Press "Enter" to skip to content

Qədim albaniya

Görkəmli qafqazşünas tarixçi Yevgeni İqnatyeviç Krupnov yazırdı: “Albaniya tarixinin öyrənilməsi işində heç bir məhdudiyyət və məcburiyyət olmamalıdır. Albaniya tarixini müxtəlif ölkələrin tarixçiləri öyrənirlər. Lakin bir şey də məlumdur: Qafqaz Albaniyasının tarixi və taleyi ilə hamıdan çox azərbaycanlılar məşğul olmalıdırlar. Bu sahədə onlar dünya elmi qarşısında məsuliyyət daşıyırlar, dünya elminə borcludurlar” (Krupnov E.İ. – Drevneyşaə kulğtura Kavkaza i kavkazskaə gtniçeskaə obhnostğ, “CA”, 1964, No l).

Azərbaycan tarixi/Antik Albaniyanın mədəniyyəti

Azərbaycanın müxtəlif bölgələrinə təşkil edilmiş arxeoloji ekspedisiyalar zamanı alban mədəniyyətinin incəliklərini özündə əks etdirən külli miqdarda maddi-mədəniyyət nümunələri aşkarlanmışdır. Təşkil edilmiş arxeoloji ekspedisiyalar arasında Mingəçevir, Şamaxı, Qəbələ və Qax ekspedisiyaları öz məhsuldarlığı ilə diqqəti cəlb etmişdir. Alban daş heykəllərinin xüsusi mövzu çərçivəsində arxeoloji tədqiqinə 1982-ci ildən başlanılmış və mövzu ilə əlaqədar bir sıra əsərlər nəşr edilmişdir. Azərbaycan arxeoloqları tərəfindən Qarabağda daşdan yonulmuş 19 insan heykəli qeydə alınmışdır. Bu abidələr Mollalar, Şəfibəyli, Suma, Güllücə (Ağdam rayonu), Şatırlı (Bərdə rayonu), Canyataq (Ağdərə rayonu), Seysulan (Tərtər rayonu) kəndləri yaxınlığında aşkar edilmişdir. Bu heykəltaraşlıq abidələri qədim zamanlarda Qarabağın dağlıq və düzənlik hissələrinin vahid etno-mədəni məkana daxil olduqlarını təsdiq edir.

Alban məskənləri materialının öyrənilməsi ictimai-iqtisadi münasibətləri səciyyələndirmək üçün xüsusilə böyük əhəmiyyətə malikdir. Yaşayış məskənləri əsasən çay kənarlarında, münbit torpaqlara malik, strateji cəhətdən əlverişli və b. sahələrdə yerləşirdi. Bəzi məskənlər xüsusi qazılmış dərin xəndəklərlə də qorunur (Qəbələ, Qalagah, Şortəpə), daşdan hörülən müdafiə hasarları (Qırlar), yaxud torpaq səd və ya xəndək (Şortəpə) ilə dövrələnirdi. Kiçik otaqlarla yanaşı, Şərq memarlığına məxsus formalarda tikilmiş, böyük, sütunlu salonları olan saray tipli binalar da vardı; sütunların daş bazaları qalmışdır (Sarıtəpə, Xınıslı, Qəbələ). İri binalar üçün əsas tikinti materialı çiy kərpic idi. Çox qalın divarların bünövrələri çaydaşından qoyulurdu. Məskənlərin mərkəzi binaları – qəsr və ya akropol – künclərdən kvadrat bürclərlə möhkəmləndirilirdi (Qırlartəpə). Zəlzələ təhlükəsi çox olan rayonların memarlığında daş hörgüyə arada ağac tirlər (kətil) qoyulurdu ki, bu da tikintinin davamlılığını artırırdı. Binaların damı kirəmitlə örtülürdü (Qəbələ, Mollaisaqlı), divar və döşəmələri palçıqla suvanırdı. Arxeoloji qazıntılardan hörmə çubuq izləri ilə birlikdə suvaq qalıqları aşkar edilmişdir. Tikintidə ağacdan geniş istifadə edilirdi; kömürləşmiş ağac materialı qalığı bunu aydın göstərir.

Məskənlərin ərazisində çoxlu (məsələn, Mingəçevirdə 23-ə qədər) dulus kürəsi vardı. Mədəni təbəqələrdən metallurgiya ilə bağlı materiallar: butalar (Qalagah), tökmə üsulu ilə bəzək şeyləri hazırlamaq üçün daş qəliblər (Şortəpə) və s. tapılmışdır. Eramızdan əvvəl III əsrin axırlarından Qəbələnin Çaqqallı, Qala və Səlbir hissəsində zəngin həyatın varlığı təsdiq edilmişdir. Qəbələ möhkəm müdafiə tikililəri ilə əhatələnmişdi. İctimai binalardan birinin divarlarının qalınlığı 2 metrə yaxın olub, bir neçə salonu vardı. Binanın üstü yüksək keyfiyyətli kirəmitlə örtülmüşdü, kirəmitə ustaların damğaları və başqa fərqləndirmə nişanları vurulmuşdu. Təsərrüfatın müxtəlif sahələri, sənətkarlıq, daxili və xarici ticarət, habelə pul tədavülü intensiv inkişaf edirdi. Anbarları, müxtəlif mallar doldurulmuş sandıqları möhürləyərkən tətbiq edilən möhürlər və ya bullalar (möhür vurulmuş gil parçaları), habelə çoxlu dən daşları, ərzaq saxlanılan iri küplər eramızdan əvvəl III-II əsrlərdən intensiv təsərrüfat və ticarət həyatının səciyyəvi əlamətlərini əks etdirir.

