Press "Enter" to skip to content

Hüquqi dövlət və onun spesifik xüsusiyyətləri

Vətəndaş cəmiyyəti – fərdlərin qarşılıqlı əlaqələri çərçivəsində ehtiyaclarının təmin edilməsini, hər kəsin güzəranını, rifahını və mövcudluğunu reallaşdıra biləcəyi bir sahədir. Vətəndaş cəmiyyətində fərdlər tamın bir parçası olur və bu müstəvidə də ehtiyac və iradəsini gerçəkləşdirir.

Azərbaycan Sovet rejimi şəraitində

XI Qırmızı Ordunun işğalından sonra Quzey Azərbaycanda da sovet-rejimi bərqərar oldu. Azərbaycan tarixinin sovet dövrü başlandı. Azərbaycanda ikinci Respublika — Sovet Sosialist Respublikası quruldu.
İlk vaxtlar hakimiyyət İnqilab Komitələrinin əlində idi. 1921 -ci ilin yazından yerlərdə idarəçilikdə seçkili sovet orqanları yaradıldı.
Respublikada ali qanunverici və icraedici hakimiyyət orqanları MİK və XKS-i yaradıldı, MİK-in sədri Muxtar Hacıyev və XKS-nin sədri Nəriman Nərimanov seçildilər. Həmin orqanlarda aparıcı rolu kommunistlər oynayırdılar.
İlk dövrlərdə bolşeviklər «Müstəqil sovet Azərbaycanı» şüarı ilə çıxış edirdilər. Rəsmi bəyanat xatirinə Azərbaycana da formal müstəqillik vermişdilər. Azərbaycan müstəqil olaraq xarici ölkələrlə iqtisadi, ticarət və diplomatik əlaqələr yarada bilərdi. Özünün hərbi qüvvələri də var idi. Lakin bu uzun çəkmədi. Mərkəz tərəfindən tədricən bu formal müstəqillik Azərbaycanın da əlindən alındı. Əvvəl ZSFSR-in (noyabr 1922) və sonra SSRİnin (dekabr 1922) təşkili ilə Azərbaycanın da formal müstəqilliyinə son qoyuldu.
Azərbaycanda da Rusiyasayağı sosial-iqtisadi tədbirlər həyata keçirildi. Torpaq, neft sənayesi, Xəzər ticarət donanması, balıqçılıq və digər sənaye sahələri milliləşdirildi. Onlar dövlətin mülkiyyəti elan olundu. Zəruriyyət olmadan 1920-ci ilin yayından 1921-ci ilin yazına kimi Azərbaycanda da hərbi kommunizm siyasəti tətbiq olundu. 1922-ci ilin yazından etibarən isə Azərbaycanda yeni iqtisadi siyasət həyata keçirilməyə başladı.
Yeni iqtisadi siyasət şəraitində neft hasilatı 2 dəfə artdı. Kənd təsərrüfatında dirçəliş baş verdi. Əkin sahələri 2 dəfə çoxaldı. Kənddə təbəqələşmə gücləndi. Varlı və ortabab kəndlilərin sayı artdı. Onlar kəndlilərin yarıdan çoxunu təşkil edirdilər.
20-ci illərin ikinci yarısından etibarən Azərbaycanda da xalq təsərrüfatının əməli olaraq sosialistcəsinə yenidən qurulmasına başlanıldı. Sosialist sənayeləşdirilməsi və kənd təsərrüfatının kollektivləşdirilməsi həyata keçirməyə başladı. Bakıda neft sənayesinin inkişafı yeni vüsət aldı.Tezliklə Neftçala, Lökbatan, Qala, Sulutəpə, Korgöz və b. yeni neft yataqları istifadəyə verildi. Azərbaycan neftinin hesabına SSRİ neft istehsalı üzrə dünyada ikinci yerə çıxdı. 1937-ci ildə SSRİ-də hasil edilən neftin 76 faizini Azərbaycan verirdi.
Neft sənayesi ilə yanaşı digər sənaye sahələri də inkişaf etdirildi. Gəncədə toxuculuq kombinatı, Gəncədə, Ucarda, Yevlaxda pambıq təmizləmə zavodları, Lənkəranda və Ordubadda konserv zavodları, Şəkidə, Xankəndində, Zaqatalada, Salyanda və Füzulidə istilik və su elektrik stansiyaları tikilib istifadəyə verildi. Artıq 30-cu illərin ikinci yarısında Azərbaycanda istehsal olunan sənaye məhsullarının 95%-dən çoxunu XX əsrin 20 — 30-cu illərində tikilmiş və yenidən qurulmuş müəssisələr verirdi.
Bu illərdə Bakı-Batumi neft kəmərinin, Ələt-Culfa dəmiryolu xəttinin çəkilməsi başa çatdırıldı. 1926-cı ildə SSRİ hüdudlarında ilk dəfə Bakıda elektrik dəmir yolu xətti istifadəyə verildi.

