Press "Enter" to skip to content

Müasir dövrdə abş xarici siyasətində asiya istiqaməti

AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədovun “Heydər Əliyevin xarıci sıyasət kursu və Azərbaycanın diplomatik uğurları” adlı məqaləsini təqdim edir.

siyasielmler

Azərbaycanın xarici siyasətinin əsas istiqamətləri

Posted on Noyabr 24, 2010 by siyasielmler

Azərbaycanda müstəqil dövlət quruculuğu vəzifələri-müstəqilliyin möhkəmləndirilməsi, təhlükəsizliyin, ərazi bütövlüyünün və iqtisadi maraqların təmin olunması və s. özünəməxsus xüsusiyyətlərlə, vəzifə və faktiki gedişlərlə fərqlənən müxtəlif istiqamətli xarici siyasət yeridilməsini tələb edirdi. Ölkənin müstəqilliyinin dönməzliyinə nail olmaq, onu tədricən ənənəvi siyasi təsir dairəsindən çıxarmaq, tarixən formalaşmış xarici iqtisadi, siyasi və mədəni əlaqələrdən müstəqillik mənafeləri üçün səmərəli istifadə etmək, Şərqlə Qərb arasındakı münasibətlər sistemində Azərbaycanın özünənəməxsus yer tutmasını təmin etmək üçün region dövlətlərinin köklü mənafelərinə və maraqlarına toxunmamaq şərtilə çoxşaxəli və tarazlaşdırılmış siyasət həyata keçirilir.

Ilk növbədə regionda böyük təsir gücünə malik olan Rusiya ilə qarşılıqlı əməkdaşlıq prinsiplərinə əsaslanan ikitərəfli münasibətlər qaydaya salındı. İki ölkə arasındakı münasibətləri normalaşdırmaq üçün bütün incəlikləri nəzərə alan yollar, vəsitələr araşdırıldı, hər iki tərəfin mənafeyinə cavab verən iqtisadi, siyasi və mədəni əlaqələrin inkişafı üçün bir sıra təsirli addımlar atıldı.

Müstəqil dövlət quruculuğu prosesində Rusiya ilə əlaqələrdən bəhrələnmək, bəzi imperiyapərəst qurumları bitərəfləşdirmək taktikası Azərbaycanın xarici siyasət kursunda müstəqil bir istiqamət kimi həyata keçirilməyə başlandı. 1993-cü il sentyabrın 6-da Heydər Əliyev Moskvada Rusiya Prezidenti Boris Yeltsin və Rusiyanın başqa rəhbər şəxsləri ilə görüşüb iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması məsələlərini müzakirə etdi, sentyabrın 24-də isə Azərbaycan MDB-yə daxil oldu.

Eyni zamanda, müstəqil dövlətçilik problemlərini həll etmək, bu yolda qarşıya çıxan təzyiqlərə birgə sinə gəlmək, yeni itisadi və dövlətlərarası münasibətlərə uyğun ikitərəfli və çoxtərəfli əlaqələr yaratmaq məqsədilə digər MDB dövlətləri, Ukrayna, Belorusiya, Gürcüstan, Moldava və xüsusən 1993-cü ilin sonuna qədər Azərbaycanla kəskin münasibətlərə malik olan Orta Asiya Respublikaları ilə münasibətlərin köklü şəkildə yenidən qurulması üçün yeni forma və vasitələrdən istifadə edilir.

Həmin dövr üçün Azərbaycanın xarici siyasət fəaliyyətində mühüm əhəmiyyət kəsb edən istiqamətlərdən biri də Qafqaz bölgəsinin dövlətləri və xalqları ilə mehriban qonşuluq münasibətlərinin yaradılması idi. Çünki tarix boyu bu regionda baş verən ictimai-siyasi proseslər bölgə xalqının və dövlətinin bir-birinə qarşı qoyulması yolu ilə gərginləşdirilmiş, Qafqazda ümumi təhlükəsizlik sisteminin yaradılması sahəsində səylərin qarşısı alınmışdır. Yeni şəraitdə Qafqazın təhlükəsizlik problemlərinin və starateji dövlətçilik mənafelərinin eyniliyi, bölgə dövlətlərinin qarşı-qarşıya qoyulması hallarının aradan qaldırılması zərurəti bu yöndə xüsusi xarici siyasət yeridilməsini və region dövlətləri arasındakı hərtərəfli əlaqələri tənzimləyən münasibətlər yaradılmasını tələb edirdi.

1993-cü ilin sonundan etibarən Azərbaycanın xarici siyasətində bu istiqamət xüsusilə aydın parametrlər kəsb etməyə başladı. 1994-cü ildə Ermənistan-Azərbaycan cəbhəsində atəşkəsin əldə olunması, 1996-cı il martın 8-də Azərbaycan respublikasının Prezidenti Heydər Əliyevin Gürcüstana rəsmi səfəri zamanı “Qafqaz bölgəsində sülh, sabitlik və təhlükəsizlik haqqında” Azərbaycan-Gürcüstan Bəyənnaməsinin imzalanması Respublikamızın Qafqazda həyata keçirdiyi xarici siyasətin mühüm uğuru idi. Tiblisidə iki dövlət başçısının imzaladığı birgə Bəyənnamə “Ümumi Qafqaz evi” ideyasının əməli olaraq həyata keçirilməsinin başlanğıcını qoydu.

Azərbaycanın regionundakı sosial-iqtisadi inkişafı və siyasi təkamülə xidmət edən qlobal iqtisadi layihələrin gerçəkləşməsi istiqamətində ardıcıl addımları və sülhsevər siyasəti bu ideyanın reallaşmasına əlverişli zəmin yaratdı. Lakin Ermənistan təcavüzkar siyasəti və regiondakı konfliktlərin həllinin uzanması “Ümumi Qafqaz evi” ideyasının həllini xeyli çətinləşdirdi. Azərbaycan dövlətinin “Ümumi Qafqaz evi” təşəbbüsü bu gün də aktual təşəbbüs kimi gündəlikdə durur və öz həllini gözləyir.