Azərbaycanın müxtəlif rayonlarında: Qaraköbər (Ağcabədi rayonu), Qalatəpə (Beyləqan rayonu), Əmirvan, Seyidtala (Qəbələ rayonu), Vardanlı (Oğuz rayonu), Canaxar, Xuçbala (Quba rayonu), Kirzan (Qazax rayonu), Torpaqqala (Qax rayonu), habelə Şamaxı, Fizuli, Gəncə, İsmayıllı, Şəmkir rayonlarında, Alazan çayı hövzəsində, Dağıstanda və Kür ilə Araz arasındakı ərazidə xeyli yaşayış məskənləri üzə çıxarılıb öyrənilmişdir. Qədim qəbir abidələrinin tədqiqi Albaniya əhalisinin dünyagörüşünü, dini və etnik fərqlərini əks etdirən zəngin material vermişdir. Meyiti torpaqdan seçmək üçün çox vaxt qəbirin yerinə ağ əhəng çəkilir, habelə çiy kərpic və ya taxta döşənirdi. Qeyd etmək lazımdır ki, bir qəbiristanın hüdudları daxilində çox vaxt ölülər müxtəlif qaydada dəfn olunmuşdur; eyni zamanda məskənin ətrafında bir neçə qəbiristanın olması halları da məlumdur. Ölülər dördkünc, dəyirmi, ovalşəkilli torpaq qəbirlərdə, küplərdə, taxta qutularda, saxsı təknədə, çiy kərpicdən hörülmüş qəbirdə, daş qutularda, habelə katakombalarda dəfn edilirdi. Məsələn, Nüydü, Qəbələ, Yaloylutəpə, Uzunboylar üçün torpaq qəbirlər, Qaraköbər qəbiristanı üçün küp qəbirlər, Xanlar üçün (Gəncə yaxınlığında) çiy kərpicdən hörülmüş qəbirlər, Mollaisaqlı üçün saxsı tabutlar səciyyəvi olduğu halda, Şamaxı və Mingəçevir məzarıstanlarında bir qəbiristanın hüdudları daxilində bir neçə tip qəbirlər məlumdur ki, bu da görünür, müxtəlif etnik qrupların mövcud olması ilə bağlıdır. Bu və ya digər dəfn qaydalarına görə müxtəlif arxeoloji mədəniyyətləri də bir-birindən ayırmaq mümkündür. Məsələn, ölünün bükülü vəziyyətdə qoyulduğu, özünəməxsus səciyyəvi keramikası olan torpaq qəbirlər müstəqil arxeoloji mədəniyyət kimi ayrılmış və ilkin aşkara çıxarıldığı yerə görə, “Yaloylutəpə mədəniyyəti” adını almışdır. Torpaq qəbirləri antik dövrdə də Albaniya ərazisində geniş yayılmış qəbir abidələrinin ən sadə və qədim tipidir. Bunlar əsasən dördbucaq və oval formasındadır. Adətən qəbrin ölçüləri dəfn edilən şəxsin ölçülərindən böyük götürülürdü. Qəbrə ölü ilə birlikdə müxtəlif məişət əşyaları və qurbanlıq heyvanların cəmdəkləri də qoyulurdu. Onların bəzi məhəlli xüsusiyyətləri də vardır. Məsələn, Mingəçevirdə qəbirlərin demək olar hamısında skelet azacıq bükülü vəziyyətdə idi və başı əsasən şimal-şərqə tərəf qoyulmuşdu. Qəbirdə zəngin avadanlıq vardı. Tapıntıların təhlili göstərilən qəbirləri eramızdan əvvəl V-III əsrlərə aid etməyə imkan verir. Qırlartəpə məskəninin yaxınlığında yerləşən torpaq qəbirdən iki gümüş piyalə tapılmışdı. Albaniya ərazisində iri küplərdə dəfn etmək adəti geniş yayılmışdı. Küplərdə dəfn etmək adəti ən qədim əsrlərdən başlanmışdır. Bu tip qəbirlər müxtəlif vaxtlarda Ön Asiyada və Qafqazda geniş yayılmışdır. Albaniyada bu adət eramızdan əvvəl I minilliyin ikinci yarısından ta eramızın VIII əsrinədək mövcud olmuşdur. Albaniyanın qəbir abidələrinin başqa bir tipi ölülərin gil tabutlarda dəfn edilməsidir. Kiçik gil tabutlar böyük tabutlardan yalnız ölçüsü ilə deyil, forması ilə də fərqlənir, onların bir və ya iki tutacağı vardır, deşikləri yoxdur; skeletlər bükülü vəziyyətdə sol və ya sağ böyrü üstə qoyulmuşdur. Gil tabutlarda dəfn etmək adəti vaxt etibarilə əsasən Yaloylutəpə mədəniyyəti dövründə, yəni eramızdan əvvəl III əsrdən eramızın I-II əsrlərinə qədər olan dövrə uyğun gəlir. Tarixi Albaniyanın ərazisində katakomba, taxta qutu və çiy kərpic qəbirlər aşkara çıxarılmış və öyrənilmişdir. Qəbirlərin bu tipi Azərbaycan ərazisinə sarmatmassaget-alan və digər irandilli tayfalar tərəfindən gətirilmiş və yerli əhali arasında qismən yayılmışdır. Bu tip qəbirlər eramızın I-IV əsrlərinə aid edilir; bunlar yalnız Mingəçevirdən tapılmışdır. Taxta qəbirlərdə ölülər bir qayda olaraq qoşa dəfn edilir, başları cənub-şərqə tərəf qoyulurdu. Eramızın I-II əsrlərindən başlayaraq işlədilən kirkirə daşlarının tapılması dən üyüdülməsinin yeni üsullarının tətbiqi ilə bağlıdır. O dövrdə xeyli miqdarda dişli oraqların olması biçin prosesində əmələ gələn tərəqqini arxeoloji cəhətdən təsdiq edir. Bitki qalıqları Albaniyada istehsal olunan məhsulların çeşidi haqqında mühakimə yürütməyə imkan verir.

Albaniya ərazisində xeyli miqdarda dəmirçilik məmulatı üzə çıxarılmışdır; onların böyük bir qismi yerli ustaların məhsuludur, bununla birlikdə gətirilmə əşyalara, başlıca olaraq zərif qab-qacağa və bəzək şeylərinə də təsadüf edilir. Alban cəmiyyətinin əyanlar təbəqəsinin məişətində geniş istifadə olunan gümüş və mis qab-qacaq cəmiyyətin sosial cəhətdən yekcins olmadığını da aydın bildirir. Metal qablarla yanaşı, şüşə məmulatı da geniş yayılmışdı. Albaniyada şüşə qab istehsalının eramızın II-III əsrlərindən meydana gəldiyi ehtimal edilir. Əvvəlki dövrdə isə bunlar Şərq ölkələrindən gətirilirdi.

