Press "Enter" to skip to content

Təyyar salamoğlu ədəbi tənqid tarixi

Ayağın Muğandır, başın Dağıstan,
Qüdrətdən yazılıb hüsnünə dastan.
Bir canlı muzeydir qədim Qobustan,
Bəşərin binası sənsən, a Şirvan!

Salidə Şərifova: Azərbaycan ədəbiyyatşünaslığı: əsas tədqiq obyektləri və tədqiqat istiqamətləri (2014-cü ilin materialları əsasında) -II Məqalə

Müdafiə olunmuş dissertasiya işlərinin təkrar nəşrinə aid Aygün Bağırlının “Səməd Vurğunun nəzəri-estetik görüşlərində klassik irs problemi”, Ramil Əliyevin “Türk mifoloji düşüncəsi və onun epik transformasiyaları (Azərbaycan mifoloji mətnləri əsasında)”, Təranə Abdullayevanın “Azərbaycan ədəbi fikrində qərbçilik meyilləri” monoqrafiyalarını xüsusi qeyd etmək lazımdır. Aygün Bağırlının “Səməd Vurğunun nəzəri-estetik görüşlərində klassik irs problemi” monoqrafiyası müəllifin 25 iyun 2010-cu ildə Nizami adına Ədəbiyyat İnstitutunun D.01.131 Dissertasiya Şurasında müdafiə etdiyi namizədlik dissertasiyasının monoqrafik nəşridir. Sosrealizmin ənənələri toxunulmamış qalan monoqrafiyada S. Vurğunun fəaliyyətinin müxtəlif sahələri geniş elmi tədqiqata cəlb edilmiş və ədəbi-tənqidi görüşləri, elmi nəzəri irsinin klassik ədəbiyyat irsi ilə bağlılığı tədqiq edilmişdir. Ramil Əliyevin “Türk mifoloji düşüncəsi və onun epik transformasiyaları (Azərbaycan mifoloji mətnləri əsasında)” monoqrafiyası 28 mart 2008-ci il tarixində “Türk mifoloji düşüncəsi və onun epik transformasiyaları (Azərbaycan mifoloji mətnləri əsasında)” müdafiə etmiş olduğu doktorluq işinin monoqrafik nəşridir. Monoqrafiyada mif-əfsanə keçidinin semantikasının aşkarlanması, inkarnasiya, renkarnasiya problemlərinin totemizmlə bağlılığı açıqlanmışdır. Təranə Abdullayevanın “Azərbaycan ədəbi fikrində qərbçilik meyilləri” monoqrafiyası müəllifin 2007-ci ildə müdafə etmiş olduğu “XX əsrin əvvəlləri Azərbaycan ədəbi-bədii fikrində Qərbçilik meyilləri” adlı namizədlik işinin monoqrafiya kimi nəşridir. Monoqrafiyada XX əsrin əvvəllərində Azərbaycan ədəbi-fikir tarixində Qərbçilik meyillərinın ayrı-ayrı problemləri tədqiq olunur.
2014-cü ildə 5 məqalələr toplusu nəşr edilmişdir, o cümlədən:
– Ədəbi prosesin müasir problemləri kontekstində və elmi-nəzəri, metodoloji istiqamətdə məqalələri təqdim edən, XIX əsr, XX əsrin əvvəlləri, sovet dövrü ədəbiyyatının öyrənilməsinin yeni metodoloji aspektləri və nəzəri-metodoloji kоnsepsiyalarını tədqiq edən Təyyar Salamoğlunun “Azərbaycan ədəbiyyatının müasir problemləri” məqalələr toplusu;
– Müdriklik mücəssəməsi Heydər Əliyev fəaliyyətini işıqlandıran, H .Əliyev, F. Xoyski, M.Ə. Rəsulzadə, C. Cabbarlı kimi şəxsiyyətlərin istiqlal işığında xidmətlərini dəyərləndirən, Cabbarlı dünyasına nəzər salan, Azərbaycan ədəbiyyatşünaslığa töhfə vermiş Şəhriyar, C.X. Hacıyev, A. Zeynalov, İ. Ağayev, V. Quliyev, N. Şəmsizadə, V. Arzumanlı və digər ədiblərin ədəbi portretlərini tədqiq edən Asif Rüstəmlinin struktur baxımından ədəbi portretlərdən ibarət “Müdriklik mücəssəməsi” məqalələr toplusu;
– İsa Muğannanın yaradıcılığının birinci mərhələsinin “Məşhər”lə tamamlanmasını açıqlayan, “İdeal”a keçidlə ədibin yaradıcılığında yeni mərhələnin yaranmasını göstərən, C. Məmmədquluzadə və altmışıncılar nəsli arasında İ. Hüseynovun körpü funksiyası daşıdığını vurğulayan, İ. Hüseynovun əsərlərindəki gərginliklərin lirizmlə müşahidə edilməsini təsvir edən Şəmil Sadiqin tərtib etdiyi “Ölümdən sonrakı həyat” məqalələr toplusu;
– “Heydərəliyevşünaslığa layiqli töhfə” və “Müdrikliyin zirvəsi” məqalələrində milli siyasi-ideoloji amilləri açıqlayan, dövlətçiliyimizin milli ənənələrinə münasibət bildirən, B. Nəbiyevin “Heydər Əliyev haqqında etüdlər” məqaləsi traktat nümunəsi kimi təqdim edilən, Heydər Əliyevin ədəbiyyat bilicisi və təbliğatçısı olmasını göstərən, “Şeirşünaslığın bəzi məsələləri” məqaləsində şeir dilinin milli dil qanunları zəminində reallıq tapmasını müəyyənləşdirən, “Bədii əsərin məzmun və forması” məqaləsində janrın çərçivə, model, forma müəyyənliyini əsas götürən, əsərin məzmununda tipikliklə naturalizmin fərqlərinə varan, bədii əsərlərin formasını vəzn və janrlarla bərabər, təsvir və ifadə vasitələrinə malik olmasını isbatlayan, Azərbaycan roman janrının inkişaf yoluna konseptual yanaşma tərzi ilə yanaşan, müəllifin özünün bir tədqiqatçı alim kimi tanıdılması məqamlarını incələyən Himalay Ənvəroğlunun (Qasımov) “Ədəbiyyatşünaslıq problemləri ədəbi-nəzəri düşüncə müstəvisində” məqalələr toplusu;
– “Sənətin sultanı”, “Yetmiş yaşlı cavan”, “Ölümdən əvvəl «Qətl günü»”, “Aşıq Pərinin azad ruhu” və digər sərlövhəli maraqlı məqalələrində XX əsrin tanınmış mədəniyyət, görkəmli incəsənət xadimlərini, korifey sənətkarları, bənzərsiz sənət adamlarını dəyərəndirən Təranə Vahidin “Doxsan imza. Mədəniyyət yazıları silsiləsi” məqalələr toplusu.
Məqalələr toplusunun nəşrinə aid əsərlər arasında Şəmil Sadiqin tərtib etdiyi “Ölümdən sonrakı həyat” və Təyyar Salamoğlunun “Azərbaycan ədəbiyyatının müasir problemləri” məqalələr toplularını xüsusi vurğulamaq lazımdır.
