Press "Enter" to skip to content

Nəbi xəzri haqqında

Elə bil sahillər danışır yenə,

ЛитЛайф

Наби́ Хазри́ (азерб. Nəbi Xəzri ; настоящее имя — Наби́ Алекпе́р оглы́ Баба́ев) — азербайджанский поэт и прозаик, драматург, публицист, переводчик. Народный поэт Азербайджанской ССР ( 1984 ). Лауреат Государственной премии СССР ( 1973 ). Заслуженный деятель искусств ( 1979 ).

Наби Хазри родился в семье купца. Отец Алекпер Баба оглы(1873—1933) был одним из известных купцов деревни. Потеряв троих сыновей в течение года, он не смог пережить тяжёлое горе и скончался в том же году. Мать Периханум Джафар кызы (1882—1969) была домохозяйкой. Окончив среднюю школу, Наби начал работать. С 1942 по 1943 год участвовал в Великой Отечественной войне.

После демобилизации в 1943—1945 гг. работал корректором в редакции газеты «Коммунист», а также диктором на радио Азербайджана. Творчество 20-летнего поэта не прошло незамеченным от взора известного замечательного поэта Самеда Вургуна, и по его настоянию Наби Бабаев в 1945 году был принят в состав Союза писателей СССР. Наби Хазри учился в 3 вузах: Азербайджанский Государственный Университет (1945—1947), ЛГУ имени А. А. Жданова (1947—1949), Литературный институт имени А. М. Горького (1949—1952). Первая книга под названием «Цветущие мечты» была издана в 1950 году.

В 1952 году он закончил своё образование. В 1957 году Наби Хазри являлся советником в СП Азербайджана, с 1957 по 1958 г. работал в редакции газеты «Литература и искусство». Безмерная любовь к морю и дар северного ветра людям аромата моря явились причиной его принятия в 1958 году псевдонима Хазри (в переводе с азербайджанского означает «северный ветер»). Являлся секретарем СП Азербайджана в 1958—1965 гг., с 1965 по 1971 г. — заместителем председателя комитета Азербайджанского государственного телевидения и радиовещания, в 1971—1974 годах работал заместителем министра культуры Азербайджана. С 1974 года Наби Хазри был председателем комитета дружбы и культурной связи с зарубежными странами на пленарном совете, с 1992 года — президентом организации международных отношений «Azərbaycan Dünyası». 15 января 2007 года в 10 часов 45 минут утра Наби Хазри скончался от острого ишемического инсульта и 16 января был похоронен в Баку на Аллее Почётного Захоронения.

Развернуть Свернуть

  • Книги 4
  • Комментарии книг 0
  • Оценки книг 0
  • Форум автора 0

Nəbi xəzri haqqında

Nəbi Xəzri haqqında dəyərli monoqrafiya

Azərbaycan ədəbiyyatı tarixində xüsusi və mühüm bir mərhələni təşkil edən XX əsrin milli ədəbi-mədəni mühitində müstəsna yer tutan, ədəbi-bədii proseslərin istiqamətləndirilməsində və inkişafında əlamətdar rolu olan görkəmli tarixi şəxsiyyətlərdən biri də şair, dramaturq, nasir, publisist kimi çoxcəhətli bir yaradıcılıq yolu keçən, özündən sonra olduqca maraqlı bir irs qoyub gedən Nəbi Xəzridir.

Azərbaycan gerçəkliyinin ictimai-siyasi, mənəvi-psixoloji mənzərəsini, tariximizin bir çox olaylarını, müasirlərimizin duyğu və düşüncələrini əks etdirən N.Xəzri ədəbiyyat və mədəniyyət tariximizdə öz işıqlı düşüncə və əməlləri ilə müasirlərinə və özündən sonrakı nəsillərə əhəmiyyətli dərəcədə təsir etmiş görkəmli sənətkardır. Dövr və mühiti üçün mütərəqqi sayıla biləcək bir çox fikirlərin yer aldığı dəyərli əsərlər müəllifi Nəbi Xəzrinin fəaliyyətinin günümüzədək müxtəlif istiqamətlərdən öyrənilməsinə rəğmən sənətkarın yaradıcılığı tam, sistemli şəkildə araşdırılmamışdır. Xalq şairinin poetik yaradıcılığı, dram əsərləri qismən araşdırılma obyektinə çevrilsə də, nəsri və publisistikasının öyrənilməsinin xüsusi tədqiqə ehtiyacı var. Fəridə Səfiyevanın “Nəbi Xəzrinin sənətkarlığı” adlı monoqrafiyası bu sahədəki boşluğu doldurması ilə əhəmiyyətlidir. Nəbi Xəzrinin yaradıcılıq yolunu tədqiq etmək, şairin söz-sənət dünyasının poetik özünəməxsusluğunu üzə çıxarmaq məqsədilə qələmə alınmış monoqrafiya elmi-nəzəri aktuallıq və maraq kəsb edir. Ədibin əhatəli yaradıcılığını yüksək nəzəri bilik, faktoloji arqumentlər və zəngin materiallar əsasında araşdıran monoqrafiya problemin çoxşaxəli tədqiqi ilə təqdirəlayiqdir.

