Press "Enter" to skip to content

Mülki Prosessual Məcəllədə nələr dəyişdi

1. Məhkəmə qərardadları və məhkəmə qərardadlarından verilən şikayətlərə, apellyasiya və kassasiya məhkəmələrinin xüsusi qərardadları, kassasiya şikayətlərinə baxılması, əlavə kassasiya şikayətlərinə baxılması, məhkəmə aktlarına hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə yenidən baxılması, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması, kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə, məhkəmə əmri üzrə icaata dair işlərə, kiçik iddialar dair icraata dair işlərə (son üç icraat hazırda da qanunda var) yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bununla belə məhkəmə zəruri hesab etdiyi halda şikayətin baxılmasına tərəfləri dəvət edə bilər.

Müvəqqəti təminat tədbirləri ilə bağlı Mülki Prosessual Məcəlləyə hansı dəyişikliklər edilib? – MƏQALƏ

“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 09 iyul tarixli 363-VIQD nömrəli Qanunla MPM-ə geniş həcmdə mühüm əlavə və dəyişikliklər edilmişdir. Dəyişikliklərin əhəmiyyətli hissəsi bir sıra vacib məsələlərə yeni konseptual yanaşmanın qəbul edilməsi ilə əlaqədardır. Sözügedən yanaşma həm də müvəqqəti təminat tədbirləri ilə bağlı məsələləri əhatə etmişdir. Müvəqqəti təminat tədbirlərinə münasibətdə yeni yanaşmanın təməlində ədalət mühakiməsinin səmərəliliyini təmin etmək, mülki məhkəmə icraatının xüsusiyyətləri nəzərə alınmaqla tərəflərin hüquqlarının balanslaşdırılmış müdafiəsinə nail olmaq və müvəqqəti təminat tədbirlərinin tətbiqi əsaslarını aydın şəkildə tənzimləmək məqsədi durur. Yeni tənzimləmələr həyata keçirilərkən həm də İPM-in oxşar məsələləri nizamlayan normaları, eləcə də müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqi ilə bağlı inzibati məhkəmə icraatında formalaşmış məhkəmə təcrübəsi nəzərə alınmışdır.

Anlayış

İlk növbədə MPM-də istifadə olunan anlayışın adı dəyişdirilmişdir. Artıq “iddianın təmin edilməsi” anlayışı “müvəqqəti təminat tədbirləri” ilə əvəz edilmişdir. Belə dəyişiklik bu prosessual institutun mahiyyətini daha dolğun və düzgün ifadə etməyə xidmət edir. Məlum olduğu kimi sözügedən prosessual institutun təyinatı ona yönəlmişdir ki, bir sıra hallarda məhkəmə icraatı yekunlaşanadək ərizəçinin hüquqlarının qorunması üçün təcili tənzimləmələrin həyata keçirilməsi və bununla bağlı müvafiq müvəqqəti qərarların qəbul edilməsi tələb oluna bilər. Odur ki, belə tədbirlərin təyinatı, onların növləri, tətbiqi qaydası, qüvvədə olduqları müddətlər, dəyişdirilməsi və ləğv edilməsi şərtləri nəzərə alındığında “müvəqqəti təminat tədbirləri” anlayışı daha yerində və düzgün anlayış kimi qəbul edilməlidir.

Məqsəd

MPM-in yeni 157.2-ci maddəsi müvəqqəti təminat tədbirlərinin hansı məqsədlər naminə tətbiq edilməli olduğunu təsbit edir. Buna görə, müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir.

MPM-in 157.2-ci maddəsinin əvvəlki redaksiyası isə iddianı təmin tədbirinin məqsədini yalnız qətnamənin gələcəkdə icrasını təmin etməklə bağlayırdı.

Beləliklə, yeni məqsəd əvvəlkini də əhatə etməklə yanaşı ondan daha genişdir. Artıq iddia icraatı başa çatanadək ərizəçinin hüquqlarının qorunmasını təmin etmək üçün qətnamənin gələcəkdə icrasını təmin etməyə yönəlmiş tədbirlərlə yanaşı, daha əhatəli digər müvəqqəti təminat tədbirləri də görülə biləcəkdir. Bu mənada, yeni tənzimləmələr ona imkan verir ki, birbaşa qətnamənin gələcəkdə icrası ilə bağlı olmasa belə, mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi müəyyən edilərsə, müvafiq müvəqqəti təminat tədbirləri tətbiq etməklə, yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək ərizəçinin hüquqlarını müdafiə etmək mümkün olacaqdır. Məsələn, təcrübədə belə iddialara rast gəlinir ki, vətəndaşlar qaz sərfiyyatı ilə bağlı əsassız hesablandığını güman etdikləri borcun silinməsinə dair iddia qaldırırlar. Həmin işlərdə əksər hallarda cavabdeh hesablanmış borc ödənilmədiyi üçün qazın verilməsini faktiki olaraq dayandırmış olur. Bu halda, iddiaçılar həm də qazın verilməsinin bərpa edilməsinə dair təminat tədbirlərinin görülməsi üçün ərizə verirlər. MPM-in əvvəlki redaksiyasına əsasən belə ərizələri qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə əlaqələndirmək mümkün deyildi. MPM-in 157.2-ci maddəsinin əvvəlki redaksiyası nəzərə alındığında həmin ərizələr təmin edilməməli idi, çünki ərizədəki tələblə qətnamənin gələcəkdə icrası arasında əlaqə yox idi. Lakin aydındır ki, bu ərizələrin təmin edilməməsi praktik olaraq iddiaçıların hüquqlarının müdafiəsinin əhəmiyyətli dərəcədə çətinləşməsinə gətirib çıxarır. Artıq yeni dəyişikliklərdən sonra sözügedən xarakterli müvəqqəti təminat tədbirlərini tətbiq edə bilmək üçün qanuni əsaslar yaradılmışdır.

