Heyd? r? liyev M? st? qil Az? rbaycan? n qurucusu
O, xalqın ayrılmaz hissəsi olan əbədi şəxsiyyət idi. Millətin dərdi, ağrısı onun dərdi, xalqının xoşbəxtliyi onun xoşbəxtliyi idi.
Heydər Əliyev | Müasir Azərbaycan dövlətinin yaradıcısı
Müasir Azərbaycan tarixi dedikdə ilk öncə gözümüz önündə ulu öndərimiz bütün varlığı ilə xalqına böyük məhəbbətlə bağlanmış olan Heydər Əliyev canlanır. O özünün dediyi kimi azərbaycanlı olması ilə daim qürur duyurdu: — “Mən həmişə fəxr etmişəm və indi də fəxr edirəm ki, azərbaycanlıyam”.
Heydər Əliyev dünya tarixində ən ziddiyyətli yüzilliklərdən biri olan iyirminci əsrdə müasir Azərbaycanın qurucusu zirvəsinə yüksəldi. 40 ildən artıq olan bir dövr Heydər Əliyev şəxsiyyəti ilə, onun quruculuq fəaliyyəti və ölkənin tərəqqisi naminə mübarizəsi ilə bağlıdır. Heydər Əliyev Azərbaycan torpağının xalqımıza bəxş etdiyi tarixi şəxsiyyətdir. O, Azərbaycanın tarixi inkişaf prosesinin əsasını qoymuş, müstəqil Azərbaycan dövlətinin memarı kimi dövlətçiliyimizi formalaşdırmışdır.
Heydər Əliyev təkrarolunmaz, ozunəməxsus keyfiyyətlərə malik müstəsna dahi şəxsiyyətdir. Azərbaycan tarixinin önəmli bir dövrü — XX əsrin ikinci yarısı, XXI əsrin başlanğıcı onun adı ilə bağlıdır. Xalqın bütün maddi və mənəvi həyat sferasına onun gətirdiyi zənginliklər ölçüyəgəlməzdir. Dahi şəxsiyyət Heydər Əliyevin taleyi millətin taleyi, xalqın taleyi idi. Azərbaycanın taleyi Heydər Əliyevin taleyi idi.
O, xalqın ayrılmaz hissəsi olan əbədi şəxsiyyət idi. Millətin dərdi, ağrısı onun dərdi, xalqının xoşbəxtliyi onun xoşbəxtliyi idi.
Heydər Əliyev müdrikcəsinə dilini, tarixini, mədəniyyətini dünyaya tanıtdırdı. O bildirdi ki, dil də, tarix də, mədəniyyət də millətsiz mövcud ola bilməz və hər hansı bir milləti yer üzündən izsiz olaraq silmək üçün onun dilini, mədəniyyətini, tarixini əlindən almaq kifayətdir. Həyata keçirdiyi tədbirlərdə böyük öndər bu faciənin qarşısını almağa çalışmış və ona nail olmuşdur. Öz uzaqgörənliyi ilə seçilən dahi şəxsiyyət hələ SSRİ kimi böyük imperiyanın tərkibində olan Azərbaycanın 1978–ci ildə qəbul olunan Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunmasına nail olmuşdur. Bu, Heydər Əliyevin dilinə, dininə, milli dəyərinə bağlılığının, əsl vətəndaş qətiyyətinin parlaq təzahürüdür.
Heydər Əliyevin hələ Sovet Azərbaycanına rəhbərliyi dövründə həyata keçirdiyi çoxşaxəli fəaliyyəti xalqımızda milli qürur, milli mənlik şüurunun formalaşmasına, azadlıq, müstəqillik duyğularının baş qaldırmasına gətirib çıxarmışdır. Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin memarı və qurucusudur. Taleyinə Tanrı tərəfindən yalnız qurmaq və yaratmaq missiyası yazılmış böyük insan rəhbər kadrlarda, həm də işdə köklü dəyişikliklərə nail olmaq üçün təşəbbüs göstərdi. Müasir tələblərə cavab verən yeni kadrların hazırlanması işinə rəhbərlik etdi. O, kadrları xalqın qızıl fondu sayırdı. Heydər Əliyev azərbaycanlı olmağı ilə nə qədər fəxr edirdisə, Azərbaycan xalqı da öz böyük oğluna görə daha bəxtəvərdir.
Xalqın təkidi ilə xilaskarlıq missiyasını öz üzərinə götürən Heydər Əliyevin müdrikliyi, uzaqgörənliyi, dəmir iradəsi sayəsində xalqımız bir çox bəlalardan xilas oldu, ölkədə vətəndaş müharibəsinin qarşısı alındı, ayrı–ayrı siyasi qüvvələrə və şəxslərə tabe olan silahlı birləşmələr ləğv edildi, vahid komandanlığa tabe olan ordu yaradıldı.
Ümummilli liderimiz Heydər Əliyevin müstəqil dövlət quruculuğu işində ilk ciddi addımlarından biri “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi tədbirləri haqqında” 09 avqust 1994–cü il tarixli fərmanı idi. Həmin fərman Konstitusiyalı dövlət quruluşunun mühafizəsində, insan hüquq və azadlıqlarının cinayətkar qəsdlərdən qorunmasında, cinayətkarlığa qarşı mübarizədə və qanunçuluğun möhkəmləndirilməsində əsaslı dönüş yaratdı.
Azərbaycan Respublikasının 1969–cu ildən başlayan yeni tarixi, müstəqil dövlət kimi ölkəmizin və xalqımızın taleyi, ölkə həyatında əldə edilmiş nailiyyətlər yalnız və yalnız dahi şəxsiyyət Heydər Əliyevin adı və müdrik dövlətçilik siyasəti ilə bağlı olmuşdur.
“Azərbaycan tarixinin Heydər Əliyev dövrü” kimi qiymətləndirilən bu zaman kəsiyi ərzində ulu öndərimiz tərəfindən görülən böyük işlərin, onun həyata keçirdiyi xilaskarlıq və quruculuq missiyasının məntiqi nəticəsidir ki, bu gün xalqımız müstəqil, demokratik və hüquqi dövlətdə yaşamaq imkanı əldə etmiş, öz xoşbəxt gələcəyini təmin etmək üçün bütün təminatlara, ən başlıcası, siyasi və iqtisadi müstəqilliyə nail olmuşdur.
Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən müdrik dövlətçilik siyasəti nəticəsində Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda böyük işlər görülməklə milli dövlətçilik ənənələrinə və beynəlxalq standartlara uyğun köklü hüquq islahatlan aparılmışdır. Memarı Heydər Əliyev olan müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi, çoxpartiyalılıq prinsipi əsasında demokratik prezident, parlament və bələdiyyə seçkiləri təcrübəsinin formalaşması, siyasi plüralizm, söz və mətbuat azadlığı, siyasi partiyalar və ictimai təşkilatların fəaliyyəti üçün qanunvericilik təminatı olan əlverişli şəraitin yaradılması demokratik dövlət quruculuğu yolunda atılan mühüm addımlar vətəndaş cəmiyyətinin formalaşması ilə nəticələnmişdir.
Heydər Əliyevin bir siyasətçi kimi bənzərsizliyi ondan ibarətdir ki, Azərbaycanın çiçəklənməsində marağı olanların hamısının mənafeyi naminə çıxış edirdi. O, bilirdi ki, dünya təcrübəsinin öyrənilməsi və bizim şəraitə tətbiqi yalnız o vaxt bəhrə verə bilər ki, özümüzün inkişaf yolumuz, yəni inkişafın Azərbaycan yolu tapılıb açılmış olsun.
Heydər Əliyev respublikamızda quruculuq tədbirlərinə neft strategiyasının yaradılması və həyata keçirilməsi ilə başladı. Məhz Heydər Əliyev tərəfindən dəqiqliklə həyata keçirilmiş neft strategiyası respublikamızda ilbəil hiss etdiyimiz iqtisadi inkişafın təməlidir. Dünyada analoqu olmayan “Əsrin müqaviləsi” bağlanmış 21 müqavilədən biridir.
Düzgün işlənmiş və müvəffəqiyyətlə həyata keçirilən neft strategiyası Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi vaxtdan başlayaraq bərqərar olmuş iqtisadi–sosial və siyasi sabitlik bu ölkələrin Azərbaycana olan marağını artırmış, xarici investisiyaların axınına şərait yaratmışdır.