Monoqrafiyanın elmi strukturu mövzunu geniş tədqiq və tam əhatə etməyə şərait yaradır. Giriş, dörd fəsil, nəticə və istifadə olunmuş ədəbiyyat siyahısından ibarət olan elmi əsərin girişində görkəmli sənətkarın Azərbaycan ədəbiyyatı tarixindəki özünəməxsus mövqeyinə qısaca nəzər salınmış, Nəbi Xəzri yaradıcılığının mühüm keyfiyyətləri dəyərləndirilərək işin elmi yeniliyi, məqsəd və vəzifələri, digər məsələlər şərh olunmuşdur.

Monoqrafiyanın birinci fəsli “Nəbi Xəzrinin yaradıcılığı ədəbi-tənqidi və nəzəri filoloji araşdırmalarda” adlanır. Adından da göründüyü kimi, bu fəsildə N.Xəzri yaradıcılığının, ədibin əsas yaradıcılıq xüsusiyyətlərinin müasirlərindən başlayaraq son dövrlərin tədqiqatlarına qədər öyrənilməsi prosesi izlənilmişdir. Araşdırıcı müxtəlif mənbələrə müraciət edərək təsviri plandan uzaqlaşmış, ayrı-ayrı mülahizələrə öz mövqeyini sərgiləmişdir. Monoqrafiyanın bu hissəsi N.Xəzri irsinə həsr olunan elmi əsərlər içərisində mövcud tədqiqat işinin də istər problematikası, istərsə də araşdırma keyfiyyətləri və əldə edilən nəticələr baxımından əhəmiyyətli yer tutduğundan xəbər verir.

“Nəbi Xəzri yaradıcılığının ideya-estetik qaynaqları” adlı II fəsildə F.Səfiyeva, ilk növbədə, mütəffəkir ədibin həyat yolu və yaradıcılıq prosesinin erkən dövrlərini öyrənmiş, Nəbi Xəzri lirikasının səciyyəvi cəhətlərini ayrı-ayrı mövzu və motivlər üzrə səriştəli ədəbiyyatşünas qələmi ilə incələmiş və qiymətləndirmişdir. Fəridə Səfiyeva tədqiqat işinin sözügedən bölməsində XX əsrin çoxsferalı poeziya dünyası fonunda və ədibin bədii irsini araşdıran filoloji fikirlər çərçivəsində qarşıya qoyduğu məqsədi uğurlu formada reallaşdırmış, yazıçının ilkin yaradıcılıq keyfiyyətlərini üzə çıxarmağa nail olmuşdur.

Fəslin digər bölmələrində Nəbi Xəzrinin poeziyasında lirik qəhrəman konsepsiyası, ədibin lirikasının janr tipologiyasının zənginliyi və milli özünüdərk problemləri analitik təhlilə cəlb olunur. Tədqiqatçı Səməd Vurğun ədəbi məktəbinə diqqət yetirərək, Nəbi Xəzrinin də bu məktəbə biganə qalmadığını, ənənəvi mövzulara yeni çalarlar gətirdiyini göstərir. Sözügedən fəslin uğurlu cəhətlərindən biri də Nəbi Xəzrinin zamanının poeziya tarixində özünəməxsus rolunun tədqiqdir. Onu da qeyd etmək gərəkdir ki, araşdırıcı poetik örnəklərin seçilməsində də düzgün mövqe nümayiş etdirir.

Monoqrafiyanın “Nəbi Xəzrinin epik poeziya yaradıcılığı” adlı üçüncü fəsli isə Nəbi Xəzrinin poemalarının mövzu, janr və ideya-bədii prizmadan öyrənilməsinə həsr olunmuşdur. Məlumdur ki, lirik şeirləri ilə yanaşı, poemaları da şairin yaradıcılığında önəmli yer tutur və elmi əsərdə N.Xəzri bədii irsinin sözügedən istiqamətinin geniş planda təsnif olunaraq tədqiq edilməsi təqdirəlayiqdir. Şairin müharibə mövzusunda yazılmış “Xatirələr”, mənəvi-əxlaqi səpkidə qələmə alınmış “Təmiz ürək” adlı ilk poemalarından tutmuş, sonrakı dövrlərin məhsulu olan “Sumqayıt səhifələri”, “İki Xəzər”, “Ana”, “Peyğəmbər”, “Atillanın atlıları”, “Salatın” kimi son dövrlərin məhsulu olan epik əsərlərinə qədər keçdiyi yaradıcılıq mərhələləri tədqiqatçı tərəfindən yüksək səviyyədə araşdırılmış, N.Xəzri poemalarının janr xüsusiyyətləri və mövzu dairəsi öyrənilmişdir.