Şəmil Sadiqin tərtib etdiyi “Ölümdən sonrakı həyat” məqalələr toplusunda İsa Muğannanın vəfatından sonra müxtəlif qələm sahiblərinin xatirələri əsasında qələmə alınmış məqalələr toplanılmışdır. Akademik İsa Həbibbəylinin “İsa Hüseynovdan İsa Muğannaya: Axırıncı əlyazma və bütöv dünya” ön söz yerinə olan məqalədə, Nizami Cəfərovun “Biz dünyadan gedər olduq”, Şəmil Sadiqin “İsa Muğanna ilə son söhbətim”, Sabir Rüstəmxanlının “O, bizim gəncliyimizin idealı idi”, Tahirə Məmmədin «Muğannanın Ün-ü və “GürÜn”ü», Rüstəm Kamalın “İsa Muğanna kim idi?”, Nazim Muradovun “İsa Hüseynov (İsa Muğanna)”, Orahan Arasın “Hakikat cümle alemdedir” və digər müəlliflərin məqalələrində Xalq yazıçısının ölümündən sonra verilən ədəbi qiymət kimi əhəmiyyət kəsb edir.
Təyyar Salamoğlunun “Azərbaycan ədəbiyyatının müasir problemləri” kitabı altı fəsil (Ədəbiyyat tarixi; Ədəbiyyatşünaslıq; Çağdaş ədəbi proses; Ədəbi tənqid tarixi; Türk xalqları ədəbiyyatı; Publisistika) və ədəbiyyat tarixi, ədəbiyyatşünaslıq, ədəbi tənqid tarixi, çağdaş ədəbi proses, türk xalqları ədəbiyyatı və b. sahələr üzrə 1987 – 2014-cü illər arasında qələmə alınmış 54 məqalədən ibarətdir. Məqalələr Azərbaycan ədəbiyyatı tarixinin 3 əsrini (XIX-XXI əsrlər) əhatə edir. Məqalələrdə Q.B. Zakir, M.F. Axundzadə, M.Ə. Sabir, A. Şaiq, S. Mənsur, M.C. Paşayev, İ. Əfəndiyev, İ. Hüseynov və digər ədiblər Azərbaycan ədəbiyyatının ən yeni mərhələsində analitik müstəviyə gətirilir, ədəbi prosesin müasir problemləri kontekstində təqdim edilir.
Qeyd etmək istərdim ki, Təyyar Salamoğlunun “Azərbaycan ədəbiyyatının müasir problemləri” məqalələr toplusu təəssüf ki, yalnız müasirliyi təbliğ etmir. Ədəbiyyat tarixinə aid məqalələr toplusunda qismən də olsa əksini tapmışdır. Bu baxımdan məqalələr toplusunun adı ilə məzmunu arasında vəhdətin olmaması özünü ilk növbədə göstərir. Bu uyğunsuzluğu müəllifin səhvi kimi dəyərləndirməliyik. Çünki məqalələr toplusunun əhatə dövrünü nəzərə alıb, adını geniş vermək olardı. Nəşr edilmiş kitab hansı dövrləri əhatə edirsə, kitabın adında da o dövrün tədqiq olunması özünü əks etdirməlidir.
Təəssüf hiss ilə qeyd etməliyik ki, 2014-cü ildə qələmə alınmış monoqrafiya və kitab müəllifləri arasında digər müəlliflərin əsərləri əsasında öz imzaları ilə kitabların formalaşdırılması ənənəyə çevrilmişdir. Bu da müəlliflərin müəllif hüquqlarının pozulması kimi dəyərləndirilməlidir. 2014-cü ildə 6 belə kitab nəşr edilmişdir, o cümlədən:
– XX əsrin əvvəllərində ədiblərin yaradıcılığındakı əfsanə və rəvayətləri, əfsanə və rəvayət təmayüllü hekayəçilik ənənəsini 20-50-ci illərdə dəyişikliklərə uğrayaraq davam etdiyini göstərən, 1960-cı illərdən başlayan yeniləşmə hərəkatında əfsanə və rəvayət mövzusuna yeni məzmunda yanaşmanı əks etdirən A. Şaiqin, S. Hüseynin, S.S. Axundovun, S. Rəhimovun, S. Axundovun, M. Abbaslının, İ. Əfəndiyevin, M. Hüseynin, Ə. Məmmədxanlının, İ. Şıxlının, Ə. Cəfərzadənin, R. Rzanın, M. İbrahimovun, S. Behrəngin, Elçinin əfsanə və rəvayət mövzusunda yazdıqları hekayələrin antoloji nəşri olan Nigar İsayevanın “Hekayələşən hekayətlər” kitabı;
– 1945-1946-cı illərdə əski əlifbayla nəşr olunmuş, R. Rzanın redaktorluğu ilə cəmisi 17 sayı nəşr edilmiş “Azərbaycan” dərgisindən Azərbaycan ədəbiyyatı və mədəniyyəti ilə bağlı S. Ordubadinin “Şəmsəddin Təbrizi və onun elmə aid nəzəriyyələri” və “Təbrizlilərin mübarizə tarixindən”, M. Arifin “Şairlərimiz haqqında bəzi qeydlər”, M. Cəfərin “Mübariz xalq şairi”, A.Şaiqin “Sevimli şairimiz” və s. məqalələri ictimaiyyətə çatdıran, cəmiyyətə məlum və naməlum imzalarla verilmiş məqalələrin ədəbi və mədəni baxımdan əhəmiyyətini əks etdirən Pərvanə Məmmədlinin “Hər iki tayın gerçək aynası – “Azərbaycan” dərgisi” kitabı;
– Cavad Heyətin həyat və fəaliyyəti haqqında xatirələri əks etdirən, tibb sahəsindəki uğurlarını açıqlayan, “Varlıq” jurnalının yaradıcısı olmasını vurğulayan, “Varlıq” jurnalının fəaliyyətinin Şimal və Cənub arasında körpü rolunda çıxış etməsini Azərbaycan və Türkiyə yazarlarının (akad. Rafael Hüseynovun, yazıçı Anarın, filosof Zümrüd Quluzadənin və b.) məqalələri əsasında göstərən Pərvanə Hacı qızı (Məmmədli) və Baxşəli Zülfünün “Varlığımız” kitabı.
Digər müəlliflərin əsərləri əsasında ktabların formalaşdırılmasına aid Fəridə Hicranın (Vəliyeva) “Röyanın sirləri müdriklərimizin idrak xəzinəsində”, Nikpur Cabbarlının “Elçin və Azərbaycan mühacirətşünaslığının problemləri”, Xuraman Hümmətovanın “Yunis Əmrə Azərbaycan ədəbiyyatşünaslığında” kitablarını xüsusi vurğulamaq lazımdır.
Fəridə Hicranın 184 səhifəlik “Röyanın sirləri müdriklərimizin idrak xəzinəsində” kitabının 13 vərəqində müəllif tərəfindən “röya nədir?” və “hamı röya görürmü?” suallarına cavab axtarılır. Monoqrafiyanın 171 səhifəsini isə yuxugörmə ilə bağlı inanc və sınamalar, yuxu yozmaları, Astiaqın yuxusu, Məhəmməd Peyğəmbərin yuxusu, Qurani-Kərimdən yuxu ilə bağlı surələr, Kitabi Dədə Qorqudda yuxu, Nizami Gəncəvinin əsərlərindən yuxu ilə bağlı seçmələr, Nəsrəddin Tusinin yuxu haqqında fikirləri, kimyaçı Svittin və Lomonosovun yuxuları, həmçinin tanınmış Azərbaycan ziyalıları B. Nəbiyevin, R. Əliyevin, M. Qasımlının, F. Vəlixanlının, T. Məmmədin, K.V. Nərimanoğlunun, B. Abdullanın, G. Əlibəylinin, N. Məmmədlinin, E. Hüseynbəylinin, M. Alməmmədovanın yuxu ilə bağlı məqalə və müsahibələri təşkil edir.