Sosialist yenidənqurmalarından biri də fərdi kəndli təsərrüfatlarının kollektivləşdirilməsi idi. Bu proses Azərbaycanda daha ağrılı getmişdi. O, zor və inzibatçılıq yolu ilə sürətləndirilmişdi. Kəndlilər zorla kollektiv təsərrüfatlara cəlb olunmuşdular. Azərbaycan rəhbərliyi Mərkəzin müəyyən etdiyi vaxtı qabaqlayaraq 1930-cu ilin yazında elliklə kollektivləşməni başa çatdırmaq qərarına gəlmiş, qondarma kollektivləşmə həftəlikləri təşkil etmişdi.
Kollektivləşdirmə prosesində varlı kəndlilər, xüsusən qolçomaqlar daha çox zərər çəkmişdilər. Elliklə kollektivləşmə əsasında qolçomaqların bir sinif kimi ləğv edilməsi siyasəti onların tamamilə məhvinə gətirib çıxarmışdı. Yüz minlərlə qolçomaq və varlı kəndli ailəsi məhv edilmiş, yaxud sürgün olunmuşdu.
Zorakı kollektivləşdirmə siyasətinə qarşı Azərbaycanda da kütləvi narazılıq hərəkatı başlamışdı. 1930-cu ildə Şəki-Zaqatalada, Naxçıvanda, Şəmkirdə, Cəbrayılda və b. yerlərdə kəndli üsyanları baş vermişdi. Qaçaqçılıq hərəkatı genişlənmişdi. Kollektivləşdirmə dövründə ona qarşı 400-dən çox silahlı qaçaq dəstəsi mübarizə aparmışdı. Bütün bunlara baxmayaraq Azərbaycanda da kollektivləşdirmə siyasəti zorakı yolla həyata keçilmişdi. Artıq 1937-ci ildə Azərbaycanda kəndli təsərrüfatlarının 86,5%-i, əkin sahələrinin isə 93,5%, kolxoz və sovxozlarda birləşdirilmişdi. Azərbaycanda da kolxoz quruluşu yaradılmışdı.
Sosializm cəmiyyəti qurmağın mühüm vəzifələrindən biri də mədəni «inqilab» idi. Burada məqsəd sosializm, bolşevizm ideologiyasına sadiq nəsillər yetişdirilməsinə xidmət edən mədəni quruculuq tədbirləri həyata keçirmək idi. O zaman mədəni geriliyin hökm sürdüyü milli ucqarlar üçün bu daha çox xarakterik idi.
Mədəni quruculuq sahəsində kütləvi miqyaslı tədbirlərin həyata keçirilməsi sayəsində Azərbaycanda böyük nailiyyətlər əldə edildi. Əvvəla, respublikada kütləvi savadsızlıq ləğv olundu. 1939-cu ildə əhalinin savadlılıq səviyyəsi 1926-cı ildəki 25,2%dən 73,3%-ə çatmışdı; İkinci, respublikada ümumtəhsil sistemi inkişaf etdirildi. Sovet təhsil sistemi bərqərar oldu, 30-cu illərin sonu üçün Azərbaycanda 3575 ümumtəhsil məktəbi fəaliyyət göstərirdi, onlarda da 655 min şagird təhsil alırdı. Qızların ümumtəhsilə cəlb olunması geniş miqyas almışdı. İbtidai məktəblərdə oxuyanların 46,7%, natamam orta məktəblərdə oxuyanların 39,3%, qızlar təşkil edirdi; Üçüncü, Azərbaycanda ali və orta ixtisas təhsil sistemi daha da inkişaf etdirildi. 1920-ci ildə Bakı Politexnik İnstitutu (İndiki Azərbaycan Dövlət Neft Akademiyası), 1921-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutu, Azərbaycan Məktəbəqədər Tərbiyə İnstitutu, Azərbaycan Dövlət Konservatoriyası, 1929-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutu, 1930-cu ildə Azərbaycan Dövlət Tibb İnstitutu, Sənaye Akademiyası, Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutu, 1934cü ildə Xalq Təsərrüfatı İnstitutu, 1936-cı ildə Qiyabi Pedaqoji Institutu, 1939 — 1940-cı illərdə Şəkidə, Gəncədə və Naxçıvanda müəllimlər İnstitutları yaradıldı. Orta ixtisas məktəblərinin şəbəkəsi genişləndirildi. 1920-ci ildə Bakı, Gəncə, Qazax müəllimlər seminariyaları yenidən quruldular. Şəkidə isə yeni Müəllimlər Seminariyası açıldı. 