Press "Enter" to skip to content

Oğuznamə

Seyfəddin Rzasoy. Əbülqazi «Oğuznamə»sində mif və ritual, Bakı, “Nurlan”, 2013, 172 səh.
Kitabda XVII əsr oğuz-türkmən tarixçisi Əbülqazi Bahadır xanın «Şəcəreyi-tərakimə» («Türkmənlərin şəcərəsi») əsərindəki «Oğuzna­mə» əsasında oğuzların mif və ritualları tədqiqə cəlb olunmuşdur. Bu tədqiqat müəllifin Oğuz mifologiyasının bərpası istiqamətində ardıcıl şəkildə apardığı araşdırmaların tərkib hissəsidir. Müəllifin «Oğuz mi­finin transformativ paradiqmalar sistemi» kimi götürdüyü «Oğuz­na­mə» eposunun Əbülqazi variantı mif və ritualların zənginliyi ilə seçi­lir. Struktur-semiotik metodla həyata keçirilmiş bu tədqiqat mütəxəs­sislər üçün nəzərdə tutulmuşdur.
R 4603000000 Ãðèôëè íÿøð

Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu seyfəDDİn rzasoy əBÜlqazi «OĞuznamə»SİNDƏ

Seyfəddin Rzasoy. Əbülqazi «Oğuznamə»sində mif və ritual, Bakı, “Nurlan”, 2013, 172 səh.
Kitabda XVII əsr oğuz-türkmən tarixçisi Əbülqazi Bahadır xanın «Şəcəreyi-tərakimə» («Türkmənlərin şəcərəsi») əsərindəki «Oğuzna­mə» əsasında oğuzların mif və ritualları tədqiqə cəlb olunmuşdur. Bu tədqiqat müəllifin Oğuz mifologiyasının bərpası istiqamətində ardıcıl şəkildə apardığı araşdırmaların tərkib hissəsidir. Müəllifin «Oğuz mi­finin transformativ paradiqmalar sistemi» kimi götürdüyü «Oğuz­na­mə» eposunun Əbülqazi variantı mif və ritualların zənginliyi ilə seçi­lir. Struktur-semiotik metodla həyata keçirilmiş bu tədqiqat mütəxəs­sislər üçün nəzərdə tutulmuşdur.
R 4603000000 Ãðèôëè íÿøð

© Seyfəddin Rzasoy, 2013

BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM

BİRİNCİ FƏSİL
«OĞUZ MİFİ» VƏ «OĞUZNAMƏ» EPOSU ANLAYIŞLARI
§ 1. «Oğuz mifi» anlayışı
«Oğuz mifi» çoxmənalı anlayışdır. Onun məna səviy­yə­ləri biri-biri ilə əlaqədar, biri digərini şərtləndirən sistem təş­kil edir. Sistem elementlərinin münasibətlər dialektikasının, funk­sional hərəkətinin əsasında «mif-mifologiya» münasibət­lərinin kateqo­rial münasibətlər semantikası durur.

A.K.Bayburin yazır: «Mif» iki əsas mənada işlədilən ter­min­dir:

1) sözlü təhkiyə mətni kimi;

2) dünya haqqında təsəvvürlər sistemi (dünya modeli) kimi.

«Mif» birinci halda sintaqmatik, ikinci halda paradiq­ma­tik planda başa düşülür. «Mif» sintaqmatik vahid kimi (mədə­niyyətin başqa mətnləri – ritual, sosial institutlar, maddi mə­də­niyyət elementləri və s. ilə bir sırada) mənaların paradiq­ma­sı olan «mif»in gerçəkləşməsinin ayrıca halı kimi çıxış edir. «Mif»in birinci və ikinci mənaları arasında olan fərq «mif» ilə «mifologiya» arasında olan fərqlə eyni deyildir. Ona görə ki, «mifologiya» adı altında mifin bir sistem (dünya modeli sis­temi – S.R.) olması yox, (sintaqmatik) təhkiyə vahidləri olan miflərin sistemi başa düşülür» 1 .

Y.M.Meletinski yazır ki, «mif» yunan sözü olub, hərfən, rəvayət, söyləmə anlamını bildirir. Adətən, tanrılar, ruhlar, ilahiləşdirilmiş, yaxud öz mənşəyi etibarilə tanrılarla əlaqəli olan qəhrəmanlar, ilk zamanda fəaliyyət göstərmiş, dünyanın, onun təbii və mədəni elementlərinin yaradılmasında birbaşa, yaxud dolayısı ilə iştirak etmiş ilk əcdadlar haqqında əhva­latlar nəzərdə tutulur. Mifologiya həm tanrılar və qəhrəmanlar haqqında belə əhvalatların məcmusu, həm də eyni zamanda dünya haqqında fantastik təsəvvürlərin sistemidir. Miflər haq­qında elmi də mifologiya adlandırırlar 2 .

