Qoruqlar milli parklar yasaqlıqlar
Rast gəlinən bitki növləri: qafqaz vələsi (Carpinus caucasica), göyrüş (Fraxinus excelsior), Şərq fıstığı (Fagus orientalis), əzgil (Mespilus germanica), zirinc (Berberis vulgaris), yemişan (Crataegus pentagyna) və s.
Rast gəlinən heyvan növləri: boz canavar (Canis lupus), çöl donuzu (Sus scrofa), bildirçin (Coturnix coturnix), Amerika yenotu (Procyon lotor), boz dovşan (Lepus europaeus), tülkü (Vulpes vulpes), meşə dələsi (Martes mastes), qaratoyuq (Turdus torquatus), alabaxta (Columba palumbus), kəklik (Alectoris chukar) və s.
“Qırmızı kitab”a daxil olan növlər: Qonur ayı (Ursus arctos), vaşaq (Lynx lynx), Avropa cüyürü (Capreolus capreolus), saqqallı quzugötürən (Gypaetus barbatus), qara çalağan (Milvus migrans), kəskiniyli ardıc (Juniperus foetidissima), Qafqaz bənövşəsi (Viola caucasica), itikənarlı süsən (Iris acutiloba) və s.
Qoruqlar milli parklar yasaqlıqlar
Azərbaycanın xüsusi mühafizə olunan təbiət ərazilərinə – milli parklar, dövlət təbiət qoruqları, dövlət təbiət yasaqlıqları daxildir. Respublikamızda 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı mövcuddur. Ümumilikdə, xüsusi mühafizə olunan təbiət ərazilərinin ümumi sahəsi 893 min hektara bərabərdir və ölkə ərazisinin 10,31 faizini təşkil edir. Azərbaycanda xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılmasına 1910-cu ildən başlanılıb. 3500 hektar sahədə yaradılmış Eldar şamı Botaniki Yasaqlığı Azərbaycanın, eləcə də Cənubi Qafqazın ilk xüsusi mühafizə olunan təbiət ərazisi hesab edilir.
Unikal.org xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşı Arzu Səmədova bildirib.
A.Səmədovanın sözlərinə görə, milli parkların yaradılmasına 2003-cü ildən etibarən başlanılıb, son olaraq 2018-ci ilin sentyabr ayında Xəzər dənizinin Azərbaycan sektorunda 99 060 hektarlıq ərazidə Qızılağac Dövlət Təbiət Qoruğunun bazasında yeni milli park – Qızılağac Milli Parkı yaradılıb: “2020-ci ildə yerli və xarici turistlərin milli parklar barədə məlumatlılığının artırılması məqsədilə mövcud ekoturizm marşrutlarını elektron formada özündə əks etdirən, eyni zamanda, onlayn formada bilet almağa imkan verən www.nationalparks.az və www.milliparklar.az internet portalı istifadəyə verilib. Bundan əlavə, hazırda “Zaqatala-biosfer qoruğunun yaradılması” layihəsi üzrə işlər aparılır. Layihənin yekununda Zaqatala-Balakən regionunda ölkə tarixində ilk biosfer qoruğu yaradılacaq.
Planlaşdırılan işlər çərçivəsində ölkədə ilk olaraq seçiləcək palçıq vulkanlarından ibarət geopark statuslu xüsusi mühafizə olunan təbiət ərazisi kateqoriyası formalaşdırılacaq. Hazırda beynəlxalq və yerli ekspertlərin iştirakı ilə Hirkan meşələri üçün nominasiya sənədi və geopark statusu veriləcək vulkanlarla bağlı təkliflər paketi hazırlanır.
Qeyd etməliyəm ki, azad edilmiş torpaqlarda dövlət təbiət qoruqları və yasaqlıqlar olub. 30 ilə yaxın müddətdə Qaragöl və Bəsitçay Dövlət Təbiət Qoruqlarının ərazisi talan olunub. Avropada unikal meşə sayılan Bəsitçay Dövlət Təbiət Qoruğunun 107 hektarlıq təbii çinar meşəliyinin əksər hissəsi məhv edilib. Ölkə rəhbərliyinin tapşırığı ilə həmin ərazilərdə monitorinq aparılacaq, dəymiş ziyan hesablanacaq, qoruqlar, yasaqlıqlar yenidən qurulacaq, bərpa olunacaq”.
Qoruqlar, milli parklar və yasaqlıqlar barədə geniş məlumat – YENİ
Milli parklar xüsusi mühafizə olunan təbiət əraziləri – xüsusi ekoloji, elmi, mədəni, estetik və sağlamlaşdırma əhəmiyyəti daşıyan təbiət komplekslərindən və obyektlərindən, nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan bitki və heyvan növlərinin yayıldığı yerlərdən ibarət olan, təsərrüfat dövriyyəsindən tamamilə və ya qismən, daimi və ya müvəqqəti çıxarılan torpaq, su (akvatoriya) sahələri və onların üzərindəki atmosfer məkanıdır.
Azərbaycan Respublikasının ərazisində məqsədindən, mühafizə rejimindən və istifadə xüsusiyyətlərindən asılı olaraq xüsusi mühafizə olunan təbiət əraziləri aşağıdakı növlərə ayrılır:
Azərbaycanda qorunan ərazilərin yaradılmasını şərti şəkildə 3 mərhələyə bölmək olar: I mərhələ – ilk xüsusi mühafizə olunan təbiət ərazisinin yaradılması (Eldar şamı Botaniki Yasaqlığı – 1910-cu il), II mərhələ – qoruq və yasaqlıqların yaradılması (1925-1936-cı illərdə Göygöl, Qızılağac, Zaqatala, Hirkan, 1958-1993-cü illərdə Türyançay, Şirvan, Ağgöl, Pirqulu, İsmayıllı, İlisu, Qaragöl yasaqlıqları), III mərhələ – 2003-cü ildə ilk milli parkların yaradılması.
Hazırda Azərbaycanda 893 min hektar sahəni əhatə edən mühafizə olunan təbiət əraziləri fəaliyyət göstərir. Bunlardan 10 milli park, 10 dövlət təbiət qoruğu, 24 dövlət təbiət yasaqlığıdır. Ümumilikdə, xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,31 %, ayrılıqda milli parklar ölkə ərazisinin 4,87 %, dövlət təbiət qoruqları 1,39 %, dövlət təbiət yasaqlıqları isə 4.05 %-ni təşkil edir.
2018-ci ilin sentyabrında Xəzər dənizinin sahilində 99 min 060 hektarlıq ərazidə Qızılağac Dövlət Təbiət Qoruğunun bazasında yeni milli park – Qızılağac Milli Parkı yaradılıb. Hazırda isə Yeni xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması və ya statusunun dəyişdirilməsi istiqamətində prioritet olaraq regionların sosial-iqtisadi inkişafı və əhalinın rifahı rəhbər tutularaq yeni “Zaqatala-Balakən bioloji rezervatı”n yaradılması işlərinə başlanmışdır.“ Layihənin yekununda Zaqatala-Balakən regionunda ölkə tarixində ilk biosfer qoruğu yaradılacaq.
Azərbaycan və Almaniya Hökumətləri arasında “Azərbaycan Respublikasının mühafizə olunan ərazilərinə dəstək proqramı, Zaqatala-Balakən Regionu” layihəsi üzrə maliyyələşdirmə və xüsusi razılaşma sazişlərinə əsasən Almaniyada 2019-cu ilin noyabr ayında baş tutmuş tender prosesinin nəticələrinə əsasən, qalib elan edilmiş “GOPA consultants” şirkətinin nümayəndələri və beynəlxalq ekspertin iştirakı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində müzakirələr aparılmış, 2020-ci ilin aprel ayında müqavilə imzalanmış və layihənin aktiv fazasının cari ilin iyul ayında başlanması planlaşdırılmışdır. İlkin mərhələ üzrə layihə kompanentlərinin bölüşdürülməsi, ərazinin qiymətləndirilməsi üçün regiona səfərlər, layihə müddətində ekspertlərin seçimi və fəaliyyətlərin iş qrafikinin tərtib olunması nəzərdə tutulmuşdur.
Biosfer qoruğunun yaradılması ölkəmizdə regionların sosial-iqtisadi inkişafı, yerli əhalinin sosial rifahının yaxşılaşdırılması, məşğulluğun artırılması, ekoloji turizmin stimullaşdırılması ilə yanaşı bioloji müxtəlifliyin qorunub saxlanılmasına şərait yaradacaqdır.
Bundan əlavə, Azərbaycanda ilk dəfə xüsusi mühafizə olunan təbiət ərazilərinin yeni bir növü- geoloji parkların yaradılması sahəsində müvafiq tədbirlər həyata keçirilir. Bununla əlaqədar, Azərbaycan Respublikasının “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” qanuna müvafiq dəyişikliklər edilmişdir.
Relikt və endemik növlərlə zəngin unikal təbii meşələri ilə Cənubi Qafqazda məşhur olan Hirkan Milli Parkının “YUNESKO-nun Ümumdünya Təbii İrs Siyahı”sına daxil edilməsi məqsədilə, nominasiyanın hazırlanması ilə əlaqədar müvafiq işlər davam etdirilir.
Milli parklar – xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olan təbiəti mühafizə və elmi müəssisə və ya təşkilat statusuna malik olan ərazilərdir.
Azərbaycan Respublikasında milli parkların yaradılması ilə bağlı ilk təşəbbüs Akademik Həsən Əliyev tərəfindən irəli sürülmüşdür. Ölkəmizdə ilk milli parklar 2003-cü ildə yaradılmışdır. Daha sonrakı dövrdə bu ənənə davam etdirilmiş və son olaraq, 2018-ci ilin sentyabrında Xəzər dənizinin sahilində 99 060 hektarlıq ərazidə Qızılağac Dövlət Təbiət Qoruğunun bazasında yeni milli park – Qızılağac Milli Parkı yaradılmışdır.
Hal-hazırda, Azərbaycanda ölkə ərazisinin 4,87 % təşkil edən 10 milli park fəaliyyət göstərir.
Ağgöl milli parkı
Yaranma tarixi: 5 iyul 2003-cü il
Yerləşməsi: Kür-Araz ovalığı (Ağcabədi və Beyləqan rayonları)
Sahəsi: 17 924 ha
Landşaft: Yarımsəhra, düzən gölü, su-bataqlıq ərazisi
Rast gəlinən bitki növləri: yovşan, qaraşoran (Halocnemum strobilaceum), Xəzər şahsevdisi (Halostachys caspica), Xəzər sarıbaşı (kalidium caspicum)və s.
Rast gəlinən heyvan növləri: adi turac (Francolinus francolinus), ağquyruq çökükburun (Chettusia leucurus), haçaquyruq cüllüt (Glareola pratincola), bəzgək (Tetrax tetrax), mərməri ördək (Marmaronetta angustirostris), ağgöz dalğıc (Aythua nyroca), adi göydimdik (Oxyura leucocephala), ağqaş qaz (Anser erythropus), kiçik qarabatdaq (Microcarbo pygmaeus), çöl donuzu (Sus scrofa), canavar (Canis lupus), gürzə (Vipera sp.) və s.
“Qırmızı Kitab”a daxil olan növlər: Qamışlıq pişiyi (Felis chaus), ceyran (Gazella subgutturosa), ağqaş qaz (Anser erythropus), adi göydimdik (Oxyura leucocephala), mərməri ördək (Marmaronetta angustirostris).
Şirvan milli parkı
Yaranma tarixi: 5 iyul 2003-cü il
Yerləşməsi: Kür-Araz ovalığı (Qaradağ, Salyan və Neftçala rayonları)
Sahəsi: 54 374,5 ha
Landşaft: Yarımsəhra, çöl, düzən gölü, su-bataqlıq ərazisi, dəniz sahili
Rast gəlinən bitki növləri: iydə (Elaeagnus caspica), Xəzər sarıbaşı (Kalidium caspicum), Xəzər şahsevdisi (Halostachys caspica), ağacşəkilli çərən (Suaeda dendroides), ağacşəkilli gəngiz (Salsola dendroides), şoviç yovşanı (Artemisia szowitziana), budaqlı qışotu (Petrosimonia brachiata),ətirli yovşan (Artemisia fragrans) və s.
Rast gəlinən heyvan növləri: su-bataqlıq quşları (cüllütkimilər, qazkimilər, qızılqazlar), canavar, çaqqal, dovşan, ərəb dovşanı, ilanlar və s.
”Qırmızı kitab”a daxil olan növləri: ceyran, qamışlıq pişiyi, adi qızılqaz, bəzgək və s.
