Intihar məcəllə
“Sosial institutlar formal olaraq fəaliyyət göstərirlər, amma real olaraq fəaliyyət yoxdur. Ona görə də, problemli insanlar kənarda qalır. İnstitutları dirçəltmək lazımdır. Xeyriyyə təşkilatları və qadın sığınacaqları şəbəkəsinin genişləndirilməsinə ehtiyac var. Çünki burada gələcəkdə potensial intihar etmək istəyən insanlara çevrilə biləcək şəxslər olur. Əgər bu institutlar dirçələrsə, vəziyyətdə dönüş yaratmaq olar. Avropada da bu intiharlar var, amma orada bu institutlar işlədiklərinə görə, intiharların sayı azalır. Bizdə isə, əksinə, kütləviləşməyə başlayır. İndidən tədbirlər görmək lazımdır”, – deyə F. Mustafa bildirir.
Azərbaycanda intiharlar artır – səbəb nədir?
3 gün öncə Abşeron rayonunda 66 yaşlı “İlin ən yaxşı müəllimi” özünü yaşadığı evdə asaraq intihar edib. Meyiti evinə fərdi təhsil almağa gələn şagirdləri tərəfindən aşkarlanan Azelma Mirzəyeva 297 saylı orta məktəbdə 39 il ingilis dili müəllimi kimi fəaliyyət göstərib. Ötən ildən təqaüdə çıxan müəllimin hansı səbəbdən intihar etdiyi məlum deyil.
Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu, noyabr ayı ərzində ən çox səs-küyə səbəb olan intihar hadisəsi olsa da, ilk belə hadisə deyil. Ondan bir gün əvvəl Şirvan şəhərində 25 yaşlı gənc özünü yaşadığı evin hamamılnda asmışdı. Elə həmin gün daha bir intihar Sumqayıt şəhərində qeydə alınıb. 66 yaşlı kişi məktəbin həyətində özünü idman qurğusundan asıb.
Hər gün intiharla bağlı azı bir oxşar xəbər eşidirik. Bəzən isə bir gündə özünəqəsdlərin sayı 3-4-ə çatır. Nəzərə alsaq ki, bu yalnız mətbuatda işıqlandırılan və rəsmən təsdiqlənən statistikadır, əslində miqyasın daha böyük olduğunu təsəvvür eləmək çətin olmaz.
Kənardan quru statistika kimi görünən rəqəmlərin arxasında əslində canlı insanlar və onların yarımçıq qalmış arzuları durur. Bəs cəmiyyətdə günü-gündən artan intiharların səbəbi nədir? İnsan özünü niyə öldürür? Ekspertlər insanları bu addıma təhrik edəcək yüzlərlə səbəb sadalayırlar. Yenə də ən böyük problem maddi çətinlik, sosial problemlər, banklara olan borc və digər sıxıntılardan qaynaqlanır. Bununla belə, psixoloji zəiflik, özünün və ya yaxınlarının ağır xəstəliyi, bəzən isə qarşılıqsız sevgiyə görə həyatlarını yarıda qoyanlar var.
Ümumiyyətlə, təkcə noyabr ayının əvvəlindən bu yana mətbuatda 20-yə yaxın intihar hadisəsi qeydə alınıb. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, bu ilin 9 ayı ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə 500 cinayət işi başlanıb, zərərçəkmiş qadınların sayı 156, yetkinlik yaşına çatmayanların sayı 27 nəfər olub. Ölkədə ötən il həmin maddə ilə ümumilikdə 658 cinayət işi başlanıb ki, bu ilin ilk 9 ayındakı intiharların statistikası ötən ilin müvafiq dövrünün statistikasından çoxdur. Orta hesabla götürsək, hər gün təxminən iki azərbaycanlı intihar edir.
“Heç kimin həyatı yalnız qızılgüllərdən ibarət deyil. “
Psixiatr Gəray Gəraybəyli hesab edir ki, intiharın səbəblərindən danışarkən burada depressiyaları xüsusilə vurğulamaq lazımdır. Çünki depressiyanın ən ağır fəsadı özünəqəsddir. İnsan həyatdan həzz almırsa, onun sonu ölümdür.
Mütəxəssis hesab edir ki, son vaxtlar gəncləşən intiharlarla da bağlı onu demək olar. Çünki uşaqlarda baş verən depressiya formaları da var. Onlar bir qədər atipik olur və böyüklərdəkindən fərqlənir:
“Tam formalaşmayan psixikada – uşaqlarda, yeniyetmələrdə, bir qədər infantil olan insanlarda kəskin emosional reaksiya, ya acıq, etiraz hissi intihara gətirib çıxarır. Belə insanlar dərindən düşünmürlər ki, bu gün mümkün deyilsə, sabah mümkün ola bilər. Depressiya isə xəstəliklə bağlıdır. Digər tərəfdən, insanlarda həyatı qiymətləndirmək hissi azalıb. Doğrudur, həyat problemlərdən ibarətdir, heç kimin həyatı əvvəldən axıradək qızılgüllərdən ibarət deyil. İnsan yaşadıqca problemlərlə qarşılaşır və problemin həlli onun psixoloji müdafiəsini artırır. Bəzən hansısa problem olanda heç məktəb oxumayan ağsaqqaldan kömək istəməyi məsləhət görürlər. O, dəfələrlə problem yaşayıb deyə, psixoloji müdafiəsi güclüdür. Stressli vəziyyətdən çıxmağı bilir. Biz buna müdriklik deyirik”.
