Press "Enter" to skip to content

AZƏRBAYCAN DİLİNİN ORFOQRAFİYA LÜĞƏTİ İLƏ BAĞLI MÜBAHİSƏLƏRƏ ELMi-NƏZƏRİ BAXIŞ

Şöbəmiz hal-hazırda yeni orfoqrafiya lüğəti üzərində çalışır. Görülən işlər bəzən süni şəkildə mürəkkəbləşdirilmiş sözləri və iki variantda verilmiş leksik vahidləri üzə çıxardı. Lakin Tərcümə Mərkəzinin tərtib etdiyi uzun söz siyahılarının heç bir elmi əsası yoxdur, siyahılardakı sözlər bizim dilimizdə var və leksikoqrafiya nəzəriyyəsinə əsasən, bədii ədəbiyyatda, mətbuatda, dərsliklərdə, elmi ədəbiyyatlarda, rəsmi və danışıq dilində işlənən bütün normativ leksik vahidlər orfoqrafiya lüğətinə salınmalıdır. Orfoqrafiya lüğətinə yalnız qeyri-normativ leksika salınmır.

Yeni orfoqrafiya lüğəti: “Bismillahir-rəhmanir-rəhim”

Şəmşad Ağa arqument.az saytının baş redaktoru, dilçi mütəxəssis Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Orfoqrafiya Komissiyası və AMEA Nəsimi adına Dilçilik İnstitutu orfoqrafiya lüğətində dəyişiklik etmək istəyir. Bununla bağlı 69 maddədən ibarət orfoqrafiya qaydaları hazırlanıb. Qaydalar Orfoqrafiya Komissiyasının iclasında müzakirə edildikdən sonra təsdiq üçün Nazirlər Kabinetinə təqdim ediləcək. İndi gəlin dəyişikliklərə baxaq: Dilçilik İnstitutunun açıqlamasında qeyd olunur ki, bundan sonra lüğətdə süni sözlər yer almayacaq. Öncə soruşmaq lazımdır ki, sözün süni və ya təbii olduğunu necə müəyyənləşdirirsiniz? Görünür, indiyə qədər özləri süni fəaliyyətlə məşğul olublar və birdən yadlarına düşüb ki, bəs dildəki sözlər qrammatik qaydalara uyğun yazılmalıdır. Götürək ərəb dilindən keçən “əsgər” sözünü. Son qaydaya görə indiyə qədər “əsgər” kimi yazılan bu sözün mənbə dildəki yazılışı əsas götürülüb və “əskər” yazılacaq.

