Memarlıq haqqında
Mütənasib quruluşlu, zəngin dekorlu qülləvarı türbələr və digər tikililərdə Naxçıvan məktəbinin üslub özəllikləri əksini tapıb. Bu məktəbin ən yüksək zirvəsini Naxçıvandakı Yusif ibn Küseyr (1162) və Mömünə xatın (1186) türbələrinin, eləcə də hazırda mövcud olmayan dini tikililər kompleksinin müəllifi memar Əcəmi Əbubəkr oğlu Naxçıvaninin yaradıcılığı təşkil edir.
Memarliq tarixi
Memarlıq tikinti ilə sıx bağlıdır, buna görə də bu sahə ən qədim sahələrdən biridir. Memarlıq günümüzdə ən vacib və tələb olunan peşələrdən də hesab olunur. Bütün dünyada müxtəlif memarlıq üslubunda tikilmiş bir çox bənzərsiz saraylar, ibadətgahlar, yaşayış binaları, körpülər var. Bu və ya digər binanın gözəlliyi insanlarda müəyyən hisslər və əhval-ruhiyyə yarada bilər. Memar layihələr ilə məşğul olur, bina və fasadların planını hazırlayır. Qeyd olunduğu kimi bu ixtisas yaradıcılıq tələb edir. Belə ki, memar burada gözəllik haqqında təsəvvürlərini reallaşdırır. Memarlar evləri, ofisləri, fabrikləri, ofis binalarını və başqa quruluşları planlayıb, dizayn edirlər. Onlar, həmçinin ilkin rəsmləri hazırlamaq üçün tikintiyə baş çəkir, müştərinin istəyinin yerinə yetməsi üçün irəliləyişi izləyirlər. Bunlardan əlavə olaraq, memarlıqda landşaft bölümü də var. Landşaft memarları parkları, kampusların açıq hava hissələrini, istirahət məkanlarını, şəxsi evləri və başqa açıq məkanları dizayn edirlər. Rəsm və rəsmxət maraqlananlar üçün uyğun ixtisasdır.
İxtisasın tarixi
1968-ci ildə inşaat fakültəsindən memarlıq bölməsinin ayrılması nəticəsində Memarlıq fakültəsi yaradılmışdır. Fakültəyə daxil olmaq istəyən abituriyentlər test imtahanlarından əvvəl universitetdə qabiliyyət imtahanları verirlər. Fakültədə təhsil Azərbaycan, rus və ingilis dillərində aparılır. Memarlıq təhsilinin beynəlxalq standartlara uyğunlaşması məqsədi ilə fakültə xarici memarlıq məktəbləri ilə peşəkar əlaqələrini genişləndirir. Fakültə, həmçinin ABŞ, Almaniya, Fransa, Misir, Türkiyə, İran, İtaliya və digər ölkələrlə əməkdaşlıq münasibətləri qurmuşdur.
Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)
- ➝ Memarlıq və mühəndis cizgilərdən ibarət olan layihə paketinin tərtibi və hazırlanmasında bilavasitə iştirak edir;
- ➝ Layihə işlərinin təşkili və planlaşdırılması bilməli;
- ➝ Yüksək keyfiyətli üçölçülü təsvirlərin (3D vizualizasiya) hazırlanması;
- ➝ Rəsmxətlərin hazırlanmasını həyata keçirməli
- ➝ Layihələndirilən obyektə dair tələblərin müəyyən edilməsi;
- ➝ Obyektə ilkin baxış və ölçü vərəqəsində qeyd etməklə ölçü işlərinin aparılması;
- ➝ Yaşayış binalarının eskiz və işçi layihələrinin hazırlanması, tikinti sahəsində işə tam nəzarət edilməsi;
- ➝ İlkin eskizin / cizginin əl ilə və yaxud müvafiq kompüter proqramları vasitəsilə hazırlanmasının təmin olunması;
- ➝ Memarlıq və mühəndis cizgilərdən ibarət olan layihə paketinin tərtib olunmasında və hazırlanmasında bilavasitə iştirak olunması;
- ➝ Aylıq smetaların hazırlanması;
- ➝ Tərtib etdiyi işçi layihənin ekspertizası və təsdiq edilmə mərhələsində müvafiq dövlət orqanlarında müdafiəsi, eləcə də bunun üçün zəruri olan nümayiş materiallarının (maketlər, elektron versiyalı prezentasiya materialları) hazırlanması.
Harada bu ixtisasa sahiblənmək olar?
- ➝ Azərbaycan Memarlıq və İnşaat Universiteti
- ➝ Azərbaycan Dövlət Rəssamlıq Akademiyası
- ➝ Bakı Mühəndislik Universiteti
- ➝ Naxçıvan Dövlət Universiteti
Bu ixtisas üzrə harada çalışmaq olar?
- ➝ Dövlət təşkilatlarında
- ➝ Özəl tikinti-inşaat şirkətlərində
- ➝ Dizayn studiyalarında
- ➝ Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi
- ➝ Azərbaycan Dövlət Layihə İnstitutu
- ➝ Memarlıq ixtisası üzrə bakalavr səviyyəsini bitirən məzunlar ümumi təhsil pilləsində müvafiq olaraq təsviri incəsənət fənnini tədris edə bilər.