Maddi dəyərlər mənəvi dəyərləri üstələyərsə.
Mütəxəssislər intiharların bir səbəbini də cəmiyyətdəki gərginlik və buna rəvac verən maddi dəyərlərin önə çıxmasında görürlər. Sosioloq Əhməd Qəşəmoğlu hesab edir ki, əgər cəmiyyətdə maddi dəyərlər mənəvi dəyərləri sıxışdırıb önə keçirsə, çoxlu gərginliklər yaranır, xoşagəlməzliklər meydana çıxır. Belə cəmiyyətdə ilbəil əcaib hallar, təkcə intiharlar deyil, həm də boşanmalar, ailə üzvlərinin bir-birini öldürməsi, aldatmalar artır.
“Biz çalışmalıyıq ki, cəmiyyətimizdə insanlar bir-biri ilə maddi dəyərlərə görə yarışmasınlar. İnsanlar öz ümidlərini mənəvi dəyərlərdə tapsınlar. O ölkə, şəhər gözəl sayılır ki, insanlar bir-biri ilə mədəni davranışına görə yarışırlar. Əgər meşşanlıq artırsa, əşyabazlıq artırsa, belə hadisələr qaçılmazdır.
Bəziləri elə bilirlər ki, bu, insanlarda maddi çatışmazlıqlarla bağlıdır. Amma belə deyil. Çünki sovet dövründə də maddi cəhətdən pis yaşayan insanlar olub. Amma bu qədər kriminal hallar olmayıb”, – Ə.Qəşəmoğlu deyir.
Sosioloq hesab edir ki, maddi dəyərlərin önə keçməməsi üçün elmi əsaslarla fəaliyyət proqramları hazırlanmalıdır. Bunu ciddi alimlər hazırlamalıdırlar. Bununla baöğlı qanunvericilik sistemində, hüquqi bazada, hökumətin humanitar siyasətində dəyişikliklər olmalıdır. Mənəvi dəyərləri üstün tutan insanlara diqqət artıtlmalıdır, elmə, təhsilə diqqət ayrılmalıdır:
“Mənəvi dəyərlərin daşıyıcıları olan insanların özlərinin maddi durumları o qədər də ürəkaçan deyil. Nəticədə, belə vəziyyət yaranır. Konkret olaraq mütəxəssislərin iştirakı ilə fəaliyyət proqramı hazırlanmalı və dövlət səviyyəsində həyata keçirilməlidir”.
Sosial institutlar – adı var, özü yox
Millət vəkili Fazil Mustafa isə hesab edir ki, cəmiyyətdə intiharların artması Azərbaycanda İslam dəyərlərinə əməl olunmamasından irəli gəlir. Millət vəkilinin bildirdiyinə görə, dinə görə, intihar ən böyük günahlardan sayılır.
F.Mustafa deyir: “Hüquq baxımından yanaşsaq, cəmiyyətdəki sosial gərginliklə bağlı olur, insanlar işsizlik , borc və sair səbəblərdən insanlat bu addımı atırlar.
Cəmiyyətdə sosial institutlar inkişaf eləmədiyinə görə, xüsusən də, iş adamlarının xeyriyyəçilik sistemi təkmil olmadığına görə insanların sıxıntılarının qarşısını ala biləcək dərəcədə onlarla maraqlanma imkanı yoxdur. Burada müəyyən maariflənmə işləri də kifayət olmur. Çünki insan tavana dirənəndə ən son çıxış yolu intihar olur. Bunu mətbuat vasitəsilə geniş işıqlandırmaq lazımdır, amma bu problemi aradan qaldırmır. Qarşısını almaq üçün müəyyən sosioloji araşdırmalar aparmaq lazımdır. Səbələri daha çox öyrənmək lazımdır. Psixoloji durumu yerində olmayan insanları araşdırmaq, onları maarifləndirmək lazımdır. Kompleks tədbirlər görülməlidir ki, bunu müəyyən dərəcədə azaltsınlar. Bütün dünyada insanların həyatlarından bezərək intihar etməsi hallarına rast gəlirik. Amma bizdə intiharlar daha çox sosial gərginliklə bağlıdır. Bunu bir tədbirlə qarşısını almaq olmaz”.
