Press "Enter" to skip to content

Istehlakçıların hüquqlarının haqqında qanun

E-huquq.az-ın məlumatına görə, bu barədə məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Aqrar siyasət komitələrinin birgə iclasında müzakirəyə çıxarılan “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Azərbaycanda alınan malları geri qaytarmaq mümkündür? – ARAŞDIRMA

“Alınan mallar geri qaytarılmır”. Yəqin bir çox mağazaların divarlarından bu sözlərin yazıldığı kağızın asıldığını görmüsünüz. Bu da o deməkdir ki, alınan mal tələblərə cavab verməsə də, evə aparandan sonra malın yararsız olduğu məlum olsa da, hədiyyə etdiyin adamın ölçüsünə və zövqünə uyğun gəlməsə də, qaytara bilməzsən. Təəssüflər olsun ki, ölkəmizdəki dünyada məşhur brendlərin satıldığı mağazalarda da malı qaytarmaq mümkün deyil. Baxmayaraq ki, brend mağazaların divarlarında bu cür sözlər yazılmır. Dünən MANGO, Rodi Mood, Pull and Bear, LC Waikiki və digər markaların satıldığı mağazalara müraciət edərək mal aldığımızı və onu qaytarmaq istədiyimizi dedik. Bunun mümkünsüz olduğunu bildirdilər. Amma malı dəyişməyi təklif etdilər. Amma burada da ortaya “əmma” çıxdı. Məlum oldu ki, endirimə düşən malları dəyişmək də mümkünsüzdür.

Qanun nə deyir?

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov isə deyir ki, bütün hallarda, əgər istehlakçının tələblərinə uyğun gəlməyibsə, mal qaytarıla və dəyişdirilə bilər. Çünki istehlakçıya bu haqqı “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun verir: “Qanunda bildirilir ki, əgər alınan mal istehlakçının tələblərinə cavab vermirsə, 14 gün müddətində qaytarıla və ya dəyişdirilə bilə. Belə ki, istehlakçının bəyəndiyi başqa mal varsa, dəyişdirilə bilər, yoxdursa, istehlakçı malı qaytara bilər”.

Qeyd edək ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 15-ci maddəsinin 1-ci bəndində deyilir ki, “lazımi keyfiyyətli qeyri-ərzaq malı öz formasına, ölçüsünə, fasonuna, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçının onu alındığı yerdə uyğun mala dəyişdirmək hüququ var. İstehlakçı malın alınma günü sayılmamaq şərti ilə, 14 gün ərzində həmin malı lazımi keyfiyyətli mala dəyişdirmək hüququna malikdir. İstehlakçı tərəfindən əldə edilmiş lazımi keyfiyyətli mal istifadə olunmayıbsa və onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı, həmçinin, mal və yaxud kassa qəbzi və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri saxlanılıbsa, bu hallarda o dəyişdirilə bilər”.

Sözügedən qanunun 15-ci maddəsinin 2-ci bəndində isə malı qaytarmaqla bağlıdır: “Malı dəyişdirmə anında, satışda uyğun mal yoxdursa, istehlakçı dəyəri yenidən hesablamaqla istənilən başqa bir malı almaq və ya qaytarılan malın dəyəri məbləğində pulu geri götürmək, ya da satışa uyğun mal gələn kimi onu dəyişdirmək hüququna malikdir”.
Sözügedən maddədən göründüyü kimi, satışda istehlakçıya uyğun mal olmadıqda, onu qaytarmaq mümkündür.

Kassa qəbzi ləğv edilə bilər

E.Hüseynovun sözlərinə görə, bəzən satıcılar qəbzin artıq kassaya vurulduğunu və malın buna görə qaytarılmasının mümkünsüz olduğunu deyirlər: “Amma istənilən kassa qəbzini ləğv etmək mümkündür”.

E.Hüseynov onu da bildirdi ki, başqası üçün alınan hədiyyəni, heç bir qüsurunun olmadığına baxmayaraq, hədiyyə aldığın adam bəyənməsə, yenə də istehlakçının malı dəyişmək və qaytarmaq haqqı var: “Çünki mal istehlakçının tələbatını ödəməyib”.

