Press "Enter" to skip to content

Meteoroloji Məlumatlar

Xəzər dənizinin neft ve qaz ehtiyatları :
Xəzər — əhəmiyyətli nəqliyyat yolu və ətraf mühitin və havanın təmizliyində əhəmiyyətli faktor olmaqla yanaşı qiymətli təbii yataqlara malikdir. Xəzərin əsas sərvəti neft və qazdır. 1994-cü ilin sentyabr ayında qərb dövlətlərinin konsernləri ilə bağlanan müqavilə “əsrin müqaviləsi” adlanır. Aparılan tedqiqatlar göstərir ki, Xəzər dünyada böyük neft anbarıdır. Hal–hazırda Azərbaycanda hasil olunan neftin 67 %-i, qazın isə 95 %-i Xəzərdən çıxarılır.
Xəzər nadir və qiymətli balıq növləri ilə də zengindir. Abşeron yarımadasından şərqdə, neftlə zəngin bölgədə dənizin 100 m dərinliyindən metal bünövrələrin üstündə 100-dən çox süni adacıqlar təşkil olunub estakadalar düzəldilmişdir. Estakadaların ümumi uzunluğu 400 km-dən çoxdur. Estakadaların üstündə çoxmərtəbəli yaşayış evləri və ictimai binaları olan “Neft daşları” şəhəri yaradılmışdır.

XƏZƏR DƏNİZİNİN TARİXİ

Xəzər Avropa və Asiya sərhəddində yerləşən, Rusiya Federasiyası, Qazaxıstan, Türkmənistan, Azərbaycan və İran dövlətlərinin ərazisi ilə əhatə olunmuş dünyada ən böyük qapalı su hövzəsidir.

Bu hövzə özünün gözəlliyi, sehrkarlığı və sirli aləmi ilə hələ çox qədimdən məşhur səyahətçilərin, alimlərin, bəzi dövlət xadimlərinin diqqət mərkəzində olmuşdur.

Mütəxəssislərin fikrincə Mezozoy erasının başlanğıcında 30-min il davam edən Trias dövrü ərəfəsində Yer kürəsinin böyük sahəsini quru təşkil etmiş, sonralar həmin quru hissələri su basdığına görə dəniz əmələ gəlmişdir. Elmi ədəbiyyatda Tetis adlandırılan bu dənizin bir tərəfi İspaniyaya, o biri tərəfi, isə Zond adalarınadək çatırmış. Lakin Mezozoy erasının sonunda, yəni 70 milyon il davam edən Tabaşir dövründə gil, qum və əhəngdaşı çöküntülərinin uzun tarixi dövr ərzində toplanaraq suyun səthinə çıxması quru əmələgəlmə prosesinə güclü təkan vermişdir. Proses bu mərhələ ilə dayanmayıb davam etmiş, nəticədə Xəzər dənizi, Qara dəniz hövzəsindən tədricən ayrılmışdır. Amma tarixin müxtəlif dövrlərində Xəzərin sahəsi bəzən böyümüş, bəzən də kiçilmişdir. Tədqiqatçılar bu hövzənin İrandan Kuybışev şəhərinədək geniş əraziyə malik Ağcaqıl dənizi kimi də adlandırmışlar. Müasir Xəzərin formalaşması müxtəlif mərhələlər keçməyinə baxmayaraq milyon il bundan qabaq iqlimin kəskin dəyişməsi (Avropada, Asiyada və Şimali Amerikada buzlaşma dövrü və onun əriməsi prosesi) onun ərazisinin dövrü olaraq dəyişməsinə təsir göstərmişdir. Antik dövrün Xəzər dənizini öyrənməklə məşğul olmuş alim, səyahətçilərin maraqlı fikir və fərziyyələri əsasında demək olar ki, özünün çoxəsrlik tarixi ərzində Xəzərin çoxlu adları olmuşdur. Bəzi mənbələrdə bu adların sayı 40-dək, bəzilərində isə 100-dək göstərilir. Həmin adlar adətən onun sahilində məskunlaşmış əhalinin, böyük tayfa birliklərinin adına görə, ya da sahilyanı zolaqda yerləşən şəhər, vilayət, ölkələrin adlarına görə verilirdi bu baxımdan Xəzərin Hirkan, Abeskun, Xəzər, Xvalınsk, Kaspi, Pontik, Kimmerik, Sarmat, Xorasan, Tabasaran, Mazandaran, Göy, Ağdəniz, Rus, Bakı, Dərbənd və s. kimi adları bununla bağlı olmuşdur. Adlar içərisində yalnız Xəzər və Kaspi tarixi və coğrafi hüquq qazanaraq indiyə kimi qalmışdır.

