Press "Enter" to skip to content

Qafqaz arxeologiyasi

Qeyd edək ki, uzunluğu 16,30 m, eni 10,50 m olan üçnefli kilsənin tağvari örtüyünü saxlayan sütunlarının özülləri hələlik müəyyən edilməyib. Buna səbəb kilsənin növbəti inşaat mərhələsində üst qatda yerləşən birnefli alban xristian abidəsinin nisbətən kiçik ölçüdə inşasıdır.

Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 10. 07. 2009-cu il tarixli

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL NAZİRLİYİ
BAKI DÖVLƏT UNİVERSİTETİ

İradə Avşarova
Qənirə Pirquliyeva

QAFQAZ ARXEOLOGİYASI

Dərslik

Azərbaycan Respublikası Təhsil
Nazirliyinin 10.07.2009-cu il tarixli
920 saylı əmri ilə təsdiq edilmişdir.

Elmi redaktor: Q.S.İsmayılzadə
tarix elmləri doktoru, professor

Rəyçilər: V.H.Əliyev
AMEA-nın müxbir üzvü, t.e.d., professor
K.X.Məmmədov
dosent, tarix elmləri namizədi

Avşarova İ.N., Pirquliyeva Q.Ə. Qafqaz arxeologiyası.
Dərslik. Bakı: «Bakı Universiteti» nəşriyyatı, 2010, 248 s.

Oxucuya təqdim etdiyimiz bu kitab Qafqazın maddi mədəniyyət
abidələrinin ən parlaq nümunələrinin təsvirinə və analizinə həsr olunmuşdur.
Ümumiləşdirici xarakter daşıyan bu əsər əslində 150 ildən artıq bir zaman
ərzində arxeologiya elminin Cənubi Qafqazdakı nailiyyətlərinin təsnifatıdır.
Yaşadığımız məkanda ilk dəfə araşdırılan arxeoloji abidələr dövrü
xronologiyaya uyğun olaraq öyrənilmişdir.
Kitabın ərsəyə gəlməsində həm Azərbaycanın məşhur arxeoloq-
alimlərinin uzun illər apardıqları araşdırmaların nəticələrindən, həm də
keçmiş Sovet məkanında ərazimizdə öyrənilən maddi mədəniyyət qalıqları ilə
bağlı ən maraqlı elmi mülahizələrdən istifadə olunmuş, həmçinin XXI əsrin
əvvəllərində aparılan elmi tədqiqatların ilkin nəticələrindən müəyyən qədər
istifadə edilmişdir.
Kitab tarixçilər, o cümlədan dissertantlar, magistr və bakalavr
pillələrində təhsil alan tələbələr və ümumiyyətlə arxeologiya elmi ilə
maraqlananlar üçün nəzərdə tutulmuşdur. Bütün oxucularımıza əvvəlcədən
təşəkkür edir, bütün irad və təkliflərini aşağıdakı ünvana çatdırmaqlarını
xahiş edirik.

p_qanira@hotmail.com
i_avsharova@hotmail.com

A 5030209080 – 013 013 – 2010
M – 658(07) – 013

© «Bakı Universiteti» nəşriyyatı, 2010

MÜƏLLİFLƏRDƏN

Məlumdur ki, arxeoloji materiallar bəşər tarixinin uzun bir dövrünü
öyrənmək baxımından çox mühüm mənbələr sayılır.
Oxuculara təqdim olunan bu dərslikdə Qafqazın qədim dövr tarixinə
həsr edilmiş ümumiləşdirici əsərlərdən, monoqrafiyalardan və bir çox elmi
məqalələrdən istifadə olunmuşdur.
Bildiyimiz kimi, Qafqazın təbii şəraiti ən qədim dövrlərdən insanların
bu ərazilərdə məskunlaşması üçün zəmin yaratmışdır. Arxeoloji qazıntılar
nəticəsində aşkar olunmuş qədim yaşayış məskənləri və qəbir abidələri
ərazisində yaşayan insanlar öz inkişaflarında ibtidai cəmiyyətdən başlayaraq
tarixin bütün inkişaf mərhələlərini keçmişlər.
Əsərdə Qafqaz ərazisində yaşayan qədim insanların həyat tərzi,
məşğuliyyəti, sənətkarlığı, təsərrüfat həyatı və Yaxın Şərq ölkələri ilə
iqtisadi-mədəni əlaqələri barədə məlumat verilmişdir. Dərslikdə zəngin
illüstrativ materiallar, şəkillər və tablolar da öz əksini tapmışdır. Arxeologiya
elmində istifadə olunan metodlar, o cümlədən ən yeni informasiya
texnologiyalarının imkanlarından nə dərəcədə bəhrələnməyin üsulları xüsusi
bir mövzuda göstərilmişdir. Bununla da keçən 150 ildə arxeologiya elminin
Qafqazdakı bütün abidələri gənc tarixçilər, arxeoloqlar və qədim dövrlə
maraqlananlar üçün dərslikdə kifayət qədər araşdırılmışdır.

