Press "Enter" to skip to content

Nizami Gəncəvinin nəsil şəcərəsi haqqında – Zəhra Allahverdiyeva

Səni saf torpaq da yaralar, inan!

Nizami gencevinin özü haqqında ən geniş məlumat

“Aydın yol” dahi Azərbaycan şairi Nizami Gəncəvinin əbədiyaşar əsərlərində yer alan və nəsillərdən nəsillərə ötürülərək dillər əzbərinə çevrilən hikmətli kəlamlarından seçmələri təqdim edir.

Sülh, müharibə, ədalət və zülm haqqında

Atəşi üfürsən alışıb yanar,

Onu suya bassan, sönər aşikar.

Dünyaya fateh olmaz zülmkarlıq, rəzalət,

Yer üzünün fatehi ədalətdir, ədalət!

Haqq sözü eşitmək istəməyənlər,

Ağlını itirib hədər ölərlər.

Künc-bucaqda qalana sən bu qədər atma ox,

Yoxsulların ahından, qarğışından çəkin, qorx.

Dünyanın işini yaxşı düşün sən,

Nə əksən, onu da sən biçəcəksən.

Yaxşı iş də görsən, pis iş də, inan,

Unutmaz onları bu qoca dövran.

Hünər, cəsarət və mərdlik haqqında

Nə üçün boynuna min yük alırsan?

Zalımın zülmündən məmnun qalırsan?

Sən də süsən kimi ipəkdən olsan,

Səni saf torpaq da yaralar, inan!

Zəlillik ürəyə ağrılar salar,

Zülmə dözənlərin sonu xar olar.

İnsanı sarsıdar göz yaşı, nalə,

Ah çəkib, of edən yetməz kəmalə!

İradəsiz olma, iradəsizlər

ayaqsız qurd kimi yerdə sürünər.

Fil keçsin üstündən tapdalayaraq,

Xəsis adamlara əl açma ancaq.

Mərd olmaq gərəkdir həyatda hər an,

Mərdliklərlə çatar arzuya insan.

Evdə tək arpası olmayan bir kəs

Yarım arpa qədər minnət götürməz.

Heç qorxma acizə zülm edən kəsdən,

Yoxsa qul olarsan sən ona hökmən.

Yüksəklərə ucaldar hünər, cəsarət səni,

Hünərsiz alçalarsan, tapar rəzalət səni.

Böyüklə vuruşda insan ad alar,

Alçaqla vuruşda özü alçalar.

Aman istəyincə qurbağalardan,

Balıq tək sulara tez qərq olarsan.

Qanı çörəyinə yavanlıq etsən,

Papağı dik saxla, baş getsə əldən.

Mərdə təmiz adı candan əfzəldir,

Ləkəli qalmaqdan ölüm gözəldir.

Ovcumun içində olsa da belə

Dikmərəm gözümü özgə mülkünə.

Dostluq və düşmənlik haqqında

Ehtiyatsız bir quş düşərsə tora,

Başqa quşları da sürüklər ora.

Dost qəlbi torpaqdır, ona toxunsan,

Əlin paklaşacaq bu toxunuşdan.

Heç kimsəylə yola getmirsə bir kəs,

Ona bel bağlanıb bir iş görülməz.

Ağıllılar bilir, tək yesə hər kəs,

Təklikdə də ölər, dost-aşna görməz.

İstəyirsən evin salamat qala,

Evə yad adamı buraxma əsla.

Xalqa xidmət və xeyirxahlıq haqqında

Bacarsan hamının yükünü sən çək,

İnsana ən böyük şərəfdir əmək.

Yaxşılığı əzəldən adət etsən özünə,

O yaxşılıq hər yanda qapı açar üzünə.

Belə misal çəkmiş aqil bir insan:

“Qurd girməz sürüyə yatmasa çoban”.

Çalış öz xalqının işinə yara,

Geysin əməlinlə dünya zərxara.

Hünər ardınca qoş, xalqa xeyir saç,

Qapılar bağlama, ər ol, qapı aç.

Səadət kamalla yetişər başa,

Xalqa xidmət elə, ədəblə yaşa.

Bulud tək damcıyla su al dənizdən,

Verəndə bol-bol ver, əsirgəmədən.

Eşqdir mehrabı uca göylərin,

Eşqsiz, ey dünya, nədir dəyərin?

