Press "Enter" to skip to content

Nəsiminin əsərləri

Nəsiminin dünyəvi əsərlərinin bir qismini ictimai-fəlsəfi məzmunlu şeirlər təşkil edir. Bu da məlumdur ki, şairin müxtəlif mövzularda yazdığı bütün əsərlərində fəlsəfi fikirlər önəmli yer tutur. Onun ictimai-fəlsəfi şeirlərində əhatə edilən məsələlər isə çoxdur; dünyanın dərk edilməsi ilə bağlı düşüncələr, dünyanın faniliyi və onun vəfasızlığından şikayət, rəzilliyi özünə peşə edənlərdən narazılıq və s.

Nəsiminin əsərləri

Seyid Əli Seyid Məhəmməd oğlu İmaməddin Nəsimi 1369-cu ildə Şamaxıda anadan olmuşdur. Bəzi tədqiqatçılar onun Bakıda doğulduğunu iddia edir.
Azərbaycan şairi, dahi mütəfəkkir “İmaməddin Nəsimi” adı ilə məşhurdur. Şairin atası Seyid Məhəmməd Şirvanda yaxşı tanınan şəxsiyyətlərdən idi. Nəsiminin bir qardaşı da olub. Onun Şamaxıda yaşadığı, Şah Xəndan təxəllüsü ilə şeirlər yazdığı və hazırda bu adla tanınan qədim qəbiristanlıqda basdırıldığı məlumdur. İslamdan sonrakı dövrdə Şamaxı iri mədəniyyət mərkəzlərindən birinə çevrilmişdi. Burada çoxlu məktəb, məd- rəsə, bütün Şərqdə məşhur olan şeir və musiqi məclisləri fəaliyyət göstərmiş, bundan başqa zəngin ictimai və şəxsi kitabxanalar mövcud idi. Paytaxtdan bir qədər kənarda, Məlhəm adlanan yerdə məşhur şair Xaqaninin əmisi-alim və həkim Kafiəddin tərəfindən yaradılmış Dar-üş-şəfa tibb akademiyası da fəaliyyət göstərirdi. Şamaxıdan ümumiyyətlə bir çox şair və alimlər çıxmışdır ki, onların da arasında böyük sənətkar Əfzələddin Xaqanini xüsusi qeyd etmək lazımdır.

Şairin əsərlərinə diqqət yetirdikdə bəlli olur ki, Nəsimi Şamaxıda o dövrün ən yaxşı universitetlərinin tələbinə cavab verəcək bir dərəcədə kamil təhsil ala bilib. İlk təhsilini Şamaxıda almış, dövrün elmlərini, dinlərin tarixini, klassik Şərq və qədim yunan fəlsəfəsini, habelə ədəbiyyatını dərindən mənimsəmiş, İslam və Xristianlıq dinlərinin əsaslarına yaxından bələd olmuş, Quran, hədis elminə gözəl yiyələnmiş, tarix, psixologiya, etika, coğrafiya, tibb, astronomiya və astrologiya, riyaziyyat və məntiq elmlərinə dərindən qail olmuşdu. O, Azərbaycan, fars və ərəb dillərində eyni dərəcədə gözəl məzmunlu şeirlər yaza bilirdi. Onun azərbaycanca şerlərinin dili həm zənginliyi, həm də xalq nitqinə yaxınlığı ilə seçilir, atalar sözləri, zərb-məsəllər, hikmətli sözlər burada çoxluq təşkil edir. Nəsiminin rübailəri Azərbaycan xalq şeiri nümunələri olan bayatılara çox yaxındır. Nəsiminin poeziyasında Azərbaycanın, eləcə də digər Şərq ölkələrinin məşhur alim və şairlərinin adları tez-tez xatırlanır. Bunlardan Əli ibn Sinanı, Xaqanini, Nizamini, Fələkini, Həllac Mənsuru, Fəzlullah Nəimini, Şeyx Mahmud Şəbüstərini, Övhədi Marağayini və başqalarını göstərə bilərik. Bundan başqa Nəsiminin əsərlərində peyğəmbərlərin, imamların adı da çox vurğulanmışdır. Bunlardan daha çox Adəm(ə), Xızır(ə), Musa(ə), İsa(ə), Məhəmməd(s), Həzrət Əli və daha sonrakı 11 imamın adı bir çox şeirlərində vəsf edilmişdir.
Teymurləng Hürufiləri ciddi təzyiqlərə məruz qoyduğu bir vaxtda Nəsimi vətəndən didərgin düşüb, İraq, Türkiyə, Suriyada yaşamağa məcbur olmuşdu. Mənbələrə görə Nəsimi Hürufilik təlimi əsasında irəli sürdüyü panteist ideyaları üstündə Hələb şəhərində edam olunub. Nəsimini Təbrizi nisbəsində təqdim edən İbn əl-İmad Hənbəli yazır: “O, hürufilərin şeyxidir, Hələbdə sakin idi, tərəfdarları çoxaldı, bidəti artdı, iş o yerə çatdı ki, sultan onun öldürülməsini əmr etdi, boynu vuruldu, dərisi soyuldu, çarmıxa çəkildi.” Faktlar isə bu mənbələrin ziddinədir. Nəsiminin əsərləri ilə tanış olduqda şairin niyə edam olunduğu bizə əyan olacaq.
Nəsimi 3 dildə anadili səviyyəsindən geri qalmayan şeirlər yazıb. Demək olar ki, Nəsimi şeirlərinin məzmun cəhətdən əsas mahiyyəti Qurani-Kərimin ideyasından kənara çıxmır.
Nəsiminin əsərləri ilə yaxından tanış olduqda dünyada ikinci bir şəxsin Nəsimi qədər Əhli-beyt(ə) aşiqi olmasını demək çətindir. Bizə “Mən Allaham” kəlməsini işlədən kimi tanıdılan Nəsimi əslində təvazökarlığın ən yuxarı mərtəbələrində idi. Nəsimiyə görə insan Özünü Əhli Beytə qul bilməsə Allaha çata bilməz. Əhli Beyt aşiqi isə İlahiyə olan sevgini dildə yox, əməldə göstərməli, Əhli Beytin yasaq etdiyi əməllərdən, yəni riyadan, ücbdən, həsəddən, tənbəllikdən, qafil olmaqdan çəkinməlidir. Və bununla da bəlli olur ki, Nəsimi özünü Allah yox, Böyük Yaradan qarşısında aciz məxluq hesab edir. “Şah sənsən mən gədayəm ya Əli səndən mədəd”, “Bəs Əli yolunda xaksar olmaq gərəkdir, xaksar”. ” Nəsimi, bəndeyi Qəmbər olubdur, çakəre Heydər”, ” Xake dəre Əhli-beytəm”, “Hamıdan kəmtərin kəmtər, be cane xake pa gördüm”.. Kimlərə isə adi görsənən bu ifadələr əlbəttə zövq əhli tərəfindən ayrı cür qarşılanır. Nəsiminin o dövrdə Yezidi qan içən it, donuz adlandırmasına heç də ötəri baxmaq olmaz . Nəsimi qeyri- Əhlibeyt ideyalı hakimlərin hökmranlıq etdiyi ölkələrdə yaşayan mütəfəkkirlər arasında bəlkə də təqiyyə etməyən yeganə şair idi. Bəhanə olaraq Nəsimini kafir kimi öldürsələr də əslində buna səbəb onun Əhlibeyti(ə) təbliğ etməsi idi. Sual çıxa bilər ki, bu cəza niyə məhz Nəsimiyə şamil olundu, niyə Nəsimi bu qədər təqib olunurdu? Əlbəttə, cavab çox sadədir. Nəsiminin Əhlibeyt(ə) haqda olan ağır fəlsəfə yüklü şeirləri sanki musiqi bəstəsində idi. Başa düşən də, başa düşməyən də bu rəvan, axıcı şeirləri dillərində zümzümə edirdi. Məclislərdə Nəsiminin qəzəlləri, qəsidələri oxunurdu. Bu şeirlər qılınc gücü ilə dəyişilməyən beyinlərə daha tez təsir edirdi. Bir sözlə Nəsiminin rəvan şeirləri cəmiyyət arasında daha sürətlə yayılırdı.

Gəl ki, müştaq olmuşam didarına,
Vermişəm can zülf-i anbərbarına,
Məhrəm etdin çün məni əsrarına,
Ey pəri, gəl çək məni bir darına.
***
Ey yüzündən zahir əsma-i huda,
Şöylə ki, Quranda dedi kulləha,
Adəmi bil, andadır əsrarha,
Can ilə başın yolun qıl fəda.
***
Eşq ilə gəldi cəm-i ənbiya,
Eşqdir seyrü süluk-i övliya,
Eşq ilə yola girərlər biriya,
Eşq ilə vasıl olurlar tanrıya.
***
Al əlindən atını, yaban at,
Haqpərəst ol, haqqı tanı, olma at.
Dünyanın dövründə yoxdur çün səbat,
Atını qaçırma ruhdan, olma mat.
***
Ey cəmalin Qulhüvallahü əhəd,
Surətin yazısı Allahüssaməd
Bir ucu zülfün əzəl, biri əbəd,
Hüsnünə şeytan imiş mən la səcəd.
***
Haqq Təala varlığı adəmdədir,
Ev onundur, ol bu evdə dəmdədir,
Bilmədi şeytan bu sırrı, gamdadır,
Ol səbəbdən ta əbəd matəmdədir.