N.Xəzrinin dramaturgiya, nəsr və publisistikasına həsr olunan dördüncü, sonuncu fəsil də elmi yeniliyi və dərin filoloji təhlili ilə diqqəti cəlb edir. Fəridə Səfiyeva, haqlı olaraq, ədibin yaradıcılığının ayrı-ayrı sahə və istiqamətləri kimi dramaturji, nəsr və publisistik əsərlərinin də mühüm əhəmiyyət kəsb etdiyini əsaslandırır. Bu fəsildə mövcud zamanda dramaturgiyanın inkişaf dinamikasına uğurlu şəkildə nəzər salınmış, N.Xəzrinin sözü gedən bədii yaradıcılıq növünə müraciət etməsinin səbəbləri məntiqi dəlillərlə şərh edilmişdir. Nəticədə əsas müddəalar ifadə olunmuş, tədqiqat boyu müəyyən edilən qənaətlər əksini tapmışdır.

Bütövlükdə, elmi əsər nəzəri səviyyəsi, faktoloji materialları ilə təqdirəlayiqdir. Fəridə Səfiyeva Nəbi Xəzrinin sənətkarlığına dair yazdığı monoqrafiya ilə nəinki bu sahədəki boşluğu doldurmuş, həm də çoxyönümlü tədqiqatı ilə özünü əsl ədəbiyyatşünas kimi də təsdiqləmişdir.

Qorxmaz QULİYEV,

filologiya elmləri doktoru,

professor

Xalq qəzeti.- 2012.- 4 mart.- S. 8.

Nəbi xəzri haqqında

Həyatı və fəaliyyəti. Babayev Nəbi Ələkbər oğlu 1924-cü il dekabrın 10-da Abşeronun Xırdalan kəndində kəndli ailəsində doğulmuşdur. Orta təhsilini 92 saylı orta məktəbdə almış, 1942-ci ildə ordu sıralarına çağırılmışdır. Lakin o, 1943-cü ildə xəstəliklə bağlı ordudan tərxis olunmuşdur. Gələcək ədib C.M.Kirov adına ADU-nun filologiya fakültəsinə daxil olmuş, lakin təhsili yarımçıq qalmış­dır. O, “Kommunist” qəze­tində korrektor, dövlət radiosunda diktor (1943-1945) işlə­miş, digər mətbuat orqanların­da çalışmışdır.

1947-ci ildə Nəbi Babayev Leninqrad Dövlət Univer­site­tinə daxil olub orada iki il oxumuş, sonra təhsilini M.Qorki adına Ali Ədəbiyyat kurslarında (1949-1953) davam etdirmişdir. Şair ardıcıl təhsil ala bilməmişdi.

Bakıya qayıdan Nəbi Babayev Yazıçılar İttifaqında məslə­hətçi (1953-1957), “Ədəbiyyat və incəsənət” qəzetində ədəbi işçi işləmişdir. Nəbi Xəzrinin ədəbi karyerası stalinizmin XX qurultayda ifşasından sonra güclənən ziyalılar nəslinə aiddir. Qoca, mühafizəkar bolşevik kadrları ilə Xruşşov tərəfdarları mübarizə edəndə partiyanın yeni xəttini himayə etməyə hazır olan gənclər irəli çəkilirdi. Moskva ab-havasına bələd olan Nəbi Xəzri 1958-ci ildə Yazıçılar İttifaqının Gənclərlə iş üzrə katibi seçilir. Bu vaxtdan şair həm də dövlət məmuru olur. 1965-1972-ci illərdə Radio və Televiziya Komitəsində sədr müavini, sonra mədəniyyət nazirinin müavini olur. Şair 1974-cü ildən ömrünün sonuna qədər Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqə Cəmiyyətinin sədri olur. Müstəqillik illərində bu cəmiyyətin adı dəyişdirilib “Azərbaycan Dünyası” Beynəlxalq Əlaqələr Mərkəzi qoyulmuşdu.

Şair öz dövrünün bütün rəsmi mükafatlarını almışdı. O, Ümumittifaq Komsomol mükafatı(1968), SSRİ (1973) və Azərbaycan Dövlət mükafatı (1982), Xalq şairi (1984), İstiqlal və Şöhrət (2004) ordenləri ilə təltif olunmuşdur.

Nəbi Xəzri 2007-ci il yanvarın 15-də Bakıda 83 yaşında vəfat etmişdir.