Azərbaycan dövləti özünün bütün inkişafı boyu Yaxın və Orta Şərqin ən nüfuzlu və aparıcı ölkələri olan İran və Türkiyə kimi böyük, nüfuzlu və regionda xüsusi təsir gücü olan dövlətlərlə sıx qarşılıqlı münasibətlərdə olmuşdur. İstər Azərbaycanın hər iki dövlətlə ikitərəfli, istər birgə, istərsədə bu iki dövlətin öz aralarında mövcud olan əlaqələri hər zaman Respublikamızın həm daxili həyatı, həm də beynəlxalq vəziyyətinə öz təsirini göstərmişdir. Ona görə də, müstəqil Azərbaycan diplomatiyası hər iki dövlətlə öz əlaqələrini elə qurmalı idi ki, bir tərəfdən, onların imkanlarından və bölgədə kəsişən maraqlarından Azərbaycan dövlətçiliyinin mühüm problemlərinin həll edilməsində istifadə etsin, digər tərəfdən, Respublikanın inkişafını və maraqların bu iki dövlət arasındakı münasibətlərin təsirindən azad etsin.

Lakin 1993-cü ilin ortalarına qədər Azərbaycanın xarici siyasət kursunda bu mühüm prinsipin əhəmiyyəti lazımınca qiymətləndirilə bilmədi. Tarazlaşdırılmamış xarici siyasət strategiyası Azərbaycanın cənub qonşusu olan İranla münasibətlərinin kəskin siyasi- ideoloji qarşıdurma vəziyyətinə gəlib çıxması ilə nəticələndi.

İran-Azərbaycan münasibətlərinin bütün dövrlərdə yalnız Azərbaycan beynəlxalq vəziyyətinə deyil, həm də Respublikanın daxili həyatına əhəmiyyətli təsir göstərmək imkanlarını nəzərə alan ölkə başçısı İranla gərgin vəziyyətə çatdırılmış siyasi-ideoloji qarşıdurmanı dayandırmaq, münasibətləri mehriban qonşuluq və əməkdaşlıq prinsipləri üzərində yenidən qurmaq, iki ölkə arasındakı əlaqələri bütün mümkün yolla və vasitələrlə yaxşılaşdırmaq üçün 1993-cü ilin ortalarından başlayaraq gərgin və səmərəli iş apardı. Bunun nəticəsində artıq 1993-cü ilin sonu-1994-cü ilin əvvəlində bu qonşu dövlətlə əlaqələrdə dönüş yaratmaq mümkün oldu.

Bundan başqa, Azərbaycan hökuməti Türkiyə ilə münasibətlərin normal, sivil, qarşılıqlı faydalı iqtisadi-siyasi əməkdaşlıq və tərəfdaşlıq müstəvisi üzərinə keçirmək üçün çox ciddi və məqsədyönlü iş apararaq tezliklə müsbət nəticələrə nail oldu. Hər şeydən əvvəl, region dövlətlərini və beynəlxalq qurumları iki ölkə arasındakı münasibətlərin əvvəlki dövrdə olduğu kimi sırf etnik amillər əsasında deyil, iki müstəqil dövlətin beynəlxalq birgəyaşayış normalarına söykənən qarşılıqlı mənafeyi üzərində qurulduğuna inandırmaq mümkün oldu. Bu da Azərbaycanın beynəlxalq münasibətlər sisteminə daha uğurlu inteqrasiyası qarşısında əlverişli imkanlar açdı.

Müstəqil Azərbaycan dövlətinin xarici siyasətinin ən mühüm starteji istiqamətlərdən biri də Qərbin və Şərqin aparıcı ölkələri ilə münasibətlərin tənzimlənməsində, həmin ölkələrlə əməkdaşlıq və tərəfdaşlıq prinsiplərinə əsaslanan qarşılıqlı əlaqələrin qurulmasından ibarət idi. Bunun üçün, ilk növbədə, Azərbaycanın geosiyası mövqeyi və iqdisadi tərəfdaşlıq imkanları obyektiv qiymətləndirilməli, həmin amillərin bəhs edilən ölkələrin iqtisadi və siyasi maraqları ilə uzlaşdırılması yönümündə təsirli addımlar atılmalı idi.

Bu zərurəti tam aydınlığı ilə dərk edən Azərbaycan hökuməti 1993-cü ilin axırlarından başlayaraq həm Şərq və Qərb, həm də region ölkələri ilə münasibətləri ayrı-ayrı təsadüfü əlaqələr səviyyəsində sistemli xarici siyasət kursu səviyyəsinə qaldırmaq taktikası seçdi.

Həyata keçirilən yeni xarici siyasət dünyanın aparıcı dövlətlərinin iqtisadi və siyasi maraqlar sisteminə daxil olan müstəqil Azərbaycan dövlətinə öz təhlükəsizliyi və digər dövlətlərlə qarşılıqlı faydalı əlaqələr yaratması üçün etibarlı beynəlxalq təminat qazanmağa imkan verdi. Müstəqil dövlət quruculuğunun həyata keçirilməsi və onun təhlükəsizliyi üçün daxili amilin müstəqillik iradəsi və əzmi, xarici amilin isə beynəlxalq təminat ilə müəyyənləşdiyi nəzərə alınarsa, onda bu gün müstəqil Azərbaycan dövlətinin qorunması və inkişafını şərtləndirən hər iki amilin təmin edilməsi və möhkəmləndirilməsi yolunda əsaslı addımların atıldığını qeyd etmək olar.

Müstəqillik və dövlətçilik mənafelərini qorumaq, bu sahədə qarşıya çıxan problemləri beynəlxalq aləmin dəstəyi ilə həll etmək üçün Azərbaycan diplomatiyası beynəlxalq və məhəlli təşkilatlarla sıx əlaqələr yaratmaq, beynəlxalq hüquq noramaları və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri ilə tənzimlənən böyük dünya siyasətinə qatılmaq sahəsində də mühüm işlər görmüşdür. BMT, Avropa Birliyi, Avropa Şurası, ATƏT, MDB, İslam dünyası ölkələrini birləşdirən İKT, Yaxın və Orta Şərq ölkələrinin təmsil olunduğu EKO, Qara dəniz ətrafı dövlətləri birləşdirən Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq, məhəlli təşkilatlarla sıx inteqrasiyanın, hərtərəfli münasibətlər qurulmasının yeni yolları və vasitələri müyyənləşdirilmiş və həyata keçirilmişdir.

