Press "Enter" to skip to content

Dəbi dil tariximizin görkəmli tədqiqatçısı

Araşdırmalarda qeyd edilir ki, görkəmli alimin “Satira dili”, “XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili”, “Sabir: qaynaqlar və sələflər”, “Molla Nəsrəddin”in dili və üslubu” adlı kitabları elmi ictimaiyyət tərəfindən maraqla qarşılanıb.

Ədəbi dilin forma və mərhələləri

Azərbaycan dili böyük inkişaf yolu keçmiş qədim dillərdən biridir. “Kitabi Dədə Qorqud” dastanlarının dili ədəbi dilin şifahi növü kimi qəbul edilərsə, hazırda xalqa ünsiyyət vasitəsi kimi xidmət edən dilin yaşı 1300 ildən çoxdur. Bundan başqa, Həsənoğlunun qəzəlləri, “Dastani Əhməd Hərami” və bu qəbildən olan əsərlərin dil xüsusiyyətləri Azərbaycan ədəbi dilinin çox-çox qədimlərdən fəaliyyət göstərdiyini bir daha təsdiq edir. Azərbaycan yazılı ədəbi dilinin tarixi isə hələlik əldə olan materiallara görə XIII əsrdən başlayır.
Azərbaycan ədəbi dilinin 800 ilə yaxın inkişaf tarixi iki böyük dövrə – əski və yeni dövrlərə bölünür. Əski dövr təxminən XIII-XVII əsrləri, yeni dövr isə XVII əsrdən sonrakı mərhələni əhatə edir.

Əski dövr
Azərbaycan ədəbi dilinin işlənildiyi areal öz miqyası ilə fərqlənir. Cəlairilər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər kimi Azərbaycan dövlətlərinin saray və ordu dili olan bu dil bütün ön Asiyada ədəbi dil rolunu oynamışdır. Həmin dövrün ədəbi dili yeni dövr Azərbaycan dilindən dilxarici və dildaxili xüsusiyyətləri ilə seçilir.
Dövrlər arasındakı fonetik fərqlər güclüdür. Belə ki, yeni dövr Azərbaycan ədəbi dili eyni zamanda fonem tərkibinin sabitləşməsi ilə də səciyyəvidir. Birinci dövrə xas olan o//a sait, t//d, m//b, h//q//x samit müvaziliyi artıq birincilərin (o və t, m, h) qələbəsi ilə nəticələnir: av-ov; dutmaq-tutmaq; bən-mən; qanı-xanı-hanı və s.
Bu dövrdə əski Azərbaycan ədəbi dilinin Osmanlı dili ilə müştərək olan bir sıra sözləri (şimdi, şöylə, şu, kəndi və s.) yeni dövrdə artıq işləkliyini itirməyə başlayır. Bu, türk ədəbi dillərinin ayrılmasının (diferensiasiyasının) başa çatmasının nəticəsi idi. Eyni zamanda, bu dövrdə əski Azərbaycan türkcəsi üçün fəal sayılan sözlər də (sayru – xəstə, güz-payız, görklü-gözəl, tanıq-şahid, uçmaq-cənnət, ayıtmaq-demək və s.) arxaikləşməyə başlamışdır.
Qrammatika sahəsində də oxşar vəziyyət özünü göstərir. İsmin birinci dövrə məxsus təsirlik hal şəkilçilərinin –yi, – yı, – yu, – yü// – ni, – nı, – nu, -nü müvaziliyi ikinci dövrdə aradan çıxmışdır. Felin -isər qəti gələcək zaman şəkilçisi öz vəzifəsini tamamilə -acaq//- əcək, III şəxs –dürür şəkilçisi isə -dür (hökmdürür-hökmdür) şəkilçisinə vermişdir və s.
Sintaktik sahədə əski dövr Azərbaycan dilində söz birləşmələrinin quruluşu daha çox ərəb-fars izafətinə uyğunlamışdır. Yəni təyin edən söz təyin olunan sözdən sonra işlənmişdir: çeşmi-giryan-göz yaşı, saliki-rahi-həqiqət-həqiqət yolunun yolçuları və s. İkinci dövrdə isə əksinə, təyin edən söz təyin olunan sözdən bir qayda olaraq əvvəl gəlmişdir.
Əski dövrdə əsasən iki üslub özünü göstərirdi: klassik-kitab və danışıq-folklor üslubu. Üslubların formalaşması və inkişafı baxımından bu dövrü iki yarımmərhələyə bölmək olar: 1) ən qədim dövrlərdən XII əsrin sonlarına qədər. Bu, Azərbaycan ədəbi dilinin formalaşmasının başlanğıcıdır. Şifahi dil abidəsi mövcuddur. Yazılı ədəbi nümunələr dolayı faktlarla təsdiq olunur. 2) XIII əsrdən XVII əsrin əvvəllərinə qədərki mərhələ. Bu mərhələdə kitab üslubu formalaşır. Onun dili əcnəbi dil ünsürlərinin çoxluğu ilə səciyyələnir. Azərbaycanda dövlət dili kimi ərəb və fars dilləri işləndiyindən bu üslub sürətlə inkişaf edir və aparıcı mövqeyə çıxır. Danışıq-folklor üslubu onun ardınca gəlir. Təbriz-Şirvan dialektləri ədəbi dilin konyesi kimi çıxış edir.

