Press "Enter" to skip to content

Kolin Makkalou “Tikanlıqda şərqi deyənlər”

Tərcümə: Aytən Cavanşir

Bu yazıçılar Kafkadan oğurlayıb, yoxsa. – Orxan Saffari yazır

“Paolo Koelyonun özünün də təsirləndiyi müəlliflər var. “Kimyagər” əsəri Luis Borxesdən təsirlənmədir”.

AzNews.az Orxan Saffarinin “Ədəbiyyatda təsirlənmə və plagiat” yazısını təqdim edir.

Məlumdur ki, ədəbiyyatda da təsirlənmə və plagiat anlayışları mövcuddur. Bu anlayışlar daim aktual və mübahisəli mövzular olaraq qalıb.

İstər oxucular, istərsə də yazıçılar zaman-zaman bir-birini “bu şeir filan şairin şeirindəndir”, “bu əsər filan əsərdən plagiatdır” kimi sözlərlə ittiham edib və edir. Ədəbiyyat var olduqca da, çox güman ki, davam edəcək.

Məsələ ondadır ki, bəzən plagiat və təsirlənməni bir-birindən ayırmağa çətinlik çəkilir. Daha doğrusu, qarışıq salırlar. Ədəbiyyatda plagiat müəllifin hüquqlarının pozulmasıdır. Yəni ki, bu, bir şəxsə aid əsəri başqasının, mənbəyə istinad etmədən, öz imzası altında bütövlükdə və yaxud da bir hissəsini istifadə etməsidir. Plagiat həm də tək ədəbiyyatda yox, incəsənətin digər sahələrində də mövcuddur.

Təsirlənmə isə bildiyimiz kimi, tamamilə fərqli bir anlayışdır. Hansısa bir əsəri, şeiri oxuyub ondan ilhamlanmaq, təsiri altında yazmaq təsirlənmədir.

Zaman-zaman bunları mən də müşahidə etmişəm. Dünya ədəbiyyatında bunlar daha çox Frans Kafkanın əsərlərilə bağlı diqqətimi cəlb edib. Əvvəllər oxuduğum əsərlərdə onu yamsılayan yazıçılara münasibətim yaxşı deyildi. Düşünürdüm ki, çoxları bilərəkdən bunu edir, özünü nihilizmə kökləyir, pessimist notlara köklənir. Həm də bizdə bir az da “əzabkeş” görünmə obrazı çoxluq təşkil etdiyinə görə belə düşünürdüm. O səbəbdən də bunu heç vaxt qəbul etmirdim. Amma sonradan yaradıcı nihilistliyi, asosiallıq, pessimistlik öz canımı da bürüyəndə Kafkanı sevməyə başladım. Zaman-zaman isə dünya ədəbiyyatı yazıçılarının da “kafkalaşdığını” gördüm və bunu plagiat yox, təsirlənmə adı ilə sahmana saldım.

Bu, ən çox Pol Osterin əsərlərində göründü mənə. Düzdü, aralarında fərqlilik çoxdur, amma sujet hardasa eynilik təşkil edir deyə düşünürəm.

Kafkanın “Çevrilmə” əsərində Qreqor Zamzanın bir səhər oyanıb özünü böcəyə dönüşmüş bilməsilə Pol Osterin “Qaranlıqdakı adam” əsərində Ouen Brikin səhər oyanıb özünü bir quyuda görməsi və keçirdiyi hisslər (Kafka tənhalığı ilə eynilik təşkil edir) eynilə mənə Kafka təsiri bağışlayır. Əsərlərdəki hər iki personaj bezgin və müəyyən işləri görməyə məcbur biridir. Düzdü, “Qaranlıqdakı adam” əsərində bu, müharibə ilə bağlı bir şeydir, Kafkada isə məişət məsələləri. Amma dediyim kimi, hər iki əsərin oxşar cəhətləri olduqca çoxdur. Bu oxşarlıqlar isə sadəcə təsirlənmədən yaranıb deyə düşünürəm.

