UNESCO-nun baş qərargahında İmadəddin Nəsimiyə həsr olunan tədbir keçirilib (FOTO)
Tədbirin bədii hissəsində Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadənin Nəsiminin xatirəsinə bəstələdiyi balet konserti nümayiş olunub. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistlərinin rol aldığı xoreoqrafik səhnələr milli-folklor və klassik musiqinin sintezi ilə təqdim olunub. Qərb və Şərq musiqisinin sintezindən ibarət baletdə tamaşaçılara Nəsiminin mistik və sirli aləmi, onun şər qüvvələrə qarşı mübarizəsi nümayiş etdirilib.
Imanəddin nəsimiyə aid tədbir
İmadəddin Nəsimi əslində necə öldürülüb?- GİZLİ TARİX.
Uzun müddət Şərqşünaslıq İnstitutunun direktoru və Milli Elmlər Akademiyasının vitse-prezidenti olmuş alim, xilafət dövrünün və VII-XIII əsr Azərbaycan tarixinin tədqiqatçısı akademik Ziya Bünyadovun araşdırmalarından biri də orta əsrlərin böyük mütəfəkkir şairi İmadəddin Nəsiminin ölümü ilə bağlıdır.
Çoxumuza ədəbiyyatdan və Nəsimi haqqında çəkilmiş filmdən məlumdur ki, şairi dird-diri edam edib, dərisini soyublar. Amma Ziya Bünyadovun məqaləsində Nəsimi barədəki bu məlumatlara yeni yanaşma öz əksini tapıb. Akademik Nəsiminin edam olunmağı və dərisinin diri-diri soyulmağı barədə məlumatları təkzib edib.
Ziya Bünyadov məqaləsində Nəsiminin necə öldürülməsi ilə bağlı qənaətlərin zəifliyi və bizə gəlib çatan materialların azlığından şikayət edir. Bildirir ki, müasir Azərbaycan şərqşünasları Nəsiminin edamına aid faktları yalnız türk alimi Əbdülbaqi Gölpınarlının “İslam ensiklopediyasında”kı “Nəsimi” adlı məqaləsindən götürüb və bununla da kifayətləniblər.
Moderator.az saytı mərhum akademikin bu orijinal fərziyyəni əks etdirən məqaləsini təqdim edir.
Məqalə Ziya Bünyadovun ölümündən çox sonra, Şərqşünaslıq İnstitutunun orqanı olan “Azərbaycan Şərqşünaslığı” jurnalının 2009-cu ildəki birinci nömrəsində çap olunub.
“İndiyə qədər Nəsiminin ölümü haqqında xəbər bizə yalnız türk alimi Əbdülbaqi Gölpınarlının “İslam Ensiklopedisi”ndə dərc olunmuş “Nəsimi” adlı məqaləsindən bəllidir (Bax: “İslam Ansiklopedisi”, İstanbul, 1964, cild 9, səh. 206-207).
Məqalədə qısaca deyilir ki, Nəsiminin məhkəməsi və qətli məmlük sultanı əl-Müəyyəd Seyfəddin Şeyxin hakimiyyəti (815-824 hicri və ya 1412-1421-ci miladi illər) və Hələb valisi Yaşbək ibn Abdulla əl-Yusifinin dövründə (818-824 hicri və ya 1414-1424-ci miladi illər) olub.
Bu məlumat alimlərimiz tərəfindən sözsüz qəbul olunur və eynilə bütün tədqiqatlara köçürülür. Lakin Nəsiminin məhkəməsi necə keçib, kim əleyhinə danışıb, özü nə cavab verib, qətli haqda sərəncamı kim verib – bütün bunlar oxuculara bəlli deyil.
Bundan başqa, Nəsiminin adı və haralılığı haqda məlumat da müxtəlif ərəb mənbələrində müxtəlifdir. Ərəb müəllifləri İbn Həcər Əsqəlani (1372-1449) “Ənba əl-qumr biəbna əl-umr” (“Həyat oğulları haqqında dolğun bilgi”), Şəmsəddin Səxavi (1427-1497) “əd-Da`əllami liəhl əl-qərn ət-tasi” (“9-cu hicri əsrinin əhli üzərinə parıldayan işıq”) və İbn əl-İmdad əl-Hənbəli (öl. 1678) “Şəzərat əz-zəhəb fi əxbari min zəhəb” (“Ölüb gedənlər haqqında xəbərlərdən qızıl dənəciklər”) əsərində aşağıdakı məlumatı verirlər:
“820-ci (1417) ildə Hələbdə yaşayan Şeyx Nəsiməddin Təbrizi öldürülmüşdür. O, Hələbdə hürufiyyə məzhəbinin şeyxi idi. Orada onun məsləkdaşlarının sayı artır, küfrü intişar edir və şöhrət qazanır. Onun sərəncamları sultan əl-Müəyyəd Şeyxin onu öldürmək haqqında əmrinə qədər yerinə yetirilirdi. Onun başını kəsib, dərisini soydular və cəsədini çarmıxa çəkdilər”.