Yeni dövr
Azərbaycan ədəbi dilinin bu dövrü üç mərhələni əhatə edir: 1) ədəbi dilin xəlqiləşməsi mərhələsi (XVIII əsr); 2) milli dilin yaranması və və inkişafı mərhələsi (XIX əsr və XX əsrin birinci rübü); 3) müasir mərhələ (XX əsrin birinci rübündən sonra).
Bu dövrdə Azərbaycan dili böyük inkişaf mərhələsinə (milli ədəbi dilin təşəkkülü və inkiafı mərhələsi) çatmışdır. Bu dildə seirlə yanaşı, nəsr və dram əsərləri yazılmağa, qəzet və jurnallar nəşr olunmağa başlamış, bəzi rəsmi sənədlər tərtib edilmiş, elmi araşdırmalar aparılmışdır.
XX əsrdə Azərbaycan ədəbi dilinin inkişafında üç əsas meyl özünü göstərir: 1) Ədəbi dili xalq dili ilə eyniləşdirmək meyli. Bu, özünün bariz şəklini “Molla Nəsrəddin” jurnalının yazılarında, C.Məmmədquluzadə, Ə.Haqverdiyev kimi yazıçıların əsərlərində tapmışdır; 2) Daha çox Osmanlı (türk) və əski Azərbaycan dilinin ənənəsinə söykənən ədəbi dil yaratmaq meyli. Bu, “Füyuzat” və “Həyat” kimi bir çox jurnal və qəzetlərin, Ə. Hüseynzadə kimi maarifpərvər yazıçıların dilində özünü göstərir. Bu dil o vaxtkı türk ədəbi dilindən, demək olar ki, seçilmirdi; 3) Hamı tərəfindən anlaşılan, ədəbi dil normalarına əsaslanan ədəbi dil yaratmaq meyli. Heç bir dialekt təsirini qəbul etməyən bu dili A.Şaiq, C.Cabbarlı, S.Hüseyn, A.Səhhət kimi şair və yazıçılar yaradırdılar. Ədəbi dil sahəsindəki bu vəziyyət əsrin əvvəllərindən 30-cu illərədək davam etdi.
Yeni dövr Azərbaycan ədəbi dilinin müasir mərhələsində mühüm hadisələrdən biri Azərbaycan ədəbi dilinin dövlət dili statusu alması oldu.
Müstəqil dövlətin mühüm atributlarından biri olan dövlət dili məsələsi Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin diqqət mərkəzində olmuşdur. 1918-ci il 27 iyun tarixli qərarı ilə Cümhuriyyət hökuməti o zaman türk dili adlanan Azərbaycan dilini dövlət dili elan etmişdir.
Azərbaycan dili dövlət dili kimi Azərbaycan SSR Konstitusiyasında (1978) təsbit olunmuşdur. 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ümumxalq referendumu ilə “Azərbaycan dili” yeni Konstitusiyada da dövlət dili kimi öz əksini tapdı.
Azərbaycan ədəbi dili xalq danışıq dilinin cilalanmış, ciddi fonetik, leksik, qrammatik və üslubi normalarla cəmyyətə yüksək səviyyədə xidmət göstərən formasıdır.
Ədəbi dilin yazılı və şifahi formaları vardır. Şifahi ədəbi dil (səsli dil) çox qədimdir, o, yazılı ədəbi dil hələ mövcud olmadığı uzun dövr ərzində xalq yaradıcılığının ifadə vasitəsi kimi işlənmişdir. Yazılı dilin ilkin nümunələri rəsmi sənədlərin, dövlət başçılarının məktublarının, bədii əsərlərin, həmçinin dini mətnlərin dili olmuşdur. Cəmiyyət inkişaf etdikcə yazılı ədəbi dilin meydanı genişlənmişdir.

