Nitq mədəniyyətinin mahiyyəti, inkişafı və təbliği
Üslubiyyat və üslublar, habelə ədəbi dilin üslubları barədə əldə olunanlar nitq mədəniyyəti və ümumən dil və cəmiyyət problemi ilə əlaqədar olaraq da əhəmiyyətlidir. Qəbul etmək lazım gəlir ki, dil sadəcə, vahidlər sistemi deyil, həm də bununla bərabər, dilin də fəaliyyətdə olan törədicilik xidmətindən istifadə edənlərin qabiliyyət, bilik və bacarıq dərəcəsini, yaradıcılıq imkanlarını nümayiş etdirir. Bu sahə həm dilçilik, həm də ədəbiyyatşünaslıq baxımından maraqlıdır, həm də bunlar öz paylarını da nəzəri şəkildə dəqiq bölə bilməmişlər. Bu fənn filoloji bilik üçün də ən vacib sahələrdəndir. Dilçilik elmində bədii əsərin dili ilə yazıçı dili qarşılaşmışdır. Cəmiyyətə dilin təsiri ilə cəmiyyətin dilə təsiri məsələsi fonunda yeni bir sahə – nitq mədəniyyəti adlanan axtarış sahəsi üzə çıxır.
“Natiqlik və Nitq Mədəniyyəti” təlimi
Tarixi qaynaqlardan məlum olur ki, lap qədim zamanlardan məzmunlu, aydın, yığcam, təsirli nitqə malik olan adamlar cəmiyyət tərəfindən həmişə yüksək qiymətləndirilmişdir. Nitqin gözəlliyi və ona sahib olmağın yolları böyük şəxsiyyətlərin daima diqqəti mərkəzində olmuşdur. Nitq üstünlüyünə malik olmaq istəyirsinizsə bu təlim tam sizin üçündür.
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Oxu, Öyrən və Qalib ol” gənclərarası təqdimat yarışması adlı layihənin ilk təlimi – “Natiqlik və Nitq Mədəniyyəti” təlimi 29 dekabr 2018-ci il tarixində saat 11:00 da baş tutacaq.
Təlimçi:
Canoğlan İlyasov
(Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının meneceri, UNFBA təlimçisi)
Natiqlik və Nitq Mədəniyyəti təlimi aşağıdakı mövzuları əhatə edəcək:
– Natiqlik sənətinin incəlikləri;
– Karyeranın artırılmasında natiqliyin rolu;
– Nitqin qurulması, jest və mimikalardan istifadə…
Təlimdə iştirak ödənişsizdir.
Layihə çərçivəsində keçirilən tədbirlərdə iştirak etmiş hər kəsə sertifikat veriləcək.
causes
Təlim müddəti: 90 dəqiqə (15 dəqiqə – çay fasiləsi)
Ümumi məlumat:
Tarix: 29 dekabr 2018
Vaxt: 11:00
Ünvan: İçərişəhər, Böyük Qala 41 (“Bir” Tələbə-Könüllü proqramının təlim zalı)
Nitq mədəniyyətinin mahiyyəti, inkişafı və təbliği
Xalqın varlığı və milliliyinin ilkin şərtləri onun dili ilə bağlıdır; Başqa şəkildə ifadə etsək, hər bir millətin kimliyi, ədəbiyyatı, mədəniyyəti onun dilindən başlayır. Odur ki, xalqların öz istiqlaliyyəti uğrunda apardığı mübarizələrdə dil məsələsi, milli dilə münasibət həmişə mərkəz mövqedə dayanmışdır. Bəzən bütöv bir istiqlaliyyət mübarizəsi yalnız ana dili üzərində cəmləşir (Məsələn, Cənubi Azərbaycanda olduğu kimi). Dil mirasdır – Nəsiminin, Füzulinin, Xətainin, Vaqifin mirasıdır. Mirasımız milli dilimizdir. Bəs, “Milli dil” dedikdə nə düşünülür? Əlbəttə, əksəriyyət bu anlayışı adətən yad, əcnəbi dillərin basqısına qarşı duran dil, yəni ana dili kimi qəbul edir. Sözsüz, bu, bir çox hallarda belədir ki, var.