Elçinin rəhbərlik etmiş olduğu “Vətən” cəmiyyəti və bu cəmiyyətin mətbu orqanı “Odlar yurdu” qəzetinin Azərbaycan mühacirətşünaslığının yeni inkişaf mərhələsi ilə səciyyələnməsi, Elçinin məqalələrinin əlavədə verməklə, Azərbaycan mühacirətşünaslığını 4 nəslə ayırması (Birinci nəsil – erməni basqınlarından qaçıb əsas etibarilə Türkiyə pənah aparanlar, ikinci nəsil – Azərbaycan Demokratik Respublikasının məhv edilməsindən sonra mühacirliyə məhkum olanlar, üçüncü nəsil – İkinci Dünya müharibəsindən sonra stalinizmin qorxusundan vətənə qayıda bilməyənlər, dördüncü nəsil – əsas etibarilə Cənubi Azərbaycandan xarici ölkələrə köçmüş azərbaycanlılar) Nikpur Cabbarlının “Elçin və Azərbaycan mühacirətşünaslığının problemləri” monoqrafiyasında əksini tapmışdır. 96 səhifədən ibarət olan monoqrafiyanın 26 səhifəsi müəllifin “Elçin və Azərbaycan mühacirətşünaslığının problemləri” məqaləsini əhatə edir. Monoqrafiyanın səhifə 29-dan 93-ə kimi isə Xalq yazıçısı Elçinin «“Vətən” cəmiyyətinin təsis konfransında çıxış», «Azərbaycan mühacirəti haqqında», «Ədəbi proses: Olum, ya ölüm? (III məqalədən bir hissə)», «Məmməd Əmin Rəsulzadə», «Elçinlə ədəbiyyat söhbəti (Yaşarın xalq yazıçısı Elçinlə müsahibəsi (çıxarış))» məqalələrini əhatə edir.
Kitabın titul vərəqində müəllif kimi qeyd edilmiş Xuraman Hümmətovanın “Yunis Əmrə Azərbaycan ədəbiyyatşünaslığında” kitabında Yunis Əmrə yaradıcılığı haqqında XX əsrin əvvəllərindən başlayaraq, müasir dövrə qədər yazılmış və müxtəlif dövrləri (1927-2013) əhatə edən müxtəlif müəlliflərin məqalələri yer almışdır. Yunis Əmrə haqqında olan məqalələrin toplu halına salınması Azərbaycan və Türkiyə arasında qədim tarixə malik olan mədəni əlaqələrin mövcudluğunu təsdiq edir. Kitab Yunis Əmrə yaradıcılığında irfani məqamların aşkarlanması, türkdilli xalqlar arasında ədəbi əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyət kəsb edir. Yunis Əmrə Türk dünyasında yenilikçi bir şair kimi təqdim edilir.
2014-cü ildə Azərbaycan ədəbiyyatşünaslığı üçün sırf “yeni” monoqrafiya və kitablar məhdud şəkildədir. Lakin 2014-cü ildə nəsr edilmiş kitab və monoqrafiyalar yeni mövzuların işlənilməsindən xali deyildir. 2014-cü ildə 6 sırf belə monoqrafiya və kitablar nəşr edilmişdir, o cümlədən:
– Rəşad Məcidi Müstəqillik dövrü Azərbaycan lirik-epik şeirinin əsas yaradıcılarından biri kimi təqdim edən, onun daxili monoloqlar əsasında süjetli əsərlər yaratmasını göstərən, şeir yaradıcılığında romantik-realist olan, şeirlərinin nəticə etibarı ilə “romantika ağırlıqlı realist şeirlər”ə çevrildiyini göstərən İsa Həbibbəylinin “Bütün yönləri ilə yaradıcı” monoqrafiyası;
– Azərbaycan ədəbiyyatında tarixi roman janrının nəzəri-estetik problemlərini araşdıran, janrın ayrı-ayrı mərhələlərində yaranmış nümunələrin ideya-sənətkarlıq məziyyətləri və prinsiplərini açıqlayan alim kimi özünməxsus ədəbi məktəb yaratmağa nail olmuş Yavuz Axundlunun “Səssiz fəryad”, “Elmi axtarışlar yolunda ilk addımlar”, “Yenidənqurma oyunu, ölkənin süqutu”, “Ziyarətli günlərim” adlı fəsillərdə xatirələrini əks etdirən “Xatirələr işığında” kitabı;
– Hüseynbala Mirələmovun həyat və yaradıcılığı haqqında Azərbaycan cəmiyyətində elmi təsəvvür yaradan Nizami Cəfərovun “Hüseynbala Mirələmovun yaradıcılığı və ya ədəbi tərcümeyi-halı”monoqrafiyası;
– Xalq şairi Zəlimxan Yaqubun ədəbi, ictimai və siyasi-ideoloji fəaliyyətini tədqiq edən Nizami Cəfərovun “Zəlimxan Yaqub” monoqrafiyası;
– Müstəqillik illərində Qabil poeziyasında milli azadlıq mübarizəsi və Qarabağ problemini, Cənublu şairlərin poeziyasını tədqiq edən Bahar Bərdəlinin “Müstəqillik dövrü Azərbaycan poeziyası” monoqrafiyası;
– 1991-2005-ci illərdə Azərbaycan poeziyasında geniş işləklik qazanmış vətənpərvərlik, azadlıq, istiqlalçılıq, şəhidlik, qaçqınlıq və köçkünlük, torpaq və yurd həsrəti və s. məsələlərin təhlilini mövzu axtarışlarında yeni mərhələ kimi açıqlayan, mövzu, janr və üslub məsələlərinin təhlili fonunda mövcud ədəbi epoxanın bədii panoramını təsvir edən, Müstəqillik dövrü poeziyasını janr-üslub müstəvisində canlandıran, Güney mövzusuna yeni tərzdən yanaşan, Azərbaycan poeziyasının mövzu və problem baxımından təsnifatını verən Tofiq Əbdülhəsənlinin “Azərbaycan istiqlal poeziyası” monoqrafiyası.
Bu tip kitablar sırasında akademik İsa Həbibbəylinin “Bütün yönləri ilə yaradıcı”, Nizami Cəfərovun “Hüseynbala Mirələmovun yaradıcılığı və ya ədəbi tərcümeyi-halı” və “Zəlimxan Yaqub”, Bahar Bərdəlinin “Müstəqillik dövrü Azərbaycan poeziyası” monoqrafiyaları xüsusi seçilir.
Akademik İsa Həbibbəylinin qələmə aldığı “Bütün yönləri ilə yaradıcı” monoqrafiyasında müasir Azərbaycan şairi Rəşad Məcidin 2011-ci ildən sonra qələmə aldığı şeirləri 3 qrupa ayrılır: I. “Roman” liro-epik poeması ilə səsləşən yeni şeirlər; II. “Dastan” qrupu şeirləri; III. Lirikasında yeni mərhələ. İ. Həbibbəyli R. Məcidin yaradıcılığına həsr etdiyi portret-oçerkdə şairin yaradıcılığının lirik və ictimai motivləri özündə cəmləşdirən bir poeziya kimi xarakterizə edir. R. Məcidin “Roman” adlandırdığı poeziya nümunəsinin janrı liro-epik poema kimi təqdim edilir. Əsərin lirik şeirlərlə və epik təhkiyə ilə ifadə olunan hadisələrin nəzərə çarpacaq süjet əsasında poetikləşdirilməsi üzərində qurulması monoqrafiyada əksini tapmışdır.
