010-cu ildə OSCAR FİLM PRODUCTİON tariximizə önəm verdiyini bir daha təsdiqləyərək,1918-ci ildə Bakını və bütov AZƏRBAYCAN-nı erməni, rus və ingilislərdən azad etmiş “QAFQAZ İSLAM ORDUSU” və ordunun komandanı NURİ PAŞA haqıında sənədli-bədii filmin istehsalına başladı.Filmdə xronikalarla birgə bədii səhnələr də yer aldı.Filmin bədii səhnələri Lənkəran rayonunda cəkildi.

Filmin təqdimat mərasimi 15 sentyabr 2010-cu ildə (Bakının işğaldan azad olunma günü) PARK İNN otelində keçirilmişdir. Film TRT AVAZ,TRT 1, İCTİMAİ TV, XƏZƏR TV və CTV-dən yayımlanıb.

2012- ci ildə Şirkət ATV-nin sifarişi ilə “Məhkumlar” televiziya serialının istehsalına başladı. Serial 2012-ci ilin oktyabr ayından, 2013-cü ilin iyun ayına qədər 36 seriya olaraq ATV-nin efirində yayımlanıb.

2013-2014 ci illər Şirkət yenidən ATV-nin sifarişi ilə “TOY GECƏSİ” televiziya serialının istehsalına başladı. Serial 2013-ci ilin oktyabr ayından 2014-cü ilin iyun ayına qədər 36 seriya olaraq ATV-nin efirində yayımlanıb.

Qeyd: “TOY GECƏSİ” serialı reytinq siralamasında ölkə üzrə Televiziya mövsümü boyunca 1-ci yeri tuturdu.

“SƏNİ ÜRƏYİM SEVDİ”

2014 cü ildə şirkət “ATV”-nin sifarişi ilə 16 seriyalıq “SƏNİ ÜRƏYİM SEVDİ” serialının istehsalına başladı. Həftə içi 3 gün yayımlanan serial 2014-2015-ci il televiziya mövsümündə yayımlanıb.

2015-ci ildən başlayaraq OSCAR production şirkəti gündəlik yayımlanan serial istehsalına keçid etdi. 2015-2016 ci il televiziya mövsümündə istehsal olunan və yayımlanan “DƏFNƏ AGACI” serialı Azərbaycan tv tarixində bir ilk oldu. Serial ümumilikdə 89 seriadan ibarət olub, həftə içi 4 gün ATV-nin efirində yayımlanırdı.

“Günəşim OL” və “SƏN OLMASAYDIN”

2016-2017 ci illərdə Şirkət ATV nin sifarişi ilə iki serialın birdən istehsalına başladı. “Günəşim OL” serialı ölkə tarixinin ilk dəfə regionlarda çəkilən serialı oldu. Paralel olaraq isə Bakı şəhərində “SƏN OLMASAYDIN” serialı istehsal olunurdu. Həftə içi 4 gün yayımlanan serialların hər biri 156 seriadan ibarət olub.

2017-2018 ci il Televiziya mövsümündə şirkət ATV nin sifarişi ilə “LALƏLİ SARAY” serialını istehsal edib. Serial ümümilikdə 157 seriadan ibarət olub.

“O GECƏ” və “UÇURUM”

Şirkət ATV və ARB televiziyalarının sifarişi ilə 2018-2019 cu ilin tv mövsümü üçün 2 serialın “O GECƏ” və “UÇURUM” seriallarını istehsal edib.

2019-2020 ci il Televiziya mövümü üçün şirkət daha 2 serialın “Bir qadın” (ATV) və “Uçurum” (ARB) seriallarının istehsalına başladı. Hal – hazırda hər 2 serial böyük tamaşaçı sevgisini qazanəb. “

2020 ci ilin sonlarında şirkət daha bir ilkə imza ataraq ölkə tarixində ilk dəfə social satira şanrında 10 seriyadan ibarət “İDARƏ” serialını istehsal etdi. Serial ARB TV-nin efirində yayımlanıb.

Hal hazırda şirkət “Bir qadın” və “Uçurum” serialları ilə yanaşı, dünyaca tanınmış film platforması olan“NETFLİX” də dünyanın 4 ölkəsi (İngiltərə, İspaniya, Almaniya, Fransa) tərəfindən istehsal olunmuş “CRİMİNAL” Dedektiv janrda filmin Azərbaycan versiyasını istehsal edir. Filmin Azərbaycan televiziyaları ilə yanaşı “NETFLİX” Film platformasında da yayımı nəzərdə tutulur.

Yazı Zahir Əmənov tərəfində masallıda.az və cenub.az saytı üçün hazırlanıb.

Atalar və oğullar – İlqar FƏHMİ – İlqar FƏHMİ

İki yüz ilə yaxındır ki, dünya mədəniyyətinin, ədəbiyyatının aparıcı mövzusu kimi məhz “atalar və oğullar” mövzusu təqdim edilir və bu bu mövzu az qala bütün bəşəriyyətin, bütün dünya xalqlarının ən problematik sahəsi kimi təqdim olunur – insan munasibətləri gərgindi, qəlizdi və əksər hallarda həllolunmazdı. Bu psixoloji gərgin münasibətlərin ən birinciləri sırasında ata-oğul münasibətləri təqdim olunur.

Hətta psixoanalitikanın banisi Ziqmund Freyd əsərlərində təkrar-təkrar bu mövzuya qayıdır və hansısa naməlum mənbələrdən götürdüyü informasiya ilə bu problemin kökünü uzaq keçmişə, qəbilə-tayfa birlikləri dövrünə aparıb çıxardır – bəli, bu problem var, çünki min illər əvvəl qədim qəbilələrin arasında belə bir adət mövcud olub ki, atasının yerinə keçmək istəyən oğullar atalarını öldürüb onu yeyiblər. Bu yolla atanın gücü enerjisi onu öldürən oğula keçirmiş…

Düzü, Freydin bu informasiyanı hardan götürdüyünü bilmirəm, şəxsən mən hansısa xırda əhəmiyyətsiz mifləri çıxmaq şərtiylə heç yerdə belə bir ənənəyə rast gəlməmişəm. Lakin Freyd Avropada mövcud olan və getdikcə şiddətlənən “atalar-oğullar” konfliktini əsaslandırmağa sanki böyük daxili ehtiyac hiss edirmiş kimi qollarını çırmalayır, müxtəlif səbəblər axtarır, məlum “Edip kompleksi”ni də önə çəkir, müxtəlif vasitələrlə sübut eləməyə çalışır ki, “atalar-oğullar” problemi bəşəriyyətin kütləvi təhtəlşüurunda oturuşmuş ən böyük arxetiplərdən biridir, bununla mübarizə aparmaq mümkün deyil və bu mübarizədə oğullar qalibiyyətə, atalar isə məğlubiyyətə məhkumdurlar, çünki min illər əvvəl də belə olub, indi də belədir, min illər sonra da belə olacaq… və beləcə Nihilizm az qala bütün dünyanın təfəkkürünün aparıcı lokomotivi, inkişafın ilk mərhələsi kimi qəbul olunub – köhnəni inkar eləməsən, üstündən xətt çəkməsən inkişaf eləməzsən.

Bəs görəsən doğrudanmı belədir? Doğrudanmı nəsillərarası qanlı savaş bəşər həyatının ayrılmaz hissəsidir, yoxsa bu da müasir Avropa mədəniyyətinin patriarxlarının uydurduğu növbəti simulyakrlardan biridir?

İlk baxışdan elə görünür ki, bu danılmaz bir həqiqətdir. Axı müasir dünya ədəbiyyatının, ələlxüsus da dünya nəsrinin ən məşhur, ən sanballı əsərlərinin böyük hissəsi məhz bu mövzu üzərində köklənib – ailə saqası üslubunda yazılmış çoxcildli, böyük romanlardan tutmuş, dram əsərlərinə, bədii filmlərə qədər… (Belə əsərlərin sadəcə adlarını sadalasaq, böyük biblioqrafik kitab alınar.)

Motivlər isə oxşardır – hər bir əsərin mərkəzində qəddar, qəzəbli, diktator kimi çıxış edən ata və onun diktatı, zülmü, zəhmi, altında qorxudan tir-tir əsən, iradəsi əzilmiş, haqqı tapdalanmış oğul (və ya oğullar, övladlar)… və əlbəttə ki, “azadlıq” eşqi. Atanın diktatı və iradəsi nəticəsində, Oğulun əlindən alınmış azadlığı geri qaytarmaq cəhdləri.

