Press "Enter" to skip to content

Rafiq yusifoğlu uşaq ədəbiyyatı

HƏDİYYƏ ŞƏFAQƏTİN “QAPI”SI. Şeir həm də ruhun nəfəsidir. Ruh insanın psixi aləmi, onun hiss və duyğuları, əhvali-ruhiyyəsinin maksimal ifadəsi deməkdir və ruh deyəndə ən çox ürək-qəlb yada düşür.Gənc şair Hədiyyə Şəfaqətin şeirləri məhz ruhdan gələn səsləri xatırladır. Onun “Qapı”sından (şeirlər kitabının adıdır) içəri girib ruhunun səslərini dinləyək.

Rafiq yusifoğlu uşaq ədəbiyyatı

Rafiq Yusifoğlunun sənət dünyası

Müstəqillik illəri Azərbaycan ədəbiyyatının inkişafında xüsusi xidmətləri olan qələm sahiblərindən biri də tanınmış şair, ədəbiyyatşünas, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, ədəbi mükafatlar laureatı, filologiya elmləri doktoru, professor Rafiq Yusifoğludur.

Rafiq Yusifoğlu ədəbi fəaliyyətə hələ orta məktəbdə oxuyarkən başlayıb, 1966-cı ildən şeirləri, məqalələri ilə mətbuatda çıxış edib. Gənc şairin ilk yaradıcılıq nümunələri nüfuzlu qələm sahiblərindən Süleyman Rüstəm, Əli Vəliyev, İsmayıl Şıxlı, Hüseyn Abbaszadə, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Qasım Qasımzadə, Qabil, Nəriman Həsənzadə, Məmməd Araz, Tofiq Bayram, Fikrət Sadıq, Hikmət Ziya, Tofiq Mahmud, İlyas Tapdıq, Zahid Xəlil və başqaları tərəfindən yüksək qiymətləndirilib.

Rafiq Yusifoğlunun yaradıcılığında ən önəmli yeri tutan sahə poeziyadır. � Müstəqillik illərində onun “Aylı cığır”, “Qəm karvanı”, “Həsrət köçü”, “Təzə sevdalara doğru”, “Ayrılığın qəm hasarı”, “Həsrət sazağı”, “Sevdalı sabahlar”, “Eşqin qarlı yollarında”, “Dəniz, sən və mən”, “Könül səltənəti”, “Arzular kəhkəşanı” adlı sanballı şeir kitabları nəşr olunub, bu kitabların hər biri haqda mətbuatda � mütəxəssislər: ədəbiyyatşünas və dilçi alimlər, şair və yazıçılar tərəfindən xoş sözlər söylənilib, Rafiq Yusifoğlunun poeziyası müasir Azərbaycan ədəbiyyatının səciyyəvi, istər mövzu və problematikası, istərsə də sənətkarlıq xüsusiyyətləri ilə diqqəti cəlb edən nümunələri kimi dəyərləndirilib.

Xalqın taleyüklü problemlərinin bədii əksi müstəqillik illəri Azərbaycan poeziyasının, o cümlədən də onun tanınmış, istedadlı nümayəndələrindən biri olan Rafiq Yusifoğlunun yaradıcılığı üçün xüsusi əhəmiyyət kəsb edir. Hələ Sovet hakimiyyəti illərində belə müstəqillik, azadlıq ideyası şairi daim düşündürən problemlər olub. Onun hələ 60-70-ci illərdə yazıb mətbuatda çap etdirdiyi “Nə var, nə yoxdur”, “Araz haqqında düşüncələr”, “Avrora”, “Düz-əyri” və s. bu kimi şeirlərinin sətiraltı mənasında etiraz motivləri güclü idi.

“Mənim imzam” şeiri xalqımızın tarixini, onun mədəniyyətini dananlara şairin etirazı idi. “Mənim imzam məni danan nadanın həkk olunub ocağının daşında”, “Məni görmək istəməyən gözlərə mənim imzam bıçaq olub sancılar” deyən şair şeirini nikbin bir sonluqla bitirirdi:

Bir gün tarix yapışacaq yaxamdan,

Kim salacaq bu işləri nizama?

Övladımın damarında axan qan,

Təmizdisə, zaval yoxdu imzama.

Xalqımızın � müstəqillik � uğrunda apardığı mübarizənin, onun başına gətirilən müsibətlərin bədii əksi onun 20 Yanvar, eləcə də Qarabağ hadisələri ilə bağlı yazdığı “Azadlıq”, “Yanvar rübailəri”, “Qərənfilə dəyən güllə”, “Tərəzinmi xarab olub, Pərvərdigar”, “Çağadır hələ”, “Yuxular görürmüşük”, “Laqeydlik ulu xalqın belini büküb”, “Qaçqın heykəllər” və onlarca bu kimi şeirlərdə mübarizəyə çağırış, motivləri güclüdür. �

Şairin hərbi vətənpərvərlik mövzusunda yazdığı silsilə şeirlər əsasında hazırlanan “Bütün Azərbaycan əsgər olmalı” adlı televiziya tamaşası böyük rəğbətlə qarşılanıb.

Rafiq Yusifoğlunun rəngarəng mövzulu şeirlərində hadisələrə xalqın mənəvi-əxlaqi dəyərləri prizmasından nəzər salınır. Bu baxımdan onun “Vətən uğrunda”, “Qarabağ əlili”, “Bəsdir təriflədik bu boz sərçəni”, “Haqqın yolu”, “Azadlıq labirintində”, “Tıxac”, “Canavarlar” və başqa şeirləri diqqəti cəlb edir.