Niyə mənbə dildəki yazılışı? Ciddi yanlışdır. İltisaqi dilin öz, flektiv dilin öz qaydaları var. Azərbaycan dilinin fonetik prinsipinə görə sözü necə tələffüz ediriksə, dilimizdə də o şəkildə işlətməli və yazmalıyıq. Necə ki rusların “vedro” sözünü “vedrə” kimi qəbul edib yazırıq. Bu sözlərə əsginas-əskinas, İsgəndər-İskəndər, işgəncə-işkəncə kimi sözləri də daxil ediblər. İndi başa düşüblər ki, bəs bu sözlər dilimizdə məhz tələffüzlərinə əsasən indiyədək “g” hərfi ilə yazılıb. Yəni mənbə dildə yanaşı gələn kar samitlərdən (sk, şk) ikincisi (k) tələffüzdə cingiltiləşərək, onun cingiltili qarşılığına (g) keçib. Əslində, orfoqrafiya qaydalarının tez-tez dəyişməsi yaxşı hal deyil, dildə xaotik vəziyyət yaradır. Götürək, alqı-satqı sözünü. Sovet dövründəki “Orfoqrafiya lüğət”lərindən 2013-cü ilə qədər olan bütün nəşrlərdə bu söz “alğı-satqı” kimi yazılıb. 2013-cü ildə, yəni bundan əvvəlki nəşrdə “alqı-satqı” kimi yazıldı və mübahisəyə səbəb oldu. Düzdür, Azərbaycan dilinin qrammatikasının tələbinə görə bu söz “alğı-satqı” yazılmalıdır. Əksər dilçilərin də fikrincə, sözdə cingiltili samitlərdən sonra -gi, -ğı, -gü, -ğu, kar samitlərdən sonra isə -ki, -qı, -kü, -qu şəkilçilərinin artırılması qrammatik qaydaların tələbidir. Ona görə də burada sözün kökündə (al) l cingiltili samit olduğu üçün “alğı-satqı” olmalıdır. Deməli, nəzəriyyəyə əsaslansaq, sözün “alqı-satqı” kimi yazılması qrammatik normanın pozulmasıdır. Bu həm də fonetik normanın pozulması hesab oluna bilər. Amma mən bu sözün “alqı-satqı” kimi yazılmasının tərəfdarıyam və 2013-cü ildə nəşr olunan lüğətdəki qaydanı doğru hesab edirəm.
Bəzi dilçilərin fikrincə, burada prinsip “cingiltilidən sonra cingilti samitlə başlayan səs gəlməlidir” deyil, əsas nəzəri prinsip səsuyuşması prinsipidir. Yəni samitlərin təsnifində “ğ” və “g” samitləri “q” və “k” samitlərinə nisbətən daha səsli (sait xüsusiyyətli)səslərdir. Ona görə də əgər cingiltilidən sonra cingiltili samitlə başlayan səs gəlməlidir prinsipi əsas götürülsə, o zaman “al-qı” sözündə də “q” cingitilidir və tələb pozulmur. Deməli, tələb bu deyil. Bəs niyə bu sözün “alqı-satqı” kimi yazılmasının tərəfdarıyam? Bu barədə bir dəfə yazmışam, yenə də deyirəm ki, burada bir neçə məqama diqqət yetirmək lazımdır: – Əvvəla, bu söz “alqı-satqı” şəklində daha ümumişləkdir. Eyni zamanda “alğı” şəkildə tələffüzü və yazılışı dildə ağırlıq yaradır. Nəzərə alsaq ki, fonetik norma həm də sözlərin asan tələffüzünə və yazılışına əsaslanır, onda bu versiya daha doğrudur. Yəni “çalğı” sözü “çalqı”, “yarğı” – “yarqı”, “pusqu” – “pusğu” kimi necə ağırlıq yaradırsa, “alqı” da “alğı” kimi eyni ağırlığı yaradır.
