Sənaye parkları
6.0.4. sənaye parkının idarə olunması və inkişafı məqsədi ilə səlahiyyətli orqana təkliflər verir;
Ağdamda təməli qoyulan yeni sənaye parkının iqtisadi əhəmiyyəti – ŞƏRH
İşğaldan azad olunmuş Ağdam rayonu kompleks şəkildə yenidən qurulur və bərpa olunur. Burada həm müasir sosial infrastruktur, şəhər və kəndlər smart konsepsiyalar üzrə qurulur, həm də müasir istehsal sahələri yaradılır. Yeni istehsal sahələrinin yaradılmasında o ərazilərin coğrafiyası və iqtisadi potensialı nəzərə alınır.
Bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.
Deputat bildirib ki, 28 mayda Prezident İlham Əliyevin Ağdam rayonuna səfəri çərçivəsində təməli qoyulan Sənaye Parkı, ilk növbədə, oraya qayıdacaq ağdamlıların işlə təminatında xüsusi rol oynayacaq: “Təsdiq olunmuş Baş Plana əsasən, Ağdam şəhəri 100 min insanın yaşaması üçün nəzərdə tutulur. Bu o deməkdir ki, Ağdam şəhərinin böyük sənaye potensialı olacaq və ölkəmizin iqtisadiyyatında mühüm yer tutacaqdır.
Ağdam Sənaye Parkının yaradılması ilə əlaqədar cənab Prezidentin imzaladığı fərmanın 2.1-ci bəndində qeyd olunur ki, Ağdam Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, müasir texnologiyaların tətbiqi yolu ilə sənaye sahəsində rəqabətqabiliyyətli məhsul istehsalı, emalı (təkrar emalı) və satışı, habelə xidmətlər göstərilməsi üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir. Fərmandan da göründüyü kimi, yaradılıcaq sənaye parkı çoxprofilli olacaq. Sənaye müəssisələrindən başlanmış – kənd təsərrüfatı məhsullarının emalı və qablaşdırılmasına qədər, müxtəlif istehsal müəssisələrini özündə cəmləşdirməklə Ağdamın coğrafi yeri nəzərə alınaraq, buranın logistik mərkəzə çevrilməsi nəzərdə tutulur.
Ağdam tarixən şərabları ilə keçmiş sovet ittifaqı miqyasında tanınmış rayon olub. Düşünürəm ki, Ağdam rayonunda müasir üzüm plantasiyaları yenidən salınacaq və istehsal olunacaq üzümün emalı sahələri də sənaye parkında yaradıla bilər. Xüsusi dadı ilə fərqlənən Ağdam şərabını yenidən Ağdamda istehsal etməklə bütün dünyaya tanıda bilərik. Ümumiyyətlə, iqtisadiyyatların gələcəyi sənaye parkları və aqroparklar üzərində qurulur və bu, daha perspektivlidir. Çünki müxtəlif istehsal sahələrinin bir məkanda cəmləşməsi o məkanı infrastrukturla və işçi qüvvəsi ilə təminat baxımından daha əlvərişli edir.
Həm də Ağdam Sənaye Parkının beynəlxalq nəqliyyat dəhlizinin üzərində yerləşməsi bu parkda istehsal olunacaq malların bazarlara nəql edilməsi üçün rahat imkanlar təqdim edir. Ümumiyyətlə, sənaye parkları və aqroparklar bu gün dövlət büdcəsindən vəsaitlər xərclənərək yaradılsa da gələcəkdə dövlət büdcəsinə uzun illər töhfələr verməklə ölkə iqtisadiyyatını rəqabətqabiliyyətli edərək möhkəmləndirəcək”.
Sənaye parkları
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 aprel tarixli Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə” (bundan sonra – Əsasnamə) “Sumqayıt Kimya Sənaye Parkının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 dekabr tarixli 548 nömrəli Fərmanının 7.1.2-ci yarımbəndinə əsasən hazırlanmışdır və dövlət tərəfindən sənaye parklarının yaradılması, idarə edilməsi və onlarda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı məsələləri tənzimləyir.
1.2. Sənaye parklarında “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilməyən, müasir texnologiyaların tətbiqi yolu ilə yüksək rəqabət qabiliyyətli məhsulların istehsalı və xidmətlərin göstərilməsi ilə bağlı sahibkarlıq fəaliyyəti həyata keçirilir.