Fikri ümumi sözlərlə yox, bədii detallarla vermək bacarığı Rafiq Yusifoğlunun poetik üslubu üçün səciyyəvidir. � Məsələn, “Vətən uğrunda” şeirində Qarabağ döyüşlərində şəhid � olan keçmiş şagirdi haqqında şairin yazdığı bu misralar oxucunu düşündürür: “Vətən” şeirini əzbərləyə bilməmişdin, ancaq vətən uğrunda ölməyi bacardın”. Yaxud “Boşalmış kənddə tək qalan köpəyin nəğməsi” adlı şeirdə zəncir evindən qaçarkən iti açıb buraxmağı unutduğu üçün əzab çəkən soydaşımızın həyəcanlarını, eləcə də düşmənlə üz-üzə qalan tənha köpəyin bədii obrazını yaratmaq vasitəsinə çevrilib:

Ev soyuyub, ocaq sönüb,

Durmuşam bir küncə sinib.

Bu həyətə sədaqətim

Boynumda zəncirə dönüb.

Rafiq Yusifoğlu poeziyasının mövzu və problematikası çox zəngindir. Onun ulu yaradan, həyat, ölüm, təbiət və cəmiyyət hadisələri ilə bağlı fəlsəfi düşüncələri, vətən təbiətinin gözəlliyinə həsr elədiyi, müqəddəs sevgi duyğularının bədii əksini verən şeirləri öz həyatiliyi, emosionallığı, hadisələri yeni şəkildə mənalandırmaq bacarığı ilə diqqəti cəlb edir. Şeirlərin hamısında həyat hadisələrindən doğan yeni orijinal fikirlər adamı düşündürür, onu həyəcanlandırır. Poetik düşüncə tərzinin bənzərsizliyi Rafiq Yusifoğlu poeziyasının ən aparıcı cəhətlərindəndir.

Xalq şairi Nəriman Həsənzadə “Azərbaycan gəncləri” qəzetinin 10 avqust 1971-ci il tarixli nömrəsində gənc qələm dostu haqqında çap olunan “Uğurlu yol” adlı məqaləsində yazırdı: “Rafiq Yusifoğlunun şeirlərində mənim xoşuma gələn təfəkkür aydınlığıdır. Fikri çılpaq şəkildə yox, poetik ifadələrlə, obrazlı dil ilə, həm də asan başa düşüləcək bir şəkildə oxucuya çatdırmaq onun şeir yaradıcılığının məziyyətləri kimi yadda qalır”.

Filologiya elmlər doktoru, professor Məhərrəm Qasımlı isə Rafiq Yusifoğlu poeziyasının digər bir məziyyəti haqqında söhbət açırdı: “Rafiq Yusifoğlunun poetik axtarışlarında əşya və hadisələrin, eləcə də təsvirə cəlb olunmuş mənzərənin üzdə olmayan, ilkin müşahidədən yayına bilən içəri cizgilərini əyaniləşdirməyə meyl güclüdür. Özü də bu səpkili şeirlərdə yığcamlıq və lakoniklik aparıcıdır” (“Ədəbiyyat və incəsənət”, 3 noyabr 1989).

Doğrudan da, şairin poeziyası ilə tanışlıq göstərir ki, Rafiq Yusifoğlu dilin incəliklərinə yaxından bələd olan, sözün üstündə zərgər dəqiqliyi ilə işləməyi bacaran bir qələm sahibidir. Onun şeirlərindəki poetizmlər adamı heyrətləndirir, düşündürür.

Müraciət etdiyi hər bir mövzuda rəngarəng poetik fiqurlardan istifadə etməyi bacaran Rafiq Yusifoğlu gözəl peyzajlar, portretlər yaratmaq ustasıdır. Özünün Azərbaycanın dilbər guşələrindən birində – Qubadlıda dünyaya göz açması, yurdumuzun mənzərəli yerlərini qarış-qarış gəzməsi, əlli ilə yaxın bir müddətdə hər səhər Xəzər dənizinin sahillərinə getməsi onun peyzaj � lirikasına həyatilik gətirən amilə çevrilmişdir.

Şeirləri göstərir ki, Rafiqin peyzaj lirikası seyrçi təsvirlərdən çox uzaqdır. Həssas şair müşahidəsi, təbiət cisimlərinə, hadisələrə yeni gözlə baxıb onu dəyərləndirmək bacarığı � təkcə bənzərsiz təbiət lövhələri yaratmağa deyil, predmetləri bədii obraz səviyyəsinə qaldırmağa da yardımçı olur. � Şair hər fəslin özünəməxsus poetik elementlərini tapa bildiyi üçün yaratdığı lövhələr canlı, sirayətedicidir. � Rafiqin hələ ilk şeirlərini oxuyub ona xeyir-dua verən Məmməd Araz yazırdı: “Rafiq Yusifoğlunun “qış” şeiri maraqlıdır.

Müəllif özünəməxsus boyalarla, səmimi yumorla qışın portretini yaratmağa çalışır. Yaşından asılı olaraq hər kəsin qışı necə qəbul etdiyini poetik dillə təsvir edir, əsasən də buna nail olur: Qış da bir qocadır, ancaq nədənsə Onun qocalarla söhbəti tutmur” (“Sovet kəndi” qəzeti, 3 aprel 1969).

“İndicə yağacaq bahar yağışı, Göylərdə bir qərib bulud kişnədi” misraları ilə başlayan şeirdə “çiçəyi çırtlayan budaqlar”, “göylərə baş çəkən dağlar”, “çiçəyin gözündən öpən meh” və sair maraqlı peyzaj cizgiləridir.

Bu necə cığırdı, bu necə yoldu,

Yarır toranlığı durnanın döşü.

