Podrat muüqaviləsində sifarişçinin huquqlari
1.9. Tərəflərin razılığı ilə Sifarişçi material və avadanlıqların bir hissəsinin təchizatını öz öhdəsinə götürdüyü hallarda da Podratçı obyekti Müqavilədə nəzərdə tutulmuş bütün şərtlərlə Sifarişçiyə təhvil verməlidir.
Əsaslı tikintidə podrat müqavilələri haqqında qaydaların təsdiq edilməsi barədə
İnvestisiya prosesində iştirak edən tərəflərin iqtisadi marağını və məsuliyyətlərini artırmaq, müqavilə intizamını möhkəmləndirmək və tikilən obyektlərdə maliyyə vəsaitlərindən səmərəli istifadə edilməsini təmin etmək məqsədi ilə, Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin İqtisadiyyat, Maliyyə, Ədliyyə nazirlikləri ilə razılaşdıraraq təqdim etdiyi «Əsaslı tikintidə podrat müqavilələri haqqında qaydalar» təsdiq edilsin (əlavə olunur).
2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə, respublikanın yerli icra hakimiyyəti orqanlarına, nazirlik, komitə, şirkət, konsern, müəssisə və təşkilatlarına tapşırılsın ki, 1994-cü ildən başlayaraq obyektlərin tikintisində podrat müqavilələrinin tərtib edilməsi üçün bu Qaydaları rəhbər tutsunlar və əvvəllər bağlanmış müqavilələrdə müvafiq dəyişikliklər etsinlər.
3. Əsaslı tikintidə podrat müqavilələrinin yeni qaydalar əsasında tərtib edilməsinə lazım olan metodoloji köməyin təşkili və zəruri izahatlar verilməsi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi həvalə edilsin.
4. Azərbaycan SSR Nazirlər Sovetinin 20 yanvar 1987-ci il tarixli, 23 saylı qərarının I bölməsinin 1, 2, 3, 5, 6, 7, 8, 9-cu bəndləri və II bölməsi, Azərbaycan SSR Nazirlər Sovetinin 4 dekabr 1987-ci il tarixli, 433 saylı qərarı ilə təsdiq edilmiş «Əsaslı tikinti məsələləri üzrə Azərbaycan SSR Hökumətinin tam təsərrüfat hesabına və özünün maliyyələşdirməyə keçirilmiş müəssisə, birlik və təşkilatları barəsində qüvvəsini itirmiş qərarların siyahısı»nın 13-cü bəndi qüvvəsini itirmiş hesab edilsin.
5. Qərarın icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti İşlər İdarəsinin tikinti, inşaat materialları və tikinti sənayesi şöbəsinə həvalə edilsin.
Baş nazir S. HÜSEYNOV
Bakı şəhəri, 7 iyun 1994-cü il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
7 iyun 1994-cü il tarixli, 228 nömrəli qərarı ilə
Əsas tikintidə podrat müqavilələri haqqında Qaydalar
I. Ümumi müddəalar
1.1. Bu «Qaydalar» əsaslı tikintidə podrat Müqaviləsinin bağlanması və onun yerinə yetirilməsinin əsaslarını, sifarişçi və podratçıların hüquq və vəzifələrini, həmçinin iqtisadi maraq və məsuliyyətini müəyyən edir.
Podrat Müqavilələrinin iştirakçıları bu «Qaydaları» və qüvvədə olan digər normativ sənədləri əsas götürürlər.
Dövlət ehtiyacları siyahısına daxil olan obyektlər üzrə bağlanan podrat müqavilələrinin şərtləri Dövlət sifarişi haqqında Əsasnaməyə uyğun müəyyənləşdirilir. Belə obyektlər əsasən müsabiqə yolu ilə paylanır.
1.2. Podrat Müqaviləsi sifarişçi və podratçı təşkilat arasında qarşılıqlı münasibətləri tənzimləyən əsas hüquqi sənəddir.
Podratçı, sifarişçinin tapşırığı ilə, özünün və ya sifarişçinin materiallarından istifadə etməklə, konkret işi müəyyən olunmuş müddətdə mövcud norma və qaydalara, həmçinin müqavilə şərtlərinə uyğun yerinə yetirməyi öz öhdəsinə götürür. Sifarişçi isə görülmüş işi təhvil götürməyi və müəyyən edilmiş müddətdə şərtləşdirilmiş qiymətlə haqqını ödəməyi öhdəsinə götürür.
Tikinti üçün podrat Müqaviləsi əsaslı tikinti və təmir, fəaliyyət göstərən müəssisələrin, bina və qurğuların yenidən qurulması, obyektin yerləşdiyi sahə ilə bağlı olan quraşdırma, sazlama-işəsalma və sair işlərin yerinə yetirilməsi üçün bağlanır.
1.3. Podrat Müqaviləsi üzrə tərəflərin qarşılıqlı münasibətlərinin başlıca prinsipi mövcud hüquqi əsaslar çərçivəsində müstəqillikdir.
Bu prinsip aşağıdakı əsaslar istiqamətində həyata keçirilir:
istehsal təsərrüfat sərbəstliyi:
Podratçı iqtisadi, sosial, ekoloji və digər dövlət norma və qaydalarına əməl edərək istehsalat proqramını formalaşdırır, öz fəaliyyətinin bütün texniki-iqtisadi göstəricilərini işləyib hazırlayır və təsdiq edir;
podrat Müqaviləsinin üstünlüyü:
Podratçı sifarişçilərlə olduğu kimi, təhcizatçılarla, banklarla, layihə təşkilatları və başqaları ilə sərbəst müqavilə (kontrakt) bağlayır;
Podratçı planlaşdırılmış dövr üçün qüvvədə olan qayda və tövsiyələrə uyğun, müqavilədə nəzərdə tutulmuş işlərin maya dəyərinin hesabatını hazırlayır.
İstehsalın gözlənilən real xərclərini, həmçinin gəlir normalarını və bazar şəraitini nəzərə alan Podratçının təklif etdiyi və Sifarişçinin qəbul etdiyi (bir qayda olaraq sövdələşmələrdə) müqavilə qiymətləri tərəflərin razılığı olmadan dəyişdirilə bilməz.
1.4. Tikinti-investisiya fəaliyyətində dövlət tərəfindən bazar münasibətlərinin aşağıdakı amillərinin tənzimlənməsi nəzərdə tutulur:
istehlakçının mənafeyinin hüquqi təminatı, vergiqoyma, maliyyə-kredit siyasəti, //çıxarılıb//, normalaşdırma, sertifikatlaşdırma, standartlaşma, iqtisadi və sanitariya nəzarəti, inhisara qarşı tədbirlər və sair.
1.5. İnvestorlar (sərmayədarlar) özləri və ya onların tapşırığı ilə Azərbaycan Respublikasının vətəndaşları, həmçinin xarici vətəndaşlar və hüquqi şəxslər əsaslı tikinti üzrə Sifarişçi ola bilərlər.
Sifarişçi podrat Müqaviləsi ilə idarəetmə hüququnu investisiya müddətində Sifarişçinin adından çıxış edən və onun marağını gözləyən vəkil edilmiş başqa hüquqi şəxsə və ya vətəndaşa verə bilər.
Podrat Müqaviləsi üzrə Sifarişçi öhdəliklərin tam və ya lazımi səviyyədə yerinə yetirilməməsinə görə podratçı qarşısında əmlak məsuliyyəti daşıyır.
1.6. Mülkiyyət formasından asılı olmayaraq tikinti-quraşdırma, layihə-tikinti və başqa təşkilat və ya müəssisələr, həmçinin tikintinin yerinə yetirilməsində iştirak edən ayrı-ayrı fiziki və hüquqi şəxslər və yaxud öz üzərlərinə işlərin koordinasiya edilməsi funksiyasını götürmüş vasitəçi təşkilatlar Podratçı ola bilərlər.
Tikinti-quraşdırma işlərinin bir hissəsinin yerinə yetirilməsi üçün əgər müqavilədə işin yalnız podratçı tərəfindən yerinə yetirilməsi nəzərdə tutulmamışsa Podratçı, başqa subpodrat təşkilatları cəlb edə bilər. Belə hallarda işlərin müəyyən edilmiş müddətdə, lazımi keyfiyyətlə yerinə yetirilməsi üçün Sifarişçi qarşısında bütün məsuliyyəti Baş Podratçı daşıyır və o subpodratçı qarşısında Sifarişçi kimi çıxış edir.
1.7. Podrat müqaviləsi, müqavilənin məğzindən asılı olaraq tikinti, layihə və axtarış işləri, elmi-tədqiqat və təcrübə-konstruktor işləri müqavilələrinə ayrılır.
1.8. Tikinti təcrübəsində aşağıdakı tip podrat müqavilələri bağlanır:
«tamam-kamal» təhvil müqaviləsi;
ayrıca birbaşa müqavilələr.
1.8.1. Podratçı kompleks işləri və təchizatı yerinə yetirərək, obyektin tikintisinə məsuliyyəti öz üzərinə götürürsə və tikintidə iştirak edən başqa şəxslərə nəzarətçi və Sifarişçi rolundadırsa, bu halda «tamam-kamal təhvil» müqaviləsi bağlanır. Sifarişçi işin bir hissəsini, təchizatı və başqa öhdəlikləri öz üzərinə götürdüyü hallarda da obyektin «tamam-kamal təhvil» verilməsində tam məsuliyyət Podratçının üzərinə düşür.