Bir elm öyrənmək istədikdə sən,

Çalış ki, hər şeyi kamil biləsən.

Kamil bir palançı olsa da insan,

Yaxşıdır yarımçıq papaqçılıqdan.

Keçid linki:

Nizami Gəncəvinin nəsil şəcərəsi haqqında – Zəhra Allahverdiyeva

Nizami Gəncəvinin nəsil şəcərəsi haqqında məxəzlərdə məlumatlar çox azdır, şairin özü haqqında yazdıqları isə təəssüf ki, güclü təhriflərə məruz qalmışdır. Bununla belə, tədqiqatçını həqiqətə aparan faktlar da az deyildir.

XI-XII əsrdə Azərbaycan Atabəylərinin mərkəz şəhəri olan Gəncə əhalisinin türklərdən ibarət olduğunu bir çox tədqiqatçılar mənbələr əsasında təsdiq etmişlər. Təsadüfi deyildir ki, İran alimi Barat Zəncani yazırdı: “Bir halda ki, Gəncə əhalisinin dili türk dili idi və Nizami də türkcə şeirlər yazmışdır – burada şəkk-şübhə ola bilməz”.

Səlcuq Sultanı I Məlikşah öz oğlu Məhəmməd Təpəri Gəncə hakimi təyin edərkən, dövlət idarəçiliyində mədrəsə təhsili görmüş yerli türk əhalinin savad və qüvvəsindən yetərincə faydalanmağa çalışdılar. Din xadimi, xətib, şahın məsləhətçiləri, münşilər (katiblər), saray mühafizəçiləri və başqa qulluqçular yerli əhali arasından etibarlı zəmanət əsasında seçilərək işə cəlb olunurdu.

Onu da qeyd edim ki, Nizami Gəncəvinin yaşadığı dövrdə də Məhəmməd Cahan Pəhləvan və Qızıl Arslanın hakimiyyəti illərində Atabəylərin istər Gəncə, istərsə də Naxçıvan saraylarında fəaliyyət göstərən əyanların əksəriyyəti xalqa daha yaxın olan türk əsilli savadlı şəxslərdən seçilirdi. Təzkirələrdə Azərbaycanın müxtəlif şəhərlərindən olan adlı-sanlı vəzir, dəbir, həkim, müəllim və sair adamların sarayda xidmət etmələri haqqında zəngin məlumatlar vardır.

Nizami Gəncəvinin babası Zəki Müəyyəd-din əslən Oğuz türklərinin Boz ox qolundan çıxmış adlı-sanlı türk bəyzadələr nəslindən idi. O, Gəncədə din xadimi və Səlcuqlar sarayına yaxın bir şəxs idi və “Müəyyəd-din” – (dində Allah tərəfindən qüvvət verilən, saxlanılan) tituluna layiq görülmüşdü. Məşhur şərqşünas alim Rüstəm Əliyev “Müəyyəd-din” – adını islami adlar və titullar əsasında araşdırarkən yazırdı ki, “Əd-din” və “fid-din”, yaxud “billah” komponenti ilə bitən ləqəblər yalnız din xadimlərinə xas ola bilərdi. Lakin bəzən şeirdə bu komponentlər atılırdı. Nizami özü “Leyli və Məcnun” əsərində – atasından danışarkən, babasının adını “Zəki Müəyyəd” adı ilə yad etmişdir:

Əgər babaların adəti ilə atam –

Yusif Zəki Müəyyəd oğlu köçdüsə,

Dövranla necə dava salım?

Bu, dövranın qanunudur, zülm deyil, nə sızlayım?

Şairin babası Zəki Müəyyəd-din Gəncə əhalisinin əsil-nəsəbli təbəqəsindən olmaqla, sürətlə inkişaf edərək sənaye şəhərinə çevrilən Gəncə mühitində ailə iqtisadiyyatını da inkişaf etdirmişdi. Ailə üzvlərinin Gəncə şəhərində çörəkbişirmə sexi və müzəhhəblik (parça üzərinə qızıl saplarla naxışsalma) sənəti üzrə məşğuliyyətləri var idi.