Şirvan Milli Parkının heterofaunasında 17 növ sürünən – Aralıq dənizi tısbağası, Xəzər tısbağası, bataqlıq tısbağası, Xəzər gekkonu, koramal, cəld kərtənkələcik, rəngbərəng kərtənkələcik, zolaqlı kərtənkələ, suilanı, zeytuni təlxə, qızılı təlxə, Qafqaz gürzəsi və s. qeydə alınmışdır.
Quşların miqrasiya yollarında yerləşən Şirvan Milli Parkında 230 növ quş qeydə alınmışdır. Miqrasiya zamanı və quşların qışlama dövründə göllərin və dənizin dayaz yerlərində əsasən yaşılbaş ördəklər, fitçi cürə, boz ördək, marek, cırıldayan cürə, enliburun ördək, flaminqo, fısıldayan qu, qaşqaldaq, dərin su sahələrində isə qırmızıburun, qırmızıbaş, kəkilli və dəniz dalğıcları, güləyən ördək və digər növləri toplantılar əmələ gətirir.
Böyük və Kiçik Çala (Qızılqaz) göllərində faunanın 60-65%-ni qarğı və qamışlıqların əsas sakinləri su fərəsi, adi qamışlıq fərəsi, kiçik qamışlıq fərəsi, cırtdan qamışlıq fərəsi təşkil edir.
Yırtıcı quşlardan çay qaraquşu, ağquyruq dəniz qartalı, çöl sarı, adi sar, çöl qartalı, böyük qartalça, imperator qartalı, ütəlgi qızılquş, şahin və s. növlərə az miqdarda rast gəlinir.
Məməli heyvanlardan Respublikamızda yayılmış demək olar ki, bütüm dəstələrin nümayəndələrinə Şirvan Milli Parkının ərazisində rast gəlinir.
Həşəratyeyənlər dəstəsindən ağdöş və qulaqlı kirpilər, güldenştedt qonurdişi, yarasalar dəstəsindən itiqulaq, bığlı, cırtdan və Küli şəbpərələri, kiçik və böyük nalburunlar, ikirəng könlücə, dağ könlücəsi və s., gəmiricilər dəstəsindən ictimai çöl siçanı, qara və boz siçovullar, qırmızıquyruq qum siçanı, Kiçik Asiya ərəbdovşanı, qara və boz siçovullar, qırmızıquyruq qum siçanı, doşankimilərdən boz dovşan, yırtıcılardan canavar, çaqqal, tülkü, gəlincik, safsar, porsuq, qamışlıq pişiyi, çöl pişiyi, cütdırnaqlılardan çöl donuzu və ceyran məməlilər faunasının özəyini təşkil edir.
Şirvan Milli Parkının ərazisində Bəndovan palçıq vulkanı yerləşir. Bəndovan palçıq vulkanı Bəndovan burnunda yerləşib, morfoloji cəhətdən xüsusiləşmiş dağdan ibarətdir. Onun əsasının diametri 2 km-dən artıqdır. Vulkanın yamacları, xüsusilə şimal-şərq və cənub-qərb yamacı dərin qobularla kəsilmişdir. Vulkanın kraterinin təpə hissəsi çox doğranmış yayla şəkilli səthdən ibarətdir. Yaylanın şimal və şərq hissələrində fəaliyyətdə olan 65 sopka, qrifon və salza qruplaşmışdır. Bəndovan sahəsinin geoloji quruluşunda məhsuldar qat, Ağcagil və Abşeron mərtəbələrinin çöküntüləri iştirak edirlər.
Hirkan milli parkı
Yaranma tarixi: 9 fevral 2004-ci il
Yerləşməsi: Talış dağları (Astara və Lənkəran rayonları)
Landşaft: Meşə, dağ-meşə
Rast gəlinən bitki növləri: budaqlı danaya (Danae racemosa), hirkan bigəvəri (Ruscus hyrcanus), Pastuxod daşsarmaşığı (Hedera pastuchovii), Buasye armudu (Pyrus boissieriana), qanadmeyvə yalanqoz (Pterocarya pterocarpa), ürəkyarpaq qızılağac (Alnus subcordata), dəmirağac (Parrotia persica), şabalıdyarpaq palıd (Quercus castaneifolia), vələsyarpaq azatağacı (Zelkova carpinifolia), vələs (Carpinus orientalis), şərq fıstığı (Fagus orientalis) və s.
Rast gəlinən heyvan növləri: qara leylək (Ciconia nigra), hirkan arıquşu (Parus hyrcanus), qaratoyuq (Turdus torquata), sığırçın (Sturnus vulgaris), çöl muymulu (Falco naumanni), Talış qırqovulu (Phasianus colchicus talischensis), Türküstan qırğısı (Accipiter badius), çöl donuzu (Sus scrofa), porsuq (Meles meles), yenot (Procyon lotor), canavar, tülkü (Vulpes vulpes) və s.
Qırmızı kitaba daxil olan növlər: Hirkan şümşəsi (Ilex hyrcana), Hirkan qovağı (Populus hyrcana), Lənkəran gülxətmisi (Alcea lenkoranica), giləmeyvəli qaraçöhrə (Taxus baccata), Talış uzunbığı (Purpuricenus talyshensis), Talış məxməri kəpənəyi (Lasiommata adrastoides), qara leylək (Ciconia nigra), cırtdan qartal (Hieraaetus pennatus), tirəndaz (Hystrix indica), Ön Asiya bəbiri (Panthera pardus saxicolor), qonur ayı (Ursus arctos), vaşaq (Lynx lynx), zolaqlı kaftar (Hyaena hyaena) və s.
Altıağac milli parkı
Yaranma tarixi: 31 avqust 2004-ci il
Yerləşməsi: Böyük Qafqazın ətəkləri (Xızı rayonu)
Sahəsi: 11 035 ha
Landşaft: Dağ meşəsi, dağ çəmənlikləri, yarımsəhra, meşə çöl
Rast gəlinən bitki növləri: qafqaz vələsi (Carpinus caucasica), göyrüş (Fraxinus excelsior), Şərq fıstığı (Fagus orientalis), əzgil (Mespilus germanica), zirinc (Berberis vulgaris), yemişan (Crataegus pentagyna) və s.
Rast gəlinən heyvan növləri: boz canavar (Canis lupus), çöl donuzu (Sus scrofa), bildirçin (Coturnix coturnix), Amerika yenotu (Procyon lotor), boz dovşan (Lepus europaeus), tülkü (Vulpes vulpes), meşə dələsi (Martes mastes), qaratoyuq (Turdus torquatus), alabaxta (Columba palumbus), kəklik (Alectoris chukar) və s.
“Qırmızı kitab”a daxil olan növlər: Qonur ayı (Ursus arctos), vaşaq (Lynx lynx), Avropa cüyürü (Capreolus capreolus), saqqallı quzugötürən (Gypaetus barbatus), qara çalağan (Milvus migrans), kəskiniyli ardıc (Juniperus foetidissima), Qafqaz bənövşəsi (Viola caucasica), itikənarlı süsən (Iris acutiloba) və s.
Abşeron milli parkı
Yaranma tarixi: 8 fevral 2005-ci il
Yerləşməsi: Abşeron yarımadası
Landşaft: Dəniz sahili, su-bataqlıq ərazisi, yarımsəhra
Rast gəlinən bitki növləri: Yovşan, ot sarmaşığı, yabanı kök, adi qamış, iti cığ və s.
Rast gəlinən heyvan növləri: adi qızılqaz (Phoenicopterus roseus), bizquyruq ördək (Anas acuta), kiçik qarabatdaq (Microcarbo pygmaeus), boz canavar (Canis lupus), çaqqal (Canis aureus), Aralıq dənizi tısbağası (Testudo graeca), Xəzər tısbağası (Mauremys caspica), su ilanı (Natrix tessellata) və s.
“Qırmızı Kitab”a daxil olan növlər: Xəzər suitisi (Phoca caspica), ceyran (Gazella subgutturosa), sultan quşu (Porphyrio porphyrio), ağgöz dalğıc (Aythya nyroca), fısıldayan qu quşu (Cygnus olor), adi qızılqaz (Phoenicopterus roseus), kürən vağ (Ardea purpurea), qıvrımlələk qutan (Pelecanus crispus) və s.
Göygöl milli parkı
Göygöl və onun ətrafında yayılmış meşələr öz zənginliyi və füsunkarlığı ilə dünyada məşhurdur.
Göygöl təbiətinin gözəlliyi sayəsində daima diqqəti cəlb etmiş və XX əsrin əvvəllərində – 1910-1912-ci illərdə ərazidə qoruq yaradılması məsələsi qaldırılmışdır. 1925-ci ildə Azərbaycan Respublikasının ərazisində ilk qoruq olan Göygöl Dövlət Təbiət Qoruğu yaradılmışdır. Sonralar qoruq ləğv edilmiş və ictimaiyyətin arzu və təkliflərinə əsasən Azərbaycan SSR Nazirlər Sovetinin 14 iyul 1965-ci il tarixli 475 nömrəli Qərarına əsasən yenidən təşkil edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 01 aprel 2008-ci il tarixli Sərəncamına əsasən Göygöl Dövlət Təbiət Qoruğunun və Azərbaycanın Xanlar (indiki Göygöl), Daşkəsən və Goranboy rayonlarının inzibati ərazilərində Göygöl Milli Parkı yaradılmışdır. Sahəsi 6 739 hektar olan Göygöl Dövlət Təbiət Qoruğu Milli Park statusu aldıqdan sonra, onun ərazisi artırılaraq, 12 755 hektara çatdırılmışdır.
Göygöl Milli Parkı zəngin bitki örtüyünə malikdir. Burada dağ-meşə, dağ-bozqır, subalp və alp dağçəmən bitki ekosistemləri yayılmışdır. 1100-2200 m hündürlükləri əhatə edən dağ meşələri çox zəngin olub, 80-ə qədər ağac və kol növünə malikdir. Meşələrin əsas hissəsini kiçik yarpaqlı ağaclardan şərq fıstığı (Fagus orientalis), şərq palıdı (Quercus macranthera), Qafqaz vələsi (Carpinus caucasica), tozağacı (Betula pendula), adi göyrüş (Fraxinus excelsior), ağcaqayın (Acer campestre), cökə (Tilia cordata), iynəyarpaqlı ağaclardan isə Kox şamı (Pinus kochiana) təşkil edir. Kol bitkilərindən zoğal, zirinc, itburnu, əzgil, gərməşov, böyürtkən və s. yayılmışdır. Ot bitkilərindən Qafqaz bənövşəsi (Viola caucasica), alp dişəsi (Poa alpina), Steven zəncirotu (Taraxacum stevenii), zəngçiçəyi (Campanula sp.), çobanyastığı (Anthemis sp), şırımlı topal (Festuca rupicola), ağbığ (Nardus stricta), qırtıc (Poa bulbosa) və s. göstərmək olar. Bu növlər ən çox subalp çəmənliyində yayılmışdır.
Milli parkın ərazisinin 2000-ə qədər hündürlüyü əhatə etməsi, müxtəlif bitki formasiyalarının bir-birinə əvəz etməsi, ərazinin ümumi coğrafi mövqeyi burada heyvanlar aləminin də xeyli zənginliyinə şərait yaratmışdır.
Göygöl Milli Parkının ərazisində məməli heyvan növlərindən Qafqaz maralı 9cervus elaphus), Avropa cüyürü (Capreolus capreolus), qonur ayı (Ursus arctos), dağ keçisi (Capra aegagrus), porsuq (Meles meles), meşə pişiyi (Felis silvestris), vaşaq (Lynx lynx), daşlıq dələsi (Martes foina), gəlincik (Mustela erminea), adi kirpi (Erinaceus concolor), tülkü (Vulpes vulpes), Radde qonurdişi (Sorex raddei), xırda köstəbək (Talpa levantis), ağqarın ağdiş (Crocidura leucodon) və s., quş növlərindən bildirçin (Coturnix coturnix), meşə göyərçini (Columba oenas), adi qur-qur (Streptopelia turtur), meşə cüllütü (Gallinago gallinago), göl qağayısı (Chroicocephalus ridibundus), saqqallı quzugötürən (Gypaetus barbatus), qara kərkəs (Aegypius monachus), leşyeyən ağkərkəs (Neophron percnopterus), iri yapalaq (Bubo bubo), bayquş (Asio otus), fısıldayan qu quşu (Cygnus olor), qara ağacdələn (Dryocopus martius), sarıköynək (Oriolus oriolus), meşə turağayı (Lullula arborea), çil qaratoyuq (Turdus viscivorus) və s. yayılmışdır. Milli parkın ərazisində nadir növlər olan Qafqaz maralı (Cervus elaphus) qorunur.