Yaradıcılığı. Nəbi Xəzri “Ulduz karvanı” (1979), “Nəsillər-əsirlər” (1985), “Ağ şimşəklər” (1986), “Torpaq sənə and içirəm” (1989), “Ömür çinarından yarpaqlar” (1995), “Əsrin qanlı laləsi” (1996) və bir sıra digər kitabların müəllifidir. İlk kitabı 1950-ci ildə çıxsa da, Nəbi Xəzri lirikasının yetkinlik döv­rü 1960-cı illərin əvvəllərinə təsadüf edir. “Dəniz, göy, mə­həbbət”(1965), “Xatirələr cığırıyla” (1966), “İllər və sahillər” (1969), “Dərələr”(1970) kitabları şairin yaradıcılığında və 1960-cı il­lər lirikasında siyasilikdən təmizlənmə təşəbbüsü kimi səslən­mişdi. Bu təzələnmə, ilk növbədə, lirikanın ictimai sifarişdən uzaqlaşıb öz ilkin missiyasına – insan və məhəbbət, insan və təbiət kimi əbədi mövzulara qayıtması idi. Abşeronun, Bakının, Xəzər sahillərinin obrazı onun lirikasından qızıl xətt kimi keçir. Şairin doğulduğu Xırdalan kəndi də Xəzərə yaxın kəndlərdən idi. Onun lirikası doğma vətən torpağından qüvvət alırdı:

Uçsam da göylərin ənginliyinə,

Doymaram yerlərin şeriyyətindən,

Elə bil sahillər danışır yenə,

Sahilin sahilsiz məhəbbətindən.

Dəniz və sahil şairin lirikasında çox işlənən məhəbbət obra­zını təmsil edir. Şair sahilə tələsən ləpələri əbədi və yorulmaz məhəb­bətin timsalı kimi mənalandırır. Şair üçün dənizin hər bir cəhəti nikbinlik, həyat rəmzidir, adamları yaşamağa çağıran obrazdır. Hətta günəş də üfüqdən boylanıb dənizə baxanda sevinir, özünü azad hiss edir:

Coşur dəniz, susur çəmən,

Sevinc üçün, gülüş üçün,

Günəş çıxır görüş üçün

Nəğmə deyir mavi Xəzər

Salam günəş, salam səhər!

Üfüqlərə əlim çatır,

Mən qucuram göy suları,

Ömür sevinc qanadıdır,

Ömrün səhər arzuları,

Nəğmə deyir mavi Xəzər,

Salam günəş, salam səhər!

Şairin lirikasında bəzən ifrat nikbinliyin notları da səslənir. Nəbi Xəzri məmur olduğuna görə, sovet şeirindən tələb olunan nikbinliyi hər bir əsərində qorumağa çalışırdı. Lakin şairin ana təbiətə, Abşeron torpağına səmimi bağlılığı onun lirikasına güc bağışlayır, bu lirikanı oxucu üçün də doğma və yaxın edirdi:

Üzümün hər giləsi,

Sanki günəş zərrəsi,

Şehli-şehli üzümdür,

Səhər mehli üzümdür.

Təbiətin ağuşunda xoşbəxtlik, onunla qaynayıb qarışmaq, onun nemətlərini yemək və xoşbəxt olmaq, sevib sevilmək şairin lirikasının aparıcı motivlərindəndir. Bu xoşbəxtlik təşnəsi şair üçün həmişə doğma təbiət, onun gözəllikləri ilə bağlıdır, o, əsl gözəlliyi təbiətdə axtarır və onda tapır:

Bəlkə də sən mavi geyindiyindən.

Yer üzü, göy üzü maviləşibdir,

Görürəm necə də bəzənib aləm,

Səma da, torpaq da sanki mavidir,

Bəlkə xoşbəxtlərin xoşbəxti mənəm,

Bəlkə səadətin rəngi mavidir!?

Nəbi Xəzrinin lirikasının aparıcı mövzusu olan məhəbbət barədə şeirləri ədəbi mühitdə təmiz bir meh, poetik gözəlliyin yenidən doğuluşu kimi qarşılandı. Yeni nəslin nümayəndələrinin təsiri ilə Süleyman Rüstəm kimi yaşlı nəslə məxsus şairlər də məhəbbət şeirləri yazmağa başladılar. Bu poeziyanın öz şah möv­zu­suna qayıdışı və ifrat siyasilikdən və eybəcər publisistikadan tə­miz­lənməsi prosesi idi.

Şairin sadə, büllur, gurultudan uzaq həzin üslubu böyük lirik təsir gücünə malik idi. Nəbi Xəzri bir növ lirikanın klassik anla­yışına qayıdır, poeziyanı ali insan duyğularının estetik gözəl­liyi kimi qəbul edirdi. Bu isə Azərbaycanın müasir poeziyasında saxta inqilabi pafosun, ritorikanın, saxta müdrikliyin, çılpaq publisistikanın öz üstün mövqeyini itirməsi demək idi:

Mən bir dənizəm ki, eşqim səhərdir,

Səni düşünürəm əzizim, yenə.

Mənim dalğalarım xatirələrdir,

Qoy çatsın qəlbinin sahillərinə.

Əsl məhəbbət ki, əsl hünərdir,

Coşar ümman kimi təzə arzular

Mənim dalğalarım xatirələrdir,

Orda tufan da var, burulğan da var.