Qabriel Qarsia Markesin də yaradıcılığında Kafka təsirinə rast gəlmək olar. Markes yaradıcılığa başladığı dönəmlərdə yazdığı ilk hekayələr də daha çox “kafkalaşma” var. Markesin özü belə sonradan bunu gizlətməyərək etiraf edib.

Ümumilikdə bir-birinə bənzəyən əsərlər çoxdur. Halbuki bunlar dünyaca məşhur əsərlərdir. İlk baxışda yanlış anlaşılıb plagiat da sayıla bilər.

Misal üçün, Voyniçin “Ovod” əsəri. Bu əsər çoxumuza tanışdır. Dünya ədəbiyyatının ən möhtəşəm əsərlərindəndir. Digər bir əsər – Kolin Makkalounun “Tikanlıqda şərqi deyənlər” əsərini. Hər iki əsəri oxuyandan sonra arasında əlaqələr gördüm.

Diqqətimi çəkən əsas bir məqam, sujet xətlərinin bir-birinə çox oxşamasıdır. Baş qəhrəmanların hər ikisi Papadan sonra ən yüksək titul sayılan din adamıdır.

Hər iki əsərdə qəhrəmanın insanlardan gizlətdiyi bir oğlunun olması və bu oğulların ölümlərin faciəvi şəkildə baş verməsi də diqqət çəkir. Başqa oxşarlıqlar da mövcuddur.

Cəlil Məmmədquluzadənin “Ölülər” əsəri, məncə, Nikolay Qoqolun “Müfəttiş” pyesinin təsirilə yazılıb. Buna bəzən plagiat da deyilib. Amma diqqətlə oxuyanda plagiatlıq nəsə olmadığı aydın şəkildə görünür. Hətta əsərlərində o, buna işarə də edib. “Qurbanəli bəy” hekayəsinin epiqrafına baxanda “Allah sənə rəhmət eləsin, Qoqol!” yazısını görə bilərik. Bu isə Cəlil Məmmədquluzadənin peşəkarlığından xəbər verir. Ola bilər ki, əsərin mövzusu götürülsün, fərqli üslubda yazılsın. Buna plagiat demək olmaz.

Buna misal olaraq da bir neçə əsər adı çəkə bilərik ki, mövzusu götürülsün, amma fərqli üslubda yazılsın. Yəni bir növ təsirlənmə. Şekspirin “Hamlet” əsəri, Hötenin “Faust”unun sujet xəttləri Kristofer Marlodan götürülmədir. Əsərləri oxuyanlar dediklərimi görə bilərlər.

Azərbaycan ədəbiyyatında da bu hallar var. Məsələn, Füzuli “Leyli və Məcnun” əsərinin mövzusunu Nizamidən götürdüyünü nəzərə alıb deyə bilərikmi bu plagiatdır? Sizcə də ədəbi günah olmazmı?

Paolo Koelyonun özünün də təsirləndiyi müəlliflər var. Adicə çoxumuzun bildiyi “Kimyagər” əsəri Luis Borxesdən təsirlənmədir.

Ümumilikdə isə intibah dövrü ədəbiyyatına nəzər salsaq və bir də qədim yunan ədəbiyyatından məlumatlı olsaq, bəzi əsərlərin mövzularının sonradan işləndiyini görə bilərik. Hətta deyilir ki, Ceyms Coys da “Uliss” əsərini Homerin “Odisseya”sı motivləri əsasında yazıb.

Əslində, təsir altında əsər yazmaq o qədər də problemli məsələ deyil. Yaradıcılıq üçün normaldır. Bəzən bilmədən belə, nə zamansa oxuduğun, təhtəlşüurunda yer almış hansısa əsərdən öz əsərində qeyd də edə bilərsən.