Respublikamızda qeyri–neft sektorunun da inkişafına dövlət diqqəti güclüdür. Həyata keçirilən aqrar islahatlar və bu islahatların uğuru buna əməli sübutdur. Belə ki, UDM–in dörddə bir hissəsinin istehsal olduğu, əmək qabiliyyətli əhalinin üçdə birini özündə birləşdirən aqrar sahədə islahatların mühüm əhəmiyyətli olduğunu yetərincə qiymətləndirən dahi siyasətçi bu sahə ilə bağlı zəruri addımlar atmışdır. Heydər Əliyev Azərbaycan xalqının malik olduğu potensialın, qabiliyyətin, ali şüurun, milli təfəkkürün bariz nümunəsidir.
Xalqımız əsrlər boyu qazandığı nailiyyətləri, ali keyfiyyətləri Heydər Əliyev epoxasında təkmilləşdirərək sistem halına saldı və millət kimi mövcudluğunu, dövlət qurmaq haqqını, özünü idarə etmək bacarığını ən yüksək halda nümayiş etdirdi. Heydər Əliyev nəinki respublikamızın, həm də bütün Qafqazın təəssübünü çəkər, ona qayğı ilə yanaşardı. Qafqaz xalqının həyatında Şeyx Şamildən sonra Heydər Əliyev ikinci böyük qüdrət sahibi idi ki, bütün Qafqaz əhalisinin qayğısına qalırdı. Dünya ədəbiyyatında öz yeri olan böyük qırğız yazıçısı Çingiz Aytmatov Heydər Əliyevi tarixi, həm də əfsanəvi şəxsiyyət adlandırırdı.
Heydər Əliyev çağdaş dünyanın siyasi tarixində öz izini qoymuş, adını əbədi olaraq tarixə həkk etmiş böyük şəxsiyyətdir.
Qədim yunan filosofları o kəsləri dahi hesab edirdilər ki, onlar heç kəsin görə bilmədiklərini görə bilsinlər. Heydər Əliyev məhz belə dahilərdən idi.
Heydər Əliyev Azərbaycanın adını bir dövlət kimi dünya tarixinə böyük hərflərlə və əbədi olaraq yazdı. Heydər Əliyevin qeyri–adi istedadı, dərin zəkası, fenomenal qabiliyyəti, unikal dövlətçilik məharəti dünya nəhəngləri arasında onun yerini müəyyənləşdirdi. Heydər Əliyev tarixi yaradan şəxsiyyət idi. O, zamanla ayaqlaşan, bəzən onu qabaqlayan siyasətçilər cərgəsinə aiddir. Ulu yaradan ümummilli liderimiz Heydər Əliyevə çox şey vermişdir — fenomen yaddaş, dərin təhlil qabiliyyəti, vətəninə bağlılıq, sadəlik, dözüm, səlis nitq, hətta yaraşıqlı qamət və tarix yaratmaq bacarığı.
Bu gün hər bir azərbaycanlı fəxr edir ki, məhz o, Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanın vətəndaşıdır, onun bütün varlığı ilə sevdiyi bir xalqın övladıdır. Azərbaycan Prokurorluğu mövcudluğuna, inkişafına, formalaşıb təşəkkül tapmasına, dövlət hakimiyyəti orqanlarında mövqeyinə görə ümummilli liderimiz, böyük öndər Heydər Əliyevə minnətdar olmalıdır. Cinayətkarlığa qarşı mübarizə, hüquq qaydalarının möhkəmlənməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində əldə etdiyi bütün uğurlar Heydər Əliyev zəkasının məhsuludur. Ulu öndər xalqımızın əldə etdiyi tarixi nailiyyətlərə üstünlük verərək Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 01 oktyabr 1918–ci il qərarı ilə Bakı Dairə Məhkəməsi tərkibində prokurorluq orqanının fəaliyyətə başlamasını əsas götürərək hər il oktyabrın 1–nin Azərbaycan Respublikası Prokurorluğu işçiləri günü kimi qeyd olunması barədə 17 iyul 1998–ci ildə sərəncam imzalamışdır.
Bu gün hər bir prokurorluq işçisi fərəh duyur ki, onlar Heydər Əliyev kimi memarı olan gözəl bir ölkədə çalışır. Bütün bacarığı və işgüzarlığını xalqının daha layiqli təmsil olunmasına, qanunların qorunmasına xidmət edir.
Müstəqilliyimizin əbədiliyini və dönməzliyini təmin etmək üçün ulu öndərimiz yeni, dünyəvi qanunlar yaradılması, dövlətimizin daxili və xarici siyasətinin inkişaf istiqamətlərini nizamlayan, dünyəvi normalara cavab verən qanuni islahatların aparılması üçün vacib baza yaratmışdır: “Məhkəmələr və hakimlər haqqında”, “Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Polis haqqında”, “Əməliyyat” axtarış fəaliyyəti haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və sair qanunlar qəbul edilmişdir. Ölkəmizdə demokratiyanın yaradıcısı olan Heydər Əliyevin apardığı hüquqi islahatların nəticəsi olaraq Azərbaycanda ədalətli prezident, parlament, bələdiyyə seçkiləri keçirilmiş, seçki qanunları qəbul olunmuş, ölüm hökmü ləğv olunmuş, vətəndaşların Konstitusiya məhkəməsinə müraciət etmək hüququ təmin olunmuşdur.
Prokurorluq orqanlarının dövlət hakimiyyətinin bir qolu olan məhkəmə hakimiyyəti sisteminə daxil edilməsi, əsas qanunda əlavə və dəyişikliklər aparılaraq Baş Prokurorluğa qanunvericilik təşəbbüsü hüququ verilməsi Heydər Əliyev qayğısının bariz nümunəsidir.
Azərbaycan Prokurorluğu dövlətə və xalqa sədaqət rəmzidir. Bütün düşüncəsini və elmini xalqının güzəranının yaxşılaşmasına həsr edən Heydər Əliyevin yaratdığı ictimai–siyasi sabitlik, prokurorluq orqanlarına inanması, güvənməsi prokurorluq işçilərini daha da məsuliyyətlə işləməyə sövq etmişdir. Ölkəni və xalqı məhvə aparan qüvvələrin üzə çıxarılaraq cinayət məsuliyyətinə alınmasına, mütəşəkkil cinayətkar dəstələrin vaxtında ləğv edilməsində xüsusi xidmətləri olmuşdur.
Heydər Əliyev dühasından qüdrət alan Azərbaycan Respublikası Beynəlxalq təşkilatlarda nüfuz, hörmət qazandıqca, diqqətəlayiq məsələlərin həllində konkret təkliflərlə çıxış etdikcə, qarşılıqlı hüquqi yardımlar barədə daha çox müqavilə və sazişlər bağlanmış, prokurorluq orqanlarının beynəlxalq əlaqələri genişlənmişdir.
Azərbaycan Respublikası Prokurorluğunun ulu öndərin tövsiyəsi ilə Beynəlxalq Prokurorlar Assosiasiyasına üzv seçilməsi ölkəmizdə beynəlxalq hüquq normalarının düzgün tətbiq edilməsində mühüm rol oynamışdır. Azərbaycan prokurorluğunun demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunda mühüm rol oynayan bir dövlət orqanı kimi beynəlxalq aləmdə tanınması ulu öndərimizin adı ilə bağlı olmaqla inkişaf tariximizi əks etdirir.