Göygöl Milli Parkında təbiət gözəlliyinin rəngarəngliyi, bitki və heyvanlar aləminin zənginliyi ekoturizm fəaliyyətinin təşkili və inkişafına, o cümlədən, əraziyə böyük sayda yerli və xarici turistlərin cəlb edilməsinə şərait yaradır.
Şahdağ milli parkı
Yaranma tarixi: 8 dekabr 2006-cı il
Yerləşməsi: Böyük Qafqaz (Quba, Qusar, İsmayıllı, Qəbələ, Oğuz və Şamaxı rayonları)
Sahəsi: 130 508, 1 ha
Landşaft: Dağ meşəsi, alp çəmənlikləri, qayalıqlar
Rast gəlinən bitki növləri: Şərq palıdı (Quercus macranthera), Qafqaz vələsi (Carpinus caucasica), Şərq fıstığı (Fagus orientalis), göyrüş (Fraxinus excelsior), qaraçöhrə (Taxus baccata), ağcaqayın (Acer campestre), söyüd, yunan qozu (Juglans regia), gilas, alma (Malus orientalis), armud, əzgil (Mespilus germanica), yemişan (Crataegus sp.), böyürtkan (Rubus buschii), itburnu (Rosa canina), zirinc (Berberis vulgaris) və s.
Rast gəlinən heyvan növlər: Şərqi Qafqaz turu, çöl donuzu, çaqqal, dovşan, dələ, canavar, tülkü, yenot, gəlincik, porsuq, alabaxta, bildirçin və s.
“Qırmızı kitab”a daxil olan növlər: Qonur ayı, nəcib maral, Avropa cüyürü,Qafqaz köpgəri, vaşaq, bərqud qartal, imperator qartalı, Qafqaz tetrası, Qafqaz uları və s.
Samur-Yalama milli parkı
Yaranma tarixi: 5 noyabr 2012-ci il
Yerləşməsi: Xəzərsahili zona, Samur-Şabran ovalığı (Xaçmaz rayonu)
Sahəsi: 11 772,45 ha
Landşaft: meşə,düzən
Rast gəlinən bitki növləri: düzən ağcaqayını (Acer campestre), gürcü palıdı (Quercus iberica), Şərq fıstığı (Fagus orientalis), göyrüş (Fraxinus excelsior), qızılağac (Alnus subcordata), uzunyarpaq tozbaş səhləb (Cephalanthera longifolia), Biberşteyn dağlaləsi (Tulipa biebersteiniana), əzgil (Mespilus germanica), çiyələk (Fragaria vesca) və s.
Rast gəlinən heyvan növləri: çöl donuzu (Sus scrofa), yenot (Procyon lotor), çapaq (Abramis brama), kütüm (Rutilus frisii kutum), həşəm (Aspius aspius taeniatus) və s.
“Qırmızı kitab”a daxil olan növlər: qamışlıq pişiyi (Felis chaus), vaşaq (Lynx lynx), Qafqaz maralı (Cervus elaphus), Qafqaz köpkəri (Rupicapra rupicapra), Avropa cüyürü (Capreolus capreolus), böyük qırğı (Accipiter gentilis), imperator qartalı (Aquila heliaca), çöl muymulu (Falco naumanni), fısıldayan qu quşu (Cygnus olor), dəniz sıfı (Sander marinus), Eldar şamı (Pinus eldarica) və s.
Qızılağac milli parkı
Yaranma tarixi: 26 sentyabr 2018-ci il
Yerləşməsi: Lənkəran, Masallı və Neftçala rayonları
Sahəsi: 99 060 ha
Landşaft: Su-bataqlıq ərazisi, Xəzər dənizi sahili
Rast gəlinən bitki növləri: Xəzər şanagülləsi (Nelumbo caspica), ağ suzanbağı (Nymphaea alba), üçyarpaq oxyarpaq (Sagittaria trifolia), qamış (Phragmites australis), dəniz lığvəri (Bolboschoenus maritimus), ciyən (Typha angustifolia), ətirli yovşan (Artemisia fragrans), gəngiz (Salsola nudulosa), xəzər şahsevdisi (Halostachys caspica), xəzər sarıbaşı (Kalidium caspicum) və s.
Rast gəlinən heyvan növləri: adi turac (Francolinus francolinus), qamışlıq fərəsi (Porzana pusilla), kiçik ağ vağ (Egretta garzetta), çöl donuzu (Sus scrofa), canavar (Canis lupus) və s.
“Qırmızı Kitab”a daxil olan növlər: Qamışlıq pişiyi (Felis chaus), adi qızılqaz (Phoenicopterus roseus), ağqaş qaz (Anser erythropus), adi göydimdik (Oxyura leucocephala), mərməri ördək (Marmaronetta angustirostris), adi bəzgək (Tetrax tetrax), çöl leyi (Circus macrourus) və s.
Təbii, tarixi, mədəni yerlər: “Şeyx Zahid” türbəsi, tarix-diyarşünaslıq muzeyi, xalq sənətkarlığı şəhərciyi, “Xəlifə” türbəsi, “Dairəvi qala” (“Zindan”) memarlıq abidəsi, Mirəhməd Xanın evi, Lənkəran Mayakı, Bəlləbur qalası
Turistlərin nəzərinə: Milli parkda 4 növ az yayılan və 3 növ Qafqaz endemik bitkisi (yalnız Qafqaz regionunda rast gəlinən) – hibrid qovağı, sapvari bağayarpağı, Qrossgeym topgülü və bir növ Azərbaycan endemiki – buruncuqlu turp qeydə alınmışdır.
Akademik H. Əliyev adına Zəngəzur milli parkı
Yaranma tarixi: 16 iyun 2003-cü il
Yerləşməsi: Kiçik Qafqaz (Naxçıvan Muxtar Respublikası)
Sahəsi: 42797,4 ha
Landşaft: Dağ meşəsi, dağ çəmənlikləri, qayalıqlar
Rast gəlinən bitki növləri: çılpaq dorema, yabanı zınbırtikan, Araz palıdı, zərif süsən, Qrossheym süsəni, Gözəl qayışləçək, Mişşenko zümrüdçiçəyi, və s
Rast gəlinən heyvan növləri: Avropa tüvüyü, çəhrayı qutan, qıvrımlələk qutan, ərsindimdik, ağquyruq dəniz qartalı, berket, toğlugötürən, adi ilanyeyən, şahin, Xəzər uları, dovdaq, bəzgək, Suriya sarımsaqlı qurbağası, yaşıl qurbağa, kiçik ağac qurbağası, qısayaq qurbağa və s.
”Qırmızı kitab”a daxil olan növləri: bəbir, zolaqlı kaftar, manul pişiyi, dağ qoyunu (muflon), bezoar keçisi, toğlugötürən, Xəzər uları, ağboğaz bülbül, qırmızıqanad mərciməkquşu və s.
Qoruqlar
Dövlət təbiət qoruqları – səciyyəvi və nadir təbiət komplekslərini və obyektlərini təbii vəziyyətində qoruyub saxlamaq, təbiət proseslərinin və hadisələrinin gedişini öyrənmək məqsədiylə yaradılan təbiət mühafizə və elmi müəssisə və ya təşkilat statusuna malik olan ərazilərdir. Dövlət təbiət qoruqlarının torpaqlarından, habelə onun hüdudlarında olan sudan, bitki və heyvanlar aləmindən təsərrüfat məqsədləri üçün istifadə edilməsi qadağandır.
Azərbaycanda ilk qoruq olan Göy-göl Dövlət Təbiət Qoruğu 1925-ci ildə yaradılmışdır. 1929-cu ildə Qızılağac və Zaqatala qoruqları və 1936-cı ildə Hirkan qoruğu təsis edilmişdir. Beləliklə. 1958-ci ilə qədər 4 qoruq fəaliyyət göstərmişdir. 1958-ci ildən başlayaraq, 1990-cı ilə kimi qoruqların yaradılması prosesi davam etdirilmişdir və bir neçə ildən bir yeni qoruq təşkil edilmişdir. 1990-cı ildə Altıağac Dövlət Təbiət Qoruğu yaradılmışdır. 2003-cü ildə Naxçıvan Muxtar Respublikasında Şahbuz, 2004-cü ildə isə Eldar şamı, 2007-ci ildə Bakı və Abşeron yarımadasının Palçıq Vulkanları Qrupu, 2008-ci ildə icə Korçay Dövlət Təbiət Qoruğunun əsası qoyulmuşdur. Eyni zamanda 2003-cü ildə Türyançay,Pirqulu,İlisu, Qarayazı,İsmayıllı, 2008-ci ildə isə Zaqatala Dövlət Təbiət Qoruqlarının əraziləri 2-3 dəfədən çox genişləndirilmişdir.
Bəsitçay
Bəsitçay Dövlət Təbiət Qoruğu Azərbaycan hökumətinin 4 iyul 1974-cü il tarixli qərarı ilə Zəngilan rayonunda yaradılmışdır. Qoruq Azərbaycanın cənub-qərbində, Zəngilan rayonu ərazisində Bəsitçayın dərəsində yerləşir. Qoruq ərazisinin landşaft kompleksini, xüsusilə nadir təbii çinar meşəliyini qorumaq məqsədilə təşkil edilmişdir.
Qoruğun adı dərəsində yerləşdiyi çayın adı ilə bağlıdır. Bəsitçayın adı isə monqol mənşəli olub, beysut tayfasının adını daşıyır. Görünür həmin regionda vaxtilə beysut tayfası məskunlaşmışdır.
Bəsitçay respublika qoruqlarının ən kiçiyidir. Onun sahəsi 107 hektardır.
Meşə ilə örtülü sahənin əsas ağac cinsi Şərq çinarıdır. Burada əsasən bir meşə tipi—müxtəlif otlu çinar meşələri formalaşmışdır.
Qoruğun yerləşdiyi ərazi əsasən dağlıq olub, dəniz səviyyəsindən hündürlüyü 600-800 m-ə qədərdir. Sağ sahil dik yamaclı dağlardan, sol sahil isə təpəliklərdən ibarətdir. Əsasən Üçüncü dövr çöküntüləri yayılıb. Çay dərəsi boyunca ensiz allüvial düzənlik uzanır. Buradakı dağlar Bəsitçayın qolları ilə xeyli parçalanmışdır.
Qoruq ərazisi qışı quraq keçən mülayim-isti iqlim tipinə aiddir. Yayının isti olması səciyyəvidir. Havanın orta illik temperaturu 130-dir. İllik yağıntının miqdarı 600 mm-dir. Ərazinin iqlim şəraiti çinar meşəliyinin təbii bərpası və inkişafı üçün çox əlverişlidir.
Bəsitçay Dövlət Təbiət Qoruğunun ərazisində əsasən allüvial-meşə torpaqları yayılıb. Çay dərələrinin yamaclarında, qoruğun ətraf sahələrində qəhvəyi dağ-meşə torpaqları inkişaf etmişdir. Çayın yatağı boyu və kiçik terraslarda inkişaf etmiş allüvial torpaqlar əsasən çinar meşələri altındadır. Burada daşlı-çınqıllı (yüksək skeletli) ərazilər də müəyyən sahəni tutur. Bunların hamısında çinar bitir və inkişaf edir. Çünki o torpağa tələbkar deyil. Lakin çinar meşələri gillicəli, yaxşı su-fiziki xassəli və münbit torpaqlarda yüksək məhsuldarlığa və bonitetə malikdir.
Dünyada çinarın 7 növü vardır. Azərbaycanda isə onun yalnız bir növü—şərq çinarı inkişaf edir. Şərq çinarının çoxsahəli əhəmiyyətini,dünyada az yayılmasını, nadir bitki olmasını və son əsrlərdə xeyli azalmasını nəzərə alaraq, onun adı Azərbaycanın «Qırmızı Kitabı»na yazılmışdır.
Bəsitçay Dövlət Təbiət Qoruğunun 100 hektarını çinar meşələri tutur. Onlar Bəsitçayın və onun qolu Şıxauzçayın dərəsində yerləşir. Burada həm təmiz, həm də qarışıq çinar meşəliyi yayılmışdır. Qarışıq çinarlıqlarda qoz, dağdağan, tut, söyüd, qovaq, və s. ağac, yemişan, itburnu, murdarça, qaratikan, və s. kollar inkişaf edir. Qoruqdakı çinar ağaclarının orta yaşı 165 il, orta hündürlüyü 35 m, orta diametri isə 1 m-dir.
Qoruğun ətraf sahələrində, bəzən də özündə canavar, çöl donuzu, porsuq, cüyür, dovşan, müxtəlif gəmiricilər və s.məməlilərə, kəklik, turac, göyərçin və s. quşlara rast gəlinir.
