4 qloballaşmada iQTİsadi VƏ MİLLİ-Sİyasi amiLLƏRİn vəHDƏTİ
Şimalın payına dünya əhalisinin dörddə biri, Cənubun payına isə əhalinin dörddə üçü düşdüyü halda gəlirlərin beşdə dördü şimalın, yalnızca beşdə biri isə Cənubun payına düşür 2 .
Qloballaşma prosesində milli dövlətin yeri və rolu
Giriş:
Qloballaşmanın siyasi təsirlərinin mərkəzində dövlət dayanır. Milli dövlətin bütün sferalarda əsas söz sahibi olması qloballaşma ilə aradan götürülmüşdür. Bu vəziyyətə qloballaşmanın dövlətdən üst, onun sərhədlərini aşan xüsusiyyətləri səbəb olmuşdur. Qloballaşma dövlətin mahiyyətini kiçildən neoliberal ideologiyanı özüylə bərabər gətirmişdir. 1980-ci illərdə başlayıb, 90-cı illərdə sürətlənən qloballaşmanın təsiri nəticəsində dövlət, siyasi quruluş, siyasi mədəniyyət kimi sferalarda yeni müzakirələr ortaya çıxmışdır. Müvafiq anlayışlar Türkiyə kontekstində bir çox araşdırmalara mövzu olsa da, proseslərin siyasi-iqtisadi-mədəni aspektləri diqqətə alınmamış, idarəçilik sistemində dəyişikliklər təhlildən kənarda qalmışdır. Məqalədə müasir siyasi təcrübəyə əsaslanaraq ənənəvi dövlətdən milli dövlətə keçid, siyasi mədəniyyət, əsas hüquq və azadlıqların qorunması, idarəçilikdə transformasiya və icraedici hakimiyyətin gücləndirilməsi kimi faktorlar nəzərə alınaraq qloballaşmanın Türkiyədə milli dövlətə təsirinin nəticələri müəyyən olunmağa çalışılacaqdır.
- Qloballaşma və milli dövlət anlayışları
Ənənəvi dövlətlərdə siyasi iqtidarın qaynağı Tanrı olmuşdur. Bu sxolastikaya görə, dövlət Tanrı tərəfindən yaradılmış təbii varlıq olduğu üçün o, kilsə qaydalarıyla idarə edilməlidir.[12, 226] Orta Əsrlərin sonlarında Avropada feodalizm dağılmış və kilsə hakimiyyətinin aradan qalxması ilə mütləq monarxiyalar ortaya çıxmışdır. Bu mərhələdə hakimiyyət şəxsiləşdirilmiş, suverenlik bütünlüklə krala verilmişdir. Bununla da ənənəvi dövlətdən müasir dövlətə keçid baş vermişdir.[7, 61-63] Hakimiyyətin mütləq və bölünməz sayıldığı bu mərhələ 1789-cu il Fransa burjua inqilabına qədər mövcud olmuşdur. İnsan Haqqları Bəyannaməsinin qəbul edilməsindən sonra krala aid olan ali hakimiyyət ondan alınaraq cəmiyyətə verilmiş milli dövlətlər yaranmış və o vaxtdan bu günədək müasir dövlətin ikinci mərhələsi davam etmişdir.[9, 191] Milli dövlətin yaranma prosesini sürətləndirən hadisə isə 1648-ci ildə imzalanmış Vesfaliya sülhü olmuşdur. 1945-ci ilədək qüvvədə qalan bu sülhün əsas prinsipləri olan bərabər hüquqlu dövlətlər, problemlərin sülh yolu ilə həll edilməsi öhdəlikləri, birgə asayişi saxlamaq ideyası, suverenlik anlayışının meydana gəlməsi müasir beynəlxalq hüququn əsasını qoymuşdur.
XX əsrin ortalarından etibarən milli dövlətin legitimliyini zəiflədən əsas faktor qloballaşma olmuşdur. Bu termin aktiv elmi dövriyyəyə 1983-cü
ildə Harvard professoru Teodor Levit tərəfindən gətirilsə də, ilk dəfə 1944-cü ildə işlədilmişdir.[2] Qloballaşma prosesi nəticəsində dünya vahid məkana çevrilir və bu məkanda informasiya, məhsul və xidmətlər, kapital, ideyalar və onların daşıyıcıları hərəkət edir. Bu proses dövlətin siyasi, iqtisadi və mədəni sferalarına təsir edir.[14, s]
Siyasətdə qloballaşmanın əsas təsir obyekti milli dövlətlərdir. Milli dövlətin mərkəz, tək qüvvə olması, bütün iqtisadi, siyasi və ictimai əlaqələrdə tutduğu legitim mövqe qloballaşma ilə dəyişmişdir. O, milli dövləti zəiflədir və onları öz prinsiplərinə uyğunlaşdırmağa çalışır. Milli dövlətə təsir iki səviyyədədir: 1. Millətin mahiyyətinin dəyişməsi, 2. Dövlətin mahiyyətinin dəyişməsi. Bu baxımdan qloballaşma milli dövlətin bütünlüyünü pozaraq, siyasi iqtidarın funksiyalarını dəyişikliyə məruz qoyur.[4,30] Bu təsirlər çərçivəsində milli dövlətlərin postmodern dövlətlərə transformasiyası baş verir.
Transformasiya prosesində sosial, siyasi və xüsusilə iqtisadi sahədə izləri olan liberalizm və yeni sağçılıq hakim ideologiyaya çevrilir. Sekulyar dövlət, ifadə azadlığı, mülkiyyət hüququ, inanc azadlığı, ticarət azadlığı kimi fikirləri dəstəkləyən liberalizm fərdi azadlıqları və haqları müdafiə edən ideologiyadır. Siyasi sahədə dövlətin rolunun azaldılması, iqtidarın yalnız qanun hakimiyyəti səviyyəsində məhdudlaşdırılması şəklində ifadə olunur. Liberalizmə görə, vətəndaşın azadlığına başlıca təhlükə dövlətdir. Yeni sağ ideologiya isə neoliberalizm və neokonservatizmin sintezindən yaranan fikir axınıdır. 1980-ci illərdə ortaya çıxan bu ideologiyaya görə, vətəndaşların rifahı, azadlığı və hüquqlarının müdafiəsi üçün dövlətin müdaxiləsi gücləndirilməlidir. [3, 352]
Milli dövlətlərin yaranmasında əsas təkanverici amil olan sərmayə hazırda onu sarsıdır. Qloballaşmanın təsir mexanizmləri milli dövlətdə iqtisadi sahədəki səlahiyyətlərini dövlətüstü qurumlara həvalə etməsi və yerli idarəçiliyin inkişaf etməsində büruzə verir. Öncədən milli iqtisadiyyat dövlət sərhədləri içində yer alırdısa, artıq dövlət özü dünya bazarının içərisində yerləşir. İnkişaf etməkdə olan ölkələr xarici sərmayəyə arxalanır. Beynəlxalq sərmayə milli dövlətin sərhədlərini aşaraq dünya bazarına çatmışdır. Bununla da, güclünün daha güclü olduğu, gəlir əldə etmənin tək hədəf olduğu beynəlxalq iqtisadiyyat ortaya çıxmışdır. Bu vəziyyət ictimai səviyyədə qeyri-bərabərliyin, təbəqələr arasında uçurumun yaranmasına səbəb olmuşdur. İqtisadi böhranlar zamanı da iqtisadiyyatı inkişaf etmiş ölkələr canını qurtara bilmişdir. [4, 31]
Milli dövlətin zəifləməsi üç səviyyədə özünü büruzə verir: dövlətin nəzarətetmə qabiliyyətinin zəifləməsi, qərar qəbuletmə prosesində təsir mexanizmlərinin zəifləməsi, dövlətin idarəetmə imkanlarının zəifləməsi.[16, 550] Qloballaşmanın milli dövlətə təsirlərini J.Habermas bu cür izah edir: “Milli dövlətin imkanları get-gedə azalır. Bu imkanlardan xüsusən ikisi tamamilə aradan qalxmışdır. Bunlar – himayəçilik və tələb üzərində qurulan iqtisadi siyasətə qayıdışdır. İqtisadi qloballaşma nəticəsində milli siyasət kifayət etmir. Bu vəziyyət üçün Habermas milli strukturu qlobal rəqabətə uyğunlaşdıracaq islahatlar təklif etmiş, milli dövlətin legitimliyini və suverenliyini itirəcəyini bildirmişdir. “Bu vəziyyətdə milli dövlətin özünü izolyasiya etməsi xilas yolu deyil”. Lakin yapon professor Keniçi Ohmae qloballaşmanın milli dövləti aradan qaldırmasını qənaətbəxş qiymətləndirmişdir. Onun fikrincə, “milli dövlət iqtisadi təşkilatlanma zamanı əngələ çevrilir. Çünki, milli dövlət iqtisadiyyata təsir edə bilmək üçün lazımi iradəyə, bacarığa və siyasi bazaya sahib deyil. Ona görə də, milli dövlət qlobal proseslərə qucaq açmalıdır, onların yolunu açan katalizator olmalıdır.” [4, 32]
Lakin milli dövlətin qloballaşma nəticəsində gücünü, legitimliyini tamamilə itirdiyi düşünülsə də, əslində hələ də varlığını qoruyur. Həm iqtisadi, həm siyasi sferada milli dövlətin təsir mexanizmləri mövcuddur. Milli dövlətin aradan qalxaraq yerini dövlətüstü quruluşlara verməsi mümkün deyil. İspan hüquqşünası Manuel Castells də milli dövlətin zəifləmiş kimi görünməsinə baxmayaraq, qurduğu strateji planlarla bütün böhranlara cavab verə biləcək gücə çevrildiyini düşünür. Bu strategiya ilə milli dövlət şəbəkə dövlətə çevrilərək içərisində dövlət, dövlətüstü təşkilatlar, milli dövlət ittifaqları, regional və lokal hökumətlər və qeyri-hökumət qurumlarından ibarətdir. [4, 33]. Burada milli dövlət baxımından dəyişən şey iqtidarın zəifləməsi, tək suveren güc olmağını itirməsidir. Milli dövlət gücünü paylaşmaq məcburiyyətindədir, lakin strateji rolunu da oynamağa davam edir.
