Leyla Bayramova
“Mən sizə pul verən deyiləm! Niyə verməliyəm ki… plyaja gəlmək üçün pul ödəmək lazım imiş. Mən aparıcı maarif içsisiyəm… Sizdən şikayət edəcəm…”
Dənizdə itmək
Bilgəh çimərliyinə kəsə yolla, Bilgəh Kardioloji Sanatoriyasının geniş həyətindən girə bilirsən. Sanatoriyanın binası hündür şam ağaclarıyla əhatələnib, binaya daxil olanda, dəhliz özü səni həyətin qarşı tərəfinə aparır. Buradan artıq qızıl qumlu çimərlik, zümrüd rəngli intəhasız dəniz görünməkdədir.
Rəsmən dəniz sayılmasa da, milyon illər əvvəl okeandan ayrı düşüb yetim qalan bu su kütləsi böyüklüyünə və sularının qədimi şor tamına görə, bizi özünə ehtiramla dəniz deməyə vadar edir. İndiyədək ona yüzdən çox ad verilib, bir vaxtlar hətta Quzğun dəniz də deyilib. Fransız yazıçısı Aleksandr Düma 19-cu əsrin ikinci yarısında (1858-59-cu illər) Qafqaza səyahət edərkən, Xəzəri ilk dəfə görəndə necə mütəəssir olubsa, əsərində 80 dəfəyə yaxın Caspienne kəlməsini işlədib. “Qafqaz” səyahətnaməsində belə maraqlı bir hissə var:
“…mən indi Xəzər dənizi ilə üz-üzə dayanmışdım.
O, göy yaquta bənzəyirdi, üzündə heç bir ləpə, dalğa yox idi.
Dəniz intəhasız düzənlik kimi göz işlədikcə uzanıb gedirdi. Qədim tarixçilərin Hirkani adlandırdıqları bu dəniz kimi heç nə mənə belə əzəmətli, qəmgin görünməmişdi; bu dəniz Herodota qədər bir əfsanə olmuşdur; ilk dəfə onun sahəsini və sərhədlərini Herodot təyin etmişdir; elə indi də bu dəniz əvvəlki vaxtlardan o qədər də çox məşhur deyildir.
Şimaldan, qərbdən və cənubdan bütün çaylar bu sirli dənizə axıb tökülür; şərqdən isə ona yalnız küləklərin sovurduğu qum gəlir. O heç nəyi geri qaytarmır, bütün aldıqlarının hamısını udur və elə bir axına malikdir ki, hansı yeraltı yolla bu aldıqlarını itirdiyindən heç kim baş açmır; bu dəniz yavaş-yavaş dolur, zibillənir və günlərin bir günü çox güman ki, böyük bir qum gölünə, yaxud qırğız və noqay düzənliklərində rast gəldiyimiz duzlu bataqlıqlardan birinə çevriləcəkdir”.
Bu təəssüratın üzərindən 150 ildən çox vaxt keçib, əvvəllər Qız Qalasını yuyan suları geri çəkilsə də, suyu axır illərdə daha bir neçə metr azalsa da, Xəzər yenə göz işlədikcə uzanıb getməkdədir.
Sanatoriyanın həyətinə daxil olan kimi 15 il əvvəl burada olduğumu xatırladım. 2004-cü ilin sentyabrında sanatoriyada şahmat yarışında iştirak etmişəm. O günlərdən hafizəmdə həyətdəki şahmat müzakirələri və keçmiş şahmat müəlliməmlə oynadığım partiya qalıb. Keçmiş müəlliməm qarşımda oturub snikerslə çay içir, soyuqcasına, etinasızcasına daşları hərəkət etdirirdi, qürurlu və gözəl qadın olan keçmiş müəlliməmin məğlub olmaqdan qorxduğunu sezirdim. Şahmat lövhələri, fiqurlar pəncərələrdən düşən tutqun işığı əks etdirir, şaqqaşaraq yağan yağışın səsi eşidilirdi. Elə bil oturub sakitcə şahmat oynamağımız üçün bizi bir sığınacağa qapatmışdılar. Sonda keçmiş müəlliməmlə heç-heçəyə razılaşdıq.
