Press "Enter" to skip to content

Xəbərdarlıq yol nişanları: onların mənası nədir? FOTO

Maraqlıdır ki, Vyana Konvensiyası hazırda dünyada qüvvədə olan yol nişanlarını 8 qrupa bölüb. Lakin ölkəmizin milli qanunvericiliyi sovet ənənələrini davam etdirərək Konvensiyada ayrıca qruplar kimi verilən məlumatverici və göstərici nişanları “məlumatverici-göstərici nişanlar” adlı vahid qrupda birləşdirib.

Yol nişanları

Apardığımız araşdırma və müşahidələr göstərir ki, ölkəmizdə yol hərəkəti qaydaları ilə bağlı çox ciddi məlumatsızlıq problemi var. Özü də həm sürücülər, həm də ən kütləvi hərəkət iştirakçıları olan piyadalar arasında qaydalardan xəbərsizlər çoxdur.

Son illər bu məsələlərdə bir balaca tərpəniş müşahidə olunsa da, cəmiyyətimizdə yol hərəkəti qaydalarına kütləvi maraq hələ ki, qənətbəxh deyil. Məsələn, otuz il stajı olan sürücünün geniş yayılmış adi yol nişanının mənasını bilməməsi çox düşündürücüdür. Belə halları nəzərə alaraq, Avtosfer.az saytında silsilə şəkildə yol hərəkəti qaydalarının izahı ilə bağlı yazılar dərc etmək qərarına gəldik. Bu işi yol nişanlarından başlamağı məqbul sayırıq.

Bugünkü ilk yazımda yol nişanlarının mahiyyəti, əhəmiyyəti və tarixi barədə ümumi məlumatı nəzərinizə çatdırmaq istəyirəm.

Yol nişanlarının meydana gəlmə tarixi barədə müxtəlif fikirlər mövcuddur. Hətta antik dövlətlərdə də yolçulara müəyyən məlumat vermək üçün istifadə edilən və nişan sayıla biləcək müxtəlif qeydlərdən, işarələrdən, yazılardan istifadə olunmuşdur. Təbii ki, belə işarələr müasir anlamdakı yol nişanları ilə eyniləşdirilə bilməz. Bəşər tarixində min illər boyu əsas nəqliyyat növü iş heyvanları və onların qoşquları olduğundan intensiv hərəkət olmayıb, birtipli yol nişanlarına da ehtiyac yaranmayıb. Lakin avtomobil nəqliyyatının ixtirası ilə vəziyyət radikal şəkildə dəyişdi. Bu nəqliyyatın hərəkət sürəti, insan iradəsindən kənara çıxa bilən texniki xüsusiyyətləri, habelə sürətlə çoxalması vahid yol hərəkəti qaydalarının və yol nişanlarının meydana gəlməsini şərtləndirdi.

Müasir yol nişanlarının ilk nümunələri 1903-cü ildə Paris şəhərinin küçələrində peyda olub. Bunlar cəmi 4 nişan idi. Sonrakı illərdə yol nişanlarının inkişafı bir qədər də irəli gedərək 1909-cu ildə Paris şəhərində xüsusi beynəlxalq konfransda “Avtomobillərin hərəkətinə dair” ilk beynəlxalq Konvensiya qəbul edildi. Bu Konvensiya şəkildə gördüyünüz dörd yol nişanını təsdiq etdi. Dördü də xəbərdarlıq xarakterli olan bu nişanlar planetimizin yollarında bu texniki vasitələrin ilk qaranquşları sayılır. Daha sonra 1926-cı ildə Paris şəhərində keçirilmiş konfransda yol nişanlarının sayı 6-ya çatdırıldı.

Xəbərdarlıq nişanlarından fərqli nişanlar isə ilk dəfə 1930-cu ildə meydana gəlib. Həmin il Cenevrədə keçirilən xüsusi konfransda 26 yol nişanı təsdiq edilib və həmin nişanlar 3 qrupa bölünüb: xəbərdaredlıq, məcburedici və göstərici nişanlar. Sonrakı illər yol hərəkəti qaydaları və buna uyğun yol nişanları təkmilləşdirilərək nəticədə hazırda dünyanın hər yerində, o cümlədən ölkəmizdə tətbiq olunan yol nişanları yaradılıb.

Hazırda qüvvədə olan yol nişanları 1968-ci ildə BMT-nin Vyanada keçirilən konfransında qəbul olunmuş “Yol nişanları və siqnallar haqqında” Konvensiyada müəyyən olunub. Sonrakı illərdə bu Konvensiyaya əlavələr edən Avropa Sazişi ilə, habelə bir neçə digər düzəlişlə yol nişanları indiki səviyyəyə çatdırılıb.