Beləliklə, üç ərəb orta əsrlər müəllifləri Nəsiminin adını İmadəddin yox, Nəsiməddin kimi və yer mənsubiyyətini Nəsimi və ya Şirvani yox, Təbrizi kimi qələmə alırlar.
Yalnız 1920-ci ildə vəfat etmiş Məhəmməd Raqib ibn Mahmud ibn Haşim ət-Təbbaq əl-Hələbinin “İlam ən-nubəla bitarix Hələb əş-Şəhra” (“Ali cənabların Boz Hələbin tarixi haqqında məlumatları”) adlı əsərində (Hələb, III c., 1925, s.15-16) Nəsiminin məhkəməsi və qətli haqqında bir qədər müfəssəl məlumat verilir. Ancaq bu məlumatıda Məhəmməd Raqib 1479-cu ildə vəfat etmiş Əbuzər Əhməd ibn Burhan İbrahim Sibt ibn əl-Hələbinin “Künüz əz-zəhəb fi-tarix Hələb” (“Hələb tarixinə dair qızıl xəzinələr”) adlı əsərindən götürüb. Təəssüf ki, son əsər bizə gəlib çatmayıb. Lakin ehtimal etmək olar ki, Məhəmməd Raqib Nəsimi haqında məlumatı xətərsiz köçürüb.
Məlumatın mətni belədir:
“İmadəddin Nəsiminin qətli hekayəsi:
“Künüz əz-zəhəb”də deyilir ki, zındıq (bidətçi – red.) Nəsiminin qətli əmir Yaşbək ibn Abdulla əl-Yusifinin vaxtında olub. Ona qarşı ittiham Hələbin Ədalət Sarayında şeyximiz ibn Xətibin və Şəmsəddin ibn Əminnəddövlənin hüzurunda irəli sürülüb. Həmin zaman şeyxin naibi İzzəddin, malikilərin qazılar qazısı Fətxəddin və hənbəlilərin qazılar qazısı Şihabəddin də orada olub.
Nəsimi bir para ağılsız adamları azdırıb yoldan edib və bunlar onun küfrünə, zındıqlığına və mülhidliyinə (çoxallahlılıq) qoşularaq, onun ardınca gediblər.
İttiham ilə onun əleyhinə hənəfilərin qazılar qazısı İbn əş-Şənqasi çıxış edib. Bu hadisə qazıların və Hələb şəhəri üləmalarının hüzurunda baş verib və naib Yaşbək ona (Nəsimiyə – Z.B.) deyir:
“Sən öz dediklərini sübuta yetirməlisən, yoxsa mən səni öldürəcəyəm!”.
Bu sözləri eşitcək İbn əş-Şənqasi ittihamdan imtina edir. Nəsimi isə iki dəfə kəlmeyi-şəhadət deməkdən savayı başqa bir söz demir və özünə qarşı deyilənləri inkar edir. Bu anda hənbəlilərin şeyxi Şihabəddin durub malikilərin qazısı Fətxəddindən yuxarı başda oturub və həmin məclisdə fitva verib ki, Nəsimi zındıqdır və tövbəsi qəbul olunmadan öldürülməlidir. O (Şihabəddin – Z.B.) Fətxəddindən yuxarı başa keçib oturarkən Fətxəddin özünü ondan yan çəkir və Şihabəddin ona deyir: “Nə üçün də onun qətlinə fitva verilməsin?” Fətxəddin isə ona deyir, olmaya öz əlinlə ona ölüm hökmü yazmaq istəyirsən?” Şihabəddin: “Bəli!” deyə cavab verir. Sonra o, fitva sənədini tutub yazır və öz yazısını şeyximiz ibn Xatibə və iştirak edən qalan qazı və üləmalara təqdim edir. Onlar isə onun fitvasına razılıq vermirlər və Fətxəddin ona deyir: “Qazı və üləmalar səninlə razı olmadıqları halda, mən sənin sözünlə ona necə ölüm hökmü kəsə bilərəm?”
Əmir Yaşbəksə söyləyir: “Mən onu öldürə bilmərəm, çünki sultan Əl-Müəyyəd göstəriş verib ki onu (sultan – Z.B.) məsələdən xəbərdar edim. Belə ki, mən sultanın Nəsimi barəsində nə kimi sərəncam verəcəyini gözləməliyəm”.