Bəsitçay Dövlət Təbiət Qoruğunun yaradılması Azərbaycan təbiətinin nadir incilərindən olan şərq çinarının qorunması və artırılması üçün diqqətəlayiq tədbirdir.
Xüsusilə qeyd etmək lazımdır ki, 30 ilə yaxın müddət ərzində erməni təcavüzkarlarının nəzarətində olan Şərq çinarlarının qorunduğu unikal Bəsitçay Dövlət Təbiət Qoruğu işğaldan azad edilmişdir.
Qoruğun müvcud vəziyyətinin qiymətləndirilməsi üçün işğaldan azad olunmuş ərazilərə ezam olunmuş monitorinq qrupunun verdiyi məlumatlara əsasən Qoruğa aid olan 85 hektar meşə ilə örtülü sahəsinin 42 hektardan çox hissəsinin tamamilə məhv edilmişdir. Çoxyaşlı qiymətli Şərq çinarı ağacları kəsilmiş, köklərinin itirilməsi üçün müxtəlif partladıcı maddələrdən istifadə edilmiş, ərazidə yanğınlar törədilmiş və Qoruğun inzibati binası dağıdılmışdır.
İlisu
İlisu Dövlət Təbiət Qoruğu Azərbaycan Hökumətinin 20 fevral 1987-ci il tarixli 57№-li Qərarı ilə 9345 hektar ərazidə yaradılmışdır. Böyük Qafqazın cənub yamacında (Qax rayonu), Zaqatala və İsmayıllı qoruqlarının arasında 700-2100 m hündürlükdə yerləşir. 2003-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 mart tarixli Qərarı ilə qoruğun ərazisi genişləndirilmişdir. Hal-hazırda qoruğun sahəsi 17381,6 hektardır.
Qoruğun təşkil edilməsndə məqsəd təbii kompleksi daha yaxşı qorumaq və bərpa etmək, nadir və məhv olmaq təhlükəsi qarşısında olan bitki və heyvanları qorumaq və artırmaq, meşələrin əvvəlki vəziyyətini bərpa etmək, torpaqların eroziyaya uğramasının və sel hadisələrinin qarşısını almaq və s. ibarətdir.
Qoruğun adı Qax rayonundakı İlisu kəndinin adı ilədir. Həmin kəndin adı isə onun yaxınlığındakı kükürdlü suyu olan bulaqdan gələn iy ilə əlaqədar olaraq «iyli su» mənasından yaradılmışdır.
Ərazi Baş Qafqaz dağlarının dik yamaclı, çay dərələri vasitəsilə intensiv parçalanmış sahələri üçün səciyyəvi olan relyefə malikdir.
Qoruğun ərazisində qışı quraq keçən soyuq iqlim və yağıntıları təxminən bərabər paylanan mülayim-isti iqlim tipləri hakimdir.
Havanın orta illik temperaturu 5-120 arasında tərəddüd edir. Hündürlüyə qalxdıqca yağıntının miqdarı 920 mm-dən 1400 mm-ə qədər artır.
İlisu qoruğunun ərazisində dağ-çəmən, dağ-çəmən-meşə, qonur dağ-meşə, çürüntülü-karbonatlı dağ-meşə və qəhvəyi dağ-meşə torpaqları yayılmışdır.
İlisu qoruğunda dərman, endemik, nadir və nəsli kəsilmək təhlükəsi altında olan bitki növləri çoxdur. Ərazidə şərq fısdığı, Qafqaz vələsi, şərq palıdı, Litvinov tozağacı, Trautvetter ağcaqayını, quşarmudu, itburnu, böyürtkən, dovşanalması, topulqa, yabanı gilas, zoğal, moruq və s. bitkilər yayılmışdır. Qaraçöhrə, Radde ağcaqayını bitkilərinin adları Qırmızı kitablara daxil edilmişdir.
Qoruğun ərazisində 5 dəstəyə aid olan 35 növ məməli yaşayır. Bunlar dırnaqlılar (nəcib maral, cüyür, köpgər, təkə, çöl donuzu), yırtıcılar (qonur ayı, canavar, tülkü, daş və meşə dələləri, gəlincik, porsuq, yenot, meşə pişiyi, vaşaq), gəmiricilər( dovşan, süleysinlər, siçanlar, sincablar və s.), cücüyeyənlər (ağdiş, qonurdiş, kirpilər, nalburunlar) və s. ibarətdir.
Quşların 11 dəstəyə aid olan 90-a qədər növü yayılmışdır; onların 60 növə qədəri isə sərçəkimilərə aiddir.
Ərazidə sürünənlərin 12 növü yaşayır. Onların 7-si kərtənkələlərə, 3-ü təlxələrə, 1-i ilanlar, 1-i isə koramallara aiddir.
Qoruqdakı çaylarda çay forel balığı yaşayır. Digər balıqlardan isə şərq qışovçusu, kür şirbiyi, və kür xramulyası yalnız Kurmuxçayın qoruğun aşağı sərhəddindəki hissəsndə məskunlaşmışdır.
Burada suda – quruda yaşayanların 5 (qurbağalar) növü yayılmışdır.
Qaragöl
İşıqlı Qaragöl Azərbaycan Respublikasının Laçın rayonu ilə Ermənistan Respublikasının Gorus rayonu sərhədində yerləşir; sərhəd gölü hesab edilir. Xüsusi maraq doğuran yüksək dağ göllərindən biridir. Alp landşaft kompleksinə malikdir.
Bu göl mühüm hidroloji və təsərrüfat əhəmiyyətinə malikdir. Onun suyundan yerli əhali qoyun sürülərinin, əkin yerlərinin suvarılması və balıqçılıq üçün istifadə edirlər.
Qaragöl Dövlət Təbiət Qoruğu 17 oktyabr 1987-ci il tarixində Azərbaycan və Ermənistan Respublikalarının direktiv orqanlarının qərarı ilə yaradılmış və respublikalararası dövlət qoruğu elan edilmişdir. Ərazisi 240 hektardır.
Qoruq Qarabağ Vulkanik yaylasının cənub hissəsində böyük İşıqlı dağının (3552m) yamacında 2650-2700 m hündürlükdə yerləşir.
Burada geoloji cəhətdən vulkanik dağların pliosen lava massivi, geomorfoloji baxımdan isə vulkanogen fasiyalar səciyyəvidir. Gölün şimal, şimal-qərb və qərb tərəflərində quru ərazi yarğanlı və qayalıdır; şimal-qərb tərəflərində bir neçə gətirmə konusu var; digər hissələrində relyef düzənlikdir.
Ərazi üçün qışı quraq keçən soyuq iqlim tipi hakimdir. Bu iqlim tipi üçün ən soyuq ayın orta temperaturu – 30-dən aşağı, ən isti ayınkı 100 –dən yuxarıdır. İllik yağıntının miqdarı 700 mm-dir.
Qoruğun gölü əhatə edən quru ərazisi yüksək dağlıq qurşağın səciyyəvi alp çəmənliklərindən ibarətdir. Qoruğun bitki örtüyü zəngin deyil. Bitki nümunələrinin azlığı qoruğun quru sahəsinin kiçik olması və əsas nadir və endemik bitkilərin onun sərhədlərindən kənarda qalması ilə əlaqədardır. Burada bitki örtüyünün inkişafına və zənginliyinə uzun illər qoyun sürülərinin otarılması və suvarmaya gətirilməsi nəticəsində tapdalanaraq korlanması xeyli mənfi təsir göstərmişdir.
Bitki örtüyü əsasən alp çəmən bitkilərindən ibarətdir. Cənub hissədə üçyarpaq yoncanın, şərq hissədə gəvənin üstünlük təşkil etdiyi çəmənliklər inkişaf edir. Gölün suyu ərazinin mütləq hündürlüyü ilə əlaqədar olaraq bitkilərdən çox kasaddır. Burada yalnız amfibi qırxbuğumu və qaymaqçiçəyi bitir.
Ərazidə çimli dağ-çəmən torpaqları yayılmışdır. Bu torpaqlar humusla zəngindir.
Gölün ekoloji şəraiti və suyunun müəyyən xüsusiyyətləri burada canlı aləmin kasad olmasına səbəb olmuşdur. Bununla bərabər gölün suyunda zooplanktonlara, dibində isə yanüzənlərə (qammaruslar) rast gəlinir.
İşıqlı Qaragöl və onun ətraf ərazisi tarixən Azərbaycan torpağı olmuş və 30 ilə yaxın davam edən işğal prosesindən sonra hazırda tamamilə işğaldan azad edilmişdir.
Qoruğun müasir vəziyyəti heç də qənaətbəxş deyil. Ətraf çəmənliklər sistemsiz olaraq daim otarılmaqla bitki örtüyü korlanmışdır.
Qarayazı
Qarayazı Dövlət Təbiət Qoruğu Azərbaycan hökumətinin 2 mart 1978-ci il tarixli qərarına əsasən Qazax rayonu əraziində — Ağstafa meşə təsərrüfatının Kürətrafı meşələrndə 6000 hektara yaxın ərazidə yaradılmışdır. Lakin sonra qoruğun meşəli və meşəsiz ərazisindən 1119 hektar torpaq fondu Qazax rayonunun Sadıqlı üzümçülük sovxozuna verildi və 4855 hektar ərazisi qaldı. 2003-cü ilin iyun ayında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə qoruğun ərazisi genişləndirilərək 9658 hektara çatdırıldı.
Qoruqda məşhur Qarayazı meşələrinin təbiət kompleksi qorunur. Azərbaycanın düzən meşələrinin xeyli hissəsi Kür çayı boyunca yerləşmişdir.Bu meşələr uzun müddət ciddi mühafizə edilməmiş, qırılma, otarılma və kürün hidroloci reciminin dəyişməsilə əlaqədar olaraq sahəsi azalmış, seyrəlmiş, ağacların cins tərkibi xeyli dəyişilmişdir.
Kürətrafı meşələrin mühafizəsi üçün tədbirlər ilk dəfə Ağstafa rayonundakı Qarayazı meşələri sahəsində həyata keçirilməyə başlanmışdır.
Qarayazı Dövlət Təbiət Qoruğu Kür çayı boyunca onun yatağının sol sahillərini və Qarayazı düzünün xeyli hissəsini əhatə edir. Qoruğun şərqə davamı Qarayazı-Ağstafa Dövlət Yasaqlığıdır. Qərbdə Gürcüstan, şimalda Bakı—Tbilisi dəmir yolu, cənubda Kür çayı ilə sərhədlənir.
Qoruğun ərazisi əsasən meşəlikdən ibarətdir, bunun da çox hissəsini meşə ilə örtülü, az hissəsini isə meşə ilə örtülü olmayan sahə təşkil edir. Meşəsiz sahə əsasən qumluqlardan, su sahələrindən, bataqlıqlardan və s. ibarətdir.
Ərazidə qışı quraq keçən mülayim-isti yarımsəhra və quru bozqır iqlim tipi hakimdir. Bu iqlim tipi qışın quraq və mülayim, yayın isə quraq və isti keçməsi ilə fərqlənir. Havanın orta illik temperaturu 12,20-dir; yalnız yanvarın orta temperaturu 00-dən aşağı (-0,10) düşür. İllik yağıntının miqdarı 400 mm olduğu halda, illik buxarlanma bundan 2,3 dəfə artıqdır.
Qoruğun ərazisinin mikrorelyefi, geomorfoloci xüsusiyyətləri, Kür çayının təsiri, qrunt suyunun səthə yaxın olması, bitki örtüyünün müxtəlifliyi və s. burada allüvial-bataqlı, allüvial-çəmən, allüvial-çəmən-meşə və çəmən-şabalıdı torpaqların əmələ gəlməsinə şərait yaratməışdır.
Kürün sahilindən uzaqlaşdıqca bitki örtüyünün dəyişməsi nəzərə çarpır: çay yatağının saili boyunca söyüd, böyürtkən, iydə, zirinc kimi kollar inkişaf etmişdir, onların əmələ gətirdiyi kolluqların eni bir neçə metrə çatır. Sahildən uzaqlaşdıqda onları tipik tuqay meşələri əvəz edir. Bu meşələr çoxyarusludur. Birinci yarusu ağyarpaq qovaq, ikinci yarusu isə palıd, qızılağac təşkil edir.Burada tuqay meşələrinə xüsusi görkəm verən lianlara da rast gəlinir. Meşəaltı kollar, cavan ağaclar meşənin nisbətən seyrək yerlərində daha çox inkişaf etmişdir. Bunlar əsasən ağyarpaq qovaq, palıd, yemişan, böyürtkən, amorf, söyüd, qaramurdarça, iydə, göyəm və s. ibarətdir.