Qədim yunan coğrafiyaşünası və tarixçisi Hekatey Miletli (e.ə. VI-V əsrlər) ilk dəfə olaraq Xəzərdən bəhs etmiş, onu okean körfəzi və Hirkan (Girkan) dənizi kimi adlandırılmışdır. Sovet tarixçisi L.A.Yelnski isə Hekateyin və onun müasirlərinin coğrafi baxışlarını bütövlükdə təhlil edərək belə nəticəyə gəlir ki, yunan səyyahı bütün dənizləri (Aralıq dənizi istisna olmaqla) o cümlədən Xəzəri qapalı hesab etmişdir. Lakin Herodotun dövründə Qırmızı, Ərəbistan və s. dənizlərin okeanla əlaqəsi aşkar edildi. Görünür tarixçi Herodot da bir dəniz haqqında olan baxışın mexaniki olaraq başqasına tətbiq edilməsinə qarşı çıxmışdır. Ona görə də Xəzərin heç bir dənizlə əlaqəsi olmadığını göstərmişdir. Xəzərə göl xarakteri e.ə. V-IV əsrlərdə daha çox irəli sürülürdü. Eyni zamanda əks nəzəriyyələr də mövcud idi. E.ə. II əsrdə yaşamış Ptolomey də birmənalı olaraq Herodotun fikrini təsdiq etmişdir. Sərkərdə Makedoniyalı İsgəndərin qoşunları Sırdərya ətrafında olduğu zaman (həmin vaxt Xəzər və Aral dənizləri bir-birindən ayrılmamışdır) İskəndərin silahdaşları belə hesab etmişlər ki, Sır-Dərya Xəzər dənizinə, Don çayı isə Azov dənizinə tökülür, Xəzər və Azov dənizi bir-birinə qovuşur. Hətta böyük mütəfəkkir Aristotel də Xəzərin qapalı höfzə olmasını müdafiə edirdi. Lakin onun Xəzərin Qara dənizlə yeraltı əlaqəsinin olması fikrini nəyin əsasında söyləməsini deyə bilmirik.

E.ə. IV əsrdə yaşamış Flavi Arrianın məlumatına əsasən hətta Makedoniyalı İsgəndər Xəzərin şimal və şərq okeanları ilə əlaqəsinin olması haqqında olan mübahisələrə son qoymaq məqsədi ilə əvvəlcə sərkərdə Partokla bu məsələni araşdırmağı tapşırmış, daha sonra onun bütün sahillərini yoxlamaq üçün cənubda dəniz donanmasının yaradılması haqda Heraklitə əmr etmişdir. Lakin İsgəndərin ölümü bu məsələni 40 il geri saldı. Bunu onun varislərindən biri Selevk Nikator həyata keçirdi. O, e.ə. 285-280-ci illərdə Hirkan hakimi Partokla əmr etdi ki, bütün sahilboyu səfər etsin və burada əsas məqsədlərdən biri Xəzərin xarakterini öyrənmək idi. Yəni o, başqa dənizlərlə birləşirmi, birləşirsə hansı ilə. Partokl dövrünün savadlı dövlət xadimi və alimi idi. Lakin səfər nəticəsində yazdığı əsərdə çox qəribə bir nəticəyə gəlmişdir. Tədqiqatçı Seyran Vəliyev yazır ki, Partokol Xəzərin şimalda şimal okeanı ilə birləşdiyi qənaətinə gəlmişdir. Həmin əsərin əldə olmamasına görə tədqiqatçı bunun səbəbini izah etmir. Lakin bu haqda elmi ədəbiyyatda ziddiyyətli fikirlər vardır. Bəzi alimlərə görə Partokl Qaraboğaz-Qöl körfəzinə gedən yolu okeana gedən boğaz hesab etmiş, başqalarına görə Manqışlağa qədər üzmüş yarımadanın şərqə döndüyündən okeanın başladığını zənn etmiş, bir başqasına görə isə Volqanı okeana gedən boğaz saymışdır. Yenə də L.A.Yelnski bunları təhlil edərək qeyd edir ki, Partokl Xəzərin yalnız Abşeron yarımadasınadək olan hissəsinədək üzmüş, qalan ərazini şimal dənizi hesab etmişdir. Beləliklə, bir neçə əsr ərzində qədim adamların Xəzəri okean körfəzi hesab etməsinə baxmayaraq e.ə. II əsrdə Ptolomey köhnə və yeni məlumatlar əsasında Xəzərin qapalı hövzə olmasını tam əminliklə söyləmişdir. Bu fikrin qələbə çalması əlbəttə bir əsrdən çox vaxtda mümkün olmuşdur. Sonrakı əsrlərdə də bu höfzəni okean körfəzi hesab edən alimlər olmuşdur. Bir məqamı yadda saxlamaq lazımdır ki, Xəzərin göl olması, qapalı hövzə olması həqiqəti 2 min ildən artıq mübahisədən sonra təsdiq edilmişdir. Xəzəri Qara, Baltik və başqa dənizlərlə yanaşı qoymaq olmaz.

