Gülzar Qara Namazov haqqında
Təbiət elə tənzimlənib ki, müqəddəs sayılan canlı varlıqların çoxu özləri üçün yox, başqaları üçün yaşayırlar. Bal arıları çox böyük əziyyətlə, səliqə ilə min çiçəkdən şirə toplayır, bəlkə də özləri bilmir nəyə görə, nəticədə insanlara bal kimi qiymətsiz bir nemət bəxş edirlər.
15/fbk/pp təSDİq ediRƏM: fbk-nın sədri V. R. Yunusova
Telefon 050 320 45 45
E-mail ünvanı: renaxalilli@gmail.com
Kabinet:
Fənnin adı: Uşaq ədəbiyyatı
Fənnin kodu : 040104 Məktəbəqədər təhsil
Tədris yükü (saat) cəmi: 20 + 3
Fənnin krediti:
Fənnin tədris edildiyi ixtisas: 040104 Məktəbəqədər təhsil
Qrup MQT Kurs : II
Fənnin tədris semestri : Payız-2
Tədris ili 2022-2023-ci il
PREREKVIZITLƏR: Tədrisi ilk növbədə zəruri olan fənnlər
Ədəbiyyat
(fənn)
KOREKVİZİTLƏR: Tədrisi eyni vaxtda aparılan fənn
(fənn)
Fənnin öyrənilməsi üçün materiallar:
Zəruri ədəbiyyatlar:
- Qara Namazov.Azərbaycan Uşaq ədəbiyyatı ( dərslik,Bakı,2007)
- Azərbaycan ədəbiyyatı tarixi, 3 cilddə. I-II cildlər,Balı ,1960.
- Azərbaycan uşaq ədəbiyyatı antologiyası, 3 cilddə.Bakı, 2005.
- Z.Xəlil, F.Əsgərli. Uşaq ədəbiyyatı, Bakı, 2007.
- Keçiləcək olan müəlliflərin əsərləri
Gülzar Qara Namazov haqqında
Təbiət elə tənzimlənib ki, müqəddəs sayılan canlı varlıqların çoxu özləri üçün yox, başqaları üçün yaşayırlar. Bal arıları çox böyük əziyyətlə, səliqə ilə min çiçəkdən şirə toplayır, bəlkə də özləri bilmir nəyə görə, nəticədə insanlara bal kimi qiymətsiz bir nemət bəxş edirlər.
İnsanlar arasında da yalnız xeyirxahlıq üçün yaranmışlar var. Həmin insanlar sanki başqalarının həyatını gözəlləşdirmək, rahatlaşdırmaq üçün yaranıblar. Digərlərini sevindirəndə onlar özləri də sevinir, digərləri üçün yaşayarkən özlərinin də yaşadıqlarını hiss edirlər, məhz belə həyatdan zövq alırlar.
Yaxından tanıdığımız, ziyalı kimi hörmət bəsləyib sevdiyimiz, əsil müəllim adına sadiq çıxmış sevimli müəllimimiz Qara Namazov da belə müqəddəs insanlardandır.
Hamıya bəllidir, gözəllər, cavanlıq eşqi ilə alışıb yananlar görülən kimi sevilə bilirlər. Amma 70-dən çox yaşı olan Qara müəllim necə maraqlı, necə istiqanlı, ürəyə yatımlı bir insandırsa, onu görən, bil kəlməsinə qulaq asan, onun sehirli kəlmələrinin ovsununa düşür və ani bir vaxtda bu insanı sevirsən. Tanıyanlar bu şəxsə laqeyd qala bilmirlər, ondan bir müddət ayrı qalan kimi onun üçün darıxır, müdrik kəlamlarını tez-tez eşitmək üçün ziyalı işığına səmt can atırlar.
Qara Namazovun ən gözəl xüsusiyyətlərindən biri odur ki, o insanlarda yalnız yaxşı cəhətləri görür və insanı gördüyü xeyirxah işlərlə birlikdə yüksəklərə qaldırmağı bacarır və bunu məmuniyyətlə edir. Özü də insanların müvəffəqiyyətinə o qədər sevinir ki, sanki həmin adamla birlikdə özü də qanad açır, uçur.