Heyvanlar aləminin zənginliyi cəhətdən Qarayazı meşələri xüsusi əhəmiyyətə malikdir. Burada maral, qunduz, dələ, gəlinçik, dovşan, çöl donuzu, tülkü, çaqqal, porsuq, çöl pişiyi, süleysün və s. məməlilər məskunlaşmışdır.
Ərazi daimi yaşayan və köçəri quşlarla da zəngindir. Onlar sıx meşələrdə və müxtəlif kolluqlarda daha çox məskən salmışlar. Quşlardan qırqovul, göyərçin, alabaxta, qaratoyuq, ağacdələn, sığırçın daha çox olub, sayı 500-dən 2000-ə qədərdir. Ördək, su fərəsi və s. suya maraq göstərən quşlar da az deyildir; burada, hətta həmişə sevilən bülbül də qorunur.
Suda-quruda yaşayanlardan göl və quru qurbağaları, batalıq tısbağası, sürünənlərdən müxtəlif ilanlar və kərtənkələlər vardır.
Qoruq ərazisində şəmayı, çapaq, naxa, şirbit və s. balıqlar Kürün daimi sakinləridir.
Qoruğun əsas vəzifələrindən biri də buradakı heyvanlar aləmini qorumaq, onların təbii yolla çoxalmaları üçün əlverişli şəraiti mühafizə edib yaxşılaşdırmaqdır.
Qarayazı qoruğunun adının qəribə mənası vardır. Qarayazı «qara» və «yazı» sözlərindən ibarətdir. Burada «qara» böyük, «yazı» isə qədim türk dillərinə aid olan düzənlik, çöllük mənalarına işlədilir. Qarayazı coğrafi adının mənası «Böyük düz», «Böyük çöl» deməkdir.
Türyançay
Türyançay Dövlət Təbiət Qoruğu Azərbaycan Hökumətinin 6 may 1958-ci il tarixli Qərarı ilə 12344 hektar ərazidə yaradılmışdır. 2003-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 yanvar tarixli Qərarı ilə ərazisi iki dəfə genişləndirilmişdir. Hazırda sahəsi ərazisi 22488 hektardır. Qoruq Ağdaş, Oğuz, Yevlax və Qəbələ rayonlarının ərazisində yerləşir.
Türyançay Dövlət Təbiət Qoruğunun yaradılmasında məqsəd Azərbaycanın arid meşə sahələrindən biri, həm də ən başlıcası olan Bozdağın arid meşə lanşaft kompleksini qorumaqdır.
Ərazisi qərbdən və şimal-qərbdən şərqə və cənub-şərqə doğru uzanan alçaq dağ tirələrdən ibarətdir. Ərazi kəskin parçalanmış relyefə malikdir. Geomorfoloci cəhətdən burada arid denudasiya relyef tipi səciyyəvidir. Ərazi quru, dərin dərələrlə şiddətli parçalanmışdır. Relyefin paçalanması burada arid iqlim şəraitində bitki örtüyünün zəif inkişafı, torpaq örtüyünün isə az qalın və az münbitli olması ilə nəticələnmişdir.
Quru subtropik iqlim Turyançay qoruğunun ərazisi üçün səciyyəvidir. Burada qışı quraq keçən mülayim-isti və qışı quraq keçən mülayim-isti yarımsəhra və bozqır iqlim tipləri hakimdir. Burada yay isti, qış isə mülayim-isti keçir. Orta illik temperatur 140-dir. İl ərzində yağıntının miqdarı 500 mm-ə, yağıntılı günlərin sayı isə 90 günə çatır.
Qoruğun ərazisində qəhvəyi dağ-meşə, bozqırlaşmış dağ-qəhvəyi, qonur, allüvial çəmən-meşə torpaqları inkişaf etmiş, bendlend sahələr yayılmışdır.
Ərazidə yarımsəhra və bozqır bitki formasiyaları yayılmışdır. Onun özünəməxsus arid bitki örtüyü vardır. Burada ağac və kol bitkilərindən ən çox ardıc və saqqızağacı, qismən də gürcü palıdı, gürcü ağcaqayını, qaratikan, şərq doqquzdonu, kiçik meyvəli gilas, nar, murdarça, sarağan, efedra və s. inkişaf etmişdir.
Türyançay Dövlət Təbiət Qoruğunda çöl donuzu, qonur ayı, porsuq, dələ, tülkü, dovşan, çaqqal, vaşaq və s. məməli vəhşi və çöl heyvanları məskən salmışlar. Qoruğun ərazisi heyvanların ən əlverişli qışlaq yeridir. Burada sürünənlərdən müxtəlif ilanlara və kərtənkələlərə rast gəlinir. İlanlardan gürzə daha çoxdur. Turyançayın sularında Xəzər tısbağasına tez-tez rast gəlinir. Yerli quşlardan kəklik, göyərçin, adi qur-qur, ağbaş Asiya kərkəsi, leşyeyən qartal, qara kərkəs, sərçələr, qaratoyuqlar, zığ-zığ, payız bülbülü, dağ vələmirquşu, böyük və uzunquyruq arıquşu və s. məskunlaşmışdır. Qoruqda Azərbaycanın «Qırmızı kitabı»na adları düşən ayıya, şahinə, berkuta, çöl qartalına təsadüf edilir.
Əvvəllər Turyançay qoruğunun üç filialı vardı (Eldar şamı, Sultanbud saqqızağacı meşəliyi, Şirvan yarımsəhra bitkiəri sahəsi)
300 hektarlıq sahəsi olan Eldar Şamı filialı Respublika hökumətinin 21 noyabr 1967-ci il tarixli qərarı ilə Göy-göl Dövlət Təbiət Qoruğuna verilmiş, daha sonra, ərazisi genişləndirilmiş və Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 16 dekabr tarixli Sərəncamı ilə 1686 hektar ərazidə Eldar Şamı Dövlət Təbiət Qoruğu yaradılmışdır
Zaqatala
Zaqatala Dövlət Təbiət Qoruğu respublikamızın ən qədim qoruqlarından biridir. Qoruq 1929-cu ildə Zaqatala və Balakən inzibati rayonlarının ərazisində, Böyük Qafqaz sıra dağlarının mərkəz hissəsinin cənub mikroyamaclarında təşkil edilmişdir. Ərazisi 23844 hektar idi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 17 oktyabr tarixli 370s nömrəli Qərarı ilə Zaqatala və Balakən meşə mühafizəsi və bərpası müəssisələrinin torpaqları hesabına ərazisi genişləndirilərək sahəsi 47349 hektara çatdırılmışdır. Qoruq Gürcüstan Respublikası ilə həmsərhəddir.
Zaqatala Dövlət Təbiət Qoruğunun yaradılmasında başlıca məqsəd bu meşələrin əvəzedilməz torpaqqoruyucu və susaxlayıcı xüsusiyyətlərini saxlamaq, aşağı zonada yerləşən yaşayış məntəqələrini və əkin sahələrini seldən qorumaq, Böyük Qafqazın cənub yamacının təbii kompleksini, bitki və heyvanat aləmini mühafizə etmək olmuşdur.
Qoruğun ərazisi meşələr, subalp və alp çəmənlikləri və yüksək sal qayalıqlardan ibarətdir. Böyük Qafqaz sıra dağlarının cənub yamaclarında, dəniz səviyyəsindən 650-3646 m hündürlükdə yerləşir.
Yüksəklik artdıqca qoruğun iqlimi mülayim isti iqlimdən dağ tundrası iqliminə doğru dəyişir. Aşağı və orta dağ qurşaqları (800- 2200 m. d. s. h.) fısdıq, vələs və palıd meşələri ilə örtülüdür, yüksəklik artdıqca isə bunlar subalp seyrəklikləri ilə, sonra subalp çəmənlikləri (2400 m.) daha sonra isə alp çəmənlikləri (3200 m-ə kimi) və nəhayət, subnival və nival qurşaqları ilə əvəz olunurlar.
Qoruğun ərazisi çox mürəkkəb və kəskin relyefə malikdir. Burada dağlar və yüksəkliklər dərindərələr və daşlı- qayalı çay sahilləri ilə kəsilir.
Qoruğun şimal hissəsində yerləşən dağlar şiş zirvəli sal qayalardan ibarətdir. Bu qayalar ilin çox vaxtı qar örtüyü altında qalır, cənub hissədəki günbəzvari dağlar isə alp çəmənlikləri ilə örtülü olurlar.
Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisi çox kəskin çay şəbəkəsi ilə kəsilir. Öz mənbəyini qoruğun ərazisindən götürən və şimaldan cənuba kimi bütovlükdə bu ərazidən keçən əsas çaylardan Alazan çayının qolları olan Katexçay və Balakənçayı göstərmək olar. Dağ çaylarının suyunun əsasını su ayrıclarında böyük miqdarda yağan qar və yağışlar təşkil edir.
Əsrlər boyu qoruğun ərazisindən axıb keçən əsas çaylar orta dağlıq hissədə hündürlüyü 20 metrə çatan gözəl şəlalələr, keçilməz dərələr yaratmışlar.
Ərazinin əsas suxurları gilli şistlər və qum daşlarından ibarətdir. Qoruğun torpaq örtüyü əsasən ibtidai dağ-çəmən, dağ-çəmən, dağ-çəmən-meşə və qonur meşə torpaq tiplərindən ibarətdir.
Qoruqda 1000-dən artıq bitki növünə təsadüf edilir. Əsas meşə təşkil edən növlərdən fısdıq, palıd, vələs, cökə, göyrüş, şabalıd, qoz, qaraçöhrə, qarmaqvari şam və s. göstərmək olar.
Burada 32 növ məməli, 89 növ köçəri və oturaq quşlar yaşayır. Qoruqda 4500-dən çox Şərqi Qafqaz təkəsi, 1000 baş maral, 700 baş qarapaça və 2000-ə yaxın çöl donuzu vardır.
1950-ci ildə qoruqda elmi- tədqiqat işlərinin aparılmasına rəhbərlik edən şöbə yaradılmışdır. Burada beynəlxalq bioloci problemlər üzrə tədqiqat işləri aparılır.
Qoruğun elmi təmayülü—Böyük Qafqazın şimali-şərq hissəsinin ayrı-ayrı zonalarında susaxlayıcı, torpaqqoruyucu və kurort- iqlim əhəmiyyətli dağ çəmənlikləri və meşələrin qorunub saxlanması və onlardan səmərəli istifadə olunmasına yönəldilmişdir.
Çox qiymətli dərman bitkisi olan cenşenin Böyük Qafqazın dağətəyi şəraitində yetişdirilməsi imkanı, dağ çəmənlərini məhsuldarlığı, yüksək dağ palıdının ekologiyası və onun bərpası, Sosnovski baldırğanı timsalında dağ-çəmən və yem bitkilərinin məhsuldarlığı, dırnaqlıların, habelə həşəratyeyən və yırtıcı quşların biologiya və ekologiyası problemlərinin tədqiq edilməsi bu baxımdan əhəmiyyətlidir.
Elmi- tədqiqat işi qoruğun əməkdaşları və başqa elmi- tədqiqat və tədris institutlarının alimləri tərəfindən aparılır.
Şirvan
Şirvan Dövlət Təbiət Qoruğu Kür-Araz ovalığının cənub-şərqi Şirvan düzənliyində yerləşir. Hələ 1961-ci ildə Kür-Araz ovalığının həmin hissəsində alimlərin həyata keçirdiyi sayğının nəticələrinə əsasən ceyranların sayının 77 baş olduğu bir vaxtda, Azərbaycan Hökumətinin xüsusi qərarı ilə Bəndovan Dövlət Yasaqlığı yaradılmışdı. 8 ildən sonra, burada ceyranların sayının 400 başa çatdığı vaxtda Respublika hökumətinin 30 aprel 1969-cu il tarixli müvafiq qərarı ilə 17700 min hektar sahədə Şirvan Dövlət Təbiət Qoruğu təşkil edildi. 1982-ci ildə dövlət təbiət qoruğunun sahəsi genişləndirlərək. 25761 hektara çatdırıldı. 2003-cü ildə Şirvan Dövlət Təbiət Qoruğunun bazasında və ətraf ərazilərində Şirvan Milli Parkı yaradılmışdır. Hazırda Şirvan Dövlət Təbiət Qoruğunun sahəsi 4657 hektardır.
Qoruğun yaradılmasında əsas məqsəd Azərbaycan Respublikasının «Qırmızı kitab»ına düşmüş gözəllik rəmzi olan ceyranların və bu ərazi üçün səciyyəvi olan digər fauna növlərinin mühafizəsini və bərpasını təmin etməkdir.