Məhəbbət və Azərbaycan təbiəti Nəbi Xəzri poeziyasının qo­şa qanadıdır. Xəzər, dəniz, çinar, sahil kimi təbiət obrazları onun lirik sözünü ifadəsində mühüm rol oynayır. Şairin poe­ziya­sında 1950-60-cı illərdə şeir dilinin inkişafının ən gözəl ten­densiyaları parlaq əksini tapmışdır. Onun üçün dilin canlı, konkret fikir sadəliyi və gözəlliyi bir-birindən ayrılmazdır:

Coşub daşır yenə dəniz,

Sevincim də, kədərim də,

Necə bənzər, sənə – dəniz,

Xatirələr qanadlı quş,

Ucar bura qatar-qatar.

İgidlərin heykəl olmuş,

Vüqarıdır bu qayalar.

Lal sükutum, gur səsimsən,

Mənim tale dənizimsən!

Nəbi Xəzri böyük şair Səməd Vurğunun ədəbi məktəbinə məx­sus yolla gedirdi. O, bir çox mövzularda böyük sələfinin ənənələrini davam etdirirdi. Bu, şairin poeziyasındakı vətən­pərvərlik ruhuna da aiddir. Şair ən intim mövzulara toxunanda belə, milli konkretliyə, Azərbaycan mentalitetinin qabardılmasına xü­susi fikir verirdi. Bu şeirlərdə Azərbaycan sözü qürurla səslənir və sənətkar özünü ana vətənin bir parçası kimi hiss edirdi. Lakin şair vətənlə bir insan kimi danışır, ona müraciət edir, onunla dialoqa girir:

Sən ki, döyündürdün mənim qəlbimi,

Sən uca çinarsan, mənsə yarpağın.

Mənəm sənin özün,

Ey eşqim, canım,

Sənsən özüm mənim,

Azərbaycanım!

Şair artıq yaşlanıb müdrikləşdiyi bir zamanda Azərbay­can­da Dağlıq Qarabağ müharibəsi başlandı. Ömrü boyu xalqlar dostluğunu tərənnüm etməkdən yorulmayan şair üçün bu konflikt ağır bir mənəvi imtahan oldu. Bu illər həm də sevimli həyat yoldaşını itirdiyinə görə də şair üçün ağır illər idi. Kədər, bədbinlik motivləri onun həyat yoldaşına həsr etdiyi bir sıra şeirlərdə qabarıq idi. Lakin çətin məqamda şair özündə güc tapdı, sərhəd müharibəsi aparan xalqı ilə bir səngərdə oldu, bir sıra vətənpərvər şeirlər yazdı. Bu şeirlərdə şair torpağın oğlu kimi, onun təəssübkeş övladı kimi danışır, ata-babalardan miras qalmış torpaqlarımızı son damla qanımıza kimi qorumağa çağırırdı. O, Şuşanı ölkənin tacı kimi, Allahın payı kimi təqdim edirdi:

Bura necə dəydi düşmən ayağı?

Dünyalar gəlirdi bura səcdəyə.

Tanrı bəxş etdiyi ulu torpağı

Dağlar öz ovcunda qaldırmış göyə!

Qarabağ qəlbidir Azərbaycanın,

Cənnət diyarıdır Azərbaycanın!

SSRİ dağılanda nüfuzlu dövlət məmuru, ideoloji cəhətdən nümunəvi şair olan, böyük karyera qurmuş Nəbi Xəzri bir müddət çaşqınlıq içində olmuş, az yazmış, lirikasında bədbinlik, şikayət dolu, bəzən mistik ruhlu nümunələr özünü göstərmişdir.

Poemaları. Nəbi Xəzrinin şeirlə yazdığı epik əsərlərinin ço­xu sovet dövründə və sosialist realizminin mövzularında qələ­mə alınmışdır. Əslində, şairin lirik təhkiyə üslubu epik mövzulara o qədər də uyğun gəlmirdi. Bunu şair özü də hiss edirdi və yəqin ki, bu səbəbdən onun poemalarının əksəriyyəti lirik səpgidədir, həcmcə iri deyildir. Onun “Mənim babam baxan dağlar”, “Ana”, “Kiçik təpə”, “Qara dənizin nəğməsi”, ”Sən lay-lay deyəndə” kimi poemaları bu qəbildəndir. Bunlarda şairin lirik məni çox qabarıqdır və poemada yaradılan əsas obrazlarla bir sırada durur. Bu isə şairin lirikasından gələn bir xüsusiyyət idi.

Nəbi Xəzrinin digər qisim poemaları sosialist realizmi möv­zularına aiddir. Belə poemalar şairə yaxın olan Sumqayıt şəhə­rinin qurulmasına, dəniz neftçilərinin əməyinə həsr edil­mişdir. Şairin “İki Xəzər”, “Sumqayıt səhifələri”, “Günəşin ba­cısı” kimi poemaları bu qəbildəndir. Bu poemalarda Səməd Vur­ğunun ədəbi təsiri, xüsusilə “Muğan” poemasında Min­gə­çe­virə həsr edilmiş hissələrin xüsusiyyətləri diqqəti cəlb edir. Nəbi Xəz­ri quruculuq işlərinə, əmək adamlarına həsr etdiyi poemaları vətən torpağının, qədim tarixin, milli adət-ənənənin tərənnümü ilə tamamlamağa və əsərlərinə bu yolla xüsusi sanbal qazandırmağa çalışır. “Sumqayıt səhifələri” bu şəhərin salınmasına, “Günəşin bacısı” kombaynla pambıq yığan Sevil Qazıyevaya, onun əmək hünərinin tərənnümünə həsr olunmuşdur. Bu mövzular müasir gəncliyə aydın deyil və aktual səslənmir. Lakin sözügedən poemaların yazılmasına şair bütün istedadını sərf etmişdi: Nəbi Xəzri iki dəfə Lenin mükafatına təqdim olunmuş, lakin bu mükafatı ala bilməmişdi. Şair sosialist realizmi mövzularına, epik əsərlərə həm də müəyyən ümidlərlə girişirdi.

