Press "Enter" to skip to content

Akademik İsa Həbibəyli yaradıcılığı Yusif Seyidovun gözü ilə

Bir söz ki, qaşlara düyün vuracaq
Gözəl söz olsa da, söyləmə, burax! (Nizami)

Sözün qüdrəti

Sözün qüdrəti danılmazdır. Əsas məsələ odur ki, yerində deyilsin.

Fərqi yoxdur, istər şirin olsun, istər kobud, yerində işlədilən sözün təsiri çağlayıb, məcrasını dağıdan sellərdən daha güclüdür. Leksik olaraq, bir şey və ya hadisə haqqındakı anlayışın səslə ifadəsindən ibarət olan nitq vahidi; kəlmə; dil və nitq mənalarına gələn sözdən keçmişdən-günümüzə istifadə edildiyi kimi, gələcəkdə də hər kəs ehtiyacı olduğu qədər istifadə edəcəkdir. Söz insanın tutan əli, görən gözüdür. Natiq və xətiblərin; şair və söz sənətkarlarının çəliyi, əsası həmişə söz olmuş, “söz”lə oturub, “söz”lə durmuşlar, nitqlərini mənalı və kəsərli sözlərlə bəzəmişlər.

Ana dilimizin ən böyük söz sərraflarından və ədəbi dil normalarının formalaşmasında müstəsna xidmətləri olan Şah İsmayıl Xətai söz haqqında belə deyir:

Söz vardır — kəsdirər başı,
Söz vardır — kəsər savaşı.
Söz vardır — ağulu aşı,
Bal ilən edər yağ bir söz.

Şair sözün gücünə nəzərləri cəlb etmiş, insanların “ağulu aşını, yağla bala” çevirəcək şirin sözlərə ehtiyacı olduğunu bildirmişdir. İnsanların kinini sevgiyə çevirəcək, düşmənçilik əvəzinə dostluğu artıracaq, fərqli irqlərdən, dinlərdən olmasına baxmayaraq qəlbləri bir-birinə daha çox isindirən virdimiz olan, dilə düşən və dildən düşməyən xoş sözlərdir.

“Şirin dil ilanı yuvasından çıxarar” deyib atalar. Əslində ilanı yuvasından çıxaran dil deyil, dillə ifadə olunan mülayim sözlərdir ki, bu “sehrli” sözlər də sahibini daim ucaldar. İrsi kimi qəlb dünyası da zəngin olan Nizami Gəncəvi “Leyli və Məcnun” əsərində;

Sözün də su kimi lətafəti var,
Hər sözü az demək daha xoş olar.

***
Bir inci saflığı varsa da suda,
Artıq içiləndə dərd verir su da.

***
İnci tək sözlər seç, az danış, az din,
Qoy öz sözlərinlə dünya bəzənsin.

Az sözün inci tək mənası olmaz,

Çox sözün kərpic tək qiyməti olmaz, — deyərək söz israfına yol verməməyin gərəkliliyinə, artıq işlədilən sözlərin zərərinə toxunmuşdur. Fikrin ifadəsində az, lakin məzmunlu bəyana üstünlük vermiş, sözçülükdən qaçmağın lazımlığına diqqəti cəlb etmişdir.

Hər sözün xüsusi bir ölçüsü var,
Ölçüsüz söylənən söz qulaq yırtar.

Bir söz ki, qaşlara düyün vuracaq
Gözəl söz olsa da, söyləmə, burax! (Nizami)

Müdriklərin dili ilə desək, deyilmədən əvvəl söz sahibinin əsiridir, deyildikdən sonra isə sahibi sözün əsiridir. İstər xoş söz olsun, istər naxoş. Bəzi məqamlarda yersiz təriflərdə sözçülükdən başqa bir işə yaramır. Ünsiyyətdə də hər zaman tövsiyə edilən mülayim üslubdur. Həyatda hamının xoş sözə ehtiyacı var.

Daşdan süzülə-süzülə damlayan suyun büllurlaşdığı kimi, düşünülüb ifadə edilən sözlər də istiqamətverici olar. Addım atmadan “yüz dəfə ölçüb, bir dəfə biçmək” nə qədər vacibdirsə, danışmadan və fikir bəyan etməzdən əvvəl düşünməkdə o qədər əhəmiyyətlidir. İnsandan hər zaman məntiq və ağılla hərəkət tələb olunur. Buna görə də insanın ifadə etdiyi fikir, dediyi söz bünövrəsi möhkəm fakt və arqumentlərə söykənməlidir. Araşdırmaq, məsələdən agah olmaq fikrin bəyanı üçün əsasdır. Məhz bundan sonra ifadə edilən fikirlər, deyilən sözlər uzunömürlü olar.