Qloballaşmanın siyasi iqtidar miqyasında təsiri özünü həm də idarəçilik sistemlərində baş verən transformasiya və icraedici hakimiyyətin gücləndirilməsi ilə büruzə verir. Son dövrlərin həm təcrübə, həm də nəzəri baxımdan aktual mövzularından biri də prezident idarəçiliyinə keçiddir. 1980-ci ildən əvvəl parlament idarəçiliyinə daha çox üstünlük verilmiş, sonradan isə bu tendensiya prezident idarəçiliyi istiqamətində dəyişmişdir. Bu prosesdə ABŞ sistemi presedent rolunu oynasa da, Amerika idarəçiliyini uğurlu edən faktorların mövcud olmadığı ölkələrdə nəticə ürəkaçan olmamış və icraedici hakimiyyətin avtoritarlığı ortaya çıxmışdır. Hantinqtonun “Demokratikləşmənin üçüncü dalğası” əsərində irəli sürdüyü III dalğada – qloballaşmanın sürətləndiyi periodda prezident respublikalarının sayı artmışdır. Sovet İttifaqından ayrılan dövlətlərdən yalnız üçü (Macarıstan, Çexiya, Slovakiya) parlament sistemini mənimsəmişdir. Bu tendensiyaya 1950-1990-cı illərdə daha çox rast gəlinmişdir.[1, 122] Brazilya 1960-cı ildə yarı-prezident idarəçiliyinə keçsə də, 1963-cü ildə təkrar prezident sisteminə döndü. Zimbabve 1987-ci ildə, Qana 1960-cı ildə, Malavi 1966-cı ildə prezident idarəçiliyinə keçmişdir. [13, 88]
2. Türkiyədə milli dövlət:
qloballaşma kontekstində
İkinci Dünya Müharibəsindən sonra 1946-cı ildən başlayan dövr dünyada yeni periodun başlanğıcı oldu. SSRİ-nin dağılması və soyuq müharibənin başa çatması yeni dönəmin başlanğıcı oldu. Beynəlxalq sərmaye qloballaşmanı önə çıxardı. Türkiyə siyasəti və iqtisadiyyatı qloballaşmanın təsiri altına düşdü. Bu tarixdən etibarən Türkiyə Avropa ilə əlaqələrinin yönünü dəyişdi və qərbyönlü siyasət tətbiq edilməyə başlandı. İqtisadi siyasətdə liberallaşma, dünya siyasətində ABŞ-la əlaqələr əsas yer tutdu. ABŞ, Almaniya, Yaponiya liderliyində üçqütblü dünya nizamı yarandı. Bu dövrdə İngiltərədə Tetçer, ABŞ-da Reyqanın izlədiyi neoliberal siyasət Türkiyədə Turqut Özal tərəfindən həyata keçirilmişdir.[3, 353] 1983-cü il seçkiləri ilə iqtidara gələn, Yeni sağ qanadı təmsil edən Özal hakimiyyəti neoliberalizmi mənimsəyən 24 Yanvar 1980-ci il proqramını qəbul etmişdir. Bu proqram sərbəst faiz, valyuta və aşağı məvacib siyasətləri ilə ixracatın artırılmasını, xüsusən dövlət xərclərinin azaldılmasını, özəlləşdirməni, dövlətin iqtisadiyyata müdaxiləsini azaltmağı və dünya bazarına inteqrasiyanı hədəfləmişdir. Neoliberal siyasətin tətbiq edildiyi 1980-ci illərdə Turqut Özal liberal siyasət və iqtisadiyyatı mühafizəkar dəyərlər ilə sintez edərək dövlətçilik siyasətini tərk etmişdir. Nəticədə, milli dövlət zəifləmiş, dövlətin fəaliyyət sferaları daralmağa başlamışdır.[11, 32-33]
1980-ci illərdə başlayıb, 90-cı illərdə sürətlənən qloballaşmanın təsiri nəticəsində Türkiyədə dövlət, siyasi quruluş, siyasi mədəniyyət kimi sferalarda yeni müzakirələr ortaya çıxmışdır. 1989-cu ildən sonra siyasi qadağaların da aradan qalxması ilə vətəndaş cəmiyyəti və siyasi partiyalar baxımından sərbəstləşmə dövrü başladı. Bu dövrdə dövlət liderləri iki funksiyanı yerinə yetirməyə çalışırdı: birincisi, dövlətin bütövlüyü, ikincisi, milli-mənəvi dəyərlərin qorunması. Demokratiyaya keçidi ifadə edən “ikinci Respublika”nın yaradılması, milliyətçiliyin təsirli faktor olması, vətəndaş cəmiyyəti, dini qurumlar, kimlik siyasəti kimi mövzular gündəmə gəldi. Kimlik siyasətinin nəticəsi olaraq milli azlıqlar, multikulturalizm, vətəndaşlıq, Kəmalizmin fərqli tərəfləri, milli dövlət istiqamətində addımlar atılmışdır.
1980-90-cı illərdən bütün dünyada sürətlənən qloballaşma milliyətçiliyi zəiflədə bilməmişdir. Qloballaşmanın dövləti zəiflədən təsirini tənqid edənlər üçün milliyətçilik bir sığınacaq yeri olmuşdur. Türkiyədə milliyətçilik Respublikanın qurulmasından etibarən başlıca siyasi-mədəni ünsürə çevrilmişdir. Siyasi sferada Türk-İslam sintezi ilə Atatürkçülük birləşmiş, Atatürkçülük milliyətçi əsaslı “neo-Kemalizm” adlandırılmışdır. Tanıl Bora Türkiyədə dörd fərqli milliyətçilik növünü ayırmışdır: birincisi, Kamalist milliyətçilik, ikincisi sol milliyətçilik, üçüncüsü, liberal milliyətçilik, dördüncüsü isə irqçi-türk milliyətçiliyidir.[4, 167] Beləliklə, 1990-cı illərdən iki cəbhə arasında iqtidar mübarizəsi ortaya çıxmışdır. Birinci cəbhə milliyətçiliyi əsas tutaraq Kamalizmi siyasətin mərkəzinə yerləşdirməyə çalışmış, ikinci cəbhə isə liberallaşma, Avropaya inteqrasiyanı vacib saymışdır. Bu iki cəbhənin öz prinsiplərini tətbiqetmə və qarşı tərəfi gerilətməyə çalışması sonradan siyasi böhranlara gətirib çıxarmışdır.
Kürd məsələsi də regional və qlobal proseslər fonunda 1960-cı illərdən etibarən gündəmə gəlmişdir. 27 May 1960-cı il çevrilişindən sonra güclənən solçu ideyalar içərisində kürdlərin iqtisadi inkişafı məsələsi və mədəni fərqləri dilə gətirilmişdir. 70-ci illərdə kürdçülük solçu hərəkatdan ayrılmış, 1974-cü il əhf fərmanından sonra isə təşkilatlanmağa başlamışdır.[10]
90-cı illərdən etibarən kürdlər Avropa İttifaqı kimi beynəlxalq təşkilatların etnik qrupların insan haqqlarının qorunmasına dəstəyinə arxalanaraq haqqlarını tələb etməyə başlayıblar. Beləcə, Türkiyənin regionda lider dövlətə çevrilməyini qəbul edə bilməyən super dövlətlərin də təkanı ilə Kürd məsələsi həll edilməsi çətin olan və terrorla iç-içə girən, milliyətçiliyi gücləndirən problemə çevrilmişdir. Problem Avropa İttifaqına qatılmaq istəyən Türkiyənin qarşısında mane olmağa davam edir. Çünki, Avropa İttifaqı kürdləri etnik azlıq olaraq qəbul edir. Ancaq bu təklif qəbul olunmamış, nə kürdlər, nə də dövlət azlıq statusunu qəbul etməmişdir.
Türkiyədə neoliberal qloballaşmanın milli dövlətə təsirlərindən biri də icraedici hakimiyyətin gücləndirilməsinə əsaslanan idarəçilik sisteminin transformasiyasıdır. 1961-ci il konstitusiyası hakimiyyət birliyi sistemindən tamamilə uzaqlaşaraq, yumşaq hakimiyyət bölgüsünə əsaslanan ‘Westminister’ tipli parlament idarəçilik sistemini irəli sürmüş, məhkəmənin müstəqilliyini mənimsəmişdir. Lakin konstitusiyanın icra olunduğu dövrdə fərqli nəticələr ortaya çıxmışdır. Türkiyənin siyasi tarixində koalisiya hökumətlərinin başlanğıcı qoyulmuşdur. Koalisiya hökumətləri Süleyman Dəmirəlin sayca üçüncü hökumətindən sonra hərbi çevrilişlə nəticələnmişdir. 12 Mart 1971-ci ildə həyata keçirilən hərbi çevrilişdən sonra icraedici hakimiyyət daha da gücləndirilmiş, Nazirlər Kabinetinə qanun hökmündə qərarnamə qəbul etmək səlahiyyəti verilmişdir.[6, 84-85] Beləliklə, parlament idarəçiliyi xalis prinsiplərdən uzaqlaşmışdır. 70-ci illərin ikinci yarısından etibarən sabitliyi qorumaq daha da çətinləşmişdir. Siyasi böhran Türkiyə Silahlı Qüvvələrinin baş qərargah rəisi Kənan Evrənin başçılığı ilə 12 sentyabr 1980-ci ildə növbəti hərbi çevrilişin baş verməsi ilə nəticələnmişdir. Çevrilişin ardınca 1982-ci ildə konstitusiya üçün xalq səsverməsi həm də prezidenti müəyyənləşdirmiş və Kənan Evrən dövlət başçısı seçilmişdir.[5, 145-146]
Ancaq bu konstitusiya ilə də məclis və hökumətin səlahiyyətləri prezident səlahiyyətlərindən daha az olmuşdur. Qanunvericilik qarşısında icraedici hakimiyyət, icraedici hakimiyyət içərisində isə prezident güclü olmşdur. Belə ki, konstitusiyanın hazırlanmasında Təhlükəsizlik Şurasının təsirinin güclü olması və prezident seçiləcək Kənan Evrənin çevrilişin başında dayanması güclü prezidentin var olmasına səbəb olmuşdur.[5, 149-150] Nəticədə idarəçilik forması 1961-ci ildəki saf parlament idarəçiliyindən uzaqlaşmışdır. Prezidentin qanunvericiliklə bağlı səlahiyyətlərinin əvvəlki konstitusiyadakından tək fərqi, konstitusiya dəyişikliyi ilə bağlı qanunları lazım bilərsə, xalqın səsverməsinə təqdim edə bilməsi idi. Məhkəmə ilə bağlı səlahiyyətləri isə öncəki konstitusiyadan daha çoxdur. Prezidentin icraedici hakimiyyət olaraq səlahiyyətləri də əvvəlki dövrdən daha çox olmuşdur.