Nitq mədəniyyətinin də əsasını ədəbi dil normalarına yiyələnmək təşkil edir
Xalqın mədəni səviyyəsinin yüksək sürətlə inkişaf etdiyi hazırkı zamanda dildən məqsədəuyğun istifadə etmə qaydalarına bələd olmaq, yəni aydın, ahəngdar, səlis, yığcam, ifadəli, həm də məzmunlu nitqə malik olmaq – danışıb yaza bilmək demək olar ki, haqlı olaraq hər kəsi məşğul edir. bütün bunlar nitq mədəniyyəti problemlərinin aktuallığını sübut edən faktlardandır və onların öyrənilməsinə də bu zərurətdən yanaşmaq lazımdır.
Belə bir şəraitdə insanların, xüsusən də gənc nəslin nitq mədəniyyətinin yüksəldilməsi böyük önəm daşıyır və bu baxımdan yeni vəzifələr sırasına keçir. Məlumdur ki, şəxsiyyətin ümumi intellektual inkişafında nitq vərdişlərinə yiyələnmə xüsusi əhəmiyyət kəsb edir. Uzun illərin təcrübəsinə əsaslanaraq demək mümkündür ki, yüksək ixtisaslı mütəxəssislər hazırlanması üçün ali məktəblərin tədris prosesində nitq mədəniyyəti üzrə geniş yer verilməsi tələb olunur. Aydın, səlis, ifadəli, dəqiq və kamil bir nitqə nail olmaq yalnız əməli şəkildə qrammatik vərdişləri mənimsəməkdən ibarət deyildir. Nitq mədəniyyətinə malik olmağın əsas şərti dilin üslub normalarından düzgün istifadə etməyi bacarmaqdır. Bunun üçün başlanğıc olaraq ana dili elmi əsaslar üzərində daha səmərəli təlim edilməlidir. Çünki əslində nitq mədəniyyətinin də əsasını ədəbi dil normalarına yiyələnmək təşkil edir. Belə olan halda, aydın, ifadəli, səlis nitqə yiyələnməkdən ötrü ilk növbədə ədəbi dilin normalarını, bunu müəyyənləşdirmənin ölçü və şərtlərini bilmək, bir sözlə, dürüstlük – düzgünlük – dəqiqlik; asanlıq -sadəlik; vahidlik – eynilik; sabitlik – davamlılıq; ahəngdarlıq – səlislik və başlıcası, dil-üslub qaydalarını bilib əməl etmək də zəruridir. Nitq mədəniyyəti nitq prosesində dil vasitələrindən yerində, məqsədyönlü şəkildə istifadə etmək bacarığıdır. Bu məsələlər üslubiyyatın tədqiqat sahələrini təşkil edir.
Söz bu zaman yeni bir məna, gözəllik, məzmun alır
Fikir və duyğuları ifadə etmək üçün dil vardır. Ana dilimizin söz xəzinəsi, lüğət tərkibindəki sözlər adama nəyisə danışmaq, nəql etmək, söyləmək, əmr etmək, tələb etmək, suallar vermək üçün lazım olur. Lakin bu sözlər adama o zaman da lazım olur ki, insan fikirlərini oxuya-oxuya çatdırmaq istəyir. Onun dilində söz bu zaman yeni bir məna, gözəllik, məzmun alır. O sözlər bizə hər zaman məlum olsa belə, bizi saxlayır, ürəyimizi bir anda ələ alır, əsir edir.
Üslubiyyat və üslublar, habelə ədəbi dilin üslubları barədə əldə olunanlar nitq mədəniyyəti və ümumən dil və cəmiyyət problemi ilə əlaqədar olaraq da əhəmiyyətlidir. Qəbul etmək lazım gəlir ki, dil sadəcə, vahidlər sistemi deyil, həm də bununla bərabər, dilin də fəaliyyətdə olan törədicilik xidmətindən istifadə edənlərin qabiliyyət, bilik və bacarıq dərəcəsini, yaradıcılıq imkanlarını nümayiş etdirir. Bu sahə həm dilçilik, həm də ədəbiyyatşünaslıq baxımından maraqlıdır, həm də bunlar öz paylarını da nəzəri şəkildə dəqiq bölə bilməmişlər. Bu fənn filoloji bilik üçün də ən vacib sahələrdəndir. Dilçilik elmində bədii əsərin dili ilə yazıçı dili qarşılaşmışdır. Cəmiyyətə dilin təsiri ilə cəmiyyətin dilə təsiri məsələsi fonunda yeni bir sahə – nitq mədəniyyəti adlanan axtarış sahəsi üzə çıxır.