Məşhur yazıçı Orhan Pamukdan soruşmuşdular: “Deyilənə görə, siz Ekodan təsirlənirsiz. Doğrudurmu?” O isə cavabında: “Mən nəinki təsirlənirəm, hətta bəzi şeyləri oğurlayıram da” – demişdi. (525.az)

Kolin Makkalou “Tikanlıqda şərqi deyənlər”

“Tikanlıqda şərqi deyənlər” (ingiliscə “The Thorn Birds”) – Avstraliyalı yazıçı Kolin Makkalounun 1977-ci ildə işıq üzü görən ailə saqası tez bir zamanda bestsellərə çevrilir. London universitetlərindən birinin apardığı araşdırmaya əsasən dünyada hər dəqiqə bu romanın iki nüsxəsi satılır.
1915-ci ildən cərəyan etməyə başlayan hadisələr yarım əsri əhatə edir. Kitab yeddi hissədən ibarətdir. Hər bir hissədə əsas qəhrəmanlardan birinin xarakteri açılır. Əsərdə Yeni Zelandiyada kasıb çoban kimi fəaliyyət göstərən Kliri ailəsinin daha sonra Avstraliyanın ən böyük malikanələrindən biri hesab edilən Drogedanın sahibkarlarına çevrilməsindən bəhs edilir.

Karandaşın izi ilə

Bir quş haqda əfsanədə deyilir… Bütün ömrü boyu yalnız bir dəfə oxuyan quşun səsi Yer üzünün ən gözəl, ən təsirli ifası olur. Günlərin bir günü o üz yuvasını tərk edir və tikanlı kol axtarışına çıxaraq onu tapana qədər sakitləşmir. Kolların arasında şərqisini deyə-deyə sinəsini ən uzun, ən iti tikana batırır və ölüm şərqisini daha böyük əzabla ifa etməyə davam edir. Tikan ürəyini parça-parça etsə də, ağrısına qalib gələrək, ölüm ayağında torağay quşundan, bülbüldən belə gözəl oxuyur. Yer üzünün yeganə şahanə nəğməsi ölüm bahasına başa gəlir. Amma həmin an bütün dünya nəfəsini saxlayaraq sükuta qərq olur və Tanrı da göylərdə gülümsəyir. Belə çıxır ki, ən gözəl şeylər yalnız böyük iztirablar bahasına başa gəlir… Hər halda, əfsanə belə söyləyir.

… əgər özünə və övladlarına yeni geyim alıb-almamaq arasında seçim etmək lazım gəlirdisə, özünü ixtisara salırdı. Bu, milyon öpüşdən daha üstün olan məhəbbətin sübutu idi.

Mənim rahibələrə çox böyük hörmətim var, onları mühakimə etməyə haqqımız çatmır, amma çubuqlarından daha az istifadə etmələrini istərdim. Əlbəttə, bizim kimi küt irlandiyalıların beyninə elm yeritmək üçün çubuğa da ehtiyac var.

– Necə düşünürsünüz, onun Cillini fəaliyyətinin mərkəzi hesab etməsini nə təmin edə bilər?
– Bunu söyləmək çox çətindir. Gərək qeyri-adi nəsə baş versin. Min ruhun eyni anda xilası, topal və korlara şəfa vermək… Lakin möcüzələr dövrü çoxdan keçmişdə qalıb.
– Lütfən sadəlövh olmayın, mən buna şübhə edirəm. Sadəcə Tanrı texnikasını dəyişib, bizim dövrdə o, pulları işə salıb.

Mən tamamilə sağlamam, lakin altmış beş yaşın da öz zəhmi var. Birdən başa düşürsən ki, qocalıq başına gələ biləcək bir şey deyil, o artıq başına gəlib.

Ailənin kasıb olmasına baxmayaraq, mətbəxdəki yemək masasının arxasında bir neçə kitab rəfi yerləşirdi.

