Press "Enter" to skip to content

Tərbiyə

Tərbiyəyə kompleks yanaşma prinsipi. Bu prinsip tərbiyə işinin bütün sahələrini, müxtəlif fəaliyyət növlərini vəhdətdə həyata keçirməyi nəzərdə tutur. Kompleks yanaşma prinsipi bütöv pedaqoji prosesin öz mahiyyətindən irəli gəlir: pedaqoji proses ideya-siyasi, əxlaq, əmək, estetik, fiziki tərbiyə vəzifələrini vəhdətdə həyata keçirməklə şəxsiyyətin ahəngdar inkişafını təmin etməyə istiqamətlənir. Vahid pedaqoji prosesin hər hansı bir sahəsi çatışmadıqda tərbiyənin ümumi məqsədinə nail olmaq mümkün deyildir.

Tərbiyə

Tərbiyə insanlar üzərində bir dəyişikliyə, bir davranışa, inkişafa səbəb olan müxtəlif təsirlər toplusudur. Tərbiyənin məqsədi hərtərəfli insan şəxsiyyətinin yetişdirilməsidir. Tərbiyə – yaşlı nəslin əldə etdiyi bilik, bacarıq və təcrübənin yetişən nəslə öyrətməsidir. Həmçinin şəxsiyyəti məqsədyönlü idarə etmə prosesidir. Tərbiyə çoxçalarlı, dinamik və dəyişkən, mürəkkəb prosesdir. Bu prosesdə bir tərəfdən sosial, digər tərəfdən psixoloji və üçüncü tərəfdən pedaqoji asılılıqlar özünü göstərir. Sosial əlaqə dedikdə uşaqların, fərdin ictimai sərvətlərin (əmək, əxlaq, mədəniyyət, incəsənət sahələri) biliklərinə yiyələnməsidir. Tərbiyə prosesi tərbiyəçi və tərbiyə edilən şəxsdən ibarətdir. Çox uzun müddət davam edən bəzən nəticəsi daha tez bəzən isə daha gec görülür.

Uşaqlarda tərbiyə prosesinin ziddiyyətləri nələrdir?

Ümumiyyətlə tərbiyə prosesində 2 cür ziddləşmə mövcuddur: daxili və zahiri (xarici). Zahiri dedikdə: Verilən vahid tərbiyəvi tələblərin məktəbdə ayrı-ayrı müəllimlər tərəfindən pozulması, tərbiyədə uşaqların cinsi, yaşı və fərdi xüsusiyyətlərinin nəzərə alınmaması, məktəbin və ailənin tərbiyəvi təsirlərinin bir-birinə zidd gəlməsi, bir çox hallarda böyüklərin uşaqlarla düzgün rəftar etməməsi, pis nümunə gətirməsi daxildir.

Bəs daxili ziddiyyətlər nələrdir?

Tərbiyə prosesində tərəflərin səviyyə, bilik, dünyagörüş və imkanları arasında ziddiyyətlər. Uşaqlar, fərdlər arasında mübahisə, qəbul edilməmə. Uşaqda formalaşmış tərbiyənin, yenisi ilə əvəz olunmasında çətinliklər. Tərbiyə insan həyatında mühüm rol oynayır. Fərdin normal şəkildə formalaşması üçün mütləq lazımi prosesdir. Ona görədə müəyyən dərəcə də çalışıb daha da diqqətli və düzgün şəkildə verilməlidir.(bilgisel)

Tərbiyənin qanunauyğunluqları və prinsipləri

Tərbiyə işini düzgün qurmaq və elmi əsasda idarə etmək üçün onun qanunauyğunluqlarını bilmək və tərbiyə fəaliyyətində nəzərə almaq lazımdır. Tərbiyə prosesinin qanunauyğunluqları dedikdə bu prosesə obyektiv şəkildə xas olan ən ümumi, mühüm və sabit əlaqələr, səbəb-nəticə asılılıqları başa düşülür. Bu qanunauyğun əlaqələrin öyrənilməsi və yığcam, məntiqi şəkildə ifadəsi sayəsində tərbiyə qanunları müəyyən edilir. Hazırda tərbiyə prosesinin qanunauyğunluqları hələ tam aşkara çıxarılmamışdır. Lakin onlardan bir qismi müəyyən edilmişdir. Onları yığcam şəkildə nəzərdən keçirək.