Keçmiş SSRİ-də ilk dəfə 1927-ci ildə cəmi 6 xəbərdarlıq nişanı təsdiq edilib. Sonrakı illərdə bu sahədə beynəlxalq qanunvericiliyin inkişafına uyğun olaraq yol nişanları da təkmilləşdirilib. Hazırda ölkəmizdə qüvvədə olan yol nişanları 1998-ci ildə qəbul edilmiş “Yol hərəkəti haqqında” Qanunun 4 saylı Əlavəsi kimi təsdiq edilib. Bu Əlavədə yol nişanları 7 qrupa bölünüb:

1) xəbərdarlıq nişanları;
2) üstünlük nişanları;
3) qadağan nişanları;
4) məcburi hərəkət istiqaməti nişanları;
5) məlumatverici-göstərici nişanlar;
6) servis nişanları;
7) əlavə məlumat nişanları (lövhəciklər).

Maraqlıdır ki, Vyana Konvensiyası hazırda dünyada qüvvədə olan yol nişanlarını 8 qrupa bölüb. Lakin ölkəmizin milli qanunvericiliyi sovet ənənələrini davam etdirərək Konvensiyada ayrıca qruplar kimi verilən məlumatverici və göstərici nişanları “məlumatverici-göstərici nişanlar” adlı vahid qrupda birləşdirib.

Yol nişanları müasir dövrdə yol hərəkətini tənzimləmənin ən geniş yayılmış və unikal texniki vasitəsidir. Ona görə də hər bir sürücü, hətta piyada, velosipedçi və başqa hərəkət iştirakçıları yol nişanlarını bilməli və ona riayət etməlidirlər.

Bütün yol nişanları beynəlxalq səviyyədə mütəxəssislər qrupu tərəfindən müzakirə edildikdən sonra təsdiq edilib. Ona görə də yol nişanları elə tərtib edilib ki, onların mənasını dünyanın istənilən ölkəsində yaşayan və istənilən dilində danışan insanlar asanlıqla başa düşə bilsinlər. Bu məqsədlə yol nişanlarında həmin nişanın mənasına və tələbinə uyğun formadan, rəng tərtibatından və rəmzlərdən istifadə olunub.

Yol nişanlarının formasına, ölçülərinə, rəng tərtibatına, tətbiq edilmə şərtlərinə dair məsələlər də qanunvericilikdə dəqiq tənzimlənir. Hazırda ölkəmizdə yol nişanları ilə bağlı bu məsələləri “Yol hərəkəti haqqında” Qanun, “Yol nişanları və siqnallar haqqında” Vyana Konvensiyası, bu Konvensiyanı tamamlayan Avropa Sazişi, habelə sovet dövründən qüvvədə olan QOST 23457-86 və QOST 10807-78 tənzimləyir. Bu normativ aktlarda nişanlara dair bütün təfərrüatlar əksini tapıb.

Yol nişanları sürücüləri və başqa hərəkət iştirakçılarını yoldakı şərait, hərəkət sxemi, hərəkət növbəliliyi və başqa zəruri məsələlər barədə məlumatlandırır. Hər qrupa daxil edilmiş yol nişanları öz təyinatına uyğun olaraq tətbiq edilməklə yollarda sürücülər və başqa hərəkət iştirakçıları arasında anlaşılmazlıqları, münaqişələri istisna edir, təhlükəsiz, fasiləsiz və rahat hərəkəti təmin edir. Ona görə də hər bir şəxs bütün yol nişanlarının mənasını və tələbini bilməlidir. Ən mühüm məsələ isə yolların qanunvericiliyə uyğun olaraq müvafiq yol nişanları ilə təchiz edilməsidir.

Ərşad Hüseynov, hüquqşünas
avtosfer.az

  • Teqlər:
  • yol hərəkəti qaydaları
  • , yol nişanları

Xəbərdarlıq yol nişanları: onların mənası nədir? – FOTO

Day.Az представляет новость на азербайджанском языке

“Ölkəmizdə tətbiq olunan yol nişanlarının 7 qrupa bölünür”.

Bu barədə Avtosfer.az-a yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirib.