Zərgərlik də nəzərə çarpacaq dərəcədə inkişaf etmişdi. Bəzək şeyləri metaldan, şüşədən, gildən, pastadan, müxtəlif qiymətli və yarımqiymətli daşlardan hazırlanırdı. Bəzək şeylərinin tərkibinə qadın tacları (çələngləri), boyunbağılar, qolbaqlar, üzüklər, asma bəzəklər, sancaqlar, toqqalar, muncuqlar, müxtəlif tikmə, bəzəklər və i.a. daxildir. Ayrı-ayrı keramik qolbaq nümunələri də məlumdur. Bu qolbaqlar həm də qədim albanların ideoloji təsəvvürlərini əks etdirən ayin əşyaları idi. Boyunbağılar əsasən o dövrün ən erkən qəbirlərinin materiallarından tanışdır. Alban kişi və qadın qəbirlərində tez-tez üzük və sırğalara rast gəlinir – bunlar formaca bir-birindən fərqlidir. Qaşlı üzüklər möhür rolunu oynayırdı və xronoloji cəhətdən, bir qayda olaraq, qaşsız üzüklərə nisbətən daha sonralara aiddir. Üzük-möhürlərin xarici nümunələri adətən Romadandır. Onlar Qafqaz Albaniyasının Roma ilə geniş əlaqələrə malik olmasını təsdiq edir. Qeyd etmək maraqlıdır ki, Şatırlı antik məskəni yaxınlığında olan qəbiristanda qazıntı zamanı müxtəlif zərgərlik məmulatı ilə birlikdə tökmə üsulu ilə sırğalar və digər bəzək şeyləri hazırlamaq üçün işlədilən daş qəliblər tapılmışdır. Bəndlər bəzək şeyləri arasında mühüm yer tutur. Əcnəbi bəndlər, əsasən Roma bəndləri çoxdur. Muncuqlar əsasən antik dünyanın məşhur mədəniyyət mərkəzlərindən gətirilirdi və digər gətirilmə materiallarla birlikdə bunlar sübut edir ki, eramızdan əvvəl IV-I əsrlərdə və eramızın I-II əsrlərində Qafqaz Albaniyası Qara dənizin şimal sahilində yerləşən şəhərlərlə, Parfiyanın, Romanın, Mesopotamiyanın, Misirin, Hindistanın, Suriyanın şəhərləri ilə geniş ticarət əlaqələri və mədəni əlaqələr saxlamışdır. Miladdan əvvəl I minilliyə və miladın ilk əsrlərinə aid olan, əsasən hellinizm dövlətlərində, Romada kəsilmiş sikkələrdən ibarət dəfinələr, habelə albanların öz sikkələri aşkara çıxarılıb öyrənilmişdir. Gümüş alban sikkələri Bərdə, Xınıslı, Qəbələ, Nüydü, Qırlartəpə abidələrindən məlumdur. Aşkara çıxarılmış sikkə dəfinələrinin tədqiqi göstərir ki, həmin sikkələr eramızdan əvvəl III əsrin axırlarından etibarən Albaniyada zərb edilib yayılmışdır.

Qədim yerli ənənələrə əsaslanan Albaniya incəsənəti antik dövrdə müəyyən dərəcədə tənəzzülə uğrayır, daha erkən inkişaf dövrlərini səciyyələndirən rəngkarlıq sənəti qeyb olur; keramikaya vurulan əlvan naxışlar başlıca olaraq daha bəsit xarakter daşıyır. Bununla birlikdə dekorativ-tətbiqi sənətin daha da inkişaf etdiyini qeyd etmək lazımdır. Məhz antik dövrdə dulus çarxının demək olar ki, tamamilə istifadədən çıxmasına və alban keramikasının böyük bir qisminin əllə hazırlanmasına baxmayaraq, keramika öz formalarının simmetrikliyi və zərifliyi ilə fərqlənir. Eramızdan əvvəl IV-III əsrlərdə geniş yayılmış olan bədii keramikaya əməli əhəmiyyətini də saxlayan ən müxtəlif zoomorf və antropomorf qablar daxildir. Qadın çöhrəsinin zəngin təxəyyülü naməlum usta tərəfindən məharətlə yaradılmış təsviri əsrləri arxada qoyaraq bizə gəlib çatmışdır. Albaniya terrakotları hər şeydən əvvəl qadın heykəlcikləri, az-az hallarda kişi heykəlcikləri, zoomorf fiqurlar, o cümlədən yüyənli at təsvirləri ilə təmsil olunmuşdur. Çox ehtimal ki, terrakotlar ən qədim zamanlardan məhsuldarlıq rəmzi sayılan Ana İlahəsinin təsviri ilə bağlı olmuşdur. Albaniyanın monumental heykəltəraşlığı əsasən Şirvanda və Qarabağda üzə çıxarılmış antropomorf daş heykəllərlə təmsil olunmuşdur. Şamaxı rayonu Çıraqlı kəndində tapılmış daş heykəllər qrupunda üzün cizgiləri aydın təsvir olunmuş, sakitlik, müdriklik, mərdlik kimi xassələrin realistcəsinə ifadə edilməsinə cəhd göstərilmişdir. Daş heykəllər əsasən yerli bütpərəst əhalinin səcdə etdiyi kişi bütləri idi. Bu ənənə antik dövrdən ta ilk orta əsrlərə qədər yaşamışdır.