İcraedici hakimiyyətin gücləndirilməsi tendensiyası 2002-ci ildən hakimiyyətə gələn Ədalət və İnkişaf Partiyasının prezident idarəçiliyinə keçid müzakirələri ilə davam etmişdir. 2007-ci ildə keçirilən referendum prezidentin xalq tərəfindən seçilməsi ilə nəticələnmiş və prezidentin məclis içərisindən təyin olunduğu parlament idarəçiliyi yönünü dəyişmişdir. Ona görə də, idarəçilik sistemi prezidentin səlahiyyətlərinin çox olması və seçki üsulu baxımından yarı-prezident idarəçiliyini xatırlatmışdır. Lakin Juan Linz, Sartori, Duverje, Shugart və Careyin tədqiqatlarında ortaq olan yarı-prezident sisteminin üç vacib xüsusiyyəti bu idarəçiliyin fərqli sistem olduğunu göstərir. Həmin xüsusiyyətlər bunlardır: 1. Dövlət başçısının xalq tərəfindən birbaşa və ya bilavasitə seçilməsi. 2. Parlamentin etimadına ehtiyacı olan hökumətin prezident tərəfindən təyin edilməsi. 3. Prezidentin parlamenti buraxa bilməsi.[15, 97-102]
Bu cür adı qoyula bilməyən sistem qarışıqlığı 2017-ci ildə keçirilən referendumla həllini tapmış və idarəçilik sistemi öz həqiqi statusunu qazanmışdır. Baş nazir vəzifəsi aradan qalxmış, icraedici hakimiyyət – başçısı prezident olmaqla parlament xaricində qurulmuşdur. Əvvəllər baş naziri təyin edən prezident, artıq vitse-prezidentləri və nazirləri, eləcə də, yüksək vəzifəli məmurları vəzifəyə təyin və vəzifədən azad edə bilər. Prezident bəzi məsələlərlə bağlı qərarnamə qəbul edə bilər. O, parlamentdə qəbul olunan qanunlar əleyhinə Konstitusiya Məhkəməsinə müraciət edə bilər. [17] ABŞ nümunəsi əsasında yaradılan yeni sistemdə bir çox fərqlər olduğu üçün “Türkiyə prezident idarəçiliyi” adını almışdır.
Nəticə:
Qloballaşma ilə bağlı yanaşmaların dünyanı birləşdirən, eyniləşdirən, eyni zamanda da fəqliləşdirən təsirləri Türkiyədə də siyasi mədəniyyət, siyasi struktur, dövlət və bir çox sahələri dəyişikliyə məruz qoymuşdur. 1980-ci illərdən etibarən iqtisadiyyatda liberalizm və sağçılıq, siyasi sferada dövlətin əsas qərarverici orqan olmasının aradan qalxması, dövlətüstü quruluşların iqtisadiyyatda və siyasətdə əsas rol oynaması müşahidə edilmişdir. Ədalət və İnkişaf Partiyası hakimiyyətə gəldikdən sonra etnik, dini, siyasi problemlərin həlli fonunda prezidentin səlahiyyətləri artırılmışdır. Qloballaşma Türkiyədə neoliberal və konservativ ideyalar, multikulturalizm və milliyətçilik, dünyəvilik və İslamçılıq, çəkindirmə və tarazlaşdırma prinsipinə əsaslanan ABŞ idarəçilik nümunəsinin qəbul edilməsi və paralel olaraq icraedici hakimiyyətin gücləndirilməsi kimi paradoksal tendensiyalara da yol açmışdır. Etnik-dini qarşıdurmalar, kürd problemi, terror, Avropa İttifaqı ilə əlaqələr, demokratik idarəetmə həllini tam tapmamış nüanslar arasındadır. Bütün bunlar ictimai səviyyədə də özünü göstərmiş, cəmiyyət içərisində siyasi, milli, dini fərqlər qabarmışdır.
Ədəbİyyat siyahısı:
1. Aktaş M., Bayram C. Başkanlık Sistemi. Ankara: Liberte, 2015. S.122
2. Axundi F., Səfərova A. Qloballaşma və insan inkişafı. https://dejure.az/az/article/qloballasma-v-insan-inkisafi-axundi-fidan-v-sfrova-aygun
3. Çolak Ç. “Yeni sağ’ı oluşturan bileşenlerin birbiri ile çelişen kavramları üzerine bir değerlendirme”. International Journal of Social Science, Number: 44 , p. 351-361, Spring II 2016. s.352
4. Durdu Z. “Türkiye’de küreselleşmenin siyasal-kültürel etkileri: çokkültürcülük-ulusal kültür”. Doktorantura dissertasiyası, 2009. S. 30
5. Erdoğan M. Türkiyede anayasalar ve siyaset. İstanbul:Liberte, 2012. S. 145-146
6. Gözler K. Türk Anayasa Hukuku. Bursa:Ekin, 2000, s. 84-85
7. Hakyemez, Y.Ş. Mutlak Monarşilerden Günümüze Egemenlik Kavramı. Ankara: Seçkin, 2004. S.61-63
8. Haydaroğlu C., Tatlısu S. “Turgut Özal dönemi yeni sağ devlet ve ekonomik liberalizm: devlet ve piyasa ilişkisinin politik ekonomisi” // Bilecik Şeyh Edebali Üniversitesi Sosyal Bilimler Enstitüsü jurnalı (27-41), N 1, Aralık 2016 s., s.32
9. Kaboğlu İ. Anayasa hukuku dersleri. 12-ci nəşr. İstanbul:Legal, 2017. S. 191
10. Kurubaş E. “Kürt sorunu:doğuşu, gelişimi ve niteliği”, https://www.beyaztarih.com/turkiye-tarihi/kurt-sorunu-dogusu-gelisimi-niteligi
11. Örgün F. Dar gelen gömlek: başkanlık sistemi. İstanbul: Bilge, 1999. S. 32-33
12. Piriyev A.M., Əfəndiyeva X.B. Sosiologiya və Politologiya fənnindən mühazirə mətnləri. Bakı:“Təhsil” NPM, 2009, səh. 226
13. Tosun G.E., Tosun T. Türkiyenin siyasal istikrar arayışı: Başkanlık ve Yarı Başkanlık Sistemleri. Alfa:İstanbul, 1999. S.88
14. Yalçınkaya H., Çılbant C., Yalçınkaya N. “Küreselleşme ile yenidn şekillenen ulus-devlet anlayışı” // Uluslararası İktisadi ve İdari İncelemeler jurnalı, Cild 4, N 8, 2012.
15. Yazıcı S. Başkanlık ve yarı-başkanlık sistemleri: Türkiye için bir dğerlendirme. İstanbul:Bilgi Üniversitesi, 2002. 97-102
16. Zabunoğlu G. “Günümüzde ulus-devlet” // ERÜHFD(535-559), Cild 13, N 1, 2018. s. 550
17. “Cumhurbaşkanının görev ve yetkileri”, https://www.tccb.gov.tr/cumhurbaskanligi/gorev_yetki/
Summary
The article focuses on the impact of globalization on factors such as nation state, governance and political culture in Turkey. The aim of the research is to explain the political effects of globalization and its consequences in national context, to analyze the relationships of recent decades in Turkey with globalization, taking into account modern practices. In this context, the state, national state and globalization concepts were first described and political, economic and cultural spheres were examined in Turkey, and transformation in government system was analyzed in this context. This analysis was conducted with the study of the sources related to the subject, the analysis of the results obtained, the analysis and synthesis of the arguments, and also the comparative analysis method.
Key words: nation state, globalization, Turkey, government system, presidential government system.
Резюме
Статья посвящена влиянию глобализации на такие факторы, как национальное государство, государственное управление и политическая культура в Турции. Цель исследования – объяснить политические последствия глобализации и ее последствия в национальном контексте, проанализировать связи последних десятилетий в Турции с глобализацией с учетом современных практик. В этом контексте впервые были описаны концепции государства, национального государства и глобализации, а также были рассмотрены политические, экономические и культурные сферы в Турции, и в этом контексте был проанализирован процесс трансформации государственной системы. Этот анализ проводился с изучением источников, связанных с предметом, анализом полученных результатов, анализом и синтезом аргументов, а также методом сравнительного анализа.
Ключевые слова: национальное государство, глобализация, Турция, формы государственного управления, президентская управления.
4 qloballaşmada iQTİsadi VƏ MİLLİ-Sİyasi amiLLƏRİn vəHDƏTİ
4-6. QLOBALLAŞMADA İQTİSADİ VƏ MİLLİ-SİYASİ AMİLLƏRİN VƏHDƏTİ
Sənayenin sürətlə inkişafı yeni nəqliyyat və rabitə vasitələrinin kəşfi, dünya iqtisadi bazarının formalaşması, kütləvi miqrasiyalar, beynəlxalq əlaqələrin və mübadilənin intensivləşməsi ölkələrin və millətlərin bir-birlərindən təcrid olunmuş şəkildə mövcudluğuna son qoydu. Dünya təsərrüfat əlaqələri çox sürətlə artır, beynəlxalq münasibətləri tənzimləyən dünya sistemləri yaradılır, qarşılıqlı mədəni təsirlər artır, böyük məsafələr asanlıqla qət edilir, zamanın gedişi sürətlənir, dünya bütöv, vahid bir tam halını almağa başlayır.
Qloballaşmanın təsiri özünü bütün sahələrdə – ticarət, idman, siyasət, dəb, ətraf mühit, musiqi, hüquq və mədəni eyniyyətdə büruzə verir. Sanki dünyanın bütün regionlarının taleyi qarşılıqlı asılılıq və iqtisadi, siyasi, mədəni əlaqələrin mövcud sərhədlər üzərindən qarşılqlı nüfuzu sayəsində əvvəllər olduğundan qat-qat daha çox dərəcədə bir-biri ilə bağlıdır.