– İkincisi, yuxarıda qeyd etdiyimiz sözlərin heç biri mürəkkəb söz kimi işlədilmir. Ona görə də “alqı-satqı” sözündə ikinci tərəfin – “satqı” – tələbilə bu sözün “alqı” kimi yazılışı da normaldır.
– Üçüncüsü, dildəki istisnaları bu sözə də aid etməklə, sözün “alqı-satqı” kimi yazılışını doğru hesab etmək olar. O ki qaldı digər sözlərə, onlarla bağlı yeni qaydaları normal qəbul etmək olar, əgər bir ildən sonra yenidən dəyişməsələr. Məsələn, qoşa “y” ilə yazılan sözlərin bir “y” ilə yazılmasının tərəfdarıyam: ədəbiyat, maliyə və s. Amma bu sözlər bakalavr və magistr imtahanlarında tərkibinə görə təhlilə salınacaqsa, quruluşuna görə necə götürüləcək: sadə, yoxsa düzəltmə?
Düzəltmə söz götürüləcəksə, axı şəkilçi ərəb dilindən daxil olan “iyyat”dır və cəmlik bildirir… Layihədə həmçinin səmavi kitabların adları – Allah, Rəbb, Tanrı, Bibliya, Əhdi-cədid, Əhdi-ətiq, İncil, Qurani-kərim, Tövrat, Zəbur və s., planet adları, mifonimlər – Ay, Günəş, Ülkər; Afrodita, Herakl, Zevs və s. böyük hərflə verilir. Guya Herakl nə vaxt kiçik yazılırdı ki? Və ya Ay və Günəş planet adı olaraq həmişə böyük yazılıb da. Onsuz da əvvəlki lüğətlərdə “Allah” sözü böyük yazılırdı. İndi ” Rəb” və “Tanrı” sözlərini böyük yazılarsa, problem yoxdur. Amma hansı kontekstdə işləməsi məsələsi var: bir var ad kimi, yəni Allah sözünə sinonim kimi, bir də var ümumi mənada… Bunlar mütləq fərqləndirilməlidir. Dini kitabların adlarında dəyişikliklər isə hansı zərurətdən doğub, anlamıram. Məncə, gələn dəfə orfoqrafiya lüğəti belə başlamalıdır: “Bismillahir-rəhmanir-rəhim”. Mürəkkəb adların yazılışında da hər dəfə gərəksiz dəyişiklik edilir. Təklif olunur ki, tərkibində şöbə, lisey, gimnaziya, vəqf, məktəb sözləri olan mürəkkəb adlarda ilk söz böyük, sonrakı sözlər kiçik hərflə yazılsın. Məsələn, Avropa liseyi, Dəyanət vəqfi, Humanitar fənlər gimnaziyası, Humanitar siyasət məsələləri şöbəsi, Uşaq-gənclər şahmat məktəbi və s. Bu gün dilin lüğət fonduna daxil olan və artıq əksəriyyəti ümumişlək sayılan yeni sözlərin – neologizmlərin yazılışı ilə bağlı xaotik vəziyyət var. Xeyli söz var ki, hətta lüğətə salınmayıb. Yaxşı olardı ki, dilçi alimlərimiz, Dilçilik İnstitutu həmin sözlərlə bağlı operativ qaydada reaksiya versin və və işləsinlər. Yoxsa 40 il dildə mövcud olan sözləri “çevir tatı, vur tatı” prinsipi ilə tez-tez dəyişib çaşqınlıq yaratmağın ziyandan başqa “faydası” yoxdur…

