Press "Enter" to skip to content

Qanunsuz Yazar

Azərbaycan Respublikasında cinayət qanunvericiliyinin əsasını 1999-cu il dekabrın 30-da qəbul edilmiş, 2000-ci ilin sentyabrın 1-də qüvvəyə minmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsi təşkil edir. Keçən dövr ərzində qüvvədə olan Cinayət Məcəlləsinə bir sıra dəyişikliklər edilmişdir.
Cinayət Məcəlləsi cinayət hüquq normalarının sistemləşdirilmiş ifadəsidir. O iki hissədən ibarətdir: ümumi və xüsusi. Ümumi hissədə cinayət hüququnun rəhbər prinsipləri və ümumi müddəaları şərh olunur, xüsusidə isə konkret cinayətlər və bu cinayətlərə görə cəzaların növləri və hədləri müəyyən olunur. Ümumi və xüsusi hissələr qarşılıqlı əlaqədədirlər və vahid tamı təşkil edirlər: ümumi hissəyə müraciət etmədən xüsusi hissənin normalarını tətbiq etmək olmaz.

Xankəndi

Azvision.az xəbər verir ki, Cinayət-Prosessual Məcəlləyə Cinayət mühakimə icraatının elektron qaydada aparılması (51-1) və cinayət mühakimə icraatının videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilməsi (51-2) ilə bağlı iki yeni maddənin əlavə edilməsi təklif olunur.

Təklif edilən 51-1-ci maddəyə əsasən, elektron qaydada cinayət mühakimə icraatı “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə aparılacaq.

Məhkəmə, cinayət prosesinin iştirakçıları və cinayət prosesində iştirak edən digər şəxslər tərəfindən prosessual sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi və Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə razılaşdırmaqla müəyyən etdiyi cinayət mühakimə icraatında “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçiriləcək. “Elektron məhkəmə” informasiya sistemində cinayət prosesinin iştirakçıları və cinayət prosesində iştirak edən digər şəxslərin iştirak etdiyi iş üzrə prosesin gedişi, çıxarılan qərarlar, onların icra vəziyyəti, onlardan verilən şikayət və ya protestlər barədə məlumat almaq, prosessual sənədləri göndərmək və qəbul etmək imkanlarını təmin edən elektron kabinet yaradılacaq. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə ediləcək. “Elektron imza və elektron sənəd haqqında” qanunda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş prosessual sənədlər kağız daşıyıcıda olan sənədlərlə eyni hüquqi qüvvəyə malikdir.

“Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə cinayət prosesinin iştirakçıları və cinayət prosesində iştirak edən digər şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə bu Məcəlləyə əsasən həmin şəxslərə verilməsi nəzərdə tutulmuş prosessual sənədləri və digər məlumatları onların elektron kabinetlərində yerləşdirəcək. Bu barədə həmin şəxslərə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə elektron qaydada (elektron poçt və SMS vasitəsilə) məlumat veriləcək. Həmin şəxslər bu Məcəlləyə əsasən məhkəməyə təqdim etmək hüququna malik olduqları prosessual sənədləri “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə göndərə bilərlər. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim bu Məcəlləyə müvafiq olaraq dövlət ittihamçısına verilməsi nəzərdə tutulmuş prosessual sənədləri və digər məlumatları onun həmin sistemdə yaradılmış elektron kabinetində yerləşdirəcək və bu barədə ona həmin sistem vasitəsilə elektron qaydada məlumat verəcək. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə dövlət ittihamçısı bu Məcəllənin 84.6-cı maddəsində nəzərdə tutulmuş prosessual hərəkətlər üzrə elektron sənəd formasında tərtib edilmiş prosessual sənədləri “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə təqdim edə bilər.

Qeyd olunan qaydada “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə təqdim edilmiş sənədlərin digər qaydada verilməsi məhkəmə tərəfindən tələb oluna bilməz. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə, məhkəmə, bu Məcəlləyə müvafiq olaraq qəbul etdiyi hökm, qərar və digər prosessual sənədləri elektron sənəd formasında tərtib edərək bu Məcəllədə həmin prosessual sənədlər üçün müəyyən edilmiş müddətlərdə “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirəcək. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmənin yekun qərarın nəticə hissəsi barədə məlumat həmin qərarın elan edildiyi gün hakimin elektron imzası ilə təsdiq edilməklə “Elektron məhkəmə” informasiya sistemində yerləşdiriləcək.

Təklif edilən 51-2-ci maddəyə (Cinayət mühakimə icraatının videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilməsi) əsasən, cinayət mühakimə icraatında prosessual hərəkətlər aşağıdakı hallarda şübhəli və ya təqsirləndirilən şəxs, mülki iddiaçı, mülki cavabdeh, zərər çəkmiş şəxs, zərər çəkmiş şəxsin və təqsirləndirilən şəxsin hüquqi varisi, xüsusi ittihamçı, onların qanuni nümayəndələri və nümayəndələri, barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi, şahid, ekspert, mütəxəssis, tərcüməçi, yaxud məhkumun bilavasitə iştirakı olmadan videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilə bilər:

– şəxslərin həyatı və sağlamlığı üçün real təhdidlər olduqda onların təhlükəsizliyinin təmin edilməsi, habelə onlara kənar təsirlərin qarşısının alınması zərurəti yarandıqda;

– səhhətinin vəziyyəti və ya təqsirləndirilən şəxs istisna olmaqla, başqa şəxslərlə bağlı digər üzrlü səbəblər onların müvafiq icraatda bilavasitə iştirakını qeyri-mümkün etdikdə;

– yetkinlik yaşına çatmayan şəxsin mənafeyinin qorunması zərurəti yarandıqda;

– təbii və ya texnogen qəzalar, epidemiya, fövqəladə vəziyyət və ya qarşısıalınmaz qüvvənin təsiri nəticəsində bu Məcəllənin 51-2.1-ci maddəsində göstərilən şəxslər müvafiq icraatda bilavasitə iştirak edə bilmədikdə.

