Bir alim ömrünün dəyərli səhifələri
Vəsaitdə həmçinin məktəblərimizdə çalışan praktik psixoloqların vəzifələri, onların məktəbdə pedaqoji-psixoloji fəaliyyəti haqqında, müəllim-şagird münsibətlərinin optimal yolları barəsində dəyərli məsləhət və faydalı metodik istiqamətlər verilmişdir.
Pedaqoji prosesdə situasiyalar, metodlar, öyüd və nəsihətlər
“Müəllim” nəşriyyatı tərəfindən Professor Rüfət Hüseynzadə, Pedaqogika üzrə fəlsəfə doktoru, Əməkdar MüəllimVaqif Mahmudov, Nəzirə Hüseynova, Nigar Mahmudova, Gülçin Hüseynova, Ceyhun Ağabəyov və Ziya Aslanovun müəllifliyi ilə “Pedaqoji prosesdə situasiyalar, metodlar, öyüd və nəsihətlərdən istifadə” adlı altı bölmədən ibarət pedaqoji təmayüllü tələbələr, müəllim və tərbiyəçilər, praktik psixoloqlar üçün nəzərdə tutulmuş 530 səhifəlik yeni metodik vəsait nəşr olunmuşdur (Bakı: Müəllim, 2022).
Bakı Dövlət Universitetinin “Sosial elmlər və psixologiya” fakültəsinin 27 aprel 2022-ci il tarixli Elmi Şura iclasının (protokol № 4) qərarı ilə nəşr edilən bu dəyərli vəsaitin elmi redaktoru, professor Ləzifə Qasımova, rəyçiləri prof. Akif Abbasov, prof. Məcid İsmixanov, prof. Kərim Məmmədovdur.
Metodik vəsaitdə görkəmli alimlərin, klassik pedaqoqların təlim və tərbiyə haqqında fikirləri, xüsusilə onların gənc nəslə öyüd və nəsihətləri geniş yer almaqla bərabər, məktəb həyatından, pedaqoji prosesdən və müxtəlif pedaqoji təcrübələrdən qaynaqlanan pedaqoji situasiyalı məsələlər, problemlər, münaqişələr və belə situasiyalarda, məqamlarda müəllimin mümkün adekvat cavabları, fəaliyyəti, davranışı ətraflı şəkildə öz əksini tapmışdır.
Bunula bərabər ailədə baş verən pedaqoji problemlər, yanlış tərbiyə üsulları, uşaqlara yönələn yanlış münasibətlər, təsirlər, yanlış valideyn-övlad münasibətləri verilmişdir ki, bunların da böyük bir qismi “Yanlış tərbiyə” adlı hekayələrdə əks etdirilmişdir.
Bu vəsiatdə həmçinin pedaqoji tədqiqat xarakterli düşündürücü pedaqoji-metodiki suallar və onların izahı, 80-dən çox fəal və interaktiv təlim metodlarının təsnifatı, şərhi və praktik tətbiqi haqqında geniş məlumat verilmişdir.
Vəsaitdə həmçinin məktəblərimizdə çalışan praktik psixoloqların vəzifələri, onların məktəbdə pedaqoji-psixoloji fəaliyyəti haqqında, müəllim-şagird münsibətlərinin optimal yolları barəsində dəyərli məsləhət və faydalı metodik istiqamətlər verilmişdir.
Metodik vəsaitdə verilən praktik pedaqoji çalışmalar, tapşırıqlar, pedaqoji testlər, pedaqoji məsələlər pedaqogika elminin nəzəri və praktik məsələlərinin möhkəmləndirilməsinə xidmət edir. Vəsait pedaqogika elminin müxtəlif praktik sahələrini, bölmələrini əhatə edir ki, bütün bunlar da praktik pedaqogikanın, tətbiqi pedaqogikanın öyrənilməsini daha da asanlaşdırır.
Metodik vəsait müəllim və tələbələri praktik pedaqoji və psixoloji biliklərlə silahlandırır, pedaqoji biliklərin mənimsənilməsi prosesini xeyli dərəcədə asanlaşdırır və daha səmərəli, daha keyfiyyətli edir.
