Press "Enter" to skip to content

Dəbiyyat nəzəriyyəsinin predmeti və başqa fənlərlə əlaqəsi

Bolşeviklərin ədəbi siyasəti partiyanın yuxarı orqanları tərəfindən ədəbiyyata dair qəbul edilən xüsusi direktiv qərarlar əsasında aparılırdı. Bu qərarlar ehkam kimi tətbiq olunurdu.

Sosialist realizmi və rəsmi ədəbiyyat anlayışı

Sosialist realizmi termini SSRİ-də bolşevik inqilabından sonra sovet hakimiyyətinin rəsmi himayə etdiyi ədəbiyyatın adı kimi yaranmışdır. 1917-ci il Oktyabr inqilabından sonra Rusiyada 20-ci illərdə proletar ədəbiyyatı (proletkultçuluq) konsepsiyası meydana çıxdı. Bu konsepsiyaya görə, hakimiyyəti almış fəhlə sinfi yeni mədəniyyət və ədəbiyyat yaratmalıdır. Ən qəribəsi isə yeni ədəbiyyat kadrlarının mütləq inqilabçı fəhlələr arasından çıxacağı ümidi idi. Bu nəzəriyyəyə əsaslanaraq varlı siniflərdən olan qələm adamları sinfi düşmən elan edildi və onların əsərləri irticaçı hesab edildi.

Lakin tezliklə bolşevik ideoloqları özləri də anladılar ki, sosial siniflərin xüsusi ədəbiyyatı ola bilməz, bu ədəbiyyat və mədəniyyət anlayışının təbiətinə ziddir. Proletar ədəbiyyatı konsepsiyası V.Lenin tərəfindən hazırlanmışdı və sözün hərfi mənasında ədəbiyyatın proletariatın inqilabını və hakimiyyətini, daxili siyasətini himayə etməsini nəzərdə tuturdu. Proletar ədəbiyyatı anlayışı inqilabçı maarifçiliyin bir şəkli idi. Maarifçilər ədəbiyyatdan pedaqoji tərbiyə üçün, marksistlər isə sosial tərbiyə üçün istifadə edirdilər.

Bolşeviklərin ədəbi siyasəti partiyanın yuxarı orqanları tərəfindən ədəbiyyata dair qəbul edilən xüsusi direktiv qərarlar əsasında aparılırdı. Bu qərarlar ehkam kimi tətbiq olunurdu.

Nəticədə proletar ədəbiyyatı burjua maarifçiliyi ilə dini maarifçilik arasında olan bir hadisə kimi meydana çıxdı. Bu ədəbiyyat bir tərəfdən şüurlu, qabaqcıl fəhlə tərbiyə etməli idi və bu burjua maarifçilərinin ağıl qanunları ilə yaşayan insan nəzəriyyəsinə uyğun idi. İkinci tərəfdən, proletar ədəbiyyatı proletar dünyagörüşünü, marksizmi yayan və tərbiyə edən bir vasitə sayılırdı və bu da onu dini maarifçiliyə, din təbliğinə yaxınlaşdırırdı.

30-cu illərin əvvəllərində proletar ədəbiyyatı termini guya daha dəqiq olan sosialist realizmi termini ilə əvəz edildi. Bu termin sosializm quran cəmiyyətin realizmi anlamına gəlirdi. Ad dəyişsə də, proletar ədəbiyyatı anlayışındakı əsas prinsiplər dəyişməz olaraq qaldı. Sosialist realizmi termini ilə bu anlayışda rəsmi ədəbiyyat elementləri də qüvvətləndi.

Yazıçılar İttifaqı. Hakimiyyət yaranandan saraylarda məddah şairlərin olması ənənəsi olmuşdur. Onlar kralı və sultanı tərifləməklə əsasən onun insanlar arasında nüfuzunun artmasına və bu yolla hakimiyyətinin möhkəmlənməsinə xidmət etməli idilər. Rəsmi ədəbiyyatın əsas əlaməti onda müəllif başlanğıcının, istedad və daxili istəklərin ikinci dərəcəli olmasıdır. Yəni rəsmi şair özünü ifadə etmir, o sifarişi yerinə yetirir və pul qazanır. Onun istedadının əsas əlaməti də bədiilik yaratmaqda yox, yaltaqlıqda, hakimiyyətə yarınmaqda, hakimiyyəti təmsil edən adamların şəxsi ambisiyalarına maksimum xidmət göstərməkdədir. Rəsmi ədəbiyyatın əsas siması yazıçı yox, sifarişçidir, haqq ödəyən hakimiyyətdir. Sovet dövründə rəsmi ədəbiyyat Yazıcılar İttifaqı vasitəsi ilə yaradılırdı. Bu ittifaq formal olaraq seçkili ictimai birlik idi. Amma əslində Yazıcılar İttifaqı dövlət büdcəsindən maliyyələşən hakimiyyət qurumu idi.

