Nəşriyyatçılıq fəaliyyəti
Bakı, 7 aprel (AZƏRTAC). Aprelin 7-də Kitab klubunda tarix elmləri doktoru Bayram Allahverdiyevin “UniPrint” nəşriyyatında çapdan çıxmış “Bakı Dövlət Universitetinin nəşriyyatçılıq fəaliyyəti” kitabının təqdimatı keçirilmişdir.
“BAKI DÖVLƏT UNİVERSİTETİNİN NƏŞRİYYATÇILIQ FƏALİYYƏTİ” KİTABININ TƏQDİMATI OLMUŞDUR
Bakı, 7 aprel (AZƏRTAC). Aprelin 7-də Kitab klubunda tarix elmləri doktoru Bayram Allahverdiyevin “UniPrint” nəşriyyatında çapdan çıxmış “Bakı Dövlət Universitetinin nəşriyyatçılıq fəaliyyəti” kitabının təqdimatı keçirilmişdir.
Kitab klubunun direktoru Elxan Rzayev, yazıçı-publisist Knyaz Aslan kitabda Bakı Dövlət Universiteti (BDU) nəşriyyatının yaranması, formalaşması və inkişafından bəhs edildiyini diqqətə çatdırmışlar. Bildirilmişdir ki, ilk dəfə olaraq bu nəşrdə çap proseslərində universitet rektorlarının, nəşriyyat direktorlarının rolu, baş redaktorların, redaksiya müdirlərinin, bədii, elmi, texniki redaktorların fəaliyyəti şərh edilmişdir.
BDU-nun professorları Abuzər Xələfov, Qara Namazov, İsmayıl Vəliyev, yazıçı-publisist Flora Xəlilzadə və başqaları vurğulamışlar ki, tarix elmləri doktoru, professor, qabaqcıl təhsil işçisi, Bakı Dövlət Universitetinin kitabxanaçılıq və nəşriyyat işi kafedrasının müdiri Bayram Allahverdiyevin bundan əvvəl nəşr olunmuş “Kitablar haqqında kitab”, “Kitabxanaşünaslıq”, “Müasir mərhələdə kitab ticarətinin təşkili”, “Ümumi kitab tarixi” kitabları ölkəmizdə nəşriyyat işinin yaxşılaşdırılmasına, çapdan çıxmış kitabların yayılması prosesinə və kitab nəşri sahəsində mütəxəssislərin yetişməsinə müsbət təsir göstərmişdir.
Sonda Bayram Allahverdiyev tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmiş, gələcək planlarından danışmışdır.
Nəşriyyatçılıq fəaliyyəti
Müəllim ömrü yanar şama bənzəyir. Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev bu barədə söhbət düşəndə həmişə deyirdi: “Mən dünyada müəllimdən şərəfli ad tanımıram”. Bu şərəfli adın sahibləri gözlərinin nuru, qəlblərinin hərarəti ilə yetirmələrinin elm və təhsilə uzanan yoluna işıq salır, onların bilikli, savadlı, yaradıcı, vətənə və cəmiyyətə layiq insan olmalarına zəmin yaradırlar. Gənclər etimadı doğruldanda, həyatda uğurlar qazananda əməyinin bəhrəsini görən müəllimləri bundan zövq alır, mənən gəncləşirlər. Belə pedaqoqlardan söz düşəndə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələri və məzunları böyük məmnuniyyətlə Azərbaycan mətbuatı tarixinin araşdırılmasında, elmi-nəzəri konsepsiyasının yaradılmasında və inkişafında xidmətləri olan Nəsir İmanquliyevi, Mir Cəlal Paşayevi, Nəriman Zeynalovu, Seyfulla Əliyevi, Nurəddin Babayevi, Famil Mehdini, Qulu Xəlilovu, Əliş Nəbilini, o cümlədən hazırda mətbuat tarixi kafedrasının müdiri, professor Şirməmməd Hüseynovu və başqalarını ehtiramla xatırlayırlar. Sevindirici haldır ki, bu dəyərli və unudulmaz müəllimlərin xoş ənənələri indi də yaşayır. Fakültədə bu ənənəni layiqincə davam etdirənlərdən və vaxtilə həmin müəllimlərlə çiyin-çiyinə çalışanlardan biri də jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının dosenti, filologiya elmləri namizədi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Mahmud Mahmudovdur.
