Sabir hmdli ömür urası
İsa Həbibbəylinin müstəqillik dövrü ədəbiyyatı ilə bağlı yalnış bölgüsü (1-ci mərhələ – 90-cı illər, keçid dövrü ədəbiyyatı, 2-ci mərhələ – müasir Azərbaycan ədəbiyyatı-?-İ.M.) 1800 səhifə boyu öz çaşdırıcı təsirini göstərir. Kitabın struktur baxımından tərtibatı qüsurludur. Anlaşılmaz və məntiqə, konseptuallığa xələl gətirən qeyri-dəqiq yanaşmalarla cəmi-cümlətani 25 ili əhatə edən ədəbiyyatın nümunələri müxtəlif başlıqlar altında gah sağa çəkilir, gah sola. Yəni, tutaq ki, mövzu bölgüsündəki (“Qara yanvar”, “Qarabağ müharibəsi” və s.) təhlillərdə haqqında danışılan mətnlər zaman baxımından bölgüdə (90-cı illərin “keçid ədəbiyyatı” və ya 2000-ci illərin müasir ədəbiyyatı kontekstində) də yenidən söhbət konusu olur.
Sabir Əhmədlinin göz yaşları… – Samirə Əşrəf
Xeyli vaxtdır Sabir Əhmədli haqqında yazmaq istəsəm də, hər dəfə məsuliyyət hissi məni bu arzudan uzaqlaşdırıb. Sağlığında iyirmi iki romana imzasını atan bu azman, azman olduğu qədər də sanballı yazıçı haqqında “mən nə yaza bilərəm” kəlmələri məni yazıdan ürküdüb.
Sabir Əhmədlinin adı səslənəndə ağlıma gələn fikirləri ümumiləşmiş olaraq bir sözlə izah edə bilərəm. Təsəlli.
Bəli, məhz onun adını eşidən zaman ilk xatırladığım söz bu olur. Daha sonra qürur, həsrət, kədər, göz yaşları və s.
Doğulub boya-başa çatdığım Cəbrayıldan mənə qalan bircə Sabir Əhmədli imzası olub. Təsəllim bundan yanadır. Qürur-ədəbiyyat, həsrət – Cəbrayıl, göz yaşları – Cəmil Əhmədov, Məhəmməd Əhmədov və yenə də Cəbrayıl, bütünlükdə isə Qarabağ.
Sizə deyim ki, bəzən Sabir Əhmədli adına toxunanda ərk hissi də keçirmişəm. Axı mən onun əsərlərində nəql etdiyi torpaqda böyümüşdüm. Həmin yerləri qarış-qarış gəzmişdim. Sirik kəndinin məktəbli lagerindən tutmuş, ta Cəmil Əhmədovun ev muzeyinə qədər olan hər yeri bugünkü kimi xatırlayıram.
1944-cü il iyirmi yaşında Polşada həlak olan nakam qardaş Cəmil Əhmədovun sağ qalmış abidəsi önündə dəfələrlə əlimdə bir dəstə yasəmən çiçəyi ilə dayanıb şəkil çəkdirmişəm. Mirzəcanlı ilə qalalıları bir-brindən ayıran çaylağın üzərindəki dəmir körpüdən keçib hər gün uşaq bağçasına getmişəm. Qurban təpəsinin ətəklərində bitən şirin yemlikdən dodaqlarım qızarana qədər yemişəm. Cəmil Əhmədovun adını daşıyan məktəbin şagirdi olmuşam.
Bütün bunlar indi yoxdur. Daha doğrusu, bəlkə də var, amma həmin məkanlar artıq bizə qadağandır. Biz o məkanları nə görə, nə də hiss edə bilərik. Eləcə xatirələrimizdə, yuxularımızda, bir də Sabir Əhmədlinin əsərlərində duya bilərik.
Sabir Əhmədlinin göz yaşlarını onun bütün fotolarında görmüşəm. Hətta ən qəzəbli, ən ciddi baxdığı şəkillərində belə onun yanağını isladan göz yaşlarını hiss etmişəm. Onu belə gizlin-gizlin ağladan qardaş, torpaq və oğul nisgili olub.
Sonuncu kitabı “Axirət sevdası” yazıçının ömrünün son trilogiyasıdır. Əgər “Yazılmayan yazı” kitabında Sabir Əhmədli yeddi arxa dönənini, şəcərəsini, yaşadığı torpağın tarixini araşdıra-araşdıra öz keşməkeşli bioqrafiyasına işıq tuturdusa, “Axirət sevdası” kitabında yazıçı Qarabağ müharibəsinin gətirdiyi, insanlara yaşatdığı faciələrin səbəbini göz önünə sərir.