Strabonun məlumatına görə, albanlar yunanca Helios, Zevs və Selena adlandırılan üç allaha sitayiş edirdilər. Antik müəllifin dediyinə görə, albanlar Selenaya üstünlük verirlər. “Onun məbədi İberiyanın yaxınlığındadır”. Başqa bir məbəd vilayəti Kür çayının sahilində idi. Dion Kassinin yazdığına görə, Pompey albanlara qarşı yürüşü zamanı “qış düşərgəsini Anait vilayətində Kür sahilində salmışdı”. Maraqlıdır ki, Şərqi Albaniyada Kaspi dənizinin adalarında da müqəddəs vilayətlər olmuşdur. Bu barədə Mela məlumat verir. Mela müqəddəs ağacları olan müqəddəs ərazilərdən bəhs edir. Ola bilər ki, Kaspi Talqasında daha primitiv xarakterli bir ibadətgah və ya bir növ qədim pir varmış. Qədim Albaniya panteonunun bir allahının Strabon tərəfindən antik dünyanın məşhur baş allahı Zevslə eyniləşdirilməsi ilə əlaqədar olaraq iri daş bütlər maraq doğurur. Bunların ən səciyyəvi olanları Xınıslıda, Dağkolanıda və Çıraqlıda aşkara çıxarılmışdır. Çoxunun əl-ayağı və ya başı yoxdur. Bunlar xronoloji cəhətdən eramızdan əvvəl son əsrlərə – eramızın ilk əsrlərinə aiddir. Bütün bu bütlər yonulma texnikasına görə nisbətən aşağı səviyyədə durur, qədim Yunanıstan və Roma heykəltəraşlarının heykəlləri ilə müqayisəyə gəlmir. İlahəyə sitayiş müqəddəs ağacla bağlıdır. Müqəddəs ağaclara (saqqız ağacı, dəmirağacı, çinar, qarağac və s.) sitayişin izləri bizim günlərdə də qalmışdır. Ay rəmzlərindən biri də görünür, ilan təsviridir. Ornamentdə ilan təsviri Qafqaza məxsus bir rəmz sayılır. Bir çox qəbirlərdən xeyli bilərzik tapılmışdır ki, onların bir qisminin başı ilan şəklindədir. Bir çox hallarda “üç”, “yeddi”, “on bir” miqdar nisbətini ifadə edən ornamentlə bəzədilmiş məmulatın olması güman etməyə əsas verir ki, Albaniyanın qədim əhalisi qəməri təqviminin güclü təsiri altında imiş. Başqa bir rəvayətə görə, Ay Yerin üzərində olanda Selena, Yerin daxilində olanda Artemida, əks tərəfdə olanda isə hekatadır. Dinin parlaq əlamətlərindən biri ornamentdir. Torpaq qəbirdən tapılmış qabın gövdəsində çökək nöqtələrdən ibarət ornament vurulmuşdur. Maraqlıdır ki, Mil düzünün küp qəbirlərindəki qablarda da torpaq qəbirlərdən tapılmış qablardakı “üç”, “yeddi” və “on bir” ədədi semantikası bu və ya digər formada təkrar olunur. Ay albanların dini təsəvvürlərində fövqəladə rol oynayırdı, güman ki, Selena ilahəsinə sitayiş ilə bağlı idi. Yaxın vaxtlarda Azərbaycanda Selenaya sitayişin və Şərqi Gürcüstanda qədim etiqadların ünsürləri tapılmışdır. Mollaisaqlıda, Mingəçevirdə, Xınıslıda aşkar edilmiş terrakot heykəlciklər bu baxımdan maraqlıdır. Terrakot heykəlciklər eramızdan əvvəl son əsrlərə – eramızın ilk əsrlərinə aid edilir. Qədim alban heykəlciklərini Qobustan qaya rəsmləri ilə tutuşduraraq belə bir fərziyyə söyləyirlər: qadın heykəlcikləri də, qadın rəsmləri də mənşə etibarı ilə Bərəkət ilahəsinin obrazından götürülmüşdür. İosif Flavi bu haqda məlumat verir. O, parfiyalıların evdə büt saxlamaq adətini xatırladır, bu adət albanlara da aid ola bilərdi. Helios, Zevs və Selena allahlarının adları qədim dövrün başqa xalqlarında da çəkilir. Məsələn, Strabon Parfiya dövrü haqqında belə bir məlumat verir ki, “farslar Zevsə səcdə edirmiş kimi hündür bir yerdə qurban kəsirlər”. Strabonun yunan adları ilə adlandırdığı eyni allahlara sitayiş olunması, görünür, onu sübut edir ki, farsların, madalıların, ermənilərin və albanların oxşar panteonu varmış, lakin hər bir ayrıca halda üstünlük allahlardan birinə verilirdi. Qurbankəsmə və ətpaylama adəti Azərbaycanın hər yerində əhali arasında indi də yayılmışdır.

Arşakilər dövrünün sonu qədim dini təsəvvürlərin tənəzzülə uğraması, sonra isə xristianlığın yayılması ilə səciyyəvi idi. Yeni təlimin qələbəsi heç də köhnə, xristianlıqdan əvvəlki dini baxışların məhv olub getməsi demək deyildi. Qədim ayinlərin qalıqları geniş xalq kütlələri arasında yaşamaqda davam edirdi. Xristianlıq ideyaları yayıldığı kimi, hakim yuxarı təbəqənin iqtisadi və siyasi hökmranlığı da yayılırdı. Xristianlıq tez-tez ciddi məğlubiyyətlərə düçar olurdu. Məsələn, Kalankatlıya görə, “Alban katolikosu Qriqorisin ölümündən sonra barbar Şərq xalqları yenə bütpərəstliyə qurşandılar və çoxlu atəşgahlar quraraq xristianlığa qarşı təqiblərə başladılar”. Antik dövrün və orta əsrlərin yazıçıları tərəfindən xatırladılan etiqadlar Albaniyada hələ uzun müddət yaşadı.

İstifadə olunmuş ədəbiyyat siyahısı [ redaktə ]

1. Azərbaycan tarixi. Yeddi cilddə. I cild (Ən qədimdən – b.e. III əsri). Bakı, “Elm”. 2007
2. Əliyarlı S. Azərbaycan tarixi. Bakı, “Çıraq”. 2009
3. Оsmanov F.L. Qafqaz Albaniyasının maddi mədəniyyəti. Bakı, 1984
4. Рзаев Н.И. Искусство Кавказской Албании (IV в. до н.э. – VII в. н.э.). Баку, 1976
5. Асланов Г.М., Голубкина Т.И., Садыхзаде М.Г. Каталог золотых и серебряных предметов из археологических раскопок Азербайджана. Баку, 1966
6. Ямпольский З.И. О статуе, найденной на территории Кавказской Албании. КСИИМК, 1955, вып. 60.F
7. Халилов М. Дж. Исследование каменных изваяний Карабаха. – В сборнике: Археологические открытия 1982 года. Москва, 1984, с. 438-439.
8.Нуриев А.Б. О некоторых античных сосудах, найденных на территории Кавказской Албании. МКА, VIII, Баку, 1976.

Qədim albaniya

Albaniya – Qədim Azərbaycan dövləti

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Bu yazıda e.ə. IV əsrin sonu – III əsrin əvvəllərində mövcud olmuş qədim Azərbaycan dövləti olan Albaniya tarixindən bəhs olunur.

“Albaniya” və “albanlar” tarixi Azərbaycanın əsasən şimal vilayətlərini əhatə edən ölkənin və həmin ölkədə yaşayan xalqın antik mənbələrdən məlum olan adlarıdır. Qədim Azərbaycan dövləti Albaniya tarixi Azərbaycan ərazisində, müasir Azərbaycan, Ermənistan və Gürcüstanın bir hissəsi, həmçinin Cənubi Dağıstan ərazilərində mövcud olmuş tarixi dövlət olmuşdur.