Ermənistanın təcavüzünün dəf edilməsi, Respublikamızın pozulmuş ərazi bütövlüyünün bərpa olunması və işğalçıların ölkə ərazisindən çıxarılması, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı beynəlxalq aləminin dəstəyinin qazanılması müstəqil dövlət quruculuğunun bütün dövürlərində Azərbaycan diplomatiyasının qarşısında qoyduğu ən mühüm istiqamətlərdən və vəzifələrdən biri olmuşdur. Dağlıq Qarabağ ətrafında yaranmış münaqişənin qanlı tarixi göstərdi ki, beynəlxalq rəyi nəzərə almadan, ayrı-ayrı nüfuzlu beynəlxalq təşkilatların və dövlətlərin dəstəyinə nail olmadan, hərtərəfli düşünülmüş diplomatik iş aparmadan güc tətbiq etməklə bu məsələnin həllinə yönələn hər bir cəhət əvvəlcədən acı nəticəyə və uğursuzluğa məhkumdur. Ona görə də, Azərbaycan diplomatiyası bu dövrdə bütün gücünü müstəqil dövlətimizin dünyada tanınmasına, onun beynəlxalq nüfuzunun artmasına, ictimai-siyasi, iqtisadi və mənəvi həyatın bütün sahələrində dünya birliyinə inteqrasiya olunmasına yönəltmişdir.

Əli-zadə Firdovsi Cavid oğlu Qərb Universitetinin Siyasi elmlər- politologiya fakültəsinin 2-ci kurs tələbəsi (119-cu qrup)

Müasir dövrdə abş xarici siyasətində asiya istiqaməti

Müasir qloballaşan dünyada geosiyasi sabitliyə, balanslaşdırılmış siyasətə əsaslanmadan beynəlxalq səviyyədə istənilən zəruri qarşılıqlı fəaliyyətə nail olmaq mümkünsüzdür. Azərbaycan kifayət qədər mürəkkəb və strateji əhəmiyyətli regionda yerləşdiyinə görə xarici siyasət kursunu müəyyənləşdirərkən, bir tərəfdən, öz milli maraqlarını qorumaq, bölgənin aparıcı dövləti statusunu möhkəmlətmək, digər tərəfdən, bölgədə maraqları olan bütün dövlətlərlə, eləcə də qonşu dövlətlərlə bərabərhüquqlu tərəfdaşlıq münasibətlərini saxlamaq və genişləndirmək kriteriyalarından çıxış edir. Bu baxımdan Azərbaycan dövlətinin xarici siyasətinin əsasını balanslaşdırılmış siyasət, müstəqilliyimizin beynəlxalq dayaqlarını daha da möhkəmləndirməyə istiqamətlənmiş qlobal layihələrin həyata keçirilməsi, dunyanın güclu dövlətləri və aparıcı beynəlxalq təşkilatları ilə əlaqələrin daha da genişləndirilməsi təşkil edir. Tam əminliklə deyə bilərik ki, Azərbaycan bütün ölkələrlə qarşılıqlı anlaşma, hörmət və heç bir dövlətin daxili işlərinə qarışmadan və bütün dünyada qəbul edilmiş demokratik prinsiplərə əsaslanan müstəqil siyasət həyata keçirir.

Bu gün Azərbaycanın istər daxili, istərsə də xarici siyasəti xalqın istəyinə uyğundur. Ölkəmizin xarici siyasətdə əsas götürdüyü prioritetlər də məhz xalqımızın milli mənafeyinə xidmət edir. Qərb siyasi dairələri də artıq etiraf edirlər ki, Azərbaycanın iştirakı və razılığı olmadan regionda irimiqyaslı layihələr həyata keçirmək mümkünsüzdür. Azərbaycan dövləti bir sıra beynəlxalq təşkilatların fəal üzvü və qurucusudur: dövlətimiz BMT, ATƏT, Avropa Şurasının üzvü, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, MDB və digər beynəlxalq təşkilatların fəal iştirakçısıdır. Ölkəmiz eyni zamanda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının qurucularından biridir.

Düşünülmüş uğurlu dövlət siyasətinin nəticəsidir ki, Azərbaycan dünyada müşahidə olunan qlobal siyasi və iqtisadi böhran fonunda günü-gündən inkişaf etməklə yanaşı, həm də bütün dünyada etibarlı tərəfdaş və sülhsevər ölkə kimi tanınır. Əsası Umummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş xarici siyasət kursu bu gün Prezident İlham Əliyev tərəfindən əzmlə davam etdirilir. Ölkə prezidentinin xarici siyasət konsepsiyasında Dağlıq-Qarabağ münaqişəsinin sülh yolu ilə və ədalətli şəkildə həlli mühüm yer tutur. Dövlət başçısının münaqişənin həlli yönümündə apardığı siyasi mübarizəyə əsaslanan diplomatiya nəticəsində erməni saxtakarlığı dünya səviyyədində ifşa edilir və nəticə etibarı ilə bir sıra dövlətlər və nüfuzlu beynəlxalq təşkilatlar Ermənistanı təcavüzkar və terrora rəvac verən bir dövlət kimi tanıyırlar. Bütün əhəmiyyətli beynəlxalq layihələrdən kənarda qalan, iqtisadi və siyasi böhranla üz-üzə duran Ermənistan bu günə kimi BMT-nin 4 qətnaməsini hələ də yerinə yetirmir, bu rəsmi sənədlərin tələblərinə əməl etmir, AŞPA və ATƏT-in qətnamələri və hesabatlarına məhəl qoymur, qeyri-konstruktiv mövqe sərgiləyərək münaqişənin həlli istiqamətində danışıqlar prosesini bilərəkdən uzadır, verdiyi öhdəlikləri yerinə yetirməməklə bərabər, təmas xəttində təxribatlar törətməklə özünün təcavüzkar mövqeyini nümayiş etdirməkdən çəkinmir.

2011-ci il oktyabrın 24-də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına 2012-2013-cü illər üçün qeyri-daimi üzvlük üçün keçirilən seçkilərdə Azərbaycan 155 ölkənin dəstəyini qazanaraq böyük tarixi uğura imza atmışdır. Ölkəmizin 26 illik müstəqilliyi dövründə bu cür böyük nailiyyətin əldə edilməsi Azərbaycan dövlətinin başçısı tərəfindən həyata keçirilən uğurlu xarici siyasətin məntiqi nəticəsidir. Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri arasında bu mötəbər quruma qeyri-daimi üzv seçilən ilk, bütün MDB məkanında isə ikinci ölkədir. Bu tarixi hadisə onu deməyə əsas verir ki, Azərbaycan dünya siyasətindəki müxtəlif qlobal problemlərin müzakirəsinə cəlb olunmuş, regional siyasətlə yanaşı, dünya siyasətinin də əsas aktyorlarından birinə çevrilmişdir. Dünyada iqtisadi və siyasi böhranın tüğyan etdiyi bir vaxtda Azərbaycan tarixi köklərindən qaynaqlanan və həyat tərzinə çevrilmiş multikulturalizm ideyalarını ortaya qoyaraq bu siyasətin alternativinin olmadığını əyani şəkildə sübuta yetirmiş, dünyada sülhün və təhlükəsizliyin qarantına çevrilmişdir. Hazırda Azərbaycan müxtəlif millətlərə və dinlərə məxsus insanların birgə və mehriban yaşadığı tolerant bir ölkə kimi tanınır, Qərblə İslam dünyası arasında bir körpü olaraq, mədəniyyətlər və sivilizasiyalararası dialoqa böyük töhvələr verir.