1932-ci ildə Azərbaycanda 85 müxtəlif təmayüllü orta ixtisas məktəbləri fəaliyyət göstərirdi. Artıq 1940-cı ildə Azərbaycanda 16 ali, 91 orta ixtisas təhsil müəssisəsi fəaliyyət göstərirdi. Onlarda da 33 mindən çox gənc təhsil alırdı; Dördüncü, elmin, mədəni-maarifin, ədəbiyyat və incəsənətin inkişafı sahəsində də böyük nailiyyətlər əldə edildi. 1923-cü ildə «Azərbaycan tədqiq və tətəbbö» elmi-tədqiqat cəmiyyəti yaradılmışdı. 1929-cu ildə o, Azərbaycan elmi-tədqiqat İnstitutuna çevrildi. 1932-ci ildə onun əsasında SSRİ Elmlər Akademiyası Zaqafqaziya filialının Azərbaycan şöbəsi, 1935-ci ildə isə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialı yaradıldı. 1945-ci ildə o, müstəqil Azərbaycan Elmlər Akademiyasına çevrildi.
Azərbaycanda mədəni-maarifin şəbəkəsi genişləndi. 1922-ci ildə 90-a yaxın klub var idisə, 1940-cı ildə onların sayı 1633-ə çatdı. 1923-cü ildə Azərbaycan Dövlət Kitabxanası yaradıldı. 1940-cı ildə 3 milyon nüsxə kitab fondu olan 1383 kitabxana fəaliyyət göstərirdi. Muzeylərin sayı 22-yə çatdı. Bu illərdə Azərbaycanda 141-ə qədər qəzet və 44 jurnal nəşr olunurdu.
1924-cü ildə Bakıda ilk radio qurğusu tikildi. 1926-cı ildə o, ümum respublika miqyasında fəaliyyətə başladı.
Bu illərdə çox ziddiyyətli və kəskin mübarizə şəraitində Azərbaycanda da sovet ədəbiyyatı formalaşdı. Onun ən məşhur nümayəndələrindən Səməd Vurğunu, Süleyman Rüstəmi, Rəsul Rzanı, Sabit Rəhmanı, M.S.Ordubadini, C.Cabbarlını, Mikayıl Müşviqi, Osman Sarıvəllini, Əhməd Cəmili, Mirvarid Dilbazini, Nigar Rəfibəylini, Süleyman Rəhimovu, Mehdi Hüseyni, Əli Vəliyevi, Mir Cəlalı, Əbülhəsəni və b. göstərmək olar.
Bu dövrdə teatr və kinonun, milli musiqinin, rəssamlığın nailiyyətləri də misilsiz olmuşdur. Bu illərdə Dövlət Akademik Dram Teatn (1924), Azərbaycan Dövlət Opera və Balet teatrı (1924), Gənc Tamaşaçılar Teatrı (1928), Azərbaycan Kukla Teatrı (1930), Azərbaycan Dövlət Rus Dram Teatrı (1937) yaradılmışdı. 1940-cı ildə Azərbaycanda 18 teatr fəaliyyət göstərirdi.
Azərbaycanda milli musiqinin inkişafında xalqımızın görkəmli oğlu Üzeyir Hacıbəyovun müstəsna xidmətləri olmuşdu.
Sovet dövründə Azərbaycanda kinofilmlərin çəkilməsi ilk dəfə 1923-cü ildən başlanmışdı. Bu illərdə «Qız qalası» (1923), «Söz üçün göz» (1924), «Bismillah» (1925), «Gilan qızı» (1927), «Hacı Qara», «Sevil», «Lətif» (1929), «26-lar» (1931), «İsmət» (1933), «Almaz» (1935), «Bakılıllar» (1938), «Kəndlilər» (1939), «Yeni üfüq» (1940) kinofilmləri çəkilmişdi.
Beləliklə, XX əsrin 20 — 30-cu illərində Azərbaycanda əsil nıənada mədəni inqilab baş verdi. Azərbaycanda da kamil sovet təhsil sistemi yaradıldı, elm, ədəbiyyat və incəsənət inkişaf etdirildi. Azərbaycan mədəni inkişaf dərəcəsinə görə qabaqcıl ölkələr səviyyəsinə çatdı. Bütün bunlar sovet hakimiyyətinin Azərbaycana gətirdiyi töhfələr idi.