“AZƏRBAYCAN DİLİNİN ORFOQRAFİYA LÜĞƏTİ” İLƏ BAĞLI MÜBAHİSƏLƏRƏ ELMi-NƏZƏRİ BAXIŞ

Leksikoqrafiya dilçiliyin ən qədim sahələrindən biridir. Azərbaycanda lüğətçilik ənənəsi XIII əsrə gedib çıxır: İbni-Mühənnanın “Kitabi-məcmuei-tərcümani-türki, farsi və moğili”, Fəxrəddin Hinduşah Naxçıvaninin “Əs-Sihahü-l-Əcəmiyyə” farsca-türkcə və Hüsaməddin Xoyun “Tövheyi-Hüsam” mənzum farsca–türkcə lüğətləri. Müqayisə üçün qeyd edək ki, ingilis lüğətçiliyi XV əsrdən başlayır, yəni bizim lüğətçilik tariximiz daha qədimdir.

XX əsrdə tərtib olunan lüğətlərimiz rus leksikoqrafiyası təcrübəsi ilə yaradılsa da, Azərbaycan dilçiliyinin bütün nailiyyətlərini özündə tamamilə əks etdirir və dilimizin inkişafına xidmət edir. Bu dövrdə Stalin adına Dövlət mükafatına layiq görülmüş H.Hüseynovun redaktəsi ilə “Rusca-azərbaycanca lüğət”, Ə.Orucovun redaktoru olduğu dördcildlik “Azərbaycan dilinin izahlı lüğəti”, M.Tağıyevin dördcildlik “Azərbaycanca-rusca lüğəti”, etimoloji, dialektoloji, terminoloji, sinonimlər, antonimlər, tezlik, yazıçı dili lüğətləri, tərcümə lüğətləri – saymaqla bitməyən diaxron və sinxron aspektdə lüğət adları və növləri, nəticə etibarilə, Azərbaycan dilçiliyində lüğətçilik ənənəsi yaratmış və müasir dövrdə bu sahədə yazılan dissertasiya və monoqrafiyalar həm nəzəri, həm də tətbiqi yöndən inkişafına təminat verir.
Leksikoqrafiya nəzəri əsası olan elm sahəsidir. Lüğət sadəcə söz siyahısı olmayıb, leksikologiya, semasiologiya, etimologiya, üslubiyyat kimi dilçilik sahələrinin mücərrəd məntiqi planda işlənmiş ümumi nəzəriyyələrinə əsaslanır.
Son zamanlar mətbuatda və bəzi saytlarda 2013-cü ildə çap olunmuş “Azərbaycan dilinin orfoqrafiya lüğəti”i ilə bağlı fərqli münasibətlərə, müəyyən tənqidi yazılara rast gəlinir. Bu iradların bəziləri haqlı olsa da, böyük əksəriyyəti leksikoqrafiya nəzəriyyəsinə ziddir. Burada “qəliz ərəb, fars və rus sözləri, “ab”, “aba” və bu tip sözlər lüğətdə verilməməlidir; mənası və mənbəyi bilinməyən söz və söz birləşmələrinin, müxtəlif şəkilçilər və hallandırmalarla artırılmış, bəzən iki-üç şəkildə verilmiş ifadələrin verilməsi doğru deyil; lüğət əslində ümumişlək sözlərdən ibarət olmalıdır” kimi iddialar irəli sürülür.
Axar.az saytında verilmiş 2017.02.18 / 10:58 tarixli sonuncu məqaləyə cavab olaraq qeyd etmək istəyirik ki, leksikoqrafiya müəyyən nəzəri əsaslara söykənən dilçilik sahəsidir. Hər bir lüğətin öz funksiyası və buna uyğun tərtib prinsipləri vardır. Bu funksiya və prinsiplərdən irəli gələrək lüğətin sözlüyü müəyyənləşdirilir.
Bütün lüğət növləri içərisində ən demokratiki orfoqrafiya lüğəti hesab olunur. Bu norma bütün dillərin orfoqrafik prinsiplərinə tətbiq edilir. SSRİ Elmlər Akademiyasının 1978-ci ildə çap olunmuş “Rus dilinin orfoqrafiya lüğəti”nin ön sözündə deyilir: “Lüğət orfoqrafik sorğu kitabı olduğuna görə, buraya təkcə ümumişlək sözlər deyil, ədəbi dildə geniş işlənməyən, lakin bədii və xüsusi ədəbiyyatlarda olan elmi və elmi-texniki terminlər, danışıq leksikası və dialekt sözlər, köhnəlmiş sözlər, tarixizmlər və s. orfoqrafik normaya salınma ehtiyacı olan sözlər daxil edilir”. Daha sonra texniki terminlərin nəinki işlək olanlarının, hətta istifadədən çıxmış olanlarının da orfoqrafik maraq kəsb etdiyinə görə lüğətə salındığı qeyd edilir.