Paytaxtı əvvəlcə Qəbələ, sonra isə Bərdə şəhərləri olmuşdur. Antik dövrün müəyyən bir mərhələsini və erkən orta çağların bir neçə yüzilliyini əhatə etmiş Azərbaycan Albaniya dövrü Vətənimizin tarixində böyük və çox mühüm mərhələdir. Azərbaycanlılar alban mədəniyyətinin, albanlar tərəfindən yaradılmış bütün dəyərlərin varisləridir.

Görkəmli qafqazşünas tarixçi Yevgeni İqnatyeviç Krupnov yazırdı: “Albaniya tarixinin öyrənilməsi işində heç bir məhdudiyyət və məcburiyyət olmamalıdır. Albaniya tarixini müxtəlif ölkələrin tarixçiləri öyrənirlər. Lakin bir şey də məlumdur: Qafqaz Albaniyasının tarixi və taleyi ilə hamıdan çox azərbaycanlılar məşğul olmalıdırlar. Bu sahədə onlar dünya elmi qarşısında məsuliyyət daşıyırlar, dünya elminə borcludurlar” (Krupnov E.İ. – Drevneyşaə kulğtura Kavkaza i kavkazskaə gtniçeskaə obhnostğ, “CA”, 1964, No l).

Burada yaşamış tayfalar haqqında Yunan-Roma müəllifləri məlumat verirlər. Strabonun məlumatına görə, Albaniya əhalisi 26 dildə danışan tayfalardan ibarət idi. Qaynaqlarda Albaniyada yaşayan xalq və tayfalar sırasında utilər, qarqarlar və amazonkalar, sovdelər, kaspilər, maqlar, sisaklar, mardlar və amardlar, ariaklar və anariaklar, qellər və leqlərin adları çəkilir. Bu tayfaların ən qədimləri Qafqaz və türk dillərində danışan avtoxton etnoslar olmuşlar (Əmpolğskiy Z.İ. Drevneyşie svedeniə o törkax v zone Azerbaydjana, //Uçen. zap. AQU im. S.M.Kirova, 1966, ? 2; Aliev K.Q. K voprosu o plemenax Kavkazskoy Albaiii//Tr. VIII mejdunar. konqressa antropoloqii, i gtnoqrafiç. nauk, t. 10, M., 1970; Aliev K.Q. K voprosu o nomadax Sredney Azii i drevneqo Azerbaydjana (Atropatenı i Kavkazskoy Albanii)//Üentralğnaə Aziə v kuşanskuö gpoxu. M., Nauka, 1975).

Qədim Albaniya etnik tərkibinə görə kifayət qədər rəngarəng ölkə idi. Lakin albanlar bu ərazidə daha iri tayfa idi. Buna görə də bütün ölkə Albaniya adlanmağa başlanmışdı. Lakin bu da tamamilə mümkündür ki, bu tayfanın özü adını ölkənin adından almışdır.

Mütəxəssislər qeyd edirlər ki, “Alban” adını türkdilli tayfalarla bağlamaq daha uyğun variantdır (Q. Qeybullayev, 1991, səh 227; Əmpolğskiy Z.İ. Drevneyşie svedeniə o törkax v zone Azerbaydjana, //Uçen. zap. AQU im. S.M.Kirova, 1966, ? 2; Əmpolğskiy Z.İ. Drevnie avtorı o əzıke naseleniə Azerbaydjana //İAN AzSSR, 1955, ? 8; Əmpolğskiy Z.İ. K voprosu ob odnoimennosti drevneyşeqo naseleniə Atropatenı i Albanii //Tr. İİF AN AzSSR, 1954, t. 4). Çünki hal-hazırda Orta Asiyada konkret olaraq Qazaxıstanda alban adlı türkdilli qəbilə yaşayır. Bundan başqa çuvaşların öz yaranışları haqqında dastanda çuvaşların yaranması haqqında danışılarkən bildirilir ki, onların ulu əcdadları Qafqaz dağlarının o tərəfindən gəlmiş alpanlar olmuşdur. Son dövrlərdə aparılan sanballı elmi tədqiqatlar nəticəsində Qafqaz albanlarının türk mənşəli və türkdilli tayfa olması birmənalı şəkildə sübut edilmişdir.

Qafqaz Albaniyasında şəhərlərin yaranması məhsuldar qüvvələrin ümumi inkişafından, sosial-iqtisadi münasibətlərdə baş verən köklü dəyişikliklərdən irəli gəlmişdi. Bunlar nəticə etibarı ilə sənətin əkinçilikdən ayrılmasına, ticarətin, əmtəə-pul münasibətlərinin coşqun inkişafına, siniflərin və dövlətin meydana gəlməsinə səbəb olmuşdu. İnzibati bölgü baxımından Albaniya vilayətlərə və əyalətlərə bölünmüşdü. Albaniyanın solsahil ərazisi 11 vilayətdən ibarət idi. Çola vilayəti Dərbənd keçidindən Cənuba doğru, təxminən Beşbarmaq dağınadək Xəzər sahili zolağı əhatə edirdi. Vilayətin iri şəhərləri Çola və Dərbənd idi. Lpina Çolanın Şimal-Qərbində, Çola ilə Şəki arasında yerləşən vilayət olmuşdur.

Yunan müəlliflərinin əsərlərində adı çəkilən Kambisenanın ərazisi Albaniyanın Şimal-Qərbində, İberiya sərhəddində yerləşmişdi. Kambisena Şimal-Qərbdə Alazan və İori çaylarının orta axarlarından, Cənubda Kür çayınadək, Şərqdə isə Alazan, Kür və İori çaylarının qovşağınadək ərazini əhatə edirdi. Daş-kəsəli Şirak yaylasının da yarısı bu əraziyə daxil idi.