Qloballaşma müasir dünyanın ən aktual məsələlərindən birinə çevrilmişdir. Bu baxımdan da onun hərtərəfli tədqiqatı çox böyük önəm daşıyır. Qloballaşma haqqında bir sıra məqalələrin, kitabların, monoqrafiyaların yazılmasına baxmayaraq, bu fenomenin dəqiq anlamı hələ də dumanlı və qeyri-müəyyən qalmaqdadır. Bu öz əksini aşağıda sadalanan bir sıra sualların cavablandırılmasında olan çətinlikdə tapır:
Qloballaşmanın inkişafı tarixin hansı mərhələsindən başlamışdır? Qloballaşma nə deməkdir? Qloballaşma müasir Qərbin gücü ilə sinonimdirmi? Yoxsa o, bir sıra digər regionlar və sivilizasiyalardan qaynaqlanır? Qloballaşma milli-dövlətlərin mövcudluğuna təhlükə törədən, qarşısı alınmaz bir prosesdirmi? Dövlət qloballaşmadan kənarda qala bilərmi? Bu mümkün olduğu təqdirdə dövlət hansı çətinliklərlə üzləşə bilər və o, bu çətinliklərin öhdəsindən gələ bilərmi? Əgər qloballaşmadan kənarda qalmaq mümkün deyilsə, və yaxud təcridçiliyin ziyanları xeyrindən daha çoxdursa dövlət qloballaşmanın mənfi təsirlərini necə minimuma endirib, bu prosesdən maksimum fayda götürə bilər? Qlobal mədəniyyət yaranırmı? Qloballaşma prosesinə qoşulmaqla yanaşı dövlət necə öz milli mədəni-mənəvi dəyərlərini saxlaya bilər? Qloballaşma yoxsulluğun və bərabərsizliyin aradan qaldırılmasınamı yönəlmişdir? Yoxsa qloballaşma varlı və kasıb ölkələr arasında uçurumu dərinləşdirir? Qloballaşmanın hüdudları varmı?
Qloballaşmaya münasibət heç də birmənalı deyildir. Bəziləri qloballaşmanı mənfi bir proses kimi, Qərbin iqtisadi və mədəni maraqlarının qalan bütün dünya üzərində dominantlığı kimi qiymətləndirirlər. Bu dominantlıq varlı və kasıb ölkələr, regionlar arasında bərabərsizliyin davam etdirilməsi anlamına gəlir. Burada problem yalnız kəskin bərabərsizliyin davam etməsi deyil, həm də dünyanın ”Koka-Kolonizasiyası”dır. Belə ki, Üçüncü Dünyanın əhalisi qlobal iqtisadiyyata standartlaşmış məhsulların passiv istehlakçıları kimi qoşulurlar. Başqa sözlə iqtisadi qloballaşma mədəni imperializmin əsaslarına söykənir.
Bəziləri isə qloballaşmanı müsbət bir proses kimi qiymətləndirirlər. Onların bir çoxu qloballaşmanı özü ilə bütün dünya əhalisinə beynəlxalq əmək bölgüsünün və bazar iqtisadiyyatının bəhrələrindən yararlanmaq imkanı gətirən kapitalizmin dünyanın hər bir küncünə və köşəsinə nüfuz etməsi kimi qiymətləndirirlər. H.Holm və G.Sorensenə görə qloballaşma sərhədlər üzərindən iqtisadi, siyasi, sosial və mədəni əlaqələrin intensivləşməsidir 1 .
İmmanuel Vollersteynə görə isə qloballaşma qlobal əmək bölgüsü ilə bir-birinə bağlanmış kapitalist dünya iqtisadiyyatının qələbəsidir. Bu kapitalist dünya sistemi kapital toplamaq məntiqindən irəli gəlir.
Qloballaşma kapitalist istehsal üsulunun bütün dünyanı öz sistemi çərçivəsində düzənləmə prosesi kimi də qiymətləndirilir. Kapitalist istehsalının əsas məqsədi kapital toplamaqdır. Lakin, müəyyən olunmuş sərhədlər daxilində daimi mənfəəti təmin etmək qeyri-mümkündür. Buna görə də kapitalist münasibətlərinin iştirakçıları fəaliyyətlərinin ərazi sferasını genişləndirərək yeni qazanc mənbələri axtarmaq məcburiyyətindədirlər. Məqsədi bütün dünyanı ”kapitalizm bayrağı” altında birləşdirmək olan bu proses qloballaşma adını almışdır.
M.Albrou qloballaşmanı dünya xalqlarının vahid dünya cəmiyyətində birləşdirən bütün proseslər, bəşəriyyətin ilk dəfə kollektiv aktor olacağı bir cəmiyyət kimi xarakterizə edir 1 . Qlobalizm o dəyərlərlə təyin olunur ki, onlar real dünyanı – 5 milyardlıq əhalini əndişə obyekti kimi, bütün yaşayanları dünya vətəndaşları, istehlakçılar və istehsalçılar kimi nəzərdə tutsun. Bir tək maraqla – qlobal problemlərin kollektiv həll edilməsi marağı ilə. Robertson isə qloballaşmanı həm dünyanın sıxılması həm də dünyanın vahid tam şəklində dərkinin güclənməsi ilə əlaqələndirir. ”Məsafənin tiraniyasına” teleqraf, telefon, radio və televiziya ilə başlayan, kompüter, peyk ötürücüləri, faks və İnternetlə davam edən kommunikasiya inqilabı nəticəsində son qoyulur. Hava nəqliyyatı ilə birlikdə bunlar dünyanın sıxılmasına səbəb olub. Belə ki, informasiya bir anda ötürülə bilər və insanlar dünyanın bir ucundan digər ucuna 24 saatdan çox olmayan bir müddətdə çata bilərlər. Bu effekt coğrafiyaçı Devid Harvey tərəfindən ”zaman və məkan sıxlığı” adlandırılmışdır.
R.Robertsonun yanaşmasına qarşılıqlı asılı vahid dünyanın yaranmasında çox böyük rolu olan iqtisadi institutlar və kommunikasiya texnologiyaları da aiddir. Bu yanaşma bəşəriyyətin kollektiv aktor olması və ümumi problemlərə kollektiv həll yolları axtarması ilə məhdullaşmır. Robertson da Olbrou kimi diqqəti siyasi və mədəni ideyalar (insan hüquqları, qlobal ətraf mühit üçün məsuliyyət, kosmopolitalizm) yönəltməyə çalışır. Qloballaşma yalnız siyasi iqtisadiyyatın və ya beynəlxalq münasibətlərin subyektini təşkil edən böyük transmilli strukturları deyil, həm də bizim dünyadakı fəaliyyətimizi, qavrayışımızı, təcrübəmizi əhatə edir. Robertson qloballaşmanın millət daxilində baş verən kiçik miqyaslı hadisələrdən fərqli və onlara antoqonist böyük miqyaslı, dünya mərkəzli bir proses olduğunu qəbul etmir. Onun fikrincə ”qlobal” və ”lokal” bir-biri ilə konfliktdə deyillər. Onlar bir-birilərini itələyəcək nöqtəyə qədər qarşılıqlı təsir göstərirlər.
Bu arqument ”qlokalizasiya” və ya ”lokal qloballaşma” anlayışlarını meydana çıxarır. Bunlar ilk olaraq 80-ci illərdə yapon biznes dairələrində qlobal şirkətlərin istehsalçıların fərqli tələblərini qarşılamaq üçün xüsusi yerli şəraitlərə uyğun məhsulların hazırlanması prosesinə deyilirdi. Robertson daha irəliyə gedərək qlokalizasiyanı və ya qloballa lokalın qarşılıqlı nüfuzunu qlobal cəmiyyətin təyinedici bir cəhəti kimi səciyyələndirmişdir.
R.Robertsonun fikrincə, qloballaşma və qlobal ”sahə” arasında fərq qoyulmalıdır. Qlobal sahə müxtəlif növ qarşılqlı təsirlərin və dəyişikliklərin baş verdiyi yeganə sosial dünyadır. Qloballaşma isə vahid qlobal sahənin yaranmasını şərtləndirən amildir, lakin o, qlobal sahənin yeganə komponenti deyildir. Digər komponentlərə isə millətlər, başqa cəmiyyətlər, həmçinin fərdlər daxildir.
R.Robertsona görə, qloballaşma yalnız strukturlar, institutlar və şəbəkələrlə bağlı deyil, həmçinin bizim sosial həyat və oradakı yerimiz haqqında düşüncə tərzlərimizlə bağlıdır. O, qeyd edir ki, dünyanın vahid cəmiyyət olması haqqında ideya ta əvvəllərə gedib çıxır. Bu, məsələn, Allahın Yerdəki Krallığı kimi düşüncələrdə əks olunmuşdur. 1
Təbii ki, yaxın zamanlarda baş verən inkişaf prosesləri qloballaşma prosesinin intensivləşməsində çox önəmli rol oynayır. Lakin Robertsonun ”mini-qlobalizasiyalar” adlandırdığı qlobalizasiyaya aparan dəyişiklik prosesləri çox-çox öncələr baş vermişdir. Regionlararası ticarət, təbii sərvətlərin regionlararası daşınmalarına gətirib çıxaran imperiya işğalları, texnologiya və mədəniyyət, köləliklə və ya yeni torpaq axtarışı ilə əlaqədar əhalinin hərəkəti bir sıra minilliklər ərzində dünya tarixinin uzunmüddətli xüsusiyyətləri olmuşdur. Bu inkişaf prosesləri yalnız Qərblə bağlı deyildi. Bunlar həm Çini, həm İslam dünyasını, həm Aralıq dənizi ətrafındakı klassik sivilizasiyaları, həm də erkən müasir Avropanı əhatə edirdi.
A.Giddens bu günkü dünyanın dinamizmini daha çox müasirliklə bağlayır. O, qloballaşmanın modernizasiya nəticəsində mümkün olduğunu hesab edir 1 . Modernizasiyanın 4 aspekti çox əhəmiyyətlidir: kapitalizm, industrializm, milli-dövlətlərin nəzarət imkanları və milli hərbi qüvvə. Bu tendensiyalar Qərbin yaxın tarixi ilə əlaqələndirilir və beləliklə qlobalizasiya Qərb fenomeni kimi təqdim olunur. Giddensə görə yalnız gələcəkdə qlobalizasiyaya qeyri-qərb mexanizmlərindən əhəmiyyətli idxalat olacaq. 2
Bu yanaşma doğru olaraq qloballaşma prosesində Qərbin aparıcı rolunu vurğulayır. Kapitalizm beynəlxalq əmək bölgüsünü, kapital və məhsul bazarını yaratdı. Sənayeləşmə isə XIX-XX əsrlərdə bu meylləri möhkəmləndirmək üçün texnoloji və təşkilati bazis formalaşdırdı. Güclü sənaye əsası olmadan müasir rabitə vasitələri, xüsusilə peyk ötürücü sistemləri və kompüter texnologiyaları ağla belə gələ bilməzdi.