Həmin dövrdə şeirlərində əqidəsinin birbaşa izharı siyasi cəhətdən Nəsimi üçün çox təhlükəli idi. Xüsusilə də özlərini Əhlibeyt(ə) məzhəbindən hesab edənlər daim təqib olunurdu. Buna baxmayaraq Nəsimi öz ideoloji mənsubiyyətini gizlətmir, iftixarla şeirlərində onlara müraciət edirdi.

Mən ol sadiq qulam kim, Cəfəriyəm.
Həqiqət söylərəm, həqq Heydəriyəm.
Nəsimiyəm,Yezidə lənətim var
Əzəldən mən düçare Xeybəriyəm.

Nəsimi şeirlərinin birində dərisinin soyulmasına fətva erənləri belə adlandırmışdır. ” Şul pustimi soydu Yezid-Mərvanilər”. Buradan bir daha məlum olur ki, Nəsimi İslamda təriqətlər zəminində süni şəkildə ixtilaflar yaradan hakimlər tərəfindən təqib olunurmuş, nəinki ateist və ya özünü Allah adlandırması səbəbi ilə. “Ənəlhəqq” kəlməsini dəfələrlə işlədən Nəsimi düşmənlərinin onu başa düşməmələrini də şeirlərində vurğulamışdır.

Şul Yezid-Mərvanilər, pustimi soydu qazilər,
Mən “Ənəlhəqq” çağırıb Mənsurilən bir dar idim.
Soydilər pustimi aldım qayib, oldum olzaman,
Kimsə bilməz bu rəmuzi, həqqlə sərdar idim.

Nəsimi Ürfan məktəbinə təkcə nəzəri cəhətdən yox, praktiki cəhətdən də müraciət etdiyi üçün onu çox vaxt başa düşmürdülər. Ürfan nəzəriyyəsindən bir qədər məlumatı olan şəxs yaxşı bilir ki, Seyri-süluk yolunda arifcəsinə irəliləyən salik hara baxdıqda ilahi təcəllanı görür və o baxımdan dönüb özünə baxanda ilahi nişanə adlandırır özünü.

Həqq Təala Adəm oğlu özüdür,
Otuz iki Həqq kəlamı sözüdür.
Cümlə aləm bil ki, Allah özüdür,
Adəm ol candır ki, günəş yüzüdür.

Arif bundan sonra “Ənəlhəqq” deyəndə özünü Allah yox, İlahi varlıqda yaradıcının nişanəsi kimi görür. “Ənəlhəqq”məfhumunu başa düşməyənləri Nəsimi qəflətdə olduqlarına görə qınayır, onların yəqin əhli olmadıqlarından, həmişə güman əhli olduqlarından bu məsələdə çaşıb qaldıqlarını bildirir. Həzrət Əlidən(ə) belə bir hədis var. “Özünü tanıyan Allahı tanıyar”. Nəsimi insanın, aləmin İlahi bir nişanə olduğunu məharətlə şeirlərində tərənnüm etmişdir.

Qeyb və gümandan özgə ey zahid urma dəm ki,
Həqqülyəqin buldum, tərk eylədim gümanı.
Mənsur ənəlhəqq aydır, yəni ki, həqq mənəm, həqq,
Həqq çun əyanmış, gör, kim görmüyə əyanı.

Həzrət Əlidən(ə) bu barədə hədis də qeyd olunmuşdur. “Mən görmədiyim Allaha ibadət etmərəm.” Əgər Nəsimi özünü Allah bilsəydi Əhli-Beytin qapısının tozu deməzdi özünə. Onun “Qibləgahımdır Məhəmməd, səcdəgahımdır Əli” qafiyəsi ilə yazdığı şeir özünü insan övladı hesab etməsinə bir daha sübutdur.

Nəsimi şeirlərində Əhli-Beyt. Çox çətin bir dördə, Əhli-Beyt(ə) məsumlarının adını çəkən şəxslərin təqib olunan vaxtı Nəsimi qorxmadan iftixar hissi ilə ” Kim Məhəmmədi Əlidən ayrur lənət ona, Ləhmikə ləhmi deyilmi, ya Əli səndən mədəd” demiş və 14 məsuma onlarla şeirlər yazmışdır. Aşağıdakı şeiri bunun tam təsdiqidir.

Mən qulami xanədanam, padişahımdı Əli,
Ehtiyacım var ona püşdü-pənahımdı Əli,
Könlümü qıldı münəvvər, mərhəmanımdı Əli,
Qibləgahımdır Məhəmməd , səcdəgahımdır Əli.
Gəldilər həqdən bəyanə sirri ağaz etdilər,
Sözləri ilə bu cahan mülkinə pərvaz etdilər,
Həmdülillah, biz gədanı məhrəmi-raz etdilər,
Qibləgahımdır Məhəmməd , səcdəgahımdır Əli.
Ta əzəldən padişahımdır Həsən xülqi-riza,
Dünyavi üqbəda sərtacım Hüseyni Kərbala,
Nuri çeşmimdir İmam Zeynul-İbad,
Qibləgahımdır Məhəmməd , səcdəgahımdır Əli.
Canu dildən bəndəye Baqir, qulami Cəfərəm,
Museyi-Kazım, İmam Rzaya kəmtərəm
Şah Təqi, Baba Nəqi yolunda paki-bəstərəm,
Qibləgahımdır Məhəmməd , səcdəgahımdır Əli.
Masəva tərk eyləyib bizləri diyari ləhlətə,
Hakim onlardır, bu gün layiqdir onlar hörmətə,
Lah deyənlər uğrayırlar bu cahanda möhnətə,
Qibləgahımdır Məhəmməd , səcdəgahımdır Əli.
Cümləmiz arzu edənlər Əskəriyyə əsgərüz,
Mehdiyi-Sahib Zamana biz təvəlla eyləriz,
Həmdillah eylə Ey Nəsimi, biz yolunu gözləriz,
Qibləgahımdır Məhəmməd, səcdəgahımdır Əli.

Nəsimi şeirlərində Quran

Nəsiminin şeirlərində Qurana müraciət diqqətəlayiq dərəcədə çoxdur.

Ey cəmalın Qul huvəllahu əhəd.
Surətin yazısı Allahus Saməd.
Bir ucu zülfünün əzəl, biri əbəd.
Hüsnünə şeytanmış mən lə səcəd.
***
Ey saçın vəlleyl, üzün vələzzüha,
Surətin şanında qul kəfa,
Ey saçından çun əyan oldu mənə,
Sirre əlrəhman əla ələrş üstüvə.

Aşağıdakı şeirdə Nəsimi Quranın “kun fəyəkun”(ol desəm olar) ayəsindən məharətlə istifadə edərək yaradılışa toxunmuş və həmin cümlənin ilk(k hərfi) və son hərfini(n) yaradılışın başlanğıcı hesab etmişdir.

Kaf və Nun əmrindən oldu kainat,
Həm sifətdir Kaf və Nun, həm eyne zat.
Kaf və Nundan vacib oldu mümkünat,
Bəlkə sənsin aləmə zat və sifat.

Allah aləmi xəlq edərkən “Kun fəyəkun” (ol desəm olar) demişdir və Nəsimiyə görə bu yaradılış Kaf Nuna yetməmiş baş vermişdir. Bununla da Nəsimi sübut etmək istəmişdir ki, Allahın etdikləri üçün zaman məhdudiyyəti yoxdur. Həmin “Kun fəyəkun” ayəsinin açıqlaması bizim dərkimiz üçündür.

Nəsimi şeirlərində fəlsəfə

Daim ənəl-həqq söylərəm, neçünki Mənsur olmuşam,
Kimdur məni bərdar edən, bu şəhrə mənsur olmuşam.

Qibləsiyəm sadiqlərin, məşuqiyəm aşiqlərin,
Mənsuriyəm layiqlərin, mən beytə məmur olmuşam.

Musa mənəm ki, haqqilə daim münacat eylərəm,
Könlüm təcəlla Turudur, onun üçün Tur olmuşam.

İrdim qaşın mehrabına kim, qabi-qövsün ordadır,
Vəslət şəbində gör məni, sər ta qədəm nur olmuşam.

Bəzmi əzəldə içmişəm vəhdət meyin peymanəsin,
Ol cürədir ki, ta əbəd sərməst-o məxmur olmuşam.