“Axirət sevdası” kitabında yer alan ilk roman elə kitabla eyni adı daşıyır. Yazıçı burada oğlu Məhəmmədin gözlənilməz və vaxtsız ölümünün ona verdiyi ağrı-acıdan danışır. Hərdən gileylənir, hərdən vaysınır, amma bir dəfə də olsun niyə sualını ünvanlamır. Heç kimə – nə özünə nə də başqalarına. Eləcə canından, qanından yaranan bir insanın yerində qalan dərin boşluğun yaratdığı kədərə sızıldayıb, çox az adamın eşidə biləcəyi səslə ağı deyir.
Axı oğluna söz vermişdi ki, ad günündə mütləq onun yanına gedəcək. Gedir də. Amma bir az ləngiyir, bir yandan qarlı çovğun, bir yandan ölüm kəlməsinin ağlına, eyninə gəlməməsi onu arxayınlaşdırır.
İnsanlar adətən ölümü özlərinə yavuq buraxmırlar. Amma Sabir Əhmədli onu oğluna da yaraşdırmır. O elnikürək, iki əlləri ilə onu qucağına qaldırıb yerə qoyan oğul hara, bircə qəlpənin anidən gətirəcəyi ölüm hara?
Yox, o, inanmır! Bu səbəbdən də “Axirət sevdası”nda oğlunun getdiyi yolları qarış-qarış o, da gedir. Düz Murovun ətəklərinəcən. Əli hər yerdən üzülür, amma Məhəmməddən üzülmür. Geri qayıdır. Gəncədəki dostunun və ailəsinin ona qarşı yaranan qəmgin münasibətindən, hətta öz oğlanlarını ona qoşub Bakıyacan yoldaşlıq etmək tapşırığından da eymənmir. Bəlkə də eymənir, amma o amansız kəlməni, ölümü oğluna yaraşdırmır. Gəlib Yasamaldakı evinin dikdirinə qalxıb həyətindəki yas çadırını görsə də, yenə inanmır. İnanmır ki, Məhəmməd daha yoxdur. Güman edir ki, oğlu yaralıdı və hansısa xəstəxananın dərman qoxulu otağında cığhacığ cığıdayan dəmir setkalı çarpayıya uzanıb onun yolunu gözləyir. Lakin evinin qapısından girib qohum-əqrəbasını onun evinə daşıyıb gətirən çoxlu ayaqqabıları görən Sabir Əhmədli əyilir. Bütün həyatı boyu heç kimin, heç nəyin qarşısında sınmayan, əyilməyən bu nəhəng insan ilk dəfə əyilir. Oğlunun, Məhəmmədin cənazəsi qarşısında. Dizin-dizin sürünüb özünü neçə günlərdi arayıb-axtardığı, ölümü yaraşdırmadığı uca boyu ilə tabuta döşənmiş Məhəmmədinin üstünə atır.
“Elə ki, mənzilin açıq qapısından qoluma girmiş bu oğlanla içəri ayaq basdım, bütün qohum-əqrəbanı, otaqları dolu gördüm.
Orta – böyük otaqda çəhrayı ipək çəkilmiş cənazə qoyulmuş, anası başda oturmuş, xalaları, qohum-qonşu cənazə dövrəsində halay qurub əyləşmişdilər.
-Yox! Yox! Yox. Ola bilməz. İnanmıram! Məhəmməd balam mənim! İnanmıram! Cənazənin ayağında çöküb dizin-dizin onun üstünə can atdım:
– Açın üzünü! Götürün örtüyü! Mən onu görmək istəyirəm! Mən səni haralarda axtardım, balam?! Gəlibmişsən, özün gəlibmişsən! Məndən qabaq gəlib çıxmısan evimizə. Bütün nigaranlıq bitdi!”
Bu məqamda belə yazıçı heç kimi heç nəyi, hətta taleyin özünü belə təqsirləndirmir. Eləcə, özü öz matəminə bürünür. Öyrəncəlidir artıq. Nakam qardaşını qərib, özgə torpaqlarda itirib. Ondan geriyə bir neçə məktub, orden və medaldan başqa heç nə qalmayıb. Bir də heykəl. Daş parçası. Amma yazıçı o heykəlin də həsrətini qaçqınçılıqdan sonra qardaşının həsrətini çəkən kimi çəkir. Qohum-əqrəbasını onun ev muzeyindən məktublarını gətirməməkdə qınayır, küsür, acıq edir.