Bu böyük müəllimlə nə qədər ünsiyyətdə olsan da onun özünü tərifləyən, özünü ucaltmağa, “gözə soxmağa” çalışan bir kəlməsini eşitməzsən. Gördüyü işlərdən, elədiyi xeyirxahlıqlarından danışmaması da, tərif sevməməsi də Qara müəllimi başqalarından fərqləndirir və sevdirir.
Böyük müəllim gənclərə məsləhət verməkdən, onlara düzgün yol göstərməkdən, öyrətməkdən yorulmur. Nə təhsildəki çətinliklər, nə həyatdakı problemlər, nə tutduğu vəzifələr bu insanı dəyişdirə bilməmiş, o elə həmişə olduğu kimi xeyirxah, səbirli, təmkinli, üzü nurlu, tələbənin dostu və müəllimin sirdaşı olmuşdur. Hər kəs, cavan da, qoca da, hər vaxt Qara müəllimin yanına gələ bilər, kədərini, sevincini onunla bölüşə bilər, heç ibr maneə ilə rastlaşmadan.
Bu vaxta qədər 25 nəfərdən çox disertant Qara müəllimin rəhbərliyi altında dissertasiya müdafiə edərək alimlik dərəcəsinə layiq görülüb. Tələbələri ilə fəxrlə danışan müəllim onları balaları kimi sevir, qayğılarına qalır. Ya xırda problem olsun, ya böyük, ya onun işinə aid olsun, ya olmasın, o heç kəsi – ona pənah gətirmiş heç kəsi naümid qaytarmaz, cavanlara düzgün yol göstərər, onların problemini öz şəxsi problemi kimi həll eləməyə çalışar.
Hər kəsi məngənə kimi sıxan problemlər əhatəsində əlbəttə ki, belə insani keyfiyyətlərlə qalmaq asan deyil.
Uşaqları sevən, uşaq ədəbiyyatına xüsusi incəliklə yanaşan Qara müəllim həm təhsil sistemində həm də şəxsi yaradıcılığında uşaq ədəbiyyatına çox böyükəhəmiyyət verir. O deyir: ” Azərbaycanın gələcəyini Uşaq ədəbiyyatının inkişafında görmək lazımdır. Əgər bu gün uşaq ədəbiyyatına laqeyid yanaşılırsa, gələcəkdə övladlarımızın da vətənə, ata-anaya o qədər laqeyid yanaşma qorxusu var”.
Qara Namazovun uşaq ədəbiyyatı istiqamətli yaradıcılığında tez-tez vətən, xalq sözlərinə rast gəlmirik. Amma onun vətənpərvər mövzulu yazıları elə qüvvətlidir ki, həmin əsərlər uşaq psixologiyasını ani dəyişdirməyə, onu sağlam əqidəli bir insana çevirməyə qadirdi.
Klassiklər ədəbi aləmdə sözlərini deyiblər, ədəbi tarix onlara layiq olduqları qiymət verərək özündə yaşadır. Müasir dövrdə isə gənc yazıçıların və şairlərin diqqət və qayğıya, onlara düzgün yol göstərilməsinə ehtiyacları var. Qara Namazov uşaqları daha çox sevən və xüsusən uşaqlar üçün yazan yazıçıların, şairlərin əsərlərini bir-bir, sətir-sətir, səbr və təmkinlə, yorulmadan oxuyur, onlara düzgün qiymət verir, həmin əsərələrin uşaqlara çatdırılması üçün dəyərli məsləhətlər verir, işlər görür.
1983-cü ildə Qara Namazov ilk dəfə Universitet tələbələrinin tədrisi məqsədilə “Uşaq ədəbiyyatı” dərsliyi çap etdirib. 20 il uşaq ədəbiyyatı tədris edən professor elə o vatdan müasir dövrümüzə qədər uşaq ədəbiyyatı dərsliyinin mütəmadi çap edilməsinə nəzarət və rəhbərlik edib. Onun belə bir böyük işi uşaqlar üçün yazılmış ədəbiyyatın əbədi yaşamasına və inkişafına yönəlmiş böyük bir addım olub.