İttifaqın bütün işçiləri dövlət büdcəsindən əmək haqqı alırdı. İttifaqın rəhbərliyində DTK-nın məxfi zabiti işləyir və hamıya göz qoyurdu. Rəhbər işçilər, xalq yazıcıları Kommunist partiyası MK-nın üzvləri, Ali Sovetin deputatları idi, onlar dövlətin xüsusi güzəştlər sistemindən, xüsusi mağazalardan, istirahət evlərindən, xəstəxanalardan istifadə edirdilər. İttifaqın rəhbərləri, xalq yazıcıları, qəzet və jurnalların redaktorları partiyaçı idilər və partiyanın ədəbi siyasətini, sosialist realizmi ədəbiyyatının prinsiplərini həyata keçirən adamlar idilər. Buna görə onlar nəşriyyatlarda dövlət planlarına daxil olan əsərlərin, müəlliflərin siyahısına baxıb onu təsdiq edir və çıxan kitabların ideoloji təmizliyinə görə cavabdeh idilər. Onlar nəşriyyatlarda çıxan kitabları üçün adi, titulsuz, vəzifəsiz yazıçılardan 3-6 dəfə artıq haqq alırdılar. Bu qonorar fondunun 80 faizindən çoxunu təşkil edirdi.

Rəsmi tənqid. Yazıcılar İttifaqının rəhbərləri, titullu yazıçılar və ədəbi orqanların rəhbər işçiləri rəsmi partiyalı, sinfi ədəbi tənqidin hegemonluğunu təmin edir və özləri də qələmləri ilə buna xidmət edirdilər. Rəsmi tənqid dövlətin və partiyanın ədəbi siyasətini təmsil edən qələm adamlarının mövqeyi idi. Bu da müəllif yaradıcılığını yox, partiyanın baxış nöqtəsini təmsil edən bir hadisə idi. Rəsmi tənqid 1934-cü ildə SSRİ Yazıçılar İttifaqı yaranandan sonra formalaşmış bir hadisə idi. Deyilənlərə görə, sovet vaxtı tənqidlə məşğul olmuş qələm əhlinin çoxu rəsmi tənqidin xidmətçiləri idi, onların öz tənqidi görüşlərindən danışmaq çətindir. Rəsmi tənqidçi dövlətin ədəbi tələblərini konkret yazıçıya və əsərə tətbiq edirdi. Onun əsas vəzifəsi sovet həyatındakı qüsurların ədəbiyyatda göstərilməsinin qarşısını almaq idi.

Sovet quruculuğunu və partiyanı tərənnüm. Sosialist realizminin əsas vəzifəsi sovet dövlətinin və kommunist partiyasının üstünlüklərini və yaxşılığını tərənnüm etmək idi. Bu təkcə poeziyadan yox, bütün janrlardan tələb olunurdu. Həmin tələbdən də sosialist realizmi ədəbiyyatının şüarlara və plakatçılığa bağlılığı onun marksist maarifçilik forması olduğunu ortaya qoyurdu. Beşillik planlar, İ.Stalinin və V.Leninin şəxsiyyəti, kommunist partiyasının siyasətindən gələn bütün kampaniyalar ədəbiyyat tərəfindən himayə olunmalı böyük uğurlar, əmək adamlarına qayğı və s. kimi təqdim edilməliydi. Hələ proletar ədəbiyyatı dövründən yazıçıdan həyatı inqilabi inkişafda göstərmək tələb olunurdu. Bunun üçün xüsusi bir tipiklik konsepsiyası yaradılmışdı. Bir milyon fakt qeyri tipik sayıla bilərdi, amma inqilabi inkişafı göstərən bircə fakt isə əksinə, tipik elan olunurdu. Həyata belə yanaşmaq tələbi yazıçının istedadına qarşı zorakılıq idi, çünki o öz bildiyi və duyduğu şeyləri ədəbiyyata gətirə bilməzdi. Əgər belə təşəbbüs edilsə belə, rəsmi tənqid silahlanıb həmin yazıçını sovet gerçəkliyini təhrif etməkdə ittiham edilirdi. Belə yazıçılar rəsmi partiya sənədlərində pislənirdi və bu yolla onların nəşriyyatda kitab buraxdırmaq imkanları əldən gedirdi.