Gəncliyində şeir və bədii-publisistik məqalələr yazan Mahmud müəllimi bu peşəyə gətirən jurnalistikaya olan böyük sevgisidir. 1936-cı ildə Salyanda dünyaya göz açmış, uşaqlığı, ilk gənclik illəri qanlı-qadalı Böyük Vətən müharibəsi illərinə təsadüf etdiyi üçün əmək fəaliyyətinə çox erkən başlamışdır. Yeniyetmə çağlarında təsərrüfat işlərinə əl yetirməklə yanaşı, boş vaxtlarında bədii yaradıcılıqla məşğul olur, dövri mətbuata məqalələr yazırdı. Bu həvəslə də M.Mahmudov 1964-cü ildə Bakı Dövlət Universitetini jurnalistika ixtisası üzrə bitirir. Bir müddət Azərbaycan Sovet Ensiklopediyasında işləyir. “Mətbuatda ədəbiyyat məsələləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edir. 50 il əvvəl isə iş yerini vaxtilə ali təhsil aldığı BDU-ya dəyişir. Elmi biliyini və bacarığını yüksək səviyyəli jurnalist kadrların hazırlanmasına sərf edir. O vaxtdan indiyədək “Ədəbi redaktə”, “KİV-in dili və üslubu”, “Nəşriyyatda praktik iş” fənlərini tədris edir.
Mahmud Mahmudov yaradıcı qələm sahibi, bacarıqlı müəllimdir. Onun ömür salnaməsinin ən dəyərli və mənalı səhifələri tələbə auditoriyası ilə bağlıdır. Özünün dediyi kimi, alim yalnız elm yükünün daşıyıcısıdırsa, müəllim daha şərəfli bir yükü – elmin və təlim-tərbiyənin daşıyıcısıdır. O, gözəl pedaqoq, qayğıkeş və layiqli müəllimdir. Yeganə idealı tələbələrini elmli, savadlı qələm sahibi kimi görməkdir.
Mahmud müəllim həm də gözəl tədqiqatçıdır. O, bəzi dərs vəsaitlərinin, o cümlədən mətbuatın “İlin kitabı” kimi qiymətləndirdiyi “Ədəbi redaktənin elmi əsasları” və “Ədəbi redaktə: nəzəriyyə və təcrübə” adlı dərs vəsaitlərinin müəllifidir. Kitab həm də ana dilimizin saflığına, təmizliyinə xidmət edir. Yaxın dostu şair Əlağa Kürçaylının poeziyası, zəngin mənəvi aləmi barədə dolğun təsəvvür yaradan bədii-publisistik üslubda yazılmış “Çıxıram qəlbimin səyahətinə. ” əsəri oxucular və ədəbiyyatşünaslar tərəfindən rəğbətlə qarşılanıb.
Tanınmış alim və pedaqoqun “Mətbuat və ədəbi tənqid”, “Nəşriyyat işinin əsasları” (B.Axundovla birlikdə), “Nəşriyyat, poliqrafiya və jurnalistika terminləri izahlı lüğəti”
(B. Axundov və R. İmaməliyevlə müştərək) kitabları bu gün qəzet və jurnal redaksiyalarında çalışan hər bir yazarın mütəmadi istinad etdiyi mənbədir. Bu sanballı dərs vəsaiti elmi ictimaiyyət və dövri mətbuatda maraqla qarşılanaraq mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir.
Təcrübəli jurnalistlər, yazıçılar və elm adamları yaxşı bilirlər ki, ədəbi redaktə incə zövq, dərin müşahidə, habelə yüksək peşəkarlıq tələb edir. Təsadüfi deyil ki, məhz bu keyfiyyətləri özündə birləşdirdiyinə görə qələm sahiblərinin çoxu Mahmud Mahmudovu öz kitablarının redaktoru görmək istəyirlər. Xatırladaq ki, mərhum yazıçı Əlibala Hacızadənin 10 cildliyini və Mərkəz Qacarın kitablarını yüksək səviyyədə redaktə edən Mahmud Mahmudovdur. O, “Ədəbi redaktə: nəzəriyyə və təcrübə” dərs vəsaitində göstərdiyi kimi, Mərkəz Qacarın “Sən” rədifli qoşmasını 12 variantda redaktə edib. Xoşa gələn cəhət odur ki, Mahmud müəllim həmin nüsxələri arxivində saxlayır, “Ədəbi redaktə” fənninin tədrisi zamanı onları əyani nümunə kimi tələbələrə göstərir.
Qeyd edək ki, BDU-da olan 17 fakültənin ümumi tərəfləri ilə yanaşı, onların hər birinin özünəməxsus fərqli cəhətləri var. Bu baxımdan jurnalistika fakültəsi iki əlamətinə görə daha çox seçilir. Əvvəla, qeyd etdiyimiz kimi, nəzəriyyə ilə təcrübə vəhdətdə götürülür, eyni zamanda elmi mülahizələrlə yanaşı, tələbələrə əməli vərdişlər də ardıcıl şəkildə aşılanır.