M.Eliade göstərir ki, «mifin elə bir tərifini tapmaq müm­kün deyildir ki, həm bütün alimlər tərəfindən qəbul edilsin, həm də mütəxəssis olmayanlar üçün də anlaşıqlı olsun. Bu­nun­la bərabər, bütün arxaik və ənənəvi cəmiyyətlərdəki bütün mifləri və onların bütün funksiyalarını əhatə edən universal tərifi tapmaq mümkündürmü? Mif mədəniyyətin fövqəladə dərəcədə mürəkkəb gerçəklərindən biridir. Onu ən çoxsaylı və biri-birini tamamlayan aspektlərdə öyrənmək və şərh etmək olar. Mənə elə gəlir ki, aşağıdakı tərif daha yatımlı olacaqdır. Ona görə ki, o, bizi maraqlandıran məsələni geniş şəkildə əha­tə edir: mif müqəddəs tarixi bəyan edir, «bütün baş­lan­ğıc­ların baş­lanğıcı olan» yaddaşaqədərki (tarixəqədərki – S.R.) za­man­da baş vermiş hadisələr haqqında danışır. Mif nəql edir ki, reallıq hər şeyi bütünlükdə ehtiva edən dünya, kosmos şək­lində, yaxud təkcə onun fraqmentləri (adaların, bitki alə­mi­nin, insan davranışı, yaxud dövlət qurulması) şəklində ol­ma­sından asılı olmayaraq, fövqəladə varlıqların igidlikləri sa­yəsində öz təcəssümünü, gersəkləşməsini necə tapmışdır. Bu, həmişə hansısa «yaradılış» haqqındakı hekayədir. Bizə xəbər verilir ki, nə necə baş verib və biz mifdə bu «nə isənin» möv­cudluğunun qaynaqlarına yaxın oluruq. Mif baş verənlər haq­qında həmişə həqiqəti danışır. » 3 . M.İ.Steblin-Kamenskinin yaz­dığı kimi, «. mif nə dərəcədə qeyri-həqiqət olmasından ası­lı olmayaraq, yarandığı və yaşadığı yerdə həqiqət kimi qəbul olunan heka­yədir» 4 . Yaxud K.Levi-Strosun təsbit etdiyi kimi, «. mif nə qədər ki, mif kimi qavranılır, o, mif olaraq qalır» 5 .

Beləliklə, mif bir halda sözlü mətn – dünyanı söz vasitəsi ilə təsvir edən təhkiyə bütövü (sistemi), başqa halda ger­çək­li­yin mifoloji şüurdakı obrazlaşmış təsəvvürlər sistemi – dünya modelidir. Bu halda «mif-mifologiya» münasibətləri ilk ba­xışdan sadə görünsə də, kifayət qədər mürəkkəb termi­noloji sis­temi təşkil edir. A.K.Bayburinin ümumiləşdirdiyi ki­mi, «mi­fologiya» bir neçə mənada işlədilən anlayışdır:

1. Bir mədəni-tarixi ənənəyə məxsus olan miflərin (söy­ləmələrin) toplusu.

2. Dünya qavrayışının xüsusi forması. «Mifiologiya» bu mənasında paradiqmatik aspektdə götürülən «mif» anlayışına yaxın, hətta eyni mənadadır. Dünyanın mifoloji mənzərəsi (dünya modeli – S.R.) miflərin toplusu olan «mifologiya» və mif-təhkiyə ilə məzmun planının ifadə planına münasibəti nis­bətində əlaqələnir.

3. Mifləri və mifoloji sistemləri öyrənən elmi fənn 6 .

Deyilənlərin axarında görürük ki, paradiqmatik mənada götürülən «mif» və «mifologiya», demək olar ki, eyni anlamı ifadə edir. Başqa sözlə, oğuzların qavrayıb obrazlaşdırdıqları dünyanın şüurdakı modeli olan «oğuz mifi» və «oğuz mifo­logiyası» eyni anlamdadır.

Şüurdakı modelin sintaqmatik gerçəkləşməsi olan sözlü mətn – təhkiyə mənasında olan «mif» ilə həmin mif-təh­ki­yə­lərin toplusu olan «mifologiya»nın mənaları biri-biri ilə kə­sişsə də, eyni deyildir. Şüurda olan mifoloji dünya modeli söz kodu vasitəsi ilə «mif-mətn»də reallaşır. Bu «mif-mətn» öz daxili məzmunu etibarilə dünya modelini özündə ehtiva edən sintaqmatik sistemdir. Bu «mif-mətn»lərin cəmindən toplu ha­lına gələn «mifologiya» da sistemdir. Lakin o, hər hansı et­nik-mədəni ənənənin miflərini vahid münasibətlər sistemində birləşdirən sistemdir. Burada təkin ümumiyə münasibəti var. Ümumi təklərdən təşkil olunduğu, tək ümuminin əlamətlərini daşıdığı halda, (damla dəniz suyunun keyfiyyətlərinə malik olsa da, heç vaxt dənizi əvəz edə bilmədiyi kimi) tək (mif-mətn) də heç vaxt ümuminin (miflərin sistemi olan mifo­lo­gi­yanın) ekvivalenti ola bilmir. Bu halda sintaqmatik «mif» və onların toplusu olan «mifologiya» ifadə planları nisbətində olub, məzmun planı olan «mif-dünya modelinin» müxtəlif tə­zahür-ifadə səviyyələrini təşkil edir. Başqa sözlə, «mif-sin­taqm» və «mifologiya-sintaqm» öz aralarında vahid məzmu­nun ifadələnməsinin fərqli pillələri nisbətindədir.