ÖN SÖZ

İki yüzillikdən artıqdır ki, Qafqazın arxeoloji abidələri, Qafqaz
arxeologiyası diqqət mərkəzindədir. Qeyri-adi coğrafi mövqeyə, zəngin və
əlverişli təbii şəraitə, tükənməz yerüstü və yeraltı sərvətlərə malik olan bu
diyar saysız-hesabsız minillikləri əhatələyən uzun bir yol keçmiş,
bəşəriyyətin mədəni-tarixi inkişafında əsaslı rol oynamışdır. Şərqlə Qərbin
yol ayrıcında yerləşən, onları qırılmaz tellərlə bir-birinə bağlayan Qafqaz
məkanı özündə sulu çayları və gölləri, hüdudsuz dənizləri, qarlı dağ
silsilələrini, münbit torpaqlı ovalıqları və vadiləri, geniş düzləri
cəmləşdirməklə yüksək fiziki coğrafi ehtiyatlara malik olmuş, qədim
dövrlərdən mövcud cəmiyyətlərin iqtisadi ictimai və mədəni inkişafına böyük
təsir göstərmişdir.
Arxeoloji materialla müəyyən edilmişdir ki, Qafqaz, o cümlədən onun
tarixi hissəsini təşkil edən Azərbaycan ərazisi antropogenezin erkən
ocaqlarından biri olmuş, sonrakı tarixi mərhələlərdə ilkin əkinçilik
mədəniyyətlərinin, yüksək sivilizasiyalara və siyasi qurumların – ilk
dövlətlərin yaranma mərkəzlərindən birinə çevrilmişdir. Paleolit dövrünə aid
mağara düşərgələri, tunc dövrünün qədim yaşayış yerləri və zəngin qəbir
abidələri, ilkin şəhər mərkəzlərinin qalıqları, misilsiz qayaüstü təsvirlər
dediklərimizə əyani nümunələrdir.
Qafqaz
arxeologiyasının keçən
dövr çərçivəsindəki kəşfləri
ümumilikdə ümumbəşər tarixinin qanunauyğun inkişaf xüsusiyyətlərini üzə
çıxarmaqla yanaşı ayrı-ayrı qədim mədəni mərkəzlərin səciyyəvi
xüsusiyyətlərini müəyyən etməyə imkan vermişdir.
Coğrafi və tarixi şəraitin məcmuu Qafqazın ayrı-ayrı qədim
mədəniyyətlərinin xarakterində və inkişaf tərzində daha parlaq şəkildə əks
olunmuşdur.
Bəşər tarixinin ən qədim, xüsusən yazıya qədərki, tarixinin
öyrənilməsində Qafqaz arxeologiyasının əhəmiyyəti xüsusilə danılmazdır.
Təqdirəlayiq haldır ki, Bakı Dövlət Universitetində Qafqaz arxeologiyası ilə
bağlı xüsusi kursların keçirilməsi tarixi diyarın elmi əhəmiyyətini daha parlaq
şəkildə əks etdirir. Bu zəmində universitetin dosenti tarix elmləri namizədi
İradə Avşarova və AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı
elmi işçisi, tarix elmləri namizədi Qənirə Pirquliyevanın Qafqaz
arxeologiyasına aid birgə hazırladıqları dərslik xüsusilə diqqətəlayiqdir.
Tələbələr üçün nəzərdə tutulan bu dərslik geniş arxeoloji materiallar
əsasında yazılmışdır. Müəlliflər əsərdə Qafqazın daş dövründən tutmuş orta
əsrlər daxil olmaqla bütün tarixi abidələrinin geniş icmalını vermiş və hər bir
abidənin səciyyəvi xüsusiyyətlərini, eləcə də elmi dəyərini diqqətə çatdıra
bilmişlər.

Dərslikdə müqayisəli materiallara geniş yer verilməsi də, müsbət hal
kimi qiymətləndirilə bilər. Əsərin çox oxunaqlı və aydın dili vardır. Şübhə
yoxdur ki, təqdim olunan dərslik Azərbaycanda Qafqaz arxeologiyası ilə
bağlı ilk təşəbbüs olmaqla tələbələr tərəfindən böyük sevinclə qarşılanacaq
və eyni zamanda geniş elmi ictimaiyyətin böyük marağına səbəb olacaqdır.
Bakı Dövlət Universiteti
Tarix fakültəsi «Arxeologiya və Etnoqrafiya»
kafedrasının müdiri, tarix elmləri doktoru, professor
Q. S.İsmayılzadə