Yol nişanlarının hər birinin həm adı, həm də nömrəsi var. Nişanın adı onun başlıca mənasını ifadə edir, nömrəsi isə nişanın qrupunu (birinci rəqəm), nişanın qrupdakı sıra sayını (nöqtədən sonrakı rəqəm), habelə eyni adlı bir neçə nişan varsa, həmin ad altındakı sıra sayını (ikinci nöqtədən sonrakı rəqəm) bildirir.

Yol nişanlarının 1-ci qrupunu təşkil edən xəbərdarlıq nişanları, onlara verilmiş ümumi addan göründüyü kimi, hərəkət iştirakçılarını (sürücüləri, piyadaları və s.) hərəkət etdikləri istiqamət üzrə mövcud olan təhlükə və onun xarakteri barədə məlumatlandırmağa xidmət edir. Xəbərdarlıq nişanlarına dair ümumi tələblər “Yol hərəkəti haqqında” Qanunun 62-ci maddəsində, nişanların özləri isə bu Qanuna 4 saylı Əlavənin 1-ci hissəsində verilmişdir.

Təhlükənin xarakteri xəbərdarlıq nişanı üzərinə çəkilmiş və mənası kifayət qədər asan başa düşülən rəmzlər vasitəsilə ifadə olunur. Ona görə də sürücülər və hərəkət iştirakçıları bu nişanların mənasını bilməli, konkret yerdə həmin nişanı gördükdə isə mövcud təhlükənin xarakterini, habelə ümumi hərəkət şəraitini (idarə etdiyi nəqliyyat vasitəsini, onun yükünü, meteoroloji şəraiti və s.) nəzərə almaqla tədbirlər görməyə başlamalıdır.

Xəbərdarlıq nişanları hərəkət iştirakçıları üçün hər hansı məhdudiyyət müəyyən etmir, yəni onları nəzərə almayan sürücü bu nişanların tələbini pozmaya görə məsuliyyətə cəlb edilə bilməz. Lakin bu nişanlar real təhlükənin mövcudluğu barədə məlumat verir. Ona görə də belə nişanları görən sürücü müvafiq təhlükənin mövcud olduğu sahədə şəraitə uyğun hərəkət qaydalarına, o cümlədən həmin şəraitin irəli sürəcəyi məcburi tələblərə riayət etməyə hazır olmalıdır (məsələn, dəmiryol keçidinə yaxınlaşma barədə xəbərdarlıq nişanını görən sürücü dəmiryol keçidində hərəkətlə bağlı bütün qaydalara riayət etməyə hazır olmalıdır və s.). Digər tərəfdən, yolun müvafiq sahəsində mövcud olan təhlükəyə uyğun olaraq həmin sahədə qadağan nişanları və ya nişanlanma xətlərinin köməyi ilə məhdudiyyətlər (sürətin məhdudlaşdırılması, ötmənin, zolaqlarda yerdəyişmənin qadağan edilməsi və s.) tətbiq oluna bilər ki, sürücülər bu məhdudiyyətlərə mütləq riayət etməlidirlər.

Xəbərdarlıq nişanlarının hərəkət iştirakçıları tərəfindən asan fərqləndirilə bilməsi üçün onların özünəməxsus əlamətləri (rəngi və forması) vardır. Onların əksəriyyəti əsas fonu ağ rəngdə olan və təpələrindən biri yuxarı yönəlmiş bərabəryanlı üçbucaq formasındadır. Bu üçbucağın kənarları boyu qırmızı haşiyə var. Bu əlamətlər xəbərdarlıq nişanlarından yalnız bir neçəsində mövcud deyil (1.3.1, 1.3.2, 1.4.1-1.4.6 və 1.31.1-1.31.3 nişanları). Xəbərdarlıq nişanları təhlükənin olduğu yol sahəsi barədə hərəkət iştirakçılarını qabaqcadan məlumatlandırmağa xidmət etdiyindən həmin nişanlar təhlükəli sahədən müəyyən qədər əvvəldə qoyulmalıdır. Bəzi xəbərdarlıq nişanları yaşayış məntəqələrində müvafiq obyekt (təhlükə) olsa da, tətbiq edilmir.

Ümumi şəkildə xəbərdarlıq nişanlarının aşağıdakı məsafələrdə (həmin hüdudlar çərçivəsində) quraşdırılması müəyyən olunmuşdur:

― yaşayış məntəqələrindən kənar yollarda icazə verilən hərəkət sürəti daha yüksək olduğundan təhlükəli sahənin başlanğıcından (təhlükənin mövcud olduğu yerdən) 150-300 metr qabaqda;

― hərəkət sürətinin nisbətən az olması səbəbindən yaşayış məntəqələrində təhlükəli sahənin başlanğıcından (təhlükənin mövcud olduğu yerdən) 50-100 metr qabaqda;

― buna zərurət olduqda fərqli məsafədə.