Nizami Gəncəvinin atası – Zəki Müəyyədin-dinin oğlu Yusif də Gəncədə hörmət və izzət sahibi idi. İran alimi Səid Nəfisi yazırdı ki, “Bir çox təzkirəçilər təsdiq etmişlər ki, Nizaminin atası da Gəncə sakini olmuş və Gəncədə doğulmuşdur”. Nizami Gəncəvinin atası Yusifin sənaye şəhəri olan Gəncədə çörək istehsalı ilə məşğul olmasını Həmid Araslı, Məmməd Cəfər və başqa bir çox alimlər dəfələrlə qeyd etmişlər. Nizami Gəncəvinin boya-başa çatmasında və mükəmməl tərbiyə və təhsil almasında atasının mühüm rolu olmuşdur.

Nizami Gəncəvinin anası Azərbaycanda əsil-nəcabətli, zadəgan nəslindən olan bir türk qızı idi. Gəncədə dünyaya göz açmışdı. Təəssüf ki, bəzi tədqiqatçılar onun türk milli mənşəyini kobud şəkildə təhrif etmişlər.

XX əsrin 80-ci illərində bir sıra şərqşünaslar bu sözün “qord” – yəni “igid” mənasında olduğunu söyləmişlər. Görkəmli Azərbaycan nizamişünası Xəlil Yusifli yazır: “Nizami dövründə, ondan bir neçə əsr sonra da kord və qord sözləri eyni şəkildə, kafi-ərəbi ilə “kord” şəklində yazılırdı. Daha sonra gələn katiblər isə bu sözün Nizami tərəfindən kord, yaxud qord anlamında yazıldığı üzərində düşünməmiş, onu kord, yəni kürd tərzində yazmışlar. Biz isə hesab edirik ki, bu sözü kafi-farsi ilə qord şəklində oxumaq daha düzdür. Bu şəkildə beytin mənası daha məntiqi və poetikdir. Əks halda “anam kürd idi, qarşımda ana kimi öldü” deyimi məntiqsizdir”.

Son dövrlərdə problemin çözülməsində meydana çıxan yeni fakt məsələyə yanaşmanı kökündən dəyişmişdir. Belə ki, Azərbaycan nizamişünaslığının yeni nəslini təmsil edən tədqiqatçı Hürnisə Bəşirova Nizami Gəncəvinin “Leyli və Məcnun” əsərinin Türkiyədə Topqapı sarayında saxlanılan qədim əlyazması üzərində araşdırma aparmış və bu mötəbər nüsxədə “Mənim anam kürd Rəisə qarşımda ana kimi öldü” beytlərinin olmadığı faktını aşkar etmişdir. Deməli, bu qondarma beytlər Nizami əsərinə sonrakı dövrlərdə ilhaq olunmuş və şairin anasının türk mənşəyinin təhrif olunmasına yol açmışdır.

Nizami Gəncəvinin dayısı, yəni anasının qardaşı Xacə Ömər Gəncə sarayına yaxın, yüksək nüfuza malik bir şəxs idi. O dövrdə “Xacə” titulu şah sarayının mühafizəçilərinin başçısına verilərdi. Məşhur Dehxoda lüğətinə görə, “sarayın rəisinə – Xacə deyilirdi”. Onu da qeyd etmək vacibdir ki, Türk sultan saraylarının qaydalarına əsasən, saray rəisi – Xacə vəzifəsinə cəsurluqda və sədaqətdə ad çıxarmış türk bəyzadələri seçilirdi. Elə bu faktın özü onu təsdiq edir ki, Nizaminin anası əsil-nəcabətli türk qızı olmuşdur. Gənc İlyasın yüksək təhsil almasında, Gəncə sarayında toplanan məşhur ustadlar, elm adamları və dövlət xadimləri ilə tanış olmasında, o cümlədən saray kitabxanasından faydalanmasında dayısı Xacə Ömərin mühüm rolu olmuşdur. Nizami özü “Leyli və Məcnun” əsərində dayısı Xacə Öməri məhəbbətlə yad edir, onun ölümündən sarsıldığını bildirir:

Xacə Ömər ki, mənim dayım idi,

Dayım olmağı ilə mənim qanadım idi.

Acı ağılarla nalə edirəm,

Boğazımın telləri nalədən tutulub.

Görünür, elə saray mühitindən başlayaraq, Yusifin atasının Xacə Ömərin ailəsi ilə yaxın dostluğu olmuş və hər iki ailənin qohumluq telləri yaranmışdır. Yusifin ailəsində İlyas və Əhməd adında iki oğul övladı böyümüşdür. Şeir yaradıcılığında İlyas özünə Nizami, Əhməd isə Qivami təxəllüsünü götürmüşdür.