Qardaş, bir başını yuxarı qaldır,

Ayın danışdığı nağılı eşit.

Yeri gəlmişkən onu da qeyd edək ki, şairin poeziyasında maraqlı yağış, ay, yarpaq, çiçək obrazları yaradılmışdır.

Rafiq Yusifoğlu ənənəyə yaradıcı münasibət bəsləyən şairlərimizdəndir. Onun şeir və poemalarında folklor, klassik və dünya ədəbiyyatı ənənələrinin yaradıcı şəkildə davamı və inkişafını görürük. Şair əsrlərin sınağından çıxmış bayatı, gəraylı, qoşma janrının yeni maraqlı nümunələrini yaratmış, istər heca, istər əruz vəznindən, istərsə də sərbəst şeirin zəngin poetik imkanlarından məharətlə istifadə etməyi bacarmışdır. Həm folkloru, klassik və dünya ədəbiyyatını, həm də ədəbiyyatın nəzəri əsaslarını mükəmməl bilməsi Rafiq Yusifoğlunun əsərlərinin mövzu və problematikasına, eləcə də poetik strukturuna əhəmiyyətli dərəcədə öz müsbət təsirini göstərə bilmişdir. Şairin yaradıcılığına təsir edən ən əsas amillərdən biri də onun ədəbiyyata həyatın qaynar burulğanları içərisindən gəlməsi, görüb duyduğu, yaşadığı, qəlbini həyəcanlandıran, mütəəssir edən, daim düşüncəsinə hakim kəsilən hadisələri təsvir etməsi ilə əlaqəlidir.

Uşaq ədəbiyyatı Rafiq Yusifoğlu yaradıcılığının ən aparıcı qollarından biridir. Təkcə bir faktı xatırlatmaq kifayətdir ki, onun indiyədək orta məktəb dərsliklərinə düşən əsərlərinin biblioqrafik göstəricisi üç yüzü adlayıb. Şairin uşaq psixologiyasına yaxından bələdliyi, daim uşaqlarla ünsiyyətdə olması, uzun müddət uşaq mətbuatında – “Göyərçin” jurnalında şöbə müdiri, məsul katib, baş redaktor vəzifələrində çalışması, uşaq ədəbiyyatı ilə bağlı bir sıra beynəlxalq tədbirlərdə iştirakı Rafiq Yusifoğlunun bu sahədə daha ardıcıl fəaliyyət göstərməsinə, uğurlar qazanmasına səbəb olmuşdur. Onun uşaq şeirləri təkcə respublikamızda deyil, digər ölkələrdə də çap olunub rəğbətlə qarşılanmışdır. Böyük rus şairi, akademik Sergey Mixalkovun SSRİ-nin süqut elədiyi bir vaxtda Rafiq Yusifoğluya ünvanladığı məktub bu cümlə ilə başlayırdı: “Siz bütün həyatınızı uşaq ədəbiyyatına həsr etdiyiniz üçün qarşınızda baş əyirəm”. – Bu cümlələr böyük yazıçının təvazökarlığını, eyni zamanda Rafiq Yusifoğlu yaradıcılığına münasibətini öyrənmək baxımından maraq doğurur.

İndiyədək Rafiq Yusifoğlunun uşaqlar üçün “Yurdum-yuvam”, “Ətirli düymələr”, “Aylı cığır”, “Şirin yağış” (rus dilində), “Böyük arzuya gedən yol”, “Çiçək yağışı”, “Söz çəməni”, “Günlərimiz, aylarımız”, “Zamanın qatarı”, “Yollar”, “Daha uşaq deyiləm”, “Ana dilim”, “Quşlar dünyası”, “Qızılı məktublar” adlı şeir, � “Bahar qatarı”, “Şirin yuva”, “Dəniz səviyyəsi”, “Elm və helm”, “Tapmacalar ölkəsi” adlı nəsr, “Kitabi-Dədə Qorqud” � adlı komikslər, “Ulu yurd yerlərimiz”, “Qoruq və yasaqlıqlarımız” adlı məqalələr kitabları nəşr olunmuş və bu əsərlərin hər birinin məziyyətləri � haqqında mətbuatda xeyli yazılar dərc edilmişdir. Bu məqalələrdən çıxardığımız ümumi nəticə bundan ibarətdir ki, Rafiq Yusifoğlu bənzərsiz uşaq yazıçısıdır.

Şairin böyüklər üçün şeirlərində olduğu kimi, onun uşaqlar üçün yazdığı əsərlərdə də adicə ot, çiçək, böcək, yarpaq, budaq bədii obraz səviyyəsinə qaldırılır. Bu baxımdan onun “Çəməndən ayrılan çiçək”, “Balaca qarışqa və buğda ilə dolu zənbil”, “Pəncərədən baxan budaq”,”Çiçəyin xahişi”, “Meşədə yarış”, “Qayğıkeş qonşular” və digər şeirləri xüsusilə seçilir.

Rafiq Yusifoğlunun uşaq şeirləri yığcamlığı, aydınlığı, məna tutumu, obrazlılığı ilə digər şairlərin əsərlərindən əhəmiyyətli dərəcədə fərqlənir. Onun əsərlərində uşaq dünyasının rəngarəng lövhələri məharətlə öz əksini tapıb. Məsələn, balaca bir şeirə nəzər salaq:

Tez ol sarı, anacan,

Mənim yaram ağrıyır,

Sənin haran ağrıyır?