Ümumiyyətlə, Xəzərin tarixi haqqında qədim dövrdə daha çox yunan müəllifləri (Hekatey, Herodot, Erotosfen, Strabon, Ptolomey və s.) ilk orta əsrlərdə isə yunanların fikirləri ilə tanış olmuş ərəb müəllifləri (Yaqut Həməvi, Zəkəriyyə Qəvzini, Əbül Fida, İstəxri, İdrisi) sonrakı əsrlərdə isə fars, türk, Avropa və rus səyyahları (İ.F.Seymanov, Q.V.Abix, N.N.Andrusov və s.) məlumat vermişlər. X əsrdə yaşamış Məsudi Xəzərdə üzən rus gəmiləri, Bakıda çıxarılan neft haqqında məlumat vermişdir. Eramızın 900-cü illərində ərəb müəllifləri İstəxri və İdrisi Xəzərin qapalı olduğunu sübut etmişdir. İstəxri yazırdı: “Hövzeyi-bəhru-əl Xəzərin bir nöqtəsindən çıxıb onun sahili boyu hərəkət etməklə, yenə həmin nöqtəyə qayıtmaq olar”.

Xəzərdəki neft haqqında tarixə belə fakt məlum olmuşdur ki, e.ə. 331-ci ildə M.İsgəndər İranı mühasirəyə alarkən qurduğu çadrı Xəzər sahilində yaşayan sakinlərin gətirdikləri gil qabın içərisində yanan neftlə işıqlandırmışdır. Bu hövzənin adı XV əsrdən müntəzəm olaraq Xəzər adlanmış, ilk xəritəsi isə 1616-17-ci illərdə çəkilmişdir. Xəzərin daha ətraflı tədqiqi XVIII əsrdə I Pyotrun göstərişi ilə ruslar tərəfindən aparılmış, hətta 1717-ci ildə onun yeni xəritəsi təshis olunmuşdur. I Pyotrun göstərişi ilə A.Beskoviç-Çerkaskanın təşkil etdiyi ekspedisiya Xəzərin şərq sahillərində olmuş, məlumatlar toplamışlar. XVIII əsrin 20-ci illərində İ.F.Soymonov tərəfindən Xəzərin tədqiqi aparılmış 1731-ci ildə hidrocoğrafi tərkibdə ümumi xəritəsini nəşr etdirmişdir. XIX əsrin II yarısında isə Xəzərin tədqiqində İ.V.Tokmaçev və M.İ.Voynoviçemin xüsusi xidmətləri olmuşdur. XIX əsrin əvvəllərində Kolodkin birinci dəfə sahillərin kompas şəklini hazırladı, əsrin ortalarında bu iş kontr-admiral İ.İvasintsevin rəhbərliyi altında davam etdirildi. 1856-cı illərədək ekspedisiya işi davam etdirildi, 1874-cü ildə bu ekspedisiyaların nəticəsində iki cildlik Həştərxan-Bakı-Aşurada haqqında “qısa hidrocoğrafi təsvir və Xəzər dənizində üzməyə rəhbərlik” adlı büt.öv atlas nəşr olundu.

XIX əsrdə P.S.Kollas, K.M.Ber, Q.V.Abix, E.X.Lents, N.İ.Andrusov və digərləri Xəzərin təbii şəraitinin öyrənilməsi sahəsində müəyyən işlər görmüş, bu işdə Bakı gömrüyünün və Xəzərdəniz hidrometroloji idarəsinin əməkdaşlarının çox böyük xidmətləri olmuşdur. İ.M.Knipoviçin rəhbərlik etdiyi ekspedisiya 1904, 1912, 1915-ci illərdə Xəzərdə müxtəlif işlər görmüşdür. XX əsrin əvvəllrindən başlayaraq sovet geoloqları İ.M.Qubkin, B.A.Appolov, K.P.Voskresenki, II dünya müharibəsindən sonra bu işdə Azərbaycanlı mütəxəssislər K.K.Gül, E.M.Şıxlınski, A.Q.Qasımov, M.İ.Abakorov, A.İ.Xəlilov və b. Xəzər haqqında çox dəyərli tədqiqatlar aparmışlar. Azərbaycanlı alimlər əsasən Xəzərin tədqiqatına 1947-ci ildən başlamışlar.