Bir tərəf mənfi, digər tərəf isə müsbət(lər)… Və əlçatmaz cənnət – azadlıq.

Süjetlər də sanki bir-birini təkrarlayır – ata zülmündən, qəhrindən bezən və öz haqqını bərpa eləmək istəyən oğul qiyam qaldırır, qəfəsi sındırıb azadlığa çıxmaq üçün mübarizə meydanına atılır və sonda ya öz canından keçib məhv olur, məşum “ata” qalib gəlir, və ya qəhrəman oğul öz doğma atasını məhv edərək bu əbədi döyüşdə qalib gəlir. (Bəzi əsərlərdə çox ehtiyatlı şəkildə bir məqam da təqdim edilir – Oğul qalib gəlib azadlığa çıxandan sonra, hiss olunmadan özü atasına çevrilir, öz övladları üçün eyni dərəcədə qorxunc, zəhmli, qəddar ata siması alır. Çünki onunla mübarizə aparmağına rəğmən həm də onu sevir, ona bənzəməyə çalışır.)

Süjet, ideya və motiv eynidi, sadəcə əgər XIX əsrdə bu “Ata-Oğul” mübarizələri açıq savaş şəklində davam edirdisə, XX əsrdə bu mövzuda yazılan əsərlərin, səhnələşdirilən pyeslərin, çəkilən filmlərin çoxunda konflikt açıq yox, daha çox dərin psixoloji qatda, təhtəlşüur müstəvisində cərəyan edir. XX əsrdə psixologizm üzərində köklənmiş ədəbi materiallarda, film və tamaşalarda bir maraqlı süjet tapıntısı da diqqəti çəkir – əksər hallarda, oğul (ovlad) atanın özüylə mübarizə apara bilmir, çünki həyatı boyu onun gücü, iradəsi altında əzilib. Və budur, artıq illərdir ki, ata yoxdur, lakin övlad hələ də onun diktatından çıxa bilmir, onun kabusuyla, kölgəsiylə mübarizə aparır. Yəni hətta fiziki yoxluq da, ata diktatını dağıda bilmir, oğul hələ də onun iradəsinin yaratdığı qəfəsdə çırpınır, heç cür azadlıq əldə edə bilmir. Burda təbii ki, daxili mübarizə ön qata çıxır…

(Hətta bəzi tədqiqatçılar məşhur “Hamlet” əsərini də ata diktatı altında əzilən oğulun faciəsi kimi təqdim edirlər – budur, Hamletin atası qətlə yetirilib, yoxdur, amma onun bütün hərəkətləri ata kabusunun diktəsi altında baş verir. Ata kabusu təhtəlşüur səviyyəsində onu idarə edir və oğlunun əliylə öz qisasını alır – oğlunun faciəvi ölümü bahasına olsa belə. Yəni atanın kabusu öz qisasını almaqçün oğlundan istifadə edir və onu qurban verir.)

Avropada sonrakı dövrlərdə də bu ideyaları əks elətdirən çoxlu gözəl əsərlər yazılıb, pyeslər səhnələşdirilib, filmlər çəkilib. Və təbii ki, bu problem bütün dünyanın problemi elan olunduğu kimi, Avropanın ardıyca eyni yolu keçib “inkişaf” eləməyə çalışan başqa xalqlarda da, (bizim özümüzdə də) müxtəlif əsərlərdə işıqlandırılıb, digər cəmiyyətlərçün də aktual problem kimi təqdim olunub… ( Elə bircə Hindistan filmlərindəki oxşar süjetləri xatırlamaq kifayətdir – demək olar ki, bütün filmlər gənc sevgililərin bir-birinə qovuşmasına mane olan mənfi qəhrəman məhz qəddar zalım atadır.)

Kənardan elə görünə bilər ki, son iki-yüz ildə bütün dünyada ən nifrətəlayiq insan atadır… Övladları öz diktatı altında saxlayan, bütün həyatlarını idarə etməyə çalışan, onların azadlığını əlindən alan ata.

(Əksər hallarda məzlum kimi məhz oğul təqdim olunur, çünki qız ailə qurub atanın təsir dairəsindən çıxır. Oğul isə sona qədər onun yanındadır. İllər keçir, oğul böyüyür, öz həyatını özü idarə eləməyə çalışır, ata isə buna imkan vermir, hər şeyi onun yerinə ata həll edir, onun həyatını öz istədiyi məcraya yönəldir, çərçivədən kənara çıxmağa imkan vermir və nəticədə oğulun içində ona qarşı dəhşətli bir nifrət yaranır. Oğul həm atanı sevir, həm də ondan qorxur, ona nifrət edir.)

Avropa alimləri bu problemin səbəbini müxtəlif cür izah ediblər.

Yenə də Freydin üstünə qayıdaq. Həyatın bütün problemlərini sırf intim müstəvidəki komplekslərə bağlayan Freyd, haqqında danışdığımız məlum “Edip kompleksini” irəli sürür, bəyan edir ki, ataya olan nifrətin əsas səbəbi , oğulun uşaqlıqdan bəri öz anasını ataya qısqanmasıdır. Və bütün ata-oğul komplekslərinin əsas səbəbi bu Eros enerjisinin təzahürüdür.

Sosialistlər mütəfəkkirləri isə bu konflikti ictimai mübarizə müstəvisinə gətirirlər – Ata mürtəce konservativ köhnəliyi, oğul isə proqressiv yeniləşməni təmsil edir və bu ata-oğul mübarizəsi sadəcə yeniliklə köhəliyin savaşından başqa bir şey deyil… Deməli ata inkişafa mane olan mənfi ünsür, oğul isə inkişafa çalışan və müsbət ideyaların daşıyıcısı kimi çıxış edir.

(Qeyd edim ki, Sovet dönəmində, elə bizim özümüzün müasir ədəbiyyatımızda bu problem Freydin psixoanaliz metodikasıyla yox, daha çox ikinci formada – yeniliklə köhnəliyin mübarizəsi kimi verilib. Çünki bu cür yanaşma sosializm ideyalarına daha çox uyğun gəlirdi. Lakin Qərbi Avropada və Amerikada Freydin altşüurdakı “Edip kompleksi” ideyası daha populyar idi.)

Haşiyə. – Son onilliklərdə Azərbaycan ədəbi-mədəni mühitində də, eyni tendensiyaların müəyyən qədər yayıldığının şahidi olmuşduq. Həm klassik dövrün, həm də yaxın keçmişin ədiblərinə, sənətkarlarına qarşı qəribə bir aqressiya, qəzəb hissi bir çox yeni nəsil yazarlarının əsərlərində müşahidə olunub. Və əfsuslar olsun ki, əksər hallarda bu qəzəb və nifrətin konkret səbəbləri o qədər də böyük olmayıb, lakin kənar təbliğlərin təsiri altına düşənlər bir çox hallarda özlərini sadəcə Qərbdəki həmin məşhur “dağıdıcılara” bənzətməyə çalışıblar – həm yazı maneralarında, həm davranış tərzlərində, həm təbliğatlarında məhz onlara oxşamağa çalışıblar.

(Lakin fakt faktlığında qalır ki, bizim cəmiyyət şükürlər olsun ki, nihilizmi kütləvi şəkildə qəbul eləmədi və bu dostlarımızın bütün dırnaqarası mübarizəsi də çox solğun, zəif parıltılardan başqa bir şey olmadı, alova çevrilmədi, toplum ata üzünə asi olan oğulların ardıyca getmədi… Dünya şöhrətli türk yazıçısı Orxan Pamuk son romanlarının birində bu məsələyə toxunub və bir çox maraqlı tarixi ekskurslardan sonra əsərin sonunda bu nəticəyə gəlir ki, Qərbdə oğul atanı öldürür (Lay və Edip), Şərqdə isə ata oğulu (Rüstəm və Söhrab)… Deməli, yazıçının təxmini fikrincə, Qərbdə müasirlik və inkişaf qalib gəlir, Şərqdə isə köhnəlik və konservatizm, ona görə də Şərq heç vaxt inkişaf etməyəcək, çünki çərçivələri sındırmaq, dağıtmaq ənənəsi Şərqdə geniş yayılmadı…)

Əks-təsir

Məsələni araşdıranda incə bir məqam ortaya çıxır: SSRİ-də bu mövzuda yazılan əsərlər, qoyulan tamaşalar, çəkilən filmlər ümumi qaydada qəbul edilirdisə, müsəlman respublikalarında qəribə bir hal müşahidə olunurdu – köhnənin tərəfdarı olaraq mənfi kimi təqdim olunan qəddar, zalım ata obrazları geniş xalq kütlələri tərəfindən, nədənsə müəyyən mənada, müsbət kimi qəbul olunurdu. Bəs səbəb nəydi?