Ey ay uzundur val-zəha və leyl-imiş saçun qara,
Ləlün mənə dar-ul-şəfa, oldur ki, rəncur olmuşam.

Hər yanə ki, dönər üzüm, orda görür həqqi gözüm,
Çun bu qəmindən qəm yedim, şadan-o məsrur olmuşam.

Ol şahidi qeybi mənəm ki, kainatin eyniyəm,
Ol nitqi rəbbani mənəm ki, dildə məzkur olmuşam.

Çun on səkkiz min aləmə, oldu vücudum ayinə,
Ol surəti rəhman mənəm ki, dildə məzkur olmuşam.

Ol gizli gəncin sirriyəm ki, zahir oldu gözlərim,
Ol gövhərəm ki, gün kimi aləmdə məşhur olmuşam.

Çun mən Nəsimi gövhərəm, gəncim sizə faş eylərəm,
Mən bu dolu viranədə gör ki, nə məmur olmuşam.

***
Həqq Təala Adəm oğlu özüdür,
Otuz iki Həqq kəlamı sözüdür.
Cümlə aləm bil ki, Allah özüdür,
Adəm ol candır ki, günəş yüzüdür.

Filosoflar Nəsiminin bu məzmunda olan şeirlərində çox zaman yanlışlığa yol verirlər. Aşağıdakı şeirin anlaşılması isə tamamilə islami məlumat tələb edir.

Yox ikən yer ilə göylər, mən əzəldən var idim .
Gövhərin yekdanəsindən eylər və pərgar idim.
Gövhəri ab eylədim, dutdi cəhani sərtasər,
Yer, göyü, ərşi, kürsü yaradan Səttar idim.
Girdim Adəm donuna, hiç kimsə sirrim bilmədi
Mən bu beytullah içində ta əzəldən var idim.
Gəzmişəm mən on səkkiz bin aləmi gərdiş ilə
Dəryanın altında sacı qızdıran ənar idim .
Şul Yezid-Mərvanilər, pustimi soydu qazilər,
Mən “Ənəlhəqq” çağırıb Mənsurilən bir dar idim.
Soydilər pustimi, aldım qayib, oldum ol zaman,
Kimsə bilməz bu rəmuzi, həqqlə sərdar idim.
Mən Nəsimiyəm, həqqi həq tanımışam bigüman,
O idi məni yaradan, həm mən ona dərkar idim.

Nəsimin bu şeirini bəzən səhv olaraq Xətaiyə mənsub edirlər. Nəsiminin şeirlərində Adəm övladına verilən qiymətə bəlkə də heç bir şairlərin əsərlərində rast gəlmək mümkün deyil. Əlbəttə Nəsiminin fikri ınsanı Allah tanımaq yox, şeytanın bu cür dəyərli yaradılmış Adəmə səcdə etməməsinə işarədir.

Ey cəmalın Qul huvəllahu əhəd.
Surətin yazısı Allahus Saməd.
Bir ucu zülfünün əzəl, biri əbəd.
Hüsnünə şeytanmış mən lə səcəd.

Bu şeirdə Nəsimi ilahi məqamda olan Adəm övladını Allahın nişanəsi bilir və şeytanı insana səcdə etməməsinə görə Allahın əmrindən çıxmış hesab edir. Bəşərin peyğəmbərlərə rəhmət olaraq yaradıldığını Nəsimi çox gözəl şəkildə tərənnüm edir.

İsanın vəsli bilən Məryəmdədir,
Həqqi Süleyman hikməti Xatəmdədir.
On səkkiz min aləmin sərmayəsi,
Vələqəd kərrəm bəni Adəmdədir.
***
Hər nə yerdə, göydə var Adəmdə var.
Hər nə ayda, ildə var Adəmdə var.
Hər nə əldə, üzdə var qəddimdə var.
Həqq sözün fəhm etməyən adəm də var.

Nəsimi şeirlərində əxlaq

Nəsiminin tənqid hədəflərindən biri də özlərini arif kimi göstərən bəzi sufilər idi.

Bir məgəsdir balı yox.
Bir ağacdır barı yox.

Burada Nəsimi o dövrün hakim dairələrini, əqidəsiz din xadimlərini, riyakar zahidləri özlərini balverən arıya bənzətmək istəsələr də məgəs (milçək) adlandırmış, barsız ağaca bənzətmişdir. Nəsiminin nəsihətamiz şeirləri də tərbiyəvi cəhətdən çox mühümdür. Şeirlərinin birində ədib təriqət çaşqinlığında qalanlara belə buyurur:

Ey könül hər bivücuddan can umursan, nə əcəb.
Bikərəmdən lütfilən, ehsan umursan, nə əcəb.
Bişəriətlər nə bilsün ənbiyanın şərtini,
Bitəriqətdən rəhe ərkan umursan, nə əcəb?!
Bibəsrdən məniye şövqe kəmale mərifət,
Bixəbərdən söhbəte ürfan umursan, nə əcəb?!
Hər qayanın ləli olmaz, hər dənizin gövhəri,
Hər sədəfdən loloye mərcan umursan, nə əcəb?!
Çun Əzrayil əhsəne təqvimə baş endirmədi,
Onda sirre kəbeye Hənnan umursan, nə əcəb?!
Divuna məhrum ke, tutmaz isme Əzəmdən xəbər,
Əhriməndən rəhməte Rəhman umursan, nə əcəb?!
Heçmiş zöhdü və zerqi, zahidin əfsanəsi.
Şul fəqihdən məniye Quran umursan, nə əcəb?!
Umma hər qəlbi zoğaldan aşiqin əsrarını.
Kafirin könlündə sən iman umursan, nə əcəb?!
Ey Nəsimi, bivəfadan umma gəl rəsme vəfa.
Bivəfadan əhdilən peyman umursan, nə əcəb?!

Fani dünya, dünya malı Nəsimi gözündə dəyərsiz bir şeydir və eyni zamanda riyakar zahidləri də dünya qəflətində olanlardan hesab edir.

Dünya çun murdardır iyrən könül murdardan,
Gül deyil dünya, tikandır nə umarsan xardan.
Dünyada bir yar vəfalı kimsənə görmüş degil,
Fareğ ol barı, nə hasil şul vəfasız yardan.
Axirət yarından istə hər nə məqsudun ki, var,
Dünyanın miqdarı yoxdur, keç bu bimiqdardan.
Müddəeye cövrü- cəfasın həddən aşrıdı, vəli,
Yar əgər yarı qılırsa qəm, degil əğyardan.
Çun Nəsimi, zahidin halını bildin kim nədir,
Meydən ikrah eyləməz, qafil degil xumardan.

Nəsimidə İrfani eşq

Nəsiminin eşq haqda olan şeirləri fəlsəfi baxımdan dünya ədəbiyyatının şedevri sayıla bilər. Nəsimiyə görə eşq yalnız Allaha olmalıdır. Bunu isə yəqin əhli olan ariflər duyar. Nəsimi insanın yaradılışının mənbəyini Eşqdə görür. Bəzən alimlər bunu qadın-kişi arasında olan eşqlə qarışdırır. Sual yaranır ki, bəs Adəmlə Həvvanı hansı insanların eşqi yaradıb? Nəticə bunu göstərir ki, Nəsimi yaradıcı eşqi önə çəkəndə İlahi eşqi nəzərdə tutur.

Eşqlə gəldi cəmi ənbiya
Eşq idi seyre süluke övliya
Eşqilə yola girərlər biriya
Eşqilə vasil olurlar tanrıya

Aşiqdə Kövsər həsrətini Nəsimi aşiqcəsinə bizə çatdırır

Çun cəmalın məhşərin gülzarıdır,
Hoze Kövsər pəs dodağın narıdir,
Hər ke olsa vəsle hüsnündən cüda,
Ona firqət bəs cəhənnəm narıdir.

Nəsimi burada aydındır ki, “Hoze -Kövsər” deyəndə Əhli-beyti(ə) nəzərdə tutmuşdur. Kim ki, Əhli-beyt(ə) yolunda olarsa, Cənnətdə “Kövsər” hovuzuna qovuşacaqdır. Əks halda bu mümkün deyildir. Necə ki, susuz dodaq həsrətində olduğu suya qovuşmaq istər, insan da gərək bu Kövsər hovuzuna o cür aşiq ola. İnsan suya həmişə ehtiyac hissi duyur və bu zaman suyu ilk hiss edən orqan dodaq olur. Nəsimi dodaqla suyun bu cür “eşqlə” qovuşmasından çox gözəl istifadə etmiş və bizə çatdırmaq istəmişdir ki, insan hər zaman Əhli-beyt(ə) yolunun nəticəsi olan Kövsər hovuzuna şövqlə can atmalıdır.

Aşiqin seyranı şul aləmdədir,
Görməyən ol aləmi matəmdədir.
Kuntu kunzəlin gövhəri Adəmdədir,
Adəm ol meydir ki, came cəmdədir.

