Press "Enter" to skip to content

Ağdaş ədəbiyyatımızın 10 ən gözəl sevgi şeiri

Qayıt, mənim gülüm, yerbəyer elə
Dərdli səhərləri, gecələri sən.
Çaşıb başqa yolla keçirəm evə,
Düz öz qaydasınca küçələri sən.

Zəfər gününə aid şeirlər

Zəfər günüə aid şeirləri buradan oxuya bilərsiniz. Allah hər bir şəhidimizə rəhmət etsin.

Zəfər yolu – Günün şeiri

( Asim Yadigar Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, şair )

Soldurub baharını, gətirdik sərt qışını,
Axıdıb bu yerlərdə düşmənin göz yaşını,
Dəmir yumruqla əzdik onun murdar başını.
Bu yol qeyrət, cəsarət, bu yol hünər yoludur,
Bu yol Şuşaya gedir, bu yol Zəfər yoludur!

Ali Baş Komandanım, yaşa, var ol, yüz yaşa!

Saldığın Zəfər yolu tamaşadır, tamaşa,
Bu yolu tutmalıyıq başdan-başa qumaşa.
Bu yol ata arzusu – bu yol Öndər yoludur,
Bu yol Şuşaya gedir, bu yol Zəfər yoludur!

Onun hər qarışına qarışıb şəhid qanı,
Bu qanlarla qurtardıq qandan Azərbaycanı.
Oğlum, nəvəm, qardaşım, bu yolu sən də tanı.
Bu yol qorxu bilməyən hünərvərlər yoludur,
Bu yol Şuşaya gedir, bu yol Zəfər yoludur!

Bu yolda dəfn eylədim içimdəki qorxunu,
Həqiqətə çevirdim əfsanəni, yuxunu,
Sancdı düşmən köksünə igidlərim oxunu.
Bu yol qəlbə rahatlıq gətirən nər yoludur,
Bu yol Şuşaya gedir, bu yol Zəfər yoludur!

Yamyaşıl meşələrin nəğməsi necə şirin,
Kölgəsi gün görməyir, kölgəsi necə sərin.
Bu zümrüd meşələrin, bu dərin dərələrin
Hər biri xoş müjdələr verən xəbər yoludur,
Bu yol Şuşaya gedir, bu yol Zəfər yoludur!

Sıldırım qayaları öpürəm gözlərimlə,
Oxşayıram hər izi, cığırı sözlərimlə,
Öyünür, fəxr edirəm dağımla, düzlərimlə.
Daha bu yol nə həsrət, nə də qəhər yoludur,
Bu yol Şuşaya gedir, bu Yol Zəfər yoludur!

Otuz illik həsrəti qırx dörd gündə dağıdan,
Ey qəhrəman qazilər, sizə hər an can qurban.
Bu yolda şəhidləri unutmadım bircə an.
Bu yol cəsur, qəhrəman, igid əsgər yoludur,
Bu yol Şuşaya gedir, bu yol Zəfər yoludur!

Ulu Naxçıvanımın qorxmaz, ər oğulları,
Oxudum qayalarda siz yazan nağılları!
Dağa qalxan maşınlar, sanki durna qatarı
Qalxır Şuşaya sarı, qala-şəhər yoludur,
Bu yol Şuşaya gedir, bu yol Zəfər yoludur!

Ədalətinə şükür, ey qoca, gidi dünya,
Mən Cıdır düzündəyəm – nə yuxudur, nə röya.
Burdan – Cıdır düzündən səslənərək dünyaya
Deyirəm: – Bu qələbə, zəfər, bu ər yoludur,
Bu yol Şuşaya gəlir, bu yol Zəfər yoludur

8 NOYABR

8-i Noyabr Şuşa günüdü
təqvimdə düzəliş.
dualarda yenilik günü.
Biz bu duaları üzü göylərə
hər gün pıçıldadıq,
Vətən və Azadıq eşqinə.

8-i Noyabr
duaların qəbul olunduğu,
Tanrı lütfünün yerə endiyi gün,
Şəhid ruhlarının
bayraqlıq parçadan
bayram paltarı geyindiyi gün.

8-i Noyabr
Heyrətim, inamım, qürurum,
bir az da heyranlığım.
Biz Şuşaya qayıtdıq, Şuşa bizə qayıtdı.
Sənə şükür olsun,ya inandığım!

Azərbaycan əsgərinə

Ey adlı qəhrəman, adsız qəhrəman,
Qarşında yağılar diz çöküb titrər.
Şükür, sən tərəfə dolandı dövran,
Daha nə itirsə düşmən itirər.

Gözünü yummadın soyuq səngərdə,
Gecələr bizim də yuxumuz azdı.
Sən ey fateh oğul, sən ey sərkərdə,
Şəninə min dastan yazsam da azdı.

Haqq idi bayrağa içdiyin andın,
Əsrlik yolları qət etdin, əsgər.
Yeni tarix yazdın – zəfər qazandın,
Şuşa qalasını fəth etdin, əsgər.

Başın uca olsun, ay gözüm, canım,
Vüsala yetişdi könül sevdası.
Sayəndə güləcək Azərbaycanım,
Gəldi Qarabağın o xoş sədası.

RAHAT UYU, ŞƏHİDİM

Bu dünyanın dərdləri sanki bizə görədir,
Birindən qurtulmamış başqasını törədir.
Sülhdən dəm vuranların cəllad çıxır çoxusu,
Bütün qəsbkarların ağzında qan qoxusu…
Qara itlər qorunur, ağ atlar izlənirkən,
Qartalları vururlar, bayquşlar gizlənirkən…
Yurdun aşiqlərini seçib dən-dən vurdular,
Gözlərindən qorxanlar
ürəyindən vurdular..
Rahat uyu, şəhidim…
Yollara həsrət – həsrət dikiləndə gözlərim,
dünyanın boğazından keçməyəndə sözlərim,
Cəbhədə don tuturdu sənin ayaq izlərin…
Qış gəlirdi dağlara…
Qarabağda sazaqdı,
Səninsə gözlərindən günəşli bir yaz axdı…
Artıq nəfəsin həyat ritmindən çox uzaqdı…
Uzağa dikilmişdi o anda nəzərlərin..
Gözə vətən dəyirdi…
Qəlbin odu sönmədən ruhun gülümsəyirdi…
Rahat uyu, şəhidim…
Savaşın davam edir,
Bayrağına, himninə neçə dostun əyildi…
Gözünü itirən var,
qolu yoxdur kiminsə…
…Ruhum bu son yaradan ölüncə qan itirsə…
Sən də ordan gülümsə..
Rahat uyu, şəhidim…

Sənə Zəfər yaraşır

Vətən müharibəsində
Biz qələbə qazandıq.
Bu gün Anım Günüdür
Qəhrəmanları andıq.