Azərbaycanda 2016-cı ilin “Multikulturalizm İli” və 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi, ölkə rəhbərinin növbəti humanist addımıdır. Dövlətimizin başçısı bu sülhsevər təşəbbüslə İslam aləmini bir masa ətrafında əyləşməyə, mövcud təhdidlərə və təhlükələrə qarşı birgə mübarizəyə, tərəqqi naminə sıx əməkdaşlığa və həmrəyliyə səsləmişdir. Qərbdə İslamafobiya, ksenofobiya, antisemitizm meyillərinin coxaldığı bir dövrdə ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edən cənab prezident bu sərəncamla müsəlman ölkələrinin həmrəyliyinin möhkəmlənməsinin vacibliyini önə çəkmişdir.

Dövlətimizin beynəlxalq aləmdə mövqeyinin güclənməsi və beynəlxlq nüfuzunun yüksəlməsində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın misilsiz və çoxşaxəli fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Azəraycan xalqının mədəni irsinin keşiyndə duran, milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsində misilsiz xidmətlər göstərən Mehriban xanım Əliyevanın təşəbbüsü ilə “İçərişəhər” Tarixi Memarlıq Qoruğu və “Qobustan” qayaüstü abidələri dünyanın mədəni irsi siyahısına salınmış, mədəni-mənəvi irsimizin əzəmətli abidəsi olan muğam YUNESKO-nun qeyri-maddi irs siyahısına daxil edilmişdir. Xalqımızın haqq səsinin dünyaya çatdırılması və erməni qəsbkarlarının cinayətləri haqqında düzgün və dolğun informasiyanın yayılması Azərbaycanın birinci xanımı, YUNESCO və İSESCO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyevanın və “Xocalıya ədalət” Beynəlxalq Kampaniyasının təşəbbüskarı Leyla xanım Əliyevanın siyasi və ictimai fəaliyyətinin prioritet istiqamətini təşkil edir.

Beynəlxalq səviyyədə tanınan siyasi və ictimai xadimlərin, nüfuzlu alim və tədqiqatçıların, aparıcı mütəxəssislərin iştirakı ilə Bakıda mədəniyyətlərarası dialoqa dair beynəlxalq tədbirlərin keçirilməsi də ölkəmizin dünya arenasında nüfuzunun artmasına böyük təsir göstərmişdir. Ötən il BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun, bu il “Mədəniyyətlərarası dialoqun inkişafı: insan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Bakıda keçirilməsi bir daha göstərdi ki, multikultural və tolerant ənənələrə sadiq olan Azərbaycanın sivilizasiyaların, mədəniyyətlərin və dinlərin dialoqunun inkişafı sahəsində zəngin təcrübəsi bütün dünya üçün yeni bir modeldir.

Azərbaycanın xarici siyasətinin istiqamətlərindən biri kimi cox mühüm məsələlərdən biri də ölkəmizin beynəlxalq terrorizmə və kütləvi qırğın silahlarının istifadəsinə qarşı mübarizədə fəal iştirak etməsidir. Bu sahədə dövlətimiz çoxtərəfli və ikitərəfli çərçivədə beynəlxalq əməkdaşlığa cəlb olunmuşdur. Beynəlxalq terrorizmə qarşı mübarizə ilə əlaqədar Azərbaycan bütün beynəlxalq təşəbbüslərə qoşulur və bu sahəyə dair müxtəlif beynəlxalq tədbirlərdə layiqincə təmsil olunur. Bizim sülhməramlılar beynəlxalq birliyin digər üzvlərindən olan əsgər və zabitlərlə bərabər Kosovo, Əfqanıstan və İraqda şərəflə xidmət göstərmişlər.

Bu gün dünyada baş verən müxtəlif proseslər – yeni müharibə ocaqlarının yaranması, ölkələr arasında enerji daşıyıcılarının nəqli sahəsində problemlərin və mübahisələrin yaşanması göstərir ki, ayrı-ayrı dövlətlər enerji təhlükəsizliyi barədə daha ciddi düşünməli, xüsusən, alternativ nəql sistemlərinin yaradılması istiqamətində müəyyən tədbirlərin həyata keçirilməsi istiqamətində ciddi addımlar atmalıdırlar. Bu baxımdan zəngin neft-qaz ehtiyatlarına malik Azərbaycan həmişə alternativ nəql imkanlarının axtarışında olan Avropanın və digər dünya dövlətlərinin diqqətini cəlb etməkdədir. Məhz bu səbəbdən enerji layhələri ölkəmizin xarici siysət strategiyasının müəyyən olunmasında əsas amil kimi cıxış edir. 1994-cü ildə Ulu Öndərin təşəbbüsü ilə imzalanmış Əsrin müqaviləsinin müddətinin 2050-ci ilə qədər uzadılması, Cənub Qaz Dəhlizi, TANAP, TAP və digər enerji layihələrinin həyata keçirilməsi Avropa və dünyanın enerji təhlükəsizliyi baxımından böyük əhəmiyyətə malikdir. Bu günlərdə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi ilə Azərbaycan dünya miqyasında yeni bir tarixi uğura imza ataraq beynəlxalq aləmdəki mövqeyini daha da möhkəmləndirdi. Azərbaycan, Türkiyə və Gürcüstanın birgə səyi nəticəsində 10 il ərzində ərsəyə gələn bu layihə ölkəmizin iqtisadi inkişafına böyük təsir göstərəcək. Dünya ictimaiyyətinin diqqət mərkəzində olan bu layihə Avropa və Asiya üçün mühüm strateji əhəmiyyətə malikdir. Bu gün Azərbaycanın iqtisadi qüdrətinin yksəlməsi, “Davos” İqtisadi Forumunun 2017-2018-ci illər üzrə hesabatında 140 ölkə arasında 37-ci yerdən 35-ci yerə qədər irəliləməsi cənab Prezidentin söylədiyi kimi, cox böyük uğur və tarixi nailiyyətdir.