1.8.2. Podratçı kompleks işin və təchizatın məsuliyyətini öz üzərinə götürürsə, o halda inşaat və mühəndis işlərinin yerinə yetirilməsi, həmçinin avadanlıq və sənaye qurğularının təchizatı və quraşdırılması üçün kompleks müqavilə bağlanır.
Kompleks müqaviləyə əsasən Baş Podratçı, işlərin koordinasiyasını öz üzərinə götürür və həmin işlərə görə Sifarişçi qarşısında məsuliyyət daşıyır.
Obyektdə bütün işlərin başa çatmasına cavabdeh olan Sifarişçi həm də kompleks müqavilədə nəzərdə tutulmuş işlərin digər müqavilələrdəki işlərlə koordinasiyasını da təmin edir.
Kompleks müqavilə bir qayda olaraq, obyektin tikintisinin və təchizatının əsas hissəsini əhatə etdiyi üçün, bu müqaviləyə Baş Müqavilə kimi baxılır.
1.8.3. Tikinti işlərinin avadanlıq və materilla təminatından asılı olmayaraq, ayrıca birbaşa müqavilələr, kompleksin bir hissəsini təşkil edən ayrı-ayrı obyektlərdə müəyyən edilmiş tikinti və ya xüsusi mühəndis işlərinin yerinə yetirilməsi üçün bağlanır.
Ayrıca müqavilələr o vaxt bağlanır ki, tikilən obyektdəki istehsalın texnologiyasının müəllifi (sahibi) Sifarişçi özü olur.
Ayrıca müqavilələrlə Podratçı ancaq özünün birbaşa öhdəliklərinə, özünün gördüyü işə və xidmətlərinə görə məsuliyyət daşıyır, bütövlükdə obyektin (kompleksin) tikintisinin tamamlanması və bütün işlərin koordinasiyasına görə isə bütün məsuliyyət Sifarişçinin üzərinə düşür.
Subpodrat müqavilələr baş podratçı üçün birbaşa müqavilələr hesab olunur.
1.9. Tərəflərin razılığı ilə Sifarişçi material və avadanlıqların bir hissəsinin təchizatını öz öhdəsinə götürdüyü hallarda da Podratçı obyekti Müqavilədə nəzərdə tutulmuş bütün şərtlərlə Sifarişçiyə təhvil verməlidir.
1.10. Müqavilə sənədləri, qüvvədə olan qanunlara və bu Qaydalara uyğun tərtib olunan podrat Müqaviləsindən və bu müqavilənin tərkib hissəsi olan müqavilə əlavələrindən ibarətdir. Tərəflərin razılaşdığı xüsusi şərtlər də müqavilənin tərkib hissəsi hesab olunur.
Əlavələrə lazımi izahlar, dəqiqləşdirmələr, şərhlər smetalar, hesablamalar, texniki və başqa sənədlər, avadanlıq və materiallar haqqında məlumatlar, tikintinin dəyərinin dəyişməsi haqqında hesablamalar və tərəflərin razılığına (qərarına) əsasən başqa sənədlər aid edilir.
1.11. Xarakterinə görə müqavilə şərtləri-ümumi, əlavə və xüsusi şərtlərə ayrılır.
Ümumi şərtlər bütün hallar üçün prinsip etibarı ilə dəyişməz qalır. Tikinti norma və qaydalarının, dövlət standartlarının tələbləri belə şərtlərdir.
Əlavə şərtlərdə tikilən obyektin konkret xüsusiyyətləri və ya mürəkkəb yerli şərait nəzərdə tutula bilər. Belə şərtlərdə həmçinin tikintinin yerinə yetirilməsi ilə bağlı tələblər də əks etdirilir.
Əlavə şərtlər Müqavilənin əsas şərtlərinə zidd olmamalıdır.
Xüsusi şərtlərin məzmununu, işlərin yerinə yetirilməsi zamanı qarşıya çıxa bilən mübahisə və ixtilafların (texniki, maliyyə, sosial-iqtisadi və s.) aradan qaldırılması mexanizmi təşkil edə bilər.
II. Müqaviləqabağı işlər
2.1. Müqaviləqabağı işlər Müqavilənin bağlanmasına qədərki mərhələdir.
2.2. Podratçının podrat bazarına çıxması əsasən onun fəaliyyətinin reklamı yolu ilə həyata keçirilir.
2.3. Podratçı olmaq iddiasında olanlar, bütün potensial sifarişçilərə öz ixtisaslaşma səviyyəsi, maliyyə, istehsal və maddi imkanları haqqında məlumatlar göndərməlidirlər.
Məlumatların tərkibinə aşağıdakılar daxil olmalıdır:
təşkilatın yaranma və inkişafı tarixinin qısa xülasəsi;
təşkilatın yeri və strukturu;
işçilərin sayı və onların ixtisas səviyyələri;
təşkilatın yerinə yetirdiyi işlərin növü, həcmi və imkanları;
təşkilatın xüsusilə yaxşı yerinə yetirdiyi işlərin və xidmətlərin adı;
bu və ya digər tikinti fəaliyyəti növünə görə lisenziyanın olması, onun müddəti və kim tərəfindən verilməsi;
son üç ildə dövlət və digər sifarişçilər üçün təşkilat tərəfindən yerinə yetirilmiş əsas obyektlərin siyahısı;
təşkilat tərəfindən yaxın 2-3 ildə yerinə yetirilə biləcək işlərin maksimum və minimum həcmləri (dəyər ifadəsində).
Belə məlumatlar Sifarişçiyə, ona münasib olan podratçıların seçilməsinə və gələcək podrat müqavilələrinin bağlanmasına imkan verir.
2.4. Sifarişçi, obyektin (müəssisənin, binanın, qurğunun və ya onların növbələrinin) tikintisinin qiymətinin təyin olunması metodlarından asılı olaraq, əsaslı tikinti üçün podrat Müqaviləsinin tipini və onun bağlanması qaydalarını müəyyən edir.
2.4.1. Podrat müqavilələri aşağıdakı formalarda bağlana bilər:
tikinti tamamlanmış layihəyə görə müəyyən edilmiş qəti qiymətə malik olduqda müsabiqə yolu ilə və tenderlərin nəticələrinə görə. Müsabiqənin şərtlərini Sifarişçi müəyyən edir. Bu ənənəvi podrat Müqaviləsi (kompleks Müqavilə), layihələnməsi və tikintisi qısa müddətdə başa gələn sənaye və mülki tikinti obyektləri üçün bağlanır.
Sifarişçi ilə Podratçının (Baş Podratçının) birbaşa danışıqlarına əsasən bağlanan müqavilə. Bu halda müqavilə qiymətinin əsas iki variantı mümkündür:
1-ci variant — Baş Podratçının xərcləri smeta dəyəri, əsaslandırılan artıq xərclər və təminatlı gəlirin cəmi şəklində ödənilir (sabit müqavilə qiyməti).
2-ci variant –- Podratçının tikinti müddətində faktiki xərclərinin (faktiki qiymət üstəgəl zəmanətli gəlir xərcləri) ödənilməsi (açıq müqavilə qiyməti).
Açıq müqavilə qiyməti variantında Podratçı materialların, nəqliyyat xidmətinin və s. qiymətlərinin qalxması ehtimalından sığorta edilmiş olur. Bu halda bütün işlərin gedişinə nəzarət Sifarişçi tərəfindən aparılır. Sifarişçi təsdiq edilmiş artıq xərcləri ödəməli, Podratçının günahı üzündən baş vermiş artıq xərcləri isə rədd etməlidir. İnşası uzun müddətə başa gələn iri, mürəkkəb tikintilərdə və ya tikintinin qiymətini əvvəlcədən dəqiq müəyyən etmək imkanı olmadıqda, habelə inflyasiya prosesinin güclənməsi və qeyri-müəyyənliyi üzündən podratçının ziyana düşmə ehtimalının real olduğu şəraitdə bu variantdan istifadə edilir.
2.5. Podratçı seçildikdən sonra, Müqavilə hazırlanan dövrdə tərəflər ilkin müqavilə bağlaya bilərlər. İlkin müqavilə bağlandıqdan sonra Podratçı öz istehsalat-təsərrüfat fəaliyyətinin planlaşdırılması, iş proqramının təşkili, layihə-smeta sənədlərinin sifarişi texnoloji-təşkilati layihələrin hazırlanması və s. işləri görə bilər, həmçinin müvafiq material və avadanlıqları sifariş edə bilər.
2.6. İlkin müqaviləyə aşağıdakılar daxil edilir:
Sifarişçinin, podratçının və ehtimal olunan subpodrat təşkilatların adları;
obyektin adı və onun haqqında əsas məlumatlar (işin həcmi, qiyməti, tikintinin tikilib başa gəlməsinin təxmini müddəti);
layihə-smeta sənədlərinin və podrat Müqaviləsinin bağlanmasına lazım olan sənədlərin tərkibi, həcmi və təqdim edilməsi vaxtı;
tikinti üçün ayrılan meydançanın hazırlığı haqqında məlumat və meydançanın azad olunması şərtləri;
tikintinin avadanlıq, material və məmulatlarla təmin olunması qaydaları:
podrat Müqaviləsinin bağlanmasının vaxtı və qaydaları, ilkin müqavilənin (razılaşmanın) pozulmasında tərəflərin məsuliyyət dərəcələri.