Heç şübhəsiz ki, söz haqqında ən gözəl, dəyərli və unudulmayacaq sözü söz sənətimizin zirvəsi Məhəmməd Füzuli deyib:

Ver sözə ehya ki tutduqca səni xabi-əcəl,
Edə hər saət səni ol uyqudan bidar söz.

Şair “xabi-əcəl”, yəni ölüm yuxusu dedikdə ölməyi, “uyqudan bidar olmaq” dedikdə isə yenidən dirilməyi nəzərdə tutmur. Füzuli o mərhələni çoxdan adlamış, gözünü axirətə zilləmiş könül ərbabıdır və ölüm həqiqəti o cür şəxsiyyətlər üçün xof deyil, əndişə deyil, zamanı gələndə başalayacaq gözəl bir yolçuluqdur. Yəni burada şair ölməyi deyil, şair üçün ən böyük qorxu olan unudulmağı nəzərdə tutur. Tarixin hər qərinəsi, hər əsri unudulmuş imzalarla doludur. Füzuli məhz bu həqiqətə işarə edir və elə gözəl sözlər söyləməyi məsləhət görür ki, əsrlər keçdikdən sonra da unudulmayasan. Şair üçün fiziki ölüm dərd deyil, unudulmaq dərddir. Söz bu mənada çox etibarlı əmanətdir və dünyada qaldıqca, yüz ildən, min ildən sonra düşüncələrə aydınlıq, könüllərə təsəlli ola bilirsə, söyləyənin də rəhmətlə anılmasına səbəb olur.

Günümüzün mütəfəkkirlərindən birinin ifadəsi ilə desək, yaşamağa haqq qazanan düşüncə və fikirlər, ancaq yaşanaraq söylənən, əməldə əksini tapan sözlərdir. Bir insan özünün doğruluğunu dəfələrlə and içməklə yox, əməlində tətbiq etməklə isbat edə bilər. Ancaq doğru bildiklərini düzgün bir şəkildə əməlində tətbiq edənlərin, sözü və əməli vəhdətdə olanların sözləri təsiredici, inandırıcı və qalıcı ola bilər.

Eyni şeirdə şair:
Artıran söz qədrini sidq ilə qədrin artırar,
Kim nə miqdar olsa eylər əhlin ol miqdar söz. — deyir.

Şair bu məqamda hər kəsin dəyərini elə sözünün dəyəri qədər sayır. Söz dediyin xeyir qapısıdır, insanlara yardımdır, haqqa çağırışdır, duadır. Bu mənada, əlbəttə, sənin də, mənim də, dəyərimiz elə sözümüz qədər olacaq.

El arasında belə bir məsəl də var: hoha var, dağa mindirər; hoha var, dağdan endirər. Yəni sözü necə demək, ifadələri necə seçmək də çox mühüm məsələdir. Sözü elə deyərsən, könül alar; elə deyərsən, ürək qırar.

Bir də ki söz dediyin, sadəcə, ağızdan çıxan səs toplusu deyil, baxışların ifadə etdiyi məna da sözdür, əllərin həyəcandan titrəməsi də, sifətin səyriməsi də… Söz dediyin yaşadığın duyğuların ifadəsidir. Əslində bütün insanlar eyni, yaxud da oxşar duyğular yaşayırlar, amma hər kəs öz yaşadığını eyni dərəcədə ifadə edə, başqalarına çatdıra bilmir. Bu mənada “dünyanın ən uzun yolu ürəkdən ələ qədər gələn yoldur” deyənlər yanılmırlar. Təbii o duyğuların ən gözəl şəkildə ifadəsi bir özgə sənətdir ki, bu sənətin zövqünü, gözəlliyini də söz adamları, daha çox şairlər yaşayırlar. Və sən bir gün əlinə keçən bir qəzet səhifəsində, yaxud da kitabda oxuduğun şeirlərin daşıdığı hissləri o qədər yaxın, doğma bilirsən ki, sanki şair sənin yaşantılarını qələmə alıb.