1. Tərbiyənin məqsəd, məzmun, vasitə, metod və formalarının vəhdəti qanunu. Tərbiyənin məqsədi onun məzmununu, bunlar birlikdə onun vasitə, metod və formalarını şərtləndirir: tərbiyənin məqsədi və məzmunu dəyişdikdə onun vasitə, forma və metodları da dəyişir. Məsələn, vətənpərvərlik tərbiyəsi üçün bir cür, əmək tərbiyəsi üçün başqa cür vasitə, metod və formalardan istifadə olunur.

2. Şəxsiyyət tərbiyəsinin cəmiyyətin tələbatı ilə şərtlənməsi qanunu. İnsanın necə tərbiyə olunması cəmiyyətlə müəyyən olunur. Tərbiyənin məqsədi, məzmunu, xarakteri cəmiyyətin sosial-iqtisadi inkişafının tələbatından asılıdır: cəmiyyətin sosial-iqtisadi, mənəvi tələbatları dəyişildikdə tərbiyə də dəyişir, cəmiyyətin tələblərinə uyğun qurulur.

3. Tərbiyəvi təsirlərin şəxsiyyətin imkanları ilə şərtlənməsi qanunu. Tərbiyə işində insanın yaş, fərdi və cinsi xüsusiyyətləri, inkişaf səviyyəsi nə qədər düzgün və dolğun nəzərə alınarsa, tərbiyənin səmərəsi də bir o qədər yüksək olar və əksinə.

4. Şəxsiyyətin inkişafının onun ünsiyyətinin xarakterindən asılılığı qanunu. Şəxsiyyət daha çox ünsiyyət prosesində formalaşır. Tərbiyə işində ünsiyyət, şəxsiyyətlərarası münasibətlər nə qədər məqsədyönlü və düşünülmüş olarsa, tərbiyə prosesi də bir o qədər yaxşı səmərə verər.

5. Şəxsiyyətin inkişafının onun rəngarəng fəaliyyətindən asılılığı qanunu. İnsan şəxsiyyəti fəaliyyət prosesində formalaşır. Buna görə də insanın rəngarəng fəaliyyəti (oyun, idman, təlim, əmək, elmi-texniki, bədii-estetik, ictimai-siyasi və s.) nə qədər mütəşəkkil, məqsədyönlü şəkildə təşkil olunarsa, o, müvafiq keyfiyyətlərə daha tez yeyələnər və tərbiyə prosesi də bir o qədər yüksək səmərə verər.

6. Tərbiyədə xarici təsirlərlə şəxsiyyətin daxili fəallığının vəhdəti qanunu. Böyüklərin təsiri, tələbləri uşağın daxili mövqeyi ilə uyğun gəldikdə qəbul olunub yerinə yetirilir və əksinə. Tərbiyə işində böyüklərin (müəllim və valideynlərin) tələbləri o zaman yerinə yetirilir ki, onlar uşağın daxili tələbinə çevrilsin və onun öz tələbi kimi qəbul olunsun.

7. Tərbiyəvi təsirlərin xarakteri və qüvvəsi ilə nəticəsi arasında asılılıq qanunu. Əgər tərbiyəvi təsirlər (tələblər) vahid, ardıcıl, sistemli və fasiləsiz olarsa, insanda tərbiyə keyfiyyətlərini formalaşdırmaq asan olur və əksinə.

8. Pedaqoji prosesdə kollektiv və fərdin qarşılıqlı təsiri qanunu. Kollektiv nə qədər pedaqoji cəhətdən düzgün, demokratik əsasda formalaşarsa və tərbiyənin subyektinə çevrilərsə, fərdin tərbiyəsi və inkişafına bir o qədər müsbət təsir göstərər.

2. Tərbiyə prosesinin prinsipləri, onların təsnifatı Tərbiyə prinsipləri tərbiyə prosesinin qanunauyğunluqlarını əks etdirən, tərbiyə işində rəhbər tutulan əsas tələblərə, başlıca müddəalara deyilir. Tərbiyə prosesi elmi prinsiplər əsasında qurulduqda daha yaxşı nəticə verir. Əksinə, tərbiyə prinsiplərinə etinaz yanaşdıqda xoşagəlməz nəticələr alınır. Məsələn, tələblərdə vahidlik pozulduqda insanda müsbət davranış adətləri yaratmaq çətindir.