2.7. İlkin müqavilə (razılaşma) Podratçıya öz partnyorları ilə də belə müqavilələr bağlamasına imkan verir. İlkin müqavilə bank idarələrinə Podratçının fəaliyyəti üçün kredit buraxmaq imkanı verir.
Sövdələşmənin pozula biləcəyi halda, ilkin müqavilədə nəzərdə tutulmuş mülki məsuliyyət tədbirləri, tərəflərin mənafelərini qorumaq və planlaşdırmaq üçün təminat yaradır.
Müqavilə təqdim olunmamışdan əvvəl tərəflərdən biri digərindən hüquqi mötəbərlik şəhadətnaməsi tələb etmək hüququna malikdir. //çıxarılıb//
III. Tikintidə podrat müqaviləsi
3.1. Podrat müqaviləsinin tərkibi onun ayrılmaz hissəsi sayılan əlavə sazişlər, qoşmalar, cizgilər (çertyojlar), təsnifatlar, smetalar, razılaşma protokolları, cədvəllər və s. daxil olmaqla, bütün sənəd və materialların siyahısından ibarət olur.
Müqavilənin mətnində sifarişçinin tapşırığı (işlərin siyahısı, obyektin təsviri) ümumi şəkildə şərh edilir və Müqavilə qoşmalarında aşağıdakı kimi xırdalanır:
Sifarişçi və Podratçının rekvizitləri və tam adları;
işlərin başlanma və qurtarma müddəti;
ödəmə və hesablaşmanın qayda və şərtləri;
işlərin təhvili və qəbulu;
işlərin və materialların keyfiyyətinə nəzarət;
zəmanət və təminat;
götürülən öhdəliklərin yerinə yetirilməsində tərəflərin məsuliyyət dərəcəsi;
müqavilənin pozulması şərtləri və qaydaları;
3.2. Podrat müqaviləsinin məğzi (predmeti)
Podrat müqaviləsinin predmeti tam tikilmiş və istismara hazırlanmış obyekt və obyektin tikintisi üçün lazım olan, yaxud da fəaliyyət göstərən obyektin ehtiyacını ödəyən (onun yenidən qurulması, texniki müsəlləhləşməsi, bərpası və ya təmiri), yerinə yetirilmiş müəyyən iş kompleksi (növü) ola bilər.
3.3. Podrat müqaviləsinin dəyəri
3.3.1. Podrat müqaviləsinin dəyəri Azərbaycan Respublikası Nazirlər Kabinetinin qoyduğu qaydalara müvafiq olaraq tikinti məhsullarının respublika Fövqəladə Hallar Nazirliyinin tövsiyələrinə əsasən hesablanan müqavilə qiymətləri ilə müəyyənləşdirilir. Bu zaman yerli şəraiti nəzərə alan əlavə sənədlərdən də istifadə oluna bilər.
3.3.2. Tikinti məhsullarının aşağıdakı müqavilə qiymətləri olur:
tikintinin başa çatmasına qədər dəyişilməyən, sabit qiymətlər.
İnflyasiya da nəzərə alınmaqla, podratçının gözlənilən bütün risklərini kompensasiya edən vəsaitlər bu qiymətlərdə nəzərə alınır.
Göstərilən vəsaitlərin miqdarı, tərəflərin razılaşdırdığı proqnozlaşdırma əmsalları və indeksləri əsasında müəyyən edilə bilər. Bir qayda olaraq sabit qiymətlər podrat ticarəti nəticəsində müəyyənləşdirilir.
İşin dəyəri sabit qiymətlər əsasında müəyyən olunursa, bu halda Podratçının nəzərdə tutulan xərclərdən artıq xərc tələb etməyə ixtiyarı yoxdur;
müqavilədə nəzərdə tutulmuş işin dəyərini əvvəlcədən müəyyən etmək mümkün olmadıqda açıq müqavilə qiyməti.
Müqavilənin əlavə şərtlərində nəzərdə tutulan obyektiv səbəblərdən asılı olaraq, açıq müqavilə qiyməti dəqiqləşdirilərək artırılıb, azaldıla bilər.
Əlavə xərclərin ödənilməsi məsələsi tərəflərin razılığı əsasında həll olunur. Əgər tərəflər razılığa gələ bilməsələr, məsələ məhkəmə qaydasında həll edilir.
3.3.3. Çoxtərəfli müqavilədə nəzərdə tutulmuş işlərin və xidmətlərin ümumi müqavilə qiymətləri, tam investisiya dövrü nəzərə alınmaqla təyin olunur. Bu zaman iştirakçıların investisiya mərhələləri üzrə yerinə yetirdikləri işlərin və xidmətlərin müqavilə qiymətləri ayrıca göstərilir.
3.3.4. Tikintinin Müqavilədə göstərilmiş dəyəri, əgər bu Müqavilənin əlavə şərtlərində əvvəlcədən qeyd olunubsa, aşağıdakı hallarda dəyişilə bilər:
işin həcmində və məzmununda Sifarişçinin təklifi ilə dəyişiklik edilərsə;
təchizatçısı Sifarişçi olan material və avadanlıqların nomenklaturu dəyişdirilərsə:
Sifarişçinin təklifi ilə tikintinin müddəti artırılarsa;
Sifarişçi və Podratçının ikitərəfli razılığı ilə müqavilənin dəyərində dəyişikliklər edilərsə;
işin gedişi prosesində tikinti materiallarının, konstruksiyaların, avadanlıqların və enerji daşıyıcılarının qiyməti, həmçinin minimum əmək haqqı dəyişilərsə;
Sifarişçidən asılı olan səbəblərdən və ya gözlənilməz hadisələrin təsirindən iş dayanarsa;
müqavilənin yerinə yetirilməsi dövründə normativ və qanunvericilik aktları dəyişilərsə.
3.4. İşlərin yerinə yetirilməsi müddəti
3.4.1. İşlərin yerinə yetirilmə müddətini tərəflər Müqavilədə obyektin təhvil verilməsinin təqvim tarixini və ya obyektin tikilməyə başlanmasından qurtarmasına qədər olan dövrün müddətini göstərməklə, qarşılıqlı razılaşma əsasında müəyyənləşdirirlər.
Müqavilədə göstərilən ilkin işlərdən (bəndlərdən) (məsələn, Sifarişçinin beh köçürməsi, inşaat meydançasının Podratçıya təhvil verməsi və s.) ən gec başlananın vaxtı, tikintinin başlanması vaxtı sayılır.
3.4.2. Podrat müqaviləsində obyektin tikilməyə başlanmasından başa çatmasına qədərki dövr dəqiq göstərilir.
Tərəflərin razılaşdırdığı tikinti işlərinin yerinə yetirilmə qrafikində aralıq müddətlər də nəzərdə tutulur. Əgər tərəflərdən biri qrafikdə nəzərdə tutulan işlərə vaxtında başlamırsa və qrafik pozulursa, digər tərəfin Müqavilədən imtina etmək və ona dəyən zərərin ödənilməsini tələb etmək hüququ var.
3.4.3. Müqavilədə obyektin tikintisi müddətinin ya son həddi (məsələn, obyektin inşasının müddəti, başlanğıc tarixindən təminatla istismara təhvil verilmə tarixinədək 24 aydan artıq olmamalıdır) və ya Müqavilədə nəzərdə tutulmuş bütün işlərin görülüb başa çatmasının dəqiq tarixi (məsələn, «obyekt təminatlı istismara sentyabr ayının 1-də təhvil verilməlidir») göstərilir.
3.4.4. Müqavilədə hər iki tərəfin razılığı ilə iş əsnasında işlərin görülməsi qrafikində dəyişiklik edilməsi lüzumunun yaranması şərtləri də əks etdirilə bilər.
3.4.5. İşlərin yerinə yetirilmə müddətləri günlə, on günlə, ayla və s. ilə göstərilə bilər.
3.4.6. Müqavilədə işin başa çatması vaxtı, şərtləri və işlərin qəbulu qaydaları göstərilir və ümumi halda tikintinin faktiki olaraq başa çatması tarixi və ya tamamlanmış tikinti obyektinin istismara verilməsi üçün qəbul aktının imzalanma tarixi obyektin başa çatma vaxtı hesab edilir.
3.4.7. Çoxtərəfli podrat Müqaviləsində investisiya dövrləri və mərhələləri üzrə iştirakçılar tərəfindən yerinə yetiriləcək işlərin və xidmətlərin başlanmasının və qurtarmasının ümumi vaxtları göstərilir.
3.4.8. Öhdəliyin vaxtından əvvəl yerinə yetirilməsinə görə Podratçıya Sifarişçi tərəfindən əvvəlcədən razılaşdırılmış həvəsləndirici güzəşt və ya mükafat nəzərdə tutula bilər.
3.5. Hesablaşma və ödəmə
3.5.1. Müqavilədə faktiki tamamlanmış işlərin qəbulu və bu işlər üzrə hesablaşma qaydaları, həmçinin tərəflərin razılığı ilə iradların (çatışmazlıqların) aradan qaldırılması müddəti də göstərilir. Müqavilədə konstruktiv elementlər, mərhələlər üzrə görülmüş ayrı-ayrı iş və xidmətlər üzrə də hesablaşmalar nəzərdə tutula bilər.