Böyük müəllimin uşaqlar üçün yazdığı “Yanıltmaclar”, “Tap-tapmaca”, “Sanamalar”, “Oğluma nəsihət” , “Balalara töhvə”, “Loğman” sadə, şirin, yadda qalan uşaq dilində yazılıb və uşaqlar tərəfindən sevilə-sevilə oxunur.
Qara müəllim Azərbaycanlı balaların əsil türk oğlu kimi igid, mətin böyümələrinin arzusundadır. O, vətənini sevən alim onun daima inkişafına çalışaraq, vətənpərvər mövzuda yazılar yazır, kitablar çapdan çıxarır. (“Şah qızı dastanı”, Şamaxı haqqında poema”, “Naməlum bir roman”, “Qazanxan haqqında qaraqoyunluəfsanəsi”, “Türkiyə özünə dönərsə qurtulur”) Yazılarında oxucusunu yormadan, gəncləri mübarizəyə, müstəqilliyimizi qoruyub saxlamağa, vətəni işğalçılardan qorumağa çağırır.
Qara müəllim həmişə axtarışdadır. İlkin sivilizasiyanın banisi türk xalqının qədimiliyini sübuta yetirib dünya ictimaiyyətinə çatdırmaq niyyəti ilə Qara Namazov son illərin araşdırmaları nəticəsində “Mu qitəsinin” sirrləri haqqında yazdığı “—-” kitabı, bu haqda silsilə məqalələri geniş dünyagörüşə malik professorun daima axtarışda olmasından xəbər verir. Özünün qeyd etdiyi kimi “Məni yaşadan yaradıcılığımdır!”.
Qara Namazov yaradıcılığına uğur arzulayaq ki, müəllim adına sadiq çıxmış Qara müəllimin mənalı, şərəfli ömrü uzansın. Hər birimizin, evimizin, elimizin xeyrinə!
“Başqa planetlərlə əlaqə yaratmaq üçün…”
İlk dəfə Hüqo Hernsbek 1920-ci ildə Amerikada məşhur fransız fantast yazıçısı Jül Vernin əsərlərini oxuyandan sonra bu termini işlədib. Qeyd edək ki, Jül Vern dünya ədəbiyyatında fantastik janrın banisi hesab olunur.
Azərbaycan ədəbiyyatında isə elmi-fantastik janrın ilk nümunəsi Y.V.Çəmənzəminlinin 1933-cü ildə yazdığı “Gələcək şəhər” hekayəsidir.
Anarın “Əlaqə” povestini də bəzən elmi-fantasik janr nümunəsi kimi verirlər. Professor Qara Namazovun “Azərbaycan uşaq ədəbiyyatı” kitabının “Elmi-fantastika” bölməsində bu barədə danışılıb:
“Son illərdə ədəbiyyatımızda yaranan elmi-fantastik əsərlər içərisində Anarın “Əlaqə” povesti orijinal mündəricəyə malikdir”. Lakin professor Tofiq Hüseynoğlu mündəricə orijinallığı ilə bağlı fikirlə razı olsa da, bu əsərin elmi-fantastik janrda olması ilə heç cür razılaşmır: “Düzdür, povestdə irsiyyət genlərinin yaddaşı, vaxtın fəlsəfi və fiziki mahiyyəti və nisbiliyi, radioteleskoplar və uzaq dünyalarla əlaqə problemi, şüur sistemlərinin müxtəlif ola biləcəyi barədə fərziyyə və mülahizələrdən elmi-fantastika elementi və ünsürü kimi istifadə edilib – lakin bununla povest elmi-fantastikaya çevrilmir. Çünki bu əsərdə fantastika əsas bir mövzu yox, ancaq ədəbi priyomdur, əsas fikri ifadə etmək üçün vasitədir”.