Məclis bununla dağılır və Nəsimi naib Yaşbək yanında, ədalət sarayında dustaq qalır. Onun işi ilə sultan əl-Müəyyədi tanış etdilər. Bundan sonra Yaşbəkə göstəriş gəlir ki, dustaq zindana köçürülsün. Nəsimini aparıb qala həbsxanasına salırlar. Sonra isə Sultan əl-Müəyyədin sərəncamı gəlir çatır ki, Nəsimi öldürülüb dərisi soyulsun və yeddi gün Hələbdə car çəkilib əyan edilsin, sonra da cəsədi parça-parça edilsin: bir qismi Əlibəy Zülqədərə və onun qardaşı Nəsrəddinə göndərilsin. Belə ki, Nəsimi onların da inamlarını pozmuşdu.
Nəsimi ilə elə belə də etdilər.
O kafir, mülhid bir adam idi. Allah bizi onun söz və əməllərindən hifz edib qorusun! Amma onun lətif şeirləri vardır!”
Bu sözlərdən sonra Məhəmməd Raqib yazır: “Mən deyirəm ki, Nəsimi onun adı ilə tanınmış təkyədə dəfn olunub, bu təkyə Hələbin əl-Ferafire məhəlləsində “Sultan hamamı” adı ilə məşhur olan hamamla üzbəüz və hökumət evinin yanındadır. Bu təkyəni idarə edən şeyxlər ona “Nəsimi təkyəsi” deyirlər”.
Bu mötəbər məxəzlərdən gətirilən məlumat göstərir ki, Nəsiminin diri-diri dərisinin soyulması sonralar xalq tərəfindən yaranmış bir əfsanədir və geniş kütlənin ona olan hüsn-rəğbətinin rəmzidir. Bu əfsanəyə isbat edilmiş bir elmi məlumat kimi və ya tarixi bir fakt kimi baxmaq yanlışdır”.
UNESCO-nun baş qərargahında İmadəddin Nəsimiyə həsr olunan tədbir keçirilib (FOTO)
UNESCO-nun baş qərargahında Azərbaycanın böyük şairi və mütəfəkkiri İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümü münasibətilə tədbir keçirilib.
Trend-i buradan izləyin
Mayın 18-də UNESCO-nun baş qərargahında Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə ölkəmizin UNESCO-ya üzv olmasının 25 illik yubileyinin qeyd edilməsi çərçivəsində böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümü münasibətilə tədbir keçirilib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, tədbirin açılışında çıxış edən Baş nazirinin müavini Elçin Əfəndiyev görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin dünya ədəbiyyatı və fəlsəfi fikrində oynadığı roldan bəhs edib. Bildirib ki, Azərbaycanın elm və mədəniyyət mərkəzlərindən biri olan Şamaxı şəhərində dünyaya göz açan şair 20 min misranı əhatə edən ədəbi irsinin əsas hissəsini ana dilində qələmə alıb. Nəsimi öz yaradıcılığında Azərbaycan xalqının arzu və istəklərini, ümumbəşəri dəyərləri, insanın fövqəlbəşəri varlıq olmasını tərənnüm edib. Lakin Nəsimi istedadının miqyası o qədər geniş idi ki, o, öz yaradıcılığı ilə yalnız Azərbaycan xalqına məxsus deyildi. “Fransua Rable yalnız fransız xalqına məxsus olmadığı kimi və ya Uilyam Şekspir ingilis xalqına, Migel de Servantes təkcə ispan xalqına məxsus olmadığı kimi və eyni zamanda, bütün bəşəriyyətə məxsus olduqları kimi, Nəsimi də öz yaradıcılığı ilə bütün bəşəriyyəti öz əsərlərində ifadə edib.
Mənəvi azadlığa, bəşəri dəyərlərə, insana sevgiyə, azadlıq və əmin-amanlığa çağırış Nəsimi yaradıcılığının himni idi. Despotizmin, nadanlığın və cahilliyin daim təqib etdiyi İ.Nəsimi müxtəlif ölkələrdə sığınacaq axtarsa da, həmin ölkələrdə də təqib və təhdidlərdən xilas ola bilmir. Hələb şəhərində isə şairin həyatında ən böyük faciə baş verir, dərisi soyulmaqla edam edilir. Edama məhkum olunan Nəsimi dünyadan köçmədi, o, əsrlərdən bəri insanların qəlbində yaşamaqda davam edir, dünya poeziyası, ədəbi və fəlsəfi fikrində öz abidəsini ucaltmağa müvəffəq olub”,- deyə Baş nazirin müavini vurğulayıb..