Müasir dünyada daxili və xarici siyasət sahəsində dövlətlərin strateji vəzifələrini həll etməyə qadir olan humanitar istiqamət kimi idman diplomatiyasının da ölkəmizdə fəal şəkildə formalaşması prosesi bu gün sürətlə inkişaf etməkdədir. Siyasətdən kənarda olmasına rəğmən idman diplomatiyası beynəlxalq münasibətlər sistemində mühüm amil hesab olunur ki, bu da ölkələr arasında sülhün və əmin-amanlığın, həmrəylik və tərəfdaşlığın möhkəmləndirilməsində cox ehtiyac duyulandır. Birinci Avropa Oyunlarına, “Formula-1” yarışlarının “Avropa Qran-pri”si və IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməyimiz idman diplomatiyası sahəsində əldə etdiyimiz cox böyük nailiyyətlərin bariz nümunəsidir.

Cənab Prezidentin başçılığı ilə Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu daxili və balanslaşdırılmış xarici siyasət həm regional, həm də beynəlxalq müstəvidə mövqeyimizin möhkəmlənməsini daha da sürətləndirərək bizi yeni-yeni qələbələrə doğru ruhlandırmaqdadır.

Ramin Səmədov
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin
beynəlxalq əlaqələr üzrə baş məsləhətçisi

Ulu öndər Heydər Əliyevin xarıci sıyasət kursu və Azərbaycanın diplomatik uğurları

Otuz beş ilə yaxın bir müddətdə Azərbaycanın taleyi dahi şəxsiyyət, təcrübəli dövlət xadimi, ulu öndər Heydər Əliyevlə bağlı olub. Ümummilli lider Heydər Əliyevin zəngin irsi müstəqil Azərbaycan dövlətinin inkişaf və tərəqqisi yolunda, indiki və gələcək nəsillər üçün əvəzsiz sərvət, böyük qürur və iftixar mənbəyidir. Bu irsi öyrənmək və təbliğ etmək bizim hər birimizin məsul və şərəfli borcudur. Ümummilli lider Heydər Əliyevin müdrik rəhbərliyi, həyata keçirdiyi düşünülmüş, məqsədyönlü tədbirləri hesabına 1969-1982-ci illər Azərbaycanın intibah dövrü kimi tarixə çevrilib. XX əsrin 70-80-ci illəri Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafında özünəməxsus və spesifik xüsusiyyətləri ilə səciyyələnən mühüm bir tarixi zaman kəsiyidir. Bu dövrdə həyata keçirilən tədbirlər məhz Ümummilli Liderin adı və fəaliyyəti ilə bağlıdır. Ümummilli Lider çox bacarıqlı, son dərəcə təcrübəli dövlət başçısı və yetkin siyasi xadim kimi bir sıra çətin və mürəkkəb vəzifələrin öhdəsindən müvəffəqiyyətlə gəlmək bacarığı nümayiş etdirib. Onun Azərbaycana rəhbərliyi dövründə bütün sahələrdə ölkəmizin milli mənafelərinin qorunmasına yönəlmiş bir sıra mühüm addımlar atılıb. Bu nailiyyətlər o vaxt hakimiyyətdə olan Ümummilli Liderin rəhbərliyi və prinsipiallığı nəticəsində mümkün olub.

AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədovun “Heydər Əliyevin xarıci sıyasət kursu və Azərbaycanın diplomatik uğurları” adlı məqaləsini təqdim edir.

Azərbaycan Respublikası 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etdikdən sonra dövlətçiliyini inkişaf etdirərək möhkəmləndirmək üçün tarixi fürsət əldə etmiş oldu. Belə bir şəraitdə milli dövlətçilik prinsiplərinə uyğun olaraq yeni xarici siyasət kursunun formalaşdırılması və həyata keçirilməsi ən vacib məsələ kimi qarşıda dururdu. Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları ilə Dağlıq Qarabağda başlayan erməni separatizmi, eləcə də hərbi təcavüzün genişlənməsi ölkəmizi ciddi siyasi və iqtisadi problemlərlə üz-üzə qoymaqla yanaşı, dövlətimizin xarici siyasət fəaliyyətində də mühüm vəzifələrin yerinə yetirilməsini ön plana çəkdi. Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün qarşısını almaq, onun ağır nəticələrini aradan qaldırmaq, dövlətimizin ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək, dünyaya siyasi və iqtisadi inteqrasiya olunmaq zərurəti düşünülmüş, ardıcıl və fəal xarici siyasət tələb edirdi.

1993-cü ilin ikinci yarısında ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanda müstəqil dövlətçilik ideyalarının bərqərar olmasına şərait yaratdı. Bundan sonra Azərbaycanın xarici siyasət kursunda mövcud reallıqları nəzərə alan və ölkəmizin milli mənafelərinin qorunmasına yönəlmiş əməli dəyişikliklər edildi. Bu dövrdən başlayaraq həyata keçirilən xarici siyasətimiz məhz Ümummilli Liderin adı və fəaliyyəti ilə bağlıdır. Özünün zəngin dövlətçilik təcrübəsinə əsaslanaraq dövlətimizin yeni xarici siyasət kursunun əsas istiqamətlərini müəyyənləşdirən Prezident Heydər Əliyevin bu yeniləşmiş xarici siyasət xəttində, ilk növbədə, bir sıra ən mühüm və təxirəsalınmaz vəzifələrin yerinə yetirilməsi qarşıya qoyulmuşdu.

Həmin vəzifələrdən biri və ən əsası Azərbaycanı beynəlxalq aləmdəki təcrid vəziyyətindən çıxarmaq, ölkəmiz haqqında yaradılmış mənfi ictimai rəyi dağıtmaq, xalqımızın haqq işini dünya ictimaiyyətinə olduğu kimi çatdıraraq, respublikamız ətrafındakı informasiya blokadasını yarmaqdan ibarət idi. Ona görə də yeni xarici siyasət xətti üçün hər şeydən əvvəl müharibə dayandırılmalı və dinc şərait təmin edilməli idi. Bu məqsədlə 1994-cü ilin mayında Ermənistanla atəşkəsə nail olunması, qanunsuz hərbi birləşmələrin buraxılması və ölkə daxilində sabitlik yaradılması yolunda atılan addımlar sayəsində yeni xarici siyasət xəttinin ardıcıllıqla həyata keçirilməsi üçün lazım olan əlverişli dinc şərait yarandı.

