Ordubadi M. S. Qılınc və qələm: II hissə (2005)
İlyasla Fəxrəddin bu sözləri danışa-danışa Toğrul bəy küçəsindən El Arslan və Məsudiyyə küçələrinə girir və Sultan Səncər camesinin qarşısındakı Məlikşah meydanına yaxınlaşırdılar.
Hədəf Nəşrləri (rəsmi bloq)
kitabı keyfiyyətli nəşrdən oxumaq oxucunun haqqıdır
Məmməd Səid Ordubadi. “Qılınc və qələm” (roman). I və II hissə bir kitabda
Tarix: Noyabr 6, 2013 Müəllif: umidlerinizi
Romandan…
XƏRABAT
Öz evlərinə qapanıb xısın-xısın ağlayanların sayı, küçələrə çıxıb şadlıq edənlərin sayından bir neçə qat artıq idi. Zahirdə şadlıq edən gəncəlilər bu şadlığı dərin bir kədər kimi qarşılayırdılar.
Azərbaycan hakimi Şəmsəddin Eldəniz təzəcə ölmüşdü. Onun yerinə oğlu Cahan Pəhləvan keçən gündən bəri Azərbaycan xalqının həyatı daxili müharibələrdə keçirdi. Cahan Pəhləvan Atabəy Məhəmməd iş başına keçdiyi zaman Azərbaycanın ən mühüm hissələri olan Marağa və Təbriz şəhərləri Ağ Süngər Əhmədin əlində qalmışdı. Buna görə də Atabəy Məhəmməd azərbaycanlıları, xüsusən aranlıları, səfərbərliyə alaraq Təbrizlə Marağanı qurtarmaq üçün uzunmüddətli bir müharibə təşkil etmişdi. Atabəy Məhəmməd Marağa və Təbrizi alandan sonra şəhərlərə qasidlər göndərib rəiyyətlərinə böyük qələbənin xəbərini elan edirdi.
Bu gün Atabəyin qasidi Gəncəyə gəlmişdi. Eyni zamanda illər uzunu cəbhələrdə yaşayan Aran ordusu Arana qayıdırdı. Gəncə hakimi Əmir İnanc bu qələbənin böyük bir şadlıqla qarşılanması üçün Gəncə xalqına qəti fərman vermişdi. Xalq cəbhədən qalib bir surətdə qayıdan ordunu qarşılamaq üçün küçələrə çıxmışdı. Lakin çoxları öz oğul və qardaşlarını qalib qayıdan ordunun cərgəsində görmürdü. Mirzaqdan, nizə və qılıncdan salamat qurtaran bir çoxu aclıqdan və xəstəlikdən məhv olmuşdu. Matəm və kədəri qələbənin saxta və aldadıcı pərdəsi ilə gizlətməyə çalışanlar küçələrdə böyük bir fəaliyyət göstərirdilər. Nə ağlamağa, nə də ölənlərdən danışmağa imkan var idi. Bu barədə Gəncə hakimi qəti tapşırıq vermişdi. Gəncə xalqına ancaq küçələrə çıxmaq və “Yaşasın Atabəy Məhəmməd! Yaşasın zəfər!” − deyə qışqırmaq icazəsi verilmişdi.
Qəlbində ağlayanların hamısı yuxarıdakı kəlmələri təkrar edir və qışqırırdı, çünki bu kəlmələri təkrar etməyənlər təqib edilir və adları siyahıya alınıb hökumətə təqdim olunurdu.
Evindən çıxmayanlar ağac və qamçı zərbələri altında küçə-lərə çıxarılırdı. Əyinində təzə paltarı olmayanlar geri qaytarılır və təzə paltar geyindikdən sonra təkrar küçələrə çıxarılırdı. Ruhanilər, xətiblər dəstələrin qabağına düşüb Quranda yazılan zəfər ayələrini bir-birinin dalınca oxuyurdular. Hər kəs hökumət məmurlarının yanından keçdiyi zaman özünü şad göstərməyə və kədərini gizlətməyə çalışırdı, lakin hər kəs ‘‘yaşasın zəfər” sözünü ancaq hökumət məmurlarının və hökumətə casusluq edənlərin yanından keçəndə qışqırırdı.
