Xalq şairi Qabilin Nəsimi si – Bahar Bərdəli
Sabir təkbaşına xalqın bəsiydi.
Qabil nəsimi poeması
Qabil � 85
Əbədiyaşar sənətkar
Ulu Nəsimiyə doğru can atdı ,
Bir ustadsayağı heykəl yaratdı .
Çağdaş Azərbaycan şeirinin görkəmli nümayəndələrindən biri olan xalq şairi Qabilə ünvanlanan bu misralar böyük sənətkarımıza məhəbbətdən yoğrulan , istəkdən qaynaqlanan əvəzsiz bir ədəbi qənaət , reallığı dəqiqliklə əks etdirən bədii kəlamdır .
Qürur hissi ilə deyə bilərik ki , Qabil haqqında fikirləşəndə öncül yer tutan onun təmizlik , obyektivlik , doğruluq , ədalətlilik . və özünün dediyi kimi qibləgahı həqiqət məramlı bir şəxsiyyət bütövlüyü ilə gözümüzün qabağında canlanır .
O, şəxsiyyət bütövlüyü ilə seçilən elə böyük sənətkarlarımızdandır ki , bu onun yaradıcılığında da öz ifadəsini tapırdı .
İlhamlı şair gözəl lirik , epik-dramatik şeirləri ilə yanaşı , hər cəhətdən tamamlanmış poemaları oxucular tərəfindən həmişə hərarətlə qarşılanmışdır . Elə buna görə də Qabilin əsərləri həmişə oxunur , əzbərlənir , ən mötəbər tədbirlərdə həm qabilsevərlər tərəfindən , həm də görkəmli qiraət ustaları tərəfindən şövqlə səsləndirilir .
Eyni zamanda xalq tərəfindən həmişə sevilən Qabil bütün yaradıcılığı ilə dillər əzbəri olan ” Səhv düşəndə yerimiz “, ” Bakılı “, ” Çörək “, ” Təmizlik “, ” Gülləbaran eylədilər “, ” Nəsimi bazarında “, ” Beşiyimdir-məzarımdır o mənim “, ” Dağlar “, ” Azərbaycan torpağı “, ” Göy göl “, ” Mübarəkdir Qız qalası “, ” Məhəbbət deyil “, ” Küləkli havalarda , yağışlı havalarda “, ” Türkün qəbri “, ” Ümid sənədir ancaq “, ” Gedən yerim olaydı “, ” Əslində “, ” Sənə qurban ” kimi qeyri-adi şeirləri və ” Nəsimi ” kimi fəlsəfi-psixoloji , epik-dramatik , fundamental poeması ilə əbədiyyət qazanmışdır .
Onun 1969-cu ildə yazdığı və xalq tərəfindən rəğbətlə qarşılanmış ” Səhv düşəndə yerimiz ” şeiri isə ictimai siqləti ilə o qədər məşhurlaşdı ki , mükalimə mövzusu kimi hər evə , müəssisə və təhsil ocaqlarına ayaq açdı . Altı bənddən ibarət bu şeir poetik kəşf sayıldı və Qabilin yaradıcılığında yeni üfüqlər açıldı .
Qabili yaxşı tanıyan oxucular gözəl bilirlər ki , o daim klassikləri , xüsusilə Allaha , gözəlliyə , həqiqətə qovuşmaq yolunda hər cür fədəkarlığa can atan Nəsimini necə məhəbbətlə sevmiş , oxumuş , onu öyrənməkdən mənəvi bir zövq almışdır . Onun ” Nəsimi”si məhz bu baxımdan daxili sevgiyə canlı bir misaldır . Söz sənəti və ya Nəsimi Qabil üçün ən müqəddəs səcdəgah , qibləgah olmuşdur .
On il ərzində işlədiyi poemasında Qabil , sözün həqiqi mənasında , böyük mütəfəkkir və dahi şairimiz İmadəddin Nəsiminin daxili , fiziki-mənəvi aləminin açarını tapmışdır . Nəticədə Qabilin ” Nəsimi”sində mərdlik , bahadırlıq pafosu , ölməzlik əzmi olduqca güclü şəkildə verilmişdir . Onun tarixi və lirik qəhrəmanı Nəsimi özünə inamda və fəlsəfi idrakında qətiyyətlidir , mənəvi kefiyyətləri ilə əbədiyaşardır .
Bunu humanist, mütəfəkkir , dahi Nəsimi bilirdi ki , özlüyündə gizli tilsimləri ilə əbədidir və bunun təsdiqi kimi bir şeirində də demişdir :
Mən ol tilsimi pünhan ki,
bu gün cahana gəldim,
Əzəli nişansız idim,
əbədi nişanə gəldim.