Müstəqilliyini bərpa etdikdən sonra demokratik dövlət quruculuğu yoluna qədəm qoymuş Azərbaycan Respublikasının üzləşdiyi sosial-iqtisadi və siyasi problemlərin müvəffəqiyyətlə həll olunması ölkəmizin beynəlxalq aləmdəki mövqeyi və ayrı-ayrı ölkələrlə milli dövlət maraqlarına cavab verən qarşılıqlı faydalı əlaqələri və dünya birliyinə inteqrasiyası prosesinin intensivliyi ilə sıx bağlı idi. Bu mənada Azərbaycanın beynəlxalq münasibətlər sistemində layiqli yer tutması üçün dünya siyasətinin formalaşmasında aparıcı rol oynayan dövlətlərlə və beynəlxalq təşkilatlarla qarşılıqlı münasibətlərin tənzimlənməsi və inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edirdi.

Məhz buna görə də dünya birliyinə bərabərhüquqlu üzv kimi daxil olmağa çalışan və müstəqilliyinin ilk addımlarını atan, eləcə də Ermənistanın hərbi təcavüzü nəticəsində ərazi bütövlüyü pozulmuş Azərbaycan Respublikasının xarici siyasətində dünya birliyinə inteqrasiya, ikitərəfli və çoxtərəfli münasibətlər, o cümlədən beynəlxalq və regional təşkilatlarla əlaqələrin yaradılması və inkişaf etdirilməsi ümummilli lider Heydər Əliyevin fəaliyyətinin başlıca istiqamətlərindən birini təşkil edib.

Ümummilli Lider çox bacarıqlı, son dərəcə təcrübəli dövlət başçısı və yetkin siyasi xadim kimi bu çətin və mürəkkəb vəzifələrin öhdəsindən müvəffəqiyyətlə və böyük ustalıqla gəlmək bacarığı nümayiş etdirdi. Ölkəmizin sistemli şəkildə dünya birliyinə inteqrasiya olunmasında ikitərəfli və çoxtərəfli siyasi münasibətlərin genişlənməsi istiqamətində atılan addımlar mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının istismarına dair 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi” ölkəmizin dünya dövlətləri ilə qarşılıqlı əlaqələrinin dərinləşməsi və beynəlxalq mövqelərinin möhkəmləndirilməsinə güclü təkan verdi. “Əsrin müqaviləsi” və sonrakı illərdə imzalanmış çoxsaylı neft müqavilələri Azərbaycanın dünya birliyinə inteqrasiyasını sürətləndirdi. 1998-ci il sentyabrın 7-8-də 32 dövlətin və 13 beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı ilə tarixi Böyük İpək Yolunun bərpası üzrə keçirilmiş Bakı beynəlxalq konfransı və onun nəticələri Azərbaycanın xarici siyasətinin qazandığı ən mühüm nailiyyətlərindən biridir.

Ümummilli lider Heylər Əliyev xarici siyasət xəttində beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi məsələlərinə çox böyük diqqət yetirirdi. Azərbaycanın beynəlxalq təşkilatlara üzv olması ilə yanaşı, onların işlərində fəal surətdə iştirak etməsi və səmərəli əməkdaşlıq ölkəmizin problemlərini dünya ictimaiyyətinə çatdırmaq üçün mühüm əhəmiyyət kəsb edirdi. Bu baxımdan 1994-cü il mayın 4-də Prezident Heydər Əliyevin “Sülh naminə tərəfdaşlıq” proqramının çərçivə sənədini imzalaması Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsi istiqamətində atılan mühüm addımlardan biri oldu. Bu proqramın Azərbaycan üçün əhəmiyyəti ondan ibarətdir ki, ölkəmiz NATO-ya daxil olan Avropa ölkələri və ABŞ ilə dünya təhlükəsizlik sisteminin, eləcə də beynəlxalq münasibətlərin sivil qaydaları çərçivəsində hər cür əməkdaşlıq etmək imkanı qazandı. Bu, öz növbəsində, NATO-nun hərbi strukturları ilə Azərbaycan Ordusunun sülh naminə əməkdaşlıq etmək, birgə təlim və manevrlər keçirmək, onların ordu quruculuğu təcrübəsindən bəhrələnmək, kadr hazırlığı və s. sahələrdə birgə hərəkət etmək imkanı verirdi. Bununla yanaşı, ölkəmizin bu proqramda iştirakı qarşıya qoyulan məqsədlərin həyata keçirilməsi üçün də əlverişli şərait yaratdı.

Avratlantik strukturlara inteqrasiya istiqamətində Azərbaycan çoxtərəfli Trans-Atlantik təhlükəsizlik əməkdaşlığı proqramlarını inkişaf etdirən Avropa qitəsində və onun sərhədlərindən kənarda təhlükəsizlik və sabitliyə töhfə verir. Belə ki, ölkəmiz 1994-cü ildə NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına qoşulan ilk dövlətlərdən olub və bu təşkilatın əksər qurumlarının işində fəal iştirak edərək NATO ilə mümkün tərəfdaşlıq mexanizmlərindən tam şəkildə bəhrələnir.

Azərbaycanın NATO ilə əməkdaşlığı respublikamızın xarici siyasət strategiyasının bir neçə əsas amili baxımından qiymətləndirilməlidir. Birincisi, gənc Azərbaycan dövləti öz xarici siyasətində beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi əhəmiyyət verir. İkincisi, Azərbaycan beynəlxalq təşkilatların üzvü olan bütün dünya dövlətləri ilə əməkdaşlıqda maraqlıdır və çoxtərəfli diplomatiya siyasəti yeridir. Üçüncüsü, Azərbaycanın müharibə vəziyyətində olması tələb edir ki, bütün vasitə və yollarla beynəlxalq aləmlə təmasda olsun və onu problemlərimizin həllinə daha çox cəlb etsin. Bu üç amil Azərbaycanın NATO proqramına qoşulmasında əsas rol oynayıb. Bu gün NATO ilə əlaqələrin genişləndirilməsi və dərinləşdirilməsi Azərbaycanın dünya birliyinə inteqrasiya olunması, öz maraqlarını bilavasitə təmsil etməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyindən bu sahədə fəaliyyət müstəqil Azərbaycan dövlətinin xarici siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.