RƏYÇİDƏN

Qafqaz və Ön Asiya dünyada ilk insanların yaşayış üçün məskən
seçdikləri ən qədim ərazilər hesab olunur. Azərbaycan və Gürcüstan
ərazilərində XIX-XX və XXI əsrin əvvəllərində aparılan arxeoloji tədqiqatlar
və əldə edilən maddi mədəniyyət nümunələrinin öyrənilməsi belə bir fikir
söyləməyə əsas verir. 1960-cı ildə məşhur Azərbaycan alimi, t.e.d., professor
M.Hüseynov tərəfindən Füzuli rayonu ərazisində Azıx mağarasının aşkar
edilməsi və 1968-ci ildə burada keçmiş SSRİ məkanında ən qədim insana –
azıxantropa məxsus çənə sümüyünün tapılması əslində Qafqaz regionu
tarixinin tədqiqində böyük bir elmi çevrilişə səbəb oldu. Azıx mağarasının
kompleks
tədqiqi ilə
D.V.Hacıyev, Ə.M.Məmmədov, H.Ş.Şirinov,
V.V.Veliçko, Ə.Q.Cəfərov, V.M.Hacıyev, S.D.Əliyev və digər alimlərin
yekun fikrinə əsasən, bu, Qafqazda öz böyüklüyünə görə karst boşluqları
arasında ən möhtəşəmidir. Ümumi sahəsi 8000 m
2
olan Azıx mağarasını
Qafqaz arxeologiyasının şah əsəri hesab etmək olar. Burada aşkar olunan
maddi mədəniyyət nümunələri bu əraziyə ilk insan ayağının təxminən 1,5-2
mln. il bundan əvvəl dəydiyini təsdiq edir. Qafqaz regionunun, o cümlədən
Şimali Azərbaycan ərazilərinin arxeoloji tədqiqi 1829-cu ildən başlanır.
Həmin ildə Rusiya İmperator Arxeoloji Komissiyası tərəfindən Aleksandr
Yanovski Cənubi Qafqaza göndərilmiş və o burada apardığı tədqiqatların
nəticələrini 1846-cı ildə «Qədim Qafqaz Albaniyası haqqında» adlı çap
etdirdiyi məqalədə şərh etmişdir. Bundan əlavə, 1834-cü ildə Şimali
Azərbaycana gələn İsveçrə səyyahı Dübua de Manperi indiki Göygöl rayonu
ərazisində arxeoloji qazıntılar aparmış və əldə etdiyi ümumi nəticələri
Fransaya göndərmişdir. Qafqazın, o cümlədən Azərbaycanın arxeoloji
tədqiqatı işi XIX əsrin II yarısında da davam etdirilmişdir. Rus şərqşünası
N.Xanıkov, Fransız tədqiqatçısı Jak de Morqan, alman tədqiqatçısı Emil
Resler, Moskva Arxeologiya Cəmiyyətinin üzvü A.İvanovski və digər alimlər
Cənubi Qafqazın və ilk növbədə Azərbaycanın arxeoloji tədqiqi ilə məşğul
olmuşlar.
Azərbaycan milli tarix elminin çox mühüm sahəsi olan arxeologiya
elminin formalaşması məsələsinə gəldikdə isə, qeyd etmək lazımdır ki, bu
sahənin formalaşması XX əsrin 20-30-cu illərinə təsadüf edir. 1920-ci ildə
Azərbaycan Dövlət Tarix Muzeyinin yaradılması arxeoloji abidələrin qeydə
alınması işində çox mühüm bir hadisə idi. Bu dövrdə Azərbaycanın arxeoloq
alimləri Ələsgər Ələkbərov, İshaq Cəfərzadə, Davud Şərifov, Saleh Qazıyev,
Yakob Hummelin, Y.Paxomov, 50-90-cı illərdə M.Hüseynov, İ.Nərimanov,
Q.Əhmədov, R.Vahidov, R.Göyüşov, İ.Babayev, F.Qədirov, C.Xəlilov,
A.Nuriyev, R.Qasımova və digərləri çox böyük elmi potensiala malik
akademik məktəbin əsasını qoymuşlar. Bu alimlər öz tədqiqatları ilə bütün

Cənubi Qafqaz ərazisinin əksər hissəsinin, o cümlədən Qərbi Azərbaycan
(indiki Ermənistan Respublikası – C.B.) torpaqlarının azərbaycanlılara – yəni
regionun avtoxton əhalisinə məxsus olduğunu sübut etmişlər. Qeyd etmək
lazımdır ki, Azərbaycan ərazisində ibtidai icma quruluşunun bütün
mərhələləri izlənilir. Paleolit, mezolit, neolit, eneolit və tunc dövrünün bütün
mərhələlərinə aid arxeoloji abidələr bu ərazidə yaşamış əhalinin müasir
azərbaycanlıların əcdadları olduqlarını təsdiqləyir. Arxeoloji, antropoloji,
odontoloji, etnoqrafik, epiqrafik və tarix elminin digər sahələri müasir dövrdə
təcavüzkar erməni ideologiyasına qarşı ağır mübarizə şəraitində Azərbaycan
alimləri tərəfindən çox uğurla istifadə olunur. 1945-ci ildən bu günə qədər
ermənilərin Azərbaycan xalqına qarşı ərazi iddialarının qətiyyətlə dəf
olunması işində arxeoloji nümunələrlə yanaşı qədim, antik, ilk orta və orta
əsrlər dövrünə dair yazılı mənbələrdən də geniş istifadə olunmuş və onların
böyük əksəriyyəti çap olunmuşdur. Azərbaycan alimlərinin Qafqaz və ilk
növbədə Cənubi Qafqaz tarixi ilə bağlı apardıqları tədqiqatlar Rusiya, ABŞ,
Fransa, Almaniya, İngiltərə, Yaponiyadan olan alimlərin böyük əksəriyyəti
tərəfindən aparılan tədqiqatlarla elmi yanaşma metodologiyası baxımından,
demək olar ki, eynilik təşkil edir.
Rusiya alimləri – İ.M.Dyakonov, B.Piatrovski, ABŞ alimi, mənşəcə
erməni olan N.Qarsoyan, Azərbaycan alimləri akademik İ.H.Əliyev, t.e.n.
S.M.Qaşqay,
akademik
Z.M.Bünyadov,
akademik
N.M.Vəlixanlı,
Ə.Ə.Əlizadə; t.e.d. V.Z.Piriyev, t.e.d., prof. M.Şərifli, akademik İ.Hüseynov,
AMEA-nın müxbir üzvləri O.Ə.Əfəndiyev, Y.M.Mahmudov, M.Nemətova,
t.e.d. M.X.Heydərov, t.e.d. S.C.Əsədov, t.e.n. İ.S.Məmmədov və digərləri
son 60 ildə nəşr etdirdikləri əsərlərində mövcud yazılı mənbələrə əsaslanaraq
Cənubi Qafqazın aborigen əhalisinin azərbaycanlılardan ibarət olduğunu
təsdiq etmişlər. Bu baxımdan BDU-nun Tarix fakültəsinin əməkdaşları t.e.n.
İ.N.Avşarova və t.e.n. Q.Ə.Pirquliyeva tərəfindən çapa hazırlanmış «Qafqaz
arxeologiyası» adlı dərslik diqqəti cəlb edir. 7 hissə, 9 fəsil, istifadə olunmuş
ədəbiyyat siyahısı, illüstrasiyalardan ibarət olan bu dərslik öz strukturuna
görə elmi baxımdan düzgün tərtib edilmişdir. «Qafqaz arxeologiyası»
dərsliyinin çapı tarix elminin arxeologiya sahəsinə olan marağın təmin
edilməsi işində, arxeoloji biliklərin tələbələr tərəfindən daha uğurla
öyrənilməsində mühüm rol oynaya bilər.
AMEA Tarix İnstitutunun
Elmi işlər üzrə direktor müavini, t.e.n.
C.Ə.Bəhramov