Güclü milli-dövlətlərin yaranması zamanla onlar arasında münasibətləri, münaqişələri tənzimləmək üçün transmilli siyasi təşkilatların inkişafına təkan verdi. Nəhayət, qlobal məsələlərdə Qərbin hərbi gücünün çox böyük əhəmiyyəti var. Bu XVI əsrdən başlayaraq Yeni Dünyanın kəşfində və daha sonra Cənubi və Şərqi Asiyada kolonizasiya proseslərində əks olunub.
Maykl Mannın fikrincə isə hərbi güc yalnız iqtisadi və siyasi maraqların həyata keçirilməsi vasitəsi deyil, gücün müstəqil bir qoludur və Qərbi Avropanın dünya miqyaslı ekspansiyasında uğurlarının səbəbi texnoloji gücü sayəsində tarixi üstünlüklərdən daha çox hərbi gücü idi.
Müasir dünyanın formalaşmasında əsas dönəm kimi hər hansı bir konkret zamanın müəyyən olunması və bunun yalnız Qərblə əlaqələndirilməsi bir sıra səbəblərə görə qüsurludur. Birincisi bu halda Qərbin hegemonluq dövründən öncəki qlobal ikniaşf prosesləri diqqətdən kənarda qalır. İkincisi isə unutmaq olmaz ki, bu inkişaf proseslərinin bir çoxu qeyri-qərb mənşəlidir. Hodqsonun dediyi kimi Qərbi Avropa XII-XIII əsrlərə qədər Mərkəzi Sivilizasiyanın periferiyasında qalmışdır.
* * *
İqtisadi qloballaşmanın əsasını təbii resurslar və bazarlar üzərində nəzarət uğrunda kəskin rəqabət, mübarizə təşkil edir. Onun əsas aktorları transmilli şirkətlərdir. Bu şirkətlər XX əsrin əvvəllərindən, böyük sənaye kampaniyalarının iqtisadi və maliyyə maraqlarının milli sərhədləri aşmağa başladığı dövrdən formalaşmağa başlamışdır. XX əsrin ikinci yarısından regional transmilli şirkətlərin qlobal şirkətlərə çevrilməsi prosesi başlandı. Buna xeyli dərəcədə planetin müxtəlif hissələrini vahid informasiya və iqtisadi məkanda birləşdirən elektron rabitə vasitələri sahəsindəki inqilab təkan verdi.
İqtisadi qloballaşmanın intensivləşməsi bir sıra məsələləri ortaya çıxarır. Bunların ən əsaslarından biri demokratik yolla seçilmiş hökumətlərin yurisdiksiyasından kənarda, iqtisadi gücün bəzi azsaylı əllərdə toplanması təhlükəsidir. Bu da istər-istəməz belə bir sual doğurur ki, belə intensivləşmiş qloballaşma prosesi şəraitində milli-dövlətlərin uzun müddətli mövcudluğu mümkündürmü?
İqtisadi qloballaşma mərkəzləri çox böyük miqyasda fəaliyyət göstərirlər. Öz iqtisadi gücünə görə bir sıra transmilli şirkətlər ayrı-ayrı dövlətlərlə rəqabət aparmaq imkanına malikdirlər. Kapital investisiyası və yeni texnologiyalar üzərində nəzarət imkanları onlara hətta çox güclü dövlətlər üzərində xüsusi fəaliyyət rıçaqları verir.
Orta hesabla transmilli şirkətlərin xaricdən əldə etdikləri gəlirin yarısı onların yerləşdiyi ölkəyə gətirilir. transmilli şirkətlərin çoxunun məhz ABŞ ərazisində cəmlənməsi müasir dünyada ABŞ-ın mütləq ticarət üstünlüyünün əsas səbəblərindən biridir.
Bir tərəfdən dövlət (ABŞ – S.X.) transmilli monopoliyaları öz ərazisindən kənarda milli maraqlarını effektiv həyata keçirmək vasitəsi kimi istifadə edir. Digər tərəfdən, bu məqsədlərin özləri monopoliyaların güclü təsiri nəticəsində dövlətlər tərəfindən hasil edilir. Onlar ilk növbədə monopoliyaların maraqlarını ifadə edirlər. ABŞ-a rəqabət qabiliyyətliliyini artırmağa yönəlmiş korporasiyaların maraqları ilə eynilə həmin rəqabət qabiliyyətliyinin möhkəmləndirilməsində maraqlı olan cəmiyyətin məqsədlərinin üst-üstə düşməsinə nail olmaq müvəffəq oldu. İkinci dünya müharibəsindən sonra ABŞ-ın tarixi uğurunun ən əsas faktorlarından biri ondan ibarətdir ki, Amerika dövləti və cəmiyyəti milli monopoliyaların və cəmiyyətin maraqları arasındakı ziddiyyəti aradan qaldıra bildi. Onlar buna öz monopoliyalarının ekspansiyasını ölkənin daxilinə yox, xaricinə yönəltməklə, onları millətüstü strukturlara və beləliklə də milli rəqabətqabiliyyətliliyinin uzunmüddətli təminatı və möhkəmləndirilməsi vasitəsinə çevirməklə nail oldular 1 .
İstehsalın qloballaşması kampaniyalara öz fəaliyyətlərini yeni, əsasən Üçüncü Dünyanın inkişaf etməkdə olan ölkələrinə köçürməyə imkan yaradan texnologiyanın inkişafı sayəsində mümkün olmuşdur. Daşınma dövründə istehsaldakı itkilərə baxmayaraq işçi qüvvəsinin ucuzluğu bu itkiləri gərəyindən də çox kompensasiya etdi.
Robert Holtona görə beynəlxalq iqtisadiyyat ilə transmilli iqtisadiyyat anlayışları arasında fərq qoyulmalıdır. Beynəlxalq iqtisadiyyat müəyyən millətlərə aid institutlar və iqtisadi aktorlar tərəfindən həyata keçirilən milli iqtisadiyyatlar arasında baş verən mübadilədir. Sadə dillə desək, bir ölkədə istehsal olunan məhsulların, xidmətlərin və xammalın başqa bir ölkədə satılmasıdır. Milli iqtisadiyyatlar arasında dünya ticarətinin ekspansiyası bu prosesin əsas göstəricisidir. Bu növ iqtisadi qloballaşma heç də yeni deyil.
Transmilli iqtisadiyyat isə beynəlxalq ticarəti də özündə birləşdirməklə yanaşı əlavə xüsusiyyətlərə malikdir. Bunlara transmilli proseslərin və institutların inkişafı aiddir. İnformasiya texnologiyası sayəsində mümkün olan bu günkü dünya maliyyə bazarının inteqrasiyası siyasi sərhədlər üzərindən bir anda presendenti olmayan miqyasda sazişləri mümkün edir 2 .
Yeni transmilli iqtisadiyyat çərçivəsində ayrı-ayrı millətlər yalnız tidcarətdən yox, həm də kənardan olan kapital axınından çox asılı olurlar. Bunlar iqtisadi inkişafa yeni texnologiya əldə etməyə və işsizliyi minimuma endirməyə nail olmaq üçün vacib hesab olunur.
1950-ci ildən bəri beynəlxalq ticarət əhəmiyyətli dərəcədə artıb. Lakin multimilli kampaniyaların istehsalının dəyəri dünya ticarətininkini üstələyir 1 .
Xarici birbaşa investisiyaların çox hissəsi və millətlər arasında texnologiya transferinin əhəmiyyətli bir hissəsi multimilli müəssisələr tərəfindən həyata keçirilir.
Siyasi sərhədlər üzərindən fəaliyyət göstərən ticarət təşkilatları uzun tarixi yol keçmişlər. Multimilli müəssisələrin yaranması isə əsasən 1870-1900-cü illər arasında olub. Bu dövrdə müəssisələrin xarici filialları yaranmağa başlayıb və onlar XBİ ilə məşğul olublar.
Bir çox müasir multimilli müəssisələr, məsələn, Ford, İBM, General Motors öz multimilli fəaliyyətlərinə 1900-1930-cu illərdə başlayıblar. Multimilli müəssisələrin sayı əsasən 1950-ci ildən sonra çox sürətlə artmağa başladı. Multimilli müəssisələrin fəaliyyəti xammal və emalla məhdudlaşmır, sürətlə inkişaf edən xidmət sektorunu da əhatə edir. Bunlara banklar, sığorta kampaniyaları, mühasibat, reklam və məsləhət sahələri, hotel sənayesi daxildir. Biznesin qloballaşması əsərində Danninq multimilli müəssisələrin fəaliyyətinin 4 əsas səbəbini müəyyən edir: bazar axtarışı, resurs axtarışı, səmərəlilik axtarışı və strateji əmlak axtarışı. Multimilli müəssisələrin fəaliyyətinin texnoloji dəyişiklikyə nisbəti çox mühüm məsələlərdən biridir. Bir tərəfdən telekommunikasiya və informasiya texnologiyasındakı dəyişikliklər multimilli müəssisələrin fəaliyyət xərclərini azaldır, digər tərəfdən dünya miqyaslı əsas korporasiyaların arasındakı qlobal rəqabət bazarında rəqabətqabiliyətli iştirakçı qala bilmək uğrunda mübarizəni intensivləşdirir.
Standartlaşdırma qlobal marketinqin əsas elementi olaraq qalır. Bununla yanaşı multimilli müəssisələr artıq anlamağa başlayıblar ki, istehlakçılar standart deyillər və zövqlər və tələblər müxtəlif millətlərdə, mədəniyyətlərdə və regionlarda fərqlənir. Bunu anlamaq adətən istehlakçıların marketinq kampaniyalarına və standartlaşdırılmış məhsullara müqaviməti nəticəsində mümkün olur. Qlobal istehsalçılara zövq və davranışları manipulyasiya oluna biləcək standartlaşdırılmış qlobal istehlakçılar yaratmaq müvəffəq olmayıb. İstehlakçıların zövqlərinin müxtəlifliyi və mədəni müqavimət lokalizasiya və regionalizasiyanın mühüm elementlərinə gətirib çıxarmışdır.
