Balalar-Az. Com Süleyman Sani Axundov. Qorxulu nağıllar. Nurəddin
– Əmi, acından ölürəm, qabaqca bir şeyin varsa ver yeyim, sonra əhvalatımı sənə nağıl edərəm.
Циклы книг Сулеймана Сани Ахундова
Bu kitaba orijinal nasir kimi tanınan dramaturq S?leyman Sani Axundovun Azərbaycan uşaq ədəbiyyatını forma, məzmun və ?slub baxımından zənginləşdirən ən yaxşı hekayələri toplanıb.
Ədibin kitabda verilmiş əsərləri zəmanəsinin əyani təsviri və sətiraltı mənalarıyla m?asir oxucu . n maraqlı olacaqdır.
Издательство: | Аудиокитаб ООО |
Язык: | Азербайджанский |
M?əllif 1912-1914-c? illərdə “Qorxulu nağıllar” adı altında “Əhməd və Məleykə”, “Abbas və Zeynəb”, “Nurəddin”, “Qaraca qız”, “Əşrəf” hekayələrini yazıb. Bu hekayələrdə valideynlərini itirmiş uşaqların acı taleyindən s?hbət a?ılır. Hekayələrdən . Hacı Səmədin adından s?ylənilir. Onun oğlu Məmmədə və qızı Fatiməyə danışdığı qorxulu əhvalatlar uşaqları dəhşətə gətirir. “Qorxulu nağıllar” adı təəcc?b doğurmamalıdır. M?əllif bu barədə yazıb: “Bu hekayələr həqiqətən də qorxulu idi. Lakin onlar uşaqları qorxutmur, onlara həyat həqiqətlərini, həyatın işıqlı və qaranlıq tərəflərini a?ır, xeyirxahlığın təntənəsini əks etdirirdi”.
Издательство: | Аудиокитаб ООО |
Язык: | Азербайджанский |
S?leyman Sani Axundovun “Qaraca qız” əsəri həm sənətkarlıq, həm də məzmun baxımından Azərbaycan uşaq ədəbiyyatının nadir incilərindəndir. Əsər bədii-estetik təsiri ilə yanaşı, məktəb yaşlı uşaqların psixoloji tərbiyəsində m?h?m əhəmiyyətə malikdir. G?rkəmli yazı?ının «Qorxulu nağıllar» silsiləsinə daxil olan əsərlərindən biri də «Qaraca qız» hekayəsidir. Əsərin əsas qəhrəmanı Qaraca qızdır. Yaşının az olmasına baxmayaraq, Qaraca qız ?ox zirəkdir. Bu qız ki?ik yaşlarından bərkə-boşa d?şm?ş, həyatın hər ?ətinliyinə d?zm?şd?r. Valideynlərini itirən Qaraca qız bir qara?ı ailəsinin himayəsində qalır. Burada onun həyatı he? də xoş ke?mir,…
Balalar-Az. Com Süleyman Sani Axundov. Qorxulu nağıllar. Nurəddin
Süleyman Sani Axundov. Qorxulu nağıllar.
Nurəddin
Axşamçağı idi. Hacı Səmədin külfəti çay süfrəsinə hazırdı. Məmməd yazısını qurtarıb diqqətlə öz-özünə oxuyurdu və qələtlərini də düzəldirdi. Fatma isə əlləri ilə başını tutub dərin fikrə getmişdi. Hacı Səməd üzünü qızına tərəf tutub soruşdu:
– Qızım, nə fikrə getmisən?
Fatma cavab verdi:
– Ata, müəllimimizin əmrinə görə, gərək sabaha bir elə nağıl düzəldim ki, ondan belə məna çıxsın: “Yaxşılıq elə, əvəzini görəsən”. İndi qulaq as, söyləyim, gör yaxşıdırmı?
– Çox gözəl, qızım, söylə görüm.
Fatma söylədi; atası da bəyənib tərif etdi. Məmməd dedi:
– Ata, mənə də müəllimimiz atalar sözündən olan “Yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa yaxşılıq ər kişinin işidir” sözünə münasib bir hekayə düzəldib yazmağı əmr etmişdir. Hərgah izin versən, oxuyaram.
– Oxu, oğlum, görüm nə tövr yazmısan?
Məmməd oxudu. Hacı Səməd bunu da bəyəndi. Fatma soruşdu:
– Ata, hansımızınkı yaxşıdır?
– Qızım, qoy birisini də mən söyləyim, sonra baxaq görək kiminki əladır, – deyə Hacı Səməd cavab verdi. Məmməd və Fatma ikisi də bir ağızdan:
– Söylə, ata, söylə, – dedilər.
Hacı Səməd başladı:
___- Övladlarım, Qafqazda Hacı Nəsir adlı bir tacir sakin idi. Bu tacirin Həlimə adlı bir cavan arvadı vardı. Həlimə camalda gözəl olduğu kimi, xasiyyətdə ondan da gözəldi. Bu arvadın dünyada övladsızlıqdan başqa bir qəm-qüssəsi yox idi. Axırda bunların bir oğlu oldu. Hacı Nəsir o gün oğlunun təvəllüdünü şadlıq edib, şəhərin fəqir-füqərasına pul və xörək payladı. Oğlanın adını Nurəddin qoydular. Ata və ana gecə və gündüz Nurəddinin başına dolanırdılar. Hacı Nəsir hər il yarmarkaya mal xiridinə gedərdi və qayıdanda arvadı və oğlu üçün hər cür covqat gətirirdi. Bir dəfə Hacı Nəsir oğlu üçün kibrit qutusu irilikdə bir “Gülüstan” kitabı gətirmişdi. Həlimə bu qəribə şeyi haradan aldığını soruşduqda Hacı Nəsir cavab verdi:
– Bir gün yarmarkada, bazardan mənzilimə qayıdırkən, bir nəfəri körpü üstündə başını aşağı sallayıb ağlayan gördüm. Mən dayanıb bunun səbəbini soruşdum.
– Mən əhl-əyal sahibi bir kasıb adamam. Əslim iranlıdır. Əldə xırdavat satmaqla üç yüz manat pul düzəldib buraya gəldim ki, mal alıb aparam. Bir saat bundan qabaq pulumun hamısını cibimdən çıxartmışlar.
Bu kişinin halına ürəyim yandı. Cibimdən üç yüz manat çıxarıb dedim:
– Al, kişi, bu sənin üç yüz manatın, get mal al, kəsbindən qalma. Qazanıb, sonra pulumu qaytararsan. Indi isə balaca Nurəddinimə dua et.
Kişi əlimdən öpüb adımı və mənzilimi soruşdu və sevinə-sevinə çıxıb getdi. Axşam mənzilimdə çay içdiyim zaman həmin kişi içəri daxil olub:
– Hacı, sovqat üçün bundan əziz bir şeyim yoxdur, – deyə – “Gülüstan” kitabını mənə uzatdı. – Qoy mən Rəhim tərəfdən sevgili övladınız Nurəddinə Sədinin bu “Gülüstan” kitabı yadigar olsun. Sonra dübarə razılıq edib getdi.
Həlimə kitabı ipək parçaya tikib Nurəddinin boynundan asdı və dedi:
– Oğlum böyüyündə bu kitabı oxuyar.
Nurəddin böyüyüb səkkiz yaşına çatdı. Hacı Nəsir oğlunu məktəbə qoydu. Nurəddin oxumaqda birinci şagird idi.
Yoldaşları ilə çox mehriban rəftar edərdi. Ona görə də hamı onu sevər, xatirini istəyərdi. Çox çəkmədi ki, Hacı Nəsirinin ticarət işləri tənəzzülə başlayıb, yavaş-yavaş var-yoxu əlindən çıxmağa başladı. Vəfalı Həlimə ərinə ürək verib, çox qəm-qüssə çəkməyə qoymazdı.
Bir dəfə Həlimə hamamdan çıxanda özünü soyuğa verib yorğan-döşəyə yıxıldı. Hacı Nəsir istəkli arvadının üstünə müalicə üçün bir neçə məşhur həkim gətirdisə də, sətəlcəm azarından sağalda bilmədi. Həlimə doqquzuncu gecə, “Nureddin” deyə-deyə vəfat etdi.
Həlimə oğlunu hər gecə soyundurub əzizləyə-əzizləyə yatırardı. O da anasının boynunu qucaqlayıb: – Ana, gecən xeyrə qalsın, – deyə onu öpərdi və şirin yuxuya gedərdi. O idi ki, həmin gecə qulluqçu onu rahat edəndə anası yadına düşüb təzədən ağlamağa başladı. Gecəyarıdan keçdi. Lakin Nurəddin yata bilmədi. Ağlamağını kəsib xəyala getmişdi.
– Ah, birdən anam dirilə. Bəlkə anam heç ölməmişdir, bilmirlər?
– O günü müəllimimiz söylədi ki, bir elə yuxu var ki, ölümə oxşayır, bir neçə gün, hətta neçə ay azarlı ölü kimi qalıb, axırda yenə dirilir. Çox ittifaqlar düşür ki, elə azarlını ölmüş zənn edib dəfn edirlər. Ah, bəlkə anam da elə yuxuya getmişdir? Onu ölmüş bilib basdıracaqlar, – yox, yox, qoymaram. Səhər tezdən atama deyəcəyəm ki, hələ anamı basdırmasınlar, bəlkə ölməmişdir.
Belə fikir və xəyalatda ikən Nurəddin sübh vaxtı yuxuya getdi və günortaya kimi yatdı. Nurəddin yuxudan oyanınca Həliməni dəfn etdilər.
Hacı Nəsirin başı yas yerinə gələn adamlara qarışdığından oğlundan bixəbər idi. Nurəddin gözlərini açdı. O biri otaqda molla həzin bir səslə Quran oxuyurdu. Mollanın xoş avazı yuxudan ayılmış Nurəddinə layla kimi təsir edib, onu bir müddət yuxu ilə ayıqlıq halətində saxladı. Sonra “Bu Quran nə üçün və kim üçün oxunur” fikri Nurəddinin başına düşdü. Bu isə anasının ölməyini yadına saldı. Birdən gecəki fikri Nurəddinin başına ildırım kimi şığıyıb onu yerindən dik qaldırdı. Bu halda qulluqçu Bahar içəri daxil oldu, Nurəddin soruşdu:
– Bahar, de görüm, anamı basdırdılarmı?
Bahar gözlərinin yaşını silərək:
– Bəli, basdırdılar. Kaş onun əvəzinə mən öləydim, məni basdıraydılar, – deyə cavab verdi. Anasının dirilməsindən zavallı Nurəddinin ümidi daha kəsildi, lakin onu ölüm yuxusunda ikən dəfn etmək şəkki hələ ürəyində idi. O idi ki, axşam başsağlığına gələn adamlar dağılından sonra atası ilə görüşəndə bu fikrini açıb ona dedi, atası da onu şəkdən çıxarıb sakit etdi.
Anasının vəfatından sonra Nurəddində böyük təğyir görünürdü. Həmişə deyib-danışan, gülərüzlü və mehriban bir uşaq olduğu halda, indi qəmgin və məyus olub məktəb yoldaşlarından kənar durdu. Həmfikri, həmsirri ancaq kitabları olmuşdu. Əvvəl vaxtlar yoldaşları onun bu halətini anasının vəfat etməyinə görə təbii bilib, bu xəyalda idilər ki, sonralar yenə həmişəki halına düşəcəkdir. Lakin bir ay keçdi, iki ay keçdi, bir il keçdi. Nurəddin əvvəlki halına düşmədi. Ancaq biliyi ilə müəllimlərini heyrətə gətirirdi. Çox vaxt onlara elə sual verirdi ki, cavabında aciz qalırdılar.
Hacı Nəsirin əli aşağı düşdüyünə görə Nurəddin dəxi əvvəlki kimi məktəbə öz faytonlarda getmirdi. Bu təğyirdən Nurəddin bir o qədər qəm çəkmirdi, çünki təbiətində təkəbbürlük, təşəxxüslük əsla qoyulmamışdı. Hacı Nəsir və qədər oğlunun elm və ədəb kəsbində göstərdiyi səy və qeyrətdən fərəhlənirdisə, bir o qədər də onun pərişanlığından qəmgin olardı və bilməzdi ki, nə yolla onu şad etsin. Axırda Hacı Nəsir evlənmək fikrinə düşdü: “Bir kasıb kişinin qızını alıb evimə gətirməliyəm ki, Nurəddinə analıq edib onu bu qəm-qüssədən azad etsin”, deyə Hacı Nəsir fikir etdi. Bir ittifaq bu xahişi tezliklə əmələ gətirməyə səbəb oldu.
Hacı Nəsir bir qeyri şəhərdə sakin olan şəriki ilə hesab çəkməyə getmişdi. Bu şəhərin iyirmi verstliyində olan kənddə Hacı Nəsirin İmamverdi adlı tanışı vardı. Neçə müddətdi ki, ondan bir xəbər-ətər yox idi.