Qəbələ (Kabalaka) vilayəti Lpinadan Cənubda, Şəki və Çola vilayətləri arasındakı ərazini əhatə edirdi. Bu vilayətdə Albaniyanın paytaxtı Qəbələ şəhəri yerləşirdi ki, bu barədə ilk dəfə eramızın I əsrində Böyük Plini xəbər verir. Qəbələ antik dövrdən erkən orta əsrlərə – V əsrə qədər Albaniyanın paytaxtı, Alban Arşakilərinin iqamətgahı və alban arxiyepiskopunun qərargahı olmuşdur. 510-cu ildə Alban Arşakiləri öz hakimiyyətini başa vurduqdan sonra Qəbələ Sasanilərin təyin etdikləri mərzbanların qərargahına çevrilir. Şəki vilayəti Qafqazın dağətəyi ərazisində, Qəbələnin Şimal – Qərbindəki ərazini tutur. Qərbdə və Cənub – Qərbdə tarixi Kambisena vilayəti ilə Şimal – Qərbdə Lpina vilayəti ilə, Cənub – Şərqdə Qəbələ ilə həmsərəd idi. Paytakaran (Moisey Kalankatlıda Balasikan, fars və ərəb mənbələrində Balasakan) vilayəti Azərbaycan Respublikasının Cənub-Şərq hissəsində yerləşərək, Xəzər dənizinin sahillərinə qədər uzanırdı. Mil və Muğan düzlərinin bir hissəsini əhatə edirdi. Ehtimal ki, Paytakaran ayrı-ayrı vaxtlarda vilayətin Cənubunda yerləşən Atropatenanın Şimal – Şərq torpaqlarını da özündə birləşdirmişdir. Paytakaran siyasi cəhətdən gah Albaniyaya, gah da Atropatenaya meyl edib və ayrı-ayrı dövrlərdə onun tərkibinə daxil olmuşdur. IV əsrin II yarısında Paytakaran birdəfəlik Albaniyanın tərkibinə qatılmışdır.Tarixi əyalət sayılan Uti (yunanca Otena) Paytakaran kimi Kürün sağ sahilində yerləşirdi. Şərqə Paytakaranla, Cənubda Artsakla həmsərhəd idi. Şimalda Kür çayı ilə əhatə olunmuşdu, Qərbdə isə Albaniya və İberiya sərhəddinə kimi uzanırdı. Antik şəhərlərdən Ayniyana, Xani, Anariaka, Xalxal, eləcə də Moisey Kalankatlının yazdığına görə . Bərdə (Partav) bu vilayətdə idi.

Artsak və ya Ərsaq vilayəti sağsahil Albaniyasının ən mühüm vilayətlərindən biri olmuş və hazırda Qarabağın dağlıq hissəsini və Mil düzünün bir hissəsini əhatə etmişdir. Əyalətin əhalisini qarqarlar, utilər, hunlar, xəzərlər və barsillər təşkil edirdi.

Sünik – (Sisakan) vilayəti Albaniyanın Cənub ucqarında yerləşərək Qərbdə Ermənistan və Şimalda Artsak arasındakı ərazini əhatə etmiş, Göyçə gölünün Cənubunda yerləşmişdir. Sünik ayrı-ayrı dövrlərdə gah Albaniyanın, gah da Atropatenanın tərkibində olmuşdur. Bizim eranın I əsrində hakimiyyət başına gələn ilk Albaniya hökmdarını Sünik nəsli ilə bağlayırlar.

(ardı gələn sayımızda)

Babək ƏLİYEV

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun

maliyyƏ yardımı ilƏ

Ədalət � 2018.- 5 yanvar.- S.7.

Albaniya Dövləti Qədim Dövrdə

Albanlar Siyasət Pul Təsərrüfat Sənətkarlıq Xristianlıq Yazı sistemi

ALBANİYA VƏ ALBANLAR

E.ə. IV- eramızın VII əsrlərində Azərbaycanın әsasәn şimal vilayәtlәrini əhatə edən ölkәnin vә onun xalqının antik mәnbәlәrdәn mәlum olan adlarıdır. Bu mənbələrə görə alban tayfaları cәnubda Araz çayı vә Talış dağlarından şimalda Böyük Qafqaz sıra dağlarının şimal-şәrq ətəklərinədək olan ərazidə məskunlaşmışdı. Bu ərazidə başqa tayfalar da – kaspi, uti, aynian, anariak, savdey, qardman, her, gel, leq, didur, çilb, lpin və b. yaşamışdır. Onlar Yaloylutəpə və küp qəbirləri mədəniyyətlərinin sahibləri olmuş, vahid dövlət yaratmışlar.

ALBANİYANIN SİYASİ TARİXİ

Qədim dövrlərdə Araz çayından şimalda yaşayan çoxsaylı tayfalardan biri albanlar idi. Albanlar Qavqamelada Makedoniyalı Aleksandra qarşı döyüşmüşlər. Antik məlumatlara əsasən, Albaniya dövləti e.ə. IV əsrdə yaranmışdır. E.ə. III əsrdə Makedoniyalı Aleksandrın pullarına oxşar yerli gümüş alban pullarının kəsilməsi, üzərində müxtəlif süjetlərin əks olunduğu üzük formalı möhürlərdən istifadə olunması dövlətin mövcudluğundan xəbər verirdi. Qədim Alban dövlətinin paytaxtı Qəbələ şəhəri idi.

E.ə. IV əsrin II yarısında Azərbaycanın cənubunda Atropatena, şimalında isə Alban dövləti artıq mühüm siyasi amilə çevrilmişdi.

Albaniyanın şərq sərhədini Xəzər dənizi, qərb sərhədini isə İberiya (İori çayınadək) təşkil edirdis. Kaspi-Xəzər dənizini həm də Alban dənizi adlandırmışdılar. Alban dövlətinin şimal hüdudları Dərbənddən yuxarı, Samur dağ silsiləsindən başlayırdı; Araz çayı isə Alban dövlətinin cənub sərhədi hesab olunurdu.

Strabona görə, Albaniyada yaşayan 26 tayfanın içərisində kaspiləri, utiləri, qarqarları, qardmanları, leqləri, gelləri və başqalarını göstərmək olar. Onlar e. ə. I minilliyin ortalarında daha böyük tayfanın adı ilə – albanlar adlandırılmışdır. Antik müəlliflərə görə əvvəllər burada hər qəbilənin öz padşahı var idisə, artıq e.ə. I əsrin 60-cı illərində bütün alban qəbilələrinə bir padşah başçılıq edirdi. Roma sərkərdələri Pompeyin yürüşləri zamanı Albaniyanı Oroys, Antoninin yürüşləri vaxtı isə Zober adlı hökmdar idarə edirdi. E.ə. I əsrdə Albaniyanın hökmdarı Aran olmuş, sonralar hakimiyyət onun nəslinə – Aranşahilərə mənsub olmuşdur. Alban müəllifinə görə Arandan başlayraq Albaniyada hakimiyyətə Parfiya Arşakilərinin nəslindən olan, I Qoçaq Vaçaqan, I Vaçe, Urnayr, II Vaçaqan, Mirhavan, Satay, Asay, Arsvaqen (Yesuagen), II Vaçe və Mömin III Vaçaqan gəlmişdir.