Bununla yanaşı, Azərbaycanda da geniş miqyaslı mədəni quruculuq çoxlu səhv və nöqsanlarla müşahidə olunmuşdu. O, sovet Rusiyasının imper siyasətinə xidmət etmişdi. Milli mədəni və mənəvi dəyərlər, ənənələr nəzərə alınmamışdı. Onlara etinasızlıq göstərilmişdi. Hətta xalqın milli mədəni və mənəvi dəyərləri məhv olmaq təhlükəsi qarşısında qalmışdı. Din əleyhinə mübarizə şüarı altında islam dininə və islam mədəniyyətinə qadağalar qoyulmuşdu. Dinsiz, allahsız cəmiyyət qurmaq uğrunda mübarizə getmişdi. Din xadimlərinə divan tutulmuş, yüzlərlə məscidlər dağıdılmış, anbar, klub və kitabxanalara çevrilmişdi. Vaxtaşırı olaraq «Rədd olsun çadra!», «Rədd olsun papaq!», «Rədd olsun tar!», «Rədd olsun kamança!» və s. şüarlar altında mədəni yürüşlər keçirilmişdi.
Sovet hakimiyyəti illərində Azərbaycan əlifbası iki dəfə dəyişdirilmişdi (1929, 1939-cu illərdə). Bu da, Azərbaycanda kütləvi savadsızlığa, xalqın tarixi kökündən, elmi və ədəbi mənbələrindən məhrum olmasına səbəb olmuşdu. Azərbaycan daim sovet milli siyasətindən əziyyət çəkmişdi. Bolşeviklər, «Millətlərin öz müqəddəratını təyin etmək hüququ»nu elan etməsinə baxmayaraq sovet formasında müstəmləkəçilik siyasətini yeritmişdi. Rus dili
Azərbaycanda da dövlət dili elan edilmişdi. Milli kadrların çatışmaması bəhanəsilə kənardan Azərbaycana rus dilli kadrlar gətirilmişdi. Hökumətin tərkibi azərbaycanlılardan ibarət olduğu halda, sovet sistemində rəhbər rol oynayan partiya rəhbərliyi qeyri millətlərdən (ruslardan, ermənilərdən, gürcülərdən) olan kadrların əlində cəmləşmişdi. 1934-cü ilə kimi Azərbaycan K (b) P MK-nın birinci katibi qeyri millətlərin nümayəndələrindən (İ,Naneyişvili, Y.D.Stasova, V.Y.Dumbadze (Lado), Q.N.Kaminski, S.M.Kirov, D.Mirzoyan, N.F.Giqalo, V.İ.Polonski, Ruben) olmuşdu. Bakı partiya təşkilatının rəhbərliyi isə mikoyanların, sarkislərin, mirzoyanların əlində cəmləşmişdi. Sovet və partiya quruculuğunda yerli şəraiti, milli adət və ənənələri, milli dəyərləri nəzərə almağı tələb edən Nəriman Nərimanov Sarkisin, Lominadzenin, Orconikidzenin, Yeqorovun, Mikoyanın, Kirovun fitvası ilə Azərbaycana rəhbərlikdən uzaqlaşdırılmışdı.
Azərbaycanda sovet milli siyasətinin bir istiqaməti də milli kadrlara inanmamaqdan, Bakını Azərbaycandan ayırmaq, onu bütovlükdə Azərbaycana qarşı qoymaqdan, «parçala, hökm sür» siyasəti yürütməkdən ibarət idi. B.Lominadze hələ 1920-ci ilin oktyabrında AK (b) P-nin II qurultayındakı çıxışında bildirmişdi ki, «müsəlmana etibar etmək olmaz, ola bilsin ki, o yaxşı kommunistdir, ancaq müsəlmandır, onun qəlbində müsavat ruhu vardır».
Cənubi Qafqazda sovet milli siyasətinin ikibaşlılığı bu illərdə də ermənilərin Azərbaycan torpaqları hesabına öz ərazilərini genişləndirmək iştahasını artırmışdı. Ermənistan hələ Xalq Cümhuriyyəti dövründə «mübahisəli» ərazilər kimi Naxçıvan, Zəngəzur, Qarabağ, Şərur-Dərələyəz kimi əzəli Azərbaycan torpaqlarını özünə birləşdirmək niyyətində idi. Sovet Rusiyası ,da bu məsələlərdə ikibaşlı siyasət yürüdürdü. Məsələn, mərkəzdən səlahiyyətli hüquqlar alan S.Orconikidze 1920-ci ilin iyulunda Çiçerinə göndərdiyi teleqramda yalnız Zəngəzurun «mübahisəli» ərazi olduğunu, qalan ərazilərinsə Ermənistana birləşdirilməsini təklif etmişdi. O, bildirmişdi ki, «müəyyən siyasi şəraitdə Ermənistan bizə lazım ola bilər».
Bundan istifadə edən ermənilər hücum edərək Vedibasarda 118, Dərələyəzdə 74, Şərur və Şahtaxtıda 76 kəndi dağıdıb yandırmışdılar.