Yaşlıyam, onsuz da zamandan başqa bir şeyim qalmayıb.

Xeyr, Meggi müqəddəs deyil, başqalarından da heç nə ilə fərqlənmir. Sadəcə heç vaxt şikayətlənmirdi. Bu, bir istedaddır, bəlkə də lənətdir?

Məlumatsızlıq məlumatsızlıqdan doğur. Bədən və şüur oyanmadığı zamanda onlar bu məsələlərdən agah olan kəslər tərəfindən oyadılacaq.

– Heç nə məni nə Tanrının, nə iblisin mövcudluğuna inandıra bilmir. Bunun sübutu olacaq heç nəyə rast gəlməmişəm.
– Mən də görməmişəm, ancaq din sübuta əsaslanmamalıdır, Meri. Bunun kökündə inam durur, katolik kilsəsinin təməlini inam təşkil edir. İnam yoxdursa, heç nə yoxdur.
– Çox etibarsız təməldir.

Qocalıq kinli Tanrının ən böyük qisasıdır. Niyə o, vücudumuzla bərabər ruhumuzu da qocaltmır?

– Hər şeyin, hətta hisslərin də doğulmaq haqqı var.
– Söhbətin nədən getdiyini anlayırsan, düzdür?
– Çox güman ki, hə.
– Hər doğulan şey yaxşı deyil, Meggi.
– Elədir, ancaq o doğulubsa, deməli, belə lazım idi.

– Gülməlidir, sözsüz. Hər şey yanıb kül olarkən ağlıma qəribə şeylər gəldi. Nə öləcəyimi, nə uşaqlarımı, nə də bu gözəl evin yanıb məhv olacağını yox, iş səbətimi, bitirmədiyim toxuma işimi, neçə illərdir yığdığım müxtəlif cür düymələrin saxlandığı qutunu, bir də Frenkin bir vaxtlar mənim üçün düzəltdiyi peçenye üçün ürək formasında olan qabları düşündüm. Onlarsız necə yaşayacağımı fikirləşdim. Bütün bunlar xırda şeylərdir, ancaq onları heç nə əvəz edə bilməz, onlar dükanda satılmır.
– Hə, bütün qadınlar eynidir. Maraqlıdır. 1905-ci ildə yoldaşım yanan evə daxil olarkən arxasınca qışqırdığım yadıma gəlir. Birdən görürəm ki, əlində bitirməmiş əl işi ilə çıxır. Ev yansa da, özümüz sağ qaldıq. Yeni evimiz hazır olar-olmaz arvadım əl işini bitirdi. Yəqin, yadınızda olar, dəbdən düşmüş naxış idi: “Mənim əziz evim” yazısı vardı.

Qadınlar qızlarını düşünməyə həvəsli olmurlar. Qız övladı nədir? Keçdiyin keşməkeşli həyatı xatırladan biridir. Sən keçdiyin yolu, sənin tökdüyün gözyaşlarını tökəcək gənc surətindir qız övladı.

– Nəhayət, rahatlandım! Görəsən, qalstuku kim icad edib, hələ bir hər özünə hörmət edən kişinin onu taxmalı olduğunu qərarlaşdırıb? O adamı tapsaydım, onu elə öz icad etdiyi qalstukla boğardım.

Qızların ziyandan başqa bir xeyirləri yoxdur. Onları yedir, içir, böyüyəndə də gedib başqasının evində işləsinlər.

– Meqin puluna yaşamaq istəmirəm.
– Riyakarlıq etməyin! Məgər onunla pullarına görə evlənməmisiniz?
– Ola bilsin, pulun da rolu olub, amma onunla xoşum gəldiyi üçün evlənmişəm.
– Xoşunuz gəlib? Onu sevməmisiniz?
– Sevmək? Bu nə deməkdir? Bu, qadınların uydurmasıdır.

Bir dəfə büdrəyən insana həyatın döngələri yaxşı məlum olur.