Özəl tikinti – inşaat şirkətlərinə aşağıdakıları qeyd etmək olar:
- ➝ AM.M LINE MM
- ➝ SS-Proje
- ➝ “ARXİN – M” MMC
- ➝ “Kon-Lay” MMC
- ➝ Qala Groum MMC
- ➝ Konstruktor MMC
- ➝ ARX Proekt
- ➝ Sosial Inkisaf Layihe MMC
- ➝ “Azİmport” MMC
- ➝ AZEA İnşaat
- ➝ Azərbərpa
Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)
- ➝ İxtisası üzrə dərin biliklərə yiyələnməli;
- ➝ Layihələndirməni, dizaynı (interyer eksteryer ) maketləşməni dərindən oyrenmeli;
- ➝ Rəsmxət çəkməyi bacarmalı;
- ➝ Avtomatlaşdırılmış layihələndirmə sistemləri, rəsm və qrafika sahəsində rəssamlıq biliklərinə sahib olmalı;
- ➝ Kompüter biliklərinə yiyələnməli (AutoCAD, ArchiCAD, 3DsMAX + Vray) AutoCAD, ArchiCAD – binaların, tikinti obyektlərin və istənilən proyektlərin, çertyojların yaradılması və tərtibatı, realistik obyektlərin yenidən layihələnməsi proqramıdır;
- ➝ Texnologiya və tikintinin əsas prinsiplərini bilməli;
- ➝ İncəsənət tarixinə düzgün yiyələnməli;
- ➝ Düzgün zövq və yaradıcılıq qabiliyətini formalaşdırmalı və memarlıq üslublarına sahiblənməlidir;
- ➝ Müasir dəblə ayaqlaşmalıdır;
- ➝ Müasir tikinti norma və qaydalarını, həmçinin texnologiya və materialların xüsusiyyətlərini bilməlidir;
- ➝ Məkan təsəvvürünə malik olmaqlı;
- ➝ Yüksək müşahidə bacarığına sahib olmalı;
- ➝ Ünsiyyət bacarığına sahib olmalıdır.
İxtisasın gələcəyi
İnsanlar hər zaman yaşam şərtlərini yaxşılaşdırmaq üçün çalışmışlar. Bu isə memarlıq səhəsinin yaranmasının ən əsas səbəbidir. İnsanlar yaşayıb yaratdıqca memarlıq da inkişaf edəcək, irəliləyəcəkdir. Memarlıq dövrümüzün ən mühüm sahələrindən biridir, çünki dünyada öz izlərini qoyan insanlardır. Memarlığın gələcəyi hər zaman parlaqdır, çünki yeni məkanlara və keçmiş məkanların yenilənərək dövrə uyğunlaşdırılmasına ehtiyac var. Bir memarın sənətinin gələcəyi isə onun öz əlindədir.Memar hər zaman dövrün tələblərinə və insanların ehtiyaclarına uyğunlaşmağı bacarmalı, öz üzərində daim çalışmalıdır.
Əmək haqqı
- ➝ Dövlət şirkətlərində: 400 – 600 AZN
- ➝ Özəl şirkətlərdə: 800 – 2000
Memarlıq haqqında
Memarlıq – insanın həyat və fəaliyyəti üçün məkan mühitini əmələ gətirən bina və qurğular sistemidir. Bu bina və qurğuların gözəllik qanunlarına uyğun olaraq yaradılması sənətidir. Monumental memarlıqla bərabər tarix boyu xalq memarlığı da inkişaf edib. Mənsub olduğu xalqın həyat tərzini və estetik görüşlərini əks etdirən xalq memarlığı monumental memarlıq üçün tükənməz yaradıcılıq mənbəyi olub.
Memarlığın tarixi
Memarlıq tarixinin başlanğıcı ibtidai insanların yaşadığı təbii mağaralardan başlayır. Azərbaycan ərazisində Böyük və Kiçik Qafqaz dağlarının ətəklərində, Talış dağlarında, Naxçıvan MR-da, Zəngilan, Kəlbəcər, Gədəbəy, Xanlar, Şamaxı və nəhayət, Füzuli rayonu ərazisində aşkar edilmiş Azıx mağarası buna misaldır.
Azərbaycanda Qobustanda aşkar edilmiş ən qədim yaşayış yerləri (mağaralar, müxtəlif primitiv sığınacaqlar və s.) ilə yanaşı, meqalit memarlıq abidələri – kromlexlər, menhirlər (çoban daşı), dolmenlər və siklop tikililəri geniş yayılıb. Hündür daşlardan quraşdırılmış bu qurğular el arasında “qalaça”, yaxud “hörükdaş” adlanır. Naxçıvan şəhərinin yaxınlığındakı Çalxanqala (Tunc dövrü) və Arpaçay sahilindəki Qaratəpə divarındakı Oğlanqala (e.ə. II-I minilliklər) müdafiə tikililəri siklop tikililərə aid edilir. Güney Azərbaycanın ərazisində, Araz yaxınlığında da qala tikililəri (Bastam, Danalı, Qalaoğlu və s.) aşkar edilib.
Azərbaycan ərazisində e.ə. IX-VII əsrlərdə şəhərlər əmələ gəlib, müdafiə tikililəri, əzəmətli qala divarları inşa edilib. Həsənli rayonunda abidələr kompleksi, Urmiya gölü sahilindəki qayalarda çapılmış sərdabələrin tədqiqi göstərir ki, Azərbaycanda VII əsrdən eyvanlı mənzil tipi təşəkkül tapmışdır. Həmin dövrün digər memarlıq qurğularından yeganə dini tikili olan od mehrabları dövrümüzə kimi gəlib çatmışdır.