– Videokonfrans əlaqə sistemindən istifadə edilməklə prosessual hərəkətlər bu Məcəllədə nəzərdə tutulmuş xüsusiyyətlər nəzərə alınmaqla bu Məcəllədə nəzərdə tutulmuş qaydada həyata keçirilməlidir.

Məhkəmə icraatı zamanı prosessual hərəkət cinayət prosesinin tərəflərinin vəsatəti və ya bu Məcəllədə göstərilən digər şəxslərin müraciəti, yaxud məhkəmənin öz təşəbbüsü ilə və yalnız məhkəmənin əsaslandırılmış qərarı əsasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçiriləcək. Məhkəmə bir və ya bir neçə prosessual hərəkətin, habelə icraatın tamamilə və ya qismən videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilməsi barədə qərar qəbul edəcək. İbtidai araşdırma zamanı bu Məcəllədə göstərilən şəxslərin videokonfrans əlaqə sistemindən istifadə edilməklə dindirilməsi müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun əsaslandırılmış qərarı ilə həyata keçiriləcək. Bu Məcəllədə göstərilən şəxslər dindirmənin videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilməsi barədə vəsatət verə bilər. Videokonfrans əlaqə sistemindən istifadə edilməklə dindirilmiş şəxs cinayət prosesi tərəflərinin vəsatəti ilə təkrarən bilavasitə dindirilə bilər. Şübhəli və ya təqsirləndirilən şəxsin, yaxud məhkumun iştirakı ilə prosessual hərəkətlər həmin şəxsin razılığı olduqda videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçiriləcək. Şəxsin səhhətinin vəziyyəti ilə əlaqədar onun prosessual hərəkətin həyata keçirilməsində bilavasitə iştirakının məqsədəuyğun hesab edilməməsinə dair tibbi rəy olduqda, habelə məhkəmənin əsaslandırılmış qərarı ilə prosessual hərəkət şübhəli və ya təqsirləndirilən şəxsin, yaxud məhkumun razılığı alınmadan videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilə bilər.

Videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilən prosessual hərəkətlərdə iştirak edən şəxslərə bu Məcəllə ilə nəzərdə tutulmuş hüquqlardan istifadə etmək və vəzifələri yerinə yetirmək üçün müvafiq şərait yaradılmalıdır. Prosessual hərəkətlər videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirildikdə tətbiq edilən texniki vasitələr səsin və görüntünün keyfiyyətini və real vaxt rejimində ötürülməsini, cinayət mühakimə icraatının aşkarlığı və digər əsas prinsip və şərtlərinə riayət edilməsini, habelə informasiya təhlükəsizliyini təmin etməlidir. Videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilən prosessual hərəkətlərin videoyazısı aparılmalı, prosessual hərəkətlərin nəticəsinə dair videoyazıya uyğun olaraq protokol tərtib edilməli və videoyazı elektron daşıyıcıda cinayət işinə əlavə edilməlidir. Prosessual hərəkətlər bu Məcəllədə nəzərdə tutulmuş qaydada həyata keçirildikdə müdafiəçi və ya nümayəndənin videokonfrans əlaqənin yaradılması zamanı olacağı yer təmsil olunan şəxsin seçiminə əsasən müəyyən ediləcək. Məhkəmə prosessual hərəkətin videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilməsi barədə qərarın icrasının təşkil edilməsini şəxsin olduğu yer üzrə müvafiq məhkəmə sədrinin vasitəsi ilə həmin məhkəmənin aparatına, azadlıqdan məhrum etmə və ya həbs yerlərində saxlanılan şəxs barəsində həbs və ya cəzaçəkmə yerinin müdiriyyətinə, hərbi qulluqçu barəsində isə komandanlığa həvalə edəcək. Qərar qəbul etmiş müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror dindirmənin videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilməsi barədə qərarın icrasının təşkil edilməsini şəxsin olduğu yer üzrə müstəntiqə və ya təhqiqat orqanının əməkdaşına, azadlıqdan məhrum etmə və ya həbs yerlərində saxlanılan şəxs barəsində həbs və ya cəzaçəkmə yerinin müdiriyyətinə, hərbi qulluqçu barəsində isə komandanlığa həvalə edəcək. Prosessual hərəkətin videokonfrans əlaqə sistemindən istifadə edilməklə icrasının təşkili həvalə edildiyi şəxs şəxsi bu Məcəllə ilə müəyyən edilmiş qaydada yanına çağıracaq və ya onun olduğu yerə gəlir. Daha sonra şəxsin şəxsiyyətini müəyyən edəcək, videokonfrans əlaqə sistemini yaradan texniki vasitənin işini təmin edəcək, bu hərəkətləri protokollaşdıracaq. Cinayət prosesinin iştirakçısının Azərbaycan Respublikasının hüdudlarından kənarda olması səbəbindən onun videokonfrans əlaqə sistemi vasitəsilə dindirilməsi zərurəti yarandıqda bu haqda müvafiq olaraq müstəntiqin, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin qəbul etdiyi qərar icra olunması üçün hüquqi yardımın göstərilməsi qaydasında xarici dövlətin müvafiq dövlət qurumuna göndəriləcək.