Polşada qardaşının uyuduğu məzardan özü ilə bircə şəkil gətirə bilir. Onunla təsəlli tapır. Məhəmməddən də geriyə çoxlu şəkillər, əlbət ki, qalıb. Amma bu qalıcılıq onun yarasına məlhəm olmur. Gündən-günə heydən, taqətdən düşür. Güclü insan olsa belə, övlad itkisi onu şam kimi əridir. O, isə özünü insanların yanında şax tutur, tutmağa çalışır.
Yazıçı ikinci romanı “Kef”də öz ahıl ovqatını, yaşam tərzini bütünlüklə əks etdirir. Taleyin ümidinə qalmış qoca ər və arvadın başının üstünü alan yoxsulluq, yaşlılıq, xəstəliklər sətirlərdə dilə gəlib danışırlar. Evinin açarını itirən yaşlı müəllim əslində elə yazıçının özüdür. Müəllim vasvası bir qorxu ilə həmin açarı axtarmağa başlayır. İşə gedib-gəldiyi bütün yolları axtaırır, amma tapmır. Lakin məsələ bundadır ki, həmin açarı axtararkən o, gəzdiyi küçələrin, rastlaşdığı insanların, hətta ağacların, binaların yaranması başlarına gələn hadisələr haqqında danışır. Əslində, açar bir bəhanədir. Onun vasitəsi ilə yazıçı 90-cı illərin ab-havasını, cəmiyyətdə baş verənləri çox gözəl və maraqlı dillə oxucuya çatdırır.
On yaşım olanda qradın, topun, alazanın nə olduğunu bilirdim. Bilirdim ki, bu adlarını saydıqlarımın hamısı düşdükləri yeri qana bələyir. Bu səbəbdən də torpaqlar işğal olunandan sonra uşaqlıq dövrü də mənim üçün sona çatmışdı. Yalnız kitablar bu sonluğun içimdə dərin yarğanlar açmasına imkan vermədi. Məktəb kitabxanasından götürüb oxuduğum kitablardan sonra içim aşıb-daşır, sözlə qaynaşırdı. Özümü yalnız xəyallarımda ifadə edirdim. Xəyallarımın gücü ilə qəhrəman bir döyüşçü kimi necəsə, nə cürsə Cəbrayıla, doğma yurda gedib çıxırdım. Boş küçələri, sahibsiz evləri, bağçaları yalnız mən görürdüm.
Böyüdükcə həmin xəyallar da yavaş-yavaş solğunlaşdı. Cəbrayıla gedib çıxa bilmədim. Bu iyirmi dörd ildə onlar heç cür gerçəkləşmədi. Otuz altı yaşın tamamında mən on üç yaşında öz torpağından didərgin düşmüş qızcığaz həmin xəyalların daha bir insanda təzahür etməsinin şahidi oldum.
Sabir Əhmədlinin “Ömür urası” romanı bütün qaçqınların arzuladığı günün çin olduğu məqam idi. Sabir Əhmədli Bakı-Mincivan qatarı ilə özü təkcənə Cəbrayıla yola düşmüşdü. Amma Allah bilir nə qədər mənim kimi qaçqının xəyalını, arzusunu da özü ilə götürüb o torpaqlara aparmışdı.
Həmid Herisçi “Konspiroloq” kitabında yazır: “Hərbiçilərimiz, siyasətçilərimiz, millətimizin eləyə bilmədiyini yenə də ədəbiyyatımız, əslində, yalqız-qocaman bir yazıçı həyata keçirdi – işğal altındakı torpaqlarımızı, xəyalən də olsa belə, düşmən tapdağından azad edib öz doğma yurdu Cəbrayıla qayıtdı”
Beləliklə, heç kimin edə bilmədiyni qocaman, ürəyi yaralı bir insan edə bilir. Bircə o, hər kəsdən xəbərsiz doğulub boya-başa çatdığı torpaqlara daxil ola bilir. İlahi qüvvə bircə onun təmizliyinə və saflığına hörmətlə yanaşır və onu ömrünün son illərində nakam qoymaq istəmir.