Millət vəkilinin sözlərinə görə, dövlət intiharlarla bağlı məsələyə xüsusi diqqət ayrımalıdır. Məktəblərdən başlayaraq, uşaqlar arasında münasibətlərin təqib olunması vacibdir. İcra hakimiyyətlərinin tərkibində yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiya fəaliyyət göstərsə də, fəaliyyətini normal qurmayıb. Və ya həbsdən çıxmış insanların reabilitasiyası ilə bağlı vəziyyət də oxşardır. Bununla bağlı qanun qəbul olunub, amma reabilitasiyanın maddi və digər əsasları nəzərdə tutulmayıb. Sığınacaq yerləri yoxdur. Məhkumluğu olan şəxslərin ailə həyatına müdaxilənin qarşısını almaq üçün sığınacaq yerləri yoxdur. Bunlar sosial institutlar tərəfindən araşdırılmalıdır.
“Sosial institutlar formal olaraq fəaliyyət göstərirlər, amma real olaraq fəaliyyət yoxdur. Ona görə də, problemli insanlar kənarda qalır. İnstitutları dirçəltmək lazımdır. Xeyriyyə təşkilatları və qadın sığınacaqları şəbəkəsinin genişləndirilməsinə ehtiyac var. Çünki burada gələcəkdə potensial intihar etmək istəyən insanlara çevrilə biləcək şəxslər olur. Əgər bu institutlar dirçələrsə, vəziyyətdə dönüş yaratmaq olar. Avropada da bu intiharlar var, amma orada bu institutlar işlədiklərinə görə, intiharların sayı azalır. Bizdə isə, əksinə, kütləviləşməyə başlayır. İndidən tədbirlər görmək lazımdır”, – deyə F. Mustafa bildirir.
Peşəkar “qaynar xətt” – çıxış yolu
“Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova isə hesab edir ki, intiharların qarşısını almaq üçün peşəkar qaynar xətlərin yaradılmasına ehtiyac var.
“İnsanlar çox az hallarda birbaşa intihar edir. Əksər hallarda intiharlar düşünülmüş, uzun müddət qərarlaşdırılmış, bu barədə yaxınlarına mesaj verilən intiharlar olur. Ətrafdakılar bunu şantaj, öz istəklərini həyata keçirmə cəhdi kimi qiymətləndirir və əhəmiyyət vermir. Əslində, intiharla bağlı danışan şəxsə heç vaxt biganə qalmaq olmaz, onun problemini öyrənmək lazımdır. Ona çıxış yolunu göstərmək lazımdır. Ümumən, “qaynar xət”lər belə hadisələrin qarşısını müəyyən qədər ala bilər. Azərbaycanda, təəssüf ki, bu qədər intihar hallarına baxmayaraq, nə QHT-lərin nəzdində, nə də dövlət qurumlarında peşəkar “qaynar xət”lər yoxdur ki, bu cür məsələlərdə dərhal təsir göstərsin, şəxsə psixoloji yardım göstərərk intiharın qarşısını alsın”, – M.Zeynalova bildirir.
Yazıçı Seyran Səxavət də hesab edir ki, çətin olsa belə, cəmiyyətdəki intihar hallarındakı kütləviləşmənin qarşısını almaq mümkündür:
“Bütün qarşısıalınmaz, çətin problemlərin qarşısı istək olanda alınır. Allahın yaratdığını məhv eləmək onun qarşısında böyük günahdır. Məncə, intiharların ən böyük səbəbi bütün dünyada baş verən hadisələrdir. Dünya özü intihar həddinə gəlib çatıb. Bu çox qəliz məsələdir. Ancaq onu deyə bilərəm ki, dünya gözəldir. Gözəl bir ağacın, gözəl bir qadının, nəvənin eşqi bəsdir ki, insan ömrü boyu yaşasın”, -Seyran Səxavət bildirir.
Heç statistikasını araşdıra bilmiriksə.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son illər apardığı tədqiqatların nəticəsi əsasında hazırladığı məlumata görə, dünyada hər 40 saniyədə 1 nəfər intihar edir. Hər gün təxminən 3 min insan həyatına qəsd edir. Dünyada hər il təxminən 1 milyon insan intihar edir. Əslində isə özünəqəsdə cəhd edənlərin sayı bundan 20 dəfə artıqdır. 2020-ci ildə intiharların sayının 500 minə qədər artacağı proqnozlaşdırılır. Yaşı 15-29 olan gənclər arasında intihar ikinci böyük ölüm faktorudur.
Maraqlıdır ki, Daxili İşlər Nazirliyi hər il özünəqəsdlə bağlı yarımçıq statistika açıqlasa da, bunun tam olaraq statistikasına nə Səhiyyə Nazirliyi, nə də Statistika Komitəsinin məlumatlarında rast gəlmirik.