Nəsimi kimi böyük bir şəxsiyyətin qayə və ideallarını hərtərəfli öyrənmək, araşdırmaq və təhlildən keçirib poetik dillə tərənnüm etmək nə qədər çətin olsa da, xalq şairi Qabil 1973-cü ildə şərəflə “Nəsimi” poemasını bitirdi və xalqın ixtiyarına verdi.
Çox keçmir ki, “Nəsimi” poeması poeziyamızın əlamətdar hadisələrindən biri sayılır və Dövlət mükafatına layiq görülür.
“Nəsimi” poemasının uğurunu görkəmli alim, professor Tofiq Hacıyev belə qiymətləndirir:
” Qabil Füzulini daha yaxşı bilirdi . Hesab edirəm ki, Qabili cəlb edən Nəsiminin tarixi iradəsi məslək döyüşçüsü olması olub. Ölümlə üz-üzə durarkən də Nəsimi qayəsini dəyişmədi. Əli Kərim demişkən, qaşlarını bir vergül qədər çatmadı. Bu xasiyyət Qabilin yaradıcılıq tərcümeyi-halına doğmadır. Bədii yaradıcılığında Qabil məslək adamıdır. Qabil içdən gələn duyğuları ilə dərk edirdi ki, siyasi satqınlığın, ictimai yaltaqlığın baş alıb getdiyi zaman cəmiyyətə bir Nəsimi iradəsi, bir Nəsimi faktoru gərəkdir.
Ona görə də Füzulini yox , məhz Nəsimini seçdi . Həm də onun yaradıcılıq məhsulu ədəbiyyatşünaslıqda səciyyələnən tipdə adı poema janrı deyil. Qabilin poeması dastançılıq cizgiləri ilə dolğunlaşır və Qabilin Nəsimisi qəhrəmanlıq dastanının obrazıdır, poema dastan epikliyi ilə səciyyələnir.”
Xalqın bir çox alim, şair və ziyalıları “Nəsimi” poeması barədə çox qiymətli fikirlər söyləmişlər.
Bəkir Nəbiyev , B.Vahabzadə , N.Xəzri , Əliağa Kürçaylı , Əli Səmədli , Elçin Əfəndiyev , Məmməd Cəfər Cəfərov , Fikrət Sadıq , Anar , Əmir Mustafayev , Abbas Abdulla, Cabir Novruz, Vaqif Yusifli, İsa İsmayılzadə, Nüsrət Kəsəmənli, Sabir Rüstəmxanlı, Qürbət Əziz və bir çox başqaları “Nəsimi” poemasının böyük əhəmiyyətindən, Qabil təxəyyülündən, onun daxili aləmindəki mərdlik, bahadırlıq pafosu və ölməzlik əzminin ştrixlərindən və bir çox məziyyətlərindən danışaraq onun bizdə öz keçmişimizə, ümumən ədəbiyyatımıza, xalqımızın qəhrəmanlığına, eyni zamanda azadlıq uğrunda apardığı mübarizəyə dərin bir məhəbbət oyatdığını, xarici istilaçılara, mənfur düşmənlərimizə qarşı amansız olmağa çağırdığını, Vətənimizi, xalqımızı daha da dərindən sevdiyini çox tutarlı faktlar və misallarla təhlil edib, poemanın Dövlət mükafatına layiq görülməsini əsaslandıraraq alqışlamışlar.
Xalq şairi Qabilin 70 illik təntənəli yubiley gecəsində ümummilli lider Heydər Əliyev sevimli şairimizin mənəvi kefiyyətlərini və onun “Nəsimi” poemasının əbədi dəyərini belə qiymətləndirmişdir: “Qabilin Nəsimi haqqında yazdığı mənzum roman mənim yaxşı xatirimdədir. Doğrudan da, o çox böyük iş idi və Qabil bu işi gördü. Bu həqiqətən, Dövlət mükafatına layiq bir əsərdir. Çünki Nəsimi haqqında belə böyük, sanballı, dərin fəlsəfi fikirlərlə dolu olan mənzum roman yazmaq hər adamın – şairin, yazıçının işi deyil. Qabil bunun öhdəsindən gəldi.
. Mən bu gün bu yubiley gecəsinə böyük məmnuniyyət hissi ilə gəlmişəm. Qabilin xidmətləri çox böyükdür.”
Həmin yubileydə ulu öndər Heydər Əliyev xalq şairi Qabilin xarakterindəki özünəməxsus incə yumor hisslərindən də söhbət açmışdır.
Qabil bu zirvəyə elə-belə gəlib çatmamışdır. O, parlaq istedadı və qüdrətli sənətkar təxəyyülü ilə dövrümüzün ən çox sevilən, oxunan və sayılan şairlərindəndir.