Şair hər hansı təbiət hadisəsini uşaq gözü ilə görüb dəyərləndirməyi bacarması onun poetik üslubu üçün çox səciyyəvi cəhətdir. Məsələn, büllurtək şəffaf suyun şəlaləyə çatanda ağarmasını uşaq belə mənalandırır: “Qayadan atılanda qorxusundan ağarır” (Qayadan atılan su”). Yay uzunu gün altında qalan, payızda saralan yarpaqlara baxan uşaq sərçəyə deyir ki, ağaca qonma ha, yoxsa közərmiş yarpaqlardan qanadın od alar (“Közərən yarpaqlar”). Uşağın zirvəsi il uzunu qarlı olan dağa “sən başı soyuq dağsan” deməsi, � “Canlı ütü” şeirində � çayın parçaya, onun üstündə üzən ördəyin ütüyə bənzədilməsi, digər bir şeirində uşağın dilindən “meşənin qapısını döyürdü ağacdələn” söylənilməsi və başqa bu kimi fikirlər təbəssüm doğurur. “Ağ bayraq” şeirində dalğaları dənizin əlində ağ bayrağa bənzədən şair yazır:

Dəniz yaman hirslənib,

Nərə çəkir, bəs demir.

Ağ bayraq qaldırsa da,

Təslim olmaq istəmir.

“Zamanın qatarı” kitabında R.Yusifoğlu maraqlı bir bədii forma ilə uşaqlara fəsillər haqqında söhbət açır. İli qatara, hər fəsli bir vaqona, hər ayı bir kupeyə bənzədən şair fəsillər haqqında rəngarəng, bənzərsiz şeirlərini balaca oxuculara təqdim edir. Bir-birini tamamlayan şeirlər silsiləsi öz əlvanlığı, rəngarəngliyi, poetizmi ilə seçilir, maraq doğurur.

Rafiq Yusifoğlunun uşaqlar, valideynlər və müəllimlər tərəfindən maraqla qarşılanan “Yollar” kitabında yolların nə məqsədlə və necə yaranması, � ilk nəqliyyat vasitələrindən – arabalardan, faytonlardan müasir maşınlara qədər keçilən inkişaf yolu, hava və su yollarından istifadə zərurəti haqqında maraqlı, cazibədar � bir dillə söhbət açılır. Kitabda yol hərəkəti qaydalarının poetik dillə öyrədilməsi təşəbbüsü də təqdirəlayiqdir.

“Söz çəməni” kitabını biz şeirlə yazılan əyləncəli bir qrammatika da hesab edə bilərik. Çünki burada saitlər, samitlər, nitq hissələri, durğu işarələri, cümlə üzvləri haqqında öyrədici səciyyəli yumoristik, bənzərsiz, bir-birindən gözəl şeirlər toplanmışdır. “Günlərimiz, aylarımız” kitabı da son dərəcə faydalı bir poetik məcmuədir. Burada şairin təqvim şeirləri toplanmışdır. İlin ilk günündən tutmuş son gününədək olan əsas tarixi hadisələrin heç biri şairin diqqətindən yayınmamışdır. Ən yaxşı cəhət ondan ibarətdir ki, bu şeirlərin də hamısı obrazlı, poetik səciyyəli olduğu üçün yorucu təsir bağışlamır.

Əsərlərini küll halında oxuyandan sonra bu qənaətə gəlmək olar ki, Rafiq Yusifoğlunun yaradıcılıq nümunələrinin dərsliklərə salınması da, onun özünün dərslik hazırlanması kimi məsul bir işə cəlb edilməsi də təsadüfi deyildir.

Görkəmli bir şair, nasir, publisist, tərcüməçi kimi tanınan və sevilən Rafiq Yusifoğlu həm də həyatını ədəbiyyatın tədqiqinə, təbliğinə həsr edən zəhmətkeş bir alimdir. Onun “Azərbaycan poeması: axtarışlar, perspektivlər”, “Ədəbiyyatşünaslığın əsasları”, “Müasir ədəbi proses və ədəbi tənqid”, “XX əsr Azərbaycan poemasının sənətkarlıq xüsusiyyətləri”, “Ədəbi-nəzəri fikrin inkişaf mərhələləri” kitabları sanballı elmi tədqiqat əsərləridir. Ümumiyyətlə, istedadlı şair, ədəbiyyatşünas Rafiq Yusifoğlunun sənət dünyası çoxşaxəli, � zəngin və cazibədardır. Onun əsərləri həm ideya-məzmununun yeniliyi, həm də bədii sənətkarlığı ilə diqqəti cəlb edir.

Məmməd ƏLİYEV

filologiya elmləri doktoru, professor

525-ci qəzet.- 2015.- 23 oktyabr.- S.8.