Nəyi dəyişmək və qaytarmaq olmaz?

Amma bir sıra mallar var ki, onlar geri qaytarılmayan və dəyişdirilməyən mallar siyahısındadır. Bu malların siyahısı Nazirlər Kabineti tərəfindən təsdiqlənib. Bura qızıl və qızıl məmulatları, qiymətli və yarımqiymətli metallardan, daşlardan hazırlanmış məmulatlar, istehsal qüsurları istisna olmaqla bütün növ parçalar və ölçü ilə satılan bəzi mallar (lentlər, dəsmallar, haşiyələr), parfümer-kosmetika malları, bağça yaşlı və yeni doğulan uşaqlar üçün alt paltarları, məişət kimyası malları, şəxsi gigiyena əşyaları, diş fırçaları, daraqlar, biqudilər və s., uşaq oyuncaqları, istehsal qüsurları istisna olmaqla istifadə olunmuş, üzərində yarlıklar olmayan kişi, qadın və uşaq corabları, alt paltarlar, ərzaq üçün plastmasdan hazırlanmış məmulatlar, dəyəri ödənilmiş və mağazadan çıxarılmış (yararlılıq müddəti ərzində) ərzaq malları daxildir.

E.Hüseynov gigiyenik malların dəyişdiriliməsinin, yaxud qaytarılmasının mümkünsüz olduğunun başa düşüldüyünü, amma qızıl və qızıl məmulatlarının bu siyahıya salınmasını başa düşmədiyini dedi: “Nədənsə qızıl əşyaları da geri qaytarılmayan mallar sırasındadır. Hazırda biz iş aparırıq ki, həmin mallar da geri qaytarılan mallar siyahısına daxil olsun”.

Alıcıya dəyən mənəvi ziyana görə kompensasiya

AİB sədri onu da qeyd etdi ki, bəzən istehlakçıya vurduğu mənəvi ziyana görə mağaza sahibi ona kompensasiya ödəməlidir: “Bəzən satışda normalara uyğun olmayan mal çıxarılır və istehlakçı bunu alıb aparandan sonra qüsuru aşkar edir. bu halda mağaza sahibi tərəfindən alıcıya vurulan ziyana görə ona kompensasiya ödənməlidir. Amma təəssüflər olsun ki, şahidi olduğumuz məhkəmələrin heç birində belə hallarda heç vaxt proses alıcının xeyrinə başa çatmayıb. Çünki Azərbaycan məhkəmələri buna hazır deyil. Baxmayaraq ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 26-cı maddəsinə yazılıb ki, istehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə, həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir. Hətta istehlakçılar hüquqlarının pozulması barədə məhkəmədə qaldırdıqları iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər”.

AİB sədri onu da dedi ki, böyük həcmli mallar qüsurlu olması səbəbiylə qaytarılarkən, malın qaytarılması üçün çəkilən yol xərcini də satış obyekti ödəməlidir.

E.Hüseynovun sözlərinə görə, dünyada bütün zamanlarda istehlakçıların hüquqları ilə bağlı problem olub: “Çünki biznes qurumları heç vaxt istehlakçıların gözünün açılmasını istəmirlər. Bir neçə il öncə istehlakçıların maarifləndirilməsi üçün televiziya verilişi hazırlamaq üçün qrant aldıq. Verilişin yayımlanması üçün bir sıra telekanala müraciət etdik, amma onlar biznes qurumları ilə əlaqədə olduğu üçün belə bir verilişin yayımlanmasına razılıq vermədilər”.

Malı qaytarmayana 1500 manat cərimə

İstehlakçıların qarşılaşdıqları problemlərdən biri də brend mağazalarda mal alarkən çekin üzərində 14 gün ərzində malın dəyişdirilə biləcəyi ilə bağlı informasiyanın yazılmamasıdır. Bu da o deməkdir ki, malı qaytarmaq olmaz. Amma “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 16-cı maddəsində qeyd edilir ki, istehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtləri etibarsız sayılır. İstehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtlərinin tətbiqi nəticəsində istehlakçıya zərər dəyibsə, onlar təqsirkar şəxs tərəfindən tam həcmdə ödənilməlidir. İstehsalçı (icraçı, satıcı) istehsalat və ya ticarət fəaliyyətində tutduğu vəzifə üstünlüklərindən istifadə edərək istehlakçıya zərər vurduqda istehlakçı ona vurulmuş zərərin ödənilməsi hüququna malikdir.