– Bu uzun yolu gəlmişkən qoy bu dostuma da bir baş çəkim, – deyə Hacı Nəsir yola rəvan oldu. Kəndə çatdıqda ondan-bundan xəbər tutub axırda İmamverdini tapdı.
İmamverdi altmış yaşında bir qoca kişi idi. Kənddə özünə görə yaxşı evi, mülkü vardı. Amma indi onların hamısı satılıb borclarına verilmişdi. Imamverdi Hacı Nəsiri bir köhnə daxmaya dəvət edərkən dedi:
– Hacı Nəsir, sən görən dövlət əlimdən çıxdı. Indi mənə qalan ancaq bu uçüq daxmadır.
Övladdan da bir qızdan başqa bir kəsim qalmamışdır.
– Hərgah mənim işlərim əvvəlki kimi düzgün olsaydı, sənə əl tutardım.
– Bilirəm, bilirəm, – deyə İmamverdi cavab verdi.
Sonra üzünü qızına tutub dedi:
– Gülpəri, tez ol, nahar tədarük et, Hacı Nəsir yol gəlib, acdır.
Gülpəri xörək hazırlamağa, İmamverdi və Hacı Nəsir söhbət etməyə məşğul oldular.
Gülpəri qısaboylu, dolubədənli, qarabuğdayı, bədxasiyyət, iyirmi üç yaşında bir qız idi. Gülpərinin bəd xasiyyəti onun indiyə kimi qız qalmasına səbəb olmuşdu. Kənddə heç kəs ona yaxınlaşıb elçi düşməyirdi. Imamverdi ilə Hacı Nəsirin uzun söhbətinin nəticəsi bu oldu ki, qəza, Hacı Nəsiri dolaşdırıb İmamverdi ilə qohum etdi.
İki gündən sonra Hacı Nəsir Gülpərini evinə arvad kətirdi və Nurəddini öpərək dedi:
– Oğlum, bu sənin təzə anandır. Irəli gəl, gedib əlindən öp. Evimizə xoş gəlmisən de!
Bu xəbərin təsirindən Nurəddinin rəngi-ruhu qaçıb, bədəni titrəməyə başladı. O saat sevgili anasının surəti gözlərinin önündə durdu. Uca bir səslə:
– Ah, ata, nə tez anamı yaddan çıxartdın! – deyə Nurəddin ağladı və birinci dəfə olaraq atasının sözündən çıxıb, onun əmrini yerinə yetirmədi.
Oğlunun sözləri Hacı Nəsirin ürəyinə ox kimo sancılıb, gözlərini yaşartdı. Gülpəri bu əhvalatdan qəzəbnak olub:
– Təzə gəlini beləmi qəbul edərlər? Sən məni buraya yasamı gətirmisən? – deyə qışqırdı.
– Gülpəri, acığın tutmasın, doğru deyirsən, gərək sənin pişvazına çıxılaydı, şadlıq olunaydı. Ancaq onu da qohum-əqrəba edər, halbuki mənim heç kəsim yoxdur. Bu gündən bu ev-eşiyin xanımı sənsən, ancaq səndən təvəqqe edirəm ki, bu oğluma həqiqi analıq edib, ürəkdən sevəsən. Nurəddin ədəbli, tərbiyəli uşaqdır. Indi anası yadına düşüb ağlayır. Sonra həmişə sənin itaətində olacaqdır. Gəl gedək otaqlarını, şeylərini sənə göstərim. – Bunu deyib Hacı Nəsir Gülpərini o biri otağa apardı.
Gülpəri Hacı Nəsirin evinə qədəm qoyduğu saatdan zavallı Nurəddinin müsibəti başlandı. Gülpəri öz pis xasiyyətini tezliklə büruzə verdi. Səhərdən axşama kimi əllərini bir işə vurmayıb, nökər və qulluqçuların üstünə qışqırıb-söyməyi özünə peşə etmişdi. Ələlxüsüs, yazıq Nurəddinin günü qara olmuşdu. Onu tez-tez söyərdi və heç zad üstündə döyərdi. Lakin qeyrətli uşaq əsla səsini çıxarmazdı. Hətta atasına şikayət etməyib özünü onun yanında şad saxlardı ki, atası qəm etməsin.
Get-gedə Gülpərinin zülmü artırdı. On ildən ziyadə Hacı Nəsirə xidmət edən bir nökər bu tövr rəftara daha davam edə bilməyib qulluqdan çıxdı. Nurəddin olmasaydı, Bahar da çoxdan çıxıb gedərdi. Lakin vəfalı qulluqçu mərhum xanımının yaxşılığını unutmayıb, Gülpərinin hər zülmünə davam edirdi; təki əli balaca Nurəddindən üzülməsin.
Hacı Nəsir bu işləri görüb ikinci dəfə evlənməyə çox peşman idi. Gülpərinin üzünü az görmək üçün səhər sübhdən bazara gedib, bir də axşam evə qayıdardı. Bir tərəfdən ticarət işlərinin getdikcə dolaşıb zərər gətirməsi, digər tərəfdən də evinin binizamlığı Hacı Nəsiri azara salıb mum kimi əridirdi.
Nurəddin də Gülpərinin bu hərəkətindən vaxtının çoxunu məktəbdə keçirərdi.
– Tələsmə, bu gün-sabah o köpəkləmiş atan ölüb gedər, ixtiyarın düşər mənim əlimə, onda səni bircə saat da məktəbində qoymaram, – deyə Gülpəri qışqırardı.
Bir ilə yaxın idi ki, Gülpərinin zülmü davam edirdi. Bir gün Nurəddin evə geç gəldikdə Gülpəri hirslənib onu döyməyə başladı. Bu halda qəflətən Hacı Nəsir qapıdan içəri girdi və Nurəddini Gülpərinin əlindən alıb qeyzlənmiş dedi:
– Ay nəməkbəhəram, mən sənin kimi bir kasıb qızını dilənçilikdən qurtarıb özümə arvad etdim ki, sən də o yaxşılığın əvəzində bu uşağa analığ edib qayğısını çəkəsən, yoxsa onun üçün cəllad olasan? And içirəm Həlimənin o pak olan ruhuna, bundan sonra səni bu evdə bir gün saxlamaram. Get şeylərini hazırla. Bu saat təlaqini verib səni boşayacağam. – Bunu deyib, Hacı Nəsir cəld bazara tərəf getdi.
Bu ittifaqdan yarım saat keçməmişdi ki, Hacı Nəsirin dükanda ürəyi partlayıb vəfat etməsi xəbəri gəldi. Bir azdan sonra meyitini evə gətirdilər. Batində bu bəlaya şad olan Gülpərinin zahirdə başına döyüb, üzünü cırıb, özünü meyitin üstünə salması Nurəddinə atasının ölümündən yaman təsir etdi. Ona görə əvvəl isədi ki, Gülpərinin bu riyai-əməlini açıb adamlara söyləsin. Amma atasının həmişə ona verdiyi: – “Külfətin sirrini açıb özgələrə söyləmək qəbihdir” – nəsihəti yadına düşüb bu fikirdən daşındı və bir bucağa çəkilib mat və məhbut dayandı. Nurəddin özünü saxlayıb qəsdən ağlamırdı ki, Gülpəriyə oxşamasın. Lakin batindən bixəbər adamlar onun belə lal durmasını vəfasızlığa və Gülpərinin elə yalandan üzünü cırmasını vəfalılığa həml etdilər. Atasının dəfni və təziyəsi Nurəddinə yuxu kimi gəlirdi .
***
Hacı Nəsirin üçü çıxan kimi Gülpəri Nurəddinin üzündən öpə-öpə əlinə pul verib dedi:
– Oğlum, daha dərsindən qalma, dur məktəbə get, dərslərini qurtarandan sonar da yoldaşlarını götürüb gəzməyə get ki, kefin açılsın. Bu gün atanın borçluları gələcəklər. Mənim başım onlara qarışacaqdır. Daha dayanma, oğlum, get.
Bu əmrə Nurəddinin özü da şad oldu və dərhal heybəsini götürüb cəld getdi. Yol uzunu Nurəddin Gülpəri barədə fakir edirdi.
– Atam öləndən bəri Gülpəri mənimlə çox mehriban dolanır, hərgah əvvəldən belə olsaydı, heç atamın da bağrı çatlayıb ölməzdi. Görəsən Gülpərinin mənimlə belə rəftar etməsinə səbəb nə oldu? Bu hal onda mənə rəhmi gəldiyindənmi, yoxsa atası İmamverdinin qorxusundanmı əmələ gəldi? Imamverdi yaxşı kişidir. O məni çox istəyir. Ah, görəsən Gülpərinin bu halı çoxmu çəkəcəkdri. Qorxuram İmamverdi baba gedəndən sonar yenə məni döyməyə başlaya. Onda kimim var ki, mənə kömək etsin. Hərgah Bahar kömək edərsə, o saat onu da qovar; cünki indi hamı ixtiyar onun əlindədir.
Bu fakir və xəyalatda ikən Nurəddin gəlib məktəbə çatdı. Gülpərinin belə dəyişməsinə səbəb, Nurəddinin zənn etdiklərinin heç biri deyildi. Gülpəri yaxşı bilirdi ki, özünün övladsız olmasına görə Hacı Nəsirin cəmi mal və dövləti tək Nurəddinə qalacaqdır və o da uşaq olduğundan hər ixtiyar qəyyum əlinə keçəcəkdir. Indi hiyləgər qadın bu qəyyumluğu axtarırdı və məramına da çatdı.
Gülpəri ərindən çox pul gözləyirdi, lakin Hacı Nəsirin var-yoxunu hesaba çəkib borclarını verəndən sonar məlum oldu ki, bir qədər nəqd pul, bir ev atasından və on iki min manatlıq cavahirat və ev şeyi də anasından Nurəddinə irs qalıb. Ona da Gülpərini qəyyum təyin etdilər.
Nurəddin evlərinə qayıtdıqda Bahar onu əhvalatdan xəbərdar etdi. Nurəddin Gülpərinin dəyişməsini indi başa düşdü. Bahar dedi:
– Qorxma, nə qədər ki, sən sağsan Gülpəri bir qəpiyə də əl vura bilməz və səni incidə bilməz, cünki onda onu qəyyumluqdan çıxardarlar.
Bu sözlərdən Nurəddin çox şad oldu. Baharın dediyi də düz oldu. Gülpəri Nurəddinə daha əziyyət verməyib onunla mehriban dolanmağa başladı.
Bahar, doğrudur, Nurəddini Gülpəri tərəfindən arxayın etdi, amma özü onun bu dəyişilməsinə əsla inanmırdı. Gülpərinin ürəyində bir gizli fikir bəslənməsinə şəkki yox idi. Ona görə gözləyirdi ki, Nurəddinə o tərəfdən bir zərər yetişməsin. Gülpəri də bunu duyub, Baharı bir yolla rədd etmək fikrində idi. Ancaq aşkar qovmaqdan çəkinirdi, çünki Bahar körpə vaxtından Hacı Nəsirin evində böyümüşdü. Hamı onun xatirini istəyirdi və ona qulluqçu nəzərilə baxmırdı.
İmamverdi ömrünün çoxunu kənddə keçirməyinə görə şəhər dolanacağına adət etməmişdi. Bu səbəbdən əziyət çəkirdi. Axırda qızına dedi:
– Gülpəri, indi işlərin qayda ilə gedir, daha mənə ehtiyac yoxdur, şəhərin havasını götürmürəm, ona görə də mən gedirəm. Siz də, inşallah, Nurəddin azad olub yaya buraxılan kimi yığışıb gəlin. Ta ki, üç ay yayı o gözəl ab-havada keçirib cana gələsiniz.
Gülpəri atasının əmrinə razı oldu. Imamverdi Nurəddindən ayrılanda onu öpərək dedi:
– Oğlum, dərslərinə səy et ki, imtahanını yaxşı verəsən… Allah qoysa gəlib görərsən ki, bizim kənd nə gözəl yerdir. Sənə tilov qayıracağam, hər gün çayda balıq tutarsan, orada çimərsən, meşəyə gedib çiyələk, moruq, göbələk yığarsan.
İmamverdi xudahafizləşib yola düşdü.
Nurəddin İmamverdi babanın ayrılığına qəmgin oldusa da, onun verdiyi vədlərə çox şad idi, çünki anadan olandan öz şəhərlərindən başqa bir yeri görməmişdi. Çayı, meşəni ancaq kitabda oxumuşdu. Bu səbəbə görə yay tətilini səbirsiz gözləyirdi. Gülpəri də bu işə şad idi. Ancaq onun şadlığına başqa səbəblər vardı. Bir il bundan əvvəl kəndlərində yoldaşlarının təzə çit libasına həsəd aparan Gülpəri, indi ipək paltarda, üst-başı qızıl və cavahirat ilə bəzənmiş kəndlərinə qayıdacaqdı. Qabaqlarda ona yaxın düşməyən elçilər indi qapısından əl çəkməyəcəklər. Amma bunların hamısından çox onu şad edən şey ürəyində bəslədiyi gizlin fikir idi. Yəni orada Nurəddinin dövlətini özünə mal etməyə bir çarə arayıb tapmaqdı. Axırda Nurəddinin səbirsizliklə gözlədiyi gün gəlib çatdı. Üç gün idi ki, Gülpəri səfərə yığışırdı. Bu yığışmaq Baharı bərk təşvişə salmışdı, çünki Gülpəri evin cəmi şeylərini sandıqlara doldurub, özü ilə aparmaq fikrində idi.