Başlı-başına bomboş, kimsəsiz qalan, ağacları budanan, evləri sökülən, yandırılan vətəni görmək o qədər də asan olmur. Hələ qarşıda qardaşının sahibsiz heykəlini qucaqlamaq, bağrına basmaq, evinin taxtapuşusuna çəkilmiş əlif izlərində Məhəmmədin əl izlərini görmək də var. Başı kəsik kötüklərin üstündə əyləşib işğaldan sonra xana toxuyan gözəl qızların başına düşmən tərəfindən gətirilənləri yada salıb xatırlamaq da yazıçının nəsibində var imiş.
Tanrı böyük bir səxavətlə bircə bu əzəmətli, təmiz xislətli, istedadlı insanın həmin əraziyə daxil olmasına imkan yaradır. Onu ömrünün urasında, sonunda bu cür mükafatlandırır. Çünki ona böyük istedad və güclü xarakter versə də, ondan çox şey almışdı. Qardaş, torpaq və oğul dağı yazıçının sinəsinə əbədi həkk olunmuşdu. Həmin torpaqlara xəyali səyahət belə Sabir Əhmədlinin ürəyini sərinlədib, toxtadır.
Bu gün Sabir Əhmədli sağ olsaydı, onun göz yaşlarından öpüb soruşardım. Bizim ev salamat idimi, ustad? “Dəyirman dərəsi” məhləsinin lap əvvəlində olan səliqəli, güllü-çiçəkli bir həyət vardı. Şah İsmayıl Xətai küçəsi, ev 2. Həmin evin də taxtapuşunu ermənilər söküb aparıblarmı? Ağaclarını kəsib doğrayıblarmı? Qızılgül, nərgiz, yasəmən çiçəklərinə divan tutublarmı?
O həyət-bacada mənim rəhmətlik atamın da əl izləri vardı. Eynən sizin Məhəmmədin əl izləri kimi. O, əl izlərini görə bildinizmi, ustad? Ya eləcə öz həyətinizdə oturub vaysınıb, ağlayıb, sonra da kiriyib dərə aşağı düşərək sizi gözləyən son ömür qatarına minib yola düşmüsünüz?
Amma Sabir Əhmədli artıq həyatda yoxdur. İndi bütün bu sualları onun əsərlərində, yazılarında axtarmaq lazım gələcək. Əminəm ki, onun hansısa sətrində nə vaxtsa öz suallarımın cavabını tapacam.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
Sabir hmdli ömür urası
AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun hazırladığı “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” ikicildliyi haqqında
II məqalə
ƏVVƏLİ BURADA:
İradə Musayeva
“Müsəqillik dövrü Azərbaycan ədəbiyyatı” ikicildliyində pafos, emosional, ritorik alqışlamalar və “portret oçerklər”dəki yerli-yersiz mübaliğələr imkan vermədi ki, çağdaş ədəbi mənzərənin problemlərini elmi-nəzəri, akademik təhlil əsasında aydınlaşdıraq. Hətta “Müstəqillik haqqında oda” (oda – şən nəğmə, təntənəli hadisənin şərəfinə yaradılan şeir, mahnı – İ.M.) məqaləsində də İ.Həbib-bəyli və T.Əlişanoğlu mövzunu ciddilik ampulasından çıxarır, qələbə paradının nitqini xatırladan intonasiya ilə ədəbiyyatşünaslıq söhbəti etmək istəyirlər.
Kitabda təxminən 120 məqalənin 17-sində İ.Həbibbəylinin, 30-da isə T.Əlişanoğlunun imzası var. Məsul redaktor müstəqillik dövrü ədəbiyyatının problemlərini, ədəbiyyatşünaslıq nöqteyi-nəzərindən təhlilini qələmə almaq işində istənilən bir müəllifin imzasının yanında imza qoymaqdan, şəriklikdən də çəkinməyib. Bir sözlə, bu “tarixi fürsətdən” yararlanaraq özünü hökm-fərman sahibi kimi aparıb. Ədəbiyyatın “müstəqillik zonasına” istədiyi adamı buraxıb, istəmədiyini isə çıxdaş edib.
Bir azdan sizə “portret oçerklər” qalereyasını təqdim edəcəm. Əlbəttə, izah vermədən belə siz özünüz bu adların içərisində layiqliləri və layiq olmayanları seçəcəksiniz. Amma bir az səbrsizlik edib, məni heyrətləndirən və sarsıdan bir məsələyə, belə demək mümkünsə, tarixi haqsızlığa diqqəti çəkmək istəyirəm.