O vaxtdan çox keçib, çox şey dəyişib, indi rəsmi dövlət diliylə desək, sanatoriyanın həyətində Avropa standartlarına cavab verən müasir idman qurğuları, tennis kortları belə var, təzələnmiş interyer cilalı daş-qaş kimi parıldayır. Sanatoriyanın yanında beşulduzlu nəhəng otel də tikilib. Buranın əvvəlki yer olduğuna inanmaq çətindir, lakin dənizlə üzləşəndə, keçmişdə onun hüdudsuzluğunu görərkən keçirdiyim xəfif həyəcanı yenidən hiss etdim; dəniz dənizdir nə də olsa, insanı həmişə həyəcanlandırır. Çimərliyə ayaq basanda, isti qumlar yalın ayaqlarımızı yandırdı. Güclü külək vardı, sahilə dəyən dalğaların uğultusu getdikcə daha amiranə səslənirdi.
Çimərliyin arxa tərəfində, küləyin nisbətən az dəydiyi yerdə, gözümüzün tutduğu taxta çətirin kölgəsində özümüzə yer qurmağa başladıq. Saat 12-dir, çimərlikdə çox adam yoxdur hələ, adətən axşama yaxın çoxalırlar. Utanmadan paltarlarımızı əynimizdən soyunuruq. Ağ bədənlər könüllü şikar kimi özlərini Günəşə təslim edirlər. Ayaqlarımızla qumları xırçıldada-xırçıldada dənizə doğru gedirik. Sahilə çatanda suya ilk dəfə təmas edirik. “Soyuqdur… soyuqdur elə deyil. ”- yanımdakı soruşur. Büzüşərək “brrrr, soyuqdur” deyirəm. Dalğalar qurşağa çatanda suya baş vururuq.
Çox adam çimmək üçün dalğasız dənizi üstün tutur, amma dalğalı dəniz daha əyləncəlidir məncə. Bir də görürsən üstünə hündür bir dalğa gəlir, nəfəsini içinə çəkib gözləyirsən, dalğa sənə çırpılıb başının üzərindən aşaraq gedəndə, ayaqlarının yerdən üzüldüyünü hiss edirsən. Növbəti dalğanı gözləyirsən, bəzən o, sənə çatmamış hörük kimi çözülür, yerində ağ köpüklər qalır. Sonra bir də görürsən, lap yekəsi gəlir, vurub keçir səni, gülüş səsləri, heyrət nidaları… Davam edirsən, ta ki, yorulana qədər. Yorulanda sudan çıxır, üzərinizdən damcılar tökülə-tökülə yarımçılpaq insanların arasıyla yerinizə qayıdırsınız və görürsünüz ki, yanınızdakı masada böyük bir ailə düşərgə salıb. Qızmar qumların üzərində uzanırsınız, Günəş bədəninizi yandırır. Axşama qaynar qazandan çıxarılmış qırmızı krevetlərə bənzəyəcəksiniz…
Gözümü açanda, qonşu masada mübahisə düşdüyünü gördüm. Əl boyda oğlan uşağından savayı, hamısı müxtəlif yaşlardakı qadınlardan ibarət yeni gələnlər yerpulu vermək istəmirlər. Ailənin təmsilçisi olan yaşlı qadın məkanın administratoruyla mübahisə edir. Masadakı qızlar utandıqlarından dərhal əkilirlər. Qadın uca səslə insanların dənizə möhtac qoyulmasından gileylənir və ödəniş etməyəcəyini deyir. İstər-istəməz mübahisəyə qulaq müsafiri oluram.