– Xanım, üç aydan ötrü bir belə şeyi yük eləyib aparmağın nə mənası var? – deyə Bahar soruşduqda:
– Yox, Bahar, əziyyət olsa da ümid olub burada qoymaq olmaz, – deyə Gülpəri cavab verdi.
Bahar ümid edirdi ki, Gülpəri onu da kəndə aparacaqdır. Lakin hər bir şey hazır olandan sonra Gülpəri ona dedi:
– Bahar, sən şəhərdə qalasısan. Evi səndən başqa həç kəsə ümid olub, qoya bilmərəm.
Bahar nə qədər yalvadırsa da Gülpəri razı olmadı. Nurəddin də təvəqqə etdi, mümkün olmadı.
– Yox! Yox! Evi Bahardan başqa heç kimə tapşıra bilmərəm, – deyə Gülpəri təvəqqeni rədd etdi. – Həccə getmirik ki, üç aydan sonra yenə buradayıq. Bahar, xudahafiz, evdən yaxşı muğayat ol!
Bahar Nurəddini qucaqlayıb öpdu.
– Yaxşı yol, allah səni bəladan hifz etsin. Ah, görəsən, bir də səninlə görüşəcəyəmmi.
Baharı ağlamaq boğub, daha danışmağa qoymadı.
Köç yola düşdü. Nurəddin Bahardan ayrılmasına görə bir qədər bikef oldu. Amma sonra görmədiyi yerlərə vaqondan baxdıqca, qəmi yadından çıxdı.
Vaqon çox sürətlə gedirdi. Nurəddin birdən altıya kimi sanayınca bir tel ağacı keçirdi. Mənzərələr tez-tez dəyişirdi, gah göy ot və çəmənlərə bəzənmiş düzəngah, gah yaşıl təpələr və dağlar, gah qaranlıq meşələr və dərələr və gah da aydın çaylar və yollar görünürdü.
Nurəddin heyrətdə idi, çünki bunların heç birini görməmişdi. İndiyə kimi tozlu, tüstülü şəhərdən bir qeyri yerə çıxmamışdı.
Gülpəri bir neçə gün qabaq, kağız vasitəsi ilə yazıb hansı gün çıxmalarını atasına məlum etmişdi və əlavə fayton və araba tutub, onları kəndlərinin yaxınlığındakı şəhərdə gözləməyini rica etmişdi. Lakin səfərin ikinci günü gəlib oraya çatdıqda, vağzalda nə atasını və nə də bir tanış adam görmədi. Bu isə Gülpərini bərk təşvişə saldı. Cəld nökəri Cəfəri göndərib iki nəfər hambal çağırtdı, yanındakı və baqajdakı şeyləri daşıdıb ikinci klas salonuna yığdırdı.
***
Cəfəri götürmüşdü ki, onları buraya kimi ötürüb yenə geri qayıtsın. Vağzalda iki saata kimi gözlədilər, amma heç kəs gəlib çıxmadı. Gülpərinin təşvişi getdikcə artırdı, çünki yanındakı qiymətli şeyləri tələf olacağından qorxurdu. Hərçənd bu şəhərdə tanışları vardı, amma onlara da ürəyi qızmırdı. Axırda Gülpərinin daha atasının gəlməsindən ümidi kəsilib, nökəri ilə yola düşməyə naçar qaldı.
Gülpəri Cəfəri göndərib iki fayton tutdurdu, faytonun birinə nökəri və şeyləri qoyub, o birinə də özü Nurəddinlə oturdu və qorxa-qorxa yola düşdü. Şəhərdən kəndə uzaq deyildi. Hamısı iyirmi verst idi. Lakik Gülpərini qorxuya salan dağlar arasından və meşələr içindən keçən yollardı ki, onlarda çox soyğunçuluq ittifaq düşərdi. Gülpəri erkən gedib mənzilə çatmaq üçün faytonları qovdururdu və faytonçulara da iti sürmək əvəzində çayqulunu artıq verməyi vədə etmişdi. Gülpərinin qorxduğu başına gəldi. Belə ki, ağır yüklü fayton əyri-üyrü və eniş-yoxuş yollara çatdıqda, bir döngədə aşıb, oxu və çarxı sındı. Bu hadisə zühur edən vaxt günəş enib dağın dalında gizlənmişdi. Gülpəri artıq iztiraba düşüb söylənirdi.
– Allah, bu nə iş idi mənim başıma gəldi. Indi bu yol içində, bu qorxulu dağlar arasında necə olacağıq. Görəsən atamın başına nə iş gəldi ki, bu vaxta kimi gəlib çıxmadı. Kaş şəhərdə qalıb ondan xəbər gözləyəydim.
– Xanım, onlardan keçmişdir. Gəl biz gedib kənddən kömək çağıraq.
Gülpəri buna razı olmadı.
– Yox, heç vaxtı şeylərimi burada qoyub getmərəm, ayrı çarə varsa arayıb tapın.
– Xanım, ayrı çarə yoxdur. Hərgah faytonun oxu sınmamış olsaydı, çarxı bir tövr sarıyardıq və yavaş-yavaş sürüb, özümüzü kəndə salardıq. Indi isə ümidimiz bir allaha qalmışdır.
Bu sözlərdən sonra Gülpərinin iztirabı daha da artdı. Axşam oldu. Soyuq düşdü. Dərələrdən duman qalxmağa başladı. Heç kəs gəlib çıxmadı. Geçə orada qalmağın qorxusu çoxdur. Gülpəri üzünü faytonçulara tərəf tutub:
– Bu gecə bu yol üstündəmi qalacayıq? – deyə soruşduqda, faytonçular cavabında aciz qaldılar. Nurəddin bu ittifaq düşəndən bəri fikrə gedib çarə arayırdı. Nurəddin öz siniflərində ən fərasətli uşaq sayılırdı. Nurəddin üzünü onlara tutub dedi:
– Mən bir çarə tapdım, qulaq asınız söyləyim. Sınan faytonun dörd atı var. Şeyləri bu atlara yükləyib biz gedərik, Fayton sahibi burada qalar. Sonra kənddən buna kömək göndərərik.
Bu təklif cümlənin xoşuna gəldi. Ələlxüsus, Gülpəri şad idi ki, beləcə asan yolla Nurəddin onları çətinlikdən qurtardı. Vaxtı itirməyib atları yüklədilər və yola rəvan oldular. Səfərin qorxulu yeri qabaqda idi. Meşənin içilə səkkiz verst yol gedirdi. Köç meşəyə çatdıqda qaranlıq lap çökmüşdü. Cəfər yüklü atlarla qabaqda və fayton dalda gedirdi. Gülpəri bərk qorxurdu. Nurəddin qorxaq uşaq deyilsə də meşənin vahiməsi onu da basmışdı. Elə sakitlik idi ki, nə bir zihəyatın səsi çıxırdı, nə də bir yarpaq tərpənirdi. Odur ki, bir yandan bu sakitliyin özü də insanı vahiməyə salırdı. Qəflətən bir qorxulu səs meşəni götürdü. Bu səsdən Nurəddin diksindi. Gülpəri qışqırdı, faytonçu dedi:
– Qorxma, xanım, bayquşdur, ulayır.
– Vay allah səni yox etsin, gör nə murdar səsi var, – deyə Gülpəri qarğış elədi.
Meşənin qurtaracağına iki verst qalmış bir atlı-yaraqlı adam Cəfərin qabağını kəsdi:
– Dayan, tərpənmə, atdan düş, yoxsa odladım!
– Əmiraslan ağa, atma, mənəm.
Atlı tüfəngini çiyninə salıb, Cəfərə sarı irəlilədi.
– Cəfər, bu köç kimindir?
– Ağa, Gülpəri xanımındır. Odur, özü də daldan faytonla gəlir. Yolda faytonumuzun biri sındı, ona görə şeyləri atlara yükləmişik. Şəhərdə nə qədər İmamverdi babanı gözlədiksə də gəlib çıxmadı, axırda nacar qalıb özümüz yola düşdük.
– Cəfər, sən yavaş-yavaş sür get, mən də faytonla bərabər gəlirəm, – deyə Əmiraslan atını qımçaladı. Gülpəri atlını görçək qorxuya düşdü:
– Yaman yerdə qaranlıqladıq.
– Qorxma, xanım, yəqin sizin adamlardandır, qabağınıza gəlibdir, – deyə faytonçu Gülpəriyə ürək verdi.
Əmiraslan faytona yaxınlaşıb ucadan səsləndi:
– İndi necəsən, əmiqızı, sizi tutub var-yoxunuzu əlinizdən alımmı?
Gülpəri bu səsi eşitcək sevinib qışqırdı:
– Əmiraslan, əmioğlu sənsən?! Nə yaxşı gəldin, bəs atam hanı? Gərək fayton tutub qabağımıza gələ idi. Bilmirəm kağızım gəlib çatmayıb, ya başına bir iş gəlib?
– Mənim, sizin gəlməyinizdən xəbərim olmamışdır. Özüm də evdən səhər çıxmışam. Yəqin əmimin indiyə kimi gəlib çıxmamağıma səbəb körpünü sel aparması olmuşdur. Cəfərdən başınıza gələn hadisəni eşitdim. Əmiqızı, köçdən belə görünür ki, daha bir də geri qayıtmayacaqsan. Yaxşı da edərsən, adam gərək verdiyi sözün üstündə dursun.
***
Gülpəri söhbəti dəyişdirmək üçün dedi:
– Əmioğlu, deyəsən Nurəddini görmürsən? Əmiraslan Nurəddini indicə gördü və Gülpərinin də işarəsini anladı:
– Nurəddin, sən çox xoş gəlmisən. De görüm, məndən qorxdunmu?
– Səndən niyə qorxum, adam da adamdan qorxarmı? – deyə Nurəddin cavab verdi.
– Oxuyan uşaq qorxaq olar.
– Xeyr, səhv edirsiniz, oxumayan uşaq qorxaq olar. Oxuyan uşağın elmi olar. Hər şeyin sirrini bilər, ona görə də qorxmaz.
– Yaxşı, indi ki, sən elə qoçaq oğlansan, gəl mənim atımı min, bir az da mən faytonda dincimi alım, – deyə Əmiraslan Gülpəriyə göz vurdu. Gülpəri Əmiraslanın işarəsini başa düşdüsə də yenə razı olmayıb dedi:
– Yox, yox, Nurəddini at yıxar.
– At çox dincdir. Adam yıxan deyil, yavaş-yavaş faytonun yanınca sürər. Ancaq atdan qorxan deyilsə.
– Mən qorxaq deyiləm dedim!
Axırda Gülpəri razı oldu. Əmiraslan atdan düşüb Nurəddini mindirdi. Nurəddin özünü atın üstündə görcək onu tərkimlədi. At sıçrayıb qaçdı. Gülpəri qorxdu. Amma Nurəddin atda bərk oturmuşdu.
– Maşallah, qoçaq uşaqdır.
Sonra faytona minib Gülpəriylə gizlin söhbətə başladı.
Əmiraslan, İmamverdinin kiçik qardaşı Tanrıqulunun oğlu idi. Bundan başqa Tanrıqulunun övladı olmamışdı. Ona görə valideyni Əmiraslanı əzizləyib, ərköyün böyütmüşdü. Balaca Əmiraslan üçün “yox” kəlməsi yox idi. Hər xahişi ata-anası tərəfindən fövri əmələ gəlirdi. Əmiraslan özgə uşaqda bir şey görsəydi, o saat gərək ona da alına idi, yoxsa sakit olmazdı. Belə tərbiyənin nəticəsi tezliklə ortaya çıxdı. Əmiraslan doqquz yaşına çatdıqda atası ona heybə və çərəkə aldı. Təzə paltar geyindirib hədiyyə ilə onu mollanın yanına oxumağa apardı. Üç gündən sonra Əmiraslan çərəkəsini cırıb məktəbdən qaçdı. Ata-anası nə qədər yalvardısa da, bir şey çıxmadı. Atası çox təkid edəndə Əmiraslan dedi:
– Dədə, mən məktəbə getməyəcəyəm. Orada molla adamın ayağını falaqqaya salıb döyür. Istəyirsən məni şkolaya qoy gedim.
Tanrıqulu rusca oxumağın ziddinə gedənlərdən idi. Bu fikri onun başına salan və onu şkolaya düşmən edən kənd mollası axund Molla İman idi. O, həmişə deyərdi:
– Tanrıqulu, məbadə oğlunu şkolaya qoyasan. Orada müsəlman uşaqları təmiz urus edirlər. Başlarına tük qoydurub şapka qoyurlar. Oxutduqları da Sədi, Hafiz əvəzinə başdan ayağa tülkü, çaqqaldır.