Ümumiyyətlə, Mahmud müəllim təcrübəli pedaqoq kimi əməkdaşı olduğu kafedranın adına və istiqamətinə uyğun olaraq tələbələrə elmi-nəzəri biliklərin yüksək səviyyədə aşılanması ilə yanaşı, onların əməli vərdişlərə yiyələnməsinə də ciddi fikir verir. Bu məqsədlə gənclərə müxtəlif mövzularda və janrlarda məqalələr yazdırır, müəllifləri həmin yazıların üzərində ədəbi redaktə baxımından dönə-dönə işlədir, çapına lazımi kömək göstərir. Bu məqsədlə onun tələbələrlə birlikdə “Azərbaycan” nəşriyyatına – oradakı ayrı-ayrı qəzet və jurnal redaksiyalarına mütəmadi gəlişi çoxlarına bəllidir. “Azərbaycan” nəşriyyatına növbəti gəlişi zamanı Mahmud müəllimlə dəhlizdə üzbəüz gəldik. 5-10 dəqiqənin ərzində kim yanımızdan keçirdisə, ayaq saxlayıb, əzizini görürmüş kimi onunla görüşüb hal-əhval tuturdu. Ürəyini boşalda-boşalda hər kəs kəlməsinin əvvəlində də, sonunda da: “Mahmud müəllim, necəsiz, mənə nə tapşırığınız? Canla-başla hazıram. ”, deyirdi. Bu zaman Mahmud müəllimdən yarıciddi, yarızarafat soruşdum:
– Tələbələrinizlə bəyəm tez-tez görüşmürsünüz?
– Niyəki, onlar da sizin kimi çox istədiklərindən belə edirlər, – deyə qürurla əlavə etdi. – Bizim xoşbəxtliyimiz ondadır ki, peşə xüsusiyyəti ilə əlaqədar fakültənin müəllimləri tələbələrə mənən daha yaxındır. Məsələn, tarix, biologiya, fizika və s. fakültələrin məzunlarının sonradan müəllimlərlə görüşməsi təsadüfdən asılıdır. Ancaq bizim fakültədə müəllimlərlə keçmiş tələbələr ictimai-siyasi, mədəni-kütləvi tədbirlərdə tez-tez görüşürlər. Həmçinin müəllimlər müxtəlif redaksiyalara, nəşriyyatlara gedəndə mütəmadi olaraq onlarla qarşılaşır və bu zaman unudulmaz tələbəlik illəri göz önündə canlanır, keçmiş xatirələr sanki dilə gəlir.
Əhvali-ruhiyyəsinin xatirələrə köklənən siminə toxunaraq Mahmud müəllimdən soruşuruq ki, ömrün bu vədəsində onu ən çox sevindirən nədir?
– Həqiqəti bilmək istəyirsinizsə, tələbələrimin uğurları, eləcə də Bakıda, Azərbaycanın bölgələrindəki möhtəşəm quruculuq işləri. Ölkə rəhbərliyi tərəfindən elmə, təhsilə və dövri mətbuata göstərilən qayğı məni çox sevindirir. Azərbaycanın ali təhsil ocaqlarının flaqmanı sayılan Bakı Dövlət Universitetində dünya standartları səviyyəsində aparılan işlər, yaradılan əlverişli şərait buna bariz nümunədir.
Təcrübəli pedaqoq-nəzəriyyəçi, səriştəli müəllim kimi bir çox insani keyfiyyətlərə malik Mahmud Mahmudov həm də özünə qarşı tələbkar qələm sahibidir. İndiyədək 140-dan çox elmi məqaləsi və 16 kitabı işıq üzü görən Mahmud Mahmudovun respublikamızda böyük şöhrət qazanmış media mənsublarının yetişməsində bir müəllim kimi böyük zəhməti var. M.Mahmudov bu gün də gənclik enerjisi ilə yazıb yaradır. Hazırda “Müasir şəraitdə nəşriyyatçılıq fəaliyyəti” adlı dərs vəsaiti üzərində çalışır. Kitabda nəşriyyatçılıq tarixinin yaranma və inkişafına qısa nəzər salınır, müasir şəraitdə nəşriyyatçılıq işlərinin səciyyəvi xüsusiyyətləri araşdırılır, uğurlu və qüsurlu cəhətləri barədə elmi-nəzəri mənbələr praktik materiallar əsasında təhlil edilir. Bu dərs vəsaiti təkcə elmi-nəzəri mülahizələrin şərhi deyil, həm də əməli vərdişlərin tələbələrə aşılanması, səciyyəvi xüsusiyyətlərin öyrənilməsi baxımından əhəmiyyətlidir.