Demək olar ki, vaxtaşırı intiharlarla bağlı araşdırma tipli yazılar mətbuat səhifələrində görünsə də, nazirlik və ya komitələrin bununla bağlı narahatlıq keçirərək hansısa addım atmasının şahidi olmamışıq. Elə şahidi olmadıqlarımızla bağlı öyrənmək üçün Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əlaqə saxladıq. Komitədən bildirdilər ki, hazırda aidiyyatı şəxslər məzuniyyətdə olduğundan yaxın günlərdə sualımıza cavab veriləcək.
Milli.Az
Intihar məcəllə
İnformasiya texnologiyaları əsrinin təsirlərindəndir ki, bu gün hamı harasa tələsir. Kimisi işə, kimisiə evə, kimisi tətilə, kimisə də ölümə.
Təəssüflə qeyd etmək istərdik ki, ölümə tələsənlərin sayı durmadan artır. Kimisi özünü yandırmaqla, kimisi hündürmərtəbəli binadan özünü atmaqla, kimisi damarını kəsərək, kimisi də iki körpə balasını sinəsinə basaraq intihar yolunu seçir. Lap iyulun 26-da Şəmkirdə iki azyaşlı körpəsini də götürüb ölümün ağuşuna atılan Pərvanə Mahmudova kimi. İntihar çıxış yolu deyil. Amma başqa çarə tapmayanların ən çox üz tutduğu yol məhz intihardır. Özü də fərqli üsullarla. Bəs nədir insanı şirin canından bezdirən səbəblər? Onları intiharın müxtəlif formalarını seçməyə nə vadar edir? Ölüm ya olum.
Depressiyaya meylli olanlar.
Tanınmış psixoloq Elnur Rüstəmov mövzuyla bağlı fikirlərini Modern.az-la bölüşüb.
O qeyd edib ki, uzun müddət xəstəlikdən əziyyət çəkən, tənha, zərərli vərdişlərdən asılı olan insanlar risk qrupuna daxildir:
“Onlar intihara meylli insanlar kimi qəbul olunur və risk qrupuna daxil edilirlər. Amma bu gün intihar edənlər arasında bu kriteriyalara cavab verməyən adamlar da var. Bu da intiharın sosial-psixoloji faktorlardan baş verdiyinin göstəricisidir. İntihar edən insanların böyük əksəriyyəti depressiya vəziyyətində olur. Əhvalları aşağı olur, ruh düşkünlüyü yaşayırlar. Onlar birdən-birə intihara cəhd etmirlər. Sadəcə o haqda fikirləşirlər. Eyni zamanda, bunların bir qismi intihar edən zaman affekt vəziyyətində olurlar. Situasiyanı kontrol edə bilmir və ani qərarlar verirlər. Ona görə də tövsiyə olunur ki, depressiyada olan insanlara psixoloji dəstək göstərilsin”.
İntihar “dəb”i.
E.Rüstəmov deyir ki, fərd özü depressiyada olanda intiharı hansı formada həyata keçirəcəyi barədə düşünür:
“Bu minvalla da araşdırmalara başlayır. Araşdırma zamanı yaxın vaxtda və hansı şəkildə intihar edənlər barədə yazılanları oxuyur. Başlayır onun üzərində fikirləşməyə. Ona görə də intiharlar az qala “dəb”lə gedir. Müəyyən müddətdə özünü yandırmaq, hündürlükdən atılmaq, sirkə içmək və s. ən çox müraciət edilən intihar formaları idi. Buna da birbaşa bizim informasiya və internet əsrində yaşamağımız təsir edir. Əvvəllər klassik formalar vardı: asmaq, kəsici-deşici alətlə özünə qəsd etmək, dərman pereparatlarından istifadə. Amma bu gün intiharın ağla gələn və gəlməyən çox sayda formaları təzahür edir”.
Canından bezən insan belə, son anda canının daha az ağrımasını istəyir
Psixoloq bildirir ki, insanlar intiharı seçərkən əsasən daha ağrısız varianta üstünlük verirlər:
“Əslində intiharın çox sayda kütlə tərəfindən bilinməyən növləri var. Bu növləri mətbuata açıqlamağı doğru saymıram. Çünki bu halda olan insanları yönləndirmiş və onlara mənfi təsir etmiş olarıq. Dünyanın inkişaf etmiş bəzi ölkələri intihara görə birinci yeri tuturlar. Bura İsveç, Norveç, Şimali Avropa ölkələrini daxil edə bilərik.
Azərbaycanda da intihar hallarının artdığını müşahidə edirik. Bunun da bir çox səbəbləri var. Aparıcı səbəb kimi psixoloji faktor, ailədaxili konfliktlər, münaqişələr, fərdin ailə və ərafla münasibətlərinin gərginliyi, zərərli vərdişlərdən asılılıq və s.ni göstərmək olar.