Müqavilədə maliyyələşdirmənin başqa şərtləri nəzərdə tutulmayıbsa, tərəflər Müqavilədəki işlərin tamamlanması üçün maliyyə vəsaitinin miqdarını və onlardan istifadə qaydalarını razılaşdırırlar.
3.5.2. Müqavilədə Sifarişçiyə kompensasiya ödənişi şərtləri də nəzərdə tutulmalıdır. Bu şərtlər aşağıdakılardır:
ödənişə təqdim olunmuş işlərdə buraxılmış səhvlərin düzəlişi üçün;
Sifarişçiyə vurulmuş ziyan üçün;
görülmüş işlərin qrafikdən geri qalma halları üçün.
3.5.3. Obyektin və (və ya onun bir növbəsinin) təhvil verilməsinə qədərki cari xərclər Podratçının öz vəsaiti və ya bank krediti hesabına da ödənilə bilər. Bank kreditindən istifadə olunduğu halda Müqavilə qiymətinə bu kreditdən istifadə üçün faiz ödəmə xərcləri də əlavə olunur.
Razılaşmaya görə Sifarişçi müqavilə qiymətinin 30 faizi qədər beh vermə yolu ilə, Podratçının ilkin xərclərinin ödənilməsində iştirak edə bilər. Beh (avans) vermə şərtləri (behin miqdarı, köçürülməsi vaxtı və b). Müqavilədə göstərilir.
3.5.4. Görülən işin ödənişi, bir qayda olaraq, obyektin sifarişçi tərəfindən qəbulundan sonra yerinə yetirilir. Müqavilədə başqa ödəniş qaydası da (aralıq hesablaşmaları, beh ödəmə, kredit vermək və s.) nəzərdə tutula bilər.
Adətən aralıq hesablaşmaların dəyəri obyektin tam dəyərinin 95 faizini təşkil edir.
Əgər Müqavilədə başqa müddət nəzərdə tutulmayıbsa, tam hesablaşma, bir qayda olaraq, obyektin bütünlüklə və ya bir növbəsinin, bir buraxılış kompleksinin, yaxud da ayrı-ayrı qurğuların istismara qəbulundan sonrakı bir ay müddətində aparılır. Nağdsız hesablaşma forması, qanunvericilik aktlarının müəyyən etdiyi bank qaydalarına müvafiq olaraq müəyyənləşdirilir. Razılaşmaya görə tərəflərin müqavilədə bank qaydalarının müəyyən etdiyi formalardan hər hansı birini nəzərdə tutmaq ixtiyarları vardır.
3.6. Tərəflərin öhdəlikləri
Müqavilənin məzmunundan və onun yerinə yetirilməsindən asılı olaraq, tərəflərin öhdəlikləri, öhdəliklərin xırdalıqları və icraçıya qarşı qoyulan tələblər sövdələşənlər tərəfindən sərbəst olaraq müəyyən edilir.
3.6.1. Sifarişçinin öhdəlikləri:
tikinti meydançasının hazırlanması;
elektrik və rabitə xətlərinin çəkilməsinə, nəqliyyat yollarının salınmasına müvafiq təşkilatlardan icazə almaq;
tikinti aparılacaq sahə üçün müvafiq təşkilatlardan icazə almaq;
əgər fəaliyyət göstərən müəssisənin yenidən qurulması tələb olunursa, onda yeni texniki vasitələrlə təmin edilmə və genişlənmə işlərinin haqqında məlumat toplamaq;
tikintinin su, qaz, buxar, istilik və elektrik enerjisi ilə təmin edilməsi üçün icazə almaq;
sahənin geodezi yararlığı haqqında məlumat toplamaq;
tikinti işlərinin başlanmasına qədər bankdan özünün ödəmə qabiliyyətini bildirən arayış alıb, Podratçıya təqdim etmək;
Müqavilənin xüsusi şərtlərində nəzərdə tutulmuş, müvafiq təşkilatlar tərəfindən işlərin yerinə yetirilməsi üçün verilən icazə sənədlərini vaxtında Podratçıya çatdırmaq;
müəssisə, bina və qurğuların tikilməsi üçün ayrılmış sahəni (trassı) Baş Podratçıya təqdim etmək, müəyyən edilmiş qaydada təsdiq olunmuş texniki-iqtisadi əsaslandırmanı və işçi layihəni vermək, vaxtlı-vaxtında tikintinin maliyyələşdirilməsi hesabının açılmasını və tikintini fasiləsiz maliyyə vəsaiti ilə təmin etmək, həmçinin yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin dəyərini ödəmək;
təhcizatçısı özü olan avadanlıqların, material və məmulatların, tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi və obyektin təhvil verilməsi müddətləri ilə sıx bağlı olan qrafikə əsasən Podratçıya kompleks şəkildə təhvil vermək;
quraşdırma və ya başqa xüsusiləşdirilmiş təşkilatlarla, o cümlədən sazlama-işəsalma təşkilatları ilə bilavasitə bağladığı Müqavilələrdəki işlərin Podratçı ilə razılaşdırılmış müddətdə yerinə yetirilməsini təmin etmək;
istismara veriləcək obyektləri kadrlarla vaxtında komplektləşdirmək, bu obyektləri xammal və enerji ehtiyatları ilə təmin etmək, obyektlərin avadanlıqlarını sınaq yoxlanışından keçirmək, hazır obyektləri işçi komissiyasının aktı ilə baş podratçıdan qəbul etmək, bu obyektləri baş podratçı və subpodratçılarla birgə işə salmaq və görülmüş işlərə görə haqq-hesab aparmaq;
yeni çəkilmiş elektrik, su, qaz, kanalizasiya, kabel və başqa kommunikasiya xətləri və şəbəkələrinin fəaliyyətdə olan xətlərə və şəbəkələrə qoşulmasını təmin etmək.
Tikinti norma və qaydalarının pozulması halları (tikinti norma və qaydalarından kənarlaşmalar, iradlar) aşkarlandıqda, Sifarişçi həmin halların aradan qaldırılması üçün, lazım gəldikdə isə işlərin dayandırılması haqqında Podratçıya göstəriş verir və bu hallar aradan götürülməyincə işlərin haqqını ödəmir. Kənarlaşmaların (iradların) aradan götürülməsi xərcləri Podratçının hesabına ödənilir.
Yaşayış binalarını, o cümlədən mənzilləri elektrik, qaz və su sayğacları ilə təchiz etdikdən sonra istismara qəbul üçün Dövlət qəbul komissiyasına təqdim etmək.
3.6.2. Podratçının öhdəlikləri:
razılaşdırılmış qiymətə və müddətdə Müqavilədə nəzərdə tutulmuş bütün işləri başa çatdırıb, Sifarişçiyə təhvil vermək;
tikintini təşkilati-texnoloji xarakterli işçi layihə sənədləri ilə təmin etmək;
lazımi material, konstruksiya, hissə, komplektləşdirmə məmulatları və inşaat texnikasının tikinti meydançasına gətirilməsini təmin etmək;
təbiəti mühafizə və yanğına qarşı mübarizə tədbirlərinin həyata keçirilməsini, inşaat meydançası və onun ətrafının təmizliyini təmin etmək;
işin icrasında təhlükəsizlik tədbirlərini təmin etmək;
subpodrat və ya təchizatçı təşkilatlarla müqavilələr bağlanması haqqında Sifarişçiyə məlumat vermək;
Sifarişçinin inşaat meydançasına göndərdiyi yüklərin boşaldılması, qəbulu, saxlanması və qorunmasını, həmçinin bu məqsədlə müvəqqəti bina və qurğuların tikilməsini təmin etmək;
bütün işlər başa çatdıqdan sonra, Sifarişçinin göndərdiyi artıq qalan material və avadanlıqların geri qaytarılmasını təmin etmək;
Müqaviləyə uyğun olaraq təminatlı istismar dövründə (normal istismar etmək şərtilə) aşkar olunmuş qüsurları aradan götürmək.
3.6.3. Yuxarıda sadalanan öhdəliklərdən əlavə, sövdələşən tərəflərin qəbul edəcəyi Müqavilənin mövzusundan və onun yerinə yetirilmə şərtlərindən asılı olaraq Müqavilədə, obyektin layihəsinin işlənilməsi, inşası və istismarı, böyük ölçülü yüklərin yerinə çatdırılması, texnikanın, avadanlığın, inşaat materiallarının, istehsalat tullantılarının inşaat meydançasından kənar edilməsi və s. haqqında da öhdəliklər nəzərdə tutula bilər.
3.6.4. Hər iki tərəfin razılığına əsasən, qəbul edilmiş qanunvericilik aktlarının tələblərindən asılı olaraq, öhdəliklər dəyişilə və ya onlara əlavələr edilə bilər.
Mülki hüquq münasibətlərinin subyektləri və obyektləri
Mülki hüquq münasibətləri. Fiziki şəxslər. Mülki hüquq münasibətlərinin iştirakçılarına bu münasibətlərin subyektləri deyilir, Mülki hüquq münasibətlərinin subyektlərinə fiziki şəxslər, hüquqi şəxslər, dövlət və inzibati-ərazi qurumları daxildir. İstənilən ictimai münasibət kimi mülki hüquq münasibətləri də insanlar arasında əmələ gəlir. İnsanlar bu hüquq münasibətlərində həm ayrıca fərd, həm də mütəşəkkil kollektivlər şəklində çıxış edirlər. Mülki qanunvericilikdə bu ayrıca fərdlər fiziki şəxs adlandırılır.