Nəbi Xəzrinin üçüncü qisim poemaları artıq müstəqillik illərinə təsadüf edir. Bu poemalar içərisində xain erməni caniləri tərəfindən Qarabağda öldürülmüş jurnalist Salatın Əsgərovaya həsr edilmiş “Salatın” poeması xüsusi yer tutur. Yığcam lirik əsər olan bu poema şairin sevdiyi lirik tərənnüm üzərində qurulmuşdur. Sadiq, mərd, fədakar Azərbaycan qızının obrazına şair hələ sovet illərində həvəslə müraciət edirdi. “Salatın” poeması da şairin bu qəbildən olan qəhrəmanlarından biri idi. Şair Salatının cəsarətində, fədakarlığında, ilk növbədə milli xarakterin, ana və nənələrimizin ən yaxşı əxlaqi keyfiyyətlərini, torpaq təəssübünün ucalığını tərənnüm edirdi.

“Şəhidlər və şahidlər”, “Kiçik təpə” poemaları tor­paq­la­rı­mız uğrunda Qarabağda vuruşan əsgərlərimizin rəşadətinə, on­ların müqəddəs şəhidliyinə həsr edilmişdi. Bu poemalar o zaman şairi bürüyən tragizm hissləri, ölüm və həyat, qəhrəmanlıq və əbədiyyət motivləri ilə bəzədilmişdi. Şair qəhrəmanlığın təbiəti, əsl ölməzliyin şərtləri haqqında düşünür və bunları insanın vətən qarşı­sında borca sədaqəti ilə bağlayır. Şairin mili ordu döyüş­çüsünü tərənnüm edən poemaları Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaranmış ədəbi əsərlər içərisində özünəməxsus yer tutur.

Nəbi Xəzrinin nəsrlə yazdığı əsərləri də vardır. Bunların bir hissəsi onun “Ümmandan damlalar” (1979) kitabında toplanmışdır. Onun burada xarici səfərlər nəticəsində yazdığı qeydləri xüsusilə maraqlıdır. Müharibə illərində repressiyalardan qorxub vətənə qayıtmayan mühacirlərlə gərgin, həyəcanlı görüşləri, onların taleyi və ömür macəraları haqqında şair yığcam bir dillə söhbət açır. Qəribliyin tragizmi, torpaq xiffəti bu əsərlərdən qırmızı xətt kimi keçir.

Nəbi Xəzrinin şeir klassiklərimizə – Vaqifə, Səməd Vurğuna, Aşıq Ələsgərə, Əhməd Cəmilə, Əziz Şərifə, Süleyman Vəliyevə, Hüseyn Arifə, Cabir Novruza və başqalarına həsr etdiyi ədəbi qeydləri də vardır. Bu qeydlərin müəllifi bir alim kimi yox, bir sənətkar kimi, söz sərrafı kimi danışmağa can atır. Şairin rus və sovet ədəbiyyatının Aleksandr Puşkin, Sergey Yesenin, Mustay Kərim, Rəsul Həmzətov, Nikolay Qribaçov və başqalarına həsr olunmuş lirik səpkili, şirin yazıları vardır. Bu yazılar ədəbiyyatların qarşılıqlı təsirindən böyük səmimiyyətlə bəhs edir.

Dramaturgiyası. Nəbi Xəzri dramaturgiyada da, ilk növ­bədə lirik mövzulara müraciət edir. Miqyaslı sosial konfliktlər, monumental xarakterlərin mübarizəsi onun dramaturgiyası üçün səciyyəvi deyildir. “Sən yanmasan”, “Mirzə Şəfi Vazeh”, “Torpağa sancılan qılınc”, “Burla xatun” kimi pyesləri Akademik Dram Teatrının səhnəsində oynanmışdır. Bu pyeslərin bir hissəsi tarixi mövzulara və keçmişin ədəbi şəxsiyyətlərinə aiddir. Mirzə Şəfiyə həsr olunan pyesdə şair və zəmanə mövzusu, şair şəxsiyyətinin öz dövrü ilə konflikti kimi motivlər əsas yer tutur. Bu motivlər lirik şeirlərində də şairi düşündürmüş, sonradan bunlar onun pyeslərində öz epik ifadəsini tapmışdır. “Gecə döyülən qapılar” pyesini müəllif 1937-ci ilin ağrılı hadisələrinə, repressiyaların lirik təsvirinə həsr etmişdir.