Minlərcə Azərbaycanlının məhvi üzərində qurulmuş olan bu qələbənin bütün xalqın yox, ancaq bir nəfərin qələbəsi olduğunu xalqın simasından sezmək olurdu.
Küçələrə çıxanların içərisində iki gənc−İlyasla Fəxrəddin də var idi. Gəncə mühitini titrədən bu süni şadlığı görüncə bu iki yoldaşın ürəyində Atabəy Məhəmmədə və onun Gəncə hakimi Əmir İnanca qarşı dərin bir nifrət oyandı. Gənc İlyas küçələrdən sel kimi axıb Məlikşah meydanına tərəf gedən xalqı Fəxrəddinə göstərib dedi:
− Sən mənə, Boğazdan yuxarı ‘‘yaşasın” deyən bu xalqın içərisində bir nəfər də olsun xoşbəxt olan və Atabəy Məhəmmədin xoşbəxt olmasını istəyən adam göstərə bilərsənmi Fəxrəddin çox yavaşdan cavab verdi:
− Öz hökümranlığını möhkəmlətmək üçün onlar nə iraqlılardan, nə də iranlılardan istifadə edə bilərdilər. Buna görə də, hər bir müharibədə azərbaycanlılar iştirak etməli və məhv olmalıdırlar.
Gənc İlyas ətrafını gözdən keçirərək yavaşdan dedi:
− Azərbaycan xalqı qırılıb azaldıqca məmləkətdə ərəb-fars nüfuzu çoxalmaqdadır.
İlyasla Fəxrəddin bu sözləri danışa-danışa Toğrul bəy küçəsindən El Arslan və Məsudiyyə küçələrinə girir və Sultan Səncər camesinin qarşısındakı Məlikşah meydanına yaxınlaşırdılar.
Əhali meydanda durub Gəncə xətibinin gəlməsini gözləyirdi. İlyasla Fəxrəddin də məscidin qapısı qarşısındakı hovuzun yanında dayandılar və xətibi gözləməyə başladılar.
Fəxrəddin fikirli halda başını qaldırıb, İlyasa dedi:
− Bəli, indi bu saat gələcək, Təbriz və Marağa fəthini elan edəcək, əvvəlcə xəlifənin, sonra da Toğrul və Atabəy Məhəmmədin adına xütbə oxuyacaqdır. Eyni zamanda, təzə bir müsibətin elanını da verəcəkdir.
İlyas Fəxrəddinə əyri bir nəzərdə baxıb soruşdu:
− Nə kimi müsibət?
− Atabəy Rey məmləkətinə hücum etməyə hazırlaşır. Rey hakimi səlcuqilər zamanından bəri Atabəylərə verdiyi vergidən boyun qaçırıbdır. Lakin bu müharibə qorxulu bir müharibədir. Çünki Rey hakimi öz ağzı ilə yox, Xarəzm şahlarının ağzı ilə danışır. Gec-tez onlar Rey məmləkətini öz əllərinə alacaqlar.
İlyas yenə də ona sual verdi:
− Sən buna nə cür baxırsan?
− Nə cür baxacam? Azərbaycan torpağı deyil ki, müdafiə edək.
İlyas etiraz edərək dedi:
− Mən səndən bir qardaş kimi rica edirəm, bu fikrini başqalarının yanında demə, çünki tamamilə yanlış bir fikirdir.
Fəxrəddin təəccüblə soruşdu:
− Bu fikrin yanlışlığı harasındadır?
− Doğrudur, Rey bizimki deyil, Həmədan necə, bizimdir, ya yox?
− Bizimdir Azərbaycanın qədim paytaxtıdır.
− Elə isə onu bilməlisən ki, Rey Azərbaycan atabəylərinin əlində olmazsa, Həmədanı saxlamaq mümkün deyil, çünki bir çox hadisələrdə reylilərin Qəzvini əldə etdiyi və Təbrizlə Həmədanın əlaqəsinə maneə törətdiyi görülmüşdür. Hayıf ki, mən qılınc və mizraq işlətmək işində savadsızam. Buna görədə sənə bir məsləhət görəcəyəm. İndi ki, qılınc və mizraq işlətməyə, ox və kaman işlərilə məşğul olmağa həvəsin vardır, onları yaxşı öyrən. Məndə qələm işlərində yüksək mərtəbə əldə etməyə çalışacağam. Bunların ikisi də bizə lazımdır.
