Məişət zorakılığının qarşısının alınması haqqında qanun
• məişət zorakılığını törətmiş şəxsin yetkinlik yaşına çatmamış uşaqları ilə ünsiyyət qaydaları;
Məişət zorakılığı nədir?
“Məişət zorakılığının qarşısının alınması haqqında” Qanuna əsasən məişət zorakılığı yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə, bu Qanunun şamil edildiyi şəxslərin birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurmasıdır.
Məişət zorakılığından zərərçəkmiş şəxs (bundan sonra – zərərçəkmiş şəxs) – bir yerdə yaşadığı ailə üzvünün, yaxın qohumunun, qanuni nikahda olmadığı və ya əvvəllər birgə yaşadığı şəxsin ona qarşı qəsdən törətdiyi fiziki, psixi, iqtisadi, cinsi zorakılıq hərəkətləri nəticəsində fiziki və ya mənəvi zərərçəkmiş şəxsdir.
Məişət zəminində fiziki zorakılıq – Qanunun şamil edildiyi şəxslərin birinin digərinə qəsdən fiziki təzyiq göstərməsi, yəni zor tətbiq etməklə təhlükəsizliyini pozması, döyməsi, sağlamlığına zərər vurması, işgəncə verməsi, azadlıq hüququnu məhdudlaşdırmasıdır.
Məişət zəminində psixi zorakılıq – Qanunun şamil edildiyi şəxslərin birinin digərinə qəsdən psixi təzyiq göstərməsi və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətləridir.
Məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqi – Qanunun şamil edildiyi şəxslərin birinin digərini onun mülkiyyətində, sərəncamında və ya istifadəsində olan əmlakdan, gəlirlərdən məhrum etməsinə, iqtisadi asılılıq yaratmasına, belə asılılığı saxlamasına və ya ondan sui-istifadə etməsinə yönəlmiş hərəkətləridir.
Məişət zəminində cinsi zorakılıq – Qanunun şamil edildiyi şəxslərin birinin digərini onun iradəsi əleyhinə seksual xarakterli hərəkətlərə məcbur etməsidir.
Bu qanunun şamil edildiyi şəxslər aşağıdakılardır:
• yaxın qohum olan ailə üzvlərinə (ər, arvad, valideynlər, uşaqlar, nənələr, babalar, nəvələr, doğma və ögey qardaşlar və bacılar, övladlığa götürmüş və övladlığa götürülmüş şəxslər), habelə birgə yaşadığı hallarda digər qohumlara;
• nikah pozulduqdan sonra birgə və ya ayrılıqda yaşayan keçmiş ər-arvada
• qəyyum və ya himayəçi təyin olunmuş fiziki şəxslərə, habelə üzərində qəyyumluq və ya himayəçilik təyin edilmiş şəxslərə;
• qanuni nikahda olmadan birgə yaşayan kişi və qadına, habelə onlarla birgə yaşayan yaxın qohumlarına
Məişət zorakılığından zərərçəkmiş şəxslərə mühafizə orderi verilir. Mühafizə orderi qısamüddətli və uzunmüddətli olaraq mövcud olur.
Məişət zorakılığı törətmiş şəxsin hərəkətləri cinayət məsuliyyəti yaratmadıqda, lakin bu hərəkətlər nəticəsində zərərçəkmiş şəxsin hüquqları və qanuni mənafeləri pozulduqda, müvafiq icra hakimiyyəti orqanı tərəfindən (zərərçəkmiş şəxsin yaşadığı (olduğu) yerin icra hakimiyyəti orqanı ) məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxsə həmin və ya ona oxşar hərəkətlərin təkrarlanmaması barədə yazılı xəbərdarlıq edilə və zərərçəkmiş şəxsə qısamüddətli mühafizə orderi verilə bilər.
Müvafiq icra hakimiyyəti orqanı müraciət edilən vaxtdan 24 saat keçənədək zorakılığı törədən şəxsə xəbərdarlıq edir və dərhal zərərçəkmiş şəxsə 30 gün müddətinədək qısamüddətli mühafizə orderi verir. Xəbərdarlıq edilməsindən məhkəməyə şikayət verilə bilər.
Məişət zorakılığı ilə bağlı hərəkətlər törətmiş şəxsin qısamüddətli mühafizə orderinin tələblərinə əməl etməməsi uzunmüddətli mühafizə orderinin verilməsi üçün əsas ola bilər.
Məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxs verilmiş xəbərdarlığa əməl etmədikdə, zərərçəkmiş şəxs və ya müvafiq icra hakimiyyəti orqanı uzunmüddətli mühafizə orderinin verilməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Uzunmüddətli mühafizə orderi 30 gündən 180 gün müddətinə verilir.