Kitabdan müəllimlər, məktəb psixoloqları, şagirdlər, valideynlər, pedaqoji ali və orta ixtisas məktəblərinin tələbələri, magistr və doktorantlar geniş şəkildə istifadə edib faydalana bilərlər.
Prof. Rüfət Hüseynzadə
More from my site
- SPİRAL!
- ATALAR SÖZLƏRİMİZ!
- Naxçıvan Arxeologiyası yeni tapıntılar İşığında
- TÜRKƏ AĞI DEMƏK OLMAZ
- MİSİRLİ MAKAMUSUNN! LİŞƏR ADLI ATASI QIZI!
- İşıq işıqdan ayrılmaz! İşıq kölgəyə çevrilməz!✨✨✨.
Bir alim ömrünün dəyərli səhifələri
İnsanı dünyanın əşrəfi hesab edənlər yanılmamışlar. Ona görə ki, insanların içərisində elələri var ki, onlar həqiqətən yer üzünün əşrəfidirlər. Doğrudur, yer üzünün əşrəfi adına layiq olmayanlar az deyil. Hətta Adolf Hitler kimi bütün dünyada tanına bilirlər, lakin yer üzünün əşrəfi adına layiq görülə bilməyirlər. Yaxud İosif Vissarionoviç Stalin dünyanın ən nüfuzlu siyasətçilərindən biri kimi şöhrət tapsa da onun apardığı irticalar, soyqırım hadisələri ona dünyanın əşrəfi olan insan titulunu qazandırmaqda mane oldu. Azərbaycanın tarixində də belə insanlar olub. Onlar da bu addan məhrum ediliblər. Elələri də olub ki, dünyanın əşrəfi adını qazanmaqla dünya tarixində xüsusi yerə malik olublar. Azərbaycanın ilk alimlərdən biri Əbülhəsən Mərzban oğlu Bəhmənyardan üzü bəri Qətran Təbrizi, Nizami Gəncəvi, Saib Təbrizi, Əssar Təbrizi, İmadəddin Nəsimi, Məhəmməd Fizuli, Seyid Əzim Şirvani, Qasim bəy Zakir, Mirzə Fətəli Axundov, Nəcəfbəy Vəzirov, Cəlil Məmmədqoluzadə, Əliqulu Qəmküsar, Mirzə Kazım bəy, Xudu Məmmədov, Lütfizadə (Lütfəli Rəhim oğlu Ələsgərzadə), Yusif Məmmədəliyev kimi mütəfəkkirlərimiz, dahi şəxsiyyətlərimiz dünyanın əşrəfi sayılan insanlar içərisində adları öndə çəkilən düha sahibləridir.
Öz əsərlərində, o cümlədən dərsliklərində, dərs vəsaitlərində, monoqrafiyalarında, elmi-tədqiqat əsərlərində, mühazirə və seminar məşğələlərində, konfranslardakı çıxışlarında onları təbliğ edərək yaşadan, onlara dünyəvi şöhrət qazandıran müəllimlərimiz də var. Hansı ki, bütün ömrünü yetişən nəslin təhsillənməsinə, tərbiyələnməsinə, inkişafına sərf edən belə müəllimlər dünyanın bənzərsiz əşrəfi kimi dəyərləndirilməlidir. Onlardan biri də Məcid müəllimdir. Məcid müəllim kimdir sualına cavab vermək üçün saatlarla danışmaq, iri həcmli əsərlər yazmaq olar. Çünki onun şərəfli ömrünün dəyərli səhifələri daha çoxdur. Onları da bir–bir vərəqləmək imkan xaricində olduğu üçün bu suala konkret olaraq aşağıdakı şəkildə cavab vermək olar:
– Məcud Abdulla oğlu İsmixanov Azərbaycan jurnalistika məktəbinin ən görkəmli nümayəndələrindən biridir. Vaxtilə “Azərbaycan məktəbi” adlı jurnalın işıq üzü görməsində bənzərsiz fəaliyyəti ilə yaddaşlara həkk olunmuşdur. Onun hazırladığı elmi-metodik xarakterli məqalələr Azərbaycan pedaqoji fikir tarixini zənginləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir;
– Məcid İsmixanov öz pedaqoji fəaliyyəti, ali təhsil sistemində tutduğu mövqeyinə görə fərqlənən görkəmli alimlərdəndir;
– Məcid İsmixanov Azərbaycanın müxtəlif təhsil sistemləri üçün dərsliklər, dərs vəsaitləri hazırlayan görkəmli alimlərimizdəndir;
– Məcid İsmixanovun yaradıcılığında tədris metodik vəsaitlər, bəzən kiçik həcmli lakin böyük dəyəri olan məqalələr, samballı monoqrafiyalar, oxunaqlı kitablar və həmişəyaşar tədris metodik vəsaitlər xüsusi yer tutur.