Qədim yunanlar hesab edirdi ki, bir şeyə qarşı dəlicəsinə məhəbbət Tanrılara qarşı günah işlətməyə bərabərdir. Sevilən şəxsi Tanrılar çox qısqanır və onun ömrünün bahar çağında məhv edirlər. Bu, hamımız üçün bir dərsdir, Meggi. Hədsiz məhəbbət kafirlikdir.

Sağ qalmaq üçün öldürmək qəddarlıq deyil.

– İlk dovşanı İngiltərədən gətirən avstraliyanı görüm lənətə gəlsin, lənətəgəlmiş vətənpərvər! – Bob deyinirdi.
Əvvəllər Avstraliyada dovşanlar yox idi, onları vətəndən bir xatirə olaraq ingilislər gətirmişdi. Onlar materikin ekoloji tarazlığını pozdular. Burada onları məhv edəcək yırtıcı heyvan yox idi, gətirilmə tülkülər də bu iqlimə öyrəşə bilmədilər. Zamanla insan yırtıcı rolunu öz üzərinə götürsə də, bu, dovşanların kökünü kəsməyə kifayət etmədi.

Günahkar olduğunu başa düşmək və ruhən səndən təmiz insanın qarşısında əyləşmək ağır idi.

Mən bir qadınla yaşamaqdan və onun belə bir sevinc yaşada bilməsindən xəbərsiz idim. Onun yanından bir addım belə uzaqlaşmaq istəmirdim və bu yalnız cinsi yaxınlığa görə deyildi, onunla söhbət etməyə, susmağa, bişirdiyi yeməkləri yeməyə, ona gülümsəyib fikirlərini bölüşməyə can atırdım. Onun üçün ömrümün sonuna qədər darıxacağam.

Qəribədir, əkizlər, daha doğrusu, Cims saatlarla Şimali Afrikadan danışırdı. Oranın şəhərləri, insanları, yeməkləri, Qahirədəki muzey, gəmidəki həyatlarından bəhs edirdi. Ancaq onlardan Qazala, Benqazi, Tobruk və Elameyn uğrunda döyüşləri barədə bir söz qoparmaq olmurdu, o dəqiqə mövzunu dəyişdirirdilər. Sonralar müharibə bitəndə qadınlar təkrar-təkrar bunun şahidi olacaq – qızğın döyüşlərin getdiyi yerlərdə vuruşan kişilər bu haqda danışmayacaqlar, veteran klublarına üzv olmayacaq və müharibəni xatırlada biləcək hər şeydən uzaq duracaqlar.

– Cims, sənə nə olub? Bəlkə, mənə söyləyəsən?
Cims əzab dolu gözlərini qaldırdı və ürəyini aça bilməsinin mümkün olmadığını sübut edəcək şəkildə başını yellədi.
– Yox, Meggi. Bunlar qadına söyləniləcək şey deyil.
– Bəs bütün bunlar geridə qalanda və sən ailə quranda necə? Yoldaşınla da hisslərini bölüşməyəcəksən?
– Məgər biz evlənəcəyik ki? Çətin. Müharibə insanın bir çox arzularını dəf edir. Müharibəyə getmək üçün dəridən-qabıqdan çıxdıq, amma indi ağıllanmışıq. Evlənsək, oğullarımız ola bilərdi. Nəticə nə olacaq? Onların da böyüyüb müharibəyə getməsi, bizim etdiklərimizi və gördüklərimiz təkrarlamaları üçün yol açmalıyıq?

İmkanlı qadınlar gec qocalır.

– Hələ də başa düşmürəm. Aktrisa!
– Bəs səhnədən başqa harada qışqıra və haray qopara bilərəm? Bunu etməyimə nə evdə, nə məktəbdə, nə də başqa yerdə icazə verirlər! Lənətə gəlsin, mən isə həm qışqırmağı, həm haray qoparmağı sevirəm!