1.3. Bu əsasnamədə istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.3.1. sənaye parkı – sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura və idarəetmə qurumlarına malik olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabət qabiliyyətli məhsul istehsalı və xidmət göstərilməsi məqsədləri üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazi;
1.3.2. idarəedici təşkilat – sənaye parkının fəaliyyətinin təşkilini, idarə olunmasını və inkişaf etdirilməsini həyata keçirən dövlətə məxsus hüquqi şəxs;
1.3.3. sənaye parkının operatoru (bundan sonra – operator) – səlahiyyətli orqan tərəfindən müsabiqə əsasında seçilən və idarəedici təşkilatla bağlanan idarəetmə sazişi çərçivəsində sənaye parkının idarə olunmasını təmin edən hüquqi şəxs;
1.3.4. sənaye parkının rezidenti – “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatına alınmış, sənaye parkının ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün bu əsasnamə ilə müəyyən edilmiş qaydada sənaye parkının qeydiyyat şəhadətnaməsini almış və operatorla sənaye parkında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqavilə bağlamış hüquqi və fiziki şəxs;
1.3.5. mühəndis-kommunikasiya təminatı sistemi – sənaye parkında obyektlərin istismarı üçün zəruri olan qaz, istilik, rabitə, elektrik, su, kanalizasiya təminatı və tullantı sularının axıdılması vasitələri və qurğuları;
1.3.6. sənaye parkının infrastrukturu – yol-nəqliyyat, sosial, mədəni, ictimai iaşə, inzibati, mühəndis-kommunikasiya təminatı və sənaye parkının fəaliyyət göstərməsini təmin edən digər obyektlərin kompleksi;
1.3.7. sənaye parkının ümumi istifadədə olan əraziləri – sənaye parkının sərhədləri daxilində sənaye parkının infrastrukturunun, küçələrin, meydanların, stadionların, idman meydançalarının və yaşıllıqların yerləşdiyi, habelə ümumi istifadə üçün nəzərdə tutulan digər ərazilər.
1.4. Bu əsasnamə dövlət tərəfindən yaradılan sənaye parklarına şamil olunur.
1.5. Sənaye parkı ixtisaslaşmış və qarışıq profilli ola bilər.
1.6. Bu əsasnamə idarəetmə sazişi qanunla təsdiq edilən sənaye parklarına şamil edilmir.
2. Sənaye parkının yaradılmasının məqsədləri
2.0. Sənaye parkının yaradılmasının məqsədləri aşağıdakılardır:
2.0.1. innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı, xidmətlərin göstərilməsi üçün münbit şəraitin yaradılması və bu sahədə sahibkarlığın dəstəklənməsi;
2.0.2. iqtisadiyyatın, o cümlədən qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi;
2.0.3. ölkənin yerli və xarici investisiyalar üçün əlverişliliyinin artırılması;
2.0.4. əmək qabiliyyətli əhalinin istehsal sahəsində məşğulluğunun artırılması.
3. Sənaye parkının yaradılması
3.1. Sənaye parkı dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlarda yaradıla bilər. Dövlət mülkiyyətində olan torpaq sahələrində sənaye parkının yaradılması haqqında qərar səlahiyyətli orqanın təklifi əsasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edilir. Sənaye parkına xüsusi və bələdiyyə mülkiyyətində olan torpaq sahələri onların mülkiyyətçiləri ilə bağlanılan icarə və ya alqı-satqı müqavilələri əsasında cəlb edilir.
3.2. Sənaye parkının yaradılması haqqında qərarda sənaye parkının yaradılmasının məqsədi, fəaliyyət profili, maliyyələşdirilmə mənbələri, ərazisi, idarə olunması və fəaliyyətinin təşkili ilə bağlı məsələlər müəyyən edilir.
3.3. Səlahiyyətli orqanın sənaye parkının yaradılması haqqında təklifinə aşağıdakı sənədlər əlavə edilir:
3.3.1. sənaye parkının yaradılmasının iqtisadi əsaslandırılması;
3.3.2. sənaye parkının müvafiq ərazisinin iqtisadi, sosial və ekoloji şəraitinin təhlili, maddi və əmək resursları, mühəndis-kommunikasiya və digər infrastrukturla təminat imkanları barədə məlumat;
3.3.3. sənaye parkının təklif olunan fəaliyyət profili, orada həyata keçiriləcək sahibkarlıq fəaliyyətinin növləri və onların xüsusiyyətləri barədə məlumatlar;
3.3.4. sənaye parkının ərazi sərhədlərinin dəqiq təsviri və ərazinin planı, yaradılması təklif olunan sənaye parkında yerləşən torpaqların tərkibi haqqında məlumat, torpaq sahələrinin mülkiyyətçilərinin və torpaq istifadəçilərinin siyahısı;
3.3.5. yaradılması təklif olunan sənaye parkının əsasnaməsinin layihəsi;
3.3.6. sənaye parkının yaradılması ilə əlaqədar tədbirlər planı.
3.4. Sənaye parkının yaradılması üçün ayrılan torpaq sahəsi:
3.4.1. məqsədli təyinatına və hüquqi rejiminə görə sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlara aid olmalıdır;
3.4.2. dövlət əhəmiyyətli, beynəlxalq avtomobil və dəmir yollarına, hava və dəniz limanlarına, habelə mühəndis-kommunikasiya təminatı sistemlərinə çıxış imkanlarına malik olmalıdır;
3.4.3. əşyaların və (və ya) hüquqların yüklülüyündən azad olmalıdır;
3.4.4. Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş əsaslarla həyata keçirilən torpağın məcburi alınması ilə bağlı tədbirlərdən azad olmalıdır;
3.4.5. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə cavab verməlidir.
3.5. Sənaye parkının ərazisi onun fəaliyyəti üçün zəruri olan infrastrukturun (yol, elektrik enerjisi, qaz, su təminatı və s.), işçi qüvvəsinin və digər amillərin mövcudluğu, habelə ərazinin inkişaf perspektivi qiymətləndirilməklə müəyyən edilir.