Nizami Cəfərovun “Hüseynbala Mirələmovun yaradıcılığı və ya ədəbi tərcümeyi-halı” monoqrafiyası Hüseynbala Mirələmovun həyat və yaradıcılığı haqqında elmi təsəvvür yaradan tədqiqat əsəridir. Monoqrafiyada Hüseynbala Mirələmovun yaradıcılıq yolunun sistemli tədqiqi ilə yanaşı yazıçının bütün əsərlərinin vahid bir üslubda, konkret olaraq bədii-publisist üslubda birləşməsi və dil-üslub texnologiyasının zənginliyi açıqlanaraq təsvir-təfərrüat ustası kimi təqdimi özünü göstərir.
Nizami Cəfərovun “Zəlimxan Yaqub” monoqrafiyasında Xalq şairi Zəlimxan Yaqub millətin ruhundan qopmuş şair kimi, xalqının mentalitetindən qaynaqlanan mütəfəkkir sənətkarlardan biri kimi təsvir edilir. Bu şairin həyat və yaradıcılığına həsr olunan məqalələrdə əksini tapıb.
Bahar Bərdəlinin “Qabil poeziyası müstəqillik illərində” və “Cənublu şairlərin poeziyası müstəqillik illərində” adlı iki bölmədən ibarət olan “Müstəqillik dövrü Azərbaycan poeziyası” monoqrafiyası Qabil, Cənublu şairlər B. Azəroğlu, Ə. Tudə, S. Tahir, H. Billuri yaradıcılığı müstəqillik illəri prizmasından tədqiq olunur.
M. Rəfili, M.C. Paşayev, Y. Qarayev, B. Nəbiyev, K. Talıbzadə, K. Məmmədov, Ə. Mirəhmədov, İ. Həbibbəyli, Q. Paşayev və digər korifey alimlərin yaratdıqları elmi ənənələr bu gün inkişaf etdirilir. 2014-cü ildə Kamal Talıbzadə, Yaşar Qarayev, Kamran Məmmədov, İsa Həbibbəyli, Qəzənfər Paşayev kimi alimlərin elmi tezisləri davamçıları tərəfindən nəşr olunmuş kitab və monoqrafiyalarda inkişaf etdirilmişdir.
Ədəbiyyatşünaslığa gətirdiyi yeni nəzəri mülahizələri, baxışları, fərqli yanaşmaları ilə fərqlənən və C. Məmmədquluzadənin yaradıcılığını əhatə edən iri həcmli tədqiqatların müəllifi akademik İsa Həbibbəylinin davamçılarından biri kimi Səadət Vahabovanı göstərmək olar. S. Vahabovanın “Cəlil Məmmədquluzadə nəsrinin poetikası” monoqrafiyası müəllifin 22 fevral 2008-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun Müdafiə Şurasında müdafiə etdiyi namizədlik işinin monoqrafik nəşridir. Monoqrafiyada Cəlil Məmmədquluzadənin nəsr yaradıcılığının poetik strukturu, süjet və kompozisiya xüsusiyyətlərinin araşdırılması diqqəti cəlb edir. C. Məmmədquluzadə əsərlərinin müxtəlif hadisə və predmetlərin təsviri onu söyləyənin şahidliyi və iştirakı şəklində, rəvayət şəklində, yarı şahidlik, yarı rəvayət şəklində süjetin müəyyənləşdirilməsi də monoqrafiyada diqqəti cəlb edən problemlərdən birirdir.
Qəzənfər Paşayev Azərbaycan ədəbiyyatında İraqda yaşayan və sayı təqribən 2,5 mln-a çatan iraq türkmanlarının folklorunun toplanması və araşdırılması ilə məşğul olmuş tədqiqatçı kimi geniş tanınmışdır. Q. Paşayev “Azərbaycan dilinin Kərkük dialekti” mövzusunda namizədlik (1969) və “İraq Türkmən folkloru” mövzusunda doktorluq (1993) dissertasiyalarını müdafiə etmişdir. Son illərdə Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə “İraq-türkman nağılları” kitabını nəşr etdirmişdir. Qəzənfər Paşayevin irəli sürdüyü elmi tezislər Əli Şamilin “Colan türkmanları (folklor və etnoqrafiya örnəkləri)”, Asif Hacılının “Ahıska türkləri: İnanc dünyası”, “Ahıska türklərinin sürgün folkloru”, “Urumlar: tarix və folklor” kitablarında öz inkişafını tapmışdır. Əli Şamilin “Colan türkmanları (folklor və etnoqrafiya örnəkləri)” monoqrafiyasında Çolan türkmanlarının folklor və etnoqrafiya örnəklərini Azərbaycan türkcəsi ilə müqayisəli şəkildə, Suriyanın Colan, Bayır-Bucaq, Hələb və b. bölgələrində yaşayan Colan türkmanları ilə azərbaycanlıların dillərində, adət-ənənələrindəki yaxınlığı tədqiq edilmişdir. Asif Hacılının “Ahıska türkləri: İnanc dünyası” monoqrafiyasında Ahıska türklərinin mifoloji təsəvvür və dini inanclarına toxunulmuşdur. Mifopoetik və dini məzmunlu folklor mətnlərini və ədəbi əsərlərdən nümunələri tədqiq edən, xüsusilə mərasim nümunələrini açıqlayan Asif Hacılının “Ahıska türkləri: İnanc dünyası” monoqrafiyasında Ahiska türklərinin 1944-cü ildə doğma yurdlarından zorən sürgün edilməsini təsvir edən, doğma yurdlarına qaytarılmamasının sürgün faciəsi və yurd həsrətini ifadə edən “vətən ağıtları”, “köç yırları”, “sürgün uzamları” kimi folklor janrlarının ümumiləşdirilərək sürgün folkloru yaratmasını tədqiq etmişdir. Kitabda Ahıska türklərin XII əsrdən dövlətçilik ənənəsi, yəni cənubi-qərbi Qafqazda “Kartveloba” (“Gürcüstan”) və “Didi Türkoba” (“Böyük Türküstan”) yaratmaları, Ahıska türklərinin fərdi və milli özünüdərki (türkəm, müsəlmanam), toplum, mərasim və dini adətlərə münasibətləri, Ahıska türklərində tapınca (məzar tapıncı (kultu), peglər (xarabalıq tapıncı), Xıdırəlləz kultu, Al arvadı kultu, nazar kultu, qurd tapıncı, agac tapıncı) haqqında məlumat verilir. Asif Hacılının “Urumlar: tarix və folklor” kitabında Urumların etnik kimlik məsələsi açıqlanmış, urumların sürgün edilməsi və assimilyasiya siyasətinə məruz qalması işıqlandırılmış, xristian urumların türk dili olması subuta yetirilmişdir. Kitabda tarixən Krımda yaşamış və 1778-ci ildə Ukraynanın Azov boyu ərazilərinə zorən sürgün edilmiş türkdilli urumların etnik kimliyi açıqlanır və urumların (türkdilli yunanların) öz dillərində folklor nümunələri təqdim edilir.