Tənqidçi Akif Hüseynov isə tamam başqa fikirdədir: “Əlaqə” povesti simvolik-alleqorik nəsr nümunəsidir”. Fikrimizcə, bu əsərdə simvol və alleqoriya yoxdur. Biz Tofiq Hüseynoğlunun fikirləri ilə razılaşır, “Əlaqə” povestini, sadəcə, fantastik janrın nümunəsi hesab edirik, necə ki, yazıçı özü də bunu belə qəbul edir.
Anarın əksər qəhrəmanları kimi “Əlaqə” povestinin də qəhrəmanı sadə bir adamdır – tələbədir. Yayın isti günlərində ali məktəbə qəbul olan tələbə şəhərə gəlir və özünə kirayə mənzil axtarır. Baxdığı elanlara qayıdıb bir də baxanda əvvəlcə diqqətindən yayınan 20 mərtəbəli binada üzü dənizə baxan birotaqlı evin elanını görür və ev sahibi ilə görüşməyə gedir. Ev sahibi köhnə binada yaşayan tənha qarıdır. Qarı evin ünvanını tələbəyə başa salır və saat 6-ya görüş təyin edir. Görüşə 3 dəqiqə gecikdiyinə görə tələbəyə etirazını bildirən qarı nəsə qəribə davranır, tələbə bunu normal qarşılayır: “Zarafat deyil, dağ boyda oğul itirib”. Qarı tələbəyə tapşırır ki, bu evdə qalmaq istəyirsənsə, 2 şeyə əməl etməlisən: “O bağlı qapını heç vaxt açma, bir də gecələr mətbəxin işığını söndürmə”.
Ev tələbənin çox xoşuna gəlsə də, qaldığı elə ilk gündən qəribəliklərlə rastlaşır. Məsələn, divardakı şəkillərin üzü dəyişməyə başlayır, divarın o biri üzündən əcaib səslər eşidir, xətti kəsilmiş telefona zəng gəlir, aşağı düşəndə binada öz otağının işığının yandığını görür, külqabıda kiminsə siqaret yandırıb qoymasına heyrətlənir (əmindir ki, özü qoymayıb), lift bir tərəfdən minəndə yuxarı, digər tərəfdən minəndə aşağı doğru hərəkət edir, divar saatı tərsinə işləyir və s. Bir gün bu məchulluğa dözməyən tələbə bağlı qapını açır və digər mənzilə girir. Burada onu cavabı müəmmalı suallara məntiqi cavablar verərək xilas edən psixiatr qarşılayır. Psixiatr ona yaşadığı mənzilin eksperimental tikinti olduğunu və cürbəcür fokusları olduğunu deyir. Məsələn, psixiatrın yaşadığı mənzilin üçüncü mərtəbədə olduğunu deyəndə tələbə təəccübünü saxlaya bilmir. O izah edir: “Burada səviyyə fərqi var, üçmərtəbəli bina təpənin üstündə tikildiyinə görə iyirmimərtəbəli binanın iyirminci mərtəbəsi ilə eyni səviyyədədir”.
Psixiatr maqnitofona xəstələrinin səsini yazdırdığını, bunun onu narahat edib etmədiyini soruşanda və üzr istəyərək evin qayda-qanununa görə işıq dəyişəndə səssizliyə riayət etməli olduğunu deyəndə tələbə qulağına gələn səslərin və işığın niyə dəyişməsinin səbəblərini başa düşüb bir az da rahatlaşır. Saatın geriyə işləməsi barədə verdiyi suala isə psixiatr onu bir ay bundan əvvəl ölən saatsaz qardaşının vaxtı geri qaytarmaq istəyilə düzəltdiyini deyir. Bundan sonra tələbə onu narahat edən hər bir səbəbin bir məntiqi əsası olduğunu düşünüb, sonuncu sualını verir, şəkillərin sirrini bilmək istəyir: “Şəkillər barədə danışmazsız?” – deyir. Psixiatr isə bu sualdan yayınır və müsahibinin sayıqladığını düşünür, hətta onun öz dissertasiya işi olan xəstəliyə tutulduğunu zənn edərək, müxtəlif suallar verir, dəlixanada yatıb-yatmadığını soruşur. Hamama getdiyini deyən psixiatr geri qayıtmır və öz mənzilinə qayıdan tələbə bu dəfə onu bığlı formada görür. Bu adam isə deyir ki, o astrofizikdir, uzaq dünyalarla əlaqə yaratmaq probleminə həsr olunmuş Beynəlxalq Astrofizika Konqresindən gəlir. Tələbə çaşbaş qalır: “Axı siz bayaq o biri mənzildə idiniz, özü də bığsız, mənim başıma nə oyun açırsınız? Bayaqdan mən sizin suallarınıza cavab verirəm, indi də mənim sizə cəmi bircə sualım var, zəhmət olmasa deyin, bunu necə eləyirsiniz?”