I HİSSƏ. İBTİDAİ İCMA QURULUŞUNUN TARİXİ

I FƏSİL

İBTİDAİ İCMA QURULUŞUNUN
ÖYRƏNİLMƏ TARİXİ

1. İnsanın yaranması

Bəşər tarixinin ən qədim dövrü olan ibtidai icmanın tarixini
öyrənərkən müxtəlif mənbələrdən – arxeologiyadan, etnoqrafiyadan,
dilşünaslıqdan, antropologiyadan, geologiyadan və digər elmlərdən istifadə
edilir. Lakin bu dövrün öyrənilməsində əsas mənbə arxeoloji, etnoqrafik və
antropoloji məlumatlar sayılır.
İbtidai icma tarixinin öyrənilməsində əsas mənbələrdən birinin
arxeologiya olduğu üçün biz şərhimizdə bilavasitə maddi mədəniyyət
abidələri qalıqlarının öyrənilməsindən, tarixi dövrlərin işıqlandırılmasında
onların rolundan başlayacağıq.
Ulu babalarımız öz dövrlərində yaşayıb-yaradaraq, həyat səhnəsini
təbii və təsadüfi hadisələr nəticəsində tərk etmişlər. İnsanlar harada
olmuşlarsa orada müəyyən iz qoyub getmişlər. Qədim dövrün insanlarının da
özlərinə görə nailiyyətləri olmuşdur, bunlar nəsillərdən-nəsillərə keçmiş,
artıb-çoxalmış, təkmilləşmiş, köhnələri yox olmuş və daha mükəmməl olan
yeniləri ilə əvəz olunmuşlar. Belə silsilə şəklində olan inkişaf yolunu ancaq
maddi mədəniyyət abidələrinin vasitəsilə öyrənmək mümkündür. Bu abidələr
qədim
dövr yaşayış yerlərindən, onlara aid qəbiristanlıqlardan,
emalatxanalardan, qayaların üstündəki rəsmlərdən, müxtəlif müdafiə
qurğularından, ibadətxanalardan, dini ocaqlardan və s. ibarətdir. Belə abidələr
tədqiq edilərkən (qazılarkən) onların torpaq qatında, yəni insanların həyat
fəaliyyəti və bu fəaliyyətin qalıqlarından əmələ gəlmiş təbəqədə
(arxeologiyada bu, «mədəni təbəqə» adlanır) vaxtilə işlədilmiş məişət və
təsərrüfat alətləri, silahlar, bəzək əşyaları, sümük, bitki qalıqları və başqa
maddi mədəniyyət vasitələri tapılır. Bu tapıntıların hamısı insan əməyinin
məhsulu olmaqla ibtidai icma tarixinin əsas mənbəyini təşkil edir.
Antik dövrün filosof-materialisti Demokritə (e.ə. 460-370) görə,
insanlar ilk dəfə Yer üzünə heyvan aləmindən dönmüşlər: «Onlar kobud və
vəhşi həyat keçirərək bitkilər və təsadüfi meyvələrlə qidalanmaqla, bir yerdən
başqa yerə köçmüşlər». Deməli, Demokritə görə, qidalanma və özünü vəhşi
heyvanlardan müdafiə etmək zərurəti insanları bir yerdən başqa yerə
keçməyə, təbiətə qarşı mübarizə aparmağa sövq edirdi. Əlbəttə, Demokritin
baxışlarında ibtidai icma dövrü haqqında sadəlövh cəhətlər də az deyildir.