Tarix yazdı igidlər,
Hamısı əzizimizdir.
44 günlük müharibə,
Şanlı tariximizdir!

Dəmir yumruq düşmənin,
Mənfur başını əzdi.
Düşmənlər Qarabağda
Daim qala bilməzdi.

İndi azad Qarabağ
Günbəgün abadlaşır.
Mənim qədim torpağım!
Sənə bu çox yaraşır.

Bizə Zəfər yaşatdı,
İgid oğullarımız.
Hər birini anırıq,
Minnətdarıq hamımız!

Yaşa, Vətən, çox yaşa,
Yaraşır Zəfər sənə!
Alqış, min kərə alqış
Zəfəri bəxş edənə!

Azərbaycan əsgəri

Rəşadətin önündə,
düşmən də təslim olur.
Hünərindən danışır,
söz açır, hər kim olur,-
Azərbaycan əsgəri.

Ayağın dəyən torpaq,
əsirlikdən qurtarır.
Sən qalxan ucalığa,
dağlar həsəd aparır,–
Azərbaycan əsgəri.

Vətən üçün canından,
keçməyə də hazırsan.
Qəhrəmanlıq tarixin,
al qanınla yazırsan,-
Azərbaycan əsgəri.

Saxta tarix yazanın,
niyyəti pozulacaq.
Sənin rəşadətindən,
dastanlar yazılacaq,-
Azərbaycan əsgəri.

Tarix mat qalıb sənə,
zamana dur, deyirsən.
Sən verib öz hökmünü,
komandir, vur, deyirsən,-
Azərbaycan əsgəri.

Düşməni nişan alan,
gözünə qurban olum.
Yurduma naxış vuran,
izinə qurban olum,-
Azərbaycan əsgəri.

Millətin qürurunu,
sən özünə qaytardın.
Qalibiyyət bayrağın,
zirvələrə apardın,-
Azərbaycan əsgəri.

Özünü dərk edəndə,
millət qüdrətli olur.
Hər oğulu, hər qızı,
qorxmaz, cürətli olur,-
Azərbaycan əsgəri.

Düşmənin namərdliyi,
südündə, qanındadı.
Məğrurluğun, qürurun,
səninsə soyundadı,-
Azərbaycan əsgəri.

Qədim tariximizə,
varlığın zəmanətdir,
Ululardan bu günə,
yurdumuz əmanətdir,-
Azərbaycan əsgəri.

Özünə qayıdacaq,
hər yurdun dogma adı.
Yüksələn bayrağımız,
zirvədən də ucadı,-
Azərbaycan əsgəri.

Qələbə soraqları,
düşmənin belin qırıb.
Yumruq kimi birləşib,
arxanda millət durub,-
Azərbaycan əsgəri.
İşğaldakı torpağı,
qarış-qarış alırsan.
Döyüş meydanlarında,
şanlı zəfər çalırsan,-
Azərbaycan əsgəri.

Bu gün qalibsən artıq,
düşmənə vermə möhlət.
Xilaskar ordusuna,
sənə güvənir millət,-
Azərbaycan əsgəri.

Ali Baş Komandan da,
igid ər tək döyüşür.
Dünya hərb meydanında,
bir əsgər tək döyüşür,-
Azərbaycan əsgəri,
Azərbaycan əsgəri.

ƏSGƏR QARDAŞIMA

Can, əsgər qardaşım, salamlar olsun,
Bir məktub yazıram torpaq ətirli.
Vətəndən vətənə arzularımı
Ürəkdən ürəyə sevgi gətirir.

O qırğı gözlərin nə uzaq baxır?
Şuşayamı gedib, yoxsa Laçına?
Qəlbindəki sevgi yetər, igidim,
Qovuşdursun bizi Vətən tacına!

Oyanıb içimdə bütün duyğular,
Gün boyu xəyallar qurur ürəyim.
Elə unudulub bütün qayğılar,
Səngərdə səninlə vurur ürəyim!

Sənlə silah tutub, mərmi atıram.
Səngərdən səninlə birğə çıxıram.
Atdığın gülləyə dönüb bir anda,
Od olub, düşmənə -“Atəş!-sıxıram!

Bu artıq son döyüş, geriyə yol yox!
Tök qanın, sən qala düşmən leşini!
Xocalı yadından çıxmasın sənin,
Namərdə nifrətlə sən sıx dişini!

Kəlbəcər dağları qalanız olsun,
Laçına, Şuşaya gedən yoldasız!
Cəbrayil, Qubadlı, Zəngilan gülür,
Ya bu gün, ya sabah Qarabağdasız!

Qanınla yuduğun azad torpağı
Öpürəm, bağrıma basıram, qardaş!.
Azadlıq qoxulu Vətən bayrağın
Səninlə hər yerə asıram, qardaş!

Arxada millətim, Baş Komandanım,
Bu birlik, bu sevgi əməyin olsun.
Vətən sənə, sən vətənə əmanət,
Ulu Yaradanım köməyin olsun!

YAŞA, VƏTƏNİM YAŞA!

Mübariz Hüseyn Borçalı

Tarix yazan övladın,
Yurdu, ucalar başa.
Dillərə düşüb adın
Yaşa, vətənim yaşa!

Hər oğulun igid, ər
Yağı üstə coşandı.
Göstərib mərdlik, hünər
Zirvələri aşandı.

Məğlub olub gedəcək,
Alıb, yara dərini.
Zaman rüsvay edəcək
Körpə qatillərini.

Dinc əhalini vurmaq,
Hərbçilərə yaraşmaz.
Məqamdır cavab sormaq
Kin, qəddarla barışmaz.

Güləcək el növrağı
Zəfərdən pay dərəndə.
Dalğalanan bayrağı
Təbəssümlü görəndə.

TARİX YAZIR O YERDƏ

Mübariz Hüseyn Borçalı

Qələbə müjdəsiylə
Üzü gülür yurdumun.
Vur deyib, gur səsiylə
İgid oğlu ordumun
Tarix yazır, o yerdə.

Zəfərə doğru gedir,
Tutub haqqa üzünü.
Xalq üstündən yox edir,
“Qaçqın”, “köçkün” sözünü
Tarix yazır o yerdə.

Tarixdən iki alıb,
Məktəbdə fikir edən,
Zamanı lərzə salıb
Olubdur öndə gedən
Tarix yazır, o yerdə.

Xocalı qətliyamın
Alacaqdır öcünü.
Yağı görür əyyamın
Azərbaycan gücünü
Tarix yazır, o yerdə.