Sabir Əhmədli kimi ədəbiyyatımızın vicdanı, nəsrimizin Folkneri hesab edilən bir şəxsiyyət, xalq yazıçısı “portret oçerk” “səviyyəsinə” qalxa bilməyib bu kitabda. Asim Yadigar adlı, yəqin ki, çoxumuzun tanımadığı bir müəllif (şair) haqqında İsa Həbibbəyli 22, yenə həmin qəbildən olan Vaqif Məmmədov adlı digər şair haqqında isə 18 səhifəlik məqaləsini dərc elətdirib. Belə xüsusi , “fərqləndirici diqqət” əsasında yazılan məqalələr az deyil kitabda – müstəqillik ədəbiyyatının portreti adına!
Məqalələrin böyük əksəriyyətində subyekt və obyektin şəxsi münasibətləri, subyektin obyektə simpatiyası açıqca diktəsini edir. Ümumi ədəbi mənzərənin siması obyektivlik prinsipi əsasında deyil, subyektivlik, şəxsi münasibət meyarı ilə əks olunur çox məqamlarda. Və bir çox hallarda “Kimlər bu kitabda yer tutsun?- sualı, “Müstəqillik dövrü ədəbiyyatının əsil yaradıcı qüvvələri kimlərdir?- sualının başı üzərindən ötüb keçir və həllini ədalətsizcəsinə tapır.
Təsəvvür edin, Şəmil Sadiq (“2000-ci illərdə yaradıcılığa başlayan, ədəbiyyat aləminə şeir və nəsr nümunələri ilə daxil olmaqla bərabər, elmi və müəllimlik fəaliyyəti ilə də məşğul olan Şəmil Sadiq (Şəmil Kamil oğlu Sadiqov) 1978-ci il sentyabrın 3-də Naxçıvan Muxtar respublikasında, Babək rayonunun Nehrəm kəndində doğulmuşdur. C.Məmmədquluzadə adına 1 nömrəli məktəbdə təhsil aldıqdan sonra 1996-cı ildə BDU-nun filologiya fakültəsinə qəbul olunmuş, bakalavr və magistr pillələrini fərqlənmə diplomu ilə bitirmişdir”. s.520) müstəqillik dövrü ədəbiyyatının portret obrazı ola bilir bu kitabda, amma 60 il Azərbaycan xalqının müstəqilliyi, azad təfəkkürü, ədəbiyyatı, mədəniyyəti üçün vicdanla qələm çalan, müstəqillik, Qarabağın azadlığı uğrunda oğlunu qurban vermiş (“Məhəmmədi əsgərlikdən saxlatdıra da bilərdim, cəbhədən yayındıra da. Amma o boyda oğulu xalqdan gizlədə bilməzdim. Onu nə təhər gizlədəydim axı?”- S.Əhmədli), şəxsiyyəti ilə qələmi arasında paradoks olmayan xalq yazıçısı isə icmal məqalələrdə fraqment kimi görünüb, itir. “20 yanvar”, Qarabağ müharibəsi” və s. mövzuların təhlili zamanı S.Əhmədlinin əsərlərindən danışmamağın mümkünsüzlüyü hesabına onun da yaradıcılığına bəzi məqamlarda müraciət edilir, fəqət, bu böyük yazıçının xüsusi yaradıcı, nasir obrazı mündəricatda və ” portret” mövqeyində görünməmək şərti ilə.
Kənan Hacı S.Əhmədliyə həsr etdiyi məqaləsində hörmətli yazıçımız Çingiz Abdullayevin S.Əhmədli haqqındakı bir sirrini açır: “Yazıçılar Birliyinin Natəvan klubunda Çingiz Abdullayevin gənc yazarlarla görüşü keçirilirdi. Həmin görüşdə Çingiz Abdullayev indiyədək çoxlarının bilmədiyi bir sirrin üstünü açdı və dedi ki, ilk dəfədir ki, bu faktı açıqlayıram, Sabir Əhmədlinin ruhundan üzr istəyirəm. Müharibənin qızğın vaxtında Sabir müəllimin oğlu Məhəmmədi cəbhəyə yollayırmışlar. Yazıçılar Birliyində bu barədə söhbət gedərkən rəhmətlik Yusif Səmədoğlu deyib ki, Sabir müəllim, heç narahat olmayın, biz yuxarılarla danışıb onu saxlatdırarıq. Sabir müəllimsə qəti etiraz eləyib “sonra deyəcəklər ki, Sabir Əhmədli oğlunu Vətəndən əsirgədi. Qoy getsin!”- deyib. Bildiyiniz kimi, Məhəmməd cəbhəyə getdikdən qısa müddət sonra qəhrəmanlıqla şəhid oldu. Mən bu faktı yazmaya da bilərdim, Çingiz Abdullayev də xahiş etdi ki, deyirəm, amma yazmayın. Yazmaya bilmədim, çünki bu faktın arxasında Sabir Əhmədlinin yenilməz xarakteri dayanır”.