Beləliklə, istehsalçılar və istehlakçıların güclərinin çox asimmetrik olmasına baxmayaraq standartlaşdırılmış marketinq strategiyaları hər zaman işləmir.
Holtonun fikrincə, multimilli müəssisələrin fəaliyyəti nəticəsində inkişaf edən iqtisadi qloballaşma nə məhvedici bir qüvvədir, nə də ki, o, dünyanın MakDonaldlaşdırılmasından xəbər verir. Multimilli müəssisələrin gücünü nə şişirtmək, nə də ki, qiymətləndirməmək düzgün olmazdı. Qlobal iqtisadiyyatda onların mərkəzi rolu danılmazdır. Onun fikrincə, onlara yalnız sərvət toplayan bir qüvvə kimi baxmaq düzgün deyil. Çünki, bu multimilli müəssisələrin tədqiqat və inkişaf da daxil olmaqla bir sıra fəaliyyətlərdə rolunu danmaq anlamına gəlib çıxardı. Beləliklə, multimilli müəssisələr iqtisadi güc olmaqla bərabər, həm də çox mühüm siyasi və mədəni qüvvədirlər 1 .
Qlobalizm siyasətini bütövlükdə və ya ayrı-ayrı müəyyən hissələrini qəbul etmək, yaxud da əksinə, bütövlükdə onu rədd etmək üçün yalnız tədqiqatçıların ifadə etdikləri doktrinaları deyil, həmçinin qlobalizmin ideologiyasının və siyasətinin formalaşmasında bilavasitə iştirak edənlərin fikirlərini bilmək lazımdır. Bu cür xadimlərdən biri də Corc Sorosdur. Onun qlobal iqtisadiyyat, üstünlükləri və mənfilikləri barədə bəzi fikirləri ilə tanış olmaq maraqlı olardı: ”Biz artıq qlobal iqtisadiyyat sistemində yaşayırıq. Lakin burada bu termin altında nəyi nəzərdə tutduğumuzu dəqiq müəyyən etməliyik. Qlobal iqtisadiyyat yalnız məhsul və xidmətlərin deyil, həmçinin və daha vacib ideyaların və kapitalın sərbəst hərəkəti ilə xarakterizə olunur. Mahiyyətcə qlobal iqtisadiyyatı qlobal kapitalist sistemi kimi nəzərdən keçirmək lazımdır” 1 .
Milli dövlətlərin özlərinin ərazisinə, varına, gücünə və s. görə fərqləndirdikləri halda, iqtisadi qloballaşmanın hər yerə bərabər yayılan bir proses kimi qiymətləndirilməsi düzgün deyil. Buna görə də qloballaşma haqqında sanki, o, hər bir milli-dövlətə və iqtisadiyyatın bütün sektorlarına eyni təsirə malik bir proses kimi danışmaq olmaz.
Sosial ədalət prizmasından yanaşdıqda əsas problem kimi Şimal və Cənub yarımkürələri arasında artan bərabərsizlik götürülür. Bu, 1980-ci ildə Beynəlxalq İnkişaf Məsələləri üzrə Müstəqil Komissiya tərəfindən hazırlanmış Brandt Hesabatı, Şimal-Cənub: Yaşama Proqramının dərcindən sonra daha da ciddi xarakter aldı. Burada ”Şimal” ABŞ, Avropa, Yaponiya və ekvatordan cənubda yerləşən Avstraliya və Yeni Zellandiya daxil olmaqla inkişaf etmiş dünyanı simvolizə edir. ”Cənub” isə Çin də daxil olmaqla yoxsulluq, aclıq və zəif inkişafı simvolizə edir.
Şimalın payına dünya əhalisinin dörddə biri, Cənubun payına isə əhalinin dörddə üçü düşdüyü halda gəlirlərin beşdə dördü şimalın, yalnızca beşdə biri isə Cənubun payına düşür 2 .
Samuel Hantinqtonun fikrincə isə dünya, onu iqtisadi planda Şimal və Cənuba, mədəni planda isə Şərq və Qərb ayıra bilmək üçün çox mürəkkəbdir 3 .
Qlobal borluluq, zəif inkişaf və iqtisadi bərabərsizliyin artması problemləri Bretton-Vuds sisteminin qarşısında duran çox çətin vəzifələrdən.
İnkişaf Planlama Komitəsi qeyd edir ki, yardımların çoxu inkişaf məqsədlərinə xidmət etmir, donor ölkənin ixracını təşviq etmək məqsədləri üçün istifadə olunur. 4
Xalqın milli bütövlüyü mədəni bütövlüklə bağlı məsələləri ortaya çıxarır. Bunlara yalnız millətin daxili mədəni tərkibi yox, həmçinin mədəni cəhətdən fərqli işçi qüvvəsinin miqrasiyası, musiqi və kino kimi mədəniyyət sənayelərinin qloballaşması və insan hüquqları, vətəndaşlıq və s. sahələrdə transmilli tənzimləmə qurumlarının mədəni təsiri kimi qlobal meyllər təsir edir.
Konnorun fikrincə dövlətlərin yalnız çox az bir hissəsi (məs: İslandiya, Yaponiya, Norveç) milli-dövlət kimi təsvir edilə bilmək üçün kifayət qədər homogendir.
Lakin Konnonun mövqeyindən fərqli olaraq , biz milli-dövlət ifadəsini müasir dövrün demək olar ki, bütün suveren dövlətlərinə şamil edirik.
Suveren milli-dövlət çox cavandır. O, öz gücünün və imkanlarının çoxunu XVIII-XIX əsrlərdə formalaşdırmış və möhkəmləndirmişdir. Roland Robertson XX əsrə, sülaləvi imperiyaların məhv olması və müstəmləkəçiliyə qarşı uğurlu üsyanlar nəticəsində milli-dövlətçiliyin siyasi forma kimi universalizasiyası əsri kimi baxır. Vətəndaş hüquqlarının inkişafı, rabitə və kütləvi təhsil kimi sahələrdə sənaye cəmiyyəti üçün iqtisadi və sosial infrastrukturların təmin edilməsi ilə XIX-XX əsrlərdə dövlətin rolu artdı. Mannın fikrinə görə müasir dövlət vahid institut çərçivəsində bir sıra müxtəlif funksiyaları birləşdirir və bu institut tükənişinin və qocalığının son nəfəsində deyil, əksinə, o, hələ də yetişməkdədir. Dövlətin müxtəlif funksiyalarını əhəmiyyətli dərəcədə artıb-azalmasına baxmayaraq institut özü sağlam formadadır.
Lakin buna baxmayaraq, milli-dövlət hüquqi funksiyalar və ya iqtisadi siyasət üzərində inhisara malik deyil. AB iqtisadi siyasət quruculuğundan daha irəli gedib. Bu şəxsi həyat məsələlərinin tənzimlənməsi və insan hüquqlarında öz əksini tapıb.
Millətlər və nasionalizm qlobal düzənin komponentləri olmaqla yanaşı müəyyən mənada qloballaşmaya müqavimət formalarıdır.
Bir çoxlarının fikrincə millətlər tarixin lap qədim dövrlərindən əmələ gəlmişlər. Bəzilərinə görə isə nasionalizm milli-dövlətlərin meydana gəlməsi, sənayeləşmə və müasir kapitalizmin inkişafı kimi proseslərlə bağlı olan yeni bir fenomendir. Onların fikrincə keçmişlə inkarolunmaz bağlılığına baxmayaraq, nasionalizm ziyalılar tərəfindən inkişaf etdirilən və siyasi elitalar və xüsusi maraq qrupları tərəfindən idarə olunan icad olunmuş bir ənənədir.
Antoni Smitə görə nasionalizm sosial qrupların böyük təhlükələrlə (Məs: müharibə təhlükəsi və ya sosial və mənəvi böhranlar) üzləşdikləri yerlərdə meydana gəlir 1 .
Bir sıra amerikalı şərhçilərin fikrinə görə etnik mənsubiyyətə malikliyin həm maddi, həm də simvolik üstünlükləri var. Etniklik dual (ikili) xarakterə malikdir. O, həm qrupun üzvləri üçün identifikasiya mənbəyi kimi, həm də qrupu təmsil etmək üçün digərləri tərəfindən istifadə olunan səciyyələndirici kimi faktor kimi funksiya daşıyır.
Qlobal problemləri yalnız dövlətlərin birgə səyləri nəticəsində həll etmək mümkündür. Bunun üçün əməkdaşlığın yüksək səviyyədə olması tələb olunur və buna da beynəlxalq hüquqa əsaslanan təhlükəsiz, demokratik dünya düzəni şəraitində nail olmaq mümkündür. Qloballaşma ilk növbədə bu cür dünya düzəninin yaradılması vəzifəsini önə çəkir 2 .
Təhlükəsizlikdən tutmuş əhalinin rifahına qədər bütün milli maraqlar açılan imkanlardan istifadə etmək bacarığından asılıdır. Hərçənd ki, bu imkanlar əhalinin müxtəlif təbəqələrində olduğu kimi dövlətlərdə də eyni deyil. Onlar əsasən sənaye cəhətdən inkişaf etmiş ölkələrdə, böyük kapitalda çoxdur. İnkişaf Etməkdə Olan Ölkələrdə, xırda sahibkarlarda isə məhduddur. Nəticədə qloballaşmanın bəhrələrindən geniş istifadə edənlər və məhdud istifadə imkanları olanlar arasında ziddiyyət yaranır.
Nəzərə almaq lazımdır ki, iqtisadiyyat və maliyyə sahəsində qloballaşma öz-özlüyündə siyasi sahədə ciddi nəticələrə gətirib çıxara bilər. Qloballaşmanın dövlətə təsirini və onun gələcəyini müəyyənləşdirmək üçün onun dövlətlərin demokratik inkişafına təsirini müəyyən etmək lazımdır.
Liberal demokratiya çox əhəmiyyətlidir, lakin o, həqiqi demokratiyaya aparan yolun sadəcə bir mərhələsidir. Liberal demokratiya və kapitalizm cəmiyyətinin əsas ziddiyyətlərindən biri demokratiya və kapital arasında olan ziddiyyətdir. Liberal demokratiyanın çatışmazlıqları qloballaşma şəraitində daha aydın görünür.