Nəsimi İlahiyə qovuşmaq üçün yeganə yolu ixlasdan doğan eşqdə görür. Allah insanı eşqlə yaratdığı kimi insan da yalnız öz Tanrısına eşqlə çatar. Bu eşq isə nə cəhənnəmin qorxusundan ibadət edən zahiddə olar, nə də cənnəti qazanmaq üçün ibadəti ticarət hesab edən abiddə olar. Zahid də, abid də mərifət üçün çalışmalıdır, çünki Allahı tanımağın yolu mərifətə çatmaqdadır. Nəsimiyə görə əsl dindar nə zahid mərhələsində, nə də abid mərhələsində ilişib qalmamalıdır. Əsl dindar daima seyri-süluk yolunda olmalıdır. Çünki arif olmaq istəyən Allahını tanıya bilər, arif olmaq istəyən salikliyini davam etdirə bilər. Zahidin ibadətinin əsasında qorxu, abidin ibadətinin əsasında cənnəti qazanmaq durursa, fəqət arif bütün etdiyi əməllərini İlahiyə olan eşqinə görə edər. Ariflər üçün cənnət mükafat yox Allaha qovuşmaq üçün bir bəhanədir və onlar cənnəti bu səbəbdən qazanmaq istəyərlər.

Könlümün şəhrini çün kim eylədi yəğmaye eşq,
Saldı canım mülkinə şur və şər və qovğaye eşq.
Çaxdımı sirrim aləmə, əsrarımı faş eylədi,
Halıma həmdəm olandan dünyada sevdaye eşq.
Qalmadı namus və nam eşq içində zərrəcə,
Qoymuşam namus və namı, olmuşam rüsvaye eşq.
Nitq imiş aləmdə mövcud, eşq imiş qaime məqam,
Bizə bildirdi əzəldən rəhbəre mövlaye eşq.
Sən humaye laməkansan, kəndi özündən bixəbər,
Gəlmədin ta kim görəsən mənzile əlaye eşq.
Çıx qəfəsdən, gəl-gəl, ey bülbül, gülüstan seyrin et,
Bas qədəm meydane eşqə, görəsən maəvaye eşq,
Eşqlə hərdəm Nəsimi seyr edərsən kuhe Qaf,
Sənsən əvvəl ali məqamda şəhpəre əğnaye eşq.

Nəsimiyə görə ilahi eşqin yolu Əhli-Beytə olan eşqdən qaynaqlanır. Kim bu şəxsləri tanımazsa əsl eşqin nədən ibarət olduğunu bilməz. Qəlbi Həzrət Əli eşqi ilə yanmayan şəxs ilahi eşqin nə olduğunu bilməz.

Eşq əlindən yandı canım, ya Əli səndən mədəd.
Mən qəribe binəvayam, ya Əli səndən mədəd.
Sən mənə lütf və kərəmdən dərdimə bir çarə qıl,
Şah sənsən mən gədayəm, ya Əli səndən mədəd.
Həq Təala öz nurundan xoş yaratmış şahım,
Qüdrəte sirri xudasan, ya Əli səndən mədəd.
Kim Məhəmmədi Əlidən ayrur, lənət ona,
Ləhmikə ləhmi deyilmi, ya Əli səndən mədəd.
Həm Xədicə Fatimə ibni bəni binti Əsəd,
Mədəne dürre həqiqət, ya Əli səndən mədəd.
Bəndeye xəlqe Həsən oldum əzəldə ta əbəd,
Nure eyne Mustafasan, ya Əli səndən mədəd.
Hər Rəcəb ayında gördüm neçə möcüz göstərir,
Şah Hüseynin səduqində, ya Əli səndən mədəd.
Cümlə övlaye dini səndən zühur oldu tamam,
Adı Zeynəlabidindür, ya Əli səndən mədəd.
Baqir və Sadiq yolunda öyündüm mən canimi,
Musa Kazım inayət, ya Əli səndən mədəd.
Bər təvafe kəbə Şahe Xorasan eylədim,
Yetmiş iki həcce Əkbər, ya Əli səndən mədəd.
Həm Təqi və həm Nəqi və varise dine Nəbi,
Dövləte Ali-əbasan, ya Əli səndən mədəd.
Ol İmam Əsgəridir yəni ki, xəlqe Həsən,
Könlüm onda şad oldu, ya Əli səndən mədəd.
Ol Məhəmməd Mehdi Sahibe Zəman ilə zühur,
Aləmi kəffar tutdu, ya Əli səndən mədəd.
Səd hezaran lənət dadar davər hər zaman,
Bər Yezid toxme mərdan, ya Əli səndən mədəd.
Ey Nəsimiye şekəste, Həqdən istərsən nicat,
Coreye tövhid meyindən, ya Əli səndən mədəd.

İndiki dövrdə bəzi bədxah insanlar İmam Hüseyn qiyamını özündə az da olsa ehtiva edən Məhərrəmlik mərasiminin ziddinə çıxırlarsa, 700 il bundan qabaq Nəsimi aşağıdakı misralarla bizə dərs qoymuşdur.

Ey günəş, tire olub düşmədin yerə,
Ol matəm üzrə mehrilə dəyyar ya Hüseyn.
Ağlamaq bu gün, bu matəmə canlar fəda etmək
Ol matəm üzrə mehrilə dəyyar ya Hüseyn.

Bəzi dırnaqarası mütəfəkkirlər Məhərrəmlik mərasiminin bizə qonşu İslam ölkələrindən sırındığını qeyd edir. Halbuki klassik Azərbaycan şairlərindən olan Xətai, Füzuli, Şirvani, Sabir, həmçinin həmmüasirlərimizdən olan Şəhriyar bu mərasimin qeyd olunmasını bizə tövsiyə etmişlər.
Nəsimi şeirlərində mənaları çatdırmaq üçün əbcəd əlifbasından başqa, rəqəmlərdən də çox gözəl istifadə etmişdir.

Arif-i La-məkan otuz ikidir,
Sahib-i cism-ü can otuz ikidir.
Aç könül gözünü və üzünə bax,
Kim yaxın bi-güman otuz ikidir.
Üzün Ümmül kitabın ayətı,
Nə sayırsan, həmən otuz ikidir.
Sidrəttül-mantəha anın əqsamı,
Nə sayarsan, əyan otuz ikidir.
Vahyü ilham, ya Nəbiyyü vəlî,
Aşikaru nihan otuz ikidir.
İndi isə götürdü şirkü nifaq,
Bil ki sahib-zaman otuz ikidir.
Der Nəsimi ki, surətü məna,
ərh ilə həm bəyan otuz ikidir.
***
Yeddidür, dörd yeddidən bir yeddidür,
Yüz iyirmi dörd yenə üç yeddidür,
Evi bir, bacəsi yeddi, bab üç,
Əhli Beyt ilə özü on yeddidür.
***
Ol nədir kim hay və huy altıdır,
Kim görübdür bir sədəfdə altıdır,
Siyo dodan yuxarı hiç nəsnə yox,
Fövq başın, təht ayağın altıdır.
***
Yeddi yerdə otuz ikidür üzün,
Otuz iki göstərər iki gözün,
Qamətin səksən səkkiz edər bəyan,
Yetmiş iki bildirər nitqe sözün.

Sonda isə Nəsiminin ən gözəl fəlsəfi şeirlərindən biri ilə tanış olaq.

İnsan bəşərsən

Mən mülke cəhan, cəhan mənəm, mən.
Mən ərş və məkan məkan mənəm,mən.
Mən ərşilə fərşu kafu nunəm.
Mən şərhu bəyan bəyan mənəm, mən.
Mən kövn və məkanu kunfəkanəm.
Bilgəl ki, neşan neşan mənəm, mən.
Mən surəte mənidə həqqəm, həqq.
Mən həqqə əyan əyan mənəm, mən.
Bir gövhərəm və qədim əzəldə
Ey gövhəre kan, kan mənəm, mən.
Mən atəşe nur, eşqe həqqəm.
Musaya zəban zəban mənəm, mən.
Mən cümlə cəhan, kainatam.
Mən dəhre zaman zaman mənəm, mən.
Mən ayəte müsəhhəf və kitabəm.
Ey nitqə dəhan dəhan mənəm, mən.
Mən qövsilə həm kəman və tirəm.
Ey tir və kəman kəman mənəm, mən.
Cəmşide zəmane aləm oldum.
Cəmşide zəman zəman mənəm, mən.
Mən nəqşo xəyalo xətto xaləm.
Mən hərfo lisan lisan mənəm, mən.
Mən gənco nəhan, künto kənzəm.
Mən gənce nəhan nəhan mənəm, mən.
Mən zato sefate kunfəkanəm.
Mən ruh ilə cane cəhan mənəm, mən.
Mən kafirə mövte müsibət oldum.
Möminə iman iman mənəm, mən.
Mən cənnət və Abe Kövsər oldum.
Ey səhne cənan cənan mənəm, mən.
Mən bəhre mühit və kəranəm.
Ey bəhre kəran kəran mənəm, mən
Mən sirre tövhidəm, hədisəm.
Həm qeybo güman güman mənəm, mən.
İnsane bəşərsən, ey Nəsimi.
Həqdir ki, həman həman mənəm, mən.