Qabilin yaradıcılıq yolu həmişə şəxsiyyəti ilə daim həmahəng olmuşdur. Eyni zamanda həyatda mehriban, səmimi və duzlu zarafatları ilə yanaşı, onun haqqında yaradılan maraqlı lətifələr də xalqa çoxdan bəllidir. Bu, əlbəttə, şair üçün ən böyük səadətdir.
Heç bir vəzifə sahibi olmayan Qabil azad söz sahibi olmuş, xalqın istək və arzularını həmişə yuxarı dairələrə çatdırmışdır. Bu da ondan irəli gəlirdi ki, Qabil yuxarıda dediyimiz kimi həqiqəti, düzlüyü, təmizliyi, obyektivliyi əqidə, amal kimi qəbul edən yüksək kefiyyətli nadir vətəndaşlıq mövqeli, təəssübkeş böyük şair idi.
Daim poetik duyğularla qəlbində vətəninə millətinə tükənməz məhəbbəti olan Qabil böyük ictimai hisslər, duyğularla, gərgin zəhməti və yaradıcılıq axtarışları, canlı həyat müşahidələri ilə vicdanla xalqına xidmət etmişdir.
Böyük çağdaş şairimizi xalqa sevdirən bu cəhətlər içərisində ən başlıcası – Qabil poeziyasına uğur gətirən cəhət – yüksək vətəndaşlıq mövqeyinin bu poeziyada güclü şəkildə poetik dolğunluqla ifadə edilməsidir.
Qabilin dillər əzbəri olan atalar sözü, zərb məsəllər kimi əks-səda verən misraları, rübailəri, beytləri, ayrı-ayrı şeirləri bunu deməyə əsas verir.
Xalqının, millətinin problemlərini bir an da olsun nəzərindən qaçırmayan, zamanın nigaran suallarına cavab verməyə çalışan Qabil şeirləri 60 illik bir dövrdə Azərbaycan xalqının ictimai-siyasi həyatının bədii salnaməsidir.
Bu müddətdə xalqımızın tarixində elə bir mühüm ictimai-siyasi hadisə olmamışdır ki, Qabil bu hadisəyə öz vətəndaş mövqeyini bildirməsin.
60-ci illərdə yazdığı “Tramvay parka gedir”dən tutmuş 1990-cı ilin 20 Yanvar gecəsində qələmə alınmış ” Mərsiyə ” şeirinə kimi heç də az iş görməmişdir.
Onun müstəqilliyimizin ilk illərində, ağır sınaq günlərində ürək yanğısı ilə yazdığı şeirləri əsl vətəndaş qayəli , vətən təəssübkeşliyini əks etdirən misilsiz poetik nümunələrdir.
Bu eşq, bu ehtirasla da “Ümid sənədir ancaq. ” şeirini yazıb .
1996-cı ildə qələmə alınmış 90 misralıq bu şeir başdan-başa sonuncu ümid və güman yeri olan qəhrəman Vətən övladına- Azərbaycan əsgərinə hədsiz inam və məhəbbətdən yoğrulmuşdur.
Təsadüfi deyildir ki , İctimai televiziya həssas qəlbli xalq şairi Qabilin “Ümid sənədir ancaq. ” şeirinə qısametrajlı film çəkərək , tez-tez mümayiş etdirməklə işğal altında qalan torpaqlarımızın azad olunmasına güc və qüdrətimizi göstərməklə hərbi vətənpərvərlik tərbiyəsini daha da geniş təbliğ edir.
Qabilin bu vətəndaşlıq mövqeyi, vətəndaşlıq qeyrəti Sabirdən gəlirdi. Ona görə də Qabil M.Ə.Sabiri hədsiz dərəcədə sevir, onun yaradıcılığından qaynaqlanır və onun haqqında dahiyanə fikirlər söyləmişdi:
Sabir köhnəliyin vəlvələsiydi,
Milli idrakımın zəlzələsiydi.
Vətən fəxr etsə də şairlərilə,
Sabir təkbaşına xalqın bəsiydi.
Məhz yüksək vətəndaşlıq mövqeyinin nəticəsi idi ki , Qabil xalq şairi Rəsul Rza və böyük Sabirşünas Abbas Zamanovdan sonra Şamaxıda, Balaxanıda və Bakıda keçirilən Sabir Poeziya günlərinin komissiya sədri kimi uzun illər əvəzsiz xidmət göstərmiş, həmişə arzu etdiyi Sabir məqbərəsinin ucaldılması üçün səy göstərmiş, təşəbbüslə çoxlarına müraciət etmişdir. Nəhayət, bu müraciətlərin nəticəsində xeyriyyəçi, şair Gülağa Tənhanın vəsaiti hesabına möhtəşəm və əzəmətli məqbərə ərsəyə gəlmişdir.