Digər bir yunan filosofu Aristotel (e.ə.384-322) Demokritin əksinə olaraq,
insanı «siyasi heyvan» sayırdı. Aristotel öz dövründəki patriarxal xarakterli
təknigahın cəmiyyət tarixində ilk kəbin sistemi olduğunu və bunun ən ibtidai
ailədə belə qanun olduğunu idealistcəsinə təsdiq edirdi. İbtidai cəmiyyətdə ilk
dövrlərdən patriarxal ailənin mövcud olduğunu təsdiq edən Aristoteli
«patriarxal ailə» nəzəriyyəsinin əsasını qoyanlardan biri hesab etmək olar.
Cəmiyyətin mənşəyi haqqında «patriarxal nəzəriyyə» ilk dəfə antik
dövrdə əmələ gəlmişdir (Platon, Aristotel). Bu nəzəriyyəyə əsasən, bəşəriyyət
tarixinin ilk mərhələsi «xoşbəxt əsr» hesab edilir. İnsan cəmiyyətinin ilk
hüceyrəsi isə, bu nəzəriyyəyə əsasən, xüsusi mülkiyyət, quldarlıq,
təkarvadlılıq (monoqamiya) və təkallahlığın (monoteizmin) mövcud olduğu
patriarxal ailə olmuşdur. Ailə başçısı – ər və ya ata – öz ailəsi üzərində tam
hakim hüquqlu ikinci bir monarx idi. Nəzəriyyə tərəfdarlarının fikrincə, onun
hakimiyyəti, eyni zamanda, guya dövlət hakimiyyətinin də mənbəyi
olmuşdur.
Antik dövrdə hətta bəşəriyyətin maddi inkişafını müəyyən dövrlərə
bölməyə təşəbbüs edilmişdi. Lukretsi Kar öz poemasında, əfsanə və nağılları
bir tərəfə ataraq, «xoşbəxt əsr» deyil, silahların hazırlandığı daş əsrini bəşər
cəmiyyəti inkişafının əsası hesab etmişdir. Lukretsi Kar həmin poemasında
nəzm ilə yazır ki, keçmişlərdə bir silah kimi qüvvətli əllərdən, diş, dırnaq və
daşlardan, ağac parçası və oddan istifadə olunmuşdur. İnsanlar, Lukretsiyə
görə, odu kəşf etdikdən sonra, mis və dəmirdən də istifadə etmişlər. Lukretsi
misin yumşaqlığına və təbiətdə xalis halda daha çox rast gəlindiyinə görə
dəmirdən əvvəl işlədildiyini də göstərir.
Göründüyü kimi, Lukretsi öz poemasında tarixi inkişafı daş, mis, tunc
və dəmir əsrlərinə bölməyi nəzərdə tutur.
Utopik sosialist J.J.Russo (1712-1778) «. Bərabərsizliyin mənşəyi və
əsasları haqqında mühakimə» (1755) və «İctimai saziş və ya siyasi
hüquqların prinsipləri» (1762) adlı əsərlərində insanların ibtidai həyatını o
qədər idealizə edir ki, bu dövr az qala həqiqətən «behişti» və yaxud
yunanların adlandırdığı kimi, «qızıl əsri» xatırladırdı. J.İ.Russoya görə,
ibtidai insanlar guya, bir-biri ilə münasibəti olmayan, bir-birindən tam təcrid
olmuş halda yaşayan fərdlər olmuşlar.
Böyük rus alimi M.V.Lomonosovun ibtidai icma tarixinin
öyrənilməsində böyük xidməti olmuşdur. Onun əsərlərində slavyan tayfaları
haqqında qiymətli etnoqrafik məlumatlar vardır. Xüsusən onun 1767-ci ildə
yazdığı «Qədim Rusiya tarixi» (rus xalqının mənşəyindən böyük knyaz I
Yaroslavlın ölümünədək və yaxud 1054-cü ilədək) adlı əsəri rus
tarixşünaslığı üçün qiymətli bir mənbədir. Bu əsərində M.Lomonosovun rus
xalqının tarixini ryuriklərdən deyil, rus xalqının mənşəyindən başlaması
diqqətəlayiqdir. Böyük rus alimi bu əsərində elmi olmayan «norman»