E.ə. IV əsr – eramızın VII əsrində şəhərsalma sahəsində mühüm addımlar atılmışdır. Qəbələ şəhərinin möhkəm qala divarları, saxsı borularından çəkilmiş su kəməri, Dəmirqapı (Dərbənd) keçidində daşdan tikilmiş müdafiə sistemi (“uzun divarlar”), Çıraqqala (VI əsr), Ləkit kəndindəki dairəvi xristian məbədi (V-VI əsrlər), Qum kəndindəki bazilika (təqribən VI əsr), Mingəçevirdəki məbədlər kompleksi (VII əsr) bu şəhərsalma mədəniyyətinin yüksək səviyyəsini göstərir.
VII əsrdən Azərbaycanda islam dininin yayılması ilə bağlı memarlığın da inkişaf yönü dəyişmişdir. Memarlıqda yeni tipli binaların – məscid, mədrəsə, türbə, karvansara və s. tikilməsi əsas xətt olmuşdur. Bu dövrdə islam dini ilə bağlı tikililərlə yanaşı, Qafqaz Albaniyasının bəzi əyalətlərində xristian məbədləri, müdafiə istehkamları inşa edilmişdir. Bunlardan indiki İsmayıllı rayonu ərazisində Cavanşir qalası (təqribən VII əsr), Qazax rayonunun Yuxarı Əskipara kəndi yaxınlığındakı qala kompleksi (V-VIII əsrlər), Qəbələ rayonundakı Böyük Əmirli kəndində (IV-VIII əsrlər) alban məbədləri, Oğuz şəhərində alban kilsəsi (orta əsrlər), Dağlıq Qarabağın Xocavənd rayonunda alban kilsəsi (I əsr) və s. diqqəti cəlb edir.
Ərəb xilafətinin yüksəlişi dövründə Azərbaycan memarlığının inkişaf mərkəzi Bərdə şəhəri olub. Bərdədə geniş tikinti işləri aparılıb, çoxlu məscid və başqa dini binalar, karvansara, bazar, hamam tikilib.
Memarlıq məktəbləri
X-XII yüzillərdə Azərbaycanda müxtəlif memarlıq məktəbləri yaranmışdır. Bunlar Aran, Təbriz, Naxçıvan, Şirvan, Abşeron memarlıq məktəbləridir. Bu memarlıq məktəbləri arasında ümumi üslub yaxınlığı var idi.
Aran memarlıq məktəbinə (Gəncə, Bərdə, Beyləqan) mənsub sənətkarların yaratdığı binaların əksəriyyəti Gəncə zəlzələsi (1139) və monqol hücumları (XIII əsr) zamanı dağılmışdır. Gəncə çayı üzərindəki 3 körpü (XII əsr), Beyləqandakı yaşayış binaları, hamam və s. qalıqları Aran memarlıq məktəbinin üslub özəllikləri haqqında aydın təsəvvür yaradır. Naxçıvan memarlıq məktəbinin abidələri binalarda çox boyalı kaşıdan ornamentli baştağ kompozisiyalarının tətbiqi, Şirvan-Abşeron məktəbinə mənsub tikililər isə sadə memarlıq bölgüləri və dekorativ oyma bəzəkləri ilə seçilir. Təbriz məktəbinin ən yaxşı abidələri üçün memarlıq quruluşunun dəbdəbəliyi, dekorların müxtəlifliyi səciyyəvidir.
Mütənasib quruluşlu, zəngin dekorlu qülləvarı türbələr və digər tikililərdə Naxçıvan məktəbinin üslub özəllikləri əksini tapıb. Bu məktəbin ən yüksək zirvəsini Naxçıvandakı Yusif ibn Küseyr (1162) və Mömünə xatın (1186) türbələrinin, eləcə də hazırda mövcud olmayan dini tikililər kompleksinin müəllifi memar Əcəmi Əbubəkr oğlu Naxçıvaninin yaradıcılığı təşkil edir.
Əcəminin yaratdığı kompozisiya və dekorativ bəzək üsulları Azərbaycanın, eləcə də müəyyən ölkələrin türbə tikililərinə böyük təsir göstərib. Əcəmi üslubuna yaxın Marağa abidələri Azərbaycan memarlığının inkişafında önəmli yer tutub. Bunlardan “Göy günbəz” türbəsi (1196, memar Əhməd Məhəmməd oğlu) “Qırmızı günbəz” türbəsini (1148, memar Bəkir Məhəmməd) göstərmək olar.
Naxçıvan məktəbinin kərpic tikililərində formalaşmış memarlıq üsulları daşdan tikilmiş türbələrdə – Naxçıvan MR-nın Cuğa kəndi yaxınlığındakı Gülüstan türbəsində (XIII əsrin əvvəli), Füzuli rayonunun Babı kəndindəki Şeyx Babı Yəqubi türbəsində (1273-1274 memar Əli Məcidəddin ) və Aşağı Veysəlli kəndindəki Mirəli türbəsində (XIII-XIV əsrlər), Bərdədə (1322, memar Əhməd ibn Əyyub əl-Hafiz Naxçıvani) öz əksini tapıb.