Qəribədir, S.Əhmədlinin ədəbi taleyinə sovet-bolşevik rejimindəki qərəzli, qısqanclıqla, məkrlə yanaşılma prinsipi (vaxt oldu ki, üst-üstə götürəndə, 10 il kitabının çap olunmasına imkan vermədilər, “sovet ədəbiyyatına yaraşmayan yazıçı” kimi Mərkəzi komitənin iclaslarında tənqid olundu, bütün yazıları nəzarətdə saxlanıldı) müstəqillik zamanında, demokratik şəraitdə yazıb-yaradan Elmlər Akadeniyasında da təkrarlandı. Ədəbiyyat İnstitunun senzurası onu müstəqillik illərinin ədəbi portreti kimi təqdimə rəva görmədi. Halbuki, müstəqillik illərinin ən dəyərli nəsr əsərlərini (“Yanvar hekayələri”, “Kütlə”, “Axirət sevdası”, ”Kef”, Ömür urası” və s.) məhz Sabir Əhmədli yazmışdı. “20 yanvar” hadisələri baş verən günlərdə qanlı küçələri qorxmadan gəzə-gəzə, ağlaya-ağlaya yazmışdı “Yanvar hekayələri” adlı kitabını. O ahıl yaşında cəbhə bölgəsində, əsgərlərin yanında olurdu, güllə yağışı altında.
“”Dünyanın arşını”ndan az sonra mən “Yamacda nişanə” povestini yazdım. Bu povest ilk əsərdir ki, mən onu birbaşa makinada yazdım. “Ulduz” jurnalında çap olundu. Daha sonra “Yaşıl teatr”, “Qanköçürmə stansiyası” yazıldı və çap olundu. Doğrudur, Mərkəzi Komitənin qərarına düşəndən sonra mən beş il kitab buraxdıra bilmədim. Daha mənim hər bir yazımı dörd gözlə oxuyur, mikroskopla baxırdılar. “Azərbaycan” jurnalında, istər “Ulduz”da çap olunurdum. Jurnallarda çap olunmaq asandı, oradakılar tanışlar, yaxın, qəhmar insanlardı. Amma kitab yox. Orada imansız, amansız, senzor, qisasçı məmur, vəzifəgüdənlər əyləşmişdilər. Mənim bircə əlyazısı gətirməyimi gözləyirdilər, düşsünlər üstünə” (S.Əhmədli. “Yazılmayan yazı” kitabından).
Xalq yazıçısı Sabir Əhmədlinin düşə bilmədiyi “portret oçerklər” silsiləsindəki adları sizə təqdim edirəm. Onu da qeyd edim ki, bu portretlərin bir qismi “Bölgələrdə müasir ədəbi həyat” adı altında təqdim edilib:
Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Məmməd Araz, Sabir Rüstəmxanlı, Zəlimxan Yaqub, Anar, Elçin, Vaqif Səmədoğlu, Nəriman Həsənzadə, Fikrət Qoca, Hüseyn Kürdoğlu, Nurəngiz Gün, Musa Yaqub, Firuzə Məmmədli, Vaqif Məmmədov, Firuz Mustafa, Hidayət, Kamal Abdulla, Hüseynbala Mirələmov, Rəşad Məcid, Elmira Axundova, Sona Vəliyeva, Aqil Abbas, Mövlud Süleymanlı, Afaq Məsud, Seyran Səxavət, Çingiz Abdullayev, Səyyad Aran, Sara Oğuz, Nəriman Əbdürrəhmanlı, Elçin Hüseynbəyli , Yunus Oğuz, İlqar Fəhmi, Şəmil Sadiq, Məmməd İsmayıl, Çingiz Əlioğlu, Ramiz Rövşən, Hamlet İsaxanlı, Rüstəm Behrudi, Vaqif Bayatlı Odər, Rafiq Yusifoğlu, Əjdər Ol, Adil Cəmil, Əhməd Qəşəmoğlu, Elman Həbib, Qəşəm Nəcəfzadə, Salam Sarvan, Qulu Ağsəs, Əli Əmirli.