1996-cı il aprelin 22-də Lüksemburqda Avropa İttifaqı və Azərbaycan Respublikası arasında ticarət, sərmayə, iqtisadiyyat, qanunvericilik, mədəniyyət, immiqrasiya və qeyri-qanuni ticarətin qarşısının alınması sahəsində əməkdaşlığı nəzərdə tutan “Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi” imzalanıb. Bu müqavilənin imzalanması Azərbaycanın xarici siyasətinin ən uğurlu səhifələrindən biri kimi qiymətləndirilir. Dövlətimiz və xalqımız üçün mühüm tarixi əhəmiyyət kəsb edən bu müqavilə Azərbaycanın Avropa strukturları və institutları ilə əlaqələrinin genişlənməsi, xüsusilə inteqrasiya istiqamətində hüququ baza rolunu oynayır.

Azərbaycanın Avropa institutlarına inteqrasiyası istiqamətində Avropa Şurasının bərabərhüquqlu üzvü olması respublikamızın mühüm problemlərinin dünya ictimaiyyətinin diqqətinə obyektiv çatdırılması üçün yeni və çox mötəbər tribuna vermiş oldu. Belə ki, Avropa Şurası Nazirlər Komitəsinin 2001-ci il yanvarın 17-də nümayəndələr səviyyəsində keçirilmiş iclasında Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə dair qərar qəbul edildi. Bu qərar Ümummilli Liderin uzaqgörən, daxili və xarici siyasətinin və bu istiqamətdə məqsədyönlü fəaliyyətinin nəticəsi idi. Yanvarın 25-də Azərbaycan Prezidenti Heydər Əliyevin iştirakı ilə Strasburqda ölkəmizin bu təşkilata üzv qəbul edilməsi münasibətilə rəsmi mərasim keçirilib və dövlətimizin üçrəngli bayrağı ucaldılıb. Bu hadisəni ümummilli lider Heydər Əliyev yüksək qiymətləndirərək demişdi: “Azərbaycanın Avropa Şurasına qəbul edilməsi nəinki müstəqil, suveren, demokratik, dünyəvi dövlət kimi tanınmasıdır, həm də Avropa ailəsinin bərabərhüquqlu üzvü kimi Azərbaycan dövlətinin inkişafında yeni mərhələnin başlanğıcıdır”.

Qazanılan bu uğurlarla yanaşı, Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ümummilli lider Heydər Əliyevin xarici siyasət fəaliyyətində başlıca yer tutub. Bu məqsədlə 1993-cü ilin ikinci yarısından başlayaraq Prezident Heydər Əliyev respublikamızın təhlükəsizlik problemlərini, xüsusilə Ermənistanın ölkəmizə qarşı əsassız ərazi iddiaları və hərbi təcavüzü məsələlərini beynəlxalq aləmə çıxararaq regionda sülhün bərqərar olması üçün beynəlxalq təşkilatların təsirini artırmağa çalışıb. Prezident Heydər Əliyevin ən yüksək səviyyədə dövlət başçıları və nümayəndə heyətləri ilə ikitərəfli, eləcə də çoxtərəfli görüşlərində, ATƏT-in zirvə toplantılarında, Minsk qrupunun həmsədrləri ilə aparılan müzakirələrdə, eyni zamanda, Ermənistan prezidenti ilə danışıqlarda göstərdiyi səylər onun apardığı məqsədyönlü siyasətin mühüm tərkib hissəsini təşkil edib. Belə ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə nizama salınması istiqamətində məhz Prezident Heydər Əliyevin qətiyyətli və gərgin fəaliyyəti nəticəsində 1994-cü il mayın 12-də atəşkəs haqqında razılıq əldə edildi və bundan sonra ATƏT-in Minsk qrupu çərçivəsində müntəzəm olaraq danışıqlar aparılmağa başlandı. Daha sonra 1994-cü il dekabrın 5-6-da ATƏT-in Budapeştdə keçirilən Zirvə toplantısında Prezident Heydər Əliyevin çevik diplomatiyasının təsiri ilə “Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏT-in fəaliyyətinin intensivləşdirilməsi” barədə qərar qəbul olundu.

1996-cı il dekabrın 2-3-də ATƏT-in Lissabonda keçirilən Zirvə toplantısında qəbul edilən və münaqişənin nizama salınmasının beynəlxalq-hüquqi bazasını təşkil etmiş olan sənəd Ermənistan-Azərbaycan münaqişəsini ədalətlə aradan qaldırmaq yolunda böyük siyasi nailiyyət sayıla bilər. Zirvə toplantısı zamanı Ümummilli Liderin siyasi iradəsi və diplomatik fəaliyyəti sayəsində münaqişənin həllinin siyasi-hüquqi çərçivəsini müəyyənləşdirən xüsusi bir sənəd qəbul edildi. Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair 3 əsas prinsipi özündə əks etdirən və ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrənin xarici işlər naziri Flavio Kottinin adından verilən bu bəyanat Ermənistan istisna olmaqla, dünyanın 53 dövləti tərəfindən müdafiə olundu və Lissabon sammitinin yekun sənədlərinə əlavə edildi.

Ümumiyyətlə, Ermənistan-Azərbaycan münaqişəsi və Dağlıq Qarabağ probleminin dinc vasitələrlə nizama salınması ümummilli liderimiz Heydər Əliyevin xarici siyasət fəaliyyətində mühüm yer tutub. Yalnız onu qeyd etmək kifayətdir ki, 1993-2003-cü illər ərzində Azərbaycanın dövlət başçısı Heydər Əliyev Ermənistan prezidenti ilə 23, ATƏT-in rəhbərliyi və Minsk qrupunun nümayəndələri ilə 150-yə qədər görüş keçirib. Azərbaycan Prezidentinin bu dövrdə 80-dək ölkənin dövlət başçıları ilə keçirdiyi 500-dən çox görüşdə, eləcə də nüfuzlu beynəlxalq təşkilatların ən yüksək səviyyəli nümayəndələri ilə, ATƏT-in, NATO-nun, Avropa Şurasının, İslam Konfransı Təşkilatının, MDB-nin, GUAM-ın, İqtisadi Əməkdaşlıq Təşkilatının, Türkdilli Ölkələrin Dövlət Başçılarının zirvə görüşlərində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi müzakirə olunub.