Müvəqqəti təminat tədbirlərinin tətbiqi əsasları

Mühüm yeniliklərdən biri MPM-in 157.5-ci maddəsi ilə gətirilən yeni tənzimləmələrdir. Buna görə, müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır:

– müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı;

– iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu.

Hər şeydən əvvəl qeyd edilməlidir ki, iddianı təmin tədbirlərinin tətbiqi ilə bağlı mövcud təcrübə ondan ibarət idi ki, belə ərizə verən şəxslərdən iddia tələbinin əsaslılığına dair ilkin sübutlar təqdim etmələri tələb olunmurdu. Məhkəmə təcrübəsi isə o istiqamətdə formalaşmışdı ki, iddiaçının cavabdehə qarşı tələbinin olması bir qayda olaraq iddiaçı tərəfindən verilmiş iddianı təmin tədbirinin tətbiqinə dair ərizənin təmin edilməsi üçün kifayət hesab edilirdi. Nəticədə isə bir çox hallarda əsassız iddia tələbləri əsasında təmin tədbirlərinin görülməsi ilə vətəndaşlarının hüquqlarının lüzumsuz məhdudlaşdırılması baş verirdi. Məsələn, cavabdehə qarşı borcun tutulmasına dair iddia qaldırmış şəxs belə borcun həqiqətən mövcudluğuna dəlalət edən heç bir ilkin sübut təqdim etmədiyi halda, iddianı təmin tədbirinə dair ərizə verməklə rahatlıqla cavabdehə məxsus bank hesabındakı məbləğlərin üzərinə həbs qoyulmasına nail ola bilərdi. Gətirilən yeni tənzimləmələrlə artıq bu mümkün olmayacaqdır.

Yeni normalara görə ərizəçinin sadə, əsaslandırılmamış ərizəsi əsasında müvəqqəti təminat tədbirləri tətbiq edilə bilməz. Ərizəçidən gözlənilən odur ki, o, hüquqlarının müdafiəsi üçün iddia icraatının nə üçün yetərli olmadığını, nəyə görə müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsinə təcili ehtiyac yarandığını əsaslandırmalıdır. Belə ki, mülki məhkəmə icraatındakı əsas prinsip ondan ibarətdir ki, ərizəçilər öz hüquqlarının iddia icraatı qaydasında qorumalıdırlar, çünki müvəqqəti təminat tədbirləri şəxslərə yekun hüquqlar vermir, hüquq münasibətlərinə sadəcə müvəqqəti təsir edir. Beləliklə, müvəqqəti təminat tədbirlərinin tətbiqinə dair ərizə mütləq əsaslandırılmalıdır. Həmin əsaslandırma aşağıdakıları ehtiva etməlidir:

Mövcud vəziyyətin dəyişəcəyi halda ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi təhlükəsinin mövcud olduğu, bu təhlükənin nələrdə ifadə olunduğu və ya oluna biləcəyi konkret işin faktiki halları ilə əlaqələndirilməklə əsaslandırılmalıdır. Belə əsaslandırma məhkəmədə tam olmasa da, kifayət qədər elə bir qənaət formalaşdırmalıdır ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da, ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya əhəmiyyətli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır.

Ərizəçi iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutlar təqdim etməli və özünün müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəsini həmin sübutlara istinadla əsaslandırmalıdır. Göründüyü kimi qanunverici tələb edir ki, birincisi, ərizədə iddia tələbinin əsaslılığına dair ilkin sübutlara istinad olunmalıdır. Digər tərəfdən isə həmin ilkin sübutlar iddia tələbinin kifayət qədər əsaslılığına dəlalət etməlidir. Beləliklə, qanunverici “kifayət qədər” ifadəsindən istinad etməklə ilkin sübutlarla bağlı standartı da yüksək tutmuşdur. Bu isə onu tələb edir ki, məhkəmələr ilkin sübutların mövcudluğu ilə bağlı məsələyə qiymət verərkən həmin sübutların iddia tələbinin əsaslılığına adi deyil, kifayət qədər dəlalət etmiş olması nəticəsinə gəlməlidirlər.

Müvəqqəti təminat tədbiri ilə bağlı ərizələrin əsaslandırılmış qaydada təqdim edilməli olmasına dair yeni tələb belə bir məsələni də ortaya çıxarır ki, məhkəmələr tərəfindən qiymətləndirmələr hansı qaydada aparılmalı, yoxlama həcmi nələri ehtiva etməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, müvəqqəti təminat tədbirlərinin tətbiqi ilə bağlı icraatda iddia icraatı ilə müqayisədə yoxlamanın həcminin azaldılması qaydası qüvvədədir. Ona görə ki, müvəqqəti təminat tədbirlərinin tətbiqi ilə bağlı icraat təcili xarakter daşıyır, eləcə də iddia icraatının sonunda məhkəmə yekun qənaətə gələrkən onda işin halları və sübutlarla bağlı tam qənaət formalaşmış olur, müvəqqəti təminat tədbirlərinin tətbiqi ilə bağlı icraatda isə bu mənada tam qənaət yaranmır, iddianın uğurluluğu ilə bağlı əsaslandırılmış proqnoz mövcud olur. Odur ki, müvəqqəti təminat tədbirləri ilə bağlı icraatda həm iddianın özünün uğurluluğuna, həm də təqdim edilmiş ilkin sübutların kifayət qədər əsaslılığına münasibətdə yalnız səthi xarakterli yoxlama aparılır. Lakin aydındır ki, belə səthilik yalnız iddia icraatı ilə müqayisədə mövcud olan bir səthilikdir. Başqa sözlə, müvəqqəti təminat tədbirlərinin tətbiqi ilə bağlı icraatdakı qiymətləndirmə və yoxlama qaydası qanunvericiliyin müəyyən etdiyi tələblərə uyğun aparılmalıdır.