“Bölgələrdə müasir ədəbi həyat” fəslində: Asim Yadigar, İsmayıl İmanzadə, İltifat Saleh, Ramiz Qusarçaylı, Barat Vüsal, Ənvər Əhməd, Novruz Nəcəfoğlu, Xanəli Kərimli, Vaqif Aslan, Məmməd Alim, Sabir Sarvan, Rafiq Hümmət.
Bəli, S.Əhmədli haqqında kurs işi, diplom işi yazan tələbədən tutmuş, akademiklərimizə qədər hər kəs onun ədəbiyyatımız üçün dəyərini səmimi şəkildə etiraf edir. Ədəbiyyat instutunun müstəqillik ədəbiyyatına həsr olunmuş qırmızı üzlü kitabındakı “oda”ların nəqarətində adı səslənməsə belə.
“Sabir əbədiyyətə adını çoxdan yazıb, ölümsüz əsərləri ” Ömürdən nişanə” kimi onun adını yaşadacaq, yatdığı torpağı da ziyarətgaha çevirəcək”… (akademik Tofiq Hacıyev) “Sabir Əhmədliyə torpaq darlıq eləyər, o, 300 milyonluq bir xalqın ürəyinə həkk olunub, bu azdımı?!”. (Aqil Abbas) və s.
S.Əhmədli üçün meyar xalqın etimadı idi, xalqın gözündən düşməmək, xalq qarşısında suçlu olmamaq idi. Oğlunu da “xalqdan gizlədə bilməmək” dürüstlüyü yolunda fəda etdi. Bu nağıl və roman hadisəsi deyil, cənablar! Tarixdir. Tehran Əlişanoğlu, Sizin vaxtilə bircə addımlığınızda baş verən ağrıdan danışıram. 1800 səhifəlik həcmlə öyünmək çox asandır. Tarix çox külliyyatların səhifələrinə tum dənələri tökdürüb, çox lüzumsuz səhifələrlə ocaq qalatdırıb. Əlbəttə, söhbətin kəskin notu qətiyyən bu kitabda yer almış layiqli şəxsiyyətlərə şamil edilə bilməz. Bu topluda ədəbiyatımızın, eləcə də müstəqilliyimizin, sözün həqiqi mənasında xidmətkar şəxsiyyətləri, ədəbi portretləri daha çox əks olunub. Bu aydındır və zərurətdir. Lakin, kitabın təyinatı və adı ilə uyğun olmayan çoxluqlardan, boşluqlardan danışıram.
Kitabdakı bir çox fəsillərin və yarımbaşlıqların ifadə etdiyi məna ilə həmin adlar altındakı məzmunun, demək olar ki, əlaqəsi yox dərəcəsindədir. Məsələn, diqqətli oxucu müqayisə üçün baxsın: Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının təşəkkülü” adlı II fəsildəki ” İctimai-siyasi durum”, “Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası”, “Müstəqillik dövrü ədəbiyyatının qaynaqları”, “ədəbi-mədəni proses”, “Müstəqillik ədəbiyyatının mövzu və tendensiyaları”, “Qanlı yanvardan başlanan yol” kimi bölmələrdə bir-birindən mahiyyət və məzmun-ideya baxımından seçilməyən cümlələr, fikirlər təkrar-təkrar təkrarlanır. Özü də elmi-nəzəri, ədəbi-estetik səciyyələndirmələr, analitik təhlil və xarakterizələrlə deyil, pafoslu, köpük kimi ələ gəlməyən, çox hallarda məntiqi baxımdan qüsurlu, qeyri-elmi şablonlarla.