Ümumən Yazıçılar İttifaqı şəraitində təsadüfi adamların, bu qurumla bağlı olmayan və orada işləməyən adamların ədəbiyyata gəlməsini və yaradıcılıqla məşğul olmasını praktiki olaraq qeyri-mümkün edirdi. Bütün üzdə olan yazıcıların müəyyən dövlət vəzifələri var idi. Bu sovet dövründə ədəbiyyatın ideya istiqaməti baxımından birmənalı və eybəcər bir vəziyyətə gəlməsinə səbəb olmuşdur.

Müsbət qəhrəman. Sosialist realizminin əsas estetik prinsiplərindən biri sovet həyatının yaxşılığa doğru inkişafını göstərən, sosializmə xidməti həyat idealı sayan insanların obrazlarını yaratmaq idi. Əslində həyatda belə adamlar yox idi, bəlkə çox az və qüsurlu adamlar var idi. Partiya və dövlət orqanlarında karyera edən adamların əksəriyyəti simasız, tamahkar, yaltaq insanlar idi. Amma partiya onları ideal insanlar kimi göstərməyi tələb edirdi. Bu tipik müsbət qəhrəman əmək adamı idi. Ədəbiyyatda yaradılmış bu qəhrəman şəxsi mənafe və maraq hissindən məhrum, istehsalatda çalışan fəhlə idi. Bu fəhlənin belə heç bir şəxsi qüsuru ola bilməzdi. Əslində müsbət qəhrəman konsepsiyası sosialist realizmində cəmiyyəti müsbət planda təqdim etmək üsulu idi. Buna isə sovet ədəbiyyatının təsdiq pafosu adı verilmişdi.

Lakin sosialist realizmi ədəbiyyatının içində milli əqidəli, istedadlı, vicdanlı yazıcılar da olmuşdur. Məhz onlar — C.Cabbarlı, C.Vurğun, M.İb-rahimov, İ.Əfəndiyev, B.Vahabzadə kimi yazıcılar sovet dövrü Azərbaycan ədəbiyyatında milli bir ədəbiyyat xətti yarada və qoruya bilmişlər. Ona görə sosialist realizmi ədəbiyyatının içində həqiqi bir milli ədəbiyyat yarandığını da inkar etmək doğru deyildir.

Müəllif: tənqidçi Rəhim Əliyev
Mənbə: “Ədəbiyyat nəzəriyyəsi” kitabı, Bakı, 2008

  • Teqlər:
  • sosialist realizmi
  • , ədəbiyyat nəzəriyyəsi
  • , ədəbiyyat tarixi

Ədəbiyyat nəzəriyyəsinin predmeti və başqa fənlərlə əlaqəsi

Ədəbiyyat nəzəriyyəsinin predmeti və başqa fənlərlə əlaqəsi

Ədəbiyyatşünaslıq ən qədim elmlərdən biridir. Bu elmin qədim və dövrümüzə qədər gəlib çıxmış klassik nümunəsi — Aristotelin “Poetika” əsəri yeni eradan əvvəl dördüncü əsrdə Yunanıstanda meydana çıxmışdır. Sonrakı iyirmi dörd əsr ərzində dünya xalqlarının yüzlərcə dilində milli ədəbiyyatlar yaranmış və inkişaf etmişdir. Ədəbiyyatların belə milli əlvanlığına baxmayaraq onların hamısını birləşdirən ümumi xüsusiyyətlər vardır. Bunlar ədəbi dilin, bədii qavrayışın, bədii əsərin quruluşunun və yaradılması prosesinin ümumi xüsusiyyətlərinə aiddir. Bu xüsusiyyətləri, onları əks edən əsas anlayış və terminləri ədəbiyyatşünaslığın əsasları və ədəbiyyat nəzəriyyəsi öyrənir.