Ömrünün 50 ildən çoxunu jurnalist kadrların yetişdirilməsinə həsr edən M.Mahmudovun əməyi qədirşünaslıqla qiymətləndirilib. O, 18 fevral 2011-ci ildə “Jurnalist kadrlarının yetişdirilməsi sahəsindəki xüsusi xidmətlərinə, elmin, təhsilin inkişafındakı roluna görə” Bakı Dövlət Universitetinin Fəxri fərmanına, 24 fevral 2016-cı ildə Azərbaycan mətbuatının inkişafındakı xidmətlərinə görə və 80 illik yubileyi münasibətilə Azərbaycan Mətbuat Şurasının diplomuna layiq görülüb.
Minlərlə insanın dərin hörmət və məhəbbətini qazanmış alim hər şeydən öncə əsl ziyalıdır. Bu, o deməkdir ki, Mahmud müəllim aydın və işıqlı adamdır. Onun tələbələrinə bəxş etdiyi nur mənəvi paklığından, intellektinin möhkəmliyindən, şəxsiyyətinin bütövlüyündən qidalanır. İndiyədək əldə etdiyi uğur və nailiyyətlərinin bünövrəsində isə gərgin zəhməti, işgüzarlığı, alim məhsuldarlığı durur.
Mahmud müəllim həm də nümunəvi ailə başçısıdır. Qızı Könül Rüstəmova həkimdir. Oğlu İsmayıl Mahmudov isə BDU-nu bitirib, uzun müddət inzibati orqanlarda çalışıb, polkovnik-leytenantdır. Nəvələri Fatimə 5-ci, Orxan 3-cü sinif şagirdidir.
Mahmud Mahmudov müdriklik yaşının ucalığındadır. Ömrünün yarım əsrdən çoxunu Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə həsr edən alimin, pedaqoqun tələbələrinin və fakültə müəllimlərinin təşəbbüsü ilə 80 yaşı təntənə ilə qeyd edilmişdir. O, bu gün də elmi-pedaqoji fəaliyyətini yüksək səviyyədə davam etdirir. Nəşriyyatçılıq və redaktənin sirlərini incəliklərinə qədər yetirmələrinə aşılayır. İnanırıq ki, ömrünün 80-ci payızını arxada qoyan Mahmud müəllim həyatının qalan hissəsini də böyük amallara, mənalı işlərə sərf edəcək.
AMEA-da kadr təyinatları olub
Bakı. 6 mart. REPORT.AZ/ Nizami adına Ədəbiyyat İnstitutunda AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib. AMEA-nın prezidenti, akademik Akif Əlizadə iclası açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. AMEA Rəyasət Heyəti Aparatı İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin İctimaiyyətlə əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, tədbirdə AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli “AMEA-nın Humanitar Elmlər Bölməsinin elmi müəssisələrində aparılan tədqiqatların vəziyyəti və inkişaf perspektivləri” mövzusunda məruzə ilə çıxış edib. Bölmədə yerinə yetirilən elmi və elmi-təşkilati işlər haqqında geniş məlumat verən akademik tədqiqat işlərinin ölkənin sosial-iqtisadi, mədəni-mənəvi və intellektual inkişafına istiqamətləndiyini, elmi-təşkilati fəaliyyətdə innovativ ideyaların tətbiqinə xüsusi önəm verildiyini qeyd edib. Teymur Kərimli institut və təşkilatların 2016-cı ildə əldə etdiyi mühüm nəticələr, bölmədə elm və təhsilin inteqrasiyası, beynəlxalq əlaqələr sahələrində görülən işlər, dövlət proqramları çərçivəsində, o cümlədən Rəyasət Heyətinin qərarları ilə keçirilən respublika və beynəlxalq səviyyəli tədbirlər haqqında danışıb. Məruzə dinlənildikdən və müzakirə olunduqdan sonra Rəyasət Heyəti müəyyən olunan perspektiv istiqamətləri bölmənin gələcək fəaliyyəti üçün əsas kimi qəbul edib. Müəssisələrin elmi fəaliyyətinin səmərəliliyini yüksəltmək üçün ortaq mültidissiplinar proqram və layihələrin hazırlanması, elmi tədqiqatların əlaqələndirilməsi, gənc alimlərin beynəlxalq miqyaslı qrant müsabiqələrdə iştirakının təmin edilməsi, həmçinin perspektiv istiqamətlərdə magistratura və doktorantura üzrə kadr hazırlığının aparılmasına dair tapşırıqlar