X-XII əsrlərdə yaşayıb yaradan bir çox Azərbaycan memarları və memarlıq bəzəyi ustalarının adları müxtəlif tikililərin kitabələrində, daş plitələrində, dekorativ bəzək məmulatlarında dövrümüzə kimi çatmışdır. Bunlardan Məhəmməd ibn Cəfər (Beyləqan rayonundakı “Peyğəmbər” qəbiristanlığındakı kitabəli plitə, X əsr), İbrahim ibn Osman (Gəncə darvazası, 1063), Məhəmməd Əbubəkr oğlu (Bakıda Sınıqqala məscidi) və b. X-XIV əsrlərdə Azərbaycan memarlığının ən dəyərli örnəklərini yaradıblar.
XII-XIII əsrlərdə Azərbaycanda bir sıra möhtəşəm körpülər salınıb. Bunlardan Araz çayı üzərindəki 15 aşırımlı (XII əsr) və 11 aşırımlı (XIII əsr) Xudafərin körpüləri, Qazaxda 4 aşırımlı Sınıq körpü (Qırmızı körpü, XII əsr), Gəncəçayın üzərində salınmış 3 körpü (qalıqları; XII-XIII əsrlər), Güney Azərbaycanında Minayə şəhəri yaxınlığında Qızılüzən çayı üzərindəki körpü (Qız körpüsü, XII əsr) və b. xüsusilə diqqəti cəlb edir.
Şirvan-Abşeron memarlıq abidələri üçün daş konstruksiyalar, tikililərin həcm-məkan həllinin lakonikliyi, daş üzərində oyma bitki ornamentləri səciyyəvidir. Bakıdakı Sınıqqala minarəsi (1078, Məhəmməd Əbubəkr oğlu), Qız qalası (XII əsr, memar Məsud Davud oğlu), Mərdəkan qalaları (Dairəvi qala-1232, memar Əbdülməcid Məsud oğlu; Dördkünc qala, XIV əsr), Nardaran qalası (1301, memar Mahmud Səd oğlu), Ramana qalası (XIV əsr) və s. bu məktəbin ən yaxşı abidələri sırasına daxildir. XIII əsrdə Bakı limanında tikilmiş və hazırda suyun altında qalmış Şirvanşahların “Bayıl qəsri” adlı iqamətgahı da bu dövrün maraqlı tikililərindəndir. Bürclü divarlarla əhatə olunmuş bu binalar kompleksi (1235, usta Zeynəddin Əburəşid oğlu Şirvani və ehtimal ki, memar Əbdülməcid Məsud oğlu) üzərindəki daş oymalar, yazı və təsvirlər qurşağı ilə birlikdə nadir memarlıq ansamblıdır.
XIII əsrin ortalarında paytaxtın Təbrizə köçürülməsi ilə bağlı Təbriz şəhəri önəmli memarlıq mərkəzinə çevrilmişdir.
XV-XVI əsrlərdə də Azərbaycan memarları başqa ölkələrdə də fəaliyyət göstərmiş, müxtəlif şəhərlərdə maraqlı sənətkarlıq örnəkləri yaratmışlar. Bursa, Qahirə, Bağdad, Dəmirqapı (Dərbənd), Herat, Səmərqənd və s. şəhərlərdəki bir sıra memarlıq abidələrində Azərbaycan memarların “imzaları” qalıb.
XVII-XVIII əsrlərdə ticarətin inkişafı ilə bağlı, müxtəlif binaların tikintisi genişlənib. Şamaxı, Gəncə və Bakıda karvansaralar, Ərdəbil (Qeysəriyyə bazarı) və Təbrizdə örtülü bazarlar, eləcə də dini binalar və yaşayış evləri inşa edilmişdir.
Bu dövrlərdə Azərbaycan şəhərlərində hamam binaları geniş yayılmışdır. Azərbaycan hamamlarının ən yaxşı örnəkləri Abşeronun Nardaran kəndində (1388, memar Kəştasif Musa oğlu), Bakının İçərişəhər bölməsində (Qasımbəy hamamı, XIV əsr), Basqalda (XVII əsr), Gəncədə (“Çökək hamam”, XVII əsr), Şuşada (“Merdinli” məhəlləsinin hamamı), Qubada (“Çuxur hamam”XIX əsr), Ağdamda (Abdal Gülablı kəndinin hamamı 1900, memar Kərbalayi Səfixan Qarabaği) qalmışdır.
XVIII əsrdə Qarabağ xanı Pənahəli xanın tikdirdiyi Əsgəran qalası (sonra İbrahim xan tərəfindən genişləndirilmişdir) bu dövrün ən iri müdafiə tikilisidir. Qarqar çayının sağ və sol sahillərində salınan Əsgəran qalası iki istehkamdan ibarətdir.
XIX əsr Quzey Azərbaycanın Rusiyaya birləşdirilməsindən sonra yeni tipli tikililərin meydana gəlməsi memarlığın inkişafında mühüm əhəmiyyət kəsb etmişdir. XIX yüzilin ortalarında teatr, məktəb, xəstəxana kimi yeni binalar, yaşayış evləri tikilmişdir.
Neft sənayesinin sürətli inkişaf etdiyi XIX-XX əsrlərin ayrıcında Azərbaycan memarlığında yeni təzahürlər müşahidə olunub.