Ədəbi dil tariximizin görkəmli tədqiqatçısı

Azərbaycan dilçilik elmində və türkologiyada akademik Tofiq Hacıyevin adı hörmətlə çəkilir. Elmdə özünəməxsus dəst-xətti ilə seçilən alim dili estetik zənginlik baxımından, üslub, sənətkarlıq və poetika mövqeyindən araşdıran, Azərbaycan dilçiliyində məktəb yaradan görkəmli tədqiqatçılarımızdan olub.

Tofiq İsmayıl oğlu Hacıyev 1 may 1936-cı ildə Cəbrayıl rayonunun Soltanlı kəndində dünyaya göz açıb. Orta təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra 1953-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) Filologiya fakültəsinə qəbul olunur. Bu təhsil ocağını 1958-ci ildə fərqlənmə diplomu ilə bitirir və universitetin aspiranturasında saxlanılır. Akademik Məmmədağa Şirəliyevin elmi rəhbərliyi altında 1962-ci ildə “Azərbaycan dilinin Cəbrayıl şivəsi” mövzusunda namizədlik dissertasiyasını (fəlsəfə doktoru) müdafiə edir. Cəbrayıl şivəsində Azərbaycan dilinin qərb və cənub ləhcələrinin xüsusiyyətlərinin olmasını əsaslandırır.

Gənc alim 1962-ci ildə M.F.Axundzadə adına Azərbaycan Pedaqoji Dillər İnstitutunda (indiki Dillər Universiteti) pedaqoji fəaliyyətə başlayır. 1968-ci ildə isə Azərbaycan Dövlət Universitetinə (BDU) dəyişilir.

1969-cu ildə “XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili” mövzusunda doktorluq dissertasiyasını müdafiə edir. İki il sonra professor elmi adı alır. 1984-cü ildə universitetin Türkologiya kafedrasının müdiri təyin olunur. Görkəmli alim səmərəli elmi-pedaqoji fəaliyyətlə yanaşı milli kadrların yetişdirilməsi sahəsində də böyük səy göstərir.

Xalqın dili və tarixi məsələlərini vəhdətdə araşdıran alimin yaradıcılığında “Kitabi-Dədə Qorqud” dastanının tədqiqi mühüm yer tutur. Dilçiliyin müxtəlif istiqamətlərinə dair yüksək nəzəri səviyyəsi ilə seçilən çoxsaylı araşdırmaları türkologiya elminin nailiyyətləri hesab edilir.

Araşdırmalarda qeyd edilir ki, görkəmli alimin “Satira dili”, “XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili”, “Sabir: qaynaqlar və sələflər”, “Molla Nəsrəddin”in dili və üslubu” adlı kitabları elmi ictimaiyyət tərəfindən maraqla qarşılanıb.