Pedaqogikada tərbiyə prinsiplərinin təsnifatında vahidlik yoxdur: prinsiplərin miqdarında və ifadəsində fərqli baxışlar mövcuddur. Bu isə prinsiplərin əsasında duran tərbiyə qanunauyğunluqlarının tam öyrənilməməsi ilə bağlıdır.

Tərbiyənin prinsipləri tərbiyə prosesinin komponentləri arasındakı Qanunauyğun əlaqə və asılılıqları tənzimləməyə xidmət edir. Buna görə də tərbiyə prinsiplərini tərbiyənin qanunauyğunluqları əsasında təsnif etmək mümkündür.

Tərbiyə prosesinin qanunauyğunluqları və prinsipləri arasındakı əlaqəni nəzərdən keçirək.

Tərbiyənin qanunları (qanunauyğun əlaqələr)

I. Tərbiyənin məqsəd, məzmun, vasitə, metod və formalarının vəhdəti qanunu

Tərbiyədə məqsədyönlülük prinsipi

II. Şəxsiyyət tərbiyəsinin cəmiyyətin tələbatı ilə şərtlənməsi qanunu

Tərbiyənin həyatla, cəmiyyət quruculuğu ilə əlaqəsi prinsipi

III. Pedaqoji təsirlərin şəxsiyyətin imkanları ilə şərtlənməsi qanunu

Tərbiyədə yaşauyğunluq prinsipi

Tərbiyədə fərdi və cinsi xüsusiyyətlərin nəzərə alınması prinsipi

IV. Şəxsiyyətin inkişafının onun ünsiyyətinin xarakterindən asılılığı qanunu

Tərbiyədə nikbinlik prinsipi

Tərbiyədə hörmət və tələbkarlığın vəhdəti prinsipi

V. Şəxsiyyətin inkişafının onun rəngarəng fəaliyyətindən asılılığı qanunu

Əməkdə və ictimai-faydalı işlərdə tərbiyə prinsipi

Şüurla davranışın vəhdəti prinsipi

VI. Tərbiyədə xarici təsirlərlə şəxsiyyətin daxili fəallığının vəhdəti qanunu

Tərbiyəyə kompleks yanaşma prinsipi

Tərbiyədə pedaqoji rəhbərliklə insanın təşəbbüs və özfəaliyyətinin əlaqələndirilməsi (əməkdaşlıq) prinsipi

VII. Tərbiyəvi təsirlərin xarakteri və qüvvəsi ilə nəticəsi arasında asılılıq qanunu

Pedaqoji təsirlərin (tələblərin) vahidliyi, sistemliliyi, ardıcıllığı və fasiləsizliyi prinsipi

VIII. Pedaqoji prosesdə kollektiv və fərdin qarşılıqlı təsiri qanunu

Şəxsiyyətin kollektivdə və kollektiv vasitəsilə tərbiyəsi prinsipi

Göstərilən prinsiplərin mahiyyətini və məzmununu nəzərdən keçirək.

2. Tərbiyə prinsiplərinin səciyyəsi və qarşılıqlı əlaqəsi

Tərbiyədə məqsədyönlülük prinsipi. Bu prinsip tərbiyə işində məqsədi aydın müəyyən etməyi və ona əsaslanmağı nəzərdə tutur. Tərbiyə məqsədyönlü prosesdir: tərbiyə fəaliyyəti məqsəddən başlayır və onun həyata keçirilməsi ilə tamamlanır. Tərbiyə işinin məzmunu, vasitə və metodları da məqsədlə müəyyən olunur.

Tərbiyəçi hər bir tədbirə, dərsə başlamazdan əvvəl onun məqsəd və vəzifələrini aydınlaşdırmalıdır.

Yaxşı düşünülmüş və planlı həyata keçirilən məqsəd tərbiyə işinə düzgün istiqamət verir, tərbiyəçini kortəbii hərəkət etməkdən çəkindirir.

Tərbiyədə məqsədyönlülük prinsipi A.S.Makarenkonun adı ilə bağlıdır. Böyük pedaqoq göstərirdi ki, biz qarşıya ümumi məqsəd qoymadan insanı sadəcə tərbiyə edə bilmərik. Tərbiyəçi öz işində əsas məqsədi həmişə rəhbər tutmalı, onu bir an belə unutmamalıdır.

Tərbiyənin həyatla, cəmiyyət quruculuğu ilə əlaqəsi prinsipi. Bu prinsip tərbiyə işini məktəb divarları arasında, yalnız söz və nəsihətlə yox, həyatla sıx əlaqəli şəkildə aparmağı nəzərdə tutur. Məktəb insanı həyata hazırlayır. Əgər tərbiyə işi həyatdan, cəmiyyət quruculuğundan ayrı düşərsə, bu vəzifəni yerinə yetirmək olmaz.