XIX əsrdə yaşayış binaları istisna olmaqla, ən xarakterik bina tipi ticarət binaları idi. Belə binalardan çox vaxt həm ticarət müəssisələri, həm də sənətkarlıq emalatxanası kimi istifadə edilirdi.
Bu dövrdə Azərbaycanda xəstəxanalar və kiçik tibb müəssisələri də tikilib. 1860-cı illərdə Salyanda memar Q.Hacıbababəyovun layihəsi ilə tikilmiş xəstəxana XX yüzilin əvvəllərinədək fəaliyyət göstərib.
XIX əsrin II yarısında tikilməyə başlanan teatr binaları Azərbaycan memarlığında tamamilə yeni qurğu tipi idi. İlk teatr binası Şamaxıda (1858, memar Q. Hacıbababəyov), sonralar isə Bakıda Tağıyev Teatrı (indiki Azərbaycan Dövlət Musiqili Komediya Teatrı, 1883, P.İ. Konqnovitski; 1980-cı illərin sonunda sökülüb) və Mayılov Teatrı (indiki Azərbaycan Dövlət Opera və Balet Tetarı,1911, memar N.G. Bayev) tikilib.
XIX əsrdə Azərbaycanda keçmiş ənənələri müəyyən dərəcədə davam etdirən məhəllə xarakterli memarlıq məktəbləri yaranmışdır. Məscid binalarının xarici simasının səciyyəvi xüsusiyyətləri Azərbaycan ərazisində Bakı-Abşeron, Quba-Qusar, Gəncə-Qarabağ, Şəki-Zaqatala, Lənkəran və Naxçıvan kimi yerli memarlıq məktəblərini müəyyənləşdirməyə imkan verir. Bakıdakı Bəy məscidi (İçərişəhərdə, 1895; memarlar Məhəmməd Haşim əl-Bakuvi və Mirəli ən-Naqi bin Seyyid Hüseyn), Qasım bəy məscidi (1896, memar Məşədi Mirzə Qafar İsmayılov), Təzəpir məscidi (1905-14), Göy məscid (1912-13), Əmircanda M.Muxtarovun məscidi (1909; hər üç məscidin memarı Z.Əhmədbəyovdur) bu dövrün ən xarakterik tikililəridir.
Qarabağ zonasında Avropa memarlığı dərin kök sala bilməmiş, XIX yüzilin ortalarında Qarabağda özünəməxsus memarlıq məktəbi yaranmış və onun ən görkəmli nümayəndəsi Kərbəlayı Səfixan Qarabaği olmuşdur. Kərbəlayi Səfixan Bərdədə İmamzadə kompleksini yenidən qurmuş (1868), Ağdamda məscid (1868-70), Şuşada Aşağı məscid (1874-75), Yuxarı məscid, yaxud Cümə məscidi (1883), indiki Füzuli şəhərində Hacı Ələkbər məscidi (1890), həmin rayonun Horadiz (1891-1908) və Qoçəhmədli (1906) kənd məscidləri və s. binalar tikmişdir.
Sovet dövrü Azərbaycan memarlığının ilk mərhələsi Bakı ətrafında fəhlə qəsəbələrinin (Binəqədi, Bakıxanov, Montin, Məmmədyarov) salınması ilə əlaqədar olub. Fabrik, zavod, anbar binaları, liman, körpü, vağzal və s. tikililər Azərbaycanda sənaye-nəqliyyat qurğuları memarlığının yaranmasına səbəb olmuşdur.
20-ci illərin başlanğıcından Bakıda yaşıllaşdırma və bağ-park memarlığı sahəsində mühüm işlər görülməyə başlamışdır.
1929-cu ildə Azərbaycan Politexnik İnstitutu inşaat fakültəsinin ilk buraxılışı olmuşdur. Məzunlardan memarlar S.Dadaşov və M.Hüseynov qısa müddət ərzində bir çox binaların layihəsini hazırlamışlar. Bunlardan Bayıldakı fabrik-mətbəx (indiki doğum evi), Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Neft Akademiyası) yeni tədris korpusu (1932), İncəsənət İşçiləri Evi, bir sıra yaşayış binaları kompleksi, Qazaxdakı Pedoqoji Texnikumunun binasını (hamısı 1933) göstərmək olar. S.Dadaşov və M.Hüseynovun layihələri ilə tikilmiş “Nizami” kinoteatrı və Yeyinti Sənayesi Nazirliyinin keçmiş binası (hər ikisi 1937-39), Hökumət evi, Azərbaycan Dövlət Musiqi Akademiyası (1937-39, M.Hüseynov, S.Dadaşov) həcm-məkan quruluşuna və monumental tikililərin memarlıq həllinə görə diqqəti cəlb edir. S Dadaşov və M.Hüseynov burada antik yunan və intibah memarlığı üçün xarakterik olan üsul və formalardan yaradıcı şəkildə istifadə etmişlər.
1933-1936-cı illərdə Bakıda və respublikanın başqa şəhərlərində geniş miqyasda məktəb tikintisi işləri aparılmışdır.
1944-cü ildə Memarlıq İşləri İdarəsinin yaradılması memarlıq fəaliyyətinə böyük təkan vermişdir. Bu dövrlərdə tikilən Nizami adına Ədəbiyyat Muzeyi (1940, M.Hüseynov, S.Dadaşov), Dzerjinski adına Mədəniyyət Sarayının (indiki Şəhriyar adına Mədəniyyət Evi, 1948, H.Məcidov) Bakının gözəl memarlıq tikililərindən hesab olunur.