XVIII əsrdən etibarən mühüm iqtisadi-siyasi əhəmiyyətə malik olan, öz təbii sərvəti ilə məşhur Xəzər dənizi rusların diqqət mərkəzində olmuş, XIX əsrin 30-cu illərindən isə Azərbaycanın işğalından sonra bu hövzədən Rusiya və İran sərbəst şəkildə istifadə etmişlər. XIX əsrin sonlarından başlayaraq Xəzərin geoloji tarixi, neft qaz yataqları, bioloji şəraiti və s. tədqiqatlar bilavasitə azərbaycanlı mütəxəssislərin mühüm xidmətləri sahəsində aşkar olunmuşdur. Bu dövrdən etibarən Xəzərdə ağalıq uğrunda iki dövlətin Rusiya və İranın mübarizəsi daha səciyyəvidir ki, SSRİ dağılanadək burada bir çox maraqlı məqamlar diqqəti cəlb edir.

Müasir Xəzərin şimal-cənub uzunluğu təqribən 1200 km, orta eni 320 km, sahil xətttinin uzunluğu 6,5 min km (o cümlədən, 800 km-i Azərbaycanın ərazisində), sahəsi 370 min kv km. (1929-cu ildə isə sahəsi 422 min kv km- olmuşdur), dünya okeanı səviyyəsindən 28 metr aşağıdır. Ərazisində təqribən 50-dək ada və irili-xırdalı 130-dək bura tökülən çay vardır. Son 160 illik tarixində Xəzərin səviyyəsi 25,2 m. (1882) – 29,0 m. (1977) arasında tərəddüd etmiş, səviyyənin enməsi 3,8 m, son 100 ildə isə 3,2 m. olmuşdur. 1975-95-ci illər ərzində Xəzərdə su səviyyəsinin qalxması nəticəsində 12,5 min kv. km ərazi su altında qalmışdır. Bu zaman Azərbaycanda 48450 ha. sahəni su basmış, 2 milyard dollar ziyan dəymişdir. Bakı buxtasında suyun altında qalmış Karvansaray adasına, Lənkəranda su altında qalmış meşə qalığına əsasən belə nəticəyə gəlmək olar ki, hətta XII-XIII əsrlərdə Xəzərin səviyyəsi bu günkündən çox aşağı olmuşdur. 1320-ci ildə isə Xəzərin qərb sahilində tapılmış Marino-Sanuto xəritəsində belə bir yazı vardır: “Dəniz hər il bir ovuc içi qalxır və bir neçə yaxşı şəhərləri basmışdır”. Göründüyü kimi haqqında danışdığımız Xəzər çox geniş bir tarixə malikdir. Bu tarix onun əsrlərlə, minilliklərlə bölgədəki mühüm əhəmiyyətindən xəbər verir. Lakin XIX əsrin ortalarından başlayaraq sənayedə daha mütəşəkkil rol oynayan neft region dövlətlərinin diqqətini kəskin şəkildə Xəzərə yönəltmişdir. Əsrlərlə Rusiyanın Qafqazda apardığı mübarizələrin əsasında elə Xəzər kimi böyük hövzəsinin sərvətlərinə sahib olmaq dururdu. Buna görə də son 150 il Xəzər tarixində daha maraqlı məqamlarla zəngindir. Bu dövr ərzində dənizin Azərbaycan hissəsində 432 milyon ton neft, 318 milyard kubmetr qaz hasil edilmiş, 26 böyük yataqlar kəşf edilmişdir.