verilib. Sonra Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin “AMEA-nın Naxçıvan Bölməsi üzrə elmi tədqiqatların vəziyyəti və inkişaf istiqamətləri” mövzusunda məruzəsi dinlənilib. Naxçıvanın tarixi, mədəniyyəti, ədəbiyyatı, folkloru, incəsənəti, təbii sərvətləri, flora və faunasının sistemli şəkildə öyrənildiyini bildirən akademik hesabat ilində bölmədə əldə olunan nailiyyətləri iclas iştirakçılarının diqqətinə çatdırıb. İsmayıl Hacıyev ötən il elmlə təhsilin inteqrasiyası, bölmənin beynəlxalq əməkdaşlığı, nəşriyyatçılıq fəaliyyəti, kadr hazırlığı və digər məsələlər haqqında məlumat verib. Məruzə dinlənildikdən və müzakirə olunduqdan sonra Rəyasət Heyətinin qərarı ilə hesabat qənaətbəxş hesab edilib. Bölməyə Azərbaycan Respublikası Prezidentinin imzaladığı fərman və sərəncamların, dövlət proqramlarının icrası istiqamətində fəaliyyətin gücləndirilməsi, multidissiplinar mövzular üzrə birgə elmi tədbirlərin təşkili, 2017-ci ilin “İslam həmrəyliyi ili” elan olunması ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsi və digər istiqamətlərə dair tapşırıqlar verilib. İclasda AMEA-nın həqiqi və müxbir üzvlüyünə namizədlərin qeydə alınmasının nəticələri haqqında müzakirə aparılıb. Məsələ ətrafında çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə seçkilərin keçirilməsi haqqında Rəyasət Heyətinin 7 dekabr 2016-cı il, 14 dekabr 2016-cı il və 18 yanvar 2017-ci il tarixli qərarlar qəbul etdiyini xatırladıb. Akademik sənədlərin qəbulu üzrə Komissiya tərəfindən namizədlərin siyahısının Rəyasət Heyətinə təqdim olunduğunu bildirib. Rəyasət Heyəti namizədlərin siyahısının təsdiqi, AMEA-nın mətbu orqanında dərc edilməsi və digər tədbirlər haqqında qərar qəbul edib. Gündəlikdə yer alan növbəti məsələ AMEA-nın Gəncə Bölməsində Yer fizikası şöbəsinin yaradılması haqqında olub. Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov bildirib ki, Prezident İlham Əliyev qeyri-neft sektorunu, xüsusilə kənd təsərrüfatı və emal sənayesini ölkənin gələcək inkişafında əsas prioritet sahələr kimi göstərib. Akademik faydalı qazıntıların axtarışı və emalının elmi əsaslarının öyrənilməsi, yüksək texnologiyaların tətbiqinin qeyri-neft sənayesinin inkişafında mühüm tədbirlərdən olacağını qeyd edib. Gəncənin faydalı qazıntıların yer aldığı və sənaye əhəmiyyətli bölgələrdən olduğunu deyən alim şəhərdə faydalı qazıntıların axtarışı, yüksək emal texnologiyalarının elmi əsaslarının hazırlanması və tətbiqi, geotermal suların öyrənilməsi üçün uyğun coğrafi şəraitin və elmi potensialın mövcud olduğunu diqqətə çatdırıb. Rəyasət Heyəti qeyd olunanları nəzərə alaraq, Gəncə Bölməsində Yer fizikası şöbəsinin təşkili və əsasnaməsinin təsdiqi haqqında qərar qəbul edib. İclasda Molekulyar Biologiya və Biotexnologiyalar, Torpaqşünaslıq və Aqrokimya institutlarının Elmi şuralarının tərkiblərinin təsdiqi, AMEA-nın müxbir üzvləri Vaqif Quliyevin 60 illik və Xəlil Qasımovun 75 illik yubileylərinin keçirilməsi haqqında qərarlar qəbul olunub. Sonda bir sıra kadr məsələlərinə baxılıb. Rəyasət Heyətinin qərarları ilə AMEA-nın müxbir üzvü Muxtar İmanov Folklor İnstitutunun, iqtisadiyyat üzrə elmlər doktoru Nazim İmanov İqtisadiyyat İnstitutunun direktorları vəzifələrinə təsdiq olunublar. Həmçinin biologiya üzrə fəlsəfə doktoru Durna Əliyeva Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun elmi katibi vəzifəsinə təyin edilib.
Comments are closed, but trackbacks and pingbacks are open.