Vüsal Hətəmov
“Kamillik” elmi araşdırma mərkəzi

İmadəddin Nəsiminin yaradıcılığına nəzər

XIII-XIV əsrlərdə baş vermiş mühüm ictimai-siyasi və tarixi hadisələr Azərbaycanda sabitliyin pozulmasına səbəb oldu. Çingiz xanın yürüşlərinin vurduğu yaralar sağalmamış Toxtamışın, Teymurun basqınlarına məruz qalan Azərbaycan böyük itkilər verdi. İşğalçılara qarşı vaxtaşırı baş verən üsyanlar insan qırğınına, şəhər və kəndlərin dağılmasına səbəb olurdu. Yerindən-yurdundan didərgin düşən əhali başqa ölkələrə üz tutur, xəstəlik, aclıq və ölümlə qarşılaşırdı.

Digər tərəfdən, orta əsrlərdə hakim olan ideologiyanın ağır təzyiqləri XIV- XV əsrlərdə açıq və gizli mübarizə üçün zəmin oldu. Müxtəlif təriqətlərin, cərəyanların yaranmasının bir mühüm səbəbi də məhz bu idi. Azərbaycanda, eləcə də Yaxın və Orta Şərqdə ən geniş yayılmış təriqət isə hürufilik idi. Bu təriqətin başçısı və nəzəriyyəçisi Azərbaycan alimi və şairi Şeyx Fəzlullah Nəimi olmuşdur. Hürufiliyə görə, Allah insanda və mövcud olan bütün varlıqlarda təcəssüm tapır. Elə buna görə də insan öz varlığındakı ilahi nuru dərk etməlidir. Bunun üçün o, daim əqli-mənəvi təkamül yolu keçməli, təkmilləşməli, qəlbini saflaşdırmalıdır. İnsanı müqəddəs sayan hürufilərin fikrincə, kamil insan tanrı səviyyəsinə yüksələ bilər. Deməli, insana əzab vermək və onu öldürmək olmaz.

Bununla da hürufilər ictimai haqsızlığa, zülmə qarşı çıxır, islam dininin bir sıra ayinləri ilə razılaşmırdılar. Hürufilərin feodal hakim dairələri, islam xadimləri tərəfindən təqib və edam edilmələrinin mühüm səbəblərindən biri bu idi.

Göründüyü kimi, Nəsimi keşməkeşli bir dövrdə yaşamışdır. Onun doğulduğu il və yer barədə fərqli fikirlər var. Həyatı haqqında da gerçəklikdən çox rəvayət və əfsanələr əks etdirən məlumatlar mövcuddur.

Dini və dünyəvi elmləri dərindən mənimsəyən gənc, həssas şair insana amansız, qeyri-humanist münasibətlə heç cür barışa bilmirdi. Bu, onu düşünməyə, yollar aramağa sövq edir. Əvvəl sufizmə meyil edən Nəsimi sonralar Nəiminin görüşlərinə tərəfdar çıxır. Hürufilərin mövqeyi onun ürəyincə idi. Nəsimi elə bir elmi-fəlsəfi dayaq axtarırdı ki, onun köməyi ilə insana öz adının uca, mövqeyinin yüksək olduğunu anlamağı öyrətsin. Böyük ehtirasla, coşqunluqla hürufi ideyalarını yayan, təbliğ edən şair təqib olunur. Ölkədən-ölkəyə keçməyə məcbur olan Nəsimi əqidəsindən üz döndərmir, alovlu şeirləri ilə çoxlu tərəfdar tapır. Hələb şəhərində həbs edilən bu cəsur sənətkar 1417-ci ildə ağır işgəncələrlə edam olunur.

İctimai-fəlsəfi lirikanın ən qüdrətli yaradıcılarından olan Nəsimi şeirlərini müxtəlif janrlarda yazmışdır. Bədii irsində qəzəl, qəsidə, tuyuq, rübai, müstəzad və s. yer almışdır. Zəngin irsi qalan şairin əsərlərini mövzusuna, ideya istiqamətinə görə iki böyük qismə ayırmaq olar: təriqət şeirləri, dünyəvi şeirlər.

Bundan əlavə, onun dini mövzuda yazdığı əsərləri də vardır.

Nəsimi öncə sufizmə meyil etdiyindən ilk təriqət şeirləri, təbiidir ki, sufiyanə olmuşdur. Lakin sufi ideyalarının təbliğinə həsr olunmuş əsərləri kəmiyyətcə hürufi şeirlərindən azdır. Şairin həm doğma türkcəmizdə, həm də fars dilində yazdığı şeirlərin böyük bir qismində hürufilik ideyalarının ifadəsinə önəm verilmişdir. Bu qəbildən şeirlər sənətkarın hürufilik görüşləri, mənsub olduğu təriqətin mühüm müddəaları barədə aydın təsəvvür yaradır. Bu baxımdan onun “Söz”, “Sığmazam”, “Mənəm, mən” rədifli, “Daim ənəlhəq söylərəm, həqdən çü Mənsur olmuşam”, “Mərhəba, insani-kamil, canımın cananəsi” misraları ilə başlayan qəzəlləri, eləcə də digər janrlarda olan əsərləri yüzillər boyu diqqəti özünə çəkmişdir.

Belə əsərlərdə hürufi termin və anlayışlarına xeyli yer verilmişdir. Onların şərhi şeirdəki əsl mətləbin başa düşülməsini asanlaşdırır. Məsələn, yuxarıda adıçəkilən qəzəllərin birində deyilir:

Çün bizə məlum olubdur məniyi-ümmül-kitab,
Arifəm, səmimə sığmaz zahidin əfsanəsi.

Buradakı “ümmül-kitab” (“kitabın anası”) Quranın “Fatihə” surəsi anlamındadır. Həmin surənin daxili mənasını ilahi sirlər təşkil edir və bu sirlər arif olan hürufilərə məlumdur. Belə bir uca məqama yüksələn ariflər — hürufilər üçün zahidin dedikləri mənasız sözlərdən başqa bir şey deyildir.

Nəsiminin təriqət şeirlərində insan həm ilahi, həm də bəşəri keyfiyyətlərə malik olub öz gücü və ucalığı ilə seçilir. Hürufi təliminə əsaslanan şair insanı müqəddəsləşdirir, onun alçaldılmasını, incidilməsini lənətləyir. Əslində, Nəsimini hürufi ideyalarına cəlb edən də insanın şərəfli mövqeyə ucaldılması idi.

Nəsiminin ikinci qisim – dünyəvi şeirləri də az deyildir. Onlar mövzuca rəngarəngdir: dünyəvi məhəbbətin və gözəlliyin tərənnümünə həsr olunanlar, ictimai-fəlsəfi məzmunda yazılanlar, təbiətə həsr edilənlər və s. Bu əsərlərin böyük bir qismi qəzəl, bir qismi isə başqa janrlarda qələmə alınmışdır. “Neylərəm?”, “Etməgil”, “Yanaram” və s. məhəbbəti tərənnüm edən qəzəllər kimi dillər əzbəri olmuşdur.

Təriqət şeirlərindəki yar, dilbər ilahi gözəlliklə bağlıdırsa, bu qəzəllərdə tərənnüm edilən sevgili, məhbub adəm övladı olub bəşəri xislətlidir, real gerçəkliyin, maddi aləmin yetirməsidir. O, lirik qəhrəman üçün ən qiymətli varlıq, həyatın mənasıdır:

Dilbəra, mən səndən ayru ömrü canı neylərəm?
Tacü təxti, mülkü malu, xanimanı neylərəm?
İstərəm vəsli-cəmalın, ta qılam dərdə dəva,
Mən sənin bimarınam, özgə dəvanı neylərəm?

Məşuqun zahiri gözəlliyinin təsvirinə həsr olunan (“Düşdü yenə dəli könül gözlərinin xəyalinə”, “Əcəba, bu huri üzlü məhi-bədr, ya pərimi?” və s.) qəzəllərdə, eləcə də bu mövzuda digər janrlarda yazdığı şeirlərdə daha çox həyati, gerçək gözəl tərənnüm obyekti olaraq götürülmüşdür.

Nəsiminin dünyəvi əsərlərinin bir qismini ictimai-fəlsəfi məzmunlu şeirlər təşkil edir. Bu da məlumdur ki, şairin müxtəlif mövzularda yazdığı bütün əsərlərində fəlsəfi fikirlər önəmli yer tutur. Onun ictimai-fəlsəfi şeirlərində əhatə edilən məsələlər isə çoxdur; dünyanın dərk edilməsi ilə bağlı düşüncələr, dünyanın faniliyi və onun vəfasızlığından şikayət, rəzilliyi özünə peşə edənlərdən narazılıq və s.