Nizaminin qardaşı Qivami Mütərrizi Gəncəvi haqqında məlumat verən məxəzlər onun Azərbaycanın Gəncə bölgəsində doğulduğunu, Nizami Gəncəvinin qardaşı, ya əmisi oğlu olduğunu göstərmişlər. Mənbələrdə əsl adı Məhəmməd, yaxud Əhməd kimi qeyd olunur – Əhməd Xəbbaz (çörəkçi) – Gənceyi – nisbəsi və Qivami Mütərrizi təxəllüsü ilə şeirlər yazıb-yaratmışdır. Dövlət şah Səmərqəndi “Təzkirətüş-şüəra”nın Şeyx Nizami Gəncəvinin zikrinə həsr etdiyi hissədə “Mütərrizi” təxəllüsünü (qızıl haşiyələr, naxışlar ustası) Nizaminin də künyəsinə aid edərək, Nizami Gəncəvi və onun qardaşı Qivami Mütərrizi haqqında belə yazmışdır: “Onun mövludi-şərifi Gəncədir və ölkələrin xəritəsində bu vilayəti Cənzə yazırlar. Şeyxin böyüklüyünü və fəzilət və kamalını dəyərləndirməkdə dil acizdir. Onun sözünün tövrü məlahətli və anidir ki, kamal sahiblərinin ona Şeyx Nizaməddin təxəllüsü verməsi onunla bağlıdır və künyəsi – Əbu Məhəmməd bin Yusif bin Müəyyəddir, Mütərrizi kimi şöhrət tapmışdır və Şeyxin qardaşı Qivami Mütərrizidir ki, ustad şairlərdən olmuş, elə bir qəsidə söyləmişdir ki, tamam şeir sənətinə həsr olunmuşdur və onun zikrində həmin qəsidədən bəzi qeydlər ediləcəkdir”.

Nizaminin qardaşı Qivami Mütərrizinin həyatı və yaradıcılığı haqqında Ziya Paşa, Məhəmmədəli Tərbiyət, E.G.Braun, A.Y.Krımski, Həmid Araslı, Yevgeni Bertels, Əli Əkbər Şəhabi, Şibli Nemani, Əli Əkbər Dehxoda, Zəbihulla Səfa, S.İ.Dibaçi, Xəlil Yusifli, O.F.Akimuşkin və başqaları qiymətli məlumatlar vermişlər.

XIX əsrin görkəmli hind alimi Şibli Nemani özünün məşhur “Əcəm şeiri” əsərinin Qivami Gəncəvi hissəsində Nizami Gəncəvinin ailəsindən bəhs edərək belə yazırdı: “Nizaminin ailəsində hamı fəzl və hünər əhli idi. Qardaşı Qivami Mütərrizi əsrinin məşhur şairi olmuşdur”.

Görkəmli Azərbaycan alimi Məhəmmədəli Tərbiyət XX əsrin əvvəllərində yazdığı “Danişməndani – Azərbaycan” təzkirəsində – XII əsrin ən görkəmli söz ustadlarından biri, fəsahətli və bilikli şair olan Qivami Mütərrizi Qivaməddin Əhmədin Nizami Gəncəvinin doğma qardaşı, ya da onun əmisi oğlu olduğunu xüsusi qeyd etmiş və onların ikisinin də arif Əxi Fərəcin müridi olduqlarını, həmçinin Qivami Mütərrizinin yeddi min beytdən ibarət şeir “Divanı”nın olduğunu yazmışdır.

XX əsrin 40-cı illərində “Nizami Gəncəvinin həyat və yaradıcılığı” mövzusu üzrə silsilə araşdırmalar aparan görkəmli şərqşünas Yevgeni Bertels şairin ailəsindən bəhs edərkən yazırdı: “Ailənin, şübhəsiz, müəyyən gəliri varmış, yoxsa oğulları gözəl təhsil ala bilməzdi. Nizaminin qardaşı da şair idi və Qivami Mütərrizi ləqəbi ilə yazırdı. Lakin mürəkkəb şeir texnikasını məharətlə mənimsəmiş olan bu adam başqa bir yolla getmiş və saray şairi şöhrətini intixab etmişdi”.