Ümumiyyətlə, Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illərdə respublikamız üçün həlledici illər olub. Məhz həmin illərdə dövlətçiliyimizin möhkəm təməli qoyulub. O illərdə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətlə bağlı strateji xətti müəyyən edilib, Azərbaycan dünya birliyinə qovuşub.

Əsasını Ümummilli Liderin qoyduğu və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən xarici siyasət strategiyası dövlətlərarası regional və beynəlxalq əlaqələrə daha yaxından qatılaraq, Şərq və Qərb dəyərlərinin sintezindən yaranmış cəhətləri özündə əxz edərək dünya birliyinə sıx inteqrasiya olunmaq xəttini seçib. Bu seçimi reallaşdırmaq üçün Azərbaycan dövləti bir tərəfdən dünya təcrübəsini öyrənərək özünün iqtisadi və siyasi inkişaf modelini müəyyənləşdirir, digər tərəfdən isə beynəlxalq aləmdə qəbul edilmiş prinsiplərə uyğun olaraq öz milli maraqlarını qoruyaraq dövlətlərarası əlaqələrə girir.

Hazırda regionda və dünyada baş verən əsas iqtisadi siyasi və mədəni proseslərdə Azərbaycan dövləti layiqincə təmsil olunur, öz mövqeyini bildirir və mənafelərini qoruyur. Ölkə daxilində gedən demokratik proseslər və iqtisadi yüksəlişlə yanaşı, uğurlu xarici siyasət bu gün dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların diqqətini Azərbaycana yönəldib və bu da beynəlxalq hüquq normalarına uyğun qarşılıqlı faydalı əməkdaşlığın yaranmasına və inkişafına əlverişli zəmin yaradıb.

Müasir dövrdə Azərbaycanın hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Belə ki, keçən illər ərzində Azərbaycan Respublikası insan hüquqları sahəsində fəaliyyət göstərən nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığı inkişaf etdirib, insan hüquqlarının müdafiəsi sahəsində beynəlxalq sənədlərə imza atıb və bu sahədə beynəlxalq öhdəliklərin həyata keçirilməsində mühüm nailiyyətlər əldə edib.

Bu gün dövlət başçısı İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın regionda və dünyada müttəfiqlərinin sayını xeyli dərəcədə artırıb. Ümummilli lider Heydər Əliyevin xarici siyasət kursunu novatorcasına və dinamik şəkildə davam etdirən Prezident İlham Əliyevin yüksək diplomatik istedadı sayəsində ölkəmizin dünyanın siyasi-iqtisadi mənzərəsini müəyyən edən aparıcı dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətləri keyfiyyətcə yeni müstəvidə daha da inkişaf edib. Nəticədə, Azərbaycan yalnız beynəlxalq regionda gedən proseslərə deyil, eyni zamanda, beynəlxalq aləmdə cərəyan edən proseslərə də təsir göstərmək imkanı qazanıb. Ona görə də bu gün dünyanı narahat edən, həyati əhəmiyyətli bir sıra problemlərdə aparıcı dövlətlərin başçıları Azərbaycan rəhbərinin mövqeyi ilə hesablaşırlar.

Azərbaycan artıq Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Artıq bu il 27 illiyini qeyd etdiyimiz müstəqil dövlətimiz bütün sahələr üzrə inkişafını davam etdirir, beynəlxalq aləmdə müqavilələrini daha da möhkəmləndirir, xarici siyasət sahəsindəki uğurlarını intensivləşdirir. Məhz bunun nəticəsidir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində dövlət başçısı İlham Əliyevin mövqeyi dünyanın aparıcı dövlətləri və nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri tərəfindən yüksək qiymətləndirilir və müdafiə olunur.

Azərbaycan müasir dövrün hədə və təhdidlərinin əlaqələndirilmiş şəkildə qarşısının alınması, eləcə də aradan qaldırılması üçün beynəlxalq birliyin səylərini səfərbər etmək məqsədilə qlobal və regional təşkilatların işində fəal iştirak edir. Ölkəmiz sülhün və təhlükəsizliyin təmin olunmasında universal beynəlxalq təşkilat kimi BMT-nin mərkəzi rolunun daha da artırılması istiqamətində göstərilən səyləri dəstəkləməklə təşkilatın müxtəlif təsisatları və ixtisaslaşdırılmış qurumlarında təmsilçiliyini daha da artırıb.

Ümumiyyətlə, münaqişənin dinc vasitələrlə nizama salınması istiqamətində bütün beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər Azərbaycanın mövqeyinin bir daha gücləndirilməsi və məsələnin beynəlxalq hüququn prinsipləri əsasında həllinin təsdiqlənməsi deməkdir. Bu baxımdan BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə, ATƏT, Avropa Şurası və İslam Konfransı Təşkilatının qərarları da əhəmiyyətlidir və ölkəmizin ədalətli mövqeyinin beynəlxalq səviyyədə müdafiəsi üçün hüquqi əsasdır. Son zamanlar isə Avropa Parlamenti və NATO-nun Zirvə toplantılarında qəbul olunan qərarlarda birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyü dəstəklənir və işğala son qoyulmasının zəruriliyi bildirilir.

Dövlət başçısı İlham Əliyevin dəfələrlə və birmənalı olaraq “Azərbaycan torpaqları danışıqların mövzusu ola bilməz” fikrini irəli sürməsi ölkəmizin ərazi bütövlüyü təmin olunmaqla münaqişənin ədalətli şəkildə həll olunacağı ilə bağlı ümidləri daha da artırıb.

Eyni zamanda, Prezident İlham Əliyev bəyan edib ki, Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək, dünya birliyi heç vaxt Dağlıq Qarabağın müstəqilliyini tanımayacaq. Prezident İlham Əliyev torpaqlarımızı azad etmək üçün əsasımızın olduğunu və bunun beynəlxalq hüququn normaları ilə təsdiq edildiyini vurğulayıb.

Yuxarıda göstərilənlər onu deməyə əsas verir ki, bu gün Azərbaycanın xarici siyasət strategiyasının uğurla həyata keçirilməsi respublikamızın dünya miqyasında nüfuzunu xeyli yüksəldib, ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsini şərtləndirib. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş xarici siyasət strategiyasının uğurla davam etdirilməsi müstəqil dövlətimizin dünya birliyində mövqelərinin daha da yüksələcəyinə olan əminliyi artırır.

Comments are closed, but trackbacks and pingbacks are open.