3.6. Sənaye parkı üçün nəzərdə tutulan dövlət mülkiyyətində olan torpaq sahəsi idarəedici təşkilatın daimi istifadəsinə həmin torpaq sahəsini icarəyə vermək hüququ ilə ayrılır. Sənaye parkı üçün ayrılan torpaq sahəsi yalnız sənaye parkının fəaliyyəti məqsədi ilə istifadə edilir.
3.7. Sənaye parkının fəaliyyət müddəti 30 il təşkil edir. Sənaye parkının fəaliyyət müddəti Azərbaycan Respublikasının Prezidenti tərəfindən uzadıla bilər.
4. Sənaye parkının fəaliyyətinin təşkili, idarə olunması və inkişafı
4.1. Sənaye parkının fəaliyyətinin təşkili, idarə olunması və inkişaf etdirilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə, sənaye parkının əsasnaməsinə və sənaye parkının inkişaf konsepsiyasına uyğun həyata keçirilir.
4.2. Sənaye parkının fəaliyyətinin təşkili, idarə olunması və inkişafı idarəedici təşkilat tərəfindən həyata keçirilir. İdarəedici təşkilat və operator sənaye parkının fəaliyyətinə görə cavabdehdirlər. İdarəedici təşkilat və operator sənaye parkının rezidenti kimi fəaliyyət göstərə bilməz.
4.3. Sənaye parkının daha səmərəli idarə edilməsini təmin etmək məqsədi ilə səlahiyyətli orqanın müsabiqə əsasında operator cəlb etmək hüququ vardır. Operatorun müsabiqə əsasında seçilməsi qaydası səlahiyyətli orqan tərəfindən müəyyən edilir.
4.4. Sənaye parkının operator tərəfindən idarə olunması onunla idarəedici təşkilat arasında bağlanılan idarəetmə sazişi əsasında həyata keçirilir.
4.5. İdarəetmə sazişində bu əsasnamənin müddəaları nəzərə alınmaqla, aşağıdakılar müəyyən edilir:
4.5.1. sənaye parkının fəaliyyətinin təşkili, idarə olunması və inkişaf etdirilməsi üzrə tərəflərin hüquqları, vəzifələri və məsuliyyəti;
4.5.2. sənaye parkının fəaliyyətinin təşkili və idarə olunması ilə bağlı xərclərin və gəlirlərin bölüşdürülməsi qaydası;
4.5.3. idarəetmə sazişinin müddəti;
4.5.4. sənaye parkının infrastrukturunun verilməsi, istismarı və saxlanılması şərtləri;
4.5.5. sənaye parkının infrastrukturuna münasibətdə əmlak hüquqlarının həyata keçirilməsi qaydası;
4.5.6. sənaye parkının ərazisində idarəedici təşkilat tərəfindən yaradılan istehsal sahələrinin operatora verilməsi və onlara münasibətdə əmlak hüquqlarının həyata keçirilməsi qaydası;
4.5.7. tərəflər arasında yaranan mübahisələrin həlli qaydası və Azərbaycan Respublikasının qanunlarına zidd olmayan digər müddəalar.
4.6. Sənaye parkının fəaliyyətinin təşkili məqsədi ilə aşağıdakı tədbirlər həyata keçirilir:
4.6.1. sənaye parkı üçün ayrılmış torpaq sahəsi istifadəyə yararlı vəziyyətə gətirilir;
4.6.2. sənaye parkının infrastrukturu yaradılır;
4.6.3. ofis, konsaltinq, laboratoriya müayinəsi, anbar, ərazinin mühafizəsi, biznes-inkubasiya, treninq, peşə hazırlığı və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlərin göstərilməsi təmin edilir.
4.7. Sənaye parkının ərazisinin planlaşdırılması müvafiq tikinti ərazisi üçün qüvvədə olan ərazi planlaşdırma sənədləri əsasında həyata keçirilir.
4.8. Sənaye parkının Əsasnaməsi səlahiyyətli orqan tərəfindən təsdiq olunur. Əsasnamədə sənaye parkının vəzifələri, orada həyata keçiriləcək sahibkarlıq fəaliyyəti növləri, sənaye parkının müvafiq dövlət və yerli özünüidarəetmə orqanları ilə qarşılıqlı münasibətləri və digər məsələlər müəyyən edilir.
4.9. Sənaye parkının infrastrukturu və sənaye parkının ərazisində idarəedici təşkilat tərəfindən yaradılan istehsal sahələri dövlət mülkiyyəti hesab olunur.
4.10. Sənaye parkının ərazisində sənaye parkının rezidenti tərəfindən yaradılan istehsal sahələri, quraşdırılan avadanlıq və qurğuların rezidentin mülkiyyəti hesab olunur.