nəzəriyyəni ifşa etmişdir. Bundan əlavə, M.V.Lomonosov başqa xalqları (və
dilləri) qiymətdən, hörmətdən salmaq və onların bəşəriyyət tarixindəki
əhəmiyyətini azaltmaq istəyənlərin baxışlarına qarşı çıxmışdır.
XIX əsrin 60-70-ci illərindəki elmi baxışlarda böyük mövqeyə malik
olan Ç.Darvinin «Təkamül nəzəriyyəsi» ibtidai icma dövrünün öyrənilməsinə
və etnoqrafiya elminə çox təsir etmişdir.
Canlı aləmin inkişafındakı qanunauyğunluq və orqanizmlərin
təbiətdən asılı olaraq dəyişməsi haqqında mütərəqqi fikirlər Ç.Darvindən
çox-çox əvvəl (məsələn, hələ XVIII əsr fransız filosofları D.Didro (1713-
1784), P.Holbax (1723-1789), J.Lametri (709-1751) və başqaları tərəfindən)
söylənmişdi. Yerin və təbiətdəki bütün hadisələrin dəyişməsi haqqında daha
aydın və səlis baxışlar böyük rus alimi M.V.Lomonosova məxsusdur. Bu
baxışlar sonralar böyük ingilis alimi Ç.Darvinin (1809-1882) «Təbii seçmə
yolu ilə növlərin əmələ gəlməsi» (1859) əsərində özünün sistemləşdirilmiş
məcmusunu tapmışdır. Biologiya və bir sıra təbiət elmlərinin əldə etdiyi
müvəffəqiyyətlərə əsaslanaraq Ç.Darvin göstərmişdir ki, təbiətdəki
orqanizmlər mövcud şəkildə yaranmayaraq uzun bir tarixi inkişafın
məhsuludur. Ç.Darvinə görə, bu «təkamülün» əsasını «təbii surətdə seçilmə»
təşkil edir. Belə ki, təbiətdə bir sıra orqanizmlər ətraf mühitə uyğunlaşaraq və
onun təsirinə qarşı daha dözümlü çıxaraq yaşayır, bəzi orqanizmlər isə bu
cəhətdən dözümsüz olduğundan məhv olub gedir və bu səbəbdən, təbiətdə
orqanizmlər təbii surətdə seçilib ayrılaraq dəyişir.
Ç.Darvinin baxışları canlılar aləminin inkişafına dair metafiziki və
dini baxışlara o dövrdə böyük zərbə idi. Təkamül nəzəriyyəsi təbiət elminin
inkişafında böyük müvəffəqiyyət qazanaraq elmi biologiyanın əsasını
qoymuşdur. Eyni zamanda ibtidai cəmiyyətin inkişafı, insanların mənşəyi ilə
bağlı elmi mülahizələrdə uzun müddət aparıcı yer tutmuşdur.
İbtidai icma tarixinin öyrənilməsində XX əsrin 60-cı illərinin böyük
müvəffəqiyyətlərindən biri olan qəbilə quruluşunun öyrənilməsi hesab edilə
bilər. Bu cəhətdən görkəmli Amerika alimi Luis Henri Morqanın tədqiqatları
çox əhəmiyyətlidir.
L.H.Morqan İrogez tayfa ittifaqını dərindən tədqiq etmişdir. O, hətta
bu ittifaqa daxil olan Seneka tayfası içərisində uzun müddət yaşamış və öz
tədqiqatlarını ümumiləşdirərək – «İrogezlərin ittifaqı» (1861), «Qohumluq
sistemi və insan ailəsinin xüsusiyyətləri» (1869), xüsusilə «Qədim cəmiyyət»
(1877), «Amerika yerlilərinin evləri və həyatı» (1881) kimi bir sıra qiymətli
əsərlər yazmışdır.
Paleontologiya, antropologiya və arxeologiya elmlərinin məlumatları,
insanabənzər meymunların həyatı üzərində müşahidə, insanın və insan
cəmiyyətinin yaranması şəraitini və prosesini aydınlaşdırmağa imkan verir.

XX əsrin əvvəllərində Vyana yaxınlığında Miosen dövrünə aid yer
təbəqələrindəki kirəc laylarında qədim zamanlarda yaşamış bir meymunun
azı dişi tapılmışdır. Bu diş bəzi xüsusiyyətlərinə görə insan dişinə daha çox
oxşayırdı. Oradaca həmin heyvanın daha iki dişi tapılmışdır. Bu dişlərin
sahibi o zaman alimlər tərəfindən driopitek
*
adlandırılmışdır. Ehtimal ki,
insanların və eləcə də, Afrikada yaşayan insanabənzər meymunların ümumi
əcdadları da bu driopiteklər olmuşlar.
1934-cü ildə Hindistanda Himalay dağları ətəyində Sivalik təpələrinin
üçüncü dövrünə aid olan qatlarında bir neçə ali meymunun qalıqları
tapılmışdır. Bu meymunlardan biri yastısifət ramapitek adlandırılmışdır.
Pliosen çöküntülərində həmin meymunun bir neçə dişi olan yuxarı çənəsinin
bir parçası da tapılmışdır. Ramapitekin köpək dişi ilə kəsici dişi arasındakı
aralıq («diastem») yox dərəcəsindədir (bu aralığın olmaması insana xas olan
bir əlamətdir). Ramapitekin dişlərində onu insana oxşadan başqa əlamətlər də
vardır. Ramapiteklər driopiteklərə nisbətən insana daha çox oxşayırlar. Onlar
insanabənzər meymunlardan köpək dişlərinin digər dişlərinə nisbətən qabağa
çıxmaması ilə fərqlənir və demək onlar ki, insana daha yaxın olmuşlar. 1924-
cü ildə Cənubi Afrikada tapılmış və avstrolopitek («avstralis» – cənub və
«pitekos» – meymun sözlərindən əmələ gəlib, «cənub meymunu» deməkdir)
adlanan insanabənzər meymunların tədqiqi və insanın əcdadları haqqında
çoxlu material vermişdir. 1935-1951-ci illərdə 30-a qədər meymunun qalığı
kəşf edilmişdir. Bunların tədqiqi nəticəsində avstrolopiteklərin şaquli
vəziyyətdə hərəkət etdikləri də sübut edilmişdir. Avstralopiteklərin iki ayağı
üstə yeriməyə başlaması ehtimal ki, onun yaşayış şəraitinin dəyişməsi ilə izah
edilir.
Yüz min illər boyu Yer üzərindəki dəyişikliklər və inkişaf
avstrolopitek
tipli
meymunların
da
tədricən
insanabənzər
başqa
meymunlardan ayrılmasına və yüksəlməsinə səbəb olmuşdur. Düz yeriməyi
öyrənməsi həyat uğrunda mübarizədə onlara böyük imkanlar qazandırmış,
ağac və daş kimi təbii silahlardan istifadə etmək bacarığına yiyələnməyə
kömək etmişdir.
Əlbəttə, avstrolopiteklərin insanın əcdadları olduğu haqqında tam və
qəti hökm vermək olmaz. Uzaq geoloji dövrlər haqqında hələ natamam
məlumatlarımız bu barədə qəti fikrə gəlməyi çətinləşdirsə də, hər halda,
demək olar ki, insanların ilk əcdadları avstrolopiteklərə oxşar və onlara yaxın
olmuşdur.