“Mən nəyə görə, sizə pul verməliyəm, – qadın soruşur: bu camaatın dənizidir! Öz dənizimə girmək üçün bunlara pul verməliyəmmiş… heç sözdüyee…”
Günəşdən qapqara qaralmış, qumların içində şalvar-köynəkdə gəzən, əli dəftər-qələmli administrator əsəbi səs tonuyla qadına buranın özəl obyekt olduğunu başa salmağa çalışır: “Ay xanım, belə olmaz axı! Biz bu yerə görə dövlətə vergi ödəyirik, icarə haqqı veririk…”
“Bu, qanunsuzluqdu! Mən demirəm ki, sizdən şikayət edəcəm, qəzetə verəcəm, ya internetdə yazacam…”
“Ay xanım, gedin hara istəyirsiz şikayət edin… Bu masalara, stullara görə, obyektə görə, buranın sahibi xərc çəkib, icarə haqqı verir, hər sizin kimi gələn pul verməsə, daha nə oldu?!”
“Mən sizə pul verən deyiləm! Niyə verməliyəm ki… plyaja gəlmək üçün pul ödəmək lazım imiş. Mən aparıcı maarif içsisiyəm… Sizdən şikayət edəcəm…”
“Xanım, gedin hara istəyirsiz şikayət edin. Bax “uçastkovu” ordadı, istəyirsiz gedin ona deyin… Hər şey qanunidi…”
“Sizin dənizi camaatın əlindən almağa ixtiyarınız yoxdu!”
“Dənizi əlinizdən niyə alırıq axı?! Baxın o tərəf pulsuzdu… Çimərliyin yarısından çoxu ödənişsizdi, bir bu kiçik hissə ödənişlidi. Əgər pul vermək istəmirsizsə, gedin orda nə qədər istəyirsiz oturun. Bura amma özəl obyektdi, ödənişlidi, başa düşürsüz?!”
“Mən sənə pul verən deyiləm! Qanunsuzluqdu…”, – bunu deyib qadın susur, inadkar qoca gözlərini dənizə zilləyir. Administratorun yalın ayaqları qumları əsəbiliklə döyəcləyir, yaşlı qadınla necə davranacağını bilmir. Bir neçə dəfə divara deyirmişcəsinə “xanım, xanım” söyləyəndən sonra, əlindəki dəftəri əlacsızlıqla dizinə çırparaq “Nə işə düşmüşəm mən?!” deyib ah çəkir. Qadın susur, administrator deyinə-deyinə yanından aralanır.
Yanımızdakı digər masaya iki qız və bir oğlan yerləşməyə başlayır. Rus dilində danışırlar, amma bizimkilərdir, masanın üzərinə araq şüşəsi qoyduqlarını görürəm. Külək əssə də, Günəşin belimi necə yandırdığını hiss edirəm, gözlərimi qapadıb dənizin uğultusunu dinləyirəm. İlk dəfə dənizə gəlməyim yadımdadır. 8 yaşım vardı, 1996-ci ilin yayı idi, ikinci sinfi yenicə bitirmişdim.
O vaxt Zaqataladan Bakıya gəlib iki ay qalmışdım. Arzularım çin olmuşdu axır ki. Kitablarda oxuyub təsəvvür etdiyim, televizorda gördüyüm Bakıda yaşayacaqdım iki ay. O günlərdən hafizəmdə baxıb-baxıb xoşbəxt olduğum binalar, bol-bol gün işığı, qarpızsatan maşınlar, hisə verilmiş balıqlar, doyunca oynanılan “Sega” oyunları, bir də dənizdə çimməyim qalıb. Anamın Hövsanda yaşayan qohumlarıyla dənizə getmişdik bir gün. Məndən savayı, hamısı qadın idi. Dənizdə çimmək mənə elə qeyri-adi, xarüqəladə bir şey kimi gəlmişdi ki, sanki cizgi filmlərində gördüyüm, kitablarda oxuduğum möcüzələr diyarındaydım. Elə bilirdim dəniz hər tərəfdən dərindir, ayağını basan kimi hop suyun dibinə gedirsən. Qorxudan suyun dizimə çatan hissəsindən o yana getmir, orada sevinclə və heyrətlə çabalayırdım. Anam və digər qadınlar, onların mənlə həmyaşıd qızları biraz dərinə getməyim üçün məni dilə tutur, mən isə olduğum yerdən tərpənmək istəmirdim, burada da xoşbəxt idim. Mən dizə, ən çoxu qurşağa çatan buz kimi dağ çaylarında çimməyə öyrəşmişdim, bura isə hərarəti, dadı-tamı, rəngi tamam fərqli bir ümman idi, ondan qorxurdum, amma həm də məni vəcdə gətirirdi. Hər kəsin saflığıma güldüyünü görürdüm, amma bilirdim ki, bu, səmimi, hətta əzizləyən bir gülümsəmədir. Nə də olsa, bir uşaq həyatında ilk dəfə dənizə girmişdi.