Odur nur saçan, ancaq
Zülmət gecə, sübh danı.
İnamım var, qoyacaq
Qələbəyə NİDANI.
Tarix yazır, o yerdə.

Zefer gunune aid seirler video

8 noyabr zefer gunu seirleri. Qələbə bizimdir.

Çağdaş ədəbiyyatımızın 10 ən gözəl sevgi şeiri

Milli.Az Kulis.az-a istinadən çağdaş Azərbaycan poeziyasının 10 ən yaxşı sevgi şeirini təqdim edir.

1. Əli Kərim – Qayıt

2. Bəxtiyar Vahabzadə – Bir salama dəymədi

3. Nəbi Xəzri – Dəniz, göy, məhəbbət

4. Nəriman Həsənzadə – Elə dayanırsan, elə baxırsan.

5. Musa Yaqub – Taleyin qisməti

6. Eldar Baxış – Sərçə balası

7. Nüsrət Kəsəmənli – Getmək istəyirsən.

8. Ramiz Rövşən – Ayrılıq

9. Vaqif Bayatlı Odər – Səni niyə belə sevdim

10. Aqşin Yenisey – Şəkil

Əli Kərim – Qayıt

Həsrətin araya atdı dağ, dərə,
Sönən işıq oldun, batan səs oldun,
Qayıt, mənim gülüm, qayıt bu yerə,
Ey mənim istəyim, nə gəlməz oldun!

Ümidlər, arzular pərən-pərəndir,
Qəlbə təsəllidir xatirələrim.
Bir halını soruş, könlümü dindir;
Axşamlar yadıma düşür səhərim.

Qayıt, mənim gülüm, yerbəyer elə
Dərdli səhərləri, gecələri sən.
Çaşıb başqa yolla keçirəm evə,
Düz öz qaydasınca küçələri sən.

Qayıt, yerinə qoy Ayı, Günəşi-
Yenə olduğu tək görüm həyatı.
Qayıt, gözüm nuru, könlüm atəşi,
Qayıt, sahmana sal bu kainatı!

Bəxtiyar Vahabzadə – Bir salama dəymədi

Bu gün mən səni gördüm,
Salam vermək istədim,
Üzünü yana tutdun.
Söylə, illərdən bəri
Qəlbimizin bir duyub
bir vurduğu illəri,
Axı, nə tez unutdun?

Beş ildə gözümüzdən axan o qanlı sellər,
Bir salama dəymədi?
Həyəcanla, fərəhlə, qəmlə dolu o illər
Bir salama dəymədi?

Heç üzümə baxmadan yanımdan necə keçdin?
Sən eşqin salamını qorxuyamı dəyişdin?
Yoxsa sən öz əhdinə, ilqarına ağ oldun?
O qədər yaxın ikən, bu qədər uzaq oldun.
Şirin gülüşlərimiz, acı fəğanlarımız
Bir salama dəymədi?

Qayğılı anlarımız, qayğısız anlarımız
Bir salama dəymədi?
Sən neylədin, bir düşün!
Yalnız indi anladım: ah, sən daha mənimçün
Əlçatmaz bir çiçəksən,
Yaşanmış günlərim tək geri dönməyəcəksən.
Qop, ey tufan, əs, ey yel! Xəzəl olum, tökülüm
Düz beş il ürəyimdə
Bəslədiyim məhəbbət, bir salama dəymədi.

Bir günlük həsrətimə dözə bilməyən, gülüm,
Bəs nə oldu?
Bu həsrət bir salama dəymədi?
Getdin, dalınca baxdım, can ayrıldı canımdan,
Sən necə etinasız ötə bildin yanımdan,
Ah çəkdim, başım üstə yarpaqlar əsdi, gülüm,
Sənin qəlbin əsmədi.
Geriyə də baxmadın!
Niyə sənin yolunu məhəbbətin kəsmədi.
Qazancımız de, bumu?
Deyilməmiş o salam əlvidamız oldumu?
Sən mənə zülm eylədin, mənə zülm yaraşır.
Bir salama dəyməyən eşqə ölüm yaraşır.

Nəbi Xəzri – Dəniz, göy, məhəbbət

– Dənizi hədiyyə verirəm sənə.
Mən dedim, sən baxdın, sən gülümsədin.
Göylərin şəfəqi düşdü üzünə.
– Mən isə. göyləri verirəm, – dedin.

Ayrıldıq qəribə hədiyyələrlə,
Göylər eşqim kimi mənə əzizdir.
Ayrıldıq dənizlə, ağ ləpələrlə,
Necə aparasan? Dəniz dənizdir.

Dənizi verdim ki, sənə hədiyyə,
Gəldiyim sahilə gələsən bir də.
Məni görməyəndə o mənəm – deyə,
Mənimlə danışıb, güləsən bir də.

– Əgər görüşməsək, bizə dağ olar,
Dedim, neçə dəfə belə dedim mən.
Dəniz sahilinə qayıtmaq olar,
Göylərin sahili varmı, gedim mən?!

Düşündüm, ayrıldıq gələndən bəri,
Sən mənim eşqimə çıraq olasan.
Onunçün verdinmi mənə göyləri,
Məndən göylər qədər uzaq olasan?!

Mən bir dənizəm ki, eşqim səhərdir,
Səni düşünürəm, əzizim, yenə.
Mənim dalğalarım xatirələrdir,
Qoy çatsın qəlbinin
sahillərinə.

Əsl məhəbbət ki, böyük hünərdir,
Coşar ümman kimi təzə arzular.
Mənim dalğalarım
xatirələrdir,
Orda tufan da var, burulğan da var.

Dənizəm, eşqimdən qaçmaq hədərdir,
Mən ki, adlayıram çölü, çəməni.
Mənim dalğalarım,
xatirələrdir,
Gecə də, gündüz də tapacaq səni.

İstəsən yuxuna gələrəm sənin,
gələrəm dəniz kimi.
Üzünə incilər çilərəm sənin,
çilərəm dəniz kimi.
Yoluna şəfəqlər səpərəm hərdən
səpərəm dəniz kimi.
İstəsən üzündən öpərəm hərdən,
öpərəm dəniz kimi.
Adını qəlbinin sahillərinə
yazaram dəniz kimi,
“Sevirəm” söyləsən bir axşam mənə,
Susaram dəniz kimi,
Susaram dəniz kimi.

Nəriman Həsənzadə – Elə dayanırsan, elə baxırsan.

Elə dayanırsan, elə baxırsan,
Elə bil qarşında quru bir daşam.
İpək saçlarını bir vaxt oxşayan
Elə bil hardasa mən olmamışam.