Yoxdur vəfası dünyanın, aldanma anın alına,
Rəngindən oldu münfəil, hər kim boyandı alına.
Arısı yalandır, saqın, dadlısına aldanma kim,
Acıdır anın şəkkəri, ağı qatılmış balına.

Şairin bədii irsində təbiətə həsr edilmiş şeirlər sayca az olsa da, onlar ideya-bədii keyfiyyətinə görə ədəbiyyatımızda ən yaxşı əsərlərdən sayılır.

Nəsimi iki dəfə evlənib, diri-diri soyulmayıb, oğlu və qızı. – Sirlər açılır/Brifinq

Mənsur Rəğbətoğlu: Şah İsmayıl hakimiyyəti və ondan sonrakı dönəmdə Nəsiminin davamçılarına qarşı kəskin mübarizə aparıldı. Maraqlıdır, Şah İsmayılla hürufilərin qarşılıqlı münasibətləri necə idi? Yeri gəlmişkən, Şah Abbasın dönəmində hürufilərə sərt yanaşmanın olduğuna dair iddialar səslənir.

– Nəsimidən sonrakı dövrdə hürufilər siyasi himayədar axtarışını davam etdirdilər. Onların Qaraqoyunlularla çox yaxın münasibətləri vardı. Qaraqoyunlu Cahan şahdan sonra hürufilərin fəaliyyət forması bizə məlum deyil. Ağqoyunlu dövründə onlar siyasi himayədar axtarıbmı, Ağqoyunlular hürufiləri himayə edibmi – bu barədə məlumatımız yoxdur. Hürufilər bir də Şah İsmayılın dövlətində üzə çıxırlar.

Şah İsmayılın məliküş-şüarası, yəni şairlər şairi Həbibi hürufilik təriqətindən idi. Şah İsmayılı və onun babalarını mədh edın Süruri və Tüfeyli onun saray şairləri idi. Şah İsmayılın özü Nəsimini bir neçə şeirində rəğbətlə yada salır, hətta özünü onun ruhunun daşıyıcısı da sayır. O, şeirlərinin birində qeyd edir ki, əgər dediyimə inanmırsınızsa, onda Nəsiminin sözünə müraciət edin. Yəni Nəsiminin sözü və özü onun nəzərində çox ali məqam sahibidir. Şah İsmayıl şeirlərində Fəzlullahın da adını çəkir.

Mən araşdırmalardan belə nəticəyə gəldim ki, Şah İsmayılı hakimiyyətə gətirən batini zümrələrin içində hürufilər də olub. Çünki hürufilərin hər zaman müxtəlif üsyan və etiraz hərəkatları ilə bağlılıqları olub. Şah İsmayılın Fəzlullaha, Nəsimiyə bu qədər rəğbəti həm də onu çevrələyən insanların etiqadından qaynaqlanır.

Hürufilər uzun illər, yəni Çaldıran döyüşünə qədər Şah İsmayılın ətrafındadırlar. Çaldıran məğlubiyyətindən sonra Həbibi Anadoluya aparılır, Süruri Şah İsmayılın sarayını tərk edir, yaxud onu da aparırlar – bu barədə dəqiq məlumat yoxdur. Nəbati hürufi şairidir, çox güman Çaldırandan sonra döyüşlərdə iştirak etdiyindən əsir tutulub Anadoluya götürülür. Bircə Tüfeylinin Çaldırandan sonrakı taleyi bilinmir.

Yəni hürufilər Şah İsmayılın tərəfdarları kimi onun ətrafında idilər. Şah Abbasın dövründə baş verənlərsə artıq başqa hadisədir.

Mənsur Rəğbətoğlu: İdeologiya eyni deyildimi? Şah İsmayılla Şah Abbas dönəmində nə dəyişmişdi ki?

– Çaldırana qədər hürufilər Şah İsmayılın çevrəsindədir. Sonra müxtəlif səbəblərdən onu tədricən tərk edirlər.

Qurban Yaquboğlu: Baş səbəb nə idi?

– Baş səbəbi bilmirəm. Tarixi qaynaqlarda qeyd olunur ki, Şah İsmayıl hakimiyyətə gələndə geniş müzakirələr təşkil olunur. Şiəlik məzhəbinimi dövlətin əsas məzhəbi götürəcəyik, yaxud səfəviyyə təriqətinimi deyə fikir mübadiləsi aparılır

Səfəviyyə kök etibarilə sünni təriqəti idi, amma Şah İsmayıla qədır şiəliyə yönəlmişdi. Müzakirələrdə belə qənaətə gəlinir ki, təriqəti seçsələr, onların ardınca gələn az olacaq, ona görə məzhəbə üstünlük verirlər. Şah İsmayılın dövləti təriqət dövləti olmur. Bu, hürufilərin böyük ümid bəslədiyi dövlət idi, Şah İsmayılı hakimiyyətə hürufilər öz çiyinlərində gətirdilər.

Vaxt ötdükcə Şah İsmayıl doğru olaraq məzhəb yönünü seçir. Məsələn, hürufilərin davamçıları olaraq nöqtəvilər bir də Şah Abbasın dövründə üzə çıxırlar. Nöqtəvilər 7 il boyunca Şah Abbasla müttəfiq olurlar.

Bilirsiniz, Şah Abbas hakimiyyətə çox gənc yaşında gəlir, daim nöqtəvilərin məclislərində iştirak edir. Günlərin birində həmin təriqətdə olan Yusif Sərrac – ona Yusif Nöqtəvi də deyilir – gizli məqsədlərini açır.

Qurban Yaquboğlu: Mirzə Fətəli Axundovun Yusif Sərracı.

– Bəli, həmin Sərrac tarixi şəxsiyyətdir. Sirr açılanda məlum olur ki, onların məqsədi hakimiyyətə yiyələnməkdir. Nöqtəvilər hürufilərdən də kəskin siyasiləşmişdilər. Bunu başa düşəndə Şah Abbasın məsləhətçiləri qəti qərar verirlər ki, nöqtəvilər ya həbs olunmalı, ya da öldürülməlidirlər. Yusif Sərracın ölüm məsələsi çox maraqlıdır, Mirzə Fətəli Axundov “Aldanmış kəvakib”də hadisəni tarixi köklərə uyğun şəkildə verir. Yusif Sərracın camaat içində nüfuzu yüksək idi, eynən Nəsimi kimi. Onu birdən-birə öldürə bilmir, oyun oynayırlar. Xalq istəyirdi ki, Şah Abbası devirib yerinə Yusif Sərracı hakimiyyətə gətirsinlər.

Yusif Sərrac doğrudan da şah elan edilir. Amma o, ev dustağı idi. Üç gün boyunca heç kəs təzə şahla ünsiyyət yaradıb məlumat ala bilmir.

Nəhayət, hadisələri elə qururlar ki, guya sarayda çaxnaşma baş verir, ulduzların hökmü ilə Yusif Sərrac aradan götürülür.

Mənsur Rəğbətoğlu: Nəsiminin edamına qayıtmaq istərdim, alman mənbələrində iddialar irəli sürülür ki, onun yalnız üzünün dərisi soyulub.

– Alman mənbəyi dediyiniz Mixail Hersdir, onun özünü çox gözəl tanıyıram, dəyərli tədqiqatçıdır, dilçi-türkoloqdur. Fikrimcə, Hersin sözlərini interpretasiya edirlər, o, elə deyə bilməz. “Üz dərisi soyulmaq” deyə hökm yoxdur. Fərmanda deyilir ki, Nəsiminin başı kəsilsin, dərisi soyulsun. Dəri də dabandan soyulur.

Qurban Yaquboğlu: Öldürüləndən sonra.

– Bəli, Nəsiminin diri-diri dərisinin soyulması ağ yalandır. Əslində Mixail Hers bunu deyib. Nədənsə həmkarlarınız bir az məsələni fərqli yöndə yazır, “Nəsiminin dərisi heç soyulmayıb” deyə şişirtməyə yol verirlər.

Nəsiminin diri-diri dərisinin soyulması və onun həmin zaman şeir söyləməsi xalqın şairə məhəbbətindən yaranmış əfsanədir. İnsanın fizioloji halı belə məqamda şeir deməyə imkan vermir. Orta əsr qaynaqlarında yazılır ki, diri-diri dabandan dərini soymaq ənənəsi olub, amma daban soyulan kimi insan huşunu itirir.

Hələbin 12 qapısı var, hətta rəvayət olunur ki, Nəsiminin dərisi soyulanda öz dərisini çiyninə atıb Hələbin 12 qapısından çıxır. Nəsimi ilə bağlı bu cür rəvayətlər çoxdur.

Mənsur Rəğbətoğlu: “Ənəlhəqq – həqq mənəm” ifadəsinin hürufilikdə izahı necədir?