Prokurorluq işçilərinin həyatında ən əlamətdar günlərdən biri də 2000–ci ilin aprelində keçirilmiş görüşdə ulu öndərimizin çıxışı olmuşdur. O, prokurorluq əməkdaşlarına münasibət bildirərək qeyd etmişdir: “Mən prokurorluqda işləyən insanların əksəriyyətini sədaqətli və peşəkar işçi hesab edirəm. Təbii ki, belə adamlara etimad göstərmək, etibar etmək lazımdır”. Hər yerdə kadrların aparıcı rolunu qeyd edən ulu öndərimiz prokurorluq sistemində də kadrların işə götürülməsində çox demokratik bir üsulun həyata keçirilməsini formalaşdıran “Prokurorluqda işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi haqqında” 19 iyul 2001–ci ildə fərman imzaladı. Əsasnamənin tələblərinə uyğun olaraq 2002–ci ildən başlayaraq prokurorluq orqanlarında kadr korpusunun komplektləşdirilməsinin ən demokratik və mütərəqqi vasitəsi kimi qulluğa qəbulun yeni qaydalarının tətbiqi, qəbulun TQDK ilə birlikdə tam aşkarlıq şəraitində şəffaf keçirilməsi kadrların seçilməsində xüsusi rol oynayır. Bacarıqlı, işgüzar gənclərin seçilməsi kadr potensialını gücləndirməklə yanaşı, işin də səmərəli təşkilinə köməklik etmişdir. Prokurorluğun kadr korpusunun formalaşdırılması işində alternativi olmayan işə qəbulun bu demokratik prosedur əsasında keçirilməsi, eyni zamanda, ölkəmizdə həyata keçirilən gənclər siyasətinin daha da inkişaf etdirilməsi, gənclərin dövlətin və cəmiyyətin sosial iqtisadi, ictimai–siyasi və mədəni həyatında fəal iştirakına şəraitin yaradılması gənc mütəxəssislərin işlə təminatına zəmin yaradır.
Ulu öndərin diqqət və qayğısı ilə prokurorluq orqanlarında sağlam iqlim yaradılmış, prokurorluq əməkdaşları mənəvi cəhətdən daha da sağlamlaşdırılmışdır. Onların peşəkarlığı, qabaqcıl fikir və ideyalarına hörmətlə yanaşılmış, əməkləri dövlət səviyyəsində qiymətləndirilmişdir. “Azərbaycan Respublikası Prokurorluq orqanlarında işləyən işçilərin maddi və sosial təminatı haqqında” 08 oktyabr 2002–ci il tarixli sərəncamı ulu öndərimizin prokurorluq işçilərinə atalıq qayğısının bariz təzahürü olmuşdur.
Azərbaycanda hüquqi dövlətin banisi, ulu öndər Heydər Əliyevin müəyyən etdiyi strateji xəttin, onun siyasi kursunun layiqli davamçısı möhtərəm Prezident İlham Əliyev tərəfindən müasir dövrün yeni keyfiyyət tələblərinə uyğun səviyyədə uğurla həyata keçirilməsi nəticəsində ölkəmiz misli görünməyən sürətli inkişaf dinamikasını yaşayaraq regionun lider dövlətinə çevrilmişdir. Bu gün obyektiv bir reallıqdır ki, Azərbaycan öz müstəqil inkişaf yolu ilə inamla irəliləyən, xalqının firavan həyatı üçün möhkəm iqtisadi əsaslar yaradan, həm ölkə miqyasında, həm də ayrı–ayrı regionlar səviyyəsində yuksələn xətlə sosial–iqtisadi inkişafa nail olan, dünyanı bürüyən böhran şəraitində iqtisadi inkişaf göstəricilərinə görə dünyada aparıcı yerlərdə olan, bu mövqelərini saxlayan, ölkə həyatının bütün sahələrində demokratik yenidənqurma proseslərini günü–gündən sürətləndirən bir ölkəyə çevrilmiş, dünya dövlətləri birliyinə daha sıx inteqrasiya olunan ölkəmizin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artmışdır. Bu yüksək inkişafa və böyük uğurlara sosial–iqtisadi və ictimai–siyasi həyatın bütün sahələrini əhatə edən demokratik və köklü islahatlar zəmin yaratmışdır.
Zaman keçdikcə ümummilli lider Heydər Əliyevin gördüyü işlərin möhtəşəmliyi, xalqımızın qarşılaşdığı böyük təhlükələri aradan qaldırmaq üçün həyata keçirdiyi qətiyyətli siyasi tədbirlərin əhəmiyyəti daha aydın görünür. Öz ulu öndərinə dərin sevgisini, onun siyasi irsinə sadiqliyini əməlləri ilə sübuta yetirən xalqımız Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi, onun gələcəyə istiqamətləndirilmiş tövsiyələrinin həyata keçirilməsi üçün bütün işlərin görülməsini təmin etməklə ümummilli liderinə olan dərin hörmətini nümayiş etdirir, onun müqəddəs ruhu qarşısında mənəvi borcunu ödəyir və Heydər Əliyev ideyalarına sonsuz sədaqətini ifadə etdirir. Qarşıdan ulu öndərimizin 90 illik yubileyi gəlir. Hər bir azərbaycanlı kimi Sumqayıt şəhər prokurorluğunun işçiləri də bu böyük bayramı bütün ömrünü xalqımızın firavanlığına həsr etmiş böyük şəxsiyyətin adına layiq keçirmək üçün daha əzmlə çalışır.
Müəllif: Dağlar ZEYNALOV Sumqayıt şəhər prokuroru baş ədliyyə müşaviri
- Teqlər:
- Heydər Əliyev
Heyd?r ?liyev M?st?qil Az?rbaycan?n qurucusu
Azərbaycan xalqı xoşbəxtdir ki,ona Heydər Əliyev kimi müdrik siyasi xadim rəhbərlik edib. Bu sözlər dünyanın bir sıra dövlət başçılarının dilindən dəfələrlə səslənib. Bu, bir həqiqətdir. Məhz bu dahi insanın səyi nəticəsində Azərbaycan dönməz müstəqilliyə, inkişafa, tərəqqiyə qədəm qoydu. O, bütün həyatını doğma xalqına sərf edən, milli dövlətçiliyin əsasını qoyan dahi lider idi. 1969 – cu ilin 14 iyulu əbədi olaraq Azərbaycan xalqının, Azərbaycan Respublikasının tarixinə həkk olunub. Məhz həmin gün möhtərəm Heydər Əliyev Azərbaycanda ilk dəfə siyası hakimiyyətə gəldiyi gündür. Azərbaycan dövlətini həqiqi inkişafa həmin gündən başlayır. 1993 – cü il iyunun 15 – i isə müstəqil Azərbaycanın “Qurtuluş günü”dür. Əgər cənab Heydər Əliyev xalqın təkidi ilə Naxçıvandan Bakıya gəlməsəydi və II dəfə Azərbaycana rəhbərliy etməyi öz üzərinə götürməsəydi,bu gün dünyanın siyasi xəritəsində Azərbaycan Respublikasi adli dövlətin mövcudluğu mümkün olmayacaqdır. Heydər Əliyev Azərbaycana qayıdanda ölkə çox ağır bir durumda idi. O günləri Ümumilli Lider belə xatırlayır: “Eşidəndəki, mənim doğma vətənim, mənim doğma torpağım dağılır, uzun müddət bu vətənin, ölkənin inkişafına xidmət etmiş bir adam kimi mən bilirəm ki, biz burada nələr etmişik və bu dağılır, şübhəsiz ki, özümü qurban verməli oldum və gəldim,məsuliyyəti öz üzərimə götürdüm ”.
Bir tərəfdən vətəndaş müharibəsi, digər tərəfdən isə siyasi hakimiyyət böhranının məngənəsində sıxılan Azərbaycana rəhbərlik etmək məsuliyyətini yalnız Heydər Əliyev öz üzərinə götürə bilər. Bu tarixi məsuliyyət isə Milli Məclisin Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Ali sovetin sədri Heydər Əliyevə keçməsi haqqında 24 iyun 1993-cü il tarixli qərarı ilə hüquqi baxımdan təsbit edildi. Bu hadisə kəskin sosial münaqişələr məkanına çevrilmiş vətəndaş itaətsizliyi şəraitin də yaşayan, qoluzorluğun və özbaşınalığın tüğyan etdiyi müstəqil dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşan Azərbaycanın düşdüyü bəlalardan xilas olması yolundan mühüm tarixi əhəmiyyət daşıyırdı.Bu dövrdə dünyanın diqqət mərkəzi Azərbaycana yönəlmişdi. Bir-birinin ardınca baş verən ağır siyası proseslər, milletçi separatçılıq Azərbaycanın dövlətçiliyini sarsıtmış, onun müstəqilliyini və azadlığını təhlükə altına almışdır belə çıxılmaz siyasi vəziyyətində bütün bu çətinlikləri yaşadıqdan sonra millət birmənalı şəkildə dərk etdi ki, yetəndən “lider” ola bilməz. Onun özünə layiq olmadan bu fəlakətlərdən xilas ola bilməz.