Hüquq subyektliyi – şəxsin (subyektin) hüquq münasibətlərinin iştirakçısı olması üçün onun sosial-hüquqi imkanını əks etdirir. Hüquq subyektliyinin yaranması, dəyişməsi və xitamı təkcə insanın anadan olması, inkişafı və ölümü faktı ilə deyil, həm də sosial şəraitin müəyyən kompleksi ilə əlaqədardır. Şəxsin hüquq subyektliyinə malik olması üçün maddi və hüquqi təminat lazımdır.
Hüquq subyektliyi, hüquq qabiliyyəti və fəaliyyət qabiliyyətinin məcmusunu təşkil edir. Hüquq qabiliyyəti dedikdə, subyektin mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyəti başa düşülür. Fəaliyyət qabiliyyəti isə subyektin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Mülki hüquq subyektliyi mülki hüquq münasibətlərinin müxtəlif iştirakçıları üçün eyni deyildir. Vətəndaşlarda bu ümumi, hüquqi şəxslərdə xüsusi, dövlət üçün isə universal xarakter daşıyır.
Hüquq subyektliyini subyektiv hüquqla eyniləşdirmək olmaz. Onun mahiyyəti «hüquqda» deyil, qabiliyyətdə əks olunur. Hüquq subyektliyi ilə subyektiv mülki hüquq arasında fərq ondan ibarətdir ki, əgər birincisi subyektin hüquq əldə etmək qabiliyyətini göstərirsə, ikincisi subyektin qanunla müəyyən olunmuş davranış ölçüsüdür.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24 – 42-ci maddələrində mülki hüquq münasibətlərinin subyektlərindən biri olan fiziki şəxslərdən bəhs edilir. Fiziki şəxslər dedikdə, təkcə respublika vətəndaşları deyil, həm də Azərbaycan Respublikasının ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də başa düşülür. Respublikamızda mülki hüquq qabiliyyətinin xarakterik cəhəti ondan ibarətdir ki, bu hüquq qabiliyyəti bütün fiziki şəxslər üçün eyni dərəcədə tanınır və real surətdə təmin edilir.
Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Bəzi normalar hələ doğulmamış uşağın hüquqlarının qorunduğunu nəzərdə tutur. Belə ki, Mülki Məcəllənin 25.3-cü maddəsinə əsasən, vərəsə olmaq hüququ maya bağlandığı andan əmələ gəlir, bu hüququn həyata keçirilməsi isə yalnız doğumdan sonra mümkündür. Fiziki şəxslərin mülki hüquq qabiliyyətinin məzmununa xüsusi mülkiyyətdə əmlaka malik olmaq, yaşayış yeri seçmək, elm, ədəbiyyat, incəsənət əsərlərinin, kəşflərin, ixtiraların, səmərələşdirici təkliflərin müəllifi olmaq, ümumiyyətlə respublika ərazisində istədiyi kimi hərəkət etmək və s. hallar daxildir.
Respublika qanunvericiliyinə uyğun olaraq fiziki şəxslərin hüquq qabiliyyətindən məhrum edilməsi yolverilməzdir.
Fiziki şəxslərin mülki hüququn subyekti sifətində çıxış etməsi üçün mülki hüquq qabiliyyəti ilə yanaşı, fəaliyyət qabiliyyətinə də malik olması vacibdir. Fəaliyyət qabiliyyətinin olub-olmaması hüquq qabiliyyətinin məzmununa təsir göstərmir. Məsələn, fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxs hüquq qabiliyyətini tam saxlayır.
Bütün vətəndaşlar eyni ölçüdə fəaliyyət qabiliyyətinə malik deyil. Qanun insanın intellektual, iradəvi və yetkinlik səviyyəsini, onun öz hərəkətlərini başa düşmək və onlara rəhbərlik etmək qabiliyyətini nəzərə alaraq fəaliyyət qabiliyyətinin müxtəlif dərəcələrini müəyyən edir. Fiziki şəxsin fəaliyyət qabiliyyətindəki fərq qanunvericilik tərəfindən yaş və tibbi əsaslara görə müəyyən olunur.
Fiziki şəxsin mülki hüquqi fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. Bu cür şəxslər hüquqlar əldə etməkdə və həyata keçirməkdə, öz üzərinə müvafiq vəzifələr qoymaq və onları icra etməkdə, habelə öz hərəkətlərinə görə məsuliyyət daşımaqda müstəqildir. Şəxsin tam fəaliyyət qabiliyyətinə malik olması bir sıra sosial və psixoloji hallardan asılıdır.
7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlıların) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır. Mülki qanunvericilik bu yaşda olan şəxslərin də aşağıdakı qruplarını fərqləndirir:
1) 7 yaşından 14 yaşınadək olan məhdud fəaliyyət qabiliyyətli şəxslər;
2) 14 yaşından 18 yaşınadək olan məhdud fəaliyyət qabiliyyətli şəxslər.
Mülki Məcəllənin 29-cu maddəsinə əsasən xırda məişət xarakterli əqdlər istisna olmaqla, 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanların əvəzinə əqdləri onların adından yalnız valideynləri, övladlığa götürənlər və ya qəyyumlar bağlaya bilərlər.
14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanın vurduğu ziyana görə onun valideynləri, övladlığa götürənlər və ya qəyyumları məsuliyyət daşıyırlar.
14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların müstəqil surətdə öz qazancları, təqaüdləri və digər gəlirləri barəsində sərəncam vermək; elm, ədəbiyyat və ya incəsənət əsərlərinə, ixtiralara dair müəllif hüquqlarını həyata keçirmək; qanuna uyğun olaraq kredit idarələrinə əmanət qoymaq və onlar barəsində sərəncam vermək; bir sıra xırda məişət xarakterli əqdləri bağlamaq hüququ vardır. Digər hallarda bu şəxslər əqdləri yalnız öz qanuni nümayəndələrinin – valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yazılı razılığı ilə bağlaya bilərlər.
14 yaşından 18 yaşınadək olan şəxslər vurduqları ziyana görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.
Yetkinlik yaşı çatmayan şəxslərin fəaliyyət qabiliyyəti üçün xarakterik cəhətlərdən biri də budur ki, onların fəaliyyət qabiliyyəti darala və genişlənə bilər. Belə ki, on səkkiz yaşına çatanadək nikaha girməyə qanunun yol verdiyi halda, on səkkiz yaşına çatmamış fiziki şəxs nikaha girdiyi vaxtdan tam fəaliyyət qabiliyyəti əldə edir.
Mülki Məcəllənin 32-ci maddəsinə əsasən spirtli içkilərdən və ya narkotik vasitələrdən sui-istifadə etməsi, habelə qumara qurşanması nəticəsində öz ailəsini ağır maddi vəziyyətə salan fiziki şəxsin fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırıla bilər. Belə şəxsin üzərində himayəçilik təyin edilir. O, yalnız himayəçisinin razılığı ilə başqa əqdlər bağlaya bilər, habelə qazanc, pensiya və digər gəlirlər götürə bilər və bunlar barəsində sərəncam verə bilər. Lakin bu cür fiziki şəxs bağladığı əqdlər üzrə və vurduğu ziyan üçün müstəqil surətdə əmlak məsuliyyəti daşıyır.
Fiziki şəxsin fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasına səbəb olan əsaslar aradan qalxdıqda məhkəmə onun fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasını ləğv edir. Fiziki şəxsin üzərində təyin edilmiş himayəçilik məhkəmənin qərarına əsasən ləğv olunur.
Şəxsin nəinki yaş, habelə psixi vəziyyəti onun fəaliyyət qabiliyyətini müəyyən edə bilər. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər.
Şəxsin, fəaliyyət qabiliyyəti olmayan sayılması üçün hüquqi və tibbi kriteriya lazımdır. Şəxsin öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi (hüquqi kriteriya) ağıl zəifliyi və ya ruhi xəstəlik (tibbi kriteriya) ilə şərtlənir. Bu cür şəxslər üzərində qəyyumluq müəyyənləşdirilir. Onların adından əqdləri həmin şəxsin qəyyumu bağlayır.
Şəxs sağaldıqda məhkəmə onu fəaliyyət qabiliyyətli sayır. Onun üzərində müəyyənləşdirilmiş qəyyumluq məhkəmə qərarına əsasən ləğv edilir.
Mülki qanunvericilikdə fiziki şəxsin hüquqi taleyi ilə bağlı mübahisə doğuran məsələlərdən biri də şəxsin xəbərsiz itkin düşmüş və ya ölmüş elan edilməsidir. Ümumi qaydalara görə, bizim qanunvericilikdə şəxsin xəbərsiz itkin düşmüş elan edilməsi kimi kateqoriyanın olması, mülki hüquq münasibəti subyektlərindən birinin, məsələn, borclunun, ərin (arvadın), digər qohumların və s. olmaması ilə yaranan hüquqi qeyri-müəyyənlikləri aradan qaldırmaq zəruriyyəti ilə əlaqədardır.