Rafiq yusifoğlu uşaq ədəbiyyatı

Şair, yazıçı, tənqidçi, ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor, 1986-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, “İlin ən yaxşı kitabı”, “Vətən”, “Qızıl qələm”, “Araz” və s. mükafatların laureatı Rafiq Yusifoğlu 1950-ci il yanvar ayının 2-də Qubadlı rayonunun Çardaxlı kəndində müəllim ailəsində doğulmuşdur. Burada səkkizillik məktəbi, Qubadlı qəsəbə orta məktəbində onillik məktəbi bitirmişdir (1966). Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsində təhsilini davam etdirmişdir (1966-1970). Bir müddət Sumqayıt şəhərində müəllim işləyən şair Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olmuşdur.
“Azərbaycan Sovet poemasının inkişaf problemləri” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
1985-ci ildən 1992-ci ilədək “Göyərçin” jurnalında söbə müdiri, 1992-ci ildən 1996-cı ilədək məsul katib, 1996-1997-ci illərdə Azərbaycan Dövlət Televiziyasının “Xəbərlər” baş redaksiyasında “Elm, mədəniyyət, incəsənət” şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1997-ci ildən “Göyərçin” jurnalının baş redaktorudur. Şairin uşaq ədəbiyyatı sahəsində xüsusi fəaliyyəti vardır. Rafiq Yusifoğlu 2007-ci ildə “XX əsr Azərbaycan poemasının sənətkarlıq xüsusiyyətləri” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri doktoru adını almışdır.
Hazırda Sumqayıt Dövlət Universitetinin “Azərbaycan ədəbiyyatı” kafedrasının professorudur. Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisidir.
O, gənc tənqidçilərin Moskvada keçirilən birinci (1982), ikinci (1985) və üçüncü (1988) Ümumittifaq seminarlarının, Qazaxıstanda keçirilən Beynəlxalq Uşaq ədəbiyyatı günlərinin (1989) iştirakçısı, 1985-ci ildə Moskvada Ali Komsomol Məktəbinin bir aylıq jurnalistika kursunun müdavimi olmuşdur.
Ədəbi fəaliyyətə hələ orta məktəbdə oxuyarkən başlamış, 1966-cı ildən şeirləri, məqalələri ilə mətbuatda çıxış etməyə başlamışdır.
Son illər bədii tərcümə ilə ciddi məşğul olur. F.Q.Lorkanın, Corc Bayronun, Peter Şyuttun, Hans Yurgen Hayzenin, Ulla Hanın, Roza Auslenderin və başqalarının şeirlərini, dünya uşaq ədəbiyyatının gözəl nümunələrini dilimizə tərcümə etmişdir. Əsərləri bir sıra dillərə tərcümə edilib, dərsliklərə düşüb. Çoxlu mahnı mətnlərinin, elmi-publisistik məqalələrin müəllifidir. Əsərləri əsasında “Qəm karvanı”, “Bütün Azərbaycan əsgər olmalı” televiziya tamaşaları çəkilib, dəfələrlə nümayiş etdirilmişdir.
Bu gün şərəfli ömrün 70- ci pilləsini adlayır, onlarca titul və ad almasına rəğmən sadəliyi, təvazökarlığı, insanlığı ilə ucalarda dayanan dəyərli Rafiq Yusifoğlu. Əslində zaman atının yelqanadlı olması fiziki yaşının 70-ə varmasını təsdiqləsə də, ruhunun yaşı çox cavan və həmişə təzə-tərdi. Bunu bir-birindən gözəl şeirləri, şux görünüşü ,şövqlü danışığı və həyata inamı, sevgisi də sübut edir. Bu günün özəlliyini nəzərə alıb sevə-sevə və böyük ehtiramla köksümdən qopan alqış ifadələrini ünvanlayıram səbəbkara və deyirəm ki, var olun, Rafiq Yusifoğlu, uşaqları sevindirən könlünüz sevinsin hər zaman. Elmimizə, ədəbiyyatımıza, bu günümüzə, sabahımıza gərəkli ADAM, 70-niz mübarək!

Dalidag.az 70 illik yubileyi münasibətilə Rafiq Yusifoğlunu təbrik edir, ona sağlıqlı uzun ömür, gözəl günlər və yaradıcılıq uğurları arzulayır.
Sevinc Qərib

BİR QOCAMAN DAĞAM MƏN

Hərdən qəlbimdən keçir
Şimşək olub çaxam mən!
Sevgisiz könülləri
Yandıram mən, yaxam mən!

Ürəyim min həvəsdə,
Sevəydim son nəfəsdə.
Solan güllərin üstə
Yağış kimi yağam mən!

Biçənəkdə qaya var,
Yanında bir taya var.
Harda hiylə, riya var,
Bil ki, orda yoxam mən…

Aylar, illər yorğunu,
Tanrı sanır doğrunu!
Zülmətlərin bağrını
Dəlib keçən oxam mən!

Eşqdir başımın tacı,
Dərdlərimin əlacı,
Olsam da sevgi acı
Könlü-gözü toxam mən!

Nifrət tunc, sevgi zərdi,
Gülümü sevgi dərdi,
Azmandı sevgi dərdi,
Gücüm çatmır yıxam mən!

Bir ürəyi saf gələ,
Qəlbində insaf gələ,
Sevinib gülə-gülə
Pişvazına çıxam mən!

Bülbül kimi ötürəm,
Vaxtım var köks ötürəm?
Təzə güllər bitirən,
Bir qocaman dağam mən!

Göylərdən gələndə qar xışma-xışma
Müdrik düşünəcək, naşı güləcək.
Bəyaz saçlarıma baxıb qımışma,
Sənin də ömrünün qışı gələcək.

Sənə də cavanlar ağız büzəcək,
Sənin də ocağın buza dönəcək.
Sənin də içini sazaq kəsəcək,
Sənin də gözünün nuru sönəcək.

Duyğusuz bir insan quru payadı,
Ulu yaradanın önündə əyil.
Bir də ki, ömür-gün Tanrı payıdı,
Qocalmaq hamının qisməti deyil…

Köhnə il əlimizdən
quş kimi uçdu.
Geriyə dönməyəcək
bir daha!
Qəlbimizdə ümid, sevgi
gedirik üzü sabaha!
Bizi kağız kimi
qanadlarına alıb
gələcəyə uçurur
taleyimizə əsən yellər.
Yolumuzu gözləyir
təzə-təzə aylar,
təzə-təzə illər…
Dağları, çəmənləri,
dənizləri, çayları
gəl-gəl deyir –
Yoxdu bu dünyanın əvəzi!
Qəlbimizdə
gündən-günə artır
yaşayıb yaratmaq həvəsi…

DÜNYANIN GÖZÜ MƏNDƏDİR

Gecə meşələrin yuxusu qaçır,
Çəmənlər məst olur mehdən hər səhər.
Çiçəklər gözünü mənimçün açır,
Güllər sırğa taxır şehdən hər səhər…

Ulduzlar mənimçün sayrışır sanki,
Çaylar mənim üçün nəğmə oxuyur.
Ləpələr dil açıb danışır sanki,
Yağış mənim üçün xalça toxuyur.