Hazırda ölkəmizdə 52 xəbərdarlıq nişanı nəzərdə tutulur. Onlardan ilk 10 ədədi dəmiryol keçidlərini işarələmək üçün tətbiq olunur. Bu da təsadüfi deyil, çünki dəmiryol keçidi yolda ən ciddi təhlükələrdən biri sayılır. Hətta tarixdə mövcud olan ilk yol nişanlarından biri dəmiryol keçidi barədə xəbərdarlıq nişanı olmuşdur.

Keçək nişanların izahına.

1.1 “Şlaqbaumlu dəmiryol keçidi” nişanı şlaqbaumla təchiz edilən (şlaqbaumun növündən asılı olmayaraq) dəmiryol keçidlərinə yaxınlaşmaq barədə xəbərdar etmək məqsədi ilə tətbiq olunur.

1.2 “Şlaqbaumsuz dəmiryol keçidi” şlaqbaumla təchiz edilməyən dəmiryol keçidlərinə yaxınlaşmaq barədə xəbərdar etmək məqsədi ilə tətbiq olunur.

Deməli, 1.1 və 1.2 nişanları bir-birinin alternatividir. Bu nişanlardan hər hansı birini görən sürücü yol hərəkətinin dəmiryol keçidində hərəkətlə bağlı bütün tələblərinə riayət etməyə, xüsusən də keçidi təhlükəsiz və qaydalar çərçivəsində keçməyə hazır olmalıdır. Əksər xəbərdarlıq nişanlarından fərqli olaraq, 1.1 və 1.2 nişanları təkrarlana bilər və belə halda ikinci nişan dəmiryol keçidinə azı 50 metr qalmış quraşdırılmalıdır.

1.3.1 “Birxətli dəmiryol” və ya 1.3.2 “Çoxxətli dəmiryol” nişanı bütün şlaqbaumsuz dəmiryol keçidlərinin qarşısında qoyulur. Müvafiq olaraq yalnız bir dəmiryolu (yəni cəmi 2 rels) olduqda 1.3.1, iki və ya çox dəmiryolu olduqda isə 1.3.2 nişanı tətbiq olunur. Bu nişanlar keçidin bilavasitə qarşısında svetoforla eyni dayaqda, svetofor olmadıqda isə ən yaxın relsə 20 metrdən az olmayan məsafədə qurulur.

1.4.1.-1.4.6 “Dəmiryol keçidinə yaxınlaşma” nişanları yaşayış məntəqələrindən kənar yollarda dəmiryol keçidinin şlaqbaumla və (və ya) svetoforla təchiz edilib-edilməməsindən asılı olmayaraq keçidə yaxınlaşma barədə sürücüləri əlavə məlumatlandırmaq üçün quraşdırılır. Bu nişanlar dəmiryol keçidinə yaxınlaşdıqca aşağıdakı xüsusi ardıcıllıqla qurulur:

– 1.4.1 nişanı (yolun sağ tərəfində qoyulur) və 1.4.4 nişanı (yolun sol tərəfində qoyulur) 1.1 və ya 1.2 nişanı ilə birlikdə, yəni dəmiryol keçidinə 150-300 metr qalmış qurulur;

– 1.4.3 (yolun sağında) və 1.4.6 (yolun solunda) nişanı təkrarlanan 1.1 və ya 1.2 nişanı ilə birlikdə dəmiryol keçidinə 50 metr qalmış qurulur;

– 1.4.2 (yolun sağında) və 1.4.5 (yolun solunda) nişanı isə müstəqil olaraq birinci və ikinci (təkrarlanan) 1.1 və ya 1.2 nişanları arasındakı məsafənin ortasında quraşdırılır (yəni 1.1 və ya 1.2 nişanı ilk dəfə keçidə 150 metr, ikinci dəfə isə 50 metr qalmış qoyulmuşdursa, 1.4.2 və 1.4.5 nişanları keçidə 100 metr qalmış qoyulacaqdır).

İzahını verdiyim nişanların şəkilləri, habelə onların yaşayış məntəqəsindən kənarda dəmiryol keçidində quraşdırılmasının tipik nümunəsi şəkildə əlavə olunur.

Böyütmək üçün şəkillərə klikləyin.ъ

Comments are closed, but trackbacks and pingbacks are open.