Bu dildən istifadə edən hər kəsin borcudur ki.
Son dövrdə Azərbaycan dilinin inkişafında yeni, özünəməxsus bir mərhələnin başlanması nəzərə çarpır. Azərbaycan dili qeyd-şərtsiz rəsmi dövlət dili statusuna sahib olmuş bir dil olaraq, bütün geniş imkanları ilə ictimai ünsiyyət vasitəsidir. Əlbəttə, dövlət müstəqilliyimizin başlıca rəmzlərindən hesab edilən Azərbaycan dilinin yüksək səviyyədə tətbiqi və inkişaf etdirilməsi ilə bağlı verilən prezident fərmanları bu qayğının parlaq təzahürüdür. Bu sahələrə qayğının, diqqətin artırılması, ana dilinin layiqincə öyrənilməsi, elmi tədqiqi işinin daha da fəallaşdırılması və eləcə də dilimizin cəmiyyətdə tətbiqi dairəsinin genişləndirilməsi imkanlarını daha da artırmışdır. Azərbaycanımız öz dövlət müstəqilliyinə qovuşduğu ilk çağlardan başlayaraq, dilimizin inkişafına, onun tətbiq dairəsinin genişlənməsinə xüsusi diqqət və qayğı göstərilməkdədir. Böyük öndərimiz Heydər Əliyevin imza atdığı fərmanlar ana dilimizin öyrənilməsi, bu sahədə aparılan araşdırmaların fəallaşdırılmasını və cəmiyyətdəki istifadə imkanlarını daha da artırmaqdadır. “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası prezidentinin 18 iyul 2001-ci il fərmanı; “Azərbaycan əlifbası və Azərbaycan dili gününün qeyd edilməsi haqqında” Azərbaycan Respublikası prezidentinin 9 avqust 2001-ci il fərmanı; “Azərbaycan Respublikasının Dövlət dili haqqında” 30 sentyabr 2002-ci il Qanunu; Azərbaycan Respublikasının Dövlət dili haqqında Qanunun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası prezidentinin 2 yanvar 2003-cü il fərmanı və s. tədbirlər dövlətin daimi qayğısını əks etdirir. “Azərbaycan Respublikasının Dövlət dili haqqında” 30 sentyabr 2002-ci il Qanun maddələrindən də aydın olur ki, müstəqilliyin başlıca əlaməti ana dilinin dövlət dili statusuna nail olmasıdır. Dövlət dilinin qorunması və işləkliyinin təmin edilməsi – bu, müstəqil dövlət quruculuğumuzun ən bariz şərtidir.
· Azərbaycan Konstitusiyasının 21 maddəsi il dövlət dilimizin Azərbaycan dili olması təsbit olunmuşdur.
· Hər bir vətəndaş ana dilini bilməlidir.
· Rəsmi dövlət mərasimləri ana dilində aparılmalıdır.
· Azərbaycan təhsilində işlənməsi; təhsil ana dilində aparılmalıdır.
· Radio-televiziya kanalları ana dilində işlənməlidir.
· Dövlət dilinin bütün xidmət sahələrində reklam və elanlar, mallar üzərində etiketlərə qədər işlənməsi.
· Vətəndaşların adı, soyadı, coğrafi adlar-yaşayış məntəqələrinin adları dövlət dilində yazılır.
. Qorunması; Dilçilik elminin nəzəri və praktik yöndən inkişafına şərait yaradılır.
· Sonrakı illərdə müvafiq olaraq dövlət tədbirləri bu fərmanın gücləndirilməsinə kömək edib;
Monitorinqlər keçirilir.
Dilimizin durmadan daim inkişaf etdirilməsi üçün geniş imkanlar yarandığı hazırkı şəraitdə bu dildən istifadə edən hər bir kəsin, bütövlükdə cəmiyyətin borcudur ki, onun qaydalarına, normalarına riayət etmək, təmizliyini, saflığını, gözəlliyini qorumaq, korlanmasına, pozuntulara düçar olmasına yol verməməkdir.