Müvəqqəti təminat tədbirini tətbiq etmədən öncə məhkəmələr ilk növbədə belə bir məsələyə aydınlıq gətirməlidirlər ki, iddiaçının ümumiyyətlə, hər hansı bir tələbi mövcuddurmu, həmin tələbin iddiaçının özü tərəfindən bildirilən maddi hüquqi əsası varmı və iddianın uğurluluğu ilə bağlı iddiaçı tərəfindən özü-özlüyündə əsaslandırılmış mövqe təqdim olunmuşdurmu? Bundan sonra məhkəmələr MPM-in 157.2-ci maddəsində təsbit edilmiş məsələlər ətrafında araşdırma və qiymətləndirmə aparmalıdırlar. Daha sonra isə təqdim edilmiş ilkin sübutların iddia tələbinin əsaslılığına kifayət qədər dəlalət etməsi məsələsinə münasibət bildirilməlidir. Məhkəmə müvəqqəti təminat tədbiri tətbiq edə bilmək üçün elə bir qənaətə gəlməlidir ki, həmin anda iddiaçının təqdim etdiyi sübutlara əsasən iddia icraatı böyük ehtimalla uğurlu görünsün. Sözügedən böyük ehtimal isə o zaman mövcud olur ki, iddiaçının bildirdiyi faktiki halların və təqdim etdiyi ilkin sübutların məcmusunun qiymətləndirilməsi nəticəsində məhkəmədə icraatın həmin mərhələsində iddianın əsaslılığına dair güman yaranmış olsun.

Nəzərə almaq lazımdır ki, iddia icraatı ilə müqayisədə müvəqqəti təminat tədbiri ilə bağlı icraata dair qanunvericinin yanaşması və tələbləri ayrıdır. Müvəqqəti təminat tədbiri ilə bağlı icraatda təcili tənzimləməyə ehtiyac məsələsi həll olunur və yalnız müvəqqəti müəyyən edilən qaydadan söz edilir. Ona görə də, qanunverici tələb etmir ki, hakim müvəqqəti təminat tədbirinin tətbiqi ilə bağlı ərizəyə iddia icraatındakı qaydada baxsın, eləcə də ərizə üzrə qərar verərkən iddia ərizəsi üzrə yekun qətnamə çıxararkən tələb olunan inam və əminliklə hərəkət etsin. Unutmaq olmaz ki, müvəqqəti təminat tədbirinin tətbiqi ilə bağlı ərizə prosesin müəyyən mərhələsində həll olunan məsələdir. Müvafiq olaraq həmin mərhələdə mövcud olan işin faktiki vəziyyətinə və sübutlara görə hakimdə yaranmış təsəvvür və proqnoz əsasında həll edilməlidir. Belə təsəvvür və proqnoz daha sonra haqlı çıxmaya da bilər və bu, normaldır. Əsas olan hakimin müvəqqəti təminat tədbiri ilə bağlı məsələni qanunvericiliyin tələb etdiyi qaydada həll etməsidir.

Mütənasiblik

Məhkəmələr həmçinin nəzərə almalıdırlar ki, müvəqqəti təminat tədbirləri tətbiq edilərkən ümumi hüquqi prinsip kimi mütənasiblik prinsipinin tələbləri də nəzərə alınmalıdır. MPM-in 157.6-cı maddəsindəki yeni tənzimləmələr tələb edir ki, müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Bu yeni tənzimləmələr ona işarə edir ki, hətta digər əsaslara görə müvəqqəti təminat tədbirlərinin tətbiqi mümkün olsa belə, mütənasiblik prinsipi baxımından yol verilən hesab edilməyə bilər. Ona görə də, məhkəmələr belə ərizələr üzrə müvəqqəti təminat tədbirinin hansı növünün tətbiqi ilə bağlı seçim edərkən həmişə mütənasiblik prinsipinin tələblərini nəzərə almaqla qiymətləndirmə aparmalıdırlar. Mütənasiblik prinsipinə görə isə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüququ və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Bununla bağlı olaraq onu da nəzərə almaq lazımdır ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2018-ci il 14 mart tarixli qərarında da mütənasiblik prinsipinə xüsusi vurğu edilməklə belə bir hüquqi mövqe ifadə olunmuşdur ki, tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır və buna görə də, məhkəmələr belə ərizələrə baxarkən tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını yoxlamalı və müvafiq meyarlara istinadla qiymətləndirməlidirlər.

MPM-in 157.7-ci maddəsinə əsasən məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Bu normanın tətbiqi ilə bağlı olaraq məhkəmələr nəzərə almalıdırlar ki, müvəqqəti təminat tədbirlərinin tətbiqi ilə bağlı icraat çərçivəsində iddia icraatının həyata keçirilməsini mənasız edəcək, o cümlədən faktiki olaraq işi mahiyyəti üzrə həll edən qərarlar qəbul edilə bilməz.

Ərizəni kimlər verə bilər

MPM-in yeni 157.1-ci maddəsinə görə maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 157.2-ci maddədə də müvəqqəti təminat tədbirlərinin ərizəçinin hüquqlarının müdafiəsi məqsədilə tətbiq ediləcəyi təsbit edilir.

Göründüyü kimi qanunverici “maraqlı şəxslər” və “ərizəçi” anlayışlarından istifadə edir. Eyni zamanda aydın olur ki, müvəqqəti təminat tədbirlərinin tətbiqinə dair ərizə verə bilmək hüququ yalnız iddiaçıya məxsus hüquq kimi müəyyən olunmayıb, belə bir niyyəti olsaydı qanunverici bunu açıq şəkildə göstərərdi. Əksinə, qanunverici maraqlı şəxslər anlayışından istifadə etməklə müvəqqəti təminat tədbirlərinin tətbiqinə dair ərizə vermək hüququna iddiaçıdan başqa digər şəxslərin də malik olduğunu qəbul etmişdir. Beləliklə, cavabdehlər, üçüncü şəxslər və ya icraat iştirakçısı olmayan digər maraqlı şəxslər müvəqqəti təminat tədbirlərinin tətbiqinə dair ərizə verə bilərlərmi?