Qabilin ömür karvanının yır-yığış günündə, ölkə Prezidenti cənab İlham Əliyevin iştirak etdiyi dəfn mərasimində sənət dostları Elçinin, Anarın, Bəkir Nəbiyevin, Sabir Rüstəmxanlının, Zəlimxan Yaqubun, habelə oğlu Mahirin hüznlü sözlərində, coşqun fikir və mülahizələrində bu həqiqətə bir daha inandıq ki, sənətkar getdi, lakin sözü, sənəti, duzlu zarafatları, maraqlı lətifələri, müdrik kəlamları əbədi olaraq xalqına yadigar qaldı.
Bunlar bizim üçün bir təsəllidir. Akademik Vasim Məmmədəliyev də bu fikirdədir: “Qabilin vəfatı ədəbiyyatımız üçün böyük itkidir. Onun cismən yoxluğu günü-gündən daha çox bilinir. Lakin biz bir şeylə təsəlli tapırıq ki, Qabilin həmişə oxucusu olub, var və olacaq. Sənətkar üçün əbədiyyət budur”.
” Şeirim ” əsərindəki dialoqunda
Çoxdan ayrılmışıq bir-birimizdən,
Yaxın ola-ola uzaq düşmüşük.
Yoxsa xatirəyə çevrilmisən sən?
Xatirə eşqinə nahaq düşmüşük.
Hələ xatirəlik bir şeyimiz yox.
– deyən şair bu gün özü bizi qəhərləndirəcək dərəcədə xatirəyə çevrilmişdir.
Hələ sağlığında Qabil haqqında İsmayıl Şıxlının, Bəkir Nəbiyevin, B.Vahabzadənin , N.Xəzrinin , Balaş Azəroğlunun , Çingiz Abdullayevin , Əlağa Kürçaylının , H.Abbaszadənin , Elçinin , Anarın , Sabir Rüstəmxanlının , Fikrət Qocanın , Fikrət Sadığın , Cabir Novruzun , Hüseyn Arifin , Yusif Səmədoğlunun , Ramiq Muxtarın, Abbas Abdullanın, Azər Abdullanın, Oktay Rzanın, Tofiq Hacıyevin, Qəşəm İsabəylinin, Vaqif Səmədoğlunun, İsa Muğannanın, Ayaz Vəfalının, Qulu Xəlilovun, İsa İsmayılzadənin, Əmir Mustafayevin, Musa Urudun və yüzlərlə qabilsevərlərin söylədikləri maraqlı xatirələr və böyük şairimiz haqqında duzlu-məzəli söhbətləri daim yaşayacaqdır.
Böyük şairə sənət dostları çoxsaylı şeirlər həsr etmişdir ki, onlardan biri də istedadlı şair Musa Ələkbərlinin Qabil şəxsiyyətinə çox yüksək qiymət verməsi – onu çağdaş poeziyamızın “qan təzyiqi” adlandırması maraqlı cəhət kimi necə də gözəl ifadə olunmuşdur:
Qabil şeirimizin qan təzyiqidi .
Qabil şeirimizin məhəng daşıdı .
Gah enən, gah qalxan bu təzyiqlə o,
Qəlbində dağ boyda ağrı daşıdı.
Sözdən körpü çəkdi gələcək əsrə,
Sabirin, Vurğunun çağdaş yaşıdı.
Qabil haqqında nə qədər yazsaq, azdır. Onun böyük yaradıcılıq yolu barədə bir yubiley məqaləsində danışıb yekunlaşdırmaq o qədər də asan deyil.
Qabil şəxsiyyəti, Qabil bütövlüyü, Qabil dostluğu, Qabil yaradıcılığı barədə bir yubiley məqaləsində hər şeyi demək imkan xaricindədir.
Qabil haqqında əsl sözü gələcək zamanlar daha yaxşı deyəcək.
Çünki Qabil təkcə yaşadığımız dövrün yox, həm də bizim üçün əlçatmaz olan gələcək zamanın şairidir.
Allaha, gözəlliyə, həqiqətə qovuşmaq yolunda öz Nəsimisi kimi ölməzlik qazanmış böyük şair və maraqlı şəxsiyyət Qabil də öz sənətində poetik kəşfləri ilə ölməzlik qazandı. Şah beytlərində, şah misralarında, qədirbilən xalqının qəlbində həmişəyaşar olan Qabilin bu gün 85 illik yubileyi çox məqamlardan xəbər verir. O bilirdi ki, əbədiyaşar şairdir. Ona görə də özünün müstəqil gəmisi, öz bayrağı, yaşıl qələmi, bu dünyada al-əlvan günləri olduğu kimi, axirət dünyasında da cənnətlik yeri vardır.
Ədalət MƏMMƏDOV
Ədəbiyyat qəzeti .- 2011.- 12 avqust .- S.3.