Niyə Gəray bəylər, Kərbəlayi İsmayıllar, Cahandar ağalar, Rüstəm kişilər və mənfi sayıla biləcək bu tip onlarla zəhmli, qəddar diktator ata obrazları bizim toplum tərəfindən müsbətlərdən daha çox sevilirdi?

Səbəbi təkcə gözəl əsərdə, keyfiyyətli aktyor işində, rus imperiyasına qarşı gizli qiyam hissində axtarmaq olar. Və bu vaxta qədər məhz belə düşünmüşük. Lakin zənnimcə, bütün bu yanaşmalar məsələnin zahiri qatını təşkil edir. Dərində isə kollektiv təhtəlşüur səviyyəsində daha gizlin, daha qaranlıq səbəblər dayanır….

Məncə, əsl səbəb daha maraqlıdır – Müsəlman Şərqi, ələlxüsus Türk dünyası üçün (övlada) oğula qənim kəsilən, onun bütün həyatını öz istədiyi kimi idarə eləməyə çalışan qəddar zalım diktator ata obrazı xarakterik deyil, ona görə də Şərq təfəkküründə atalar-oğullar problemi heç vaxt olmayıb, çünki buna zəmin də yoxdur. Bu səbəbdən qəddar ata obrazları bizdə mənfi kimi yox, müsbət kimi qəbul olunub… Beləcə, kənardan sırınan bu “böyük konflikt” bizim təfəkkürə yamaq kimi qaldı, üzvi surətdə oturuşmadı və nəhayət, ədəbiyyatın və mədəniyyətin aktual hesab olunan mövzuları cərgəsindən çıxdı…

Əlbəttə, fikirlərimə etiraz edənlər çox ola bilər, buna görə də bəzi məqamları məncə, daha geniş işıqlandırmağa ehtiyac var… yalnız problemin dərində olan səbəblərini göstərəndən sonra məlum olacaq ki, bu hal bizimçün həqiqətən də xarakterik olmayıb…

Qəddar ATA-TANRI

Məncə bu məsələyə münasibətdə nə sosial yanaşma, nə də psixoanalitik yanaşma doğrudur. Məsələnin kökünü analitik psixologiyanın kollektiv təhtəlşüur (altşüur kimi də tərcümə oluna bilər) nəzəriyyəsində axtarmaq lazımdır. Hərçənd ki, Avropa alimləri dediyimiz problemi məhz bu aspektdən araşdırmayıblar, amma ola bilər ki, özləri bu problemin içində olduğundan, səbəbini yaxşı sezə bilməyiblər. Bizsə kənardan baxırıq. Elə məqamlar var ki, kənardan daha aydın görünür…

Karl Qustav Yunq tərəfindən əsası qoyulan Analitik psixologiya həm mədəniyyətdə, həm də ədəbiyyatda bir çox məqamlara aydınlıq gətirməkçün bizə əsas verir. Yunqun əsas ideyalarından biri bu idi ki, bütün cəmiyyətin sosial həyatı toplumun dini-mifoloji-metafizik düşüncələrinin strukturunu təkrarlayır. Çünki bu dini-mifoloji düşüncələr minillər ərzində etnosun həm fərdi, həm də sosial həyatını idarə edib, etnosun kollektiv təhtəlşüurunun ən dərin qatlarına qədər nüfuz edib. Məhz buna görə araşdırılan istənilən məsələnin kökünü dini-mifik görüşlərdə axtarmaq lazımdı.

Məncə, bizim problemin analizi üçün də bu fikir açar rolunu oynaya bilər. Gəlin xristianlığın əsaslarını təşkil edən bəzi məqamları gözdən keçirdək.

Müsəlmanlar İsanı Tanrının elçisi kimi qəbul eləsələr də, xristianlar özləri məlum olduğu kimi, onu Tanrının oğlu hesab edir.

(Ümumiyyətlə “Tanrı-ata, Tanrı-oğul və müqəddəs ruh” üçlüyünün xristian teologiyasında Tanrının vahidliyi ideyasıyla necə uyğunlaşdırılması ayrıca bir teoloji sahədir. Çoxsaylı xristian alimləri bu Üçü müxtəlif dəlillərlə Birə çevirməyə çalışıblar, bu xüsusda çoxsaylı kitablar yazıblar. Lakin bu məqam bizim mövzumuza daxil deyil. )

İndi isə məsələyə böyük xristian teoloqlarının gözüylə yox, adi toplumun, qara camaatın sadə və realist nəzəriylə baxmağa və hadisəni onların təhtəlşüur səviyyəsində necə qəbul elədiyini təsəvvür eləməyə çalışaq. Çünki ikonaqrafiyanın inkişaf eləməsi səbəbindən xristianların nəzərində İsa Məsih çöhrəsini dəqiq gördükləri real insani bir varlıq idi.

Budur, Tanrı öz oğlunu dünyaya göndərir ki, insanları doğru yola gətirsin. Və atanın yaratdığı bu “dünya”da oğula olmazın əziyyətlər, iztirablar verirlər… Oğul zülmlərlə dolu qısa həyatının sonunda isə bütün bəşəriyyətin günahlarını öz üzərinə götürmək tapşırığı alır və dözülməz işgəncələrlə çarmıxa çəkilir, edam edilir…

Xristian teloloqları bu hekayətə nə qədər dini-mistik don geyindirməyə çalışsalar da, adi kütlənin təhtəlşüuru səviyyəsində hər şey çox sadə şəkildə dərk olunur – Tanrı-Ata öz oğluna zülm elədi.

Axı oğulun heç bir günahı yox idi. Amma bu günahsız övlad qəddar rəhmsiz atanın iradəsi əsasında zalım dünyaya göndərilir, öz seçim imkanından, iradəsindən məhrum olan oğul dünyada sonsuz işgəncələrə məruz qalır və sonda yenə də heç bir günahı olmadığı halda, bütün bəşəriyyətin günahlarını öz üstünə götürməli olur… Nə qədər əsaslandırılmağa çalışsalar da, təhtəlşüur qavrayışı səviyyəsində, bütün bu hadisələrin səbəbkarı olan ATA-TANRI məhz zalım, qəddar varlıq kimi qəbul edilir… (Son onilliklərdə Avropada İsa peyğəmbərlə bağlı çəkilən bir neçə bədii filmdə məsələ açıq şəkildə məhz bu cür təqdim edilir və məhz buna görə bu filmlərin bəziləri xristian ruhaniləri tərəfindən böyük etirazlarla qarşılanmışdı.)

İndi isə sadə topluma qayıdaq. Əgər hətta Tanrı-Ata da, öz oğluna bu qədər zülm eləməyə haqlıdırsa, deməli istənilən atanın da buna haqqı çatır. Hətta bir qədər də dərinə gedək – məlumdur ki, insan həmişə öz Tanrısına bənzəməyə çalışır. Çünki Tanrı idealdır. Belə olan halda istənilən xristian ailə başçısı özü hiss eləməsə də, təhtəlşüur səviyyəsində Tanrıya oxşamağa çalışır, onun davranışını, hərəkətlərini qeyri-şüuri təkrarlayır. Yəni övladlarına, ələlxüsus oğlanlarına (və ya oğluna) münasibətdə eyni dərəcədə qəddar və zalım olmağa çalışır. Yəni bu cür davranışla sanki özünü qapalı dairədə, ailə çərçivəsində kiçik Tanrı hiss edir və özünə borc bilir ki, oğulun taleyini sona qədər özü idarə eləsin…

(Deyə bilərsiz ki, qəddarlığın konkret bir dinə nə dəxli var? Məgər başqa dinlərdə, müsəlmanlarda, yəhudilərdə və s. bu cür qəddar atalar olmayıb? Olub, əlbəttə, amma bu sualın cavabını yazımızın sonrakı hissələrində verməyə çalışacağıq..)