Söz cəmiyyətdə insana verilən dəyərin ən dəqiq barometridir. Sözə verilən dəyər insana verilən dəyərdir, sözün dəyərsiz olduğu cəmiyyətdə insan da dəyərsiz olur. Sözün qədri uca tutulanda sözdən üz qızarır, əyrilər düzəlir, söz qədirsiz olanda yenə də Füzuli demişkən, rüşvət deyildir deyə salamı da almırlar.

Sözü uca tutaq, sözün qədrini bilək, sözə dəyər verək ki, özümüz də dəyərli olaq.

Akademik İsa Həbibəyli yaradıcılığı Yusif Seyidovun gözü ilə

Müqəddəs Nuh yurdu,oğuz yurdu Naxçıvan torpağı görkəmli elm və dövlət xadimləri yetişdirib. Belə elm xadimlərindən biri Prezident təqaüdçüsü, Dövlət Mükafatı laureatı , filoloji elmlər doktoru, professor Yusif Seyidovdur. Şərur rayonunda dünyaya göz açan professor Y. Seyidov Azərbaycan diliçilik elmində qrammatika məktəbinin əsas yaradıcılarından biridir.

Prof.Y.Seyidov 1940-ci illərin sonlarında taleyini Bakı mühiti ilə bağlasa da, el-obaya, yurd-yuvaya,torpağa bağlı ziyalı olub. Bu bölgənin ictimai-siyasi həyatı, ədəbi-elmi mühiti ilə iç-içə olub. Yerli mətbuat orqanı olan “Şərq qapısı” qəzetində Naxçıvan haqqında sanballı məqalələrlə çıxış edib. O, Bakı Dövlət Universitetinin kafedra müdiri, Azərbaycan dilçiliyinin ağsaqqallarından biri kimi 1990-cı illərin sonlarında Naxçıvan Dövlət Universitetinə dəvət edilib, yeni kadrların hazırlanmasında fəal iştirak edib,tələbələrə mühazirə oxuyub. Dissertasıya şurasının üzvü kimi səmərəli fəaliyyət göstəribdir.

Onu da qeyd edək ki, prof.Y.Seyidov,tək dilçiliyin nəzəri məsələlərini tədqiq etməyib, Azərbaycan Yazıçılar Birliyinin üzvü olub, bir ədəbiyyatşünas kimi ədəbi-tənqidi məsələləri izləyib, yazıçı və dil problemi ilə yaxından məşğul olubdur. Bir filoloq kimi ədəbi-bədii dil,onun inkişaf meyilləlləri və yolları, yazıçıların, söz, dil, bədii dil haqqında fikir və mülahizələrini araşdırıbdır. Bu araşdırmaların nəticəsi olaraq “Klassik şairlərimiz söz haqqında”(1977),”Yazıçı və dil”(1979), “Ədəbi tənqid və bədii dil”(1986),”Nəsimi dili”(1996),”Şairin dərdi”(1996),”Sözün şöhrəti”(1981), “Sözün qüdrəti”(1983), ”Şairin fikir dünyası”(1085), ”Sözün hikməti”(1989), Nəsiminin dili”(1996),”Ey ulu dünya”(2003),”Mir Cəlal-100(ədəbi-bədii dil problemləri)2008),”Xalq yazıçısı Elçin”(2012) və s.kimi kitab və monoqrafiyalar ərsəyə gəlibdir. Bu tədqiqatlardan əlavə, prof.Y.Seyidovun akademik Məmməd Cəfər Cəfərov və akademik İsa Həbibbəyli haqqında yazdığı monoqrafiyalar da ədəbiyyatşünaslıq elminə layiqli töhfədir.

Akademik İ.Həbibbylininin elmi yaradıcılığının tədqiqi ilə alim 2000-ci illərin əvvəlindən məşğul olmağa başlayıb. Bu araşdırmanın nəticələri 2009-cu ildə “Elm və təhsil” nəşriyyatında çap olunan monoqrafiyada öz əksini tapıbdır. Y.Seyidov monoqrafiyanı bir az da təkmilləşdirərək 2013-cü ildə yenidən nəşr etdirib. Alim akademik İsa Həbibbəyli haqqında monoqrafiyasını 15 cildlik “Əsərləri”nin XI cildinə də daxil edib.