Ədəbiyyatşünaslığın əsasları ədəbiyyat elmi haqda ümumi məlumat verir və onun əsas anlayış və terminlərini yığcam, sistemli şəkildə izah edir. Bu fənn adətən filoloji təhsilin əvvəlində, birinci kurslarda tədris edilir. Yalnız ədəbiyyat tarixi və dünya ədəbiyyatı barədə geniş biliklər alındıqdan sonra ədəbiyyat nəzəriyyəsi bu bilikləri nəzəri cəhətdən əlaqələndirəm və müqayisəli şəkildə izah edən və sistemləşdirən bir fənn kimi öyrənilir. Ədəbiyyat nəzəriyyəsinin əsas termin və anlayışlarını yaxşı mənimsəmək və təsəvvür etmək üçün ı üç-dörd ədəbiyyatın tarixini, təcrübəsini az-çox bilmək zəruridir.

Ədəbiyyat tarixini ilk dəfə fransız filosofu F.Bekon 1605-ci ildə öz traktatlarından birində müstəqil elm adlandırmışdır. Bu elmin Avropa universitetlərində tədrisi isə XIX əsrdən başlanır. İlk ədəbiyyat tarixi kursları yunan-Roma ədəbiyyatları tarixinə aid idi, sonralar konkret Avropa ədəbiyyatlarının tarixləri də müstəqil fənlər kimi tədris olunmağa başlamışdır.

Bu ədəbiyyatlar sırasında Qərbi Avropa ədəbiyyatı kursu xüsusilə vacibdir, Rusiya və Azərbaycanda müstəqil fənn kimi tədris olunur. Ədəbiyyat nəzəriyyəsinin əsas nəzəri və terminoloji əsasları bu ədəbiyyatlarda, xüsusilə qədim yunan-Roma ədəbiyyatında yaranmış və digər xalqların ədəbiyyatlarına keçmişdir. Yunan-Roma ədəbiyyatının əsas nümunələri Y11-1X əsrlərdə ərəb dilinə də tərcümə olunmuşdur və nəticədə ərəb dilində müsəlman ədəbiyyat nəzəriyyəsi — Şərq poetikası və onun terminoloji bazası da yaranmışdır. Bu terminlərin bir qismi şərq yolu ilə Azərbaycan dilinə keçmişdir. Ona görə bir sıra müsəlman xalqları, məsələn biz azərbaycanlıların dilində paralel olaraq həm Avropa ədəbiyyat nəzəriyyəsi məktəbinə, hə də qismən müsəlman ərəb dilli poetika məktəbinə aid terminlər işlənir. Məsələn, poeziya-şeir, oda-qəsidə, proza-nəsr, stil-üslub və s. Müasir elmi dilimizdə bu anlayışlar elmi sinonimlər kimi işlədir.

Qərb-xristian və şərq-islam ədəbi termin ənənəsindən başqa Azərbaycan dilində və başqa xalqlarda ədəbi terminologiyanın üçüncü milli bir qismi də mövcuddur. Hər xalqın və hər dilin özünə məxsus olan milli ədəbi terminologiyanın əsas mənbəyi, ilk növbədə, həmin dildə olan şifahi xalq ədəbiyyatıdır. Bu terminlər keçmişlərdən el içində yaşayıb yaratmış söz ustaları tərəfindən işlənib yaddaşlarda möhkəmlənmişdir. Bayatı, qoşma, nağıl, oxşama kimi terminlər buna misal ola bilər. “Dədə Qorqud” dastanlarında da dastan mənasında “boy”, təhkiyə mənasında “söyləmə” kimi mühüm terminlər işlənir. Əlbəttə, bütün dünyada yunan-Roma mənşəli terminlərə üstünlük verilir və onları işlətmək elimi dəqiqlik və yekmə-nalıq baxımından daha münasibdir, Qərb dillərini öyrənmə zamanı da yardımçı ola bilir.

Ədəbiyyat nəzəriyyəsinə yaxın olan fənlərdən biri də ədəbi tənqiddir. Tənqid müasir ədəbi prosesi izləyən və araşdırıb qiymətləndirən elm sahəsidir. Tənqid mətbuatla qırılmaz şəkildə bağlı olsa da, öz təbiəti etibarı ilə nəzəri bir elmdir. Ədəbiyyat tarixinə və nəzəriyyəyə aid bütün klassik traktatlar bir qayda olaraq müasir ədəbiyyatdakı faktlar və mübahisələrlə bağlı yaranmışdır. Sonradan bu əsərlərin nəzəri əhəmiyyəti ədəbiyyat tarixçilərinə məlum olmuşdur.