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Qanunsuz Yazar

Qanunvericilik aktlarının hüquqi qüvvəsi dedikdə, bu aktların müəyyən zaman ərzində, müəyyən ərazi hüdudlarında, müəyyən subyektlər dairəsinin iştirak etdiyi münasibətləri tənzimləməsi başa düşülür.

1. QANUNVERİCİLİK AKTLARININ ZAMANA GÖRƏ QÜVVƏSİ

Qanunvericilik sisteminə daxil olan normativ-hüquqi aktlar və sistemin ayrılmaz tərkib hissəsi olan beynəlxalq müqavilələr, bir qayda olaraq yalnız qüvvədə olduqları dövr ərzində baş verən hadisə və hərəkətlərə tətbiq olunurlar. Bütün hadisə və hərəkətlər, bağlanan müqavilə və əqdlər, törədilən cinayət və inzibati xətalar baş verdikləri an qüvvədə olan normativ hüquqi aktlara əsasən hüquqi nəticələrə səbəb olurlar. Həmin aktlar isə müəyyən zaman kəsiyində qüvvədə olurlar.

Zaman kəsiyi dedikdə, qanunvericilik aktının qüvvəyə mindiyi andan qüvvədən düşənədək olan müddət anlaşılır. Bu baxımdan bu iki anlayışın, yəni qanunvericilik aktının qüvvəyə minməsi və qüvvədən düşməsi anlayışlarının düzgün müəyyənləşdirilməsinin böyük elmi və praktiki əhəmiyyəti vardır.

Bu məsələlərin əsas müddəaları Konstitusiyanın 149-cu maddəsində, bütün təfərrüatı ilə tənzimlənməsi isə “Normativ-hüquqi aktlar haqqında” 21.12.2010-cu il tarixli Konstitusiya Qanununda nəzərdə tutulmuşdur. Konstitusiyada birmənalı şəkildə nəzərdə tutulmuşdur ki, referendumla qəbul olunmuş aktlar yalnız dərc edildikdə qüvvəyə minirlər. Konstitusiya Qanununa görə; – “Q anunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları isə həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir.” (m.85.1.)

Bu aktların dərc olunduğu rəsmi nəşrlər isə əsasən bunlardır: “Azərbaycan” qəzeti, “Azərbaycan Respublikasının qanunvericilik toplusu”, “Respublika” qəzeti, “Azərbaycan Respublikasının normativ aktlarının bülleteni”vs. Normativ hüquqi aktların rəsmi dərc edilməsi dedikdə, onların mətninin rəsmi dövri mətbu nəşrdə dərc edilməsi yolu ilə, ictimai radio və televiziya kanallarında səsləndirilməsi yolu ilə ümumi diqqətə çatdırılması nəzərdə tutulur. Normativ hüquqi aktların ictimai radio və televiziya kanallarında səsləndirilməsi onların rəsmi dövri mətbu nəşrdə dərc edilməsini əvəz etmir. Ayrı-ayrı müddəaları dövlət sirrini əks etdirən normativ hüquqi aktlar istisna olmaqla natamam normativ hüquqi aktların dərc edilməsinə yol verilmir.

Normativ hüquqi akt onun mətnində digər hal nəzərdə tutulmadıqda müddətsiz qüvvədədir. Normativ hüquqi akt və ya onun struktur elementləri üçün qüvvədə olmanın müddəti müəyyən edilə bilər. Bu halda normativ hüquqi aktda (struktur elementdə) onun qüvvədə olma müddəti və ya normativ hüquqi aktın (onun struktur elementinin) ləğv edilməsinə səbəb olan hadisə göstərilməlidir. Göstərilən müddət başa çatdıqda və ya normativ hüquqi aktda göstərilən hadisə baş verdikdə normativ hüquqi akt (onun struktur elementi) avtomatik olaraq ləğv edilir. Müəyyən edilmiş müddət başa çatana qədər normativ hüquqi aktı qəbul etmiş orqan normativ hüquqi aktın (onun struktur elementinin) qüvvəsinin yeni müddətə uzadılması və ya ona müddətsiz statusunun verilməsi haqqında qərar qəbul edə bilər.

Normativ hüquqi aktın qəbul edilməsi ilə əlaqədar həmin akta daxil edilmiş normalara zidd olan və ya bu normalarla əhatə olunan, yaxud faktiki olaraq əhəmiyyətini itirən, həmin və ya daha aşağı hüquqi qüvvəyə malik olan bütün aktlar və ya onların struktur elementləri (bölmələr, fəsillər, maddələr, hissələr və s.) ləğv edilməlidir.

Qanunvericilik aktları, bir qayda olaraq yalnız qüvvədə olduqları dövr ərzində baş verən hadisə və hərəkətlərə tətbiq olunurlar. Lakin qayda bu olmaqla yanaşı, qanunvericilikdə normativ hüquqi aktların qüvvəyə minməsindən əvvəl baş vermiş münasibətlərə şamil ediləcəyi də müstəsna hal kimi nəzərdə tutulmuşdur. “Normativ-hüquqi aktlar haqqında” KQ`nun 87-ci maddəsində bu məsələ ilə bağlı olaraq AR K`na istinad edilmişdir; – “ Normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsi ilə tənzimlənir.” (m.87.1)

AR K`da isə n ormativ hüquqi aktların geriyə qüvvəsi aşağıdakı kimi tənzimlənmişdir; – “ Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.” (m.149.VII)

Konstitusiya Qanununda da buna bənzər müddəa vardır; – “Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir.” (m.87.2)