Tərbiyə həyatla, cəmiyyət quruculuğu ilə sıx əlaqəli şəkildə aparıldıqda insan həyatı dərk edir, ictimai təcrübə qazanır, ictimai münasibətləri öyrənir, psixoloji və əməli cəhətdən ictimai həyata hazırlaşır. Cəmiyyətin iqtisadi, ictimai, sosial, siyasi həyatında iştirak etməklə gənc nəsildə vətəndaşlıq keyfiyyətləri, özünüdərk meyli formalaşır.

Bu prinsipin tətbiqi müxtəlif yollarla həyata keçirilir. Məktəbliləri öz qüvvə və imkanları daxilində cəmiyyət quruculuğuna, cəmiyyətin iqtisadi, sosial-siyasi həyatına cəlb etmək lazımdır. Bu məqsədlə bəzi məktəblərdə şəfqət dəstələri, yaşıllıq dostları, sərhədçilərin və polisin gənc dostları, diyarşünaslıq dəstələri və s. yaradılır.

Tərbiyədə yaşauyğunluq prinsipi. Bu prinsip tərbiyə işində insanın yaş xüsusiyyətlərinə istinad etməyi nəzərdə tutur. Müxtəlif yaş dövrlərinə mənsub olan uşaqlar bir-birindən əsaslı şəkildə fərqlənirlər. Kiçik məktəbli ilə yeniyetmənin adamlara, həyata münasibəti, tələbat və maraqları eyni deyildir. Bu hal müxtəlif yaş dövrlərində insana müxtəlif tərzdə yanaşmağın vacibliyini göstərir.

İnsanın yaş xüsusiyyətlərinə əsaslanmayan tərbiyə lazımi səmərə verməz. Məktəb və ailə təcrübəsində bu prinsipin pozulması halları müşahidə olunur: müəllim (valideyn) yeniyetmə və gəncə ya kiçik uşaq kimi, ya da kiçik uşağa böyük kimi yanaşır. Bu isə tərbiyə işini çətinləşdirir, münaqişələr törədir. Məsələn, müəllim yeniyetmə oğlanı yoldaşlarının yanında pərt edir, ona kobud söz deyir, yeniyetmə isə müəllimə cavab qaytarmalı olur.

Yaşauyğunluq prinsipinin tətbiqində bəzi tələbləri nəzərə almaq lazımdır:

– tərbiyə işində hər yaşın xüsusiyyətləri, həyat təcrübəsi, tələbat və maraqları düzgün nəzərə alınmalıdır;

– yaş artdıqca tərbiyə işinin məzmunu və metodları dəyişməlidir. Yeniyetmə və gənclərin müstəqilliyinə və təşəbbüskarlığına şərait yaradılmalıdır, onlarla ünsiyyətdə xahiş, məsləhət tonu üstünlük təşkil etməlidir.

Tərbiyədə fərdi və cinsi xüsusiyyətlərin nəzərə alınması prinsipi. Bu prinsip tərbiyə işində insanın fərdi və cinsi xüsusiyyətlərini nəzərə almağı tələb edir. Fərdi xüsusiyyət dedikdə, insanı başqalarından fərqləndirən cəhətlər başa düşülür. İnsanlar xarakter, temperament, habelə dünyagörüşü, tələbat, maraq və qabiliyyətlərinə görə bir-birindən fərqlənirlər: biri səbirli, digəri hövsələsiz, biri kollektivçi, digəri fərdiyyətçi, biri utancaq, digəri sırtıq olur. Tərbiyə işində bu fərdi xüsusiyyətləri nəzərə almadan uğur qazanmaq olmaz.

Hər bir insan bir dünyadır, təkrarolunmazdır. Yalnız hər kəsin fərdi xüsusiyyətlərini bilməklə onun daxili aləminə yol tapmaq, ona düzgün təsir göstərmək olar.

Tərbiyə işində cinsi xüsusiyyətləri də nəzərə almaq vacibdir. Eyni xoşagəlməz hərəkətə yol vermiş oğlan və qıza yanaşma tərzi eyni ola bilməz; bu zaman cinsi xüsusiyyətlə bağlı məqamları nəzərə almaq lazım gəlir.