Ermənilər XI Qırmızı Ordunun köməyilə 1921-ci ilin iyulunda Zəngəzurun yuxarı hissəsini (Qərbini) zəbt etmişdilər. Onun şərq hissəsində isə 1923-cü ildə Azərbaycanın tərkibində Kürdüstan qəzası yaradılmışdı. Zəngəzurun cənub-qərbində Ermənistana «bağışlanılmış» torpaqlar əsasında 1929-cu ildə Mehri rayonu təşkil edilmişdi. Bununla Naxçıvan materikdən ayrı düşmüşdü. O, Azərbaycanın digər rayonları ilə quru sərhədlərindən məhrum olmuşdu.
Növbəti addım Azərbaycanın əzəli torpağı olan Qarabağın dağlıq hissəsini Ermənistana birləşdirmək cəhdi olmuşdu. Ermənistan 1921-ci ilin iyununda Dağlıq Qarabağı özünün tərkib hissəsi elan etmişdi. Lakin bu Azərbaycan tərəfindən rədd edilmişdi.
1921-ci il iyulun 4-de RK (b) P-nın Qafqaz bürosunun plenumu əksər səslə Dağlıq Qarabağın Ermənistanın tərkibinə qatılması barədə qərar qəbul etmişdi. Lakin o, N.Nərimanovun qəti etirazı ilə qarşılaşmışdı. 1921-ci il iyulun 5-də bu məsələ yenidən müzakirə olunmuşdu. Bu dəfə əksəriyyət Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanılması təklifinə səs vermişdi. Həmin qərara «Mərkəzi Şuşa şəhəri olmaqla Dağlıq Qarabağa geniş vilayət muxtariyyəti verilməsi» maddəsi de salınmışdı. Azərbaycanın etirazlarına baxmayaraq S.Orconikidzenin təkidi ilə 1923-cü il iyulun 7-də Azərbaycan SSR tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) təşkil olunmuşdu. Bu da sonralar Ermənistanın və onu himayə edənlərin Azərbaycana qarşı Qarabağ kartından öz məqsədləri üçün istifadə etməsinə, Dağlıq Qarabağda separatçılığın vaxtaşırı qalxmasına zəmin olmuşdu.
Sosialist islahatlarının və yenidənqurmaların nəticəsi olaraq Azərbaycanda da sovet cəmiyyəti yaradıldı. Sənaye və kənd təsərrüfatı dövlətin əlində cəmləşdi. Bütün sahələrdə ciddi mərkəzləşmə bərqərar oldu. Siyasi sahədə kommunist partiyasının rəhbər rolu olmazın dərəcədə yüksəldi. Hər şey partiyanın iradəsinə tabe edildi. Azərbaycanda da inzibati amirlik rejimi bərqərar oldu. Azərbaycan Mərkəzdən başlanan inzibati amirlik rejimi nərdivanın pillələrindən birinə çevrildi. Azərbaycanda da hadisələr mərkəzdəkinə oxşar, hətta ondan da ifrat şəkildə cərəyan etməyə başladı. Burada da Mərkəzə oxşar totalitar-avtoritar rejim formalaşdı. Azərbaycanda azad, müstəqil fikirliliyə qarşı kütləvi repressiyalar başlandı. Burada, o zaman Azərbaycan K (b) P MK-nın birinci katibi M.C.Bağırovun ətrafına toplanınış ermənilər xüsusi canfəşanlıq göstərmişdilər. Türklərin genetik düşmənləri olan Sumbatov-Topurudze, Qriqoryan, Markaryan, Malyan və b. ermənilərin fitvası ilə on minlərlə azərbaycanlı məhv edilmiş və uzaq sürgünə göndərilmişdilər. 1937 — 1939-cu illərdə bütün həyatım sovet hakimiyyətini yaratmağa və möhkəmlətməyə həsr etmiş yüzlərlə azərbaycanlı dövlət və partiya xadimləri, o cümlədən S.M.Əfəndiyev, Q.Musabəyov, D.Bünyadzadə, R.Axundov, Ə.H.Qarayev, H.Sultanov, Q.Vəzirov və b. məhv edilmişdilər.
Azad düşüncəli, istedadlı Azərbaycan ziyalılarına da divan tutulmuşdu. 1937 — 1938-ci illərdə H.Cavid, M.Müşviq, Əli Nəzmi, Əhməd Cavad, T.Şahbazi, S.Mümtaz, S.Hüseyn, B.Talıblı, V.Xuluflu, Yusif Vəzir Çəmənzəminli, B.Çobanzadə və b. repressiya qurbanları olmuşdular. Ümumən, bu illərdə Azərbaycanda 40 mindən çox adam repressiyaya məruz qalmışdı.