Bir çox terminlərin Azərbaycancası vardır, lakin onlar aktiv surətdə işlənmirlər: Məsələn, seqmantasiya – üzvlənmə, seqmentləşdirmə – müəyyənləşmə, diskurs – nitqin xarakteristikası. Bu hallar fikir və müddəalar arasında əlaqələndirməni zəiflədir. Son illərin təcrübəsi göstərir ki, orfoqrafik və orfoqrafik xətaların tez-tez özünü göstərməsinə gətirib çıxarır.
Məhz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” 2012-ci il mayın 23-də imzaladığı sərəncam da dövlətçiliyimizin başlıca rəmzlərindən olan ana dilimizin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılmasını, ölkəmizdə dilçilik elmi sahəsində vəziyyətin əsaslı şəkildə yaxşılaşdırılmasını təmin etmək baxımından son dərəcədə mühüm bir sənəddir. Sərəncamda oxuyuruq: “Ölkəmizin zaman-zaman müxtəlif imperiyalar tərkibində yaşamağa məcbur olmasına baxmayaraq, ana dilimiz bu ağır vaxtlarda belə milli məfkurənin, milli şüurun və milli-mədəni dəyərlərin layiqincə yaşamasını və inkişafını təmin etmişdir. Bu gün onun qorunması və qayğı ilə əhatə olunması müstəqil Azərbaycanın hər bir vətəndaşının borcudur.”
Ana dilinin insanın yetişməsi və inkişafındakı mövqeyi, habelə, ailədə ana dilinin uşağın yetişməsindəki rolunu, obrazlı olaraq onların hər birinin bir kökün üstündə rişə atan budaqlar kimi bağlı olduğunu qəbul etmək gərəkdir.
Dilimizin qorunub mühafizə edilməsində ali məktəblərin, xüsusilə bu dili yetişməkdə olan nəslə bilavasitə aşılamalı olan pedaqoji yönlü qurumların üzərinə böyük vəzifələr düşür.
Nitq mədəniyyəti
Hansı dildə danışırsansa danış, yaxud yazırsansa yaz, dinləyən və ya oxuyan şəxs həmin dili bilirsə sənin şifahi, yaxud yazılı nitqinə bir də mədəni səviyyəsinə görə qiymətləndirib reaksiya verməli olacaqdır. Çünki tarixi bizə məlum olmayan çox- çox qədim dövrlərdən bəri “nitq mədəniyyəti” adlanan bir təsəvvür- anlayış var ki, cəmiyyət inkişaf etdikcə onu (“nitq mədəniyyəti”ni) “natiqlik sənəti” səviyyəsinə yüksəldən insan qabiliyyətinin (və istedadının!) göstəricisinə çevirmişdir. Bütün müqayisələr, almanlar demiş, qüsurlu olsa da, belə bir müqayisə aparmağa ehtiyac duyuruq ki, hər kəs mahnı oxuyur, ancaq heç də hamı müğənni olmur və ya hər kəs şəkil çəkir, ancaq heç də hamı rəssam olmur.
Cəmiyyət, nə qədər ehtiramla yanaşsa da, heç kəsdən müğənnilik, rəssamlıq və s. tələb etmədiyi kimi heç kəsdən də natiqlik tələb etmir. Ancaq hər kəsdən normal (mədəni) nitq tələb olunur ki, həmin tələbə cavab verməyən insan barəsində, nə qədər məziyyətləri, müsbət cəhətləri olsa da, “mədənidir” deyə fikirləşmək nəinki çox çətindir, hətta mümkün deyil. Niyə? Ona görə ki, bizim subyektiv zövqümüzdən, yaxud münasibətimizdən asılı olmayaraq ictimai şüurda kifayət qədər obyektiv olan “nitq mədəniyyəti” təsəvvürü var ki, dil inkişaf etdikcə həmin təsəvvür daha mükəmməl, daha pozulmaz olur. Məsələn, ingilis, alman, fransız və ya rus dilinə diqqət yetirsək görərik ki, dünyanın bu inkişaf etmiş dillərinin həm şifahi, həm də yazılı təzahürlərində mübahisəsiz qəbul olunan qaydalar, yaxud normalar mövcuddur. Azərbaycan dili də, bəzi istisnalarla, həmin inkişaf etmiş dillər kimi müəyyən qaydalara, yaxud normalara malikdir. Odur ki, hər hansı azərbaycanlının mətbuatda, televiziyada və ya radioda müşahidə etdiyi nitq qüsurlarına qarşı gündəlik həyatımızda tez- tez rast gəlinən etirazları heç kimi təəccübləndirməməlidir. Çünki azərbaycanlı şüurunda da “nitq mədəniyyəti” təsəvvür-anlayışı xeyli dərəcədə stabildir. Məsələn, hər bir azərbaycanlı bilir (və ya ən azından hiss edir) ki, televiziyada, yaxud radioda gələcəm, gedəcəm əvəzinə gələjəm, gedəjəm; gəlsək, getsək əvəzinə gəlsox, getsox, hətta o gələcək əvəzinə o gələcəkdir demək ədəbi normadan yayınmadır, nitq qüsurudur. Və maraqlıdır ki, bu qüsurlardan nə birincisinə, nə də ikincisinə yazı dilində təsadüf olunmadığı halda, üçüncüsü məhz yazı dilinin, yəni, mexaniki normativliyin törəməsidir ki, şifahi dilə məhz ədəbi normativlik aktı kimi nüfuz etmişdir.