Tanrıqulu axundun birinci dərəcə müridlərindən hesab olunurdu. Odur ki, oğlunun şkolaya girmək xahişi onu çaşdırdı. Nə axundun əmrindən çıxa bilmirdi, nə də oğlunun oxuyub ədəbli, elmli olmasından əl çəkə bilirdi. Axırda məsləhət üçün Əli bəyin yanına getdi. Əli bəy elmli və qoca bir kişi idi. Tanrıqulu həmişə onun hörmətini saxlardı və hər məsləhəti olsaydı gedib onunla həll edərdi. Tanrıqulu Əli bəygilə gələndə orada Əli bəydən başqa bir şəxs də gördü. Buna görə Tanrıqulu əvvəlcə bu adamın yanında fikrini açıb Əli bəyə demək istəmədi. Amma elə ki, Əli bəy: “Bu mənim yaxın dostum Mirzə Həsəndir, tanış olun” – dedi, fikrini dəyişdirib əhvalatı ona nağıl etdi. Əli bəy uşağı şkolaya qoymağı məsləhət görüb dedi:
– A kişi, heç kəsin sözünə qulaq asma. Istəyirsənsə oğlun adam olsun, şkolaya qoy. O ki, qaldı axund Molla İman, onun fikri başdan-ayağa yanlış və xatadır. Burada heç bir uşağı rus etməmişlər. Əgər etmişlərsə, budur, onların müəllimi söyləsin.
Mirzə Həsən gülümsünüb dedi:
– Əgər islamlıq başa tük qoyub, şapka geymək ilə pis olursa, bəli onda Molla İmanın dediyi düzdür. Ancaq onun bu sözü hansı kitabdan götürdüyünə mən də məəttəl qalmışam. Bu fikir Molla İmanın öz başından çıxma bir şeydir. – Qardaşım, oğlunu tezliklə göndər gəlsin. Peşman olmazsan.
Tanrıqulu bu iki adamın məsləhətinə görə oğlunu şkolaya qoydu.
Əmiraslan şkolada çox davam etmədi. Nadinc, söyüşkən bu doqquz yaşında uşaq, cəmi müəllimləri təngə gətirmişdi. Heç bir gün olmazdı ki, Əmiraslan bir uşaqla savaşıb, döyüşməsin. Bunun bəd əxlaqını düzəltməkdə müəllimlər aciz qalmışdılar. Buna da bais ata-anası idi, çünki üç saat məktəbdə keçirdiyi vaxtdan başqa, günün yerdə qalanını Əmiraslan hər bir əmr və vəhjdən azad idi. Hər nə könlü istəyirdi onu edərdi. Axırda yoldaşlarının birini bıçaqlayıb yaralamağının üstündə Əmiraslanı məktəbdən xaric etdilər. Tanrıqulu Əmiraslanı bir-iki il ora-bura atdısa da bir şey çıxmadı.
Əmiraslan, əmisi qızı Gülpəridən iki yaş böyük idi. Qardaşlar bu iki tifili bir-birinə körpə vaxtlarından ad etmişdilər. Amma İmamverdi Əmiraslanın oxumayıb belə bitərbiyə qalmasından artıq narazı idi və bu barədə də qardaşını müqəssir edirdi.
– Belə tərbiyə olmaz. Uşaq gərək izin olmayan şeyi tutmasın. Böyük-kiçik anlasın. Bunun axırı peşmançılıqdır, – deyə İmamverdi, qardaşını məzəmmət edərdi.
Əmiraslan on altı yaşına çatanda ata-anası dalbadal vəfat etdi və nənəsi Püstə qarıdan başqa evlərindən bir kəs qalmadı. Atası öləndə Əmiraslana yaxşı mal-dövlət və pul qoymuşdu. Bir-iki ilin ərzində yaramaz oğul bunların hamısını kefə, qumara qoyub tələf etdi. Imamverdi nə qədər çalışdısa da qardaşı oğlunu pis yoldan qaytara bilmədi və axırda onunla bilmərrə əlaqəsini kəsib evinə qoymadı. Nə qədər əlində dövlət var idi, Əmiraslan Gülpəriyə yaxın düşmürdü. Amma elə ki, var-yoxunun hamısı eyş-işrətə qoyulub puç oldu, Gülpərini almaq fikrinə düşdü. Lakin İmamverdi:
– Nə qədər mən sağam, bu iş baş tutmaz, – deyə onun təklifini rədd etdi.
Gülpərinin könlü əmisi oğlunda idi. Ona görə də qoşulub qaçmaq istəyirdi. Lakin Əmiraslan bu əmrə razı deyildi, çünki onun fikri Gülpərini almaq deyil, əmisinin dövlətini ələ almaq idi. Bu isə İmamverdinin razılığı ilə mümkün olardı. Axırda, Əmiraslan Gülpəridən əl çəkib bir dövlətli dul arvad aldı. Əmiraslan arvadın gətirdiyi dövləti tezliklə qumara və kefə qoyub özünü də boşadı. Pis yola öyrənmiş Əmiraslan üçün pul lazım idi. Ona görə neçə dəfə həbsə düşüb çıxdı. O ətrafda bir yolkəsmə, bir oğurluq olmazdı ki, Əmiraslanın orada əli olmamış olaydı. Indi faytonda əyləşib Gülpəriylə söhbət edən Əmiraslan belə hərifdi. Əmiqızı və əmioğlu sözü bu yerdə qoydular ki, Əmiraslan Gülpəri üçün əmisinə elçi düşsün. Hərgah İmamverdi bu dəfə də razı olmasa, Gülpəri atasından izinsiz Əmiraslana getsin.
Nurəddin Cəfər çatdıqda atın başını çəkdi. Lakin qızışmış köhlən at qüvvətsiz uşağa qulaq asmadı və qaraltıdan ürküb daha da bərk qaçmağa başladı. Nurəddin gördü ki, atı öz gücü ilə saxlaya bilməyəcəkdir. Yüyəni buraxıb iki əli ilə yəhərin qaşından möhkəm yapışdı ki, atdan yıxılmasın. Cəfər Nurəddini bu halda gördükdə istədi ki, atın qabağını kəssin, ancaq bacarmadı. Cəfər qabaqda Əmiraslana nökər idi. Ona görə onun atının xasiyyətini yaxşı bilirdi. Bu atın adı Ceyranbasan idi və özü də bir dinc at idi. Amma qızışıb qaçanda heç bir at dalından çata bilməzdi. Döngənin birində qəflətən bir fayton yolu kəsdi. Ceyranbasan yoldan meşəyə sapıb Nurəddini üstündən yerə atdı. Bu yerə dəyməyin zərbindən zavallı uşağın ürəyi getdi. Bunu görcək faytonçu faytonu saxladı. Onun içindən İmamverdi baba çıxıb Nurəddinə tərəf yönəldi. Yaxınlaşanda gördü ki, bir uşaq hərəkətsiz yerə sərilibdir. Imamverdi əyilib uşağa baxanda təəccüblə qışqırdı:
– Sübhanallah, bu ki, Nurəddindir. Bu, at ilə nə üçün gəlsin?
İmamverdi cəld uşağın başını dizi üstə alıb sinəsini açdı.
– Oğlum, Nurəddin, mənəm, İmamverdi baba.
Nurəddin zəif səslə ufuldadı və sonra özünə gəlib İmamverdi babanı tanıdı.
İmamverdi Nurəddinin bədəninin o yan-bu yanına baxdı ki, görsün yaradan, ağrıdan nəyi var. Əlini sağ dizinə vuranda Nurəddin qışqırdı.
– Baba, ora dəymə, ağrıyır, qıçım sınıbdır.
– Yox, oğlum, qorxma, sınmamışdır, yəqin çıxıbdır, – bunu deyərək İmamverdi Nurəddini üsulluca qucağına aldı və faytona qoydu. Bu halda köç gəlib bunlara çatdı. Imamverdi baba elə ki, Əmiraslan və Gülpəridən əhvalatı bildi və onları bir faytonda oturmuş gördü, qəzəblənmiş qışqırdı:
– Sizin ağlınız harada idi? Bir tikə uşağı köhlən ata mindirib, gecə vaxtı meşəyə buraxmaq olarmı?
Əmiraslan təqsiri boynuna alıb əmisindən üzr istədi. Sonra faytondan düşüb atının dalınca getdi. Gülpəri çalışırdı ki, atasının acığını yatırtsın.
– Ata, acığın tutmasın, bunlar hamısı qəza işidir. Fayton yolda sındı. Sən gəlib çıxmadın.
– Mən nə edim, günortodan bəri çayın o tərəfində körpünün qayrılmasını gözləyirdim. Səhər sel gəlib aparmışdı, – deyə İmamverdi cavab verdi.
– Ata, o da qəzadan deyilmi? Amma şükür allaha ki, axırı xeyirdir. Nurəddinin qıçını kənddə sınıqçı Qara Hüseynə saldırarsan, çıxar gedər.
Köç meşədən çıxdı. Bu vaxt ay da çıxmışdı. Nurəddini, İmamverdi baba faytonun içində balışları düzüb, rahat etmişdi. Axşamdan iki saat keçmiş köç gəlib kəndə çatdı.
Köç gəlib Güllücə kəndinə çatanda bu kəndin əhalisi yatmışdı. Kənd əhli gün batanda yatıb, gün çıxanda da yuxudan durar. İmamverdi baba Güllücəni Nurəddinə tərif etməkdə səhv etmirmiş. Gözəl hava, saf su, dağ, meşə insana başqa bir ləzzət verir. Bu kənd dağın döşündə salınıb, gün çıxan tərəfində yaxşı meyvə bağları və meşə, cənub tərəfində gözəl zəmilər və şimal tərəfində gözəl çəmənlər var idi. Dağdan soyuq bulaqlar üzüaşağı kəndə sarı axırdı. Güllücənin dadlı meyvələri ətrafda məşhurdu. Bu kəndin hər evinin qabağında bağdan əlavə, gözəl bağça da vardı. Bu bağçalarda ev sahibləri ətirli güllər və çiçəklər əkmişdilər. Kənardan baxanda dağ döşündə salınmış bu kənd bir gülüstan şəklində görünürdü. Buna görə də Güllücə adına sahib olmuşdu.
İmamverdi babanın evi kəndin üst tərəfində bir hündür yerdə idi. Buradan çox gözəl mənzərələr açılırdı. Imamverdi babanın həyətində iki tikilisi vardı. Biri köhnə daxma idi, o biri də iki otaq və mətbəxli, qabağı eyvanlı təzəcə ev idi. Evin qabağı gözəl bir bağça idi. Bu bağça yaxşı meyvə ağacları, ətirli gül və çiçəklərlə dolu idi. Bağçanın ortasında bir soyuq bulaq torpaqdan çıxıb çarhovuza tökülürdü. Bu su ilə İmamverdi baba bağçasını və bostanını sulayırdı. İmamverdi baba bu təzə evin bir otağında Gülpəri və o birində Nurəddin üçün mənzil tədarük etmişdi.
İmamverdi baba bilirdi ki, çıxığı yerinə tez salmaq lazımdır. Hərgah tez salınmasa yerinə ət gələr və sonra onu düzəltmək çətin olar. Buna görə külfət bir balaca rahat olan kimi, gecə olmasına baxmayıb, bağbanı Mehdi kişini göndərdi ki, sınıqçı Qara Hüseyni yatmış da olsa durğuzub gətirsin.
Bir azdan sonra Qara Hüseyn gəldi. Bu kişi İmamverdi yaşında, qırx ildən artıq sınıqçılıq edən və ətrafda məşhur olmuş bir zat idi.
Qara Hüseyn Nurəddinin qıçını əlləşdirib dedi:
– Sağ ayağı diz qapağından çıxmışdır. – Sonra şıqqıltı ilə ayağı yerinə saldı və qıçın dörd ətrafına ağac düzüb bərk sarıdı. Nurəddin ağrıya davam edib əsla səs çıxartmırdı.
– Yaşasın belə qoçaq uşaq, – deyə Qara Hüseyn Nurəddini tərif etdi. Sonra da evdə tapşırdı ki, Nurəddinin qıçı üç gün belə qalasıdır.
Bundan sonra üzünü Nurəddinə çevirib dedi:
– Ağıllı oğlum, ayağını heç tərpətmə, onda ağrıtmaz və sən də rahat olarsan.
Qara Hüseyn xudahafiz edib getdi.
Gecədən xeyli keçdi. Amma Nurəddin ayağının ağrısından yata bilmirdi. Imamverdi baba onun yanında oturub keşiyini çəkirdi. Amma Gülpəri o biri otaqda xoruldayırdı. Axırda Nurəddin yuxuya getdi. Bir də gözünü açanda gördü ki, günəş pəncərədən içəri düşmüşdür. İmamverdi baba Nurəddinin yanına gəldi.
– Sabahın xeyir, oğlum, rahat yata bildinmi? Ayağın ağrıyırmı?
– Azacıq ağrıyır, baba.