Əslində, lokonik şəkildə verdiyimiz bu cavabların hər bir qütbünü geniş şəkildə şərh etməklə Məcid müəllimin elmi-pedaqoji fəaliyyətini daha ətraflı, daha obyektiv şəkildə qiymətləndirmək olar. Fikrimizcə, buna da ehtiyac yoxdur. Ona görə ki, ömrünün yarım əsrlik bir müddətini elmi-pedaqoji fəaliyyətə həsr edən bu görkəmli alimi ölkə ictimaiyyəti yaxşı tanıyır. Çünki uzun müddət Azərbaycan radio və televiziya verişləri vasitəsilə, uşaqların, yeniyetmələrin, gənclərin, hətta yaşlıların və ahılların mariflənməsi, şairlərin, yazıçıların, dramaturqların, bir sözlə, görkəmli ədiblərin yaradıcılığındakı təlim-tərbiyə, təhsil örnəklərini təhlil etməklə ictimai mühitin tərəqqisi ilə bağlı tövsiyələr vermiş, mühakimələr yürütmüş, elmi-pedaqoji müddəalar irəli sürmüş, bütövlükdə əsl pedaqoq olduğunu sübuta yetirmişdir. Belə bir görkəmli alimin əmək fəaliyyətini təhlilə cəlb etmək istəsək, onun əmək fəaliyyətini iki istiqamətdə təhlil eləmək lazım gələcək. Birincisi, Sovetlər İttifaqı dövründəki fəaliyyətinə nəzər salmaq lazım gəlir. Hansı ki, o, kommunist rejimi dövründə hamı kimi sifarişlə işləmiş, göstərişlərə əməl etmiş, tapşırıqları məsuliyyətlə yerinə yetirmişdir. Amma bütün fəaliyyəti boyu obyektivliyini, dəqiqliyini, saflığını, vicdanlılığını, əqidə bütövlüyünü qorumuşdur. Sovetlər İttifaqı dövründə əxlaqi saflığına və mənəvi bütövlüyünə görə belə ziyalıları barmaqla saymaq olardı.
Məcid müəllimin əmək fəaliyyətinin ikinci istiqaməti, başqa sözlə desək ikinci dövrü müstəqillik illəri ilə bağlıdır. Yəni müstəqillik qazandığımız ilk illərdən etibarən Məcid müəllimin elmi potensialındakı dinamik inkişaf, pedaqoji fəaliyyətindəki modern tərəflər daha parlaq şəkildə özünü göstərmişdir. Müstəqillik qazandığımız ilk onilliklərdə Məcid İsmixanovun fəaliyyət arenasına diqqət etsək, onun nə qədər böyük istedad sahibi olduğunu, daxili enerji imkanlarının geniş olduğunu, elmi-pedaqoji işə olan məhəbbətinin gücünü görmüş olarıq. Müstəqillik illərində Məcid müəllimin çap olunan əsərləri içərisində “Pedaqogika (Didaktika)”; “Məktəbin idarə edilməsi”; “Pedaqogikanın əsasları”; “Pedaqoji etika”; “Sosial pedaqogika”; “Ümumi təhsil kurikulumunun əsasları”; “Təhsilin əsasları”; “Müəllimlik ixtisasına giriş”; “Azərbaycan dili (Ümumtəhsil məktəblərinin I sinifləri üçün)”; “Ali məktəb pedaqogikası”; “Azərbaycan dili”; “Pedaqoji terminlərin izahlı lüğəti”; “Higher school pedagogy (textbook)”; “Universitet tələbələrinin pedaqoji praktikası”; “İnsan xarakteri və münasibətləri”; “Ümumtəhsil məktəblərinin I sinifləri üçün müstəqil iş dəftəri”; “Bakalavr