Orfoqrafiya lüğətinin başlıca məqsədi sözün düzgün yazılışını vermək olduğundan, onu tərtib edən leksikoqraflar dilin aktiv və passiv fondunda olan cəmiyyətin bütün sosial və ictimai təbəqələrinin, yaşından və savadından asılı olmayaraq hər kəsin istifadə etdiyi bütün leksik vahidləri orfoqrafik normaya salaraq, vahid bir kitaba daxil etməlidirlər. Hər hansı bir tibbi və ya kimyəvi terminin orfoqrafik normaya salınmasını həkim və ya kimyaçı həyata keçirə bilməz. Çünki alınma sözlər transliterasiya edilərək Azərbaycan dilinin orfoqrafiya qanunlarına uyğunlaşdırılmalıdır. Məsələn, sonu qoşa samitlə bitən Avropa mənşəli alınma sözlər (express – ekspres, metall – metal, kongress – konqres və s.) bir samitlə yazılmalıdır və ya sonu -a ilə bitən alınma sözlər a-sız yazılır (атмосфера – atmosfer, идиома – idiom, пьеса – pyes və s.) və s. Yeri gəlmişkən, son zamanlar internetdə baş alıb gedən ingilis sözlərinin olduğu kimi verilməsi xüsusilə acınacaqlı haldır, çünki bu tip sözlər Azərbaycan dilinə transliterasiya olunmalıdır: on line – onlayn, off line – oflayn, komputer – kompüter, instagram – instaqram və s.
Orfoqrafik norma fonetik, morfoloji və tarixi prinsiplər əsasında müəyyənləşdirilir. Bunu isə yalnız mütəxəssis dilçilər həyata keçirə bilərlər.
Tərcümə Mərkəzinin təqdim etdiyi söz siyahılarını nəzərdən keçirərkən, biz – Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsinin əməkdaşları – peşəkar lüğətçilər, çox təəccüb etdik. Çünki orfoqrafiya lüğətini ümumişlək sözlərdən ibarət sözlüyə çevirmək iddiası leksikoqrafiya nəzəriyyəsinin qanunlarına cavab vermir, bu, lüğətçilik işindən bixəbərlik kimi qəbul olunmalıdır. Belə bir lüğət bəlkə də məktəblilər üçün tərtib oluna bilər, lakin müxtəlif təbəqə və bilik səviyyəsinə malik geniş xalq kütləsi üçün istifadəyə yararlı deyil. Tərcümə Mərkəzinin təqdim etdiyi “aləmgir, aləmsuz, aləmşümul, aləmtab, alicah, aligövhər, alihümmət, aliqədr, alinəsəb, alinəsəblik, alişan, allaf, allafbazar, amadə, amadəlik, anən, anən-fəanən, aramgah, arifmetik, ariz, arizə, arzuman, arzumənd, asar, asari-ətiqə, asudəhal, aşiyanə, aşüftə, aşüftəhal, atəşbar, atəşxana” kimi ərəb və fars mənşəli sözlər klassik şair və yazıçılırımızın əsərlərində işlənib və hal-hazırda əruz vəznində yazan şairlərin şeirlərində təsadüf edilir, eyni zamanda orta məktəblərdə ədəbiyyat kitablarında verilərək dərslərdə tədris edilir. Sual olunur: İnşa yazan məktəbli, şair və ya tədqiqatçı bu sözlərin düzgün yazılışını bilmək üçün nə etməlidir? Hansı kitaba, mənbəyə müraciət etməlidir? Qəliz quruluşlu ərəb və fars mənşəli söz və izafətləri orfoqrafik normaya salmamaq – bizi, elm və mədəniyyətimizi hara aparıb çıxarar?
Tərcümə mərkəzinin verdiyi başqa bir siyahıda “n” hərfi ilə başlayan sözlərlə bağlı şöbəmizin əməkdaşı aparıcı elmi işçi Nigar Ağayevanın araşdırmasını sizə təqdim edirik: 42 sözdən cəmi ikisi dördcildlik izahlı lüğətdə tapılmamışdır. Qalan bütün sözlərin izahı var və onlara aid hətta yazıçı və şairlərin əsərlərindən misallar da lüğətdə öz əksini tapmışdır. Məsələn, nəqşə – S.Hüseyn; nəməkbəharam – Ə.Haqverdiyev, M.F.Axundzadə; nəməki – A.Səhhət; nəsrin – M.P.Vaqif, Q.Zakir; nihan – X.Natəvan, M.P.Vaqif, C.Cabbarlı; nəva – S.Ə.Şirvani, A.Səhhət, M.Müşfiq, S.Rəhman, Ü.Hacıbəyov; nisar – Füzuli, A.Ələsgər, N.Vəzirov, Ə.Haqverdiyev və s. Görəsən, bu qədər xalqın sevimliləri olan məşhur yazıçılarımızın, şairlərimizin əsərlərində öz əksini tapmış sözlər niyə orfoqrafiya lüğətinə salınmamalıdır?