Ənəlhəqq təkcə Nəsimiyə aid ifadə deyil, daha öncə Həllac Mənsur da onu işlətmişdi. Amma ifadənin kökü Qurandan gəlir.

Quranda Musa peyğəmbərlə bağlı rəvayətdə deyilir ki, o, qaranlıqda kolda yanan od görür və oradan səs eşidir. Soruşur, sən kimsən? Cavab alır: “innə ni ən Allah” – mən həqiqətən Allaham. Orada səslənən “innə ni ən Allah” ifadəsi sonradan Həllac Mənsurun dilində ənəlhəqqə belə çevrilir: “ənə” – mən, həqq -Allah. Bu, “Allah mənəm” demək deyil.

Sovet dövründə “ənəlhəqq” çox zaman yanlış interpretasiya olunurdu, Nəsimi Allahın varlığını yox, tam əksinə, öz varlığını inkar eləyirdi. Bunun daha dəqiq açıqlamasını Mövlanə Cəlaləddin Rumi “Fihi mə fih” əsərində qeyd edir: “O kəslər ki, ənəlhəqq – mən həqqəm deyir, onlar həqiqəti söyləyir. O kəslər ki, mən Allahın bəndəsiyəm söyləyir, onlar küfr edir. Çünki onlar həm özünün, həm də Allahın varlığını iqrar edirlər”.

“Mən Allaham” deyənlər öz varlığından keçmiş kimsələrdir, öz varlığını heçə çevirib, yerə sovurublar, artıqvar olan Allahdır. “Ənəlhəqq”ə belə yanaşma Nəsiminin şeirində də var:

Doldu vücudum evi sənlik,

Məhv oldu, ey dost, məndə mənlik.

Nərgiz Ehlamqızı: Nəsiminin məzarını yəqin ziyarət etmisiniz?

– Suriyada konfransda iştirak edəndə ziyarət eləmişəm.

Nərgiz Ehlamqızı: Neçənci il idi? Onda məzar dağıdılmamışdı?

– Mən Suriyaya, Hələbə 2008-ci ildə getmişdim, qəbir salamat idi, heç indi də dağıdılmayıb. Keçən il Nəsimi festivalına şairin nəslindən olan və onun soyadını daşıyan Məhəmməd Nəsimi də dəvət olunmuşdu. Tədbirə o, anası ilə gəlmişdi. Ona sual verdim ki, sevimli şairimizin məzarı ilə bağlı həyəcanlı xəbərlər gəlir, məzarı hazırda nə vəziyyətdədir? O, tam təfərrüatlı məlumat verdi ki, müharibə gedən ərazidir, əlbəttə, müəyyən dağıntılar var, amma məzarın tamamilə yerlə-yeksan olunması barədə söylənənlər yalandır.

Mən Hələbdə olanda gördüm, Nəsiminin qəbri məscidin içində yerləşir, kənarda onun nəslindən olan insanların da məzarı var. Kümbəzdə uçmaq təhlükəsi olan yerlər var, köhnə binadır. Amma qəbrin dağılmaq təhlükəsi yoxdur.

Qurban Yaquboğlu: Nəsiminin qohumunun açıqlamaları yayılandan sonra sosial şəbəkələrdə müzakirələr getdi, müəyyən şübhələr ortaya atıldı. Daha bir sual var: Nəsimi evlənmişdimi?

– Nəsiminin əsərlərində avtobioqrafik beytlər çoxdur, öz həyatına, tərcümeyi-halına aid bir sıra işarələrə yer verib. Onun məqsədi həyatını nəzmə çəkmək deyildi, amma məqamı gələndə bəzi cəhətləri qeyd edirdi. Maraqlıdır ki, Nəsimi hürufiliyi qəbul edəndə subay idi.

Nərgiz Ehlamqızı: Nədən bilinir?

– Nəsimi Hafiz Şiraziyə bir məktub ünvanlayaraq deyir ki, “biz də sənin kimi mücərrədlik küçəsində təcridik”. Araşdırmalarım göstərdi ki, Nəsimi mədrəsə təhsilini bitirəndən sonra bi müddət din alimi kimi fəaliyyət göstərir, ondan sonra hürufiliyə qədər qələndərilik təriqətinə daxil olur, istər türkcə, istərsə də farsca şeirlərində buna işarələr var. Farsca şeirlərində də mücərrəd, yəni subay olduğunu deyir.

Hafiz 1389-cu ildə vəfat etdiyinə, hürufilik 1386-cı ildə üzə çıxdığına görə düşünürəm ki, bu illər ərzində Nəsimi subay olub. Hürufiliyin ilk illərində də subay idi, çünki hürufiliyi qələndərilər arasında yayanda da özünə mücərrəd deyir, yəni subay olduğunu vurğulayır. Amma bu o demək deyil, Nəsimi ona qədər evli olmayıb.

Araşdırmalarıma görə, Nəsimi qələndəriliyə qədər evlənib, amma bu, uğursuz evlilik olub. Əsərlərində işarələr var, “ol gedən getdi əlimdən” deyib ağı dediyi şeiri var. “Fələk cəfavi-cövr ilə məndən aldı yarımı” deyə yazır. Bu baxımdan Nəsiminin də Nizami, Xəqani kimi ilk məhəbbəti uğursuz olub.

Qurban Yaquboğlu: Sizin qənaətinizə görə, hürufiliyə qədər Nəsimi Təbrizdə yaşayıb?

– Bəli, Təbrizdə, İsfahanda, Şirazda. Bir müddət Hafizin yanında Şirazda olub. Hafizin şeirlərinin birində müraciəti var ki, Şirazdan gedən Nəsimiyə deyin, qayıdıb gəlsin.

Nərgiz Ehlamqızı: Bəs evliliyini hansı fakt təsdiqləyir?

– Nəsimi bir şeirində deyir ki, “çün Nəsiminin Əbülfəzl oldu həqdən künyəsi”. Künyə böyük oğula görə ataya verilən addır. Şair həm Allahın təqdiri ilə oğul sahibi olduğuna işarə edir, həm də həqdən, yəni Fəzlullaha görə oğlunun adının Fəzl qoyduğunu vurğulayır. Farsa şeirində də Əbülfəzl künyəsinə rast gəldim, başqa türkcə şeirində də özünə Əbülfəzl Nəsimi adını verir. Daha bir qaynaqda Nəsiminin həm də qız atası olduğu aydınlaşır. Nədənsə mənə qədər ərəbcə qaynaq kiminsə diqqətini cəlb etməmişdi, ilk dəfə onu mən üzə çıxardım. Orada yazılır ki, Nəsiminin qızı Zülqədər bəyi Nəsirəddin bəyin zövcəsi idi və onların bir övladı vardı. Həmin Nəsirəddin bəyin adı Nəsiminin edamında da çəkilir. Təəssüf ki, Nəsiminin qızının adı həmin qaynaqda qeyd olunmur.

Misir sultanı sona qədər qisasını alır. Nəinki Nəsimini Nəsirəddin bəydən tələb edib həbsə atır, eyni zamanda qızının da ayrılmasına səbəb olur. Misir sultanı həmin izdivacı pozdurur.

Qurban Yaquboğlu: Hazırda yaşayan Məhəmməd Nəsimi, sizcə, övladlarından hansına bağlıdır?

– Çox güman ki, qızının yox, oğlunun xətti ilə gəlir.

Qurban Yaquboğlu: Nəsiminin həyat yoldaşı kim olub?

– O haqda heç bir məlumat yoxdur.

Mənsur Rəğbətoğlu: Deməli, Nəsimi erkən yaşda evlənib. Evlənəndə yaşı az çıxır.

– Az deyil. Nəsiminin yaşı rəsmi qəbul olunandan fərqlidir. Şairin rəsmi qəbul olunmuş doğum tarix də ehtimallara söykənir. Tədqiqatçı Ələmdar Seyidzadəyə Allah rəhmət eləsin, bir az da fantaziyaya meylli tədqiqatçı olub, çox zaman qaynaqdan çox təxəyyülün məhsulunu təqdim edib. “Nəsiminin elmi tərcümeyi-halına dair qeydlər” məqaləsində yazır ki, Nəsimi ilə Fəzlullah ata-oğul kimi olublar, bir-birinə ata və oğul deyiblər. Halbuki heç bir qaynaqda bu, təsdiqini tapmır. Deyir, Nəsimi hürufuliyə gələndə 16 yaşı var idi. Sonradan Nəsimi haqda yazılan tədqiqat əsərlərinə də bu bir fakt kimi daxil oldu – guya Nəsimi erkən yaşlarda hürufiliyi qəbul edib.