E.Hüseynov bildirdi ki, əgər mağazada qanunla nəzərdə tutulmuş qaydalara uyğun olaraq mal qaytarılmırsa, mağaza sahibinin 1500 manata qədər cərimələnməsi nəzərdə tutulur.

Alıcı hara müraciət etsin?

AİB sədri, istehlakçılar yuxarıda sadaladığımız problemlərlə qarşılaşarsa, onlara müraciət edə biləcəyini dedi: “Heç bir təmənnasız istehlakçılara kömək edirik. Sadəcə 012-441 28 33 nömrəli telefona zəng edib şikayətlərini bildirsinlər”.

Bundan başqa, aldanan istehlakçılar respublikanın istənilən yerindən satasionar və mobil telefonlardan İqtisadi İnkişaf Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə də müraciət edə bilərlər. Mərkəz iş günlərində fasiləsiz olaraq saat 9.00-dan 18.00-dək fəaliyyət göstərir.

Qeyd edək ki, hökumətin istehlakçılarla bağlı sahədə siyasətini İqtisadi İnkişaf Nazirliyi (İİN) yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti həyata keçirir. İndiyədək sözügedən problemlə bağlı istehlakçıların İqtisadi İnkişaf nazirliyinə müraciət etdiyini və cəzalandırılan satış obyektlərinin olub olmadığını öyrənmək üçün İİN-nin mətbuat xidməti ilə əlaqə saxladıq. Mətbuat xidmətindən suallarımızı gün ərzində cavablandıra bilmədilər. Suallarımızı sabah (8 yanvar) cavablandırmağın mümkün olduğunu dedilər.

Istehlakçıların hüquqlarının haqqında qanun

İnsan hüquqları spektrində əsas hüquqlardan biri istehlakçıların hüquqlarıdır.

İstehlakçıların hüquqlarının qorunması dünyada ən aktual məsələlərdən biri hesab edilir. Məhsulların istehsalı və satışı, xidmətlərin göstərilməsi sahələrində keyfiyyətlə bağlı problemlər hər bir ölkəni narahat edir. Bu problemlərdən ən çox əziyyət çəkən isə istehlakçılardır. Keyfiyyət sahəsində yaranmış bu kimi məsələlərin həllinin vacibliyini və istehlakçıların narazılıqlarını ölkə qarşısında vacib bir problem kimi qəbul edən ABŞ Prezidenti Con Kennedi 1962-ci il martın 15-də Konqresdə çıxış edərək bu günü Dünya İstehlakçılar Günü elan edib.

“İstehlakçılar biz hamımızıq. İstehlakçılar böyük iqtisadi gücdür və demək olar ki, istənilən özəl və dövlət iqtisadiyyatında həlledici rol oynayırlar”- Kennedi belə deyib. İstehlakçıların Hüquqlarının Müdafiə Günü ilk dəfə 1983-cü il martın 15-də qeyd olunub. Ölkəmizdə istehlakçıların hüquqlarının müdafiəsi sahəsində hüquqi bazanın əsasını 1995-ci il sentyabrın 19-da qəbul edilmiş “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu və digər normativ hüquqi aktlar təşkil edir.

Bu qanunla vətəndaşların istehlakçılıq hüququ qorunur, eyni zamanda, ticarət təşkilatlarının və xidmətlə məşğul olan sistemin hüquq və vəzifələri müəyyənləşdirilir. Antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 2009-cu il 25 dekabr tarixli Fərmanı ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti yaradılıb.

Yeni qurumun qarşısında inhisarçılığın qarşısının alınması, haqsız rəqabətlə mübarizənin gücləndirilməsi və istehlakçıların hüquqlarının etibarlı müdafiəsinin təmin olunması kimi mühüm vəzifələr qoyulub. Azərbaycanda ən çox hüquqları pozulan istehlakçılardır ki, bir çox hallarda onların hüquqlarının bərpası da qeyri- mümkün olur.