Hər iki qardaş – Nizami Gəncəvi və Qivami Gəncəvi Azərbaycan Atabəyi Qızıl Arslanı özlərinin yaxın hamisi hesab etmişlər. Nizami Gəncəvi “Xosrov və Şirin” və “İqbalnamə” əsərlərində Atabəy Qızıl Arslanın ona qayğısını hörmətlə yad etmişdir. Qardaşı Qivami Mütərrizi Gəncəvi də “Bədaye`əl-əshar fi sənaye`əl-əş`ar” (“Şeir sənətində ən gözəl (bədii) sehrlər”) – məşhur qəsidəsini öz hamisi Atabəy Qızıl Arslana ithaf etmişdir.

Nizami Gəncəvi 1169-cu ildə Dərbənd hakiminin ona töhfə göndərdiyi türk-qıpçaq gözəli Afaqı sevmiş və onunla ailə qurmuşdur. Afaqla olan bu izdivacdan Nizaminin iki oğlu dünyaya gəlmişdir. Oğlunun biri dünyadan çox erkən köçmüşdür. Bir oğlunun adının Məhəmməd olduğu şairin əsərlərindən bəllidir. Nizaminin oğlu Məhəmməd ağıllı, fərasətli, atasına dayaq olan bir övlad, həm də öz dövrünün ziyalı bir şəxsiyyəti olmuşdur.

Nizami Gəncəvinin sevimli arvadı türk-qıpçaq gözəli Afaq və övladı Məhəmməd haqqında söylədikləri də mühüm faktlardır. Şair özünün “Xosrov və Şirin” əsərində çox gənc ölən sevimli Afaqın ölümünə ağı söyləmiş, ona “Türküm” və oğlu Məhəmmədə “Türkzadəm” (Türk balam) deyərək öz türk nəcabəti ilə fəxr etmişdir:

Türklər kimi köçməyə möhtac olanda,

Türklüyündən evimi talana verdi.

Türküm çadırımdan köçüb getdisə,

İlahi, Türk balamı sən özün qoru!

Nizaminin müasiri olduğu sultanlar haqqında olan məlumatlar da şairin həyatına dair mühüm faktlardır. Bizim marağımızda olan bir məsələ üzərində dayanmaq vacibdir. “Leyli və Məcnun” əsərində Şirvanşah Əxsitanın Nizamiyə ünvanladığı məktubda əsərin türk dilində deyil, ərəb-fars bəzəyi ilə yazılmasını tələb etməsi, özünün də yazdığı kimi, Nizamiyə son dərəcə ağır təsir etmişdi. Əvvəl ruhdan düşdüyünü bildirir, məlum olduğu kimi, oğlunun təkidi ilə işə başlayır. Amma öz qürurunu sındırmayan şair əsər boyu Şirvanşaha yaxşı dərs verir. Əsərin “Məlik Əxsitan bin Məniçöhrün mədhi” hissəsinin sonunda Nizami öz adını Üveys adlandırır:

Yarəb, mənim adım ki, Üveysdir,

Məhəmməd eşqində bütövəm.

Məhəmməd camallı o şahdan,

Mənim üçün xəyal olanı – ruzim eylə!

Burada, doğrudur, şərhçilər Nizaminin Üveys Qəraniyə işarə etdiyini yazmışlar. Lakin Üveys sözünün sətiraltı mənaları da mövcuddur. Çünki Nizaminin əsas məqsədi yalnız özünü Məhəmməd eşqində Üveys Qəraniyə bənzətmək olsaydı, bunu elə peyğmbərə həsr olunmuş hissədə yazardı. Şirvanşahın mədhi hissəsində Nizami bu adı təsadüfi olaraq çəkməmişdir. “Üveys” adında türklərin totemlə bağlı kökü və tamğa işarəsi vardır. Qədim ərəblər Oğuza “Üveys”, yəni “Qurd balası” adını vermişlər. Qədim ərəb və fars lüğətlərində “Üveys” qurd adıdır.

Başqa bir tərəfdən, Üveys, yəni “qurd balası” ifadəsi qədim türklərdə müqəddəs şamanlara aid edilən titullardan biri idi.

Bu haqda əhəmiyyətli bir fakt da vardır ki, Nizaminin Misirin Xədiviyyə kitabxanasında tapılan, adı Nizaminin özü isə talan olunan nüsxədə Nizaminin adı, künyəsi “Divan-e Nizami. Talif: əl-Mövla Nizaməddin Əbu Məhəmməd Cəmaləddin Yusif bin Müəyyəd əl- Gəncəvi-əl-Üveysi” kimi təqdim olunması da fikrimizi təsdiq edir.