Əlbəttə, bu qədər sərvətin mənimsənilməsində aparıcı rolu Rusiya oynamışdır. Məhz dünya praktikasında ilk dəfə olaraq 1798-1830-cu illərdə dənizdə Xəzərin buxtasında qazılmış quyulardan neft çıxarılmışdır. 1872-ci ildən başlayaraq Avropanın neft nəhəngləri bölgədəki neft sahələrinə böyük maraq göstərmiş, 1873-cü ildə Robert Nobel (1829-1896) Abşeron, Xəzər neft yataqlarının istifadəsinə və ağ neft fabrikinin tikintisinə qardaşları Lüdviq və Alfred ilə birlikdə 25 min rubl sərf etmişdir. Həmin qardaşlar 1879-cu ildə neft şirkəti yaratmışlar. 1877-ci ildə L.Nobelin sifarişi ilə dünyada ilk neft gəmisi tikilib istifadəyə verilmişdir. “Zaratustra” adlanan dünyanın ən iri tankeri 40 ilə yaxın Xəzər dənizində işlədi. Xəzər neftinə daha sonra Rotşildlər maraq göstərmiş, öz fəaliyyət dairəsinə görə II yerə çıxmışlar. Sovet hakimiyyəti illərində də Xəzər nefti məşhurluğu ilə yanaşı, Moskvanın diqtəsi ilə güclü istismar olunmuş, həm də burada tətbiq olunmuş texnikanın səviyyəsi getdikcə yüksəlmişdir. İlk dəfə olaraq 1949-cu ildə sənaye üsulu ilə neftin istehsal edilməsinə Xəzər dənizində başlanmışdır. Ötən 50 il ərzində Xəzər nefti Sovet Rusiyasının güclü gəlir mənbəyi olmuşdur. XX əsrin 70-ci illərində Xəzərin tədqiqi ilə məşğul olan görkəmli azərbaycanlı coğrafiyaşünas alim Q.M.Gül bu haqda yazırdı: “Xəzərin sərvətləri müxtəlif və rəngarəngdir. Dünya durduqca Xəzər bəşəriyyətə xidmət edə, ona bol ruzi verə bilər. Bunun üçün onun təbii sərvətlərindən, iqtisadi imkanlarından ağıl və zəka ilə zamanın tələblərinə uyğun səmərəli istifadə yolları müəyyən edilməlidir”.

Lakin 90-cı illərdə baş vermiş ictimai-siyasi proseslər Xəzərin tarixində əsaslı dönüş yaradaraq əvvəllər keçmiş SSRİ-nin İranla bağladığı 10-dan artıq müxtəlif müqavilələr əsasında istismar praktikasını kölgədə qoymuşdur. Artıq regionda beş müstəqil dövlətin mövcudluğu onların xarici siyasətində “Xəzərdən yeni istifadəni” meydana çıxarmış, bu beynəlxalq əhəmiyyətli mövzuya çevrilmişdir. Elə buna görə də Xəzərin müasir tarixindəki ictimai-siyasi proseslərin öyrənilməsi mürəkkəb olduğu qədər də maraqlıdır.

Xəzərin sahəsi 380 min km²-dir. Sahil xəttinin ümumi uzunluğu (perimetri) 6380 km-dir. Ən uzun sahəsinin uzunluğu 1205 km, eni 554 km, ən dərin yeri 1025 m-dir. Xəzərin səviyyəsi okean səthindən 28 m aşağıdadır.

Xəzər dənizi ətrafında yerləşən dövlətlər:
Azərbaycan
Rusiya
Türkmənistan
Qazaxıstan
İran

Xəzər dənizinin sahil xəttinin uzunluğu Azərbaycan Respublikasında 955,08 km, Rusiya Federasiyasında 695 km, Qazaxıstan Respublikasında 2320 km, Türkmənistanda 1200 km, İran İslam Respublikasında 900 km-ə yaxındır.

Xəzər dənizinin adaları :
Xəzərdə çoxlu miqdarda adalar var (Pirallahı, Plita, Zorya, Muğan daşı, Kür daşı, Qarasu və s.)

Xəzər dənizinin yarımadaları :
Abşeron yarımadası – Azərbaycanda

Xəzər dənizinə axan çaylar :
Volqa ,Tərək, Ural, Kür, Qusarçay, Qudyalçay, Vəlvəleçay, Sumqayıtçay, Viləşçay, Lənkərançay və Astaraçay