Qeyd edək ki, bu universal sxemin «oğuz mifi» və «oğuz mifologiyası» anlayışlarına tətbiqi xüsusi əsaslandırma tələb edir. Əks halda, əldə olunan nəticələr mexaniki yanaşmanın məhsulu ola bilər. Çünki paradiqmatik «oğuz mifi» anlayışı «Oğuz kağan» mifində bir sintaqmatik reallıq (sözlü təhkiyə mətni) kimi mövcuddur. Təbii ki, bu sintaqmatik mətn real­lı­ğından «oğuz dünya modeli» avtomatik hasil olur. Çünki əv­vəl­ki tədqiqatlarımızda apardığımız ümumiləşdirməyə görə, «mif bir tərəfdən düşüncə vahidi, mifopoetik təfəkkürün işi, qavrayış, obrazlaşdırma üsulu, simvollaşdırma, yaxud V.N.To­­po­rovun dediyi kimi, «dünya təəssüratı, dünyanı onun­la əlaqə prosesində yaşantı» 7 , dünya duyumudur. O biri yandan isə mif düşüncə hadisəsi olan dünya modelinin müx­təlif mətnlərdə reallaşmasıdır. Bu mənada, şüurda modelləşən dünya «ikinci modelləşdirici sistemlərdə», yəni «dilin əsa­sın­da (birinci sistem) yaranan» və «əlavə olaraq xüsusi tipli ikin­ci struktur alan» 8 işarələr sistemlərində – mətnlərdə maddi­ləşir. Bu mətnlərin çeşidi genişdir: mifopoetik çağın dünyanı qlobal qatlardan qavrayan sözlü təhkiyə mətnləri – kosmo­qonik, etnoqonik və təqvim mifləri, ritual və mərasimlər, icti­mai təsisatlar, maddi mədəniyyət abidələri, ibtidai incəsənət və s. Başqa sözlə, dünya modeli dil hərəkət, jest, naxış, ictimai ierarxiya və s. kodlarla ifadə olunaraq gerçəkləşdirdiyi obyekti işarələrin düzümündən ibarət «mətnə» çevirir 9 . V.V.İva­nov və V.N.Toporov yazırlar ki, dünya modeli insan davranışının müxtəlif formalarında və bu davranışın nəticələ­rində gerçək­ləşir və «hər hansı belə gerçəkləşmə mətn ad­lanır» 10 .

Beləliklə, «Oğuz kağan» mifi sintaqmatik təhkiyə mətni kimi bütün hallarda paradiqmatik «oğuz mifinin» – oğuz dünya modelinin söz kodu vasitəsi ilə reallaşmış mətn ha­disəsidir. Sintaqmatik «Oğuz (kağan) mifi» varsa, demək «oğuz» adı ilə işarələnən dünya modeli – şüurda mövcud olan təsəvvürlər sistemi avtomatik olaraq vardır. Oğuz dünya modeli gerçəkliyi qavrayışın xüsusi formasıdır və o, özünün bu mənasında həm də «oğuz mifologiyasıdır». Paradiqmatik «mif» və gerçəkliyin xüsusi qavrayış forması olan «mifolo­giya» yaxın, hətta eyni anlayışlardır. Başqa sözlə, sintaqmatik «oğuz mifi» «Oğuz kağan» sözlü təhkiyə mətninin simasında paradiqmatik «oğuz mifinin» varlığını, o da öz növbəsində onunla eynimənalı olan «oğuz mifologiyasının» varlığını mən­­­tiqi olaraq şərtləndirir. Lakin «oğuz mifologiyası» anla­yışının təhkiyə mətnlərinin – mifoloji hekayətlərin toplusu mənasında elmi dövriyyəyə daxil edilməsi əsaslandırma tələb edir. Çünki bunun üçün öncə mətnlərin (təklərin) birləşmə­sindən əmələ gələn sistemi (ümu­mini) bərpa etmək lazımdır. Həmin bərpa həm də «oğuz mi­fologiyasının» «türk mifologiyasının» diferensial-sinxron ekvi­valenti (yandaşı), yaxud diferensial-diaxron paradiqması (törə­məsi) olduğunu aydınlaşdıra bilər.

«Oğuz mifi» anlayışı haqqında apardığımız araşdırma­la­rın monoqrafik nəticələrində daim təkmilləşdirmə yolu ilə təsbit etdiyimiz tezislərə görə 11 , oğuz mifi sintaqmatik mətn hadisəsi olaraq ümumi türk mifinin diferensial mətn tipidir.

Qeyd olunduğu kimi, mif düşüncə və mətn hadisəsidir. Bu, uyğun olaraq, mifin paradiqmatik və sintaqmatik səviy­yə­ləri deməkdir. Oğuz mifinin sintaqmatik mətn paradiqmaları geniş mətnlər korpusu ilə təmsil olunur. Həmin mətnlər onu şərtləndirən təsvir kodu, janr sistemi və s. baxımından əlvan və dolğun struktura malikdir. Təkcə oğuz eposu («Oğuz­na­mə») onu təşkil edən mətnlərin janr sistemi və kəmiyyət gös­təriciləri baxımından oğuz mifinin sintaqmatik hadisə kimi arxetipik əzəmətini tam görməyə imkan verir. Bununla bəra­bər, oğuz mifinin sintaqmatik mətn korpusu bütövlükdə türk mifologiyasının sintaqmatik struktur tipini təşkil edir. Oğuz mif mətnlərinin türk mifinə münasibəti birincinin sintaqmatik paradiqmalar kimi ikincinin metainvariantının diferensial tipini təşkil etməsi şəklindədir. Başqa sözlə, Oğuz mifinin sintaqmatik mətn korpusu ümumi türk mifi çevrəsində onun sintaqmatik nüvəsini təşkil etmiş, «oğuz» diferensial işarəsi ilə funksionallaşmışdır.