– “Törədilməsi anında məsuliyyətə səbəb olmayan və ya daha yüngül məsuliyyətə səbəb olan əməllərə görə fiziki və hüquqi şəxslərin məsuliyyətinin yaranmasını və ya ağırlaşdırılmasını nəzərdə tutan normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilməsinə yol verilmir.” (m.87.3)

Ayrı-ayrı məcəllələrdə də normativ hüquqi aktların geriyə qüvvəsi ilə əlaqədar maddələr də vardır.
1.1. MÜLKİ QANUNVERİCİLİYİN ZAMANA GÖRƏ QÜVVƏSİ

Mülki Məcəlləyə görə bütün qanunvericilik aktları kimi mülki qanunvericilik də Konstitusiyada nəzərdə tutulmuş müstəsna hallar xaric, bir qayda olaraq yalnız qüvvədə olduqları dövrə tətbiq edilirlər; – “Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir.” (AR MM m.7.1)

Məsələn, Mülki Məcəllənin 1159.4-cü və 1159.5-ci maddələrinə əsasən, keçmiş mülki qanunvericiliyə əsasən ölənin, vərəsəsi sayılmayan bir sıra şəxslər – onun xalaları, bibillri, dayıları, əmiləri və onların uşaqları qanun üzrə vərəsələr sırasına daxil edilmişlər. Nə qədər ki, yeni qanun sadalanan şəxslərin hüquqi vəziyyətini yaxşılaşdırır, onun qüvvəsi geriyə şamil edilməlidir. Bu maddədə nəzərdə tutulmuş şəxslər yeni Məcəllə qəbul olunanadək açılmış vərəsəliyə, vərəsəliyin qəbulu və növbəlilik qaydalarına riayət etməklə iddia etmək hüququ əldə etmişlər.

– “Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz.” (AR MM m.7.3)

Məsələn, Mərkəzi Bank tərəfindən normativ xarakterli akt olan bir təlimatda dəbbə pulunun dərəcəsi daha yüksək səviyyədə müəyyən edilir. Həmin təlimat daha əvvəl bağlanmış kredit müqavilələrindən irəli gələn mülki-hüquq münasibətlərinə şamil edilməz. Çünki, bu borclunun hüquqi vəziyyətini ağırlaşdırır.

1.2. CİNAYƏT QANUNVERİCİLİYİNİN ZAMANA GÖRƏ QÜVVƏSİ

Cinayət Məcəlləsinə görə bütün qanunvericilik aktları kimi cinayət qanunvericiliyi də Konstitusiyada nəzərdə tutulmuş müstəsna hallar xaric, bir qayda olaraq yalnız qüvvədə olduqları dövrə tətbiq edilirlər; – “Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz.” (AR CM m.10.1)

– “İctimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilmə vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır.” (AR CM m.10.2)

– “Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır.” (AR CM m.10.3)

– “Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur.” (AR CM m.10.4)

1.3. MÜLKİ PROSESSUAL QANUNVERİCİLİYİN ZAMANA GÖRƏ QÜVVƏSİ

Məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. (AR MPM m.3.1)

1.4. CİNAYƏT-PROSESSUAL QANUNVERİCİLİYİN ZAMANA GÖRƏ QÜVVƏSİ

Azərbaycan Respublikasında cinayət-prosessual hərəkətlərin aparılması, cinayət-prosessual qərarların qəbul və icra edilməsi həmin anda qüvvədə olan Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin müddəalarına uyğun həyata keçirilir. (AR CPM m.4.1)

2. QANUNVERİCİLİK AKTLARININ MƏKANA GÖRƏ QÜVVƏSİ

Qanunvericilik aktları müəyyən zaman ərzində ancaq müəyyən məkan dairəsində tətbiq edilir ki, buna qanunvericiliyin məkana görə qüvvəsi deyilir. Qanunvericilik aktlarının məkana görə qüvvəsi territoriallıqeksterritoriallıq prinsipləri nəzərə alınaraq müəyyən edilir. Territoriallıq prinsipi hər bir qanunvericilik aktının onu qəbul etmiş dövlət orqanın yurisdiksiyasının siyasi və ya inzibati hüdudları daxilində qüvvədə olmasını ifadə edir. Eksterritoriallıq prinsipi isə normativ aktın onu qəbul etmiş orqanın yurisdiksiyasının hüdudları xaricində də tətbiq olmasını ifadə edir.

Qüvvədən düşmüş keçmiş Normativ-hüquqi aktlar haqqında qanunun 45.1-ci maddəsində deyilirdi ki, – “Normativ hüquqi aktlar müvafiq olaraq Azərbaycan Respublikasının bütün ərazisində və ya inzibati ərazi vahidinin ərazisində qüvvədə olur.” Hal-hazırki qanuna görə isə; – “ Normativ hüquqi aktlar Azərbaycan Respublikasının bütün ərazisində məcburi qüvvəyə malikdir.”

Bəs “Azərbaycan Respublikasının bütün ərazisi” dedikdə nə başa düşülür? Respublikanın ərazisi məsələləri Konstitusiyanın 11-ci maddəsinə nəzərdə tutulmuşdur; – “Azərbaycan Respublikasının daxili suları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi, Azərbaycan Respublikasının üzərindəki hava məkanı Azərbaycan Respublikası ərazisinin tərkib hissəsidir.” (ARK m.11. II)

Deməli, territoriallıq prinsipinə əsasən AR qanunları, Prezident fərmanları, Nazirlər Kabinetinin qərarları, mərkəzi icra hakimiyyəti orqanlarının normativ xarakterli aktları bütün ölkə torpaqlarında (territoriya), daxili sularda və Xəzərin Azərbaycan sektorunda (akvatoriya) və bunlar üzərindəki hava təbəqəsində qüvvədə olur.