Xalq şairi Qabilin “Nəsimi”si – Bahar Bərdəli
Şöhrət ordenli, Respublika Dövlət mükafatı laureatı, Xalq şairi Qabilin “Nəsimi” poeması onun poeziyasının zirvəsi hesab olunur. Poema on dördüncü əsrdə yaşamış filosov-şair İmadəddim Nəsiminin həyat və yaradıcılığından, fəaliyyətindən bəhs edir.
Yeri gəlmişkən qeyd eləyim ki, Nəsimi haqqında bir çox bədii əsərlər yazılmışdır. Nəsirdə ən böyük əsər İsa Hüseyinovun “Məhşər” romanıdır. Nəzmdə isə Əli Kərimin 1969-cu ildə yazdığı “Şəhidliyin zirvəsi” kiçik poeması, 1972-1973cü ildə Xalq şairi Rəsul Rzanın yazdığı “Son gecə” poeması və onlarca şeirlər ədəbiyyatımızda özünəməxsus yer tutmaqdadır. O dövrdə Azərbaycan Respublikasının Birinci Katibi olmuş Heydər Əliyevin də bu məsələdə böyük və danılmaz xidmətləri vardır. 1970-ci ildə Suriyada səfərdə olarkən Nəsiminin qəbrini ziyarət edən H.Əliyev məzarlığın abadlaşdırılması üçün göstəriş vermişdir. Məhz onun təşəbbüsü ilə Nəsiminin 600 illik yubleyi YUNESKO-nun tədbirləri siyahısına daxil edilmiş və 1973-cü ildə beynəlxalq miqyasda qeyd edilmişdi. Bütün bunlardan sonra həm ölkə daxilində, həm də beynəlxaq aləmdə Nəsimiyə, onun yaradıcılığına, həyatına, fəaliyyətinə, təriqətinə maraq xeyli artmışdı. Haqqında tədqiqat xarekterli məqalələr, elmi əsərlər yazılmışdı.
Nəsimiyə həsr olunmuş poemalar içərisində Qabilin “Nəsimi”si həm həcminə (on iki min misradı), həm obrazlar qaleriyasına, həm də təsvir, tərənnüm olunan ərazi-ölkələr, şəhərlər baxımından çox fərqlənir. Akademik Bəkir Nəbiyev qeyd edir ki, “Əvvəlcə poema kimi düşünülmüş “Nəsimi” bu janrın hüdud və imkanlarını aşıb keçmiş, orjinal mənzum roman kimi ədəbiyyatımızın qiymətli nümunələri sırasına daxil olmuşdur”.
Poema üç hissədən və altmış səkkiz başlıqdan ibarətdir. Əsər “Heyrət” adı ilə başlayır. Bu, on dördüncü əsr şairinin iyirminci əsr şairinə müraciətidir. Nəsimi heyrətlə, eyni zamanda minnətdarlıqla soruşur:
Tarixin tilsimli yollarıynan sən,
De görüm yanıma necə gəlmisən?
On dördüncü əsrin şairi öz əqidəsini də qısa şəkildə belə açıqlayır:
Mən özümdə tapdım öz allahımı,
“Ənəlhəq” söylədim gizlin, aşikar!
. Mən yollara çıxdım bu etiqadla,
“İnsanam – allaham”, dedim inadla!
Əsər Nəsiminin saralıb batan Günəşindən sonra qızaran dan yeri, açılan sabahlarına çevrilərək onun əbədi yaşamasına işıq salır. Nəsimi bu əsərləhəm dəyeni və əbədi bir ömür qazanıb.
İkinci başlıq “Qiymət” adlanır və burada Qabil Nəsiminin heyrətinə elə heyrətləcavab verir:
Mənim şair babam, sənə qiyməti,
Bir nəfər verməyir, bir millət verir!
Sonrakı “Şahi Xəndan”, “Hüseyini”, “Mən tək qaldım” və s. birinci hissədə cəmi on iki başlıq altında Nəsimi öz uşaqlıq və mədrəsə illərindən danışır. Poema bəzi istisnalarla Nəsiminin öz dilindən söylənilir. Əsər eyni sujet xətti üzrə gedir. O, ata-anasını tez itirməsindən, uşaqlığından ona qardaşı Şahi Xəndanın baxmasından, lakin onun da tez ölümündən, tək qalmasından bəhs edir. Bütün bu çətinliklərə rəğmən Nəsimi dini təhsil alaraq mədrəsəni bitirir.
Xalq şairi Nəriman Həsənzadə “Hünərin tərənnümü” adlı məqaləsində yazır: “Şair Qabil İmamverdiyev belə bir çətin mövzunun poetik tədqiqinə girişdi, xalqımıza qiymətli hədiyyə verdi. On il bu əsər üzərində işlədi.” Demək, Qabil bu əsəri yazmaq üçün tarixi məxəzlərnən yanaşı, Şamaxıdan başlamış Nəsiminin keçdiyi bütün yolları, əraziləri – şəhərləri, ölkələri,qalaları, qəsrləri qarış-qarış gəzmiş və bu yerlərə Nəsiminin gözüylə baxmış, onun diliylə təsvir-tərənnüm etmişdir.