1993 – cü ilin yayında Azərbaycanda baş verən hakimiyyət dəyişikliyi onun daxili və xarici siyasət fəaliyyətinin də yeniləşməsinə və ölkənin strateji maraqları əsasında yenidən qurulmasına şərait yaratdı. O, Azərbaycanın dünya tarixindən silinməkdən,keşmişdə olduğu kimi, xanlıqlara bölünməkdən,bütövlükdə məhv olmaqdan qurtardı. Çox qisa bir müddətdə vətəndaş müharibəsinin alovları söndürüldü, ölkədəki silahlı dəstələr ləğv edildi, şübhəsiz ki, Azərbaycana qarşı törədilən bütün əməllər onun müstəqilliyinə yol verməmək üçün idi. Dövlətə və xalqa həqiqi müstəqillik gətirəcək bir şəxsin yenidən ölkə rəhbərliyinə qaytarıldığını və xalqın mütləq çoxluğunun dəstəyini qazandığını görənlər əbəs yerə əl-ayağa düşərək dalbadal təxribat, terror, sui qəsd və dövlət çevrilişinə cəhd etmələrini düşünmək sadəlövhlük olardı. Çünki onların bədnam niyyətinə son qoyan böyük siyasi xadimin yenidən dövlət sükanı arxasına keçdiyini gözəl anlayırdılar. Bu dövrdə Azərbaycanın dostları da bedxahları da əmin oldular ki, müstəqilliyimizi geriyə döndərəcək heç bir gücə malik deyildir.
1993-cü il iyun ayının 9-da Heydər Əliyevin Azərbaycana qayıdışı Azərbaycan xalqının taleyində önəmli rol oynamışdır. Heydər Əliyev prezidentliyə başladığı ilk gündən etibarən Azərbaycanda müstəqillik, iqtisadi yüksəliş, azadlıq, elmi tərəqqi dövrü başlamışdır. Heydər Əliyev Respublikaya rəhbərlik etdiyi illərdə minlərlə tədris ocağı, gənclik mərkəzləri açılmış, Azərbaycanlı gənclər vətəndən kənardakı ali təhsil ocaqlarına göndərmişdir. Heydər Əliyev prezidentliyə başladığı ilk gündən etibarən Azərbaycanda müstəqillik iqtisadi yüksəliş, azadlıq, elmi tərəqqi dövrü başlamışdır. Getdikcə Azərbaycan dünya ölkələri içərisində öz laiqli yerini tutmuş və nəhayət, Heydər Əliyevin səyi nəticəsində 1994-cü ildə “Əsrin müqaviləsi” adı altında ən böyük neft kantraktı imzalanmışdır. Qısa müddətdə isə Azərbaycan Konfransı Təşkilatının Türk Dövlətlər Birliyinin, Beynəlxalq valyuta Fondunun, BMT-nin, NATO kimi təşkilatların nüfuzlu üzvü olmuşdur. 2001-ci il dünya Azərbaycanın I Fondunun Qurultayında isə Heydər Əliyevin söylədiyi fraza kiçiydən tutmuş böyüyə qədər daima hər bir kəsin yaddaşındadır. “Mən həmişə fəxr etmişəm və indi də fəxr edirəm ki, mən Azərbaycanlıyam”. Mən də fəxr edirəm ki, bu vətənin övladıyam və mənim Heydər Əliyev kimi prezidentim olub.
Tarixin axarını dəyişən ideya və prinsiplərin daşıyıcısı olan Heydər Əliyevin milli mənafelərin təmininə hesablanmış məqsədyönlü siyasəti coğrafi ölçüləri baxımından kiçik Azərbaycanın dünyanın siyasi xəritəsində ən güclü dövlətlərlə müqayisəsinə şərait yaratdı. Gördüyü bütün təqdirəlaiq işlər ilə xalqın rəğbətini qazanan, Azərbaycanı, milli maraqlarını qoruyan, ölkəmizin təhlükəsizliyinə nail olan cənab İlham Əliyev Ulu Öndərin laiqli davamçısı kimi alternativsiz lider olaraq qəbul edilir.
Çıxışımı Ümummilli Liderimiz Heydər Əliyevin sözləri ilə bitirmək istəyirem: “ Biz bundan sonra da Azərbaycan xalq cumhuriyyətinin sədaqətli varisləri olacağıq, xalqımızın milli azadlığını qoruyacağıq, saxlayacağıq. Biz Azərbaycanın Dövlət müstəqilliyini göz bəbəyimiz kimi qoruyacağıq və günü-gündən möhkəmləndirəcəyik, daha da yüksəklərə qaldıracağıq.”
Heydər Əliyev: dahi xilaskar və dövlət qurucusu
Azərbaycan xalqının görkəmli oğlu Heydər Əliyevin irsi olduqca zəngindir. Onun həyat fəaliyyətində ibrətverici məqamlar kifayət qədərdir. Ulu öndərin irsinin dərk edilməsi özlüyündə çətindir. Lakin Azərbaycanda müstəqil dövlət quruculuğunda gördüyü işləri təhlil edib geniş oxucu kütləsinə çatdırmaq dövlət əhəmiyyətli strateji məsələdir. Çünki Heydər Əliyev nadir tarixi şəxsiyyətlərdəndir ki, mükəmməl dövlət quruculuğu konsepsiyasını işləyib reallaşdıra bildi. Əvvəlcə Azərbaycanı böyük bir fəlakətdən xilas etdi, sonra isə dövrün tələblərinə yüksək dərəcədə cavab verən müstəqil demokratik dövlət quruculuğu konsepsiyasını işləyib hazırladı, Azərbaycanın dünyada layiqli yerini tutması üçün uzun illər çalışdı, müstəqil Azərbaycanın memarı və qurucusu kimi tarixdə yerini tutdu. Heydər Əliyev barədə dünyanın tanınmış şəxslərinin ifadə etdiyi fikirlər bir daha onun nə dərəcədə müdrik, eyni zamanda, praqmatik bir lider olduğunu təsdiqləyir. Ümummilli lider əsl məktəbdir, başqa xalqların həsəd apardığı dövlətçilik məktəbi! Heydər Əliyevin fəaliyyətinin bir sıra aspektləri üzərində geniş dayanmağa böyük ehtiyac hiss edirik.
Dahilər ölməz: dövlətçiliyin qurtuluşunun üç aspekti
Ulu öndər Heydər Əliyev haqqında adi söz demək mümkün deyil. Onun barəsində səmimi ifadə edilən hər bir fikirdə bir ucalıq, yüksək məna çaları var. Dünyanın müxtəlif ölkələrinin siyasi liderlərinin Ümummilli liderlə bağlı söylədiklərini bir yerə cəmləşdirsək, dünyanın ən dahi siyasi liderlərindən birinin “siyasi portreti” alınar. Və hər kəs də onu dərhal tanıyar: “Bu, Heydər Əlirza oğlu Əliyevdir. Türk və müsəlman dünyasının fəxri, Azərbaycan xalqının qüdrətli oğlu! Dünya siyasətinin nəhəngi və hətta rəqibləri tərəfindən yüksək qiymətləndirilən nadir bir şəxsiyyət”!
Heydər Əliyev XX əsr Azərbaycan siyasətinin ən parlaq siması və XXI əsr müstəqillik kursunun memarıdır. Onun həyata keçirdikləri, nəzəri ifadə etdiyi, praktiki diplomatiyaya verdiyi töhfələr hələ uzun illər araşdırılacaq. Və hər dəfə də yeni bir incəlik tapılacaq. Bu proses sonsuzdur.
1993-cü ilin iyun ayının 15-də Azərbaycan müstəqil dövlət kimi uçurumun kənarında dayanmışdı. Ölkəyə rəhbərlik edən səriştəsiz siyasi qruplar çıxış yolu tapa bilmirdilər. Düşmən isə addım-addım müstəqil dövlətçiliyimizə qəsd etməkdə idi. Onun qarşısını ala bilmirdilər. Bu ağır zamanda xalq təkidlə Heydər Əliyevin siyasət səhnəsinə qayıdışına nail oldu. Elə həmin anda da düşmən düşərgəsində təcrübəli bir siyasətçi “biz batdıq” naləsini çəkdi. Həyat həmin erməni kommunist siyasətçinin haqlı olduğunu sübut etdi!