Xəzər dənizinin neft ve qaz ehtiyatları :
Xəzər — əhəmiyyətli nəqliyyat yolu və ətraf mühitin və havanın təmizliyində əhəmiyyətli faktor olmaqla yanaşı qiymətli təbii yataqlara malikdir. Xəzərin əsas sərvəti neft və qazdır. 1994-cü ilin sentyabr ayında qərb dövlətlərinin konsernləri ilə bağlanan müqavilə “əsrin müqaviləsi” adlanır. Aparılan tedqiqatlar göstərir ki, Xəzər dünyada böyük neft anbarıdır. Hal–hazırda Azərbaycanda hasil olunan neftin 67 %-i, qazın isə 95 %-i Xəzərdən çıxarılır.
Xəzər nadir və qiymətli balıq növləri ilə də zengindir. Abşeron yarımadasından şərqdə, neftlə zəngin bölgədə dənizin 100 m dərinliyindən metal bünövrələrin üstündə 100-dən çox süni adacıqlar təşkil olunub estakadalar düzəldilmişdir. Estakadaların ümumi uzunluğu 400 km-dən çoxdur. Estakadaların üstündə çoxmərtəbəli yaşayış evləri və ictimai binaları olan “Neft daşları” şəhəri yaradılmışdır.

Xəzər dənizinin bioloji sərvətləri :
Xəzər dənizinin fauna və florasının özünəməxsus zənginliyi var. O başqa dəniz və göllərdən seçilir. Xəzərin faunası tipik dəniz faunasından ciddi fərqlənir. Xəzərin sahil zonasında üç qoruq yaradılmışdır: Azərbaycanda Qızılağac, Rusiyada Həştərxan, Türkmənistanda – Xəzər.
Xəzərdə 920-ə yaxın heyvan növü yaşayır. Xəzərdə onurğalıların 79 növü mövcuddur.Bunlardan başqa Xəzərdə 101 balıq növü də mövcuddur. Xəzər dənizinidə, nərə, uzunburun, qaya balığı, ağ qızılbalıq, qızıl balıq, Xəzər siyənəyinin beş növü, dəniz sıfı, ziyad, gülmə, çəki, xəşəm və başqa balıq növləri var.

Meteoroloji Məlumatlar

Xəzər dənizi planetimizin ən böyük qapalı su hövzəsidir. Okean və dənizlə əlaqəsi olmadığına görə Xəzərin dəniz adlandırılması şərtidir. Lakin geoloji kecmişdə Xəzər dənizi Ön Qafqazdakı Kuma-Manıç çökəkliyi vasitəsilə Azov, Qara dəniz və Aralıq dənizi daxil olmaqla Atlantik okeanı hövzəsinə aid idi. Dəniz iki böyük qitənin sərhəddindədir və beş ölkə ilə əhatə olunmuşdur: Azərbaycan, Rusiya, Türkmənistan, Qazaxstan və İran. Xəzər dənizi 36°33¢ ilə 47°07¢ şimal enlikləri və 46°43¢ ilə 54°50¢ şərq uzunluqları arasında yerləşir. Dəniz suyunun həcmi 78100 km 3 – dir [1, 2, 3].

Dünyanın göl sularının ümumi həcminin 45 % – i Xəzərin payına düşür. Okean və başqa su hövzələri ilə əlaqəsi olan dənizlərdən fərqli olaraq onun özünəməxsus hidrometeoroloji və bioloji rejimi var. Xəzər dənizinin səviyyəsinin daim tərəddüd etməsi ilə əlaqədar olaraq onun coğrafi və morfometrik xüsusiyyətləri vaxtaşırı dəyişir.

Onun ümumi sahəsi 378400 km 2 olub Yer kürəsi göllərinin ümumi sahəsinin 18 % – ni təşkil edir və dünya gölləri içərisində böyüklüyünə görə ikinci yeri tutan Yuxarı göldən (84100 km 2 Şimali Amerika) 4.5 dəfə artıq sahəyə malikdir. Sahil xəttinin uzunluğu isə adalarla birlikdə 7000 km – dir.

Xəzər dənizi meridional istiqamətdə şimaldan cənuba doğru təxminən 1200 km uzanır. Onun eni ən geniş yerdə 435 km (45°30¢ şimal enliyi paraleli istiqamətində), ən ensiz yerdə isə 196 km – dir (40°30¢ şimal enlikləri paraleli üzrə). Xəzər dənizi güclü şelf zonasına malik dərinsulu hövzədir. Orta dərinliyi isə 187 m-dir. Xəzər dənizinin sahilləri az girintili – çıxıntılıdır (Şəkil 1).

Morfoloji quruluş xüsusiyyətlərindən və fiziki – coğrafi şəraitdən asılı olaraq Xəzərin köndələn struktur astanalar vasitəsilə 3 hissəyə bölünməsi qəbul olunmuşdur: Şimali, Orta və Cənubi Xəzər.