pilləsində təcrübəçi tələbələrin tədris-tərbiyə işi”; “Pedaqogika kursu üzrə sxemlər”; “Magistrantların elmi-pedaqoji təcrübəsi”; “Ali məktəb pedaqogikası fənnindən sxemlər”; “Təlimdə şagirdlərin müstəqil işinin fizioloji əsasları”; “Pedaqoji nəzəriyyə və təcrübədə təhsilalanların təlim-idrak müstəqilliyi problemi” kimi əsərlərinin hər biri Azərbaycan təhsilinin, Azərbaycan pedaqoji elminin ayrı-ayrı cəhətlərini, sistemli inkişaf tərəflərini, yetişən nəslin təlimi-təhsili-tərbiyəsi ilə bağlı dəyərli fikirlərini, bənzərsiz metodik göstərişlərini və pedaqoji fikir tariximizi zənginləşdirən düşüncə tərzini görmüş olarıq. Məcid müəllimin milli pedaqogikamıza münasibəti haqqında ayrıca danışmaq lazım gəlir. Müstəqillik illərində yazılan “Pedaqogika” dərslikləri və dərs vəsaitləri içərisində Məcid müəllimin nəşr etdirdiyi “Pedaqogikanın əsasları” adlı dərs vəsaiti xüsusi yer tutur. Ona görə ki, bu dərs vəsaiti ölkəmizdə bu günə qədər nəşr olunan və ali məktəb tələbələrinin istifadəsində olan dərsliklərdən seçilir, fərqlənir. Nəzərdə tutduğumuz seçilmələr və fərqlənmələr yalnız və yalnız üstünlükləri göstərən meyarlar kimi dəyərləndirilməlidir.
Yeri gəlmişkən qeyd etməliyik ki, ölkəmizdə ilk “Pedaqogika” adlı dərs vəsaitini 1939-1941-ci illərdə ilk qadın pedaqoqlarımızdan biri İ.İrzaquluyeva hazırlayaraq çap etdirmişdir. “Pedaqoji” adı altında nəşr olunan bu dərs vəsaiti ilk təcrübə nümunəsi olduğu üçün onun qüsurlarından söz açmaq düzgün deyil. Əslində bu qüsurları xatırlatmaq ədəb-ərkan qaydalarına uyğun olmasa da, xatırlatmaq lazım gəlir. Çünki, həmin dövrlərdə ali məktəb tələbələrini qane etməyən bu dərs vəsaitinin əvəzinə Akademik Mehdi Mehdizadənin rəhbərliyi ilə iki cildlik “Pedaqogika” adlı dərs vəsaiti hazırlanaraq çap olundu. Açığını etiraf etmək lazımdır ki, iki hissədən ibarət olan bu dərs vəsaitlərinin də ömrü bir o qədər uzun olmadı.
50-ci ilin sonlarından 60-cı illərin əvvəllərinə qədər ali məktəblərdə pedaqoji kadr hazırlığında istifadə olunan bu dərs vəsaitini əvəz edən professor Mərdan Muradxanovun komandası tərəfindən hazırlanaraq çap etdirilən “Pedaqogika” adlı dərs vəsaiti oldu. Etiraf edək ki, ali məktəblərdə kadr hazırlığı işinə xidmət edən bu dərs vəsaitinin ömrü daha uzun olmuşdur. Hətta bu gün də bu dərs vəsaiti elmi-pedaqoji işçilərin və pedaqogika sahəsində tədqiqat aparanların bir qisminin stolüstü kitabıdır. Ondan sonra Bəşir Əhmədovun Ağababa Rzayevlə birgə hazırlayaraq nəşr etdirdikləri “Pedaqogikadan mühazirə konspektləri” adlı dərs vəsaiti ilə Sovet dövrünün pedaqogika estafeti tamamlanmış oldu.