Ədəbi dil tarixi mütəxəssisi kimi tanınan T.Hacıyevin filologiya elmləri doktoru, professor Kamil Vəliyevlə birgə hazırladığı “Azərbaycan dili tarixi”, “Azərbaycan ədəbi dili tarixi”, filologiya elmləri doktoru, professor Zərifə Budaqova ilə müştərək yazdıqları “Azərbaycan dili” kitabları Azərbaycan filologiya elminə diqqətəlayiq töhfələrdir. Görkəmli alim Azərbaycan ədəbi dilinin tarixi ilə bağlı fikirlərini ölkədə baş vermiş tarixi, ictimai-siyasi və mədəni hadisələrin fonunda öyrənib. Bütün bunları bütöv bir tarixi-dilçilik hadisəsi kimi dəyərləndirib. Azərbaycan ədəbi dilini ümumtürk ədəbi dilinin tərkib hissəsi olduğunu vurğulayan tədqiqatçı bildirib ki, ədəbi dilimiz müəyyən mədəni yüksəlişin məhsuludur. Onun fikrincə, dövlətlərin yaranması, dövlətlər arasında yazışmaların başlanması, ümumiyyətlə, yazılı nitqin qeydə alınması ilə ictimai-mədəni hadisə kimi ədəbi dil müəyyənləşir. Ədəbi dilin dövrləşdirilməsi məsələsindən bəhs edərkən alim Azərbaycan-türk ədəbi dilinin tarixini iki dövrə bölür: yazıyaqədərki dövr, yazılı dövr. Birinci dövrə aid daşlar üzərindəki yazılar, folklor nümunələri, onomastik vahidlərin etnik tərkibi və digər faktlar qeyd olunur. Ədəbi dilin II dövründə isə şair və yazıçıların əsərləri üzərində araşdırma aparılır, eyni zamanda klassik lüğətlərin dil materialları təhlilə cəlb edilir. Ədəbi dilin üslub və normaları məsələsi də ətraflı şəkildə araşdırılır.

Akademik T.Hacıyevin Azərbaycan ədəbi dil tarixi ilə bağlı ən sanballı elmi araşdırması, “Azərbaycan ədəbi dilinin tarixi” ikicildlik dərslik-monoqrafiyasıdır. 900 səhifəyə yaxın olan bu araşdırma təkcə tələbələr üçün deyil, həm də ədəbi dil tarixi sahəsində çalışan araşdırıcı və mütəxəssislər üçün də nəzərdə tutulub.

Azərbaycan türklərinin ölkəmizdə aborigen xalq olması məsələsinə də toxunaraq yazır: “Azərbaycanlılar etnik və dil kökünə görə türkdür. Bu türkcə heç bir başqa sistemli dilin assimilyasiyası deyil”.

Alim yaradıcılığında dilçiliklə yanaşı, ədəbiyyatşünaslığa da müəyyən yer ayırıb. Onun “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı monoqrafiya və kitabları qorqudşünaslığın inkişafına dəyərli töhfədir. “Azərbaycan ədəbiyyatı tarixi” çoxcildliyinin I cildindəki “Kitabi-Dədə Qorqud”, II cildində yer alan Orxon-Yenisey kitabələri, Yusif Xas Hacibin “Qutadqu-bilig” əsərləri haqqındakı oçerk-portretləri böyük əhəmiyyət daşıyır.

Tərcümə sahəsinə də diqqət ayıran alim türkologiya və tarixi dilçiliklə bağlı bir sıra dəyərli əsərləri görkəmli qumuq alimi Murad Adcının “Qıpçaq çölünün yovşanı” və “Dünya və türk: munis tariximiz”, B.Serebrennikov və N.Hacıyevanın birgə müəllifləri olduğu məşhur “Türk dillərinin müqayisəli qrammatikası” və s. elmi əsərləri ruscadan dilimizə tərcümə edib.

Məhsuldar elmi yaradıcılığını pedaqoji fəaliyyətlə üzvi surətdə bağlayan T.Hacıyev uzun müddət Bakı Dövlət Universitetinin professoru kimi çalışıb, yüksəkixtisaslı kadrların hazırlanması üçün böyük səy göstərib. Alimin rəhbərliyi ilə 30-dək fəlsəfə və elmlər doktoru hazırlanıb. O, iştirakçısı olduğu mötəbər beynəlxalq simpozium, konfrans və forumlarda çıxışları ilə Azərbaycan elmini layiqincə təmsil edib. Onun çoxillik axtarışlarının nəticələri respublikada və onun hüdudlarından kənarda 500-ə yaxın elmi əsərdə, 20-dən çox kitabda, eləcə də monoqrafiya və dərsliklərdə əksini tapıb.