Şirvan Dövlət Təbiət Qoruğunun ərazisində relyefin, bitki və torpaq örtüyünün müxtəlifliyi burada bir sıra təbii lanşaft sahələrini ayırmağa imkan verir. Ərazinin əsas hissəsini yovşanlı yarımsəhra xırda təpəlikləri, şoranotlu yarımsəhra xırda təpəlikləri və şoranotlu yarımsəhra düzənliyi təşkil edir. Hər bir təbii landşaft sahələrinin ceyranlar üçün xüsusi əhəmiyyəti vardır.
Geoloci dövr ərzində qoruğun ərazisi bir neçə dəfə Xəzərin suları altında olmuşdur. Xəzərin səviyyəsinin azalması ilə əlaqədar ərazi dəniz, qismən sel və allüvial çöküntülər nəticəsində quruya çevrilmişdir. Ərazi dəniz səviyyəsindən aşağıda yerləşir. Burada mikrorelyef yaxşı nəzərə çarpır. Külək vasitəsilə yaranan dyun təpəciklərinin hündürlüyü 0,5-1,2 m-ə qədərdir və onlar ceyranların mühafizəsi və sığınacağı üçün çox sərfəlidir.
Qoruq ərazisində əsasən boz, boz-çəmən və çəmən-bataqlıq torpaqları və qumluqlar yayılmışdır.
Ərazidə yayı quraq keçən mülayim-isti yarımsəhra və quru bozqır iqlim tipi hakimdir. Bu iqlim tipi az və ya zəif nəmliyi, qışının mülayim, yayının isə quru və isti keçməsilə səciyyələnir. Qoruq ərazisi yarımsəhra zonasında, düzənlik ərazidə yerləşdiyindən burada çay və bulaq yoxdur. Qoruğun ərazisindən bir neçə kollektorlar keçir. Onların vasitəsilə qoruqda olan Çala gölü su ilə təmin olunur. Xəzərin, kanalların suyu qışda donmur, bu da ceyran və quşlar üçün çox əhəmiyyətlidir.
Bəndovan Dövlət Yasaqlığının və Şirvan Dövlət Təbiət Qoruğunun ərazilərində yerləşən Çala gölünün sahəsi 100 hektardan çoxdur və onun dərinliyi 0,3-1,0 m çatır. Göldə qamış və digər su bitkiləri yaxşı inkişaf etmişlər. Həmin gölün köçəri su-bataqlıq quşları üçün çox böyük əhəmiyyəti vardır.
Qoruğun ərazisində əsasən yovşanlı yarımsəhra, şoranotlu yarımsəhra, yovşan-şoranotlu yarımsəhra, qismən də səhra, çəmən-çala və qumluq bitkiləri yayılmışdır.
Şirvan Dövlət Təbiət Qoruğu yarımsəhra zonasında yerləşsə də, heyvanlar aləmi çox zəngindir. Burada xeyli miqdarda məməlilər, sürünənlər və suda-quruda yaşayanlar vardır.
Qoruqda ceyran, qunduz, çöl donuzu, dovşan, Xəzər suitisi, canavar, çaqqal, tülkü, porsuq və s. heyvanlar məskunlaşmışdır. Qoruq ərazisində oturaq və köçəri quşlar daha çoxdur. Quş növlərindən turac, bəzgək, dovdaq, qu quşu, boz qaz, qızıl qaz, Quba qazı, qızılbaş ördək, boz ördək, anqut, qaşqaldaq, böyük ağ vağ, kiçik ağ vağ, boz vağ, sarı vağ, bizquyruq ördək, enliburun ördək və s. məskən salmışdır. Qoruqda Azərbaycan Respublikasının «Qırmızı Kitabı»na daxil edilmiş çəhrayı qutan, qara leylək, bəzgək, dovdaq, soltan toyuğu, ərsindimdik, qızılqaz, qırmızıdöş qaz, fısıldayan qu, kiçik qu kimi köçəri quşlar mühafizə olunur.
Eldar şamı
Eldar Şamı Dövlət Təbiət Qoruğu Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 16 dekabr tarixli 550 nömrəli Sərəncamı ilə Samux rayonunun inzibati ərazisində yaradılmış mühafizə və elmi-tədqiqat idarəsi statusuna malik ərazidir. Qoruğun yaradılmasının başlıca məqsədi genetik fondun, bioloci müxtəlifliyin, ekoloci sistemlərin, səciyyəvi və nadir təbiət komplekslərinin və obyektlərinin (ardıc,saqqız ağacı və s.), dünyada yeganə vətəni olan Elləroyuğunda Eldar şamı meşəliyinin təbii vəziyyətini qoruyub saxlamaq məqsədilə təbiət ərazilərinin mühafizəsini həyata keçirməkdir.
Hələ 1910-cu ildə 3,5 min hektar sahədə Eldar şamı sahəsi botaniki yasaqlıq elan edilmiş və qorunmuşdur. Samux rayonu ərazisində dünyada yeganə təbii Eldar şamı meşəliyinin qorunması məqsədi ilə Azərbaycan hökumətinin 5 may 1948-ci il tarixli qərarı ilə «Eldar şamı» yasaqlığı yaradıldı. Eldar şamı respublikamızın və xarici ölkələrin müxtəlif regionlarının quraq sahələrində əkilməyə başlandı. Quraq, az münbit torpaqlı sahələrin Eldar şamı vasitəsilə yaşıllaşdırılması şöhrəti hər tərəfə yayıldı. Həmin yasaqlıq sonradan qoruq elan edildi. 1961-ci ildə 300 ha sahə Türyançay qoruğunun, 1967-ci ildə Göygöl qoruğunun filialına çevrildi və dövlət meşə torpaqları hesabına 1978-ci ildə 92 ha artırıldı. Hal-hazırda Eldar şamı qoruğunun sahəsi 1686 hektardır.
Eldar şamı qoruğunun yerləşdiyi ərazi mütləq örtüyü 600 m-ə çatan və şimal-qərbdən cənub-şərqə uzanan alçaq dağlıq sahədir. Torpaq örtüyü şiddətli eroziyaya uğramış, çox yerdə torpaq əmələ gətirən suxurlardan az fərqlənən qəhvəyi arid meşə torpaqlarıdır. Burada yarımsəhra və quru bozqırların yayı quraq keçən mülayim-isti iqlim tipi hakimdir.
Eldar şamı Elləroyuğunda özünəməxsus arid meşə landşaftı yaratmışdır. Burada meşələr əsasən Eldar şamı, ardıc, saqqız agacı, murdarça, doqquzdon, nar, efedra, zirinc, qarağan, dovşan alması, qaratikan kimi ağac və kollardan ibarətdir. Eldar şamı ağaclarının yaşı 100-120 il, hündürlüyü 2-6 m, diametri 10-28 sm, boniteti V, sıxlığı 0,32-dir. Onun adı Azərbaycan Respublikasının «Qırmızı kitab»ına daxil edilmişdir.
Qoruğun ərazisinin əsas hissəsini meşə sahəsi, qalan hissəsini isə yarğanlar və sıldırım yamaclar təşkil edir.
Burada heyvanlar aləmi zəngin deyil. Üstünlük təşkil edən heyvanlardan yalnız dovşan, quşlardan isə kəklik diqqəti cəlb edir.
Meşələr üçün qeyri-adi hesab edilən şəraitdə bitib inkişaf edən Eldar şamı quraq və az münbit torpaqlı ərazilərin yaşıllaşdırılması üçün misilsiz əvəzsiz ağac növüdür. Quraq ərazilərdə meşə massivlərinin, tarlaqoruyucu meşə zolaqlarının salınması, dərə və yarğanların eroziyasının qarşısının alınması, qumluqların bərkidilməsi, dekorativ yaşıllaşdırma tədbirləri üçün Eldar şamının çox geniş ərazilərdə əkilməsi perspektivi vardır.
Eldar Şamı dövlət təbiət qoruğunun zəruri infrastrukturu yaradılmışdır.
Palçıq vulkanları
Azərbaycan Respublikası palçıq vulkanlarının ən çox yayıldığı ölkədir. Bu unikal regionda palçıq vulkanlarının sayı son vaxtlaradək 400-ə yaxın hesablanırdı və planetimizdə olan vulkanların yarısını təşkil edirdi.
Palçıq vulkanlarının əhəmiyyətini nəzərə alaraq bu təbiət sərvətlərinin gələcək nəsillərə çatdırılması və respublikamızın təbii irsinin geniş miqyasda təbliğ olunması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 15 avqust tarixli 2315 nömrəli Sərəncamı ilə Bakı və Abşeron yarımadasında yerləşən palçıq vulkanlarının bir hissəsinin ərazisində «Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu» yaradılmışdır.
Müvafiq Sərəncama əsasən Dövlət Təbiət Qoruğunun yaradılmasının əsas məqsədi kimi palçıq vulkanlarına antropogen təsirlərin azaldılması, ərazidə aparılan intensiv inşaat işləri və vulkanların püskürmə ehtimalı olan zonalarda yaşayış binalarının inşasının qarşısınının alınması göstərilmişdir. Bundan sonra Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 29 sentyabr tarixli 294 nömrəli Sərəncamı ilə 12322,84 ha sahədə 43 palçıq vulkanının ərazisi qoruq elan edilmişdir.
DTQ-un fəaliyyətində əsasən iki prioritet istiqamət müəyyən olunmuşdur: vulkanik landşaftın, təbiət komplekslərinin və obyektlərinin təbii vəziyyətini qoruyub saxlamaq məqsədi ilə təbiət ərazilərinin mühafizəsini həyata keçirmək; elmi tədqiqatları təşkil etmək və ekoloci monitorinqi həyata keçirmək.
Qoruq əməkdaşları xüsusi mühafizə statusu şamil edilmiş 43 palçıq vulkanında mütamadi olaraq elmi stasionar müşahidələr aparmaqla ekoloji şəraitin proqnozlaşdırılması, təbiətin mühafizəsinin elmi əsaslarının hazırlanması, vulkanik proseslərin dinamikasının öyrənilməsi ilə yanaşı, həm də, onların antropogen müdaxilələrdən qorunmasını təmin etməklə vulkanik landşaftın təbii vəziyyətini saxlayır.
Yasaqlıqlar
Qarayazı-Ağstafa
1964-cü ilin fevralında indiki Ağstafa rayonunun Qarayazı meşələri sahəsində yaradılmışdır. Ərazisi 10 000 hektardır.
Yasaqlığın təbii landşaft sahələri əsasən tuqay, palıd, cavan qarışıq meşə və kolluqlardan, kollu və ot bitkisi olan açıqlıqlardan, otlaqlardan, əkindən, qamışlı cəngəlliklərdən, çınqıllıqlardan, su sahəsindən ibarətdir.
Yasaqlığın ərazisi insanın təsərrüfat fəaliyyətinin intensiv təsirinə məruz qalsa da, heyvan və quşlarla zəngindir. Burada maral, çöl donuzu, qunduz, canavar, dovşan, meşə pişiyi, tülkü, porsuq kimi məməlilər, qırqovul, qaratoyuq, alabaxta, su fərəsi, ördək, qaşqaldaq, göyərçin, hop-hop, ağacdələn, bildirçin quş növləri vardır.
Şəki
26 fevral 1964-cü il tarixində Şəki rayonunda yaradılmışdır. O, Əyriçayın hövzəsində Yevlax- Şəki və Şəki-Oğuz şosse yollarının arasında yerləşir.
Yasaqlığın yaradılmasında məqsəd buradakı heyvan və quşları, xüsusilə qırqovul və turac kimi quşları, qonur ayı və çöl donuzu kimi heyvanları qorumaqdır. Sahəsi 10350 hektardır.
Ərazi zəngin bitki örtüyünə malikdir. Meşə sahələri palıd, qızılağac, qoz, tut kimi ağaclardan ibarətdir. Çay dərələrində meşə əmələ gətirən ağaclarla birlikdə yemişan, əzgil, böyürtkən, alça kolları keçilməz cəngəlliklər əmələ gətirir.
Şəki yasaqlığında qonur ayı, çöl donuzu, canavar, çaqqal, tülkü, meşə pişiyi, yenot, porsuq, dovşan, samur, meşə dələsi, sincab kimi məməlilər, qırqovul, turac, meşə göyərçini, alabaxta, bekas, bildirçin, yaşılbaş ördək kimi quşlar məskunlaşmışdır.
Laçın
1961-ci ilin noyabrında Laçın rayonunun ərazisində yaradılmışdır. Yasaqlığın yaradılmasında məqsəd buradakı məməliləri (cüyür, qayakeçisi, çöl donuzu) və quşları (turac, kəklik) qoruyub artırmaqdır. Ərazisi 20 000 hektardır.