Mülki Məcəllənin 40.1-cı maddəsinə əsasən, əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən, məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. Xəbərsiz itkindüşmə faktı müəyyən hüquqi nəticələrə səbəb olur: həmin şəxsin qanuni əmlakının daimi idarə edilməsi üçün qəyyumluq müəyyən edilir; bu əmlak hesabına onun borcları ödənilir; öhdəsində olan şəxslərə dolanacaq xərcləri verilir; əmək qabiliyyəti olmayan ailə üzvlərinin ailə başçısını itirməyə görə pensiya almaq hüququ əmələ gəlir və s.
Xəbərsiz itkin düşmüş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə onun xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında qərarı, habelə onun əmlakının idarə olunması haqqında qərarı ləğv edir.
Əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər.
Mülki Məcəllənin 41.2-ci maddəsinə müvafiq olaraq hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Ölmüş elanetmə halında ölüm günü məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün hesab edilir.
Ölmüş elan edilmiş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə, məhkəmə əvvəlki qətnaməni ləğv edir; ölüm haqqında qeydiyyat ləğv olunur; əgər yeni nikah bağlanmamışdırsa, nikah bərpa olunur. Qayıtma vaxtından asılı olmayaraq, şəxs, onun ölmüş elan edilməsindən sonra əvəzsiz olaraq başqa şəxsə verilmiş əmlakdan qalanının qaytarılmasını tələb edə bilər. Əvəzli əqdlər üzrə əmlak o vaxt qaytarılır ki, həmin şəxs əmlakı əldə edərkən şəxsin sağ olmasını bildiyi sübut edilsin.
Əgər ölmüş elan edilmiş şəxsin əmlakı dövlətə keçmiş və satılmışsa, onda əmlakmın satışından götürülmüş məbləğ ona qaytarılır.
Hüquqi şəxslər və dövlət mülki hüquq münasibətlərinin subyektləri kimi
Mülki hüquq münasibətlərinin subyekti təkcə fiziki şəxslər deyil, həm də təşkilatlar, idarə və müəssisələr ola bilər. Mülki qanunvericilikdə idarə, müəssisə və təşkilatları fiziki şəxsdən fərqli olaraq, hüquqi şəxs adlandırırlar. Hüquqi şəxsin anlayışı Mülki Məcəllənin 43.1-ci maddəsində verilmişdir. Həmin maddəyə əsasən, hüquqi şəxs, qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Göründüyü kimi, hər bir qurum deyil, yalnız aşağıdakı əlamətlərə malik olanlar hüquqi şəxs hesab olunurlar:
1. Təşkilati vahidlik.
Bu o deməkdir ki, hüquqi şəxs tam, vahid təşkilat qismində təşkil edilir. Hüquqi şəxsin təşkilat vahidliyinə malik olması onun nizamnamə və ya əsasnaməsi ilə müəyyən olunur. Hüquqi şəxsin təsisçiləri tərəfindən təsdiq edilmiş nizamnaməsi hüquqi şəxsin təsis sənədidir. Nizamnamədə hüquqi şəxsin adı, olduğu yer, fəaliyyətinin idarə edilməsi qaydası, habelə onun ləğvi qaydası müəyyənləşdirilir. Dövlət büdcəsində olan idarə və müəssisələr, həmçinin, ictimai və s. təşkilatlar həmin növ təşkilatlara dair ümumi əsasnaməyə uyğun olaraq hərəkət edirlər.
2. Ayrıca əmlaka malikolma.
Əgər təşkilati vahidlik çoxlu şəxslərin vahid bir kollektiv halında birləşməsi üçün vacibdirsə, onda əmlak ayrılığı da bu birliyin fəaliyyətinin maddi bazasını əmələ gətirir. Hər hansı bir təşkilat özünün maddi bazasına – torpaq sahələrinə, texniki predmetlərə, daşınar obyektlərə, pul vəsaitlərinə və s. malik olmadan fəaliyyət göstərə bilməz. Bütün bunlar kompleks halında hüquqi şəxsin xüsusi əmlakını təşkil edir və onu digər şəxslərdən fərqləndirir.
3. Müstəqil əmlak məsuliyyəti.
Ümumi qaydaya görə hüquqi şəxsin əmlakının mülkiyyətçiləri və yaxud iştirakçıları onun öhdəliklərinə görə cavab vermirlər, eyni zamanda hüquqi şəxslər də onların öhdəliklərinə görə məsuliyyət daşımırlar. Başqa sözlə, hər hansı bir hüquqi şəxs öz öhdəliklərinə görə müstəqil surətdə mülki-hüquqi məsuliyyət daşıyır.
Hüquqi şəxsin kreditorları öhdəlikdən yaranan tələblə yalnız həmin hüquqi şəxsə müraciət edə bilərlər. Bu tələbə görə çərimə, qanun-vericiliklə müəyyən edilmiş qaydada yalnız hüquqi şəxsin əmlakından alına bilər.
4. Mülki dövriyyədə öz adından çıxış etməsi.
Hüquqi şəxsin mülki dövriyyədə öz adından çıxış etməsi özünü onda göstərir ki, o, öz adından mülki hüquqlar əldə edə və həyata keçirə, habelə vəzifələr daşıya bilər, məhkəmədə iddiaçı və cavabdeh kimi çıxış edə bilər.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.1-ci maddəsinə əsasən hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Bəzi hallarda hüquqi şəxsin marağına uyğun olaraq hüquqi hərəkətləri onun adından etibarnaməyə əsasən, onun təmsilçiləri həyata keçirirlər. Yuxarıda göstərilən maddənin 3-cü bəndinə müvafiq olaraq hüquqi şəxs adından çıxış edən şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vicdanla və ağılla hərəkət etməlidir. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, hüquqi şəxsin təsisçilərinin (iştirakçılarının) tələbi ilə o, hüquqi şəxsə vurduğu zərərin əvəzini ödəməlidir.
Ümumiyyətlə, qeyd etmək lazımdır ki, hüquqi şəxsin mülki dövriyyədə öz adından çıxış etməsi onun ən zəruri əlamətlərindəndir. O, sanki digər əlamətləri özündə cəmləşdirir. Maddi və təşkilati zəmin əsasında yaranaraq, bu əlamət, hüquqi şəxsin müstəqilliyinin və mülki hüquq subyektliyinin son ifadəsidir.
Göstərilən bu dörd əlamətin hamısının birlikdə olması vacibdir. Bu və ya digər təşkilat, idarə və müəssisə göstərilən əlamətlərdən biri-nə belə malik deyilsə, hüquqi şəxs hesab oluna bilməz.
Hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Kommersiya hüquqi şəxsləri qanunla qadağan edilməyən istənilən fəaliyyət növlərini həyata keçirmək üçün zəruri mülki hüquqlara malik ola və mülki vəzifələr daşıya bilərlər. Siyahısı qanunvericiliklə müəyyənləşdirilən ayrı-ayrı fəaliyyət növləri ilə hüquqi şəxslər, yalnız xüsusi icazə (lisenziya) əsasında məşğul ola bilərlər. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir.
Fiziki şəxsdən fərqli olaraq, hüquqi şəxsin fəaliyyət qabiliyyəti hüquq qabiliyyəti ilə eyni zamanda əmələ gəlir. Hüquqi şəxslər xüsusi hüquq qabiliyyətinə malikdirlər. Bu onunla izah edilir ki, hüquqi şəxs öz əsasnaməsi (nizamnaməsi) dairəsində fəaliyyət göstərir. Hüquqi şəxsin fəaliyyət qabiliyyəti dedikdə, onun mülki dövriyyədə müstəqil olaraq çıxış edəbilmə qabiliyyəti başa düşülür. Qanunvericiliyə əsasən, hüquqi şəxsin fəaliyyət qabiliyyəti faktiki cəhətdən onun orqanlarının yaradılması ilə əmələ gəlir. Hüquqi şəxslərin orqanları vahid və kollegial olmaqla iki qrupa bölünür. Dövlət hüquqi şəxsləri vahid rəhbərlik prinsipi əsasında təşkil edilir və adətən bir orqanları olur. Vahid rəhbərliyə hüquqi şəxs olan idarə, müəssisə və təşkilatın direktoru, rəisi və s. misal ola bilər. Kollegial orqanlardan fərqli olaraq onlar təyin edilirlər. Kooperativ, ictimai və digər hüquqi şəxslər isə kollegial orqanlara malikdir. Bu cür tipli hüquqi şəxslərin orqanları onların ümumi yığıncağı tərəfindən təyin edilir. Kollegial orqanlara ümumi yığıncaqdan əlavə, yuxarı orqana tabe olan icra orqanı, nəzarət orqanı olan – təftiş komissiyası və s. misal ola bilər.
Hüquqi şəxsin orqanı onun tərkib hissəsidir. Orqanın nizamnamə ilə müəyyən edilən fəaliyyəti həyata keçirməsi hüquqi şəxsin fəaliyyəti kimi qiymətləndirilir və onun üçün hüquq və vəzifələr yaradır.
Hüquqi şəxsin fəaliyyət qabiliyyəti, həmçinin onun nümayəndəlikləri vasitəsilə həyata keçirilir. Hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və hüquqi şəxsin mənafelərini təmsil və müdafiə edən ayrıca bölməsi nümayəndəlik sayılır. Hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən, nümayəndəlik funksiyalarmı həyata keçirən ayrıca bölməsi filial sayılır.
Nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər.
Hüquqi şəxslərin əmələ gəlməsinin üç üsulu (qaydası) vardır:
1) sərəncam;
2) icazə;
3) təqdimedici normativ üsul.