Tərbiyədə nikbinlik prinsipi. Bu prinsip insana nikbin nəzərlə yanaşmağı, onun qüvvəsinə, gələcəyinə inam bəsləməyi nəzərdə tutur. Bu halda insanda təkmilləşməyə, özünütərbiyəyə həvəs oyanır. Əksinə, insana bədbin nəzərlə yanaşdıqda onda ruh düşkünlüyü yaranır, öz nöqsanları ilə mübarizə aparmaq əzmi azalır.

Tərbiyəçi uşağa dəyişməz varlıq kimi baxmamalı, ona pedaqoji möhür (“Səndən adam çıxmaz”, “Tənbəl”, “Yalançı” və s.) vurmamalıdır. Bu, tərbiyə və yenidəntərbiyə işini çətinləşdirir.

Nikbinlik prinsipi insanın keçmişinə yox, bu gününə və sabahına baxmağı nəzərdə tutur. İnsanın keçmiş qüsurunu üzünə vurmaq onu daha da korlayır, öz səhvlərini aradan qaldırmağa mane olur. Nikbinlik prinsipini öz təcrübəsində geniş tətbiq edən A.S.Makarenko cinayət etmiş uşağın keçmiş tərcümeyi-halını hamının qarşısında tonqalda yandırırdı. O deyirdi: “Uşağın keçmişində eşələnməyin. Bunun tərbiyəyə heç bir köməyi dəyməz. Bizə insanın dünəni yox, bu günü və sabahı vacibdir”.

Nikbinlik prinsipi insanın müsbət cəhətlərinə istinad etməklə mənfi cəhətlərini aradan qaldırmağı nəzərdə tutur. Hər bir insanda müsbət cəhətlər vardır. Tərbiyəçinin vəzifəsi bu müsbət cəhətləri axtarıb tapmaq və onlara əsaslanmaqla insanın nöqsanlı cəhətlərini aradan qaldırmaqdan ibarətdir.

Tərbiyədə hörmət və tələbkarlığın vəhdəti prinsipi. Bu prinsip insana münasibətdə ona həm hörmət etməyi, həm də tələb etməyi nəzərdə tutur. Uşağa hörmət etmək ona bir insan kimi yanaşmaq, qayğı göstərmək, etibar etmək, onun şəxsi ləyaqət hissini gözləmək deməkdir.

İnsana hörmət etmək heç də ona güzəşt etmək, nöqsanlarına göz yummaq demək deyildir. Hörmət tələblə sıx bağlıdır: tələbkarlıq insanı nöqsanlardan xilas olmağa, daha da təkmilləşməyə gətirib çıxarır, nöqsanların kök salmasına imkan vermir. Bu mənada tələb etmək tərbiyə etmək deməkdir; tələb olmayan yerdə tərbiyə də yoxdur.

Lakin birtərəfli hörmət və birtərəfli tələb lazımi nəticə vermir: birinci halda uşaq ərköyün, şıltaq, xudbin böyüyür, ikinci halda isə onun xarakterində kobudluq, sərtlik, laqeydlik kimi mənfi keyfiyyətlər formalaşır. Buna görə də tərbiyədə hörmət və tələbkarlığı birləşdirmək lazımdır: tərbiyədə ana nəvazişi ilə ata tələbkarlığı uzlaşdıqda daha yaxşı nəticə əldə edilir.

Əməkdə və ictimai-faydalı işlərdə tərbiyə prinsipi. İnsanın şəxsiyyət kimi formalaşmasında əmək ən yaxşı vasitədir. Şəxsiyyətin tərbiyəsini əmək tərbiyəsi olmadan həyata keçirmək olmaz. Əmək tərbiyənin əsasını təşkil edir. Əməkdə müntəzəm iştirak edən adam həyatda zəruri olan əmək bacarıq və vərdişlərinə yiyələnir. Əmək insanın mənəvi inkişafına güclü təsir göstərir: o, insanda əməksevərlik, məsuliyyət, səliqəlilik, yoldaşlıq, əmək adamlarına və əmək məhsuluna hörmət və qayğı, xeyirxahlıq kimi müsbət əxlaqi keyfiyyətlər formalaşdırır, insana əməyin gözəlliyindən doğan estetik hisslər aşılayır. Əmək insanın psixi proseslərini – diqqətini, iradi keyfiyyətlərini inkişaf etdirir. Əməyin çətinliklərini aradan qaldıran adam digər (təlim, idman və s.) çətinlikləri də asanlıqla aradan qaldırmağa qabil olur.