4.11. Sənaye parkının rezidentinə icarəyə verilən torpaq sahəsində olan infrastruktur ümumi istifadədə qalır.
5. Səlahiyyətli orqanın funksiyaları
5.0. Səlahiyyətli orqan:
5.0.1. sənaye parkının yaradılması və fəa
liyyəti sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;
5.0.2. sənaye parkının yaradılması və vaxtından əvvəl ləğv edilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidentinə təkliflər verir;
5.0.3. sənaye parkının fəaliyyətinin təşkili, idarə olunması və inkişafı ilə bağlı idarəedici təşkilata köməklik göstərir;
5.0.4. sənaye parkında inhisarçılığa yol verilməməsi üçün tədbirlər görür;
5.0.5. sənaye parkının fəaliyyəti barədə illik hesabat hazırlayır və Azərbaycan Respublikasının Prezidentinə təqdim edir;
5.0.6. istehsal və emal olunan sənaye məhsulları üzrə prioritet istiqamətlərin müəyyənləşdirilməsi ilə bağlı tədbirlər görür;
5.0.7. müsabiqə yolu ilə operator seçir;
5.0.8. bu əsasnamə ilə müəyyən edilmiş digər funksiyaları həyata keçirir.
6. İdarəedici təşkilatın funksiyaları
6.0. İdarəedici təşkilat:
6.0.1. sənaye parkının fəaliyyətinin təşkili, idarə olunması və inkişafı ilə bağlı tədbirlər görür;
6.0.2. sənaye parkının rezidentlərinin qeydiyyatını (reyestrini) aparır, onlara sənaye parkının qeydiyyat şəhadətnaməsini verir;
6.0.3. sənaye parkının ərazisində dövlət mülkiyyətində olan torpaq sahələrini sənaye parkının rezidentlərinə icarəyə verir;
6.0.4. sənaye parkının idarə olunması və inkişafı məqsədi ilə səlahiyyətli orqana təkliflər verir;
6.0.5. sənaye parkının inkişaf konsepsiyasını hazırlayır və səlahiyyətli orqanla razılaşdırmaqla təsdiq edir;
6.0.6. sənaye parkının rezidentləri və onlarla dövlət və yerli özünüidarəetmə orqanları arasında qarşılıqlı fəaliyyəti əlaqələndirir;
6.0.7. sənaye parkının idarə olunması üçün operator seçildiyi halda onunla idarəetmə sazişi bağlayır, operator tərəfindən idarəetmə sazişindən irəli gələn vəzifələrin icrasına nəzarət edir;
6.0.8. sənaye parkının fəaliyyəti və inkişafı barədə yarımillik hesabatları, o cümlədən kənar audit hesabatlarını səlahiyyətli orqana təqdim edir;
6.0.9. dövlət orqanları tərəfindən sənaye parkının rezidentlərində keçirilən yoxlamalarda rezidentlərin dəvəti ilə iştirak edir;
6.0.10. sənaye parkında tikintiyə və tikinti obyektinin istismarına icazənin alınması ilə bağlı sənaye parkının rezidentinin adından təmsilçilik (“bir pəncərə”) funksiyasını yerinə yetirir;
6.0.11. sənaye parkının rezidentləri və onlarla operator arasında mübahisələrin danışıqlar yolu ilə həllinə kömək edir;
6.0.12. bu əsasnamə və idarəetmə sazişi ilə müəyyən edilmiş digər funksiyaları həyata keçirir.
7. Operatorun funksiyaları
7.1. Operator idarəetmə sazişi çərçivəsində:
7.1.1. sənaye parkının hüdudlarında idarəetməni və təsərrüfat fəaliyyətini təşkil edir;
7.1.2. sənaye parkının infrastrukturuna xidmət göstərir, onun normal fəaliyyətini təmin edir, cari və əsaslı təmirini həyata keçirir;
7.1.3. sənaye parkının fəaliyyətini təşviq edir, sənaye parkında istehsalın inkişafı üçün investorları cəlb edir və onlarla danışıqlar aparır;
7.1.4. sənaye parkının rezidenti olmaq istəyən hüquqi və fiziki şəxslərlə niyyət razılaşması bağlayır;
7.1.5. sənaye parkının rezidentləri ilə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqavilə bağlayır;
7.1.6. səlahiyyətli orqanın müəyyən etdiyi qaydada sənaye parkının rezidentlərinin fəaliyyətləri haqqında hesabat-statistik məlumatlar alır, onların fəaliyyətinin monitorinqini həyata keçirir;
7.1.7. sənaye parkında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair sənaye parkının rezidentləri ilə bağlanmış müqavilələrin şərtlərinə əməl olunmasına nəzarət edir, həmin müqavilələr üzrə pozuntuların aradan qaldırılması və vurulmuş zərərin ödənilməsi ilə bağlı tədbirlər görür;
7.1.8. istilik və elektrik enerjisinin, suyun və qazın paylanması, tullantı sularının axıdılması və məişət tullantılarının yığılması xidmətlərini göstərir;
7.1.9. sənaye parkının ərazisində qabaqcıl texnologiyaların, texnika və materialların tətbiqini və istifadəsini təmin edir;
7.1.10. ofis, konsaltinq, laboratoriya müayinəsi, biznes-inkubasiya, treninq, peşə hazırlığı, marketinq, hüquq, logistika, rabitə, mühafizə, ictimai iaşə, təşviqat, xarici iqtisadi əməliyyatlarla bağlı məsləhət xidmətlərinin və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün qadağan olunmayan digər xidmətlərin göstərilməsini bilavasitə və ya müvafiq müqavilələr əsasında təmin edir;
7.1.11. sənaye parkında səlahiyyətli orqanın, idarəedici təşkilatın, habelə digər aidiyyəti dövlət orqanlarının səlahiyyətlərinin həyata keçirilməsi üçün şərait yaradır;
7.1.12. sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, bu əsasnaməyə əməl edilməsi ilə bağlı sənaye parkının rezidentlərinə köməklik göstərir;
7.1.13. sənaye parkının inkişafı ilə bağlı təkliflər hazırlayır, onun inkişaf konsepsiyasını, yerli və xarici investisiyaları cəlb edən proqramları həyata keçirir;
7.1.14. elmi texniki potensialın inkişafı və gücləndirilməsi məqsədi ilə yerli və xarici elm və təhsil müəssisələri ilə əməkdaşlıq edir;
7.1.15. idarəedici təşkilatla əməkdaşlıq edir, onun tələbi ilə fəaliyyəti haqqında məlumatları təqdim edir;
7.1.16. mühasibat uçotunu aparır və statistik hesabatları tərtib edir;
7.1.17. sənaye parkında həyata keçirilən fəaliyyət haqqında yarımillik hesabatı, habelə öz fəaliyyətinin kənar auditor hesabatını səlahiyyətli orqanın müəyyən etdiyi qaydada idarəedici təşkilata təqdim edir;
7.1.18. bu əsasnamə və idarəetmə sazişi ilə müəyyən edilmiş digər funksiyaları yerinə yetirir.