Yeri gəlmişkən qeyd etməliyik ki, Azərbaycan yazı dili şifahi dildən daha normativ olduğuna görə şifahi dildəki qüsurlar, yaxud nəyin qüsur olub- olmamağına dair mübahisələr yazı dilindəkindən müqayisə edilməyəcək qədər çoxdur ki, bu da, bir tərəfdən, Azərbaycan dilində yazı ənənəsinin zənginliyi ilə bağlıdırsa, digər tərəfdən, ümumiyyətlə yazı dilinin daha çox normativliyindən və ya standartlığından irəli gəlir. Təsadüfi deyil ki, bəzi xalqlar “ədəbi dil” əvəzində “yazı dili”, yaxud “yazılı dil” ifadəsini işlətməklə yazıya ədəbilik, normalılıq statusu verirlər. Və həqiqətən, yazı, demək olar ki, bütün xalqların dili üçün elə bir mədəni nüfuza malikdir ki, şəxsin (dil istifadəçisinin) savadı birinci növbədə ona (yazıya) nə dərəcədə bələd olub-olmaması ilə müəyyənləşir.
Lakin etiraf etmək lazımdır ki, son zamanlar yazının, eləcə də yazı normativliyinin və ya orfoqrafiya qaydalarının kultunun zəifləməsi müşahidə olunur. Və bu, bütün dünyada olduğu kimi Azərbaycanda da belədir. Əgər bir vaxtlar orta məktəblərdə hüsnxətt dərsləri keçirilir, uşaqlara gözəl xətlə yazmaq öyrədilirdisə, böyük tarixi ənənəsi olan həmin ehtiyac bugün, demək olar ki, aradan qalxmışdır. Yazının texnikiləşməsi, ilk növbədə kompüter texnologiyalarının sürətlə inkişafı hüsnxətt barədəki tarixi təsəvvürü tamamilə dəyişdirməklə elə bir mühit yaratmışdır ki, ümumiyyətlə əl yazısının nə vaxtsa yalnız ekzotik bir hadisəyə çevriləcəyi artıq indidən heç bir şübhə doğurmur.
Yazının meydanının daralması özünü onda da göstərir ki, şifahi kütləvi informasiya vasitələri müxtəlif baxımlardan daha effektli, operativ olduğuna görə mətbuatı-yazılı kütləvi informasiya vasitələrini qabaqlayır. Və təsadüfi deyil ki, əgər bir vaxtlar radiodan, yaxud televiziyadan daha çox yazı dilinin intonasiyası, diktor tələffüzü eşidilirdisə, bugün, əksinə, mətbuatın – qəzetlərin, jurnalların dilində şifahi nitq xüsusiyyətləri yazılı dilin normativlərini az qala hər addımda “pozmaqla” yeni ünsiyyət, diskurs modelləri təqdim edir ki, bu da tamamilə təbiidir.