Ədəbiyyat nəzəriyyəsinin əsas vəzifələrindən biri ədəbi termin və nəzəriyyələrin tarixi aspektdə öyrənilib mənimsənilməsidir. Bu fənn termin və nəzəriyyələr arasında əlaqələri onların yarandığı ardıcıllıqla bərpa edir. Sovet vaxtı yazılan ədəbiyyat nəzəriyyəsi dərsliklərində buna əhəmiyyət verilmir və klassik filologiyanın ənənələrinə laqeydlik göstərilirdi. Marksist ədəbiyyat nəzəriyyəsi çox zaman ədəbiyyatın spesifikasına laqeydlik göstərir və dialektik və tarixi materializm adlandırılan öz rəsmi fəlsəfi doktrinasını ədəbiyyat nəzəriyyəsinə və estetikaya da süni surətdə tətbiq edirdi. Bunun nəticəsində sovet vaxtı buraxılan ədəbiyyatşünaslığın əsaslarına dair dərsliklərdə partiyalılıq və xəlqilik, yaradıcılıq metodu, forma və məzmun vəhdəti, ideyalılıq və tipiklik kimi ədəbiyyatın spesifikasını çox zəif əks etdirən nəzəri problemlər işıqlandırılırdı. Bu gün onlar ədəbiyyat nəzəriyyəsinin əsaslarında ciddi yer tuta bilməz

Biz sayırıq ki, ədəbiyyat nəzəriyyəsinin əsas məqsədlərindən biri ədəbi termin və anlayışların yarandıqları tarix ardıcıllıqla və onların ilkin mənalarını açaraq şərh edilməsidir. Bu istiqamətdə klassik filologiya məktəbində də təşəbbüslər olmuş və tarixi poetika adı almışdır. Bundan başqa Hegel kimi böyük nəzəriyyəçilər ədəbiyyat nəzəriyyəsinin kateqoriyalarını tarixi ardıcıllıqla və insan təfəkkürünün inkişafına paralel şərh edilməsinə xüsusi əhəmiyyət vermişlər. Biz də sayırıq ki, tarixilik prinsipi ədəbiyyat nəzəriyyəsinin şərhində və izahında əsas metodoloji istiqamət və əsas olmalıdır.

Ədəbiyyat nəzəriyyəsinin əsas problemlərindən biri ədəbiyyatın insan fəaliyyətinin sahələrindən biri kimi mənşəcə ciddi surətdə izah edilməsidir. Ədəbiyyat necə yaranıb, o insanların hansı ehtiyaclarını ödəyir? Marksist ədəbiyyatşünaslıq bu suallara ancaq ümumi şəkildə cavab verir və ədəbiyyatı ictimai şüurun formalarından biri kimi səciyyələndirirdi. Lakin bu, qaneedici sayıla bilməz, çünki ədəbiyyat mənşə və funksiyaca ictimai olduğu qədər də fərdi şüur formasıdır və biz bu kitabda həmin məsələyə geniş yer ayırmışıq. Ədəbi qavrayış, bədiilik, yaradıcılıq prosesi, ədəbi obraz kimi ədəbiyyat nəzəriyyəsinin fundamental anlayışları məhz fərdi yaddaş və şüurla ilk növbədə bağlıdır.

Biz ədəbiyyat nəzəriyyəsini ədəbiyyatın termin və anlayışlarının törəmə tarixi kimi şərh etməyə əsas diqqət yetirmişik. Bu prosesdə elə problemlər ortaya çıxıb ki, onlar ənənəvi ədəbiyyat nəzəriyyələrində heç zaman qoyulmayıb. Bunlardan biri dilin mənşəyi və ya semiotikanın ortaya qoyduğu vahid mətn mədəniyyəti və onun mənşəyi məsələsidir. Bu problemi əhatəli şəkildə qoymaq üçün biz dilin mənşəyi haqqında öz nəzəriyyəmizi şərh etmişik və ədəbiyyatın mənşəyini də bu nəzəriyyə işığında izah etmişik.