Kollektiv əməkdə, ictimai-faydalı işlərdə iştirak etməklə insan kollektivçilik, qarşılıqlı yardım, başqalarına fayda vermək, ümumin xeyri üçün çalışmaq, ictimai mənafeyi şəxsi mənafedən üstün tutmaq kimi vacib keyfiyyətlərə, adətlərə yiyələnir.

Bunları nəzərə alıb, tərbiyəçi və valideynlər əməyi bütün tərbiyə işinin mərkəzində qoymalı, uşaq və gənclərdə əməyə tələbatın formalaşmasına çalışmalıdırlar. Unutmaq olmaz ki, hər cür əmək insana tərbiyəvi təsir göstərmir; yalnız müəyyən məqsədlə və pedaqoji cəhətdən düzgün təşkil edilən əmək bütün tərbiyə prosesinin bir hissəsinə çevrildikdə tərbiyə vasitəsi ola bilər.

Şüurla davranışın vəhdəti prinsipi. Bu prinsip tərbiyə işində insanın həm şüuruna təsir etməyi, həm də onda düzgün davranış təcrübəsi yaratmağı nəzərdə tutur.

İnsan şüurlu məxluqdur; onun davranış və münasibətləri şüurla tənzim olunur. Ona görə də tərbiyə işində şüura təsir göstərmək, insanda düzgün əxlaqi təsəvvürlər, inam və əqidə yaratmaq, ona sözlə təsir etmək vacib şərtdir. Lakin tərbiyə işini yalnız söz, nəsihət üzərində qurmaq olmaz. Sözçülük, nəsihətçilik insanı bezdirir, onda sözə qarşı laqeydlik, ikiüzlülük yaradır.

Şəxsiyyətin formalaşması o zaman səmərəli olur ki, şüurla davranış arasında vəhdət yaranmış olsun: insan bildiklərini davranış və rəftarına tətbiq etsin; düzgün davranış təcrübəsi və müsbət adətlərə yiyələnsin. Məsələn, uşağa vətən haqqında şerlər əzbərlətməklə, söhbətlər aparmaqla onda vətənpərvərlik hissi yaratmaq olmaz; onda habelə Vətən naminə çalışmaq, onu qorumağa hazır olmaq əzmi və bacarıqları formalaşdırmaq vacibdir.

Şüur yalnız davranışa keçdikdə, ona rəhbərlik etdikdə tərbiyə öz məqsədinə çatır. Bu isə tərbiyədə şüurla davranışın vəhdəti sayəsində, müsbət davranış adətləri yaratmaq şərtilə mümkün ola bilər.

Şüurla davranışın vəhdəti prinsipini tətbiq edərkən tərbiyəçi söhbət və nəsihətlərdən sui-istifadə etməkdən çəkinməli, şüura təsir etməklə yanaşı, uşaq və gənclərin həyatını düzgün təşkil etməyə, onlarda müsbət adətlər qrupu yaratmağa, iradəni qüvvətləndirməyə çalışmalıdır.

Tərbiyəyə kompleks yanaşma prinsipi. Bu prinsip tərbiyə işinin bütün sahələrini, müxtəlif fəaliyyət növlərini vəhdətdə həyata keçirməyi nəzərdə tutur. Kompleks yanaşma prinsipi bütöv pedaqoji prosesin öz mahiyyətindən irəli gəlir: pedaqoji proses ideya-siyasi, əxlaq, əmək, estetik, fiziki tərbiyə vəzifələrini vəhdətdə həyata keçirməklə şəxsiyyətin ahəngdar inkişafını təmin etməyə istiqamətlənir. Vahid pedaqoji prosesin hər hansı bir sahəsi çatışmadıqda tərbiyənin ümumi məqsədinə nail olmaq mümkün deyildir.

Kompleks yanaşma bütöv tərbiyə sisteminin, eləcə də onun hər bir tərkib hissəsinin səmərəsini yüksəltməyə, tərbiyə işində birtərəfliliyi aradan qaldırmağa imkan verir.

Bu prinsipin tətbiqi məktəbdə bütün tərbiyə sahələri üçün əlverişli şərait yaratmağı, hər bir şagirdi bu tərbiyə sahələrinə cəlb etməyi, müxtəlif tədbirlərin təşkilində tərbiyə vəzifələrini vəhdətdə planlaşdırıb həyata keçirməyi tələb edir.