– Darıxma, oğlum, allah qoysa bir neçə günə sağalıb duracaqsan və səni gəzməyə aparacağam. Bir bax, gör babanın nə gözəl bağçası vardır. – Bu sözləri deyib İmamverdi pəncərəni açdı və özü də bayıra çıxdı. Sübhün təmiz havası, güllərin və çiçəklərin qoxusu otağı ətirləndirirdi. Quşlar gömgöy budaqlarda oturub oxuşurdular. Pəncərənin ağzında bir tut və bir gilas ağaçı bitmişdi. Gilasın budaqları pəncərəyə o qədər yaxın idi ki, əl uzadanda çatırdı. Bu ağacın üstü qırmızı gilasla dolu idi. Quşların bəzisi gilas və bəzisi də tut ağacında oturub, gah oxuyurdular və gah da balaca dimdikləri ilə tutdan və gilasdan qopardıb yeyirdilər. Nurəddin bunlara çox həvəslə baxırdı. Bu quşlardan sərçədən başqa qeyrilərini tanımırdı.
Nurəddin bir də gördü ki, bir ana serçə ağzında bir göy cücü pəncərənin üstünə qondu və oradan cik-cik səsi gəldi. Nurəddin gözlərini dolandıranda gördü ki, bir yuvadan dörd dənə sərçə balası başlarını bayıra çıxardıb civildəyirlər. Anaları uçub yuvanın ağzına qondu. Balaları, sarı ağızlarını açıb civiltini bərkitdilər. Ana sərçə ağzını açıb cücünü birinin ağzına verib uçdu. Bir azdan sonra yenə ağzında cücü yuvasının yanında hazır oldu. Bu dəfə cücünü o biri balasına verdi. Gələn dəfə üçüncüsünə və sonra dördüncüsünə verdi. Bu qayda ilə ana sərçə balalarına dən daşıyırdı və bir dəfə də olsa növbəti pozmurdu.
Bu sərçə yuvası və onun içində olan balaların yaşamaları Nurəddinə bir məşğələ oldu. Bir dəfə balaca sərçələrdən biri yuvadan sürüşüb, uçaraq otağın içinə düşdü. Bu halda İmamverdi baba içəri daxil oldu.
– Baba, indicə yuvadan bir sərçə balası uçub içəri düşdü. Onu tut mənə ver.
İmamverdi sərçəni tutub Nurəddinə verdi:
– Oğlum, yaxşı öyrətməli vaxtıdır.
– Baba, sərçəni necə öyrədirlər? Mənə də öyrət.
– Yaxşı, oğlum, öyrədərəm.
İmamverdi sərçəni Nurəddindən alıb yerə qoydu və bir az kənara çəkilib muşqurmağa başladı. Sərçə muşquruğu eşidəndə cik-cik etməyə başladı, amma uçub çağırışa gəlmədi. İmamverdi baba dedi:
– İndi bu toxdur, ona görə mənə qulaq asmır. Qoy bir az ac qalsın, o vaxt muşquranda uçub gələcəkdir.
İndi, oğlum, gəl sərçən üçün mənzil qayıraq.
İmamverdi baba bunu deyib rəfdən bir boş tütün qutusu və bir qədər pambıq götürdü və Nurəddinə verdi:
– Bu da sərçənin evciyi.
Nurəddin sevinib sərçəni qutuda rahat etdi.
– Baba, sərçəm acanda nə verim?
– Çörək çeynəyib ver, tut ver, amma bunlardan yaxşısı cücüdür. Mən bağçamızdan tutub gətirərəm.
Bu halda, Cəfər əlində podnos, içində çay-çörək, şora batırılmış təzə inək yağı içəri daxil oldu. Çayı Nurəddinin qabağına qoyub halını soruşdu və dedi:
– Ağa, bu gün mən evə qayıdıram, nə qulluğun varsa buyur.
Nurəddin dedi:
– Məndən Bahara salam-dua yetir, amma ayağımın çıxmağını demə, ürəyi xarab olar və bir də mümkün olsa mənim şəkil dəftərlərimi və rəng qutumu göndərərsiniz. Gələndə almışdım ki, burada şəkil çəkəm. Yadımdan çıxıb qalıbdır.
– Baş üstə, ağa, özüm adam tapıb göndərərəm, hələ ki, xudahafiz. Allah sənə tezliklə şəfa versin, – deyə Cəfər getdi.
Üçüncü günü Qara Hüseyn gəlib Nurəddinin ayağını açıb dedi:
– İndi, oğlum, ayağın yaxşıdır, daha sarımayacağam. Ancaq bir müddət gərək üsullu dolanasan. Atılıb düşməyəsən. Bir-iki gün evdən çıxma. Yavaşca-yavaşca evdə gəz. Eyvanda otur, babanın bağçasına tamaşa eylə, sonra səni bağıma gəzməyə aparacağam.
Qara Hüseyn xudahafiz edəndə İmamverdi baba ona pul verdi. Amma o qəbul etməyib dedi:
– Mən heç vaxt pul qəbul etmərəm. Hələ səninlə dostluğum dursun, Nurəddinin atası mənə çox yaxşılıq edibdir. O yaxşılığın əvəzində mən ona heç bir şey etməmişəm. İndi borcumu verirəm, artıq bir şey etmirəm.
Qara Hüseyn gedəndən sonra İmamverdi baba Nurəddinin başını sığallıyıb dedi:
– Görürsən, oğlum, yaxşılıq nə gözəl şeydir. Atanın yaxşılığının əvəzini övladına edirlər. Bax, oğlum, bu əyləşdiyin evi atanın köməkliyi ilə tikdirmişəm. İndi mən də bunu və qabağındakı bağçanı vəsiyyət etmişəm ki, sənə verilsin. Bunu bu kənddə hamı bilir. Mən öləndən sonra bunlar sənindir. Bunların Gülpəriyə dəxli yoxdur.
Gülpəri pəncərənin qabağından keçərkən bu sözləri eşidib dedi:
– Ata, o nə şeydir ki, mənə dəxli yoxdur?
– İçəri gəl, deyim.
Gülpəri gəldi, İmamverdi baba dedi:
– İndi Nurəddinə vəsiyyət edirəm ki, bu oturduğu ev və qabağındakı bağça onundur, sənə dəxli yoxdur. Bu vəsiyyətimi sənə deyirəm, qızım, bunu əmələ gətirərsən. Özün də yaxşı bilirsən ki, bunlar onun atasının pulu ilə tikilmişdir.
– Ata, əmrini yerinə yetirməyə hazıram. Ancaq mənim də səndən bir təvəqqem var.
– Söylə, qızım, görüm nədir?
– Mən söyləməyəcəyəm, Əmiraslan söyləyəcəkdir.
– Mənim Əmiraslanla heç bir işim ola bilməz. Bunu özün də bilirsən. Bir də siz bura gələndən bəri o, Nurəddini yoxlamağı əldə bəhanə edib, bura tez-tez gəlib-gedir. Mənim tərəfimdən ona de ki, bir də bura gəlməsin, yoxsa qovaram.
– Ata, elə iş etmə, bu gün o səndən bir şey təvəqqe edəcəkdir. Onun təvəqqesini qəbul et, çünki, mən də o təvəqqeyə şərikəm.
– Yenə deyirəm, Əmiraslanla mənim heç bir işim ola bilməz.
– Onda nə etməli, sənsiz olacaqdır, məni bağışla.
– Gülpəri, açıq danış, görüm nə istəyirsən?
– Bu gün Əmiraslan sənə mənim üçün elçi düşəcəkdir, sənin razılığını istəyirəm.
– Onda sənsiz olacaqdır!
– Nə qədər sağ varam, bu iş baş tutmaz.
– Baxarıq! İndi də mən balaca qız deyiləm ki, iyirmi beş yaşında, hər ixtiyarı öz əlində bir arvadam. Mən dedim ki, bu iş, ata izini ilə olsun, sən istəmirsən, daha təqsir məndən götürüldü. Təvəqqe edirəm ki, bir də mənim işimə qarışmayasan.
Bunu deyəndən sonra Gülpəri hirslə qapını vurub çıxdı. Imamverdi baba kürsüyə çöküb, başıaşağı xeyli fikrə getdi.
Bir azdan sonra Əmiraslan gəldi. İmamverdi baba o biri otağa keçdi, orada iş nə yerdə qaldığını Nurəddin bilmədi. Ancaq oradan İmamverdi babanın qışqırığı gəlirdi.
Bu ittifaqdan üç gün keçmiş, Gülpəri atasından izinsiz kəbinini kəsdirib Əmiraslana gəlin köçdü. Gülpəri Nurəddinin İmamverdi babanın yanında qalmağına mane olmadı. Nurəddin bu işə çox şad idi, çünki Gülpəri buraya gələn gündən onunla mehriban rəftar etməyi atıb, əvvəlki kimi pis dolanırdı. Qızının belə itaətsizliyi İmamverdiyə artıq dərəcədə təsir etmişdi.
Nurəddinin ayağı təmiz sağalmışdı. Hər gün İmamverdi baba ilə gah bağçada bal arasına tamaşa etməyə məşğul idi, gah da ipəkqurduna tut yarpağı daşıyırdı, gah da meyvə bağına gedib İmamverdi baba ilə meyvə dərirdi. Ya da çayda balıq tuturdu və burada çimirdi, gah da meşəyə gedib moruq, göbələk yığırdı. Haraya getsəydi, sərçəsini də özü ilə aparırdı. Imamverdi baba sərçəni qırmızı rəngə boyamışdı. Ona görə Nurəddin ona Qızılca adı qoymuşdu. Indi Qızılca elə öyrənmişdi ki, Nurəddin haraya getsəydi, sərçə də çağırılmamış, öz-özünə uçub onun dalınca gedərdi.
Hər həftə şənbə günləri Güllücə kəndində bazar olardı. Bu günləri ətraf və əknafda sakin olanlar tökülüb bazara gələrdilər. Kimi mal almağa, kimi mal satmağa gəlirdi. Imamverdi baba da hər şənbə Nurəddin ilə bazara çıxırdı. Nurəddinin məktəb paltarı cümlənin nəzərini özünə cəlb edərdi, ələlxüsus kənd uşaqlarının.
Nurəddin İmamverdi babanın yanında çox gözəl vaxt keçirirdi və şükür edirdi ki, Gülpəri onu özü ilə aparmadı. Şəhərin natəmiz havasından saralıb heyvaya dönən Nurəddini bir ayın ərzində tanımaq olmurdu. Ətə-cana gəlib, üzü lalə kimi qızarırdı. Əfsus ki, zavallı Nurəddin üçün bu xoşbəxtlik çox çəkmədi. Gülpəri ərə gedəndə öz razılığı və Nurəddinin razılığı ilə onu atasının yanında qoymuşdu. Amma indi nədənsə fikrini dəyişdirib, Nurəddini öz yanına aparmaq istəyirdi. Lakin İmamverdi baba əsla razı olmurdu. Buna görə də hər gün ata və qız arasında bu barədə qovğa vardı. Bu isə Nurəddinə çox təsir edirdi. Axırda Nurəddin dedi:
– Baba, daha Gülpəri ilə dalaşma, mən razıyam. Onun yanında olanda nə olar? Qoy gedim, yenə hər gün sənin yanına gələrəm.
İmamverdi baba, istər-istəməz razı oldu. Nurəddin də Əmiraslanın evinə köçdü. Az bir müddətdə Əmiraslan Gülpərinin əlində olan nəqdi pulunu gah yalvarmaq və gah da qorxutmaq ilə alıb qumara, kefə tələf etdi. Əmiraslan elə bilirdi ki, Gülpəri Hacı Nəsirin dövlətindən lazımınca yükünü tutubdur. Amma onun əliboş olması tezliklə məlum oldu. Bu cəhətə Əmiraslan gündə Gülpəri ilə dava-qalmaqal etməyə başladı. Gülpəri işi bu halda gördükdə neçə müddətdən bəri ürəyində Nurəddinin dövləti barəsində bəslədiyi gizli fikri açıb Əmiraslana söylədi və ondan bu işə çarə istədi. Əmiraslan çox şad olub dedi:
– Hərgah indiyə kimi bunu məndən gizlətməsəydin, çoxdan çarə tapmışdım. Yenə də taparam. Sənin işin yoxdur.
Nurəddin elə bilirdi ki, hər vaxt istəsə İmamverdi babanın yanına gedə bilər. Lakin bu fikrin yanlış olması ertəsi gün ona məlum oldu. Bu tərəfdən də Gülpəri və ələlxüsus Püstə qarı yazıq uşağa göz verib, işıq vermirdi. Ancaq Əmiraslan öz fikri cəhətincə Nurəddinlə mehriban dolanıb onu yanından iraq qoymayırdı. Haraya gedirdi özü ilə aparırdı. Bir dəfə Əmiraslan Nurəddini götürüb bağına gəzməyə apardı. Orada onu gilas ağacına çıxartdı ki, gilas dərsin. Nurəddin gilas ilə ətəyini doldurub aşağı düşmək istədikdə Əmiraslan dedi:
– Nurəddin, o əlində tutduğun budağın başında gör nə çox gilas var, çıx o şamı sındır. Eləcə evimizə aparaq.