Lakin bununla yanaşı respublikanın müxtəlif bölgələrində qüvvədə olan qanunvericilik aktları da qəbul edilə bilər. Bundan başqa müəyyən ərazi vahidinin səlahiyyətli orqanları da ancaq öz ərazilərində qüvvədə olan aktlar qəbul edə bilərlər. Naxçıvan Muxtar Respublikası öz səlahiyyətləri dairəsində qanunlar qəbul edə bilər ki, bu aktlar ancaq muxtar respublikanın ərazisində qüvvədə olur.

2.1. TERRİTORİALLIQ PRİNSİPİNƏ ƏSASƏN
2.1.1. MÜLKİ QANUNVERİCİLİYİN MƏKANA GÖRƏ QÜVVƏSİ

“Mülki qanunvericilik Azərbaycan Respublikasının istisnasız olaraq bütün ərazisində qüvvədədir.” (AR MM m.8.1.)

2.1.2. CİNAYƏT QANUNVERİCİLİYİNİN MƏKANA GÖRƏ QÜVVƏSİ

“Azərbaycan Respublikasının ərazisində cinayət törətmiş şəxs bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir. ” (AR CM m.11.1.)

“Azərbaycan Respublikasının ərazi sularında, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində, Azərbaycan Respublikasının üzərindəki hava məkanında və iqtisadi zonasında törədilən cinayət Azərbaycan Respublikası ərazisində törədilmiş cinayət sayılır.” (AR CM m.11.2.)

2.1.3. MÜLKİ PROSESSUAL QANUNVERİCİLİYİN MƏKANA GÖRƏ QÜVVƏSİ

“Azərbaycan Respublikasının ərazisində hər hansı haldan asılı olmayaraq, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi qüvvədə olur.” (AR MPM m.3.2.)

2.1.4. CİNAYƏT PROSESSUAL QANUNVERİCİLİYİN MƏKANA GÖRƏ QÜVVƏSİ

– “Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi Azərbaycan Respublikasının ərazisində bu Məcəllənin 3.3 və 3.4-cü maddələrində nəzərdə tutulan istisnalarla, heç bir məhdudiyyət qoyulmadan qüvvədədir.” (AR CPM m.3.1). Bu istisnalar Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş ola bilər;

– “Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin məkana görə qüvvəsinin digər qaydalarının tətbiqi halları müəyyən edilə bilər.” (AR CPM m.3.3)

– “Xarici dövlətin cinayət-prosessual qanunvericiliyinin normalarının Azərbaycan Respublikasının ərazisində tətbiqinə yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduqda və Azərbaycan Respublikası cinayәt-prosessual qanunvericiliyinin vəzifə və prinsiplərinə zidd olmadıqda yol verilir.” (AR CPM m.3.4)

2.2. EKSTERRİTORİALLIQ PRİNSİPİNƏ ƏSASƏN
2.2.1. CİNAYƏT QANUNVERİCİLİYİNİN MƏKANA GÖRƏ QÜVVƏSİ

“Azərbaycan Respublikasının hərbi donanmasına və ya hərbi hava qüvvələrinə məxsus olan gəmidə cinayət törətmiş şəxs, həmin gəminin olduğu yerdən asılı olmayaraq, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir.” (AR CM m. 11.4.)

“Azərbaycan Respublikasının hava və ya dəniz limanında qeydiyyatda olan, Azərbaycan Respublikasının bayrağı və ya tanınma nişanı altında Azərbaycan Respublikasının hüdudlarından kənarda açıq sularda və ya hava fəzasında hərəkət edən su və ya hava gəmisində cinayət törətmiş şəxs bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir. (AR CM m. 11.3.)

Cinayət Məcəllənin 12-ci maddəsinə görə xaricdə törədilən cinayətlərə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Hadisənin xaricdə, yəni Milli Məclisin yurisdiksiyasının siyasi və inzibati hüdudları xaricində baş verməsinə baxmayaraq AR CM-nin tətbiq edilməsi (eksterritoriallıq) nəzərdə tutulur. Bu məsuliyyət cinayətin subyektləri və əməlin növü baxımından 3 qrupa bölünmüşdür;

1-cisi cinayətkar baxımından: “Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər.” (AR m. 12.1.)

2-cisi zərərçəkmiş baxımından: “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının maraqlarına (mənafelərinə) qarşı cinayət törətdikləri halda, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda və bu cinayətə görə xarici dövlətdə məhkum olunmadıqda, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilə bilərlər.” (AR m. 12.2.)

3-cüsü əməlin növü baxımından: “Sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, insan alveri, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hava gəmisini qaçırma, girov götürmə, işgəncələr, dəniz quldurluğu, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, saxta pul və ya qiymətli kağızları hazırlama və ya satma, beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə, radioaktiv materiallarla əlaqədar cinayətlər, habelə cəzalandırılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn digər cinayətlər törətmiş Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olmayaraq, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır.” (AR m. 12.3.)

2.2.2. MÜLKİ PROSESSUAL QANUNVERİCİLİYİN MƏKANA GÖRƏ QÜVVƏSİ

Azərbaycan Respublikasının ərazisindən kənarda Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin müddəaları Azərbaycan Respublikasının bayrağını daşıyan və yaxud tanınma nişanı olan dəniz, çay və yaxud hava gəmilərində və ya onların olduğu limanlarda tətbiq olunur. (AR MPM m.3.3)

2.2.3. CİNAYƏT-PROSESSUAL QANUNVERİCİLİYİN MƏKANA GÖRƏ QÜVVƏSİ

Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin müddəaları Azərbaycan Respublikasının ərazisindən kənarda Azərbaycan Respublikasının bayrağı altında olan və ya onun tanınma nişanlarını daşıyan, yaxud onun limanlarında qeydə alınan dəniz, çay və ya hava gəmilərində də tətbiq olunur. (AR CPM m.3.2)

Beləcə, normativ-hüquqi akt (Cinayət Məcəlləsi), onu qəbul etmiş dövlət orqanının (Milli Məclis) yurisdiksiyasının hüdudları (ölkə ərazisi) xaricində törədilən əməllərə tətbiq edilmiş olur.