MPM-in 157.5.2-ci maddəsi nəzərə alındıqda qeyd olunmalıdır ki, müvəqqəti təminat tədbirləri bir qayda olaraq iddiaçının tələbi əsasında tətbiq oluna bilər. Çünki sözügedən maddə təminat tədbirlərini tətbiq edə bilmək üçün şərt kimi iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğunu tələb edir. Beləliklə, təminat tədbiri iddia ilə əlaqəli verilir və ona görə də, ilk növbədə iddiaçının hüquqlarının qorunmasına yönəlir. Cavabdeh və digər şəxslər müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizə vermək istəyirlərsə, qarşılıqlı iddia verməli, yaxud müstəqil iddia qaldırmalıdırlar.

Amma ikitərəfli iddialara münasibətdə vəziyyət fərqlidir. İkitərəfli iddiaların xüsusiyyətinə əsasən tərəflərin ayrılması formal xarakter daşıyır, belə ki, bu cür iddialarda iddiaçı da, cavabdeh də faktiki olaraq son nəticədə eyni maddi hüquqi tələblərin daşıyıcıları olurlar. Bu mənada, onlardan hər biri bərabər qaydada müvəqqəti təminat tədbirlərinin tətbiq olunmasına cəhd edə bilərlər. Hələ Roma hüququnda ikitərəfli iddialara üç növ tələblər aid edilirdi: – sərhədlərin müəyyən edilməsi (finium regundorum), mirasın bölünməsi (familiae erciscundae) və ümumi əmlakın bölünməsi (communi dividundo).

Müasir mülki prosesdə də çoxsaylı iki tərəfli iddialara baxılır. Məsələn: etibarsız əqdlərin nəticələrinin aradan qaldırılması barədə iddialar, ümumi əmlakın bölünməsinə dair bütün tələblər (ər-arvadın ümumi mülkiyyətinin, mirasın bölünməsi, təsərrüfat cəmiyyəti üzvlərinin paylarının alınması barədə iddialar). Belə iddialar üzrə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə ərizəni yalnız iddiaçı deyil, cavabdeh də verə bilər. Misal: birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsünə dair qaldırılmış iddia üzrə cavabdeh əmlakların bir hissəsinin onun mülkiyyətinə veriləcəyi əsasında çıxış etməklə əmlakların qorunmasını təmin etməyə yönəlmiş təminat tədbirinin görülməsinə dair ərizə verə bilər. Digər bir misal: alqı-satqı üzrə əqdin etibarsızlığını tələb edən iddiaçı cavabdehə verilmiş və realizə edilməmiş əmlakların üzərinə həbs qoyulmasını tələb edir. Cavabdeh də öz növbəsində iddia təmin olunacağı halda etibarsız hesab edilmiş əqd üzrə restutisiyanın tətbiq ediləcəyi ilə bağlı qanunvericiliyin tələblərindən çıxış etməklə üzərinə həbs qoyulması tələb olunan əmlakların dəyəri həddində iddiaçının pul vəsaitləri üzərinə həbs qoyulmasını tələb edir. Bu halda məhkəmə işin hallarından çıxış edərək hər iki ərizəni təmin edə bilər.

Beləliklə, fikrimizcə, cavabdeh və digər maraqlı şəxslər mövcud vəziyyətin dəyişəcəyi təqdirdə özlərinin hüquqlarının qorunmasının mümkün olmayacağını və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyini əsaslandıra bilərlərsə, ikitərəfli iddialar üzrə müvəqqəti təmin tədbiri barədə ərizə verə bilər.

Ərizənin verilməsi anı

Yeni dəyişikliklərə görə müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər (MPM 157.3). Vaxt baxımından nəzərdə tutulmuş bu müstəqillik iddiaçıların hüquqlarının daha səmərəli təmin edilməsi üçün yeni mexanizm yaratmışdır.

Nəzərə almaq lazımdır ki, iddia ərizəsi verilənədək ərizənin verilməsinin mümkünlüyü mülki icraat üçün yenilik olmaqla yanaşı, həm də müəyyən şərtlərlə tətbiq oluna bilər. MPM-in 157.4-cü maddəsinə görə iddia ərizəsi verilənədək müvəqqəti təminat tədbirlərinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti tədbirin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir.

Göründüyü kimi, bir tərəfdən iddiaçının hüquqlarının qorunması üçün iddia ərizəsi verilənədək müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizənin verilməsinin mümkünlüyü müəyyən edilir, digər tərəfdən isə cavabdehin və üçüncü şəxslərin hüquqlarının müdafiəsi məqsədilə əlavə təminatlar gətirilərək məhkəmənin belə ərizələri yalnız konkret müddətdə tətbiq edə biləcəyi təsbit edilməklə, iddiaçıdan daha sonra iddia ərizəsi verməsi gözlənilir.

Ərizəyə baxılması qaydası

MPM-in 159.1-ci maddəsinə edilmiş dəyişikliklə gətirilmiş mühüm yeniliklərdən biri də ondan ibarətdir ki, artıq müvəqqəti təminat tədbirləri ilə bağlı ərizəyə ayrıca icraatda baxılacaqdır. İnzibati məhkəmə icraatında tətbiq edilən bu qaydanın MPM-ə də daxil edilməsinin məqsədi isə ondan ibarətdir ki, müvəqqəti təminat tədbirlərinin tətbiqinə dair icraatın əsas iddia üzrə icraatdan asılılığı aradan qaldırılsın. Belə ki, bu iki icraat qarşılıqlı əlaqəyə malik olsa da, mahiyyətləri və həll etdikləri məsələlər nəzərə alındıqda ayrı aparılmalı olan icraatlardırlar. Bundan başqa, ayrıca icraatın aparılmasına dair tələbin gətirilməsi həm də praktik bir ehtiyacdan doğmuşdur. Belə ki, təcrübədə bəzən müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizə verilməsi hüququndan faktiki olaraq işin baxışını uzatmaq və iddia icraatı üzrə məhkəmənin yekunlaşmasının qarşısını almaq üçün istifadə olunurdu. Hər iki icraatla bağlı materiallar bir işdə toplandığı üçün müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəyə və qəbul edilmiş qərardaddan verilən şikayətə baxılması istər-istəməz əsas iddia üzrə işin vaxtında yekunlaşdırılmasına mane olurdu. Artıq müvəqqəti təminat tədbirləri ilə bağlı ərizəyə ayrıca icraatda baxılacağı müəyyən olunduğundan, belə sui-istifadə hallarına şərait yaradılması mümkün olmayacaqdır.