Əsərin ikinci hissəsi “Şair sariban” adı ilə başlayır və Nəsiminin Şamaxıdan Bakıya gəlişini, burada Xanəgah – hürufi mərkəzini açmasını, onun fəaliyyətini əks etdirir.
İkinci hissənin sonu “Səməndər quşu” adlanır. Bu başlıq altında yüksək şeriyyətlə təsvir olunmuş hadisələr əsərin ən çox oxunaqlı, qürurverici və heyrətediləcək hssəsidir, desək, yanılmarıq. Təbrizin Şəhadət meydanı insan seliylə dolub daşır. Meydanın mərkəzində tonqal çatılıb.Tonqalın bir tərəfində əl-qolu bağlı Fatimə, yanında da nişanlısı Cavid dayanıb. Bir tərəfində isə cəlladlar – Qazi Nurullah, əlində fərman olan axund, əmir Zülfiqar və başqa ruhanilər qövsvarı düzülüblər.
Nurullahın təhqirli çıxışından, ölüm hökmünü oxuyandan sonra Fatiməyə son söz verilir. Fatimə çox sakit, qürurla, fəxrlə çıxış edir. Sanki öz toyunda tost deyir:
Yanımdadır nişanlım, meydan – toy otağımız.
Gəlinlik şamlarımdır hər şöləsi tonqalın.
Niyə sakit baxırsız, ay bizim qonağımız?
Qəhqəhə çəkin bax belə, durun, oynayın, çalın.
Elə bu zaman iki əl Fatiməni qaldırıb tonqala atır. Lakin qızı havada tutan əllər onun tonqala düşməsinin qarşısını alır. Meydanda hürufi fədailəri ilə dövlət adamları arasında böyük qarşıdurma yaranır:
Yarıldı meydan, qırıldı zəncir,
Kərən sındırar gücü birliyin.
Atlılar atından salındı bir-bir,
Yaman olurmuş öcü birliyin!
Demək, Nəsiminin xahişi, təşəbbüsü ilə Fatiməni tonqaldan xilas edən gənc hürufçu Fəda idi. Şair onları dərhal gecə ikən Ərdəbilə yola salır, özu isə dərviş paltarında Rum elinə yola düşür.
Akademik Bəkir Nəbiyev əsərin oxunaqlı olmasını belə izah edir: “Əsərin əsas müfəvəqiyyəti, heç şübhəsiz, orta əsrlərdə yaşamış böyük Azərbaycan humanisti, mübariz şair, cəfakeş insan İmadəddin Nəsiminin bədii surəti ilə bağlıdır. Qabilin Nəsimisi xalqın həyatı, ənənəsi, arzuları ilə qırılmaz tellərlə bağlı olan mütəffəkkir, ana dilli şerimizi yüksək mərhələyə qaldıran bənzərsiz sənətkardır.” Əlbəttə, əsərdə söhbət böyük Nəsimidən, onun bənzərsiz şeirlərindən, bütün qüvvəsilə xalqı, vətəni üçün bacardığını etməsindən, bununçün həyatını da təhlükəyə atmasından gedir. Lakin Qabilin də burda istedadı, bacarığı, əzmkarlığı, şeriyyəti danılmazdır. “Allah Qabili elə bil məxsusi bir missiya ilə insanlar arasındakı nəcib, xeyirxah münasibətlərin generatoru, təşkilatçısı xəlq etmişdir.”-deyir akademik.
Şair Əlağa Kürçaylı isə əsərin oxunaqlı olmasını belə izah edir: “Qabilin rəvan şeriyyətlə təsvir və tərənnüm etdiyi hadisələr, fikirlər ona görə oxucunu fövrən öz təsiri altına sala bilir ki, hər misra , hər bənd, hər fəsil şair qəlbinin odu, atəşi ilə isinmiş, cilalanmışdır.” Eyni zamanda Ə.Kürçaylı haqlı olaraq həm də göstərir ki, “Məzmuna görə forma seçmək, formaya görə ifadə vasitələri tapmaq bacarığı “Nəsimi” poemasında Qabilin sənətkarlıq imkanlarını açıq-aydın nümaiş etdirir.
Əsərin üçüncü hissəsi Nəsiminin Konya səfəri ilə başlayır. Burada şəhərin təsviri xüsusilə diqqəti çəkir. Şair Konyanı Təbrizlə, Bakı ilə müqayisə edir:
Təbriz enişidir elə bil eniş,
Konya dirsəklənib dağ ətəyinə.
Qala divarları görünür diş-diş,
Bakıya dönürəm elə bil yenə.