Ona görə də biz, bir zamanlar olduğu kimi, mətbuatdan, ümumən yazı dilindən klassik texnologiyalara əməl olunmasını pedantcasına tələb edə bilmərik. Lakin bu, o demək deyil ki, tarixən formalaşmış yazı mədəniyyətindən – orfoqrafiyadan tamamilə imtina etmək lazımdır. Məsələn, bir sıra sözlərin ənənəvi yazılışında tamamilə zəruri olan sadələşdirmə – redaktə işləri aparmağa ehtiyac var. Deyək ki, son illərdə Azərbaycan yazısında, müəyyən etirazlara rəğmən tamamilə doğru olaraq, apostrofdan imtina edildi. Yaxud sabah və ya o biri gün ədəbiyyat, səhiyyə, mədəniyyət, müvəffəqiyyət, tövsiyyə kimi sözlər bir y ilə yazıla bilər. Və yaxud sözün sətirdən sətrə keçirilməsi zamanı tələb olunan hecalara ayırma prinsipi aradan qaldırılar. Ancaq, məsələn, xüsusi adların nə zamansa kiçik hərflə yazılacağı hələ ki heç kəsin ağlına gəlmir.
Azərbaycan yazı dilində elə hadisələr var ki, tamamilə məntiqsizdir; məsələn, bugünkü orfoqrafiya prinsiplərinə görə, bugün və ya bu gün söz və ya söz birləşməsini ancaq bir formada (bu gün) yazırıq. Şifahi dildə təbii şəkildə yerinə görə fərqləndirilən, heç bir məntiqsizliyə, yaxud qüsura imkan verməyən bu hadisə yazı dilində fərqləndirilmir ki, bu da, nəticə etibarilə, dil təfəkkürü səviyyəsində inkar olunur. Müqayisə edək:
1) Mən bugün işə gedəcəm.
2) Yanvarın 1- i istirahət günü olduğuna görə bu gün iş günü deyil.
Birinci halda “bugün” bitişik, ikinci halda isə “bu gün” ayrı yazılacaqdır. Ona görə ki, birinci halda söhbət rusların “seqodnya”, ingilislərin “tudey” dedikləri bir söz- anlayışdan, ikinci halda isə birinci növ təyini söz birləşməsindən gedir.
Yazı dilində mürəkkəb cümlələrin, o cümlədən tabeli mürəkkəb cümlələrin işlənməsi nə qədər səciyyəvi (və təbii) olsa da, şifahi dil üçün nə səciyyəvi, nə də təbiidir. Hətta bu cür cümlələri şifahi şəkildə deyə biləcək bir dil intellekti ortaya çıxsa belə.
Bugün Azərbaycan dili ən çox publisistikada inkişaf edir, ancaq Azərbaycan dilinin normalarının pozulduğu ən münbit məkan da publisistik məkandır. Və dil o zaman inkişaf edir ki, orada inkişaf üçün sosial-mənəvi şərait var. Hər kəs danışır, hər kəs yazır.
Ancaq hər kəsin danışdığı və hər kəsin yazdığı bir dövrdə hər kəsin məsuliyyət daşıdığını güman etmək çox çətindir. Bugün Azərbaycan mətbuatında hazırlıqsız, yaxud qeyri-peşəkar jurnalistlərin, televiziya və ya radioda nitq səviyyəsi yüksək olmayan, bir sıra hallarda isə təfəkkür mədəniyyəti aşağı aparıcıların çox olması, yəqin ki, mübahisə mövzusu deyil. Əlbəttə, kütləvi informasiya vasitələrindəki dil qüsurları bir də ona görə təhlükəlidir ki, cəmiyyət, xüsusilə gənc nəsil həmin qüsurları çox hallarda (inersiya ilə!) norma kimi qəbul edib işlədir. Və nəticə etibarilə, ana dili, eləcə də milli dil təfəkkürü zədələnir.
Fikrimizcə, ədəbi dil, əsasən, aşağıdakı hallarda dağıdıcı təsirə məruz qalır:
1) dialekt sözlərinə, yaxud dialektdən gələn tələffüz xüsusiyyətlərinə geniş meydan verilməsi;
2) alınma sözlərdən yerli- yersiz istifadə olunması, yaxud başqa dillərin tələffüz-intonasiya xüsusiyyətlərinin ana dilinə gətirilməsi;
3) düşüncə və ya təfəkkür mədəniyyətinin aşağı olması.