Sərəncam qaydasında dövlət hüquqi şəxsləri əmələ gəlir. Bunun mahiyyəti ondan ibarətdir ki, hüquqi şəxsin yaranması üçün səlahiyyətli dövlət orqanlarının xüsusi inzibati sərəncamı lazımdır.
İcazə qaydasında yeni hüquqi şəxsin yaradılması təşəbbüsü təşkilatçılara – fiziki və yaxud hüquqi şəxslərə aiddir. Belə hüquqi şəxsin yaradılmasında dövlət orqanının iştirakı həmin hüquqi şəxsin yaradılmasına icazə verməsində ifadə olunur. Burada icazə ya dövlət orqanları, ya da buna səlahiyyəti çatan kooperativ və ictimai təşkilatlar tərəfindən verilir. İcazə qaydasında yaranan hüquqi şəxslərə həmkarlar ittifaqlarını, idman cəmiyyətlərini və s. misal göstərmək olar.
Təqdimedici normativ qaydada hüquqi şəxsin əmələ gəlməsi üçün dövlət orqanlarının sərəncamı və icazəsi lazım deyildir. Belə hüquqi şəxslərin əmələ gəlməsi onunla izah edilir ki, onların yaradılması qabaqcadan xüsusi hüquq normalarında müəyyən olunmuşdur. Dövlət orqanı isə belə hüquqi şəxsin yaradılmasında hüquq normalarına əməl olunmasını yoxlamaq səlahiyyətinə malikdir. Hüquqi şəxslərin əmələ gəlməsinin belə qaydası istər respublikamızda, istərsə də xarici ölkələr-də daha çox yayılmışdır.
Mülki qanunvericilikdə hüquqi şəxsin xitammm iki qaydası göstərilir:
1) yenidən təşkiletmə;
2) təsviyyə, yəni ləğvetmə.
Hüquqi şəxsin yenidən təşkili onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər. Hüquqi şəxsin yenidən təşkiletmə yolu ilə xitamının beş növü vardır:
1) birləşmə;
2) qoşulma;
3) bölünmə;
4) ayrılma;
5) çevrilmə.
Yenidən təşkiletmə qaydasında universal (ümumi) hüquq varisliyi tətbiq olunur, yəni bu zaman hüquq və vəzifələr tam həcmdə yeni təşkil edilmiş hüquqi şəxsə keçir.
Hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir.
Hüquq ədəbiyyatında hüquqi şəxslərin sərəncam, könüllü və məcburi qaydada xitam edilmələri göstərilir. Sərəncam qaydasında bir qayda olaraq dövlət hüquqi şəxsləri xitam edilirlər. Bu, onları təşkil edən dövlət orqanlarının qərarı ilə həyata keçirilir. Məcburi və könüllü qaydada isə kooperativlər, ictimai təşkilatlar və s. xitam edilirlər. Könüllü qaydada hüquqi şəxsin ləğvi həmin təşkilatın ümumi iclasının qərarı ilə, məcburi qaydada hüquqi şəxsin ləğvi isə buna səlahiyyəti olan dövlət orqanlarının qərarı ilə həyata keçirilir. Hüquqi şəxsin mövcudolma müddəti qurtardıqda, o, fəaliyyət həddini aşdıqda, dövlətin mənafelərinə zidd olaraq fəaliyyət göstərdikdə və s. hallarda qanun həmin hüquqi şəxsin ləğv olunması haqqında məcburedici tədbirlər nəzərdə tutur.
Hüquq ədəbiyyatında hüquqi şəxslər bir sıra əsaslara görə növlərə bölünürlər.
Mülkiyyət formasından asılı olaraq hüquqi şəxslər dövlət və xüsusi (qeyri-dövlət) hüquqi şəxslərə bölünür.
Fəaliyyət məqsədlərindən asılı olaraq kommersiya və qeyri-kommersiya təşkilatları fərqləndirilir.
Təsisçilərin tərkibinə görə:
- təsisçiləri yalnız hüquqi şəxslərdən ibarət olan hüquqi şəxslər (ittifaqlar və assosiasiyalar);
- təsisçisi yalnız dövlət olan hüquqi şəxslər (unitar müəssisələr);
- təsisçiləri, hüququn ayrı-ayrı subyektləri çıxılmaqla istənilən hüquqi şəxslər (yerdə qalan bütün hüquqi şəxslər).
İştirakçılarının hüquqlarının xarakterinə görə:
- əmlakı üzərində təsisçilərinin mülkiyyət və yaxud digər əşya hüququna malik olduğu təşkilatlar: dövlət və bələdiyyə unitar müəssisələri, habelə idarələri;
- iştirakçılarının münasibətlərdə öhdəlik hüququna malik olduğu təşkilatlar: təsərrüfat şirkətləri və cəmiyyətləri, kooperativlər;
- iştirakçılarının münasibətlərdə əmlak hüquqlarına malik olmadıqları təşkilatlar: ictimai birliklər, dini təşkilatlar, fondlar və hüquqi şəxslərin ittifaqları.
Təşkilatların əşya hüquqlarının həcminə görə:
- əmlak üzərində əməli idarəetmə hüququna malik olan hüquqi şəxslər: dövlət idarə və müəssisələri;
- əmlakı üzərində təsərrüfatçılıq aparmaq hüququna malik olan hüquqi şəxslər: dövlət və bələdiyyə unitar müəssisələri;
- əmlakı üzərində mülkiyyət hüququna malik olan hüquqi şəxslər – bütün digər hüquqi şəxslər.
Təşkiletmə qaydasına görə hüquqi şəxslər könüllü (təsisçilərin iradəsi ilə) və sərəncam qaydası ilə (mülkiyyətçinin və ya idarəetmə orqanının qərarı üzrə) yaradılan hüquqi şəxslərə bölünürlər.
Hüquqi vəziyyətinə görə hüquqi şəxslər milli və xarici hüquqi şəxslərə bölünürlər. Ölkə daxilindəki hüquqi şəxslər milli qanunvericiliyə uyğun olaraq yaradılır və fəaliyyət göstərirlər. Xarici hüquqi şəxslər isə, xarici ölkələrin qanunvericiliyinə əsasən, yaradılırlar. Lakin onlar öz fəaliyyətlərini milli qanunvericiliyə əsasən, həyata keçirirlər.
Mülki Məcəllənin 43-cü maddəsinin 3-cü və 4-cü bəndlərinə əsasən, Azərbaycan Respublikası və bələdiyyələr mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edirlər. Bu hallarda onların səlahiyyətlərini onların hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər.
Dövlət mülki hüquq münasibətlərinin iştirakçısı kimi hüquq subyektliyinə, yəni hüquq və fəaliyyət qabiliyyətinə malikdir. Lakin digər subyektlərdən fərqli olaraq bu hüquq qabiliyyətinin özünəməxsus xüsusiyyətləri vardır. Bu, onunla izah olunur ki, dövlət ümumi hüququn əsas subyekti olmaqla hakimiyyətin daşıyıcısıdır. Bu xüsusiyyət dövlətin mövcud suverenliyində ifadə olunur.
Suverenlik daxili və xarici ifadəyə malikdir. Öz ərazisi hüdudlarıda dövlət ən ali hakimiyyəti təcəssüm etdirir. Heç kəs dövlətin daxili işlərinə qarışa bilməz.
Dövlətin suverenlik xüsusiyyəti onu mülki hüququn xüsusi subyektinə çevirir. Bu mənada:
- dövlət özü mülki hüququn digər bütün subyektləri üçün məcburi olan qanunlar qəbul edir;
- dövlət digər tərəfin iradəsindən asılı olmayaraq mülki hüquq münasibətləri əmələ gətirən inzibati aktlar qəbul edir;
- dövlət bərabərlik əsasında qurulan mülki hüquq münasibətlərində iştirak etdikdə belə, hakimiyyət funksiyasını saxlayır;
- dövlət immunitetdən istifadə edir.
Mülki hüquq münasibətlərinin obyektləri
Mülki hüquq münasibətlərinin mühüm ünsürlərindən biri də bu münasibətlərin obyektləridir. Mülki hüquq münasibətlərinin obyektləri dedikdə, bu hüquq münasibətlərinin nəyə qarşı yönəldiyini başa düşmək lazımdır. Mülki hüquq subyektlərinin öz aralarında hüquq münasibətlərinə daxil olmalarına səbəb olan maddi və mənəvi nemətlər mülki hüquq münasibətlərinin obyektləri adlanır. Belə nemətlərin (obyektlərin) dairəsi olduqca geniş və müxtəlifdir. Mülki Məcəllənin 4-cü maddəsinə uyğun olaraq əmlak və ya qeyri-əmlak dəyəri olan, qanunvericiliklə mülki dövriyyədən çıxarılmamış maddi və ya qeyri-maddi nemətlər mülki hüquq münasibətlərinin obyektləri ola bilərlər.
Mülki hüquq münasibətlərinin obyektlərinə aşağıdakılar daxildir:
1) əşyalar;
2) yaradıcılıq fəaliyyətinin nəticələri;
3) işlər və xidmətlər;
4) qeyri-maddi nemətlər.
Mülki hüquq münasibətlərinin obyektləri içərisində əşyalar xüsusi yer tutur. Bu, mülki dövriyyədə onların daha çox yayılması və mülkiyyət hüquq münasibətlərinin əmələ gəlməsinə səbəb olması ilə əlaqədardır.