Yorulanda qumsallığa qayıdıb qarpız, pendir-çörək yedim. Anamgil ətrafda xalatla çimən qadınların qarasınca danışırdılar. Çuşkalar hər yanı bürümüşdülər. Bakının zibilini çıxarmışdılar təmiz. Heyf deyildi, ruslar, ermənilər, yəhudilər olan vaxt, şəhərdə mədəniyyət vardı. Heyf o, əvvəlki Bakıdan . Və sair və ilaxır…
Üstündən 20 ildən çox keçəndən sonra çimərlikdə xalatla çimənlərin sayı o qədər də çox deyil, amma yenə də varlar. Xalatda çimən xalalardan başqa, paltarda çimən qızlara da rast gəlinir, gündəlik köynəkdə, şalvarda, ya da şortda çimirlər, paltarları bədənlərinə yapışır və çılpaqlardan fərqli olaraq, diqqəti daha çox cəlb edirlər, hətta seksual görünənləri belə var. Ciddi cəhdlə nəyisə gizlətməyə çalışmaları cəlbedici göstərir onları.
Amma bütün bunlara baxmayaraq, 2019-cu il Bakı çimərliyi cəmiyyətin həm də müəyyən qədər proqress keçdiyini göstərir. Yüzillər ərzində Bakının sahilində bir dəniz olsa da, dənizdə çimmək ənənəsi olmayıb. Deyilənə görə, ilk dəfə azərbaycanlıları kütləvi surətdə dənizdə çimməyə inzibati üsullarla Sovet hökuməti vadar edib. Rusların, yəhudilərin, ermənilərin çimdiyini görən bəzi azərbaycanlılar da dənizə girməyə başlayıblar. Bizim şifahi, yazılı ədəbiyyatımızda, kinomuzda dəniz mövzusu bir-iki istisna xaric, demək olar ki, işlənməyib. Ədəbiyyatımızda belə istisnalardan biri İsa Hüseynovun “Biraz romantika” qısa hekayəsi sayıla bilər. Sovet dövründə yenicə modernləşməyə başlayan cəmiyyətin təmsilçiləri – aşiq və məşuq dənizə gəlirlər, amma yayda yox, payızda. Gözlərdən uzaqda, payızın orta ayında buz kimi suda çimişirlər. Uzaqdan sevgililərin buz kimi suda çimdiyini görən balıqçı “brrrr” deyir. Bəlkə bu romantik hekayənin özü də bizim Sovet dövründə keçdiyimiz əndrəbadi modernliyin bir inikası sayılmalıdır.
Cəmiyyətlər bir qayda olaraq, ancaq özləri müstəqil olandan sonra həqiqi, özünəxas modernləşmə yolunu tuta bilirlər. 2019-cu ilin Bakı çimərliyində hələ də xalatda, paltarda çimənlər var olmağına, ailəlikcə, sevgili kimi dənizə gəlib suya girməyənlər də var (iki cütlük, rusdillilərin yanındakı masada oturdu, paltarlarını çıxarmadan sıxıla-sıxıla yeyib içməyə, söhbətləşməyə başladılar), amma mütləq əksəriyyət çimərlik geyimindədir. Yanımdakı rusdillilərin səsi əvvəlcə zəif gəlirdi, araq içəndən sonra kefləri duruldu, ucadan söhbətləşdilər, dedilər, güldülər, axırda üçü yan-yana, oğlanın qolları bikinili qızların çiyinlərində, ətrafdakı baxışlara meydan oxuyurcasına dənizə doğru getdilər.