Müstəqillik illərində “Pedaqogika” adlı ilk dərs vəsaitini professor Yusif Talıbov hazırladı. Təəssüf hissi ilə qeyd etməliyik ki, daha 3 müəllifin qoşulduğu bu dərs vəsaiti Sovet dövründə hazırlanan dərs vəsaitlərindən bir o qədər fərqlənmədiyi üçün pis qarşılanmasa da sensasiyalara da səbəb olmadı. Daha sonra Nurəddin Kazımov, Əliheydar Həşimov, Fərahim Sadıqov, Hikmət Əlizadə, Akif Abbasov, Fərrux Rüstəmov, Əmrulla Paşayev, Ləzifə Qasımova kimi görkəmli professorlarımız tərəfindən hazırlanaraq çap etdirilən “Pedaqogika” adlı dərslik və dərs vəsaitlərinin yüksək səviyyədə qəbul edilməsi böyük məmnuniyyətlə qeyd olunmalıdır. Böyük məmnuniyyətlə o da qeyd olunmalıdır ki, bu müəlliflərin içərisində ölkəmizin birinci Universiteti, yəni Ana Universitetimiz olan Bakı Dövlət Universitetinin aparıcı kafedralarından biri sayılan Pedaqogika kafedrasının professoru Məcid İsmixanov da vardır. Maraqlı cəhət odur ki, onun hazırlayaraq nəşr etdirdiyi dərs vəsaiti “Pedaqogika” yox “Pedaqogikanın əsasları” adlanır. Dərs vəsaitinə bu adı qoyan alimin, müəllifin təvazökarlığı göz önünə gəlir. Ona görə ki, müəllif doğrudan da pedaqogikanın bütün sahələrinə dair əsas ideyaları dərs vəsaitinə topladığı üçün onun adını pedaqogikanın əsasları qoymuşdur. Hansı ki, bu əsasların hər birini nəzərdən keçirdikdə onların mahiyyətində, məzmununda müasirlik və təhsilin modernləşdirilməsinə xidmət edən ideyaların yer aldığını görərik. Yeri gəlmişkən qeyd olunmalıdır ki, əslində təhsilin əsasları haqqında ən sanballı dərsliyin müəlliflərindən biri də professor Məcid İsmixanovdur. Onun S.Vəliyeva və E.Mollayeva ilə birlikdə ali məktəblərin bakalavr pilləsi üçün hazırladığı “Təhsilin əsasları” adlı dərslikdə təhsilin həm tarixi, həm nəzəri, həm də praktik məzmunu öz əksini tapmışdır. Ona görə ki, 3 hissədən ibarət olan bu dərslikdə professor Məcid İsmixanov başda olmaqla müəlliflər heyəti birinci hissəni təhsilin metodoloji əsaslarına həsr etmişlər. Bu hissədə təhsilin tarixi, dövlətin təhsil siyasəti, təhsilin fəlsəfi, sosial-iqtisadi, psixoloji əsasları müfəssəl şəkildə aydınlaşdırmaqla yanaşı təhsil sisteminin strukturu və bu sistemin müasirləşdirilməsi istiqamətlərini də qaneedici bir şəkildə şərh etmişlər.
Dərsliyin ikinci hissəsində təhsilin keyfiyyəti və ona təsir göstərən əsas amillər yer alır. Dərslikdə haqlı olaraq müəlliflər tərəfindən müasir təhsil texnologiyaları və informasiya kommunikasiya texnologiyaları, onların tətbiqi imkanları ilə bağlı müəllimlərə, metodistlərə və bu sahədə çalışanlara çox dəyərli tövsiyələr, informasiyalar verilir. Bu hissədə təhsildə monitorinq və qiymətləndirmənin aparılması ilə bağlı verilən elmi ideyalar, maraqlı tövsiyələr Azərbaycan təhsilinin modernləşdirilməsi sahəsində irəli atılan uğurlu addımlar kimi dəyərləndirilməlidir. Dərsliyin üçüncü hissəsində təhsilin idarə edilməsi və iqtisadiyyatı ilə bağlı verilən nəzəri məlumatlar da yeniliklərlə zəngin olan məlumatlar kimi dəyərləndirilməlidir. Bütün bunlar deməyə əsas verir ki, professor Məcid İsmixanovun müstəqillik dövründə çap olunan əsərlərində onun novatorluğunun cizgilərini görmək olur. Əlbəttə ki, belə novator alimlərin elmi ideyaları əsirlər və minillər boyu yetişən nəsillərin təhsillənməsinə öz töhfəsini verəcəkdir.