Leksikoqrafiya nəzəriyyəsində qəbul olunmuş qaydaya görə, dialekt və danışıq leksikasından orfoqrafiya lüğətinə yalnız bədii ədəbiyyatda işlənmiş nümunələr salınır. Mərkəzin təqdim etdiyi dialekt və ara sözlərinin böyük əksəriyyətinin izahını 2006-cı ildə nəşr olunmuş dördcildlik “Azərbaycan dilinin izahlı lüğəti”ndə tapmaq olar. İzahlı lüğətə baxmadan bu sözləri geniş ictimaiyyətə təqdim etmək ən azından məlumatsızlıqdan xəbər verir: “Alaməzhəb, alanqu, alapələngi, ala-pörtü, alaşıq-dolaşıq, alışdımyandım, allaflıq, alverxana, amalqalaşmaq, ambıl, ambır, ambırağız, anarı, andıraqalma, andıraqalmış, anqutboğaz, anrı, anrı-bəri, ap-alaca, ara-axtar, araqlama, araqlamaq, aravuranlıq, arayatı, arıq-cırıq, armudağız, armudboğaz, arva, arvadağızlıq, arvadcıq, arvadoğlu, arvadsevən, arvadyosunlu, arvalı, asfaltsifət, aşbaşı, aşnabaz, atağız, atağızlı, atbalaxanım, atçənə, atqulağı, atsifət, avanmaq, avara-heyvərə, ayın-şayın, ayışma, ayışmaq, aynıtma, aynıtmaq, aynıyıb-artmaq, azcana, azğın-xətakar, azıb-təzmə, azıb-təzmək, azın-mazın, azışdırma, azışdırmaq, azışma, azışmaq, azıtma, azıtmaq”.
Tərcümə Mərkəzi aşağıdakı terminlərin lüğətdə verilməsinin lüzumsuz olduğunu göstərir: “Aerodinamiki, aerofotometr, aerofototopoqrafiya, aerogeologiya, aerohidrodinamika, aerohidromexanika, aerohidromexaniki, aeroion, aeroionizasiya, aeroionizator, aeroionlaşma, aeroionterapiya, aerokarpiya, aeroqlavimetr, aeroqraf, aeroqrafiya, aerolift, aerolit, aeromaqnit, aeromaqnitamper, aeromaqnitometr, aeroponika, aerostatika, aerotaxometr, aerotenk və s.”. Sual olunur: niyə və hansı əsasla? Bu sözlərin düzgün yazılışını bilmək istəyən kəs hansı kitabı harda axtarıb tapmalı və hara getməlidir? Bakı Aviasiya Akademiyası, Bakı Aviasiya kolleci və bir çox ali təhsil müəssisələri vardır ki, bu terminlər onların dil bazasının əsaını təşkil edir. Bu leksik vahidlərin düzgün orfoqrafik yazılışını bilmək üçün onlar hansı elmi mənbəyə müraciət etməlidirlər? Bu siyahıda bir sözlə razılaşmaq olar ki, “avtorota” avto yunan və rota rus mənşəli olub, dilimizdə “avtobölük” kimi qəbul olunmuşdur.

Şöbəmiz hal-hazırda yeni orfoqrafiya lüğəti üzərində çalışır. Görülən işlər bəzən süni şəkildə mürəkkəbləşdirilmiş sözləri və iki variantda verilmiş leksik vahidləri üzə çıxardı. Lakin Tərcümə Mərkəzinin tərtib etdiyi uzun söz siyahılarının heç bir elmi əsası yoxdur, siyahılardakı sözlər bizim dilimizdə var və leksikoqrafiya nəzəriyyəsinə əsasən, bədii ədəbiyyatda, mətbuatda, dərsliklərdə, elmi ədəbiyyatlarda, rəsmi və danışıq dilində işlənən bütün normativ leksik vahidlər orfoqrafiya lüğətinə salınmalıdır. Orfoqrafiya lüğətinə yalnız qeyri-normativ leksika salınmır.

Xədicə Heydərova
AMEA Nəsimi adına Dilçilik İnstitutunun
Tətbiqi dilçilik şöbəsinin elmi işçisi

Comments are closed, but trackbacks and pingbacks are open.