Beləcə, Bakı çimərliyində nə cür tip istəsən görə bilərsən, hətta birazdan qara çadralardakı qadınlarıyla bir dəstə ərəb turist də peyda oldu.
Dəniz məni div kimi acdırmışdı: pendir-pomidor-çörək, qarğıdalı, şaftalı yedim; doyanda kitab oxudum; hər şey ürəyimcə idi, hər şey gözəl idi: rahatlığı, dincliyi, qayğısızlığı nəhayət ki, tapdığım, bunu düşündüyüm və bunun fərqində olduğum nadir anlardan biri idi. Şəhərə qayıtmazdan əvvəl sonuncu dəfə dənizə girmək qərarına gəldim. İsti qumları basdalayaraq dənizə doğru gedəndə, böyük bir səhvə yol verməkdə olduğumun fərqində deyildim hələ. Barmaqlarımın ucunu soyuq suya batırdım və həmişəki kimi qurşağıma çatanda dənizə baş vurmaq qərarına gəldim. Suda gözlərimi açanda “Ola bilməz! Ola bilməz! Ola bilməz!” – dedim öz-özümə. Eynəyim suyun içində yavaş-yavaş məndən uzaqlaşırdı. Əlimi atdım, tuta bilmədim. Lənətə gəlsin, dənizə girəndə eynəyimi çıxarmağı unutmuşdum.
Suyun üzünə çıxıb, nəfəs alıb təzədən daldım. Gözlərimi açıb, qumların üzərinə baxdım, əllərimi dənizin döşəməsində gəzdirdim. Eynəyimi tapa bilmədim. Dəniz çox dalğalı idi, bircə anın içində eynəyi harasa sürükləmişdi. 10-15 dəqiqə axtardım, zəif gözlərimi zilləyib sahilə baxdım, heç yerdə yox idi. Eynəksiz qalmışdım, bütün dünya dəqiqliyini itirmiş, bulanıqlaşmışdı.
Masamıza qayıdanda, yoldaşlarım mənə ürək-dirək verdilər. “Onsuz da köhnəlmişdi, – dedim: dəyişəcəkdim”. Amma kefim pozulmuşdu, nəsə dəyərli bir şey itirməyin təəssüfü ürəyimi sıxırdı. Eynəyim köhnə deyildi, xeyli baha almışdım, xoşuma gələn iri çərçivəsi vardı, mənə yaraşdığını düşünürdüm. Getdi gül kimi eynək, sulara qərq oldu.
Paltarımı geyinib kor-peşman geriyə qayıdanda, çönüb arxaya boylandım. Bulanıq Xəzər üfüqdə qalın bir xətt kimi cızılmışdı sanki. Hündür dalğalarını, ağ köpüklərini seçə bilmirdim, amma suda batmış eynəyim indi gözümdə olsaydı, onu necə var, elə görə bilərdim. Təəssüf edirdim… Mənə məxsus bir nəsnənin onun əsrarəngiz dünyasında qaldığını düşünərək, təsəlli tapmağa çalışdım.
Leyla Bayramova
DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!