Oğuz mifi düşüncə hadisəsi olaraq türk mif metamo­de­linin paradiqmasıdır. Başqa sözlə, oğuz mifoloji mətnləri türk mifologiyasının mətn korpusunun struktur hadisəsini təşkil etdiyi kimi, oğuz mifoloji düşüncəsi də türk mifo­logi­yasının struktur nüvəsində dayanır. Türk mifoloji düşüncəsi ümumi türk etnosunun etnik struktur əlvanlığını özündə mif kodu ilə işarələmiş, inikas etmişdir. Ümumtürk etnosunun et­nik struktur əlvanlığı onun mifoloji düşüncəsinin strukturunun təşkilini şərtləndirmişdir. Bu baxımdan, oğuz mifoloji düşün­cəsi bir tərəfdən türk mifoloji düşüncə invariantının para­diq­ması, o biri tərəfdən türk mif metamodelinin tərkibini təşkil etmiş struktur tipidir.

§ 2. «Türk mif metamodeli» anlayışı
Burada «türk mif metamodeli» ifadəsi özünə münasi­bət­də xüsusi yanaşma tələb edir. Bu ifadənin epistemoloji nüvə­sini «dünya modeli»nin «meta» təyini, yəni «model»in «me­tamo­del»ləşməsi təşkil edir. «Meta» təyini semiotik tədqiqat­larda, əsasən, «metadil» anlayışında işlənir. Bu cəhətdən «mo­del» anlayışının bizim tərəfimizdən «metamodelləşdi­ril­mə­si» onun «metadil» anlayışı ilə müqayisədə öyrənilməsini tələb edir.

Y.M.Lotman mədəniyyətin tipoloji cəhətdən təsvirinin me­tadili haqqındakı araşdırmasında metadili bu və ya digər mə­dəniyyətin onda mövcud olan məkani təsəvvürləri baxı­mından səciyyələndirərək belə hesab etmişdir ki, məkanın mə­dəniyyət tipi ilə əhəmiyyətli münasibətləri kontekstində ba­şa düşülməsi zamanı «məkan modelləri bir metadil kimi çıxış edir» 12 .

Burada «məkanın mədəniyyət tipi ilə əhəmiyyətli mü­nasibətləri» dedikdə Lotman verilmiş mədəniyyətin struk­tu­runun – kosmik xronotopunun (məkan-zaman sisteminin) ən əhəmiyyətli layı olan məkan qatı nəzərdə tutmuşdur. Belə ki, mədəniyyətin təşkilolunma materialından asılı olmayaraq, o, bir məkan sistemidir; məkani struktura malikdir və bu mənada həmin mədəniyyət tipinin strukturunu şərtləndirən, müəyyən­ləşdirən məkan modelləri, mədəniyyət məkanının təşkilo­lunma sxemləri onun ifadələnməsinin metadili statusundadır. Başqa sözlə desək, hər hansı konkret mədəniyyət tipinin məkanının quruluş modelləri həmin tipi ən ümumi şəkildə təsvir edən metadildir.

A.F.Losev Lotmanın yuxarıdakı fikrini şərh edərək yazır: «Başqa sözlə, verilmiş mədəniyyətin məkani səciyyəsi məka­nın ümumiyyətlə mövcudluğunu nəzərdə tutduğu kimi, məhz verilmiş mədəniyyət tipinin məkanını da nəzərdə tutur» 13 .

Lakin Losev Lotmanın «metadil» anlayışını «mədəniy­yə­tin məkanı» anlayışının ümumi və konkret (verilmiş mədə­niyyət tipi) səviyyələrinə bönməsini artıq hesab edərək öncə «metadil»ə belə bir tərif verir: «Az anlaşıqlı olan «metadil» termini verilmiş əşyanın, sadəcə, ən ümumi formada (ən ümumi elementlər səviyyəsində – S.R.) təsvirindən başqa bir şey deyildir» 14 . Müəllif ardı ilə yazır: «Əgər hər bir kəsə əv­vəlcədən məlumdursa ki, məkanın müxtəlif tiplərinin müəy­yən edilməsi məkanın nə demək olduğunu bildiyimiz halda mümkündür, onda bu halda «məkanın metadili» anlayışını işlətməyə dəyərmi?» 15 . Başqa sözlə, Losevə görə, məkanın daha konkret (dar) olan müxtəlif tiplərini müəyyənləşdirmək üçün biz öncə ümumiyyətlə məkan anlayışının nə olduğunu bilməliyik. Və biz bu ən ümumi məkan anlayışını biliriksə, onda konkret mədəniyyət tipinin ən ümumi səciyyəsi olan «metadil» anlayışını işlətməyə ehtiyac yoxdur. Losevin fəlsəfi məntiqincə, bizə tipindən asılı olmayaraq qabaqcadan məlum olan məkan anlayışı elə həmin metadildir və bu halda konkret mədəniyyət tipinin metadili anlayışına ehtiyac qalmır.

Təbii ki, görkəmli filosof ümumiyyətlə məkan (ümumi) və konkret məkan (tək) arasında olan fərqi unuda bilməzdi. O yazır ki, «verilmiş mədəniyyət tipinin «metadili» özünü hə­min tipin müxtəlif sahələrində, başqa sözlə, daha az ümu­miliyə malik olan «mətnlərində» fərqli şəkillərdə və tamamilə özünəməxsus olaraq təzahür etdirir» 16 . Başqa sözlə, mədə­niy­yətin ümumi anlayışı (metadili) xüsusi hallarda (konkret tip­lərdə) konkret özünəməxsusluq kəsb edir.

Qeyd edək ki, Losevin Lotmanla mübahisəsinin mahiy­yətini «metadil» anlayışının idrakının (dərk edilməsinin) mən­tiqə uyğun olub-olmaması təşkil edir və həmin mübahisə məhz bu mənasında bizim üçün aktual deyil. Burada əsas olan «metadil» anlayışına verilən izahlarla «metamodel» anlayışı­nın semantikasına yol açmaqdır. «Oğuz mifi» ilə «türk mifi»­nin münasibətlərində «metamodel» anlayışı, fikrimizcə, həl­ledici məntiqi açar rolunu oynayır.