Məsələn, oxucunun nə qədər mənasız səbri olmalıdır ki, sitat gətirdiyim formatdakı cümlə tiplərini müxtəlif səhifələrdə yüz dəfə təkrar-təkrar oxusun: “Müstəqillik dövrünün Azərbaycan ədəbiyyatı yaşadığımız dövrün ədəbiyyatıdır. Zaman sərhədlərində XX əsrin sonu və XXI əsrin başlanğıcını qarşılayır. Tipoloji müəyyənliyi dünyada gedən qlobalizə və postmodern epoxası proseslərinə birbaşa və ya dolayısı ilə bağlı olub, milli hüdudlarda dünya ədəbiyyatının çeşidini təqdim edir”.(s58) “Müasir Azərbaycan ədəbiyyatı milli müstəqillik illərinin ədəbiyyatıdır. 1990-cı illərdən başlayaraq, əvvəlki dövr ədəbiyyatından fərqli səciyyə və xüsusiyyətlər göstərir. Həm mövzu əhatəsinə görə: 20 yanvar faciəsi, Qarabağ savaşı, milli cəmiyyətin dünyaya inteqrasiyası. Milli insanın müasirləşmə tendensiyası, qlobalizə proseslərinə reaksiya və s. (s.58) “Müstəqillik ədəbiyyatının ideya zəminində azərbaycançılıq ideologiyası durur” (s.59) və s.
Əslində “sovet ideoloji ədəbiyyat qəlibi”ndən qurtulan bir yaradıcılığa-müstəqillik dövrü sənətinə yenidən və daha sərt etiketlər (azərbaycançılıq, 20 yanvar faciəsindən, Xocalı hadisələrindən yazmaq mütləqliyi, iqtisadi inkişafdan, “dini-mənəvi”, ” etnik-milli”, “geopolitik maraqlar”, “kapital maraqları”, “milli maraqlar” və s. bu kimi tendensiyalılıq) yapışdırmağın özündə ədəbi bir inzibatçılıq, ədəbi diktatura hökmü hiss olunmaqdadır. “Müstəqil” “azad” dedikləri ədəbiyyata yenidən ideoloji qəliblər axtarışının zəruriyyətindən yazırlar kitabın ideoloqları (İ.Həbibbəyli, T.Əlişanoğlu).
“Müasir Azərbaycan ədəbiyyatı müstəqil Azərbaycan cəmiyyətinin həyatı, arzu və ideallarından yaranmışdır, müstəqil Azərbaycan dövlətçiliyinin dəyərlərinə söykənir, ideoloji baxımdan da bu təmamən yeni ədəbiyyatdır. İdeoloji vacibdir; o cümlədən ədəbiyyatın, sənətin artması, inkişafında ideoloji diskursun iştirakı şəksizdir. Bunu 1990-cı illərin ideoloji atmosferinin mürəkkəbliyi bir daha üzə çıxardı. Özlüyündə sosrealizm məngənəsindən azad olmuş, buxovlardan qurtulmuş ədəbiyyat və sənət məhz yeni ideologiya axtarışlarında təbəddülat keçirdi. Millətin, xalqın, cəmiyyətin, insanın taleyi; milli, sosial, zümrəvi, fərdi, dünyəvi mənafe; tarixi –mədəni, ictimai-siyasi, dini-mənəvi, etnik-milli, bəşəri-sivilizasion dəyərlər; qlobal maraqlar, geopolitik maraqlar, kapital maraqları, millət maraqları, hər yerdə milli maraqlar, hər qarşıya çıxan düyündə millət sev-dası ədəbiyyat və sənət üçün ideoloji zərurətin kontekstini müəyyənləşdirməkdə çətinlik törədirdi”. (s.59)
İsa Həbibbəylinin müstəqillik dövrü ədəbiyyatı ilə bağlı yalnış bölgüsü (1-ci mərhələ – 90-cı illər, keçid dövrü ədəbiyyatı, 2-ci mərhələ – müasir Azərbaycan ədəbiyyatı-?-İ.M.) 1800 səhifə boyu öz çaşdırıcı təsirini göstərir. Kitabın struktur baxımından tərtibatı qüsurludur. Anlaşılmaz və məntiqə, konseptuallığa xələl gətirən qeyri-dəqiq yanaşmalarla cəmi-cümlətani 25 ili əhatə edən ədəbiyyatın nümunələri müxtəlif başlıqlar altında gah sağa çəkilir, gah sola. Yəni, tutaq ki, mövzu bölgüsündəki (“Qara yanvar”, “Qarabağ müharibəsi” və s.) təhlillərdə haqqında danışılan mətnlər zaman baxımından bölgüdə (90-cı illərin “keçid ədəbiyyatı” və ya 2000-ci illərin müasir ədəbiyyatı kontekstində) də yenidən söhbət konusu olur.
Onu da qeyd edim ki, T.Əlişanoğlunun şəxsi yaradıcılığındakı anlaşılmaz ifadə üslubu bu kitaba da sirayət edib.
Comments are closed, but trackbacks and pingbacks are open.