Hər səhər yolumu həsrətlə gözlər, –
Məcnun tək vurğunam mavi Xəzərə.
Qəlbimə nur saçır ilahi gözlər,
Sevgi ürəyimi bələyir zərə…

Səsləsəm, ulduzlar yaxına gələr,
Bu eşq bəbəyimdə yaşa çevrilər.
Mənə gəl-gəl deyir uca zirvələr,
Sevdalı ürəyim quşa çevrilər.

Arzular köksümdə bənzəyir selə,
Heç kəs məni yoldan döndərə bilməz.
Suyu diş göynədən bulaqlar belə
Könlümün odunu söndürə bilməz.

Bilirsən heç necə bəxtəvərəm mən? –
Köksümə sıxıram dağı, dənizi.
Ay nağıl danışır mənə sübhəcən,
Günəş zirvələrə səsləyir bizi.

Həyat sevgisiylə göynəyir içim,
Yolumu gözləyir düzlər, meşələr.
Yamanca darıxıb əllərim üçün
Kol-kosa qısılan tər bənövşələr…

Bu gün yarpaq olan sabah xəzəldi,
Həyat yollarında dolduq kamala.
Ilahi, yaşamaq necə gözəldi,
İlahi, möhlət ver baxıb kam alaq!

Mənə də pay düşür toydan, düyündən,
Sevgiylə doldurur içimi dünya.
Ayrıla bilmirəm gözəlliyindən,
Çəkmək istəmirəm köçümü, dünya!

Məni dinc durmağa qoymur ürəyim,
Qaynar ocaqların közü məndədir.
Bu gözəl dünyadan doymur ürəyim,
Elə dünyanın da gözü məndədir…

SEVGİ ILAHƏSİ

Qəlbimin buzları çevrilib selə,
Sevgi ilahəsi izimə düşüb.
Sənin göndərdiyin bir mesaj ilə
Qələmim, ilhamım tilsimə düşüb.

Çatmadım bu eşqin uc-bucağına,
Titrək təbəssümə bükdüm qəmimi.
Çevrilib bir Bermud üçbucağına,
Qoynuna çəkmisən sevgi gəmimi.

Uzaqda işarır tale ülkəri,
Nə var kimi varam, nə yox tək yoxam.
Bulud gözlərini görəndən bəri
Həsrətin əlində qalıbdır yaxam.

Yurd sala bilməyib ürəyimdə kin,
Hər sözün ruhumu qəmə bələyib.
İlahi nəfəsin ürəyimdəki
Ötən sevgiləri xəzan eləyib.

Mənə yox deməyib kimdən pay umsam,
Bircə çiçəklə də ömrüm yaz olub.
Bəlkə sən sonuncu sevgi payımsan,
Bəlkə taleyimə adın yazılıb?!

Qəlbə nə lağ etmək, nə gülmək olar,
Bulud dolmayıbsa, yağası deyil.
Allahın işini nə bilmək olar,
Heç kəs taleyinin ağası deyil…

SEVGİ XƏZANI

Məndən üz döndərsən əgər,
Sızlayarsan ömrün boyu.
Sənə halal edərəmmi
Ovcumdan içdiyin suyu?!

Güc-bəlayla sağaltdığım
Yaraların qanamazmı?
Birgə gəzdiyimiz dağlar,
Düzlər səni qınamazmı?

Xəyanətin solduracaq
Eşqin çiçəkli yazını.
Belə getsə, yaxındadır
Ayrılıq, sevgi xəzanı…

MƏHƏBBƏT BİR HƏSSAS QUŞDU

Əgər qəlbin gizli nura boyanıbsa,
Cəhd eləmə hisslərini sınamağa.
Ürəyində təzə istək oyanıbsa,
Haqqım yoxdu mənim səni qınamağa.

Alnıaçıq çıxmalısan el içinə,
Qəlb yanmasa köks ötürmək mümkün deyil.
Çox üzülmə, məhəbbəti zor gücünə
Nə qazanmaq, nə itirmək mümkün deyil.

İnləsə də ürəyimin sarı simi,
Qəlbim əsməz ötən eşqin havasına.
Məhəbbət bir həssas quşdu, perikdimi
Bir də çətin geri dönə yuvasına…

MƏN SƏNİ ÇİÇƏK SANIRDIM

Mən səni gül ləçəyinə
Bürünən çiçək sanırdım…
Sözlərinə vurulmuşdum,
Təmiz eşqinlə yanırdım.

Bunu yaxşı bilirmişsən
Qəlbim sevgiyə hərisdi.
Ancaq üşüyən könlümü
İsidə bilməz hər isti…

Yaxşı ki, tez duyuq düşdüm,
Çölündən qaraymış için!
Qəlbi saf, ancaq divanə
Şairə çatmadı gücün…

Özgəni yoldan çıxaran
Sirdaş olar dərd-ələmə…
Qara çadranın altında
Günahları pərdələmə…

Hicaba bürünən şeytan,
Məni axtarma, arama!
Çəkmə qəlbimi sınağa,
Girmə Allahla arama!