Məişət zorakılığından zərərçəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır.
Mülki Prosessual Məcəllənin (MPM) 355-1.2-ci maddəsinə əsasən uzunmüddətli mühafizə orderinin verilməsi barədə ərizə zərərçəkmiş şəxsin yaşadığı (olduğu) yer üzrə verilir. Uzunmüddətli mühafizə orderinin verilməsi barədə ərizədə məişət zəminində qəsdən törədilən fiziki, psixi və ya cinsi zorakılıq və iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqi nəticəsində zərər çəkmiş şəxsə fiziki və ya mənəvi zərər vurulmasını təsdiq edən hallar şərh edilməli, ərizəçinin xahişi göstərilməlidir.
Uzunmüddətli mühafizə orderinin verilməsi barədə ərizəyə məhkəməyə təqdim olunduqdan sonra 3 gün müddətinə baxılmalıdır. Ərizəyə, məişət zorakılığından zərər çəkmiş şəxsin və məişət zorakılığını törətmiş şəxsin iştirakı ilə baxılır. Ərizəyə baxılmasında məişət zorakılığı ilə bağlı araşdırmanı aparmış dövlət orqanının nümayəndəsinin iştirakı məcburidir. Tərəflərin şəxsi və ailə həyatı sirrinin yayılmasının qarşısının alınması, habelə yetkinlik yaşına çatmamış şəxslərin maraqlarının təmin edilməsi məqsədi ilə uzunmüddətli mühafizə orderinin verilməsi barədə işə qapalı məhkəmə iclasında baxılır.
İşə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Uzunmüddətli mühafizə orderinin verilməsi barədə qətnamə qəbul edildikdən dərhal sonra məhkəmə iclasında elan olunur.
Uzunmüddətli mühafizə orderinin verilməsi barədə qətnamədə məişət zorakılığını törətmiş şəxsə aşağıdakılardan biri və ya bir neçəsi qadağan edilir:
• məişət zorakılığının təkrar törədilməsi;
• zərər çəkmiş şəxsin olduğu yer ona məlum olmadıqda həmin şəxsin axtarılması;
• zərər çəkmiş şəxsə narahatlıq gətirən digər hərəkətlərin edilməsi.
Uzunmüddətli mühafizə orderinin verilməsi barədə qətnamədə yuxarıda qeyd edilənlərlə yanaşı aşağıdakılardan biri və ya bir neçəsi göstərilir:
• məişət zorakılığını törətmiş şəxsin yetkinlik yaşına çatmamış uşaqları ilə ünsiyyət qaydaları;
• yaşayış sahəsindən və ya birgə əmlakdan istifadə qaydalarının müəyyən edilməsi;
• zərər çəkmiş şəxsə tibbi və ya hüquqi yardımın göstərilməsi ilə bağlı xərclərin məişət zorakılığını törətmiş şəxs tərəfindən ödənilməsi şərtləri;
• uzunmüddətli mühafizə orderinin verilməsi barədə qətnamənin icra edilməməsinə görə məsuliyyətin izah edilməsi barədə məlumat.
Məişət zorakılığından zərərçəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi haqqında qətnamə dərhal icra edilir.
Hazırladı: Sevinc Qulyeva
Məişət zorakılığının qarşısının alınması haqqında qanun
Dekabrın 9-da “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun şərhi kitabının təqdimat mərasimi keçirilmişdir.
AzərTAc xəbər verir ki, mərasimdə ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri, Milli Məclisin deputatları iştirak etmişlər.
Azərbaycan Hüquqşünasları Konfederasiyasının (AHK), Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, BMT-nin Əhali Fondunun, Avrasiya Hüquqşünaslar Assosiasiyasının, Amerika Hüquqşünaslar Assosiasiyasının birgə əməkdaşlığı ilə hazırlanmış 132 səhifəlik kitab, 4000 tirajla Azərbaycan dilində nəşr olunmuşdur.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin və AHK-in sədri Əli Hüseynli demişdir ki, qanun layihəsi cəmiyyətdə çox geniş müzakirə olunmuş, ictimai dairələrin rəy və təklifləri əsasında daha da təkmilləşdirilmişdir. Şərh qanunun düzgün başa düşülərək tətbiq olunması məqsədi ilə hazırlanmışdır. Kitabın bütün hüquq-mühafizə orqanlarının akademiyalarında, eləcə də hakimlər, vəkillər, prokurorlar arasında yayılması nəzərdə tutulmuşdur. Bu qanunun cəmiyyətə çatdırılması, onun implimitasiyası növbəti mərhələdə qarşıda duran vacib məsələdir.