2.2.4. MÜLKİ QANUNVERİCİLİYİNİN MƏKANA GÖRƏ QÜVVƏSİ

Dövlətlər beynəlxalq xüsusi hüquq normaları və beynəlxalq müqavilələrlə müxtəlif sahələrdə müəyyən ölçüdə eksterritoriallıq prinsipini qarşılıqlı olaraq qəbul edirlər. Beləcə, xarici elementli mülki hüquqi münasibətlərinə tətbiq olunacaq xarici hüquq normaları müəyyən edilir.

Xarici dövlətlərin qanunvericilik bazasına daxil olan normativ hüquqi aktların respublika ərazisində qüvvəsi AR Beynəlxalq xüsusi hüquq haqqında qanunla müəyyən edilir. Belə ki, bu qanunumuz xarici elementli mülki-hüquq münasibətlərinə hansı dövlətin maddi hüquq normalarının tətbiq ediləcəyi müəyyən edir. Məsələn;

“Fiziki şəxsin hüquq və fəaliyyət qabiliyyəti onun istinad etdiyi qanunla müəyyən olunur.” (m.10.1.)
“Əqdlərin forması onların bağlandığı yerin hüququna tabedir. ” (m. 17.1..)

“Ayrı-ayrı ölkələrdə olan tərəflər arasında bağlanan əqdin forması həmin ölkələrdən birinin hüququna uyğundursa, etibarlı sayılır.” (m.17.2.)

“Predmeti torpağa mülkiyyət hüququ və ya torpaqdan istifadə hüququ olan əqdin forması həmin torpağın yerləşdiyi ölkənin imperativ hüquq normaları ilə müəyyən edilir. ” (m. 17.3.)

“Etibarnamənin forması və qüvvədə olması müddəti onun verildiyi ölkənin hüququ ilə müəyyən olunur. ” (m. 17.3.)

“20.1. Daşınar və daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqları, qanunla başqa hallar nəzərdə tutulmayıbsa, əmlakın yerləşdiyi ölkənin hüququ ilə müəyyən olunur.”

3. QANUNVERİCİLİK AKTLARININ SUBYEKTLƏRƏ GÖRƏ QÜVVƏSİ

Ümumi prinsip olaraq, qanunvericilik aktları bütün ölkə ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslər üçün qüvvədədir. Lakin qanunda əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin iştirak etdikləri münasibətlərə başqa qaydalar nəzərdə tutula bilər. Yəni, qanunvericilik aktlarının qüvvəsi qanunla müəyyən edilmiş hallar istisna olmaqla Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan və ya müvəqqəti olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, habelə dövlət və yerli özünüidarə orqanlarının, siyasi partiyaların, ictimai birliklərin, həmkarlar ittifaqları təşkilatlarının və başqa hüquqi şəxslərin vəzifəli şəxslərinə tətbiq edilir. (keçmiş Normativ hüquqi aktlar hq. ARQ m.45.2 / 22.11.1999 №761-İQ)

Normativ hüquqi aktların qüvvəsi, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə nəzərdə tutulmuş hallar istisna olmaqla, Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərə, habelə Azərbaycan Respublikasının ərazisində olan əcnəbi vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə şamil edilir. (indiki Normativ hüquqi aktlar hq. KQ m.88.2 / 21.12.2010)

3.1. MÜLKİ QANUNVERİCİLİYİN ŞƏXSLƏRƏ GÖRƏ QÜVVƏSİ

Mülki qanunvericilik Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün fiziki və hüquqi şəxslər üçün qüvvədədir. Belə ki, Mülki Məcəllənin 9-cu maddəsinə görə; – “Mülki qanunvericiliklə müəyyənləşdirilmiş qaydalar, əgər qanunda ayrı hal nəzərdə tutulmayıbsa, əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin iştirak etdiyi münasibətlərə də tətbiq olunur.” (AR MM m.9)

Prinsip olaraq, mülki qanunvericilik Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün fiziki və hüquqi şəxslər üçün qüvvədədir. Lakin maddədə göstərildiyi kimi qanunda əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin iştirak etdikləri münasibətlərə başqa qaydalar nəzərdə tutula bilər. Məsələn,

“Dövlət qulluğu haqqında” 21 iyul 2000-ci il tarixli 926-İQ saylı Qanun dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləyir.

“Torpaq islahatı haqqında” 16 iyul 1996-cı il tarixli qanunun 4-cü maddəsinə əsasən “ Torpaq xüsusi mülkiyyətə Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə verilir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər.”

Lakin elə hallar ola bilər ki, mülki qanunvericilik aktı ayrı-ayrı kateqoriyadan olan və ya ayrı-ayrı ərazilərdə yaşayan fiziki və hüquqi şəxslərə görə qüvvədə olsun. Məsələn, “Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında” 10 yanvar 1995-ci il tarixli Əsasnamə yalnız hərbi qulluqçulara görə qüvvədədir.