DƏLİ BİR SEVDA

Gözlərin darıxmayıbmı
bir dəli sevdalı
şair baxışı üçün?
Çat-çat ürəyin
təşnə deyilmi
sevgi yağışı üçün?
Ürəyin düşməyibmi
sevib-sevilmək həvəsinə?
Ciyərlərin həsrət deyilmi
kişi nəfəsinə?
Çiçək dodaqların
bir ac arıya,
həsrətli ürəyin
bir şirin ağrıya
möhtac deyilmi?
Havalanmısan,
yerdə yer də
tapa bilmirsən özünə,
gecələr yuxu da
getmir gözünə, –
dəli bir sevda
bütün dərdlərinə
əlac deyilmi?

YAŞADIM

Mən sevdalar diyarında
Olub ulu şah yaşadım!
Bir kimsəyə əyilmədim,
Ömrüm boyu şax yaşadım!

Az dodaqdan söz çəkmədim,
Az ocaqdan köz çəkmədim,
Gözəllərdən göz çəkmədim,
Edib yüz günah yaşadım.

Yarı yalan, yarı doğru,
Hey can atdım yara doğru.
Ürəyimdə nisgil, ağrı,
Dodağımda ah yaşadım.

Danışanda sözüm güldü,
Nəfəsinlə közüm güldü,
Həmişə bir gözüm güldü, –
Gah ağladım, gah yaşadım.

Qonaq çağır yar, odana!
Alovlanım yar oduna!
Ömrüm boyu Yaradana
Aparıb pənah yaşadım.

***
Ürəyin çat-çat olacaq
Kimsəsiz qalan yurd kimi.
Yalquzağa dönəcəksən,
Ulayacaqsan qurd kimi…

Ətrimi gətirsin deyə
Yellərə yalvaracaqsan.
Aylara yalvaracaqsan,
İllərə yalvaracaqsan.

Ancaq il geri dönərmi?!
Ancaq ay geri dönərmi?!
Hər şey irəli can atır,
Axan çay geri dönərmi?!

Bulud gözlərin dolacaq,
Başında şimşək çaxacaq.
Mənli günlərin xiffəti
Səni yandırıb yaxacaq…

Ürəyində indən belə
Sevda gülü bitməyəcək.
Sənə tumar çəkən ələ
Əlin bir də yetməyəcək…

Göylərdə ay güləndə
Qəlbim nura boyanır.
Xəyalım ay üzlümlə
Gedib qoşa dayanır.

Arzular gözlərimdə
Ulduzlar tək sayrışır.
Pıçıldaşan yarpaqlar
Nələr, nələr danışır!

Dalğalar şahə qalxır,
Dənizdə fırtına var.
Gözlərimdə təbəssüm,
İçimdə fırtınalar.

Sevgiylə dolu ürək
Quş olmağa can atır.
Qəlbim qağayılara
Qoşulmağa can atır.

Yarpaqları sevirəm,
Xəzəlləri sevirəm.
Mən təkcə dənizi yox,
Gözəlləri sevirəm.

Məhəbbət əzabıyla
Göynəyir yaram, Allah!
Dünya necə gözəldi,
Nə bəxtiyaram, Allah!

Həyatda sevə-sevə
Yaşamaq səadətdi.
Məni cavan saxlayan
Dənizdi, məhəbbətdi…

ZAMANIN YANAN KÖRPÜLƏRİ

İşı çalxanmaqdı qədim nehrənin,
Ürəkdən gələn yaş gözü göynədir,
Geriyə yol yoxdu, zaman nəhrinin
Yanan körpüləri bizi göynədir …

Könlüm viranədir, dağılıb huşum,
Nələr qazanmışam mən yetmiş ilə?
Şəkilə çevrilib əllim, atmışım,
Nəfəs-nəfəsəyəm mən yetmiş ilə…

Dadmışıq taleyin ömür payından,
Arzular beşiyi olub qəlbimiz.
Adlayıb zamanın neçə çayından
Üzü gələcəyə can atmışiq biz…

İçimdə bir körpə uşaq ağlayır,
İnsanın xoş günü keçmişindədi.
Zamanın çayları, coşur çağlayır,
Ömür dəyirmanı öz işindədi…

Həsrət ayazında bir sazaq idim,
Bu da son, indidən dərd məni alıb…
50-dən, 60-dan 100 uzaq idi,
70-dən üç addım məsafə qalıb…

Geriyə dönərmi ömrün axarı,
Meydan oxusaq da biz dağa, daşa?
Onsuz da dünyanın yoxdu axırı,
İstər əlli yaşa, istər yüz yaşa!

Dərd abıra salıb neçə arsızı,
Xoşbəxt günlərimiz arxada qalıb.
Anamın gözündə qalan arzusu
Qəlbimi ağrıda-ağrıda qalıb…

Vətənsiz bir ömür ömür-gün deyil,
Zaman arzumuzu verdi yellərə…
Dönmək istəsək də, bu mümkün deyil
Atalı, analı xoşbəxt illərə…

Özüm tək qaçqındı könül dincliyim,
Hələ də ürəyim dərd közündədi…
Dəcəl uşaqlığım, qaynar gəncliyim
Yanan körpülərin o üzündədi…

Ağrı elə ağrı, dərd elə dərddi,
Onun qocamanı, körpəsi yoxdu.
Zamanın dəyişməz qanunu sərtdi,
Həsrət sellərinin körpüsü yoxdu…

Rafiq Yusifoğlu

Dalidag.az

Rafiq Yusifoğlunun uşaq poeziyası

HƏDİYYƏ ŞƏFAQƏTİN “QAPI”SI. Şeir həm də ruhun nəfəsidir. Ruh insanın psixi aləmi, onun hiss və duyğuları, əhvali-ruhiyyəsinin maksimal ifadəsi deməkdir və ruh deyəndə ən çox ürək-qəlb yada düşür.Gənc şair Hədiyyə Şəfaqətin şeirləri məhz ruhdan gələn səsləri xatırladır. Onun “Qapı”sından (şeirlər kitabının adıdır) içəri girib ruhunun səslərini dinləyək.