  • Teqlər:
  • Azərbaycan tarixi
  • , Sovet dövrü

Hüquqi dövlət və onun spesifik xüsusiyyətləri

Hüquqi dövlət – yalnız ciddi ədalət, azadlıq, bərabərlik və qardaşlıq ideyaları əsasında yaradılmış hüquq normalarını mənimsəmiş dövlət təşkilatı formasıdır ki, burada vətəndaşlar, dövlət orqanları və səlahiyyətli şəxslər ümumdövlət maraqlarının təmin edilməsi şərti ilə fərdin hüquq və azadlıqlarının reallaşması üçün fəaliyyət göstərir.

Hazırda sivil və demokratik dövlətlər hüquqi dövlət qurmağı öz qarşılarına bir məqsəd kimi qoyurlar.

Vətəndaş cəmiyyəti – fərdlərin qarşılıqlı əlaqələri çərçivəsində ehtiyaclarının təmin edilməsini, hər kəsin güzəranını, rifahını və mövcudluğunu reallaşdıra biləcəyi bir sahədir. Vətəndaş cəmiyyətində fərdlər tamın bir parçası olur və bu müstəvidə də ehtiyac və iradəsini gerçəkləşdirir.

Vətəndaş cəmiyyəti və hüquqi dövlətin formalaşdırılması siyasi, iqtisadi və hüquqi islahatların keçirilməsini, həmçinin dövlətin və cəmiyyətin hüquqi əsaslarını daim müasirləşdirməyi və hüquq sistemini keyfiyyətcə yeniləşdirməyi tələb edir.

Bu yazımızda hüquqi dövlət və onun səciyyəvi xarakterləri barədə danışacağıq.

Hüquqi dövləti analoji kateqoriyalardan fərqləndirən spesifik xüsusiyyətləri vardır. Bu xüsusiyyətlərin həyata keçirilmə səviyyəsi bu və digər dövlətin hüququn üstünlüyünə nə qədər sadiq qaldığının göstəricisidir.

İnsan hüquq və azadlıqlarının prioritetliyi

Hüquq dövləti vətəndaşların öz hüquq və azadlıqlarını reallaşdırmaq üçün qurulur və fəaliyyət göstərir. Hüququn üstünlüyü prioritet olan ölkələrdə hər hansı qanun, siyasi qərar və ya fəaliyyət proqramı qəbul olunarkən insan amili mühüm əhəmiyyət kəsb edir. Hüquqi dövlətin məqsədi cəmiyyətin, o cümlədən də onun bir parçası olan fərdin ehtiyaclarını bütünlüklə ödəməkdir. Bu cür dövlətlərdə dövlət aparatının fəaliyyəti iqtisadi cəhətdən hegemonluq edən sinfin və siyasi elitanın ehtiyaclarının ödənilməsinə deyil, insanın və vətəndaşın hüquq və azadlıqlarına istiqamətlənir.