MPM-in 10.8-1-ci maddəsinə edilmiş əlavə ilə müəyyən edilmişdir ki, digər bir sıra hallarla yanaşı, MPM-in 159, 269 və 397.2-ci maddələrində nəzərdə tutulmuş hallarda da işlərə yazılı icraat qaydasında baxılır. Bu isə o mənaya gəlir ki, həm müvəqqəti təminat tədbirləri ilə bağlı ərizəyə, həm də həmin ərizə üzrə qəbul edilmiş qərardadlardan verilmiş şikayətlərə birinci instansiya məhkəmələrində müstəsna olaraq yazılı icraat qaydasında baxılacaqdır. Apellyasiya instansiyası məhkəməsi isə müvəqqəti təminat tədbirləri ilə bağlı ərizə üzrə qəbul edilmiş qərardaddan verilən şikayətə bir qayda olaraq yazılı icraat qaydasında, müəyyən istisna hallarda isə şifahi məhkəmə iclasında baxa biləcəkdir. İşə şifahi məhkəmə iclası keçirməklə baxa bilmək üçün apelyasiya məhkəməsi müvafiq qərardad çıxarmalıdır. Belə qərardadı isə məhkəmə öz təşəbbüsü və ya tərəflərin əsaslandırılmış vəsatəti əsasında qəbul edə bilər.

Müvəqqəti təminat tədbirlərinin bir növünün digəri ilə əvəz edilməsi, eləcə də müvəqqəti təminat tədbirinin ləğv olunması məsələlərinə (MPM 161 və 162-ci maddələri) isə yenə də əvvəlki kimi məhkəmə iclaslarında şifahi dinləmələr qaydasında baxılacaqdır.

MPM-in 158.2-ci maddəsinə də vacib bir dəyişiklik edilmişdir. Belə ki, əvvəlki redaksiyada nəzərdə tutulurdu ki, məhkəmə zəruri hallarda iddianı təmin etmək məqsədilə bu Məcəllənin müvafiq maddələrində nəzərdə tutulan digər tədbirləri görə bilər. Yeni dəyişikliklərlə “bu Məcəllənin müvafiq maddələrində nəzərdə tutulan” sözləri çıxarılmışdır. Yeni redaksiyaya görə məhkəmə zəruri hallarda digər müvəqqəti təminat tədbirlərini də tətbiq edə bilər. Beləliklə, yeni dəyişiklərdən sonra məhkəmələrin tətbiq edə biləcəyi MPM-in 158.1-ci maddəsində sadalanmamış digər təminat tədbirlərinin dairəsi genişləndirilmişdir. Məhkəmələr digər təminat tədbirləri kimi nəinki MPM-də nəzərdə tutulan, həm də nəzərdə tutulmayan digər tədbirləri də tətbiq edə bilmək imkanı əldə etmişlər. Bu yeni imkan isə sözsüz ki, hüquqların daha səmərəli müdafiəsinə xidmət edəcəkdir.

Dəyişikliklər həmçinin müvəqqəti təminat tədbirinin tətbiqi və ya ləğvi barədə qərardadın işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməsi müddətləri ilə bağlı məsələləri əhatə etmişdir. Yeni qaydalara görə məhkəmə özünün müvəqqəti təminat tədbirinin tətbiqi və ya ləğvi barədə qərardadını onu çıxardığı gündən gec olmayaraq işdə iştirak edən şəxslərə və aidiyyəti olan şəxslərə rəsmi qaydada verməlidir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə isə hakim müvəqqəti təminat tədbirləri haqqında qərardadı çıxardıqdan dərhal sonra elektron imzası ilə təsdiq etməklə işdə iştirak edən şəxslərin elektron kabinetlərində yerləşdirilməsini təmin etməlidir.

Ərizənin geri qaytarılması

MPM-in yeni qəbul edilmiş 159.4 və 159.5-ci maddələri ilə müvəqqəti təminat tədbirlərinin görülməsinə dair ərizələrin geri qaytarılması institutu yaradılmışdır. Buna görə, iki halda məhkəmə ərizənin geri qaytarılması haqqında qərardad qəbul etməlidir:

ərizəyə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədikdə;

ərizə imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda.

Qeyd edilən hər iki hal formal tələblərlə riayət edilməməsi ilə bağlı hallardır və onların mövcudluğu ərizəyə mahiyyəti üzrə baxılmasına mane olur. Ona görə də, qanunvericilikdə təsbit edilmişdir ki, bu hallarda ərizə mahiyyəti üzrə həll edilməməli, məhz geri qaytarılmalıdır.

Bununla yanaşı, sözügedən qüsurlar aradan qaldırıldıqdan sonra yenidən ərizə ilə məhkəməyə müraciət edilməsi imkanı saxlanılır.

Müvəqqəti təminat tədbirləri haqqında qərardadın icra edilməsi

MPM-in 160.2-ci maddəsinin əvvəlki redaksiyasına görə ərizə üzrə qəbul edilmiş qərardada əsasən icra vərəqəsi verilməli idi. Yeni qanunvericilik tənzimləmələri isə bu məsələ ilə bağlı iki mühüm yenilik gətirmişdir.

Yeni dəyişiklik icra üçün iki imkan nəzərdə tutur – müvəqqəti təminat tədbirlərinin görülməsi haqqında qərardadın özü icra edilməsi üçün icra vərəqəsi verilmədən aidiyyəti orqanlara göndərilə bilər və ya həmin qərardad əsasında icra vərəqəsi verilə bilər. Artıq yeni dəyişikliklərə əsasən məhkəmə özü konkret vəziyyətləri nəzərə almaqla həll etməlidir ki, qərardadı birbaşa icra edilməsi üçün aidiyyəti orqanlara göndərsin, yoxsa icranı təmin etmək üçün həmin qərardad əsasında icra vərəqəsi versin. Bu dəyişiklik icranı daha operativ təmin etmək məqsədi güdür və məhkəməyə çevik davranmaq imkanı verir.