Səni dostlarımla, tanışlarımla,
Mən tanış edərdim nə vaxtsa bir-bir.
İndi özgələri yad ehtiramla,
Deyirlər tanış ol.
Nə qəribədir?!

Yuxuda görərdin nə vaxtsa hər dəm,
Yolumu gözlərdin yollardan uzaq.
Mən sənin yuxundan çıxıb gəlmişəm,
Bu da bir yuxudur, gəl tanış olaq.

Qoluna girərdim. bu, yadındadır,
gedərdik. yolumuz , arzumuz şərik.
Qolum qollarının lap yanındadır,
toxunsa biz indi üzr istəyirik.

Hayanda oldumsa səhər, ya axşam,
Aradın sən məni, gördün sən məni.
İndi gözlərinin qabağındayam,
Hayanda durum ki,
Görəsən məni?

Musa Yaqub – Öyrətmə özünə, öyrətmə məni

Taleyin qisməti rast saldı bizi.
Yolumuz hardasa qırılacaqsa,
İtirəcəyiksə bir birimizi,
Xatirəm yadında qalmayacaqsa,
Bu əllər mənimki olmayacaqsa,
Bu tellər mənimki olmayacaqsa,
Sən Allah, özünə öyrətmə məni,

Hicran qorxusuyla göynətmə məni.
Əlimi əlinə öyrətmə belə,
Gözümü gözünə öyrətmə belə,
Üzümü üzünə öyrətmə belə.

Mən bir az baharlı budaq kimiyəm
Bir azda sadəlövh uşaq kimiyəm,
Bala anasına qovuşan kimi,
Leylək yuvasına qovuşan kimi,

Ari gül çiçəyə uyuşan kimi,
Eh, mən də adama tez yovuşanam,
Sevgi atəşində tez alışanam.
Amma ki, sönməyim çox çətin olur,

Sevgidən dönməyim çox çətin olur,
Öyrətmə özünə öyrətmə məni!
Bəlkə gözləmirdik bu xoş görüşü,
Yaman qəribədir dünyanın işi,

Heç vaxt yollarında dayanmadığın,
Heç həndəvərində dolanmadığın,
Gəlib birdən sənə nə şirin olur!
Ömrünün içində ömür doğulur!

Bir şirinim acı olacaq isə,
Bir qismət çiçəyim solacaq isə,
Öyrətmə özünə, öyrətmə məni
Könlümdə yerin var, qopmaz yerindən,
Bir əkiz ləçəyi, haça budağı,
Ayırmaq olmursa biri birindən
Məni də ayırmaq çətindir axı.
Öyrətmə özünə öyrətmə məni,

Yox buna taqətim,yox buna tabım,
Əlimi əlindən üzmək əzabım,
Sonra bu əzaba dözmək əzabım.

Yoxsa da könlümün sınıqları var,
Hicranın köz basmış yanıqları var,
Mənim dərdlərimin ayaqları var,
Harda olsa, gəlib tapacaq məni,
Yaxıb yandıracaq bu ocaq məni.
Gəl məni özünə öyrətmə belə,
Əlimi əlinə öyrətmə belə,
Gözümü gözünə öyrətmə belə.

Eldar Baxış – Sərçə balası

İlahi, mənə yox, mən istəmirəm,
İlahi, yazığın gəlsin bu qıza.
Elə eləmə ki,
oğlanlar, qızlar,
Kişilər, arvadlar gülsün bu qıza.

Elə eləmə ki,
vüsal yerinə
Göz yaşı danışsın, qəhər danışsın.
Bir qızdan bir bölük adam danışsın,
Bir qızdan bir böyük şəhər danışsın.

Elə eləmə ki, bu qız bu eldə,
Dilə-dişə düşsün məndən ötəri.
Sərçə balasıdı bu qız bu saat,
Boynunu uzadıb dəndən ötəri.

Bu qızın
bu saat məndən umduğu,
Məndən istədiyi dən məndə yoxdu.
Bu qız ay istəyir, ay yoxdu məndə,
Bu qız gün istəyir gün məndə yoxdu.

Sevgi yoxdu məndə sevəm bu qızı,
Elə axan suyu belə döndərim.
Çevirəm özümü kəpənəyə mən,
Bu qızı çiçəyə, gülə döndərim.

Səndən çiçək olmaz, səndən gül olmaz,
Məndən də kəpənək, sərçə balası.
Durduğumuz yerdə biz niyə duraq,
Biz niyə tərpənək, sərçə balası?

Lap belə tərpəndik, lap belə getdik,
Sən deyən, mən deyən olası deyil.
Sərçə balasısan sən bu dünyada,
Şair ki, kəpənək balası deyil.

Kəpənək olmuşam dünyada bir vaxt,
Qanadım da olub bilmək istəsən.
İstəyim də olub özümə görə,
İnadım da olub, bilmək istəsən.

O qanad,
o inad,
o istək hanı,-
O qanad,
o inad,
o istək öldü.
Bircə gün çəkmədi gəlib-getməyi,
Kəpənək doğuldu, kəpənək öldü.

Ağca pambıq kimi,
ağca yun kimi,
Diddilər, diddilər o kəpənəyi.
Daraşıb qanadlı, əlli-ayaqlı,
Yedilər, yedilər o kəpənəyi.

Hanı o kəpənək, hanı o sevgi?-
Yaşamır, yaşamır, sərçə balası.
Bu ağ kəpənəklər o kəpənəyə,
Oxşamır, oxşamır, sərçə balası.

. Sən ey yeri, göyü yaradan kişi,
Uzaq görünürmü ordan yer sənə?!
Bu qıza bu boyda sevgi vermisən,
Mənə də bir azca sevgi versənə.

Səni də düşəsən mənim günümə,
Sənin göyün olsun,
quşun olmasın.
İlahi, neyləsən, sən mənə eylə,
İlahi, bu qızla işin olmasın.

Nüsrət Kəsəmənli – Getmək istəyirsən bəhanəsiz get

Getmək istəyirsən bəhanəsiz get
Oyatma mürgülü xatirələri
Səsin həmin səsdir, baxışın ögey
Gedirsən səsin də yad olsun barı.

Sən dəniz qoynuna tullanmış çiçək
Üstünə dalğalar atılacaqdır
Saxta məhəbbətin, saxta sənəd tək
Nə vaxtsa üstünə tutulacaqdır.

Demirəm sən uca bir dağsan əyil,
Demirəm əlacım qalıbdır sənə,
Nə səndə məhəbbət pul deyil,
Nə məndə dilənçiyəm əl açım sənə.