Bu danışdıqlarımız – şəkillərin dəyişməsi, bığsız psixiatrın dönüb bığlı astrofizik olması, liftin qəribə hərəkəti və s. hadisələrdə şərtilik elementləri duyulur. Bildiyimiz kimi, fantastikanın özünü də şərtiliyə aid etmək olar. Dünya ədəbiyyatında, eləcə də, Azərbaycan ədəbiyyatında şərti-metaforik üslub, bu üslubda yazılan əsərlər, obrazlar 70-80-ci illərdən vüsət almağa başlayır, hətta epik-analitik və lirik-romantik üslubu da ötüb keçir. “Əlaqə” povesti də 1989-cu ildə yazıldığına görə bu dövrün, bu üslubun izləri hiss edilir.
Uzaq dünyalarla necə əlaqə yaratmaq istədikləri haqda astrofizik maraqla danışır: “Məşhur astrofiziklər neçə illərdi, güclü radioteleskoplar vasitəsilə yaxın qalaktikaları izləyirlər, amma nə olsun?! Nəticə yoxdur ki, yoxdur. Ulduzlar susur. Bizə elə gəlir ki, kosmik əlaqə balıq tutmaq kimi bir şeydi – torunu atıb otur çay qırağında, gözlə haçan balıq gəlib düşəcək. Mənim fikrimin məğzi belədir, kosmik əlaqə başqa cür, tamam gözlənilməz, izaholunmaz şəkildə meydana çıxa bilər”.
Elə bu vaxt tələbə düşünür: “Başqa planetlərlərin sakinləri ilə əlaqə yaratmaq üçün inadla yollar axtarırıq, amma yer üzündə insanların bir-biri ilə əlaqəsi varmı?” Fikrimizcə, əsərin canı da elə bu sual üzərində qurulub. Bu barədə professor Tofiq Hüseynoğlu yazır:
“Əlaqə” povestində əsas məqsəd təklik problemindən istifadə ilə insani münasibətlərdən bəhs etməkdir. Tələbənin tək yaşamağa çalışması, tək yaşayan qarı, 20 mərtəbəli binanın şəhərdə yeganə tək bina olması və anlaşılmazlıqlarla əhatə olunması, tək otaq, xətti kəsik, rabitəsiz, əlaqəsiz telefon və s. təklik problemi ilə bağlı obrazlardır”. “Əlaqə” povestinin özündə bir əlaqəsizlik vardır ki, çəkdiyimiz misallar məhz buna nümunədir – hər şey təkdir, əlaqəsizdir, hətta insanlar arasında belə əlaqə yoxdur.
Anar povestdə vaxt məsələsinə də toxunur və astrofizikin dili ilə vaxtın fiziki mahiyyətindən danışır: “Vaxtı necə təyin eləmək olar? Kim mənə isbat eləyə bilər ki, vaxt irəli gedir, geri yox? Nə müəyyənləşdirir vaxtı? Olmaya bu qurulu mexanizm? Deyəcəksiniz günəş tsikli? Gecə-gündüzün dəyişməsi? Bəs Günəşin özündə? Orda vaxt necə işləyir? Tələbə “bilmirəm” deyir.