*
Driopitek yunanca «drio» (ağac) və «pitekos» (meymun) sözlərindən olub ağacda gəzən
meymun deməkdir. İnsana ən çox bənzər meymunlar qorilla, şimpanze və oranqutan meymunları
hesab olunur. Bunlar bədən quruluşu, əzələ və qan tərkibinə görə insan ilə ümumi olan 100-ə
qədər əlamətə malikdir. Bu ümumi əlamətlər oranqutanlarda azdır (50-yə qədərdir).

Yaşamaq uğrunda mübarizə nəticəsində, avstrolopiteklərin həyatı
tədricən dəyişmişdir. Özünə qida əldə etmək üçün onlar ağaclara
dırmaşmaqdan düzənliklərdə yeriməyə keçmişlər (buna coğrafi mühitdəki
dəyişikliklər də təsir edirdi). Bədənin şaquli vəziyyət alması, başın dikliyi
beynin inkişafına da təsir etmişdir. Beləliklə, düz yeriməyi öyrənmək sonrakı
təkamül üçün çox qiymətli hadisə olmuşdur. Lakin bütün bunlar yenə də
insanın əmələ gəlməsində başlıca və həlledici amil kimi qiymətləndirilmir.
F.Engels özünün «Meymunun insana çevrilməsi prosesində əməyin
rolu» adlı məşhur əsərində yazır ki, əmək bütün insan həyatının birinci əsas
şərtidir, həm də o dərəcədə belə bir əsas şərtdir ki, biz müəyyən mənada
deməliyik: insanın özünü əmək yaratmışdır. F.Engelsə görə, əllərin və beynin
inkişaf etməsinin meymunun insana çevrilməsində həlledici rolu olmuşdur.
Bunun üçün isə yuxarıda deyildiyi kimi, şaquli vəziyyətdə yerimək, əllərin
əmək fəaliyyəti üçün hərəkət orqanı olmaqdan azad olmasının həlledici
əhəmiyyəti olmuşdur.
Əlbəttə, əllər də birdən-birə tam təkmilləşməmişdir. İnsan, əlinin
köməyi ilə ilk çaxmaqdaşı bıçağını hazırlayana qədər çox uzun bir dövr
keçmişdir. Bu müddət ərzində əl yeni-yeni vərdişlərə alışmış, əldə edilən
daha böyük çeviklik isə nəsildən-nəslə keçib təkmilləşmişdir. F.Engels
yazmışdır ki, əl nəinki əmək orqanıdır, o, həmçinin əməyin məhsuludur. Dik
yerimək və əllərin əmək orqanına çevrilməsi insanın meymundan ayrılmasına
başlanğıc olmuşdur. F.Engels «Təbiətin dialektikası»na girişdə yazır: «Min
illər boyu davam edən mübarizədən sonra, ən nəhayət, əl ayaqdan ayrılıb,
insan dik yeriməyə başladığı zamandan etibarən insan meymundan ayrıldı,
beləliklə də, aydın nitqin inkişafı üçün əsas yaranmış oldu və bunun
sayəsində o zamandan etibarən insanla meymun arasında keçilməz bir
uçurum meydana gəldi».
Məlumdur ki, insanın əcdadı sürü halında, dəstələrlə yaşayırdı. İlk
insanlar da sürü halında, dəstələrlə yaşamışlar. O dövrdə ilk əmək prosesi də
yalnız möhkəm birləşmiş qruplar içərisində mümkün ola bilərdi. Qrupların
möhkəmliyi isə formalaşmaqda olan insanların əmək fəaliyyətindən asılı idi.
Heyvan aləmindən öz əməyi nəticəsində insana çevrilməkdə olan ibtidai
insan kollektivinin qüvvəsi isə məhsuldar qüvvə idi.

Qafqaz arxeologiyasi

Qafqaz arxeologiyası üçün yenilik: �Qarabağın arxeoloji abidələri xəritəsi� tərtib edilib

Qarabağ ərazisində aparılan arxeoloji tədqiqatların nəticələri açıqlanıb. Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova bildirib ki, 2010-2013-cü illərdə Qarabağ düzənliyində, Ağdamın işğal edilməmiş ərazilərində və Ağcabədi rayonunun şimal-qərbində araşdırmalar aparılıb.