Ərazi əsasən vələs, cökə, ağcaqayın, palıd meşələrindən ibarətdir.
Burada bir sıra heyvanların da məskunlaşması üçün əlverişli şərait vardır. Yasaqlıqda bezoar keçisi, cüyür, çöl donuzu, dovşan, canavar, porsuq, dələ, ayı kimi məməlilərə; kəklik, tetra quşu, bildirçin, alabaxta kimi quşlara rast gəlinir.
Hazırda işğaldan azad edilmiş yasaqlıq ərazisində monitorinqlər aparılmaqdadır.
İsmayıllı
1969-cu ilin iyulunda yaradılmışdır. Əsasən İsmayıllı, qismən də Qəbələ rayonlarının ərazisində yerləşir. Əvvəl ərazisi 34400 hektar olmuş, müvafiq dövlət qərarı əsasında isə 23 437,85 hektara qədər azaldılmışdır.
Yasaqlığın yaradılmasında əsas məqsəd burada məskunlaşmış heyvanların qorunması və sayının artırılmasıdır.
Bitki örtüyü alp və subalp dağ-çəmən və meşə bitkilərindən ibarətdir. Meşə ilə örtülü sahələr əsasən vələs, fısdıq və palıd meşələrindən ibarətdir. Yasaqlığın ərazisində heyvanlar aləmi həm növ, həm də say etibarilə çox zəngindir. Burada quşlardan kəklik, bildirçin, turac, alabaxta, ular, məməlilərdən canavar, vaşaq, meşə pişiyi, yenot, çaqqal, dələ, dovşan məskunlaşmışdır.
Qusar
1964-cü ilin iyulunda Qusar rayonunda yaradılmışdır. Yasaqlığın yaradılmasında başlıca məqsəd buradakı bir sıra ov əhəmiyyətli məməli heyvanları və quşları qoruyub saxlamaqdır. Ərazisi 15 000 hektardır.
Meşə sahəsində fısdıq, vələs, palıd yayılmışdır. Kol bitkilərindən yemişan, zoğal, armud, alça, alma, itburnu, böyürtkən, qaratikana təsadüf edilir.
Yasaqlıqda çöl donuzu, cüyür, canavar, meşə pişiyi, qamış pişiyi, çaqqal, yenot, dovşan kimi məməlilər, turac, kəklik, bildirçin, çöl göyərçini, yaşılbaş ördək, fitçi cürə kimi quşlar yayılmışdır.
Qızılca
1984-cü ilin fevralında Gədəbəy meşə təsərrüfatının Qızılca meşəçiliyi sahəsində yaradılmışdır. Onun yaradılmasında əsas məqsəd ərazinin təbiət kompleksini, xüsusilə məhv olmaq təhlükəsində olan heyvanlar və bitki nümunələrini qorumaqdır. Sahəsi 5135 hektardır.
Ərazidə meşə və meşə altından çıxmış dağ- bozqır bitkiləri inkişaf etmişdir. Burada meşəni əmələ gətirən əsas ağac cinsləri palıd, fısdıq və vələsdir.
Yasaqlıqda cüyür, qonur ayı, çöl donuzu, dovşan kimi heyvanlar qorunur.
Qubadlı
1969-cu ilin iyulunda Qubadlı və Laçın rayonlarının ərazisində yaradılmışdır.Qubadlı rayonunun şimal və Laçın rayonunun cənub hissəsində dağ- bozqır sahələrini əhatə edir. Bu yasaqlığın yaradılmasının məqsədi həmin ərazilərin heyvanlar aləmini, xüsusilə burada məskunlaşmış məməli heyvan növlərini (cüyür, çöl donuzu) və quşları (qırqovul) qorumaqdır. Sahəsi 20 000 hektardır.
Ərazidə yayılmış seyrək meşəliklər və kolluqlar palıd, vələs, ardıc, yemişan, itburnu, böyürtkəndən ibarətdir.
Ərazinin ekoloji amilləri burada heyvanların normal məskunlaşmasına tam şərait yaratmışdır. Ərazidə çöl donuzu, qonur ayı, canavar, çaqqal, tülkü, cüyür, dovşan, porsuq, kəklik, qırqovul, turac, bildirçin yayılmışdır.
Hazırda işğaldan azad edilmiş yasaqlıq ərazisində monitorinqlər aparılmaqdadır.
Zuvand
1969-cu ilin iyulunda Lerik və Yardımlı rayonları ərazisində yaradılmışdır. Yasaqlığın yaradılmasında əsas məqsəd dağ quru bozqır şəraitində bezoar keçisi, kəklik və s. heyvanların qorunmasıdır. Sahəsi 15 000 hektardır. Ərazinin bitki örtüyü çox kasıb olub, quru bozqır bitkiləri komplekslərindən təşkil olunmuşdur. Əsasən yabanı dənli və paxlalı-dənli bitki qrupları üstünlük təşkil edir.
Yasaqlığın ərazisi heyvanlar aləmi ilə çox zəngin deyil. Burada qayakeçisi, kaftar, çöl donuzu, dovşan, canavar, tülkü və s. heyvanlar yayılmışdır.
Şəmkir
1964-cü ilin fevrvalında Şəmkir rayonunun ərazisində yaradılmışdır. Yasaqlığın yaradılmasında məqsəd buradakı quşları və məməli heyvan növlərini, xüsusilə də çöl donuzu, kəklik, turac, qırqovul və ördəkləri qorumaqdır. Ərazisi 10 000 hektardır.
Yasaqlıqda tuqay və yarımsəhra bitki formasiyaları yayılmışdır. Tuqay meşə və kolluqları Kür çayı yatağının ətrafında yerləşir, onlar söyüd, ağyarpaq qovaq, qaratikan, böyürtkən, yulğun və s. ibarətdir.
Ərazinin təbii landşaft sahələri müxtəlif olub, heyvanların məskunlaşması üçün əlverişli mövqeyə malikdir. Burada məməlilərdən çöl donuzu, canavar, dovşan, meşə pişiyi, çaqqal, tülkü, turac, qırqovul, kəklik, turac və müxtəlif su quşları vardır.
Bərdə
1966-cı ilin mayında Bərdə və Ağdam rayonlarının ərazisində yaradılmışdır. Yaradılmasının əsas məqsədi Kürətrafı tuqay meşələrini və onların faunasını qoruyub zənginləşdirməkdir. Yasaqlığın ümumi sahəsi 7500 hektardır.
Təbii bitki örtüyü əsasən qovaqdan ibarət olan kompleksdən, qovaq, söyüd, tut və s. ibarət cavan meşəlikdən, yulğunun üstünlük təşkil etdiyi kolluqlardan, palıdın üstünlük təşkil etdiyi meşəlikdən ibarətdir.
Yasaqlıqda məməlilərdən çöl donuzu, çaqqal, tülkü, meşə pişiyi, qamış pişiyi, porsuq, meşə dələsi, dovşan və s., quşlardan qırqovul, turac, fitçi cürə, qırmızıbaş ördək, meşə cüllütü, alabaxta, kiçik və böyük qarabattaq və s. məskunlaşmışdır.
Korçay
1961-ci ilin noyabrında Xanlar və Goranboy rayonlarının ərazisində yaradılmışdır. Yaradılmasının əsas məqsədi ərazidəki ov əhəmiyyətli heyvan və quşları qorumaqdır. Yasaqlığın ümumi sahəsi 15.000 hektardır. Bitkti örtüyü yovşanlı-şoranlı, şoranlı-yovşanlı bitki qruplarından, çay yataqlarının bitki kompleksindən ibarətdir.Ərazidə efemerlər də yaxşı inkişaf edir. Burada məməlilərdən ceyran, dovşan, tülkü, çaqqal, canavar; quşlardan kəklik, turac və s. vardır.
Giladası
1964-cü ilin fevralında yaradılmışdır. Bakı şəhərinin Qaradağ rayonunun ərazisində yerləşir. Yasaqlığın sahəsi 400 hektardır. Burada əsasən adadakı və onun ətrafındakı quşlar, xüsusilə gümüşü qağayılar qorunur . Ərazidə qağayıların sayı bəzən 10 000-ə çatır.
Kiçik Qızılağac
1978-ci ilin fevralında Lənkəran rayonu ərazisində Kiçik Qızılağac körfəzinin orta və cənub hissəsində yaradılmışdır. Yasaqlığın yaradılmasında məqsəd buradakı su, bataqlıq və quru ərazilərinin köçəri və oturaq quşlarını qorumaqdır. Ərazisi 10 700 hektardır. Kiçik Qızılağac körfəzi balıqlarla zəngindir və çoxlu sayda köçəri və oturaq quşların məskənidir.
Yasaqlıqda quşlardan turac, dovdaq, mərmər cürə, dəniz qartalı, məzar qartalı, sultan toyuğu, dovdaq, ərsindimdik, qırmızıdöş qaz və s., məməlilərdən canavar, tülkü, çaqqal, qamış pişiyi, porsuq və s. növlərə təsadüf edilir.
Daşaltı
24 noyabr 1981-ci ildə Şuşa şəhərinin ətrafında yaradılmışdır. Sahəsi 450 hektardır. Şuşa şəhəri və Şuşa rayonu Qarabağın, Azərbaycanın ən səfalı və füsunkar təbiətli, zəngin tarixi abidəli sahələrindən biridir. Onların qorunmasının, etalon ərazi kimi saxlanılmasının təbiət və tarixi baxımdan mühüm əhəmiyyəti vardır.
Yasaqlığın ərazisi zəngin meşə, kol və ot bitkilərinin təbii muzeyidir. Burada palıd, vələs, ağcaqayın, cökə, göyrüş, yemişan, itburnu, zoğal, əzgil, alma, armud, alça və s. ağac və kol bitkiləri normal inkişaf edir. Ərazi dərman, endemik və nadir bitkilərlə zəngindir.
Burada cüyür, çöl donuzu, dələ, dovşan, canavar, çaqqal və onlarla quş növü məskunlaşmışdır.
Hazırda işğaldan azad edilmiş yasaqlıq ərazisində monitorinqlər aparılmaqdadır.
Qəbələ
1993-cü ildə Qəbələ rayonunun ərazisində təşkil edilmişdir.Ərazisi 39 700 hektardır. Yaradılmasının əsas məqsədi Böyük Qafqaz dağlarının cənub yamaclarının landşaftını qorumaqdır.
Arazboyu
1993-cü ildə tuqay meşələrinin qorunması və bərpası məqsədilə yaradılmışdır. Sahəsi 2200 hektardır.
Hazırda işğaldan azad edilmiş yasaqlıq ərazisində monitorinqlər aparılmaqdadır.
Qax
16 iyun 2003-cü il tarixində yaradılmışdır. Yasaqlığın yaradılmasının başlıca məqsədi İlisu Dövlət Təbiət Qoruğu ilə həmsərhəd yay otlaqlarında və Acınohur düzündə faunanın qorunması və nəsli kəsilməkdə olan heyvan növlərinin bərpa edilməsidir. Ərazisi 36 836 hektardır.
Ordubad
1969-cu ilin iyulunda Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 16 iyun tarixli Sərəncamı ilə Ordubad rayonunun inzibati ərazisinin 12131 hektar sahəsi Milli Park elan edilmişdir. Milli Parka akademik Həsən Əliyevin adı verilmişdir. Hal-hazırda yasaqlığın ərazisi 27869 hektardır.
Yasaqlığın yaradılmasında məqsəd ərazidəki nadir və qiymətli heyvanları qoruyub artırmaqdır.
Ərazidə bezoar keçisi, köpgər, daş dələsi, canavar, çaqqal, tülkü və s. məməli heyvan novlərinə, turac, qırqovul, kəklik, bildirçin, alabaxta və s. quş növlərinə rast gəlinir.
Arazboyu
Naxçıvan Muxtar Respublikasının Ali Məclisin Sədrinin Sərəncamı ilə 23 sentyabr 2005-ci ildə yaradılmışdır. Məqsəd: təbiət komplekslərinin və ya onların komponentlərinin qorunması, ekoloji tarazlığın saxlanılması. Yerləşdiyi ərazi: Arazboyu ərazilər (Sədərək, Şərur,Kəngərli, Babək, Culfa və Ordubad rayonlarının inzibati əraziləri) Sahəsi: 9118ha Əsas növləri: Flora: Araz palıdı, dağdağan, zərif süsən Fauna: qıvrımlələk və çəhrayı qutan,ərsindimdik, Saqqalı qartal, qamış pişiyi, manul pişiyi.