Bu gün demokratiya ölkənin əmin-amanlığı üçün zəruri şərtdir. O, sosial və iqtisadi inkiaşf üçün optimal şərait yaradır. Demokratiya cəmiyyətin və dövlətin birliyinə və təhlükəsizliyinə təhlükə törədən cəmiyyətə xas siyasi, sosial, iqtisadi, etnik xarakterli konfliktləri həll etmək üçün yeganə uzunmüddətli vasitədir. Bir sıra optimistlər hesab edirlər ki, hər bir ölkə demokratiya sistemini qəbul edərsə, beynəlxalq problemlər həll ounacaq. Eyni zamanda belə bir fikir də yayılmışdır ki, demokratiya dövlətlər rasında yox, yalnız dövlət daxilində mövcuddur.
Burada italiyalı alim D.Arçibucinin fikrini qeyd etmək yerinə düşərdi:
’’Qərbin demokratik dövlətləri bütün dünyada demokratiyanın görünən və gursəsli tərəfdarlarıdır. Eyni zamanda vaxtaşırı beynəlxalq hüquqa zidd fəaliyyətlər göstərirlər. Bir sıra hallarda onlar üçüncü dünyada qanuni hakimiyyətləri devirib, onları marionet rejimlərlə əvəz ediblər… ABŞ və İsrail kimi daxilən tamamilə demokratik dövlətlər daha az demokratik olan Vyetnam, Qrenada, Panama, Suriya və Livan kimi dövlətlərə hücum etmişlər’’ 1 .
Hər halda demokratiyanın sülhsevər münasibətlərin faktoru olduğunu inkar etmək olmaz. Bizim dövrümüzdə demokratik dəyərlərin qloballaşması baş verir.
Dövlətin öz hakimiyyətini həyata keçirmək imkanına təhlükə elə demokratiyaya da təhlükədir. Lakin transmilli şirkətlərin hakimiyyətinin tərəfdarları iddia edirlər ki, demokratiya dövlətsiz də mümkündür.
Qloballaşma dövlətin informasiya axını üzərindəki nəzarətini zəiflədib və hakimiyyət formalarının dəyişməsinə gətirib çıxarıb 1 .
Hətta öz ərazisində dövlət ictimai asayişi qorumaq üçün qanuni məcburetmə həyata keçirməsi yol verilən yeganə subyekt deyildir. İnsan hüquqlarının nizama salınması, ekoloji siyasət, maliyyə reqlamentasiyası getdikcə onun əlindən çıxır. Burada məsələ dövlətin zəifləməsində deyil, onun qlobal proseslərlə qarşılaşarkən yeni şəraitdə fəaliyyətə hazır olmaması ilə əlaqədardır.
Beynəlxalq hüququn və ya Avropa Birliyinin regional hüququnun milli-dövlətləri nəyəsə məcbur etmə imkanlarında çox böyük limitlər var. Transmilli hüquqi qurumların tabe olmayan milli-dövlətlərin məhkəmə prosesinin nəticələrinə qoşulmağa və ya onları qəbul etməyə məcbur etməyə imkanları yoxdur. Məsələn, Beynəlxalq Millətlər Təşkilatının üzvləri Beynəlxalq Ədalət Məhkəməsinin Statutlarının avtomatik iştirakçıları olurlar, lakin məhkəmənin yurisdiksiyasını qəbul etmək məcburiyyətində deyillər 2 .
Avropanın transmilli hüquq sistemləri yaratmaq cəhdləri daha effektiv olumşdur. İnsan hüquqları sahəsində bu cür cəhdlərdən biri 1950-ci ildə ratifikasiya olunmuş və 1953-cü ilə qüvvəyə minmiş İnsan Hüquqi və Əsas Azadlıqlarının Müdafiəsi üzrə Avropa Konvensiyasıdır.
Beynəlxalq Millətlər Təşkilatında mərkəzləşmiş bir çox transmilli siyasi institutlardan fərqli olaraq AB-nin müəyyən sahələrdə, məsələn ticarət sahəsində hüquq yaratmaq haqqı var.
Avropa Ədalət Məhkəməsi üzv dövlətin, vətəndaşına qarşı hərəkətlərinin hüquqiliyi ilə bağlı şikayətlərə baxır. Bu məsələlərdə üzv dövlətlər məhkəmənin qərarlarını erinə yetirməlidirlər.
D.Heldin fikrincə, BM sisteminin inkişafı Vestfal nizamının məntiq və strukturunu kökündən dəyişmədi 3 .
Keohanın fikrincə, XX əsri dövlətlərarası sövdələşmələr və çoxtərəfli əməkdaşlıq səciyyələndirir. Bu eyni zamanda həm qlobal tənzimləyici təşkilatların artmasını, həm də dövlətlərin çox israrla və əminliklə maraqlarını həyata keçirmək cəhdlərini əks etdirir. Bu kontekstdə suverenlik ərazi baryerindən daha çox mürəkkəb transmilli şəbəkələrlə xarakterizə olunan siyasət üçün sövdələşmə mənbəyidir.
Suverenliklərini qorumaq üçün dövlətlər bir sıra qrupların maraqlarını təmin etmək imkanlarına malik olmalıdırlar. Bu qruplara əmək təşkilatları, istehlakçılar, millətin mədəni bütövlüyündə maraqlı olanlar və s. aid ola bilər. Bu qruplar tək başına və ya ittifaqlarda dövlətə daha azad və daha təhlükəsiz ticarəti təmin etməsi, beynəlxalq müqavilə və konvensiyaları ratifikasiya və ya rədd etməsi, immiqrant axınını genişləndirməsi və ya məhdudlaşdırması üçün təzyiq edə bilərlər. Eyni zamanda Multimilli müəssisələr kimi xarici maraqlar, Beynəlxalq Valyuta Fondu və GATT kimi beynəlxalq tənzimləmə qurumları, Beynəlxalq Amnistiya və Beynəlxalq Qrinpis kimi Qeyri Hökumət Təşkilatları dövlətlərə milli siyasət quruculuğunda insan hüquqları, fiskal siyasət, xarici investisiya üzərində nəzarət müxtəlif dəyişikliklər etməsi üçün təzyiq göstərə bilərlər 1 .
Milli və transmilli maraqlar arasında əlaqələrə danışıqlar və ümumi maraqlar axtarışı daxildir. Lakin maraqlar fərqli olarsa onlar arasında konflikt də ola bilər. Burada əsas faktor qarşılıqlı asılılıqdır. Beləliklə, bir sıra xarici maraqlar dövlət dəstəyindən asılıdır, həmçinin dövlət institutları da müxtəlif kənar vasitələrdən asılıdırlar.
Ətraf mühitlə bağlı razılaşmaların sıx və hərtərəlif hüquqi və institusional strukturu özlüyündə suverenlik üçün təhlükə törədir. Beynəlxalq institutlar və rejimlər milli hökumətlərin hakimiyyətini təhlükə altında qoyan yeni hakimiyyət mərkəzləri formalaşdırırlar. Dövlətin hakimiyyəti çox sıx beynəlxalq prinsiplər, qaydalar, normalar və institutlar tərəfindən məhdudlaşdırılır 2 .
Qloballaşma müasir dünyada baş verən dəyişikliklərin əsas mənbəyidir və onun bir çox aspektləri qlobal siyasi sistem çərçivəsində milli-dövlətlərin rolu və bir-birləri ilə, həmçinin digər təşkilatlanmış maraqlarla münasibətlərini dəyişir. Bu cür dəyişikliklərə müəyyən sərhədlər çərçivəsində dövlətin mütləq suverenliyi ilə bağlı ənənəvi idealların eroziyası aid edilə bilər.
Bir sıra nəzəriyyəçilər qlobalizmi dövlətlərarası sistem kimi yox, multiaktorlu sistem kimi görürlər. Bəs əsas aktorlar kimlərdir? Onlar bir-birləri ilə necə münasibətdədirlər və qlobal siyasi qarşılıqlı asılılığın hansı yeni növləri yaranmaqdadır?
Qlobalizasiyaya çox zaman ilk növbədə iqtisadiyyatla əlaqəli bir qüvvə kimi baxılır. Kapital, əmək, texnologiya və informasiyanın mobil qüvvələri siyasi və mədəni sərhədlər üzərindən dayanmadan hərəkət edirlər və milli mədəniyyətlərin və milli-dövlətlərin bütövlüyünü təhlükə altında qoyurlar.
R.Holtonun fikrincə, sərhədlər hələ də qalmaqdadır və bu mütləq suverenlik ideallarının qlobalizasiyaya alternativ olduğu üçün deyil. Bu ona görədir ki, bir çox qlobal iqtisadi aktorlar müəyyən sabitləşdirici qanunlar toplusuna və ictimai dəstək strukturlarına ehtiyac duyurlar. Hətta derequlyasiya dövründə də bir sıra aktorlar dövlətlərdən bu cür dəstəyi təmin etmələrini gözləyirlər 1 .
Digər iki növ aktor da hesaba alınmalıdır. Daha çox gözə çarpanı beynəlxalq miqyasda Beynəlxalq Millətlər Təşkilatı və onu əhatə edən transmilli siyasi və hüquqi institutlar, regional miqyasda isə Avropa Birliyidır.
Kommuniksiya və informasiya texnologiyasındakı dəyişikliklərin siyasi hadisələrə çox böyük təsiri var. Henri Kissincerin dediyi kimi, heç bir iqtisadi sistem siyasi əsassız möhkəm ola bilməz 2 .
Peyk yayım texnologiyasının inkişafı dünyanın bir nöqtəsində baş verən hadisələrin televiziya vasitəsi ilə bütün yerlərdə izlənməsinə şərait yaratdı. Bu da Amerikanın CNN kanalı ilə simvolizə olunan qlobal xəbərlərin meydana çıxmasında əks olunur.
Bəzi media tənqidçilərinin fikrincə dünya xəbərlərinin televiziya yayımı ideoloji manipulyasiya halına gəlib çatır.
Qloballaşma prosesinin təsiri yalnız böyük məsafələr və sərhədlər üzərindən kommunikasiya ötürmələrindən qaynaqlanmır. O, həmçinin beynəlxalq miqrasiya proseslərindən qaynaqlanır. Beynəlxalq miqrasiya proseslərinin vasitəsi ilə informasiya şəbəkələri və transmilli bağlantılar diaspora əhalisini dünyada baş verən hadisələrdən xəbərdar edir.