Qeyd olunanları isə bir professorun, Azərbaycan xalqının görkəmli ziyalısının şərəfli ömrünün dəyərli səhifələri kimi qiymətləndirir, ona bu yolda uzun ömr və can sağlığı arzulayırıq.
Fərahim Sadıqov,
Bakı Elm-Təhsil Mərkəzinin Prezidenti,
pedaqogika elmləri doktoru, professor,
Akademik Yusif Məmmədəliyev mükafatı
laureatı
Alimliklə müəllimliyin vəhdəti
Professor Məcid İsmixanov müasir Azərbaycanın peşəkar pedaqogikaşünaslarından olmaqla, təhsil ictimaiyyətinin ciddi alim-ziyalı-müəllim kimi qəbul etdiyi müqtədir simalardandır.
Səksən illik ömür yolunun təxminən 60 illik bir dövrünü pedaqoji fəaliyyətə həsr etmiş görkəmli ziyalının elmi-pedaqoji fəaliyyətinə nəzər saldıqda çox məhsuldar və nəcib bir alimin həyat salnaməsi ilə qarşılaşırıq. Sakit, təmkinli, amma iti müşahidəçilik qabiliyyəti olan Məcid müəllimin ölkənin təhsil tarixində öz yeri, mövqeyi və rolu vardır.
Cəmiyyətdə müəllim peşəsinin, müəllim statusunun yüksək tutulduğu bir dövrdə gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olmaq, ona zəruri bilikləri çatdırmaq və ən başlıcası, gənclərdə düşünmək qabiliyyətini oyatmaq müəllimdən cəsarət və fədakarlıq tələb edir. Bu baxımdan, Məcid müəllim uzun müddətdir ki, öz peşəsinin vurğunu kimi pedaqoji fəaliyyətlə məşğul olur. Hər şeydən əvvəl o, tədris etdiyi fənni dərindən bilir, onu tələbələrinə sevdirmək üçün müxtəlif metodlardan bacarıqla istifadə edir.
Bütün bunların arxasında isə Məcid müəllimin daxili zənginliyi, intellektual qüdrəti, dünyamıza maraqlı fərdi baxışı durur. Ömrünün kamillik dövrünü yaşayan istedadlı alimin amalı vətəninə və xalqına xidmət etməkdir.
Məcid İsmixanov öncə müəllimdir. Bu sahə onun elmi-pedaqoji fəaliyyətinin əsas prioritetidir, əgər belə demək mümkünsə, ona son dərəcə doğma olduğu kimi, həm də təbiətinə uyğun gələn bir sahədir. Artıq 60 ilə yaxındır ki, bakalavrlar üçün “Pedaqogika”, magistrlər üçün isə “Ali məktəb pedaqogikası”, “Ali məktəb didaktikası”, “Məktəbin idarəedilməsi” fənləri üzrə oxuduğu mühazirələrlə, kurs, diplom və magistr işlərinə rəhbərliyi ilə yuzlərlə tələbənin formalaşmasında önəmli rol oynamışdır.
Bakı Dövlət Universitetinin professoru kimi yüksək adı daşıyan qələm dostumuz mərhum unudulmaz insan, neçə-neçə imkansız, lakin istedadlı gəncə yaşıl işıq yandırmaq xüsusiyyəti və prinsipiallığı ilə adı hafizələrimizə hopmuş professor Mərdan Muradxanovun yetirməsidir. Elmində və sənətində, həyata, yaxınlarına, həmkarlarına və dostlarına münasibətdə öz sələfi və müəlliminin yolunu davam etdirməyə çalışan Məcid müəllim öz dəst-xətti ilə seçilən alimdir.