Beləliklə, «metadil» M.Y.Lotmana görə, ümumiyyətlə, mədəniyyət tipinin məkani struktur modelidir. Bu halda o, modeldir: tipin məkan elementləri vasitəsi ilə təsvir olunduğu sistemdir.

A.F.Losevə görə, «metadil» əşyanın ən ümumi formada təsviridir. Bu halda da o, modeldir. Əşyanın ən ümumi təsviri onun struktur modelidir.

Göründüyü kimi, «metadil» bütöv varlığın, yaxud onun hər hansı tərkib ünsürünün modelidir. Bu halda mifoloji dünya modeli elə dünyanın mifoloji şüurda işarələr vasitəsi ilə təsvir olunduğu metadildir. Bu halda sual meydana çıxır: «metadil» «model»dirsə, onda «metamodel» anlayışına ehti­yac qalırmı? Bizcə, qalır.

Belə hesab edirik ki, türk mif «modeli» ilə türk mif «me­tamodeli» arasında fərqin olması (yaxud bu anlayışların iş­lə­dilməsi) «oğuz» mifinin kateqorial-epistemoloji mahiyyətinin bir sistem kimi aydınlaşdırılması baxımından zəruridir.

«Türk mifi» anlayışını üç mənada işlətmək mümkün­dür:

1. Mifoloji şəcərədə Yafəsin oğlu Türk haqqındakı sin­taqmatik mif-mətn;

2. Türk mifoloji düşüncə universumu (mif vahidi) anlamında olan paradiqmatik türk mifi (dünya modeli);

3. Türk etnokosmik anlayışını təşkil edən bütün türk xalqlarının miflərini (sintaqmatik, yaxud paradiqmatik sə­viy­yədə olmasından asılı olmayaraq) vahid modeldə birləş­dirən ümumi mif tipi (həm sintaqmatik, həm də paradiq­ma­tik mənada).

Bu üç məna qatının biri-birindən ayrılmaz olması (birinin varlığının digərləri ilə şərtlənməsi) «oğuz mifi»ni «türk mi­fi»nin hər üç anlamı ilə əlaqələndirsə də, bizim üçün mü­hüm olan «oğuz mifi» anlayışının ümumi türk mif tipindəki yeri­dir. Burada iki əsas sual var:

1. Bu iki mif modelindən hansı arxetip, hansı törəmədir?

2. Hər iki mif modeli daha ümumi invariantı, başqa sözlə, metamodeli əks etdirirmi?

Burada kateqorial-epistemoloji əyarlandırma ona görə vacibdir ki, «türk» adı sinxron aspektdə həm bütün türk ad­lan­dırılan xalqlarının etnokosmik universumu, həm də dia­xron aspektdə oğuzlara sonradan verilmiş addır. Biz burada türk et­noonomastik tarixinin dialektik məntiqini (təbii-ilahi bakirəli­yini) qoruyaraq daşlaşmış ənənədə nominativ yenilik­lərin edil­məsini (əslində, ziddiyyətlərin yaradılmasını) artıq hesab edi­rik. Bu mənada, «türk mif metamodeli» anlayışının daxil edil­məsi «oğuz mifi» və «türk mifi» anlayışlarını bir təhlil müs­tə­vi­sinə gətirmək üçün kontekst verir. Bu halda bir daha təsdiq edirik ki, oğuz mifi düşüncə hadisəsi olaraq türk mif me­ta­mo­delinin paradiqmasıdır. Türk mif metamodeli bütün türk xalq­larının mifoloji mətnlərində mövcud olan dünya modellərini vahid sistemdə birləşdirməklə oğuz mifini də öz içinə alır və bununla da metodoloji dolaşıqlığın aradan qaldırıl­ması, həm­çinin bu sahədə perspektiv tədqiqatlar üçün kontekst verir.

Əlbəttə, burada məsələnin mahiyyəti heç də oğuz türk­lərinin sonradan türk adı ilə tanınması ilə bağlı deyildir. Dil ailəsində etnik ümumilik mərhələsinin adı həmişə törəmələr­dən birinə miras qalır. Bizim fikrimizcə, oğuz mifinə müna­sibətdə məsələ daha fərqlidir. Söhbət oğuz mifinin türk mi­finin nüvəsini təşkil etməsi, yaxud oğuz mifologiyasının struk­tur muxtariyyətinin tarixi-mədəni mahiyyətindən gedir. Bu, aşağıdakı tezislə şərtlənir:

Oğuz mifi etnik özünüifadənin düşüncə kodu olaraq türk etnosunun aparıcı laylarından olan oğuzların etno­kos­mik düşüncə mətn hadisəsidir. Başqa sözlə, oğuzlar ümum­türk etnosunun ən mühüm qollarından biridir. Türk et­nosunun formalaşmasında hunların rolunu, o cümlədən oğuz­ların hun etnik kütləsinin davamı olduğunu nəzərə alsaq, oğuzlar türk etnosunun əsas etnik oxlarından birini təşkil et­miş­lər. Oğuzlar türk etnosunun qolu kimi başqa türk xalq­larından aydın bilinən diferensial əlamətləri ilə fərqlənmişlər. Onlar, heç təsadüfi deyildir ki, yüzillər boyu «oğuzlar» adı altında işarələnmiş, özünəməxsus semiotik atributlar sistemi ilə «oğuzlar» olaraq qala bilmişlər. Bu, etnosiçi fərqlənmə onların mif və ritual­larında həm ifadə olunmuş, həm də on­larla müəyyən­ləşmişdir. Bu baxımdan, ümumi türk mifi və ritualı çevrəsində oğuz mif və ritualı türk metadünya mo­delinin xüsusi təzahür tipləri kimi daim seçilmişdir. Məhz bu həm də oğuz mifini türk mifo­logiyasının müstəqil etnokosmik təzahürü kimi bərpa etməyə imkan verən elmi-metodoloji bünövrədir.