Nurəddin dedi:
– Budaq nazikdir, qorxuram sına.
– Bəs sən deyirdin, mən qorxaq deyiləm. O budaq mən yekəlikdə adam götürər.
Bu sözlərdən Nurəddin qeyrətə qəlib yuxarı dırmaşdı. Ağacın başına çatdıqda, budaq şıqqıltı ilə sınıb yerə düşdü. Amma Nurəddin iki budaq arasına pərçim olub ölümdən xilas oldu. Nurəddin aşağı düşəndə Əmiraslan sınıq budağı çiyninə götürüb dedi:
– Gedək, Nurəddin, allah bu səfər səni ölümdən qurtardı, – bunu deyib qəhqəhə ilə güldü.
Nurəddin Əmiraslanın “bu dəfə” deməsinə və gülməsinə təəccüb etdisə də onun fikrini anlamadı.
O biri gün Əmiraslan Ceyranbasanı çullayıb dedi:
– Nurəddin, atımıza apar həm çayda sula və həm də bir az gəz.
Nurəddin razı olmayıb dedi:
– Mən Ceyranbasandan qorxuram. Onu heç vaxt minməyəcəyəm
– Axırı ki, qorxaqlığını boynuna aldın. Bunu deyib Əmiraslan atın belinə sıçradı.
– Elə isə gəl tərkimə min, gedib çayda çimək.
Nurəddin çimməyi çox sevirdi. Ona görə də tez razı oldu.
Çayda Əmiraslan soyunub atı mindi və suyun dərin yerinə salıb bir neçə dəfə üzdürdü. Sonra üzünü Nurəddinə tərəf tutub dedi:
– Hərgah rorxmursan gəl səni də mindirim.
Nurəddin razı oldu. Əmiraslan Nurəddini ata mindirib, noxtanın ucundan yapışdı. Əmiraslan atı lap dərin yerə salıb bir neçə dəfə üzdürdü. Bir dəfə at dərin yerə düşəndə qəflətən ipi çəkdi, at burxulub Nurəddini üstündən saldı. O, suya batdı və bir neçə saniyədən sonra suyun üzünə çıxıb üzməyə başladı. Hərgah bu dəmdə Nurəddinin nəzəri Əmiraslana düşsəydi, onun gözlərində parlayan odu və üzündə zühur edən acığı görərdi. Nurəddin üzüb kənara çıxanda Əmiraslan soruşdu:
– Bu üzməyi haradan öyrənmisən?
– İmamverdi baba öyrətmişdir. Sizə gəlməmişdən əvvəl hər gün çayda çimirdik. Indi İmamverdi baba azarlamışdır.
– Onu haradan bilirsən, yoxsa qaçıb getmisən?
– Xeyr, dünən bağbanından eşitdim.
– Yenə deyirəm ki, sənin onun ilə əsla işin olmasın. Tez ol geyin, gedək.
Nurəddin Əmiraslanı acıqlı görüb dinməz-söyləməz tezcə geyindi. Yol uzunu Əmiraslan fikirdə olub bir kəlmə söz demədi. Əmiraslan bu ittifaqdan sonra yenə də öz pis fikrindən əl götürməyib, Nurəddini tələf etməyə təzə hiylə axtarmağa başladı. Nurəddin isə başına gələn xataları qəza işi bilib, Əmiraslandan şəklənməyirdi. Ancaq bir ittifaq onu şəkkə saldı. Bir dəfə Əmiraslan onunla bazardan evə qayıdanda yolda çəpər üstündə bir gürzəni qıvrılıb yatmış gördülər. Əmiraslan dedi:
– Nurəddin, gör nə gözəl koramal balasıdır. Tut, aparıb kirpimizə verək yesin. Qorxma, koramalın zəhəri yoxdur, adamı vurmaz.
– Mən də bilirəm zəhəri yoxdur. Ancaq o koramal deyil, gürzədir.
– Yox, sən tanımırsan, koramaldır.
– Koramalın başı sarımtıl olur, elə qara rəngli olmur.
– Onu sənə kim deyibdir?
– İmamverdi baba, neçə dəfə bağçada koramalı mənə göstəribdir.
Əmiraslan qəhqəhə ilə gülüb dedi:
– Koramaldan qorxursan, ona görə də ilanı bəhanə gətirirsən.
Nurəddin bir söz deməyib, əlindəki ağacla tez ilanın başından vurub öldürdü.
– İndi bax, gör ilandır, ya koramaldır.
Bu halda yol ilə gedən iki adam buna baxıb dedi:
– Əlbəttə, ilandır, özü də gürzədir.
Adamlar gedəndən sonra Əmiraslan ilanın o yan-bu yanına baxıb dedi:
– Düzdür, mən səhv edirəm, bu koramal deyil. İlan koramala çox oxşayır, ona görə səhv etmək olar.
Nurəddin ona cavab verməyib, ancaq fikrindən bunu keçirdi:
– Səni qulaq assaydım, indi meyitim bu yol üstündə qalmışdı.
Bu ittifaqdan sonra Nurəddin Əmiraslandan şəklənib, sərvaxt dolanmağa başladı.
Bir dəfə Nurəddin sərçəsini götürüb bağçada oynamaq bəhanəsi ilə qaçıb İmamverdi babanı yoxlamağa getdi. Imamverdi baba döşəkdə yatır, azardan çox zəif düşmüşdü. Yazıq kişi Nurəddini qucaqlayıb, sevindiyindən ağladı. Nurəddin də başına gələn hadisələri nağıl etdikdə, İmamverdi babanın üzündə təşviş artırdı. Nurəddin axırıncı ilan fəqərəsini1 nağıl etdikdə, İmamverdi daha səbir edə bilməyib, zəif səsi ilə belə qışqırdı:
– Yox, daha səni orada qoymaq olmaz. Mən azarlıyam, durmağa taqətim yoxdur, səni o iki şeytanın şərindən mühafizə etməyi bacarmıram. Oğlum, gərək tezliklə şəhərə Baharın yanına qayıdasan. Yoxsa tələf olarsan. Indi get, mən də görüm nə carə tapıram. Ancaq sərvaxt ol, Əmiraslanın sözünə əsla inanma. Imamverdi baba Nurəddini qucaqlayıb öpdü. Zavallı kişinin gözlərindən yaş dolu kimi yağıb, ağ saqqalını islatdı.
Nurəddin çox qəmgin evə qayıdırdı. Yol uzunu başına gələn qəza-qədərdən fikir edirdi:
– İndi anlayıram ki, Əmiraslan nə məqsəd ilə məni gah uca nazik budağa çıxardırmış, gah dərin suya salırmış və gah da ilanı koramal adına əlimlə tutdururmuş. Bəli, mənim ölməyimi istəyirmiş. Ancaq burasını anlamıram ki, mən ona nə etmişəm ki, mənim ölümümü istəsin və bundan ona nə mənfəət ola bilər. – Bu barədə fikirdə ikən Baharın bu sözü yadına düşdü: “Qorxma, ağam, nə qədər sən saqsan, Gülpəri sənin bir qəpiyinə də əl vura bilməz”. – Demək ki, mən ölsəm malım Gülpəriyə düşəsidir. Əlbəttə, belədir, bu sadə fikri mən indiyə kimi niyə anlamamışam?!
Nurəddin evə qayıdanda, həyətdə Əmiraslana rast gəldi.
– Bağçadan gəlirəm, – deyə Nurəddin cavab verdi və qızarıb başını aşağı saldı, çünki Nurəddin ömründə əvvəlinci dəfə idi ki, yalan deyirdi. Bunun halətindən yalan deməyini duyub Əmiraslan acıqlı yenə soruşdu:
– Düzünü de görüm, harada idin?
– İmamverdi babanı yoxlamağa getmişdim.
– Sən nə cürət edib mənim əmrimdən çıxırsan? – Əmiraslan bunu deyib qışqırdı və Nurəddin çomaq ilə döyüb, anbara saldı və ağzını kilidləyib getdi.
Bu ittifaqdan iki gün sonra İmamverdi babanın ifliç azarından dili tutulmaq xəbəri gəldi. Gülpəri və Əmiraslan çəld geyinib getdilər, amma Nurəddini aparmadılar. Ilan fəqərəsindən bəri Əmiraslan Nurəddinlə mehriban dolanmağı bilmərrə buraxıb, hər bir cüzi şeyi bəhanə edərək, onu tez-tez döyüb anbarda dustaq edirdi.
Gecə Əmiraslan ilə Gülpərinin söhbətindən Nurəddin anladı ki, İmamverdi babanın dili tutulubsa da hələ ölüm haləti yoxdur. Bu xəbərdən Nurəddin şad olub öz-özünə dedi:
– Yox, Əmiraslan məni öldürsə də, səhər sübhdən qaçıb babamı yoxlamağa gedəcəyəm.
Bu fikir ilə Nurəddin yatdı. Nurəddin Püstə nənə ilə bir otaqda yatırdı. Səhər gözlərini açanda gördü ki, Püstə nənə otaqda yoxdur. Bundan şad olub cəld geyinməyə başladı. Sonra sərçəsini götürüb bağçaya girdi ki, gizlincə bağarası İmamverdi babagilə getsin. Nurəddin nar koluna çatdıqda, qəflətən onun dalından Əmiraslan ilə Gülpərinin səsini eşitdi. Cəld və üsulluca kolun içinə girib gizləndi. Əmiraslan Gülpəriyə deyirdi:
– Sənə yenə deyirəm ki, zəhər verməkdən başqa çarə yoxdur.
– Yazıq baba, bu zalımlar sənə zəhər vermək istəyirlər. Yox, qoymaram, nə yaxşı oldu ki, bunların fikrini bildim.
Nurəddin bu fikirdə ikən Əmiraslan başladı:
– İndi yaxşı fürsətdir. Əmimin dili tutulub, xəstəlikdə yatır, Bahar da ki, uzaqdadır. Kimə nə gərəkdir ki, Nurəddin nə azardan öldü.
Bu sözləri eşidəndə Nurəddinin rəngi qaçıb tükləri biz-biz oldu. Yazıq uşaq qorxusundan nəfəsini içinə elə çəkmişdi ki, deyəsən biruh idi.
– Yox, Əmiraslan, bunu bacarmayacağam. Mən deyirəm ki, bu işdə öldürmək olmasın.
– Elə isə heç çarəsi yoxdur. Nə şərait ilə, nə zakon ilə Nurəddin sağ ikən onun malını sənə vermək olmaz. İndi ki, sən bacarmırsan, mən baçarıram. Qulaq as, gör bu fikir necədir?
Nurəddini göndərəcəyəm ki, həyətdə quyudan su çəksin. Özün də bilirsən ki, quyunun dərinliyi qırx arşından artıqdır. Nurəddin su çəkdiyi halda daldan itələyib quyuya salacağam. Hamıya deyərik ki, quyudan su çəkdiyi yerdə özü düşüb boğulmuşdur. Hərgah razısınsa de, bu axşam əmələ gətirim. Gülpəri bir dəqiqəyə kimi dayanıb cavab vermədi. Bu bir dəqiqə Nurəddinə bir il göründü və ürəyindən keçirtdi ki, hərgah Gülpəri bu əmrə razı olmasa, bütün mənə etdiyi zülmü yaddan çıxarıb ömrümün axırına kimi onu öz anam kimi sevməyə söz verirəm.
– Razıyam, – deyə Gülpəri cavab verdi.
– Onda gedək. Mən səni əmimin yanında qoyub axşam evə qayıdaram. Sən də gecə orada qalarsan. Daha heç kəsin sənə gümanı gəlməz.
Əmiraslan və Gülpəri getdilər. Bir azdan sonra Nurəddin koldan çıxdı. O yan-bu yana baxıb qorxa-qorxa yola düşdü.
– İndi daha mən İmamverdi babanın yanına niyə gedim. O özü ölüm halında ikən məni bu zalımların əlindən necə xilas edə bilər? Yox, yox, qaçıb özümü Bahara çatdırmaqdan başqa bir çarə yoxdur. Bunu deyib Nurəddin sürətlə meşəyə tərəf üz qoydu. Ancaq meşəyə girib gözdən itəndə bir az ürəyi sakit oldu.
– Hərgah yolu azmasam, axşama kimi gedib şəhərə çataram.