Və hər şey həmin tarixdən – iyunun 15-dən başladı. Bu tarix bir neçə anlamda Azərbaycanın qurtuluşunun başlanğıcı oldu. Birincisi, dövlətçilik ideyası iflasdan qurtuldu. Çünki dövlət idarəçiliyinin nə olduğunu bilməyən naşı adamlar Azərbaycan cəmiyyətində tədricən müstəqillik ideyası ilə bağlı bədbin əhval-ruhiyyə yaradırdılar. Bir-birini əvəz edən məğlubiyyətlər insanlarda belə bir şübhə yaradırdı: “bəlkə biz, heç müstəqil dövlət qurmağa qadir deyilik?” Tarix göstərir ki, bu pessimizm çox təhlükəlidir və faktiki olaraq millətin öz məğlubiyyətini qəbul etməsinin ilk dərin göstəricisidir.
Əgər cəmiyyətdə dövlət quruculuğuna inam yoxdursa, onu başqa heç bir ideya ilə ayaqda durmağa məcbur etmək mümkün deyildir. Düşmənlər tərəfindən aparılan təxribatçı ideoloji fəaliyyət yaranmış vəziyyəti daha da acınacaqlı edirdi. Bu məqamda siyasət səhnəsinə Heydər Əliyev çıxdı və xalqda dövlət quruculuğuna dərin inam yaratdı! Buna necə nail oldu? Hər şeydən əvvəl, təmkinli, ölçülü-biçili, inamlı və real siyasəti ilə vəziyyəti dəyişdi. Heydər Əliyev müxtəlif bölgələrə səfərləri zamanı siyasi qruplar arasındakı ziddiyyətləri yumşalda bildi və onlara dövlət üçün çalışmağın əsas vəzifə olduğunu anlatdı. Bu zaman Ulu öndərin siyasi və diplomatik ustalığı həqiqətən də dövlət quruculuğu tarixinin ən parlaq səhifələrindən oldu.
Xaricdəki düşmənlər və ölkənin daxilində at oynadan naşı siyasi qruplar anladılar ki, Azərbaycanda dövlət quruculuğu prosesini dayandırmaq mümkün olmayacaq! Bu, ilk qələbə idi!
Dövlətçilik ideyası Azərbaycanda bu cür xilas edildi – xalq müstəqil dövlət qurmağın zəruriliyini tam olaraq Heydər Əliyevin liderliyi ilə qəbul etdi. Və qısa bir müddətdə cəmiyyət Ulu öndərin ətrafında birləşdi. Onun bir çağırışı ilə milyonlarla insanlar meydanlara axışmağa başladılar. Bu məqamda isə bütün dünya anladı ki, Azərbaycana təcrübəli, güclü iradəli və uzaqgörən bir lider başçılıq edir. Onu yolundan döndərmək mümkün deyildir.
Sanki bütün bunları ümumiləşdirərək, məşhur amerikalı siyasi xadim və politoloq Zbiqnev Bjezinski demişdi: “Heydər Əliyev siyasi cəhətdən möhkəm, məntiqli, zəkalı, istədiyini tez çatdıran şəxsiyyət – bir sözlə, şəksiz liderdir”. Bəli, Azərbaycan xalqının şəksiz lideri onu addım-addım irəliyə aparıb qələbələrə çatdırdı.
İkincisi, Heydər Əliyev Azərbaycan cəmiyyətini siyasi təfəkkür məhdudluğundan qurtardı. Bu, böyük və inqilabi bir nailiyyət idi. Məsələ ondan ibarətdir ki, xalq hərəkatı dalğası üzərində siyasətə atılanlar bir tərəfdən, köhnə kommunist nomenklaturasının Kremldən asılı olan qrupları, digər tərəfdən, Azərbaycanda siyasi təfəkkürü məhdud məhəlli çərçivəyə salaraq ondan çıxmasına ciddi maneələr törədən qüvvələri təmsil edirdi. Cəmiyyət ifrat milliyətçiliklə imperiyapərəstlik arasında sıxışdırılıb qalmışdı. Azərbaycanı həqiqi mənada müstəqil edə biləcək və “qızıl orta xətti” təşkil edəcək siyasi təfəkkürün formalaşdırılması həyati tələbata çevrilmişdi. Bunu isə yalnız konkret praktiki addımlarla etmək mümkün idi.
Heydər Əliyev daxildəki radikal qrupları zərərsizləşdirməklə məsələnin bir qismini həll etdi. Bir neçə il siyasət meydanında at oynadanlar artıq arxa plana keçmişdi və xalq onları lider kimi qəbul etmirdi. Lakin Ulu öndər çox gözəl başa düşürdü ki, bu, işin bir qismidir. Ona görə də paralel olaraq siyasi mühitdə ciddi islahatlar aparırdı. Onu üç aspektdə bir-biri ilə uyğunlaşdıraraq həyata keçirirdi – sosial-siyasi sabitlik yaradır, Dağlıq Qarabağ münaqişəsini beynəlxalq aləmə çıxarır və neft strategiyasını dövlət quruculuğuna təkan verən faktora çevirirdi.
Sosial-siyasi sabitlik cəmiyyətin siyasi təfəkküründə nizam-intizam yaradırdı. Ona belə bir inam aşılayırdı ki, azərbaycanlılar öz ölkəsində siyasi sabitlik yarada bilərlər. Bu proses günbəgün daha geniş vüsət alırdı. Ermənistanın Azərbaycana təcavüzünün BMT-də müzakirə edilməsi isə dünyaya bu münaqişənin əsl simasını anlatmağa geniş imkanlar yaradırdı. Heydər Əliyev böyük ustalıqla ermənilərin əsl niyyətlərini bütün dünyaya göstərdi. Ancaq Ulu öndər bununla kifayətlənmirdi. Heydər Əliyev 1994-cü və 1995-ci illərdə BMT Baş Assambleyasının yüksək tribunasından Azərbaycanda müstəqil dövlət quruculuğunun konseptual parametrlərini dəqiqliklə geniş auditoriyaya çatdırdı.
Ümummilli lider BMT-dəki nitqlərində Azərbaycanın xarici siyasətinin prioritetlərini ifadə etdi, müstəqil dövlətimizin strateji məqsədlərini açıqladı və bütövlükdə qlobal geosiyasəti necə təsəvvür etdiyini lakonik şəkildə bəyan etdi.
Ulu öndər Azərbaycanın xarici siyasətinin qayəsinin sülh, əməkdaşlıq və barış olduğunu yüksək tribunadan bəyanladı. Bu, təcavüzə məruz qalmış bir dövlətin sivil, demokratik mahiyyətindən və vətəndaş cəmiyyətinin formalaşdırılmasının başlıca məqsədlərdən biri kimi tanınmasından xəbər verirdi. Dünya bunu gördü və qəbul etdi.
Heydər Əliyev BMT-dəki çıxışlarında dünya siyasətinin trendlərini çox gözəl təhlil edərək, onlarda məzmun dəyişikliyinin aparılması zərurətini qətiyyətlə vurğulayırdı. O cümlədən böyük dövlətlərin üzərinə dünya nizamını qorumaq kimi müqəddəs bir vəzifənin düşdüyünü xüsusi vurğulayırdı. Ulu öndər İkinci Dünya müharibəsindən sonra formalaşmış beynəlxalq münasibətlər sisteminin ciddi islahatlara ehtiyacı olduğunu açıq bildirirdi. Bu bağlılıqda Ümummilli lider BMT Təhlükəsizlik Şurasında köklü islahatların aparılması zərurətini vurğulayırdı. Ulu öndər bütün dünya dövlətlərini barış, əməkdaşlıq və sülhə dəvət edir, Azərbaycanın xarici siyasətində bu məqamların əsas yer tutduğunu qeyd edirdi. Bütün bunlar aydın göstərirdi ki, Azərbaycan siyasi təfəkkürü məhdud məhəlli dairəni çoxdan tərk edib və qlobal miqyasda dünyəvi dövlətçiliyin formalaşdırılmasının başlıca prinsiplərini çox gözəl təqdim etməkdədir.
Təbii ki, bu, çox ciddi geosiyasi yenilik idi. Təsadüfi deyil ki, sonralar dünyanın bir sıra aparıcı liderləri Heydər Əliyevlə bağlı müəyyən etirafları etdilər. ABŞ-ın sabiq prezidentlərindən olan Bill Klinton deyəcəkdi: “Demokratiya və bazar iqtisadiyyatı yolu ilə gedən müstəqil dövlət kimi Azərbaycanın son illər möhkəmlənməsində, iqtisadi islahatların aparılmasında və bu işdə böyük uğurlar əldə edilməsində Prezident Heydər Əliyevin xidmətlərini yüksək qiymətləndirirəm.