Məsələnin konkret tarixi mənzərəsinə gəlincə, türk tarix­çisi F.Sümər yazır: «Oğuz» Türkiyə, Azərbaycan, İran, İraq və Türkmənistan türklərinin ataları olan məşhur bir türk qöv­müdür. Oğuzlara XI əsrdən etibarən türkmən də deyil­mə­yə baş­lanmış və iki əsr sonra bu ad hər yerdə «Oğuz»un adını al­mağa başlamışdır. Bugünkü bilgilərimizə görə, Oğuz adına ilk dəfə Yenisey kitabələrində rast gəlinməkdədir. Oğuzlar Or­xon kitabələrində adı çox keçən türk qövmlərindən biridir 17 .

Digər tərəfdən, N.Cəfərov yazır ki, I minilliyin ortaların­da Hun-türk dövləti dağılır. Şərqdə oğuzların Göy türk (Tanrı türk), Qərbdə isə qıpçaqların müxtəlif dövlətləri yaranır. Məhz bu dövrdən başlayaraq türklərin diferensiasiyası münbit coğrafi-sosial mühitə düşüb güclənir. I minilliyin ikinci yarı­sında bir-birindən həm iqtisadi-ekoloji həyat tərzinə, həm də müəyyən qədər dünyagörüşünə görə fərqlənən (seçmə bi­zim­dir – S.R.) oğuz, qıpçaq və karluq-uyğur birlikləri forma­laşır. Qıpçaqlar, əsasən, Qərb, oğuzlarla karluqlar isə, əsasən, Şərq dünyası ilə bağlı idilər, lakin haqqında söhbət gedən diferensiasiya türklüyün daxili kontaktlarının aktivliyini heç də tamamilə sarsıtmır 18 .

Oğuz mifi etnik epos kontekstində janr say bax­ı­mın­dan zəngin mətn korpusu ilə təmsil olunan oğuz eposunun arxetipidir. Bu, məsələnin son dərəcə mürəkkəb kontekstlə­rin­dən biri olmaqla oğuz mifininin (ümumən – mifin) bər­pa­sında mühüm metodoloji-məntiqi məqamı təşkil edir. «Oğuz mifinin semiotik strukturunun öyrənilməsi» probleminin konkret mənada «oğuz mifinin bərpası» demək olduğunu bir daha xatırlasaq, onda oğuz mifinin oğuz eposunun arxetipi olması tezisi birbaşa rekonstruksiyanın obyekti ilə predmeti arasındakı mürəkkəb metodoloji texnologiyanı nəzərdə tutur.

Məsələnin ümumnəzəri aspektinə gəlincə, oğuz mifi bü­tövlükdə oğuz eposuna transformasiya olunmuşdur. Mif və epo­sun münasibətləri burada Arxetip-Tip, İnvariant-Paradiq­ma və s. münasibətlər modeli çərçivəsində gerçəkləşməklə etnik-bəşəri düşüncənin iki mövcud tipini nəzərdə tutur: mifik dü­şün­cə və tarixi düşüncə. Kosmoloji epoxanın başa çatması ilə onun düşüncə tipi parçalanır və tarixi düşüncə tipinə trans­for­masiya olunur. Mif bu halda «desakralizasiya» və «deri­tuali­zasiya» keçirir. Birinci onun yeganə gerçək, inanılan, qutsal (mü­qəddəs) informasiya olmasından, ikinci isə etno­kos­mik ri­tual əsaslarından məhrum olması deməkdir. Get-gedə öz mü­qəd­dəsliyini və mərasimi əsaslarını itirən mif daha çox bədii-estetik, dini, fəlsəfi əsaslar kəsb etməyə başla­mışdır. Ən mü­hüm və başlıca hadisə gerçəkliyin qavrayış gös­təricilərində baş vermişdir: qapalı-təkrarlanan («qeyri-xət­ti», «qeyri-müəyyən», «qeyri-səlis») zaman və məkan düz­xət­li zaman və məkana keç­mişdir. Kosmoloji düşüncədən tarixi düşüncəyə keçiddə mif yox olmamış və etnik eposa trans­formasiya olunmuşdur.

Eposun genetik strukturunu mif təşkil edir: mifoloji struk­tur alt qatda qalaraq eposun struktur böyüməsinin arxe­tipi rolunu oynayır. Burada o, arxetip rolunu hər iki anla­mında oynayır: həm eposun ilkin tipi, həm də onun sinxron strukturunun funksional dinamikasını şərtləndirən arxetipik obraz (mifogenetik struktur örnəyi, inkişafın arxitektonik sxemi, arxisemlər sistemi və s.) olur. Bu baxımdan, oğuz eposunun struktur arxetipində bütövlükdə oğuz mifi dayanır 19 .