Ə.Hüseynli bildirmişdir ki, “Məişət zorakılığının qarşısının alınması haqqında” şərhi kitabı məişət zorakılığına qarşı mübarizəyə layiqli bir töhfədir. Kitabda məişət zorakılığı problemi açıqlanır, məişət zorakılığı ilə mübarizə sahəsində beynəlxalq hüquqi sənədlər, xarici ölkələrin və Azərbaycan Respublikasının təcrübəsi haqqında geniş məlumat verilmişdir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirmişdir ki, “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunun şərhi kitabı çox aktual bir mövzuya həsr olunmuşdur. Bu gün qadınlara münasibətdə zorakılığın qarşısının alınması təkcə Azərbaycanda deyil, bütün dünyada diqqət mərkəzində olan məsələlərdəndir. Təəssüflər olsun ki, dünyanın bir çox ölkələrində zorakılıq, xüsusən də gender əsaslı zorakılıq hələ də davam etməkdədir. Son illər bu sahədə ölkəmizdə böyük işlər görülür. Bu istiqamətdə Prezident İlham Əliyevin həyata keçirdiyi fəaliyyət problemə necə həssaslıqla yanaşmanın ən parlaq göstəricisidir.
Hicran Hüseynova demişdir ki, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın qadın hüquqlarının qorunması ilə bağlı məsələlərə böyük diqqəti cəmiyyətimizi bu istiqamətə səfərbər edir. Onun təşəbbüsü ilə “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun parlamentdə qəbul olunmuşdur. Məişət zorakılığına qarşı ardıcıl və məqsədyönlü mübarizənin təmin edilməsi məqsədi ilə maarifləndirmə sahəsində addımların atılması xüsusi ilə önəmlidir.
Komitə sədri xüsusi vurğulamışdır ki, gələcəkdə bu sahədə fəaliyyət daha da genişləndirilməlidir və qanunun implimitasiyası ilə bağlı tədbirlərin həyata keçirilməsi olduqca vacibdir.
BMT-nin Əhali Fondunun nümayəndəsi Fərid Babayev, Amerika Hüquqşünaslar Assosiasiyasının Azərbaycandakı ofisinin rəhbəri Robert Steere, şərhin müəllifi, AHK idarə heyətinin üzvü, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi, hüquq üzrə fəlsəfə doktoru Ceyhun Qaracayev və başqaları da çıxış edərək kitabın cəmiyyətə verəcəyi töhfədən danışmışlar.
Kitabın elmi redaktoru, hüquq üzrə fəlsəfə doktoru Əli Hüseynli, rəyçiləri siyasi elmlər doktoru Hicran Hüseynova, Milli Məclis Aparatının dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri, Avropa Şurasının İşgəncələrə Qarşı Komitəsinin sədri, AHK idarə heyətinin üzvü, hüquq elmləri doktoru Lətif Hüseynov, hüquq üzrə fəlsəfə doktoru, AHK-in baş katibi, AMEA-nın İnsan Hüquqları Elmi Tədqiqat şöbə müdiri Nadir Adilovdur.
Həyata keçirilən layihənin əlaqələndiricisi Avrasiya Hüquqşünaslar Assosiasiyasının sədr müavini Xanlar Ağalarovdur.
Azərbaycanda məişət zorakılığı törədənlər həbs ediləcək
“Report”un xəbərinə görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 158-ci maddəsinə (Məişət zorakılığının qarşısının alınması haqqında qanunvericiliyin pozulması) dəyişiklik təklif olunur.
Dəyişikliklə məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqinə, yəni şəxs tərəfindən digər şəxsin onun mülkiyyətində, sərəncamında və ya istifadəsində olan əmlakdan, gəlirlərdən məhrum edilməsinə, iqtisadi asılılıq yaradılmasına, belə asılılığın saxlanılmasına və ya ondan sui-istifadə edilməsinə yönəlmiş hərəkətlərə görə 100 manatdan 300 manatadək məbləğdə cərimə edilir və ya altmış saat ictimai işlər və ya pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla 15 gün müddətinədək inzibati həbs tətb ediləcək.
Qeyd edək ki, Məcəllənin hazırkı 158.1-ci bəndi belədir: Məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqinə, yəni şəxs tərəfindən digər şəxsin onun mülkiyyətində, sərəncamında və ya istifadəsində olan əmlakdan, gəlirlərdən məhrum edilməsinə, iqtisadi asılılıq yaradılmasına, belə asılılığın saxlanılmasına və ya ondan sui-istifadə edilməsinə yönəlmiş hərəkətlərə görə 100 manatdan 300 manatadək məbləğdə cərimə edilir.
Comments are closed, but trackbacks and pingbacks are open.