27 Temmuz 2017 Perşembe
Azərbaycan tarixinin tədrisində bədii ədəbiyyatdan istifadənin imkanları və yolları
Paylaşıldı on 08:16 by Leyla Bayramova
Bayramova Leyla Bəhman qızı
ADPU, magistr
Azərbaycan tarixinin tədrisində bədii ədəbiyyatdan
istifadənin imkanları və yolları
Elmi rəhbər: M.M.Əmrahov, tarix elmləri doktoru, professor
Açar sözlər : interaktiv təlim, bədii ədəbiyyat, mətnlə iş, şifahi şərh
Azərbaycan tarixinin tədrisində bədii ədəbiyyat materiallarından istifadə mühüm əhəmiyyət kəsb edir. Bunun üçün mövzular və bədii ədəbiyyat nümunələri dəqiq seçilməli, seçilən bədii ədəbiyyat nümünələri şagirdlərin bilik və yaş səviyyəsinə uyğun olmalıdır . Odur ki, Azərbaycan Respublikasının ümümtəhsil məktəblərində Azərbaycan tarixinin tədrisində siniflər üzrə mövzuların və istifadə ediləcək bədii ədəbiyyat nümunələrinin təxmini siyahısını aşağıdakı cədvəldəki kimi təklif edirik.
Mövzular
Ədəbyyat
Girdiman dövləti
S.Nəfəsi. Babək; Ə.Məm mədxanlı, Babək
Azərbaycan xilafətin tərkibində
H.Mehdi. Cavanşir
Azərbaycan VII-IX əsrlərdə
«Kitabi Dədə Qoqud» dastanı
XII-XV əsrlərdə Azərbaycan döv ləti
M.S.Ordubadi. Qılınc və qələm
X-XII əsrlərdə Azərbaycan mədəniyyəti
Q.Təbrizi. Məhsəti Gən cəvi. Fələki Şirvani. Ə.Xa qani. N.Gəncəvi
Azərbaycanda monqol işğalı
V.Yan. Çingiz xan. Yenə onun, Batı xan. Yenə onun, Sonuncu dənizə doğru
Azərbaycan Hulakülər imperi yası tərkibində
İ.Hüseynov. Məşhər
XIII-XIV əsrlərdə Azərbaycan mədəniyyəti
Nəsirəddin Tusi, İzzəddin Həsənoğlu və s.
Teymur və Toxtamışın Azərbay cana hücumu
S.Borodin. Səmərqəndin ulduzları. H.Cavid. Topal Teymur. Yenə onun, Peyğəmbər
XIV-XV əsrlərdə Azərbaycan mədəniyyəti
Q.İmamverdiyev. Nəsimi
Mərkəzləşmiş Azərbaycan Səfə vi dövlətinin yaranması
Şah ismayıl Xətai. Seçil miş əsərləri; K.Kərim zadə. Çaldıran döyüşü. Yenə onun, Xudafərin kör püsü. Ə. Nicat. Qızılbaş lar. Ə.Cəfərzadə. Bakı-1501
Rus – İran müharibələri 1804 -1812; 1826-1828
B.Vahabzadə. Gülüstan poeması; Ə.Haqverdiyev. Ağa Məhəmməd şah Qa car; N.Nərimanov. Nadir şah; Y.V.Çəmənzəminli. Qan içində;
Azərbaycanda rus müstəmləkə çiliyinə qarşı mübarizə
S.Rüstəm. «Qaçaq Nəbi» dastanı; C.Bərgüşad. Boz atın belində; Eloğlu S. Zəngəzur hadisələri;
Azərbaycan II Dünya mühari bəsi illərində
M.Rahim. Leninqrad göy lərində; S.Rüstəm. Ana və poçtalyon, Əbülhə sən. General; S.Vurğun, R.Rza, Ə.Cəmil və b. əsərləri
Azərbaycan tarixinin tədrisində bədii ədəbiyyatdan istifadə zamanı bədii materialın seçilməsində aşağıdakı prinsiplərin gözlənilməsini məqsədə uyğun hesab edirik.
1)Tarixi roman, poema, şeirlər;
2)Tarixi mənbələrə istinad edilərək işlənən tarixi ədəbiyyatlar;
3)Şair və yazıçı tərəfindən konkret tarixi hadisə və faktlara əsaslanıb hazırlanmış əsərlər;
4) Folklor və şifahi xalq yaradıcılığı materialları;
5) Tarixi və memarlıq abidələri, tarixi şəxsiyyətlərin şəkil və portretləri və s.