İnsan azadlıqlarının həyata keçirilməsi gerçəkliyi

Adətən, dövlətlərin konstitusiyalarında insan hüquq və azadlıqlarına geniş yer verilir. Bu cür deklarativ xarakterli hüquqi sənədlərin mövcudluğu hələ ölkədə hüquqi dövlətin qurulduğunu demək deyil. Hüquqi dövlət olmaq üçün insan haqlarının real tətbiqini təmin etmək lazımdır. Məsələn, Azərbaycan Konstitusiyasının 12-ci maddəsində yazılır: İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Əgər bu, yalnız kağız üzərində yazılmış deklarativ bir bəyanat olsa, dövlət bunun real həyatda tətbiqinə diqqət ayırmasaydı, bu maddənin tələblərinin sözsüz yerinə yetirilməsi üçün iradə nümayiş etdirməsə, onda hüquqi dövlətdən söhbət belə gedə bilməz. Hüquqi dövlətdə bütün hakimiyyət orqanlarının, bütün vəzifəli şəxslərin fəaliyyətləri insanların, cəmiyyətin, o cümlədən də bütünlükdə dövlətin həyatının yaxşılaşdırılmasına istiqamətlənir. Vətəndaşlar təkcə öz hüquqlarını öyrənməklə kifayətlənməməli, həm də həmin hüquqlardan lazımi anlarda istifadə etməlidir və dövlət ondan asılı olan hər şeyi yerinə yetirməlidir ki, bu imkanlar gerçəkləşdirilə bilsin.

Hüququn üstünlüyü

Əvvəllər hamının, ilk növbədə, dövlət orqanlarının qanun çərçivəsində fəaliyyət göstərməsi hüquqi dövlətin əsas kriteriyası sayılırdı. Məsələn, qədim yunan filosofu Platon yazırdı: “Mən qanunların işləmədiyi və ya onların kiminsə təsiri altında olan dövlətin ölümünü çox yaxında görürəm. Harada ki, qanun idarəçinin ağası, idarəçi isə onun quludur, orada Allahın dövlətlərə hədiyyə etdiyi qurtuluş və rifah var”. Amma zaman göstərdi ki, hətta qanunlara ciddi riayət eləyən dövlət belə, həmişə hüquqi ola bilmir. Məsələn, Faşist Almaniyası öz genosid planını qanunları əsas tutaraq həyata keçirmişdi. Amma həmin qanunlar özləri hüquqi deyildi. Deməli, qanuna əsaslanmaq hələ hüquqi dövlət olmaq demək deyil. Hər şeydən əvvəl qanun özü humanist olmalı, insan hüquq və azadlıqlarının reallaşdırılmasına xidmət etməlidir.

Dövlətin və vətəndalşın qarşılıqlı məsuliyyəti

Alman klassik hüquq fəlsəfəsinin banisi İmmanuil Kant qeyd edirdi ki, vətəndaşları qanunlar çərçivəsində davranmağa məcbur etmək üçün dövlətin əlində olan imkanlara vətəndaşlar da malik olmalıdır ki, hakimiyyəti qanunlara dəqiq əməl etməyə məcbur edə bilsin. Bu ad hüquqi dövlətdə mümkündür. Təbii ki, dövlət leqal güc tətbiq etmək imkanlarına sahib olan yeganə təşkilatdır və vətəndaşla münasibətdə bu məsələdə üstünlüyə sahibdir. Amma hüquqi dövlətdə bu fərq sanki aradan qalxır, daha doğrusu, minimuma enir. Çünki birincisi, vətəndaşlar yüksək vətəndaşlıq mövqeyinə keçərək müstəqilləşir. Bununla belə, güc tətbiqi qayda deyil, istisnadır. İkincisi, vətəndaşın dövlət orqanlarının qanunsuz işinə münasibətdə iddia irəli sürmək üçün real imkanı təmin olunur.

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Comments are closed, but trackbacks and pingbacks are open.