Döşənim yollar tək ayaqlarına
Sənə yalvarım mən, bu mümkün deyil.
Qoymaram qəlbim tək vüqarım sına
Alçalıb yaşamaq ömür-gün deyil.

Getmək istəyirsən o yol o da sən
Bir cüt göz baxacaq arxanca sənin.
Getdinmi geriyə dönmək istəsən
Tikanlı yastığa dönəcək yerin.

Getmək istəyirsən nə danış nə din
Yaxın yol uzaqlar, dumanda-çəndə.
Nəyimi sevmişdin deyə bilmədin
İndisə yüz eyib görürsən məndə.

Getmək istəyirsən bəhanəsiz get
Oyatma mürgülü xatirələri.
Səsi həmin səsdir baxışın ögey
Gedirsən səsin də yad olsun barı.

Ramiz Rövşən – Ayrılıq

Yenə bu şəhərdə üz-üzə gəldik
Neyləyək, ayrıca şəhərimiz yox.
Bəlkə də, biz xoşbəxt ola bilərdik,
Bəlkə də, xoşbəxtik, xəbərimiz yox.

Aradan nə qədər il keçib görən, –
Tanıya bilmədim, məni bağışla.
Mən elə bilirdim, sənsiz ölərəm,
Mən sənsiz ölmədim, məni bağışla!

“Ölmədim” deyirəm, nə bilim axı, –
Bəlkə də, mən sənsiz ölmüşəm elə,
Qəbirsiz-kəfənsiz ölmüşəm elə.
Bəlkə də, biz onda ayrılmasaydıq,

Nə mən indikiydim, nə sən indiki, –
Ayrıldıq, şeytanı güldürdük onda;
Bu ilin, bu ayın, bu günündəki,
Elə bu küçənin bu tinindəki
məni də, səni də öldürdük onda.

. Sağımız-solumuz adamla dolu,
Qol-qola kişilər, qadınlar keçir.
Özündən xəbərsiz, ömründə min yol
Özünü öldürən adamlar keçir.

Keçir öz qanına batan adamlar,
Bir də ki, qan hanı?
Qan axı yoxdu.
Hamı günahkardı dünyada, amma
Dünyada heç kəsin günahı yoxdu.

Bizsiz yazılmışdı bu tale, bu baxt,
Sapanddan atılan bir cüt daşıq biz.
Bəlkə bu dünyada on-on beş il yox,
Min il bundan qabaq ayrılmışıq biz.

Halal yolumuzu dəyişib, nəsə
Çaşmışıq, bir özgə yoldan getmişik.
Bəlkə min il qabaq səhv düşüb nəsə,
Minillik bir səhvə qurban getmişik.

Dəyişib yerini bəlkə qış-bahar,
Qarışıb dünyanın şəhəri, kəndi.
Bəlkə öz bətnində ögey analar
Ögey balaları gəzdirir indi.

Ömrüm başdan-başa yalandı bəlkə,
Taleyim başqaymış doğrudan elə.
O yoldan ötən qız, anamdı bəlkə,
Bəlkə də, oğlumdu bu oğlan elə.
Bu yalan ömrümdə görən sən nəsən?

Bəlkə heç sevgilim deyilsən mənim.
Anamsan, bacımsan, nənəmsən, nəsən.
Bircə Allah bilir, nəyimsən mənim.

Bizi kim addadar bu ayrılıqdan,
Çatmaz dadımıza, nə yol, nə körpü.
Ölüsən, dirisən, hər nəsən, dayan!
Dayan, heç olmasa əlindən öpüm.

Deyirsən: “Ölüyəm, ölünü öpmə. ”
Əlimin içində, soyuyur əlin.
Deyirsən: “Sən allah, əlimi öpmə,
əlimdən, deyəsən, qan iyi gəlir.

Vaqif Bayatlı – Səni niyə belə sevdim?

Səni niyə belə sevdim,
belə istədim niyə,
canımdakı min tikana,
bir gülə istədim niyə?!

Eşqdə gizlətdim bu canı
görəmməyən varmı, hanı?!
həm gizlətdim, həm də hamı
bilə istədim niyə?

Min illərçün də Allahdan
Gecə-gündüz, hər an, hər an
səni özümə həm sultan,
həm də, həm də
kölə istədim niyə?!

Aqşin Yenisey – Şəkil

Evdə təkəm,
şəkilinə baxıram
Zəng eləyir arvadımın xalası.
Yağış yağır çəkdirdiyin şəkildə
Bir it də var,
arsız həyət tulası
Yağış yağır çəkdirdiyin şəkildə
Hətta bir az külək əsir, sazaqlı
Sol yanında hüzünlü bir uzaq var
Şəkillərdə yaxşı düşür uzaqlıq
Bir kişi də keçir arxa tərəfdən
Heç baxmırsan,
gözün elə məndədir
Həyata bax, necə gözəl yalandı
Gecə keçir,
ömür qalır,
gün gedir
O kişidən mənim gözüm su içmir
O kişini tanımırıq sən, ya mən.
O kişini evdən qova bilmirəm
Neçə ildir, bizdə qalır şəkilnən
Gecə hərdən hürür həyət tulası
– Ay it! Ay it!
Çımxırıram şəkilə
Bu şəkildə özündən də gözəlsən
Necə edim bu şəkilə çəkiləm?
Bir uşaq da bərk-bərk tutub əlindən
Sağın uşaq,
sol tərəfin uzaqlıq
Mən bilirəm,
şəkillərə çəkilib
Qocalıqdan daldalanır uşaqlıq
Bilirəm ki, yorulmusan şəkildə
Necə alım əlindəki səbəti
Necə öpüm yanındakı uşağı
Necə qovum
o kişini, o iti
Necə qovum,
kişi bəlkə ərindir
Uşaq sizin,
it də evin tulası
Evdə təkəm,
şəkilinə baxıram
Zəng eləyir arvadımın xalası.

Milli.Az

Şeirlər, qəzəllər

Uzun illərdir ki, məmləkətimizdə şeir yazanların sayı günü-gündən çoxalır. Əlbəttə, bu yazarların hamısı şair deyil və illər keçəndən sonra onlardan yalnız 10-15 nəfəri gələcək nəsillər üçün tarixdə şair kimi qalsa, bu da böyük işdir. Bəs onda şeir yazmağa adamlarda bu həvəs hardandır? Məgər şeir yazanların çoxu bunu bilmirlərmi ki, onların yazdığı şeir yox, sadəcə sözü sözə calamaqdır. Əlbəttə, onlardan bir hissəsi bunu bilir. Amma bilə-bilə elə-belə “müşqulat üçün” yazırlar. Bir hissəsi şənbazlıqdan, təki onlara da “şair” desinlər deyə yazırlar. Bir hissəsi də bekarşılıqdan yazırlar.