7.2. Operator seçilmədiyi halda bu əsasnamənin operatora dair müddəaları idarəedici təşkilata şamil olunur.
8. Operatorun gəlirləri
8.1. Operatorun gəlirləri aşağıdakı mənbələrdən formalaşır:
8.1.1. sənaye parkının sosial, mədəni, ictimai iaşə, inzibati və istehsal təyinatlı obyektlərinin icarəyə verilməsindən əldə olunan gəlirin “İcarə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hissəsindən;
8.1.2. sənaye parkının idarə olunmasına görə alınan haqlardan;
8.1.3. istilik və elektrik enerjisinin, suyun və qazın paylanması, tullantı sularının axıdılması və məişət tullantılarının yığılması xidmətlərindən;
8.1.4. kreditlərdən, qrantlardan, ianələrdən;
8.1.5. müxtəlif məsləhət, logistika, mühafizə xidmətlərindən və qadağan olunmayan digər mənbələrdən.
8.2. Sənaye parkının sosial, mədəni, ictimai iaşə, inzibati və istehsal təyinatlı obyektləri operator tərəfindən icarəyə verilir.
8.3. Sənaye parkının idarə olunmasına görə haqqa sənaye parkının infrastrukturunun və ümumi istifadədə olan ərazilərinin saxlanılması xərcləri daxildir və bu xərclər sənaye parkının rezidentləri tərəfindən ödənilir. Sənaye parkının idarə olunmasına görə haqq idarəedici təşkilat tərəfindən gəlir və xərclər nəzərə alınmaqla müəyyən edilir.
8.4. Sənaye parkında icarə əsasında istifadə olunan obyektlərin saxlanması xərcləri bu əsasnamənin 8.3-cü bəndində nəzərdə tutulan xərclərə daxil edilmir.
8.5. Bu əsasnamənin 8.3-cü bəndində nəzərdə tutulan xərclərdə (təmizləyici qurğuların istismarı xərcləri istisna olmaqla) sənaye parkının rezidentinin payı onun icarəyə götürdüyü torpaq sahəsinin ölçüsünə görə müəyyən edilir. Təmizləyici qurğuların istismar xərcləri axıdılan suyun həcmindən və çirkləndirmənin miqyasından asılı olaraq sənaye parkının rezidenti tərəfindən ödənilir.
8.6. Operator tərəfindən istilik və elektrik enerjisinin, suyun və qazın topdansatış qiymətlərlə alınması və sənaye parkının rezidentlərinə pərakəndə satış qiymətləri ilə satılması, habelə tullantı sularının axıdılması xidməti Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurası tərəfindən müəyyən edilən tariflərə uyğun olaraq həyata keçirilir.
9. Sənaye parkının rezidentinin fəaliyyəti
9.1. Sənaye parkının rezidenti sənaye parkında sahibkarlıq fəaliyyətini Azərbaycan Respublikasının qanunlarına və operatorla bağladığı müqaviləyə uyğun həyata keçirir.
9.2. Sənaye parkında fəaliyyət göstərmək üçün hüquqi və fiziki şəxslər səlahiyyətli orqanın təsdiq etdiyi nümunəvi formaya uyğun operatorla niyyət razılaşması bağlamalı və bu əsasnamə ilə müəyyən edilmiş qaydada qeydiyyatdan keçərək sənaye parkının qeydiyyat şəhadətnaməsini almalıdırlar. Hüquqi və fiziki şəxslərin sənaye parkının rezidenti kimi qeydiyyatı ilə bağlı qərarın qəbul edilməsi üzrə inzibati icraat “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
9.3. Hüquqi və fiziki şəxslər sənaye parkının rezidenti kimi qeydiyyatdan keçmək üçün birbaşa və ya operator vasitəsilə ərizə ilə idarəedici təşkilata müraciət edirlər. Ərizənin forması və ona əlavə edilən sənədlərin siyahısı səlahiyyətli orqan tərəfindən müəyyən edilir.