Prezident Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan müstəqillik yolunda qarşılaşdığı çətinliklərin dəf edilməsində böyük müvəffəqiyyətə nail olmuşdur”.
Birbaşa Heydər Əliyevə müraciətlə isə ifadə etmişdi: “Cənab Prezident, Siz bizə çox lazımsınız. Qafqazda və Mərkəzi Asiya regionunda sülhün və sabitliyin bərqərar olunmasında Sizin xidmətlərinizi yüksək qiymətləndiririk. Sizin liderliyiniz və güclü qətiyyətiniz sayəsində Xəzərin zəngin ehtiyatlarının dünya bazarlarına alternativ yollarla ixrac olunması region dövlətlərinin müstəqilliyinin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayacaqdır”.
Fransanın sabiq Prezidenti Jak Şirak da Heydər Əliyevə olan heyranlığını gizlətmirdi: “Bu qeyri-adi şəxsiyyət Azərbaycanı tərəqqi yoluna gətirib çıxarmışdır. Müxtəlif görüşlərimiz zamanı, xüsusilə Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr apararkən münaqişənin sülh yolu ilə həllində onun göstərdiyi cəsarəti, müdrikliyi və qətiyyəti yüksək qiymətləndirdim.
. Azərbaycanın bəxti onda gətirib ki, bu ölkəyə Prezident Heydər Əliyev kimi böyük siyasi iradəyə, zəngin dövlətçilik təcrübəsinə malik, müdrik, uzaqgörən və nüfuzlu dövlət xadimi rəhbərlik edir”.
ABŞ-ın keçmiş prezidentlərindən olan Corc Buş isə açıq demişdi: “Dünyada tanınmış görkəmli dövlət xadimi Heydər Əliyevin şəksiz liderliyinə, cəsarətinə, misilsiz dünyagörüşünə və nadir natiqlik istedadına valehəm”.
Üçüncüsü, Heydər Əliyev milli ideyanı iflasdan qurtardı. Milli ideya hər bir cəmiyyət üçün mayakdır, onu gələcəyə aparan əsas qüvvədir. O, yalnız cəmiyyət özünün vahid məqsədini müəyyənləşdirdikdə real məzmun kəsb edir. Milli ideya heç zaman boş yerdə yaranmır. Onun konkret prinsipləri olmalıdır. Heydər Əliyev milli ideyanı konkret ideoloji konseptdə – azərbaycançılıqda ifadə etdi. Azərbaycançılıq ideologiyasına müasir dövlət quruculuğu tələblərinə uyğun yeni məzmun çalarları verdi. Burada vətənsevərlik, vətənpərvərlik və milli dəyərlərin qorunması müasirlik və demokratik cəmiyyətin formalaşması prinsipləri ilə vəhdət təşkil etdi. Bu aspektdə milli ideya ənənə ilə müasirliyin, milli ilə beynəlmiləlin sintezi kimi özünü göstərə bildi. Bütün bunlar isə dövlətçilik şüurunun inkişaf etdirilməsi fonunda konkret məzmun kəsb edə bilər. Heydər Əliyev milli ideyaya XXI əsrin tələblərinə uyğun dövlətçilik şüuru çalarları verməklə sözün həqiqi mənasında inqilabi yenilik edə bildi. Bu baxımdan Heydər Əliyev milli ideyanın həm nəzəri aspektlərini, həm də praktiki reallaşma mexanizmlərini işlədi.
1993-cü ilin birinci yarısına qədər isə milli ideya ciddi təhlükə qarşısında qalmışdı. Cəmiyyətdə dövlətçilik şüuru çox zəif idi və onun inkişaf etdirilməsi üçün heç bir iş görülmürdü. Əksinə, məhdud ideoloji baxışlar cəmiyyəti müxtəlif qruplara parçalamaqda idi. Bu proses davam etsəydi, Azərbaycan cəmiyyətinin bütövləşməsi olduqca çətin bir prosesə çevriləcəkdi. Heydər Əliyev azərbaycançılıqla nəinki cəmiyyətdə deqradasiya prosesinin qarşısını aldı, hətta dövlətçilik şüurunun yeni şəraitə uyğunlaşdırılması istiqamətində ciddi addımlar atdı. Bu bağlılıqda Türkiyənin Baş naziri olmuş, mərhum Bülənd Ecevitin bir fikri çox maraqlıdır. O, ifadə etmişdi: “Qüdrətli öndərsiz bir millət heç nəyə nail ola bilməz. Heydər Əlirza oğlu Atatürk qədər qüdrətli bir türkdür. Heydər Əlirza oğlu min ildən bir yetişən dahilərdəndir”. Böyük Britaniyanın sabiq Baş naziri Toni Bleyer isə açıq söyləmişdi: “. Son beş ildə Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu sahəsində Prezident Heydər Əliyevin müdrik rəhbərliyi ilə görülən işlər Britaniya hökuməti tərəfindən diqqətlə izlənilir və alqışlanır”.
Yeni demokratik Avrasiya quruculuğu: Heydər Əliyev imzası
Məşhur qırğız yazıçısı Çingiz Aytmatovun Ulu öndər haqqında dedikləri də diqqəti çəkir: “Heydər Əliyev həqiqətən də tarixi, hətta əfsanəvi bir şəxsiyyətdir. Heydər Əliyev onun yaşıdlarının və hətta ondan cavan olan bir çox siyasi xadimin bacarmadığı xüsusiyyəti – müasir dövrün ən aktual çağırışlarına hazır olmağı nümayiş etdirə bilmişdir. Məhz Heydər Əliyevin zəngin siyasi təcrübəsinin və humanitar dünyagörüşünün genişliyi nəticəsində indi Azərbaycanda sabitlik, tolerantlıq, mədəniyyət, maarifçilik hökm sürməkdədir. Bütün bunlar isə Azərbaycan dövlətinin müasir inkişafını və tərəqqisini təmin edəcək əsas amillərdir. Heydər Əlirza oğlu XX əsrin ən böyük liderlərindədir. O, müasir demokratik Avrasiyanın yeni tarixinin bugünkü qurucularından biridir”.
Bu fikirlərdə aydın şəkildə göstərilib ki, Heydər Əliyev tarixi və əfsanəvi bir şəxsiyyət kimi müasir dövrün ən aktual çağırışlarına hazır olub. O cümlədən cəmiyyətin ideoloji cəhətdən hazırlanmasını təşkil edə bilib. Nəticədə, Azərbaycanda başqa yeniliklərlə yanaşı, mədəniyyət və maarifçilik də tərəqqi edib. Daha geniş miqyasda isə Heydər Əliyev demokratik Avrasiyanın yeni tarixinin qurucularından biridir.
Sonuncu məqam Heydər Əliyev şəxsiyyətinin bütün dünya üçün əhəmiyyətini əks etdirir. Avrasiya kimi geniş və ziddiyyətli bir məkanda yeni tarixin yaradıcılarından olmaq böyük qüdrət tələb edir. Heydər Əliyev həyata keçirdiyi siyasətlə bunu yüksək səviyyədə dünyana nümayiş etdirib. Həmin bağlılıqda Ulu öndərin Bakı-Tbilisi-Ceyhan neft boru xəttinin çəkilişində göstərdiyi müdrikliyi, təmkini, qətiyyəti və aktivliyi ayrıca vurğulamaq lazımdır. Hələ həmin qanlı-qadalı illərdə Ümummilli lider daim vurğulayırdı ki, Bakı-Ceyhan layihəsi bütövlükdə Avrasiyanın geosiyasi dinamikasını dəyişəcək. Bu layihə geniş bir məkanda inkişafa, əməkdaşlığa və qarşılıqlı faydalı əlaqələrin yeni səviyyəyə yüksəlməsinə xüsusi töhfə verəcək. O cümlədən təhlükəsizlik sahəsində keyfiyyət dəyişikliyi edəcək. Təcrübə Ulu öndərin tam haqlı olduğunu təsdiq etdi. İndi Azərbaycan bir neçə əhəmiyyətli beynəlxalq enerji, nəqliyyat layihələrinin təşəbbüskarıdır. “Şərq-Qərb” və “Şimal-Cənub” dəhlizlərinin reallaşdırılmasının fəal üzvüdür, “Yeni İpək Yolu” layihəsində aktiv iştirakçıdır. Bunlar məcmu halında Avrasiyanın geosiyasi xəritəsində ciddi dəyişikliklərə təkan verməkdədir. Bu barədə dünyanın aparıcı siyasi liderləri dəfələrlə fikir bildiriblər. Bugünkü mövqeyə gəlib çıxmaqda Ulu öndərin qlobal miqyasda irəli sürdüyü əməkdaşlıq prinsipləri həlledici rol oynayıb.