Bu faktlardan göründüyü kimi, böyük Azərbaycan şairi Nizami Gəncəvinin həm ata tərəfdən, həm də ana xətti ilə milli mənsubiyyəti türkdür. Şairin öz əsərlərində verdiyi məlumatlar buna parlaq sübutdur.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

Nizami Gəncəvi

Nizami Gəncəvi 1141-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Bütün ömrü boyu orada yaşayıb yaratmışdır.

Təqribən 1170-ci ildə Dərbənd hökmdarı Seyfəddin Müzəffərin kəniz kimi hədiyyə etdiyi qıpçaq qızı Afaq ilə evlənmişdir.

1174-cü ildə oğlu Məhəmməd anadan olmuşdur.

Nizami təhsilini Gəncədə mədrəsələrdə almış, daha sonra şəxsi mütaliə yolu ilə o dövrün elmlərini mükəmməl öyrənmişdir. Şair Yaxın Şərq xalqlarının şifahi və yazılı ədəbiyyatı ilə yaxından tanış olmuşdur. Türk dilindən əlavə ərəb və fars dillərini də mükəmməl bilən şairin yunan dili də bildiyi istisna olunmur. Qədim yunan tarix və fəlsəfəsini, astronomiya, tibb və həndəsə elmlərini yaxşı öyrəndiyi əsərlərindən hiss olunur.

Nizami Gəncəvi yaradıcılığa lirik şeirlərlə başlamışdır. Qələmə aldığı əsərlərdən məlum olur ki, şair böyük divan yaratmış, qəzəl və qəsidələr müəllifi kimi şöhrətlənmişdir. Şərq təzkirəçilərinin məlumatına görə, 20 min beyt həcmində olan bu divandakı şeirlərdən çox az hissə dövrümüzədək gəlib çatmışdır. Lakin Nizami Gəncəvi dünya ədəbiyyatı tarixinə məsnəvi formasında yazdığı beş poemadan ibarət “Xəmsə” (“Beşlik”) müəllifi kimi daxil olmuşdur.

1177-ci ildə bitirdiyi “Məxzənül-əsrar” (“Sirlər xəzinəsi”) adlı ilk poeması Nizamiyə böyük şöhrət qazandırmışdır.

1180-cı ildə Atabəylər dövlətinin hökmdarı III Toğrulun sifarişi ilə yazdığı “Xosrov və Şirin” poemasını bitirmiş və Məhəmməd Cahan Pəhləvana göndərmişdir. Nizami Cahan Pəhləvanın ölümündən sonra taxta çıxan Qızıl Arslanla Gəncə yaxınlığında hökmdarın çadırında görüşmüş və ona nəsihətlər vermiş, Qızıl Arslan isə şairə Həmdünyan adlı bir kənd bağışlamışdır.

1188-ci ildə Şirvan hökumdarı I Axsitan “Leyli və Məcnun” mövzusunda bir əsər yazmağı sifariş etmişdir. Nizami bundan boyun qaçırmaq istəsə də, oğlunun təkidi ilə təklifi qəbul edib az müddətdə “Leyli və Məcnun” poemasını (Şərqdə ilk dəfə) qələmə almışdır.

1196-cı ildə Əlaəddin Körpə Arslana həsr etdiyi “Yeddi gözəl” əsərini yazmışdır.

Təqribən 1203-cü ildə, ömrünün sonlarına yaxın bütün ədəbi-estetik, ictimai-fəlsəfi görüşlərini yekunlaşdırdığı “İsgəndərnamə” poemasını qələmə almışdır.