Albaniyada hökmdardan sonra ən böyük hörmət sahibi antik dövrdə baş kahin sonralar xristian kilsəsinin başçısı sayılırdı. Baş kahin əhalisi sıx olan böyük müqqəddəs məbəd torpağına başçılıq edirdi və məbəd qulları da onun ixtiyarında idi. Albaniyada hakim zümrəyə əyanlar və kahinlər daxil idi. Cəmiyyət ali zümrə ilə yanaşı, kəndlilər, sənətkarlar və tacirlərdən ibarət idi. Misir, Mesopotamiya, Yunanıstan, Roma kimi klassik quldar dövlətlərindən fərqli olaraq Albaniyada qul əməyindən az istifadə olunmuşdur. Strabona görə, Pompeyin yürüşləri zamanı albanlar romalılara qarşı 60 min piyada və 22 min atlı qoşun çıxarmışdılar.

E. ə. I əsrdə romalıların hərbi planlarında Albaniya və qonşu İberiya önəmli yer tutmağa başlamışdı. E.ə. 66 və e.ə. 65-ci illərdə Roma sərkərdəsi Pompey Albaniya üzərinə yürüş etmiş, Kür çayı və Alazan çayı döyüşlərində qalib gəlsə də, sonda geri çəkilməyə məcbur olmuşdu. Romalılara qarşı kişilərlə birlikdə mənbələrdə amazonkalar adlandırılan alban qadınlarının da qəhrəmanlıqla vuruşması antik Roma müəlliflərinin heyrətinə səbəb olmuşdu.

Roma imperatoru Oktavian Avqustun hakimiyyətinin sonlarına aid Ankir kitabəsində Albaniya hökmdarının Roma ilə dostluq etmək niyyətindən bəhs edilmişdir. Bu yazı göstərir ki, eramızın I əsrinin əvvəllərində öz ölkəsini müstəqil idarə edən Alban hökmdarları Roma ilə dinc münasibətlər qurmağa çalışırdılar. Qobustanda bir qaya üzərində Roma imperatoru Domisianın adı ilə bağlı olan kitabənin qalması eramızın I əsrində Roma-Alban əlaqələrindən xəbər verir.

Bizim eranın I – II əsrlərində şimaldan gələn sarmat-alan tayfalarının yürüşləri talançılıq məqsədi daşıdığından Albaniyaya böyük ziyan vurmuşdu.

ALBANİYANIN PULLARI

Azərbaycanda monetar pul dövriyyəsinin tarixi Makedoniyalı Aleksandrın gümüş draxma və tetradraxmaları ilə başlayır. Aleksandrın ölümündən sonra yaranmış ellinist dünyası ilə sıx əlaqələri nəticəsində Azərbaycanda bir çox xarici ölkənin – Makedoniya, Frakiya, Afina, Roma, Vifiniya, Kappadokiya, Pont, Selevkiya, Parfiya, Baktriyanın gümüş sikkələri işlədilirdi. Azərbaycan beynəlxalq əmtəə-pul mübadiləsi sferasına daxil olur, öz pul vahidlərini – gümüş draxmalar və tetradraxmalarını zərb edirdi. İlk alban zərbxanası, çox ehtimal ki, Albaniyanın paytaxtı Kabalaka (indiki Qəbələ) şəhərində yerləşir və təqlidi alban sikkələri də burada kəsilirdi. Azərbaycan dövlətçiliyinin ilkin və önəmli rəmzləri olan bu sikkələr Albaniyanın inkişaf etmiş əmtəə-pul münasibətlərinin səviyyəsindən və formalaşmış dövlət siyasi-inzibati qurumlarından xəbər verir.

ALBANİYADA TƏSƏRRÜFAT

Qafqaz Albaniyasının iqtisadiyyatı əkinçilik, maldarlıq, sənətkarlıq və ticarət üzərində qurulmuşdur. Yaşayış yerləri və qəbir abidələrindən ölkə təsərrüfatının hər sahəsinə aid maddi-mədəniyət nümunələri aşkar olunmuşdur.

Əkinçilik

Albaniyanın əhalisi ağac xış və bel ilə yeri şumlayır, torpağa dənli bitkilər səpir, süni arxlar vasitəsilə suvarır, məhsulu dəmir oraqlar və dəryazlarla biçir, sünbülü heyvan qoşulmuş vəllərlə döyür, taxılı quyulara və küplərə yığır, dəni qayıqvari dən daşları və istifadəsi I-II əsrlərdən başlamış əl dəyirmanları vasitəsilə üyüdürdü. Albaniyada su dəyirmanları da olmuşdur. Bir çox abidələrdən əkinçilik alətləri və müxtəlif bitki qalıqları, Mingəçevirdən isə quyuların birində hətta 15 kiloqram un, qabların birindən isə buğda unundan yoğrulmuş xәmir tapılmışdır. Albanlar bağçılıq və bostançılıqla məşğul olur, qoz, nar, şaftalı, gilas, üzüm və s. meyvə ağacları, qarpız, qabaq kimi bostan məhsulları yetişdirirdilər. Üzümü xüsusi şirə çıxaran təknələrdə (axurlarda) sıxır, şirəsini qıcqırdaraq şərab əldə edirdilər. Mingəçevirdən tapılmış pambıq çiyidləri albanların texniki bitkilər də becərdiyini göstərir.

Şamaxıda və Qəbələdə arxeoloji qazıntılar zamanı şərab istehsal edilən emalatxanaların qalıqları və şərab saxlanılan çoxlu böyük küplər tapılmışdır.