Şimali və Orta Xəzər arasındakı sərhəd xətti şərti olaraq Çeçen adasını Tyub – Karakan burnu ilə birləşdirən xətt qəbul edilir. Orta və Cənubi Xəzər arasındakı sərhəd isə Çilov adası ilə Kuuli mayak xətti hesab olunur. Şimali Xəzər həmçinin şərq və qərb hissələrə ayrılır. Şimali Xəzərin qərb hissənin orta dərinliyi 4.5 m və maksimum dərinlik isə 25 m – dir.

Orta və Cənubi Xəzər isə bir-birindən Abşeron sualtı qalxması ilə ayrılır. Bu Abşeron yarmadasından Çələkən yarmadasına doğru sualtı assimmetrikdir. Burada ən böyük dərinliklər 140 – 150 m – ə çatır.

Xəzərin suyunun ümumi həcmi onun bu üç hissəsi arasında qeyri bərabər paylanmışdır. Şimali Xəzər ümumi həcmin yalnız 0,5 %-ni, Orta Xəzər 34 % –

ni təşkil edir. Suyun əsas hissəsi, yəni ümumi həcmin 65 % – i Cənubi Xəzərin payına düşür. Şimali, Orta və Cənubi Xəzərin sahələri və onların suyunun həcmləri nisbətləri uyğun olaraq 1:1,5:1,6 və 1:67:129 kimidir.

Xəzərin qidalanmasında əsas yeri Volqa çayının hövzəsi tutur. Volqa çayından başqa burada Terek, Sulak, Samur, Kür, Emba, Qafqazın kiçik çayları və İran sahillərindən axan çaylar aiddir. Bu çayların çoxu dənizə tökülən hissələrdə, deltalar yaradır. Bunların sırasına Volqa, Ural, Terek, Sulak və Kür aiddir. Hal – hazırda bura tökülən çayların deltaları azalmaqdadaır. Çayların çox böyük hissəsi əsasən Şimali Xəzərə tökülür. Şərq hissə demək olar ki, hidroqrafiq şəbəkədən məhrumdur.

Ada və yarımadaları. Xəzər dənizində irili-xırdalı ümumi sahəsi 2049 km 2 olan 50-ə qədər ada var. Şimali Xəzərdə adaların sahəsi 1813, Orta Xəzərdə 71, Cənubi Xəzərdə 165 km 2 – dır. Adalar adətən böyük olmayıb sahilə yaxın yerləşirlər. Şimali Xəzərin qərb sahilində dənizin ən böyük adaları – Çeçen (122 km 2 ) və Tülen (68 km 2 ) və çoxlu sayda alçaq adalar, Volqanın dənizsahili mənsəbində isə kiçik adalar mövcuddur. Dənizin şimal hissəsində Tülen arxipelaqı yerləşmişdir ki, aralarında ən böyükləri Kulalı ( 73 km 2 ) və Marskoy (65 km 2 ) – dur. Orta Xəzərdə Abşeron yarımadasından şərqdə Abşeron arxipelaqı adaları zəncirvarı formada uzanıb. Bunların içərisində ən böyükləri Cilov (28 km 2 ) və Pirallahıdır. Bakı buxtasından cənubda, qərb sahildə Bakı arxipelaqı adaları yerləşib (Böyük Zirə (Nargin), Kiçik Zirə (Vulf), Qum, Xanlar, Xərə-Zirə (Bulla), Səngi-Muğan (Svinoy), Zənbil (Duvannı), Gilgil (Oblivnoy), Gil, Daş-Zirə, Çınqıl ,Qarasu, Kür daşı arxipelaqı). Qeyd etmək lazımdır ki, adalar səviyyənin tərəddüdü ilə əlaqədar öz sahə və görünüşünü dəyişir. Cənubi Xəzərin şərq sahilində dar, meridional istiqamətdə uzanan Oqurçi adası yerləşir. Dənizin cənubunda adalar azdır. Hirkan körfəzinin girişində Aşur-ada və bir sıra xırda adalar vardır. Səviyyənin dəyişməsindən asılı olaraq Aşur-adası dövrü olaraq nazik dillə materiklə gah birləşir, gah da aralanır. Ən böyük yarımadaları Aqraxan, Buzaçı, Tyüb-Karaqan, Manqistau, Abşeron, Çələkən, Sarı, Miyan qala, Türkmənbaşı və s. [5, 20, 23].