Geniş yaradıcılıq diapazonuna malik bu tədqiqatçı klassiklərimizdən tutmuş müasirlərimizədək, yəni xalqımızın çoxşaxəli pedaqoji-əxlaqi-mədəni külliyatından başlamış müasir dövrədək əldə edilmiş bütün elmi-praktik nəticələri özündə əks etdirən peşəkar dərslik yaratma səriştəsinə görə seçilən, pedaqogika üzrə mövzu və problemləri əzm və ehtirasla gündəmdə saxlayan, elmi-pedaqoji mətbuatla sıx əməkdaşlıqdan yorulmayan az-az qələm sahiblərindəndir.
Bir alim və insan kimi Məcid müəllimi səciyyələndirən ən ümdə cəhətlərdən biri də onun öz həmkarlarının elmi-pedaqoji fəaliyyətinə biganəlikdən uzaq olması, elmi diskussiya və müzakirələrə meyilliliyidir.
Maraqlı odur ki, bir peşəkar tədqiqatçı kimi Məcid müəllim öz araşdırmalarında vahid bir istiqamətə sadiq qalaraq ardıcıllığı, sistemliliyi, konseptuallığı gözləyir. Tarixiliklə müasirliyi mühüm prinsip kimi əsas götürür, konkret və korrektə edilmiş fikirlərin harmoniyasını təşkil edən üsluba malik olması ilə daha çox seçilir.
Professor Məcid İsmixanovun elmi yaradıcılığı həm yetərincə zəngin, həm də çoxcəhətli və çoxşaxəlidir. Xüsusilə demək olar ki, kafedrada magistratura üzrə tədris edilən fənlərin bir çoxunun proqram və dərs vəsaitləri onun qələmindən çıxıb. Yazılarındakı bütövlük, orijinallıq, məntiqi ardıcıllıq məhz onunla bağlıdır ki, alim elmin bir-birilə bağlı olan ayrı-ayrı sahələrinə aid biliklərini bacarıqla sintezləşdirir ki, bu da aparılan axtarışların və söylənən fikirlərin dəyərini qat-qat artırır.
Onun müəllimliyi və nəzəri-elmi fəaliyyəti ilə əməli işi arasında daimi vəhdət vardır. O, yazı masası arxasında yaratdığı elmi pedaqoji müddəallarını auditoriyada, elmi məclislərdə böyük həvəslə tələbələrin, geniş ictimaiyyətin mühakiməsinə təqdim etməyi çox sevir. Onun simasında alimliklə müəllimliyin vəhdəti adamı vəcdə gətirir.
Məcid müəllimin təmiz xarakteri, məntiqli danışığı, saf əqidəsi, mənəvi kamilliyi, sözün əsl mənasında, yüksək keyfiyyətlərə malik olması məni ona daim yaxınlaşdırıb. Məcid müəllimlə aramızda müəyyən məsafə, ədəb-ərkan olmasına baxmayaraq, onun həmişə sadəliyini hiss etmişəm.
Əsərlərinin elmi səviyyəsi, dili və üslubu xüsusilə seçilən alimin aşağıdakı kitabları dediklərimə sübutdur: “Pedaqogika (təlim və təhsil nəzəriyyəsi-didaktika)”. Məlumdur ki, müəllim hazırlığı sistemində pedaqogika fənni xüsusi yer tutur. Müstəqilliyimizin ilk illərində milli təhsil siyasəti kontekstində yeni-yeni dərsliklərə keçidə şərait yarandı. H.Əhmədov, N.Kazımov, Ə.Həşimov, Y.Talıbov, Ə.Ağayev, Ə.Həsənov, L. Qasımova, F.Rüstəmov və b. bu sahədə keçmiş sovetlərdən qalma tabuları yararaq yeni milli dərsliklər hazırladılar. Belə ilklərdən biri də Məcid İsmixanovun “Pedaqogika” dərsliyidir.