Verilən məlumatda göstərilir ki, arxeoloji kəşfiyyat təxminən 990 kvadratmetr ərazini əhatə edir. 169 arxeoloji abidə elektron qeydiyyata alınıb və “Qarabağın arxeoloji abidələri xəritəsi” tərtib edilib. Abidələrin qeydiyyatı ilə yanaşı, 2011-2012-ci illərdə Mədəniyyət və Turizm Nazirliyinin “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutu ilə birgə Füzuli rayonunun Babı kəndindəki � XIII-XIV əsrlərə aid Şeyx Babi türbəsində arxeoloji qazıntı və bərpa-konservasiya işləri də aparılıb ki, nəticədə 2700 kvadratmetr ərazidə xanəgah kompleksi tamamilə qazılaraq üzə çıxarılıb.

Ekspedisiya qrupu İsmayılbəytəpə Neolit dövrü yaşayış məskənində 400, Leylatəpə mədəniyyətinə aid Fərmantəpə yaşayış yerində isə 100 kvadratmetr ərazidə arxeoloji qazıntı işləri aparıb. Hər iki abidənin xronoloji dövrünün təyini üçün götürülmüş nümunələr analiz məqsədilə Yaponiya və İsrailin müvafiq laboratoriyalarına göndərilib.

Azərbaycan. – 2014.- 14 avqust.- S. 7.

Qafqaz Albaniyasına aid abidədə arxeoloji tədqiqat aparılır – FOTO

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Antik dövr arxeologiyası şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Natiq Alışovun rəhbərliyi ilə 2017-ci ildən başlayaraq Balakən rayonunun Tülü kəndi ərazisindəki Qafqaz Albaniyasına məxsus xristian abidəsində arxeoloji tədqiqat işləri davam etməkdədir.

AMEA-dan Day.Az-a verilən məlumata görə, tədqiqatlarla müəyyən edilib ki, üçnefli (nef – sütunlarla haşiyələnmiş kilsənin interyeri) kilsənin şərq divarının cənub-şərq və şimal-şərq divarları qismən sökülüb, altar (mehrab) hissəni əhatə edən mərkəzi divar tamamilə dağılıb. Bir zallı kilsənin fəaliyyəti dövründə üst qatda aparılan inşaat və zamanla kilsə ətrafında davam edən dəfn prosesləri bu hissədə tam dağılmanı sürətləndirən amil olub.

Tədqiqatın nəticəsinə əsasən söyləmək olar ki, dini-memarlıq nümunəsində tarixin müxtəlif dövrlərini əhatə edən üç inşaat mərhələsi mövcud olub. Memarlıq nöqteyi-nəzərən üç zallı abidənin düzbucaq daxilində inşa olunan altarı xristianlığın Suriya, altarı xaricində olan bir zallı kilsə isə Bizans memarlıq məktəbinə aiddir.

Kompleksin memarlıq xüsusiyyətləri nəzərə alınmaqla üçnefli kilsə V-VI əsrlərə, birnefli kilsə IX-X əsrlərə və bir zallı kilsənin şimal və qərb girişində Arran memarlıq elementlərinə malik aynabəndlər (narteks) isə X-XII əsrlərə aid edilə bilər.

Son üç ildə birnefli və üçnefli kilsənin xarici və daxili divarları boyunca aparılan arxeoloji tədqiqatlar nəticəsində xristian dəfn ənənəsinə uyğun tam şəkildə 61 insan skeleti və təkrar dəfnlər zamanı pərakəndə halda 300-dən artıq sümük fraqmentləri tədqiq olunub. Buradan belə bir qənaətə gəlmək olar ki, Tülü kilsəsinin ilkin mərhələsindən ərazidə kilsə qəbiristanlığı salınıb. Kilsə qəbiristanlığında tədqiq olnumuş dəfnlər sadə torpaq, daş qutu, üzəri plitələrlə bağlanan daş qutu və kirəcdən tökülmüş plitələrdə hazırlanan qəbir tiplərindən ibarət olub. Qəbirlərdə ölü ilə birlikdə qoyulmuş şüşə və metal qolbaqlar, muncuqlar və digər asma bəzəklər müxtəlifliyi ilə seçilir.

Qeyd edək ki, uzunluğu 16,30 m, eni 10,50 m olan üçnefli kilsənin tağvari örtüyünü saxlayan sütunlarının özülləri hələlik müəyyən edilməyib. Buna səbəb kilsənin növbəti inşaat mərhələsində üst qatda yerləşən birnefli alban xristian abidəsinin nisbətən kiçik ölçüdə inşasıdır.

Tülü kənd sakini Elşad Dabaxovun şəxsi həyətyanı sahəsində aşkar olunan abidə təkcə kilsədən ibarət deyil. Aparılan yerüstü müşahidələr və yoxlama işlərinə əsasən kilsə ətrafında divar qalıqları müəyyən edilib. Gələcəkdə kilsə ətrafı divarlar və həyətyanı sahəsində yardımçı otaqların müəyyən edilməsi ilə kompleksin tədqiqi tam yekunlaşmış sayıla bilər.

Comments are closed, but trackbacks and pingbacks are open.