Son zamanlar xüsusilə televiziya dilində (ilk növbədə cəmiyyətin maraq göstərdiyi şou verilişlərində) dialektizmlərə meylin gücləndiyi müşahidə olunur. İntellektual səviyyəsi ümumiyyətlə yüksək olmayan müğənnilər bir yana, hətta həmin verilişlərin aparıcıları da dialektdə, əsasən, Bakı dialektində danışmağa üstünlük verirlər (məsələn, yaxcı, nöşün, həri və s. dialektizmlər işlədilir) ki, bu da ədəbi normaya laqeydlik, hörmətsizlik gətirir. Yaxud aşıq sənətinə həsr olunmuş verilişlərdə, xüsusilə müsabiqə və ya yarışmalarda Qazax, ümumiyyətlə Qərb dialektlərimizdən geninə-boluna istifadə edilir.
Əlbəttə, Azərbaycan dilinin dialektləri, şivələri bizim milli sərvətimizdir. Və çox az azərbaycanlı təsəvvür etmək olar ki, hansısa bir dialektə, şivəyə mənsub olub onu az və ya çox bilməsin. Məişətdə ləhcədən istifadəni də heç kəs yasaqlaya bilməz. Hətta televiziyada, ya radioda müəyyən ekzotik təəssürat yaratmaq üçün dialektizmə müraciət etmək də mümkündür. Ancaq, necə deyərlər, qədərində. Və dinləyici hiss etməlidir ki, norma hansıdır, bu və ya digər məqsədlə normadan yayınma nədən ibarətdir.
Etiraf etməliyik ki, ədəbi dilimizdə olmasa da, xalq danışıq dilimizdə rus sözləri, ifadələri kifayət qədər geniş yayılmışdır: açki, znaçit, pasluşnı, seryoznı, paryadoçnı, toçnı, damaşnik, maşennik, zakonnı, tak şto, kaneşna, sveji və s. Bu cür sözlərin, ifadələrin işlədilməsi yalnız bu və ya digər şəxsin nitq qüsuru, yaxud subyektiv marağının təzahürü kimi izah oluna bilməz. Ədəbi normaya belə kütləvi təcavüz eyni zamanda ümumən milli dil təfəkküründəki yad sözlərə müqavimət immunitetinin zəifliyi ilə bağlıdır. Bu isə o deməkdir ki, yuxarıda sadaladığımız, eləcə də sadalamadığımız yüzlərlə rus sözlərinin ana dilindəki qarşılıqları milli dil təfəkküründə ya lazımi qədər möhkəm oturmamışdır, ya da xalq danışıq dilində alınma sözün ekzotik- ideoloji nüfuzu o qədər yüksəkdir ki, ana dili sözünü sıxışdırmaq gücündədir.
Bir vaxtlar ailədə ata, ana kimi qədim ənənəsi olan milli (və doğma) söz- müraciətlərin əvəzində papa, mama daha çox işlənirdi. Bugün də işlənir, ancaq müşahidə edilir ki, papa yerinə ata deyilməsi artır, mama yerinə ana deyilməsi isə, demək olar ki, əvvəlki səviyyədə qalmaqdadır. Və maraqlıdır ki, ailədə valideynlərinə papa, mama deyən uşaqlar da kənarda – ictimai yerlərdə valideynləri haqqında danışarkən adətən atam, anam sözlərini işlədirlər.
Son zamanlar Azərbaycan dilinə xüsusilə publisistik üslubun təcrübəsində beynəlxalq leksikonun daxil olması ümumən müsbət hadisədir. Ona görə ki, dil təfəkkürümüz müasirləşir, intellektuallaşır və beynəlmiləlləşir. Ancaq, təbii ki, burada da bir əndazə olmalıdır. Heç bir əsas yoxdur ki, kreativ, market, menecer, kompüter, məsaj, korrupsiya, gender, mobil, administrasiya, analoq, passionar, alternativ, krizis, korporativ, sammit, debat kimi onlarla, hətta yüzlərlə beynəlmiləl sözün Azərbaycan dilində işlənməsinə etiraz olunsun. Və hamıya məlumdur ki, bu cür sözlər dilimizə nə qədər inamla gəlsə də, heç də hamısı ümumişlək olmayıb, əsasən, bu və ya digər səviyyədə intellektualların nitqi üçün səciyyəvidir. Kütləvi informasiya vasitələrinin dilinə də həmin mənbədən keçir.