Mifoloji şüurdan tarixi şüura keçid zamanı mif parçalanır və tarixi şüurun, demək olar ki, ictimai formalarının hamı­sının əsasını təşkil edir. Bu mənada, oğuz mifini «oğuz» adı (universum-işarəsi) altında bilinən bütün mətnlərdən bər­pa etmək olar. Lakin belə bir bərpanın ən məhsuldar obyekti oğuz eposudur. Bu, hər şeydən öncə onunla bağlıdır ki, oğuz eposu oğuz mifinin paradiqmalar sistemini təşkil edir. Oğuz mifinin paradiqmatik və sintaqmatik struktur modeli oğuz eposuna transformasiya olunmaqla onu da paradiqmatik (dü­şüncə) və sintaqmatik (sözlü mətn) səviyyələrdən ibarət sis­tem kimi təşkil edir.

Oğuznamə

Oğuznamə – oğuz folkloru toplusu, Berlin kitabxanasında saxlanılan, XV-XVI əsrlərdə üzü köçürülən əlyazmasıdır. “Hazihi-r-risaləti-min kəlimati Oğuznamə əl-məşhur bi-atalar sözü” adlanan bu əlyazmanın 400 atalar sözünü ilk dəfə alman şərqşünası F.fon Dits 1889-cu ildə nəşr etdirmişdir. İkinci əlyazma Sankt-Peterburq Şərqşünaslıq İnstitutunun əlyazmalar fondunda saxlanılan və birinci vərəqi “Haza kitabi-Oğuznamə” adlanan “Məcməüləmsali- Məhəmmədəli”dir. Bu əlyazma tam şəkildə ilk dəfə 1987-ci ildə Bakıda S.Əlizadə tərəfindən ön sözü ilə birlikdə nəşr olunmuşdur. Əlyazmadakı paremik vahidlərin sayı 2000-ə yaxındır.

A [ redaktə ]

  • Ac qatıq istəməz.
  • Aç ol, dinc ol.
  • Aç toyuq özünü taxıl bazarında görər.
  • Adın ki, oldu Rəşid, bir söylə, bir eşit.
  • Axşam olsa yat, sabah olsa, get.
  • Ağlama ölü üçün, ağla dəli üçün.
  • Alan satandan umur.
  • Allah işin bilir.
  • Alət işlər, ər öyünər.
  • Allah öldürməyəni kimsə öldürə bilməz.
  • Allah sağ gözü sol gözə möhtac eyləməsin.
  • Arvad kişini atadan-anadan, dostdan-yoldaşından ayırar.
  • At minənindir, qılınc qurşananındır.
  • At muraddır.
  • Ata minmək can üstündə can bəsləməkdir.
  • Ata sənəti oğula mirasdır.
  • Atdan düşən ölməz, eşşəkdən düşən ölər.
  • Atılan ox geri dönməz.
  • Ay var ikən ulduza nə minnət?
  • Ayı gör, oruc tut, ayı gör, bayram et.
  • Azacıq başım, ağrımaz başım.

B [ redaktə ]

  • Bal deməklə ağız dadlı olmaz.
  • Bal tutan barmağın yalar.
  • Başına gələn başmaqçıdır.
  • Bayquş viranələri sevər.
  • Bazar bazara sığmaz.
  • Bazar elin bazarıdır.
  • Bilmədiyini söyləmə.
  • Bilmirsən, bir biləndən soruş.
  • Bir daş ilə iki quş vurulmaz.
  • Borclu ölməz, bənizi saralar.
  • Böyük başın böyük ağrısı var.

C [ redaktə ]

  • Cahil vaxtsız xoruz kimidir.

Ç [ redaktə ]

  • Çıraq dibi qaranlıq olur.
  • Çox gəzən, çox görər.
  • Çox gülən, çox ağlar.
  • Çox yaşayan çox bilməz, çox gəzən çox bilir.
  • Çörək kəsmək hünərdir.

D [ redaktə ]

  • Dama-dama göl olar.
  • Dənizdəki balığı satma.
  • Dişi aslan da aslandır.
  • Doğruya zaval yoxdur.
  • Dost başa baxar, düşmən ayağa baxar.
  • Dörd divarı yox, qoz ağacından qapısı var.
  • Döyülmək eşşəyə yaraşır.
  • Dünyada ölüm olmasa, adam adamın ətini yeyər.
  • Düşmənin ömrü qar ömrü kim i ola.
  • Düzənlik hardadırsa, bərəkət də ordadır.

E [ redaktə ]

  • El baylı-yoxsullu olar.
  • El eybini sənə söyləyən sənin də eybini elə söylər.
  • El ilə gələn bəla bayramdır.
  • El keçən körpüdən sən də keç.
  • Eldə söz çox olar.
  • Elə uyan arvadını boşayar.
  • Elin atdığı daş uzaq gedər.
  • Enişdən yoxuş yaxşıdır.
  • Enmədiyin yerə çıxma.
  • Eşşəyinə gücün çatmırsa, palanı döymə.
  • Ev alma, qonşu al.
  • Evdəki hesab bazarda düz gəlməz.
  • Evlənən bir kərə ox deyir, ölüncə ah deyir.
  • Eyibsiz yar istəyən yarsız qalar.

Ə [ redaktə ]

  • Əl əldən üstündür.
  • Əl əli yuyur, iki əl üzü yuyur.
  • Əmanətə minən tez enər.
  • Ər ər gərək, övrət övrət gərək.
  • Ər ölmüş, qanun ölməmiş.
  • Ərəb doyunca yeyər, türk ölüncə yeyər.
  • Ət ilə dırnaq arasına girən iylənib çıxar.
  • Əvvəl hesab, sonra qəssab.
  • Əvvəl təam, sonra kəlam.
  • Əyri otur, doğru söylə.