Şairin iki pyesi “Dədə Qorqud” dastanlarının motivləri əsasında yazılmışdır. Bunlar SSRİ-nin dağılması ərəfəsində ədəbi prosesdə milli ovqatların güclənməsi ilə bağlı olan əsərlərdəndir. “Burla Xatun” və “Torpağa sancılan qılınc” dövrün ədəbi tenden­siyası ilə bağlı idi: şair və yazıçılar qədim dastanlarımıza müraciət edir, orada xalq ruhunun, qəhrəmanlıq tarixinin örnəklərini axtarıb tapır və öz əsərlərinin süjetinin əsası kimi istifadə edirdilər. ”Burla Xatun” pyesi bu baxımdan səciyyəvi və uğurlu idi. Sadə, ocağa bağlı, torpaqdan güc alan Azərbaycan qadın və analarının lirik obrazları şairin yaradıcılığında mühüm yer tutur. Burla Xatun da bunlardan biri idi. O, çətin məqamda ərinin ən yaxın dayağı olur, yağılara qarşı müharibədə kişi qeyrəti, düşmənə nifrət nümunəsi nümayiş etdirir.

Nəbi Xəzri həmişə dövlət vəzifələrində, ideoloji sahədə çalışmışdır. Bu, onun epik əsərlərinə öz təsirini buraxır. Sovet adamlarını, sovet cəmiyyətini təsvir edəndə o, ehtiyatlı olmağa çalışır, sovet həyatının qüsurlarını dərindən açmamağa üstünlük verirdi. Digər tərəfdən, bir yazıçı kimi konfliktsizlik nəzəriyyəsi dövründə yetişib formalaşması onun ədəbi zövqündə öz izini qoymuşdu. Bunun nəticəsində onun dramaturgiyası ədəbiyyatın lirik cərəyanına daha yaxındır.

Ədibin “Əks səda” pyesi 1972-1975-ci illər arasında yazılmış və Akademik Dram Teatrında səhnəyə qoyulmuşdur. Bu əsər şairin səhnə üçün yazdığı əsərlərin əsas cizgilərini əks etdirir. Əsər­də tam mənada dramatik konflikt yoxdur. Əsər Neft Daş­larında quyulardan birində qəza baş verməsi epizodu ilə başlanır. Burada biz sosialist realizmi estetikasına xas elementlərlə üzləşirik: fəhlələr əməyi ehtirasla sevirlər, özlərini daha çox neft istehsal etmək üçün dənizə atmağa da hazırdırlar. Baş verən qəza nəticəsində fəhlə yaralanır.

Fəhlələrin briqada başçısı tipik bir müsbət qəhrəman kimi verilən Qaynardır. O qazmaçıdır, köhnə, savadsız neftçidir. Lakin savadsız olmasına baxmayaraq, bütün əsər boyu ağıllı sözlər danışır. Müəllif onu hamıdan ağıllı kimi təsvir edir. Bu da bolşevik təbliğatının miflərindən biri idi. Bu təbliğata əsasən, qocaman fəhlələr ziyalı və alimlərdən, mühəndis və kabinet işçilərindən ağıllı, üstün sayılırdı. Nəbi Xəzri də Qaynarı belə təsvir edir. O, ziyalı və alimlərə qərəzlə yanaşır, onları aşağılayır, imkan düşdükcə, sancır. O, qarşısına gələnlərin hamısına nəsihət verir, həqiqətin necə olduğunu izah etməyə çalışır, istehsalatda işləməyənlərə tüfeyli kimi baxır.

Evə gələndə aydın olur ki, Qaynarın konfliktdə olduğu bir adam var. O, yad yox, onun öz doğma oğludur, adı Məğrurdur. Məğrur Xəyalə adlı bir qızı sevir və onu anası ilə tanış etmək üçün evlərinə gətirir. Atası da evə gəlib gələcək gəlini görəndə göz­lənilməz mövqe tutur. O, Xəyaləni dilə tutmağa başlayır ki, onun oğluna ərə getməsin, çünki oğlunun pis vərdişləri var. Məğ­rur müasir olmağa, elmi-texniki inqilabın şərtləri ilə ayaqlaşmağa çalışır. Atanın belə mövqeyi qeyri-təbiidir, inandırıcı deyil və ta­maşaçını da sona qədər inandıra bilmir.

Xəyalənin sevdiyi oğlanın evinə gəlməsi bir sıra örtülü mətləblərə işıq salır. Məlum olur ki, Xəyalə nazir vəzifəsində ça­lışan Şahmarın qızıdır. Şahmar isə Qaynarın uşaqlıq dostudur, la­kin indi onların münasibəti soyuqdur. Hətta onlar arasında zid­diyyət də var. Qaynar istehsalatda işlədiyinə görə, Neft Daş­larında dənizlə əlbəyaxa olduğuna görə özünü Şahmardan üstün sayır. Şahmar alim karyerası qurmuş, elmlər doktoru, kafedra müdiri, nazir vəzifəsinə qədər yüksəlmişdir. İndi o, akademik seçkilərinə hazırlaşır. Qaynarın dostunun karyerasına münasibəti çox mənfidir və dialoqlardan görünür ki, müəllifin rəğbəti də onun tərəfindədir.