Məncə, məsələnin ilkin səbəbi məhz bundadır – xristianlığın mənşəyindəki Tanrı-Ata və Tanrı-Oğul münasibətlərindəki ziddiyyətləri, sonrakı dövrlərdə xristian cəmiyyətlərində də oxşar ziddiyyətlər yaratmış oldu…

Məhkum sevgi

Lakin ata-oğul konfliktinin zənnimcə ikinci səbəbi də var ki, bu da eyni dərəcədə əhəmiyyətlidir. Nədir bu səbəb?

Məlumdur ki, xristian hüququnda boşanma ən böyük günahlardan biri sayılır, bir nikahdan artığına da icazə verilmir. Buna əsas olaraq da, İncildə gedən bu kəlmələr göstərilir – ” Əgər kim, zinadan başqa hər hansı bir səbəbdən öz həyat yoldaşından ayrılıb başqasıyla ailə qurursa və ya əvvəl boşanmış biriylə evlənirsə, elə zina eləmiş kimidir.”

Diqqət edək – deməli min illər ərzində xristian aləmində, məhkəməylə sübut olunan zinakarlıq istisna olunmaqla, heç bir səbəbdən boşanmağa icazə verilmir, boşanmışa evlənmək də zina kimi böyük günah qərar verilir. Hətta əgər ər, ya arvad psixi xəstəliyə tutulubsa və ya ağır xəstədirsə və ya hansısa səbəbdən öz ailə borcunu yerinə yetirə bilmirsə, yenə də nə boşanmağa, nə də ikinci nikaha icazə verilmir. Nikahdan kənar münasibətlər isə zina olaraq ən böyük günah kimi qəbul olunur. Din xadimlərinə, rahiblərə isə ümumiyyətlə əks cinslə istənilən yaxın ünsiyyət qadağan edilir…

Bəlkə kimlərinsə nəzərində, bu qaydalar, ailəni qoruyub saxlamağa yönələn insanpərvər, demokratik qanunlar kimi görünə bilər… Lakin dərinə gedəndə görürük ki, belə deyil. Əgər istənilən qanun və tabular insanın fizioloji və sosial tələbləriylə üst-üstə düşmürsə, o qanunlar sistemi əvvəl-axır dağılacaq…

(Necə ki, Sosializm sistemi qısa müddətdən sonra dağıldı, çünki insanın təbii tələbatını təşkil edən, sahibkarlıq hissini aradan qaldırmağa çalışırdı. Bu isə mümkün deyil. )

Xristianlığın nikah qanunlarının hansı ailəiçi problemlər və fəsadlar yaratdığını anlamaq üçün elə Avropa ədəbiyyatının və mədəniyyətinin ortaya qoyduğu əsərlərə diqqət yetirmək kifayətdir. Əlbəttə, bura şəxsi müşahidələri də əlavə edəndə, məlum olur ki, istənilən xristian kişisi öz həyatı boyu daim bu qaydaların təzyiqi altında yaşamalı olub. Öz daxili təbii tələbatı bu qaydalarla üst-üstə düşməyib, daxili ziddiyyətlərlə üz-zə qalıb, əziyyət çəkib və əgər nəsə bir artıq hərəkət eləyibsə də, daim günah hissiylə yaşayıb, bunun cəzasını alacağını düşünüb…

(XX əsr Avropa ədəbiyyatında ən çox işlənən süjet modellərindən biri də budur – kişi öz arvadını öldürür ki, sevgilisiylə bir yerdə ola bilsin. Çoxsaylı pyeslərdə və detektiv əsərlərdə bu modelə rast gəlmək olar… Kimsə deyə bilər ki, məgər qətl zinakarlıqdan daha ağır günahdır? Əlbəttə, yox. Burda məsələ rəsmi şəkildə nikaha girib sevgilisiylə yeni ailə qurmaq imkanının əldə edilməsidir. Yəni bu nikahın cəmiyyət tərəfindən qəbul edilməyi daha əhəmiyyətlidir.)

Beləcə, intim istəkləri və daxili tələbatı içində boğulan kişi öz-özünü sıxmağa məcbur olur, bu səbəbdən təhtəlşüurunda gizli qəzəb və nifrət hissi yaranmağa başlayır. Freydin dediyi kimi, alt şüur mənfi energetikanın mənbəyinə çevrilir. Və təbii ki, bu qarşısıalınmaz mənfi enerji ilk olaraq ailə üzvlərinə, övladlarına yönəlib, sanki onlara öz qəddarlığını göstərməkdən, incitməkdən həzz alıblar… yəni özləri də hiss eləmədən övladları üçün “Əzrayıl”a çevriliblər…

Çılpaq Frensisk

Bu məqamda Avropa ədəbiyyatının bu mövzudakı əsərlərini xatırlamazdan əvvəl, çox-çox keçmişə, XIII əsrin əvvəllərinə qayıdıb, xristian dünyasının ən məşhur ordenlərindən olan Fransiskan ordeninin banisi, Avropanın ən nüfuzlu, tanınmış müqəddəslərindən olan Frensisk Asizskiy (Asizli) ilə bağlı məşhur rəvayəti xatırlatmaq istərdim. Çünki sonra yazılan ədəbiyyat nümunələri də elə əslində bu cür real həyat hadisələrindən qidalanır…

Budur, 1207-ci ilin yayıdır. İpək ticarətiylə məşğul olan Pyetro Bernardone öz oğlu Fransiski qarşılayır. Hərbi yürüşlərdən birindən sonra oğul evə qayıdır, lakin atasının ticarətlə məşğul olmaq təklifinə rəğmən ruhani olmaq istədiyini bildirir. Ata razılaşmır və qətiyyətlə bəyan edir ki, mütləq onun yolunu davam etdirməlidir, ipək taciri olmalıdır. Arada gərgin mübahisə düşür, Pyetro Bernardone öz oğlunu döyür, zirzəmiyə salıb qapısını bağlayır..

Yalnız gecə, anasının köməyi ilə Frensisk zirzəmidən qurtulur, ona bir az pul verir və Frensisk evdən çıxıb Romaya doğru yol alır. Lakin qəzəbli ata əl çəkmir, şəhər hökumətinə şikayət yazır və artıq yola çıxmış Frensiski tutub geri qaytarırlar. Atası məhkəməyə şikayət edir, bildirir ki, oğlunun nəyi varsa, onun əmlakıdır, buna görə də oğlunun onun hökmündən çıxmağa haqqı yoxdur.

Atasının bu sözündən sonra gənc Frensisk elə məhkəmə salonundaca, hakimlərin qarşısında lüt soyunub bütün paltarlarını və üstündə olan bütün əşyaları atasının üstünə atır və bildirir ki, indi daha məndə sənə məxsus heç nə yoxdu və bundan sonra səni yox, Səmavi Atamızı öz atam hesab edəcəm.

Bunu deyən çılpaq Frensisk atasıyla əlaqəni birdəfəlik kəsərək, məhkəmə zalını tərk edir, Vatikana üz tutur…

Əlbəttə, bu cür yüzlərlə minlərlə hekayət rəvayət danışa bilərik, amma zənnimcə ehtyiac yoxdur. Elə biri də kifayətdir.

Beləliklə, Avropanın xristian mühitində qəddar, diktator ata arxetipinin yaranmağının iki əsas səbəbini göstərdik – biri üst şüurla bağlı səbəb (Tanrıya bənzəmək hissi), ikincisi isə, altşüurda – Freydist qatda baş verən proseslər (daxili intim tələbatların sıxışdırılıb çıxarılması, məcburi boğulması, daimi “günahkarlıq” hissi…)

Əslində elə görünməsin ki, bu məşum problemin səbəbini səmavi dinlərdən birinin məğzində izah etməyə çalışırıq. Hərçənd, son iki yüz ildə avropalılar məsələyə məhz bu cür yanaşıblar və məsələnin səbəbini sadəcə xristianlığın doqmalarında yox, ümumiyyətlə, Tanrıçılıqda görüblər. Bunun nəticəsində, Tanrıdan qaçma meyilləri gücləndi, artdı və XX əsrin materializmi, ümumiyyətlə, Tanrının inkarı ilə nəticələndi.