Beləliklə, qanunvericilik aktları bütün respublika ərazisində və ya müəyyən bölgəsində fəaliyyət göstərən fiziki və hüquqi şəxslər, eləcə də müəyyən kateqoriya (dövlət qulluqçuları, hərbçilər, tələbələr, məhbuslar vs.) üçün qüvvədə ola bilər ki, buna normativ-hüquqi aktların şəxslərə görə qüvvəsi deyilir.

Cinayət qanunu və cinayət anlayışı

Cinayət qanunu – Respublikanın ali qanunverici orqanı (Milli Məclis) tərəfindən qəbul edilən – cinayət məsuliyyətinin prinsiplərini və əsaslarını, hansı əməllərin cinayət olduğunu və belə əməlləri törətmədə təqsiri olan şəxslər barəsində tətbiq ediləcək cəzaları, məsuliyyətdən və cəzadan azad etmənin şərtlərini müəyyən edən hüquq normalarından ibarət aktdır.1
Cinayət hüququnun xüsusiyyətləri ondan ibarətdir ki, yalnız cinayət qanunu cinayət hüquq normalarını: əməli cinayət və cəzalanmalı olması, cinayət məsuliyyətinin əsasları, cəzanın sistemi, onun təyin edilməsi şərtləri və qaydalarını, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad etmə və s. normaları özündə əks etdirir. Cinayət qanunu cinayət hüququnun vahid və yeganə mənbəyidir. Heç bir digər hüquqi aktlar və yaxud məhkəmə qərarları cinayət hüquq normalarını təyin edə bilməz.

Azərbaycan Respublikasında cinayət qanunvericiliyinin əsasını 1999-cu il dekabrın 30-da qəbul edilmiş, 2000-ci ilin sentyabrın 1-də qüvvəyə minmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsi təşkil edir. Keçən dövr ərzində qüvvədə olan Cinayət Məcəlləsinə bir sıra dəyişikliklər edilmişdir.
Cinayət Məcəlləsi cinayət hüquq normalarının sistemləşdirilmiş ifadəsidir. O iki hissədən ibarətdir: ümumi və xüsusi. Ümumi hissədə cinayət hüququnun rəhbər prinsipləri və ümumi müddəaları şərh olunur, xüsusidə isə konkret cinayətlər və bu cinayətlərə görə cəzaların növləri və hədləri müəyyən olunur. Ümumi və xüsusi hissələr qarşılıqlı əlaqədədirlər və vahid tamı təşkil edirlər: ümumi hissəyə müraciət etmədən xüsusi hissənin normalarını tətbiq etmək olmaz.