9.4. İdarəedici təşkilat ərizəni qeydiyyata alır və ərizəçiyə qeydiyyatı təsdiq edən sənəd (arayış) təqdim edir. İdarəedici təşkilat 3 (üç) iş günü müddətində ərizəçi tərəfindən təqdim olunmuş ərizənin və ona əlavə edilmiş sənədlərin bu əsasnamənin 9.3-cü bəndinin ikinci cümləsinin tələblərinə uyğunluğunu yoxlayır. Ərizədə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan və qeydiyyata almaqdan imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, ərizənin qeydiyyata alındığı tarixdən 5 (beş) iş günündən gec olmayaraq, idarəedici təşkilat tərəfindən həmin çatışmazlıqlar göstərilməklə, bu barədə ərizəçiyə yazılı məlumat verilir.
9.5. Ərizəçi yazılı məlumatı aldığı vaxtdan ən geci 15 (on beş) iş günü ərzində həmin çatışmazlıqları aradan qaldırmalıdır. Bu zaman qeydiyyata alma müddətinin axımı dayandırılır və dayandırılmış müddət qeydiyyata alma prosedurunun ümumi müddətinə daxil edilmir. Ərizəçi çatışmazlıqları aradan qaldırdıqdan sonra qeydiyyata alma müddətinin axımı bərpa olunur.
9.6. Ərizəçi tərəfindən təqdim olunan investisiya layihəsi aşağıdakı meyarlar əsasında idarəedici təşkilat tərəfindən qiymətləndirilir:
9.6.1. investisiya layihəsinin ixtisaslaşmış sənaye parkının profilinə uyğunluğu;
9.6.2. investisiya layihəsinin istehsal (emal) olunan sənaye məhsulları üzrə prioritetlərə uyğunluğu;
9.6.3. məhsul (iş, xidmət) istehsalı (emalı) üzrə müasir texnologiyaların tətbiqi;
9.6.4. investisiya layihəsi üzrə istehsalı nəzərdə tutulan məhsulun (işin, xidmətin) innovasiya və ixracyönlü, habelə rəqabətə davamlı olması;
9.6.5. investisiya layihəsinin sosial, ətraf mühitə və yeni iş yerlərinin açılmasına təsiri;
9.6.6. investisiyanın həcminin səlahiyyətli orqanın müəyyən etdiyi minimal həddə uyğunluğu.
9.7. Ərizəçi tərəfindən təqdim olunan investisiya layihəsinin bu əsasnamənin 9.6-cı bəndində nəzərdə tutulan meyarlara uyğunluğu səlahiyyətli orqanın müəyyən etdiyi qaydaya əsasən idarəedici təşkilat tərəfindən qiymətləndirilir.
9.8. İdarəedici təşkilat təqdim olunan ərizəyə və ona əlavə olunan sənədlərə baxılmasının nəticəsi əsasında ərizənin qeydiyyata alındığı tarixdən 15 (on beş) iş günündən gec olmayaraq ərizəçinin sənaye parkının rezidenti kimi qeydiyyata alınması və ya qeydiyyata almaqdan imtina olunması haqqında əsaslandırılmış qərar qəbul edir.
9.9. Ərizəçinin sənaye parkının rezidenti kimi qeydiyyata alınmasından aşağıdakı hallarda imtina olunur:
9.9.1. ərizəçi tərəfindən təqdim olunan investisiya layihəsi bu əsasnamənin 9.6-cı bəndində göstərilən meyarlara uyğun olmadıqda;
9.9.2. ərizədə və ona əlavə olunan sənədlərdə düzgün olmayan məlumatlar olduqda.
9.10. Ərizəçinin sənaye parkının rezidenti kimi qeydiyyata alınması haqqında qərar qəbul olunduqdan 5 (beş) iş günündən gec olmayaraq ona səlahiyyətli orqanın təsdiq etdiyi formaya uyğun sənaye parkının qeydiyyat şəhadətnaməsi verilir. Hüquqi və fiziki şəxslər sənaye parkının qeydiyyat şəhadətnaməsini aldıqları gündən sənaye parkının rezidenti hesab edilirlər. Sənaye parkının rezidentlərinin reyestrinin aparılması qaydası səlahiyyətli orqan tərəfindən müəyyən olunur.
9.11. Sənaye parkının rezidenti qeydiyyat şəhadətnaməsini aldıqdan sonra 30 (otuz) gün ərzində operatorla sənaye parkında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqavilə və səlahiyyətli orqanın təsdiq etdiyi nümunəvi formaya uyğun idarəedici təşkilatla sənaye parkının ərazisində dövlət mülkiyyətində olan torpaq sahəsinin (sahələrinin) icarə müqaviləsini bağlayır.