Lakin Şərq alimləri məsələni belə şərh edirlər ki, xristianlığın həqiqi müqəddəs kitabı əldə yoxdur, səpələnib, dağılıb, yerdə qalan kiçik fraqmentlər kifayət qədər təhrif olunub. Və insan xislətinə zidd olan bu cür doqmalar ora sonradan əlavə olunub. (Qeyd edək ki, xristianlığın yarandığı ilk əsrlərdə yüzlərlə İncil mövcud idi ki, bunların mətnində çoxsaylı ziddiyyətlər var idi. Yalnız sonradan bunların içindən dördü seçildi, qalanlar isə kənara qoyuldu.)

Qərbdən Şərqə

Əlbəttə, kənardan bəlkə də inandırıcı görünməyə bilər. Ancaq fakt faktlığında qalır: dediyimiz həyat situasiyaları – oğullarına zülm edən qəddar atalar və onlara qarşı qiyama qalxan övladlar; başqasıyla ailə qurmaqçün arvadını öldürən kişilər və bu cür süjetlər yalnız və yalnız Avropa ədəbiyyatında çoxluq təşkil edir. Bu motivlərə nə klassik Şərq ədəbiyyatında, nə də Hind, uzaq Şərq xalqlarında rast gəlinmir. (Yalnız son yüz ildə Avropa ədəbiyyatının təsiri altında bu süjetdə olan əsərlər yaranmağa başlayıb…)

Əgər xristian Avropasından kənarda belə mövzular ədəbiyyata, mədəniyyətə gəlməyibsə, deməli bu problemlər onlarçün aktual olmayıb, cəmiyyətdə belə hallar o qədər də çox qeydə alınmayıb. Az miqdarda olubsa da, toplumun kütləvi təhtəlşüuruna nüfuz edəcək səviyyədə olmayıb. Amma xristian Avropasında olub… Və bunun nəticəsində məşum “Atalar və oğullar” problemi yaranıb ki, bu günə qədər bütün bəşəriyyətin bir nömrəli probelmi kimi bizə sırınır…

(Bir detalı da qeyd edim ki, hətta son yüzilliklərdə Avropa ədəbiyyatında və mədəniyyətində əhəmiyyətli yer tutan yəhudi əsilli sənətkarların da əsərlərində bu problemə rast gəlinmir. Yəni “Atalar və oğullar” problemi, “qəddar zalım ata” Arxetipi sırf xristian təfəkkürlü sənət və söz adamlarının yaradıcılığının bəhrəsidir.)

Uzaq Çini, Hindistanı kənara qoyub öz keçmişimizə diqqət edək. Bəs Şərqdə bu məsələlər necə həll edilib ki, bizdə bu problem olmayıb.

Ən əvvəl Tanrıya bənzəmək məsələsinə toxunaq. Məlumdur ki, Qərb ikonoqrafiyasından fərqli olaraq, Şərqdə nə Tanrı, nə də Peyğəmbərlə bağlı hər hansı realist təsvir mövcud deyil. Tanrının oğlu da yoxdur. Tanrı deyəndə Şərq təfəkküründə ilk olaraq kitab, mətn yada düşüb. Həyat davranışı üçün nümunə timsalında isə həm şüurlu, həm də təhtəlşüur səviyyəsində daha çox Məhəmməd peyğəmbərin şəxsiyyəti və həyatı götürülüb. Burada isə biz haqqında yuxarıda danışdığımız problemlərin heç birini görmürük. Əlbəttə ki, döyüşlərdə iştirak etsə də, Məhəmməd peyğəmbərin davranışında hansısa qəddarlıq, zalımlıq nişanələri barədə danışmağa belə dəyməz… Peyğəmbərin oğlu olmadığından, ata-oğul münasibətlərinin idealı kimi də daha çox onun kürəkəni İmam Əlinin öz övladlarıyla – Həsənlə, Hüseynlə münasibətləri götürülür ki, burda da heç cüzi diktatdan belə söhbət gedə bilməz.

İndi isə ikinci məqama diqqət edək – İslam hüquq sistemində boşanmalara məhdudiyyət yoxdur, qaydalar çərçivəsində dörd nikaha və əlavə müvəqqəti nikah formalarına icazə verilir ki, bu da öz növbəsində kişilərdə Freydist problemlərin yaranmasının qarşısını alıb… Həm kişi, həm də qadın istədiyi qədər evlənib boşana bilər. Boşanmış kişiyə və qadına da heç kim hansısa pis nəzərlə baxmayıb.

Deməli, bizim kişilərin, ağsaqqalların, böyüklərin öz övladlarının həyatına qəddarlıqla nüfuz eləməyinə, öz qəzəb və nifrətini onların üstünə tökməyinə əsas olmayıb. Çünki nə özlərini “qəddar Tanrı Ata”ya bənzətməyə çalışıblar, nə də daxillərində illərlə həyata keçirilməmiş intim energetika yığılıb qalmayıb, mənfi qüvvəyə çevrilməyib. Bizim köhnə kişilər rahat, ağır olublar, təmkinli olublar… Ona görə də bizim klassik ədəbiyyatda ( həm də şihafi nümunələrdə) bu cür mənfi ata obrazları yoxdu. Əksinə, hökm sahibi, başçı, rəhbər, ata obrazları var ki, onların qəddarlığı, zəhmi, qəhri də müsbət məqsədlərə xidmət elədiyinə görə, mənfi keyfiyyətlər kimi yox, lazımlı və əhəmiyyətli xüsusiyyətlər kimi qəbul edilib.

Bu dediklərimə də çoxsaylı ədəbi əsərlərdən və real həyatdan nümunələr göstərmək olar, lakin zənnimcə, bir maraqlı poetik parçaya toxunmaq kifayət edər… Məhəmməd Füzulinin məşhur “Ənisül-qəlb” poemasının “Fəzliyə nəsihət” hissəsində şairin öz oğluna nəsihətlərində maraqlı detallar müşahidə edirik. Və avtomatik olaraq bu nəsihətlər Avropa ədəbiyyatındakı ata-oğul münasibətləriylə müqayisə ediləndə, qəribə fərqlər ortaya çıxır…

Avropada öz övladlarının həyatını sona qədər öz iradəsi və hökmü altında saxlamağa çalışan diktator atalardan fərqli olaraq Füzuli öz oğluna tamam başqa şeylər deyir..

Dinlə məni, ağıllı balam, diqqət ilə sən,

Bu incə nüktə sirrini ta eyləyim bəyan.

Salsan həqiqəq aləminə yaxşı bir nəzər,

Sən meyvəsən, mən isə ağac, dəhr busitan.

Meyvə ağacdan incədir, ətri ziyadədir,

Olmaz ağacda meyvədəki ətr bigüman.

Ayrılmalıydı meyvə ağacdan dəyən kimi,

Verməz təbiət heç kəsə bu hökmlə aman.

Meyvə dərilməz isə ağacdan, bu qaydadır,

Dövran əlilə hər ikisinə yetər ziyan.

Həm meyvəni əzib, çürüdüb məhv edər hava,

Həm də dəyər ağac başına daş zaman-zaman.

Yoxdursa meyvədə ağaca ehtiyac əgər,

Meyvə ağacda tutmamalı boş yerə məkan.

Beytlərə diqqət edəndə görükür ki, böyük Füzuli özünü ağaca, yeniyetmə oğlunu isə meyvəyə bənzədir və bildirir ki, dünyanın həqiqəti belədir, meyvə ağacın məhsulu olsa da, yetişəndən sonra ağacdan qopmalıdır, öz həyatını yaşamalıdır və əgər qopmasa, hər ikisinə zərbə dəyər… Məlumdur ki, budaqdan qopub düşməyən və dərilməyən meyvəyə əl çatmırsa, ona daş atırlar, ağac atırlar ki, qırılıb düşsün..