Nizami Gəncəvi həm epik, həm də lirik növdə yazmışdır. Bizə gəlib çatan əsərləri yalnız fars dilindədir. Onun zəngin irsindən bizə sadəcə 6 qəsidə, 120 qəzəl, 30 rübai və “Xəmsə”si gəlib çatmışdır. Qəzəllərini başlıca olaraq dünyəvilik, real eşqin tərənnümü fərqləndirir. Ədəbiyyatımızda ilk dəfə olaraq “Xəmsə” yaratmışdır. Əsərlərini yalnız əruz vəznində yaratmışdır. Böyük şair beş poemanı otuz il ərzində yazmışdır. İlk poeması olan “Sirlər xəzinəsi”nin vahid süjet xətti və baş qəhrəmanı yoxdur. Epik şeir ənənəsinə uyğun olaraq giriş hissədə Tanrının və Peyğəmbərin meracı, hömdarın tərifi verilmişdir. Poemanın mətni müxtəlif ictimai, fəlsəfi, dini problemlərə həsr edilmiş iyirmi məqalət və iyirmi hekayətdən ibarətdir. Poemada ədalər ideyası aparıcı mövqedə durur.

Nizami Gəncəvi “Xosrov və Şirin” poemasında müxtəlif qaynaqlardan, Xosrov və Şirinlə bağlı müxtəlif əfsanə və rəvayətlərdən, tarixi abidələrdən, Firdovsinin “Şahnamə”sindən bəhrələnərək fərqli bir süjet ərsəyə gətirmişdir. Poema Sasani şahı Xosrov Pərvizlə Azərbaycan-türk şahzadəsi Şirin arasında baş verən məhəbbət macərasından bəhs edir. Hadisələrin mühüm bir hissəsi Azərbaycanda, onun paytaxtı olan Bərdə şəhərində baş verir. Əsərdə iki əxlaq növü – İran və türk əxlaqı qarşılaşdırılır və üstünlük şərtsiz türk əxlaqına verilir. Şair bu əsərində insanlığın xilasının türk ədalət prinsiplərinə, əxlaq qanunlarına riayət etməkdə olması fikrini irəli sürür. Əsərdə qadın azadlığı problemi də qoyulur. “Xosrov və Şirin” Yaxın Şərq ədəbiyyatında ilk irihəcmli məhəbbət əsəridir. Hadisələr geniş planda təsvir edildiyi üçün ədəbiyyatımızda vahid süjet xəttinə malik olan ilk əsər və ilk mənzum roman da adlanır.

Əsas mğövzusu məhəbbət olan “Leyli və Məcnun” poeması qədim ərəb əfsanəsi əsasında yazılmışdır. Qadın azadlığı problemi bu əsərdə də inkişaf etdirilir. Poemada Nizaminin təsvir etdiyi qadınlar, Leyli də başda olmaqla kişilərdən yaşınmırlar, üzüaçıqdılar. Şair onları ərəb geyimli türk adlandırır. Poema əfsanənin özündə olduğu kimi faciə ilə bitir. Əsərin sonunda qəhrəmanların hər ikisi ölür.

Dördüncü poemanın – “Yeddi gözəl”in qəhrəmanı V yüzillikdə hömdarlıq etmiş Sasani şahı Bəhram Gurdur. Nizami tarixi obraz yaratmaqdansa məqsədi hömdarlar vasitəsilə ictimai-siyasi hadisələrə, insan talelərinə təsir göstərmək, insanda insani duyğular oyatmaq idi. Şair bu poemada keçmişdəki yaxşı bir hərəkəti verməklə dövrünün şahlarını ədalətli olmağa çağırırdı.

Nizami otuz illik elmi və bədii axtarışının məntiqi yekununu “İsgəndərnamə” poeması ilə başa vurmuşdur. Əsərdə əbədi bəşəri problemləri diqqətə çatdırmışdır. Poema tarixi mövzuda olsa da, şair tarixi materiala zahiri bir qabıq kimi yanaşmış, cəmi iki-üç vərəqdə İsgəndərin cahangirlik tarixini təsvir etmişdir. “Kitabın yazılma səbəbi”ndə şair İsgəndərin dirilik suyu ardınca Zülmətə getdiyini, ancaq onu əldə edə bilmədiyini, yalnız “İsgəndərnamə” poeması yazıldıqdan sonra dirilik suyuna çatdığını göstərir.

“İsgəndərnamə” Nizami yaradıcılığının zirvəsidir, şairin uzun illər apardığı yaradıcılığını romantik bir şəkildə tamamlamış, gələcək nəsillərə vəsiyyət etmiş, gəldiyi son nəticə və qənaətlərini açıb bildirmişdir. Şairə görə, bu dastanın gücü ondadır ki, burada yalan yoxdur, ən uğurlu, xoş və sevimli bir dastandır. Nizami bu əsərində öz zəmanəsini əks etdirərək, möhtəşəm bir poetik abidə yaratmış və dövrün müxtəlif ictimai-siyasi və əxlaqi-mənəvi problemlərinə toxunmuşdur. Bütün bu məziyyətlərinə görə də “İsgəndərnamə” dastanı XII yüzillik Azərbaycan intibah şeiri və mədəniyyətinin əlçatmaz zirvəsidir.