Nurəddin meşə ilə iki saata qədər gedəndən sonra bir çaya rast gəldi. Geçə güclü yağış yağdığına görə çayda su çox idi. Nurəddin dayaz bir yer axtarırkən gəlib bir yerə çatdı ki, orada bir uzun ağac sınıb körpü kimi çayın üstünə düşmüşdü. Nurəddin bu ağacın üstü ilə keçdiyi zaman ayağı sürüşüb çaya düşdü. Bu yerdə çay xeyli dərin və kənarları da hündür idi. Nurəddin qol atdı ki, üzsün. Gördü ki, paltarlı üzmək çox çətindir. Bir neçə dəfə batıb-çıxandan sonra bir sallanmış şax əlinə keçdi. Bu şaxdan tutub, bulanlıq su ilə islanmış halda, papağını itirmiş kənara çıxdı və bihuş bir halda xeyli uzanıb qaldı. Bir az rahat olandan sonra Nurəddin paltarını çıxarıb suyunu sıxdı və günün qabağında sərdi ki, qurusun. Paltarı quruyandan sonra geyinib çayaşağı xeyli getdi ki, bəlkə papağını tapsın, lakin nə ondan, nə də sərçəsindən ki, suya düşəndə çiynində oturmuşdu, bir əsər tapmadı. Bunlardan əl çəkib yenə şəhərə getməyə başladı. Ancaq bu səfər yolu azıb meşədən çıxa bilmədi. Iki saat, üç saat dolanıb yenə həmin yerə çıxırdı. Bununla belə cürətli uşaq, yolu tapıb meşədən çıxmaqdan ümidini kəsmirdi. Axırda gün batan zaman, Nurəddin yolu tapdı və bir qədər gedəndən sonra yoldan bir az kənar bir şaxlı-budağlı ağac tapıb üstünə çıxdı ki, orada gecə yatsın. Yaxın budaqları əyib yarpaqların arasında Nurəddin özünə yer qayırdı və çox yorğun olduğuna görə ac və susuzluğa baxmayıb, tez yuxuya getdi. Gecənin bir vaxtı heybətli bir səsdən Nurəddin diksinib qalxdı və az qaldı ki, ağacdan yıxılsın. Zavallı uşağın ürəyi elə atlanırdı ki, deyəsən bu saat partlayıb çıxacaqdır. Bir azdan sonra yenə səs təkrar oldu. Ancaq bu səfər Nurəddin qorxmayıb dedi:
– Bayquşdur, ulayır. O vaxt kəndə gedəndə də bizi qorxutdu.
Bu ittifaqdan sonra Nurəddin yata bilmədi. Bütün bədəni ağrıyırdı. Gecənin qaranlığı, meşənin vahiməsi yalnız uşağa deyil, hətta böyük adama da qorxu hissi gətirirdi. Amma Nurəddin bu halətə şükür edirdi.
– Hərgah Əmiraslan ilə Gülpərinin danışdığını eşitməsəydim, indi meyitim qırx arşın quyunun dibində idi. Ah, bircə özümü Bahara çatdırsaydım, ürəyim sakit olardı.
Nurəddin fikrə getdi. Bütün keçmişi gözünün qabağından bir-bir gəlib keçdi. Budur, balaca uşaqdır. Ata və anası ona hər gün bir şey bağışlayırlar ki, onu şad etsinlər. Budur, əvvəlinci dəfə məktəb formasını geyib məktəbə gedir, anası onu qucaqlayıb şirin-şirin öpür və sevindiyindən ağlayır. Ah, o gözəl günlər nə tez keçdi. Qara günlər başlandı. Anası öldü, Gülpəri gəldi. Atası öldü, İmamverdi gəldi. Sonra Bahar. Köç. Əmiraslan. Yenə Əmiraslan. Gülpəri. Püstə qarı. Qəm və qüssə, zavallı yetimin ürəyini elə aldı ki, daha səbir eləməyib hönkürtü ilə ağlamağa başladı. Bu ağlamaq Nurəddinin ürəyini boşaldıb sakit etdi. Bir azdan sonra Nurəddin yenə yuxuya getdi. İkinci dəfə Nurəddini qarğalar oyatdı.
Demə Nurəddin yatan ağacın başında bir qarğa yuvası varmış. Sübh vaxtı ana qarğa balaları üçün yem dalınca uçanda qəflətən ağacda bir qaraltə gördü. Qarğa əvvəl səssiz, budaq-budaq atılıb diqqət yetirdi ki, görsün bu qaraltı nədir. Elə ki, düşməni olan insan olduğunu yəqin etdi, bir elə qarıltı saldı ki, bir-iki dəqiqənin ərzində meşənin qarğalarını yuvasının başına cəm etdi. Köməyə gələn qarğalar bunun səsinə səs verib elə qarıltı saldılar ki, deyəsən bu saat meşəni dağıdacaqlar.
Nurəddin əvvəl gözlərini açanda harada olduğunu bilmədi. Sonra huşu özünə gəlib ağacda yatdığı yadına düşdü. Nurəddinin tərpənməsi qarğaların qarıltısını artırdı. Ələlxüsus ata və ana qarğa Nurəddinin başı üstünü alıb elə həşir saldılar ki, deyəsən bu saat onu dimdikləyib yerə salacaqdılar. Nurəddin işi belə görəndə ağacdan enməyə başladı. Qarğaların səsinə yol ilə gedən bir qoca dilənçi oraya gəldi. Nurəddin bunu görüb, ağacdan düşmək istəmədi. Yolçu dedi:
– Oğlum, quşun yuvasını dağıtmaq günahdır.
– Mən yuva dağıtmıram, əmi, – deyə Nurəddin cavab verdi.
– Bəs bu səhər ertəsi orada nə qayırırsan?
– Mən bu gecə burada yatmışdım.
– Nə üçün ağacda yatmışdın, oğlum?
– Gündüz yolu azıb meşədə qaldım, onun üçün burada yatmışdım.
– Ağacdan düş, oğlum, mən səni evinizə apararam.
Nurəddin bu təklifdən qorxub titrəyə-titrəyə belə cavab verdi:
– Mənim evim yoxdur, əmi. Mən atasız-anasız bir yetiməm.
dilənçi Nurəddinin titrəməsini görüb dedi:
– Məndən qorxma, oğlum, mən də elsiz-obasız bir qoca yolçuyam.
Kəndlərdə dilənirəm. İndi şəhərə gedirəm.
Dilənçinin açıq üzündən və mehriban danışığından Nurəddin ürəklənib ağacdan düşdü.
– İndi söylə görüm, oğlum, sən kimsən və haraya gedirsən?
– Əmi, acından ölürəm, qabaqca bir şeyin varsa ver yeyim, sonra əhvalatımı sənə nağıl edərəm.
Dilənçi dağarcığından bir qədər quru çörək və soğan çıxarıb Nurəddinə verdi.
Nurəddin alıb şirin-şirin yeməyə başladı. Nurəddinə ömründə heç bir xörək belə ləzzət verməmişdi.
Aclığını bir qədər rəf edəndən sonra Nurəddin bəlalı başına gələn hadisələri tamamilə dilənçiyə nağıl etdi.
– Əmi, məni evimizə çatdırsan, Bahar sənə hər nə istəsən verər, – deyə Nurəddin dilənçiyə yalvardı.
– Qorxma, oğlum, səni aparıb evinizə verərəm. Ancaq gərək səbir edəsən. Sizin şəhər buradan xeyli uzaqdır, pul da yoxdur ki, vaqon ilə gedək. Buranın iki yüz verstliyində bir böyük şəhər var. Orada mənim bir qohumum var. Onun yanına gedərik, bəlkə ondan pul tapdıq. Indi gedək.
Bu halda dilənçinin nəzəri Nurəddinin paltarına düşdü:
– Yox, belə yaramaz, gərək üstünü dilənçi üstünə oxşadaq, – bunu deyən yolçu, qoltuğundakı köhnə paltarı ki, ona allah payı vermişdilə, Nurəddinə geyindirdi və bir cındır yaylıq ilə başını örtdü.
– Hə, indi hazırsan, gedək.
Hər ikisi yola düşdü. Dilənçi paltarı Nurəddinin elə dəyişdirmişdi ki, onu tanımaq mümkün deyildi. Yol ilə bir saata qədər getmişdilər ki, daldan çaparaq bir atlı göründü. Nurəddin dönüb baxanda canına titrəmə düşdü.
– Əmi, bu gələn Əmiraslandır. Məni axtarır. Durma qaçaq.
Nurəddin qaçmaq istədikdə, dilənçi onun əlindən tutub qoymadı.
– Ağılsız, nə etmək istəyirsən? Elə yaramaz. Qorxma, o səni bu paltarda tanıya bilməz.
Əmiraslan bunlara çatıb qocadan soruşdu:
– Kişi, bir on yaşında, o yanındakı boyda; başında nişanlı papaq, əyinində boz mahuddan paltar, boynu yaşıl məxmər paltolu uşaq gördünmü?
– Yox, ağa, görmədim. Budur nəvəm ilə səhər ertədən bu yol ilə gedirik, amma elə uşağa rast gəlməmişik.
Əmiraslan bir az fikirli dayanıb atın başını geri döndərdi və qamçılayıb gözdən itdi. Nurəddinin ancaq indi ürəyi sakit oldu.
– Əmi, nə yaxşı ki, paltarımı dəyişdin, yoxsa Əmiraslan məni öldürüb, bu meşəyə atacaqdı.
– Oğlum, indi gərək adını da dəyişdirəsən, çünki Əmiraslan sənin itməyini yəqin divana mə‘lum edəcəkdir. Hərgah səndən sual etsələr ki, kimsən, adın nədir, de ki, Əlaəddindir və özüm də dilənçiyəm, anladınmı?
– Bəli, baba, anladım, – deyə Nurəddin cavab verdi.
Günortaya bir saat qalmış, meşənin qurtaracağında, Cənnətəli ilə Nurəddin ocaq qalayıb, meşədən yığdıqları göbələyi bişirib, dadlı moruq ilə yeməyə başladılar. Nahardan sonra uzanıb bir qədər rahat oldular. Axşama bir saat qalmış yolçular gəlib şəhərə çıxdılar və geçə orada qalıb, səhər yola rəvan oldular. Kəndbəkənd dilənə-dilənə, on iki gündən sonra yolçular gəlib Cənnətəli deyən böyük şəhərə çatdılar. Bədəninin və üst-başının çirkindən və pasından, indi o gözəl və zərif Nurəddini tanımaq olmazdı. Zavallı uşaq, qızdırma azarından yeni qalxmış adam kimi ayaq üstündə dayana bilmirdi.
Cənnətəli Nurəddin ilə bərabər beş gün qohumunu axtardı, amma gördüm deyən olmadı.
Axırda bir adam, iki ay bundan əqdəm öldüyünü və heç bir şeyi olmadığına görə camaat pulu ilə basdırıldığını onlara xəbər verdi. Bundan ümidləri kəsildi.
Bir dəfə Cənnətəli xəstə olduğuna görə küçənin bir tinində oturub, Nurəddini dilənməyə göndərdi. Nurəddin indiyə kimi heç vaxt əl açıb dilənməmişdi, çünki qoca həmişə özü dilənib yığardı. Bir-iki küçə dolandısa da, Nurəddin həya edib bir kəsə əl uzada bilmədi. Bu tərəfdən də əliboş qayıtmağa qocadan xəcalət çəkirdi. Axırda Nurəddin bir geniş küçəni keçərkən, ayağı büdrəyib yıxıldı. Bu halda daldan fayton içində bir adam iti gəlirdi. Faytonçu atları saxlaya bilməyib Nurəddini basdırdı. Bunu görcək adamlar qışqırıb yüyürüşdülər. Nurəddini hərəkətsiz və qan içində gördükdə birisi dedi:
– Yazıq dilənçi öldü.
– Hərgah zəfərli yerindən basılmayıbsa, heç-zad olmaz. Bu halda adamlar geri çəkilib Rəhimə tə‘zim etdilər.
– Boş-boş danışmaqdansa, bu yazıq uşağa kömək vermək yaxşı deyilmi, cəld götürüb bunu faytona qoyun.
Bir neçə adam Nurəddini götürdülər və Rəhimin faytonuna qoydular. O da minib dedi:
Evə çatan kimi Rəhim şəhərin məşhur cərrahını şağırdı. Həkim Nurəddini soyundurub hər yerinə baxdı. Sonra yaralanan yerlərini yuyub sarıdı və dedi:
– Qorxulu yarası yoxdur. Beş-on günə sağalıb durar. Ancaq uşağın özü çox zəif və bədəni də çox çirklidir.
Bunlara əlac etməlidir. Hələliyə nə hamama göndərmək və nə də vannaya salmaq olmaz. Ancaq yerinin içində bulud və sabun ilə bədəninini təmizləmək lazımdır.
Həkim gedəndən sonra Rəhim, arvadı Rahiməni çağırıb dedi:
– Arvad, evə qayıdırkən bu uşağı basdırıb ölüm halına salmışam.
Bu halda Nurəddin gözlərini açıb təəccüb ilə ətrafına baxırdı və harada olduğunu anlamırdı. Rəhimə onun başını sığallayıb dedi:
– Oğlum, adın nədir?
– Arvad, hələ o lazım deyil, uşaq çox zəifdir, danışdırma. Tez ol isti su, sabun və bulud hazır et. Uşağın bədənini yumaq lazımdır. Həkim belə əmr edibdir.
Qulluqçu bunları hazır etdi. Uşağı soyundurub yumağa məşğul oldular. Rəhimə Nurəddinin boynundakı parçaya dikilmiş bir dua çıxartdı. Bu duanın parçası həm çirkli və həm də köhnə olduğundan bunu təzə parçaya tikmək məqsədilə cırdı. Içindən bir balaca kitab çıxdı.