Fikir versək, görərik ki, böyük şair oğlu Fəzliyə başa salır ki, müəyyən vaxta qədər mən səni böyütdüm, indi isə sənin öz həyatını sərbəst yaşamaq vaxtı çatır və bundan sonra öz həyatını özün qurmalısan… göründüyü kimi heç bir “qəddar ata diktatı”ndan söhbət gedə bilməz. Əksinə, ata övladın qarşısında azad, sərbəst həyatın yollarını açır…

Və yaxud “Leyli Məcnun”a diqqət edək. Ata öz oğlunun eşqə düşdüyünü görür, hətta Məcnunluq elədiyinə rəğmən onun sevdasının ardıyca Leylinin evinə gedir…

Eyni hali çoxsaylı hekayətlərimizdə, yazılı və şifahi ədəbiyyat nümunələrində də görmək olar…

Maraqlı məsələ ondan ibarətdir ki, xristianlardakı qəddar ata obrazı qəribə şəkildə bizim şifahi ədəbiyyata da keçib. Bizim məlum xalq dastanlarımızda gürcü və ya erməni qızına vurulan oğlanın qarşısını əks tərəfdəki qəddar ata kəsir… Bəli, biz tərəfdə tarixən böyüklər övladın iradəsinin qarşısını kəsən qüvvə kimi çıxış etməyiblər… Nə həyatda nə də sevgi meydanında… Ona görə də, oğulların nifrətini qazanmayıblar və buna görə, təkrar edirəm, bizdə “atalar və oğullar” problemi geniş yayılmayıb.

Əlbəttə, yenə etiraz edənlər ola bilər və mənə XX əsrin əvvəllərində tənqidi realistlərimizin yazdığı onlarla əsəri nümunə gətirə bilərlər ki, orada ata qəddarlıqla qızını kiməsə ərə verir və yaxud onu başqa təsirlərə məruz qoyur və s…

Bəli, bizdə belə əsərlər var və az deyil. Lakin nəzərə alaq ki, bu əsərlərin çoxu müasir sayılan nəsr nümunələridir və rus tənqidi realizminin təsiri altında yazılıb. Süjetlərin çoxu da oradan götürülüb… Həm də, hansısa hadisənin bir neçə ədəbiyyat və sənət nümunəsində yer alması hələ heç nə demir. Nadir baş verən və topluma geniş mənada xas olmayan hadisələri də yazmaq olar. Bu problem deyil. Əsas məsələ bu cür hadisələrə həsr olunmuş külli miqdarda, müxtəlif janrlarda əsərlərin yazılmasıdır. Yalnız bu halda hesab eləmək olar ki, təsvir olunan hadisə bu toplum üçün xarakterikdir.

Bizdə ötən əsrin əvvəllərindən başlayaraq yazılan bu mövzulu əsərlərin çoxunda konservativ “böyüklər” tərəfindən həyata keçirilən diktatın, zorakılığın, qəddarlığın təsvir olunması, yenə də təkrar edirəm ki, nadir hallarda baş verən neqativ halların ümummilli miqyasda təqdim edilməsi idi… Və bütün bu prosses Rus imperiyasının, daha sonra Sovet ideologiyasının müəyyən razılığı və təkidi ilə həyata keçirilirdi. Bu əsərlər əsasında fikir yürüdəndə, elə görünə bilər ki, bizim bütün köhnə kişilərimizin işi gücü qızlarını döyə-döyə qoca kişilərə ərə vermək və ya oğlanlarını zorla öz istədiyindən ayırıb varlı adamların qızlarıyla evləndirmək, qardaşlarını öldürüb arvadlarını almaq olub…

Amma geniş mənada belə olmayıb axı. Sadəcə Sovet dövründə məhz bu mövqedən çıxış edən əsərlərə yaşıl işıq yandırılıb, keçmişə məhz bu cür münasibət alqışlanıb və bizdə belə təəssürat yaranıb ki keçmişimiz elə həqiqətən başdan-ayağa bu cür olub…

Məsələdən yayınmayaq. Əsas demək istədiyim odur ki, bizim klassik milli düşüncədə “Qəddar ata” obrazı, “Atalar-oğullar” problemi də olmayıb. Hətta sonradan ərsəyə gələn əsərlərdə mənfi “Qəddar ata” obrazları təqdim edilsə də, toplum bunları əksinə, müsbət kimi qəbul edib, nifrət eləmək əvəzinə sevib, onlardan nümunə götürüb…

Qorxunc “Qayınana”

Bəs nə olub? Ümumiyyətlə, bizim ailələrdə bəyəm heç bir problem olmayıb? Heç bir psixoloji neqativ hal arxetipləşməyib?

Bir az əvvələ qayıdaq. Qeyd etdik ki, Şərq müsəlman hüquq sisteminə görə kişinin bir neçə qadınla eyni vaxtda nikaha girməsinə icazə verilirdi. Kütləvi yayılmış hal isə belə idi ki, maddi vəziyyəti imkan verən kişilər müəyyən yaş həddindən sonra daha bir qadınla nikaha girirdilər. Bu zaman nə baş verirdi? Xanımda ərinin yeni ailəsinə qarşı baş qaldıran qısqanclıq, qəzəb hissi çox qəribə şəkildə təzahür edirdi. Qadın açıq şəkildə bu hərəkətə qarşı çıxa bilmirdi, çünki kişi qanundan və əxlaqdan kənar bir addım atmamışdı. Bunun müqabilində qadın öz qəzəbini, hikkəsini evdəkilərin üstünə tökürdü. Bəs evdə kim var? Oğul həmişə bayırdadır, qız qısa müddətdən sonra ailə qurub evdən gedir. Evdə qalır yalnız gəlin. (və ya gəlinlər)

Beləcə, ailə başçısı olan xanımın öz altşüurundakı gizli hikkəsini, qəzəbini, nifrətini çıxarda biləcəyi yeganə yer gəlin olur. Və beləcə, Avropadakı “Ata-oğul” konfliktlərinin müqabilində, Şərqdə “Gəlin-qayınana” konfliktini müşahidə eləmiş oluruq. Əgər Avropa əsərlərində “Ata-oğul mübarizəsi” və bunların arasında qalan anadan ibarət üçbucaqlar aktualdısa, Şərqdə “Gəlin-qayınana konfliktləri” və bunların arasında qalan oğuldan ibarət üçbucaq daha xarakterikdir. Düzdü, bəzi hallarda qadın çox hikkəli olanda, oğlunu da irəli verə bilir. (“Dəli Kür”də oğlunun əlinə xəncər verib ərinin yeni xanımını öldürməyə göndərən böyük xanımı xatırlamaq olar.)

Lakin əksər hallarda qadının gücü yalnız evdəki gəlinə çatırdı, hirsini, hikkəsini onun üstünə tökürdü. Gəlin də qayınanadan yığdığını onilliklərdən sonra, özü qayınana olanda öz gəlininə istiqamətləndirirdi.

(Vaxtı ilə super-populyarlıq qazanan “Qayınana” əsərinin uğurunu da yəqin ki, bir çoxlarımız sadəcə, Nəsibə Zeynalovanın yüksək səviyyəli aktyor oyunu ilə bağlaya bilərlər. Zənnimcə, səbəb təkcə bu deyil. Nəsibə xanımın yüzlərlə gözəl tamaşası, filmi olub. Lakin heç biri Cənnət xala qədər populyar olmayıb. Çünki kənardan sırınma süjetlərə, bizə xas olmayan konfliktlərə rəğmən, məhz bu konflikt üçbucağı (gəlin-qayınana-oğul) bizim Şərq mentaliteti üçün çox aktualdır və əsrlər boyu ən güclü arxetiplərdən birinə çevrilib. Məhz Şərq arxetipinə…

(“Gəlin mənim süpürgəmdir” kəlamı nə qədər doğma və real görünürdü ki, hamının dilinə düşmüşdü.)

Məncə, bütün Avropa və Amerika ədəbiyyatını ələk-vələk etsək, orada tapdığımız “gəlin-qayınana” konfliktlərini barmaqla saymaq olar. Şəxsən mən özüm birini də xatırlamıram. Niyə? Çünki belə konfliktlər onlara xarakterik deyil.

Sonda hansı nəticəyə gəlirik?

Birincisi, son onilliklərdə bizdə də haqqında çox danışılan və bizim cəmiyyətdə də xarakterik hal kimi təqdim edilən və labüd hal kimi irəli sürülən nəsillər arası konflikt, “atalar-oğullar” savaşı, qəddar ata diktatı həqiqətdə bizə xas deyil, bizə kənardan – Avropadan sırınan bir haldır.