Azərbaycan ədəbiyyatşünaslığının görkəmli nümayəndələrindən olan Kamal Talıbzadə bütün şüurlu həyatını ədəbiyyat elminə və milli şüurun formalaşmasına sərf etmiş alimlərimizdəndir. K. Talıbzadənin tədqiqatları ədəbiyyat tarixinin və tənqidinin bütün inkişaf yollarını əhatə etmişdir. Zəngin faktik materiallar əsasında yazılan «XX əsr Azərbaycan ədəbi tənqidi (1905-1917- ci illər)» monoqrafiyasında ədəbiyyatdaxili meyl və cərəyanları, bədii üslub və ədəbi məktəblərin qanunauyğunluqlarının ədəbi inkişafı birtipli proses kimi deyil, hərtərəfli proses kimi tədqiq olunur. K. Talıbzadə Azərbaycan ədəbiyyatşünaslığında xüsusi yer tutur. Təyyar Salamoğlu “Ədəbi tənqid tarixinə dair portret-oçerklər” dərsliyi, Rafiq Yusifoğlu “Müasir ədəbi proses və ədəbi tənqid” dərs vəsaiti ilə akademik Kamal Talıbzadənin yaratmış olduğu ənənəni layiqli davam etdirirlər.
Təyyar Salamoğlunun yenidən işlənərək üçüncü dəfə nəşr edilmiş “Ədəbi tənqid tarixinə dair portret-oçerklər” dərs vəsaitində M.F. Axundovun, F. Köçərlinin, H. Zeynallının, Ə. Hüseynzadənin, M. Hüseynin, Ə. Nazimin, M.A. Dadaşzadənin, C. Xəndanın, M.C. Cəfərovun, Ə. Hüseynovun, B. Nəbiyevin, N. Cəfərovun və digər ədiblərin ədəbi tənqid sahəsindəki fəaliyyətləri işıqlandırılmışdır. M.F. Axundovun ədəbi tənqiddəki mövqeyi və ədəbi tənqidin funksiyalarının aydın izahını verməsi, F. Köçərli ilk sistemli ədəbiyyat tarixinin yaradıcısı kimi, ədəbiyyat tarixinin inkişaf yolunu Azərbaycan ədəbiyyatı ümumtürk ədəbiyyatının tərkib hissəsi kimi, farsdilli Azərbaycan ədəbiyyatı mərhələsi, anadilli ədəbiyyat mərhələsi kimi) 3 dövrə işarələməsi, Ə. Hüseynzadə tərəfindən tənqidin “dünya ədəbiyyatı ilə fikirləşmək” kontekstində həlli, H. Zeynallının “sənət sənət üçündür yoxsa sənət həyat üçündür” tezislərini qəbul etməyərək “sənət həyatın bir qismidir” tezisini təbliğ etməsi dərs vəsaitində əksini tapmışdır. Bu dərs vəsaiti ilə Təyyar Salamoğlu akademik Kamal Talıbzadənin davamçısı olduğunu qəbul edir. K. Talıbzadənin kitabında Azərbaycan ədəbi tənqidinin tarixi köklərindən 1920-ci ilə qədərki inkişaf yolunun izlənilməsi, müəllifin qələmə aldığı dərslikdə isə 1920-ci ildən müasir günümüzə qədərki olan Azərbaycan ədəbi tənqidi tədqiq edilir.
Rafiq Yusifoğlunun qələmə aldığı “Müasir ədəbi proses və ədəbi tənqid” dərs vəsaitində ədəbi prosesdə baş verən proseslərin ümumiləşdirilməsi, ədəbi proses anlayışına aydınlıq gətirilməsi, ədəbi prosesə sənətkar yaradıcılığının təsiri, yaradıcılıq prosesi və onun mərhələləri (müşahidə, ideyanın doğulması, hərəkətverici qüvvənin tapılması, materialların toplanması və plan tərtibi, yazı prosesi, əsərin təkmilləşdirilməsi) və bir çox ədəbi problemlər əksini tapır.
Yaşar Qarayev “Hüseyn Cavidin “Xəyyam”ı”, “Cavid: sənətkar və tarix”, “Həqiqət və qəhrəman axtarışında: [Hüseyn Cavidin yaradıcılığı haqqında]”, “Mütəffəkir şair: [Hüseyn Cavid – 100]”, “Əsrin romantiki”, “Hüseyn Cavidin yaradıcılığı” və s. Hüseyn Cavid yaradıcılığına həsr edilmiş əsərləri ilə cavidşünas alim kimi ədəbiyyat tariximizdə adını yazdırmışdır. Bu gün Yaşar Qarayevin davamçıları yetişməkdədir. Onlardan biri də öz qələmi ilə seçilən Cavidə Məmmədlidir. Cavidə Məmmədlinin “Hüseyn Cavid və XX əsr Qərb fəlsəfi düşüncəsi” monoqrafiyasında Hüseyn Cavidin ədəbi-fəlsəfi görüşləri pozitivizm, həyat fəlsəfəsi, freydizm, tradisionalizm kimi Qərb fəlsəfi cərəyanları ilə müqayisəli şəkildə tədqiq edilir, həyat, insan, varlıq, din haqqında düşüncələrinə aydınlıq gətirilir. Allaha qayıdış fəlsəfəsi, xüsusi ilə də H. Cavid yaradıcılığı Qərb fəlsəfi cərəyanları kontekstində tədqiq edilir.
F.e.d. Kamran Məmmədov Yeni dövr Azərbaycan ədəbiyyatını tədqiq edən alimlərimizdən biri olmuşdur. “Qasımbəy Zakir” (1957, 1984) monoqrafiyasının müəllifi olmuş K. Məmmədov özündən sonra zəngin irs qoymuşdur. Dilarə Məmmədova qələmə aldığı “Qasım bəy Zakir və Qarabağ ədəbi-ictimai mühiti” monoqrafiyası ilə özünü Kamran müəllimin qoyub getdiyi ədəbi məktəbin layiqli davamçılarından biri hesab edir və alimin “Qasımbəy Zakir” kitabını şair haqqında yazılan “ilk monoqrafik, elmi-tədqiqat” əsəri adlandırır. D. Məmmədovanın “Qasım bəy Zakir və Qarabağ ədəbi-ictimai mühiti” monoqrafiyası XX əsrin əvvəllərinə aid söz ustadı kimi daim diqqət mərkəzində olmuş Q. Zakir yaradıcılığını Qarabağ mühiti kontekstində araşdırır. Zakirin həyatına həsr edilmiş “Qasım bəy Zakir” dastanı monoqrafiyada yer alır. Bu monoqrafiyada elmi və bədiiliyin sintez təşkil etməsini göstərir. Bu baxımdan “Qasım bəy Zakir və Qarabağ ədəbi-ictimai mühiti” adlı kitab elmi və bədii sintez nümunəsi kimi diqqəti cəlb edir. Qeyd etmək istərdim ki, K. Məmmədov “Qasım bəy Zakir” kitabında “Zakir dastanı”ndan söhbət açmışdır. “Qasım bəy Zakir və Qarabağ ədəbi-ictimai mühiti” monoqrafiyasında Zakir satiralarının ictimai satiranın müstəqil cərəyan kimi inkişafında müstəsna təsiri olmasını, Zakirin dil və üslub xüsusiyyətinin ədəbiyyatın inkişafındakı rolunu, realist və satirik əsərlərin müəllifi kimi xalq ədəbiyyatından bəhrələnməsini tədqiq etməsi də diqqəti cəlb edir.

Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:

Professor Asif Hacıyevin nüfuzlu Rusiya məcmuəsində məqaləsi dərc edilib

Yeni nəşrlər, Digər ali məktəblər, Rusiya

Ədəbi tənqidə yanaşma meyarının yeniliyi

Qürbət Mirzəzadənin ilk mətbu yazısını 1987-ci ildə «Bakı» qəzetində oxumuşam. Seyid Hüseynin 100 illik yubileyindən hazırlanan material idi. Onun cümlələrindəki fikir ardıcıllığı, dəqiqlık, səliqə xoşuma gəlmişdi. Qəzetçilikdən bilirdim: yazı dilinin səliqəsi anadangəlmə bir şeydir, o, adi bir məsələ deyil. Qürbətin ilk yazısında bunları hiss etdim.
O zaman Qürbət Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) 4-cü kursunda oxuyurdu. O, ədəbi tənqid qrupunda bu sahəni özü üçün ixtisas seçmişdi. Sonralar Qaradağ rayonunun ümumtəhsil məktəblərində müəllim işləyəndə də mətbuatla təmasını qoruyub saxladı: o, yazmağı sevir və bacarırdı, bu işdən zövq alırdı. 1998-ci ildə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna işə girəndə artıq filologiya elmləri namizədi elmi dərəcəsinə layiq görülmüş, on il pedaqoji stajı var idi.
Çox yaxşı ki, o, pedaqoji işi atmadı: elmi dərəcə alandan sora orta məktəblərin yeni yaranan dil və ədəbiyyat proqramlarının müzakirələrində, yenidən hazırlanmasında öz səmərəli təklif və rəyləri ilə çıxış etdi. Heç təsadüfi deyil ki, sonralar Bakı şəhər Təhsil İdarəsinin keçirdiyi «Azərbaycan dili və ədəbiyyat» fənn aylığı müsabiqəsinə təqdim etdiyi məqalə birinci yerə layiq görüldü və xüsusi diplomla mükafatlandırıldı. O, eyni zamanda BDU-da magistr pilləsində, Dillər Universitetinin, İctimai-siyasi Universitetin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin bakalavr pillələrində, Müəllimləri Təkmilləşdirmə İnstututunda tənqid tarixi, ədəbiyyat nəzəriyyəsi, ədəbiyyat tarixi, ədəbiyyatın tədrisi metodikasından dərs dedi. Akademiyada əməkhaqqı çox aşağı idi, müəllimlik Qürbətin həm əlindən tutdu, həm də nəzəri biliklərinin praktikada tətbiq edilməsinə imkan yaratdı. Elmə, nəzəriyyəyə, ağlı zənginləşdirən biliklərə həvəs onda ilk elmi addımlardan qabarıq idi.
Su axar, çuxurunu tapar. Mətbu sözə, canlı ədəbi proseslərə maraq onu ədəbi tənqidlə ömürlük bağlılığa gətirib çıxardı. Qürbətin elmi fəaliyyətində tanınmış tənqidçi, respublikada dünya ədəbiyyatının mötəbər mütəxəssisi Əkbər Ağayev və onunla bağlı müasir Azərbaycan tənqidinin problemləri əsas yer tutur. Bu da onun elmi taleyini və marağını müəyyən etdi. Tənqid və nəzəriyyə bir vərəqin iki üzüdür. Digər tərəfdən, tənqid ciddi qələm sahibini mütləq xalqının ədəbi və siyasi taleyinə, ədəbiyyat tarixinin tükənməz zənginliyinə gətirib çıxarır.
Qürbətin professor Akif Hüseynovun və Şirindil Alışanlının rəhbərliyi ilə müdafiə etdiyi namizədlik dissertasiyası Əkbər Ağayevin ədəbi-tənqidi görüşlərinə həsr olunmuşdu. Onun bu mövzuya bağlanması professor Atif Zeynallı ilə başlamışdı. Qürbətin dövri mətbuatda dərc olunan məqalələri Atif müəllimin diqqətini cəlb etmişdi. Təsadüfi bir tanışlıqdan sonra onların arasında isti bir ünsiyyət yaranmışdı. Xeyirxah bir insan olan Atif müəllim ona tənqidçi Əkbər Ağayev ədəbi-tənqidi irsi ilə bağlı tədqiqat aparmağı məsləhət bilmişdi. İxtisas üzrə namizədlik minimumundan imtahan verərkən onun cavabları komissiya üzvlərinin və xüsusi olaraq komissiyanın sədri, AMEA-nın müxbir üzvü, professor Yaşar Qarayevin diqqətini də cəlb etmiş, orta məktəb müəlliminin elmi-nəzəri hazırlığı “əla” qiymətlə dəyərləndirilmişdi.
“Əkbər Ağayevin ədəbi-tənqidi görüşləri” bir mövzi kimi çox asan və həm də çox çətin idi. Onun tənqid irsi çalışdığı “Ədəbiyyat qəzeti” və onun səhifələrində yer alan ədəbi mübahisələrlə, tənqidimizin bariz və yarım gizlin polemikaları ilə üzvi surətdə bağlı idi. Əkbər müəllim bu polemika və diskussiyaların köklərini və səbəblərini yazıçı münasibətləri müstəvisində də bilirdi, onda közü küldən ayırmaqda xüsusi müdriklik və ustalıq var idi. Qürbət öz dissertasiyasında Əkbər Ağayevin qələmindəki, irəli sürdüyü fikirlərindəki bu xüsusiyyətləri xüsusi diqqətlə öyrənib mənimsəyir və sonralar çıxan kitabında bunu ətraflı əks etdirə bilmişdi. Qürbətin müəllimimiz Əkbər Ağayev haqda monoqrafiyası onun xatirəsinə gözəl hədiyyə oldu, o biri üzdən, onun irsi barədə müfəssəl məlumat verən və namizədlik dissertasiyası hüdudlarını keçən bir layiqli mənbəyə çevrildi. Sovet vaxtı nəzəriyyə qrifi ilə elmi iş müdafiə etmək və Moskvadan təsdiq almaq çətin idi. Ona görə belə işləri bir qayda olaraq ədəbiyyatşünaslıq qrifi ilə təqdim edirdilər. Amma aydın məsələdir ki, tənqid tarixi tam mənada ədəbiyyat elminin nəzəri sahəsidir, ədəbiyyat tarixinə və onun hadisələrinə, meyillərinə müxtəlif yanaşmaları nəzəriləşdirir.