Amma bu qədər şeir yazanlar arasında istedadlı adamlar və gələcəkdə şair kimi tarixdə qalacaq insanlar doğrudan da çox azdır. Bəs bu çoxluğun içərisində həmin istedadlı adamları axtarıb tapmaq, onlara kömək etmək asandırmı? Əlbəttə, çətindir. Bununla əslində ədəbi tənqidçilər məşğul olmalıdır. Əfsus ki, bu gün yaxşı, peşəkar ədəbi tənqidçiləri də demək olar ki, barmaqla saymaq olar. Amma onların da bir qismi ona görə tənqidi yazılar yazmırlar ki, həmin yazıları çap etdirsələr də həmin yazıya görə qonarar ala bilmirlər. Bir hissəsi isə kiminsə yanında “pis adam” olmaq istəmirlər.

Beləliklə, çoxlu şeir yazanlar da, özlərini “dahi” şairlər adlandırırlar və günü-gündən də göbələk kimi çoxalırlar. Bu, təkcə poeziyada yox, nəsrdə də, dramaturgiyada da belədir. Məhz ona görə də əsl istedadlıları bu gün ortaya çıxarmaq çox çətinləşib.

Yaman çətinləşib. Ən çətini və dəhşətlisi isə odur ki, istedadsız adamlar pulları olduğuna görə cild-cild kitabalarını çap etdirir, amma istedadlı adamların pulu olmadığına görə yazdıqları elə vərəqlərdə qalır. Bax bu da, poeziya və ümumiyyətlə ədəbiyyatımızda gələcəyin böyük probleminə çevriləcək.

Bu yazımda sizə təqdim eləcəyim insanın yaradıcılığını mən artıq dörd ildir ki, izləyirəm. Onun həm şeirlərini, həm qəzəllərini oxuyuram. Özünün həm öz şeirlərini və həm də başqa şairlərin şeirlərini yüksək peşəkarlıqla söyləməsini eşidirəm. Və bu xanımın təkcə maraqlı şairə olduğuna yox, həm də gözəl qiraətçi olduğuna çox inanıram. Çünki onun həzin, çox melodik səslə, aydın diksiya ilə, sözaltı mənaları dəqiq tapmaqla, dediyi şeiri yüksək səviyyədə yaşamaqla, ona qulaq asan hər bir tamaşaçını yüksək peşəkarlıqla öz ardınca aparmağı bacarır.

Təsəvvür eləyin ki, ömrünün 50 ilini yazıçılığa, rejissuraya, aktyorluğa həsr eləyən və bu sahələrdə peşəkar təhsil alan məni də həmin xanım, çox asanlıqla tamaşaçıya çevirə bilir. Bu xanım çox istedadlı şairə və bədii qiraətçi Fatimə Əlihüseyndir. Fatimə xanımın başqa yazarlardan fərqi ondadır ki, o, Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini yüksək qiymətlərlə bitirib. Deməli, ədəbiyyat sahəsində əsl mütəxəssisdir. Təkcə Azərbaycan poeziyasını yox, həm də dünya poeziyasını, ədəbiyyatını mükəmməl səviyyədə bilir. Lap gənc yaşlarından şeirləri və məqalələri dövrü mətbuatda çap olunmağa başlayıb. O, internet və radio kanallarında aparıcı kimi fəaliyyət göstərib. Müsahibələr aparıb. Klassik şairlərdən tutmuş müasirlərə kimi çoxlu şairlərin şeirlərini bədii qiraətçi kimi yüksək peşəkarlıqla radio dalğalarında səsləndirib. “Söz dəsgahı” adlı klassik musiqi və ədəbiyyat nümunələrindən ibarət konsert proqramının bir müddət layihə rəhbəri olub. Bu layihə də həmişə tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Çünki burada olan musiqilər və şeir nümunələri yüksək peşəkar səviyyədə olub. Onun şeirləri çox axıcı və melodik olduğuna görə bir neçə şeirinə hətta mahnılar da bəstələnib və bu gün də müğənnilər həmin mahnıları həvəslə ifa edirlər.
Bu gün mən də sizə Fatimə Əlihüseynin artıq yaşıl, uca çinar olan poeziya ağacından bir neçə yarpaq təqdim eləyirəm. İnanıram ki, onun bu poeziya nümunələri sizin də xoşunuza gələcək.

Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi

FATİMƏ ƏLİHÜSEYN

Sevdiyim, hicrin ilən dərdü məlal eyləmişəm.
Sənin eşqinlə nahaq zənni-xəyal eyləmişəm.

Bəs edər, bir bu qədər qəhrinə tab etdi könül,
İncimə, gör nə qədər zəhrini bal eyləmişəm?!

Mən ki, qəlb əhdini sərvətdə ilantək qorudum,
Gözü kor, nəfsi bütöv, nitqimi lal eyləmişəm.

Dərdim ittək qaparaq könlümü qəltan eləyib,
Gözümün yaşını öz dərdimə yal eyləmişəm!

Nə təsadüf, nə zərurət, “olan olmuş” deyəlim,
Qəmi “kəffarə” verib haqqı həlal eyləmişəm.

İstəməz Fatimə gəlmə, buna vardır səbəbi,
Şəmsə dostum demişəm , yarı hilal eyləmişəm.

***
Əlağa Vahidin qəzəlinə təxmis

Gəlmə sən, üstümə yarım, mən öləndən sonra!
Duya bilməzsən azarım mən öləndən sonra!

Su olub, ovcuna axdıqca itirdim izimi,
Sığınar torpağa arım, mən öləndən sonra!

Xəstəhal oldu qürur, saxta təkəbbürlər ilə,
Nəmə lazım bu vüqarım , mən öləndən sonra ?!

Azuqəm , kirli günahlardır alıb xurcunuma,
Yığmışam, vardı naharım , mən öləndən sonra.

Baş alıb, dəhri unutsam, tapacam ruhə şəfa,
Bəlkə, xoş oldu güzarım mən öləndən sonra ?!

Fatimə qəm eləməz, ömrünü nakəm yaşayıb.
Qalacaqdır qoşa barım, mən öləndən sonra!