Dünyada ilk dəfə açıq dənizdə, polad dirəklər üzərində salınmış şəhərcik olan Neft Daşlarının layihələndirilməsi və tikintisi müharibədən sonrakı dövr memarlığında özəl yer tutur. Neft Daşları 1949-cu ildə Xəzərdə zəngin neft yatağının tapılması ilə bağlı yaranıb. Bu qeyri-adi şəhərciyin bədii-memarlıq simasını yaşayış evləri, mədəni-məişət müəssisəsi korpusları, orijinal küçə-estakada sistemi və s. bəzəyir.
Bakının mərkəzi hissəsinin yenidən qurulması 1950-ci illərdə Azərbaycan memarlarının mühüm yaradıcılıq fəaliyyəti kimi davam etdirilib. 1950-1960 illərdə tikilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və keçmiş V.İ. Lenin adına Mərkəzi Muzeyi (1954, 1955, H. Məcidov), M.F.Axundov adına Respublika Kitabxanası (1960, M.Hüseynov), Azərbaycan Dövlət Dram Teatrının binası (1960, Q. Əlizadə; M. Məmmədovun iştirakı ilə), Mərkəzi Univermaq (1961, N.Kənkərli) və s. binalar Bakının memarlıq simasını formalaşdırmışdır.
1967-ci il noyabrın 6-da açılan Bakı metropoliteni yüksək memarlıq-bədii səviyyəsi, inşaat keyfiyyəti, memarlıq və təsviri sənət sintezindən uğurlu istifadə edilməsi ilə seçilir. “Nərimanov”, “Nizami”, “Elmlər Akademiyası” (1967,1976,1985, M.Hüseynov), “Avrora” (indiki “Qara Qarayev”, 1972, H.Ələsgərov), “Neftçilər” (1972, Ə.İsmayılov) kimi metro stansiyalarında gözəl memarlıq nümunələri yaradılmışdır.
60-cı illərin sonu – 80-ci illərdə Azərbaycan şəhərsalma və memarlığın inkişafında keyfiyyətcə yeni dövr başlamışdır. Azərbaycan Respublikasının paytaxtı Bakı şəhəri məhz bu illərdə paytaxt tipli böyük şəhərə çevrilmişdir.
Bakıda bir sıra iri ictimai bina və qurğular tikilib. Bunlardan Dövlət Sirki (Ə.İsmayılov, F.Leontyeva), Respublika Sarayı (indiki Heydər Əliyev sarayı,V.S. Şulgin, B.İ.Ginzburq, E.R.Melxisedekov), “Bakı” (H.Məcidov), “Azərbaycan”, “Moskva”, “Abşeron” mehmanxanaları, (M.Hüseynov), Respublika Statistika İdarəsinin binası (T.Xanlarov və b.), Bakı Dəmir Yolu Vağzalı (Ş.Zeynalova, Y.N.Kozlov),”Nigah sarayı” (İ.Əliyev), “Gülüstan” şadlıq sarayı kompleksi (H.Əmirxanov, N.Hacıbəyov, T.Şarinski, F.Rüstəmbəyova, N.İsmayılov, K.Kərimov), İdman Sarayı (T.Abdullayev, O.İsayev, Y.Qədimov, T.Xanlarov), xarici ölkələrin dövlət başçıları üçün tikilmiş iqamətgah (memar R.Əliyev) və s. möhtəşəm binalar şəhərin memarlıq görkəmini daha da gözəlləşdirmişdir.
Müstəqillik qazanandan sonra da, Bakının ən görkəmli yerlərində gözəl memarlıq ansamblları yaradılmış, şəhərin simasını müəyyən edən müasir binalar, göydələnlər tikilmişdir: Azərbaycan Respublikası Ali Məhkəməsinin klassik üslublu yeni binası (memar Vüqar Həsənov), Uniplaza (memar Nəriman İmaməliyev), Heydər Əliyev Mərkəzi (memar Zaha Hadid) və s.
Qeyd: dünyada Memarlar günü 1949-cu ildə Lozannada təsis edilib. Həmin vaxtdan başlayaraq hər il oktyabr ayının birinci bazar ertəsi Memarlar Günü kimi qeyd edilir.
Memarlıq
Memarlıq — incəsənətin müxtəliv növləri arasında (heykəltaraşlıq, rəssamlıq, qrafika, dekorativ-tətbiqi insənət və d.) onlardan ən vacibi sayılır. Tarixin təsdiq etdiyi kimi, incəsənətin bütün növlərinin bir vaxtda çiçəkləndiyi zaman mədəniyyətin ən yüksək və harmonik inkişaf dövrü başlayır. İncəsənətin bir növü kimi memarlıq – eyni zamanda maddi mədəniyyətin formalarından biridir, belə ki, o daima insanla və onun təlabatları ilə, həmçinin elm və texnikanın nailiyyətlərinin istifadəsilə bağlıdır.
“Davamlılıq, fayda, gözəllik” – bu b.e.ə. I əsrdə alim və memar Vitruvinin formalaşdırdığı klassik triada, bütün dövr və xalqların memarlığının qısa formulasıdır.