Cinayət Məcəlləsinin Ümumi və Xüsusi hissələri bölmələrə və yaxud fəsillərə bölünür, sonuncular da öz növbəsində məzmununu cinayət – hüquq normaları təşkil edən maddələrdən (353 maddə) ibarətdir. Cinayət Məcəlləsinin Ümumi hissəsinin maddələri təyinedici normalar olmaqla, cinayət məsuliyyətinin prinsiplərini və əsaslarını, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad etmənin şərtlərini müəyyən edir və möhkəmləndirir. Ümumidən fərqli olaraq, Xüsusi hissənin normaları quruluşca iki hissədən: dispozisiya (müəyyən növ cinayətin əlamətlərini nəzərdə tutan norma) və sanksiyadan (müəyyən növ cinayətə görə cəzanın növünü və həddini nəzərdə tutan normadan) ibarətdir.
Cinayət Məcəlləsinin ümumi hissəsində cinayət qanununun məkana və zamana görə qüvvəsi tənzim olunur.
Cinayət qanununun məkana görə qüvvəsi ərazi, vətəndaşlıq, real, universal və cinayətkarın verilməsi prinsiplərinə əsaslanır.
Ərazi prinsipinin mahiyyəti ondan ibarətdir ki, Azərbaycan Respublikasının ərazisində cinayət törətmiş şəxslər – Azərbaycan Respublikasının vətəndaşları, xarici ölkənin vətəndaşları, həmçinin vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsi əsasında cinayət məsuliyyətinə cəlb edilirlər. Lakin bu qayda Azərbaycan Respublikası ərazisində cinayət törətmiş xarici dövlətlərin diplomatik nümayəndələrinə və toxunulmazlıq hüququna malik olan digər şəxslərə tətbiq edilmir. Belə ki, Cinayət Məcəlləsinin 11-ci maddəsinin 5-ci hissəsinə əsasən, bu şəxslərin cinayət məsuliyyəti haqqında məsələ diplomatik yollarla, yəni beynəlxalq hüquq normalarına uyğun olaraq həll edilir.
Cinayət qanununun vətəndaşlıq prinsipinə görə Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarında kənarda törətdikləri əmələ görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, respublikanın qüvvədə olan yeni Cinayət Məcəlləsi əsasında cinayət məsuliyyətinə cəlb edilirlər (Cinayət Məcəlləsinin 12.1 maddəsi). Göstərilən şəxslər respublika ərazisində mühakimə edilərkən onlara Azərbaycan Respublikasının məhkəmələri tərəfindən təyin edilən cəza, ərazisində cinayət törədilmiş xarici dövlətin qanunu ilə nəzərdə tutulmuş cəzanın yuxarı həddindən çox ola bilməz.
Cinayət Məcəlləsinin 12-ci maddəsinin 2-ci hissəsində cinayət qanununun real prinsipindən bəhs olunur. Bu prinsipə müvafiq olaraq əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının maraqlarına qarşı cinayət törətdikləri halda, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda və bu cinayətə görə xarici dövlətdə məhkum olunmadıqda respublikanın cinayət qanunları əsasında cinayət məsuliyyətinə cəlb edilə bilərlər.
Cinayət qanununun məkana görə qüvvəsinin universal prinsipinin tələblərinə riayət etmək Azərbaycan Respublikasının cinayətkarlıqla mübarizə sahəsində beynəlxalq – hüquqi öhdəliklərindən irəli gəlir. Universal prinsipin mahiyyətinə görə şəxsin hansı ölkənin vətəndaşı olmasından və cinayəti hansı ölkənin ərazisində törətməsindən asılı olmayaraq, onu istənilən dövlətin özünün milli qanunvericiliyi ilə cinayət məsuliyyətinə almaq səlahiyyəti vardır.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10-cu maddəsində cinayət qanunun zamana görə qüvvəsi təsbit olunmuşdur. Həmin maddəyə əsasən əməlin cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. İctimai təhlükəli əməlin törədilmə vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır. Göstərilən maddənin 3-cü hissəsi cinayət qanununun geriyə qüvvəsinə yol verir, yəni qanun, onun qüvvəyə minməsindən əvvəl törədilmiş əməllərə şamil edilir. Bu isə, yalnız əməlin cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran hallarda mümkündür.
Əməlin cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanunun geriyə qüvvəsi yoxdur. (Cinayət Məcəlləsinin maddə 10.4)
Cinayət hüququnun əsas anlayışlarından biri – cinayət anlayışdır. O insanların hansı əməllərinin cinayət sayılması və onların qanun tərəfindən nə üçün qadağan olunması və s. bu kimi suallara cavab verir.
Cinayət qanunu ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin, yəni hərəkət və ya hərəkətsizliyin təqsirli olaraq törədilməsi cinayət sayılır.
Cinayət hüquq ədəbiyyatında cinayət ictimai-təhlükəli, qeyri-hüquqi, təqsirli, cəzalanmalı olan və qeyri-əxlaqi olan əməl kimi xarakterizə olunur.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14-cü maddəsinin 2-ci hissəsinə əsasən, cinayət qanununda nəzərdə tutulmuş cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl cinayət hesab edilmir. Buna görə də cinayətin ən vacib əlaməti onu digər hüquq pozuntularından fərqləndirən xüsusi ictimai-təhlükəli olmasıdır. Cinayətin ictimai-təhlükəliliyi ondan ibarətdir ki, o mövcud ictimai münasibətlərə qəsd etməklə bu münasibətlərə çox mühüm ziyan yetirir və yaxud belə ziyanın yetirilməsi təhlükəsini yaradır. İctimai münasibətlərə digər hüquq pozuntuları: inzibati, intizam və mülki hüquq pozuntusu ilə ziyan vurulması o qədər də mühüm əhəmiyyət kəsb etmir, buna görə də hüquq qaydalarının belə hüquq pozuntularından mühafizə edilməsi üçün cinayət məsuliyyətinin müəyyən edilməsinə ehtiyac yoxdur. Cinayətin ictimai təhlükəliliyinin xarakter və dərəcəsi qəsd edilən obyektin əhəmiyyəti, bu obyektə vurulan ziyanın ağırlığı, həmçinin təqsirin forması, əməlin motiv və məqsədi ilə xarakterizə olunan digər əlamətlərlə müəyyən olunur.
Cinayətin ikinci əlaməti onun qeyri-hüquqiliyidir. Əməlin qeyri-hüquqiliyi onun cinayət qanunvericiliyinin konkret norması ilə ziddiyyət, təşkil etməsində özünü göstərir. İctimai-təhlükəli əməl yalnız o zaman cinayət sayılır ki, Cinayət Məcəlləsinin bu və ya digər maddə-sində nəzərdə tutulmuş olsun.

Təqsirlilik-cinayətin növbəti mühüm əlamətidir. Əməlin cinayət hesab edilməsi təkcə ictimai-təhlükəli və qeyri-hüquqi olması ilə deyil, həm də onun təqsirə, yəni qəsd və yaxud ehtiyatsızlıq formasında törədilməsi ilə də bağlıdır.
Cinayət cəzalanmalı olan əməldir. Əməli cinayət kimi xarakterizə edən əlamət ondan ibarətdir ki, yalnız o əməl cinayətlərə aid edilir ki, onların törədilməsinə görə qanun cinayət cəzası nəzərdə tutur.
Cinayətin qeyri-əxlaqiliyi isə, onun cəmiyyətdə mövcud olan əxlaq normalarına və hakim mənəvi təsəvvürlərə zidd olmasıdır.
Beləliklə, cinayət – cinayət qanunu ilə mühafizə edilən ictimai münasibətlərə mühüm ziyan yetirən və yaxud ziyan yetirməsi təhlükəsi yaradan, cinayət qanunu ilə nəzərdə tutulan ictimai-təhlükəli, qeyri-hüquqi, təqsirli, cəzalanmalı olan və qeyri-əxlaqi olan əməldir.
Xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq cinayətlər böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə bölünür.
Qüvvədə olan cinayət qanunvericiliyinə əsasən (2001-ci il iyulun 2-də Cinayət Məcəlləsinə edilmiş dəyişiklik və əlavələr nəzərə alınmaqla) qəsdən və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur.
Cinayət qanunu ilə qəsdən və ya ehtiyatsızlıqla törədilən və barəsində yeddi ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulan əməllər az ağır cinayətlər sayılır.
Cinayət qanunu ilə qəsdən və ya ehtiyatsızlıqla törədilən və barəsində on iki ilə qədər müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulan əməllər ağır cinayətlər hesab olunur.
Qanunda daha ağır cəza nəzərdə tutulmuş əməllər isə xüsusilə ağır cinayətlərə aid edilir.

Comments are closed, but trackbacks and pingbacks are open.