– Bəs evlənmək fikrin var?
– Əsla! Ömrümü uşaqların burnunu silib altlarını təmizləməklə keçirmək istəmirəm. Özünü məndən üstün tutan kişinin qabağında qulluqçuluq edim? Xeyr, olmaz!

Vinidiumdan olan bir romalı
İridiumdan olan köynək geyinirdi.
Onlar soruşdular:
– Geyimin qəribə deyil ki?
O isə cavabında: Id est bonum sanguinem praesidium. (Bədən üçün əla müdafiədir).

– Sən heyratamiz qadınsan, ana.
– Razılaş ki, heç vaxt övladlarıma nə etmələri, necə yaşamaları gərək olduğunu söyləmədim.
– Düzdür. Buna görə sənə həmişə minnətdar olmuşuq.

Artur onun çay içə-içə kitab oxuduğunu görüb ona yaxınlaşdı.
– Nə oxuyursunuz?
Castina başını qaldıraraq gülümsədi.
– Prustu.
– Məncə, çox yorucu yazır. Necə düşünürsünüz?
– Prust yorucu yazır? Bunu ancaq dedi-qodu həvəskarı olmayanlar iddia edə bilər. Çünki Prust, əslində, qoca qeybətçidir.

Mən heç vaxt aşiq olmayacağam! Sevdiyin insan səni öldürür. Bir kəsə ehtiyacın olduğunu hiss edən kimi onun səni öldürdüyünü görəcəksən. İnsanların hamısı belədir!

Fikir eləmə, qızım. Tanrı sənə qarşı çox səxavətli davranıb, ağıldan məhrum edib. İnan, onsuz daha yaxşıdır. Sən heç vaxt güclü cinsin rəqibi olmayacaqsan.

Bilirsiniz, səhnədə xarici görünüş bir o qədər əhəmiyyət daşımır. Vacib olan tamaşaçılara gözəl olduğunu sübut etmək bacarığıdır.

İngilislər üçün çay günün ən mühüm içkisi sayılır, elədir? Çay süfrəsi arxasında çox şeylər baş verir. Saat ikidən altının yarısına qədər istədiyin zaman söhbətlər aparmaq olar, söhbət etdikcə də insan daha da susayır.

İtiriləsi bir şeyin olmadıqda çox şeyə nail olmaq olar, ağrını hiss etməyən insanı heç nə yaralaya bilməz.

– Mənə elə gəlir, şöhrətpərəst kişilər qadınları ilə yaxşı davranmırlar, herzchen, hə? – Reyner kefsiz halda soruşdu.
– Çünki şöhrətpərəstlər özlərinə iradəsiz, key qadınlar seçməyə üstünlük verirlər.

Səhnədə tam yad bir obrazı canlandırmaq maraqlıdır, bununla belə, əslində o yad insanın sən ola biləcəyini düşünmək insanı həyəcanlandırır. Bütün sirr də bundadır. Başqa qadına çevrilmədən onun rolunu və taleyini mənimsəmək.

– Eynən Napoleon və Çörçil kimi. Əgər adam məşhur dövlət xadimidirsə, özünün ölkəsinin taleyində rol oynayacağına əmindir. Bəs sən özünü ölkənin taleyini həll edən insan hesab edirsən?
– Bir almana sual ünvanlayanda ehtiyatlı olmaq lazımdır, Castina. Yox, özümü belə bir insan saymıram. Siyasətçilərin tale ilə oynadıqlarını təbii hesab etmələri də çox pis haldır. Bəlkə, çox nadir hallarda bu prinsip özünü doğrulda bilər, ancaq əksər bu cür insanlar yalnız özlərinə və ölkələrinə zərər verməkdən başqa bir şeyə nail olmurlar.