Digər tərəfdən, istehlakçı hüquqlarının pozulamsı ilə bağlı məhkəməyə şikayət edəndən sonra, başlanan süründürməçilik prosesi vətəndaşa sərf etmir.

Ona görə də, istehlakçı hüquqlarının pozulması halları hər keçən gün daha da artır.

Maraqlıdır, hazırda Azərbaycanda istehlakçı hüquqları necə qorunur? İstehlakçı hüquqlarının pozulmasının qarşısını almaq üçün hansı tədbirlər görülür?

“Azad İstehlakçılar” İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov Cebhe.info-ya açıqlamasında Azərbaycanda istehlakçıların hüquqlarının necə qorunmasından danışıb:

“1995-ci ildə Azərbaycanda “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun qəbul olundu. Azərbaycan o zaman, artıq BMT-nin “İstehlakçıların Hüquqlarının Müdafiəsinə dair rəhbər prinsiplər” sənədinə qoşulmuşdu. Həmin sənəd əsasında qanun qəbul olundu. Qeyd edim ki, Azərbaycanda qəbul olunan bu qanun MDB məkanında istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı qəbul olunan ilk qanunlardan biridir. 1997-ci ildə biz həmfikirlərimizlə birgə Azad İstehlakçılar Birliyini (İndi “Azad İstehlakçılar” İctimai Birliyi-müəll.) təsis etdik. 1998-ci ildə Azad İstehlakçılar Birliyi Beynəlxalq İstehlakçılar təşkilatının (Comsumers İnternational) üzvü oldu. Hazırda biz dünyanın 123 ölkəsi ilə əlaqə saxlayırıq və doğma Azərbaycanımızı hər ildən bir keçirilən dünya konqreslərində təmsil edirik. Adını çəkdiyim qanun layihəsi qəbul olunandan sonra, 2009-cu ildə hökumət İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətini yaratdı. Lakin təəssüflər olsun ki, həmin qurum İqtisadiyyat Nazirliyinin tərkibində olduğu üçün illər uzunu effektiv işlədi. İstehlakçı Hüquqlarının qorunması ilə Biznes qurumun bir arada olması düz gəlmir.

Ona görə, həmin qurumun müstəqil olması üçün müraciətlər etdik. Lakin bu mümkün olmadı. Ən nəhayət, 2018-ci ildə həmin qurumun adı bir az da dəyişdirilərək, Antiinhisar və Bazara Nəzarət adlı dövlət qurumuna çevrildi. Biz hökumətin bu birtərəfli siyasəti ilə razılaşa bilmədik. Nəticədə istehlakçıların hüquqları ilə bağlı qanunda 7 dəfə dəyişiklik edildi və hamısında istehlakçıların hüquqlarını məhdudlaşdıran maddələr əlavə olundu, yaxud əhəmiyyətli maddələr çıxarıldı. Çox təəssüflər olsun ki, Azərbaycan hökuməti əksər hallarda biznesqurumun lobbiçiliyini aparır və istehlakçıların hüquqları arxa plana keçir. Ordunu da, dövləti də, biznesi də saxlayan istehlakçılardır. Necə ki, Con Kennedi 15 mart 1962-ci ildə konqresin açılışındakı çıxışında demişdir: “Biz istehlakçıların və bizim səsimiz ən ali dövlət orqanlarında eşidilməlidir”. Hansı dövlətdə istehlakçı hüquqları önə çıxarılırsa, hansı ölkədə biznesqurum istehlakçını özünün şəriki hesab edirsə və düşünürsə ki, istehlakçı bazarın şahıdır, həmin ölkə bazar iqtisadiyyatının ən inkişaf etmiş ölkəsinə çevrilir”.