Nizami Gəncəvi vətənpərvər şairdir. O, bütün əsərlərindəki hadisələri Azərbaycanla əlaqələndirməyə, vətənin keçmiş günlərini tərənnüm etməyə çalışmışdır.

Nizami Gəncəvi 12 mart 1209-cu ildə Gəncədə vəfat etmişdir. Dəfn olunduğu yerdə möhtəşəm məqbərəsi ucaldılmışdır.

Onun yaradıcılığı humanizmi, yüksək sənətkarlığı ilə Qafqaz və Orta Şərq xalqları ədəbiyyatlarının inkişafına güclü təsir göctərmiş, dünya mədəniyyətinə daxil olmuşdur. XIII əsrdən başlayaraq poemalarına 40-dan çox nəzirə yazılmışdır. Şairin yaradıcılığı Qərbi Avropa mədəniyyətinə də təsir göstərmişdir. C.Bokkaçionun “Ameto”, K.Qotsinin “Turandot”, A.Lesajın “Çin şahzadə xanımı”, Volterin “Paxıl” adlı əsərlərində bunu görmək mümkündür.

Nizami Gəncəvinin əsərləri dünyanın xeyli sayda xalqlarının dilinə tərcümə olunmuşdur. Əsərlərinin nadir əlyazma nüsxələri London, Paris, Bakı, İstanbul, Moskva, Sankt-Peterburq, Daşkənd, Təbriz, Tehran, Qahirə, Dehli və s. kimi şəhərlərdə məhşur kitabxana, muzey və əlyazmaları fondlarında qiymətli incilər kimi qorunub saxlanılır.

Gəncədə və Bakıda rayonlardan birinə, Milli Azərbaycan Ədəbiyyatı muzeyinə, Ədəbiyyat İnstitutuna, Kino Mərkəzinə, metro stansiyasına və sair bir çox yerlərə Nizaminin adı verilmişdir.

İlk dəfə 1946-cı ildə Gəncədə, bir il sonra Bakıda (heyk. F.Əbdürrəhmanov), Rusiyanın Moskva, Sankt-Peterburq, Çeboksarı şəhərlərində, Lüksemburqda, Romada, Kişinyevdə, Daşkənddə, Təbrizdə, ölkəmizin əksər şəhərlərində abidəsi ucaldılmışdır. Haqqında rus, ingilis, alman, türk, fars dillərində kitablar, roman (M.S.Ordubadi “Qılınc və qələm”), pyes (M.Hüseyn “Nizami”), poema (B.Azəroğlu “Nizami Gəncəvi”) opera (Ə.Bədəlbəyli “Nizami”), simfoniya (F.Əmirov “Nizaminin xatirəsinə”) və balet (F.Əmirov “Nizami”) yazılmış, 1 bədii, 5 sənədli film çəkilmişdir. Əsərləri ilə bağlı 4 film ekranlara çıxmış, operalar (Niyazi “Xosrov və Şirin”, B.Asafyev “Slavyan gözəli”), baletlər (Q.Qarayev “Yeddi gözəl”), simfoniyalar (Q.Qarayev “Leyli və Məcnun”, B.Zeydman “Xosrov və Şirin”), sözlərinə mahnı və romanslar yazılmışdır.

Dünya ədəbiyyatının korifeylərindən Əlişir Nəvai, Əmir Xosrov Dəhləvi, Füzuli, Əssar Təbrizi, Əbdürrəhman Cami, Höte, Henrix Heyne, İohann Hammer və başqaları əsərlərində Nizamiyə böyük qiymət vermiş, haqqında yüksək fikirlər söyləmişlər.

N. Gəncəvinin həyat və yaradıcılığı geniş öyrənilmiş, haqqında sanballı tədqiqat əsərləri yazılmışdır. Bu sahədə A.Y.Krımski, Y.E.Bertels, Y.N.Marr, H.Araslı kimi böyük alimlərin mühim xidməti var.

Comments are closed, but trackbacks and pingbacks are open.