Qeyd edim ki, intihara cəhd intihar halı kimi dəyərləndirilmir. Məsələn, yüksək dozada alkoqolun, həblərin, uyuşdurucu maddələrin qəbulu şüuraltı intihardır. Sadəcə, statistikada bunlar intihar kimi qeydə alınmır. Hətta sovetlər dönəmində də statistika bu cür gedirdi.
İntihar affekt vəziyyətində verilən qərar ola bilər. Bu yaxınlarda Şəmkirdə ana və iki azyaşlı uşağının intiharı nadir rast gəlinən hadisədir. Hər zaman belə hallar baş vermir. Məsələnin dəhşətli tərəfi ananın məhz uşaqları ilə birgə intihar etməsidir. Həyatı boyu körpəsini qoruyan, ona zərər verilməsinin qarşısını alan biri onları özü ilə ölümə aparır. Dəhşət bundadır. İnsan intihar haqqında düşünəndə belə, hər zaman kiməsə görə bu fikirdən vaz keçir. Kimi atasına, kimi anasına, kimi sevdiyinə, kimi də balasına görə. Ancaq ümumən götürəndə normal insanda belə, intihar düşüncəsi ola bilər. Ancaq bu o demək deyil ki, o intiharı reallaşdırır. Reallaşdırmaq məqamı kəskin psixoz, affekt hallarında ola bilər. Fərd kəskin stress vəziyyətində qərarları kontrol edə bilmir. Bu da an məsələsidir. Ən azı 10 saniyə müddətində bundan vaz keçə bilər. Həmin müddəti atlada bilən insan peşmanlıq hissi duyur. Ən bariz nümunə toksikologiyadır. Gedib baxsanız, görərsiniz ki, insanların müəyyən bir qismi konfliktlər üzündən intihar məqsədilə özünü zəhərləyir. Onlar sonradan etdikləri əmələ görə peşman olduqlarını etiraf edirlər”.
“İntihar etmək istəyirsinizsə, bunu sabaha qədər təxirə salın”
Mütəxəssis bildirir ki, intihar edən insan o an belə, canının daha az ağrımasını istəyir:
“Bu həyatda problemsiz insan yoxdur. Dərd varsa, dərman da var. Ancaq fərd depressiya halında dərdinin dərmanını tapa bilmir. Nəticədə özünə qapanır və intihara əl atır.
Fərd kəskin psixoz, yaxud affekt halında nə edəcəyini bilmir. Şəxsin hansı intihar üsulunu seçməsi həmin an olduğu yerdən çox asılıdır. İntiharın böyük bir qismi ani verilən qərarla olur. Doğrudur, fərd uzun müddət bu barədə düşünür. Amma addımı anidən atır. Bəzən intiharı konkret olaraq harada reallaşdırcağı barədə qərar vermir. Versə belə, son qərar olmur. İnsan intiharı seçəndə belə daha ağrısız yolu seçməyə çalışır. Bütün hallarda intihar edən insanların peşman olduğunu görürük. Müəyyən olunub ki, özünü suya atan, yaxud ipdən asan adamların boyunlarında qançır izləri aşkarlanır. Bu isə onların son anda qurtulmaq istədiyinə işarədir. O an qərarı verir, amma peşman olanda geri dönüşü olmur.
İntihar çıxış yolu deyil. Kəskin stress halında olan insan diqqətini başqa bir şeyə yönəltsə, yaxud “sabah edərəm” deyib təxirə salsa, vəziyyətdən çıxmış olar. Mən əminəm ki, insan sabah intihar düşüncəsində olmayacaq. İntihar dinimizdə də qəbul olunmur.
Sırf intihar hadisəsilə bağlı böyük tədqiqat əsəri yazan fransız sosisoloq və filosofu Emil Dürkaym olub. O, intiharın bütün müstəvilərdə sosial-psixoloji tərəflərini əsərində geniş təhlil edib. Digər mütəfəkkir, intiharın kriminalistika tərəfini araşdıran isə italyan kriminalist və psixiatoru Çezare Lambrozzodur.
İnsan problemi olduğunda müraciət edəcəyi bir yerin varlığını duymalıdır. Ən azı yaxınlarından, doğmalardan dəstək almalıdır. Etiraf etmək lazımdır ki, indi qohumlar əvvəlki qədər yaxın deyillər. Çünki hər kəsin öz qayğıları var”.
İntihar etmək çıxış yoludurmu?
İntihar halları niyə son zamanlar daha da artmışdır?