Ekspert hesab edir ki, hələ Azərbaycanda buna nail olunmayıb:

“Təəssüf ki, Azərbaycanda biz hələ buna nail ola bilməmişik. Azərbaycanda biznes qurumları üçün kifayət qədər şərait yaradılıb. Lakin biznes qurumlar bundan istifadə edib, istehlakçı hüquqlarını pozurlar. Əksər hallarda bizə gələn şikayətlərin 20 fazini dövlət qurumlarına göndəririk, onlar da məhkəmələrə ünvanlayırlar. Beləliklə, istehlakçı hüquqlarının məhkəmələrdə təmin olunması, istehlakçı hüququnu qoruyan dövlət orqanının və biznes qurumun şirin arzusuna çevrilib. Onlar istəyirlər ki, istehlakçı hüquqlarının pozulması ilə bağlı işlər məhkəmələrə getsin. Təəssüflər olsun ki, məhkəmələr də bununla bağlı heç bir iş görmürlər. Bəzi məsələlər var ki, bunlarda istehlakçı hüquqlarının qorunmasının Avropadan və Amerikadan da üstün cəhətləri var. Məsələn, ABŞ vətəndaşları təzə ərzaq almaq imkanından məhrumdurlar. Çünki orada istehlak məhsulları üzərində buraxılma tarixi yazılmır. Bizdə isə hər iki tarix yazılır. Bu çox yaxşı bir cəhətdir. Bəzi Avropa ölkələrində bazar iqtisadiyyatı o qədər liberallaşıb ki, dövlət orqanları ümumiyyətlə işlərə qarışmır. Bazar istehlakçı ilə satıcının öhdəsinə buraxılır. Əgər istehlakçı aldadılarsa, məhkəməyə şikayət etmək hüququ var. Lakin orada məhkəmələr bizdəki kimi deyil, istehlakçı hüquqlarına çox ciddi yanaşırlar və istehlakçılar öz hüquqlarını asanlıqla bərpa edirlər”.

E.Hüseynov istehlakçı hüquqlarını ən çox pozan şirkətlərin adlarını da çəkib:

“Azərbaycanda istehlakçı hüquqlarının pozulma sektoru ildən-ilə dəyişir. Son 4 ildə istehlakçı hüquqları ən çox mürəkkəb texniki cihazlar, xüsusən, mobil telefonlarla bağlı pozulur. İstehlakçı hüquqlarını ən çox pozan təchizatçı şirkətlərin önündə “Kontakt Home”, “Baku Elektroniks”, “İrşad Telekom” gedir. Bugün bizə “Optimal”dan və digər ticarət şirkətlərindən də şikayət gəlir. Bu şirkətlərin əksəriyyəti istehlakçını gülər üzlə qəbul edirlər. Mallarını satdıqdan sonra isə, istehlakçı öz dərdini deməyə adam tapmır. İstehlakçı hüquqları ən çox saxta və işlədilmiş məhsulların satılması ilə bağlı pozulur. Bu problemi həll etmək üçün biz İqtisadiyyat Nazirliyinin müvafiq qurumu ilə danışıqlar aparırıq. Çox müsbət haldır ki, 2018-ci ildə Qida Təhlükəsizliyi Agentliyi yaradıldı. Biz həmin qurumun da effektli işləməsinə nail olmaq üçün ictimai nəzarət prosesini həyata keçiririk. Təəssüf ki, orada da problemlər mövcuddur. Biz hələ də küçədə ət kəsimini yığışdıra bilmirik. Hələ də məhsulların milli dildə markalanmasına nail ola bilməmişik. Eyni zamanda müştəri məmnuniyyəti olmayan malların geri qaytarılmasına nail ola bilməmişik”.

AİİB sədri hesab edir ki, istehlakçı hüquqlarının pozulmasının bir qismi də qanundakı boşluqlardan irəli gəlir:

“Nazirlər Kabinetinin müvafiq qərarında bir sıra məhsullar qaytarılmayan mallar siyahısındadır. Bu siyahıda qanunu olub, məntiqi olmayan, məntiqi olub, qanunu olmayan, ya da nə qanunu nə də məntiqi olan amillər var. Məsələn, qızıl məmulatları qaytarılmır. Aldınsa bitdi. Amma kitab qaytarılan məhsullar siyahısındadır. Əgər hər ikisi istehlak məhsuludursa, məntiq bunun harasındadır? Nəyə görə, kitab qaytarıla bilər, qızıl yox? Düşünürəm ki, bu barədə qanunlar obyektiv olmalıdır. Hazırda Azərbaycanda istehlakçı hüquqlarının pozulması tez- tez rastlanan hadisədir. Biz istehlakçıların hüquqlarını pozan şirkətlərin səmərəli işləməsinə və onlarla sıx əməkdaşlığa nail ola bilməmişik. Lakin “Azad İstehlakçılar” İctimai Birliyinə gələn şikayətlərin 80 faizi telefon zəngləri vasitəsi ilə həll edilir. Yerdə qalan digər şikayətləri də müvafiq qurumlara ünvanlayırıq. Bugünlərdə gələn daha bir şikayət isə yeni tikilən binalarda böyük istehlakçı problemlərinin yaşanmasıdır. MTK-ya 130 min manat ödəmiş istehlakçıyan saxta mədaxil orderi veriblər.

Bu MTK-larda geniş yayılmış problemdir. Mən həmin şikayəti İqtisadiyyat naziri Mikayıl Cabbarova göndərdim. Biz istehlakçı hüquqlarını pozan biznes qurumların açıq cərimələr qoyulmasını görə bilmirik. Təhsil və tibb sahəsində də mövcud problemlər var. Azərbaycan həkimlərinin keyfiyyətsiz xidmət göstərməsinə görə, vətəndaşa dəyən zərərin ödənilməsi müşkül məsələdir. Hətta insanlar dünyasını dəyişir, amma yanlış müalicəyə görə, dəyən zərər ödənilmir. Bu qanundakı boşluqlardan irəli gəlir. Biz çalışırıq ki, pasiyentlərin hüquqlarının qorunması haqqında qanun qəbul olsun. Bəlkə ondan sonra həkimlər özlərinin maddi və inzibati məsuliyyətlərini hiss edərlər”.

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna dəyişiklik edilir

E-huquq.az-ın məlumatına görə, bu barədə məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Aqrar siyasət komitələrinin birgə iclasında müzakirəyə çıxarılan “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanuna təklif edilən dəyişikliyə əsasən, əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı zəruri tədbirlərin hazırlanıb həyata keçirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən hər il müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada ərzaq balansı tərtib olunur. Ərzaq balansının tərtibi üçün fermerlər və tədarükçülər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalı, habelə həmin məhsulların yetişdirildiyi istixanalar, saxlanıldığı soyuducu anbarlar və taxıl elevatorları barədə aylıq məlumatlar növbəti ayın 10-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində müəyyən edilmiş formada həmin sistemə daxil edilməlidir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müəyyən edilmiş məhsullara dair məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ərzaq balansının tərtibi ilə bağlı ildə bir dəfə verilən yazılı sorğusuna əsasən ərzaq məhsullarının istehsalı, emalı, saxlanılması, idxalı, ixracı və satışı sahəsində fəaliyyət göstərən subyektlər 15 iş günü müddətində təqdim etməlidirlər.

Bu Qanunla müəyyən edilmiş məlumatları təqdim etməyən şəxslər qanunla müəyyən edilmiş qaydada inzibati məsuliyyətə cəlb olunurlar. Ərzaq bazarının dövlət tənzimlənməsi iqtisadi yollarla həyata keçirilir və aşağıdakıları nəzərdə tutur:

– qida məhsulları istehsalının stimullaşdırılması, minimum keyfiyyət göstəricilərinin normalaşdırılması və sertifikatlaşdırılması;
– qida zəncirində fəaliyyətin uçotu və nizamlanması;
– ərzaq bazarında azad rəqabətin inkişaf etdirilməsi, haqsız rəqabətə yol verilməməsi və yerli istehsalçıların hüquq və mənafelərinin qorunması;
– istehsalçıdan istehlakçılara çatdırılana qədər qida məhsullarının minimum keyfiyyətinə və təhlükəsizliyinə nəzarət;
– ərzaq proqramlarının hazırlanmasının və həyata keçirilməsinin xarici sərmayələr də cəlb edilməklə maliyyələşdirilməsi.

Comments are closed, but trackbacks and pingbacks are open.