Əşyalar insanlar arasındakı münasibətlərə görə müəyyən edilən zahiri maddi predmetlərdir. Mülki Məcəllənin 135.1-ci maddəsinə, əsasən yalnız fiziki obyektlər əşya sayılırlar. Əşyalar maddi və mənəvi mədəniyyətin predmeti kimi insan əməyinin məhsulu, yaxud da təbiətin özü tərəfindən yaradılmış və insanların öz həyat fəaliyyəti üçün istifadə etdiyi – torpaq, faydalı qazıntılar, bitkilər və s-dən ibarətdir. Mülki hüquq münasibətlərinin obyekti kimi əşyaların ən mühüm əlaməti insanların bu və ya digər tələbatlarının ödənilməsində özünü göstərir.
Hüquq ədəbiyyatlarında əşyalar öz təyinatına, iqtisadi xarakterinə və əlamətlərinə görə aşağıdakı kimi təsnifləşdirilir:
1) istehsal vasitələri və istehlak predmetləri;
2) daşınar və daşınmaz əşyalar;
3) dövriyyədən çıxarılmamış, dövriyyəsi məhdudlaşdırılmış və dövriyyədən çıxarılmış əşyalar;
4) istehlak edilən və istehlak edilməyən əşyalar;
5) fərdən və cinsən müəyyən edilən əşyalar;
6) bölünər və bölünməz əşyalar;
7) əsas və yardımçı əşyalar;
8) cüt və tək əşyalar;
9) bəhər, gəlir və məhsul.
Mülki hüquq ədəbiyyatlarında əşyaların canlı və cansız əşyalara bölünməsi qəbul edilsə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.3-cü maddəsində göstərilir ki, bitkilər və heyvanlar əşya deyildir. Onların hüquqi vəziyyəti xüsusi qanunlarla müəyyənləşdirilir. Əgər qanunvericilikdə ayrı qayda müəyyənləşdirilməyibsə, əşyaların hüquqi vəziyyəti bitkilərə və heyvanlara şamil edilir.
Ümumiyyətlə, əşyaların təsnifatı aparılarkən hər bir əşyanın özünəməxsus hüquqi vəziyyəti müəyyən olunur. Əşyaların hüquqi vəziyyəti dedikdə, mülki hüquq münasibətlərinin obyekti kimi əşyaların əldə olunmasını, onlardan istifadə edilməsini və onlar üzərində sərəncam verilməsini tənzim edən hüquq normalarının məcmusu başa düşülür.
Əşyaların xüsusi qrupunu pul və qiymətli kağızlar təşkil edir. Mülki hüquq münasibətlərinin obyekti kimi pulun əsas xüsusiyyəti onun ümumi əvəzedici olması və bu xüsusiyyətinə görə digər əşyalardan əhəmiyyətli dərəcədə fərqlənməsindən ibarətdir. Başqa sözlə, əgər qanun qadağan etmirsə, yaxud da kreditorun buna etirazı yoxdursa, istənilən əmlak borcunu praktiki olaraq pul ilə ödəmək olar.
Öz təbiətinə görə pullar cinsən müəyyən edilən, əvəz olunan və bölünər əşyalara aid edilir. Bunlar öz təbii xüsusiyyətlərinə və xüsusi mal dəyərinə görə yox, onda ifadə olunan pul məbləğinə görə digər cinsən müəyyən edilən əşyalardan fərqlənir.
Azərbaycan Respublikasında rəsmi pul vahidi manatdır. Manat respublikanın bütün ərazisində nominal dəyərinə görə müəyyən edilən, qanuni ödəmə vasitəsidir. Dövriyyədə olan pulların tədavülə buraxılması və tədavüldən götürülməsi hüququ, yalnız Azərbaycan Respublikası Milli Bankına məxsusdur. Respublika ərazisində xarici valyutanın əldə edilməsi və istifadəsi yalnız qanunvericiliklə müəyyən edilən qaydada mümkündür.
Mülki dövriyyədə istifadə olunan materiallar içərisində qiymətli kağızlar da mühüm yer tutur. Qiymətli kağızlar özündə əmlak hüquqlarının vacib şərtlərini əks etdirən, müəyyən formada yerinə yetirilməsi ilə təsdiq edilən və yalnız təqdim olunması ilə həyata keçirilən qiymətli sənədlərə deyilir.
Mülki hüquqda qiymətli kağızların üç növü fərqləndirilir:
- Təqdimedici (adsız) qiymətli kağızlar;
- Adlı qiymətli kağızlar;
- Orderli qiymətli kağızlar.
Təqdimedici qiymətli kağızlar dedikdə, təqdim olunması ilə icra edilən və orada göstərilmiş hüquqların konkret olaraq kimə məxsus olması qeyd edilməyən kağızlar başa düşülür. Onlara səhmlər, lotereya, adsız istiqrazlar, özəlləşdirmə çekləri və s. daxildir.
Adlı qiymətli kağızlar müəyyən şəxsin adına yazılmış qiymətli kağızlardır. Yəni kağızda adı qeyd olunan şəxsin özü və ya onun nümayəndəsi tərəfindən təqdim olunduqda orada göstərilən hüquqlar həyata keçirilə bilər. Adlı qiymətli kağızlara əmanət kitabçaları, adlı istiqrazlar və s. misal ola bilər.
Orderli qiymətli kağızlarda isə icranın kimin üçün yerinə yetirilməsi göstərilir. Bu qiymətli kağızlara veksellər, konosamentlər və s. aiddir.
Mülki hüquq münasibətlərinin böyük bir hissəsi yaradıcılıq fəaliyyətinin nəticələri – elm, ədəbiyyat, incəsənət əsərləri, kəşf, sənaye nümunələri və i.a. yaradılması və istifadəsi ilə əlaqədar əmələ gəlir. Yaradıcılıq fəaliyyətinin bu məhsulları əqli mülkiyyətin obyektini təşkil edir. Əqli mülkiyyət – bu, şərti ümumiləşdirilmiş anlayış olub, Azərbaycan da daxil olmaqla bir çox ölkələrin qanunvericiliklərində və beynəlxalq konvensiyalarda istifadə olunmaqla əqli, hər şeydən əvvəl yaradıcılıq fəaliyyətinin nəticələrinə olan xüsusi hüquqların məcmusunu ifadə edir.
Yaradıcılıq fəaliyyətinin nəticələri əşyalardan fərqli olaraq özündə qeyri-maddi nemətləri əks etdirir. Belə ki, elm, ədəbiyyat, incəsənət əsərləri – yeni ideyaların, obrazların, anlayışların məcmusu; ixtira, faydalı nümunə və səmərələşdirmə təklifləri – məsələlərin texniki həlli; sənaye nümunələri – məmulatların xarici görünüşlərinin bədii-konstruktor həllini və s. əks etdirir. Onlar mülki hüquq münasibətlərinin obyekti onda ola bilərlər ki, digər şəxslərin onları mənimsəmələrini təmin edən hər hansı bir obyektiv formada ifadə olunsunlar. Belə ki, ədəbiyyat əsərləri əlyazma şəklində mövcud ola bilər, maqnit lentinə yazıla bilər və i.a; ixtira çertyojlar, sxemlər formasında ifadə oluna bilər və i.a.
Yaradıcılıq nəticəsinin maddi daşıyıcıları (əlyazma, maqnit lentinə yazılma, çertyoj və i.a.) əşyalar kimi digər şəxslərin mülkiyyətinə verilə bilər, sərf oluna bilər və i.a. Yaradıcılıq fəaliyyətinin həmin nəticələri qeyri-maddi nemətlər olmaqla onun müəlliflərinin razılığına əsasən digər şəxslər tərəfindən ancaq müəllifliyi saxlanılmaqla istifadə oluna bilər (qanunda nəzərdə tutulan hallar istisna olmaqla).
Mülki hüquq münasibətlərinin obyektinə yaradıcılıq fəaliyyətinin nəticələri ilə yanaşı, digər fəaliyyətlərin nəticələri də daxildir. Belə ki, podrat müqaviləsinin predmetini podratçının sifarişçi üçün yerinə yetirdiyi işin nəticələri təşkil edir. Podrat müqaviləsində və podrat tipli digər müqavilələrdə nəticə maddi forma alır, yəni yaradılmış, təmir olunmuş, hazırlanmış əşyalarda maddiləşdirilir. Bu nəticə həmin fəaliyyətlərdən ayrılmaqla mülki hüquq münasibətlərinin müstəqil obyekti hesab oluna bilər.
Mülki hüquq münasibətlərinin xüsusi qrupunu qeyri-maddi nemətlər təşkil edir. Qeyri-maddi nemətlər dedikdə, qüvvədə olan qanunvericiliklə nəzərdə tutulan və mühafizə edilən, şəxsiyyətdən ayrılması qeyri-mümkün olan və iqtisadi məzmuna malik olmayan nemət və azadlıqlar başa düşülür. Onlara həyat və sağlamlıq, şərəf və ləyaqət, şəxsi toxunulmazlıq, işgüzar nüfuz, şəxsi və ailə sirri, ad, müəlliflik hüququ və s. qeyri-maddi nemətlər daxildir.
- Teqlər:
- fiziki şəxs
- , hüquqi şəxs
- , mülki hüquq
Comments are closed, but trackbacks and pingbacks are open.