Ordubadi M. S. Qılınc və qələm: II hissə (2005)
▶▶▶▶▶ Pulsuz yüklə ◀◀◀◀◀
Annotasiya: Bütün əhvalat və şəxsiyyətləri, mürəkkəb hadisələri gərgin süjet xətti ətrafında birləşdirən, oxunaqlı və yığcam quruluşlu “Qılınc və qələm”, şübhəsiz, Ordubadi yaradıcılığında mühüm yer tutan, Nizami və dövrünü öyrənməyə böyük həvəs oyadan qiymətli tarixi romandır.
Related posts:
- Miskin Abdal – Səfəvilərin böyük ideoloqu, sufi şeyxi (2018)
- Hacı İsmayıl bəy Qutqaşınlı. Əsərləri (2005)
- Lukyanova A. Sabir yaradıcılığının əsas nöqtələri (2002)
- Ordubadi M. S. Dumanlı Təbriz (roman). 1-ci kitab (2012)
- Болат Ильясов. История империи, созданной Чингис-Каганом
- Osmanlı hâkimiyetinde Revan (Çukur Sa’ad)(XVI-XVIII. Yüzyıllar Arasında sosyo-ekonomik tarih)
- Halil İnalcık. Makaleler. 2. Cild (2008)
- Hacıyeva A. A. XIX əsr Azərbaycan ədəbiyyatı tarixinin öyrənilməsində təzkirələrin rolu (2008)
- Xəlilli X. D. Dədə Qorqud oğuznamələrinin yaranma tarixi və digər oğuznamələrlə paralellərin dövrü və səbəbləri (2007)
- Koroğlu dastanı (1994)
Qılınc və Qələm
Sifarişləri Bakıya, Azərbaycanın bölgələrinə və bütün dünya ölkələrinə çatdırırıq!
Bakı üzrə 30 manatdan yuxarı sifarişlərdə çatdırılma pulsuzdur .
Operativ çatdırırıq: 24 saat ərzində * sürətli çatdırılma * poçtla * “Özün götür” xidməti ilə
Ödəniş etmək asandır: onlayn kartla * pos-terminalla * hissə-hissə * kuryerə nəğd * MilliÖn və E-Manat terminalları ilə
ISBN: 2000029447969
“Klassiklər” seriyasında bu dəfə Azərbaycan yazarının əsəri nəşr edildi.
İctimai hadisələrin son dərəcə maraqlı təsvir olunduğu «Qılınc və qələm» romanı Məmməd Səid Ordubadi yaradıcılığına xas macəraçılıq üslubunda yazılmışdır. Əsərdə Nizami Gəncəvinin surəti mərkəzi yer tutsa da, müəllif bununla kifayətlənməyərək dahi şairin yaşadığı dövrün hərtərəfli mənzərəsini canlandırmağa çalışmış, xalq həyatının geniş lövhələrini yaratmışdır. Buna görədir ki, roman baş qəhrəmanının adı ilə deyil, əsərin həyat materialında mühüm yer tutan iki amilin – xalqın fiziki və mənəvi qüvvəsinin rəmzi olaraq «Qılınc və qələm» adlandırılmışdır.
Zəngin surətlər qalereyası ilə diqqəti cəlb eləyən romanda ilk sətirlərdən oxucuya xoş gələn cəhət müəllifin özünə məxsus bir məhəbbətlə qəhrəmanların düşdüyü vəziyyəti təsvir etməsidir. Bütün əhvalat və şəxsiyyətləri, mürəkkəb hadisələri gərgin süjet xətti ətrafında birləşdirən, oxunaqlı və yığcam quruluşlu «Qılınc və qələm», şübhəsiz, Ordubadi yaradıcılığında mühüm yer tutan, Nizami və dövrünü öyrənməyə böyük həvəs oyadan qiymətli tarixi romandır.
Comments are closed, but trackbacks and pingbacks are open.