Müasir texnikanın neqativ planda açdığı geniş imkanlar beynəlxalq miqyasda terrorizmin yeni formalarının üzə çıxmasına da səbəb olur və dünya ictimaiyyəti qarşısında bu istiqamətdə səyləri birləşdirmək vəzifəsi qoyur.
1 Holm H., Sorencen G. Whose world order: Uneven globalization and the end of the Cold War. – Boulder: Westiview Press, 1995, p.1.
1 Albrow M. Globalization, Knowledge and Society. – London: Sage,1990. p.8.
1 Robertson R. Globalization: social theory and global culture. – London: Sage, 1992. p. 81.
1 Giddens A. The consequences of modernity. – Cambridge: Polity Press, 1990. p. 55-78.
2 Giddens A. The consequences of modernity. – Cambridge: Polity Press, 1990. p. 175.
1 Практика глобализации: игры и правила новой эпохи. Под редакцией Делягина М.Г. – Москва: Инфра, 2000, стр. 138-139.
2 Holton R.C. Globalization and the nation-state. – Hong Kong, 1998. p. 52.
1 Dunning C.H. The Globalization of Business. –London: Routledge, 1993. p. 107.
1 Holton R.C. Globalization and the nation-state. – Hong Kong, 1998,. p. 61.
1 Данилов А.Н. Социология власти: теория и практика глобализма. – Минск: Университетское, 2001, стр. 321.
2 Brandt W. North-South : A Programme for Survival: The Report of the Independent Commission on International Development Issues. – London: Pan, 1980. p. 32.
3 Хантингтон С. Столкновение цивилизаций. – Москва, 2003, стр. 34.
4 Steiner H.C. and Alston P. International human rights in context law, politics, morals. – Oxford: Clarendon Press, 1996. p. 1136.
1 Smith A.D. Theories of nationalism. – London: Duckworth, 1971. p.153.
2 Лукашук И.И. Глобализация, государство, право, XXI век. – Москва: Спарк, 2000, стр. 26.
1 Лукашук И.И. Глобализация, государство, право, XXI век. – Москва: Спарк, 2000, стр. 23.
1 Тураев В.А. Глобальные вывозы человечеству. – Москва: Логос, 2002, стр. 38.
2 Held D. Democracy and the global order. – Cambridge: Polity Press, 1995. p. 96.
3 Held D. Democracy and the global order. – Cambridge: Polity Press, 1995. p.97-98.
1 Holton R.C. Globalization and the nation-state. – Hong Kong, 1998. p.90-91.
2 Hurrell A. International political theory and the global environment. International Relations Theory Today edited by Ken Booth and Steve Smith. – Cambridge: Polity Press, 1995. p.136-137.
1 Holton R.C. Globalization and the nation-state. – Hong Kong, 1998. p.108.
2 Киссинджер Г. Нужна ли Америке внешняя политика? К дипломатии для XXI века. – Москва, 2002, стр. 259.
Dostları ilə paylaş:
Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2023
rəhbərliyinə müraciət
Qloballaşma nədir? Hər kəsin qloballaşma haqqında vacib bilməli ümumi biliklər
Qloballaşma – beynəlxalq əhəmiyyətli müxtəlif siyasi, iqtisadi, mədəni, informasiya təyinatlı amillərin ayrı-ayrı ölkələrin sosial varlığına hərtərəfli artan təsir prosesidir.
Qloballaşmanın başlıca nəticəsi beynəlxalq əmək bölgüsü, kapitalın, insan və istehsal resurslarının planet miqyasında miqrasiyası, qanunvericiliyin, iqtisadi və texnoloji proseslərin standartlaşması və ayrı-ayrı ölkələrin mədəniyyətlərinin yaxınlaşması və birləşməsidir.
“Qloballaşma” anlayışının elmi ədəbiyyatlarda ilk dəfə 1967-ci ildə, XX əsrin ikinci yarısından sonra dünya miqyasında baş verən fundamental prosesləri izah üçün istifadə olunduğu qeyd edilir.
«Qloballaşma» termin kimi ilk dəfə 1983-cü ildə ABŞ iqtisadçısı Teodar Levitt (1925-2006) tərəfindən bazarların birləşməsinin qiymətləndirilməsi kontekstində işlədilmişdir.
Təsərrüfat həyatının tarixi beynəlmiləlləşməsi mübadilə sferasında baş vermiş və milli təsərrüfatların beynəlmiləlləşməsi ilk növbədə beynəlxalq bazarların inkişafı ilə bağlı olmuşdur.
Mübadilə ticarətinin inkişafı lokal beynəlxalq bazarlara istiqamət almış, sənaye inqilabları zamanında isə sahələrarası lokal ticarət mərkəzləri vahid dünya bazarına çevrilmişlər.
Qloballaşmanın hərəkətverici amillərini müqayisəli üstünlüklərin daimi axtarışı, istehsalın delokallaşması, əmək bölgüsünün yeni kombinasiyaları və sair bu kimi alətlərlə xərclərin minimumlaşdırılması əhatə edir.
Qlobalizm nədir? sualına tədqiqatçılar belə cavab verir: Qlobalizm dünya bazarının siyasi fəaliyyəti sıxışdırması və yaxud dəyişdirməsi deməkdir. Bu dünya bazarının ağalığı ideologiyasıdır. O monokauzal olaraq fəaliyyət göstərir, sırf iqtisadi prinsipə sadiq qalır, çoxölçülü qloballaşmanı bir ölçüyə– təsərrüfat ölçüsünə müncər edir. Eyni zamanda qloballaşmanın digər aspektlərinin ekoloji, mədəni, siyasi, ictimai– sivilizasiyalı və s.– ni müzakirə edir və çox vaxt onları dünya bazarının başçılıq etdiyi ölçüyə tabe edir. Bu zaman qloballaşmanın mərkəzi rolunu, o cümlədən, təsərrüfat fəaliyyətinin aktlarının qavrayışı və seçimi prinsipini inkar etmək və ya azaltmaq lazım deyildir. Qlobalizmin ideoloji nüvəsi siyasətlə iqtisadiyyatın arasındakı fərqlərin aradan götürülməsidir. Siyasətin başlıca vəzifəsi hüquqi, sosial və ekoloji hüdud şəraitini müəyyənləşdirmək sayəsində ümumiyyətlə təsərrüfat həyatının mümkün və qanuni olmasını həll etməkdir. Qlobalizm mürəkkəb qurum olan dövləti, mədəniyyəti xarici siyasəti– sadə müəssisə kimə idarə etməyə imkan verir.
Qara proteksionistlər dəyərlərin tənəzzülünün, milli başlanğıcın zəifləməsinin dərdini çəkir, lakin öz – özünə zidd olaraq, milli dövlətlərin neoliberal dağıdılmasında iştirak edir.
Yaşıl proteksionistlər milli dövlətdə dünya bazarının müdaxiləsi nəticəsində ekoloji standartları mühafizə edən milli dövlətdə ölməkdə olan siyasi biotopları görür, ona görə də milli dövlətin özünün müdafiəyə ehtiyacı olduğunu hiss edir.
Qırmızı proteksionistlər. Hər ehtimala qarşı öz paltarlarından sinfi mübarizinin tozlarını təmizləyir. Onlara görə qloballaşma ancaq öz fikirlərinin «doğruluğunu» sübut etmək üçün lazımdır. Sevinclə marksizmin intibahı bayramını qeyd etsələr də bu yalnız utopik, kor həqiqətlərdən başqa bir şey deyildir.
Qloballıq dedikdə bizim çoxdan dünya cəmiyyətində yaşamağımız başa düşülür. Yəni qapalı məkanlar fiksiyadan başqa heç nədir. Heç bir ölkə, yaxud ölkələr qrupu bir–birindən ayrılıqda mövcud ola bilməz. İqtisadi, mədəni, siyasi cəhətdən qarşılıqlı təsirə malik olan ölkələr bir–birilə mütləq əlaqədə olmalıdır. Bunun da sayəsində bir sıra qərb modelləri yenidən haqq qazanmağa başlayır. «Dünya cəmiyyəti» sosial münasibətlərin ümumiliyi ucbatından milli dövlət– siyasətinə inteqrasiya oluna bilmir.
«Dünya» «dünya cəmiyyəti» söz birləşməsində «müxtəliflik», «rəngarənglik» kimi başa düşülürsə, «cəmiyyət» isə inteqrasiyasızlıq kimi anlaşılır. Deməli, dünya cəmiyyəti vəhdətsiz müxtəliflik, rəngarənglik kimi başa düşülməlidir. Qloballaşma isə elə prosesləri irəli sürür ki, milli dövlətlər və onların suverenliyi, transmilli aktların toruna çulğalaşır və onların hökm vermək imkanlarına oriyentasiya və identikliyi ilə razılaşmalı olur. Artıq yaranmış qloballığı aradan qaldırmaq qeyri–mümkündür. Bu onu sübut edir ki, bir–birilə yanaşı mədəni, ekoloji, iqtisadi, siyasi ictimai– vətəndaş qloballaşması baş verir.
Onların hər birinin öz məntiqi vardır. Qloballığı aradan qaldırmağın qeyri–mümükünlüyünü səkkiz səbəblə izah edən tədqiqatçılar da vardır:
1) Beynəlxalq ticarət sahəsində kontraktların və coğrafiyanın genişlənməsi, maliyyə bazarlarının çulğalaşması transmilli şirkətlərin qüdrətinin getdikcə artması;
2) İnformasiya və komunikasiya– texnoloji inqilabın davam etməsi;
3) İnsan hüququnun qorunması tələbinin birgə irəli sürülməsi, daha dəqiq desək (sözdə) demokratiya prinsipi;
4) Dünyanı əhatə edən mədəniyyət industriyasının təsirinin yayılmasının genişlənməsi;
5) Postinternasional, polisentrik dünya siyasəti– hökumətlərlə yanaşı qüdrət və kəmiyyətcə daim artan transmilli aktlar, (şirkətlər, qeyri– hökumət təşkilatları, Birləşmiş Millətlər Təşkilatı);
6) Qlobal yoxsulluq və dilənçilik məsələləri
7) Ətraf mühitin qlobal dağıdılması problemləri;
8) Yerlərdə transmədəni münaqişələr problemləri .
Comments are closed, but trackbacks and pingbacks are open.