Poemanın “Qalada bir quyu var”, “Məhkəmə” başlıqları altında son fəsillərində Nəsiminin Hələbdə həbs edilməsi və məhəkəmə prosesi təsvir olunub. Həbsdən sonra qırx ərşin quyuda saxlanılan Nəsimi özü – özünə burda – quyunun dibində bir “məhkəmə də qurur” :
Necə sığdın quyuya bəs,
Ey cahana sığışmayan?
Məkan oldu sənə məhbəs,
Ey məkana sığışmayan!
Əsərdə oxucunu heyrətə salan səhnələrdən biri Nəsiminin məhkəmədə verilən suallara dəqiq, qəti və aydın cavablarıdır. “Sən allahın varlığını danıb, insana allah deyirsən!”- Niyə? Ruhanilərin iradına şairin cavabı:
Allaham, insana həyat verən mən,
Allaham, insana nicat verən mən.
İnsanam, insana gərək olan mən,
İnsanam, insana kömək olan mən!
Məlumdur ki, məhkəmədə Nəsimini edam etmək üçün tutarlı fakt tapa bilmirlər. Ruhanilərin canfəşanlığına baxmayaraq yerli hakimlər ona nə cəzası verməyi belə müəyyən edə bilmir. Əmir Yaşbək üzünü şairə tutaraq soruşur ki, tövbəyə izin verilsəydi onun cavabı nə olardı? Şairin cavabı yenə qəti və aydındır:
Oğurluq edənlər tövbə eləyər,
Səhv yola gedənlər tövbə eləyər,
Yaxşıya pis deyənlər tövbə eləyər,
Qızıla mis deyənlər tövbə eləyər,
Quru böhtançılar tövbə eləyər,
Qara yalançılar tövbə eləyər.
Bəs mənim tövbəmin nə olsun adı?
Hansı xəta çıxıb əlimdən, deyin?
Qəbul elədiyim bir etiqaddır,
Zorla hökm edirəm sizə mən, deyin?
Filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlı “İyirminci əsr Azərbaycan poeziyasında Nəsiminin bədii obrazı” adlı məqaləsində bu səhnəni Rəsul Rzanın “Son gecə” əsərində təsvir olunmuş eyni səhnə ilə müqayisə edir və göstərir ki, hər iki əsərdə cavablar eynidir. “R. Rza Nəsiminin daxili yaşantılarını, düşüncələrini, duyğularını təqdim etməklə həm də onun əzəmətini təqdim edirdi.”- deyir alim.
R. Rzanın “Son gecə”sindəki Nəsimiyə eyni sözü zindan gözətçisi deyir: “Tövbə et, günahlarından keçsinlər!” Nəsiminin cavabı burda bir qədər fərqlənir:
Doğru sözümə tövbə deyimmi?
Hər yanda zülmü, səfaləti
Görən gözümə tövbə deyimmi?
. Mən deyirəm Allahın
Allahın damlası insan özüdür,
İnsan düşüncəsi, doğru sözüdür.
Göründüyü kimi, müəyyən fərqlər də yox deyil. Qabilin Nəsimisi şəxsən özündən danışır. R.Rzanın Nəsimisi isə cəmiyyətdə gördüklərindən də bəhs edir.
Aygün Bağırlı məqaləsində başqa bir məsələni də xatırladıb, yada salır: “Biz Nəsimi haqqında yazılmış bədii əsərləri nəzərdən keçirdikcə şairin həm əfsanələşmiş, həm də gerçəkləri ifadə edən bədii obrazını görürük. Bəzi məqamlarda yalnışlıqlara da rast gəlindi ki, bu da sovet ədəbiyyatşunaslığının ictimaitə təqdim etdiyi Nəsimidir. XX əsrin bədii ədəbiyyatındakı Nəsimi elmi ədəbiyyatdakı Nəsimidən bir boy ucadır”.
İndi dərc edilən bir çox məqalələrdə qeyd edilir ki, guya Nəsiminin diri-diri soyulması həqiqəti əks etdirmir. Xeyr, bu həqiqətdir. Çünki bu dövrün cəza qanunları yuxarıda sadaladıqlarımdır, onun da birini – diri-diri soyulmağı Nəsimiyə tədbiq ediblər.
Bir də bəzi məqalələrdə göstərilir ki, guya Nəsimi edam edilərkən kəlmeyi-şəadətini söyləyib. Bu fikir də məntikli deyil. Dini qanunlara, ruhanilərin özbaşınalığına qaşı çıxan, insanı qul adı ilə alıb-satan, onu istədiyi kimi işlədən, alçaldan, məhv edən, insanlığı öldürən qaydaları yüksək səslə kənd-kənd, şəhər-şəhər, ölkə-ölkə gəzib tənqid edən mütəffəkkir şair bunu etməzdi. Əgər edə bilsəydi elə əvvəldən, ona təklif olunanda ki, tövbə et, səni bağışlasınlar, onda bunu edərdi. Tövbə nə demək idi? Yəni səhv eləyib dini qanunlara qarşı çıxıb, indi onları olduğu kimi qəbul edir. Bu isə Nəsimiyə xas çəhət, xarakter deyildi.