Körfəzlər. Xəzərdə 20 – ə qədər körfəz vardır. Ümumiyyətlə götürdükdə, dəniz on iri körfəzə malikdir: Komsomolets, Manqistau, Qazax, Qara-Boğaz-Qol, Türkmənbaşı, Türkmən, Qızılağac, Həştərxan və Qızlar. Xəzərin İran sahilində iki iri körfəzi vardır: Hirkan (keçmiş Astrabad) və Ənzəli (keçmiş Pəhləvi). Xəzər dənizinin nəhəng körfəzi Qara-Boğaz-Qol xüsusi maraq kəsb edir. Dənizin səviyyəsindən asılı olaraq körfəzin sahəsi dövrü olaraq dəyişir. Onun sahəsi 25 min km 2 – ə yaxındır. Körfəz dənizlə eni 110 – 300 m arasında dəyişən və uzunluğu 8 – 10.5 km olan dar boğaz vasitəsi ilə birləşir. Qara-Boğaz-Qol körfəzinin səviyyəsi Xəzər dənizinin səviyyəsindən daimi aşağıdır. Səviyyələr arasındakı fərq dəyişəndir, dənizin səviyyəsindən asılıdır və 2 – 6 m intervalındadır. Boğaz vasitəsi ilə körfəzə daimi su axını vardır və bu suyun hamısı körfəz səthindən buxarlanır. Hər il Xəzərdən körfəzə təqribən 8 – 10 km 3 , yəni 20 – 300 m 3 /san su axır. Bu su vasitəsi ilə dənizdən körfəzə 150 milyon ton duz daşınır. 1980 – 1984 – cü illərdə körfəz süni damba vasitəsi ilə dənizdən ayrılmış, nəticədə Qara-Boğaz-Qol qurumuş və 18 min km 2 ərazidə nəhəng duz vadisi yaranmışdır. İldə Qara-Boğaz-Qol körfəzinin səthindən 1500 mm su buxarlanır, yağıntının miqdarı isə 70 mm/il – i keçmir. Ona görə də körfəzin suları əslində duzlardan doymuş məhlula bənzəyir. Onun duzluğu 300 ‰ – dir və dəniz tipli duzların çöküntüsünü verən yeganə hövzədir. Qara-Boğaz-Qol körfəzi mirabilit, qalit, astraxanit və s. mineral duzlarla çox zəngindir. Qızılağac körfəzi dənizin cənub-qərb hissəsi – Salyan rayonun cənubunda yerləşir. O, dənizdən Kürdili vasitəsilə ayrılır. Səviyyənin tərəddüdü ilə əlaqədar sahəsi daim dəyişir (710 km 2 ). Vaxtı ilə körfəzə Kürün qolları və s. çaylar tökülürdü. Körfəzin sahil xətti çox girintili-çıxıntılıdır. Onun sahili alçaq bataqlıqlardan və dillərdən ibarətdir. Körfəzin şimalı dayaz olub, cənuba getdikcə dərinləşir. Keçmişdə körfəzdə Sara, Qarabatdaq (Baklani), Yovşan (Burunki), Kulakin, İtdişi və s. adalar mövcud idi. Dənizin səviyyəsinin dəyişməsi ilə əlaqədar adalar sahillə birləşmiş, körfəz öz formasını dəyişmişdir. Bunun nəticəsində Sara adası yarımadaya çevrilmişdi. Səviyyənin dəyişməsi nəticəsində dənizin bəzi körfəzləri tamamilə qurumuşdu. Çeçen, Tülen adalarının sahəsi dayaz suların quruması hesabına artmışdı. Bir çox köhnə bankalar adalara çevrilmişdi. Şimali Xəzərin şimal-qərbində və şərqindəki çoxsaylı körfəzlər, buxtalar quruya birləşmişdilər. Cənubi Xəzərdə isə, xüsusilə onun cənub-şərqində dəniz 10 – 15 km geriyə çəkildi. Nəticədə Çiləkən adası materikə birləşdi və eyni adlı körfəz əmələ gətirdi. Həsən-Qulu körfəzi tamamilə qurudu, Türkmənbaşı körfəzinin sahəsi isə yarıya qədər azaldı .

Bunu paylaş:

  • Facebook-da paylaşmaq üçün tıkla (Yeni pəncərədə açılır)
  • Twitter-də paylaşmaq üçün tıklayın (Yeni pəncərədə açılır)
  • Click to share on WhatsApp (Yeni pəncərədə açılır)
  • LinkedIn-də paylaşmaq üçün tıklayın (Yeni pəncərədə açılır)
  • Pinterest-də paylaşmaq üçün tıklayın (Yeni pəncərədə açılır)

Comments are closed, but trackbacks and pingbacks are open.