Və nəhayət, astrofizikin son nitqi bütün bu baş sındırmaların, axtarışların, əslində, boş və mənasız olduğuna işarə edir: “Əlaqə” problemi bundadır. Biz şüurumuzun dəyişməz məntiqi qanunlarının pozulmasına razı olmuruqsa, hadisələrin səbəb-nəticə bağlılığını öyrənə biləcəyikmi? Uzaq dünya ilə əlaqənin yaranmağı bunlardan asılıdır. Amma əgər bütün qeyri-adi, dərkolunmaz şeylərdə məntiqi səbəb axtaracağıqsa, onda heç bir əlaqə mümkün olmayacaq”.
Elmi-fantastika ilə bağlı olan hissələr yalnız astrofizikin dırnaq içərisində verdiyimiz nitqlərindən ibarətdir, yəni bunu bütün əsərə şamil etmək və povesti elmi-fantastik janr adlandırmaq düzgün olmazdı. Burada fantastika psixoloji aspektdə işləndiyinə görə povest psixoloji-fantastik əsərdir. Anar özü romanı “psixoloji-fantastik yox” adlandırır.
Tələbənin sonda “hər halda, mən zəiflik göstərmədim. Qarı və oğulları (2 idi onlar, ya 1 idi fərqi yoxdur), hər halda, bu qəribə ailə şüurumu pozub xarab eləyə bilmədi. Mən dəli olmadım” deməsi bütün bunların, əslində, olmadığını, tələbənin ağır imtahan yorğunluğu və psixoloji cəhətdən yüklənməsindən sonra olan görmə, eşitmə hallüsinasiyaları olduğunu göstərir. Onu dəli edə bilmədiklərini düşünməsə, bəlkə, biz də bu fikirdə olmazdıq. Prof. Tofiq Hüseynoğlu bu barədə deyir ki, qəhrəmanla digər obrazlar arasında heç cür əlaqə yaranmır ki, yaranmır. Bu əlaqəsizlik alimin təəssüfünə və kədərli gülüşünə səbəb olur.
Astrofizikin fikrincə, bütün bu qəribə hadisələrdə bir əlamət vardır – uzaq dünyanın sakinlərinin bizlə əlaqə yaratmaq cəhdi. Buna səbəb axtarmamalı və şərait yaratmalıyıq. Ancaq insan psixologiyası elədir ki, yaşam tərzindən kənarda olan hər şeyin ona qəribə gəlməsi çox normaldır. Hətta burada qorxu elementləri də vardır. Buna görə də əsəri “qorxulu-psixoloji-fantastik povest” də adlandıra bilərik.
Yatanda “gərək kitabxanadan kosmik əlaqələrə aid kitab alıb oxuyam” deyə düşünən tələbənin bu sahədə məlumatlanmaq və biliyini artırmaq istəyi ifadə olunur. Prof. Qara Namazov yazır: “Deməli, ali məktəbin astanasına ayaq açan tələbə tədricən elmin də astanasına ayaq açır. Alimin vasitəsilə kainat haqqında təsəvvürləri genişlənir”. Zənnimizcə, povestin əsas məzmununu da elə iki mövzu təşkil edir:
Yaşadığımız dünyadan kənarda olan hadisələrlə, başqa planetlərlə, kosmosla maraqlanmaq, bu sahədə biliklərini artırmaq və əgər doğrudan da, uzaq dünyalarda həyat varsa, oranın sakinləri varsa və onlar bizlə əlaqə yaratmaq istəyirlərsə, biz, olan hadisələrdə qeyri-adi nəsə axtarmamalı, hər şeyi normal qəbul etməliyik, hərçənd ki, bu, hələlik bizim dərketməmiz xaricindədir.
Bu əlaqənin yaranması üçün əvvəlcə Yer kürəsində – planetimizdə insanların bir-birilə əlaqəsi olmalıdır. Necə deyərlər, əvvəl evin içi, sonra çölü.
Comments are closed, but trackbacks and pingbacks are open.