Tərbiyəyə kompleks yanaşma habelə bu prosesdə iştirak edən bütün qüvvələri (müəllim, valideyn, uşaq və onun yoldaşları, ictimai təşkilatlar, şagird kollektivləri və s.) əlaqələndirməyi nəzərdə tutur.

Tərbiyədə pedaqoji rəhbərliklə insanın təşəbbüs və özfəaliyyətinin əlaqələndirilməsi (əməkdaşlıq) prinsipi. Bu prinsip pedaqoji nəzarətlə insanın sərbəstliyini əlaqələndirməyi, pedaqoji əməkdaşlığı nəzərdə tutur. Bu sahədə tərbiyə təcrübəsində iki cür səhvə yol verilir: ya uşaq tam sərbəst, özbaşına buraxılır, ya da onun hər addımına nəzarət edilir, ona daim qəyyumluq göstərilir. Hər iki hal zərərlidir. Birinci halda uşaq tam sərbəst olur, öz ağlı ilə hərəkət edir, heç kəslə hesablaşmır. İkinci halda o, başqalarından (böyüklərdən) asılı olur, heç bir sərbəst addım ata bilmir, aciz və passiv olur.

Bu sahədə orta xətt götürmək lazımdır; uşağa müəyyən sərbəstlik verməklə yanaşı, ona ağıllı pedaqoji rəhbərlik etmək, düzgün yol göstərmək vacibdir. Lakin bu zaman tərbiyəçi (valideyn) özünü hakimi-mütləq kimi yox, yaşlı yoldaş, məsləhətçi, təcrübəli insan və dost kimi aparmalıdır. Tərbiyəçi-müəllim uşağın hər addımına nəzarət etməməli, onun müstəqillik və təşəbbüskarlığını boğmamalıdır.

Pedaqoji təsirlərin (tələblərin) vahidliyi, sistemliliyi, ardıcıllığı və fasiləsizliyi prinsipi. Bu prinsip insana göstərilən təsirlərdə, tələblərdə vahid mövqedən çıxış etməyi, ardıcıl olmağı nəzərdə tutur. Tələblərdə vahidlik hamının uşağa eyni tələblə yanaşması deməkdir. Belə olduqda insana müəyyən davranış tərzini aşılamaq, onda müsbət adətlər yaratmaq asan olur. Vahidlik pozulduqda isə uşağı hər hansı qaydaya alışdırmaq çətinləşir. Məsələn, gecikən şagirdi bir müəllim dərsə buraxır, o biri buraxmırsa, bu halda uşaqda dəqiqlik, intizam adəti yaratmaq olmur; o, ümumi qaydaya yox, ayrı-ayrı müəllimlərin tələblərinə uyğunlaşır.

Tələblərdə vahidlik bir neçə xətlə həyata keçirilir: müəllimlərin tələblərində; müəllimlərlə məktəb rəhbərləri və uşaq təşkilatlarının tələblərində; məktəblə ailənin, məktəbdənkənar müəssisələr və ictimai təşkilatların tələblərində; ailədə valideynlərin tələblərində vahidlik gözlənməlidir.

Bu prinsip tərbiyəvi təsirlərdə – tələblərdə müəyyən sistem və ardıcıllıq gözləməyi nəzərdə tutur. Heç bir tərbiyə vasitəsi, metodu bütöv tərbiyə sistemindən ayrılıqda götürüldükdə səmərə verə bilməz. Tərbiyə işinin sistemi bu işi müəyyən sistem şəklində, məntiqi xətt üzrə qurmaqda, sadə formalardan mürəkkəb formalara keçməkdə, tərbiyə sahəsində varislik gözləməkdə, təsirlərin fasiləsizliyində ifadə olunur. Tərbiyəvi təsirlərdə (tələblərdə) fasilə yoxdur: insan hər an tərbiyə olunur. Tərbiyədə fasilə yaranmış keyfiyyətlərin, vərdişlərin pozulmasına səbəb ola bilər.

Təsirlərdə (tələblərdə) ardıcıllıq da gözlənilməlidir, yəni tərbiyəçi verdiyi tələbin üzərində axıradək durmalı, onun icrasına nail olmalıdır. Əks halda uşaqlar bu tələblərə ciddi yanaşmaz, müəllimin növbəti tələbləri yerinə yetirilməmiş qalar.