Bizdə tarixən belə olmayıb – ağsaqqallar, böyüklər əksər hallarda övladların həyatına qəddarlıqla müdaxilə eləməyiblər, onların həyatını öz istədikləri kimi idarə etməyə çalışmayıblar. Buna görə də övladlar həmişə böyüyə hörmətlə yanaşıblar, ağsaqqalların, ailə başçılarının hörmətini saxlayıblar. Əgər hansısa məqamda fikirlər ziddiyyət təşkil edibsə də, bu ziddiyyətlər Avropadakı “ata-oğul konfliktləri” həddinə çatmayıb. Bir çox hallarda övladlar ata sözünə, böyük sözünə qulaq asıblar, hətta istəməsələr də, onların iradəsindən çıxmayıblar. (Ağsaqqallıq kultunun yaranmasının da səbəblərindən biri budur.)

Bəzi hallarda isə, övladın böyük təkidini görən böyüklər, ağsaqqallar özləri geri çəkiliblər, konfliktlərin ifrat həddə çatmasına yol verməyiblər.

O ki qaldı Şərqdəki məlum “gəlin-qayınana” konfliklərinə, bunlar da nə qədər geniş yayılmış olsa da, nə qədər iztirablar, əziyyətlər doğursa da, “atalar-oğullar” problemindən fərqli olaraq, geniş mənada cəmiyyətin hansısa formada parçalanmasına, nihilistləşməsinə, böyük sosial problemlərin yaranmasına gətirib çıxartmayıb, ailələr çərçivəsində ört-basdır edilib, sakitləşdirilib, kənar təsirləri neytrallaşdırılıb…

İnqilablar, inkişaflar

Bir çox dünya alimləri qeyd edirlər ki, Avropada Orta əsrlərdəki düşüncə inkişafı əslində təfəkkür sahiblərinin xristianlığa – əsasən də katolisizmin doqmalarına qarşı yavaş-yavaş qiyama qalxmasıyla başlayır. Başqa sözlə desək, katolisizmin dözülməz qadağalarına qarşı mübarizəyə başlayan Avropa ziyalılarının səyi nəticəsində əvvəl Protestantlıq yarandı, daha sonra İntibah, Maarifçilik və nəhayət bugünki müasir dünya peyda oldu…

Burdan belə çıxır ki, son üç yüz ilin “təfəkkür dəyişməsi” dediyimiz hərəkat bütün bəşəriyyət üçün labüd və qaçılmaz kimi təqdim edilsə də, əslində, yalnız öz ifrat çərçivələriylə toplumu sıxan “Katolik Avropası” üçün labüd və qaçılmaz idi. Və heç bir halda, yeniliklə köhnəliyin ümumbəşəri miqyasda savaşından söhbət gedə bilməz. Əgər belə olsaydı, Katolik Avropasından kənarda da, hansısa cəmiyyətlərin, təfəkkür paradiqmalarının öz içindən parçalanıb dağılmasını, yeniləşmə meyillərini, nihilizmi müşahidə edərdik. Başqa xalqlarda da oğullar atalara qarşı qalxardı, cəmiyyətin altını üstünə çevirərdilər, bütün köhnəni sındırıb dağıdardılar…

Amma belə hal müşahidə olunmayıb. Dünyadakı bütün yeniləşmələr yalnız XIX əsrin ikinci yarısından etibarən, yenə də Avropanın təsir və təzyiqi nəticəsində həyata keçirilməyə başladı. Hamı Avropa ilə ayaqlaşmaq, ən azından hansısa mübarizələrdə onlara məğlub olmamaqçün məcburi şəkildə öz minillik həyat tərzini dəyişib onlara bənzəməyə, onların yolu ilə getməyə məcbur oldu.

Əlbəttə, avropasentristlər deyə bilər ki, bunun nəyi pisdi, Avropa bizim hamımızı minillik cəhalət yuxusundan ayıltdı, inkişaf yolunu göstərdi.

Bəli, ayıltdı, inkişaf yolunu göstərdi, amma təəssüflər olsun ki, bu gün onların göstərdiyi inkişaf yolu elə bir uçuruma gəlib çıxıb ki, özləri də xilas yollarını tapa bilmirlər. Yəqin ki, tapa bilməyəcəklər. Çünki xilas körpülərini çoxdan yandırıblar. Və təkid ediblər ki, bütün dünya xalqları da eynən onlar kimi hərəkət eləsin, bütün körpüləri yandırsın, keçmişinə arxa çevirib üzünü yalnız gələcəyə tutsun. Amma hansı gələcəyə? Bu suala isə əfsuslar olsun ki, nə onların özləri, nə də onların ardıyca gözüyumlu gedən qərbpərəstlər cavab verə bilir…

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

“Kişilər üçün qadınlar hər zaman maraqlıdır. ” – FOTO

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

27 yaşlı gənc yazar Pərviz Seyidli qonağımızdır. Qələm əhli onu bir yazar, dramaturq kimi daha yaxşı tanıyır. “Pişik qız” romanı, hekayələri ilə özünə kifayət qədər oxucu sevgisi qazanıb. Serial həvəskarları isə onu “Dəfnə ağacı”, “Sən olmasaydın”, “Laləli saray”, “Sarı gəlin” seriallarının ssenaristi kimi sevir. Hazırda ARB televiziyasında nümayiş olunan “Könül yarası” serialının ssenaristi olan müsahibim bizimlə söhbətində bir çox maraqlı məqamlara toxundu.

– Yazıçı olmağa sizi nə vadar etdi? Niyə məhz ssenaristlik, dramaturgiya? Dünyada o qədər peşə var ki.

– Mütəfəkkirlərimizdən biri deyib ki, biz elə bilirik, ideyaları özümüz seçirik. Ancaq əslində, ideyalar özü bizi seçir. Bu o deməkdir ki, iradəmdən əlavə, həm də qeyri-iradi şəkildə bu istiqamətə yönəlmişəm.

– Bu peşəni seçməyinizə oxuduğunuz kitablar necə, öz təsirini göstərə bilibmi?

– Ədəbiyyatçı ailəsində doğulmuşam. Evimizdə hər yer kitabla dolu olub. Hətta uşaqlığımı xatırlayanda, oyuncağımdan çox kitablarım olduğunu görürəm. Klassik ədəbiyyatı oxuyaraq böyümüşəm. 9-10 yaşımda demək olar ki, Şərq klassikasının nəhənglərinin çoxunu oxumuşdum. Elə uşaq yaşlarımdan yerli və xarici dramaturqların, yazıçıların əsərlərini oxuyurdum və hiss edirdim ki, onlar məni qane etmir. Tutaq ki, “Koroğlu” dastanını oxuyanda orada qeyd edilirdi ki, Koroğlu Toqata gedir. Deyirdim ki, o nə üçün Ağsuya, ya başqa bölgələrə gəlmir? Bunun ardını özüm qoşmağa başlayırdım. Daha sonra kinoya marağım yarandı və bu niyyətlə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə hazırlaşdım.

– Dramaturgiyaya böyük maraq göstərdiyiniz halda, “Teatr rejissorluğuna” qəbul olundunuz.

– Əslində, dramaturgiya teatrın məhək daşıdır. Yaxşı bir əsər yazıb, onu kinoya çevirmək istəyirdim. Universitetə daxil olmazdan əvvəl düşünürdüm ki, orada hər tərəf kameradır və sən istədiyin ssenariyə uyğun film çəkə biləcəksən. Ancaq universitetə daxil olanda bunların yalnız xəyaldan ibarət olduğunu gördüm. Buna baxmayaraq, içimdə bir sevgi var. Tələbəlik illərimdə getdikcə teatra öyrəşdim, dramaturgiya ilə məşğul oldum və teatr məni özünə daha çox çəkdi. O illərdə bir neçə qısa filmlər çəkdim və tamaşalar hazırladım. Qısametrajlı filmim “Ailə” film festivalında yet tutdu.

– Demək rejissorluq qabiliyyətiniz də var.

– Hazırda yazmaq mənim üçün daha əhəmiyyətlidir. Amma kino da çəkirəm, rejissor kimi işlədiyim Heydər Əliyev adına Müasir Təhsil Kompleksində ssenarilər yazır, tamaşalar qururam. Elə şeylər olur ki, yazmaqla sakitləşə bilmirəm. Onun filmini çəkmək istəyirəm. Yazmağın sirri başqadır. Yazıda sən özünlə məşğulsan. Kinoda isə aktyorlarla çalışırsan. Düşündüm ki, insanlarla işləməkdənsə, kağızla işləsəm, daha yaxşı olar.