Memarlıq – bu, insanın şəxsi və ictimai həyat və fəaliyyətində maddi və mənəvi tələbatlatların hər vasitə ilə təmin edilməsinə istiqamətlənmiş inşaat incəsənətidir. “İkinci təbiət” olaraq, məkanı formalaşdıraraq memarlıq ozünün tərzi ilə daima insan kütlələrinə və tək insana təsir edir.
MEMARLIĞIN ƏMƏLƏ GƏLMƏSI
Memarlığın yaranması, son paleolit dövrünə aiddir. Utilitar məsələləri həll edən tikinti fəaliyyəti, tədricən insanın mənəvi tələbatlarının təmin edilməsinə yönəlməyə başladı. Estetik dərk edilmə və tikililərə ideyalı və bədii məzmunun verilməsi memarlığın yeni təzahürünün gəlişini ifadə etdi.
İbtidai icma quruluşu bəşər tarixinin ən uzun bir dövrünü əhatə edir. Avropa, Asiya və Afrikanın isti iqlim sahələrində ilk dəfə insan əmələ gəlmiş və insan cəmiyyəti təşəkkül tapmağa başlamışdır.
İbtidai icma quruluşu Daş, Tunc və Dəmir dövrlərinə bölünür. Daş dövrü aşağıdakı dövrlərə bölünür:
1. Paleolit (Qədim daş) dövrü;
2. Mezolit (Orta daş) dövrü;
3. Neolit (Yeni daş) dövrü.
PALEOLIT (Qədim daş) dövrü e. ə. 12-ci minillikdə başa çatmışdır. İnsanın əmələ gəlməsi və insan cəmiyyətinin təşəkkülü 2.6-3 milyon il bundan əvvəl başlanmışdır. İlk insanlar təbii mağaralarda və açıq havada yaşamışlar. İlk paltarı dəridən olan insan təbii mağaralarda məskunlaşmışdı. Düzən yerlərdə mamont sümüyündən və dəridən yurd tikirdilər.
MEZOLİT (yunanca “mezos” orta, “litos” daş deməkdir) dövrü e. ə. XII-VIII minillikləri əhatə edir. Bu dövrdə havalar istiləşdi, buzlaqlar əridi və şimala çəkildi, buzlar əriyən yerlərdə kolluqlar, meşələr əmələ gəldi. Mezolit dövründə ilkin əkinçilik vərdişləri meydana gəldi. Paleolitin sonu və Mezolit dövründə bir neçə qəbilə birləşib tayfa əmələ gətirirdi. Tayfa üzvləri eyni ərazidə yaşayır, bir dildə danışırdılar.
NEOLİT (yunanca “neos” yeni, “litos” daş deməkdir) dövrü daş dövrünün son mərhələsini — e.ə. VIII-VI minillikləri əhatə edir. Neolit insana maddi imkanlarını yüksəldən, daşdan əmək alətlərini bəxş edir. Ağac dirəklərə dirənən binaların – daha inkişaf etmiş tipi yaranır. Avropanın şimalında meşə zolağında ovçu və balıqçı tayfalar su yaxınlığında, çay kənarlarında məskən salırdılar. Sibirdə ən qədim neolit mədə-niyyəti V minilliyə aiddir. Türkmənistanda Çeytun əkinçilik məskəni, Anadoluda Çayönü və “Çatal hüyük” mədəniyyətləri Neolit dövründə yaranmışdır. E.ə. VII minillikdə ehtimal ki, Zaqros dağlarında əkinçilik və maldarlıq meydana gəlmişdir. Zaqros dağları və Anadolu buğdanın və arlanın vətəni olmuş və buradan dünyanın digər ərazilərinə yayılmışdır.
İbtidai icma dövrünün sonunda yeni memarlıq tikililəri — qalalar yaranmağa başladı. Sonralar yaşayış məskənləri, dəfnlə əlaqədar məqbərələr və s. meydana çıxdı.
Tunc dövründə yaranmış metal alətlər, daşı müvəffəqiyyətlə emal etməyə imkan verir. Meqalitik qurğular – iri daş qayalarından, lövhələrindən, şaquli dirəklərindən olan tikililər geniş yayılır. Yunanca meqa — böyük, litos – daş deməkdir. Ona görə də böyük qaya parçalarından qurulmuş qədim abidələrə meqalitik abidələr deyilir. Meqalitik abidələrin bir çox növləri vardır. Onlardan menhirləri, dolmenləri, kromlexləri, daş qutuları, daş xiyabanları, qalereyaları göstərmək olar. Bəzən siklopik tikintiləri də meqalitik abidələrə aid edirlər.
Meqalitik qurğular arasında üç əsas tip fərqlənir: menhirlər, dolmenlər, kromlexlər.
Menhirlər – şaquli olaraq yerə basdırılmış daşlara deyilir. Menhir fransız sözü olub, (men-daş, hir-uzun) uzun daş mənasında işlənir. Bu, ya tək ya da qrup şəklində qoyulan qəbrüstü abidələrdir. Menhirlərə — üfüqi daş lövhəni saxlayan bir neçə şaquli daşdan ibarət olan qurğularla, Onların hündürlüyü əksər hallarda bir metr və bəzən də daha çox olur. Menhirlərə ancaq qəbiristanlıqda təsadüf edilir. Arxeoloqlar müəyyən etmişlər ki, menhirlər tunc dövründən sonra öz əhəmiyyətini itirmiş tarixi abidələrdir. Qədim qəbiristanlıqlarda cərgələrlə düzülmüş bu şaquli, yonulmamış daşlar ölülər kultu ilə əlaqədar olmuşdur. Belə güman edilir ki, hər daş ölən adamı təmsil edərək onu bu dünyada guya əbədi olaraq yaşadacaqmış.