9.12. Operatorla sənaye parkının rezidenti arasında sənaye parkında fəaliyyətə dair bağlanan müqavilədə aşağıdakılar öz əksini tapmalıdır:
9.12.1. sənaye parkının ərazisində həyata keçiriləcək sahibkarlıq fəaliyyəti növləri, görüləcək iş və xidmətlər;
9.12.2. sənaye parkının ərazisinə qoyulacaq investisiyanın həcmi, istehsal sahələrinin və digər obyektlərin qurulması və yerləşdirilməsi şərtləri, məhsul (iş, xidmət) istehsalına başlama tarixi;
9.12.3. infrastrukturdan və istehsal sahələrindən istifadəyə, operator tərəfindən göstərilən xidmətlərə görə haqqın məbləği;
9.12.4. müqavilənin müddəti;
9.12.5. tərəflərin hüquqları, öhdəlikləri və məsuliyyəti;
9.12.6. tərəflər arasında yaranan mübahisələrin həlli qaydası.
9.13. Sənaye parkının rezidentinin vəzifələri aşağıdakılardır:
9.13.1. öz fəaliyyətini bu əsasnaməyə və operatorla bağlanmış müqaviləyə uyğun təşkil etmək;
9.13.2. icarə haqlarını və sənaye parkının saxlanılması ilə bağlı xərcləri ödəmək;
9.13.3. bu əsasnaməyə və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq müəyyən edilmiş hesabatları tərtib etmək və aidiyyəti üzrə təqdim etmək.
9.14. Sənaye parkında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqavilə tərəflərin razılaşması ilə müəyyən edilən, lakin sənaye parkının fəaliyyət müddətindən çox olmayan müddətə bağlanılır. Müqavilənin müddətinin bitməsinə 30 (otuz) gün qalmış tərəflərdən biri müqavilənin ləğv edilməsi ilə bağlı digər tərəfə bildiriş təqdim etməmişdirsə, müqavilə həmin müddətə uzadılmış hesab edilir.
9.15. Sənaye parkının rezidenti müqavilədə göstərilən istehsal sahəsinin qurulması, tələb olunan investisiyanın qoyulması, məhsul istehsalına başlanılması ilə bağlı öhdəliklərini müəyyən olunmuş müddətdə icra etmədikdə operator sənaye parkının rezidentinə bildiriş təqdim edir. Bildirişdə sənaye parkının rezidentinə qeyd olunan işlərin başa çatdırılması üçün əlavə olaraq bir ildən çox olmayan müddət təyin edilir.
9.16. Sənaye parkında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair imzalanmış müqaviləyə aşağıdakı hallarda xitam verilir:
9.16.1. müqavilənin müddəti başa çatdıqda;
9.16.2. altı ay əvvəlcədən operatora xəbərdarlıq etməklə sənaye parkının rezidentinin tələbi ilə;
9.16.3. sənaye parkının rezidenti müqavilədə göstərilən istehsal sahəsinin qurulması, tələb olunan investisiyanın qoyulması, məhsul istehsalına başlanılması ilə bağlı öhdəliklərini bu əsasnamənin 9.15-ci bəndinə uyğun olaraq verilən bildirişdə müəyyən olunmuş müddətdə icra etmədikdə operatorun təşəbbüsü ilə;
9.16.4. Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulan digər hallarda.
9.17. Bu əsasnamənin 9.16-cı bəndində göstərilən əsaslarla sənaye parkında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqaviləyə xitam verilməsi torpaq sahəsinin icarə müqaviləsinin, sənaye parkının rezidentinin qeydiyyatının və qeydiyyat şəhadətnaməsinin ləğvinə səbəb olur.
9.18. Bu əsasnamənin 9.16-cı bəndində göstərilən əsaslar üzrə sənaye parkında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqaviləyə xitam verildikdə sənaye parkının rezidenti aşağıdakılardan birini seçməklə mülkiyyətində olan istehsal sahəsinin, avadanlıq və qurğuların müqəddəratını müəyyən edir:
9.18.1. sənaye parkının rezidenti tərəfindən istehsal sahəsinin, avadanlıq və qurğuların özgəninkiləşdirilməsi;
9.18.2. sənaye parkının rezidenti tərəfindən istehsal sahəsinin, avadanlıq və qurğuların sökülərək aparılması və ya məhv edilməsi (utilizasiyası);
9.18.3. istehsal sahəsinin, avadanlıq və qurğuların operator tərəfindən sökülməsi, daşınması və ya məhv edilməsi (utilizasiyası) və həmin işlərlə bağlı xərclərin sənaye parkının rezidenti tərəfindən ödənilməsi.
9.19. İdarəedici təşkilat və sənaye parkının operatoru bu əsasnamənin 9.18-ci bəndində göstərilən məsələlərin həllində sənaye parkının rezidentinə kömək göstərmək vəzifəsini daşıyır.
9.20. Bu əsasnamənin 9.18.1-ci yarımbəndində göstərilən halda istehsal sahəsini əldə edən hüquqi və fiziki şəxslər bu əsasnamənin 9-cu hissəsi ilə müəyyən olunmuş qaydada sənaye parkının rezidenti kimi qeydiyyatdan keçməlidirlər.
9.21. Sənaye parkının rezidenti qeydiyyatına və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair imzalanmış müqaviləyə xitam verilməsindən inzibati qaydada və məhkəməyə şikayət etmək hüququna malikdir.