– Kişi, gör bu nədir, – deyə Rəhimə kitabı Rəhimə uzatdı. Rəhim ona baxıb dedi:
– Şükür olsun, axırda tapdım. – Sonra üzünü uşağa tərəf tutub dedi:
– Sənin adın Nurəddindirmi, oğlum?
– Bəli, deyə Nurəddin zəif səslə cavab verdi.
Bunu eşidən Rəhimə soruşdu:
– Kişi, sən bunun adını haradan bildin?
– Rəhimə, bu uşaq axtardığımız, Hacı Nəsirin oğlu Nurəddindir. Bu əlimdəki də sənə nağıl etdiyim “Gülüstan”dır.
– Bunu allah bizə övlad göndərmişdir.
– Afərin Rəhimə, yaxşı anlamısan, – deyə Rəhim Rəhimənin sözünü təsdiq etdi. Rəhim və Rəhimə Nurəddini yuyub, qurtardılar. Nurəddin rahat olub yuxuya getdi.
***
Rəhim, Nurəddinin atası mərhum Hacı Nəsirdən aldığı puldan maya tutub ildən-ilə alış-verişinin dairəsini artırmışdı. Sonralar dəri alış-verişinə girişmişdi. Işinin xatiri üçün Buxaraya köçmüşdü. Orada da dəri alış-verişindən əlavə ipək işinə də girişmişdi. Üç-dörd ilin ərzində Rəhimin işi tutub yaxşı qazanmışdı, ancaq övladları qırılıb vərəsəsiz qalmağına görə özünü xoşbəxt hesab etmirdi. Axırda arvadının tə‘kidi və təklifinə görə, altı ay idi ki, almalısını alıb, satmasını satmışdı; Rəhimin vətəni olan bu şəhərə köçmüşdü. Burada işi rast gətirib, tərəqqiyə başlamışdı.
Həkim təyin etdiyi vaxtdan da irəli Nurəddin sağalıb ayağa durdu. Rəhim və Rəhimə Nurəddindən bu dilənçilik halına düşməyini səbəbini ancaq indi soruşdular. Nurəddin başına gələni tamamilə nağıl etməyə başladı. O, nağıl etdikcə rəhmdil qocalar ah çəkirdilər. Nurəddin nağılını tamam edib Rəhimdən təvəqqe elədi ki, onu evlərinə, Baharın yanına göndərsin. Rəhimə Nurəddini öpüb dedi:
– Oğlum, bu kitabın əhvalatını bilirsənmi?
– Bəli, atam söyləyibdir, – deyə Nurəddin cavab verdi.
– İndi al, onun cildində yazılan yazını oxu.
Nurəddin alıb oxudu:
“Yaxşılıq elə balığı at dəryaya, balıq bilməsə, xaliq bilər. İmza: Rəhim.”
– Oğlum, o Rəhim mənəm. O zaman üç yüz manat itirib körpünün üstündə ağlayan Rəhiməm. Sənin atan Hacı Nəsir mənə bir yaxşılıq etmişdi, indi onun borcunu qaytarıb sənə oğluna verirəm, – dedi. – Bizim övladımız yoxdur. Hərgah səni indi evinizə göndərsəm, Gülpəri qəyyum olduğuna görə səni yenə yanına aparacaqdır. Bahar səni mühafizə edə bilməz; cünki o bir qulluqçu adamdır. İndi sən razı olsan Bahara da yazaram gələr.
Nurəddin çox şadlıq ilə bu təklifi qəbul etdi. Bu gündən Nurəddin üçün yeni bir məişət başlandı. Rəhim Nurəddini edadi məktəbinə qoydu. Nurəddin bu gündən atasının sağlığında olduğu kimi, hər gün dərsə getməyə başladı. Bir dəfə dərsdən qayıdırkən Nurəddin küçədə Cənnətəlini gördü. Çox sevindi, onunla görüşdü. Ondan ayrılandan sonra başına gələni yol uzunu nağıl etdi.
– Baba, sən mənə yaxşılıq etdin, indi də mən sənə yaxşılıq edəcəyəm.
Rəhim Nurəddinin bu hərəkətindən şad olub dedi:
– Həmişə belə et, oğlum. Fəqir-füqəranı yaddan çıxartma.
Cənnətəliyə təzə libas geyindirib bağçaya bağban etdilər.
Rəhim Nurəddinə verdiyi sözə əməl edib, Baharın dalınca adam göndərmişdi. Bir axşam Nurəddin, Rəhim və Rəhimə ilə çay içdiyi zaman, Bahar qapıdan içəri girdi və Nurəddinə təəccüblə və çaşmış bir halda baxıb dayandı. Nurəddin cəld qalxıb dedi:
– Bahar, məni tanımırsan? – Bu sözü deyib özünü onun üstünə atdı. Bahar ancaq indi ayılıb dedi:
– Vay, Nurəddin sağ imiş. – Bunu deyib Nurəddini bərk qucaqladı. Nurəddinlə Baharın bu qayda ilə görüşmələri iki qocanın gözlərini yaşartdı. Bahar bir az rahat olandan sonra dedi:
– Nurəddin, bilirsənmi ki, səni hamı, hətta divan da ölmüş bilir. Sən itəndən üç gün sonra kəndçilər papağını çaydan tapıb Əmiraslana vermişlər. O da divana mə‘lum edib, sənin ölməyini təsdiq etdirmişdir. Bir azdan sonra bir də gördüm ki, Əmiraslanla Gülpəri budur gəldilər, evin yerdə qalan şeylərini yığışdırıb kəndə göndərdilər və mənə də dedilər:
– Bahar, indi sən bizə lazım deyilsən. haraya istəyirsən gedə bilərsən. bu vaxt mən bir ilin ərzində ürəyimə yığılanın hamısını ağlaya-ağlaya və qışqıra-qışqıra boşaltdım. Qonşular səsimə cəm olmuşdular.
– Camaat, Nurəddinin ölümünə bais bu iki şəxsdir! – deyə qışqırdım. Axırda Əmiraslan qaradovoy çağırıb məni qovdurdu. İndi gərək sağ olmağını divana mə‘lum edib, onlardan hesab alasan.
Rəhim buna razı olmayıb dedi:
– Yox, Bahar, hələ bunlar lazım deyildir. Öz vaxtında bunlar olacaqdır. İndi mənim var-yoxum Nurəddinindir. Onun pula, dövlətə ehtiyacı yoxdur.
Çaydan sonra ər və arvad Bahar ilə Nurəddini söhbət edən qoyub o biri otağa keçdilər. Nurəddindən cəmi əhvalatı biləndən sonra Gülpəri ilə Əmiraslandan intiqam almaq qəsdi Baharın ürəyində daha da möhkəmləndi. Baharın xasiyyətini, ləyaqətini və evdarlığını Rəhimə bəyənib evin cəmi ixtiyarını ona verdi.
Bu nağıl etdiyimiz zamandan on il keçdi. Baharın axırı idi. Rəhimin evində səhər tezdən böyük qonaqlıq tədarükü görülürdü. Bu qonaqlıq, Nurəddinin edadi məktəbini birinci dərəcədə təhsil edib qurtarması münasibətilə yoldaşlarına verdiyi ziyafət idi. Bahar, Rəhimə və Rəhim süfrənin zinətinə məşğul idilər. Hətta Cənnətəli də bağçadan öz əlinin zəhməti ilə bitirdiyi güllərdən dərib süfrəni bəzəməkdə onlara kömək edirdi. Bu qonaqlığın baisi olan Nurəddin isə o biri otaqda təzə tələbə libasını geyib güzgünün qabağında özünə zinət verirdi. Bir azdan sonra Nurəddin təzə paltarını göstərmək qəsdilə yemək otağına girdi. Rəhim, Rəhimə, Bahar hər üçü heyrətə gəlib Nurəddinin gözəlliyinə valeh və heyran qalmışdılar.
– Allah səni bədnəzərdən saxlasın, oğlum, – deyə Rəhimə Nurəddinin boynunu qucaqladı. O da, onu əllərinə götürüb körpə uşaq kimi gəzdirdi.
Saat iki tamamda, otaq gənc qonaqlar ilə dolmuşdu. Bir azdan sonra Nurəddin qonaqlarını yemək otağına təklif etdi.
İndiyə kimi Rəhimin evi belə şad deyib-danışmaq, oxuyub-gülmək, cavan səsləri eşitməmişdi. Səsdən, gülməkdən nahar vahtı çalınan tarın səsi eşidilmirdi. Axşama iki saat qalmış, qonaqlar dağılmağa başladılar. Nurəddin də özünü bir qədər havaya vermək üçün şəhər bağına gəzməyə getdi. Axşam vaxtı, külfət hamısı çay süfrəsinə hazır olan vaxt Nurəddin içəri girib dedi:
– Ata, sizə bir qonaq gətirmişəm, təvəqqe edirəm qəbul edəsiniz.
– Sənin qonağın bizə həmişə əzizdir, oğlum, – deyə Rəhim cavab verdi.
– Bilirəm, ata, ancaq qonaq elə şəxsdir ki, qorxuram qəbul etməyəsiniz.
– Edərəm, oğlum, de içəri gəlsin, – Nurəddin çıxıb bir dilənçi arvadın əlindən tutub içəriyə saldı. Dedi:
– Ana, bilirsənmi bu dilənçi arvad kimdir?
– Gülpəridir, – deyə Bahar qışqırdı və gözlərində intiqam odu parladı.
– Bəli, Bahar, Gülpəridir, ancaq tamaşa et gör ondan intiqamını neçə alıram. – Bu sözü deyib, Nurəddin Gülpəriyə tərəf döndü və dedi:
– Gülpəri, indiyə kimi mənə etdiyim zülm və cəfanın əvəzində mən sənin bütün təqsirindən keçib bağışlayıram. Mənim ürəyimdə indi sən bədbəxtə rəhmdən başqa qeyri şey yoxdur.
Bunu eşitcək Gülpəri ağlaya-ağlaya Nurəddinin ayağına yıxıldı və dedi:
– Nurəddin, rəhmli cavan, allah-taala sənə etdiyim zülmün əvəzində məni bir elə bəlaya düçar etdi ki, yeməyə çörək tapmayıb küçələrə düşdüm.
Nurəddin Gülpərini qaldırıb oturdu.
– Doğrudur, sənin dövlətinə malik olmaq istəyirdim, ancaq ölümünü istəmirdim. Məni yoldan çıxardan o şeytan Əmiraslan oldu. Axırda Əmiraslan sözü bu yerdə qoydu ki, səni quyuya salıb öldürsün.
Bahar bunu eşidib dedi:
– Onun üçünmü məni min bəhanə ilə şəhərdə qoydun, a zalım?
– Bahar, sakit ol, qoy nağıl etsin.
– Papağın sudan çıxandan sonra yəqin etdik ki, çayda boğulub ölmüşsən, yazıq atam bu xəbəri eşidən kimi vəfat etdi.
Nurəddin bunu eşidib ah çəkdi.
– Sonra sənin malına sahib olduq.
– Amma yeyə bildinmi? – deyə Bahar sordu.
– Yox, bir-iki ilin ərzində Əmiraslan qumara uduzub qurtardı. Sonra əvvəl şəhərdəki və ondan sonra kənddəki evləri satıb tələf etdi. Hər şey əldən çıxandan sonra Əmiraslan məni qovub özü də qaçaq dəstəsinə qoşuldu. Bir neçə müddət quldurluq edəndən sonra divan tərəfindən tutulub asıldı.
– Məşhur məsəldir, deyərlər: “Su çanağı suda çatlar”.
– Məni də bir kişi alıb bu şəhərə gətirdi və bir azdan sonra məni atıb yox oldu. İndi o gündən küçələrə düşüb dilənçilik edirəm. Bu yolda nələr çəkdiyimi bir allah bilir.
Gülpəri başını aşağı salıb yenə ağlamağa başladı. Rəhim dedi:
– Gülpəri, ağlama, sən Hacı Nəsirin arvadı və Nurəddinin analığı olmuşsan. Bunların xatiri üçün və Nurəddinin özü sənin günahından keçdiyi üçün burada qalıb rahat olacaqsan. – Sonra üzünü Nurəddinə tərəf tutub dedi:
– Oğlum, indi rahat ola bilərəm, çünki sənə verdiyim tərbiyənin meyvəsini bu gün gördüm. Mən səni oğulluğa götürməklə böyük bir hünər etmədim, çünki mən ancaq yaxşılıq etdim. Bu isə hər kişinin işidir. Amma sən yamanlığa yaxşılıq etdin. Bu isə ancaq sənin kimi ər kişinin işidir. – Bunu deyən Rəhim Nurəddini qucağlayıb öpdü.
Hacı Səməd nağılı tamam edib soruşdu:
– İndi deyin görüm, övladlarım, kimin nağılı yaxşıdır?
– Əlbəttə, səninki, səninki, – deyə Məmməd və Fatma cavab verdilər.
Comments are closed, but trackbacks and pingbacks are open.