Gizlənir künci-bucaq indi əlimdən tərəzi,
Bilmirəm neyləmişəm vardı mənimlə qərəzi.
İştahımla bacara bilmirəm Allah,nə edim?
Tərgidə bilsə idim, görməmiş oğlu, mərəzi!
Sübhü yağ-bal ilə açdımmı, günortayə gərək,
Bol çığırdım toyuğu, üstü yumurta giləzi.
Təzyiqim var(ı) deyə, dəmli çayı, tünd edirəm,
Məcburam indi yeyəm, şirni-noğulla, çərəzi.
Tirnajor da edəcəm, makyajımı qoy bitirim,
Gözlərim yolda qalıb, gəlməlidir indi Məzi.
Razı saldım Məzini, evliliyi qeyd edirik,
Restoran ünvanı da, metromuz Aslanov Həzi.
Şadlığım göz çıxarır, bax, çəkə bilmir nə edim?
Bir əyağ üstünə çıxsam, öləcəkdir tərəzi!
Fatimə hər nə görüb, yazmağa istəkli olub,
Bir də ilhamı deyir: “bax, əruzun yox əvəzi!”.

Heyf olub aqibəti , təhsilimiz zaydı bu gün .
Kəsb edən elm ilə məntiqi, çox az saydı bu gün !

Satılan qiymətin üstündə müəllim şərəfi,
Alınan diplomun əlaçısı, daydaydı bu gün !

Həkimin yanlışını, hakimi ört-basdır edən ,
Kasıbın zümsüməsi ağıdı,lay-laydı bu gün .

Hələ Quran buyurub , “tədris ibadətdən əzəl”,
Ki, təmənnasız edən, cənnət üçün paydı bu gün !

Yetimin qismətini gizli bölənlər ucalır,
Haqqı kim söyləsə, gər caniyə həmtaydı bu gün !

Nə deyim, bilmirəm artıq bu məarif növünə ,
Bu gedişlə görünür, halımıza vaydı bu gün !

Fatimə ,sözsüz aşıq ,burda na-nay-nay oxuyar,
Televizorda da zatən ,”na-na-nay-nay”dı bu gün!

Bayaqdan,baxıram mavi dənizə,
Xəyalımda durulursan, sulartək.
Bu varlıqda mənlə yoxsan, üz-üzə,
Dənizdənmi küsüm,yoxsa ki, səndən?

Sənindi köksümdə döyünən eşqim,
Bir zaman sevginlə öyünən eşqim,
Dənizin suyuyla yuyunan eşqim,
Dənizdənmi küsüm,yoxsa ki, səndən?

Yalan sevgiləri dəniz həzz alır ,
Coşğun dalğalarla alqışlamaqdan .
Daha səbrim daşıb danışmamaqdan,
Həm dənizdən küsdüm, həm də ki səndən .

Bölürəm bu mehrin hesabatını.
Ağı sənin olsun, qarası mənim.
Rahat ol, ziyanı özüm ödərəm,
Ahı sənin olsun, bəlası mənim.

Bir də ayağına qayıtmaz geri.
Qoymam o ümiddən birin də diri!
Canın ağrımasın, qoparsa biri,
Qaysaq sənin olsun, yarası mənim.

Gedirsən, arxana dönmə, dayanma!
Min dəfə yandığın alovda yanma!
Deyirdin: “Sənindir bu ömrüm” amma,
Bilmədim “o ömrün ” harası mənim.

Bütün insanların üzünü gəzib,
Düşürəm anamın dizinə yenə.
Deyirəm: “Bağışla,sən haqlı idin”,
Gəlmişəm, kor-peşman sözünə yenə.
Böcəyəm, qurumlu tora düşmüşəm,
Şərab tiyanına qora düşmüşəm,
Bilmirəm, gözündən hara düşmüşəm,
Yer ve , yuxu olum gözünə yenə.

Əlimin duzunu gölə satmışam,
Sözümün düzünü yelə satmışam,
Yolumun izini çölə satmışam,
İzn ver yol alım, izinə yenə.

Torpaq, yuxu vaxtındı.
Ay bəxtəvər başına.
Bəm-bəyaz yorğan-döşək,
Sarılarsan qışına.
Nə üçdə alacağın,
Beşdə verəcəyin var.
Bircə ağ balıncında,
Röya görəcəyin var.
Mənsə dincə həsrətəm,
Üstüm unlu, qarnım ac,
Yuxu gözümdən incik,
Gözüm yuxuya möhtac.
Elə sənin dərdin də,
Ürəyimə bir yükdü.
Səninsə maşə Allah,
Səbrin necə böyükdü.
Pisləri yedizdirib,
Yaxşıları yeyirsən.
Hər fəsil bir təzə don,
Soyunur, geyinirsən.
Necə qınayım səni ?!
Ölənlə ölünməz ki.
Sinəndən qəlb çalınıb.
Can belə bölünməz ki .
“Soyuqdur!”- demişdilər,
Axı torpağın üzü.
Harayına yetişir,
Bu soyuqluğun düzü.
Sancısını bağrına,
Basıb yatan torpağım!
Arzusu lal dilində,
Susub yatan torpağım!
Şəhid qanın köksünə,
Qısıb yatan torpağım!
Qara yellər aparsın,
Səni bir qara bağa.
Barı yuxunda qovuş,
Ürəyin Qarabağa.

İnsan ləpirləri çox olsun deyə,
Təbiət evinə ləpir gələn var.
Dünya boş olanda, gözəl görünmür,
Yeriyə-yüyürə, qəbir gələn var.

Gündüzlər günəşdən şən gülüşənlər,
Gecələr ay kimi çənə boğulur.
Bətndən taleyi düyün düşənlər,
Atalı-analı yetim doğulur.

Ürək süfrə deyil, nemət düzəsən.
Hər cana yanandan rəhm gəzəsən.
Yazıda nə varsa, çəkib dözəsən,
Təqvimə hər saat , səbr gələn var.

Bütün vədlərinin şəklini çəkib,
Asmışam qəlbimin divarlarından.
Mənə çiçəklərdən göl verəcəkdin.
Göl gözləyirəm.
Yox,gözləmirəm. Tək həvəsimsən.
Ömrünü mənimlə tən böləcəkdin.
Böl, gözləyirəm.
Yox, gözləmirəm. Bütöv bəsimsən.
Mənsiz oralarda bəs öləcəkdin?!
Öl, gözləyirəm.
Yoox, gözləmirəm. Sən nəfəsimsən.
Yenə deyinmə ki, dəcəlləşirəm.
Sənsiz əcəlimlə mən əlləşirəm.
Demişdin “darıxma”, tez gələcəkdin.
Gəl, gözləyirəm.
Çox. Gözləyirəm.