Beləliklə, Heydər Əliyevin milli qurtuluş fəlsəfəsinin əsas prinsipləri bütövlükdə dövlətimizi yeni inkişaf səviyyəsinə çıxarmış, onu mühüm geosiyasi oyunçuya çevirmişdir. Təbii ki, bu prosesdə Heydər Əliyevin xarici siyasət kursu ciddi rol oynamışdır. Bu bağlılıqda Rumıniyanın sabiq Prezidenti Emil Konstantineskunun bir fikrini xatırlamaq tam yerinə düşərdi. O ifadə etmişdi: “. Zənnimcə, Heydər Əliyev dünya siyasətində çox mühüm rol oynamışdır və oynayacaqdır. Bu gün mən onun daha bir keyfiyyətini – bir sıra nəsillər üçün nəzərdə tutulmuş mühüm layihələrə qoşulan böyük dövlət xadimi keyfiyyətini kəşf etdim. Mən müəyyən dərəcədə tarixi fürsət olan İpək Yolunu nəzərdə tuturam. Ən başlıcası, öz xalqından istifadə etmək deyil, əksinə, öz xalqına xidmət etməkdir”. Bu sözlərdə birbaşa Heydər Əliyevin xarici siyasət kursunun yüksək səmərəliliyi əksini tapıb. Ulu öndər böyük ustalıqla Azərbaycanın milli maraqlarını xarici siyasətin hər məqamında ifadə edir və həmişə müsbət nəticəyə nail olurdu.
Xarici siyasət strategiyasının üç aspekti: mükəmməl kurs
Mütəxəssislər Ümummilli liderin xarici siyasət strategiyasının uğurunu üç faktorla izah edirlər. Birincisi, Heydər Əliyev dövrün çağırışlarına cavab verən xarici siyasi strategiyanı müəyyən etdi. Məsələ ondan ibarətdir ki, keçən əsrin 90-cı illəri ümumən qlobal siyasətdə müxtəlif ziddiyyətli məqamlarla xarakterizə olunurdu. Sosialist düşərgəsinin dağılması ilə geosiyasi mənzərənin sadələşəcəyinə və liberalizmin tam qələbə çalacağına ümid edənlərin gözləntiləri özünü doğrultmadı. Meydana daha mürəkkəb problemlər çıxdı. Onların sırasında müstəqilliyini əldə etmiş dövlətlərin suverenliyini, ərazi bütövlüyünü qorumasını və beynəlxalq münasibətlər sistemində həqiqi yerini müəyyənləşdirməsini qeyd etmək olar. Məhz belə bir şəraitdə Ulu öndər Azərbaycanın xarici siyasətini qlobal geosiyasi reallıqları diqqətə alaraq müəyyənləşdirdi.
İkincisi, bu kurs ölkəmizi əhatə edən geosiyasi reallığı dəqiqliklə nəzərə alırdı. Regionda baş verən proseslər və böyük dövlətlərin onda iştirakı olduqca mürəkkəb vəziyyət yaratmışdı. Azərbaycanın bu reallıqları nəzərə alaraq hərəkət etməsi lazım idi. İlk növbədə regionun nüfuzlu dövlətləri olan Rusiya, Türkiyə və İran istiqamətində səmərəli və obyektiv reallığı nəzərə alan kurs müəyyənləşdirilməli idi. Bunların fonunda Dağlıq Qarabağla bağlı süni olaraq yaradılmış münaqişənin xarici siyasət kursundakı yeri və rolu təyin edilməli idi. Həmin faktorları Heydər Əliyev böyük ustalıqla diqqətə aldı və onları zamanın tələblərinə uyğunlaşdırdı.
Üçüncüsü, Ulu öndər xarici siyasət strategiyasını hazırlayarkən xalqımızın zəngin dövlətçilik tarixinin başlıca məqamlarını zərgər dəqiqliyi ilə nəzərə ala bildi. Bu, müasir mərhələdə xarici siyasətdə olduqca mühüm məqamı əks etdirir. Belə ki, bu, milli dövlət quruculuğunun geosiyasi dinamika ilə bağlı əlaqələrinin məzmununu təşkil edir. Həmin səbəbdən Azərbaycan xalqının dövlətçilik tarixindən nəticələr çıxarmaqla xarici siyasət kursunun prinsiplərinin müasir şəraitə uyğunlaşdırılması strateji əhəmiyyət daşıyır.
Bununla da müasir Azərbaycan dövlətçiliyi tarixində xarici siyasətin mükəmməl konsepsiyasının başlıca prinsiplərinin formalaşdırılması imkanı meydana gəldi. Həmin kontekstdə Heydər Əliyevin xarici siyasət strategiyasında bir sıra faktorları baza prinsiplər olaraq müəyyən etməsi vurğulanmalıdır. Onlar aşağıdakılardan ibarətdir.
Hər şeydən əvvəl, Ulu öndər ölkəmizin təbii-coğrafi şəraitini, geosiyasi amilləri və yerləşdiyimiz ərazinin geostrateji əhəmiyyətini xarici siyasət kursunun əsas faktorları sırasına daxil etdi. Digər prinsip tarixi reallıq və ondan çıxarılan nəticələrlə bağlı idi. Növbəti faktor olaraq tarazlaşdırılmış və çoxqütblü xarici siyasət zərurətini qeyd etmək gərəkdir. Sonra, Ulu öndər Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və ərazimizin 20 faizinin işğalı faktını incəliklə xarici siyasət kursunun məzmununa daxil etdi. Bu kontekstə başqa bir vacib faktoru – erməni lobbi dairələrinin ölkəmizə qarşı apardığı düşmənçilik və qarayaxma siyasətinə qarşı sistemli mübarizə xəttinin də xarici siyasətdə yerini tapmasına nail oldu.
Növbəti çox əhəmiyyətli məqam ölkəmizin zəngin enerji resurslarına və nəqliyyat-logistika imkanlarına malik olmasının xarici siyasət strategiyasının mərkəzi punktlarından biri statusuna gətirilməsi ilə əlaqəlidir. Bu məsələ yalnız Azərbaycanın diplomatiya tarixində deyil, ümumiyyətlə, bütün dünya üçün əhəmiyyətli olan incə siyasətlə bağlıdır. Dünyanın aparıcı ölkələrinin siyasi liderləri həmin məqamı daim vurğulayırlar. Bu bağlılıqda Bill Klintonun Heydər Əliyevə xitabən dediklərinin bir fraqmentini xatırlamağa dəyər. ABŞ-ın sabiq Prezidenti ifadə etmişdi: “Sizin liderliyiniz və güclü qətiyyətiniz sayəsində Xəzərin zəngin ehtiyatlarının dünya bazarlarına alternativ yollarla ixrac olunması region dövlətlərinin müstəqilliyinin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayacaqdır”. Təcrübə bu tezisin doğruluğunu tam təsdiqləmişdir.
Digər məqam xarici siyasətdə müasir tələblər səviyyəsində Azərbaycanın insan resursları və iqtisadi potensialının dəqiqliklə nəzərə alınması ilə əlaqəlidir. İndiki mərhələdə bu reallığın nəzərə alınmaması müstəqillik və suverenlik üçün ciddi təhlükədir. Bunu Ukrayna və Gürcüstanın timsalında aydın görmək mümkündür. Azərbaycan isə Ümummilli liderin uzaqgörənliyi sayəsində həmin ziddiyyətləri yaşamadı. Ölkənin insan resursları və iqtisadi potensialı ustalıqla xarici siyasət kursunda istifadə edildi və bu proses indi də uğurla davam etdirilir.