Dolmenlər-çox vaxt dolmenlər dəfn kameraları kimi və eyni zamanda qəbrüstü abidə kimi xidmət edirdi. Dolmenlər daşların şaquli vəziyyətdə yerə basdırılması
nəticəsində yaranmış, hər tərəfi bağlı düzbucaq qəbirlərdir Onların üstü sal daşla örtülür. Dolmen termini tol (masa) və men (daş) fransız sözlərinin birləşməsindən alınmışdır. Onların qurulmasında 10 t ağırlığı olan nəhəng daşlardan istifadə
edilmişdir. Bu qəbirlər tək, ikimərtəbəli və dəhlizlə birləşən qəbirlər sırası şəklində olur. Belə abidələr tunc və ilk dəmir dövrünün maraqlı memarlıq tiplərindəndir. Dolmenlərdən ibtidai icma quruluşunun məbədləri kimi də istifadə edilmişdir.
Dolmenlər icma ağsaqqallarının axirət evi kimi yaradılmışdır. Ona görə də onların ön tərəfindəki daşda dairəvi və ya oval şəkilli çox kiçik bir pəncərə nəzərə çarpır. Ölülərin ruhu guya bu pəncərədənhəm içəri girib çıxırmış, həm də buradan onlara yemək və içmək verilirmiş. Güman edilir ki, qədim insanlar dolmenlərdən yaşayış
mənzili kimi də istifadə edirmişlər. Belə abidələrə Avropa, İran, Hindistan, Koreya, Yaponiya, Krım, Qafqazın Qara dəniz sahilində və Azərbaycanda rast gəlmək olur.
Kromlex – bu meqalitik qurğuların ən mürəkkəb tipidir. Onlardan ən məşhuru – Stounhencdəki (İngiltərə) kromlexdir. Kromlexlər neolit və başlıca olaraq tunc dövründə yaradılmış çevrə boyu, şaquli şəkildə əzəmətli daşlardan düzəlmiş abidələrdir. Kromlex fransızca krom (çevrə) və lex (daş) sözlərinin birləşməsindən alınmışdır. Onlar bir çevrə və yaxud bir neçə konsentrik çevrələr formasında olur. Belə abidələrin hündürlüyü 6-7 metr, diametri isə 100 metrə qədərdir. Bəzən kromlexlərin ortasında dolmen və yaxud menhir də olur. Kromlexlərin yanında menhirlər sırasına da rast gəlmək olur. Kromlexlərin sahəsi qazılarkən qəbirlər, daş baltalar, gil qablar, əl dəyirmanı daşı və s. tapılır. Belə abidələr Asiya, Amerika, Avropa və Zaqafqaziyada aşkar edilmişdir. Güman edilir ki, kromlexlər dəfn mərasimlərinin icra edilməsi və yaxud dini ayinlərin keçirilməsi üçün icma tərəfindən qurulmuş abidələrdir. Onların günəş kultu ilə əlaqədar olması və günəş məbədi vəzifəsini daşıması haqqında da nəzəriyyə mövcuddur. Kromlexlərin çevrə formasında olması, görünür, onların günəş kultu ilə olan yaxınlığından irəli gəlmişdir.
Stouhencdəki kromlex. Stouhencdəki (Fransanın cənubu) kromlex – bu kimi tikililər arasında ən məşhurudur. Stuonhec (tərcümədə: “asma (qalca – rəqs edən) daşlar”) b.e.əvvəl 2000 ci ildən 1600-cü ilə qədər, neolit dövründə və tunc əsrinin əvvəlində tikilirdi. Bu iri daşlardan ibarət mürəkkəb qurğudur. O ozü ilə üfüqi lövhələrlə örtülmüş, şaquli qoyulmuş daşlardan ibarət 30m diametri olan dairə təşkil edir; içərisində — kiçik daşlardan ibarət iki dairə, onların arasında məkanın mərkəzini yaradan lövhələrlə cüt-cüt qoyulmuş hündür bloklar var. Bu monumental meqalit ehtimal ki, astronomik rəsədxana idi. Stounhenc üç mərhələdə, müxtəlif xalqlar tərəfindən tikilirdi. Birinci mərhələdə kromlex uindmillxillilər (b.e.əvvəl 2000-ci ildə İngiltərədə məskunlaşmış xalq) tərəfindən ucaldılırdı. Ikinci mərhələdə — bikerlər (onlarla Soleberiyə tunc dövrü gəldi) tərəfindən tikilirdi. Tikintini uesseklər (bikerlərdən törəmələr) tamamladılar. Burada artıq dəqiq kompozisiya planı – simmetriya, ritm və kompleksin elementlərinin tabeliyi görünür.
Müəllif: Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Memarlıq” fakültəsinin memarlıq üzrə fəlsəfə doktoru dosent Abbasova Şəhla Abdüləhəd qızı
- Teqlər:
- memarlıq
- , mədəniyyət tarixi
- , Kulturologiya
- , mədəniyyətşünaslıq
Comments are closed, but trackbacks and pingbacks are open.