Akademik İsa Həbibbəylinin həyatı, yaradıcılığı, elmi məktəbi haqqında bir çox alim və ictimai xadimlər məqalə, ayrıca kitab yazıb.Prof.Y.Seyidovun bu monoqrafiyasının səciyyəvi xüsusiyyəti isə ondan ibarətdir ki, burada akademik İsa Həbibbəylinin elmi-pedaqoji,ədəbi və ictimai fəailiyyətinin ancaq Naxçıvan dövrü zəngin faktlar əsasında öz dolğun əksini tapıbdır. Naxçıvan Dövlət Universitetini İsa Həbibbəylinin universiteti adlandıran Y.Seyidov yazır: ”Belə mükəmməl universitet şəhərciyinin salınmasında dövlətin qayğısı da, İsa Həbibbəylinin zəhməti də aşkar görünür. İsa Həbibbəyli məzun olduğu universitetin sadəcə rektoru deyil, vurğunudur.O, Naxçıvanın böyük qurucusu Vasif Talıbovun komandasında sabit, dəyişməz mövqeyi, fəallığı, qeyri-adi işgüzarlığı ilə fərqlənən personaldır”(Y.Seyidov.Əsərləri,15 cilddə, XI c. Bakı,2013, s.317).

Akademik İsa Həbibbəylinin həyat və fəaliyyətinin Naxçıvan dövrü onun bioqrafiyasında xüsusi yer tutur. İsa Həbibbəyli doğulduğu diyara bütün səmimiyyəti ilə bağlı olan, onun inkişafına, uğurlarına sevinən, bu yolda bütün enerjisini əsirgəməyən və böyük Azərbaycan sevgisi ilə yaşayan vətəndaş alimdir. İsa müəllim yuxarıda qeyd edildiyi kimi 40 il Naxçıvan Dövlət Universitetində elmi-pedaqoji fəaliyyət göstərib, həmin müddətdə bu qədim diyarın ədəbi mühitini hərtərəfli şəkildə araşdırıb, bölgənin ədəbi-elmi və mədəni inkişafını mühüm ədəbi qaynaqlar və arxiv materialları əsasında tədqiq edib. Bir haşiyə çıxaraq qeyd edək ki, elə akademikin 2015-ci ildə “Elm və təhsil” nəşriyyatında işıq üzü görmüş, qədim mədəniyyət mərkəzi Naxçıvana həsr edilmiş 850 səhifəlik “Nuhçıxandan-Naxçıvana” monoqrafiyası dediklərimizi tam şəkildə təsdiq edə bilər. Bu kitabda alimin qədim diyar, onun ədəbi-elmi və mədəni mühiti haqqında yazıb nəşr etdirdiyi qiymətli əsərlərin ancaq bir qismi öz əksini tapıb. Alim bu tədqiqatında Naxçıvan ədəbi mühitinin yaranma tarixini,inkişaf mərhələlərini ilk dəfə ümumiləşdirməyə təşəbbüs göstərmiş və məqsədinə nail olub. O, bölgənin ədəbi mühitini obrazlı şəkildə “Azərbaycan ədəbiyyatının Naxçıvan məktəbi” adlandırır.

Məlumdur ki,XIX əsrin sonlarında maarifçilik hərəkatı Qafqazda, o cümlədən Naxçıvanda geniş vüsət alıb. İsa Həbibbəyli bu kontekstdə Naxçıvan maarifçi ədəbi-mədəni mühitin öndə gedən nümayəndələrindən Eynəli bəy Sultanov(1866-1935), Məhəmməd Tağı Sidqi(1854-1903), Məhəmməd ağa Şahtaxtlı(1846-1931), Əliməmməd Xəlilov(1862-1896), Mirzə Əbülqasım Sultanov(1866-1916), Mirzə Ələkbər Süleymanov(1862-1921), Paşa ağa Sultanov(1949-1902), Mirzə Cəlil Şürbi(1874-1915), Sadıq Xəlilov(1864-1905), Tağı bəy Səfiyev(1878-1939), Məmmədqulu bəy Kəngərli(1854-1905) və başqaları haqqında arxivlərdən material toplayıb, araşdırıb, yeni tədqiqatlarını elmi ictimaiyyətə təqdim edibdir.