Əsərdə hadisələr bir-birini əvəz etdikcə, yeni faktlar üzə çı­xır. Məlum olur ki, Qaynarın tüfeyli saydığı oğlu Şahmarın tələbə­sidir və ata oğlunun pozğun həyata qurşanmasına görə Şah­marı ittiham etməyə başlayır. Hətta aydın olur ki, Şahmarın arvadı Zərifə cavanlıqda Qaynarın sevgilisi olub. Lakin Şahmar Zərifəni aldadıb Qaynardan uzaqlaşdırıb və onunla evlənib. Lakin Şahmarın xainliyi bununla bitmir. O, cəbhədə həlak olmuş dostunun diplomunu əldə edib öz adına saxtalaşdırmışdır. Əslində onun ali təhsili yoxdur, amma akademik seçkilərində iştirak edir. Əsərin finalında Qaynar uşaqlıq dostu, nazir postunda olan Şahmarı tam ifşa edir, oğlu Məğrurla barışır. Məğrur isə günahlarını yumaq üçün Tümen şəhərinə – sərt təbiətli Sibirə neft mədənlərində işləməyə gedir.

Beləliklə, bir ailə içində yaranmış düyünlər açılır. Yaxşılar və ən yaxşılar qalib gəlirlər. Əsərin dili lirik şeirlərlə bəzə­dil­miş­dir. Qəhrəmanlar məhəbbət haqqında hamısı eyni sözlərlə da­nı­şır­lar. Əsərdəki şeir parçaları da lirikdir və Nəbi Xəzrinin öz əsərlərindən gətirilir:

Sən günəş,

Mən səndən nur alan Ayam!

Sən səssən,

Mən isə əks-sədayam.

Şairin pyeslərinin dialoqları, replikaları yığcamdır. Amma onlar çox zaman şeiri xatırladır. Müəllif obrazların hissiyyatlarını yaxşı, digər obrazlara münasibətlərini isə ümumi şəkildə təsvir edir.

Tərcümələri. Nəbi Xəzri ömrü boyu xarici səfərlərdə olmuş, çoxlu rus və digər dillərdə yazan yazıçı və şairlərlə əməkdaşlıq etmişdir. O, Bakıda öz qələm dostlarının 8 tərcümə kitabını hazırlayıb nəşr etdirmişdir. Digər tərcüməçilərdən fərqli olaraq, şair rus klassiklərinin deyil, ruhən özünə yaxın olan müasir rus şairlərinin şeirlərini tərcümə etmiş və Bakı nəşriyyatlarında ayrıca kitab şəklində buraxdırmışdır. Bu tərcümə kitablarına, onlarda lirikanın səciyyəsinə diqqət yetirəndə, onlarda şairin 1960-cı illər lirikasına yaxınlığı öz əksini tapır. Ona görə demək olar ki, Nəbi Xəzri lirikasındakı bir sıra orijinal meyllərin mənbələrini bu tərcümə kitablarında tapmaq olar.

Digər tərəfdən, Nəbi Xəzri mərkəzi ədəbi mətbuatda öz nüfuzunun yaranmasına və qüvvətlənməsinə ömrü boyu xüsusi diqqət yetirmişdir. O zamanlar yazıçıların Moskva mətbuatında çıxan bir neçə şeiri Bakıda diqqəti cəld edir və müzakirə predmeti olurdusa, bu, şərəfli sayılır, Bakıda güzəştlər almağa kömək edirdi.

Şairin ilk tərcümə kitabı 1960-cı ildə “Dost sözü” adı ilə Azərnəşrdə çıxmışdı. Bu kitabın müəllifi V.Termanı bu gün çox az adam tanıyır. Lakin Nəbi Xəzri onunla M.Qorki adına Ədəbiyyat İnstitutunda birgə oxumuşdu və onun təbiətə bağlı olan lirikasını bəyənirdi.

Nəbi Xəzrinin ikinci tərcümə kitabı yenə Azərnəşrdə çıxmışdı və “Sən çağır məni”(1962) adlanırdı. Tanınmış rus şairi, kitabın müəllifi A.Prokofyev də Nəbi Xəzriyə ruhən yaxın və öz yaradıcılığında təsirləndiyi müəlliflərdən biri idi.

Nəbi Xəzri bu gün də – müstəqillik şəraitində də səmimi və təsirli səslənən görkəmli lirik şairdir. Onun sözlərinə çoxlu mahnılar bəstələnmiş, şeirləri bu gün də dillər əzbəridir.

Comments are closed, but trackbacks and pingbacks are open.