İkinci mühüm dəyişiklik isə ondan ibarətdir ki, qərardad və ya icra vərəqəsinin təsdiq olunmuş surəti aidiyyəti orqanlara təqdim edilməsi üçün ərizəçinin tələbi ilə ona verilə bilər. Beləliklə, görülmüş təminat tədbirləri məhz onların hüquqlarının müdafiəsini təmin etməyə yönəldiyi üçün ərizəçilər arzu etdikləri halda icra ilə bağlı təşəbbüs və fəallıq göstərə biləcəklər.

Müvəqqəti təminat tədbirinin ləğv olunması

Dəyişikliklər nəticəsində müvəqqəti təminat tədbirinin ləğv edilməsini tələb etmək hüququna malik subyektlərin dairəsi genişləndirilmişdir. Əvvəlki redaksiyaya görə müvəqqəti təminat tədbirini məhkəmə ya öz təşəbbüsü əsasında, ya da tərəflərin xahişi ilə ləğv edə bilərdi. Yeni MPM-in 162.1-ci maddəsinin redaksiyasına əsasən isə məhkəmənin özünün təşəbbüsü və tərəflərin xahişi ilə yanaşı, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə də müvəqqəti təminat tədbiri həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Bununla da, qəbul edilmiş qərardadla maraqlarına toxunulması ehtimal olunan bütün şəxslərin öz hüquqlarını müdafiəsi imkanı təsbit edilmişdir.
MPM-in 162.3-cü maddəsinin əvvəlki redaksiyasına görə yalnız iddia rədd edildikdə məhkəmənin qəbul etdiyi iddianı təmin etmə tədbirləri qətnamə qanuni qüvvəyə minənə qədər saxlanılırdı. Yeni dəyişikliklərə əsasən isə iddia rədd edilməklə yanaşı, həm də iddia baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Bu dəyişikliklə qanunvericilikdə mövcud olan natamamlıq aradan qaldırılmışdır. Belə ki, MPM-də nəzərdə tutulmuşdur ki, iddia ərizəsi üzrə icraat yalnız mahiyyəti üzrə məhkəmə aktının çıxarılması ilə deyil, həm də ərizənin baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi ilə yekunlaşa bilər. Bu hallarda məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbirinin taleyinin necə olacağı Məcəllənin əvvəlki redaksiyasında tənzimlənmirdi. Yeni dəyişiklik məhz bu məsələni həll etmişdir.

Müvəqqəti təminat tədbirinin tətbiqi nəticəsində vurulmuş zərərin ödənilməsi

Bu məsələ ilə bağlı MPM-in 164-cü maddəsinə edilmiş dəyişikliklər iki mühüm yenilik gətirmişdir. Əvvəla, zərərin ödənilməsi ilə bağlı iddia iki halın mövcudluğunda qaldırıla biləcəkdir. Əvvəl isə bu yalnız bir halda – iddianın rədd edilməsi halında mümkün idi. Hazırkı redaksiyaya görə həmin iki hal aşağıdakılardan ibarətdir:

işi mahiyyəti üzrə həll edən məhkəmə aktı qüvvəyə mindikdən sonra;

məhkəmədə iddia ərizəsi verilənədək müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardad qəbul edildikdə, lakin 1 ay müddətində iddia ərizəsi verilmədikdə.

İkinci yenilik isə ondan ibarətdir ki, Məcəllənin əvvəlki redaksiyası zərərin əvəzinin ödənilməsinə dair iddia qaldırmaq hüququnu yalnız cavabdehə verirdi. Hazırkı dəyişikliklərdən sonra isə bu hüquqa bütün maraqlı şəxslər malikdirlər. Bu isə o deməkdir ki, artıq belə iddianı cavabdehlə yanaşı, müvəqqəti təminat tədbirlərinin tətbiqi nəticəsində zərərə uğradıqlarını və hüquqlarının pozulduğunu iddia edən bütün şəxslər qaldıra biləcəklər. Bununla da, hüquqların müdafiəsi mexanizmləri daha da təkmilləşdirilmiş və səmərəli hala gətirilmişdir.

Aydındır ki, belə iddia qaldıran şəxslər vurulduğu iddia edilən zərərlə tətbiq edilmiş müvəqqəti təminat tədbirləri arasındakı səbəbli əlaqənin mövcudluğuna dair sübutlar təqdim etməli olacaqlar. Bundan başqa, məhkəmə yəqin ki, müvəqqəti təminat tədbiri barədə ərizənin maraqlı şəxs tərəfindən verilməsinə baxmayaraq, son nəticədə təminat tədbirlərinin məhkəmə tərəfindən tətbiq edildiyini də nəzərə almalıdır.

Xəqani Məmmədov, Ali Məhkəmənin İnzibati Kollegiyasının sədri

Xüsusi olaraq e-huquq.az üçün

Mülki Prosessual Məcəllədə nələr dəyişdi?

1 oktyabr 2021-ci il tarixdən qüvvəyə minəcək bu qanundakı əsas dəyişikliklər barədə aşağıda qısa məlumat verilir.

1. Məhkəmə qərardadları və məhkəmə qərardadlarından verilən şikayətlərə, apellyasiya və kassasiya məhkəmələrinin xüsusi qərardadları, kassasiya şikayətlərinə baxılması, əlavə kassasiya şikayətlərinə baxılması, məhkəmə aktlarına hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə yenidən baxılması, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması, kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə, məhkəmə əmri üzrə icaata dair işlərə, kiçik iddialar dair icraata dair işlərə (son üç icraat hazırda da qanunda var) yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bununla belə məhkəmə zəruri hesab etdiyi halda şikayətin baxılmasına tərəfləri dəvət edə bilər.