Prof.Y.Seyidovun qeyd etdiyi kimi,bu maarifçilər içərisində görkəmli pedaqoq, maarifçi və ədib Məhəmməd Tağı Sidqinin yaradıcılığı İsa Həbibbəylinin diqqətini daha çox cəlb edibdir. O, milli məktəbin banilərindən olan bu böyük pedaqoqun elmi-pedaqoji irsi haqqında geniş tədqiqat aparıb, pedaqoqun əvvəl maarifçi əsərlərini toplayıb “Məktəb hekayətləri” (1996)adı ilə, daha sonra isə bütün əsərlərini(2004) ilk dəfə nəşr edib geniş ictimaiyyətin istifadəsinə təqdim edibdir.

İsa Həbibbəylinin yaradıcılığının böyük bir hissəsi maarifçi Mirzə Cəlil irsinin tədqiqinə və nəşrinə həsr olunubdur. Bu mövzuda akademikin “Cəlil Məmmədquluzadə”(1987), ”Zamanın dühası”(1993), ”Seçkin Azərbaycan yazarı Cəlil Məmmədquluzadə”(1994), “C.Məmmədquluzadə: mühiti və müasirləri”(1997) adlı bir-birindən qiymətli monoqrafiyaları ümumilikdə Azərbaycan ədəbiyyatşünaslıq elminin mühüm nailiyyətlərindən sayıla biləcək sanballı elmi əsərlərdir. Alimin bu tədqiqatları ona “Mirzə Cəlilşünas” titulu qazandırıbdır.

Prof.Y.Seyidov da öz tədqiqat əsərində İsa Həbibbəylinin Mirzə Cəlil haqqında araşdırmalarına geniş yer ayırıb və bu əsərləri ətraflı şəkildə filoloq gözü ilə təhlil edib. Yusif Seyidovun çox doğru olaraq göstərdiyi kimi bu araşdırmalar “Azərbaycanda XIX əsrin sonları və XX əsrin əvvəlləri” ədəbi prosesinə ümumiləşdirilmiş yeni bir baxışı ifadə edirdi.

Naxçıvan ədəbi mühiti ilə bağlı olan görkəmli ədəbiyyat adamlarından biri də professor Abbas Zamanov olub. İsa Həbibbəyli çox doğru olaraq göstərir ki, yazıçı və müasirləri problemini bizim ədəbiyyatşünaslıq elmimizə Abbas Zamanov gətiribdir. O,”Sabir və müasirləri” əsəri ilə bu sahənin əsasını qoyub. Elə buna görə də İ.Həbibbəyli təxminən altmış ziyalı və elm xadiminin məqaləsindən ibarət “Müasirləri Abbas Zamanov haqqında” adlı kitab tərtib edərək nəşr etdirib.

Abbas Zamanovu bir alim, bir naxçıvanlı, vətənpərvər kimi sevən, məsləkdaş kimi ona böyük ehtiram göstərən Y.Seyidov İsa Həbibbəylinin bu sahədəki araşdırmalarını yüksək qiymətləndirir və yazır: “O, imperiya siyasətinə və bu siyasətə arxalanan ermənilərin ərazi iddialarına qarşı cəsarətlə səsini qaldıran, bununla da başına olmazın fəlakətlər gələn, lakin sınmayan, həm də şəxsən qalib gələn bir ziyalı, bütöv bir şəxsiyyət idi, dissident idi ”(Y.Seyidov.Əsərləri,15 cilddə,XI cild,Bakı,2014,s.338).

Müəllif göstərir ki, akademik İsa Həbibbəyli XX əsr Naxçıvan ədəbi mühitinin akademik M.C.Cəfərov, xalq şairi Məmməd Araz, İslam Səfərli, Adil Babayev, Hüseyn İbrahimov, Cavad Cavadlı, Vaqif Məmmədov kimi nümayəndələrinin yaradıcılığını dərindən tədqiq edib, onların hər biri haqqında ayrıca məqalə yazıbdır. Ona görə də Yusif Seyidov monoqrafiyada tədqiqatçı İsa Həbibbəyli haqqında dolğun təsəvvür yaratmaq üçün bu məqalələrin hər birini ayrıca nəzərdən keçirir,təhlil edir,onların məziyyətlərini açıb göstərir.

Professor Y.Seyidovun “Akdemik İsa Həbibbəyli” adlı tədqiqat əsəri görkəmli ictimai xadim, akademik İsa Həbibbəylinin həyat və yaradıcılığının Naxçıvan dövrünün öyrənilməsində dəyərli qaynaq kimi elmimizə böyük bir töhfədir.

Əbülfəz Quliyev

AMEA-nın müxbir üzvü

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Comments are closed, but trackbacks and pingbacks are open.