Görkəmli türkoloq alimin dilçilik sahəsindəki səmərəli fəaliyyəti ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir, 1999-cu ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülür. 2009-cu ildə isə “Şöhrət” ordeni ilə təltif olunur. 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilir. Həmçinin Türkiyə Cümhuriyyəti Atatürk Dil, Tarix və Kültür Qurumunun fəxri üzvü olan alim 2013-cü ildə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutuna direktor təyin edilir.

Azərbaycan dilçilik elmində məktəb yaradan, mahir pedaqoq, akademik Tofiq Hacıyev 27 noyabr 2015-ci ildə, ömrünün 80-ci ilində vəfat edib.

Savalan Fərəcov

Tofiq Hüseynov (filoloq)

Tofiq Hüseynov 1938-ci il aprelin 21-də Ağstafa rayonunun Bəyazatlı (indiki Yuxarı Göyçəli) kəndində qulluqçu ailəsində anadan olmuşdur. Ağstafa şəhər dəmir yol məktəbi, Göyçəli və Həsənsu kəndlərində orta təhsil almışdır.

1961-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisasını bitirmişdir. “Yusif Vəzir Çəmənzəminlinin yaradıcılığında tarixilik və “Qan içində” romanı” mövzusunda namizədlik (1975), “Yusif Vəzir Çəmənzəminlinin həyat və yaradıcılığı” mövzusunda doktorluq (1990) dissertasiyasını müdafiə edib.

Elmi fəaliyyəti Redaktə

Pedaqoji fəaliyyəti Redaktə

  • İmişli rayonu və Qazax rayonunun Bəyazatlı kənd məktəblərində müəllim işləmişdir. (1961–1968)
  • Azərbaycan Milli Ensiklopediyasında redaktor və BDU-da qiyabi təhsil şöbəsinin məsləhət məntəqə müdiri, metodist çalışıb. (1968–1975)
  • Bakı Dövlət Universitetinin “Müasir Azərbaycan ədəbiyyatı” kafedrasında işləyir (1976-cı ildən)
  • Ali təhsilin bakalavr pilləsində Müasir ədəbi proses, magistr pilləsində isə Müasir Azərbaycan ədəbiyyatının aktual problemləri və Elmin müasir problemləri fənlərindən dərslər aparır.
  • 121 məqalə, 5 monoqrafiya, 3 kitab (dərslik, şərikli) müəllifidir.
  • Rəhbərliyi ilə 5 nəfər elmlər namizədi dərəcəsi alıb, 5 dissertant və aspirantı var.

4 doktorluq dissertasiyasında elmi məsləhətçidir.

Tədqiqat sahəsi Redaktə

  • Azərbaycan ədəbiyyatşünaslığının aktual problemləri. Ədəbi əlaqələr problemləri.

Konfrans və simpoziumlarda iştirakı Redaktə

  • Beynəlxalq Ukraynaşünaslıq konfransı (Kiyev.1993)
  • Beynəlxalq Türkoloji simpoziumu (Krım, Simferopol.2004)

Kitablar Redaktə

  • Tarixi roman ustası. (1986-cı il) Bakı, “yazıçı” nəşriyyatı
  • Yusif Vəzir Çəmənzəminli. (1987-ci il) Bakı, “Bilik”
  • “Ədəbiyyatla yaşayıram”. (1993-cü il) Bakı, “Azərnəşr”
  • Söz-tarixin yuvası. (2000-ci il) Bakı, “Azərnəşr”
  • Qurban Səid. Mübahisələr. Həqiqətlər. (2004-cü il) Bakı, “Nurlan”
  • Azərbaycan Sovet ədəbiyyatı. (1988-ci il) Bakı, “Maarif”. (Şərikli)
  • Müasir Azərbaycan ədəbiyyatı. 2 cild. C.1. (2007-ci il) Bakı, Bakı Universiteti nəşriyyatı. (Şərikli)
  • Müasir Azərbaycan ədəbiyyatı. 2 cild. C.2. (2007-ci il) Bakı, Bakı Universiteti nəşriyyatı. (Şərikli)

İstinadlar Redaktə

  1. ↑ . [1]Arxivləşdirilib 2022-09-22 at the Wayback Machine Bakı Dövlət Universiteti (az.)

Comments are closed, but trackbacks and pingbacks are open.