2. Məhkəmə icraatı aşağıdakı hallarda məhkəmənin öz təşəbbüsü ilə və yaxud tərəflərin əsaslandırılmış vəsatəti əsasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirə bilər:
– İşdə iştirak edən şəxslər, onların qanuni nümayəndələri, şahid, ekspert, mütəxəssis, tərcüməçi ölkədən kənarda və ya ölkə daxilində başqa şəhərdə (rayonda) olmaqla, üzrlü səbəbdən məhkəmə iclasında şəxsən iştirak etməsi mümkün olmadıqda;
– tərəflərdən hər hansı birinin bu Məcəllənin 255.0.1-255.0.3-cü maddələrində nəzərdə tutulmuş səbəblərdən məhkəmə iclasında şəxsən iştirak etməsi mümkün olmadıqda və iş üzrə icraat dayandırılmadıqda;
– işdə iştirak edən şəxslər, onların qanuni nümayəndələri və şahidlərin azadlıqdan məhrum etmə və ya həbs yerlərində saxlanılması səbəbindən məhkəmə iclasında şəxsən iştirak etməsi mümkün olmadıqda;
– təbii və ya texnogen qəzalar, epidemiya, fövqəladə, hərbi vəziyyət və ya qarşısıalınmaz qüvvənin təsiri nəticəsində bu Məcəllənin 10-2.1-ci maddəsində göstərilən şəxslər müvafiq icraatda bilavasitə iştirak edə bilmədikdə;
– məhkəmə icraatının lüzumsuz uzadılmasının qarşısının alınması məqsədilə digər hallarda.

3. Normativ xarakteri aklar qanunvecilik sisteminə daxil olan normativ hüquqi aktlarla yanaşı mübahisələrin həllində əsas götürülür.

4. Məhkəmə mübahisənin məhkəmə aidiyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır.

5. Aiddiyət məsələləri ilə bağlı məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyat məsələsi kassasiya məhkəməsi tərəfindən həll edilir.

6. Müqavilə aidiyyəti üzrə tərəflər aralarında işin ərazi aidiyyətinin dəyişdirilməsinə dair sazişi iş üzrə məhkəmənin hazırlıq iclası keçirilənədək bağlana bilər.

7. İddiaçı bir qayda olaraq, işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişə, iddia tələbinin həcmini artıra və ya azalda bilər. (Hazırda bunu qətnamə qəbul edilənədk edə bilr). Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

8. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.

9. Sübutların məhkəməyə təqdim edilməsi, əsl olmayan tərəf əsl olan tərəflə əvəz edilməsi, müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin işə qarışması işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilə bilər.

10. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşməsi tələbi ləğv edilir.

11. Dövlət rüsumu ödənilən məhkəmə işlərinin dairəsi genişləndirilir. xüsusi icraat qaydasında baxılan işlər üzrə ərizə verildikdə, müvəqqəti təminat tədbiri barədə ərizə verildikdə, müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardadlardan şikayət verildikdə, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizə verildikdə. İddianın qiyməti iddia ərizəsi verilən vaxt mövcud olmuş bazar qiymətlərinə uyğun olaraq müəyyən edilir.

12. İddia ərizəsinə etiraz etmə yeni redaksiyada verilir.

13. “İddianın təmini edilməsi” fəsli “Müvəqqəti təminat tədbirləri” adlandırılır. Müvəqqəti təminat tədbirləri barədə ərizə verildikdə dövlət rüsumu ödənməlidir.

14. Məhkəmənin hazırlıq iclası ərizə məhkəməyə daxil olduqdan sonra 40 (qırx) gündən gec olmayaraq keçirilir (hazırda 15 gündür və 15 günədək müddətə artırıla bilər). Sonrakı müddətdə işin xüsusiyyətlərindən asılı olaraq daha bir neçə hazırlıq iclası keçirilə bilər.

15. İşə ağlabatan müddətdə, lakin ərizə məhkəməyə daxil olduğu vaxtdan işə bərpa, aliment tutulmasına dair işlərə – 2 ay, ipoteka müqaviləsindən irəli gələn mübahisələrə və iflas haqqında işlərə – 3 ay, digər mübahisələr dair işlərə 4 ay müddətinə (2 ay da uzadıla bilər) baxılacaq.

16. Məhkəmə, açıq-aşkar əsassız vəsatət və şikayətlər verən, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən tərəfi, onun nümayəndəsini və ya vəkilini 500 manatadək cərimə edə bilər. Cərimənin məbləği məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir.

17. Məhkəmə iclasında qaydanı kobud surətdə pozan və ya məhkəməyə açıq surətdə hörmətsizlik edən şəxslər barəsində qərardad çıxararaq, onları beş yüz (hazırda əlli beş) manatadək cərimə edilə bilər.

18. Məhkəmə yerində, müşavirə otağına getmədən də, müşavirə aparıb qərar çıxara bilər.

19. İşə baxılması 3 dəfədən artıq təxirə salına bilməz.

20. Kiçik iddialara dair işlər mülki işlər 5 min manatadək müəyyən edilir. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayətinə 30 iş günü ərzində yazılı icraat qaydasında aparılır. İş materiallarında olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır.

21. “İcrada dönüş”adlı yeni 236-1.-cü maddə əlavə edilir. Bu maddəyə görə icra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qətnamə, yaxud iş üzrə icraata xitam verilməsi, yaxud da iddianın baxılmamış saxlanması haqqında qərardad çıxarıldıqda bu aktı qəbul etmiş məhkəmə icrada dönüş edilməsi barədə tədbirlər görməli, o cümlədən ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarmalı, əmlakı qaytarmaq mümkün olmadıqda isə, həmin əmlakın dəyərini tutmalıdır.

22. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında və notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə baxılması xüsusi icraat qaydasında baxılmalı işlər sırasından çıxarılır.