– Qocalığın da öz məqsədi var, Meggi. O, ölümdən qabaq səhvlərimizi götür-qoy etməyə imkan yaradır.
– Əlbəttə, o vaxta qədər düşünmək qabiliyyətimizi itirməsək.
– Ola bilsin, qocaqlıqda ağıllarını itirənlər keçmişi ilə barışa bilməyən insanlardır?

Ağrılar azalanda xatirələr də təsəlli ola bilir.

– Səndə ən çox xoşladığım, yox, sevdiyim xüsusiyyətin məni yerimdə oturtmaq bacarığın olub. Heç vaxt sənə qalib gələ bilməmişəm.
– Onda gələcəyə bu cür yanaş, herzchen. Mənimlə eyni damın altında yaşadıqca, mübahisələrdə mənə qalib gəlməyin yollarını öyrənmək şansını əldə edəcəksən. Mənə olduğun kimi lazımsan, Castina. Üzündən nə bir çilin getməsini, nə də beynindəki hansısa hüceyrənin dəyişməsini istəmirəm.

Tikanı sinəsinə batıran quş təbiətin sarsılmaz qanununa tabe olur. O özü də sinəsini ən iti tikana batırıb gözəl nəğməsini oxuyarkən öləcəyini anlamır. Tikan ürəyini parça-parça etdiyi an ölüm barədə düşünmür, o, sadəcə oxuyur… səsi tükənənə, nəfəsi kəsilənə qədər oxuyur. Fəqət biz sinəmizi tikana batırarkən əzab çəkəcəyimizi bilirik. Başa düşürük. Amma yenə də bunu edirik. Bu həmişə belə olacaq…

Tərcümə: Aytən Cavanşir

“Oda”çılar – tikanlıqda şərqi deyənlər

Sənətkar üçün kopmromiss – özünü inkar eləmək, başqalarının çaldığına oynamaq deməkdi.