Fəzlullahın vəsiyyətnaməsi üzə çıxanda orada belə bir qeyd önə çəkilir: “Kiçik qızım Nüsrət Seyid Əliyə ərə getsin”. Belə fikirləşirlər ki, Seyid Əli ola bilsin, elə Nəsimidir. Tədqiqatçılar həm də belə ehtimal irəli sürürlər ki, necə ola bilər Fəzlullah Nəsimi kimi tanınmış bir şəxsin adını vəsiyyətnaməsində yad etməsin, bu Seyid Əli, elə İmadəddin Nəsimidir. Kiçik qızını da ona ərə getməyə uyğun bilirsə, yəqin Nəsiminin o vaxt 25 yaşı olub.

Hürufiliyin tarixinə uyğun olaraq Nəsimiyə 16 yaş hesablayıblar, buradan 25 yaşı da götürüb Nəsimiyə bir təvəllüd tarixi fikirləşiblər.

Əvvəla, Seyid Əli Nəsimi deyil. Çünki eyni qaynaqda hürufi mətnlərində “Seyid Əli” Əli ül-Əlanın adı kimi göstərilir, elə az sonra onun ardınca Seyid İmadəddin Nəsimi deyə bəhs edilir.

Nəsiminin özü də Əli deyəndə ya Həzrəti Əlidən söz açır, ya da dostu Əli ül-Əladan. “Mən həqqəm” deyən adam bir yerdə də “Əli mənəm” demir. Halbuki adı Əli olsaydı, israrla deyərdi ki, elə Həzrəti Əlinin ruhunun daşıyıcısıyam.

Fəzlullahın kiçik qızının Seyid Əliyə ərə getməsi faktından çıxış edib, Nəsimiyə təvəllüd tarixi düzəltmək absurddur.

Qurban Yaquboğlu: Nəsiminin təvəllüdü neçənci illəri əhatə edir?

– Nəsiminin təvəllüdü haradasa 10 yaş fərqlidir. Çünki bu adam ciddi mədrəsə təhsili görüb, mədrəsə isə o dövrdə 20-25 yaşlarda bitirdi. Nəsimi mədrəsə təhsilini bitirəndən sonra bir müddət din alimi kimi fəaliyyət göstərir, haradasa 2-3 il hesablasaq, həyatındakı baş verən sarsıntıdan sonra qələndərilik yolunu seçir, ən nəhayət, hürufiliyə gəlir.

O, hürufliyə gələndə Fəzlullahla bəzi məsələlərdə razılaşmır, artıq onun fikri-düşüncəsi formalaşıb, bu, 16 yaşlı uşağın düşüncəsi deyil. Bu baxımdan onun təvəllüdünü 10 yaş böyütmək olar. Fəzlullahın doğum tarixi bəllidir, 1344-cü ildir, haradasa Nəsimi ondan 17-18 yaş kiçik olmalıdır. Mənim qənaətim budur.

Qurban Yaquboğlu: Hürufilik niyə sonrakı dövrdə təriqət olaraq tarix səhnəsindən çıxdı?

Hüruflik XVI əsrdən etibarən müxtəlif təriqətlərin, o cümlədən bektaşiliyin, qələdəriliyin, digər təriqətlərin içində əridi. Kakaiyyə deyilən təriqət haqda məlumat almışam, o təriqətdə də hürufiliyin izlərinin olduğu barədə məlumat var. Hürufilik çox mürəkkəb, hər zaman adı siyasi konfliktlərlə, intriqalarla əlaqələndirilən təriqət idi. Əsərləri oxuyanda insan çox yorulur, hərflərin anlamları, hərflərin arxasında duran saylar, sayların bir-biri ilə münasibəti riyazi-fəlsəfi təfəkkür tələb edir. Hürufiliyin kütləviləşməsi əslində Nəsimi ilə başlayır, geniş yayılandan sonra da ikinci həyatını başqa təriqətlərdə tapır, daha çox qələndəriliyin və bektaşiliyin içində əriyir. Yeri gəlmişkən, əhli-həqlər də özlərini hürufilərdən bilir.

Mənsur Rəğbətoğlu: Nəsiminin “Sığmazam” qəzəlində “Məndə sığar iki cahan” misrasında “iki” sözünü “ikən” kimi izah edənlər də var. Bu barədə fikriniz nədir?

– “İkən” variantı rəhmətlik Bəxtiyar Vahabzadənin ehtimalı idi. Sovet adamı kimi düşünürdü ki, bir insana iki cahan necə sığa bilər. İki cahan deyəndə məsələyə dindarların mövqeyindən baxırdı, bu dünya və o dünya, axirət dünyası insana sığa bilməz deyə qeyd edirdi.

Nəsiminin əlyazma nüsxələrində, elmi-tənqidi mətnlərinin heç birində “ikən” variantı yoxdur, hamısında “iki”dir.

Digər tərəfdən, Nəsiminin bu şeiri əvvəldən sonadək ikilik, ziddiyyətlərin vəhdəti üzərində qurulub, ərş-fərş, surət-məna və s. İkiliklər qəzəlin bünövrəsidir. Nəsiminin nəzərdə tutduğu ikinci cahan bizim düşündüyümüz nə axirətdir, nə də başqa aləm, o, candır, insan canı.

Mən həmişə Nəsiminin fikirlərini açanda öz şeirlərinə söykənirəm, çünki açarı çox zaman özündə olur. Təbliğatçı olduğuna görə Nəsimi bir yerdə qapalı dediyini başqa bir yerdə açıqlayır. Deyir:

Var bu cahandan özgə bizim bir cahanımız,

Kim bizim cahanımız olmuş bu canımız.

İkinci cahan candır. Bunun da çox dərin fəlsəfi kökləri var. Ərəblər islamı yeni qəbul edəndə yunanlardan tərcümə vasitəsilə iki cahan anlayışını aldılar. Onların düşüncəsinə görə, insan maddi varlığı ilə kainatdakı dəyişmələri özündə əks etdirir. Sonradan bu, İsmaililikdə lap qabarıq üzə çıxdı. İnsanla kainat arasında maraqlı paralellər aparıldı, kainatı makrokosm, insanı mikrokosm kimi götürdülər.

Beləliklə, insan təbiətin bir parçası, onun sanki kiçildilmiş modeli hesab olunur. Hürufiliyin qaynaqlarından biri də ismaililikdir. Nəsimi qələndərilik təriqətindən çıxdığı kimi Fəzullahın da ismaililikdən çıxıb hürufiliyə gəldiyi söylənilir. Açığı, hürufi mətnlərində rast gəlmədim, amma araşdırmalarda bu barədə məlumat var.

Hürufiliyə və Nəsiminin görüşünə görə, insan kiçik, cahan iaə böyük aləmdir. Böyük aləmdə hər nə var insanda əksini tapır. İnsan cismi varlığı ilə təbiətə, ruhu və canı ilə Allaha bağlıdır, ona görə də Nəsimi şeirində ikilik belə gedir: can-cahan, can-canan.

”Mən bu cahana sığmazam” deyəndə bu, mən mənə sığmazam deməkdir, mən özümdə kainatda baş verənləri əks etdirirəm, canda cahan öz əksini tapır, eyni zamanda mən buna sığmıram. Axı, insan ilahi varlıq etibarilə cismə sığmır.

Qurban Yaquboğlu: Nəsiminin türk olduğu mübahisəli deyil ki?

– Xeyr. O, özünün türkman olduğunu deyir: “Ərəbin nitqi tutuldu, sənə kim deyir ki, türkmansan”. Amma bu türkman hazırda türkmən alimlərinin iddia etdiyi kimi indiki Türkmənistan ərazisindəki əhalinin milliyyətini ifadə etmir. Orta əsrlərdə Faruk Sümerin araşdırmalarına görə, XVI əsrə qədər “türkman” “türk” kimi geniş bir etnonim idi. Yəni türk xalqlarının böyük əksəriyyəti türkman adlanırdı. O türkmanların yayılma arealına Azərbaycan da daxildir. Bu gün Azərbaycanda tərəkəmələr də var. Biz türkman hesab olunmuşuq.

Amma çox təəssüf ki, zaman keçdikcə “türkman” sözünün əhatə dairəsi daralmağa başlayır, onun yerini “türk” etnonimi alır. Bu mənada biz bu gün Nəsiminin türkman olduğunu deyəndə bunun ətrafında çox böyük mübahisələr başlayır. İraq türkmanları deyir bizdəndir, Türkmənistan türkmənləri deyir, xeyr, bizimdi. Türkiyədə də yenə onun türkmanlığı ətrafında mübahisələr var. Bununla belə, türkmanların tarixi inkişafına, keçdiyi yola baxanda görürük ki, Nəsimi Azərbaycan türküdür. Dil baxımından da, mənsub olduğu coğrafiya baxımından da.

Qurban Yaquboğlu: Bəs seyidliyinə şübhə var?

– Yoxdur. Özü də seyid olduğuna inanıb. Dönə-dönə Haşimi, Qüreyşi, İbrahimi nəslinə bağlılığını vurğulayıb.

Comments are closed, but trackbacks and pingbacks are open.