“Məktəbin idarə edilməsi” dərsliyi də yeniliyi ilə seçilir. Bu mənada müasir məktəb qarşısında duran vəzifələrin həlli onun necə idarə olunmasından çox asılıdır. Məcid müəllim kitabında təhsil islahatı ilə bağlı məktəbdə təlimin məzmunu və texnologiyasının yeniləşməsi, maddi-texniki bazanın möhkəmlənməsi istiqamətində görülmüş işlərə, ciddi dəyişikliklərə xüsusi diqqət yetirərək təhsilin modernləşməsi kontekstində idarəetmə ilə bağlı orijinal dərslik hazırlamışdır.
Bu vəsait məktəbşünaslığın nəzəri əsaslarının, təşkilati və praktik məsələlərinin şərhinə həsr edilməklə burada məktəbi idarəetmənin mahiyyəti, funksiyaları, prinsip və metodları, strukturu, idarəetmə fəaliyyətinin sistemi, təlim-tərbiyə işinə rəhbərlik, məktəbdaxili nəzarət, metodik işə rəhbərlik və s. vacib məsələlər nəzərdən keçirilir.
Onun “Pedaqoji etika” dərsliyi də gələcək müəllimlərə pedaqoji etika sahəsində lazımi biliklər vermək, onların etik təsəvvürlərini genişləndirmək və pedaqoji fəaliyyətə nəzəri və praktik cəhətdən hazırlaşdırmaqdan ibarətdir. Kitabda pedaqoji etikanın aktual problemləri, prinsip və kateqoriyaları, müəllimin peşə əməyinin və münasibətlərinin əxlaqi əsasları və pedaqoji etikaya yiyələnməsi yolları nəzərdən keçirilir.
“Sosial pedaqogika” dərsliyi də müasirliyi ilə seçilir. O, gələcək mütəxəssisləri sosial pedaqogikaya yiyələnməklə gənclərin sosiallaşması prosesini daha yaxşı izləməyə, bu prosesə təsir göstərən amilləri düzgün nəzərə almağa, onların imkanlarından tərbiyə məqsədi üçün daha yaxşı istifadə etməyə, habelə sosial mühitin mənfi təsirlərini neytrallaşdırmağa, insanın inkişafı və tərbiyəsində baş verən sosial əyintilərin qarşısını almağa və onları aradan qaldırmağa, həyat çətinliklərinə qarşı insanın müqavimət gücünü artırmağa və özünü reallaşdırması üçün əlverişli şərait yaratmağa nail ola bilər.
“Müəllimlik ixtisasına giriş” dərsliyi bu sənətə gələnlər üçün təqdimat fənni olaraq, onların ilk pedaqoji-peşə fənnidir. Bu fənnin başlıca qayəsi müəllim peşəsinin xüsusiyyətləri, elmi əsasları və təhsil əməyi mədəniyyəti ilə tanış etməkdən, ən başlıcası isə sizin pedaqoji təcrübəyə daxil olmanızı asanlaşdırmaqdan, özünüzdə müəllim üçün zəruri olan pedaqoji peşə keyfiyyətlərini formalaşdırmaqda sizə yardımçı olmaq baxımından çox əhəmiyyətlidir.
Buraya onun “Ali məktəb pedaqogikası”, “Ali məktəb didaktikası”, “Pedaqoji terminlərin izahlı lüğəti”, “Təhsilin əsasları” əsərlərini, eləcə də 300-dən çox elmi məqalələrini də əlavə etsək onun çox məhsuldar ziyalı olduğunu görərik. Bu gün Məcid İsmixanov həyatının müdrik çağını, fəaliyyətinin qaynar dövrünü yaşayır. Yaradıcılıq eşqi, yaratmaq istəyi və enerjisi ilə dolu dostumuz olan, gözəl ziyalı, nüfuzlu alim və pedaqoq, hörmətli Məcid müəllimə uzun ömür və cansağlığı, səadət, yeni uğurlar arzulayır, yeni əsərləri ilə oxucuları tezliklə sevindirəcəyinə əminliyimizi bildiririk.
Həsən BAYRAMOV,
Pedaqogika üzrə elmlər doktoru, Bakı Dövlət Universitetinin professor əvəzi, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki
Comments are closed, but trackbacks and pingbacks are open.