Əkbər Ağayev Qərbi Avropa və rus ədəbiyyatı kurslarının gözəl bilicisi və unudulmaz müəllimi idi. Bu cəhət onun tənqidçi mövqeyində və müdrikliyində öz təzahürünü göstərirdi. Cavan ədiblər Qərb ədəbiyyatını təzəcə öyrənəndə və oxuyanda sənətkarlıq baxımından bizim xeyrimizə olmayan faktlar görürdülər. (Bu faktları ilk üzə çıxaranlardan biri də Firidun bəy Köçərli olmuşdu). Əkbər müəllim belə meyillərlə üzləşəndə çox böyük təmkinlə bütün ədəbiyyatlarda gördüyü xüsusiyyəti xatırlayırdı həmişə: ədəbi fikir hər xalqın məxsusi fikir tarixinin və mədəni təcrübəsinin tərkib hissəsidir. Ona görə hər bir milli ədəbi fakt fransız ədəbiyyatına oxşarlığa görə yox, xalqın öz fikir mədəniyyətinə bağlılığı ilə qiymətlidir.
Tədqiqatçı öz müəllimlərinin ən yaxşı ənənələrini davam etdirərək, milli ədəbiyyatlar arasında əlaqələr probleminə tənqidin fəal iştirakı baxımından da nəzər salaraq bu barədə ayrıca məqalə yazmışdır. Ədəbi əsərlərin başqa dillərə tərcüməsi ədəbiyyatlararası təsirin mühüm və ən çox yayılmış formasıdır. Lakin ədəbiyyatlar bir-birinə nəzəri-tənqidi fikir vasitəsilə də mühüm təsir göstərə bilir. Məsələn, alman romantizm nəzəriyyəsində meydana çıxan ədəbiyyatın xəlqiliyi prinsipi tutaq ki, XIX əsr rus ədəbiyyatına nəzəri təsir nəticəsi kimi də keçmişdir. Hətta təhkimçilik hüququna əsaslanan Rusiya mühitində romantik xalqçılıq prinsipi yeni, demokratik bir məna kəsb etmişdir. V.Belincki və alman ədəbi estetikası təsirində olan digər inqilabçı-demokratlar alman romantik xalqçılığı prinsipinə əsaslanaraq təhkimçilik sisteminə qarşı yönəlmiş yeni bir ədəbi cərəyan formalaşdırdılar. Alman fikrindən fərqli olaraq, rus inqilabçı demokratlarında xalqçılıq folklorla əlaqəsini itirib Rusiyadakı quldar təhkimçilik sisteminə qarşı yönəlmiş, rus kəndlisinin hüquqlarını müdafiə edən bir ədəbiyyata çevrilmişdi.
Azərbaycanda təhkimçilik yox idi, amma hələ çarizm dövründə C.Məmmədquluzadə, Ə.Haqverdiyev, N.B.Vəzirov kimi yazıçılarımız sadə azərbaycanlı kəndlisinin hüquqlarını müdafiə edən, onun sosial obrazını yaradan xəlqi bir ədəbiyyat yaradıb bədii fikrimizi zənginləşdirdilər. Sovet dövründə isə xalqçılıq prinsipi, əslində, qadağan olunmuş millət və milli anlayışının yeni adına çevrildi, hətta kəndli sinfi inqilabçı bir qüvvə kimi ədəbiyyata gətirilməyə başladı. Dediklərimiz ədəbi tənqiddə qarşılıqlı təsir probleminin necə mühüm hadisə olduğunu Qürbətin xüsusi olaraq qeyd etdiyi kimi, hələ az öyrənildiyini göstərir. Əslində, milli ədəbiyyatların yeniləşməsində, zənginləşməsində cəmiyyətdə yayılan sosial doktrinaların və nəzəriyyələrin rolu ilk baxışda düşündüyümüzdən çox genişdir.
Məsələn, Azərbaycan ədəbiyyatında sosialist realizmi cərəyanının yaranması və inkişafı, əslində, marksizmin bir doktrina kimi yayılması və mənimsənilməsi ilə bağlıdır. Və ya freydizmin yayılması bu nəzəriyyənin XX əsr Avropa və Amerika ədəbiyyatında, kinosunda necə əsas fikir istiqamətinə çevirdiyini göstərməkdədir. Belə faktlar ədəbi-tənqidi fikrin və nəzəriyyənin böyük yeniləşdirmə potensialına malik olduğunu təsdiqləyir və bu hadisənin daha dərindən tədqiqini zəruri edir. Bu həm də ona görə vacibdir ki, 1960-1980-ci illərdə Azərbaycan nəsri və dramaturgiyası [email protected] Avropada yayılmış müxtəlif ədəbi cərəyanların təsirini hiss etmişdir. Sovet dövründə bu barədə danışmaq qadağan idi, amma indi plüralizm dövründə bu yöndə danışmaq və araşdırmalar aparmaq vacibdir. Məsələn, Elçinin bir sıra böyük əsərlərini eksistensializmin təsirini nəzərə almadan doğru anlamaq və qiymətləndirmək mümkün deyildir. Dediklərimiz rus sovet ədəbiyyatına da tam mənada aiddir.
Qürbətin bəzi resenziyaları problem məqalələr kimi diqqəti cəlb gəlir. Məsələn, mərhum Atif Zeynallının «Səməd Vurğun sənəti» (Elm, 1990) monoqrafiyası haqqında rəyi bu qəbildəndir. Qürbət sevdiyi mövzulara dərindən yanaşır. Səməd Vurğun poeziyası onun bir çox məqalələrindən qırmızı xətt kimi keçir. Bu məqalələrin çoxu müasir poeziyamıza, onun inkişaf mərhələlərinə aiddir. Poeziya da Qürbətin elmi marağına həm də Əkbər Ağayev irsindən keçmədir. Ümumiyyətlə, Qürbət ustad tənqidçilərdən Məmməd Arif, Məmməd Cəfər, Mikayıl Rəfili, Kamal Talıbzadə, Qulu Xəlilov, Yaşar Qarayev, Şamil Salmanov, Elçin, Şirindil Alışanlı kimi müəlliflər haqda həvəslə yazır. Onun Azərbaycan ədəbi tənqidinin indi orta nəsil tənqidçiləri kimi tanınan həmkarlarından bu sətirlərin müəllifi, Nizaməddin Şəmsizadə, Nizami Cəfərov haqda elmi-nəzəri siqləti ilə seçilən səmimi yazılarını da qeyd etməyə bilmərəm. Əsl tənqidçilər kimi, Qürbət də geniş ürək sahibidir: axı bunsuz heç kim tənqidçi ola bilməz. Amma bəzən öz qələminə layiq olmayan adlar haqda da yazır. Yəqin, bunsuz mümkün deyil, çünki tənqidçi də ən əvvəl insandır.
Qürbətin müasir poeziyaya marağı folklorumuza qədər gedib çıxır. Onun sevdiyi və bildiyi mövzulardan biri Şirvan aşıq mühitidir. Yeri gəldikcə o, el sənətkarlarından və aşıqlarından da yazır, onların hamısını az qala şəxsən tanıyır. Bir dəfə o mənim üçün nadir ifa hesab olunacaq aşıq mahnısını — “Şirvan gözəlləməsi«ni gətirmişdi. Orada Şirvan haqqında bir bənddə belə misralar vardı:

Ayağın Muğandır, başın Dağıstan,
Qüdrətdən yazılıb hüsnünə dastan.
Bir canlı muzeydir qədim Qobustan,
Bəşərin binası sənsən, a Şirvan!

Mən də onun kimi el sənətkarının ifasında səslənən şeirin elmi-tarixi dəqiqliyinə heyrətləndim. Düşündüm ki, doğrudan da, oxumaqla deyil, ilk növbədə, xalqı onun özündən öyrənmək lazımdır. Yüzlərlə kitab oxuyan alimlər bəzən bunu bacarmırlar. Çünki sovet təhsilinin bir məqsədi də Azərbaycan xalqını özündən gizləmək, onun özünün özünü tanımasına yol verməmək idi. İkinci tərəfdən, bu bənddə Qürbətin uşaqlıq çağlarının və gəncliyinin keçdiyi doğma yerlər və məkanlar özünün dəqiq coğrafiyası ilə dilə gətirilirdi.
Qürbət Mirzəzadə əvvəlcə ədəbiyyat nəzəriyyəsi şöbəsində çalışmış, şöbənin tədqiqat istiqamətlərinə uyğun yaradıcılıq problemləri, ayrı-ayrı nəzəri anlayış və kateqoriyalar barədə araşdırmalar aparmış, müşavirə və elmi konfranslarda yaddaqalan məruzələrlə çıxış etmişdir. Yaxşı xatırlayıram, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda keçirilən „Azərbaycan ədəbiyyat nəzəriyyəsi elminin vəziyyəti və vəzifələri“ mövzusunda müşavirədə onun etdiyi elmi məruzə öz sanbal və səviyyəsinə görə seçilirdi. Doğru olaraq mərhum tənqidçi-ədəbiyyatşünas həmkarımız, professor Nazif Qəhrəmanlı müşavirə ilə bağlı „Əhəmiyyətli müzakirə“ adlı yazısında Qürbətin etdiyi məruzəni təqdir edilən çıxışlar sırasında fərqləndirərək — »Mənə Rasim Nəbioğlunun və Qürbət Mirzəzadənin məruzələri daha qayğıkeş və ciddi oxunuş təsiri bağışladı. Yaxşı ilə yamanı, dürüst ilə yanlışı seçmək özü nəzəri keyfiyyətdir” — qənaətinə gəlirdi.
Son altı ildə Qürbət yenidən bərpa olunan Əbəbi tənqid şöbəsində çalışır və 2013-cü ildən hər il institutda keçirilən Ədəbi proses müşavirələri üçün ədəbi tənqidin illik icmallarını hazırlayır. Bu sahədə onda peşəkar keyfiyyətlər formalaşıb, faktlara həcminə görə yox, elmi dəyərinə, filoloji fikrimizdə gedən yeniləşmə meyillərini əks etdirmək xüsusiyyətinə görə yanaşır. Faktlarda tendensiyaları və inkişaf meyillərini axtarır və qiymətləndirməyə çalışır. Bu baxımdan özünü Yaşar Qarayev məktəbinə aid edir və öz müəlliminin miras qoyduğu təlim və dəyərlərə ehtiramla yanaşır. Sayır ki, Yaşar Qarayev müasir tənqidin dil və üslubuna, anlayış və termin sırasına xüsusi yeniliklər gətirərək onun strukturunu müəyyənləşdirən orijinal keyfiyyətlər gətirmişdir. Xüsusilə teatr tənqidinin və teatrşünaslıq terminologiyasının ən peşəkar mərtəbəsi onun tənqid dilinə gətirdiyi akademik dəqiqliklə bağlıdır.
Bu dəqiqliyi Yaşar Qarayev hələ cavan yaşlarında Cəfər Cəfərovun Azərbaycan Dram Teatrına həsr olunmuş kitabını ana dilinə tərcümə edəndə başlamışdı. Sözügedən kitab bizim teatrşünaslığın fikir və problem təməlidir. Ondan istifadə edənlərdən çox az adam bu qiymətli kitabın tərcümə olduğunu bilir və onun son fəslinin isə Yaşar müəllim tərəfindən əlavə edildiyindən bəlkə də xəbərdar deyildir. Qürbət Mirzəzadənin öz müəlliminə sayqılı münasibəti onun ədəbi fikrimizdəki ənənələrə və fərdiyyətlərə ümumi dəyərverici yanaşmasının bir hissəsidir. Onunla tənqid və ədəbiyyatşünaslıq tariximizdən danışmaq həmişə maraqlı olur.
Qürbət Mirzəzadənin yazdığı icmalların digər xüsusiyyəti haqqında bəhs etdiyi müəlliflərin də dediyi kimi, onun yazılarının tənqidin tənqidi strukturunda qurulmasıdır. Bu icmallarda Cahangir Məmmədli, Qurban Bayramov, Vaqif Yusifli, Əsəd Cahangir, Təyyar Salamoğlu, İradə Musayeva kimi tənqidçilərlə maraqlı, səmərəli düşüncələr yaradan polemikalar vardır. Bunlar ədəbi prosesi daha çoxcəhətli görməyə və anlamağa yönəlib. Əslində, belə polemikalar olmadan tənqid icmalları sadəcə olaraq, faktların sadalanmasına çevrilə bilərdi. Bu gün Tehran Əlişanoğlunu nəsrin, Vaqif Yusiflini şeirin salnaməçisi sayırıqsa, Qürbəti də tənqidin salnaməçisi adlandıra bilərik.