Nəhayət, xarici siyasət strategiyasında xalqımızın zəngin tarixi, mədəniyyəti və multikultural ənənələri lazımi səviyyədə diqqətə alındı. Heydər Əliyev bütün dövrlərdə Azərbaycan xalqının tarixi, mədəni və multikultural ənənələrinə daim diqqət və qayğı göstərib. Hələ sovet dönəmində yüksək vəzifələrdə çalışarkən bu məqama ayrıca önəm verib. Deyək ki, SSRİ zamanında milli kadrların yetişdirilməsi xətti ilə yanaşı Azərbaycanın böyük ədibləri, mədəniyyət xadimləri, milli bayramları, dili ilə bağlı çox əhəmiyyətli addımlar atırdı. Məhz bu kimi faktorların sayəsində Azərbaycan öz milli-mədəni varlığını qoruya bildi. Müstəqillik mərhələsində isə həmin faktorlar tamamilə yeni məzmunda xarici siyasət kursunun prinsipləri sırasına daxil edildi. Heydər Əliyevin siyasət dahisi olmasının əsas göstəricilərindən biri məhz bununla bağlıdır. Bu baxımdan bir müddət ziddiyyətli münasibətlərimiz olmuş İranın sabiq Prezidenti Seyid Məhəmməd Xatəminin Ulu öndər haqqında dedikləri ibrətamizdir. O, vurğulamışdı: “Heydər Əliyev yenicə ayağa qalxan Azərbaycan Respublikasının sabitlik və tərəqqiyə qovuşmasında təsirli rol oynamış, gözəl Azərbaycan xalqının rifahı, asayişi naminə səy göstərmiş təcrübəli və məşhur siyasət xadimi olmuşdur. Cənab Heydər Əliyevin regional sülh və dostluğa nail olması, iki dost, qardaş ölkə olan İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında əlaqələrin dərinləşdirilməsi yolunda xidmətləri heç vaxt xatirələrdən silinməyəcəkdir”. Buradan aydın görünür ki, Heydər Əliyev böyük ustalıqla Azərbaycan xalqının milli-mədəni özünəməxsusluğu ilə regional miqyasda sülh və əmin-amanlığın təmin edilməsi arasında uğurlu əlaqə yarada bilmişdi.
Təbii ki, Heydər Əliyevin xarici siyasət kursundan bəhs edərkən bu böyük şəxsiyyətin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi istiqamətində atdığı addımları vurğulamamaq mümkün deyildir. Müasir müstəqillik tarixində ilk dəfə olaraq Heydər Əliyev bu məsələni konseptual formada Azərbaycanın xarici siyasət kursunun prioritet məsələləri sırasına daxil etdi. Bu, mövcud geosiyasi reallıqlar kontekstində asan məsələ deyildi. Çünki bir tərəfdən qlobal geosiyasətin özü müxtəlif problemlərlə üzləşmişdi. Böyük dövlətlər xüsusi maraqlarını daha üstün tutaraq ədalət hissini tamamilə itirmişdilər. Digər tərəfdən isə təcavüzkar Ermənistanı havadarları aktiv şəkildə müdafiə edirdilər və bu, indi də davam etməkdədir.
Belə mürəkkəb şəraitdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin incəliklə xarici siyasət kursuna mühüm faktor kimi daxil edilməsi böyük diplomatik ustalıq tələb edirdi. Heydər Əliyev onun ən səmərəli üsulunu tapa bildi. Nəticədə, beynəlxalq təşkilatlar sürətlə həqiqəti öyrəndi, müxtəlif sənədlərdə Ermənistanın təcavüzkarlığı vurğulandı, regionun böyük dövlətləri Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bəyan etdilər, BMT erməni təcavüzünə son qoyulması ilə bağlı dörd qətnamə qəbul etdi və ATƏT münaqişəni sülh yolu ilə həll etmək üçün xüsusi qrup (ATƏT-in Minsk qrupu) yaratdı. Çoxillik gərgin fəaliyyət Ermənistanın təcavüzkarlığını bütün dünyaya nümayiş etdirməyə imkan yaratdı. Prezident İlham Əliyev sonrakı mərhələdə bu istiqamətdə dalbadal uğurlu addımlar ataraq, Ermənistanın küncə sıxışdırılması prosesini yeni səviyyəyə yüksəltdi. Artıq ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri Dağlıq Qarabağın mövcud statusunun dəyişilməz qalmasının mümkün olmadığını bəyan edirlər. Bu o deməkdir ki, münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi şərti ilə öz ədalətli həllini tapa bilər.
Bunlardan başqa, Heydər Əliyevin xarici siyasət strategiyasında yeni demokratik Avrasiya quruculuğu aspekti “Böyük İpək Yolu” layihəsinə verdiyi önəmdə də ifadə olunmaqdadır. Hələ keçən əsrin 90-cı illərinin ortalarında postsovet məkanında liberalizmin dəbdə olduğu bir zamanda Heydər Əliyev Çinə səfər etdi. O vaxt bu səfərin strateji əhəmiyyətini çox az adam anlaya bildi. Lakin təcrübə göstərdi ki, Ulu öndər olduqca uzaqgörən addım atıb. Belə ki, Çin coğrafi olaraq Azərbaycandan uzaq olsa da, geosiyasi olaraq çox yaxındır və yeni Avrasiyanın inşasında Pekin faktorunu nəzərə almadan heç bir iş görmək mümkün deyildir. İndi bütün dünya ağızdolusu Çinin təşəbbüskarı olduğu “Bir Qurşaq, Bir Yol” qlobal layihəsinin perspektivindən danışır. Yüzlərlə ölkənin bu layihəyə qoşulmaq istəyi haqqında informasiyalar yayılır. Hətta Ermənistan belə bundan yararlanmağa çalışır. Ancaq faktdır ki, keçən əsrin 90-cı illərində bu günü görənləri barmaqla saymaq olardı. Onların önündə Azərbaycanın lideri Heydər Əliyev gedirdi. Onun əsasını qoyduğu Çin siyasəti özünün bəhrəsini yüksək səviyyədə verməkdədir. Xarici siyasətin digər prioritetləri ilə birgə Çin siyasəti Azərbaycanı Cənubi Qafqazın geosiyasi “düyün nöqtəsi” statusuna qədər yüksəldib. Hazırda ölkəmiz “Şərq-Qərb” və “Şimal-Cənub” dəhlizlərinin qovuşma məkanı, “Yeni İpək Yolu” layihəsinin fəal iştirakçısı və bir neçə əhəmiyyətli enerji layihələrinin təşəbbüskarıdır. TAP, TANAP, “Cənub Qaz Dəhlizi” və başqa layihələr qlobal enerji təhlükəsizliyinin mərkəzi bəndlərini təşkil edir. Nəqliyyat layihələri isə ümumiyyətlə, geosiyasi əhəmiyyətli hadisələrdəndir.
Azərbaycan faktiki olaraq xarici siyasətin bütün istiqamətlərində uğur qazanan və onları bir-biri ilə uyğunlaşdıra bilən perspektivli dövlətdir. Ölkəyə etibarlı tərəfdaş kimi yanaşırlar. Buraya xarici iş adamları külli miqdarda sərmayə yatırmaqdan çəkinmirlər. Azərbaycan bütün sahələr üzrə Cənubi Qafqazın lider dövlətinə çevrilib. Və həmin irəliləyişim memarı Ulu öndər Heydər Əliyevdir.
Beləliklə, Heydər Əliyevin Azərbaycana, regiona və dünyaya ciddi töhfələr verdiyi hamılıqla tanınan faktdır. Onun dövlət quruculuğu kursunu Prezident İlham Əliyev böyük uğurla inkişaf etdirir. Ümumiyyətlə, Ulu öndərin əvəzsiz xidmətlərindən biri də Azərbaycan xalqının gələcək tərəqqisini təmin edən İlham Əliyev kimi böyük siyasət xadimini yetişdirməsi idi. Bu, əslində, Heydər Əliyevin Vətən sevgisindən, siyasi peşəkarlığından, milli dəyərlərə ciddi bağlılığından qaynaqlanır. Yəni Ulu öndər müstəqil Azərbaycan naminə yalnız yaşadığı dövrü deyil, gələcəyi də düşünüb! Buna görə də Ulu öndər ümummilli lider kimi həmişəyaşardır, xalqın qəlbində, dövlətin bütün istiqamətlər üzrə aparılan uğurlu siyasətinin ruhundadır.
Novruz Məmmədov,
Azərbaycan Respublikası Prezidentinin
xarici siyasət məsələləri üzrə köməkçisi – şöbə müdiri,
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü
Comments are closed, but trackbacks and pingbacks are open.