Ədəbi dilin inkişafına mane olan ən böyük təhlükələrdən biri də düşüncə və ya təfəkkür mədəniyyətinin aşağı olmasıdır ki, bu, bütövlükdə millətə deyil, ayrı-ayrı şəxslərə aiddir. Lakin həmin ayrı-ayrı şəxslərin nitq qüsuru və ya məzmun-mündərəcəsiz nitqi tirajlanırsa, kütləvi hal alırsa, istər-istəməz, ictimai (milli!) problemə çevrilir. Məsələn, bir vaxtlar müxalifət mətbuatında və ya “müstəqil mətbuat” dediyimiz kütləvi informasiya vasitələrində söyüşlər, təhqirlər, böhtanlar o həddə çatmışdı ki, sanki yeni bir “mətbuat dili” yaranırdı. indiyə qədər də bu “dil-üslub”un müəyyən əlamətləri qalmaqdadır. Eləcə də bir sıra mətbuat orqanlarında ideya- məzmundan uzaq, nə məqsədlə yazıldığı bilinməyən xeyli məqalələrə rast gəlinir ki, burada dil informasiya vermək, yaxud idrak funksiyalarını yerinə yetirməkdən məhrum edildiyinə görə, əgər belə demək mümkünsə, enerjisini itirir. Xüsusilə acınacaqlı haldır ki, mətbuatda az qala hər gün artıq bu sahədə “peşəkarlaşmış” jurnalistlərin əli qələm tutmayan müxtəlif (və əsasən, cəmiyyətdə müəyyən mövqeyi olan, tanınmış) şəxslərin adından yazıb çap etdirdikləri “məqalələr”i oxumalı oluruq ki, burada da dil- üslub konyukturunu, təfəkkür sönüklüyünü görməmək mümkün deyil.
Və çox təəssüf ki, dil təfəkkürsüzlüyü televiziyalarımız üçün də təsadüfi hal sayıla bilməz. Bizim öz sənətləri, ifaları (və istedadları!) ilə xalq arasında tanınan, sevilən, hətta yüksək ictimai nüfuz qazanan müğənnilərimiz vardır ki, efirdən, ekrandan danışanda düşünürsən yəqin heç orta təhsil də görməyib. Və nəzərə alsaq ki, onlar, demək olar ki, hər gün bizim evlərimizin, ailələrimizin qonağıdır, həmsöhbətidir, onda nitq (və təfəkkür!) mədəniyyətimizin hansı təsirlərə məruz qalacağını, hansı səviyyəyə düşəcəyini təsəvvür etmək o qədər də çətin olmazdı.
Əslində televiziyanın simasını müəyyən etməli olan elə aparıcılar var ki, onların trafaret danışıqlarına qulaq asanda dahi Füzulinin dahiyanə müqayisələri yada düşür. Şair deyirdi ki,
Gər qara daşı qızıl qan ilə zəngin edəsən,
Təbə təğyir verib ləli- Bədəxşan olmaz.
Edəcək tutiyə təlim ədayi- kəlimat,
Nitqi insan olur, amma özü insan olmaz.
Bir mühüm problem də maraqla baxdığımız məşhur xarici filmlərin çox hallarda bərbad tərcüməsindən irəli gəlir. Məsələn, filmdə bir obraz digərindən nə isə eləməyi xahiş edir. O isə “budəqiqə!” (budəyqə!) və ya “busaat!” əvəzinə “indi!” deyir ki, bu cür ifadə Azərbaycan dilində tarix boyu müşahidə edilməmişdir.
Ümumiyyətlə, nitq o zaman gözəl, məzmunlu, təsirli olur ki, birinci növbədə, gərək nə dediyini biləsən; ikinci növbədə, necə deyəcəyini, hansı sözlərdən, ifadələrdən istifadə edəcəyini qərarlaşdırasan və nəhayət, çalışasan ki, sənin sözün (nitqin) kimisə nəyəsə sövq etsin, ünvanlı olsun, təsir göstərsin.
“Nitq mədəniyyəti” nə qədər təcrübədən keçmiş, ümumi (və mükəmməl!) prinsiplərə malik olsa da, şəxsin nitqinin mədəniyyətində təzahür etmirsə, riayət edilməyən, icra olunmayan qanuna bənzəyir ki, onun da cəmiyyətə fayda verə biləcəyini düşünmək düzgün olmazdı.
AMEA-nın müxbir üzvü, professor
Comments are closed, but trackbacks and pingbacks are open.