Ömür, külək kimi əs, get!
Yellən, yellənə bildikcə.
Belə, üzü cəhənnəmə,
Çöllən, çöllənə bildikcə!
Alovsuz , əjdaha olmaz!
Yalan sevgi , düha olmaz!
Toyuq ağlı baha olmaz.
Küllən, küllənə bildikcə!
Qazanarsan, itirərsən,
Üç qoyub, bir götürərsən,
Damla-damla gətirərsən,
Göllən, göllənə bildikcə!
Oğul-qızdan mürvət gözlə!
Qocalıqdan urvat gözlə!
Torpaqsansa, sərvət gözlə!
Bellən, bellənə bildikcə!
Fələk, yıxılmasın evin!
Sən, evlər yıxdıqca sevin!
Gizlən şüşəsində divin,
Şellən, şellənə bildikcə!
Qəminə qısılıb küsmə!
Xatiri, hörməti kəsmə!
Fatimə, arada susma.
Dillən, dillənə bildikcə.
———-

Eşqini şabah et, başıma yağdır.
Qoy, ellər toplayıb, yığa bilməsin!
Sinəmin altını təsxiri-kam et,
Qeyrisi oraya sığa bilməsin!

Tanrı məhəbbətə səsləyir bizi,
Zirvəyə aparır bu səsin izi.
Elə ucalaq ki, sevincimizi,
İblis də cəhd etsə boğa bilməsin.

Gəl, qəmi-kədəri, suya ötürək.
Vüsalı şip-şirin, kamə yetirək.
Gəl,elə bir əsər ruhə gətirək,
Analar beləsin doğa bilməsin!

Dərd etmə könül, qoy bu nağıl,
Gerçəyə qalsın.
Dildən qaba düşmüşsə noğul,
Milçəyə qalsın.
Gəl qəm yemə heç, dəhr aparır,
Gül camalından,
Müdrik görünüş, mərd oğul
Ağbirçəyə qalsın.
Rəbbin sənə ət’a eləmiş
Gör nə qədər şövq,
Şövqünlə alış, hər sabahın
Görcəyə qalsın.
Sən Allahı yar tut ki, o da,
təkdir əzəldən,
“Qismət budu!”de, yaz adını,
Bircəyə qalsın !

Yanıb, yelə sovrulmuşam.
Tapa bilsən, külümü tap.
Ruhum çəmənliyə mehman,
Tapa bilsən, gülümü tap.

Təbəssümüm qəmə əsir,
Fitnə taleyimə qəsr.
Əl uzatsam, əlim kəsir.
Tapa bilsən, əlimi tap.

Tanrı ətəyini çəkib,
Döyüb, kötəyini çəkib.
Vücudum dəryaya çöküb,
Tapa bilsən, ölümü tap.

Sadədən sadə.

İnsan, insana dərman.
İnsan insana dərddir.
Artıq olanda zəhər,
Az-az olanda qənddir.
Uyub köhnə tasına*,
Şənliyinə, yasına,
Oyna “zər ” havasına,
Həyatın özü nərddir.
Tüstü bacadan uca,
Cavan qocadan uca,
Alçaq ucadan uca,
Tapmaca dolu fənddir.
Ağlayanda kirimək,
Qəmi-dərdi kürümək,
Asan deyil yerimək.
Hər tərəf bərə-bənddir.
Arayıb yetiyini,
Sayıq tut tətiyini.
Taparsan itiyini,
Dünya balaca kənddir.

Tanrı , çağır yanına.
Bir gəlim. İstəyirəm!
Ağrı-acımı alan ,
Bir zülm istəyirəm!

Əzrailin şişində,
Fələyin tərs işində,
Vəhşi köpək dişində,
Bir ölüm istəyirəm.

Dəyib əhləd daşına,
Ruh qayıdar huşuna.
Kim yığılar başıma ?
Bir bilim istəyirəm.

Himindən laxlayana,
Kinimi saxlayana.
O gizli ağlayana,
Bir gülüm istəyirəm!

Tanrı, çağır yanına.
Bir gəlim. İstəyirəm.

Bu otaq nə soyuqdur.
Sanki, hörülüb buzdan.
Nəyi vardı,soyunub,
Libas geyinib tozdan.
Lampası yetim qalıb.
Çilçırağı sökülü,
Qanı qara adamtək,
Qaş-qabağı tökülü..
Tavanından asılıb,
Xatirələr köndələn,
Ordan intihar edən,
Arzulardı. köhnələn.
Çırpılaraq yerlərə,
Öləziyən diləklər,
Sürüm-sürüm,sürünüb,
Divarlarda iməklər.
Ayın nurunu içir,
Burda solan pərdələr,
Pərdələr də tarixi,
Səhnə-səhnə pərdələr.
Bir-birinə qarışır,
Burda hər gecə səslər,
Səslər xatirələrin ,
Ruhunu bura səslər..
Vağzalının sədası,
Ağ gəlinlik ədası,
Qoşa vuran ürəklər,
Doğulacaq mələklər.
Küləyin uğultusu,
Körpənin qığıltısı,
Sevincin qəhqəhəsi,
Ehtirasın həvəsi.
Onda günəş qədərdi,
Burda sevgi nəfəsi.
Sonra, sonra soyutdu,
Aralığa girənlər.
Pəncərədən, qapıdan,
Xoşbəxtliyə hürənlər.
Hopubdur hər küncünə ,
Ölü vicdan qoxusu
.
Bu otağı ağrıdır,
Gördüyü qan yuxusu .
Bu otaq nə soyuqdur ?
Duaları üşüdər.
Üşüyən duaları,
Görən, Allah eşidər?!
***

Və indi nəfəsimi duyur qələmim,
Toxunur, sevgili barmaqlarına.
Yağdıqca köksünə yaşlar, dəftərin,
Can gəlir, boş qalmış varaqlarına.
Necə də qayğıkeş, rəhmliymişsən.
Sayəndə bir ürək olsa da viran,
Bir qələm, bir dəftər, etdin firavan .
Deyirəm,sağ ol .
Təklik ölüm deyil, qəribsəməsəm.
Hər doğan sabahda,qürubsamasam .
İnan, milyon dəfə yazardım sənə,
Belə yerli-yersiz qürursamasam.
Yadıma həyatın sınağı düşür.
Bir elin, obanın qınağı düşür,
Deyirəm,sağ ol.
Yenə içimdəki qadını gömər,
Çölümdə daş olar, odun olaram .
Mən sahib çıxaram xatirələrə,
Düşünmə,sənintək yadın olaram .
O yollar, o izlər özümə qalsın.
Qovurduğun közlər, özümə qalsın .
Zatən əzəl gündən şeir sevmirdin,
Deyəcəyim sözlər ,özümə qalsın.
Deyirəm, sağ ol.

Comments are closed, but trackbacks and pingbacks are open.