İndiyə qədər belə hesab olunub ki, əvvəlcə şifahi ədəbi dillər və folklor formalaşıb, sonra isə onların əsasında yazılı dil və ədəbi dillər yaranıb. Biz bu geniş yayılmış nəzəriyyəni yanlış hesab edirik. Bu kitabda fonetik dilin inkişafı və müasir sərhədsiz, vahid mətn mədəniyyətini yaratması yazının yaranmasının nəticəsi mimi izah edilmişdir. Bu nəzəriyyəni geniş şərh etmək üçün biz dilin mənşəyi, ədəbi dillərin formalaşması prosesini də ədəbiyyat nəzəriyyəsinin predmetinə daxil etmişik. Məsələnin belə qoyuluşu zamanı mifin və mifyaratmanın dilin mənşəyi və təbiəti ilə ayrılmaz bağlılığı üzə çıxır.

Belə halda yazılı dil anlayışı və onun nəzəriyyəsi ədəbiyyat nəzəriyyəsinin tərkib ünsürü olur və müasir dilçılıkdə olduğundan fərqli bir məna qazanır. Yazılı dilin normativliyini hazır bir şey kimi alıb araşdıranda o mətbuat dili anlayışı ilə eyniləşir. Lakin ədəbi dillərin formalaşmasına tarixilik prinsipini tətbiq edəndə, o yazının və xüsusilə vahid mətn mədəniyyəti anlayışının tarixi baxımda izah edən bir elmə, dilin mənşəyinin təkamül nəzəriyyəsinə çevrilir.

Belə olan halda yazılı kitab dilinin formalaşma tarixi marksizmdə vulqar şəkildə qoyulan ədəbi təsir, tərcümə, təqlid və təbdil problemləri milli ədəbiyyatların mənşəyinin əsas forması kimi ortaya çıxır.

Ədəbiyyat nəzəriyyəsinin bağlı olduğu elmlər sırasında ilk növbədə dilçiliyi və onun leksika, üslubiyyat, ədəbi dil və s. kimi bölmələridir. Əslində ədəbiyyat və dil elmi ayrılmazdır və yaxşı ədəbiyyatçılar dil elmlərini tam həcmdə bilməlidirlər. Dil elminin əsas predmeti olan yazılı mətnlər dilçilikdə dil qanunları baxımından öyrənilir. Ədəbiyyat elmində isə dil əsasən mənayaratma və obrazyaratma baxımından, digər tərəfdən isə semiotika elminin irəli sürdüyü vahid mətn mədəniyyətinin nəzəriyyəsi və tarixi baxımından öyrənilir. Semiotika insanların istifadə etdiyi bütün işarə sistemlərinin ümumi əsaslarını öyrənir, ədəbiyyat nəzəriyyəsi isə ancaq söz işarəsinin və sıralarının bədii funksiyalarını və təbiətini öyrənir.

Ədəbiyyat nəzəriyyəsi fəlsəfi elmlər, xüsusilə estetika ilə bağlıdır. Tarixən estetika ədəbiyyat haqqında elmin tərkibindən çıxıb müstəqil elm olmuşdur. Estetika bədii yaradıcılığın ədəbiyyatdan fotoya qədər bütün sahələrini əhatə edən universal kateqoriyaları və qanunları öyrənir. Ədəbiyyat nəzəriyyəsi isə ancaq ədəbi yaradıcılığa aiddir, yəni ancaq söz vasitəsilə reallaşan bədii yaradıcılıq sahəsini öyrənir. Ədəbiyyat nəzəriyyəsini ədəbi qavrayış və ədəbi yaradıcılıq, ədəbi qiymətləndirmə kimi bölmələri fəlsəfənin təfəkkürü öyrənən qneseologiya (idrak nəzəriyyəsi) və psixologiya ilə bağlıdır. Ədəbiyyatın bu fənlərlə əlaqəsi ədəbi yaradıcılığın da insanın dünyanı mənimsəməsi və dərk etməsi prosesinin bir sahəsi olması ilə əlaqədardır.

Ədəbiyyat nəzəriyyəsi dinlərin tarixi və nəzəriyyəsi ilə bağlıdır. Mif, din, ədəbiyyat eyni kökləri olan, dünyanı sözlə izahın bir-birini tamamlayan tarixi formalarıdır. Ədəbiyyat nəzəriyyəsi dinin ehkamlarını da kanonikləşdirilib Allaha aid edilmiş ədəbi obrazlılıq forması kimi izah edir. Dünyanı izahetmə baxımından dini mətnlərin hamısı ədəbi mətnlərlə eyni təbiətlidir.

Müəllif: tənqidçi Rəhim Əliyev
Mənbə: “Ədəbiyyat nəzəriyyəsi” kitabı, Bakı, 2008

Comments are closed, but trackbacks and pingbacks are open.