Dənizin sinəsində yanıb-sönür işıqlar
Pəncərəyə çırpılır damcılar gecəyarı
Axı sən nə bilirsən yollar niyə uzaqdır
Qadın niyə oyaqdır.
. Yer qarışıb yuxuya
Göy qarışıb yuxuya
Qadının nə eyninə.
Axşamların istisinə,
Gecələrin üstünə dərin bir ağrı enib.
Qadının göz yaşları yastığında göyərib,
Qadının göz yaşları
Ağ çiçəyə çevrilib.

Hədiyyə Şəfaqətin hər hansı şeirində təbiətdən gələn və insan ruhu ilə harmoniya-vəhdət təşkuil edən çox şey var. Çiçək, su, dəniz, ağ duman, axşam, səhər,çöl, alma çiçəkləri,göy, yer, külək, yol, yarpaq,, kövşən, ay işığı, qış gecəsi, payız, tufan, sel, günəş, bulud və s. Doğrusu, Hədiyyənin yaşıdları arasında təbiətlə baş-başa verən ikinci bir şair görmədim. Amma təbiət atributları onun şeirlərində “fiziki” göstərici kimi iştirak eləmir, həmin o ruh dediyim nəfəslə, hisslə, duyğuyla qaynayıb-qarışır. Baxın:

Bir köynək qoxusudur sevgi,
Bir dəstə çöl çiçəyi ətri.
Üzü dənizə
Dayanmışam.
İnsanlar gəlib keçir
İnsanlar gülüb keçir
İnsanlar dənizləşib
İnsanlar tərtəmizdir.

Onun şeirlərində ruhun təhtəlşüur siqnallarını eşidirsən. Səbəbsiz bir kədərlə ürəyin sıxılmasından baxışlar elə donmuş ki, min ilin yorğunluğundan boşluqlara yıxılmış kimidir ürək. Bu ürək nigaran bir sevginin əsiridir, amma bu əsirlik Leyli əsarətinə bənzəmir. Ağlamaq, hıçqırtı, göz yaşları – bunlar qadın sevgisinin kədərdi bəlirtiləridir, amma əbədi deyil bunlar. Çünki:

Döyüntülər deyir ki,
Döyüntülər-
Hər şey gözəldir.
Nə qədər ki,
son ağacları kəsməyiblər,
Dağıtmayıblar son sehrli xəyalları,
Qəlbimizdə kəpənəklər uçuşur.

İlk baxışdan Hədiyyə Şəfaqətin şeirləri “pıçıltı şeirləri” təsiri bağışlayır. Amma yox! Bu şeirləri hətta yavaşdan oxuyanda belə pıçıltıdan əsər-əlamət görməzsən. Qəlbin, ruhun müxtəlif səs çalarlarını xatırladan fəryadları, ahları, ağrıları və bir də görürsən ki, sevinc tonqalları fışqıran çırtılları eşidilir.

Amma lap fəryad olsun, lap ah, lap sevinc qışqırtıları- qadın düşüncəsinin rasionallığı ilə də qarşılaşırsan. Bu şeirlərdə fikrin ya hisslərin-hansının birinci olduğu qətiyyən səni düşündürmür. Fikirlər hisslərə, hisslər fikirlərə qarışıb. Baxın:

Ağac-ağac qanadlanıb çöl
Üfüqə sarı
Üfüq yoxdur.
Başını qaldırıb göylərə yalvarır-
Qovuşdur-deyir-məni sevdiyimə.
Göylər neyləsin?
Gözlərinin yaşı
Bənövşə-bənövşə açıb
Kiprik-kiprik kolların arasında
Sinəsindən keçib gedən
Qan damarlarıdır cığırlar
-Ürəyi hanı bəs?
-Üfüqün arxasında.

Bu şeir müasir şeir təfəkkürünün-modern şeirin bir nümunəsidir. Çöl-üfüq sevgisi – qovuşmazlıq və yoxluq – ürəyin üfüqün arxasında qeybə çəkilməsi doğrudan da assosiativ təfəkkürdən doğur.

Beləcə, Hədiyyə Şəfaqətin “Ümid, Arzu, Xəyal, Yuxu, Qoxu-Sevgi” ruhlu şeirlərindən müxtəsər söz açdım. “Qapı” kitabındakı sonuncu şeirinə qədər Hədiyyə Şəfaqət, əgər belə demək mümkünsə, öz içinin-daxili dünyasının-ruhunun ona diqtə etdiyi səsləri, sözləri, kəlmələri ifadə edirdi. Sonuncu şeirində isə sanki yuxudan, xəyallardan ayılır, pəncərəni sındırır və dünyaya – insan cəhənnəminə, axıdılan qanlara, sındırılmış boyunlara, zindanlara boylanır. “Hər şeyi unutmuşuq Beynimiz dumanlanıb. Qəfəslərə sıxışdırılmışıq. Hələ bu azmış kimi də bimr-birimizi daşlayırıq. Savaş içimizdə, çölümüzdə Ölməyə başlayırıq”. Məncə, bağlı qapıları sındırmaq gərək ki. qəlbin zaman və məkan qəfəsindən uçmağı bacarasan.

Comments are closed, but trackbacks and pingbacks are open.