Maldarlıq

Albanlar yaylaq maldarlığı ilə məşğul olur, yayda mal-qaranı alp çəmənliklərinə qaldırır, qışda düzənliklərə endirirdilər. Albanlar ev heyvanlarından qoyun, keçi, inək, donuz, at, dəvə, it, ev quşlarından toyuq, xoruz və s.saxlayırdılar. Yağ əldə etmək üçün nehrələrdən istifadə olunurdu. Süd süfrəyə xüsusi süddan qablarda qoyulurdu. Qoyunları qırxmaq üçün dəmir qayçılardan istifadə edirdilər. Qəbirlərə qurbanlıq heyvan parçaları, bəzən müqəddəs hesab etdikləri heyvanların fiqurlarını qoyurdular. Albanlar balıqçılıqla da mәşğul olurdular. Balıqçılar balıqları tor və ya qarmaqlar vasitəsilə tutur, duzlayır vә qurudurdular. Ovçuluqla məşğul olan albanların çöl donuzu, maral, tülkü, durna və s. heyvanları ovladıqları arxeoloji qazıntılardan aydın olur.

ALBANİYADA SƏNƏTKARLIQ

Albaniyada dulusçuluq özünəməxsus çalarları ilə intensiv olaraq inkişaf etmişdi. Burada qonşu ölkələrdə təsadüf edilməyən süddanlar, birayaqlı və üçayaqlı vazların istehsalı geniş yayılmışdı. Saxsı məmulatı dulusçuluq kürələrində bişirilirdi. Kürələr dördkünc və ellips formalı, ikiyaruslu (aşağı yarusda yanacaq, yuxarı yarusda isə bişirmə kameraları) olurdu. Dulusçular müxtəlif ölçülü və formalı qablarla yanaşı, kirəmit, heykəlcik, əyircək və b. gil əşyalar da hazırlayırdılar.

Albaniyada metaldöymә, metalda naxışaçma vә qəliblәrdә metaltökmә geniş yayılmışdı. Metal iki üsulla – qızdırılaraq vә ya soyuq halda döyülürdü. Yerli zərgərlər əlvan metallardan və qiymətli daşlardan müxtəlif bəzək əşyaları hazırlayırdılar. Qazıntılar zamanı yerli və xarici istehsal olan müxtəlif qolbaqlar, boyunbağılar, qaşlı və qaşsız üzüklər, sırğalar, sancaqlar, toqqa bəndləri, piləklər, asmalar, müxtəlif muncuqlar aşkar edilib.

II-III əsrlərdən başlayaraq şüşə istehsalına da başlanılmışdı. Onlar əvvəllər isə şüşə qablar və bəzək əşyaları Yaxın Şərq ölkələrindən idxal olunurdu.

Albaniya əhalisi kətan, yun, pambıq və ipəkdən parçalar toxuyurdu. Bunun üçün istifadə olunan sapları ağac iylərlə əyirirdilər. Azərbaycan arxeolaqları yaşayış yerləri və qəbirlərdən çoxlu sayda gil, daş və ağac əyircəklər, yun, iplik və sap yumaqları, dəzgah hissələri aşkar etmişlər. Yaşayış yerindəki döşəmələrin birindən açıq-qəhvəyi rəngli xalça və ya palaz qalığı tapılmışdır.

Antik dövrdə Albaniyada daxili ticarət inkişaf edir, xarici ticarət əlaqələri genişlənirdi. Beynəlxalq ticarət yollarından biri Xəzər dənizinin sahilindən keçərək, şimalla cənubu birləşdirirdi. Albaniyadan beynəlxalq su yolu da keçirdi. Mənbələrə görə Hindistandan gətirilən malları Oks çayı (Amudərya), Hirkan dənizi (Xəzər) və Kür çayı ilə su yolu vasitəsi ilə, bir qədər də da quru yolla getməklə, Qara dənizə çıxarmaq olurdu. Albaniyanı İberiya ilə birləşdirən ticarət yolu haqqında Strabon məlumat vermişdir. Ölkəyə xaricdən şirli saxsı, şüşə və metal qablar, bəzək əşyaları da gətirilirdi.

E.ə. I minilliyin ortalarında Albaniyada sənətkarlığın və ticarətin inkişafi üçün əlverişli olan yerlərdə salınmış yaşayış məskənləri böyüməyə başlamışdı. Ellinizm dövründə ölkə dünya ticarətinə qoşulmuşdu. Nəticədə belə məskənlərdən bəziləri şəhərlərə çevrilmişdi. Antik müəlliflər antik Albaniyanın 29 şəhər və böyük yaşayış yerlərinin adını çəkmişlər: Kabalaka (Qəbələ), Kemaxiya (Şamaxı), Ayniana, Anariaka, Xəzər dənizi sahilində Telaba, Gelda, Albana, Qaytara və b.

ALBANİYADA XRİSTİANLIQ

Strabona görə albanlar Səma, Günəş və Ay allahlanna sitayiş edirdilər. Albaniyada ilk xristian icmaları eramızın ilk əsrlərinin başlanğıcında, Yerusəlimdən və Suriyadan həvarilərin (apostolların) və onların şagirdlərinin buraya gəldikləri vaxtdan meydana çıxmışdır. Xristianlığın dövlət dini kimi qəbulu alban hökmdarı Urnayrın adı ilə bağlıdır. 313-cü ildə Urnayrın başçılığı ilə alban əyanları xristianlığı qəbul etdi. Lakin əhali arasında hələ də köhnə inanclar – tanrıçılıq, maniçilik, zərdüştilik geniş yayılmışdı. 488-ci il Aquen kilsə məclisinin qərarları yeni dinin feodal əsaslarını qaydaya salmaqla yanaşı əvvəlki dinlərin təqib olunmasını qanuniləşdirdi. Xristianlığın yayılmasında təkmilləşdirilmiş alban əlifbasının yaranması, məktəblərin təşkili, Bibliya və b. dini ədəbiyyatın tərcüməsi böyük rol oynadı. Xristianlığın qəbul edilməsi ilə əlaqədar olaraq burada mərkəzi günbəzli və bazilikal sitayiş qurğuları meydana çıxdı. Azərbaycanın şimal-qərbində, Qum kəndində olan bazilika, Böyük Əmili (Qəbələ) və Ləkit (Qax) kəndlərindəki dairəvi məbədlər Azərbaycanın ilk xristian abidələridir.

ALBAN YAZISI

Albaniya yazı mədəniyyətinə malik olmuşdur. Mingəçevirdən tapılmış xaçaltı daşda 52 hərf, qalan abidələrdə (gil şamdanlar, qablar və s.) isə 140-dək hərf işarəsi olduğu müəyyən edilmişdir. Alban hərflərinə bir sıra keramika əşyalarında, bəzi Yaxın Şərq monastırlarında qalmış əlyazmalarında isə bütöv mətnlərə rast gəlinir.

Comments are closed, but trackbacks and pingbacks are open.