Azərbaycan tarixinin tədrisində bədii ədəbiyyatdan istifadənin aşağı dakı metodları müəllimə yardımçı ola bilər:
1. Tarixi materialların şifahi şərh edilməsi. Buraya müvafiq mövzuların tədrisində bədii əsərlərdən müəyyən parçaların müəllimin şərhinə daxil edilməsi, tarixi hadisələrin izahında, məktəb mühazirəsində bədii parça lardan istifadə edilməsi, nəql etmədə, müsahibə və şagirdlərin müstəqil işlərində bədii ədəbiyyatdan istifadə;
2.Azərbaycan tarixinin əyani təlim metodları ilə bədii ədəbiyyatdan istifadə edilməsi. Bədii əsərdəki şəkillərdən, illüstrasiyalardan, portretlərdən və s. istifadə olunması;
3.Tarix təlimində mətnlə iş. Bədii əsərlərin mətnləri üzərində çoxsaylı iş fomalarından istifadə edilməsi;
Tarixin tədrisində bədii ədəbiyyat materiallarından istifadənin aşağı dakı formaları tədris prosesində tətbiq oluna bilər:
1.Yeni bilik verən dərsdə bədii ədəbiyyat materiallarından müəyyən parçaların müəllimin şərhinə daxil edilməsi;
2. Mövzuya, fəslə giriş dərslərində bədii ədəbyyatdan istifadə edilməsi;
3.Yeni tarix materialı haqqında məlumat verən dərslərdə təlim materialının bədii ədəbiyyat materialları ilə əlaqələndirilməsi;
4.Təhlil, təkrar və ümumiləşdirmə dərslərində təlim materiallarının bədii ədəbiyyat materialları ilə əlaqələndirilməsi;
5.Tarix materialları ilə işləmək bacarıq və vərdşlərini formalaşdıran dərslərdə bədii ədəbiyyat materialları üzərində müxtəlif xarakterli müstəqil işlərin təşkili və s.
Azərbaycan tarixinin tədrisində bədii ədəbiyyatdan istfadə ilə əlaqə dar apardığımız tədqiqat nəticəsində aşağıdakı metodik yolların daha səmərəli olduğunu müəyyən etdik:
1. Dərs prosesində-müxtəlif dərs tiplərindən istifadə;
2. Sinifdənxaric tədbirlərdə bədii ədəbiyyatdan istifadə;
3. Məktəbdənkənar tədbirlərdə bədii ədəbiyyatdan istifadə;
Fikrimizi yekunlaşdıraraq deyə bilərik ki, Azərbaycan tarixinin tədri sində bədii ədəbiyatdan istifadə müəllimin bilik və bacarığından, şagirdlərin fənnə olan marağından, ümumilikdə sinifdə və məktəbdə formalaşan mənəv-psixoloji mühitdən çox asılıdır.
Azərbaycan dilində
1. Cəbray ı lov İ. Azərbaycan tarixinin təd İ risi metodikası. Bakı: Mütərcim, 2006, 234 s.
2.Əmirov M.M., Tam orta məktəbdə tarixin fəal-interaktiv təlimi metodikası (dərs vəsaiti). Bakı: ADPU-nun nəşri, 2011, 700 s.
3.Ümumtəhsil məktəblərinin V-XI sinifləri üçün tarix proqramları. Bakı: «Nigar- Ə» KM, 2000, 283 s.
4.Qasımova L., «Azərbaycan tarixi» fənninin tədrisi prosesində şagirdlərin milli-mənəvi dəyərlər əsasında tərbiyə ediməsi. Bakı: BDU, 2002, 120 s.
5.Tarixi materiallar şagirdlərin vətənpərvərlik tərbiyəsinin vasitəsi kimi (metodik tövsiyyə). Bakı: ADPU-nun nəşriyyatı, 2006, 32 s.
rus dilində
6.Karpov Q. Xudojestvennaə literatura v prepodovanie novoy istorii. // Prepodovanie istorii v şkole, 1979, № 5
Comments are closed, but trackbacks and pingbacks are open.