Yayımlandı: 21 Yanvar 2014 17:03

Son vaxtlar facebookda “Oda” teatrı ilə bağlı bir neçə status dəyib gözümə. Tamaşaçıları, teatrın zirzəmidə yerləşməyinə təəssüflərini bildirirlər. Birində hətta boş stul tapmayanların döşəmədə oturduqları vurğulanmışdı. Eyni motivli söhbəti İlqar Cahangirə hörmət bəsləyən bir neçə sənət adamından da eşitmişəm: “O, səhnədə olmalı idi. Ode, gedib düşüb zirzəmiyə. Belə yaxşı oldu bəyəm?!” və s.və i. Mən bilmirəm, İlqar Cahangirin özü indi olduğu yerə necə baxır?! Bəlkə ürəyinin dərinliyində o zirzəmiyə tıxıldığına görə canı yanır?! Bəlkə haaa! Bəlkə qırmızı kreslolar düzülmüş böyük salonda, tamaşaçıdan dörd-beş pillə yuxarıda dayanan səhnədən uzaq düşməyinə peşmandı?! Şəxsən mən Azərbaycanda “Oda” kimi bir teatrın olduğuna sevinirəm. Onların hər tamaşasına böyük məmnuniyyətlə gedirəm. İndi “ay filan teatr filan zibilxanada yaranıb, sonra bütün dünyada məşhurlaşıb, ya da bəhmənkəs rejissor şöhrətə çatana qədər dilənçilik eləyib” kimi ənənəvi misallar çəkməyəcəm. Ancaq o misalların hamısını birləşdirən bir şey var: azadlıq. Sənət həmişə azaddı, həmişə müxalifdi, həmişə anderqraunddu. Və ən, ən, ən vacibi- sənət kompromisləri sevmir. Onun özəlliyi insana özünüifadə imkanı, seçim azadlığı verməyidi. İstər Leni Rifenştal kimi mövcud ideologiyanı təbliğ eləsin, istər Spilberq kimi akulalardan, göydəngələnlərdən çəksin, istərsə də Antonioni kimi “cansıxıcı kinonun kralı” adını qazansın- bu, müəllifin şəxsi istəyi və qərarı olmalıdı. Sənətkar üçün kopmromiss özünü inkar eləmək, başqalarının çaldığına oynamaq deməkdi. Xüsusilə də Azərbaycan kimi sənətin ən yaxşı halda “qaloçka” xatirinə olduğu, ən pis halda isə yalana xidmət elədiyi bir ölkədə. Azərbaycanda kompromisə getmək sənətə və deməli, özünə xəyanətdi. Bu ölkədə teatrların sayını artırmaq yox, azaltmaq istəyirlər. İdarə eləmək asan olsun deyə. Bu ölkədə kino incəsənət növü deyil, büdcədən pul oğurlamaq vasitəsidi. Bu ölkədə “azacıq aşım, ağrımaz başım” prinsipilə yaşamaq çətindi. Vay o gündən ki, yaradıcı insan olasan, nəsə yaratmaq istəyəsən, “mən analoqu olmayan, zəngin bir ölkədə yaşayıram” deyib dövlətdən dəstək gözləyəsən. Ya da ondan da xırda bir arzuya düşəsən, məsələn, haqqın olanı istəyəsən. O dəqiqə tərəf seçməyi tələb eləyəcəklər. Daha doğrusu, onların tərəfini seçməyi, hər dəfəsində daha çox boyun əyməyi və günü-gündən kiçilməyi. Bu ölkədə özünü qorumağın bircə yolu var. Soljenitsının “Yalansız yaşamaq” essesində dediyi kimi onların yalanına şərik olmamaq. Çünki “öz ruhunu qorumağa təpəri çatmayan adam, qabaqcıl baxışları ilə öyünməsin, akademik və ya xalq artisti, əməkdar xadim, ya da general olmağı ilə lovğalanmasın. Qoy, özü özünə beləcə də desin: mən qoyunam və qorxağam, təki qarnım tox, başım salamat olsun.” Bəlkə sabah odaçılar o pəncərəsiz zirzəmidə oturmaqdan, gözlərini kor eləyən işıqların altında oynamaqdan yorulacaqlar?! Bəlkə elə bir təklif alacaqlar ki, vaz keçmək mümkün olmayacaq?! Bu ölkədə belə “təkliflər” eləməyi bacarırlar- zor, ya xoş. Güman ki, onda təkcə məkan dəyişəcək. Tez-tez telekanallarda görünəcəklər, “ekspert” kimi məişət şoularına dəvət olunacaqlar, indikindən daha çox seviləcəklər. Sadəcə bu artıq döyülənlərin yox, döyənlərin “sevgisi” olacaq. Bax, onda təəssüfün yox, peşmanlığın nə demək olduğunu anlayacağıq. Hələki “Oda”, ruhunu qorumağa çalışanların, yalana şərik olmaq istəməyənlərin, onunla mübarizə aparanların teatrıdı. Mübarizəyə təəssüflə baxmaq isə bütün yolları bağlamaq və yalana təslim olmaqdı.

Panoya kopyala Kopyala

Ana səhifə ▸ Mənim Fikrimcə ▸ “Oda”çılar – tikanlıqda şərqi deyənlər

Xəbərlər

  • Oqtay Əliyev qəzada həyatını itirdi (yenilənib) 22 Mart 2023
  • ABŞ Bakı və Yerevanı gərginliyi azaltmağa çağırıb 22 Mart 2023
  • Göyçay sakini icra hakimiyyətindən narazıdır: Köşkümü bağlayıb, məni borca saldılar 22 Mart 2023

Dəstək verin

Meydan TV Azərbaycanın media məkanındakı alternativ səsidir! İşimizin davamlı olması üçün sizin də köməyinizə ehtiyacımız var. Meydan TV-yə aylıq və ya birdəfəlik yardımlarla dəstək olun.

Comments are closed, but trackbacks and pingbacks are open.