G [ redaktə ]

  • Göz tərəzidir.
  • Gözəl arvaddan çirkin ər yaxşıdır.
  • Gözəl nazlı gərək.
  • Gözəlin müştərisi çox olar.
  • Gözü ancaq torpaq doyurar.
  • Gül tikansız olmaz.
  • Gündüz yarasaya gecədir.

H [ redaktə ]

  • Haqq söz açı olar.
  • Haram dadlı olur.
  • Havadakı quşu satma.
  • Heyvanın cəlladı qəssabdır.

X [ redaktə ]

  • Xəbəri uşaqdan al.
  • Xədimin oğlu-qızı olmaz.
  • Xəlbirdə su durmaz.

İ [ redaktə ]

  • İgidim sağ olsun, tapılmayan qız olsun.
  • İgidin yorğunluğu qarnı doyana kimidir.
  • İgidlik on, doqquzu hiylədir.
  • İki gönül bir olarsa, samanlıq da saraydır.
  • İki könüllü olma.
  • İki qarpız bir qoltuğa sığmaz.
  • İki sevgi bir könüldə olmaz.
  • İlanın qisasını kərtənkələdən alma.
  • İnək südünə görə mələr.
  • İnsaf din yarısıdır.
  • İş bacaranındır.
  • İt ağzında sümük tutar.
  • İt dişi donuz dərisinə münasibdir.

K [ redaktə ]

  • Kiminə hay-hay, kiminə vay-vay.
  • Kişiyə əvvəl can gərək, sonra cahan gərək.
  • Köhnə düşmən dost olmaz, köhnə dost düşmən olmaz.
  • Könüldən könülə yol var.
  • Kölgəsində yatacağın ağacı budama.
  • Kül təpəcik olmaz.

Q [ redaktə ]

  • Qar üstündə yatan ölməmiş, un üstündə yatan ölmüş.
  • Qara xəbər yerdə qalmaz.
  • Qapısız ev olmaz.
  • Qardaşdan qarın yaxındır.
  • Qələmin qiymətini yazıçı bilər.
  • Qəribin dostu olmaz.
  • Qılınc yarası sağalar, söz yarası sağalmaz.
  • Qılıncdan qaşıq yaxşıdır.
  • Qış göydə qışlamaz.
  • Qış qılınc kimidir.
  • Qız almaq hasar almaq kimidir.
  • Qızlar tez böyüyər.
  • Qoca qoynunda çörək var, igid qoynunda çomaq var.
  • Qocaları yoxsul bilmə, bay bil.
  • Qonaq qonağı sevməz, ev sahibi ikisini də sevməz.
  • Qonşun kimdirsə, qardaşın odur.
  • Qonşunun eşşəyini doqquz istə, sənin on olsun.
  • Quduzun ömrü qırx gündür.
  • Qurd balası yenə qurd olar.
  • Qurd yanında quş da doyar.
  • Quru gön bit artırar.

M [ redaktə ]

  • Mal kişiyə düşməndir.
  • Mən nə vaxt ölsəm, qiyamət o gün qopar.
  • Məscid yanında məscid yaraşmaz.
  • Min gör, bir al.
  • Min haramdan bir halal yaxşıdır.
  • Min ölç, bir kəs.
  • Müxənnət körpüsündən keçməkdənsə, suda boğulmaq yaxşıdır.

N [ redaktə ]

  • Nakəsə əl açmaqdan ac qalmaq yaxşıdır.
  • Nə çiy ye, nə də qarnın ağrısın.

O [ redaktə ]

  • Od imandandır.
  • Odunsuz ocaq olur, külsüz ocaq olmaz.
  • Oğlum kimi sevsə, gəlinim odur.
  • Oğlun varsa, oöruya gülmə.
  • Oğul ataya görə süfrə yayar.
  • Oynaşına inanan övrət ərsiz qalır.

Ö [ redaktə ]

  • Ölüm haqq işidir.
  • Ölünün dostu olmaz.
  • Öpüb-qucmaqla oğul-qız olmaz.

S [ redaktə ]

  • Sağ baş yastıq istəməz.
  • Sədəqə verən əllər dərd görməsin.
  • Sənə söyləyirəm qızım, sən də eşit gəlinim.
  • Sərçədən qorxan darı əkməz.
  • Sərçəyə civ-civ öyrətmə.
  • Söyləyənə dinləyici gərək.
  • Söz sözü çəkər.
  • Sözü bişirib söylə.
  • Su ilə odun nə oyunu var?
  • Su istəyənindir.

T [ redaktə ]

  • Tutulmayan oğru – bəydən doğru

U [ redaktə ]

  • Ucuzluq səndən, bərəkət Allahdan.
  • Utananın oğlu-qızı olmaz.

Ü [ redaktə ]

  • Üz üzdən qızarar.
  • Üz üzdən utanar.

Y [ redaktə ]

  • Yaxşılıq elə, dənizə burax, balıq bilməsə də, xalıq bilər.
  • Yağlı qazan yağlı qazana girər.
  • Yalançıdan it yaxşıdır.
  • Yanlış Bağdaddan dönər.
  • Yaramaz işin sonu peşmanlıqdır.
  • Yatan ilanın quyruğunu basma.
  • Yeri də qulağı var.
  • Yoxdan tanrı da bezər.
  • Yoxsulun qoyunu toyuqdur.
  • Yuxu yastıq istəməz.
  • Yüyənsiz ata minmə.

İstinadlar [ redaktə ]

  • Ədəbiyyat
  • Kitablar
  • Şifahi xalq ədəbiyyatı

Comments are closed, but trackbacks and pingbacks are open.