Daha bir məsələ, tədqiqatçıların bir çoxu qeyd edir ki, şairin məşhur “Zahidin bir barmağını kəssən, dönüb həqdən qaçar” adlı şeiri ona məxsus deyil. Guya sonradan onu sevənlər-müridləri tərəfindən yazılıb. Çünki şeiri şair soyulduğu an, edam vaxtı söyləyib. Bu da, təbii ki, həmin vaxt yazılması mümkün deyildi. Amma şerin dəsti-xəttindən , üslubundan Nəsimiyə aid olduğunu bizdən əvvəl subut eləyiblər. Onda bu necə ola bilər? Gəlin məsələyə başqa yöndən yanaşaq. Axı Nəsimiyə qədər də yüzlərlə insan bu cəzanı almışdı, yəni dərisi soyulmuşdu. Şair bu qəzəlini özünə yox, məhz o insanlara həsr eləmişdi. Taleyi elə gətirdi ki, eyni cəzanı ona da verdilər. Bəlkə də, şairə məhz bu cəzanın verilməsində şerin də müyyən qədər rolu, təsiri olmuşdu?!
Bildiyimiz kimi, əsəri Ulu Öndər yüksək qiymətləndirib və poema 1976-cı ildə Azərbaycan Respublikasının Dövlət Mükafatına layiq görülüb.
Qabilin 70-illik yubileyində çıxış edən Heydər Əliyev deyir: “Qabilin Nəsimi haqqında yazdığı mənzum roman mənim yaxşı xatirimdədir. Doğrudan da, o, çox böyük iş idi və Qabil bu işi gördü. Bu, həqiqətən Dövlət Mükafatına layiq bir əsərdir. Çünki Nəsimi haqqında belə böyük, sanballı, dərin fəlsəfi fikirlə dolu olan mənzum roman yazmaq həradamın, şairin, yazıçının işi deyil. Qabil bunun öhdəsindən gəldi”.
“Nəsimi” poemasının sonu “Eheyy” adlanır və bu Hələbdə Qabilin Nəsimi ilə xəyali görüşündən bəhs edir.Şair dünənki Hələblə bu günkü Hələbi müqayisə edir və arada olan böyük fərqi qürurla göstərir. Bu günkü Hələb sanki keçmişindən utanaraq onların yerinə Nəsiminin ruhundan üzr istəyir və onu qoynynda, qucağında beləcə əbədi olaraq saxlayır.
Hələb! Məkkəm mənim, mədinəm mənim!
Səndə Azərbaycan əmanəti var!
Deyə şair də bu isti, səmimi, xoş niyyətli Hələbi eyni səmimiliklə ürəkdən alqışlayıb və ona öz təşəkkürünü bildirir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
Qabil nəsimi poeması
Xalq şairi Qabil
– Salam.
– Salam.
– Mən Qabilin oğluyam.
– Şair Qabil?
– Bəli.
– Buyurun
Heydər Əliyevin dostu
– Salam.
– Salam
– Mən Qabilin oğluyam
– Heydər Əliyevin dostu?
– Bəli.
– Buyurun
“Səhv düşəndə yerimiz”
– Salam.
– Salam
– Mən Qabilin oğluyam
– Qeyrətsiz oluruq biz
Səhv düşəndə yerimiz?
– Bəli
– Buyurun
“Nəsimi” poeması
– Salam
– Salam
– Mən Qabilin oğluyam.
– “Nəsimi” poemasını yazan?
– Bəli.
– Buyurun.
Rübai
– Salam.
– Salam.
– Mən Qabiin oğluyam
– Kişi adam vurar, adam dolamaz
Kişi təslim olar, quyruq bulamaz
Arvad qabağında boşqab sındırıb
Kişi qabağında boşqab yalamaz.
– Bəli.
– Buyurun.
“İstiqlal” ordenli
– Salam
– Salam
– Mən Qabilin oğluyam
– İlham Əliyev “İstiqlal” ordeni verən Qabilin.
– Bəli.
– Buyurun
“Paravoz Qabil”
– Salam, müstəntiq Bahadır.
– Salam.
– Mən Qabilin oğluyam.
– Hansı? “Paravoz” Qabilin.
– Bəli.
– Buyurun.
Mahirin atası
– Salam.
– Salam
– Mən Qabilin oğluyam.
– Hansı. O dünyadan məktublar yazan Mahirin atasını deyirsən.
– Bəli.
– Maraqlıdır. Bir qulluğunuz.
Comments are closed, but trackbacks and pingbacks are open.