Klassik ədəbiyyatımızın tədqiqi məsələləri də Qürbət Mirzəzadənin məqalələrində özünün obyektiv dəyərini tapır, bu həm də onun geniş elmi marağını səciyyələndirir. Məsələn, İranda keçirilən bir elmi konfransda «Mövlana Cəlaləddin Ruminin „Məsnəviy-i mənəvi“ əsərində süjet bədii mətnin həlledici amili kimi» mövzusunda məruzə edib. Bu məruzənin adı onun elmi mürəkkəbliyini göstərir, amma müəllif bu mürəkkəblikdən qorxmur. Klassik irsə aid yazılarından biri Ataəmi Mirzəyevin «Azərbaycan bədii tərcümə tarixi və Füzuli» kitabı haqqındadır. Mən sayıram ki, böyük Füzulinin tərcüməçiliyi haqda bircə məqalə elmi hünərdir. Lakin söhbət fundamental bir kitabdan gedir və tənqidçinin qədirbilənliyi hörmət doğurur.
Yeri gəlmişkən, Qürbət öz doktorluq dissertasiyasında divan ədəbiyyatına aid əsərlərdə ədəbi-nəzəri problemlərin qoyuluşuna ayrıca fəsil həsr edib. Bu yöndə o, akademik Kamal Talıbzadənin davamçısıdır, lakin irəli getməyə, sözügedən sahəni bir elmi kursa çevirməyə çalışır. Sayırıq ki, bu, çoxlu dissertasiyaların mövzusu olmağa layıqdir. Həm də bu divan ədəbiyyatını yaxşı bilərək ediləcəyi halda, nəzəri fikrimizin sərhədsiz bir yeni sahəsi olacaqdir. Düzdür, bu sahədə təşəbbüslər olub, amma bizim divan ədəbiyyatının spesifik nəzəri prinsiplərini araşdırmaq baxımından biz hələ ilk pillədəyik. Qürbətin yazdığı fəsil də təqdirəlayiqdir. Söhbət ərəbcə yazılmış əsərlərə şərh yazmaqdan getmir, daha çox ana dilində yazılan mətnlərimizin nəzəri bünövrəsindən gedir. Burada Şərqə məxsus dini-kanonik mətnlərdən yazılı ədəbi-bədii və elmi-nəzəri mənbələrə kimi mürəkkəb bir təkamül yolunu izləmək əsas məqsəd kimi müəyyənləşdirilib.
Qürbət Mirzəzadə polemikanı sevən bir tənqidçidir. Əslində, polemika, elmi-ədəbi fakt və hadisələrə tənqidi yanaşmaq, mübahisə etmək, humanitar fikirdə həqiqəti axtarmağın və ona yaxınlaşmağın bir üsuludur. Qürbət haqlı olaraq ədəbi prosesə qrup və dəstələrin sifarişi ilə, podratçı kimi gələn tənqidi görür və tənbeh edir. Ədəbi tənqiddə təsadüfi adamlar qala bilmir, çünki podratçı tənqidin işi aktuallığını itirən kimi mətbuata ayaq açan belə natəmiz xidmətçilər unudulub gedir. Predmetli polemikalar isə mətbuatda qalıb ədəbi prosesi yeni-yeni nəsillərin anlamasına xidmət edir.
“Ədəbi meyarlar itəndə. ” adlı tənqidi yazısında el şairlərinin mətnlərinə də tam ciddiyyətlə yanaşmağı vacib bilir, çünki ədəbi mətnin çapında xırdalıq yoxdur, o ya mətn özəlliyi qorunaraq çap edilməli, ya da heç edilməsə yaxşıdır. Başqa bir yazısında ədəbiyyat dərsliklərimizi saf-çürük etməyə, dərsliklərin elmi-metodik prinsiplərə söykənmək ənənəsinin vacibliyini, nəzəri biliklərə məxsusi önəm verilməsi zərurətini təsdiqləməyə çalışır.
Qürbətin doktorluq işi hazırdır. Əlbəttə, onun kimi istedadlı bir alimin belə geçikməsi onun dostlarının da xoşuna gəlmir. O, ədəbiyyat nəzəriyyəsindən mövzu götürəndə onda Məmməd Cəfər, Yaşar Qarayev, Kamal Talıbzadə artıq həyatda yox idi. Cavanlarda yanlış bir tendensiya yarandı: Azərbaycan ədəbiyyatının tarixindən ayrı bir nəzəriyyə haqda təsəvvürlər yayıldı. Bu, əslində, nəzəriyyə illüziyası, xalis nəzəriyyə aclığı idi və çoxlu cavan alimlərin axtarışlarının boş bir dalana dirənməsi ilə nəticələndi. Qürbət Mirzəzadə də bu şöbədə uzun zaman işlədiyindən bu döngələrdən ziyan çəkdi. Amma altmış yaş alim üçün əsl yetkinlik vaxtıdır, yazmaq fürsətidir. İnanırıq ki, Qürbət Mirzəzadə ən yaxşı əsərini hələ çap etdirməyib. Biz bu əsərləri mütləq oxuyacaq, ondan öyrənəcəyik və onu təbrik edəcəyik.

Müəllif: Rəhim Əliyev
Mənbə: edebiyyatqazeti.az

  • Teqlər:
  • ədəbi tənqid
  • , klassik ədəbiyyat
  • , klassik ədəbiyyatımızın tədqiqi
  • , Azərbaycan ədəbiyyatında sosialist realizm

Comments are closed, but trackbacks and pingbacks are open.