23. Bankın öhdəliklərinin könüllü restrukturizasiyası müddətinin uzadılması” adlı yeni 355-18-1.-cü maddə əlavə edilir. Bu maddəyə görə bankın öhdəliklərinin könüllü restrukturizasiyası müddəti “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada bankın əsaslandırılmış ərizəsi əsasında işə baxan məhkəmə tərəfindən uzadıla bilər.

24. 382-ci maddə yeni redaksiyada, “İşin baxılmasına dair məhkəmə aktının çıxarılması və elan edilməsi” adı altında verilir. Bu maddəyə görə İş üzrə araşdırma yekunaşdıqdan sonra məhkəmə yerində müşavirə apararaq və ya müşavirə otağında səs çoxluğu ilə məhkəmə aktını qəbul edir. İşdə iştirak edən şəxslərin məhkəmə iclasına gəlmədiyi hallar istisna olmaqla, məhkəmə aktının giriş və nəticə hissələrini elan edir, məhkəmə aktından şikayət etmə qaydası və müddətini, habelə tərəflərin müraciəti olduğu halda onun nəticə hissəsini izah edir.

25. Qətnamələrdən verilmiş kassasiya şikayətinə onun daxil olduğu gündən 3 ay müddətində (hazırda 2 ay müddətində), qərardaddan verilmiş kassasiya şikayətinə isə 1 ay müddətində (hazırda 2 ay müddətində) yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir.

26. Ali Məhkəmənin Plenumu şikayət, ərizə və ya protestə yazılı icraat qaydasında baxır.

27. Ali Məhkəmənin Plenumuna şikayət və ya protest məhkəmə aktının işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində, ərizə işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslər tərəfindən məhkəmə aktı barədə məlumatlı olduqları gündən 2 ay müddətində verilə bilər. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra ərizənin verilməsinə yol verilmir.

28. Ali Məhkəmənin Plenumu bu Məcəllənin 265.4-cü (Məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir.) və 265.5-ci (Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi icra olunmadıqda, məhkəmə bir ay müddətində bununla bağlı cinayət işinin başlanması haqqında xüsusi qərardad çıxarmaqla, prokurora xəbər verir.) maddələrində nəzərdə tutulmuş hallarda, habelə işə birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələrində baxılması zamanı prosessual normaların kobud pozulmasına yol vermiş hakimlər barəsində xüsusi qərardad çıxara bilər.

29. Apellyasiya və kassasiya şikayətlərinin yeni forması qəbul edilib və apellyasiya və kassasiya şikayətləri bu formalara uyğun verilməlidir.

Mülki Prosessual Məcəlləyə dəyişiklikliklər: Mövzu 1

Mülki məhkəmə icraatı da “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçiriləcəkdir.

10-1.3-cü maddəyə “məhkəmə icraatı” sözlərindən sonra “, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı” sözləri əlavə edilsin;

10-1.4-cü maddə ləğv edilsin;

Aşağıdakı məzmunda 10-1.9-cu maddə əlavə edilsin: “10-1.9. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə icraatının aparılması zamanı işdə iştirak edən şəxslərin adlarının, onların poçt ünvanlarının, istifadələrində olan elektron poçt ünvanlarının, mobil telefon nömrələrinin “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilməsi işə baxan məhkəmə tərəfindən təmin edilir.”;

MPM-in hazırda ləğv edilən 10-1.4-cü maddəsi ilə kommersiya mübahisələrindən fərqli olaraq, mülki məhkəmə icraatının “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə həyata keçirilməsinin sadəcə mümkünlüyü nəzərdə tutulmuşdur.

MPM-in 10-1.3-cü maddəsinə edilən hazırki dəyişikliklərə əsasən isə kommersiya mübahisələri ilə yanaşı, mülki məhkəmə icraatı, o cümlədən mülki məhkəmə icraatı üzrə ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçiriləcəkdir.

Mülki məhkəmə icraatının elektronlaşmasına, vətəndaşların məhkəməyə çatımlılıq imkanlarını məhdudlaşdırmadan, mərhələli şəkildə keçidin təmin edilməsi məqsədi ilə, dövlət hesabına hüquqi yardımla bağlı mövcud qanunvericiliyin təkmilləşdirilməsinədək MPM-ə müəyyən qarantiyaları nəzərdə tutan aşağıdakı əlavə və dəyişikliklər edilmişdir.

Belə ki, əlavə edilən 10-1.9-cu maddə ilə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə icraatının aparılması zamanı işdə iştirak edən şəxslərin adlarının, onların poçt ünvanlarının, istifadələrində olan elektron poçt ünvanlarının, mobil telefon nömrələrinin “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilməsinin işə baxan məhkəmə tərəfindən təmin edilməsi nəzərdə tutulmuşdur.

Digər tərəfdən, kommersiya mübahisələrindən fərqli olaraq, mülki məhkəmə icraatı üzrə iddia ərizələrinin MPM-in 10-1.3-cü maddəsinə uyğun olaraq elektron formada təqdim edilməməsi iddia ərizəsinin geri qaytarılması üçün əsas deyildir.

Belə ki, Qanunla əlavə edilən yeni 152.1.10-cu maddəsinə əsasən, yalnız “kommersiya mübahisələri üzrə iddia ərizəsi bu Məcəllənin 10-1.3-cü maddəsinin tələblərinə uyğun verilmədikdə” hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.

Müəllif: Sənan Hacıyev

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının sədri

Bu bloqda yerləşdirilən məqalələr hüquqi məsləhət xarakteri daşımır və belə olaraq nəzərə alınmamalıdır. Əlaqədar məsələ üzrə hüquqi dəyərləndirmənin və məsləhətin əldə olunması üçün müvafiq hüquqi məsləhət xidmətləri göstərən şəxsə müraciət etməyiniz tövsiyə olunur. Bloqda yayımlanan yazılar bloqun deyil, yalnız həmin yazının müəllifinin fikirlərini əks etdirir.

Comments are closed, but trackbacks and pingbacks are open.