Hirkan
2005-ci ilin dekabr ayında Lənkəran və Astara rayonlarının inzibati ərazilərində yerləşən meşə fondundan 1553 hektar torpaq sahəsində Hirkan Dövlət Təbiət Yasaqlığı yaradılmışdır. Yaradılmasında əsas məqsəd Hirkan Milli Parkı ilə həmsərhəd meşələrin mühafizəsi, Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına daxil edilmiş nadir və nəsli kəsilmək təhlükəsi altında olan heyvan növlərinin miqrasiya yollarının, həmin ərazidə ekosistemin bütövlüyünün və bioloji müxtəlifliyin qorunub saxlanmasıdır.
Zaqatala
2008- ci ilin noyabr ayında Zaqatala və Balakən rayonlarının inzibati ərazilərində yerləşən yay otlaqları, Balakən meşə mühafizəsi və bərpası müəssisəsinin meşə fondu torpaqları hesabına 6557 hektar ərazidə Zaqatala Dövlət Təbiət Yasaqlığı yaradılmışdır.Yaradılmasında əsas məqsəd Zaqatala Dövlət Təbiət Qorugu ilə həmsərhəd yerləşən sahələrə vahid ekosistemin əhatə edilməsi, bioloji müxtəlifliyin qorunub saxlanılması, nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan heyvan növlərinin miqrasiya yollarının qorunmasıdır.
Arpaçay
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi sədrinin Fərmanı ilə 22 iyun 2009-cu ildə yaradılmışdır. Məqsəd: təbiət komplekslərinin və ya onların komponentlərinin qorunması, ekoloji tarazlığın saxlanılması. Yerləşdiyi ərazi: Dərələyi silsiləsi boyu ərazilər (Şərur, Kəngərli, Babək və Şahbuz rayonlarının inzibati əraziləri) Sahəsi: 68911ha Landşaftı: Əsas növləri: Flora: Ağır iyli ardıc, gözəl qayışləcək, zərif süsən Fauna: Bəbir, safsar, bezoar keçi, Muflon, Xəzət uları,Saqqalı qartal
Rvarud
Rvarud Dövlət Təbiət Yasaqlığı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 oktyabr 2009-cu il tarixli Sərəncamı ilə Lerik rayonununda yaradılmışdır. Ərazisi 510 hektardır.
Bəndovan Dövlət Təbiət Yasaqlığı
1961-ci ilin noyabrında Salyan və Qaradağ rayonlarının ərazisində yaradılmışdır. Yasaqlığın yaradılmasında əsas məqsəd bu ərazidəki ceyranları və digər məməli heyvanları, köçəri və oturaq su və quru quşlarını qoyuyub artırmaqdır. Hal-hazırda ərazisi 4930 hektardır.
Yasaqlığın ərazisinin heyvanlar aləminə xeyli zəngindir. Burada məməlilərdən ceyran, dovşan, tülkü, çaqqal, canavar, porsuq yaşayır. Xəzər dənizinin sahil sularında suiti, çoxlu müxtəlif balıqlar yayılmışdır. Ərazidə quşlardan qu quşu, çay ördəyi, dalğıc ördəyi, vağlar, qarabattaq, qaşqaldaq, bəzgək, turac, bildirçin və s. yayılmışdır.
Azərbaycanın faydalı qazıntıları
Böyük və Kiçik Qafqaz dağ sistemlərinin şərq hissəsini əhatə edən Azərbaycan Respublikasının ərazisi mürəkkəb geoloji quruluşa malik olması, faydalı qazıntıların müxtəlifliyi və rəngarəngliyi ilə fərqlənir.
Azərbaycan çox qədim dövrlərdən neft diyarı kimi tanınmışdır. Belə ki, tarixi məlumatlara görə hələ bizim eramızdan əvvəl VII-VI əsrlərdə Abşeron yarımadasında neft çıxarılmışdır.
Bununla bərabər, Azərbaycan ərazisində aparılmış arxeoloji qazıntılar zamanı yerli xammallardan hazırlanması birmənalı təsdiq edilmiş əmək alətlərinin və bəzək əşyalarının tapılması bu ərazilərdə hələ eramızdan əvvəl dağ – mədən işlərinin aparıldığını göstərir. Orta əsrlərə aid edilən tarixi mənbələrdə Azərbaycanda mis, qızıl, gümüş, qurğuşun mədənlərinin olması və istismar edilməsi barədə məlumat verilir. Sonradan neftin istifadə dairəsinin genişlənməsi ilə əlaqədar təbii neft təzahürlərinin, neft yataqlarının və Azərbaycanın neftli-qazlı vilayətlərinin geoloji öyrənilməsinə maraq artmış, ərazinin digər faydalı qazıntılara nəzərən perspektivliyinin müəyyən edilməsi bir növ arxa planda qalmışdır.
Qeyd olunmalıdır ki, ümumən keçən əsrin 20-ci illərinə qədər Azərbaycan ərazisi geoloji cəhətdən çox zəif öyrənilmişdir.
XIX əsrin 40-cı illərindən XX əsrin 20-ci illərinə qədər alman, rus və qismən yerli sənayeçilər Daşkəsən kobalt, Gədəbəy, Bittibulaq və Balakən mis yataqlarında istismar və axtarış işləri aparmışlar.
1867-1914-cü illər ərzində alman firması «Siemens» tərəfindən Gədəbəy yatağından 56000 ton mis, təqribi hesablamalara görə isə 6,3-12,7 ton qızıl, 120,6-126,1 ton gümüş; Bittibulaq yatağından tərkibində 2% mis olan 16000 ton mis filizi; Daşkəsən kobalt yatağından isə tərkibində 10-18% kobalt olan 608 ton kobalt filizi çıxarılmış və Almaniyaya aparılmışdır.
XX əsrin əvvəllərində digər alman firması «Vagau» Balakən rayonu ərazisində əlvan metal yataqlarının axtarışı və istismarı ilə məşğul olmuş, Cixix və Köhnəmədən yataqlarından hasil edilmiş filizləri yerindəcə emal edərək, alınmış misi yerli iş adamlarına satmışdır.
1862-72–ci illərdə Naxçıvan şəhərinin yaxınlığında, Tumbul kəndində selitra istehsal edən zavod fəaliyyət göstərmişdir. XIX əsrin 80-ci illərində Şan Qirem tərəfindən, 1914-cü ildə isə ingilis Atterton tərəfindən Gömür kükürd yatağının (Naxçıvan MR) bazası əsasında kükürd istehsal edən zavod fəaliyyət göstərmişdir.
Azərbaycan ərazisinin məqsədyönlü geoloji öyrənilməsinə XX əsrin 30-cu illərindən başlanmış, az vaxtda sənaye əhəmiyyətli bir neçə dəmir, molibden, kobalt, polimetal yataqları aşkar edilmiş və istismara cəlb edilmişlər.
Böyük Vətən Müharibəsi illərində geoloji tədqiqat işləri əsasən müdafiə əhəmiyyətli mineral xammal ehtiyatlarının axtarılmasına yönəldilmişdir. Bununla əlaqədar 1939-cu ildə kəşf edilmiş Parağaçay molibden yatağında istismar işlərinə başlanılmış, istismar edilən Şimali Daşkəsən yatağında kobalt filizinin çıxarılması sürətləndirilmişdir. Ümumiyyətlə, 1941-45-ci illərdə keçmiş SSRİ-də hasil edilən kobaltın 60%-i Azərbaycanın (Daşkəsən yatağı) payına düşmüşdür.
Gədəbəy mədənində mis istehsalı təşkil edilmişdir.
O dövrdə Ittifaq üzrə istehsal olunan bütün yanacaq-sürtkü materiallarının 75%-ni verən Azərbaycan neft sənayesinin ehtiyacları üçün qeyri–filiz yataqlarına (barıt, kükürd kolçedanı, kaolin, odadavamlı gil və s.) kəşfiyyat işlərinin aparılması və istifadəyə verilməsi intensiv davam etdirilmişdir.
Sonradan Daşkəsən dəmir filizi və Zəylik alunit yatağının istismara cəlb edilməsi ilə Azərbacanda dağ-mədən sənayesinin əsası qoyulmuş oldu.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Respublika iqtisadiyyatının mineral-xammaldan istifadəyə əsaslanan bir sıra sahələrinin stabil inkişafını və mineral-xammala artmaqda olan tələbatın ödənilməsini təmin edən etibarlı baza yaradılmışdır.
Keçən əsrin 90-cı illərinədək filiz yataqlarından Daşkəsən dəmir filizi, Zəylik alunit, Gümüşlü, Ağdərə polimetall, Parağaçay molibden filizləri yataqlarında istismar işləri aparılmışdır.
Mineral-xammal resursları mürəkkəb təbii məhsul olmaqla cəmiyyətin texniki-iqtisadi və sosial inkişafında olduqca əhəmiyyətli rol oynayır.
Bu səbəbdən müasir dövrdə mineral-xammal resurslarının əhəmiyyəti durmadan artmaqdadır.
Yerin təkindəki mineral-xammal ehtiyatları ümumi təbii sərvətlərin tərkib hissəsi olmaqla ölkəmizin iqtisadi və sosial-siyasi müstəqilliyini müəyyənləşdirən əsas amillərdən biridir.
Azərbaycan Respublikasının iqtisadi potensialının yüksəldilməsi onun ərazisində kəşfiyyatı başa çatdırılmış müxtəlif faydalı qazıntı yataqlarının resurslarından səmərəli istifadə olunması, dağ-mədən və emal sənayesi sahələrinin inkişaf etdirilməsi ilə bağlıdır.
Sənaye ehtiyatları təsdiq olunmuş və dövlət balansında qeydə alınmış faydalı qazıntı yataqları ilə yanaşı, bir çox filiz təzahürləri üzrə axtarış və geoloji-kəşfiyyat işləri aparılmış, onların ilkin ehtiyatları qiymətləndirilmişdir. Əsas yataqlar haqqında qısa məlumat aşağıda verilir.
Osman Eminov- “Ekologiya və təbii sərvətlər” nazirliyinin saytına istinadən
Qoruqlar milli parklar yasaqlıqlar
Cənubi Qafqaz regionunda ilk biosfer rezervatı Azərbaycanda yaradılacaq. Zaqatala Dövlət Təbiət Qoruğunun bazasında yaradılacaq Zaqatala-Balakən biosfer rezervatı həmin bölgədə ekoturizmin inkişafına və yerli əhalinin məşğulluğunun artırılmasına şərait yaradacaq, insanların flora və faunaya zərər vermədən təbiət gözəlliklərini görməsi üçün hərəkət cığırları, seyr nöqtələri müəyyənləşdiriləcək. Qoruqdan fərqli olaraq biosfer rezervatın ərazisinə ekoturistlərin girişi açıq olacaq.
Bununla yanaşı, nazirlik tərəfindən yeni xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması istiqamətində işlər davam etdirilir, digər tərəfdən mövcud olanların əraziləri genişləndirilir. Ümumiyyətlə, xüsusi mühafizə olunan təbiət əraziləri sayı azalmaqda və nəsli tükənməkdə olan bitki və heyvan növlərini qorumağa hesablanıb.
2020-ci ildə 44 gün davam edən Vətən müharibəsində rəşadətli Ordumuz möhtəşəm Qələbə qazanaraq 30 ilə yaxın bir müddətdə işğalda olan torpaqlarımızı erməni tapdağından azad etdi. Ermənilər bu illər ərzində həmin torpaqlarda vandalizm aktları törədib, bütün tarixi abidələri, məscidləri, yaşayış binalarının, evlərin əksəriyyətini dağıdıb, meşələri kəsib, qırıb, yandırıblar. Təəssüf ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində həmin torpaqlarda olan böyük əhəmiyyətə malik xüsusi mühafizə olunan təbiət ərazilərində – Bəsitçay və Qaragöl dövlət təbiət qoruqları, Arazboyu, Laçın, Qubadlı və Daşaltı dövlət təbiət yasaqlıqlarının ərazilərində olan qiymətli ağac və digər nadir biomüxtəliflik nümunələri məhv edilib. İşğaldan azad olunmuş torpaqlarımızda yerləşən xüsusi mühafizə olunan təbiət ərazilərinə dəymiş ziyanın hesablanması məqsədilə monitorinqlər aparılır. Həmçinin həmin ərazilərdəki qoruqlar, yasaqlıqlar yenidən qurulacaq, bərpa olunacaq. Gələcəkdə işğaldan azad edilmiş ərazilərdə xüsusi mühafizə olunan təbiət ərazilərinin genişləndirilməsi, o cümlədən yeni xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması da nəzərdə tutulub.
Comments are closed, but trackbacks and pingbacks are open.