Şəxsiyyətin kollektivdə və kollektiv vasitəsilə tərbiyəsi prinsipi. Bu prinsip insanı təklikdə yox, kollektivdə, yalnız tərbiyəçinin təsiri ilə yox, həm də kollektiv vasitəsilə tərbiyə etməyi nəzərdə tutur. İnsan kollektivdən kənarda, kollektiv münasibətlərə daxil olmadan şəxsiyyət kimi tərbiyə oluna bilməz. O, bu halda öz şəxsi mənafeyi üçün yaşayan fərdiyyətçi kimi böyüyür. Kollektivdə isə o, öz inkişafı üçün daha əlverişli imkan əldə edir, kollektivçi kimi böyüyür.

Kollektiv fərdin inkişafı üçün təkcə əlverişli sosial mühit rolu oynamır. Düzgün təşkil olunmuş kollektiv həm də tərbiyəçi kimi çıxış edir; öz üzvlərini tərbiyə edir. Bu halda o, tərbiyənin obyektindən subyektinə çevrilir. Tərbiyə işində tərbiyəçinin (müəllimin) təsiri nə qədər vacib olsa da, o hələ kifayət deyildir. Bu təsir uşaq kollektivinin təsiri ilə birləşdikdə daha böyük səmərə verir. Belə birgə təsir sayəsində uşaqda müsbət keyfiyyətlər formalaşdırmaq, neqativ halları aradan qaldırmaq daha asan olur. Belə paralel pedaqoji təsir həmişə öz bəhrəsini verir. Kollektivin qəti tələbi ilə uşağın daxili aləmində az vaxtda kəskin dönüş baş verir. Bunu “partlayış” nəzəriyyəsi adlandıran A.S.Makarenko kollektivi tərbiyə işinin başlıca forması, şəxsiyyətin tərbiyəçisi hesab edir və deyirdi ki, düzgün tərbiyə vahid, qüvvətli, nüfuzlu kollektivlər yaradılması yolu ilə mümkündür. Bu halda müəllim uşaq kollektivi simasında qüvvətli köməkçi əldə etmiş olur.

Yuxarıda nəzərdən keçirilən tərbiyə prinsipləri qarşılıqlı vəhdət təşkil edir. Bütöv tərbiyə prosesində onlar kompleks halda özünü göstərir. Yalnız prinsiplərin qarşılıqlı əlaqədə götürülməsi tərbiyə işini səmərəli qurmağa, onu düzgün idarə və tənzim etməyə imkan verir. Bu prinsiplərdən hər hansı birinə üstünlük verilməsi və ya digərinə laqeydlik göstərilməsi yolverilməzdir. Bu, bütün tərbiyə prosesinə xələl gətirə bilər.

Həm də real tərbiyə prosesində prinsiplər bir-birini şərtləndirir, tamamlayır. Məsələn, tərbiyədə məqsədyönlülük prinsipi digər prinsiplərin tətbiqində əsas götürülür. Bütün prinsiplər bu və ya digər dərəcədə bir-birilə bağlıdır. Buna görə də tərbiyəçi öz fəaliyyətində tərbiyə prinsiplərinə bir sistem halında yanaşmalı, onlara istinad etməlidir.

Tərbiyə prinsipləri humanist xarakter daşıyır, yəni onlar birlikdə insan şəxsiyyətinin inkişafına, nəcibləşməsinə xidmət göstərir. Müəllim insanın fərdi xüsusiyyətlərindən, real şərait və imkanlardan çıxış edərək tərbiyə prinsiplərini yaradıcılıqla tətbiq etməyə çalışmalıdır.

Ədəbiyyat

1. Kazımov N., Həşimov Ə. Pedaqogika, B., 1996, s. 213-233

2. Talıbov Y., Ağayev Ə., İsayev İ., Eminov A. Pedaqogika. B., 1993, s. 172-185

3. Abbasov A., Əlizadə H. Pedaqogika. B., 2001, s. 86-103

4. Paşayev Ə., Rüstəmov F. Pedaqogika. B., 2002, s. 329-338

5. İsmixanov M. Pedaqogikanın əsasları. B., 2005, s. 95-108

6. Qasımova L., Mahmudova R. Pedaqogika. B., 2003, s. 347-391

7. Həsənov A., Ağayev Ə. Pedaqogika. B., 2006, s. 284-310

8. Əhmədov B., Hacıyev A. Pedaqogikanın qanunları və prinsipləri. B., 1993, s. 238-255

Comments are closed, but trackbacks and pingbacks are open.