10. Sənaye parkında stimullaşdırıcı tədbirlər
10.0. Sənaye parkı ilə bağlı aşağıdakı stimullaşdırıcı tədbirlər müəyyən edilə bilər:
10.0.1. vergi və gömrük sahəsində stimullaşdırıcı tədbirlər;
10.0.2. sənaye parkının infrastrukturla təmin edilməsi;
10.0.3. torpaq sahəsinin icarə haqqının aşağı həddində müəyyən edilməsi;
10.0.4. güzəştli kreditlərin verilməsi;
10.0.5. inzibati prosedurların sadələşdirilməsi;
10.0.6. sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün xidmətlərin təşkili;
10.0.7. istilik və elektrik enerjisinin, suyun və qazın satışına, tullantı sularının axıdılmasına və məişət tullantılarının yığılmasına görə güzəştli tariflərin tətbiqi.
11. Sənaye parkının torpaq sahələrindən istifadə
11.1. Sənaye parkının ərazisində dövlət mülkiyyətində olan torpaq sahələri üzərində idarəetmə sənaye parkının fəaliyyəti müddətində idarəedici təşkilat tərəfindən həyata keçirilir.
11.2. Sənaye parkının torpaq sahələrinin istifadə olunması sənaye parkının rezidenti ilə idarəedici təşkilat arasında bağlanılan icarə müqaviləsi əsasında həyata keçirilir.
11.3. Sənaye parkının ərazisində torpaqlar sənaye parkının rezidentlərinə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair imzalanmış müqavilənin müddətinə uyğun olaraq icarəyə verilir.
11.4. Sənaye parkının rezidentinə icarəyə verilmiş torpaq sahəsinin digər şəxslərə subicarəyə verilməsinə və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqavilədə göstərilməyən məqsədlər üçün istifadəsinə yol verilmir.
11.5. Sənaye parkında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair imzalanmış müqaviləyə xitam verilməsi sənaye parkının rezidenti ilə imzalanmış torpaq icarəsi müqaviləsinin ləğvi üçün əsasdır.
12. Sənaye parkında texniki tənzimləmənin xüsusiyyətləri
Sənaye parkında maddi-texniki bazanın, məhsul istehsalının, işlərin görülməsinin və xidmətlərin göstərilməsinin müasir səviyyəsinə uyğunlaşdırılması məqsədi ilə məhsullara, istehsal metod və proseslərinə, şəhərsalma və tikinti, quraşdırma, sazlama, istismar, saxlanma, daşınma, qablaşdırma, etiketləmə və utilizasiya, habelə sanitar-epidemioloji, ekoloji, əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğın və radiasiya təhlükəsizliyi qaydalarına, işlərin görülməsi və göstərilməsinə dair məcburi texniki tələbləri müəyyən edən Azərbaycan Respublikasının texniki normativ hüquqi aktları olmadıqda, “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq analoji beynəlxalq (regional) və dövlətlərarası standartlar, normalar, qaydalar və tövsiyələr tətbiq edilir.
13. Sənaye parkında şəhərsalma və tikinti fəaliyyəti
13.1. Sənaye parkında şəhərsalma və tikinti fəaliyyətinin həyata keçirilməsi üçün qüvvədə olan ərazi planlaşdırma sənədləri tətbiq olunur.
13.2. Sənaye parkında tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsi ilə bağlı qərarın qəbul edilməsi üzrə inzibati icraat Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
14. Birgə sənaye parkı
14.1. Dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlarda birgə sənaye parkı yaradıla bilər. Birgə sənaye parkının yaradılması haqqında qərar dövlət torpaqlarına münasibətdə səlahiyyətli orqanın təklifinə əsasən Azərbaycan Respublikasının Prezidenti, bələdiyyə torpaqlarına münasibətdə müvafiq bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlara münasibətdə xüsusi mülkiyyətçi tərəfindən qəbul edilir.
14.2. Birgə sənaye parkının fəaliyyətinin təşkili və idarə olunması xərcləri dövlətin, bələdiyyənin və xüsusi mülkiyyətçinin iştirak payına uyğun olaraq müəyyən edilir.
14.3. Birgə sənaye parkının fəaliyyətinin təşkili və idarə olunması qaydası səlahiyyətli orqan tərəfindən müəyyən edilir.
15. Sənaye parkının yaradılması və fəaliyyəti ilə bağlı işlərin maliyyələşdirilməsi
Sənaye parkının yaradılması və fəaliyyətinin təşkili dövlət büdcəsinin vəsaiti, idarəedici təşkilatın əldə etdiyi gəlirlər və qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.
16. Sənaye parkının ləğv edilməsi
16.1. Sənaye parkının yaradılması haqqında qərar qəbul edildikdən sonra 5 (beş) il ərzində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair heç bir müqavilə bağlanmadıqda və ya əvvəl bağlanmış müqavilələr qüvvədən düşdükdə, sənaye parkı ləğv edilir.
16.2. Sənaye parkının ləğv edilməsi haqqında qərar qəbul edildiyi tarixdən 1 (bir) ay sonra qüvvəyə minir.
16.3. Sənaye parkının ləğv edilməsi onun idarəedici təşkilatının və operatorunun ləğvinə səbəb olmur. Sənaye parkının ləğv edilməsi onun rezidenti olmuş hüquqi və fiziki şəxslərin həmin ərazidə fəaliyyətlərini davam etdirmələrinə mane olmur.
Comments are closed, but trackbacks and pingbacks are open.