İntihar mövzusu son zamanlar demək olar ki, hər gün səslənən istər sosial şəbəkələrdə, istər qəzet və jurnallarda, istərsə də televiziya verilişlərində çox rast gəldiyimiz, sanki reklam olunan, gündəmdə olan mövzulardan bəlkə də ən birincisidir. “Universitetə girə bilməyən gənc qız çıxış yolun intiharda gördü”, “İşin itirən gənc oğlan özünü asaraq intihar etdi”, “Ailəsinə baxa bilməyən ata özünü yandırdı”, “10 yaşında balaca qız serialda gördüyü intiharı təkrarladı”. Bunun kimi xəbərləri demək olar ki, eşitmədiyimiz gün yoxdur. İntihar etmək yolları elə bil yoluxucu xəstəlik kimi sürətlə yayılır. Media isə problemlərdən çıxış yolu kimi intiharı sanki təbliğ edir və intihar etmə üsullarından dərs keçir. Bu psixoloji sarsıntı keçirənlərə, dərdlərinə çarə axtaranlara təəssüf ki, dəlinin yadına daş salmaq kimi effekt yaradır.
Tam əksinə olaraq, bizim milli mənəvi dəyərlərimizdə intihar hər zaman yaxşı olmayan bir əməl kimi görülüb. İntiharla ölümün qeyri-adi hal kimi qarşılanmağının əsas səbəbi dini inancımızda günah, adətlərimizdə özünə qəsdin cəmiyyət tərəfindən zəiflik kimi qarşılanmağı, intihar edənin yaxınları tərəfindən tezbazar ört-basdır edilməsi və bunun bir ayıb sayılmağıdır. Əslində Azərbaycanda intihara həm Avropadan, həmdə uzaq Şərqdən daha az rast gəlməsinin əsas səbəbi də budur. Dünyanın qloballaşmasının, bir ev halına gəlib, mədəniyyətlərin inteqrasiyası cəmiyyətimizə bir çox yaxşı tərəflərinin olması ilə bərabər təəssüf ki, intihar kimi mənfi halların artmasına da səbəb olur. Bəhs edəcəyimiz mövzuda intihar nə deməkdir, intihar qərarını verən bir fərd hansı düşüncə mərhələlərindən keçir, intihara aparan yollar və dinamikası, intiharın yeniyetmələrdə, gənclərdə və yaşlılarda əsas səbəbləri, intihar bir çıxış yoludurmu, yaxın ətrafımızda intihar düşüncəsi olanlar varsa necə kömək edə bilərik kimi suallara cavab verməyə çalışacağam.
İntihar nə deməkdir?
Sonu ölümlə nəticələnəcəyini bilərək seçilən hər hansı bir üsulun birbaşa, ya da dolayı olaraq meydana gətirdiyi ölümə intihar deyilir . İntihar eyni zamanda dözülməz dərdlərin, daşınmaz məsuliyyətlərin, çaşmış, pozulmuş, gücü zəifləmiş qürurun seçdiyi bir həll yoludur. İntiharın sonu ölüm, intihara aparan yol isə intihar düşüncəsi ve intahara cəhddir . İntihara cəhd ölümlə nəticələnməyən, amma başqaları tərəfindən də qarşısı alına bilməyən insanın özünə zərər vermə davranışıdır. Dünyadakı ölümlərin 1%-ni intiharlar təşkil edir, ölüm səbəbləri içərisində isə ilk 10 səbəbdən biri intihar olaraq qeyd edilir. Dünya Səhiyyə Təşkilatının (WHO) statistikasina görə dünyada hər 40 saniyədən bir intihar sonrası ölüm olur.
İntihar qərarının verən bir fərd hansı düşüncə mərhələlərindən keçir?
İntihara cəhd edənlərin böyük bir hissəsi böhranlı – krizis halındakı səbirsizlik və çarəsizlik hissləri içində əmələ gələn, “kömək et” çağırışı və ya çətinlik çəkdiyi vəziyyətdən uzaqlaşma istəyi daşımaqdadır. Krizis – böhran halı isə insan həyatında gözlənilmədən ortaya çıxan həlli çətin və travmatik hadisələr nəticəsində verilən bir cavab halıdır. Əslində kriz halı patoloji bir vəziyyət deyildir. Hər bir insanın həyatı boyu hər yeni çətinliklərlə qarşılaşdığı vəziyyətdir. Bu da məlumdur ki , hər hansı bir böhranlı vəziyyətdə fərdlərin verdiyi reaksiyalar fərqli olur. Məhz buna görə də böhranlı-krizis vəziyyət dedikdə hər hansı təhdidedici hadisə deyil, insanın bu hadisəyə verdiyi emosional cavab adlandırmaq daha doğru olar.