– Kimlərin əsərləri sizə daha çox toxunur?

– Dünya ədəbiyyatından Qabriel Qarsiya Markezi, Vladimir Nabokovu, Orhan Pamuku, Haruki Murakamani, Viktor Pelevini, Mustafa Məsturu (siyahını uzatmaq olar), öz ədəbiyyatımızdan Anarı, Elçini, İsa Muğannanı, müasirlərimizdən Kənan Hacını, Şərif Ağayarı, Qisməti, Təranə Vahidi və daha çox müəllimim İlqar Fəhminin əsərlərini oxuyuram. Onun yazdıqları mənə çox toxunur. Uşaq yaşlarımda Nizamini, Füzulini oxuyurdum. Ancaq onların müasir variantını, ekvivalentini tapa bilmirdim. İlqar Fəhminin şeirləri ilə tanış olduqda düşündüm ki, o, bu ənənənin davamçısıdır. Xəstəliyə tutulmuş kimi davamlı olaraq onun romanlarını oxumağa başladım.

– Sizcə, oxumaq bir xəstəlikdirmi?

– Oxumaq həyat tərzi, bir vərdişdir. Yemək yemək, su içmək kimi bir şeydir. Hər gün çantamda özümlə bərabər ən azı iki kitab gəzdirirəm.

– Serialların ssenarisini yazmağa necə başladınız?

– Seriallarla tanışlığım ilk dəfə ATV telekanalında yayımlanan “Dəfnə ağacı” serialı ilə başladı. İlqar Fəhmi məni həmin seriala dəvət etdi. Mən də o zaman roman üzərində işləyirdim. Azərbaycanın səs-küy gətirən ilk gündəlik seriallarından idi. İlqar Fəhmi, Yaşar Əhmədov Reyhan İsayeva ilə birlikdə serialın süjet xəttini hazırladıq. Bu serialın da mənim həyatımda rolu böyük oldu. Açığını deyim, bu mənim serial aləmində ilk işim idi deyə çox çətinlik çəkirdim. Bayaq da qeyd etdiyim kimi, mən eyni zamanda Heydər Əliyev adına Müasir Təhsil Kompleksində çalışıram. Həmin ərəfələr isə həm orada tamaşalar hazırlayırdım, həm də bu serialın ssenarisini yazmağa başladım. Ondan sonra silsiləli şəkildə “Sən olmasaydın”, “Laləli saray”, “Sarı gəlin” seriallarının ssenarisini yazdım. Hazırda isə ARB televiziyasında nümayiş olunan “Könül yarası” serialının ssenarisini hazırlayıram.

– Tamaşaçılar seriallarımızın ssenarilərinin reallıqdan uzaq olduğunu deyir, kriminal aləmdən daha çox fraqmentlərin olmasından gileylənirlər.

– Ssenaristi olduğum seriallarda dava-qırğınlar, kriminal hadisələr azdır. Kütləyə başqa bir şey təqdim edəndə, buna baxmır. İnsanlar istəyir ki, öz problemlərini seriallarda görsünlər. Biz ümumi məişət problemləri üzərində ssenari qururuq, çalışırıq ki, ora başqa xətlər də daxil edək. Serialın reytinqi kütlədən asılıdır. Sən onlara fərqli nəyisə təqdim edəndə, ona baxmırlar. Çalışırıq ki, ortaya keyfiyyətli məhsul çıxaraq.

– Çox zaman ssenarilər türk seriallarından götürülür. Bu da hər dəfə müzakirə olunan mövzulardandır.

– Yeri gəlsə, biz türklərdən də pis süjet xətti qurmuruq. Sadəcə olaraq, serialların süjet xətti eynidir. Türklərdə də hər zaman ailə, məişət mövzusu gündəmdə olub, bizdə də. Ancaq onların maliyyələri yaxşı olduğu üçün daha böyük komanda ilə çalışırlar. Misal üçün, biz əgər hadisələri üç məkanda çəkiriksə, onlar bunu 10 məkanda çəkir. Dramaturji materiallar eyni olduğu üçün ssenarilərdə haradasa bənzərlik var. Bəzən elə olur ki, bizim serialda olan hadisələri 10 aydan sonra hər hansı bir türk serialında görürəm. Bu o demək deyil ki, türklər bunu bizdən oğurlayıb. Sizin qeyd etdiyiniz məqamlar çalışdığım “Media master” prodakşında baş verməyib.

– Ssenari yazarkən oxuduğunuz kitabların qəhrəmanlarından faydalanırsınızmı? Onları seriala gətirə bilirsinizmi?

– O qədər. Serial artıq müasir romançılıqdır. Biz bir roman danışırıq. Cəmiyyətə boş-boşuna gəlin-qayınana mübahisəsini göstərmirik. Onun altında bir ideya olmalıdır. İdeya olmasa, o süjet iflasa məhkumdur. 200 seriyada bunu qorumaq çox çətindir. Qəhrəmanlarımız Dostoyevskidən, Mövlanədən sitatlar gətirir. Bu, insanların diqqətini çəkir. Seriala ciddi ədəbiyyat və ciddi sənət kimi baxmaq düzgün deyil. Serial insanların asudə zaman keçirmələri, axşam işdən gələndə yorğunluğu çıxarmaları üçün bir əyləncə vasitəsidir.

– Yazarkən gözünüzdə canlandırdığınız süjet xəttini aktyor istədiyiniz kimi canlandıra bilirmi? Serialı izləyəndə, düşündüklərinizin əslində, heç də belə olmadığının şahidi olmusunuzmu?

– Yaxşı bir ssenaridən pis filmlərin çıxdığı çox olub. Biz mizanları qururuq, səhnəni yazırıq. Misal üçün, bir epizodik obrazdır, gəlib bir cümlə deməlidir, hansı ki, o cümlə ilə hər şey həll olunur. Bu epizodik obraz üçün aktyor dəvət etmirlər, kənardan bir adamı tutub obrazı ona həvalə edirlər. O da onu elə bir tərzdə deyir ki, heç deməsə, ondan yaxşıdır. Serial yaradıcılıq laboratoriyasıdır. Hamı burada məşq edir. İllər keçdikcə daha yaxşısını çəkməyə başlayırıq. Türklərin gündəlik seriallarından o qədər də seçilmirik. Bizim yaxşı aktyorlarımız da, rejissorlarımız da var. Ancaq hər şeyin başında pul dayanır.

– Bir az da dramaturgiyanıza nəzər salaq. “Pişik qız” romanınız böyük marağa səbəb oldu. Bu romanı yazmağa sizi nə vadar etdi?

– Bəli, bu roman çox böyük maraqla qarşılandı. Romanda əsas mövzu İncəsənət Universiteti və oradakı tələbələrin həyatı ilə bağlı idi. Kitab, düşünürəm ki, mənə çox uğur gətirdi. Qısa zaman ərzində xeyli satıldı. Xüsusilə universitetin tələbələri maraqla oxudu. Çoxlu mesajlar gəlir. Bu roman haqqında xoş sözlər eşitdim. Bu yaxınlarda ikinci bir kitabım işıq üzü görəcək.

– Sizin yaradıcılığınıza nəzər yetirəndə, daha çox qadından yazdığınızın şahidi oluruq. Niyə məhz qadın?

– Kişilər üçün qadınlar hər zaman maraqlıdır. Kişinin iztirabını mən hər zaman yaşayıram. Ona görə bu mənə maraqlı deyil. Ədəbiyyatın özünü qadına bənzədirəm. Sən onu çox makiyaj etsən, gözəlliyini itirə bilərsən. Ona görə ədəbiyyatla yaxşı rəftar etmək lazımdır.

– Qadından bu cür sevgi ilə bəhs edən yazar niyə indiyə kimi subaydır?

– Qismət olmur. Başım işlərimə qarışıb. Ssenari yazarkən o qədər gəlin, qayınana problemlərindən yazıram ki, artıq evlənmək istəmirəm (gülürük).

Milli.Az

Comments are closed, but trackbacks and pingbacks are open.