E.Əfəndiyev qeyd edib ki, İ.Nəsiminin adı Azərbaycanda əbədiləşdirilib, elm və təhsil ocaqlarına, rayon, küçə, meydanlara onun adı verilib, abidəsi ucaldılıb. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin təşəbbüs və səyləri ilə hələ SSRİ dövründə Bakının mərkəzində şairin abidəsi ucaldılıb, onun adının əbədiləşdirilməsi üçün çox işlər görülüb. Şair və mütəfəkkir İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümünün qeyd edilməsi üçün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müvafiq Sərəncamın verilməsi bu gün ölkəmizdə şairə verilən yüksək dəyərin göstəricisidir. Bu gün UNESCO səviyyəsində görkəmli şairə həsr olunmuş tədbirin keçirilməsi də onun bəşəriyyət üçün görkəmli şəxsiyyət olmasından xəbər verir.
Baş nazirin müavini bildirib ki, Azərbaycan müstəqilliyə qovuşduqdan sonra UNESCO ilə ölkəmiz arasında işgüzar, qarşılıqlı hörmətə söykənən əlaqələr qurulub. Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Anar Kərimov tədbir iştirakçılarına Nəsimi poeziyasının Azərbaycan poetik dilinin inkişafına göstərdiyi böyük təsir barədə danışıb.
Qeyd edilib ki, Nəsimi sufilik cərəyanına yaxın olsa da, sonradan hürufiliyin aparıcı simalarından olub. Onun ustadı Nəimi edam edilsə də, öz yolundan, hürufilik təlimini təbliğ etməkdən dönməyib. Nəsimi poeziyası vasitəsi ilə sülhü, tolerantlığı və multikulturalizmi müdafiə edib. Hürufilik təlimi əsasında irəli sürdüyü panteist ideyaları üstündə edam olunan Nəsiminin sərdabəsi Suriyanın Hələb şəhərindədir. Səfir qeyd edib ki, Nəsiminin ölümündən 600 il sonra UNESCO-nun maddi-mədəni irs siyahısına daxil edilmiş Hələb şəhərinin qədim mərkəzi terrorçu və ekstremist qüvvələr tərəfindən xarabazara çevrilib, şairin sərdabəsi dağıntılara məruz qalıb. Sanki ekstremistlər 600 il sonra Nəsimini ikinci dəfə qətlə yetiriblər. Lakin bununla belə Nəsiminin yaddaşlarda yaşayan ideyaları və poeziyası, onun tolerantlıq və sülh naminə çağırışları heç zaman məhv edilə bilməzlər.
Sonra bu ilin yanvarında Hələb şəhəri terrorçulardan azad edildikdən sonra İmadəddin Nəsiminin dağıntılara məruz qalmış sərdabəsinin çəkilmiş fotoları nümayiş olunub. Səfir A.Kərimov Suriyanın UNESCO yanında daimi nümayəndəliyinə fotoların əldə edilməsində göstərdiyi yardıma görə təşəkkür edib.
UNESCO baş direktorunun ictimai informasiya və xarici əlaqələr üzrə müavini Erik Falt çıxışında bildirib ki, İmadəddin Nəsimi tolerant və humanist mövqeyi ilə tarixə düşən şair, rəssam, yazıçı və digər incəsənət xadimləri üçün ilham mənbəyi olub. Onun ideya və fəlsəfi fikirləri insanların ortaq dəyərlər ətrafında birləşməsini və sülhü təşviq edir, bu, müasir dövrümüzdə də öz təsir gücünü itirməyib.
UNESCO-nun baş direktoru vəzifəsinə namizəd, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxışında bildirib ki, 600 il bundan əvvəl İmadəddin Nəsimi barbarcasına edam olunsa da, müasir dövrümüzdə də barbarlıq, ekstremizm və terrorun kökünü kəsmək mümkün olmayıb. Bu gün bəşəriyyət 600 il bundan əvvəl Nəsiminin təbliğ etdiyi və uğrunda ölümdən belə çəkinmədiyi bəşəri dəyərlər ətrafında birləşməlidir.
Tədbirin bədii hissəsində Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadənin Nəsiminin xatirəsinə bəstələdiyi balet konserti nümayiş olunub. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistlərinin rol aldığı xoreoqrafik səhnələr milli-folklor və klassik musiqinin sintezi ilə təqdim olunub. Qərb və Şərq musiqisinin sintezindən ibarət baletdə tamaşaçılara Nəsiminin mistik və sirli aləmi, onun şər qüvvələrə qarşı mübarizəsi nümayiş etdirilib.
Konsert zalının qarşısındakı foyedə şair İmadəddin Nəsimiyə həsr olunmuş sərgi nümayiş olunub. Sərgidə dünyanın ölməz sənətkarları sırasında şərəfli yer tutan, poeziyamızda yeni, çox əlamətdar bir dövrün başlanğıcı olan, Azərbaycan dilini ədəbi-bədii dil səviyyəsinə yüksəldən qüdrətli sənətkar İmadəddin Nəsiminin zəngin irsini əks etdirən kitablar, müxtəlif rəssamlar tərəfindən çəkilmiş rəsmlər təqdim olunub.
Comments are closed, but trackbacks and pingbacks are open.