Bunlara yaxın insanın ölümü, boşanma, məcburi köç etmək, travma sonrası yaşanan krizis hallarına misal göstərmək olar. İnsan həyatı boyu yeniyetməlik, gənclik, evlilik, hamiləlik, uşağın anadan olması, yaşlılıq kimi krizis dönəmlərindən keçir. Bu krizislər zaman ərzində fərdin həmin anda verdiyi cavabdan asılı olaraq gələcək həyatında daha da böyüməsinə, təcrübə qazanmasına və ya tam əksinə eyni halı təkrar yaşayarsa, daha çox stressə məruz qalacağına gətirib çıxardır. Bunu daha yaxşı anlamaq üçün krizis anındakı duyğu və düşüncələrin necə inkişaf etdiyinə baxaq;
Krizis zamanı duyğu və düşüncələrimiz necə dəyişir?
Krizisin birinci mərhələsi – fərdin qaça bilmədiyi və ya həll edə bilmədiyi problemə verdiyi ilkin cavab reaksiyasıdır. Bu vaxt fərdin əvvəlcədən öyrəndiyi problem həll etmə yollarının heç biri işə yaramır və fərd şiddətli bir çarəsizlik içində təlaşlanır və sanki bütün qapıların üzünə bağlandığını hiss edir ve fərdin acizliyi, gücsüzlüyü ortaya çıxır. Nəticədə bu da özünə qarşı əsəbilik, küskünlük kimi hissləri yaradır.
Krizisin ikinci mərhələsində həll olmayan problemlərə yeni yollar axtarılır, bu mərhələdə insan bütün imkanlarını səfərbər edir və bütün qüvvəsi ilə sanki düşmən͟ olan problemə qarşı son hücuma keçir, bu mərhələdə də problem həll olmazsa, enerjisi azalan fərdin tələsgənliyi, səbirsizliyi, yerində dura bilməmək kimi hissləri dayanılmaz səviyyəyə çatır. Рəmin an hər tərəfdən təzyiq edilirmiş kimi bir hiss yaranır. Belə vəziyyətdə insan artıq əsl olan problemdən deyil, bu problemin əmələ gətirdiyi təzyiqdən bir an öncə qurtulmağa çalışır, buna görə də krizis dönəminin bu mərhələsi ən qısa mərhələdir. İntiharların böyük bir qismi krizin bu mərhələsində daha çox çarəsizlik, ümidsizlik, səbrsizlik hissləri içində edilən, insanlardan kömək istəmə və ya acizliyin gətirdiyi məcburiyyət qarşısında qalma halından uzaqlaşmaq üçün edilir.
Krizin üçüncü mərhələsi – əslində kriz halından təxminən 2 ay sonra hər hansı bir şəkildə də olsa, problem həll olur. Bu həll fərdin krizdən əvvəlki həyat tərzinə ya yaxşı, ya da pis yöndə təsir edər. Problem həll etmək bacarığı yetərsiz olan fərdlər yeni çıxış yolları axtarar, ancaq çıxış yolu tapılmazsa və ya tapılan həll yolu ilə problem çözülməzsə, o zaman krizin üçüncü mərhələsi başlayar. Hansi ki, bu özünü iki cür biruzə verə bilər. Biri iradi olaraq insanın çəkilən iztirablar və ağrılar yerinə ölüm seçimi – intihar, ikinci isə qeyri-iradi olaraq orqanizmin bir növ qoruyucu funksiyası olan geri çəkilmə, yəni psixi xəstəliklər ortaya çıxır.
İntihara aparan yollar
İntiharın dinamikasına əsas 7 başlıqda baxa bilərik:
- Psixoz xəstəlikləri və ya formalaşmamış şəxsiyyətlər: adam özünü öldüməklə əlaqəli əmredici tərzdə səs hallusinasiyaları eşidə bilər.
- İnsanin özünə çevrilmiş cinayət: bu cür intiharlarda intihar edənin başqa birinə qarşı çox böyük kini vardır. Bəzi səbəblərə görə kini ifadə edə bilməz və kin insanin özünə qarşı çevrilir. Simvolik olaraq qarşısındakı adamı öldürəcəyin düşünür.
- Rədd etməklə və ya tərk etməklə ətrafını qorxudan gənc intiharı, bir güc mənbəyi olaraq göstərir.
- Şantaj və ya sui istifadə: Əgər mənə yaxşı münasibət göstərməsəniz, sonra çox peşman olacaqsınız. Bu zaman fərd intihardan qorxutmaq üçün istifadə edir.
- Sevdiyi insanları ölümlə itirənlərin onlara yenidən qovuşması: intiharı qovuşmanın bir yolu olaraq qəbul edirlər.
- Bağışlanmaz günahların təmizlənməsi: günah və çirkin hisslərdən təmizlənmənin tək yolu intihar qəbul edilir.
- Kömək və ya nəvaziş görmək üçün diqqəti özünə çəkmək: probleminin nə olmağından aslı olmayaraq fərd intiharı kimi çıxış yolu seçir.
İntiharın yeniyetmələrdə, gənclərdə və yaşlılarda əsas səbəbləri
WHO statistikalarında bu yaş dövrləri arasında ən çox intihar düşüncəsi olanlar yeniyetmələr, ən çox intihar düşüncələri ölümlə nəticələn qrup isə yaşlılarda qeydə alınmışdır. ABŞ-da yeniyetmələrin 20%-nin intihar düşüncəsi olduğu, 8%-nin intihara cəhd etdiyi, bunların 3%-nin isə tibbi müalicəyə ehtiyacının olduğu bildirilir, intihar edən yeniyetmələrin 80%-nin də müxtəlif psixi xəstəliyi olduğu aşkarlanmışdır. Valideynlər tərəfindən rədd edilmə, arzu olunmayan hamiləlik, dərslərində başarısızlıq, dava etmək, sevgilisindən ayrılmaq, valideyinlərin boşanması və ümidsizlik yeniyetmə yaşında intihar etməyə əsas risk faktoru sayılır. Yaşlılarda əsas intihar səbəbi kimi yalnızlıq, ümidsizlik, maddi təminatın olmaması, xroniki ağrıların olması əsas risk faktorlarından sayılır.
İntihar bir çıxış yolumudur?
İntihar edən şəxs bu yolu yeganə çıxış yolu olaraq gördüyündən bu fikri dəyişdirmək olduqca çətindir. Əgər birinin yemək alacaq qədər pulu yoxdursa, yanına gedəcək, kömək istəyəcək bacı qardaşı və ya yaxın bildiyi bir adamı yoxdursa, əl açdığı, diləndiyi, tanımadığı insanlar tərəfindən də alçaldılma görürsə, düşüncəsində intihar edəcək vəziyətə gələ bilər. Və yaxud da həmişə yüksək vəzifədə olub, hamı tərəfindən hörmət, sayqı görən bəzi insanlar vəzifədən çıxarılınca əvvəlki hörmətin qoyulmaması, dost tanışının olmaması, axtarılan, vacib adam olmaması həmin insanlarda dünyada artıq adam, lazım olmayan şəxs, vaxtı keçmiş insan kimi düşüncələr intihara gətirib çıxardır. İntihar düşüncəsi olan insanların düşüncələri dəyişənədək daim yanında onu qoruyacaq adama ehtiyac vardır.
İnitharın hər zaman ölümlə nəticələnməyəcəyini də xatırlatmaq bəzən faydalı ola bilər. Ölmək üçün cəhd edib, amma ömürlük şikəst olub, əlil arabalarında gəzənləri və ya yaxınlarının, sevdiyi insanların onun bu vəziyyətinə çox üzüləcəklərin xatırlatmaq faydalı ola bilər. Çıxış yolu kimi dövlətin sığınacaqlarından faydalanma imkanlarının olduğunu qeyd etmək, yaşlılar üçün qocalar evi, evsizlər üçün müvəqqəti sığınacaqlar və ya müxtəlif dərnək və xeyiriyyə cəmiyyətlərindən yardım istəmək olar . İnanclı insanlara isə intiharın günah olduğun xatırladıb, bu ölümün yenə də ona rahatlıq gətirməyəcəyin demək çox zaman intihar düşüncəsindən uzaqlaşdırır.
Yaxın ətrafımızda intihar düşüncəsi olanlar varsa, necə kömək edə bilərik?
Ümumiyyətlə intihar edəcəyini istər zarafatla, istərsə də ciddi olaraq dilə gətirən insanlara qarşı çox diqqətli olmaq lazımdır. Unutmamaq lazımdır ki, intihar etmək fikrini dilə gətirən hər 5 insandan biri intihara cəhd edir və intihara cəhd edən hər 10 insandan biri ölür. Bu rəqəmlər bir adam intihardan danışırsa, sadəcə diqqəti cəlb etmək istəyir. Həqiqətdə belə bir təhlükə yoxdur fikrinin nə qədər səhv olduğun və bunun zarafatının belə ölümlə nəticələnə biləcəyin unutmamaq lazımdır.
İntiharı son çıxış yolu kimi seçim edən insanlara həkim yardımı ilə bərabər ediləcək başlıca iki yardım var. Bunlardan biri tək qoymamaq və intihar düşüncəsindən başqa alternativ yollar axtarmaq. Əlbəttə, burada intihar riskinin dəyərləndirilməsi də çox mühimdir. İntihar planının olması, hal-hazırki emosional vəziyyətin depressiv olması və ya həyəcanlı olması, ümidsizlik, daha öncədən də intihar cəhdinin olması, ani çıxan krizis vəziyyəti, qəzaya bağlı bir və ya bir neçə orqanın itirmək, sosial təminatın azlığı və ya yoxluğu intihar üçün əsas risk faktorlarıdır. İkinci olaraq da bu faktorların mümkün olduğu qədər tez aradan qaldırılması və gələcəyə doğru reallaşa bilən ümidlərin verilməsi lazımdır.
Comments are closed, but trackbacks and pingbacks are open.